Текст книги "Duel"
Автор книги: Антон Чехов
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 9 (всего у книги 9 страниц)
XX
Az sonra dyakon ilə fon Koren körpünün yanında üz-üzə gəldilər. Dyakon həyəcandan nəfəs ala bilmirdi, heç kimin üzünə baxmırdı. Həm qorxduğu üçün, həm də cübbəsinin palçıqlı, islaq olmasına görə utandığı bəlli olurdu.
– Elə bildim onu öldürəcəksən, – deyə mızıldandı, – insanın fitrətinə nə qədər zidd bir şeydir bu! İnsanın təbiətinə heç cür uyğun gəlmir
– Yaxşı, bəs siz hardan çıxdınız?
Dyakon əlini yellədi.
– Soruşmayın heç! Şeytan yolumu azdırdı. Yeri, yeri, qurtarmaq bilmədi. Hələ bu harasıdı, anbarda az qala qorxumdan öləcəkdim. Amma çox şükür, çox şükür… sizlərdən razıyam. Bizim hörümçək ata da çox razı qalacaq. Nə qədər güləcəyik, bir Allah bilir! Amma burda hamıdan bir xahişim var, mənim bura gəldiyimi heç kəsə deməyin, yoxsa rəhbərlərim qolumdan tutub vəzifədən atarlar. “Dyakon sekundantlıq elədi,” – deyərlər.
Fon Koren:
– Cənablar! – deyə hər kəsə səsləndi, – Dyakon sizdən xahiş edir ki, onu burada gördüyünüzü kimsəyə söyləməyin: başı ağrıya bilər.
Dyakon içini çəkdi.
– Həqiqətən, insanın təbiətinə nə qədər yad bir şeydi! Bağışlayın, amma üzünüz elə qorxunc idi ki, dedim, öldürəcəksiniz yazığı.
– Elə istəyirdim ki, bu rəzil hərifin işini bitirim! Amma elə düz atəş açan vaxt bağırdınız, hədəfi tutuzdura bilmədim. Bu cür xırım-xırda işlərə vərdiş etmədiyim üçün elə yorğunam ki, söz tapmıram. Dərhal burdan gedək, dyakon.
– İcazənizlə, mən piyada gedim. Gördüyünüz kimi, üst-başım yaman kökdədi.
Yorulub əldən düşmüş zooloq arabaya minərək, gözlərini yumdu, yorğun səslə:
– Yaxşı, necə istəyirsiniz, elə olsun, – dedi.
Qələbəlik arabalara minmək üçün yaxınlaşanda Kərbalay əllərini göbəyinin üstündə çarpazlayaraq təzim edirdi, başı az qala yerə dəyirdi. Elə başa düşmüşdü ki, cənablar buraya çay içməyə, əylənməyə gəlib; ona görə də indi yenidən arabalara minməklərindən ağlı bir şey kəsmirdi.
Dərin bir səssizlik içərisində arabalar yola düzəldi. Aşxananın yanında təkcə dyakon qaldı. Kərbalaya:
– Aşxanaya keçdi, yeməkdən-çaydan, bir şey ötürmək istədi, – dedi.
Kərbalay rusca yaxşı bilirdi, amma dyakon elə sanmışdı ki, pozuq ruscada danışsa, Kərbalay onu daha yaxşı anlayacaq.
– Yumurta bişirdi, pendir gətirdi…
Kərbalay: “Xoş gördük,” – eləyib, – gəl, cənab keşiş, – dedi, – nə istəyirsən, hamısından var. Pendir də var, şərab da var. Nə istəsən, verərik.
Dyakon aşxanaya girəndə soruşdu:
– Deyə bilərsinizmi, tatarca Tanrını necə adlandırırlar?
Kərbalay sualı başa düşməmişdi:
– Sənin Tanrın da, mənim Tanrım da birdir. Fərqli olan ancaq insanlardır. Kimi rusdur, kimi türkdür, kimi ingilisdir – müxtəlif cür adamlar var, amma Tanrı birdir.
– Yaxşı, bəs əgər bütün xalqlar eyni Tanrıya sitayiş edirsə, nə üçün siz müsəlmanlar xristianlara əzəli düşmən gözü ilə baxırsınız?
Kərbalay ikiəlli qarnını tutdu.
– Niyə hirslənirsən? Sən keşişsən, mən müsəlmanam, dedin ki, qarnın acdır, mən də sənə yemək verəcəyəm. Ancaq varlılar adamlara inancına görə fərq qoyar, yoxsullar üçünsə elə bir şey yoxdur. Xahiş edirəm, yeməyini ye.
Aşxanada din mövzusu müzakirə edilməkdə olsun, evinin yolunu tutan Layevski hava işıqlaşanda buraya gəlişini, yolun, qayaların, dağların islaq və qaranlıq görünüşünü, başına gələcəkləri qorxu ilə gözləməyini xatırladı. Onda elə bil önündə dibsiz uçurum vardı. İndi isə qayalardan, budaqlardan süzülən yağış damcıları günəşin altında almas kimi işıldayır, təbiət bütün gözəlliyi ilə gülümsəyirdi; o qorxunc gözləyiş isə arxada qalmışdı.
Şeşkovskinin göz yaşları ilə islanmış mısmırıqlı üzünə, irəlidə fon Korenin, şahidlərin, həkimin mindiyi arabalara baxdı. Elə hiss edirdi ki, sanki hamının zəhləsini tökən, təhlükəli, dözülməz bir adamı bir az öncə torpağa basdırmışdılar, birlikdə dəfndən qayıdırlar. Barmaqları ilə boynundakı balaca uru ovuşduraraq arxada qalmış dəqiqələri düşünüb: “Hər şey keçmişdə qaldı,” – dedi.
Boynunun sağ kənarında, yaxasının ucunda sərçə barmağı boyda şiş vardı. Əməlli-başlı sızlayırdı, elə bil kimsə isti ütünü boynuna yapışdırmışdı. Güllənin sıyırıb keçdiyi yer idi.
Evə qayıdanda onun üçün uzun, qəribə, yuxu kimi şirin, dumanlı bir gün başladı. Həbsxanadan, yaxud xəstəxanadan təzə çıxmış adamlar kimi evdəki tanış əşyalara çaşqın-çaşqın baxır, masalar, pəncərələr, kürsülər, gün işığı, dəniz onda çoxdan unutduğu xoş bir uşaq sevinci oyadırdı.
Birdən-birə saralıb-üzülmüş Nadejda Fyodorovna onun yumşaq səsindən, qəribə yerişindən çaşıb-qalmışdı. Hər şeyi danışmağa can atırdı. Bir tərəfdən də elə hesab edirdi ki, Layevski onu dinləməyəcək, duyğularını anlamayacaq, hər şeyi öyrənəndə lənət oxuyaraq onu öldürməyə əl atacaq. Amma heç də elə olmadı. Layevski onu şəfqətlə dinlədi, üzünü, saçlarını oxşadı, gözlərinin içinə baxaraq:
– Mənim səndən başqa heç kimim yoxdur, – dedi.
Sonra bir-birinə sarılaraq uzun-uzadı bağçada oturub gah susdular, gah da gələcək xoşbəxt həyatlarının xəyalını qurub alçaq səslə kəsik-kəsik söhbətləşdilər. Ona elə gəldi ki, ömründə heç vaxt bu qədər uzun və gözəl danışmamışdı.
XXI
Aradan üç aydan çox zaman keçdi.
Fon Korenin qəsəbəni tərk etmək üçün əvvəlcədən müəyyənləşdirdiyi gün gəlib çatdı. Səhər erkəndən iri gilə yağış yağır, qara yel əsir, dənizin azğın dalğaları coşub-kükrəyirdi. Deyirdilər ki, belə havada gəmi çətin ki limana girsin. Cədvəl üzrə səhər onda gəmi buxtaya yan almalı idi; amma axşam radələrində, şamdan sonra liman körpüsünə gedən fon Koren durbinlə baxıb bəyaz dalğalardan, üfüqü başdan-ayağa örtən yağışdan başqa heç nə görmədi.
Axşama doğru yağış kəsdi, külək xeyli yavaşıdı. Fon Koren artıq həmin gün yola çıxmaqdan əlini üzüb Samoylenko ilə şahmatın arxasına keçmişdi. Hava qaralanda xidmətçi gözlənilmədən dənizdə işıqların göründüyünü, havaya fişənglər atıldığını xəbər verdi.
Fon Koren dərhal getmək üçün qalxdı, çantasını çiyninə atdı. Samoylenko ilə, dyakonla öpüşdülər. Sonra lüzumsuz olduğu halda, bütün otaqları bir-bir dolaşdı. Axırda xidmətçi və aşpazla sağollaşdı. Oradan ayrılanda ona elə gəlirdi ki, sanki həkimgildə, yaxud öz evində nəsə yaddan çıxarmışdı.
Küçədə Samoylenko ilə bərabər yeriyirdilər. Dallarınca əlində bir qutu daşıyan dyakon, ən arxadan isə iki çamadanla xidmətçi gəlirdi. Dənizdəki ölgün işıqları yalnız Samoylenko ilə xidmətçi sezə bildi, o biri ikisi isə qaranlığın dərinliklərinə baxsalar da, heç nə görə bilmədilər.
Fon Koreni təlaş bürümüşdü.
– Tez yeriyək bir az, tez! – deyirdi dayanmadan, – gəmi gedəcək yoxsa.
Dueldən az müddət sonra Layevskinin köçdüyü üçpəncərəli evin önündən keçərkən fon Koren özünü saxlaya bilməyib içəri boylandı. Layevski kürəyi pəncərəyə sarı masanın başında oturmuşdu, bir ucdan nəsə yazmaqda idi.
Zooloq alçaqdan:
– Bu işdən ağlım heç nə kəsmədi. Əməlli-başlı ağıllandı da bu adam! – dedi.
Samoylenko köks ötürdü:
– Bəli, təəccüblü vəziyyətdir. Səhərdən-axşamacan bu cür oturub, yerindən tərpənmədən çalışır. Məlumdur ki, borclarını ödəmək istəyir. Yaxşı, bunu başa düşdük, amma dilənçidən də betər kökdə yaşayır.
Yarım dəqiqə səssizlik içində keçdi. Zooloq, həkim, dyakon pəncərənin önündə durmuş, Layevskiyə baxırdılar.
Samoylenko:
– Zavallı, nə illah eləyib, gedə bilmədi burdan. Özünüz bilirsiniz, necə əlləşirdi bundan ötrü.
Fon Koren:
– Bəli, adam əməlli-başlı ağıllanıb, – deyib təkrarladı, – qadınla evləndi, bir tikə çörəkdən ötrü gecəsini-gündüzünə qatıb çalışır, üzünün ifadəsi, hətta yerişi də o qədər dəyişib ki, heç bilmirəm, nə deyim.
Samoylenkonun qolundan yapışıb həyəcanla danışığına davam etdi:
– Mən buranı tərk edəndən sonra ona çaşıb-qaldığımı bildirin. Özünə də, arvadına da xoşbəxtlik arzu etdiyimi çatdırın. Mümkünsə, Layevskidən xahiş edin, dalımca lənət oxumasın. O məni yaxşı tanıyır: bilir ki, əgər mən bu dəyişikliyi o vaxt kəsdirə bilsəydim, onun ən yaxın dostu olardım.
– Haydı, get, özün vidalaş.
– Yox, yaxşı düşməz.
– Niyə? Bəlkə, bir də üz-üzə gəlmədiniz.
Zooloq bir az düşündü.
– Doğrudan da… Düzdür…
Samoylenko barmağı ilə pəncərəni taqqıldatdı, Layevski diksinərək geriyə qanrıldı.
Həkim:
– Vanya, Nikolay Vasilyeviç yol üstdədir, səninlə halallaşmaq istəyir, – dedi.
Layevski dərhal ayağa qalxdı, çöl qapısını açmaq üçün zala getdi. Samoylenko, fon Koren, dyakon içəri girdilər.
Zooloq zalda rezin başmaqlarını çıxaranda hissə qapılaraq buraya qədər gəldiyinə peşman olub:
– Cənab, cəmi bir dəqiqə vaxtınızı alacağam, – dedi.
Sonra öz-özünə söyləndi: “Dilxor oldum lap, mənim işim də səfehlikdi”.
Layevskinin arxasınca otağa girdi.
– Narahat etdiyim üçün üzrlü qəbul edin, yol üstdəyəm, ayaqlarım məni bura gətirdi keçəndə. Bir Allah bilir, bir də görüşərik, ya yox.
– Çox məmnun oldum… Buyurun, xahiş edirəm…
Layevski sanki qonaqlarının qabağını kəsmək istəyirmiş kimi fərasətsizliklə kürsüləri qabağa itələdi, əllərini ovuşdura-ovuşdura otağın ortasında dikilib durdu.
Fon Koren ürəyindən keçirdi: “Kaş tək girəydim içəri”.
– Məni lənətlə yad etməyin, İvan Andreyeviç, – ucadan dedi, – şübhəsiz, keçmiş unudulmur, çox xoşagəlməz şeylər oldu aramızda. Bura üzr diləməyə, yaxud özümün bu işdə təqsirkar olmadığıma sizi inandırmaq üçün gəlmədim. Ürəyimdən gələn kimi hərəkət edirəm. Mülahizələrim qəti dəyişməyib. Amma bunu deməliyəm ki, sizin haqqınızda yanılmışam. Eh, düz yolda da adamın ayağı büdrəyə bilir. İnsan oğlunun taleyi belədir. Əsas məsələdə olmasa da, təfərrüatda mütləq yanılacaq. Əsl həqiqəti heç kim bilmir.
Layevski:
– Bəli, həqiqəti kimsə bilə bilməz, – dedi.
– Eh…di yaxşı, sağlıqla qalın!
Fon Koren Layevskiyə əl uzatdı, o da bu əli sıxaraq ehtiramla əyildi.
Fon Koren bir də dedi:
– Məni lənətlə yad etməyin. Həyat yoldaşınıza salamlarımı çatdırın. Heyif, onunla da vidalaşmaq istərdim.
– Özü burdadır.
Layevski qapıya yaxınlaşaraq o biri otağa səsləndi:
– Nadya, Nikolay Vasiliç səninlə vidalaşmaq istəyir.
Nadejda Fyodorovna içəri girdi, qapının kandarında ayaq saxlayaraq çəkingən baxışlarla qonaqları süzdü. Üzündə günahkar və ürkək bir ifadə vardı, əllərini tənbehlənmiş məktəbli kimi önündə çarpazlamışdı.
Fon Koren:
– Elə indi yola düşürəm, Nadejda Fyodorovna, – dedi, – sizinlə vidalaşmaq üçün gəldim.
Gənc qadın çəkinə-çəkinə əl uzatdı, Layevski də əyildi.
Fon Koren: “İkisinə də adamın yazığı gəlir! Bu cür həyat asan başa gəlmir onlara,” – deyə düşündü.
– Moskvaya, oradan da Peterburqa gedəcəyəm. Oralardan bir sifarişiniz varmı?
Nadejda Fyodorovna:
– Şey… dedi, – sonra ərinə sual dolu nəzərlərlə baxaraq əlavə etdi, – yox, deyəsən, yoxdur.
Layevski əllərini ovuşdurdu.
– Dost-tanışa salam söyləyərsiniz.
Fon Koren daha nə demək lazım olduğunu, belə vəziyyətlərdə nələr söylənə biləcəyini bilmirdi, halbuki içəri girəndə bir çox xoş, səmimi, isti sözlərin ağzından öz-özünə çıxacağını zənn etmişdi. Artıq bir kəlmə demədən Layevski ilə arvadının əlini sıxdı və içinə çökmüş ağırlıqla evdən çıxdı.
Arxasınca yeriyən dyakon alçaq səslə:
– Nə adamlar var, Tanrım, nə adamlar var! – dedi, – həqiqətən, insanlar üçün üzüm bağını Ulu Tanrı yetişdirdi, kimi qorxuları yendi, kimi qaranlığı.
Həyəcanla zooloqa səsləndi:
– Nikolay Vasiliç, bilirsinizmi, siz ikiniz də bu gün insan oğlunun ən böyük düşmənlərindən olan qürura qalib gəldiniz.
– Boşla, dyakon. Biz onunla nəyi yenə bilərik ki?! Qaliblər qartallar kimi yüksəklərdən baxar. Sən bir bu adamı gözünün qabağına gətir hələ. Zavallı, zəif, qorxaq… müqəvva4242
Çexov orijinalda “китайский болванчик” ifadəsini işlədib.
[Закрыть] kimi büzüşüb-durub… Elə yazığım gəlir, elə ürəyim ağrıyır…
Arxadan ayaq səsləri eşidildi, Layevski də yola salmaq üçün onlara yetişmişdi. Xidmətçi iki çamadanla onları körpüdə gözləyirdi. Bir az irəlidə dörd kürəkçi vardı. Samoylenko:
– Külək də yaman möhkəm əsir…vrrrr, – dedi, – bəlkə, dənizin açıqlığında fırtına-zad var. Vay-vay! Yaxşı vaxtda getmədin, Kolya.
– Dənizin soyuqdəyməsindən qorxum yoxdur.
– Məsələ o deyil. Bu səfeh kürəkçilər təknəni çevirib-eləyər… Ticarət qayığı ilə getsən, daha yaxşı olardı.
Kürəkçilərə səsləndi:
– Ticarət qayığı hardadır?
– Getdi, cənab.
– Bəs gömrüyünkü?
– O da getdi.
Samoylenko hirsləndi:
– Niyə gözləmədilər? Axmaq adamlar!
Fon Koren:
– Zərəri yoxdur, hirslənmə, – dedi, – yaxşı, di özünüzdən muğayat olun. Allaha əmanət!
Samoylenko zooloqu qucaqladı, üç dəfə xaç çəkdi.
– Bizi unutma, Kolya. Məktub yaz… Gələn yaza gözləyirik.
Fon Koren dyakonun əlini sıxaraq:
– Allaha əmanət, dyakon, – dedi, – yoldaşlığın üçün, etdiyimiz müzakirələr üçün təşəkkürlər. Ekspedisiya məsələsini də düşünərsiniz.
– Yaxşı, əzizim. Lap dünyanın o biri ucuna olsun, biz nə vaxt dedik ki, getmirik?
Fon Koren qaranlıqda Layevskini tanıdı, nəsə demək üçün əlini uzatdı. Kürəkçilər təknəyə atlamışdılar, körpünün böyük dalğaların qabağını kəsməyinə baxmayaraq, ikidəbir dirəklərə çırpılan təknənin müvazinətini düzgün saxlamağa çalışırdılar. Fon Koren aşağı enib təknəyə mindi.
– Məktub yaz! – Samoylenko ucadan səsləndi, – səhhətini gözlə!
Layevski paltosunun yaxasını qaldırdı, əllərini paltonun qollarından içəri soxdu. Öz-özünə dedi: “Əsl həqiqəti kimsə bilməz!”
Sürətlə buxtadan uzaqlaşan təknə dənizə açıldı. Bir anlıq dalğaların arasında itdi, amma dərhal da dalğanın yalından sıyrılaraq təpəyə yüksəldi. İçindəki adamlar, kürəklər belə aydın sezilirdi. Təknə üç arşın irəliləyəndə dalğalar da onu iki arşın geri atırdı.
– Məktub yaz! – deyib bir də bağırdı Samoylenko, – şeytan azdırdı, bu havada çıxdın yola.
Layevski çırpınan qaranlıq dənizə hüznlə baxaraq ürəyində dedi: “Bəli, əsl həqiqəti kimsə bilməz”.
Düşünürdü: “Dalğalar təknəni geri atır, üç addım irəli, bir addım geri. Amma kürəkçilər inadkar adamlardır, yorulmadan avar çəkir, yüksək dalğalardan qorxmurlar. Təknə irəli, ancaq irəli gedir. Budur, artıq görünməz oldu. Yarım saat sonra kürəkçilər gəminin işıqlarını görəcək, bir saat sonra göyərtəyə yaxınlaşacaqlar. Həyat da belədir… İnsanlar həqiqətin arxasınca iki addım irəli, bir addım geriyə gedir. Gedir, qayıdır…Həyatın iztirabları, səhvləri, sıxıntıları onları geri salar, amma həqiqət sevgisi, müqavimət, iradə irəliyə, daim irəliyə sürükləyər. Kim bilir? Bəlkə də, əsl həqiqətə çatacaqlar…”
Samoylenko bağırdı:
– Əlvida-a-a!
– Nə bir şey görmək, nə bir səs eşitmək olur, – dyakon dedi, – yolu açıq olsun!
Yağış atmağa başladı.
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
(+994 55) 359-99-23
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.