Электронная библиотека » Антон Чехов » » онлайн чтение - страница 6

Текст книги "Duel"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Антон Чехов


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 9 страниц)

Шрифт:
- 100% +

XII

Ertəsi gün, yəni cümə axşamı Marya Konstantinovna oğlu Kostyanın doğum gününü qeyd edirdi. Dost-tanışı axşama piroq yeməyə, şokolad içməyə dəvət etmişdi.

Gecə Layevski ilə Nadejda Fyodorovna içəri daxil olanda qonaq salonunda şokoladını içib-bitirmiş zooloq Samoylenkodan soruşdu:

– Danışdınmı onunla?

– Hələ danışmamışam.

– Bax, yenə deyirəm, açıq-açıq danış. Mən bu adamların üzsüzlüyünü anlaya bilmirəm də. Bilə-bilə ki, ev sahibinin onlara münasibəti nədir, üzlü-üzlü özlərini soxuşdururlar araya.

Samoylenko:

– Əgər hər cəfəng inanca qulaq asası olsan, gərək evdən bayıra addım atmayasan.

– Camaatın əksəriyyətinin nikahsız yaşamaqdan, əxlaqsızlıqdan ikrah duymağına mövhumat deyirsən yəni?

– Əlbəttə, mövhumatdır, üstəlik də başqalarının pisliyini istəməkdir. Elə götürək hərbçiləri, hisslərini üzə büruzə verən sərbəst bir qız görən kimi qəhqəhə çəkib, fitə basırlar. Özlərindən soruşan lazımdır ki, nə igidlik göstəriblər indiyəcən?

– Boş yerə fit çalmazlar. Qızların nikahsız övladlarını boğmağına görə kürək cəzasına məhkum edilməsi, Anna Kareninanın özünü qatarın altına atması, kənd yerlərində qapılara qətranla suvaq çəkilməsi, gözümüzün qabağında – bu evin qızı Katyada sənin də, mənim də xoşumuza gələn təmiz ruh, saf məhəbbət olmadığı halda, hər kəsin belə bir məhəbbətə kor-koranə ehtiyac hiss etməsi… bütün bunlar boş inanclardır? Qardaş, bu inanclar əsrlərin sınağından çıxıb. Əgər cinslər arasındakı münasibəti nizama salan bu cür kor inanclar olmasaydı, layevskikimilər sənə dünyanın neçə bucaq olduğunu göstərərdi. Çox yox, iki ilə bəşəriyyət tənəzzülə uğrayardı.

Layevski salona girdi, hər kəslə salamlaşdı, fon Korenin əlini sıxarkən süni yaltaqlıqla gülümsədi. Fürsət tapıb Samoylenkoya pıçıldadı:

– Aleksandr Davidıç, üzr istəyirəm, sənə sözüm var.

Samoylenko qalxdı, qolunu Layevskinin belinə doladı, birlikdə Nikodim Aleksandroviçin iş otağına keçdilər.

Layevski dırnaqlarını gəmirərək:

– Sabah cümədi, söz verdiyin pulu hazırlaya bildinmi? – deyə soruşdu.

– Ancaq iki yüz rubl tapdım. Qalanını bu gün, bu gün də olmasa, sabah həll edəcəyəm, narahat olma.

Layevski dərindən nəfəs aldı, sevincindən əlləri əsirdi.

– Allaha şükür! Məni xilas edirsən, Aleksandr Davidıç. Tanrıya, xoşbəxtliyimə, nəyə istəyirsən and içirəm ki, çatan kimi bu pulu yollayacağam. Köhnə borcumu da göndərəcəyəm.

Samoylenko onun jaketinin düyməsini tutdu, qızararaq:

– Məsələ belədir, Vanya, – dedi, – məni bağışla, ailə işinə qarışmaq kimi çıxacaq, amma…Nadejda Fyodorovnanı da özünlə aparsan, necə məsləhət olar?

– Qəribə adamsan, mümkün deyil axı bu! Gərək ikimizdən biri mütləq qalsın, yoxsa borc yiyələri qiyamət qoparar. Dükan-bazara yeddi yüz rubl, hələ, bəlkə, bir az da çox borcum var. Dayan hələ, pulu göndərim, ağızları yumulsun, sonra Nadejda Fyodorovna da gələr.

– Yaxşı, onda sən də birinci onu yolla…

– Aman Allah! Bir qadın təkbaşına orada neyləyər, nə iş görə bilər axı? Bu ancaq vaxt itkisidir, pulu boş yerə sovurmaqdır.

Samoylenko: “Məntiqlidir…” – deyə düşündü. Amma fon Koren ilə aralarındakı söhbəti yadına gətirincə, baxışları yer süpürdü, təəssüflə:

– Dediklərini qəbul edə bilmərəm, – dedi, – ya onunla gedirsən, ya da birinci onu göndərirsən. Yoxsa…yoxsa sənə pul verməyəcəyəm. Bu mənim son sözümdür.

Dal-dalı gerilədi, qapını kürəyi ilə itələyib, tamamilə çaşqın sifətdə salona girdi. Salona qayıdanda Layevski də: “Cümə… cümə… cümə…” – deyə-deyə mızıldanırdı.

Ona da bir fincan şokolad verdilər. İsti şokoladı içərkən dil-dodağını yandıra-yandıra: “Cümə… cümə…” – deyə içindən keçirdi.

“Cümə” kəlməsi ağlından çıxmırdı, cümədən başqa bir şey düşünə bilmirdi. Ürəyinin dərinliyində bir hiss vardı ki, cümə günü gedə bilməyəcək.

Zərif geyinmiş, gicgah tüklərini daramış Nikodim Aleksandroviç qabağında durub xahiş edirdi:

– Buyurun, cənab. Çox xahiş edirəm, çəkinib-eləməyin!

Marya Konstantinovna qonaqlara Katyanın qiymətlərini göstərir, sözləri uzada-uzada:

– İndi oxumaq çox çətindir, dəhşət dərəcədə çətindir! – deyirdi, – uşaqlara o qədər tapşırıq verirlər ki!

Katya təriflərdən gizlənməyə yer axtararaq:

– Ana! – deyə mızıldandı.

Layevski qiymətləri gözdən keçirərək bəyəndiyini dilə gətirdi. İlahiyyat, Rus dili, Fərdi davranış, “5”-lər, “4”-lər gözünün qabağında tullanıb sağa-sola qaçırdı. Bütün bunlarla bərabər beyninə taxılmış cümə günü, Nikodim Aleksandroviçin daranmış gicgahları, Katyanın qızarmış yanaqları ona elə intəhasız, qarşısıalınmaz bir can sıxıntısı verirdi ki, ümidsizlikdən az qala hayqıracaqdı.

“Yəni heç cür gedə bilməyəcəyəm?!” – deyə öz-özünə dedi.

İki oyun masasını bir-birinə bitişdirdilər. Poçt oynamaq üçün oturdular. Layevski də əyləşdi. Gülümsəyərək cibindən karandaş çıxardı, ağlında hələ də eyni şey idi: “Cümə… cümə… cümə…”

Vəziyyəti dərindən götür-qoy etmək istəyirdi, amma qorxurdu. Hətta özündən belə cidd-cəhdlə gizlətdiyi yalanı həkimin sezməsini qəbul etmək necə də ürküdücü idi! Gələcəyini fikirləşəndə xəyallarını heç vaxt öz axarına buraxmazdı. İndi də bu cür, qatara atlayıb gedəcək, beləliklə, həyatının ən böyük düyününü çözəcəkdi, sonrasını ağlının ucu ilə belə düşünmək istəmirdi. Arabir bu çölün ortasında donuq, közərti kimi bir işıq beynində parlayıb sönürdü: gələcəkdə Nadejda Fyodorovnadan ayrılmaq, borclarını bağlamaq üçün Peterburq küçələrində kiçik bir fırıldağa əl atırdı. Yalnız bircə dəfə bu fırıldağa əl atacaq, ondan sonra həyatı başdan-ayağa dəyişəcəkdi! Balaca bir yalan müqabilində böyük bir həqiqəti satın almaq necə də gözəl idi!

Həkim ağına-bozuna baxmadan yalanını faş edib indi üzünə vurduqdan sonra təkcə uzaq gələcəkdə deyil, elə bu gün də, bir ay sonra da, bəlkə də, bütün həyatı boyunca yalanın ona lazım olacağını anladı. Buradan gedə bilmək üçün Nadejda Fyodorovnaya, borc yiyələrinə, idarədəki rəhbərliyə yalan söyləmək lazım idi. Sonra Peterburqda pul tapmaq üçün istər-istəməz anasına da yalan satacaq, Nadejda Fyodorovnadan ayrıldığını deyəcəkdi. Anası ona beş yüz rubldan çox verməzdi; bu vəziyyətdə qısa müddətdə pul göndərməyi heç cür mümkün deyildi, deməli, bəri başdan həkimi aldadırdı. İrəlidə – Nadejda Fyodorovna Peterburqa gələndə ayrılmaq üçün ona da böyük, balaca bir sürü yalan uydurması qaçılmaz idi. Yenə göz yaşları, yenə eyni sıxıntılar, eyni iyrənc həyat, peşmanlıqlar… Belə çıxırdı ki, bundan qaçmaq heç cür mümkün deyil. Ard-arda yalanlar, vəssalam… Layevskinin təxəyyülündə nəhəng bir yalan təpəsi ucaldı. Onu bir sıçrayışda adlamaq, tikə-para yalan danışmamaq üçün bir çarə tapmaq lazım idi. Məsələn, kimsəyə bir izahat vermədən qalxıb şlyapasını geyinərək yola düzəlmək. Ancaq çox keçmədən Layevski bunun mümkünsüzlüyünü anladı.

“Cümə… cümə… cümə…” sözləri yadından çıxmırdı.

Balaca-balaca ismarıclar yazıb iki qatlayır, Nikodim Aleksandroviçin köhnə silindrinin içinə qoyurdu. Bəs qədər məktub yığılanda poçtalyonluq edən Katya masanın ətrafında dolaşaraq məktubları oyunçulara payladı. Gülünc ismarıclar alan, daha gülüncünü yazmağa çalışan dyakon, Katya, Kostya sevinc içində idilər.

Nadejda Fyodorovna aldığı ismarıcda bunları oxudu: “Biz danışmalıyıq”.

Marya Konstantinovna ilə baxışdılar, qadın ürəkdən gülümsəyərək başını aşağı saldı.

Nadejda Fyodorovna: “Nə danışacağıq ki? Hər şeyi bölüşməyəcəyimə görə, danışmağın da bir əhəmiyyəti yoxdur,” – deyə düşündü.

Bura gəlməmişdən qabaq Layevskinin qalstukunu özü bağlamışdı, bu adi iş ruhunu sevgi ilə, hüznlə doldurmuşdu. Layevskinin üzünün solğunluğu, qayğılı, dalğın baxışları, son vaxtlar onda sezdiyi anlaşılmaz dəyişikliklər, ondan gizlətdiyi qorxunc, iyrənc sirr, qalstuku taxarkən əllərinin titrəməyi, bütün bunlar nədənsə ona birgə həyatlarının sonuna lap az qaldığını pıçıldayırdı.

Layevskinin üzünə müqəddəs təsvirə baxan kimi qorxu və peşmanlıqla baxdı, içindən: “Bağışla, məni, bağışla…” – deyə yalvardı.

Masanın o biri tərəfində, düz qarşısında Açmiyanov əyləşmişdi, sevdalı, qara gözlərini ondan çəkmirdi. Qorxu və utanc içində, ehtiraslı həyəcanla çırpınan Nadejda Fyodorovna üzüntünün, iztirabların belə onun özünü çirkin bir şəhvətə təslim etməsinə əngəl ola bilməyəcəyini düşündü. Özünü lap əyyaş kimi hiss edirdi; nəfsini saxlaya bilməyəcək, həmin şey bu gün də olmasa, sabah başına gələcəkdi.

Özündən ötrü üzüqaralıq, Layevski üçün çəkilməz yük olan bu həyata son qoymaq, buradan dərhal, birdəfəlik çıxıb getmək qərarına gəldi. Onu tərk etməsi üçün Layevskiyə göz yaşı töküb yalvaracaqdı, razı olmasa gizlincə qaçacaqdı. Ancaq əsla başına gələnləri ona danışmayacaqdı. Qoy aralarındakı təmiz xatirə kimi qalsın.

“Sevirəm, sevirəm, sevirəm,” – Açmiyanovdan gələn ismarıcı oxudu.

Xəlvət bir küncə çəkilib yaşayacaq, çalışıb-çabalayacaq, Layevskiyə “naməlum birindən” imzası ilə pul, yaxası işləməli köynəklər, tütün yollayacaqdı; ancaq yaşlananda, Layevskinin baxıcıya ehtiyacı olanda ona geri dönəcəkdi. Arvadı olmağı niyə qəbul etmədiyini öyrənəndə – ancaq o halda Layevski onu bağışlayıb, sədaqətini anlayacaq, ondan üzr diləyəcəkdi.

“Böyük burnunuz var…” – bu ismarıc ya dyakondan, ya da Kostyadan olmalı idi.

Yenə xəyallara daldı… Layevskidən ayrılanda onu bərk-bərk qucaqlayacaq, əlini öpəcəkdi; həyatının sonunacan onu sevəcəyini, xəlvət bir bucaqda, yad adamlar arasında təkbaşına yaşarkən uzaqlarda bir yerdə onun təmiz xatirələrini yaşadan, sevimli, nəcabətli, uca bir insanın var olduğunu xəyal edəcəkdi.

“Əgər bu gün mənə görüş verməsəniz, namusuma and içirəm ki, mən də biləcəyəm, nə edirəm. Başa düşün ki, ləyaqətli adamla belə rəftar etməzlər”. Bu ismarıc isə Kirilindən idi.

XIII

Layevski iki ismarıc almışd. Birini açıb oxudu: “Getmə, iki gözüm.”

“Bunu kim yaza bilər?! – deyə düşündü, – Samoylenko deyil, əlbəttə. Dyakon da deyil, çünki getmək istədiyimi bilmir. Birdən fon Koren olar ha?”

Fon Koren masanın üzərinə əyilərək piramida rəsmi cızırdı. Layevskiyə elə gəldi ki, onun gözləri gülür.

“Güman ki, Samoylenko gedəcəyimi ağzından qaçırıb,” – deyə düşündü.

İkinci ismarıcda həmin uzunquyruq, ucuqıvrıq, əyri-üyrü xətlə: “Bir nəfər şənbə günü gedə bilməyəcək,” – yazılmışdı.

Layevski ürəyində: “Çox kobud zarafatdır… Cümə… cümə…” – deyə düşündü.

Boğazında bir düyün tıxandı. Əlini yaxasına aparıb öskürdü, amma öskürək əvəzinə boğazından bir qəhqəhə yüksəldi.

– Ha-ha-ha! Haah-ha-ha!

Bir tərəfdən də: “Nəyə gülürəm mən belə?” – deyə düşünürdü.

Özünü cilovlamağa çalışdı, əli ilə ağzını örtdü, qəhqəhələr sinəsini sıxaraq, boynunun damarlarını az qala partlatdığı üçün davam gətirə bilmədi. Gülməkdən uğuna-uğuna düşünürdü: “Aman Allah! Bu nə sərsəmlikdir belə? Ağlımı itirmişəm, nədir?”

Gülməyi artdıqca artdı, get-gedə küçük zingiltisinə çevrildi. Masadan qalxmaq istəyirdi, amma ayaqları sözünə baxmırdı. Sağ əli qəribə tərzdə, iradəsinin əksinə olaraq, masanın üzərinə düşdü, məktubları apar-topar yığışdırıb, ovcunun içində sıxdı. Ətrafdakıların çaşqın baxışlarını, Samoylenkonun ciddi, ürkmüş üzünü, zooloqun soyuq istheza ilə, ikrah dolu göz süzməyini gördü; əsəb sarsıntısı keçirdiyini başa düşdü.

Üzündə göz yaşlarının istiliyini hiss edib ürəyində: “Nə çirkin, nə utancverici bir vəziyyətə düşdüm! Rəzalət! Belə bir şey heç başıma gəlməmişdi!” – dedi.

Budur, qoluna girib onu bir qırağa çəkdilər. Gözünün qarşısında bir qədəh işıldadı, dişlərinə toxundu, su sinəsindən aşağı axdı. Budur, təmiz bir otaq, qar kimi tərtəmiz mələfə ilə örtülü qoşa yataq. Yataqlardan birində büzüşərək hıçqırmağa başladı.

Samoylenko:

– Keçdi, keçdi… Hərdən olur belə şeylər, – dedi.

Qorxudan rəngi saralan Nadejda Fyodorovna tir-tir əsirdi, çox pis bir fəlakəti öncədən sezirdi elə bil. Yatağın başını kəsdirib durmuşdu.

– Nə oldu sənə belə? Nə oldu? – deyə soruşdu, – Allah xətrinə, danış!

“Əcəba, Kirilin nəsə pis bir şeymi yazdı?” – deyə fikirləşirdi ürəyində.

– Ciddi bir şey yoxdur, – Layevski həm gülüb, həm ağlayaraq dedi, – get burdan, göyərçin…

Üzündə kin və ya ikrah əlaməti yox idi; deməli, heç nə bilmirdi. Nadejda Fyodorovna bir qədər yüngülləşib salona qayıtdı.

Marya Konstantinovna gənc qadının yanında oturub əlini əlinə alaraq:

– Təlaşlanmayın, əzizim, – dedi, – hamısı keçəcək. Kişilər də biz günahkarlar kimi zəif məxluqlardır. İndi ikiniz də sarsıntı keçirirsiniz… Səbəbi məlumdur. Hə, əzizim, cavabınızı gözləyirəm. Gəlin, bir danışaq hələ.

– Halım özümdə deyil, danışa bilmərəm.

Nadejda Fyodorovna bunu deyib səndirlədi, yıxılmamaq üçün ikiəlli kreslonun qolundan yapışdı.

Həmin əsnada salona girən fon Koren nəşəli halda:

– Gün kimi aydındır, konvulsiyası3636
  Konvulsiya – müxtəlif səbəblərdən ortaya çıxan, qəfil başlayan, 1-2 dəqiqə davam edən şüur dumanlanması, nəfəsin tıncıxması, ürək döyüntülərinin artması ilə müşahidə olunan tibbi durum.


[Закрыть]
var!

Amma Nadejda Fyodorovnanı görüb əhvalı pozuldu, dərhal çölə çıxdı.

Sarsıntı xəfifləyəndə Layevski yerində dirçəldi, oturduğu yerdə düşünməyə başladı: “Çox ayıb oldu! Balaca uşaq kimi zır-zır ağlayıram! Camaatın gözündə rəzil oldum. Arxa qapıdan çıxıb getmək lazımdır. Elə bunun özü bu sarsıntı məsələsinə nə qədər ciddi yanaşdığımı göstərməzmi?! Ən yaxşısı, zarafata salmaqdır…”

Aynaya baxdı, bir az da oturub salona qayıtdı. Üzünə süni təbəssüm verib:

– Budur, mən burdayam! – dedi.

Ancaq dəhşətli dərəcədə utanırdı, orda olmağı ilə başqalarının da canını sıxdığını hiss edirdi. Oturaraq:

– Hərdən olur belə şeylər, – dedi, – eləcə oturmuşdum, qəfildən elə bil böyrümə mil soxdular. Elə dəhşətli ağrı verdi ki, sözlə başa sala bilmərəm! Əsəblərim tab gətirmədi… Axırda da, bu arzuolunmaz qəza gəldi başıma. Nə edək, zəmanəmiz əsəb zəmanəsidir!

Axşam yeməyində bolluca şərab içdi, danışdı, ara-sıra titrəyərək iç çəkməyi, sancını hələ də hiss edirmiş kimi böyrünü ovuşdurmağı da unutmurdu. Apaçıq hiss edirdi ki, Nadejda Fyodorovnadan başqa ona inanan yoxdur.

Saat on bir radələrində hamı birlikdə bulvara gəzməyə çıxdı. Kirilinin ona yaxınlaşmağından qorxan Nadejda Fyodorovna Marya Konstantinovnanın yanından ayrılmırdı. Qorxu, təlaş, üzgünlük onu əldən salmışdı, qızdırmanın yenidən baş qaldıracağını hiss edirdi, ayaqlarının taqəti kəsilmişdi. Güc-bəla ilə addım atırdı, Kirilin ilə Açmiyanovdan – ikisindən birinin, ya da ikisinin birdən ona quyruq taxılacağını bildiyindən evə getmək istəmirdi. Ən arxada Nikodim Aleksandroviçlə birlikdə gələn Kirilin səsini bir havaya kökləyib pəsdən mahnı oxuyurdu:

– Mənimlə əylənməyə gəlməəəz! Gəlməəəz!

Bulvardan da kazinoya tərəf düşdülər, sahil boyunca yürüdülər, uzun müddət dənizin fosforlanmasını seyr etdilər. Fon Koren fosforlanma hadisəsini izah etməyə girişdi.

XIV

Az sonra Layevski dəstədən ayrıldı.

– Mənim vint oynamaq vaxtım çatdı, – dedi, – yoldaşlar indi məni gözləyir. Di salamat qalın!

Nadejda Fyodorovna:

– Gözlə, mən də gəlirəm, – deyib onun qoluna girdi.

Hər kəslə sağollaşıb ayrıldılar. Kirilin də vidalaşdı, yollarının eyni olduğunu söyləyib onlara qoşuldu.

Nadejda Fyodorovna ürəyində: “Nə olacaqsa, olsun,” – deyirdi.

Bütün iştahqaçıran xatirələri zehnindən atıb, ağır-ağır nəfəs alaraq, qaranlıqda sanki təkbaşına yeriyirdi. Özü də elə bil mürəkkəbə batırılmış milçək idi: yol boyu ayaqlarını güclə sürüyür, Layevskinin toxunduğu hər yeri, adamcığazın qolunu, böyrünü kirlədirdi. Ağlında da bu cür düşüncələr vardı: “Əgər Kirilin pis bir iş tutarsa, günah onun özündədir. Çünki bir vaxt Kirilinə başqa heç bir kişiyə vermədiyi kimi danışmaq fürsəti tanımış, sonra əlaqələrini birdən üzərək onu çətin vəziyyətdə qoymuşdu. Bunda kimin nə günahı vardı?! Özünü arzularına qapdırıb, sevdalı başla təkcə yaraşığına və hündürboy olmasına görə tanımadığı bir adama üz vermişdi, ikicə görüşdən sonra isə marağını büsbütün itirmişdi. Bunun günahı məgər özündə deyildimi? Bu səbəbdən də indi bu adamın onunla istədiyi kimi rəftar etməyə haqqı yox idimi?!”

Layevski ayaq saxlayaraq:

– Gərək burda ayrılaq, əzizim, – dedi, – İvan Mixayloviç səni evə qədər ötürər.

Kirilinlə əlüstü sağollaşıb, sürətli addımlarla küçəni adlayıb bulvarın o biri üzünə keçdi, Şeşkovskinin pəncərələri xiyabanın üzərində işıldayan evinə doğru yüyürdü.

Kirilin sözə başladı:

– İcazə verin, sizə izah edim: nə mən uşaq-muşağam, nə də hansısa Açkasovun, Maçkasovun, Laçkasovun tayıyam! Sizdən də ciddi münasibət gözləyirəm.

Nadejda Fyodorovnanın ürəyi küt-küt atırdı, ağzını açıb bircə kəlmə cavab vermədi. Kirilin danışığına davam etdi:

– Mənə qarşı rəftarınızın dəyişməyini başdan az hiss etmişdim. İndi isə baxıram ki, siz ləyaqətli adamlara qarşı necə davranmaq lazım olduğunu bilmirsiniz. Mənimlə bu erməni növcavanla etdiyiniz kimi əylənmək istədiniz. Amma bir ləyaqətli insan kimi mən sizdən özümə qarşı layiqli rəftar edilməyini təkidlə gözləməkdəyəm. Deyəcəklərimi dedim, indi xidmətinizdəyəm.

Nadejda Fyodorovna:

– Halım özümdə deyil, – deyib ağlamağa başladı, göz yaşlarını gizlətmək üçün üzünü yana tutdu.

– Mənim də matəmim var, bunun məsələyə nə dəxli var?

Kirilin bir az susdu, sonra ağır-ağır, fasilə verə-verə davam etdi:

– Bir də təkrar edirəm, xanım, əgər bu gecə mənə görüş verməsəniz, biabırçılıq olacaq.

Nadejda Fyodorovna zorla:

– Bu gecə məni yalnız buraxın, – deyə bildi.

Səsi elə incə, elə təsirli idi ki, özü öz səsini tanımadı.

– Sizə gərək yaxşıca dərs verəm, ifadəmə görə üzr istəyirəm, amma sizə dərs vermədən olmaz. Bəli, təəssüf ki, dərsinizi mən verməliyəm. İki görüşü birdən istəyirəm. Biri bu gün, o biri sabah. Daha birisi gün isə tamamilə sərbəstsiniz, istədiyiniz adamla istədiyiniz yerə çıxıb gedə bilərsiniz. Amma bu gün mənimdir…

Evlərinin bağça qapısına yaxınlaşan Nadejda Fyodorovna bu sözləri eşitcək birdən durdu. Tir-tir əsirdi. Qaranlıqda üstündə ağ jaketdən başqa heç nə görməyib:

– Əl çəkin məndən, – deyə mızıldandı, – haqlısınız, çox pis qadınam mən…Sizə qarşı qəbahət işlətmişəm. Amma xahiş edirəm, əl çəkin məndən, – Kirilinin soyuq əlinə toxunaraq çimçəşdi, – yalvarıram…

Kirilin içini çəkdi:

– Təəssüf ki, heç elə fikrim yoxdur. Dərsinizi vermədən heç yerə buraxan deyiləm sizi. Çünki, madam, mən qadınlara etibar etmirəm.

– Hüznlüyəm…

Nadejda Fyodorovna dənizin gurultusuna qulaq kəsildi, ulduzlu göyə baxdı; elə indi, bu saat hər şeyə son qoymaq, bu lənətəgəlmiş dünyadan, onun dənizlərindən, ulduzlarından, kişilərindən, qızdırmalarından uzaqlaşmaq üçün qarşısıalınmaz istək duydu. Soyuq-soyuq:

– Ancaq bizim evdə olmasın…Məni başqa bir yerə aparın, – dedi.

– Muridovun evinə gedək. Ən yaxşısı, oradır.

– Hardadır ki, bu yer?

– Qədim qəsrin yanındadır.

Nadejda Fyodorovna xiyaban boyunca tələsik yüyürdü, sonra dağlara tərəf dırmanan yola keçdi. Hər tərəf qaranlıq idi. Səkinin ora-burasına pəncərələrdən sıra-sıra işıq düşürdü. Bu alacaqaranlıq kölgələr arasında gah milçək kimi mürəkkəbin içinə düşdüyünü, gah sürünərək oradan işığa çıxdığını düşünməyə başladı. Kirilin arxadan onu təqib edirdi. Ortada Kirilinin ayağı büdrədi, az qaldı, üzüaşağı yuvarlansın.

“O sərxoşdur! – deyə Nadejda Fyodorovna düşündü, – fərq etməz…fərq etməz…qoy olsun…”

Bir müddət sonra Açmiyanov da dəstədən ayrıldı, Nadejda Fyodorovnanı qayıq gəzintisinə dəvət etmək üçün onun getdiyi səmtə üz qoydu. Evlərinə çatanda bağçanın divarından yuxarı boylandı: pəncərələr taybatay açıq idi, ancaq işıq gəlmirdi.

– Nadejda Fyodorovna! – deyə səsləndi.

Aradan bir dəqiqə ötdükdən sonra bir də bağırdı.

İçəridən Olqanın səsi eşidildi:

– Kim var orda?

– Nadejda Fyodorovna yoxdur evdə?

– Yox. Hələ gəlməyib.

Açmiyanov qayğılanmağa başladı, ürəyində: “Qəribədir! Nəsə müəmmalı bir şey var burda!” – dedi, – indiyə çoxdan evdə olmalı idi”.

Bulvarı, xiyabanı keçdi, Şeşkovskinin evinə çatıb pəncərədən içəri baxdı. Layevski masada oturaraq, bütün diqqətini kağızların üzərində cəmləşdirmişdi.

– Qəribədir, çox qəribədir! – deyə təkrar mızıldandı. Layevskinin keçirdiyi əsəb sarsıntısını xatırlayaraq utandı, -Yaxşı, evdə deyilsə, bəs hardadır?

Yenidən Nadejda Fyodorovnanın evinə getdi, qaranlıq pəncərələrə baxdı. Ötən səfər Bityuqovların evində qarşılaşanda sevdiyi qadının qayıq gəzintisinə söz verdiyini düşünərək ürəyində: “Bu, yalandır…yalandır…” – dedi.

Kirilinin yaşadığı evin pəncərələrindən də işıq gəlmirdi. Qapıdakı polis məmuru skamyaya çöküb yatmışdı. Pəncərələrə, polisə təkrar nəzər yetirəndə məsələni başa düşdü. Evə qayıtmağı qərara alıb yola düzəldi, ancaq ayaqları yenidən onu Nadejda Fyodorovnanın evinin qabağına sürüklədi. Oradaca bir skamyaya oturdu. Qısqanclıqdan, hirsindən başı od tutub yanırdı. Şlyapasını çıxardı.

Qəsəbə kilsəsinin zəngi sutka ərzində iki dəfə səslənirdi: şam vaxtı, bir də gecə yarısı. Gecə yarısını vurandan sonra təlaşlı ayaq səsləri eşidildi.

– Deməli, sabah axşam, yenə Muridovun evində, düz saat səkkizdə. Gülə-gülə, xanım! – Açmiyanov Kirilinin səsini asanlıqla tanıdı.

Eyni anda da bağça divarının yanında Nadejda Fyodorovna göründü. Açmiyanovun skamyada oturduğunu hiss etmədən yanından kölgə kimi sivişib keçdi, bağça qapısını açdı, bağlamağı unudaraq evə girdi. Az sonra otağında bir şam yandırdı, tələm-tələsik soyundu, amma yatağa girməyib bir stulun qarşısında diz çöküb onu qucaqladı və alnını stula söykədi.

Layevski evə qayıdanda gecə saat üç idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации