Текст книги "Duel"
Автор книги: Антон Чехов
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 9 страниц)
VII
Kirilinlə Açmiyanov cığırla yamaca dırmanmağa başladılar. Açmiyanov müfəttişə yetişə bilməyəcəyini görüb dayandı. Kirilin Nadejda Fyodorovnaya yaxınlaşaraq hərbi salam verdi:
– Axşamınız xeyir!
– Hər vaxtınız xeyir.
– Neynək, deməli belə oldu…
Bunu söyləyən Kirilin başını qaldırıb göy üzünə baxdı, düşüncələrə daldı. Nadejda Fyodorovna bir müddət susdu, sonra Açmiyanovun onlara göz qoyduğunu sezib:
– Nə belə oldu ki? – deyə soruşdu.
– Bəs belə de… – müfəttiş astaca dilləndi, – o oldu ki, məhəbbətimizin çiçəyi qönçə açmadan soldu. Bunu necə başa düşək indi? Ya məni kefiniz istəyən kimi rəftar edəcəyiniz sərsəri yerinə qoyursunuz nədi?
– Bir səhv idi, elədiyimiz. Əl çəkin yaxamdan!
Nadejda Fyodorovna qorxaraq çaşqın-çaşqın bu cür fövqəladə gözəl axşamda qarşısına çıxan adamın üzünə baxdı. Təəccüblə: “Yəni xoşlandığım, yaxınıma buraxdığım adamdır bu?” – deyə özünə sual etdi.
Kirilin:
– Deməli, belə, – dedi. Bir az susqun dayandıqdan sonra:
– Əldən nə gələr? – deyə əlavə etdi, – gözləyərik, əhvalınız düzəlsin. Ancaq onu da deyim ki, mən qürurlu adamam, kiməsə imkan vermərəm ki, buna zərrəcə şübhə etsin. Nəbadə, məni ələ salmağa çalışasınız! Adieu!2727
Adieu – bağışlayın. (fr.)
[Закрыть]
Yenə hərbi salam verdi, yoldan çıxıb çala-çuxurun arası ilə getməyə üz qoydu.
Az sonra Açmiyanov qərarsız addımlarla Nadejda Fyodorovnanın yanına yaxınlaşdı. Qarmaqarışıq erməni ləhcəsi ilə:
– Nə gözəl axşamdır, – dedi.
Son dəblə geyinən, çox yaraşıqlı gənc idi Açmiyanov. Davranışlarından yaxşı təlim-tərbiyə gördüyü bilinirdi. Di gəl ki, atasına üç yüz rubl borclu olduğu üçün Nadejda Fyodorovnanın ondan xoşu gəlməzdi. Bir dükançının gəzintiyə dəvət olunması onu açmırdı, Açmiyanovun bu cür coşqulu, tərtəmiz ruh halında onunla üz-üzə çıxmağından da xoşlanmamışdı. Açmiyanov bir az səssiz qaldıqdan sonra:
– Gəzinti yaxşı keçir, – dedi.
Nadejda Fyodorovna:
– Həə, – deyib razılaşdı, dərhal da borcu yadına düşdü, laqeydliklə əlavə etdi, – mağazada deyin ki, İvan Andreyeviç yaxında gəlib dəyəcək, üç yüz rubl idi, nə qədər idi, yadımda qalmayıb indi, gəlib ödəyəcək.
– Üç yüz rubl da verməyə razıyam, bircə borcunuzu ikidəbir yadıma salmayın, yetər. Belə şeylərə nə gərək var?
Nadejda Fyodorovna güldü, həmin vaxt ağlına gülünc bir şey gəlmişdi. Bir az yüngüləxlaqlılığı olsaydı, bir dəqiqədə sildirərdi bu borcu. Bu səfeh gəncin ağlını almaq üçün heç dırnağını tərpətməyə ehtiyac yox idi. Əcəb məzəli olardı amma! Birdən-birə kiminsə ürəyilə oynamaq, pulunu soyub lüt-üryan qoymaq, sonra elə o vəziyyətdə atıb qıraqdan tamaşa etmək keçdi ürəyindən.
Açmiyanov çəkinə-çəkinə:
– İcazənizlə, bir məsləhət verim sizə, – dedi, – Kirilindən özünüzü qoruyun. Çox xahiş edirəm. Yanda-bucaqda haqqınızda pis-pis şeylər danışır.
Nadejda Fyodorovna soyuq-soyuq:
– Bir sərsəmin haqqımda nə dediyi məni maraqlandırmır, – deyə qarşılıq verdi.
Buna baxmayaraq, içində narahatlıq duydu, gənc, yaraşıqlı Açmiyanovla oynaşmaq həvəsi öldü.
– Gedək aşağı, – dedi, – çağırırlar.
Balıq şorbası hazır idi, boşqablara çəkilib hamının qabağına qoyuldu. Təkcə bu cür ekskursiyaya çıxanlara xas ab-havada iştahla içildi. Hərə öz növbəsində şorbanın nəfisliyini, evdə belə ləzzətli yemək yemədiyini dilə gətirdi. Bütün gəzintilərdə olduğu kimi işlənmiş yağlı kağız parçaları, salfetlər, cürbəcür başqa kağız-kuğuz havada uçuşdu, çörək tikələrini, çay stəkanlarını bir-birininki ilə səhv salaraq, xalının üstünə, dizlərinə şərab tökərək, duzu ortalığa dağıdaraq yeməklərini yedilər. Hava da əməlli qaralmışdı, yerindən qalxıb ocağa çır-çırpı atmağa ərindikləri üçün atəş də əvvəlki hərarətini itirmişdi. Çaxır içməyən qalmamışdı, Kostya ilə Katyaya da bir qədəh vermişdilər. İkinci qədəhdən sonra sərxoş olan Nadejda Fyodorovna Kirilini unutmuşdu.
Şərabın təsirilə kefi yerinə gələn Layevski:
– Əlamətdar gəzinti oldu, misilsiz axşamdır! – dedi, – amma, amma… mən yenə də gözəl bir qışı bundan üstün tuturam. “Paltosunun qunduz kürklü yaxasında, gümüş kimi parlayır sırsıralar ayazda…”2828
Puşkinin şeirindəndir.
[Закрыть]
Fon Koren:
– Hərənin özünə görə zövqü var! – dedi.
Layevski sıxılmağa başladı: atəşin istisi kürəyinə, fon Korenin küdurəti isə üz-gözünə vururdu. Qarşısındakı adamın, bəlkə də, əsaslı bir səbəbdən ona duyduğu bu kin onu əzib-alçaldırdı. Özünü qorumağa güc tapmadığı üçün yaltaq bir səslə:
– Təbiəti çox sevirəm. Təbiətşünas olmadığıma təəssüf edirəm, buna görə sizə qibtə edirəm, – dedi.
Nadejda Fyodorovna:
– Nə üzülürəm, nə də qibtə edirəm kiməsə. Camaatın günü-güzəranı zülm-zillətlə keçdiyi halda, kimsə durub böcəklə-heyvanla necə əlləşə bilər, heç cür anlamıram! – dedi.
Layevski də, əslində, bu qənaətdə idi. Təbiət elmlərindən anlayışı olmayan bir adam kimi həşərat toxumaları, hamamböcəyi ayaqları ilə məşğul olan adamların özlərini ağayana aparmalarından, müdrik, filosof görkəmlərindən zəhləsi gedirdi. Bu adamların böcəklərin toxumalarına, ayaqlarına, canlıların rüşeyminə (nədənsə rüşeymi istridyə kimi təsəvvür edirdi) əsaslanaraq insanın mənşəyini, həyati problemlərini həll etməyə cəhd göstərmələri hövsələsini darıxdırırdı həmişə. Lakin Nadejda Fyodorovnanın sözlərində saxtakarlıq sezdiyi üçün etiraz etdi:
– Məsələ böcəkdə deyil, əldə olunan nəticədədir!
VIII
Gecənin bir yarısı, on bir radələrində evə qayıtmaq üçün irmağın o tayında gülüşə-gülüşə gizlənqaç oynayan Nadejda Fyodorovna ilə Açmiyanovdan başqa hamı arabalara mindi.
Samoylenko onları hayladı:
– Xanımlar! Cənablar! Tez olun, gecikirik!
Fon Koren alçaqdan:
– Qadınlara çaxır vermək lazım deyildi, – dedi.
Çöl gəzintisindən, fon Korenin kinindən, öz mülahizələrindən yorulub təngə gələn Layevski Nadejda Fyodorovnaya sarı addımladı. Gənc qadının kefi kök idi, özünü quş kimi yüngül hiss edirdi. Təngnəfəsliklə, gülərək ikiəlli Layevskinin əllərindən yapışdı, başını onun sinəsinə qoydu. Layevski bir addım geri atıb sərt-sərt:
– Görürəm hamısını… Özünü lap sürtük kimi aparırsan! – dedi.
Söz çox kobud çıxmışdı, ağzından çıxardığı sözə görə qadına yazığı gəldi. Layevskinin hirsli, yorğun üzündə özünə qarşı nifrət və kin dolu acıma oxuyan Nadejda Fyodorovnanın bütün kefi pozuldu. Cızığından çıxdığını başa düşdü; sifəti üzülmüş, özünü ağır, şişman, sərxoş hiss edərək qabağına çıxan birinci arabaya – Açmiyanovun yanındakı kürsüyə çökdü. Layevski ilə Kirilin eyni arabaya minmişdilər; zooloqla Samoylenko, dyakon ilə xanımlar da başqa arabalara… Araba karvanı bu nizamla yola düzəldi.
Paltosuna bürünüb gözlərini qapayan fon Koren:
– Sən Allah, gördün də makakaların danışığını? – dedi, – Nadejda Fyodorovna camaat əziyyət çəkərkən böcəklərlə, həşəratlarla əlləşməyi bəyənmir. Bu meymunlar bizim kimi adamlar haqqında həmişə bu cür düşünür. Yeddi beldir, yumruq-dəyənəklə qorxudublar bu xain kölə tayfasını: belələri ancaq zor qarşısında titrəyib-yalvarır, boyun əyir, amma bu meymunların əl-qolunu bir az boş buraxırsan, o saat özünü açıb-buraxırlar. Görmürsən, söz rəsm sərgilərindən, muzeydən, teatrdan, elmdən düşəndə, necə şirə dönürlər?! Birdən-birə necə lovğalanmağa başlayırlar?! Başındakı tüklər o saat biz-biz durur, işləri-gücləri də ancaq tənqid eləsinlər! Kimisə tənqid eləmək köləlik əlamətidir. Sən mənə yaxşı-yaxşı qulaq as, bunlar, səncə, niyə yaradıcı adamları söyür bütün günü?! Çünki cəmiyyətin yarıbayarısından çoxu bunlar kimi kölə ruhlu adamlardan, meymunlardan ibarətdir. Sən onlardan gözləmə ki, əlləşib-vuruşub, yaradıcılıqla məşğul olduğun üçün sənə əl uzadıb təşəkkür edəcəklər!
Samoylenko əsnəyərək:
– Adamlardan nə istəyirsən, baş açmıram, – dedi, – qadıncığaz səninlə elmi mövzuda söhbət etmək istədi, sən də bundan dərhal məna çıxardırsan. Bəli, Layevskiyə hirslənməyə əlində əsasın var, qadına isə gəzintiyə qatıldığı üçün qızmısan. Yazıq yaxşı qadındır.
– Yaxşı görək, sən də! Yüngüləxlaqın, bayağının, səviyyəsizin biridir! Sən mənə qulaq as, Aleksandr Davidıç! Ərini atıb avara-avara gəzən, hahaha-hihihidən başqa bir şey bilməyən adi bir kəndli arvadı görəndə o saat deyirsən ki, haydı, marş-marş işləməyə, bəs niyə Nadejda Fyodorovnanı görəndə cınqırın çıxmır? Nədi, qorxursan? Matros məşuqəsi deyil, məmur məşuqəsidi ona görə?
Samoylenko qızdı:
– Yaxşı, neynəməliyəm ki? Gedim qadını döyüm?
– Pisin pis olduğunu üzünə de! Bizdə adətdi, biri bir qəbahət işləyər, dalınca danışarıq ancaq. Sənin işin oğruya yumruğu cibində göstərməyə oxşayır. Mən zooloqam, ya sosioloqam, bunun fərqi yoxdu. Sən də həkimsən. Cəmiyyət bizimkimilərə inanır, bizə etibar edir. Biz gərək başa düşək ki, Nadejda İvanovna kimi qadınlar bizim övladlarımızın gələcəyi üçün də qorxunc təhlükədir.
Samoylenko:
– İvanovna deyil, Fyodorovna, – deyə düzəliş etdi, – yaxşı, bəs cəmiyyət nə etməlidir belələri ilə?
– Cəmiyyət? Özü bilər. Mənə qalsa, ən kəsə yol, zor gücüdür. Nadejda Fyodorovnanı ərinin yanına göndərmək lazımdır. Manu militari2929
Manu militari – hərbi güc. (lat.)
[Закрыть]. Əri qəbul etməsə, göndərirsən islah düşərgəsinə, ya da icbari əməyə cəlb edirsən.
Samoylenko: “Of!” – deyə içini çəkdi. Bir az susduqdan sonra yavaşca:
– Keçən dəfə də deyirdin Layevskikimiləri yox etmək lazımdır. Hələ sən mənə de görüm, dövlət, ya da cəmiyyət, bu işi sənə həvalə etsə, əlindən gələr?
– Gözümü də qırpmaram.
IX
Layevski ilə Nadejda Fyodorovna evlərinə gələn kimi qaranlıq, isti, kəsif qoxulu yataq otağına keçdilər. Heç biri dinib-danışmırdı. Layevski şam yandırdı; Nadejda Fyodorovna isə kürkünü, şlyapasını soyunmadan kətilə çökdü, günahkar gözlərini Layevskiyə zillədi.
Layevski bilirdi ki, qadın açıqlama gözləyir. Ancaq bu cür izahat vermək cansıxıcı, yorucu, üstəlik də faydasız idi. Özünü saxlaya bilməyib qadına qarşı kobudluq etdiyi üçün vicdanı sızlayırdı. Hər gün oxumağa niyyətləndiyi məktub cibində əlinə toxundu. Bunu qadına göstərib sözü dəyişməyi qərara aldı.
Məktubu çıxarıb verəndə düşünürdü: “Münasibətlərimizə aydınlıq gətirməyin vaxtı gəlib çatdı. Verim özünə, nə olacaqsa, olacaq”.
– Tut, oxu. Sənə aiddir.
Bunu deyib iş otağına keçdi. Qaranlıq idi. Başının altına yastıq qoymadan divana uzandı.
Nadejda Fyodorovna məktubu oxudu. Oxuya-oxuya ona elə gəldi ki, tavan başını əzir, divarlar üstünə gəlir. Otaq gözündə balacalaşıb yumaq boyda oldu. Tələm-tələsik üç dəfə xaç çəkdi.
– İlahi, özün mənə kömək ol! İlahi, özün kömək ol mənə!
Hönkür-hönkür ağlayırdı.
– Vanya! İvan Andreyeviç! – deyə səsləndi.
Cavab gəlmədi. Layevskinin içəri daxil olduğunu, oturduğu kətilin arxasında dayandığını zənn edərək uşaq kimi hıçqırırdı.
– Niyə mənə deməmişdin onun öldüyünü? Desəydin, gəzintiyə gəlməzdim, elə şaqqanaq çəkib gülməzdim. Kişilər mənə söz atdılar, bayağı sözlər dedilər. Günah işlədim, böyük günah işlədim! Məni xilas elə, Vanya, məni xilas elə! Başımı itirmişəm… Havalanacağam…
Layevski onun hıçqırıqlarını eşidirdi. Hava dözülməz dərəcədə isti idi: Sıxıntıdan az qalırdı Layevskinin ürəyi partlasın. Canı sıxıla-sıxıla divandan qalxdı, gəlib otağın ortasında durdu. Qaranlıqda əl havasına masanın yanındakı kürsünü tapıb oturdu.
Öz-özünə deyinməyə başladı: “Bura zindandı. Vaxt itirmədən getmək lazımdı… Dayana bilmirəm daha…”
Qumar oynamaq üçün gec idi, qəsəbədə restoran da yox idi. Təzədən divana uzandı, hıçqırıqları eşitməmək üçün qulaqlarını tutdu. Ağlına gəldi ki, Samoylenkonun evinə getsin. Nadejda Fyodorovnanın yanından keçməmək üçün pəncərədən tullandı, bağçanın divarını aşıb küçəyə çıxdı. Qaranlıq idi. İndicə limana paroxod gəlmişdi. İşıqlarına baxanda böyük bir sərnişin gəmisi olduğunu bilmək olurdu, lövbərinin zənciri gurultu salmışdı. Layevski sahildən qırmızı bir işığın sürətlə gəmiyə doğru irəlilədiyini sezdi. Bu da gömrük qayığı idi.
Rahat-rahat kayutlarında oturan sərnişinləri xəyalına gətirib, qısqandı. Samoylenkonun evinin pəncərələri açıq idi. Layevski növbə ilə pəncərələrdən içəri boylandı: içəri səssiz, qaranlıq idi.
– Aleksandr Davidıç, yatırsan? – deyə səsləndi, – Aleksandr Davidıç!
Öskürək eşidildi, əndişəli bir səs soruşdu:
– Kimsən? Kim var orda? Gecənin bu vaxtı hansı şeytandı görəsən?!
– Mənəm, mənəm, Aleksandr Davidıç, sən Allah, bağışla da ta…
Az sonra pəncərə açıldı, qəndilin ölgün işığı parladı; başdan-ayağa ağappaq geyinmiş, başında ağ araqçın, iri gövdəli Somoylenko qaranlıqda göründü:
– Nolub? Gözlə, qapını açıram.
– Zəhmət çəkmə, girərəm pəncərədən.
Layevski bunu deyib pəncərəyə dırmandı, Samoylenko da yaxınlaşıb əlindən tutdu.
– Aleksandr Davidıç, qurtar məni! Yalvarıram, məni başa düş! Dözə bilmirəm daha. Bir-iki gün də belə davam eləsə, asacağam özümü. Gəbərib-gedəcəyəm it kimi…
– Hələ bir səbrli ol görək. Nə danışırsan, nə olub?
– Şam yandır, bu saat…
Samoylenko şamı yandırıb köks ötürdü.
– Oho! İşə bir bax! Saat ikini keçib ki!
Samoylenkonu görən, şam işığında bir az özünə gələn Layevski danışmağa başladı:
– Ta keçib, üzrlü say, evdə otura bilmədim, Aleksandr Davidıç. Sən mənim yeganə dostumsan, ümidim ancaq sənədir. İstəsən də, istəməsən də, Allah xətrinə mənə əl tut. İki dünya bir olsa da, gərək çıxıb gedim burdan. Mənə borc pul ver!
Samoylenko qurcalanıb, dərindən köks ötürdü:
– Aman Allah! Necə dərin yatmışam…yuxuda qalın fit səsi eşidirdim. Deməli, paroxod gəlib, ondan sonra da sən… Çoxmu pul lazımdır?
– Azı üç yüz rubl. Yüzünü Nadejda Fyodorovnaya verəcəyəm, qalanı da yol pulu. Sənə onsuz da dörd yüz rubl borcluyam. Hamısını birdəfəlik göndərərəm… hamısını…
Samoylenko ovuclarını gicgahlarına yapışdırdı, qıçlarını qövs kimi gərib fikirləşməyə başladı:
– Üç yüz rubl… Üç yüz rubl… Üç yüz… Amma yoxdur axı məndə o qədər… Gərək birindən borc tapım.
Layevski Samoylenkonun üzündən yüzdə-yüz ona pul verəcəyini anladı.
– Allah xətrinə tap! Mütləq göndərəcəyəm, Peterburqa çatar-çatmaz pul səndədi, ürəyini buz kimi saxla, Saşa! – sonra bir az da canlanaraq əlavə etdi, – gəl hələ bir çaxır içək.
– Nə deyirəm, içək də.
Birlikdə yemək otağına keçdilər. Samoylenko masaya üç şüşə şərabla bir boşqab ərik qoyub soruşdu:
– Yaxşı, Nadejda Fyodorovna necə olacaq bəs? O qalır?
Layevskinin içi birdən sevinclə doldu:
– Mən yoluna qoyacağam hər şeyi!… Pul yollayaram özünə, gələr yanıma. O vaxtacan münasibətlərimizə də bir aydınlıq gələr. Sənin sağlığına, dostum!
– Gözlə, əvvəl bundan iç. Öz bağımın üzümündəndir. Bu Navaridzenin, bu isə Axatulovun bağındandır. Üçünün də dadına bax, mənə düzünü de… Mənimki elə bil, bir az meyxoşdu, hə?
– Ürəyimə sərin su səpdin, Aleksandr Davidıç. Təşəkkür edirəm. Yüngülləşdim bir az…
– Çaxır meyxoş deyil?
– Boş ver çaxırı, sən də… mən hardan bilim axı?! Sən misilsiz, fövqəladə bir adamsan, xəbərin var?
Samoylenko dostunun solğun, əndişəli, xeyirxahlıq yağan üzünə nəzər saldı, fon Korenin onun haqqında: “Yox ediləsi adam,” – dediyini xatırladı. Layevski gözünə zəif, müdafiəsiz uşaq kimi göründü.
– Peterburqa çatan kimi get, barış ananla, çox pis iş tutursan, – dedi.
– Bəli, bəli, mütləq barışacağam.
İkisi də bir müddət susdu. Birinci şüşə boşalanda Samoylenko təzə mövzu açdı:
– Fon Korenlə də barışsan, yaxşı olar. İkiniz də ağıllı, təmiz adamlarsınız. Amma bir-birinizi görəndə it-pişik olursunuz.
O anda hər kəsi təqdir etməyə, bağışlamağa hazır olan Layevski dostunun sözünə haqq verdi:
– Bəli, çox ağıllı, mükəmməl bir insandır. Beləsinə az rast gəlmək olar. Amma tutmur da bizdə, ulduzumuz barışmır, neyləyək? Təbiətən tamam başqa adamlarıq. Mən mülayim, zəif, üzüyolayam, kefimin kök vaxtı ona əl uzadaram, ancaq əlimi havada saxlayacaq axı, – Layevski şərabdan bir qurtum aldı, o baş-bu başa var-gəl etdi, sonra gəlib otağın ortasında duraraq nitqə başladı:
– Fon Koreni əlimin içi kimi tanıyıram. Mətin, güclü, zorba adamdır. Eşitməmisənmi, tez-tez ekspedisiyadan danışır, boş sözlər deyil bunlar. Onun işi-gücü çöllər, aylı gecələrdir. Gözümün qabağında görürəm hər şeyi: yan-başındakı ac, xəstə, burdan-ora, ordan-bura köç etməkdən bitkin düşən bələdçi kazaklar, yükdaşıyanlar, qrupun həkimi, keşişi açıq havada – çadırda yatıb-uyuyur. Gözünə yuxu getməyən təkcə fon Korendi. Stenli3030
Stenli Henri Morton (1841-1904) – Afrikada səyahətləri ilə məşhur olan ameriakalı səyyah, başqa bir itkin düşmüş səyyah – David Livinqstonu tapmağı onu məşhurlaşdırmışdı.
[Закрыть] kimi meşin çexollu kürsüdə əyləşib, özünü çöllərin hökmdarı, bu adamların ağası hesab edir. Kor tutduğunu buraxmayan kimi üz qoyub, hey bir istiqamətə irəliləyir, arxasınca gələnlər yarpaq kimi bir-bir qopub-tökülür, ölüb-gedirlər, amma o dayanmaq bilmir. Sonda o da ölür, ancaq yenə də çölün despotu olaraq qalır, otuz-qırx fərsəxdən görünən məzarı da karvanlara bələdçi olur. Bu adamın hərbçi olmadığına heyifsilənirəm. Nə igid komandir, nə şirürəkli general çıxardı ondan! Süvarilərini sürüb çayda boğar, cəsədlərindən körpü düzəldərdi. Döyüşdə bu cür gözüqaralıq hər cür komandadan, hər cür ağıllı taktikadan yüz dəfə üstündür. Onu mən çox yaxşı başa düşürəm. Yaxşı, bu cür adamın buralarda nə işi var axı? Qafqazda nə axtarır?
– Dəniz canlılarını tədqiq edir.
Layevski köks ötürdü:
– Yox, əzizim, yox, elə deyil! Bura gələndə gəmidə başıçıxan bir adam mənə Qara dənizin heyvanat aləminin yoxsul olduğunu, suyun tərkibindəki kükürd oksidlərinin canlıların çoxalmasına əngəl törətdiyini söyləmişdi. Onun dediyinə görə bütün ciddi zooloqlar Napolidə, ya da Villeranş-sür-Merdə3131
Villeranş-sür-Mer – Alp dağlarının ətəklərində kiçik fransız kommunası.
[Закрыть] çalışır. Amma fon Koren dikbaşdı axı, heç kimlə əməkdaşlıq etmək istəmir. İndiyəcən hələ heç kim Qara dənizdə tədqiqat aparmayıb, o da elə buna görə löbərini bura atıb, institutlarla da bütün əlaqələrini kəsib. Çünki o, hər şeydən əvvəl zorbadır, sonra isə heyvanşünas. Bax, dediyim bir gün olacaq, onun adı əfsanəyə çevriləcək. Hələ indidən ekspedisiyadan döndükdən sonra universitetlərdən intriqanı, süstlüyü aradan qaldırmağı, elm adamlarını intizama tabe etməyi xəyal edir. Zorbalıq savaşda olduğu qədər elmdə də özünü doğruldur. İki ildir ömrünü kənddə-kəsəkdə çürüdür, çünki qəsəbədə birinci olmaq şəhərdə ikinci olmaqdan daha yaxşıdır. Burda özünü əməlli-başlı şah kimi aparır: qəsəbədə sayılıb-seçilən kim varsa, dəmir pəncəsinin altında əzərək, canına vəlvələ salıb. Hər kəsin ipini əlində toplayıb: hər şeyə qarışır, hər kəsin işinə burun soxur. Kim ondan qorxmur ki? Bir mənəm yaxamı ələ verməyən. Mənə buna görə nifrət edir də. Sənə deməmişdimi, məni yox etmək, icbari əməyə cəlb etmək lazımdır?
Samoylenko güldü:
– Bəli, söyləmişdi.
Layevski də güldü. Çaxırı bitirib üstündən bir şaftalı yeyərək:
– Onun arzularından da zorbalıq yağır. Adi adamlar cəmiyyətin nəfinə çalışıb-çabalayanda, bunu doğmalarını, yəni səni, məni, bir sözlə insanı göz qabağına gətirdiyi üçün eləyər. Fon Koren üçünsə, adamlar bir sürü tuladan başqa heç bir şeydir. İnsanlar üçün yaşamağa, çalışmağa dəyməz. Ekspedisiyaya çıxıb, ölüm-dirim əzabına qatlaşmaq istəyi də, doğmalarına duyduğu sevgidən irəli gəlmir, insanlıq, gələcək nəsillər, seçkin insan nəsli kimi mücərrəd qavramlar uğrunadır. Bu işdə biz onun gözündə kölədən, məqsədə çatmaq üçün istifadə etdiyi alətdən, yük heyvanından başqa bir şey deyilik. Əlindən gəlsə, istədiyini kürək cəzasına bağlayar, yox edər, bir qismini ciddi nəzarətə götürər, Arakçeyev3232
Arakçeyev Aleksey (1769-1834) – məşhur zadəgan nəsli Arakçeyevlərin nümayəndəsi, I Aleksandr dönəmində Çar Rusiyasının hərbi naziri. Sərtliyi, məğrurluğu, dövlətin maraqlarını hər şeydən üstün tutmağı ilə məşhurdur. 1812-ci ildə Napoleona qarşı döyüşmək üçün ordunun komandanlığına Kutuzovu gətirməyə çarı yalnız o inandıra bilmişdi.
[Закрыть] kimi boru ilə yatızdırb, boru ilə oyadar, iffəti, əxlaqı qorumaq adına başımıza əxlaq növbətçiləri təhkim edər, kim bu əxlaq kodeksinin dar çərçivəsindən çıxmağa cürət etsə, boynunu vurdurar. Bütün bunları bəşəriyyətin düzəlməsi üçün etmək istərdi. Yaxşı, bəs bu bəşəriyyət nədir? Heç zad! Xəyal! İlğım!… Zorbalar həmişə xəyalpərəst olur. Mən onu gözəl başa düşürəm. Dəyərini də bilirəm, bu cür adamların önəmini də inkar etmirəm. Bu dünya onunkimilərin cidd-cəhdləri ilə ayaqda durur. Bizim ümidimizə qalsa, bütün ürəyitəmizliyimizə, xoşniyyətliliyimizə baxmayaraq milçək qədər faydamız toxunmazdı nəyəsə. Bəli, bu belədir, – deyib Samoylenkonun yanında oturdu, artan bir həyəcanla danışığına davam etdi, – mən mənasız, içiboş, dəyərsiz bir adamam. Nəfəsim şərabnan gedir, məhəbbətnən gəlir. İndiyəcən yalan, tənbəllik və ağciyərliklə yaşamışam. Bu günə kimi həm özümü aldatmışam, həm də başqalarının gözünə kül üfürmüşəm; ucuz, bayağı şeyləri şişirdib guya iztirab çəkdiyimi söyləmişəm hər yerdə. Fon Korenin nifrəti qarşısında əgər belə boynubükük dururamsa, bu tez-tez özümü aşağı gördüyümdən, özümdən ikrah duyduğumdandır, – yenidən ayağa qalxdı, otaqda bir yuxarı-bir aşağı gəzinməyə başladı, – qüsurlarımı görüb qəbul etdiyim üçün yenə hardasa şanslıyam. Bu mənim dirilməyimə, başqa bir adam olmağıma kömək edəcək. Mənim əzizim, sən təsəvvür belə edə bilməzsən ki, necə ürəkdən özümü düzəltmək istəyirəm! Sən şahidsən, and içirəm ki, adam olacağam! Bəli, bəli, adam olacağam! Bunları içki dilimdən çıxarır, ya həqiqətən, bu belədir, onu da bilmirəm. Amma mənə elə gəlir ki, indi keçirdiyim bu təmiz, aydın hissləri çoxdandır dadmamışdım.
– Yatmaq vaxtıdır, dost, – Samoylenko dedi.
– Hə, hə… Bağışla, mən bu saat…
Layevski pəncərənin yanında, kürsülərin arasında papağını axtarmağa başladı.
– Sənə təşəkkür edirəm, – köks ötürərək dedi, – çox təşəkkür edirəm. Şirin söz, gülər üz ən yaxşı bəxşişdir. Məndə yenidən yaşamaq istəyi oyatdın.
Papağını tapdı, otağın ortasında dayandı, Samoylenkoya yalvarışla baxaraq:
– Aleksandr Davidıç! – dedi.
– Nə istəyirsən?
– İznin varsa, gecəni burda qalardım.
– Aa, o nə sözdür? Şərəf olar mənimçün.
Layevski divana uzandı, həkimlə hələ uzun müddət söhbət etdilər.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.