Электронная библиотека » Curci Zeydan » » онлайн чтение - страница 2

Текст книги "Kərbəla dilbəri"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Curci Zeydan


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

2. Xalid monastırı

Dəməşqin Qutə adlanan hissəsi Şam diyarında öz məhsuldar torpaqları ilə məşhurdur. Ərazisinin eni də və uzunu da beş ağac məsafəsinə bərabərdir. Onu hər tərəfdən hündür dağlar əhatə edir. Vadinin ortasından isə bağları və bostanları suvaran bir neçə çay axıb buradakı gölə tökülür33
  Səfiyəddin Əl-Bağdadi, “Mərasidul-ittila”, 2-ci hissə. Müəllif.


[Закрыть]
. Şam diyarının həmin bu məhsuldar torpaqlarının ortasında yerləşən Dəməşq şəhəri bir neçə min ildir ki, öz həyatı ilə yaşayır. Qutə vadisində Dəməşqdən başqa bir neçə kiçik kənd də yerləşir. Kəndlərin ətrafındakı çoxlu əkin sahələrinin və meyvə ağaclarından ibarət olan bağların arasından gur sulu arxlar və kiçik çaylar axır.

Dəməşqin Şərq darvazasının bir neçə ağac məsafəsində qədim bir monastır da vardır. Onu islamın ilk illərində Şam diyarını fəth etmək üçün göndərilən sərkərdə Xalid ibn Əl-Vəlid burada gecələdiyinə görə “Xalid monastırı” adlandırırlar. Bundan əvvəlki adı isə “Saliba monastırı” idi44
  Səfiyəddin Əl-Bağdadi, “Mərasidul-ittila”, 1-ci hissə. Müəllif.


[Закрыть]
. Monastır “Mərcul-Əzra” deyilən yerin yaxınlığında hər meyvə ağacından yalnız bir cüt olan böyük bir bağın ortasında yerləşir.

Bu monastıra bayır tərəfdən baxanda adama elə gəlir ki, o, alınmaz bir qaladır. Bina dördguşəlidir, küncləri isə az qala yuvarlaq şəkildədir. Divarlarına bayır tərəfdən yaxşı suvaqlanıb sığal çəkilmişdir. Divarlar yuxarı qalxdıqca içəriyə tərəf meyillidir. Buna görə də bina aşağıdan enli, yuxarıdan isə nisbətən ensiz görünür. Divarlar uzununa çox möhkəm hörülmüşdür. Binaya giriş üçün çox alçaq və dar giriş vardır: əyilməmiş içəri girmək mümkün deyildir. Girişin taxta qapısının üzərinə çəkilmiş dəmir təbəqəni tamamilə qalın pas örtmüşdür. Belə böyük bir binaya bu kiçik qapıdan başqa ayri bir giriş yox idi. İçəri girəndən sonra bir neçə qolac uzunluğunda olan kiçik bir dəhlizin o başında monastırın həyətinə açılan qapı vardır. Həyətin ətrafı boyu birmərtəbəli hücrələr düzülmüşdü. Binanın üstündə monastırın rəisinin yayda və payızda qalması üçün hündür tavanlı bir otaq da mövcuddur. Monastırın divarlarının çox hündür olmasına baxmayaraq ayaq üstə dayanmış adam əlini uzatsa da onun pəncərələrinə çatdıra bilməzdi. Bacalara bənzəyən bu kiçik pəncərələrə bayır tərəfdən dəmir barmaqlıq vurulmuşdur. İlk dəfə kənardan baxan hər kəs monastırların bu şəkildə tikilməsinin səbəbini çox tez dərk edir. Belə binalardan zərurət yarandıqda müdafiə olunmaq üçün qala kimi istifadə edirdilər. Monastır sakinləri həyətdəki tövlədən və arxacdan at, davar və qaramal saxlamaq üçün istifadə edirlər.

Xalid monastırının əsas binasının şərq tərəfində eni və uzunu əlli addıma bərabər olan düzbucaqlı şəkilli tövləsi vardır. Tövlənin üç tərəfdən yerə sıx və bərabər şəkildə çalınmış payalardan ibarət hündür hasarı vardır. Tövlənin dördüncü hasarını isə monastırın öz binasının şərq divarının bir hissəsi təşkil edir. Payaların yuxarı tərəfindən yarıya parçalanmış ağac budaqları uzununa düzülmüş və budaq qabığından hazırlanmış kəndirsayağı çatılarla möhkəm bağlanmışdır. Tövlənin həmin qayda ilə payalardan düzəldilmiş sürütmə qapısının bir tərəfi yerə çalınmış payadan ibarət olan möhkəm dayağı vardır. Həmin sürütmə qapının zorba budaqdan ibarət olan üst qolu birbaşa binanın divarındakı oyuğa keçirilmişdir. Tövlənin üstünün yarısını örtən talvarın tavanı da ağac budaqlarından düzəldilmişdi. Talvarın örtülü hissəsi davar və qaramalın qışda buraya sığınması üçün nəzərdə tutulmuşdu.

Monastırı, tövləni və bağı birlikdə əhatə edən, həm də adam boyundan da hündür sıx bitmiş böyürtkən kollarından ibarət yaxşı hasarı vardır. Həmin hasarın da tövlənin qapısına bənzər, amma ondan çox möhkəm taxta qapısı vardır. Qapının yanında zəng asılmışdı. Buraya gələn hər bir kəs bu zəngi çalanda içəridəkilər səsi eşidib qapını açırlar.

Hicrətin 60-cı ilində Xalid monastırı belə bir görkəmə malik idi. Məhz həmin ildə Müaviyə ibn Əbu-Sufyan vəfat etmişdi. Vəzifədə onu oğlu Yəzid ibn Müaviyə əvəz etdi. O, Dəməşqdə islam xilafətinin xəlifəsi oldu. Bu monastırın rəisi əslən bizanslı olan qoca bir keşiş idi. O, ömrünün əlli ildən çoxunu burada keçirmişdi. Əvvəlcə uzun müddət adi rahib olmuşdu. Sonra onu rahiblikdən irəli çəkib monastırın rəisi təyin etmişdilər. O, Xalid ibn Əl-Vəlid burada gecələyəndə yeniyetmə rahib olmuşdu və Dəməşqin fəthini də öz gözləri ilə görmüşdü. Cavanlığında ərəb dilini bilmirdi, amma sonralar tədricən bu dili lap yaxşı öyrənmişdir. Rahiblər rəisin yaşına və gözəl əxlaqına görə ona çox hörmət edirdilər. Müaviyə özü də monastırın rəisinə hörmət edirdi və çox vaxt Qutədə ova çıxanda monastır rəisinin qonağı olur, hətta arabir onunla zarafat da edirdi. Yəzid xəlifə olandan sonra o da monastırın rəisinə hörmət edirdi.

3. Qutənin gözəlliyi

Hicrətin həmin 60-cı ilinin payız günlərinin birində monastır əhli çox tezdən oyanmışdı: monastırın bağından meyvələri daşımaqda rahiblərə kömək etmək üçün ətraf kəndlərdən kəndlilər gəlmişdilər. Onlar bağdan üzüm, heyva, alma, nar, armud, gavalı və şaftalı doldurulmuş səbətləri daşımağa kömək etməli idilər. Rahiblər payızda hər gün səhər tezdən kəndlilərin gəlişini intizarla gözləyirlər. Onların bəziləri aşağı düşüb kəndlilərin səbətləri monastırın həyətinə daşımalarına kömək etməyə başladılar. Həyət ətrafdakı hücrələrin qarşısındakı boş bir sahədən ibarətdir. Ortada isə həyətin çox hissəsinə kölgə salan böyük bir söyüd ağacı ucalırdı. Söyüdün yaxınlığında isə bir su quyusu görünürdü. Monastır əhli lazım gəldikdə bu quyunun suyundan istifadə edirdi. Kəndlilər səbətləri tək-tək, bəzən də qoşa-qoşa içəri daşıyırdılar. Monastırın rəisi isə hələ də yuxarıda öz otağında idi. Səhər ibadətindən sonra öz otağına qayıtmışdı, içəridə təkcə dua edirdi. O, adamların səs-küyünü eşidib otağından bayıra çıxdı və həyətə enən daş pilləkənin yuxarısında dayandı. Adi rahib paltarının üstündən əbasını çiyninə salmışdı.

O, rahiblərin yükləri içəri daşımasını görüb dedi:

– Niyə səbətlərin hamısını içəri daşıyırsınız? Özünüz yaxşı bilirsiniz ki, biz onların bir hissəsini xəlifənin iqamətgahına sovqat göndərməliyik. Xəlifə bir qayda olaraq onların bir hissəsini öz əmirlərinə və mühafizəçilərinə paylayır.

Bunları deyib, Qutə vadisinin əzəmətli mənzərəsinə tamaşa etmək üçün binanın damının kənarına tərəf getdi. Günəş uzaqdakı dağların arxasından boylanmağa başlamışdı. Artıq onun şüaları bağ-bağatdakı ağacların budaqlarında əks olunmağa başlamışdı. Quşlar budaqları tərk edərək səs-səsə verib, dəstə-dəstə uzaqdakı açıqlığa tərəf uçurdular. Onların bir hissəsi isə şərqə tərəf üz tutmuşdu. Sanki Günəşi öz civiltiləri ilə salamlamaq üçün bir-birini ötməyə çalışırdılar.

Monastırın rəisi bağlara tərəf baxmağa başladı. Bu bağların görünüşü adamın könlünü açırdı. Müxtəlif gül kollarının pöhrələrindən qalxan rayihə adamın qəm-qüssəsini silib aparır, onu məst edirdi. Cürbəcür gül kolları arxlarla, cığırlarla bağlar arasında çəpər təşkil edirdi. Gül kollarına müxtəlif şəkilli və ölçülü meyvə ağaclarının kölgələri düşürdü. Ağaclarda yaşıl yarpaqlardan çox müxtəlif rəngli meyvələr vardı: qıpqırmızı narlar, sapsarı heyvalar, dümağ mərsinlər, bənövşəyi gavalılar, alyanaqlı almalar adama gəl-gəl deyirdi.

Qutənin bir tərəfində müxtəlif növlü üzümlüklər vardı. Tənəklərin bəzilərindən ağ şama bənzər, bir hissəsindən alqırmızı, bəzilərində isə kömür kimi qara salxımlar sallanırdı. Müxtəlif rəngli otlar bağların torpağına gözəl bir xalı kimi sərilmişdi. Bağların arasındakı arxlarda axan suyun şırıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı bu mənzərəyə xüsusi gözəllik verirdi. Qutə vadisi ağaclarının arası ilə çayların axdığı bir cənnət bağına bənzəyirdi. Günəşin buraya saçdığı şüalar arxlardakı sularda əks olurdu. Şüaların gölün səthindən əks etməsi diqqəti daha çox cəlb edirdi.

Monastırın rəisi burada olduğu bütün müddət ərzində az qala hər səhər bu mövqedə dayanırdı, gözləri isə bu mənzərədən ləzzət almaqdan doymurdu. Nə yükləri daşıyan, meyvələri seçən rahiblərin və kəndlilərin səsi, nə də tövlədəki qoyunların mələşməsi, öküzlərin böyürtüsü, eşşəklərin anqırtısı onu bu gözəl mənzərədən ayıra bilmirdi.

Dayanıb xaliqin yaratdıqları barədə düşünməyə başladı. Sonra Qutənin gün çıxan tərəfinə baxdı. Uzaqdan gələn yollara baxdı, onları qurumuş çayların məcrasına oxşatdı. Həmin tərəfə baxarkən lap uzaqdan bir dəvə karvanının ağır-ağır gəldiyini gördü. Karvan ya İraqdan, ya da Hicazdan gəlirdi. Karvanda eşşəklər və dəvələr bir-birinin ardınca düzülüb asta-asta gəlirdilər. Monastırın rəisi karvanın kimin olmasını və ya onun haradan gəlməsini müəyyənləşdirmək istədi. Lakin karvanın hələ çox uzaqda olmasına görə bunu təyin edə bilmədi. Cavanlığında belə məsafədən çox şeyi asanlıqla müəyyənləşdirə bilirdi. İndi isə bacarmadı. Bir də gözlərinı sınaqdan çıxartdı və doğrudan da, qocaldığını anladı. Ürəyində ömrünün çox hissəsinin keçdiyinə təəssüfləndi. Yüklərin daşınmasında rahiblərə göstəriş verməyi qərara aldı. Bütün işləri qurtarandan sonra yuxarıdan enib kilsəyə keçdi. Həmişəki qayda ilə ibadət etdi, sonra yuxarıdakı otağına qayıtdı.

4. Hörmətli qonaqlar

Monastırın rəisi əlindəki kağızı oxuya-oxuya daş pilləkənlə yuxarıdakı otağına qayıtdı. İçəri daxil olub yatağında dirsəklənib kağızı oxumağa davam etdi. Bir azdan sonra monastıra yaxınlaşan dəvələrin səsini eşitdi və monastırın baxıcısını yanına çağırdı. O, hündür boylu, dolu bədənli yaşlı bir kişi idi. Monastıra bu yaxınlarda gəlmişdi. Monastır rəisinin otağına girib onun qarşısında dayandı. Monastırın rəisi ona dedi:

– Karvan səsi eşidirəm. Bir nəfəri göndər, yola çıxsın, gələnlərin kim olduğunu öyrənsin.

Monastırın baxıcısı binanın damının kənarına yaxınlaşıb baxmağa başladı. Bir azdan geri qayıdıb dedı:

– Yüklü dəvələrdir və bir neçə nəfər adam da var. Geyimlərindən görünür ki, İraq əhlidirlər.

– Onlar, deyəsən, səhər baxarkən uzaqdan gördüyüm karvandır. Bizim tərəfə dönüblər. Gərək, onlara qonaqpərvərliyimizi göstərək.

– Nəyə görə onları qəbul etməliyik? Onlar yad adamlardır, heç tanımırıq da. Hökuməti öz məhsul və meyvələrimizlə təmin etməyimiz kifayət deyildirmi? Onlar monastıra daxil olsalar da, yəqin ki, bir az istirahət etdikdən sonra çıxıb gedəcəklər.

– Çıxıb getsələr, öz işləridir, getsinlər. Əgər qalmaq istəsələr, onları qəbul edib qonaqpərvərlik göstərməliyik. Bunu onların xəlifələri öhdəmizə qoyublar. Onları qəbul edib hörmət göstərmək bizim borcumuzdur.

Monastırın baxıcısı belə bir öhdəliyin olmasından xəbərdar deyildi. Ona görə də dərhal soruşdu:

– O nə öhdəlikdir?

– Müsəlmanlar bu diyarı fəth edəndə buralarda bəzi işləri yerinə yetirmək biz xaçpərəstlərin öhdəsinə qoyulmuşdur. Həmin öhdəliklərdən biri də monastırlara gələn müsəlmanlara üç gün ərzində istədikləri xidməti göstərməkdən ibarətdir. İstəsək də, istəməsək də əhdnaməyə əməl etməliyik. Bizə qonaq gələn hər kəsə bir il buradan getməsə belə xidmət göstərməliyik.

Monastırın baxıcısı bunları bilmədiyinə görə xəcalət çəkdi və üzr istəmək istədi. Birdən qapıdakı zəngin səsi eşidildi. Monastırın rəisi dedi:

– Zənnimdə yanılmamışam. Get, qonaqları qəbul et, “xoş gəldiniz” de, onların karvanını yerbəyer edəndən sonra mənə xəbər ver.

Monastırın baxıcısı cavan rahiblərdən birini bağın qapısını açmağa göndərdi, özü isə monastırın qapısında dayanıb gələnlərə baxmağa başladı. Üç nəfər idilər, əyinlərində əba, başlarında kufiyyə, onun üstündən isə üqal55
  “Kufiyyə” İraqda, xüsusilə də Kufədə kişilərin başına örtdükləri başlıqdır. “Uqal” isə kufiyyənin üstündən qoyulan yun və ya ipək iplikdən sıx hörülmüş kəndirəbənzər dairəvi yoğun qaytandır. Tərcüməçi.


[Закрыть]
vardı. Birisi isə sifətini də örtmüşdü. Bir neçə dəvənin üstündə qurudulmuş xurma ilə dolu böyük səbətlər və kisələr vardı. Bütün bunlardan görünürdü ki, onlar İraq tacirlərindəndir və yüklərindəkiləri Dəməşqdə satmağa gətirmişlər. Onlar monastırın qapısına yaxınlaşanda birinin çox gənc bir qız olduğunu aşkar etdi və dərhal da onlardan şübhələndi: ”Əgər onlar buralara yalnız ticarət üçün gəliblərsə, nə üçün belə bir qızı özlərilə gətiriblər?” Onlar monastırın qapısına yaxınlaşanda monastırın baxıcısı qonaqları qarşılamaq üçün irəli çıxdı, yunanca xidmətçilərə dəvələri tövləyə aparıb yemləməyi tapşırdı. Şam diyarında təzə olduğuna görə qonaqlara çətinliklə ərəbcə “xoş gəlibsiniz” dedi. Qabağa düşüb onların qapıdan içəri keçmələrinə kömək etdi. Qonaqların biri hündür boylu olduğuna görə başını əyib içəri keçməli oldu. Dar dəhlizdən keçib o biri qapıdan monastırın ortasında söyüd ağacı və su quyusu olan həyətə çıxdılar.

5. Kərbəla dilbəri

Monastırın rəisinə qonaqların gəldiyini xəbər verdilər. O, dərhal aşağı düşdü, qonaqlara “xoş gəlibsiniz” dedi və onları oturmağa dəvət etdi. Qonaqlar onun qeyri-ərəblərə xas olan tələffüzünə baxmayaraq ərəbcə təmiz danışmağına valeh oldular. Söyüd ağacının altındakı oturacaqlara əyləşib, hər kəs öz fikir aləminə qərq oldu. Monastırın rəisi onlara növbə ilə nəzər salmağa başladı: birisi hündür boylu, enlükürəkli, möhkəm bədənli, əlli yaşlarında olan xoş simalı bir kişi idi. Sifətinin tükləri az idi, qara saqqalı, iri qara gözləri vardı. Monastırın rəisi dərhal xatırladı ki, onu bundan əvvəl görmüşdür. Qonaqların ikincisi isə yaşı iyirmidən bir qədər çox olan gənc idi. Ona baxan hər bir kəs bədəninin möhkəmliyinə, üzünün tükünə və saqqalına görə ilk baxışdan ona otuz yaş da verə bilərdi. Sifətindən sağlamlıq yağırdı.

Üçüncüsü isə çox gözəl bir qız idi. Monastırın rəisi ona ilk dəfə baxan kimi qızın gözəlliyinə heyran oldu. Dəməşqdə və onun ətrafında keçirdiyi bütün ömrü boyu bizanslılar, ərəblər, nəbatilər, siryanilər və ya yəhudilərdən belə bir gözəllikdə qıza rast gəlməmişdi. Rəisin gözləri indiyədək belə qənirsiz gözələ tamaşa etməmişdi. Qızın gözləri gəncin gözləri kimi iri deyildi. Buna baxmayaraq, bu gözlərdə xüsusi bir məlahət var idi. Baxışları çox iti idi. Gözləri kirpiklərinin arasından par-par parıldayırdı. Monastırın qoca rəisi bu gözlərə qiymət vermək iqtidarında olsaydı, onlara çox cazibəli gözlər kimi qiymət verərdi. Çünki bu gözləri görən hər bir kəs dərhal onlara heyran olub sahibinin qarşısında diz çökməkdən başqa bir çarəsi qalmazdı. Bu gözlərdə ürəklərə təsir etmək qüdrəti və eyni zamanda bir saflıq əlaməti vardı.

Qızın sifəti dolu deyildi, amma elə bil işıq saçırdı, yanaqlarındakı qızartı onun sağlam olmasına dəlalət edirdi. Xüsusilə də məhz indi belə bir uzun səfərdən sonra yanaqları qıpqırmızı idi, az qala qan damacaqdı. Monastırın rəisi qızın geyiminə də diqqət yetirdi: ona elə gəldi ki, qız kasıb ailədəndir. Ürəyindən belə bir fikir də keçdi: ”Əgər atası mal-dövlət cəhətdən kasıbdırsa, belə bir qızla çox zəngin adamdır.” Lakin qız paltarının qollarını bir az çirmələdikdə və üzündəki örpəyi bir az qaldırdıqda rəis yəqin etdi ki, o, heç də kasıb deyildir. Qulaqlarından mirvari sırğalar sallanırdı, qollarında qızıl, gümüş və fil sümüyündən düzəldilmiş bilərzik və qolbaqlar vardı. Qızın dodaqlarının gözəlliyini, onlardakı ürəkləri əsir edən ifadəni vəsf etməyə nə qələm, nə də dil qadir deyildi. Əgər bir gözəlliyi dil və qələm vəsf etməyə qadir olsaydı, deməli, o heç də gözəllik deyil, bəlkə də yazanın və danışanın təsvir etdikləri bir şəkildir. Lakin istedadın təsvir etməkdə aciz qaldığı gözəllik Kərbəla dilbəri Səlmanın gözəlliyidir. Qızın gözəlliyi ona baxanların ürəklərinə dərhal öz təsirini göstərir, görkəmi ətrafdakıları özünə cəlb edirdi. Onunla danışan hər bir kəs qıza valeh olur, qarşısında pis söz danışmağı bacarmır, istər-istəməz ona tabe olur, onunla mübahisə etməyə gücü çatmırdı. Qıza verilmiş fitri zəka ilə aydın zehnin vəhdəti, sifətindən ətrafa təcəlla edən izzət və nəfsi, öz ləyaqətini lazımınca dərk etməsi onun öz ismətinin qoruyucusudur.

Monastırın rəisi qonaqları ilk dəfə görəndə kişini cavanların atası, gənci və qızı isə onun övladları olduğunu zənn etmişdi. Onların sifətlərinin cizgilərinin müxtəlif olduğunu yəqin etdikdən sonra qərara gəldi ki, gənc və qız bir-birlərinə oxşasa da kişi onların atası deyildir.

Monastırın rəisi söhbətə özü başladı:

– Görünür, uzaqlardan gəlirsiniz. İraqlı deyilsiniz ki?!

Amir cavab verdi:

– Bəli, biz Kufədən xurma gətirib Dəməşq bazarlarına aparırıq.

Amir hələ sözünü qurtarmamışdı ki, monastırın rəisi onu tanıdı və adının Amir olduğu da yadına düşdü. Dərhal soruşdu:

– Sən Amir Əl-Kindi deyilsən?

Amir gülümsündü və dedi:

– Bəli, özüyəm. Mən özüm əvvəlcədən tanışlıq vermədim ki, görüm, köhnə qonağını xatırlayırsanmı?

Monastırın rəisi dərindən nəfəs alıb dedi:

– Necə xatırlamıram?! O qorxunc hadisənin şahidi olmuşam. Mən hələ də qoz ağacının altındakı o dəhşətli saatları indiyədək unuda bilmirəm.

Amirin sifətindəki ifadədən aydın görünürdü ki, o, həmin faciəli hadisəni yada salmaq istəmir. Söhbəti davam etdirmək istədi, amma monastırın rəisi onu qabaqlayıb soruşdu:

– Yəqin ki, bu cavan oğlun, bu gözəl də qızındır? Adları nədir?

Amir bir anlığa susdu, şəhadət barmağı ilə saqqalını sığallayıb dedi:

– Bəli, övladlarımdır, adları da Əbdürrəhman və Səlmadır.

Monastırın rəisi bu cavabla kifayətləndi. Amma hiss etdi ki, Amir nəyi isə gizlədir. Barmaqları ilə cibindəki kiçik ləpik daşlarını bir-bir çevirməyə başladı. Rahiblər bu daşlardan o vaxtlar təsbeh kimi istifadə edirdilər. Gün ərzində keçirdikləri ibadətlərin və duaların saylarını yadda saxlamaq üçün istifadə edirdilər. Onlar gün ərzində lazım olan ibadətlərin və duaların sayı qədər kiçik ləpik daşı toplayıb ciblərinə qoyurdular. Hər dəfə dua başa çatdıqdan sonra ciblərindəki daşlardan birini çıxarıb kənara qoyurdular. Cibdəki daşlar qurtaranda bilirdilər ki, dualar və ibadətlər yerinə yetirilib, yəni başa çatdırılıb. Xaçpərəstlər təsbehlərdən yalnız XIII əsrdən etibarən istifadə etməyə başlayıblar.66
  “Qamusul-İslam”. Müəllif. (Müəllifin romanı yazdığı vaxt belə bir lüğət mövcud deyildi və o bu lüğətin kim tərəfindən, nə vaxt və harada buraxıldığını göstərməmişdir. Çox ehtimal ki, o, Türkiyə leksikoqrafı Şəmsəddin Saminin “Qamusul-e`lam” ensiklopedik lüğətidir. Tərcüməçi).


[Закрыть]
Monastırın rəisi hələ də cibindəki daşları çevirməkdə idi, sonra söhbəti başqa bir mövzunun üzərinə gətirdi:

– Kufədən burayadək yolu neçə günə qət etdiniz?

– Karvanla birlikdə iyirmi günə gəlmişik.

– Xurma satmaq üçün bu səfərə çıxmaqla çox məşəqqət çəkmədinizmi? Onların satışından qazandığınız bu yollarda çəkdiyiniz əzab-əziyyətə dəyməz.

Amir monastır rəisinin sualından deyilənlərə inanmadığını hiss etdi. Şəkk-şübhəni tamamilə aradan qaldırmağa cəhd etdi:

– Doğru deyirsən, xurma satmaq üçün bu qədər əziyyət çəkməyinə dəyməz. Biz yükümüzü də, dəvələrimizi də satacağıq. Dəvələr çox baha qiymətə satılır, xurmadan qat-qat çox gəlir verir. Qayıdan baş Dəməşqdən başqa mal alıb İraqa aparacağıq.

Səlmanın onlarla gəlməsinin bu cür izahının ağlasığmaz olduğunu dərk edən Amir dərhal bildirdi:

– Səlma isə Dəməşqi və onun mənzərəli yerlərini görmək üçün bizimlə getməyi israr etdi. Biz də gördük ki, onu Kufədə tək qoyub gəlməkdənsə, özümüzlə aparmaq daha yaxşı olar.

6. Qoca abid

Amir və monastırın rəisi söhbət edirdilər. Səlma isə həyətin küncündə divara söykənmiş qocaya baxırdı. Qocanın yanında qara rəngli, iri başlı və zəhmli bir it də var idi. İt arxa ayaqları üzərinə oturub, qabaq ayaqlarını yerə möhkəm dirəmişdi. O özünün bu duruşunda əsl şirə bənzəyirdi. İt nəzərlərini Səlmanın üzünə dikmişdi. Par-par parıldayan gözləri ilə qızın sifətini diqqətlə süzürdü.

Divara söykənmiş qoca özünün qəribə görkəmi və qaba paltarı ilə Səlmanın diqqətini cəlb etmişdi. Qız indiyədək belə bir görkəmdə qoca kişi görməmişdi və eşitməmişdi. Kişi çox qoca idi, başının tüklərinin hamısı ağarmışdı, bir dənə də qara tük yox idi. Kənardan ona baxana elə gəlirdi ki, başında ağ əmmamə var. Burnu aydın seçilirdi, az qala hədəqəsindən çıxan qara gözləri vardı, alnı qırış-qırış idi. Saçlarını heç vaxt daramaması, əl-üzünü illərlə yumaması onun görkəmini daha acınacaqlı edirdi. Saçlarına heç bir daraq girməzdi. Səlma gördü ki, qoca uzun çirkli dırnaqları ilə saqqalını və başını qaşıyır. Səlmaya çox qəribə görünən isə onun geyimi idi. Əynindəkinə paltar demək mümkün deyildi. Geyimi cod tükdən toxunmuş parçadan olan rahib paltarına, bir az da dərviş geyiminə bənzəyirdi, bəlkə də bu onun çox köhnəldiyinə görə rəngini itirmiş öz əbası idi.

Qoca iti böyründə divara söykənib mürgüləyirdi. O, yatmaq istəmirdi, amma gözlərinin qapaqları özü-özünə örtülürdü. İt də, onun sahibi də bir-birinə çox isinişmişdi.

Əbdürrəhman da qocaya və onun itinə baxır, onların halına acıyırdı.

Amir Səlmanın adını çəkəndə qız fikrindən ayrılıb üzünü Amirə tərəf çevirdi. Qocaya tərəf işarə edib dedi:

– Həyətin küncündəki o qoca kişi və onun qara qorxunc iti məni çox maraqlandırır. Deyəsən, Əbdürrəhman da mənim kimi çox təəccüblənib.

Əbdürrəhman öz adının çəkildiyini eşidib fikirdən ayrıldı və onlara tərəf baxdı. Sifətindən görünürdu ki, o da Səlma kimi çox təəccüblənib. Monastırın rəisi barmağı ilə onlara işarə etdi və dodağını dişlədi. Qonaqlar boyunlarını ona tərəf uzatdılar. Monastırın rəisi onlara pıçıltı ilə dedi:

– Bu qoca əsl zahid və guşənişin adama bənzəyir, amma onun hərəkətləri heç də abid adamın hərəkətlərinə oxşamır. Elə bil ki, ağlı çaşıb. O, bir neçə il bundan əvvəl bizim monastıra gəlib, elə o vaxtdan da burada bizimlə qalır. O qara it isə gecə-gündüz qocanın yanında olur, çox nadir hallarda ondan ayrılır. Heç bir dəfə də əl-üzünü yuduğunu, ya da dırnaqlarını tutduğunu, yaxud da paltarını dəyişdiyini görməmişik. Çox qəribədir ki, bizim hücrələrdən heç birinə girib yatmır. Çox vaxt həyətin həmin küncündə, bəzən də o biri küncündə yerə oturur. Deyilənə görə, Qutədə ağacların bəzisinə dırmaşıb elə oradaca, bəzən də elə ağacın altında yatır. Çox qəribədir ki, o heç vaxt ət və çörək yemir, mer-meyvə ilə kifayətlənir. Bağ-bostanları gəzib özünə meyvə və tərəvəz yığır, çox vaxt da ağaclara çıxıb özü üçün meyvə dərir. Bizimkilərin ona yazığı gəlir, heç vaxt meyvə toplamasına mane olmurlar.

Amir dilləndi:

– Deməli, o nə isə bir kəramət sahibidir. Bizdə belə adamları kəramət sahibi hesab edirlər.

Onlar bu cür pıçıltı ilə söhbət etdikləri zaman zəng çalındı. Rahiblərdən biri cəld qalxıb, gələni qarşılamağa getdi. Lakin o, uzun müddət geri qayıtmadı. Monastırın rəisi yerindən qalxıb onun ardınca getdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации