Электронная библиотека » Elza Səmədli » » онлайн чтение - страница 2

Текст книги "Türkkologiyaya giriş"


  • Текст добавлен: 26 октября 2022, 11:00


Автор книги: Elza Səmədli


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Türk ləhcələrinin təsnifi

Bu bölmədə öyrənəcəksiniz:

– Dil, ləhcə və şivə fərqləri;

– Türk ləhcələrinin təsnifinə dair nümunələr;

– Vilhelm Radloffun təsnifi;

– A.N. Samoyloviçin təsnifi;

– N.A. Baskakovun təsnifi;

– R.R. Aratın təsnifi;

– T.Tekinin təsnifi;

– Ə.Cəfəroğlunun təsnifi.

Dil, ləhcə, dialekt terminləri və onların istifadə yerləri

Hər bir dil müxtəlif qollara ayrılır. Bu ayrılmanın səbəbi, əlbəttə ki, dilin iki cəbhəsinin olmasıdır. Bunlardan biri yazılı dil (ədəbi dil), digəri danışıq dilidir.

Danışıq dillərinin zamanla yazı dilinə dönüşməsi ilə dilin tərkibində müxtəlif qollar meydana gəlməyə başlayır. Beləliklə, bir dil sahəsində ayrı-ayrı ləhcələr, şivələr yaranır. Dildəki bu ayrılmalar yaranmış müxtəlifliyin ölçüsünə görə dil, ləhcə və şivə olaraq sinifləndirilir. Türkologiyada dilin qollarının sinifləndirilməsi mövzusunda ümumi bir fikrin olmaması nəticəsində vahid türk dilindən zamanla ayrılan qollar “türk dilləri”, “türk ləhcələri”, “türk dilalektləri”, “türk yazı dilləri”, “türk şivələri”, “türk dialektləri” və hətta zamanla türk sözü də qaldırılaraq “türk dili” ifadəsi sadəcə Türkiyə Cumhuriyyətinin yazı dili oaraq daraldılmış, digər ləhcələrə ya coğrafi ya da qövmi adlar verilərək ayrı bir dil kimi dəyərləndirilmişdir.

Tanınmış türkoloq-alim Məhərrəm Ergin müasir türk dillərini ləhcə və şivə olaraq iki qrupa ayırır. Erginin sinifləndirməsinə görə, ləhcə – bir dilin ən əskidən ayrılan qollarıdır. Ləhcədə həm fonetik, həm morfoloji, həm də leksik fərqliliklər olur.

Şivə – dilin bilinən tarixinin daha yeni dövrlərində ayrılan qollarıdır. Şivədə fonetik və morfolojik fərqlənmələr özünü göstərir. Məsələn, oğuz qrupunda bizi, yoldan, geliyorum, şəkillərinin müqabilində Türkistan şivələrində bizni, yoldın, kəlür mən formalarının istifadə edilməsi kimi.

M.Ergin bir yazı dilinin öz içində görülən tələffüz müxtəlifliyini ağız termini ilə ifadə edərək, ədəbi dil ilə danışıq dilləri arasında fərqi fonetik olaraq müəyyənləşdirir.

M.Erginin sinifləndirməsinə görə, “Çuvaş və Yakut dilləri türk dilinin ləhcələri; Azərbaycan, Türkiyə, Türkmən, Qaqavuz, Özbək, Uyğur, Tatar, Qırğız, Qazax və s. dillər isə türk dilinin şivələridir”.

Türkoloq alim Əhməd Cəfəroğlu da türk ləhcələrini iki qrupa ayırır:

Uzaq ləhcələr: Çuvaş, Yakut.

Yaxın ləhcələr: Azərbaycan, Türkiyə, Türkmən, Qaqavuz, Özbək, Uyğur, Tatar, Qırğız, Qazax vs.

Əslində türk ləhcələrinin təsnifi ilə əlaqədar ilk bölgüyə XI əsrdə Qaşqarlı Mahmud tərəfindən yazılmış Divani-luqatit türk adı əsərdə rast gəlirik. Öz dövründə yaşayan türk boylarını qərbi və şərqi olaraq 2 əsas qrupa ayıran Qaşqarlı Mahmud Hakaniyyə adlandırdığı şərq qrupuna Qaraxanlılar, Qaşqar və Balasaqun ətrafında ortaya qoyulan yazılı əsərlərin dilini nəzərdə tutaraq qarluq, yağma, toxsı və uyğur ləhcələrini; oğuz, qırğız, qıpçaq, peçənək, bulqar ləhcələrini isə qərb qrupuna daxil edir. (Arat-Temir 1992, s.225)

Türk ləhcələrinin təsnifatı ilə əlaqədar XIX ərsin əvvəllərindən bəri olan sinifləndirmələri Talat Tekin 5 qrupa ayırır:

1. Radloffa qədərki təsniflər;

2. Radloffun təsnifi;

3. Samoyloviçə qədərki təsniflər;

4. Samoyloviçin təsnifi;

5. Samoyloviçdən sonrakı təsniflər. (Tekin, 1989: 141)

V. Radloffun təsnifi

V.Radloff 1882-ci ildə Leipzigdə nəşr olunan “Phonetik der nördlichen Türksprachen” (Şimali türk dillərinin fonetikası) adlı əsərində türk ləhcələrini fonetik xüsusiyyətlərinə görə təsnif etmişdir. Radloff təsnifində yakut və çuvaş türkcələrinə yer verməmişdir. Radloff Türk ləhcələrini aşağıdakı 4 qrupa ayırmışdır: (Tekin, 1989, 143)


A.N. Samoyloviçin təsnifi

Türk ləhcələrinin ilk elmi təsnifatı əslində rus türkoloq A.N.Samoyloviç tərəfindən verilmişdir. O, 1922-ci ildə Petroqradda çap olunan “некоторые дополнения к классификации тюрецких языков” (Türk dillərinin təsnifatına bəzi əlavələr) adlı əsasəində türk ləhcələrinin aşağıdakı səs xüsusiyyətlərini əsas almışdır.



N.A. Baskakovun təsnifi

Rusiyalı türkoloq N.A.Baskakov türk ləhcələrini təsnif edərkən ümumtürk dili mənasında hunik (hunlara aid) sözündən istifadə edərək türk ləhcələrini qərbi və şərqi hunik olaraq iki qrupa ayırır.


R.R. Aratın təsnifi

R.R. Arat türk dilini qollarını ləhcələr və şivələr olaraq iki qrupa ayırır. Arat da təsnifini fonetik xüsusiyyətlərə əsaslandırmışdır.


T. Tekinin təsnifi

R. R. Aratdan sonra türk ləhcələrinin önəmli bir təsnifi T.Tekin tərəfindən verilmişdir. Tekin 12 qrupa ayırdığı təsnifində Xalac türkcəsinə də yer vermişdir.

1. r~ l qrupu: Çuvaşca

2. xadaq qrpu: Xalacca

3. ataq qrupu: Yakutca

4. adaq qrubu: Tuvaca ( Qaraqas dialekti ilə birgə)

5. Azaq qrupu: Xakasca, Orta Çulım, Mrass, Taştıb, Matur və yuxarı Tom vilayəti, Sarı Uyğur

6. Taqlıq qrupu: Şimali Altau dialektləri (Tuba, Kumandı, Çalkandu, Aşağı Çulim, Kondon, Aşağı Tom)

7. tulu qrupu: Altayca (Cənub dialektləri: Asıl Altay, Telengit, Teleüt)

8. tolu qrupu: Qırğızca

9. taglıq: Özbəkcə,Yeni Uyğurca

10. Tawlı qrupu: Tatarca, başqaurtca, Qazaxca (Qaraqalpaqca ilə birgə), Noqayca, Kumukca, Qaraçay– Balkarca, Baraba Tatarcası, Kırım Tatarcası

11. Taglı qrupu: Salarca

12. Dağlı qrupu: Türkməncə, Xorasani, Özbəkcənin Xarəzm– Oğuz dialektləri, Azəri (Qaşqay-Aynallu, Kərkük, Ərdəbil dialektləri ilə birgə), Türkcə (Qaqauz ilə birgə)

Ə. Cəfəroğlunun təsnifi

Ə.Cəfəroğlu, türkcə danışan xalqları aşağıdakı şəkildə qruplaşdırmışdır.

1. Saka və ya yakut türkləri;

2. Çuvaş türkləri;

3. Cənubi Sibir türkləri:

a) Karaqas,

b) Kamasin.

4. Abakan türkləri;

5. Çulum türkləri;

6. Şimali Altay türkləri:

a) Qumandı,

b) Lebed,

c) Tuva,

d) Şor.

7. Əsil Altay türkləri:

a) Altaylılar,

b) Dvoyedanlar,

c) Teleüt,

d) Altay dağ qalmuqları.

8. Monqolustanın qərbindəki türklər:

a) Uryanhay,

b) Baraba.

9. İrtiş və tobol türkləri:

a) Taralar,

b) Tobollar,

c) Tümən və Tobolsk türkləri.

10. Qara qırğızlar;

11. Qazaq – qırğızlar;

12. Şərqi Türküstan türkləri:

a) Tarancı,

b) Qaşqarlıq,

c) Hami türkləri.

13. Qərbi Türküstan türkləri:

a) Özbək,

b) Qurama,

c) Qaraqalpaq,

d) Türkmən.

14. Volqa türkləri:

a) Başqırt,

b) Qazan türkləri,

c) Mişər,

d) Teptər.

15. Şimalı Qafqaz türkləri:

a) Noqay,

b) Qundur,

c) Qumuq,

ç) Qaraçay,

d) Balkar.

16. Qərb türkləri:

a) Türkiyə türkləri,

b) Azərbaycan türkləri.

17. Kırım türkləri:

a) Kırım qaraimləri.

18. Litvaniya və Lehistan qaraimləri;

19. Qaqavuzlar;

20. Balkan türkləri;

21. Suriya və İraq türkləri.

Hazırlıq üçün tapşırıqlar:

–  Dil, ləhçə, dialekt, şivə, terminlərini və bu terminlərin istifadə yerlərini izah edin

– Məhərrəm Ərginin ləhcə, şivə, ağız terminlərinə dair izahına münasibət bildirin.

– Bir dilin içində yeni qolların, ləhçə və şivələrin (dialekt) yaranma səbəblərini izah edin.

– Dil, ləhçə, dialekt, şivə terminlərinin istifadə yerləriə dair nümunələr verin.

– Türkolog Əhməd Cəfəroğlunun türk dilinin qollarına dair verdiyi təsnifatla razısınızmı, niyə? Fikrinizi əsaslandırın.

– Türk ləhcələrinin təsnifatına dair nümunələr verin və bu təsnifatlardakı təsnif prinsipini müəyyənləşdirin.

Türk dilinin yaşı və tarixi dövrləri

Bu bölmədə öyrənəcəksiniz:

– Türk dilinin tarixi dövrləri (Baskakov, Cəfəroğlu, Tekin)

– Türk– İskit

– Türk– Şumer münasibətləri

– Türk-Etrüsk münasibətləri

– Etrüsklər


Türk dillərinin tarixi və mənşəyi haqqında müxtəlif fikir və nəzəriyyələr meydana çıxsa da, türk dilinin ən qədim dövrlərinə aid elm aləmi tərəfindən bir mənalı şəkildə qəbul edilmiş dəqiq nəzəriyyə mövcud deyildir. Bilindiyi kimi, türk qəbilə və boyları qədim zamanlardan bəri çox geniş bir çoğrafyada yaşadıqları üçün türk dilinin izlərini də bu çoğrafyalarda axtarmalı oluruq. Türk dilinin ən qədim izləri mixi yazılı şumer mətnlərindəki türkcə sözlərdir. E.ə. 3100-e.ə.1800-cü illərə aid olan şumer mətnlərində 300-dən artıq türkcə söz işlənmişdir. Türk dili ilə şumer dili arasındakı əlaqə baxımından alimlər ya bu dillərin eyni mənbədən törədiyini, ya da bu dillər arasında kəlmə alış-verişi olduğunu ehtimal edirlər. Türk və şumer dillərindəki müştərək sözlər əslində iki dil arasındaki qonşuluq münasibətini göstərir. Bu ortaq sözlər türk dilinin bilinən yaşını 4-5000 il əvvələ aparır və eyni zamanda bəzi türk qəbilə və boylarının e.ə. 2000-3000-ci illərdə Ön Asyada yaşadığını göstərir.

Qədim türklərin yaşadığı bir başqa coğrafya Qaradənizlə Xəzər dənizinin şimalı və şimal-şərqidir. E.ə. VII-III əsrlərdə burada yaşamış sakaların bir hissəsinin türk olduğu tarixi mənbələrdə öz əksini tapmışdır. Onların e.ə. VI əsrdəki qadın hökmdarlarının adı yunan mənbələrində Tomris kimi qeyd olunur. Bu isə böyük ehtimalla qədim türkcədəki təmir – “dəmir” sözündəndir. Ayrıca bugün də təxminən o coğrafyada yaşayan yakut türklərinə saka deyilir.

Böyük İsgəndərin e.ə. 330-cu illərdə Türkistan səfəri əsnasında bəzi türk boylarının Şu adlı hökümdarın başçılığında Seyhan çayı hövzəsində Xocənt ətrafında yaşadığı IX əsrdə Mahmud Qaşqari tərəfindən qeyd edilmişdir. İsgəndərin səfəriylə birlikdə Şu və idarəsindəkilər Altaya çəkilmiş, oğuzlar isə bu bölgədə qalmışlar.

Bilindiyi kimi, türklərdən türk adı ilə bəhs edən ən qədim mənbə Çin əlyazmalarıdır. İlk dəfə IV əsrə aid əlyazmalarda türk adından bəhs edən mənbələr onların hunların (hsiung-nu, hyung-nu kimi də oxunur) nəslindən olduğunu da qeyd edirlər. Tədqiqatçılar həmin mənbələrdə çoxlu hun dilində sözlərin işləndiyini bildirirlər. Belə ki, T.Tekin təxminən 17 sözün olduğunu söylərkən, Pulleyblanka görə, bu sözlərin sayı 190, Maenchen-Helfenə görə isə yüzlərlədir. Beləliklə, Çin mənbələrdə verilən və eramızdan əvvəl III əsrlə eramızdan sonra IV əsrlərdən qalma hun dilindəki sözlər, rütbə adları və qısa bir beyt Türk dilinin tarixi dövrlərinə aid əldə edilən ən qədim dil yadigarları olaraq qəbul edilə bilər. Əslində Çin qaynaqlarında hunlara yəni, türklərin atalarına aid olduğu qəbul edilən bu məhdud saydakı dil materialları türk dilinin qaranlıq mərhələlərindən birinə, ilk türk dili və ya ana türk dili adlandırdığımız dövrünə işıq tutur.

Türk dili və ləhcələrinin ən qədim dövrdən çağımıza qədərki inkişaf tarixini səciyələndirən tədqiqatçılar əsasən Altay dövrünü ilk mərhələ olaraq qəbul edirlər. Aşağıda türk dil və ləhcələrinin tarixi mərhələlərinə dair bir neçə bölgüyə yer verilmişdir.

N. A. Baskakovun bölgüsü

Məşhur türkoloq alim N.A.Baskakov türk dilinin inkişaf tarixini 6 mərhələyə ayırmışdır:

1. Altay dövrü;

2. Hun dövrü (V əsrə qədər);

3. Qədim türk dövrü (V-X əsrlər);

4. Orta türk dövrü (X-XV əsrlər);

5. Yeni türk dövrü (XV-XX əsrlər);

6. Ən yeni türk dövrü (Oktyabr inqilabından sonra).

Ə. Cəfəroğlunun bölgüsü

Türkiyəli alim, məşhur “Türk dil tarixi” adlı əsərin müəllifi Əhməd Cəfəroğlu türk dilinin dövrlərini və eramızdan əvvəlki vəziyyətini 7 mərhələdə göstərmişdir:

1. Altay dövrü (türk– monqol dil birliyi);

2. Ən qədim türkcə dövrü (proto-türk);

3. İlk türkcə dövrü (hun, bulqar, peçenek, hazar dil birliyi);

4. Qədim türkcə dövrü (VI-IX əsrlər);

5. Orta türkcə dövrü (X-XVI əsrlər);

6. Yeni türkcə dövrü (XVI-XX əsrlər);

7. Modern türkcə dövrü (müasir türk ədəbi dilləri).

T. Tekinin bölgüsü

Türkiyəli altayşünas, türkoloq-alim Talat Tekin isə, türk dil və ləhcələrinin inkişaf tarixinin ilk mərhələsini eramızın əvvələrinə qədər olan İlk türkcə dövrü ilə başladır və 5 dövrə ayırır:

1. İlk türkcə dövrü (təxminən eramızın əvvə-lərinə qədər);

2. Ana bulqar və ana türk dili dövrü (təxminən I-VI əsrlər);

3. Qədim türk və qədim bulqar dövrü (təxminən VI-XI əsrlər);

4. Orta türk və orta bulqar dövrü (təxminən XI-XVI əsrlər);

5. Yeni türk və Çuvaş dili dövrü (XVI-…).

Hazırlıq üçün tapşırıqlar:

– Türk dillərinin tarixi dövrlərinə dair təsnifləri müqayisə edin.

– Türklərdən türk adı ilə bəhs edən ən qədim mənbə hansıdır, o mənbədə türklər haqqında verilən məlumatlar nədən ibarətdir?

– Türk dilinin ən qədim izləri ilə hansı mənbələrdə qarşılaşırıq.

Türk dilinin yaşı məsələsi və qaranlıq dövrləri

Türk– İskit münasibətləri

Türk dilinin inkişaf tarixinə dair yuxarıda göstərilən bölgülər bəzi cüzi fərqliliklərlə elm aləmində qəbul edilmişdir.

Türk dilinin yaranması və inkişaf tarixindəki tərəddütlü mərhələ, əlbəttə ki, yazılı sənəd və abidələrin olmadığı qaranlıq dövrlərdir. Bu dövrlər də preqrammatikal metodla qərbli elm adamlarının tətbiq etdikləri metodlarla bərpa edilməyə çalışılmışdır.

Bundan başqa, türklərin ana yurdunun dəqiq bilinməməsi də türk dilinin tarixinin müəyyən edilməsində çətinlik yaradan məqamlardandır. Belə ki, türklərin ana vətəni hesab olunan Ural, Altay, Sayan və Tanrı (Tyan-şan) dağları bizim e.ə. 200-1000 illərində daima müxtəlif köçlərin və axınları olduğu, Şərqi Asya xalqlarının mücadilə və mübarizələrinə səhnə olan bir coğrafiya olmuşdur. Ə.Cəfəroğlunun qeyd etdiyi kimi, təəssüf ki, tarixçilər Orta Asiya ana yolu boyunca axıb gedən bu qəbilələri ümumiləşdirici bir ad olan İskit (Skit) adlandırmaqla kifayətlənmişdirlər. Müxtəlif qəbilələri əhatə edən iskit adı həm Asiya, həm də Avropada yerləşən xalqlar üçün istifadə edilmişdir.

İskitlərin qövmi mənsubiyyəti elm aləmində tamamilə həllini tapmasa da, ümumi qənaətə görə, Ural-Altay mənşəli bir xalq olduğu mübahisəli şəkildə qəbul edilməkdədir. İskitlərin turani olduğuna dəlalət edən nöqtələrdən biri onların iranlılar tərəfindən bir qəbilə adından başqa bir mənası olmayan sak adlandırılmalarıdr. (Caferoğlu, s.65)

Türk-Şumer münasibətləri

Əslində türk dilinin tarixini daha qədimlərə aparan nəzəriyyələrdən biri də türk dili ilə şumer dili arasında iddia edilən qohumluq əlaqəsidir. Belə ki, 1802-ci ildə mixi yazıları Grotfend tərəfindən öyrənilmiş və bu yazıların sami qəbilələrinə aid olmadığı da anlaşılmışdır. Bu yazıların şumerlərə aid olması fikri ilk dəfə J.Oppert tərəfindən ortaya atılmışdır. O, şumer dilinin Ural-Altay dilləri qrupuna aid olduğu mülahizəsini irəli sürmüş və fikrinin sübutu üçün şumer mətnlərini macar, türk, monqol və mancur dilləri ilə müqayisə etmişdir. Oppertdən sonra tələbəsi Françeis Lenormart və A.H.Sayce də tədqiqatlarını bu səpkidə davam etdirmişlər. Ancaq şumer dili ilə ən çox məşğul olan alimlərdən biri olan Fritz Hammel 1915-ci ildə şumer dilindəki təxminən 200 sözü türk dili ilə müqayisə etmiş və bu dilin qədim türk dillərindən olduğu fikrini irəli sürmüşdür.

XX əsrdə türk və şumer dilləri üzərində aparılan tədqiqatlar bu dillərin qohumluğu haqqındakı nəzəriyyəni möhkəmlətməklə yanaşı, bu mülahizəni qəti bir hökmə bağlamaq üçün kifayət etmir. Əvvəla ona görə ki, ölü bir dil olan şumer dili ilə ilk yazıları b.e. ə. V-VIII əsrlərinə aid olan türk dili arasında çox böyük zaman fərqi mövcuddur. Ə.Cəfəroğlu bu zaman fərqinin iki dil arasında müqayisə aparmağa imkan vermədiyini düşünür. (Caferoğlu, s.46) Ancaq bununla yanaşı, türk və şumer dilləri arasındakı qohumluq əlaqələri haqqındakı mülahizələr öz əhəmiyyətini itirmir və müasir dövrdəki müxtəlif istiqamətli tədqiqatlarla bu nəzəriyyə inkişaf etdirilir. Belə ki, türkiyəli alim Osman Nədim Tuna apardığı tədqiqatla 168 sözün türk və şumer dillərində eyni olduğu müqayisə ilə ortaya qoymuşdur. O.N.Tunaya görə, lüğət tərkibindəki bu yaxınlıq türk və şumer dilləri arasındakı iki növ əlaqəni göstərə bilər: 1) mənşə birliyini; 2) sözlərin bir dildən digərinə keşməsi. O.N.Tuna ikinci ehtimal üzərində duraraq türk və şumer dilləri arasındakı oxşarlığın sözlərin keçməsi nəticəsində yarandığını qeyd edir. “Bu kəlmə alış-verişini və 5500 il əvvəl də türk dilinin mövcud olduğunu göstərir. Bundan başqa bu fikir, eyni zamanda “türk dilinin yaşayan dillər arasında ən qədim yazılı mətnlərə sahib olduğunu və türklərin eramızdan əvvəl 3500-cü illərdə də bu çoğrafyada (Türkiyənin şərqində) yaşadığını göstərir”. (Tuna, 1997, s.49)

Əslində türk və şumer dillərindəki ortaq sözlərin sayı iki dil arasındakı əlaqənin sübutu üçün kifayətdir. Belə ki, dilçi alim H.K.Kovana görə, CVC (samit+sait+samit) tipli 3 söz, amerikalı alim J.Greenbergə görə, sadəcə 3-4 sözün fonetik və semantik cəhətdən eyniliyi dillər arasındakı qohumluq əlaqəsini sübut etmək üçün kifayətdir. (Tuna, 1997, 38)

Türk və şumer dilləri arasında leksik bənzərlikdən başqa, bəzi qrammatik oxşarlıqlar da mövcuddur. Bu xüsusiyyətlərin bəziləri Altay dillərinə məxsusdur. Məsələn,

1. Şumer dili də iltisaqidir.

2. Ön şəkilçilərin mövcud olmasına baxmayaraq, yeni sözlərin yaranmasında son şəkilçilər də istifadə edilmişdir.

3. Cins kateqoriyası mövcud deyildir.

4. Saitlər ahəng qanununa tabedirlər.

Bu ortaq xüsusiyyətlərdən əlavə, şumer dili ilə göytürk dili arasında bəzi morfolojik oxşarlıqlar da diqqət çəkicidir.

1. çıxışlıq hal şəkilçisi hər iki dildə – ta şəkilindədir: e-ta (evdən), uru-ta (şəhərdən), kur-ta (dağdan);

2. yönlük hal şəkilçisi -ka -kə: nig-kə (nəyə), Ningirsu-kə;

3. -ra -rə şəkilçisi hər iki dildə ismin istiqamətini bildirir;

4. Şumer dilindəki -şə şəkilçisi türk dilindəki “… görə, olaraq, -ə dək” mənasındakı -çə şəkilçisi ilə eynidir: dirig-şə (mülahizələrə görə, ar-şə ( un kimi), ad-şə (dəstək olaraq), tün-şə (sonuna qədər);

5. Şumer dilindəki -gim şəkilçisi türk dilindəki kimi mənasına gəlir: dingir-mu-gim (Tanrım kimi), gud-gim ( boğa kimi)- (Ercilasun, 2007, s.36-37);

6. Şumer dilində göytürk dilindəki kimi tək saitdən ibarət söz kökləri mövcuddur: u-maq (udmaq, qalib gəlmək);

7. Tək hecalı feillər türk dilindəki kimi genişlə-yərək iki hecalı ola bilir: qal-“yığmaq”, qala– “üst üstə yığmaq”, qalaq– “çox, dolu”, ur– “qurmaq, düzəltmək”, uru– “qurmaq, qorumaq, mühafizə etmək”. ur“yer”, (Göy-türk dilində or “yer”), uru “kök, əsas” Nümunələrdən də göründüyü kimi şumer dilində də söz kökləri həm isim, həm feil kökü olaraq istifadə edilmişdir.



8. Şumer dilində türk ləhcələrində çox istifadə edilən əsas feil +feili bağlama+ köməkçi feil tipli mürəkkəb feillər müşahidə olunur: qala dak – “Türkiyə türkcəsində kalakalmak, Az.T. “olduğu yerdə qalmaq”

Ancaq J. Nemet, P.Vittek kimi alimlər türk və şumer dilləri arasındakı oxşarlığın qohumluq əlaqəsi üçün kifayət etmədiyini düşünürlər. Ə.Cəfəroğlu şumer dili ilə ilk yazılı abidələri eramızın əvvələrinə aid olan türk dili arasındakı çox böyük zaman fərqinin müqayisələr aparmağa imkan vermədiyini, P.Vittek isə aradan keçən 4000 il ərzində bir çox linqvistik dəyişikliklərin olacağını söylər. (Caferoğlu, s. 46)

Türklər və türk dili ilə əlaqədar olduğu düşünülən dillərdən biri də qədim etrüsklər və onların dilidir.

Türk – Etrüsk münasibətləri

Etrüsklərin təxminən e.v. 1000 ilə e.v. 100-cü illərdə bugünki İtaliyanın Toksana ərazisində yaşadıqları və özlərinə məxsus bir çox mədəniyyət və dil yadigarları qoyaraq, qədim Romalılara qarışaraq tarix səhnəsindən silindikləri bilinməkdədir. Etrüsklərin Roma mədəniyyətinə təsirinin izləri dövlət təşkilatı və hüquq, ordu təşkilatı, inşaat və memarlıq, yol inşaatı, bataqlıqları qurutma və suvarma texnikaları, rəssamlıq və heykəltaraşlıq və zərgərlik sahələrində özünü göstərməkdədir. (Ayda, 1974, 2) Etrüsklərin sərhədləri şimalda Arno və şərqdə Tiber dərələri, qərbdə Elba və Koriska adaları, yenə şimalda Piacenza, Parma və Bologya şəhərləri, şimal-şərqdə Ancona, Ravenna və Adria şəhərləri ilə cənubda Napoli və Pompei sayılır (2).

Başqa bir mənbədə etrüsklərin sərhədləri Arno və Tiber vadiləri ilə bərəkətli Çin vadiləri arasında, şimaldan cənuba isə adını Tyrrheniansdan alan sahilləri göstərilir. (Ann, 1960, 3) Tarquinia, Orvieta, Perugia, Alatri, Capua şəhərlərində də etrüsk mədəniyyətinin qalıntıları vardır. Etrüsk mədəniyyətindən qalan antik qalıntılar İtalyanın Florensiya şəhərindəki Museo ArcheologicaGiardino Archeologica müzeyləri ilə yanaşı Vatikandakı Museo Gregoriannada, Britaniya Muzeyi (British Museum) və Louvre Muzeyində saxlanılmaqdadır.

Etrüsklər haqqında ilk mənbələrin e. ə. I əsrə aid olduğu söylənilməklə bərabər şotland alimi ser Tomas Dempsterin De Etruria Regali Libri Septem (VII) adlı çoxcildli əsərin ilk mənbələrdən sayılır və yazıldıqdan 100 il sonra 1723-1724-cü illərdə Florensiyada nəşr olunmuşdur. 1737-1740-cı illərdə nəşr olunan Museum Etruskum Exhibens İnsignia Veterum Etruscarum Monumental adlı əsərdə etrüsklər haqqındakı önəmli mənbələrdəndir. (Ağasıoğlu 2011, 11) Etrüsk mədəniyyəti və dili haqqında ciddi elmi araşdırmalar 1927-ci ildən bəri İtalyanın Floransa şəhərindəki “L’İnstituto di Studi Etruschi ed Italici” adlı institutda aparılmaqdadır. Bu qurum hər il “Studi Etruschi” adlı jurnal nəşr etməklə yanaşı Etrüsklərlər əlaqədar ən son yeniliklərin və elmi kəşflərin müzakirə olunduğu elmi toplantılar və konfranslar təşkil edir.

Romalıların Etrusci vəya Tursci, Yunanların Tyrsenians və ya Tyrrhenians adlandırdıqları bu xalqın İtalya yarımadasına nə vaxt və necə gəldikləri dəqiq bilinməməklə birlikdə bu haqqda 3 fərziyyə mövcuddur. Bunlardan biri; Etrüsklərin dəniz yoluyla Anadolu yarımadasından gəldikləri, ikincisi isə şimaldan – İsveçrə Alpleri üzərindən şimal-şərq Qaradəniz ərazisindən başlayaraq Trakyaya və İtalyaya yayıldıqlarıdır. Üçüncüsü etrüsklərin yerli xalq olduqlarıdır.

Birinci görüş tarixçi Heredot tərəfindən irəli sürülmüşdür. Etrüsk əlifbasındakı bəzi işarətlərin qərbi Anadolu mədəniyyətinə aid Lidya əlifbasındakı hərflərə oxşaması və etrüsk incəsənət nümunələrində İyon incəsənətinə bənzər motivlərin olması bu fərziyyəni gücləndirmişdir. İkinci fərziyyəni dəstəkləyən fakt isə İsveçrənin Chur (Kur) şəhərində şimali İtaliyanın Val Camonica və Piacenza ərazilərində tapılan erkən dövr etrüsk incəsənət əsərlərinə və yazı üslubuna rast gəlinməsidir. Chur (Kur) müzeyindəki yazılı daşlar (stelelər) üzərində etrüsk işarətləri ilə eyni şəkillər mövcuddur, ancaq yazılı daşlardakı mətnlər və onların anlamı hələ də elm aləmi üçün müəmmalı olaraq qalmaqdadır.

E.Richardson, Yunanların etrüskləri Tyrsenians və ya Tyrrhenians adlandırması ilə əlaqədar “Tirsen” sözünün Yunanca olmadığını və prens mənasındakı “Turanos” sözünün bir variantı olduğunu, etrüsklərin də tanrılarından birini “Turan” adlandırdıqlarını qeyd edir. (Reha Oğuz Türkkan; “Türk Tarih Tezleri”, Türkler, C. I, Ankara, 2002, s.419.)

Misirlilər etrüsklər üçün “başlarında tüylər taxılı dəniz savaşçıları” anlamında “Turuşka”, ya da kimilərinə görə Turşa, demişlərdir. Etrüsoloq J.H.Breasred, misirlilərin “t-r-s” səsinin yunancada “t-r-r” şəklini aldığını və etrüsklərin digər adı olan Tyrhen sözünü də bu mənşədən törediyini qeyd edir (Türkkan 2002, 421).

E.ə. V əsrin ikinci yarısında Thucyddes etrüskləri “barbar” adlandırmasına baxmayaraq, təxminən e.ə. 700-cü ildə yaşamış Hesiod onları “məşhur Tyrsenians” adlandırır. 300-cü əsrdə Arnobius erken xristian baxışı ilə Etrüskləri (genetrix et matter superstitionis) “bütün xürafə və batil inancların anası və qurucuları” adlandırır. (Ann, 1960, 14)

Etrüsk mədəniyyəti e.ə. 9 və 8-ci əsrlərdə başlamış və eramızın 6-cı əsrlərində öz zirvə dönəmini yaşamışdır. Onların pan-italic mədəniyyət içərisində əriməsi və assimlasiyası e.ə. sonuncu əsrdə baş verdiyi mənbələrdə qeyd olunmuşdur. E.ə. 44-cü ildə Sezarın (Caesar) ölümündən sonra Etrüsk kahini Etrüks əzəmətinin, böyüklüyünün sonun başlanğıcını elan edir. (Ann, 1960, 14)



Etrüsk dilinin Hind-Avropa dil ailəsinə aid olmadığı və nə yunan nə də latın dilinə oxşadığı, Ural-Altay dil ailəsinə aid bir çox xüsusiyyətə malik olduğu müəyyənləşdirilmişdir. Həm dil həm də adət-ənənələri baxımından etrüsklərin Asyalı mənşəli xalq olduğu fikri günümüzdə daha çox qəbul edilməkdədir. Etrüsklərin kimliyi və mənsubiyyəti ilə əlaqədar son iki yüz ildir aparılan elmi araşdırmalar və arxeolojik qazıntılara 2004-cü ildən genetik araşdırmalar da əlavə olundu. İtaliyanın Ferrara Universitetindən professor Davit Caramelli, Bologna Universitetindən professor Loredana Castry, Parma Universitetindən professor Antonella Casoli, Pisa Universitetindən professor Francesco Mallegni, İspaniya Barselonada Pompeu Farba Universitetindən professor Carles Laluezanin imzaladığı arayışda yaşları 2700 ile 2300 arasında dəyişən 80 Etrüsk skeletinin genetik araşdırması etrüsklərin şərqli olduqlarını ortaya çıxarmışdır. Etrüsk-türk bağına inanlardan biri və Türkiyədə etrüsklər haqqında ilk araşdırmaları aparan və etrüsk yazılarını türkcə oxuyan Kazım Mirşan 1965-ci ildən etrüsklərin pre-türk olduğu fikrini irəli sürmüşdür. Kazım Mirşan Etrüsklər kitabının 26-cı səhifəsində yer verdiyi 1877-ci ildə arxeoloji qazıntılar zamanı tapılmış bronz xəritəyə yer verərək, bu xəritənin etrüsklərin yerləşməni göstərən xəritə olduğunu düşünür.


Etrüsk əlifbası

Etrüsk yazısı Orxun yazısı kimi heca yazısıdır. Berkmen, hər bir hecanın eyni zamanda bir söz kökü olduğunu və yazıdakı işarətlərin damğalardan çıxdığını qeyd edir. (Bekman, s. 3)



Kazım Mirşanın türkcə olaraq oxuduğu mətnlərdən biri qədim etrüsk açarının üstündəki yazıdır.



Ëlitib esizuç altuç elik,

göndererek hatırlatan krallık halkı,

uluqup açıluc etuy!

birdenbire açılmasını mümkün kılarak (hediye edilen anahtarla)!

uyuppı-üyippi ëdisitib

“uyacak mı, evime?” diyerek,

ub-oq apparuya altıtıl

tereddütle götürmüş olmamıza rağmen

alırıtıp apparuy editilsit

alıp götürmüş olmanın

üq ësikicüy yatasız

manasını kavrayacaksınız:

özük üy ësitid appartucuç

bir eve sahip olma hissini telkin ederek, götürmemize sebep olan

uludutub yataalız üy

ulu bir hisle yatabileceğiniz bir eviniz olacak

Etrüsk Güzgüsü

Vulci şəhərində tapılan Etrüsk Güzgüsünün arxa tərəfində yazılan yazı etrosoloqla tərəfından soldan sağa Çalkas kimi oxunaraq xüsusi ad mənası verilmişdir (1, s. 14).

Ağasıoğlu (Cəlilov) dabu güzgü arxasındakı şəklin fala baxmaq üçün ciyəri sol əlində tutan bir baxıcı olduğunu və soldan sağa qalqas (kalkas) yazıldığını və baxıcının adı olduğunu qeyd edir. (2011, 36)

Ancaq Berkmen, yazının Orxun Abidələrində olduğu kimi sağdan sola oxunduğunda Saklaç sözünün ortaya çıxdığını və bu söz güzgünün arxsındakı şəklin izahıyla məna qazandığnı ifadə edir. Belə ki, güzgünün arxasındakı saqqallı, qanadlı və aşağı əyilmiş yaşlı adamın gizli olan, bilinməyən hər şeyi bilən bir şaman, falçı olduğu düşünülür. Berkmen, bu sözü saklı (gizli olan aç) mənasında izah edir. (Berkmen, s.4) Saklaç sözünün türkcə sa-k-la-ç şəklin-də etimolojik təhlili daha məntiqlidir. Bugün də bir çox türk ləhcəsində saxla– (sakla-) şəklində feil eyni mənada istifadə edilməktədir.

Berkmenin kəlmə və hərflərlə əlaqədar izahı belədir: Soldakı ilk hərf pretürkcə OZ damğasıdır və həm Yunan Sigma həm də Etrüsk və Latın əlifbasındakı S və ya Z hərfinin mənbəyidir. İkinci hərf A-dır və Etrüsk əlifbasından Latına keçmiş ola bilər. Üçüncü hərf OK (OX) damğasıdır. Orxun hərflərində də bu ok, və [k] səsini qarşılayır. Etrüsoloqlar da bu işarətin K olduğunu qəbul edir. Dördüncü işarət Orxun əlifbasındakı qalın L hərfi ilə eynidir. Son işarət isə Orxun Abidələrində [ç] səsi verən hərfdir. Beləliklə güzgünün arxasındakı şəkil və sözün qədim türk mədəniyyəti olan şamanizmlə əlaqədar olaraq Saklaç olaraq oxunması daha doğrudur.

Etrüsk zəri və etrüskçe sayılar

Paris Milli kitabxanasında saxlanan qədim etrusk zəri üzərində saylar rəqəm və nöqtə ilə deyil, sözlərlə verilmişdir.

Etruskologiyada say bildirən sözlər müxtəlif şəkillərdə oxunmuşdur. Bu zərin üzərindəki rəqəmlər müxtəlif şəkillərdə oxunmuşdur. Əsasən 1-thu, 2-zal (esal), 3-ci (ki), 4-ša, 5-max, 6-huth kami oxunması geniş yayılmışdır, çünki kubun qarşı tərəflərində rəqəmlərin cəmi zərin üstündəki nöqtələrə uyğun olaraq yeddi sayını verir: 1+6=7; 2+5=7; 3+4=7.



Haluk Berkmen zərin üstündəki yazının, bir etrüsk məzarının divarındakı güləşçi şəkillərinə əsasən güləş oyunu əsnasında istifadə olunan əmir ifadələri olduğunu düşünür və aşağıdakı kimi oxuyur:



KAL: Yerinde kal ve güreş,

KAÇ: Minderde kaçarak güreş,

ÜST: Güreşe üstte başla,

ALT: Güreşe altta başla,

AÇ: Güreşe çıplak başla,

Gİ(y): Güreşe giyinik başla.

Alman əsilli məşhur rus türkoloq Vilhelm Radloffun qeyd etdiyi kimi “dünya dilləri arasında türk dili qədər geniş bir coğrafiyaya yayılan başqa bir dil yoxdur. Türk dil və ləhcələrinin tarixdə də günümüzdə olduğu kimi Monqolistan və Çinin mərkəzindən Avropanın mərkəzinə, Sibirdən Hindistana, Şimali Afrikadan Şimal Buzlu dənizinə qədər yayıldığına şübhə yoxdur. Köçəri türk ailə və boylarının yaşadığı bozqır həyatı və kiçik ailə tipi türk dilinin geniş ərazilərə yayılmasında və inkişafında, dilin müxtəlif dialektlərə ayrılmasında önəmli amillərdən olmuşdur.

Hazırlıq üçün tapşırıqlar:

– Türk dilinin tarixi dövrlərinə dair Baskakov, Ə.Cəfəroğlu, T.Tekinin təsniflərini venn diaqramında müqayisə edərək, oxşar və fərqli xüsusiyyətlərini göstərin.

– Türk-İskit münasibətləri haqqında əlavə mənbələrdən istifadə edərək təqdimat hazırlayın.

– Türk-Şumer münasibətləri nəyə əsaslanır, bu dillər arasındakı ortaq və fərqli xüsusiyyətləri venn diaqramında müqayisə edin.

– Türk-Etrüsk münasibətləri haqqında tədqiqat aparan alıimlərdən kimləri tanıyırsınız

– Etrüsk güzgüsü ve etrüsk zəri haqqında məlumat verin.

– Etrüsk əlifbasıhaqqında məlumat verin.

– Kalaç sözünün etimologiyası və oxunuşu ilə əlaqədar mühazilər haqqında məlumat verin.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации