Электронная библиотека » Кнут Гамсун » » онлайн чтение - страница 10

Текст книги "Nağıllar Diyarına Səyahət"


  • Текст добавлен: 17 октября 2022, 09:00


Автор книги: Кнут Гамсун


Жанр: Зарубежная классика, Зарубежная литература


сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

XVI Bölüm

Balaxanıdakı neft mədənlərini görmək üçün bizə Nobel donanmasından buxarlı gəmi ayırdılar. Firmaya məxsus böyük buxarlı gəmi turistləri heç də birinci dəfə deyil ki, ora aparır. Fəqət hər il buna böyük hazırlıq görülsə də, hadisə böyük hadisə hesab edilmir. Xeyli skandinav məmnuniyyətlə bizə qoşuldu və izahlar verdilər.

Aydın və sakit bir axşam idi. Bakıdan yarım saat məsafədə kənarda qara rəngli burulğan pıqqapıq qaynayır. Bu burulğanlar qaynayır, sonra yerlərini dəyişir, başqa yerdə qaynayır, fasiləsiz hərəkət edir, şimaldakı qütb parıltılarını xatırladır. Bir ovuc taxta qırığı alışdırıb dənizdəki burulğana atırlar, dərhal da həmin yeri alov alır. Dəniz od tutur. Qara burulğan – neft qazı. Biz alovun üzərində o tərəf-bu tərəfə hərəkət edir, onu vintlə söndürürük.

Bir az da irəliləyib sahilə enirik. Torpaq nəm və yağlıdır, qumun üzərində nəm sabunun üzərində gedirmişsən kimi gedirsən. Burada da kəskin neft qoxusu var, aramızda yeni öyrəşməyənlərin başı ağrıyır. Neft sahələri qum bəndlərlə hövzələrə ayrılıb, amma yağın qabağını bu cür kəsməyin əhəmiyyəti yoxdur. Yağ bəndlərə hopur, onları da yağlı və nəm edir.

Xam neft lap qədim zamanlardan yəhudilərə və yunanlara məlum idi, burada Abşeron yarımadasında da əhali uzun müddət neftdən yanacaq və işıq mənbəyi olaraq yararlanıb. İndi, burada, bu şəhərdə göz işlədikcə neft buruqları görünür. Bakı dünyanın ən təhlükəli, ən ağlasığmaz, yağlı və qaba buruqlar şəhəridir.

Amma bu şəhərdə maşın gurultusu gecə-gündüz kəsilmir, fəhlələr eşidilmək üçün qışqırırlar, torpaq deşən dəhşətli burğudan buruqlar əsim-əsim əsir. Fəhlələr farslar və tatarlardır (yəni, azərbaycanlılar).

Belə buruqlardan birinə giririk. Şlyapam tirlərdən birinə sürtülüb elə yağlı və qara olur ki, onu yalnız tullamaq qalır. Və məni inandırırlar ki, Bakı fabriklərində bu yağı, çirki xüsusi üsulla təmizləmək onlar üçün çox asandır. Dəhşətli gurultu var içəridə, qarayanız tatarlar və sarıyanız farslar hərəsi öz avadanlığının yanında dayanıb ona nəzarət edir. Burada neft hasil edilir, çanaq əvvəl quyunun dibinə enir və əlli saniyədən sonra 1500 litr neftlə yuxarı qalxır, sonra yenə dibə enir, əlli saniyə qalır və eyni miqdar neftlə yenə səthə qalxır. Beləcə iş bütün sutka davam edir. Belə quyular çox bahalı olur, onun dərinliyi 500 metrdir, qazılmasına bir il vaxt gedib və altmış min rubl sərf edilib ona.

Bizi başqa buruğa gətirirlər, qazıntı işləri burada hələ davam edir. Bura hələ qurudur, burğu gecə-gündüz qumu, daşı, qayanı deşir-qazır. Bu quyu, deyilənə görə, çətin qazılır və başqa quyulardan öz təsirliyi ilə seçilir. Yeri keçən il tapıblar, neftlə bağlı dəqiq işarələr aşkar edildikdən sonra qazıntı işi başlanıb. Burada, demək olar ki, hər yerdən neft çıxır. 50 metr dərinliyə eniblər, amma elə görünür, sanki heç qazılmayıb. Ancaq neft birdən fontanla çıxır, vəhşi neft səthə qalxır, insanları öldürür, buruğu parça-parça edir. Sürətlə fışqırıb ətrafda göl yaradır. Bəndlərlə onun qarşısını almağa çalışırlar, ancaq bu bəndlər nazikdir, yenilərini düzəltmək lazımdır. Bir sutkada bir milyon yarım dəyərində neft fışqırır. İki gündən sonra neft fışqırması dayanır. Heç bir qüvvə ilə ona əlavə bir litr belə neft verməyə məcbur etmək olmaz. Artıq quyu bağlanıb. Yəqin ki, neft yerin dərinliklərində qayaya rast gəlib, ya dəlik qapanıb. Sonra dayanmadan qazsalar da, heç nə çıxmadı. Artıq qazıb 650 metr dərinliyə yetişmişdilər. Amma qazma işinə yenə də davam edirdilər. Bu qaya axırı bir gün qurtaracaq, ya yox? Həm qara tatarlar, həm sarı farslar həyatını təhlükəyə atıb orada dayanıblar. O dəfəki kimi yenə davam başlayacaq və Allah onları yenə buruğun başına qaldırıb orada bir anın içində param-parça edəcək. Neyləmək olar, Allahın hökmü belədir. La-ilahə illəllah.

Əvvəllər bu yerlər belə səs-küyə alışmamışdı. Amerika buraları zibillədi, müqəddəs yerlərə metal səsi gətirdi. Çünki qədim mədəniyyətə aid əbədi atəşin vətənidir bura. Ancaq Amerikanın əlindən qaçıb qurtulmaq mümkün deyil. Qazma taktikası, emal edilən hazır məhsul, maşınlar, nəhayət ağ neft – bunların hamısı elə Amerika deməkdir. Belə səs-küydən yorularaq, neft qazlarının təsirindən qismən kor olaraq buranı tərk edir və Robert Fultonun gəmisində evə qayıdırıq.

Sabah yolumuz Suraxanıyadır. Allaha çox şükür, orada Atəşgah var.

Görünür, biz bir çox dini baxışlarımızı İran tayfalarından götürmüşük. Qədim İsrail camaatı da heç cür onları əhatə edən xalqların təsirindən kənarda qala bilməmişdir. Misirdə olarkən onlardan nələrsə götürmüş, eləcə də assuruyalılardan, Babildən, İrandan öyrənmişdir. Əhli-ətiq deyir ki, şər ruhlar, şeytana uymaq hələ İsrailə məlum deyilmiş, lakin farslarda şər ruhlar və xeyir ruhlar istənilən qədər olub. Qədim kitabələrdə yazılanlara inansaq, Mesopotamiya sakinləri bu təsəvvürləri İrandan alaraq qərbə, Suriya tayfalarına ötürüblər. İndi bu təlim xristianlığa da təsir edib. Daha sonra isə bir çox xalqlarda yayılaraq bir

çox cadugərlərin tonqallarda diri-diri yandırılmasına səbəb olmuşdur. Sonra isə hətta Finmarka (Norveçin şimal hissəsindəki ərazinin adı – tər.) gedib çıxaraq bir çox qadınları yandırmışdır. Bu qadınlar şeytana o qədər mübtəla olublar ki, suda bərə kimi üzürmüşlər.

Beləliklə də, biz hazırda xristianlığı od haqqında fikirləri mənimsədiyi yerdə dayanmışdıq. Burada od torpağın içərisində gizlənmişdi, o, heç yerdən qidalanmırdı, elə hey yanırdı, heç vaxt sönmürdü, bu od müqəddəs idi. Qədim insanlar yaxşı alim deyildi və onlar bilmirdi ki, neft də daş kömür kimi tarixən mövcud olan bitki aləmindən yaranıb. Bu insanlar qəti olaraq bilmirdi ki, elm bu düşüncələri kənara atıb və başqa-başqa istiqamətlərə yönəlib. Yəni, yer kürəsində neftin mənbəyi heyvan cəsədləridir, daha doğrusu balıqlardır. Qədim insanlar elm sahəsində olduqca küt olublar. Onlar sadəcə bu qatı, qara suyu yandırır. O isə təbii olaraq yanırdı, əbədi yanırdı. Onlar bu əbədi odu Mitra ilə Tanrı hesab etdikləri əbədi günəşlə əlaqələndirirdilər. Bu su onlar üçün müqəddəs hesab edilirdi, onlar onu ziyarət edirdi. Bu səbəbdən də burada məbəd tikdirən şəxsə son dərəcə minnətdarlıq duydular. Sonra farslar arasında böyük din yaradıcısı Zərdüşt meydana gəldi. Bütün din qurucuları kimi, o da xalqının yad, bilinməz tanrılara sitayiş etdiyini düşünürdü. Buna görə də bu qədər Tanrıya ehtiyac olmadığını təlqin edirdi. Ona görə Hörmüz adlı bir Xeyir və Əhliman adlı bir Şər tanrısı yetərlidir. Amma bir qədər zaman keçdi və ona yeni, daha yüksəkdə dayanmalı olan bir tanrı gərək oldu, o Mitra adlanmalı idi və Mitra İranda bütün başqa Allahlardan yüksəkdə dayanmalı idi.

Mitra Allahına burada, Bakıda müqəddəs odun yanında da sitayiş edirdilər.

Zərdüşt öz dinini dərinləşdirdi və sona çatdırdı, ona görə Mitranın başçılıq etdiyi üç Tanrıdan başqa üç cür fövqəlqüvvə var, bu qüvvələr isə insanlardan daha yüksəkdə dayanır.

Eyni zamanda üç cür fövqəladə qüvvə var: şər qüvvə, iblislər və şeytanlar. Qısaca, zərdüşt xristianlığa çoxlu yeni şeylər öyrədib.

Hər şey gözəl və yaxşı idi.

Bəzən farslara allahları azlıq edirdi, onlara həm də ilahələr lazım olurdu. Onlar deyirdi: “Ou est la femme?” Bu səbəbdən də hansısa qadını İlahə təyin edərkən adını Anatais qoyurdular. Artıq onlar Zərdüştün təlimatını dəyişməyə başlamışdılar, istəyirdilər, onu təhrif etsinlər və yeni tanrıları Babilistandan, hətta Yunanıstandan almağa başladılar. Xalq yenidən çoxallahlılıq və bütə sitayiş çuxuruna yuvarlandı. İran şahları Zərdüştün nəzəriyyəsini lənətləyir, onu kənar hesab edirdilər. Bu şahlar Ellada mədəniyyətini təlqin edir, xalq isə öz kiçik bir qüsurunu tapır və böyük səs-küy qaldırırdı. Bu Xeyrin, Şərin mənbəyi ilə bağlı idi.

Hindistandan və İrandan gələn atəşpərəstlər bura çatdıqda evin ətrafında özləri üçün kiçik hücrələr, daxmalar qurmağa başladılar. Hər bir daxmada kiçik neft lampası yanırdı. Bu heç vaxt alovu sönməyən kiçik bir günəş idi. Burada hindlilər və farslar üzüüstə düşərək tərki dünya vəziyyətinə girirdilər.

Nəhayət, Amerika bu yerlərə də soxuldu və ulamağa başladı. Bir dəfə ziyarətçilər bura gələndə məbədin yanında neft zavodu gördülər. Hücrələrdəki kiçik günəşlər söndü, qazlar yalnız fabrikə yönəldildi.

Bunu görən hindlilər və farslar buraları tərk etməyə başladılar. Şərqdən gələn yabançılar onlarla vuruşdular, qərbdən gələnlər isə onları məğlub etdi. Məğlub edildikdən sonra onlar öz diyarlarına geri döndülər. Bakıdakı ziyarətgahları isə əfsanəyə çevrildi. Amma belə möminlərdən sonuncu sağ qalanacan əbədi od onlar üçün müqəddəs sayılacaq. Axı onlar atəşpərəstdirlər.

XVII Bölüm

Biz burada öz qəbzimizlə – bu fransız sənədi ilə bizə məxsus olan pulu bankdan ala bilmirik. Hətta Tiflisdəki bankımızın Bakıdakı filialı da bizə dedi ki, belə bir sənəd görməyib. Ona görə cəsarət edib bizə pul vermədilər və bizi Tiflisə göndərdilər. Nə edə bilərdik, yenidən Tiflisə qayıtmalıydıq.

Ancaq indi bu pula ehtiyacımız vardı ki, otelə olan borcumuzu ödəyək, bundan əlavə, şəhərdən də müəyyən şeylər almalı idik. Mühəndisin məsləhəti ilə mən Nobelin direktoru, həm də Bakıda işləyən Norveçlə İsveçin müştərək konsulu olan Hagelinin yanına gedib ondan yüz rubl borc aldım. Cənab Hagelin çox nəcib və mehriban bir insan idi, pulu mənə dərhal verdilər və heç qəbz də almadılar. Hagelin Tiflisdə işləyən yüksək rütbəli bir məmura zəmanət məktubu yazıb bizə verdi. Tələsmirdi. Hətta ona deyəndə ki, pula indi ehtiyacım var və Tiflisə dönən kimi göndərəcəm, mənə diqqətlə qulaq asıb, “Yaxşı, çox sağ ol” dedi və kağızı götürmək üçün şkafın çəkməcəsini açdı. Mən sənədimi ona göstərmək istədim, o isə buna ehtiyac olmadığını dedi, amma mən kağızı çevirəndə o, gözucu kağıza baxdı. Əlbəttə, onda artıq hər şey sona çatmışdı. Bununla belə, mən artıq bir işbazın qarşısında dayanmadığımı hiss etdim. Ən əsas o idi ki, onun gözucu nəzəri düz məbləğin üzərinə qonmuşdu.

Tifilisə qayıdanda bizim kupedə iki qəribə geyimli adam vardı. Onlar sarıyanız asiyalı idi, ipək şalvar geyinmiş, üstündən istə biri ağ, o biri isə boz kaftan keçirtmişdi. Şalvarları ətək kimi enli idi, ayaqlarında qırmızı uzunboğaz çəkmə vardı. Şalvarlarının ətəyi çəkmələrin boğazına keçirilmişdi. Kəmər bağlamışdılar, amma silahları yox idi. Başlarında çalmavari papaq, barmaqlarında isə firuzə qaşlı üzük vardı. Avropalılar kimi geyinmiş bir tatar onlarla söhbət edirdi, o, bir qədər almanca bildiyi üçün Buxaradan Mədinəyə getdiyini bizə başa saldı: zəvvarlar ikinci dərəcəli vaqonda səyahət edir! Onlar varlı tüccarlardır, odur ki, pulları da var. Bunlar özlərini qəribə aparır, isti olduğundan çəkmələrini soyunub oturublar. Yeri gəlmişkən, ayaqları çox qəşəngdir. Gəlib yanımızdan ötən rus bələdçi onlara çəkmələrini geyinməyi əmr edir, onlar bunu edir. Həm də pərt olmadan. Görünür, onlar üçün yad ölkənin qanunlarına tabe olmaq zəruridir. Axı Buxaranın adətləri ən yüksəkdə dayanır. Onlar Buxara ilə fəxr edirdilər. Buxaranın tayı-bərabəri olmadığını söyləyirdilər. Onlar xurcunlarından yeməklərini çıxardır, yemək daş kimi bərk buğda suxarısından, bir də kişmişdən ibarətdir. Bizə də təklif etdilər: “Yeyin, yeyin, Buxara məhsuludur”. Qəhvədanları çox zərif və, əlbəttə, çox bahalı idi. Yanları şirələnmiş və qaşlarla bəzədilmişdi.

Onlar kimi müsəlman olan tatar suallarımıza bəzi cavablar verirdi.

– Bu iki adam niyə belə uzaq yerə ziyarətə gedir? Onların ki Buxarıda öz məscidləri olmamış deyil.

Tatar onlardan öyrənib deyir ki, doğrudan da onlarda Bahəddin məscidi var. Ancaq peyğəmbər məqbərəsi yoxdur. Onlarda Məkkə və Ərafat dağı da yoxdur.

– İstanbuldan keçib Dəməşqə, ordan isə karvana qoşulacaqlar.

– Mən oxumuşam ki, quru yolla getmək daha çox savab qazandırır.

– Amma Peyğəmbərimiz dəniz yolu ilə getməyi də qadağan etməyib.

– Bəs siz haralısınız? – mən ondan soruşuram.

– Tiflisdən.

– Buxara dilini haradan öyrənmisiniz? Mən Buxarada olmamışam.

– Mən Buxara dili bilmirəm axı, mən Tiflisdənəm.

– Bəs onlarla necə danışırsınız?

– Yox, onlar mənim dilimdə danışır. Tacikdirlər, ona görə öyrəniblər. Mən Buxara dili öyrənməmişəm.

– Amma alman dilini də öyrənibsiniz. – soruşuram və dediklərini anlamaqda çətinlik çəkirəm.

– Mən rusu da bilirəm, ingilisi də. – o, lovğalıqla cavab verir.

Amma sonra bildim ki, ingiliscə cəmi-cümlətanı bir neçə söz bilirmiş.

Əlbəttə, o da müasir tatarlardan idi.

Tatar özünü hər iki zəvvara qarşı olduqca yuxarıdan aparırdı, hətta onlara əmr ediləndə ki, çəkmələrini geyinsin, o güldü. Ancaq bizə ən qəribə gələn onun tapança gəzdirməsi oldu. Tapançasını çıxardıb zəvvarlara göstərsə də, bu bizdə elə təəssürat yaratdı ki, qarşımızda lovğalanmaq istəyir. Belə bir adamla qarşılaşmaq olduqca maraqlı idi.

Bəzən qatar dayananda hər iki zəvvar cəld şəkildə kupedən çıxır və başqa vaqonlara gedir, orada qəribə hərəkətlər edirdi – əyilib-durur, sonra düzəlir, başlarını aşağı əyir və əllərini sinəsinə qoyurdular. Tatar bizə izah etdi: Buxara əmiri də eyni qatarda gedir, odur ki, bu adamlar onun qabağında dayanıb bu cür hərəkətlər edirdi.

– Buxara əmirinin özü?

– Hə.

– Mədinəyə gedir o da?

– Yox, sultanın yanına, İstanbula gedir.

Bu barədə bir qədər söhbət etdik. Deməli, biz çox yüksək yoldaşlarla bir yerdə idik. Əmir birinci dərəcəli vaqonda gedirdi, lap baş tərəfdə. Tatar bizə izah etdi ki, onun saysız-hesabsız köməkçiləri və başının dəstəsi 2-ci, 3-cü dərəcəli vaqonda gedirdi. Qatarın belə uzun olmasına təəccüblənmədik. Yaxşı, əgər Buxara əmiri burdaydısa, niyə heç bir canlanma duyulmurdu Bakıda? Tatara görə bu təbiidir, axı Buxara əmiri çar deyil. Axı o, əhalisi milyonlarla olan böyük və tanınan bir ölkənin rəhbəridir. Hə, amma o, çara tabedir. Çar bir çox ölkəyə və 120 milyon adama başçılıq edir.

Mən Buxara əmirini canfəşanlıqla müdafiə edirdim, tatar isə çarın tərəfini tuturdu.

Ürəyimdə əsl şərq hakiminə baxmaq istəyi oyandı, ona görə qərara aldıq ki, qatarda yeganə olan birinci dərəcəli vaqona yaxınlaşıb ona ötəri də olsa nəzər salım. Artıq Tiflisə yaxınlaşmaqdaydıq, amma hələ də Buxara əmirini görə bilməmişdik.

Vaqonların qapılarında heç bir qoruyucu yoxdur, ona görə də maneəsiz gəlib çıxıram. Birinci dərəcəli vaqonlardakı bütün kupelərə baxıram, heç kəsi tapmıram, bu əmir kimdir belə görəsən, burada bir neçə ağ avropalıdan başqa heç kim yoxdur. Əmirin yan-yörəsindəkiləri tapmaq üçün bütün 3-cü dərəcəli vaqonu ələk-vələk edirəm. Burada hər tipdə kişi və qadın taxta skamyada əyləşib, onlardan heç biri əmirin adamı olana oxşamır.

Tatar məni aldatmışdı.

Mən həmin vaqonlardan keçərək geri qayıdıram, bu uzunsürən səfərim zamanı qatar elə hey Tiflisə yaxınlaşmaqda olduğumuzu xəbər vermək üçün fit çalır. Mən kupemə yalnız qatar dayanarkən yetişirəm. Zəvvarlar artıq öz döşəklərini və kisələrini səliqə-sahmana salmışdı. Tatar yox idi.

Buna şübhə ola bilməzdi: Əmirlə bağlı əhvalatı uydurmaqla tatar bizimlə əməlli-başlı məzələnmişdi.

Artıq çoxdan ölmüş Bakı xanını da saysaq, bizə ikinci şərq şahını da görmək nəsib deyilmiş.

Biz zəvvarların birinci dərəcəli vaqona keçməsinin səbəbini indi anladıq. Həmin vaqon sakitlik imiş, pəncərələrindən heç kim boylanmırmış, dualarını rahatca edə bilərdilər. Zəvvarlar? Bəlkə, heç onlar zəvvar deyilmiş, lənətə gəlsin, tatar burada bizi aldada bilərdi. Kaş əlimə düşərdi, ona göstərərdim! Görəsən, bizi niyə axmaq yerinə qoyur ki! Yəni, sadəcə olaraq məzələnirdi? Mən eşitmişdim ki, şərqlilər səfər edən “ingilislər” üçün gülməli zarafatlar təşkil edir, alınanda qəşş edib uğunub getdikləri haqqında oxumuşam. Açığı, bu çox təəccübləndiricidir: niyə şərqlilər qərblilərin hər şeylə maraqlanmaq və zəhlətökənliyindən ləzzət alır? Bizlər bəzən qeyri-adi şeylərə baxır, bir-birimizə göstəririk. Bir dəfə Parisdə bir ərəb gördüm. Ağ paltarını əli ilə yelləyə-yelləyə küçə boyu gəzirdi, dərd-kədərin nə olduğunu bilməyən arsız parislilər isə ağızlarını geniş açıb vahimə ilə ona baxırdı. Ərəbin isə dünya-aləm vecinə deyildi.

Amma biz yol yoldaşlarımızın həqiqi zəvvarlar olub-olmadığını aydınlaşdırmalı idik. Ağ geyimli buxaralıya yaxınlaşıb barmağımı birinci ona, daha sonra cənuba tuşlayaraq soruşuram:

– Mədinə?

Lüğətimə baxıram, şəhərin adını ərəbcə tapıb söyləyirəm. Bu zaman üzü işıqlanır, boz paltarda olan buxaralı bizə yaxınlaşır özünü və cənubu göstərir:

– Mədinət əl Nəbi om Kora. – Yəni, həm Mədinəyə gedirəm, həm Məkkəyə.

Şlyapamı çıxardıb onların qarşısında baş əyirəm. Deyəsən, buna görə mənə hörmət göstərirlər. Hərçənd onlara nə bir xoş söz deyə, nə də yaxşı yol arzulaya bilməmişdim.

Tezliklə qayıdacağım vədini verirəm və pulu götürmək üçün Tiflisdəki banka yollanıram. Lakin bankda mənə deyirlər ki, hələ çox erkəndir və mənim işimə baxacaq qulluqçu saat ondan tez gəlməyəcək. Belədə, şəhərə çıxıram, adamlara, dükanların pəncərələrinə baxıram, şəkillər alıram. Buxara əmirinin də öz baş naziri ilə birgə şəkilini alıram. Günəş tez qalxır, hava dəhşət qızır, səhər aydındır, parkda quşlar cəh-cəhlə oxuyur. Saat onda banka qayıdıram, mənə lazım olan pəncərəni və bank işçisini tapıb qəbzimi ona verirəm. Pəncərənin qarısında durduğum vaxt istidən şlyapamı arxaya itələyirəm.

Bu zaman direktorun masasından bir nəfər göndərilir, o mənə şlyapamı çıxartmağı əmr edir. Mənə əmr verən alçaqboy tatara baxıram. Ay Allah, bu ki, qatarda Buxara əmri ilə əhvalatla məni gicbəsər yerinə qoyan həmin tatardır. Ona nəzər salıram, əl işarələri ilə mənə şlyapamı başımdan çıxartmalı olduğumu deyir. Direktoru ələ salmaq üçün şlyapamı əvvəl başımdan çıxardıram, sonra yenə qaytarıb qoyuram. Hətta əllərimi bir neçə dəfə aşağı əyərək ona necə təzim etdiyimi göstərirəm. Bu zaman ətrafımdakı qulluqçular dişlərini ağardır. Direktor öz kreslosundan qalxıb mənə sarı gəlir. Məgər onun cibində silah olduğunu görmədim? Bu adamla çarpışmağa mənim cəsarətim çatar? Amma mənə yaxınlaşdıqca addımlarındakı cəsarət azalırdı. Lap yanıma çatanda isə dedi ki, burada evə girərkən şlyapanı mütləq soyunmaq lazımdır. Bu yerə qədər hər şey düz idi, iş ki bu yerə gəlib çatmışdı, artıq onu məhv edə bilməzdim və mən sevindim ki, onu məhv etməyimə heç ehtiyac da yoxdur. Ancaq açıq-aşkar ona dedim ki, iradına qulaq asmaq fikrim yoxdur. Burada o, mənim xidmətçimdir, hələ mən onun kiçik bankımda qəbzimi yazdırmaqla ona şərəf vermişəm.

Amma mənim sevimli tatarım hələ də öz “ingilisinə” sataşmaqda davam etmək niyyətində idi. Görəndə ki heç nə alınmır, taleyi ilə barışmağa məcbur qaldı. O, hətta Avropada böyük dəyər verilən oyuncağına – tapançasına belə ümid etmirdi. Tamam yumşalmışdı. Yekəxana olması isə anadangəlmə deyildi, onu sonradan qazanmışdı. Avropanı çuğlayan mənəvi pozğunluq da elə buna görə idi.

Görünür, o, hansısa Avropa bankında həm də onu öyrənmişdi ki, bankda ciddi və quru olmalısan. Bank sənin üçün mağaza deyil ki, təzim edəsən. Bu elə də vacib deyil, bu qayda Allah bilir başlanğıcını haradan alır. Çox güman ki, bu, pul və qızıla hərislikdən doğmuşdur. Banka girən kimi bütün pəncərələrdə hansı işə görə hansı pəncərəyə yaxınlaşmalı olduğun aydın yazılıb. Amma elə ki, müvafiq pəncərəyə yaxınlaşırsan, səni başqasına göndərirlər – “Düz qarşı tərəfə”. Lakin əks pəncərənin içərisində lazım olanı tapmaq üçün xeyli tər tökmək lazım gəlir. Burada əl boyda kağızları qəbul və ödəniş qəbzini verirsən, onu kitaba vurub səni 2-ci, 3-cü pəncərələrə göndərirlər. Burada onu bir daha kitaba yazıb təsdiqləyəndən sonra müştəri özü lazım olan pəncərəni axtarıb tapmalı və özünü sevincdən göyün yeddinci qatında hiss etməlidir. Bütün bu rəsmiyyət və ciddiyyət durumunda müştəri minnətçi sifətindədir, artıq onu bir pəncərədən digərinə yolladıqlarında danışıq tonunda bankda işlərin çox astagəl getdiyinin fərqinə varmaq olur. Burada hər proses sonu olmayan, dəhşətli ləngliklə müşahidə edilir.

Axı bank da bir dükandır. Alış-verişin həyata keçirildiyi bir dükan. Müdirlər burada başqa dükanlardakı xidmətçilər və satıcıların işini görür. Hələ bir belə düşünün, görün alınacaqmı?

Banklar poçtlardan çox şey öyrənməlidir. Poçtlar banklardan dəfələrlə çox pullarla və qiymətli əskinazlarla əməliyyatlar aparsalar da, bu cür arsızlığa əl atmır və vaxtında pulunu alır, göndərir.

Açığı, pul almağın bundan asan və gözəl üsulunu düşünə bilmirəm. Bu pullar səhər-səhər adam yuxudan qalxmamış gəlir, həmin anda gecə kimlərinsə gəlməsi, mebelləri yığışdırması haqqında gördüyün bütün yuxular sanki göydən yerə düşən bu pullarla yoxa çıxır.

Saatlarla Tiflisin küçələrini dolaşdıqdan sonra gəlib çıxırıq Asiyalıların məhəlləsinə, burada metal məmulatlara, xalılara və adamlara baxırıq. Vaxt isə keçməyindədir. Nəhayət, cənab Hagelinə yüz rubl göndərmək üçün poçt şöbəsinə girdiyimdə məlum olur ki, gecikmişəm, pul göndərmə sistemi bağlanıb. Belə olduqda, Asiyalıların məhəlləsini gəzmək üçün əlavə əsas yaranır.

Axşam isə bir daha əmin oluram ki, Qafqazdan getmək üçün hələ tezdir. Bir halda ki, yenidən Tiflisə gəlmişik, ölkənin qərbində yerləşən Quriya ilə daha yaxından tanış olmaq üçün bundan yaxşı şans olmaz. Yaxın günlərin birində qatara minib Qara dənizə, Batumiyə yollanırıq.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации