Текст книги "Nağıllar Diyarına Səyahət"
Автор книги: Кнут Гамсун
Жанр: Зарубежная классика, Зарубежная литература
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 11 страниц)
Onlar çox qəribədir, atı elədən-beləyə, belədən-eləyə çevirirlər. Ət tikələrini əvvəl yanaqlarına qoyur, sonra ağızlarına sürüşdürürlər. Elə bil ət onları sığallasın istəyirlər, bunu edərkən ləzzətlə gözlərini yumurlar. Bəziləri atın iyini daha yaxşı duysun deyə onu burnunun altına salıb orada saxlayır. Gözlərinin içinə kimi yağdır, par-par yanırlar, özü də kənar adamın baxışları altında. Xeyli dərəcədə rahatdırlar. Torpağın üzərində ora-bura çevrilir, qəribə səslər çıxardır, heç kimə fikir vermirdilər.
Budur e, Korney gəlir. Qalxıb ona baş əyib uzaqlaşıram, Sevimli Korneyim yenidən baş-beynimi aparmağa başlayıb.
Stansiyaya çatdığımda görürəm yatmağa həvəs qalmayıb. Qızdırmadan asanlıqla qurtuldum. Evləri ötüb dağa sarı dönürəm. Dağın ətəyində iki at qoşulmuş iki araba görürəm. Ulduzlar göydə sayrışır, uzaqdan Terekin zəif qıjıltısı gəlir, qara rəngli dağlar səs-səmirsizdir. Həddən artıq ucadırlar, bu mənə istər-istəməz təsir edir, başımı qaldırıb göyləri dəlib-keçən zirvələrinə baxıram. Ulduzlara baxıram, elələri var ki, tanıyıram, amma yerlərini dəyişiblər. Böyük ayı budur, düz başımın üzərindədir.
Artıq Norveçdə axşam olar, yəqin bir çox yerdə günəş dənizə doğru qürub etməkdədir. Norveçdə günəş qürub edəndə qırımızı rəng alır, orada, lap şimalda isə, xüsusən, al-qırmızı rəng alır. Amma hələ ki, bu barədə yetər…
Mən heç yerdə Qafqaz dağlarında olan qədər parlaq ulduzlar görməmişəm. Bədirlənmiş ay gur işıq saçır. Gecə vaxtı, günəşsiz səmanın bu qədər işıqlı olması məni çox təsirləndirir və vətən həsrəti yaddan çıxır.
Torpağın üstündəcə oturub səmaya tamaşa edirəm. Mən fərqli adamlardanam, Allahla bağlı hələ ki bütün suallarıma cavab tapmamışam. Otura-otura bir qədər Allah, onun yaratdıqları barədə dərin fikirlərə dalıram. İndi mən dərin və sehrli bir aləmdəyəm. Bu, köhnə, sürgün məkan, sən demə, bütün məmləkətlərdən daha heyrətamiz idi. Getdikcə heyranlığım artır və yatmaq artıq tamam yaddan çıxır. Uzun müddət tək qalan adamlar kimi başlayıram öz-özümə danışmağa. Şadyanalıq edir, titrəyirdim, sonra yenidən başladım ucadan danışmağa. Arxası üstə uzanıb ayaqlarımı oynadıram, buraların belə füsunkar olmasına görə şadyanalıq edirəm. Amma hava çox soyuqdur, tezliklə donmağa başlayıram və durub atlara sarı gedirəm.
Atların yəhər-yüyənləri açılsa da, ikisi də arabalara bağlanıb. Hər ikisinin başına keçirilən içi qarğıdalı ilə dolu torba artıq boşalıb. Torbaları açıb onların iplərini boşaldıram ki, bir az otlasınlar. Sonra atların belinə sığal çəkib ordan uzaqlaşıram.
Ancaq atlar ot yemir, onlar ayaqlarını yerə çırpıb arxamca baxırlar. Bir daha sığallayıb uzaqlaşmaq istəyəndə yenidən arxamca baxırlar. Yəqin özlərini tənha hiss edir, bu səbəbdən adamlarla bərabər olmaq istəyirlər.
Bu, diqqətimi çox çəkmir, amma bir qədər aralandıqdan sonra hiss edirəm ki, at minmək istəyirəm, odur ki, geri dönürəm. Bir qədər arıq və yaraşıqsız olsa da, görkəmi bir qədər yaxşı olan atı seçirəm. Beləcə, atı minib dağlara doğru çapıram.
Hər tərəf sükut içindədir, yalnız at nalının səsini eşidirəm. Stansiya çoxdan arxada itib, dağlar və dərələrdən görünmür, amma mən dala qayıtmaq üçün yolu tanıyıram. At dağın başına doğru gedir, yorğa yeriyəndə yəhərsiz mindiyim üçün belinin iti yeri qasığımı incidir, amma dördnala çapanda yaxşı olur.
Buradan o tərəfə dağlar artıq çılpaq deyil, orda-burda yarpaqlı kollar gözümə dəyir. Bir qədər onların arası ilə getdikdən sonra cığır yola düşürəm. Cığır yolumuzu kəsir. Dayanıb aşağı-yuxarı nəzər salıram, ancaq hara getməli olduğumu kəsdirə bilmirəm. Durub düşündüyüm anda bir nəfərin cığırla dağdan endiyini görürəm. Atdan enirəm, baxıram, həyəcanlanıb qorxuram, cibimdəki saatın çaqqıltısını eşidirəm.
Adam lap yaxınlaşdığında başımla ona salam verirəm: “Salam”. Yəni, mən dostam. Amma heç nə demir və yaxınlaşmağa davam edir. Boz rəngdə əba geyinib, başına dəri papaq qoyub, demək ki, çobandır. Buralarda belə adamlar çox görmüşəm. Böyründə xəncər və tapança var. Sakitcə gəlib yanımdan keçir. Sakitcə getməyinə baxıram, sonra bir neçə addım atdıqdan sonra çağırıb siqaret təklif edirəm. Təəccüblənir, siqareti alıb baxır, nəsə deyir, yandırır, birnəfəsə nəsə iki kəlmə deyir. Başımı bulayıram: yəni, səni başa düşmürəm. Yenə nəsə deyir, ancaq görəndə ki, başa düşmürəm, çıxıb yoluna davam edir.
Bu görüşün belə problemsiz ötüşməsinə görə son dərəcə həzz alıb sakitləşirəm. Ayı sığallayıram, sonra bir qədər kənardakı ayıdöşəyi koluna bağlayıram ki, ot yesin. Özüm də otururam yanında. Ümid edirəm ki, bu çobanın ağlında axmaq bir fikir yox idi. Üstəlik hələ məndən qorxdu da. Siqaretə görə cani-dildən təşəkkür etdi. Təsəvvür edin, təkliyimdən istifadə edib bu adam məni burada öldürmək fikrinə düşə bilərdi. Onda nə olacaqdı? Onda huşunu itirənə kimi onu boğar, dalınca etdiklərinə görə heyfislənməyini gözləyər, sonra isə işini tamam bitirərdim.
Norveçdən kimsə bu mübarizəmə, bu vəhşi ilə savaşmağıma şahidlik etsəydi, heç də bunun əleyhinə olmazdım.
Bir az üşüyürəm, amma özümü yaxşı hiss edirəm. Məgər yatağın isti ola-ola bütün gecəni qəhbəxanada keçirtmək, kef etmək yaxşı şeydir? Mən özüm bütün yüzilliyi Avropa çarpayılarında isti yorğan altında yatmışam. Şükürlər olsun, buna dözmüşəm. Buna rəğmən, eyni zamanda həm də mübarizə aparan biri olmuşam.
Uzandığım yer tundraya bənzəyir, burada yaşamaq istərdim, ayın və ulduzların, buludların arasındayam. Onlar yanıma gəlir. Suyu haradan götürəcəyimi deyə bilməsəm də, oranı qaynaq adlandırardım. Çünki burada su elə dərindədir ki, ancaq qaynaq sözü su mənbəyini düzgün ifadə edir.
Ata minib cığırla enməyə qərar verirəm. At dincəlmişdi. Ona görə də dördnala qaçmaq istəyirdi. Ancaq mən gah onun üzərində sürüşür, gah da ipi çəkib onu saxlayırdım. Birdən döngələrin birində aşağıda bir dərə gördüm. Atdan enib düşünməyə başlayıram. Qarşıda qaya içində ovularaq düzəldilmiş bir neçə daxmadan ibarət olan gürcü kəndi görürəm. Ora yaxınlaşmağa qorxuram, çünki onlar atımı əlimdən ala bilərdilər.
Atı gizlədirəm, onu cığırdan kənarda bağlayıram. Sonra bir az qabağa gedib ətrafa baxınıram. Özgənin atını qaçırtmışam axı, hər şeyin qaydasında olmasından əmin olmalıyam. Əvvəl istədim, atı orada təkbaşına qoyub enim, sonra isə düşündüm ki, əgər bir şey olsa, at köməyimə çata bilər. Atı minib aşağı düşürəm.
Daxmalara yaxınlaşarkən dayanıb hər şeyi bir daha götür-qoy edirəm. Bu oyunu davam etdirməyə ehtiyac yox idi. Artıq gecdir, itlər məni görüb və hürməyə başlayıblar. Çox keçmir ki, bir adam evin damına çıxıb mənə baxır. Odur ki, onun yanına getməkdən başqa çarəm qalmır. Ancaq stansiyada olmaq mənim üçün daha yaxşı olardı.
İtlərin heç də xoş olmayan görünüşləri vardı, böyük və sarı, ağ ayılara bənzəyirdilər. Hürəndə başlarını qabağa əyir, tüklərini qabardırdılar. Azacıq da olsa, evin damındakı adamın siqaret verib dostlaşdığım həmin çoban olmasına ümid edirdim. Amma damdan enəndə dərhal əmin oldum ki, başqasıdır. Ayağına həm corab keçirtmişdi, həm çəkmə geyinmişdi və cır-cındır sarımışdı. Bu adamın da başında iri, tüklü papaq vardı, yüngül geyimdə idi.
– Axşamınız xeyir olsun! – uzaqdan ona sala verirəm. Ruscamı başa düşmür və susur, inadla, qaşqabağını sallayaraq mənə baxır. Birdən müsəlman qaydasında necə salamlaşmağı xatırlayıram.
Oxumuşdum ki, qafqazlılar məhz bu cür salamlaşırlar. Odur ki, ərəb dilində “Salam Əleyküm” deyirəm. Bunu dərhal başa düşür, deyəsən, dil sahəsində dahi birinə rast gəlmişdim, ya da ərəb onun ana dilidir.
“Əleyküm əssalam” – deyir və təzim edir. Sonra isə o, mənə artıq tanış olan və heç kimin başa düşmədiyi səsləri çıxartmağa başlayır. Mən onun Qafqazdakı 50 dildən hansında danışdığını anlaya bilmirəm. Lal-kar durmaqdansa, bildiyim bir yığın rus sözlərini deməyə başlayıram. Lakin bu sözlər ona təsirsiz ötüşür.
Damdan ondan başqa iki yarımçılpaq oğlan da enir və mənə tamaşa edir. Bu uşaqlar sivilizasiyadan o qədər uzaqda yaşayırlar ki, hələ dilənçiliyin incəliklərinə öyrənməyiblər. Bu səbəbdən də utanırlar, ürkək dayanıblar. Sifətləri qarabuğdayı və çirkindir, gözləri yumru, qara, ağızları böyükdür. Dostlaşmaq üçün ona siqaret təklif edirəm. Məndən kibrit də alır, belədə, hətta bir az cəsarətlənirəm. Mənə elə gəlir ki, bu tatar çobanın yaşamını tədqiq edərkən bu səfərimdən elm üçün xeyirli nəsə edə bilərəm. Daxmanı bayırdan tədqiq etməyə başlayıram, görəndə ki, rus dili köməyimə çatmır, sakitcə doğma norveç dilimə keçirəm. Ondan mənə evini göstərməyini xahiş edirəm. Etiraz etmir, bir qədər kənara çəkilir, bununla da, öz işini görmüş sayılır. Söhbətini kəsməmək üçün bir qədər əyilir və nəzakətlə onun söhbətinin davamını dinləyirəm. Kaş bu adam ona nə dediyimi başa düşsəydi. Hərdən dediklərinə – deyəsən nəsə zarafatlaşırdı – gülürəm. Atın yəhərini uşaqlara verirəm, onu saxladıqları üçün ovuclarına bir neçə gümüş pul qoyuram.
Ev qayanın içində ovulub. Daşla hörülmüş, əhənglənmiş qapı yeri var. Evin damı hündürdədir, onu ön tərəfdəki iki sütun saxlayır. Sütunlar hətta bir qədər yonulub da. Qapı yerlərində qapı yoxdur.
Bu barədə bu qədər.
Evin damını nəzərdən keçirtmək üçün baxıram, görürəm, iki nəfər uzanıb mənə baxır. Tez geri çəkilirlər, yaylıqları ilə üzlərini örtürlər. “Bura hərəmxanadır, – düşünürəm, – özü də çobanın hərəmxanası”. Bu adətini tərgidə bilmir də bu miskin Şərq adamı. Çox böyük məmnuniyyətlə damı da, oradakı insanları da nəzərdən keçirdərdim, amma, deyəsən, məni ora dəvət edən yoxdur. Görünüşü ilə deyir ki, ziyarət başa çatmışdır. Dəftərcəmi çıxardıb, gördüklərimi yazıram. Yəni, əmin olun ki, bunlar sırf elmlə bağlı məsələlərdir. İndi ki belə oldu, mənim əsas vəzifəm onun evinin içini nəzərdən keçirtməkdir. Bir siqaret də çıxardıb, qapının ağzında dayanıram, işarə edirəm ki, arxamca gəlsin. Siqareti alıb, məni buraxır. İçəri qaranlıqdır, amma o, lampa yandırmayıb. Axmaq Avropa lampası yandırıb, buna heyrət edirəm. Yadıma salıram ki, dünyada haradasa ağ neft yanmalıdırsa, bu elə Qafqazın özü olmalıdır. Ocaq daxmanın ortasında deyil, divarların birinin içindədir, iri daşlardan düzəldilib. İçəridə orda-burda kasa, qab-qacaq, ağac, saxsı dəmir gözə dəyir. Divarlardan xalılar asılıb, yəqin hərəmxanadakıların təsiriylədir – “incə qadın əli” deyə düşünürəm. Lampanı götürürəm və xalçalara işıq tuturam. Yundan sıx toxunmuş, üzərində cürbəcür naxışları olan füsunkar qədim və yeni Qafqaz xalçalarıdır bunlar! Naxışlar İrana xas naxışlardır.
Belə!
Məmnuniyyətlə oturmaq istərdim, içəridə ancaq bir dənə də stul yoxdur. Döşəmənin üzərində iki qalaq ayıdöşəyi otu var, onlardan birinin üzərinə çökürəm, çırtıldayır. Birdən küncdə nəyinsə tərpəndiyini görürəm, insan səsi eşidirəm. Lampanı həmin küncə sarı tuturam, orada qocalıb-büzüşmüş bir qarı var, əlləri ilə ətrafı nəzərdən keçirir, gözü görmür.
İndiyədək qəti hissiyyat və nəzakət göstərməmiş adam qəfildən nəzakətli və sentimental olur, qarını sakitləşdirir və tez üstünü örtür. Yəqin anasıdır. Oxuduqlarımdan yadıma düşür: qafqazlılar arvadlarının qətiyyən qayğısına qalmazlar, amma analarını itaət edər, ona qulaq asarlar. Qarı dincəlmir, ətrafında nə baş verdiyini bilmək istəyir, oğlu isə usanmadan dəfələrlə ona izah edir. Qarı hədsiz qocadır. Burnu donqar, üzü qırışdır, gözləri çuxura düşüb, pərdələnib və indi bu gözləri heç kimi tanımır. Atları, inəkləri divara qısa kəndirlə bağlayanda çox uzağa gedə bilmirlər, Qafqaz qadınlarının aqibəti də belə olur. Onları divara çox yaxın buxovlayırlar, buna görə belə aqibətlə üzləşirlər.
Belə başa düşdüm ki, qarı ya göstəriş, ya əmr verir, oğlu ayıdöşəyi yarpaqlarını yığıb ocaq qalayır. Böyük bir ocaq. Sonra dəmir qabda quzu budu qızartmağa başlayır, qədim bütpərəstlik ayinlərini də unutmur, buddan bir-iki tikə ocağın içinə də atır. Ət yağlıdır, bu səbəbdən öz yağında qızarır. Ətrafa xoş olmayan qoxu yayılır. Amma adam mənə ət uzadanda alıb yeyirəm. Bir az qəribə dadır, amma bir neçə tikə yeyirəm.
Sözsüz, bu qonaqpərvərliyə görə küncdəki qarıya təşəkkür etməliyəm. Mənim hərəkətlərimə və işarələrimə görə ona da ət verirlər.
Ləzzətli şam yeməyindən sonra yenidən araşdırmalarım haqda fikirləşməliyəm və çox istərdim ki, bu işə evin damından başlayım. İndi orada iki qadın soyuqdan donurdu. Biz yediyimiz vaxt adamın anası ilə səmimi danışması, arvadlarının isə tamam unudulması məni məyus etdi. Görə bilsəydim, başmaq ala bilmələri üçün onlara mis pullar hədiyyə edərdim. Belə başa düşdüm ki, onlardan biri çobanın sevimli arvadıdır və o, həddən artıq gözəldir. Qadına izah edərdim ki, bu çoban heç də ona layiq biri deyil. Onu düz yola çəkmək üçün bir qədər çalışmaq kifayət idi. Bu işdən həm xüsusi ləzzət alar, həm də gündəliyimdə xırda bir macəra da əlavə etmiş olardım.
Və ən əsası, bu, sevimli arvadın bütün həyatı üçün böyük əhəmiyyət kəsb edərdi. Bu, onu oyada bilər, hətta bütün Qafqazda yeni bir qadın hərəkatının təkanverici qüvvəsi ola bilərdi. Sərt, məcburedici hərəkətlər etməzdim, qadın incədir axı, başlanğıc üçün ona nəsə yazmaq haqqında düşündüm. Kağıza nadir işarələr yaza bilən adam onun rəğbətini qazana bilərdi. Nə yazacağıma gəldikdə isə, üstünlüyümü heç şübhəsiz nümayiş etdirəcəkdim. Avtoqraf üçün kağızı olsaydı, onun üçün nəsə yazardım ki, ürəyi istəyəndə oxusun. Kədərli həyatına işarə edərdim, eyni zamanda onu sakitləşdirərdim ki, uşaqları var. Bu səbəbdən böyük üstünlüklə qalib gələrdim, belə yazardım:
Bu sevgi bir üsyandır, keçmiş həyata üsyan.
Qabaqda sevincdirsə, sonra cəzadır, cəza.
Cəza ilə xoşbəxtliyə çatmaq üçün
İstərdinizmi, bunu mənə deyin.
Bax, belə bir şey yazmaq istəyirdim. Çox yaxşı dördlükdür. Birinci iki misra ilə, hə, razı olardı, amma o biriləri başa düşməzdi. Məgər övladları gənc qadın üçün xoşbəxtlikdir? Bunları oxuyanda “bu nə təsəllidir?” deyib köks ötürəcək. Amma mən bu təsəllini ona çoxbilmişliyimdən verirəm axı. Özü də çox yaxşı anlayır ki, bu çobanın yanında qalmaq onu məmnun etmir. Bəli, belədir, indi isə onun gözləri açıldı.
Sabah axşamçağı Terekin qarşı sahilində mənzərəli yerdə görüş barədə vədələşdik. Ay və ulduzlar işıldayır, əhvalımız göylə gedir.
– İlk iki misra sənə Allah tərəfindən göndərilib. – deyir – Onlar çox ədalətli sözlərdir.
– Üçüncü necə? – onu sınamaq üçün soruşuram.
– Yox, üçüncü misra gənc qadın üçün deyil – deyir. Əvvəldən belə olacağını bilirdim, hər şey planlaşdırdığım kimi gedir.
– Deməli, ərinə qalib gəldim, hə? Fürsətdən istifadə edib soruşuram.
Amma bununla razılaşmır, ümumiyyətlə, nədənsə istifadə etmək istəyimdən razı deyil. Elə də zövqünə görə deyiləm, çünki nə par-par yanan kəmərim, nə silahım, nə işıldayan ehtirasdan yanan gözlərim var.
Bu səbəbdən çobanı alçaltmağa, onun papağına lağ etməyə başlayıram. Səncə, mən bütün dünya səyahətim boyunca buna bənzər əcaib bir şey görmüşəm? Heç zaman! Onun papağına bax! Bəs bu nə çəkmədi o geyinib? Cındırdır ki! Tfu! Mən ona sivil insanların alt və üst paltarlarını göstərə bilərəm, amma sadəcə olaraq tərbiyəm imkan vermir ki, burada soyunum.
Buna rəğmən, jiletimin bağlarını ona göstərirəm. Amma o, bunun şlyapa üçün bəzək olduğunu düşünür. O, sədəfdən hazırlanmış qol düymələrimə də valeh olur. Həyatı boyunca qol düyməsi görməyib. Çiyinliyimdəki bağı görəndən sonra uduzduğunu etiraf edir və deyir ki, bu onun ərinin kəmərindən daha mükəmməldir. Ona bir çiyinbağı verirəm. Birdən mənə hiyləgərliklə deyir: “Hə, indi anladım, üçüncü misra da gənc xanımlar üçündür”.
İndi mən tam məmnun qala bilərəm, artıq bütün planım həyata keçdi, bu səbəbdən çiyinbağını çıxardıb ona verirəm. Qısası, artıq ayılıb. Elə həmin ulduzlu gecədə Qafqazda qadın inqilabına başlayacağını vəd edir. Sonuncu misranı sadəcə qafiyə uyğun gəlsin deyə artırmışdım – sonda bunu deyirəm və sonra əlavə edirəm ki, bunu oxumaq istəsən, yaxşı olar. Bir anlıq gözümün qabağına gətirirəm: mənim
şeyim bu ölkədə xalq hərəkatının himninə çevrilib.
Planlarım belə idi. Bəs bu planlara çobanın münasibəti necə olacaqdı? Qafqazda qanlı intiqam geniş yayılıb. Qoca Şamil Dağıstanda və Çeçenistanda bunu qadağan edib. Amma tam olaraq aradan qaldırmayıb. Çoban mənə ətiacı adam təsiri bağışlayır. Odur ki, nə olar-nə olmaz deyə ona bir siqaret daha təklif edirəm. Buyurun, deyib təzim edirəm. Siqareti alıb yandırır. Onun belə təmkinli olmasından şübhələnirəm: nəzakətli olduğu zaman Tiberi daha təhlükəli idi. Böyük ehtimal pusquda dayanıb fürsət gözləyənlərdənsən deyə çoban haqqında düşünürəm. Sən hələ münasib an gözlədiyini bildirmirsən, bu sənin görkəmindən də bəllidir.
Atın yaxınlıqda olması yaxşı idi.
Təzim edib komadan çıxıram, Çoban arxamca çıxır. Bu zaman qorxuram, dama çevrilib baxa bilmirəm. Onun sevgili arvadının sadəcə olaraq dirsəklənib arxamca baxdığını görürəm. Ata minib uzaqlaşmaq istədiyimdə çoban əli ilə qonşuluqdakı mağaranı göstərir. Tələdir deyə düşünürəm. Buna baxmayaraq, onun qəzəbini cilovlamalıyam və təmkinli davranmalıyam. Fikrindən dönmür, mağaraya yaxınlaşır, mənə də işarə edir. Məcbur arxasınca yollanıram.
Əvvəlkinə bənzər bir evdir. Burada çoban özü evin damına baxmağı təklif edir – yastı dam ora döşənmiş tirlərdən ibarətdir. Buradakı qapı deşiklərindən biri digərinə nisbətdə qaranlıqdır. Dağın içərilərinə gedir bu dəlik. O qədər dərinliyə ki, ordan heç bir səs, heç bir qışqırtı, kömək naləsi eşidilməzdi.
Birinci götür-qoy etməyə başladım. Bəlkə, bu çox ümdə bir elmi qapıdır, içimdən bir səs gəldi və mənə dedi ki, öz borcunu yerinə yetir və araşdırma apar. Ancaq mən artıq sübuta yetirmişəm ki, qəhrəmancasına həlak olmağın elmə heç bir faydası yoxdur. Borcun anlamı nədir? Qulluq. Ancaq qulluq göstərmək itə də məxsusdur. Heç zaman yorulub-usanmır, corablarınızı gətirir. Amma axı insan heyvandan azacıq da olsa yüksəkdə dayanmalıdır.
İşin xeyrinə və ziyanına olan məqamları götür-qoy etdim, göstərdiyim cəsarətsizliyə görə özümü bağışlamalı oldum. Buna rəğmən, bu nifrət doğuran müəyyənlik məni ürküdürdü, az zəiflik, tərəddüd, hisslərin zəifliyi, insanlara, həqiqətən də, birlikdə yaşamaq üçün zəmin yaradır.
İndi çoban gülür və məni içəri dəvət edir, sevgili qadın isə bu zaman yəqin ki, o biri evin damında qalıb və dirsəklənərək məni lənətləyir. Aha, deməli, o, bu fırıldaqçı ilə birgə imiş. Bu məqam mənim qərarıma təsir edir. Yaxşı, mən ona göstərərəm!
VIII Bölüm
Səhərin soyuğudur, torpaq qırova bələnib, yollar dünənki kimi tozlu deyil, Korney də dünənki adam deyil, indi qazalaqda oturub özü üçün zümzümə edir. Üç atlı xırda yerişlə gedir, amma dikdir sərtləşdikcə saatlarla addım-addım gedirlər. Terekdən aralanmaq üzrəyik. Bizim onunla yollarımız ayrılır və o, dağlara doğru burulur. Burada artıq heç bir bitki yoxdur. Çılpaq dağların biri boyunca cığır yuxarı doğru burulur, biz buna görə arabadan düşüb üzü cığırla yuxarı doğru qalxırıq. Araba isə bizə çatmaq üçün ağır sürətlə qalxmalıdır. Burada-yüksəklikdə biz yenə də Kazbek dağının səhər günəşinin şüaları altında bərq vuran qarlı zirvələrini üzdən görürük.
Yenidən sıldırım qayalar boyunca hərəkət edirik. Yolda qar uçqunlarının əmələ gətirdiyi damların altına, elə bil ki, dəmir damı olan tunelə giririk. Bir çox yerdə yol dağılıb, fəhlələr təmir edir. Nəzarətçi və mühəndislər isə onlara əmr verməklə məşğuldur. Bundan əlavə, böyük sürüləri olan çobanları yenidən görürük.
Çılpaq dağlarının birinin qarşısında Korney atları saxlayıb bizi bir bulağın yanına gətirir. Ovuclarını su ilə doldurub bizə tərəf tutur. Su qaynayırdı.
Biz də onun kimi edirik, bu bulaqdan içirik, su köpüklənərək qaynayır, köpükdən əllərimiz ağarır, dadına görə bilirik ki, mədən suyudur.
Qalxdıqda daha da yuxarı qalxırıq. Hər tərəfi şeh basıb və biz yenidən ədyallarımıza bürünməli oluruq. İndi səyahətimizin ən yüksək nöqtəsinə yetişirik. Cihazım, təxminən, 3000 m. yüksəklik göstərir. Bir daş sütunun üzərində yazı var və burada hündürlük funtla göstərilib. Korney atlardan birini açır və onu arabanın arxasına bağlayır. Çünki daha atların arabanı çəkməsinə deyil, onların ayaqlarını yerə sıxaraq saxlamasına ehtiyac duyulur.
Buradan başlayaraq yol yoxuşdur. Burada düz və hamar yer heç yoxdur, yol yalnız dağların arası ilə keçilməsi az mümkün olan yerlərdən çəkilib. Ətrafdakı dağlar hamısı yaşıldır, amma meşəlik deyil, dağın lap başınadək ot tayaları görünür.
Atlar düz cığırla üzü aşağı doğru çapır, bəzən arabanı saxlaya bilmədiklərindən büdrəyirlər. Amma yıxılmırlar. Rus romanlarını oxuyanda adamda elə təəssürat yaranır ki, sanki Rusiyada atlar görünməmiş sürətlə gedir. Rus çaparlarına xas təsvirlərdə də onlar atları əfsanəvi qasırğalar yaradan kimi, çapar qamçını havaya qaldırıb. Onda biz də elə düşünürdük ki, dəlilər kimi atlarımızı Qafqaz üzərindən fırtına sayaq keçirib o biri tərəfə düşəcəyik. Səfərin belə səssiz keçməsi bizi heyrətləndirdi. Ya Korney Qriqoriyeviç atları ilə hədsiz ehtiyatla davranırdı – əlbəttə, bu ola bilərdi, ya da ola bilərdi ki, rus şairləri və yazarlarını çox şişirdirdilər. Bütün Rusiya ərazisində müşahidə etdiyimiz at arabaları heç bir xüsusi sürətlə hərəkət etmirdilər. Sürətlə gedən qatarlardan danışırıqsa, mən Finlandiyadan üstün ölkə göstərə bilmərəm. Fin şəhərlərində buna bir neçə əsl nümunə görmüşəm. Bizdəki fyord atlarına bənzəyən fin atları küçələrdə yel kimi çapırdılar. Fin atını yaxşı yemləyir, eyni zamanda möhkəm qovurdu. Bir dəfə atların tərəfini tutduğum üçün məni at havadarı adlandırmışdı.
Həyatım boyu cəmi bircə nəfəri polis idarəsinə aparmışam ki, o da fin arabaçısı olub.
Qızdırma, yuxusuz gecələr və dağ soyuğu məni halsızlaşdırıb, arabir bir qədər yatıb gümrahlaşıram. Fasilələr zamanı, iki, ya da üç öküz qoşulmuş arabalara rast gəlirəm, onların yanından ötüb keçirik, bu zaman arabamız ləngər vurur və mən yuxudan dururam. Bəzən hətta olur ki, buralarda da çay daşından tikilmiş evlərə, yaxud damlarda qəşəng göy xalat geyinmiş, xalça və ya paltar toxuyan qadınlar olan çobanlara məxsus daxmalara rast gəlirik. Biz onların yanında ötəndə onlar bir qədər duruxub bizə baxır, öz aralarında nəsə danışırlar, ancaq bir az sonra geri boylandığımızda yenidən öz işləri ilə baş qatdıqlarını görürəm. Yarı-lüt uşaqlar arxamızca qaçır, onları yalnız mis pullarla qovmaq mümkün olur.
İndi yolumuz əvvəlkinə görə daha bərkdir. Dəmir alaçıqlara indi daha tez-tez rast gəlinir, yazda qar əriyəndə bu çardaqlar, əlbəttə ki, iri qar uçqunların saxlamalı olurlar. Sol tərəfimizdə nazik divardan savayı heç kimi görmürük. Burada, solda dərin uçurum var. Əvvəllər heç vaxt belə uçurumlar görməmişdim. Hərdən karetadan düşüb özüm gəzməli oluram, onda qayanın dibi ilə getməyə çalışıram. Amma uçurum mənə çəkici gəlir, hərdən binokl götürüb aşağı baxıram və dibdə xırda şırımlar görürəm. Karetada oturduğum zaman ondan bərk-bərk yapışmağa çalışıram.
Günəş şüalarını üzərimizə çiləyir. Biz ədyal götürürük. Yol üzüaşağı düşür, indi uçurumlar daha dəhşətli görünür, indi biz bir-bir uçurumların başına dolanırıq. Çox yerdə yolu qazıblar, bornos geyinmiş adamlar təmirlə məşğuldur. Artıq Korney ehtiyatlı sürmür, o, atları daha da sürətli sürür. Görünür, hündürdə oturduğundan gözləri qalıb dərədə. Beləliklə, biz Qudaur stansiyasını keçirik.
Burada daha çox yaxşı vəziyyətdə daş evlər var, biri hətta ikimərtəbəlidir. Ətraf ancaq daş-kəsəkdir, amma xoş təəssürat oyadır, bir neçə adam qapının kandarında dayanıb stansiyanı keçməyimizə baxır. Mənə elə gəlir, bu gün bazardır, əslində isə cümədir. Qapının ağzında dayanan bu adamların görkəmi sakit və harmoniyalıdır. Ola bilər, müsəlman qaydalarına görə onlarda bayramdır.
Uzun, dolanbac yollarla aşağı düşməyə davam edirik, gah irəli, gah geri gedirik sıldırım qayaların arası ilə. Bizim bir gedən teleqraf məftilləri bəzən qayalara bərkidilib, bəzən isə uçqun səbəbindən torpağın altından keçib. Daha piyada getmirəm. Çünki sürətimi azaltmışam ki, səfərimi yubadam. Ancaq əsəblərimi nəzərə alsaq, gərək daha sürətli gedərdim. Qarşıdan poçt arabası gəlir, yeddi silahlı kazak onu qoruyur. Poçtalyon öz şeypurunu çalır, biz bir az kənara çəkilib dayanırıq, gəlib keçir. Sonra yolumuza davam edirik.
Korney cilovu aşağı salıb yuxulu halda dibsiz uçuruma tamaşa edir, atlardan biri büdrədikdə o birilər onu saxlamalıdır. Korneyi silkələməyə cəsarətim çatmır, cilovu tamamilə əlindən buraxar – bundan qorxuram. Beləliklə də, ona toxunmuram. Burada yol qaya boyu dəmir tirlərin üzərindən havada asılı vəziyyətdə qalıb. Keçəndə, bir neçə döngədə bunu hiss etmədik, lakin başımızı qaldırıb keçib yola baxanda bu mənzərədən tüklərimiz biz-biz oldu.
Ən təhlükəli yerdə, yol kənarında qayanın ovulmuş yerində 6–8 yaşlı iki oğlan uşağı peyda olaraq qabağımızda dombalaq aşmağa, rəqs etməyə başladılar. Görünür, bu balaca tərbiyəsiz yaradılışlar üzərindən dilənçilik oyunu oynayırlar. Onların qəfil peyda olması, hoppanıb atlarımızı ürkütməsi məni əməllicə əsəbiləşdirdi. Bu səbəbdən də onları əlimdəki gözəl Vladiqafqaz əsası ilə qovmağa çalışdım, amma faydası olmadı. Onlar rəqs edir, yolun kənarında dombalaq aşmaqla həyasızlığa davam edirdilər. Qəpik tapıb onlara tərbiyəsizlik etməsinlər deyə verdim. Uşaqlar iri sadəlövh gözləri ilə bizə baxaraq elə görkəm almışdı ki, elə bil mənim üzümdəki qəzəbin səbəbini anlamaqda çətinlik
çəkirdi. Pulu qoparıb yenidən uçurumun kənarında gizləndilər, görünür, orada dayanmaları üçün yer varmış. Onlar burada gün ərzində keçən araba görən kimi balaca bədənləri ilə ordan çıxıb rəqslərini edirdilər.
Yol qırağında gün düşən yerlərdə quzuqulağı və qanqal bitmişdi, hər addımda kəklikotuna, zərif və gözəl bənövşəyə rast gəlirdim. Atlar daimi cığırla qaçsalar da, eniş saatlarla uzanırdı. Təxminən üç saat sonra axır ki gəlib nisbətən hamar yola yetişdik. Bura Mletlər stansiyası idi. İstirahətimizi burada etməliyik. Bura dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Görünür, bu üç saatda 1500 metr aşağı düşmüşdük. Burada günəş adamı ədyalın üzərindən də yandırıb-yaxır. Nəyimiz varsa, üstümüzdə hamısını çıxardıb atırıq.
Korney deyir, dörd saat istirahət etmək istəyirəm. Mən təəccübdən bağırıram, başımı bulayıram. Ancaq Korney günəşi göstərərək izah edir ki, burada hava qat-qat isti keçəcək və ancaq dörd saat sonra sərin düşəcək. Buna baxmayaraq, axşama kimi bizi Ananur stansiyasına çatdırır. Deyiləni başa düşərək xəritəmizə baxırıq: Ananura hələ qırx km. var. Ancaq bunun 35 km. enişdir, ona görə də tez gedəcəyik. Biz Korneyə başımızla təsdiq edib onun dörd saat təklifi ilə razılaşdığımızı deyirik.
Mletlərdə teleqraf dörd məftildən ibarətdir. Pəncərəmizin düz qabağında üstü quşarmudu ilə dolu kol var, stansiyadan bir qədər məsafədə isə fındıq bağı var. Başqa heç bir bitki bitmir. İndi ot biçini vaxtıdır və böyük fəhlə dəstələri biçənəklərdən ot biçib gətirir. Mletlər, demək olar, bu dağların ən böyük şəhəridir. Ancaq burada da başqa yerlərdəki kimi səliqəsizlik var. Çəngəl-bıçağımızı salfetlə silmək istədiyimizdə məlum olur ki, salfetlər də çirklidir. Bu səbəbdən də burun dəsmallarımızdan istifadə etməli oluruq. Ancaq yemək burada da eynilə dadlıdır. Ancaq mətbəxdə hansı şərtlər altında bişirildiyini düşünməməliydik.
Yeməkdəyik, bir cənab otağa girir və başlayır bizə baxmağa. Onu yenidən gördüyümüz üçün donub qalırıq. Qarşımızda duran bizə yoldaşlıq etməli olan, amma Beşdağa dönən həmin zabit yoldaşımız idi. Bizi tanıyanda silkindi, heç nə deməyib çölə çıxdı. Bizdən sonra stansiyaya heç bir karet gəlməmişdi. Demək, bu zabit bizdən qabaq gəlmişdi. Bu bizə aşkar olmadı. Belə çıxır bizi haqlamaq üçün Vladiqafqazda olduğumuz günlərdən istifadə edib və işlərini yarımçıq qoyaraq tərpənmişdir? Yəni, doğrudan belədir? Görəsən, özünə niyə belə zülm verib? Bizdən qaçmaqdan ötəri? Biz ki istəmirdik bizi ötürsün. Bəs burada niyə qalır?
Nahardan sonra eyvanda oturub siqaret çəkirdim, birdən bu zabit qarşımda peyda oldu, sonra birbaşa mənə yaxınlaşdı. Şlyapasını çıxarıb ingilis dilində burada məni görməyindən təəccübləndiyini dilə gətirdi. Dedim, mən cənab zabitin hazırda harada olmasını düşünməmişdim. Bundan sonra heç nə demədi, sadəcə dayanıb üzümə baxmaqla kifayətləndi.
– Yəqin ki, Beşdağda çox ləngiməmisiniz. – bir qədər nəzakət xətrinə soruşdum.
– Hə, dedi. Mən orada işlərimi düşündüyümdən daha tez bitirdim.
Mən oturmuşdum, o isə ayaq üstə dayanmışdı, mən də ayağa qalxdım, bir az belə durdum, sonra ona arxamı çevirərək otağıma yollandım.
Zabit mənim dalımca gəldi.
İkinci mərtəbənin koridorunda pilləkən vardı, zabit ora yaxın dayandı və məni yuxarı qalxmağa dəvət etdi.
Əvvəlcə bu yad kişidən küsmək, yeməkxanaya, öz yoluma davam etmək istədim, ancaq sonra yadıma düşdü ki, mən axı Rusiyadayam və rusların çoxu başqa adamlara heç bənzəmir.
– Nə istəyirsiniz? – xəbər aldım.
– Zəhmət olmasa, mənimlə otağıma gəlin, – o dedi – sizə bir şey xəbər vermək istəyirəm.
Simasını bəyənməsəm də, ona qoşulub getdim.
Onun otağına daxil olduq, hərçənd hava kifayət qədər isti idi, amma yenə də qapını və pəncərəni bağladı.
– Əyləşin, zəhmət olmasa – dedi. – Heç şübhəsiz, məni burada görməyinizə təəccübləndiniz. Söhbət ondan gedir ki, mən Beşdağdakı işlərimi lazım olandan erkən bitirə bildim.
– Bunu artıq bildirmisiniz – dedim.
– Orada birini axtarırdım, amma tapa bilmədim.
– Hansı adamı? Bunu mənə niyə deyirsiniz?
– Yaxşı, amma ilk öncə icazə verin bildirim ki, sizinlə nəzakətli tonda danışmaq istəyirəm.
Güldüm:
– Doğrudan? Təşəkkür edirəm.
– Təbii olaraq, bir az əvvəl aşağı düşərkən sizi gördüyümdə diksinməyim diqqətinizi çəkdi, bu isə süni idi.
– Süni? Doğrudan?
– Mən orada olduğunuzu bilirdim.
– Nə olsun?
– Mən qatardan düşüb Beşdağa gedəndən sonra da sizi izləmişəm.
Artıq səbrim daşdı və xəbər aldım:
– Qulaq asın, əzizim, nə istəyirsiniz?
– Mən xidməti işimi yerinə yetirirəm. – dedi – Səfərim əslində başqa adamı izləmək üçün nəzərdə tutulub. Ancaq sizi də nəzarətsiz buraxmayacam. Haradan gəlirsiniz?
– Finlandiyadan.
Cibindən bir sənəd çıxardıb baxdı və dedi ki, doğrudur.
– Nədir doğru? Mən artıq ciddi-ciddi bu adamın polis olduğunu düşünməyə başlamışdım. Ona görə doğru olanı – Finlandiyadan gəldiyimi dedim.
– Biz ruslar, heç də kobud adam deyilik, – dedi – ona görə mən sizin səyahətinizə problem yaratmaq düşüncəsində deyiləm.
– Tam əksinə, – dedim – mənə sizinlə danışmaq xoşdur. Elə indicə mənə çatdı ki, bu adam əsl polisdirsə, ona nə lazım ola bilər. Təbii, mənimlə söhbətinin olmasını deməsi gülüş doğuracaq dərəcədə yalan idi. Bir il yaşadığım Finlandiyadan gəlmişəm və orada bir dənə də axmaq əməl tutmamışam. Helsinki Universitetində mühazirələr oxumuşam, amma bu ədəbi mövzularda olub, bir də fin qəzetlərində bir neçə ədəbi mövzuda məqalələrim dərc olunub.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.