Текст книги "Nağıllar Diyarına Səyahət"
Автор книги: Кнут Гамсун
Жанр: Зарубежная классика, Зарубежная литература
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 11 страниц)
X Bölüm
Gecə narahat yatdıq. Çarpayının üzərinə düzülmüş taxtalar, iri taxtabitilər aman vermədi ki, yataq. Nəhayət, güclə səhər beşin yarısında yuxuya getdiyimiz anda Korney qapımızı döydü.
Amma o, heç də bizi oyatmaq üçün gəlməmişdi. Atları hələ tam hazırlanmamışdı. Yalnız bizdən soruşub öyrənmək istəyirdi ki, səfərimizi saat 6-ya kimi təxirə sala bilərik?
Bilmirdim, onu şillələyim, yoxsa tələblərinə riayət edim. Balanslı mövqe tutdum, sonra yaxasından yapışıb onu pilləkənlə aşağı sürüdüm, sonra silkələyib atların dalınca getməyini göstəriş verdim. Korney çıxıb getdi, amma saxta hökmranlığım, deyəsən, onun heç yerinə olmadı.
İndi isə durumdan yararlana, polisi ziyarət edə və belə erkən vaxtda onu narahat etdiyim üçün üzr istəyə bilərdim. Hələ tələb etdiyi məbləği də verə bilərdim. Dedim, bəlkə qəbz tələb edib, amma düşündüm bunu alçalma kimi qəbul edə bilər, axı əsl cənablar arasında bu artıq sayılır. Nə qədər ödəməli olduğumu bir Allah bilirdi. Amma nəsə olsa pulumu geri tələb edə və Rusiya hökuməti üçün diplomatik çaxnaşma yarada bilərdim.
Amma soyuq dəsmalla silindim və Qrirorinin gətirdiyi qoyun ətindən bişmiş əntiqə səhər yeməyini yedim və cəsarətim artdı. Son bir saatda şirin yuxu yatmışdım, bu da xeyli yerinə düşdü. Qısaca əsəblərim möhləmlənmiş və sakitləşmişdi, qərara aldım ki, polisə məhəl qoymayım. Əks təqdirdə qoy məni lap Tiflisə girəndə tutsun murdar saxtakar! Məni həbs edəcək? Olsun da! O ki saxtakarın biridir, şantajla pul dilənən yəhudi! Mən onu tutub polisə verəcəm. Hələ qoy əlimə düşsün, gör onun başına nə oyun açacam. Aradan çıxıb və düz də edib.
Ətrafı gəzişib möhkəm əsnədim və özümü daha yaxşı hiss etdim.
– Ay Qriqori!
Qriqori gəldi.
– Verəcəyimiz nə qədərdir?
– Altı rubl.
– Bir az çox olmadı?
Mən ona iki rubl, sonra üç rubl təklif edib dayandım. Hələ üstəlik biz dost kimi sağollaşırıq. Bax, görürsünüz, əgər istəsəm, atdığım addımların tayı-bərabəri olmur.
Korneydən isə hələ də səs-soraq yoxdur. Saat 17:30da onu aramağa yollanıram. Onu arabaçı ilə laqeydlaqeyd deyib-gülən yerdə aşkarlayıram. Atları arabaya qoşmuşdu, amma başı söhbətə qarışdığından onları sərbəst buraxmışdı.
Məni görən kimi, narahatlıqla hoppanıb qazalağa mindi.
Yaxşı, sənin işini Tiflisdə görəcəm mən, sevgili Korney!
Şeylərimizi arabaya yüklədiyimizdə saat artıq yeddi idi. Korney axır ki, necə demişdisə, elə etdi. Mən burdan axmaq kimi getmək istəmirdim, odur ki, Qriqorla sağollaşmaq üçün dükana girdim. Polis də oradadır. Məni yenə dəhşətə gətirdi. Mən ona dərs vermək istəyirdim və bu səbəbdən sövq-təbii Qriroqla vidalaşdım.
Polis şlyapasını çıxardıb mənə dedi:
– Siz yəqin Çelkanlarda istirahət edirsiniz, mən də orada dincəlirəm. Bir saat sonra mən də ora gələcəm.
Həmin anda onu məhv edə bilmədim, o, məni köməksiz duruma saldı və həmin anda mən heç kəslə o cür davrana bilməzdim. Bundan əlavə, iki gecədir yatmayan və iki gecədir Qafqaz qızdırmasından əziyyət çəkən adamdan bundan artıq cəsarət gözləmək olardımı? Məni üzrlü hesab etmək olardımı? Bəlkə də, bu sərhədsiz səlahiyyət sahibi rus casusu əllərimə taxmaq üçün qandalı hazır vəziyyətdə saxlamışdı. Allah bilər! Axı o, bircə sözü ilə Vladiqafqazdakı bütün poçt atlarını dayandırmamışdımı? Elə vəziyyətdə idim ki, məcbur yoluma davam etməli idim.
Mülayim bir səhər havası idi, dan yeri sökülürdü. Biz misdən günbəzli kilsənin yanından keçirik. Özümə deyirəm ki, hava hələ tam işıqlanmayıb və onlara hələ yaxşı tamaşa edə bilmərəm. Amma məsələnin əsas mahiyyəti onda idi ki, bu əclaf polisdən sonra olduqca əndişəli idim. Heç özümdə deyildim. Bircə növbəti görüşdə cəsarətimi toplaya bilərdim kaş! Dağların arası ilə millərlə yol getdik. Bir saat ərzində hamımız, hətta Korney də qazalaqda yatır. Gözümün acısını alandan sonra yaxşı hiss edirəm özümü, cəsarətim artır. Burada torpaq daha da bərəkətlidir, hər tərəf meşədir, cır almadır. Almalar balacadır, hava tam işıqlanan kimi almaları çuvallara doldururam. Bu qafqazlılar nə zaman yatır? Bu mənə sirr olaraq qalır. Bu adamlar səhərin gözü açılan kimi məhsul yığımı ilə məşğuldurlar. Gecəni meşədə keçiriblər ki, səhərin sərinindən işə başlasınlar. Hava tamam işıqlanıb, artıq yol dikdirə qalxmır, biz yenidən dağın ətəyi ilə yol gedirik. Hazırda ucsuz-bucaqsız əkilib-bikilən tarlaların yanı ilə gedirik. Qadınlar çiyinlərinə aşırdıqları səhənglərdə Arqava çayından su daşıyır. Bu mənim üçün əsl bazar günüdür. Yer kürəsində bayramdır, çünki qadınlar əhvalı yüksəldib. Mən hardasa oxumuşdum ki, Qafqazda qadınlar alçaqboy və yaraşıqsızdır. Ola bilsin, bu düzgündür, amma bu qadınlar həm hündür, həm də biçimli bədən quruluşuna sahibdir. Yerişləri bənzərsizdir. Bir-birinin ardınca çayın sahili boyu yuxarı qalxır, sırayla, çiyinlərində səhənglər, bir əllərini bellərinə qoyublar. Heç zaman buna bənzər mənzərə görməmişdim. Yeriyirlər, büdrəyirlər. Əyinlərində göy-qırmızı sarafan, başlarında ipək yaylıq var. Hər dəfə bələ dəstgahı görəndə Korneyi bir qədər sakit sürməyə məcbur edirik ki, qadınlar yolu keçəndə onlarla görüşə bilək. Ancaq lənətə gəlmiş Korney! Dünyadan yeyib-köçmüş bu malakan əl hərəkətlərimizə və işarələrimizə heç məhəl qoymur. Bildiyim qədəri ilə onlar heç də gözəl deyildi. Üzlərinin dərisi hamar deyildi, qırmızı rəngli çil idi hər tərəfi. Ancaq söyüd kimi hündür və yaraşıqlı idi, biçimli idilər və sinələrini irəli qabartmışdılar. Daha sonra yol boyunca oynayan uşaqlarla qarşılaşdıq. Onların on-on iki yaşları olardı, iyirmi yaşdan çox olmazdılar. Onlar qaçır, qorxmadan atlanıb-düşür, kiçik bir bulağa yaxınlaşarkən körpüdən keçmək yerinə onun üstündən hoppanırdılar, ümumiyyətlə, mənə elə gəldi ki, onlar nəyinsə üstündən keçmək üçün maneələr gəzirdilər. Biz onların topasının ortasından keçsək də, arxadan heç bir səs eşitmədik, bu uşaqların başı ancaq oyunlarına qarışmışdı. Yalnız aralarında biri bir qədər böyük olduğundan, bir qədər də varlıq övladı olduğundan parlaq kəməri vardı, ona görə də, o, digərlərinin arasıyla buzov kimi lovğa-lovğa irəliləyir. Yolumuz Duşet stansiyasınadır. Bu ərazidə yenidən üzüm sahələri görünür, demək ki, xeyli aşağı düşmüşük. Stansiya şəhərcikdən xeyli aralıdır. Həmin şəhərcik yarım kilometr aralıdan sezilir. Orada on dörd minə yaxın insan yaşayır. Orada böyük, hündür və qədim kilsə var. Qala divarlarının qalıqları Araqva hökmdarlarının gürcülərlə savaşdıqları keçmiş dövrü xatırladır. Stansiyanın yanından ötüb keçirik. Dalımızda və solumuzda dağ silsiləsi var, ancaq onlardan xeyli aralı olduğumuz üçün elə də hündür görünmürlər. Artıq yolun üç kilometrliyini görürük, hər iki tərəfdə insanlar səylə tarlalarda çalışırlar. Bəziləri şumlayır qızılı çovdarı biçir. Burada şumu cərgəylə on və ya on iki sıra öküz qoşulmuş xışla edirlər. Bir dəfə gördük ki, bir kotana on səkkiz öküz qoşublar. Hər dəfə bir cərgə qurtaranda kotanı çevirərkən öküzləri səliqəyə salmaq üçün kəndçidən böyük məharət tələb edilir. Yer şumlayanların uzun qayçıları vardı, onlar məhz vurmaq lazım olan öküzləri vurur, böyük səs-küy qaldırırdılar.
Burada insanlar, əsasən, əkinçiliklə məşğuldur. Onlar daha hündür evlərdə, geniş üzüm sahələri ilə əhatə olunmuş həyətlərdə yaşayırlar. Burada cır gavalı və albalı meşələri var, təpələr başdan-başa kolluqlarla örtülüdür.
Günəş adama od ələyir, görəsən, günorta hava necə olacaq? Hər tərəf tozdur, günəş qalxdıqca toz da artacaq. Biz yenə yolun bir neçə kilometr irəlisini görürük. Bu yol dərənin dibindən keçir. Hər yer o qədər düzənlikdir ki, Arqava çayı irəli-geri, sağa-sola burularaq çıxış yolu axtarır.
İkicə saat sonra gözümüzü açırıq ki, Çelkanlardayıq. Günortadır, karetadan enirik. Hava çox istidir və Kornenin dünənki kimi dörd saat dincəlməyə ehtiyacı var. Tiflisə isə hələ otuz beş kilometr var. Fəqət, yolun yarısı eniş, yarısı isə ovalıqdır.
XI Bölüm
Buranın yiyəsi əlində gətirdiyi diri toyuğu göstərib yeməyə təklif edir, biz razılığımızı ifadə edirik ki, toyuq yaxşıdır. Sonrada bu şəxsin Qafqazda anadan olmuş alman olduğunu öyrənirik. Alman dili onun ana dilidir. Amma ingiliscə də bilir. Beləliklə də, yaxşı ki, artıq burada işarələrdən istifadə etmək zorunda qalmayacaq.
Stansiyaya jandarm girir. Bizə birtəhər baxıb şübhəli-şübhəli danışır. Zabitin yanında iki əsgər də var və zabit onlarda hərdən nəsə danışır.
Yenidən narahat olmağa başlayıram, toyuğa, yeməyə, hər şeyə olan həvəsim ölür. Bu jandarm, təbii ki, polis rəisinin göstərişi ilə məni tutmağa gəliblər. Çox dikbaş adamam, həm də lovğa və tərs. Həmin adamla dünən gərək razılaşardım. Amma artıq gecdir. Ümumiyyətlə, bu dəhşətli adamları yola vermək, onlarla diqqətli davranmaq və bir ömür onlardan uzaq gəzmək lazımdır.
Ola bilsin, indi həyatımın son günlərini rus türməsində başa vurmalı olacam, məni tutub Peterburqa aparıb, Petropavlovsk həbsxanasında diri-diri yerə göməcəklər. Əllərimlə başıma dayaq verib düşünərkən dirsəklərimlə daş masamı deşəcək, kameramın divarlarını müdrik seçmə sözlərlə yazıb dolduracaqdım. Yazdıqlarım isə sonradan toplanıb kitab şəklində çap olunacaqdı. Öləndən sonra məni mümkün olan hər bir mükafatla təltif edəcəkdilər. Amma bütün bunların indi mənə nə faydası? Mən heç zaman Norveç şəhərlərində gümüş heykəlimin qoyulacağı xəyalı ilə yaşamamışam. Düşünəndə ki, mənim üçün dəbdəbəli heykəl qoyulacaq, həmin heykəllərə çəkiləcək xərcin elə mənim özümə verilməsini üstün tutmuşam. Yəni, nə olur özümə və nağd olsun. İndi mənim taleyim həll olunur. Ətrafda əli süngülü jandarmlar dayanacaq, hökm oxunacaq, mən isə tonqalın üzərinə qalxıb son nəfəsimdə deyəcəyəm: Hər bir halda, Yer kürə şəklindədir. Birdən qala qapıları önündə carçı peyda olur, atını şahə qaldırır, şeypur çalır və dəsmalını yelləyərək çığırır: imperator adından əfv edilir – onun hökmü ömürlük həbs cəzası ilə əvəz edilir. Amma mən ölməyi üstün tuturam, fəxarətlə tonqalın üzərində dayanıram və bu cür həyat əvəzinə ölüm istəyirəm. Amma nə qədər etiraz etsəm də, daşürək cəlladlar məni qapır və yenidən düşüncələrimlə dəlik-deşik etdiyim daş masamın ətrafına sürüyürlər.
Nahar yeməyi zamanı oturmuşduq, jandarm zabiti tərcüməçi vasitəsiylə məndən bir zabiti görüb-görmədiyimi xəbər alır.
Cavab vermirəm, heç toyuq da yemirəm. Birdən iştaham tamamilə bağlanır. Demək, bu jandarmla polis rəisi bir-biri ilə sıx bağlıdır.
Sualı təkrar edir.
– Hə, – arvadım cavab verir – biz zabit görmüşük.
– Necə biri idi? Orta boylu, kök, üzdən yəhudi tipində, yəhudi?
– Bəli, elədir.
Jandarm zabit bizə polis zabitinin qatardakı uniformada olan şəklini göstərir.
– Bu adamdır?
– Özüdür ki var!
Jandarm zabiti baş əyib gedir.
Sonra yenidən öz əsgərlərinə yaxınlaşıb oğrun-oğrun danışır. Sonra eyvana qalxıb yola baxır. Deyəsən, hər dəqiqə polis məmurunu gözləyir.
– Rəngin yaman ağarıb – arvadım deyir.
Ayağa qalxıb eyvana çıxıram. Ancaq pilləkənə getmirəm ki, amiranə tərzdə saxlanmayım. Dayan! Dərdli şəkildə ah çəkdim.
Eyvanda jandarmlardan savayı, Vladiqafqaza gedən bir ingilis də oturub. Mən onun izahedilməz arxayınlığına paxıllıq edirəm. Gənc ingilis bütün səyahət edən ingilislər kimi özündən əmin, danışmadan, dünyadakı bütün baş verənlərə laqeyd tərzdə oturub. Qəlyan çəkir, qəlyanını axıradək sümürür, tıqqıldadır və yenidən doldurub çəkməyə başlayır. Bu zaman o ətrafındakılar üçün gülməli görünür. Ona sataşmaq üçün altdan-altdan gülürəm, ancaq o, özünü elə aparır ki, sanki heç nə görmür. Hmm. Mən səs çıxardıram, amma o, dönüb baxmır. Əksinə gözünə toz düşdüyündən, cib güzgüsünü çıxardır, qəlyan çəkməyə ara verərək gözünü qurdalamağa başlayır. Mən hətta onun gözündəki toz dənəsinə də paxıllıq edirəm. Heç şübhəsiz, jandarm düşmənimdir və məni həbs edəcək, ancaq bu onun günahı deyil. Sistem günahkardır burada. Mədəni adamdır, arada mənə baxır, sanki öz bəxtindən şikayətlənir. Ancaq bu ingilis üçün mən sanki mövcud deyiləm.
Bu zaman qumlu yolda arabanın səsini eşidirəm. Zabit yerindən sıçrayıb qapının arxasında yox olur. Sanki gizlənmək istəyirdi. Araba eyvanın önündə dayanır, içindən polis zabiti düşür. Bizdən bir saat gec gəlir, əvvəlcədən xəbərdar etmişdi. Yanımdan keçərkən, adəti üzrə şlyapasını qaldırır və deyir:
– Dediyim kimi, sizdən bir saat sonra. Yeməkxanaya daxil olub yemək sifariş verir.
Hələ ki, yemək yeyir, bir az vaxtım var, sonra isə jandarma məni götürməyi əmr edəcək.
Amma onlar görünmürdü, nə zabit, nə əsgərlər – elə bil yerə girmişdilər. Hara gediblər, görəsən? Bu Qafqaz çox şübhəli diyardır. Eyvanda əsir kimi oturmuşdum, pilləkənlə enmək istəsəm, edərdim. Mənə zaman və imkan veriblər ki, həyatımı qısaldım, kəndiri boğazıma keçirdim. Amma hər şeyi mənim öhdəmə buraxıb özləri laqeyd qala bilməzdilər. Arvadım çölə çıxıb qayıtdı və xəbər verdi ki, nəsə hazırlanır. Jandarm zabiti öz iki əsgəri ilə durub qulaq asır və özlərini şübhəli aparırdı. “Lakin kimisə həbs etmək istəyirlər” – bu sözləri heç bir hiss-həyəcanım olmadan deyirəm. O, polis zabitinə hörmət edərək onu zati-aliləri adlandırır, əlbəttə, sərhədsiz səlahiyyətli şəxslə qulluq etdiyini anlayır. Zati-aliləri öz əmrlərində konkret və ciddidir. Naharını edir, eyni ciddiyyətlə hesabı ödəyir, sonra eyvana, bizim yanımıza qalxır.
İngilisin yanına keçir, ingilis heç tərpənmir də. Tez yaylığını çıxardıb üzünün tozunu silir, taclı siqarqabını çıxardıb bir siqar yandırır. Beləliklə, səssiz oturub siqar yandırır.
Arvadım pilləkənləri enir və çiçək yığmağa gedir. Bizlər, üç nəfər kişi isə yerimizdə qalırıq.
Bu zaman zabitin ikinci mərtəbədən mübhəm şəkildə aşağı endiyini görürük. Köksümdən asta bir ah qopur. Ayağa qalxıb gözləyirəm. Bu da son. Hətta sahib də baxmaq üçün yeməkxananın qapısı ağzında görünür. Zabit eyvana çıxıb polis məmurunun qarşısında dayanır. Zənnim məni yanıltmır ki? Qulaqlarım yaxşı eşidir. Əlini polis məmurunun çiyninə qoyub deyir:
– Sizi həbs edirəm – bunu fransızca deyir.
Polis zabitə baxır, əvvəlcə səksənir. Sonra siqarının külünü çırpıb deyir:
– Siz nə danışırsınız?
– Həbs olunduğunuzu deyirəm.
– Niyə? Sizə nə lazımdır?
Hazır dayanmış karet eyvana yaxınlaşır, əsgərlər polisin qollarından qamarlayıb onu aşağıdakı yola doğru sürüyürlər. Zabit də onların arxasınca gedir. Eşidirəm ki, yəhudi onda vacib kağızların olduğunu, öz şəxsiyyətini təsdiq edə biləcəyini, bunun təhlükəli oyun olduğunu deməsini eşidirəm. Dördü də arabaya oturur, arabaçı qamçını havada oynadır və araba Tiflis istiqamətinə yön alır.
Mən hələ də dayanıb izləyirəm.
Ora baxıram, bura baxıram, gözlərimlə izah istəyirəm. İngilis vecinə alıb mənə baxmır, hələ də güzgüdə gözünə baxır. Dilim açılan kimi sahibdən bunların nə demək olduğunu soruşuram. Yəni, indicə burada kimisə tutdular?
Sahib təsdiq edib fikrə daldı.
– Amma qulaq asın da! Mən bağırdım. Elə başınızı oynadırsınız ki, elə bil bütün bunlar boş şeylərdir. Bir anın içində cap-canlı birini həbs etdilər.
– Hə, bizə Beşdağdan verilən məlumata görə belə oldu.
– Sahib cavab verdi.
Mən gözlərim qarşısında baş verən bu hadisəni başa düşə bilmədim.
– Əgər bu mənim başıma gəlsəydi, utanıb girərdim yerə – dedim.
Sahibin görkəmindən biganəlik yağırdı. Belədə, mən dedim:
– Siz hələ də düşünürsünüz ki, bunlar boş şeylərdir? Sizcə, belə bir durum mənə necə təsir edə bilər? Arvadım buna necə dözərdi?
– Yox, niyə ki? Sizi ki həbs etməyiblər. – Sahib tez deyib ordan uzaqlaşdı.
İndi mən baş verənlərə sevinirdim, xeyli dərəcədə məmnun idim. Qızdırmadan yanırdım, titrəyirdim, bütün bədənimi soyuq tər basmışdı, amma bunlara rəğmən bütün bədənim sevincdən şadyanalıq edirdi.
Arvadım dedi:
– Sifətinin rəngi yerinə gəldi.
– Hə, cavab verdim. Burada dinməz-söyləməz gəzib öküz haqqında düşünməkdən bezmişəm. Boyunduruğu buynuzlarının arasına keçirilən öküz vardı, yadındadır? Boynu əyri yeriyirdi. İndi ona yaxşı olub.
– Yaxşı olub? Necə ki?
– İndi zabit dedi. Qatardakı zabit yadındadır? Bizim arxamızca gəlirmiş, öküzü də o görüb.
– Hə, nə olsun?
– Boyunduruğu o düzəldib.
– Allaha şükür, arvadım dedi.
Mən də razı idim. İki cür yemək sifariş verdim, qızdırmam olsa da, son dərəcə inadkarlıq edib xeyirli şey əvəzinə zərərli şeylər istəməkdə davam etdim. İştaham əməlli-başlı açılmışdı.
Eyni zamanda ingilisin belə dinməz-söyləməz, qaşqabaqlı olmasını istəmirdim. Arvadım da artıq getmişdi və tamam azad idim. Bu səbəbdən ingilisi heyrətləndirmək üçün ona dedim:
– Portoda taun yayıldığından xəbəriniz var? Mənə baxdı.
Portoda taun yayıldığını təkrar etdim, ancaq, deyəsən, bu onu qorxutmadı. Qəlyanını tüstülətməyə davam etdi.
Belədə, mən “Yeni Mətbuatın” nömrəsini çıxardıb ona verdim.
– Mən Finlandiyadakı son bazar qiymətlərinə baxmışam, orada bir qazın qiyməti bir markadan 1 marka 75 penə qədərdir.
Gənc ingilis hələ də mənə saymazyana münasibət göstərirdi. Ancaq yəqin yaşı çox az olduğundan tab gətirmədi. Onun hələ sınanmamış xarakteri ilə necə savaşmasına baxmaq maraqlı idi.
– Qazın? Finlandiyada? Necə axı?
– Siz indi dağlara səfər edirsiniz – sonra Rusiyaya keçəcək və nəhayət Finlandiyaya gedəcəksiniz, ordan isə öz evinizə, sevimli mehriban xalqınızın, ingilislərin yanına yollanacaqsınız. Mən də qabaqdan Finlandiyadakı qiymətlərdən sizi xali elədim ki, orada oturub yemək sifariş verəndə sizi nə gözlədiyini biləsiniz. Özü də unutmayın: cütü deyil, biri!
– Siz nə qədər dediniz? – soruşdu.
– Bir markadan bir marka yetmiş beşə kimi.
– İngilis pulu ilə nə qədər edər? Təxmini bilirdim, elə təxmini də dedim.
– Mən Finlandiyaya getmirəm – dedi.
Bəlkə də, onda başqa bir şeyə maraq oyada bilərəm deyə düşündüm və qəzetdəki Transvaaldakı hərbi əməliyyatlar barədə oxumağa başladım. Bu zaman onun canını ağrıtmaq üçün özümü yalandan elə göstərdim ki, sanki onun dilindəki ən sadə sözləri belə bilmirəm. Bu səbəbdən onu köməyə çağırdım. Axırda son dərəcə axmaq vəziyyətə düşdü və bütün müraciətlərimə “Hə” deməklə kifayətləndi. Nəhayət, ayağa qalxdı, deyəsən, onu sıxmışdım və araba gətirilməsini əmr etdi. Gedərkən yenidən öz ingilis xarakterini nümayiş etdirmək istədi və mənə əhəmiyyət vermədi. Belədə, dedim:
– Sizə yaxşı ol. Amma gəlib-gedərkən nəzakətlə təzim etməyi unutmayın. Dünyanın hər yerində belədir.
Xərçəng kimi qıpqırmızı qızardı və özünü itirmiş halda şlyapasını azca qaldırdı.
Və çıxıb getdi.
Bir dəfə Münhendə idim, ata qoşulmuş xizəkdə bir ingilis gördüm. Həmin adam rəssam idi və Şak qalereyasına getmək niyyətində idi. Biz küçəylə sürətlə irəliləyirdik, birdən balaca bir qız az qala xizəyin altına düşəcəkdi. Atlar onu ayaqlayıb şikəst etdilər, amma biz onu xilas edə bildik – o, sağ qaldı. Bunlar baş verdiyi anda bir ingilis sakitcə oturub tənbəkisini çəkirdi. Hər şey bitdiyində xizəkçi yoluna davam etdiyində ingilis əsəbi şəkildə saatına baxdı. Hamımız ona baxırdıq, amma bu onun vecinə deyildi. Bərbad ingilis-alman qarışıq dildə pulu dala istəyib düşmək istədi. Bu zaman sərnişinlərdən biri ödədiyi məbləği ona uzatdı. Həmin sərnişinə laqeyd-laqeyd baxdı, gözlərini yavaş-yavaş yayındırdı və pulu götürmədi. Ətrafı saran qəzəb onun vecinə deyil, bu onun məğlubedilməzliyidir. Heç şübhəsiz, yerliləri onun bu hərəkətini dəstəklədilər, düzsən, həmişə belə ol, Con! O, getdiyi yerə kimi arabada qaldı, sonra düşdü.
Çox vaxt, heç şübhəsiz qəza yerinə çoxlu adamın yığışması yaxşıdır. Qəlyanı sonadək hortuldatmaq heç kimə qadağan edilməyib. Amma bunu hamı yadından çıxarda bilər. Baxaraq həyəcandan hamı titrəyə bilər. Hamı, bunlar heç kimə qadağan deyil!
Əgər bir ingilis kralı olsaydım, xalqımın qulağına pıçıldayardım ki, mənim xalqım dünyanın ən qəşəng xalqıdır.
Dünən bizi ötüb keçən kareta indi yenidən bizə çatır. Rus ailəsi yeməklərini yeyir, sonra atlara dincəlmək üçün 45 dəqiqə verir. Sonra yenidən yola düşür. Onun tələb etdiyi vaxta hələ 45 dəqiqə var, ancaq Korney indi küsəyən olub, fürsətdən istifadə edib özünə yol yoldaşı tapmaq istəyir. Rus karetasının arxasında dayanıb bizə nəsə işarə edir, ona fikir verən yoxdur, çığırmağa, deyinməyə başlayır, hətta rusları da bizimlə bizim başa düşdüyümüz dildə danışmağa göndərir ki tərpənək. Amma biz yerimizdən qımıldanmırıq. Onlar çıxıb gedir.
Kornet qalır və gedən karetanın arxasınca baxaraq bizi söyür. Biz yenə də ona məhəl qoymuruq. Korney hər şeyi əksinə edir, özünün, həm də bizim müəyyən etdiyimiz qaydaları pozur. Yox, əgər bizi o biri karetanın arxasınca aparmamaq üçün pul tələb edirsə, böyük səhvə yol verir.
Ancaq biz ona yarım saatdan artıq əziyyət vermirik və yola düşməyə razılığımızı veririk. Amma o, elə sifət edərək gedir ki, elə bil bizim acığımıza birinci karetə yetişmək niyyətindədir. Bunu əngəlləmirik. Korneyi yaxşı tanıdığımız üçün bilirik ki, tezliklə atları qovmaqdan bezəcək.
Ovalıqla gedirik, irəlidə, bizdən çox qabaqda yaşıl sahənin düz ortasında yol sarı rəngdə görünür. Bir az keçir, qarğıdalı sahələri görürük. Artıq Tiflis bərabərindəyik. Bura dəniz səviyyəsindən təxminən 450 metr hündürlükdür. Burdan düz yol başlayır. Torpaq çox məhsuldardır. Çox istilik gərək olan qarğıdalı burada çox yaxşı yetişir. Yol boyunca rombşəkilli qovaq, söyüd, cır meyvə ağacları, alçaq təpələr düzülüb. Qarşıda alçaq dağlar görünür.
Bu bulağın yanında Korney düşərək atlara baxır və onların başına su tökür. Görəndə ki, atların sürətlə hərəkət etməsinə etiraz etmirik, yenidən malakan vas-vasılığı ilə hərəkət edir, atların sürətini aşağı salır. Belə daha yaxşıdır. İsti elə yandırıcıdır ki, əllərimizi önlüyümüzün altına salmağa məcbur qalırıq, əks halda əlcəklə belə yanırıq.
Uzaqdan nəhəng qüllələri olan qəsr görünür, ümumiyyətlə isə, təkcə çəmənlər, tarlalar, hərdənbir palçıqdan tikilmiş gürcü daxmaları, yer şumlayan öküzlər görünürdü.
Bir neçə dəfə örtüklü, ağır addımlarla irəliləyən öküz qoşulmuş arabalara rast gəlirik. Arabalarda başqa adamlar da var, qaraçılar, sarışın köçəri tatarlar ya oturub, ya uzanıblar. Bu arabada on nəfər olar. Orada başına qırmızı yaylıq bağlamış bir qız oturub ağ dişlərini bizə göstərə-göstərə gülür. Daşdan, gildən ucalmış nəhəng qəsrin dağıntılarının, yarımçıq divarlarının yanına yetişirik. Divarların çoxu çatlayıb və bəzi yerlərdə bununla belə tam əlli metr hündürlükdə qalıb. Divarlardan ikisi əyilib, sanki bu dəqiqə aşacaq. Bu, bəlkə də, gürcü çarı Tamaranın Gürcüstandakı, bütün Qafqazdakı çoxsaylı saraylarından biridir. Bu xarabalıqdan bir qədər o tərəfdə məbədə bənzər iki tikili var. Bunlar yolun sağında və solunda tikilən iki monastrdır. Hər ikisinin qədimliyi və qəribəliyi bir-birinə çox bənzəyir. Ətrafda çoxlu ev var və bu evlər onların görüntüsünü korlayır. Evlərini bəziləri ikimərtəbə, bəziləri kirəmitdən olsa da, çoxu bayağı, şir, çirkin və mənasız tikililər idi.
Uzaqdan gördüyümüz qəsrə oxşayan böyük tikiliyə başlayırıq. Bura xarabalıq deyil, böyük bir tikili şəbəkəsidir və adamın yadına Romadakı müqəddəs Mələk qəsrini xatırladır. Qəsr yaxşı vəziyyətdə idi, içində yaşayırdılar. Qəsrin adı Arma Tsikedir. Bu ölkənin ən qədim yaşayış yeridir. Bildiyimiz qədəriylə, indi onu monastra çeviriblər. Ancaq bundan başqa bir şey bilmirəm.
İndi biz taxta dəyirmanın yanından keçirik. Bu dəyirman buxarla, ya su ilə işləmir, insan qüvvəsidir onu işlədən. Nəhəng mişarın hər iki tərəfində dörd adam dayanıb taxta doğrayır. Onların başı açıq, başdan-ayağadək flanel paltar geyiblər. Görkəmləri taxtadan kəsilmiş, laklanmış kuklalara bənzəyir.
Nəhayət, gəlib Mtsxeti stansiyasına yetişirik.
Korney burada bizdən sonuncu dəfə nəsə qoparmaq istəyir. Tiflisə dəmiryolu ilə getməyi təklif edir. Bunun üçün şəhərə, ordan isə şəhərdən xeyli kənarda yerləşən vağzala getməli, qatarı gözləməli, istidə çamadanlarımızla, digər yüklərimizlə uğraşmalı idik. Mən Korneyin burnundan tutub özümə sarı çevirdim və düşündüklərimi cəmi bir sözlə ifadə etdim: “Tiflisə!” Korney yenə sifət edib atları şallaqlayır.
Mtsxeti şəhərini görə bilmədik. Gürcüstanın ən qədim yaşayış məskənlərindən biridir Mçet, Araqava çayının Kürə töküldüyü ərazidə yerləşir. Tiflisdən öncə buranın paytaxtı məhz Mtsxeti olub. Burada ən vacib bina 4-cü əsrə aid kilsədir. Gürcü çarlarının qəbirləri də burdadır.
Mtsxetini bir qədər keçdikdən sonra yenidən Şaqbauma yan aldıq, Korney yenə də ödədiyi məbləğin qəbzini göstərdi. Bu zaman Bakıdan gələn qatar yanımdan ötür: biz 46 ədəd ağ neft aparan vaqon-çən sayırıq. Hər tərəfi ağ neftin üfunətli qoxusu bürüyür.
Artıq teleqraf xətləri on iki məftillidir. Tiflisə yaxınlaşmaqdadır.
Kür çayı boyunca irəliləyirik. Kür əzəmətli və gözəl çaydır. Dəmiryol relslərinin üzərindən keçirik. Ancaq qatar yaxınlaşır, şlaqbaum aşağı salınır və biz xeyli gözləməli oluruq. Qatar ötür, yenə ağ neft doldurulmuş 48 vaqon keçir. Sonra qatar təpələrin arasında şəlalə kimi guruldayır. Sonra şlaqbaum qalxır və biz yolumuza davam edirik.
Artıq uzaqdan Tiflis bizə bir nöqtə kimi, başqa bir dünya kimi görünür. Şəhərin üzərini tüstü buludu örtüb, bu, bir çox rus şairlərinin təsvir etdiyi, romanda hadisələrin cərəyan etdiyi Tiflis idi. Bir anlıq gəncləşirəm və heyrətlə irəli baxıram, ürəyim şiddətlə döyünür. Özümü elə hiss edirəm ki, sanki bu, ilk dəfə Corc Brandesin (məşhur Norveç-Danimarkalı ədəbi tənqidçi, Norveç ədəbiyyatında yeni ədəbi cərəyanın təməlini qoyan ədəbiyyatşünas – tər.) Kopenhagen Universitetində baş vermişdir.
Biz əvvəl küçədə yağışlı havada saatlarla gözlədik. Birdən qapı açıldı və yuxarı cumduq. Sonra yenidən bir xeyli gözləmək məcburiyyətində qaldıq. Zal ağzınadək dolu idi. İnsan səs-küyündən uğultu əmələ gəlmişdi zalda. Birdən hər tərəfə sükut çökdü. Sanki qurbağa gölünə daş atmışdılar. Mən ürəyimin necə döyündüyünü eşitdim. Nəhayət, mühazirə deyən kafedraya qalxdı. Və məlum oldu ki, sən demə, mən ondan qat-qat daha yaxşı danışa bilərdim. Heç şübhəsiz.
Barsız, əkilməmiş qum səhrası ilə irəliləyirik. Yolda, qalın, asılıb qalan qum səhrası var, qarşımıza poçt çıxır. Poçt karetini sürən zurna çalır, mən şlyapamı çıxardıram, o, salamımı alır və zurnasını çala-çala yoluna davam edir. Çox sayda öküz, eşşək, araba, atlar və arabalarla qarşılaşdıq. Daha əvvəl dağlardan keçərkən rast gəlmədiyimiz sərxoş adamlarla qarşılaşdıq. Axır şəhərə giririk. Hava qaralmaq üzrədir, küçələrdə və evlərdə yavaş-yavaş işıqlar yanmaqdadır. Küçədə gözə bir fars dəyir, onun saqqalı uzun, görkəmi təmkinlidir, başında yekə əmmamə var. Özünəməxsus tərzdə dəvə kimi gəzir.
Axır ki, Korneylə vidalaşmaq zamanı yetişdi. Haqqını alır, sonra bəxşiş tələb edir.
Tərcüməçiyə deyirəm, ona desin ki, o, bəxşişə layiq deyil. Nə üçün layiq olmadığını izah etdiyimizdə isə bizə elə baxır ki, sanki ömür boyu bizim kimi alçaq cütlük daşımayıb. Heç nə başa düşmür. Buna baxmayaraq, süd pulu qopara bilir. Amma Korney belə az dilənçipayından məmnun deyil. Elə yağlı və uzun söyüşlər söyür ki, məcbur onu oteldən qovurlar.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.