Электронная библиотека » Кнут Гамсун » » онлайн чтение - страница 9

Текст книги "Nağıllar Diyarına Səyahət"


  • Текст добавлен: 17 октября 2022, 09:00


Автор книги: Кнут Гамсун


Жанр: Зарубежная классика, Зарубежная литература


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

XIII Bölüm

Gəvəzə qapıçının və digərlərinin köməyi olmadan şəhəri gəzdik. Şəhərdə maraqlı heç nə yox idi. Ancaq dönə-dönə, yorulmadan tamaşa etdiyimiz bir yer vardı: Asiya məhəlləsi. Güzgülü qapıları olan mağazalar, Varyete teatrı, Avropa dəbində geyinmiş xanımların və centlmenlərin üstün olduğu şəhər – amma Asiya məhəlləsində bunlardan heç biri yox idi, burada hətta küçə belə yox idi. Yalnız dalanlar, bir evdən-digərinə aparan labirintli pilləkənlər vardı.

Burada müxtəlif xalqlara məxsus adamlar öz dükanlarında oturub özlərinə məxsus şeyləri satırdı. Tehrandakı, İstanbuldakı tacirlər farslar, türklər idi. Buradakılar isə hamısı Qafqaz xalqlarının nümayəndələri idi: gürcülər, dağlılar, qədim Altay xalqlarının nümayəndələri, müxtəlif boy tatarlar, bundan başqa farslar, kürdlər, ermənilər, hind avropalıları, Ərəbistandan, Türküstandan, Fələstindən, Tibetdən gəlmiş adamlar vardı. Burada hər şey elə harmonik, elə dinc idi ki, heç kim heç yerə tələsmirdi. Adamlar şərqə xas hüzur içində idi. Ağ və rəngarəng əmmamələr üstünlük təşkil edirdi, yalnız arabir yaşıl və göy rəngli uzun saqqalı, gözəl papaqlı kişilər gözə dəyirdi. Toqqaları ya kəsilmiş metaldan, ya da farslarda olduğu kimi rəngbərəng ipəkdən idi. Qafqazlılar, kürdlər, ermənilər silah gəzdirirdi.

Günorta vaxtı çox isti olurdu, amma küçələr üzüm çardağı ilə örtülü olduğundan kölgəlik vardı. Atlar, eşşəklər, itlər adamlara qarışmışdı. Bir at gördük, onun hər yeri yara idi, günəş altında dayanmışdı, yanında bir sürü milçək dolaşırdı. O qədər arıqdır ki, qabırğaları görünür, onun heç nə vecinə deyil, eləcə başını aşağı salıb dayanıb, milçəklər də öz işini görür. At çox zəifləyib, milçəkləri qovarkən heç bir hüzur hiss etmir, eləcə günün altında qovrulur və mənasız baxışlarla baxır. At iş arabasına qoşulub, gözləyir sahibi gəlsin. Yaralardan pis iy gəlir. Bu at güclü və dözümlüdür. Bir-iki addım atsa istidən qurtulub kölgəliyə keçə bilər, lakin o dayanıb. Necə ki, öləcəyini dəqiq bilir, milçəklərin onu dişləməsi də vecinə deyil.

İtlər, eşşəklər, atlarla birlikdə sənətkarlar da küçədə oturub, hərə öz işi ilə məşğuldur. Dəmirçilər dəmiri kürələrdə qızdırır, sonra böyük zindanlarda döyür, çilingərlər onu doğrayır, naxışlar düzür və deşir, bəzənsə yaqut və başqa daşlarla onlara çərçivə qayırırlar. Dərzilər uzun əbalar tikir, Qərbdən gətirilmiş tikiş maşınlarında tikir, onlar başdan-ayağa silahlıdırlar, başlarında yekə, tüklü papaq var. Sən demə, iki yüz il bundan öncə bizim Norveç dərziləri də ayaqqabı ustaları da böyürlərində silah işləyirmişlər. Belə ənənə hələ də qorunmaqdadır.

Dükanların hamısında ipək mallar satılır, tikmələr, xalçalar, silah, bəzək-düzək əşyaları və s. də satılır. Əgər alış-veriş etmək istəmirsənsə, dükana daxil olub bütün bu mallara sadəcə tamaşa edə bilərsən. Almırsansa, alma. Tacirlər hər şeyi sakitliklə və məmnunluqla qarşılayır. Dükanların hamısı son dərəcə çirklidir, xalça dükanında isə xalçalar döşəməyə, pilləkənlərə, küçəyə sərilib, qonşunun qapısına kimi çəpərlərdən sərilib. Bunlar bahalı İran və Qafqaz xalçalarıdır.

Orda-burda öz kiçik dükanlarında oturan xəttatlar adamlara istədikləri mövzularda məktublar yazır. Xəttatların ətrafı qəribə hərflərlə və kitablarla doludur. Əgər bu qəribə hərfləri oxuyub onlardan baş çıxardırsa, bu qədər qocalması, bu yaşda belə hörmət sahibi olması heç də təəccüblü deyil. Buz qoynunda əlyazma daşıyan gənc və ciddi simalı adamlar da gördük, onlar müəllim yanına gedən və qayıdan ilahiyyat və hüquq tələbələri idi. Onların hamısı xəttat dükanına yaxınlaşır, hörmətlə təzim edirdi. Xəttatlıq sənəti müqəddəs sənətdir, hətta yazı yazılan kağız belə müqəddəsdir. Tanınmış molla Əbdülqadir Gilani heç zaman dəstəmaz almamış xəttat dükanının yanından keçməzmiş. Beləliklə də, elə müqəddəs, elə qeyri-adi insana çevrilibmiş ki, bircə zeytunla həftələrlə dolana bilərmiş. Kağız müqəddəs kitabların da hər yerə yayılmasına vəsilə olur. Bu səbəbdən hörmətə layiqdir. Kağızı böyük diqqətlə seçirlər, sonra qələm qaydaya salınır, dualar oxunur və mürəkkəb tökülür. Ümumiyyətlə, İslam dinində yazmaq və oxumaq yüksək səviyyəli olmalıdır. Sözsüz ki, bir zamanlar Səmərqənddə mövcud olan elm və təhsildən artıq danışmaq lazım gəlmir. Bu haqda Vamberinin yazılarında oxumuşam. Ən azından İstanbul, Qahirə, Buxaraya diqqət ayrılmalıdır, indi orada universitetlər hamısı dərin böhran keçirdir. Hərçənd öncələr ərəb alimləri bu universitetlər üçün hər yerdə tələbə toplayırdı. İndi isə əlində çubuq bir müəllim oturub dərs keçir. Buna rəğmən əski mədəniyyət gec məhv olur. Orta Asiyada nüfuzlu ali məktəblər mövcuddur ki, ora Ərəbistandan, Hindistandan, Kəşmirdən, Çindən, Volqoboyundan belə şagirdlər cəlb edilir. Bəzən, şübhəsiz ki, alimlik istedadına sahib adamlara da rast gəlinir.

Biz də bu xəttatlıq dükanlarının yanından ehtiyatla keçirik. Çünki orada çalışanlar, həqiqətən də, hörmətə layiqdir. Burada hörmətli olmayana heç hörmət qoyarlarmı? Hansısa dükana yaxınlaşdığımızda, sahibi orada yoxdursa, bizə sarı yürüyüb içəri dəvət edir. Bizi çöldə gözlədir, özü isə içəridə oturub gəvəzəlik edir. Yalnız küçənin o biri başından kimsə bağırıb müştəri olduğunu xəbər verəndən sonra ağır-ağır qalxıb bizə sarı gəldi. Bayaqdan niyə gəlmirdi bəs? Dərhal gəlmədi? Ona görə ki, özü müştərisini görmürdü guya, halbuki bayaqdan görürdü. Şərq insanı o qədər də acgöz deyil, o, hələ qərb insanı tərəfindən pozulmayıb. Bir qədər də irəliləyib başqa bir “yiyəsiz” dükana girdiyimizdə əvvəlki sahib qışqıraraq müştəri gəlməsini xəbər verməklə borcunu ödəmiş oldu. Bundan sonra o, gəlib çıxır. Bu hərəkətdə bizlərə – “ingilislərə” nümayiş etdirilən qeyri-adi və xoş bir laqeydlik ifadə edilir.

Qəfildən otelin qapıçısı Asiya məhəlləsində düz qarşımda peyda oldu. O, arxamızca düşərək bizi tapmışdı. Qapıçı bütün əmmaməlilərlə görüşərək bizə silahları və xalçaları göstərir, o, küçənin bütün mənzərəsini xarab edir. O, çəkinmədən bizi bir dükandan və küçədən keçirdərək bizi o biri küçədəki dükana aparır və bu birinin daha gözəl olduğunu söyləyirdi. Qapıçı bizimlə bərabər hər yeri gəzirdi. Hərdən otururduq, bizə siqaret, qəhvə, qəlyan gətirirdilər. Fəqət, heç nə almaya, elə-belə satılanlara baxa da bilərdik.

Bəzən yaşıl çalmalı sahiblərin dükanlarına da daxil olurduq. Bu adamlar Peyğəmbərin məzarını üç dəfə ziyarət etmişdilər. Mömin və müqəddəsdirlər – buna görə də, özümüzü yüksək cəmiyyətdə hiss etdirdilər.

– İcazə verirsiniz, bu xalılara baxaq?

– Nə qədər istəyirsiniz, baxın. – bizə cavab verildi. Tərcüməçi dedi:

– Bu xaricilər ola bilər, bu xalıları alsınlar. Cavab gəldi:

– Qurbandır, pulsuz da olar.

Tərcüməçi dediyini tərcümə edib bizim adımızdan təşəkkür etdi.

– Biz də eyni cavabı verməliyik. – tərcüməçi dedi.

– Bu xaricilər çox uzaq ölkədən gəliblər, onlar sənə sevinərək hədiyyə verərlər. Varlı adamlar deyil, nə daş-qaşları, nə atları var, lap az pulları var, həmin pulu yol pulu etməlidirlər, yolları uzaqdır. Fəqət, həmin pulu da sizlərə bağışlamaq istəyirlər. Səncə, nə qədər versələr düzələr?

Pul söhbəti həşəmətli müsəlmanı buza döndərdi. Cavab vermədi.

Tərcüməçimiz gülüb sualı təkrar etdi.

Bundan sonra bir müsəlmanın əcnəbilərə qarşı mehriban davranmaması və onların bəxşişlərini qəbul etməməsi mümkün deyil. Bizdən cəmi yüz manat götürə biləcəyini dedi.

Tərcüməçi tərcümə etdi: bu məbləğ xalçanın dəyərindən ən azı üç dəfə çoxdur. O, bunu deyib əlavə etdi: “İndi mən bu qocaya deyəcəm ki, əgər ona yüz manat versəniz, xalının pulu ilə hesablaşmış sayılırsınız. Bu isə doğru deyil”.

Bu yerlərdə alış-verişin elə bu cür həyata keçirildiyini başa düşdüyümüz üçün tərcüməçiyə dedik ki, necə istəyir elə də razılaşsın.

Bundan sonra uzun müddət çər-çevik etdilər. Biz neçə dəfə oldu ki, qapıya yaxınlaşaraq getmək istədik. Onların isə söhbətləri hələ də davam edirdi. Nəhayət, istədiyimiz məbləği ödəyib mömin şəxslə mehriban və ən nəzakətli şəkildə vidalaşdıq.

Ancaq onun bizimlə gəvəzəlik etməyə istənilən qədər zamanı vardı.

Tacirlərin papaqları hərzamankı kimi rəngbərəngdir, ona görə burada çoxlu ala-bəzək papaq gördük. Amma burada ağ papaq da çoxdur, çünki ağ papaq əsil-nəcabət, hörmət-izzət, alimlik, möminlik deməkdir. Elə buna görə də çoxları özünü məhz bu cür göstərmək istəyir. Yəhudilərin və xristianların əmmamələri bir qədər fərqlidir, onlar qara rəngli cod yundandır, bu əsarət altında olmanın nişanəsidir. İranda, ümumiyyətlə, əmmamə qoymaq onlar üçün yasaqdır.

Bəs küçədə hərdən gözə dəyən qırmızı rəngli insanlar kimlərdəndir? Onlar saqqallarını, əllərinin içini, əl barmaqlarını, dırnaqlarının hamısını qırmızı rəngə boyayıblar. Bu insanlar farslar, əfqanlar, bəzən isə tatarlardır. Elə lovğalıqla yeriyirlər ki, sanki qırmızı kərpic rənginin dünyada tayı-bərabəri yoxdur. Bu mənzərəni görəndə avropalı adamın birinci gözləri bərəlir, sonra isə gözləri alışır və məsələn əmmamələrə baxan kimi baxır. Əvvəllər hərbi geyimli hindliləri və yaxud Parisdən olan qəhbələri görən hər kəs özlüyündə düşünərdi ki, özünü boyayan təkcə onlar deyilmiş, onların sadəcə boyaları fərqli imiş.

Tiflisdə bu işi bilən adamlardan soruşub öyrəndik ki, belə boyanmaq möminliyin üst səviyyəsinin göstəricisidir. Amma, sən demə, bu düz deyilmiş. Məsələn, İranda qadınlar da bu cür boyanır. Vamberinin yazdığına inansaq, hətta qadınlar da bu cür boyanır. Şaha məxsus atları seçilən etmək üçün quyruqlarını belə boyayırmışlar. Amma, ola da bilər ki, Tiflisdə yalnız möminlərin belə təmtəraqla boyanması ənənə halını alıb, çünki biz belə boyanmağı yalnız adlı-sanlı, seçilən adamlarda gördük.

XIV Bölüm

Bakı qatarına minmişik.

Əslində, ikinci dərəcəli qatarda getmək istəyirdik, amma orada yer olmadığından bu fikirdən daşındıq.

Özümüz birtəhər yerləşsək də, şeylərimi qoymağa yer çatmadı, yüklərimizlə yer axtara-axtara gəldik çıxdıq birinci klass vaqona. Hər şeyimizi yerləşdirib özümüz də oturduq. Termometr içəridə temperaturun 31 dərəcədən yuxarı olduğunu göstərir.

Bizə qədər kupedə üç centlmen vardı artıq. İçəri soxulduğumuzda onlar bizə narazı-narazı baxdılar. Üçüncü isə siqaretini üfürərək bizi pəncərə tərəfə buraxmaq üçün ayaqlarını qarnına yığdı.

Qatar kupesində dünyanın harasında olursan-ol, eyni şeylərlə qarşılaşmalısan: təzə girənə içəridəkilər olduqca həvəssiz yer verir. Ona düşmən gözündə baxır, nifrət edir, öz yerinə keçməyə mane olurlar. Olur ki, salamını da almırlar. Bir stansiya keçir, həmin münasibətlə qarşılaşan adam yeni gələn adamı eyni düşmən münasibətlə qarşılayır.

Daha bir gördüyüm şey: əgər təkcə bir centlmen daxil olursa, özünü ciddi aparır, hətta bəzən boş yerin olub-olmadığını soruşur, kirimişcə oturur. Hə, bu dinc təəssürat oyadır. Amma əgər bir yoldaşı ilə daxil olursa, dərhal şeylərini yatağın üzərinə tullayıb, “bura əla yerdir” deyirlər. O biri də utanmadan başqa əşyaları bir kənara itələyir, hətta içəridəkilərindən də ona kömək etmələrini umur. Bu səbəbdən yola çıxanların ən qorxduğu şey kupeyə iki tanış sərnişinin birdən daxil olmasıdır…

Bu qatar xam neftlə işləyir, pis qoxu, üstəgəl dözülməz isti baş çatladır. Amma bizlərə – siqaret çəkənlərə vəziyyət elə də pis deyil, siqaret çəkmək şəxsən mənim üçün havamı dəyişir. Bu qatarda istisnasız bütün kupelərdə siqaret çəkilir. Hətta qadınlar üçün olan kupelərdə də külqabılar var. Kifayət qədər çirkli yerdir, skamyada, divarlarda taxtabitilər görünür.

Vaqon bələdçisi fransızca az-maz danışır, mən ona 1-ci və 2-ci klass arasındakı qiymət fərqini təklif edəndə o, pulu alıb gedir. Bir stansiya sonra təzə biletlərimi və pulun qalığını özümə qaytarır. Həmin anda saqqalı uzun sərnişin məsələyə müdaxilə edir. Deyəsən, bilet fərqinin qiymətindən xəbərdardır, ona görə bələdçini sorğu-suala tutur. Sual-cavab başlayır, pulun qalığını masanın üzərinə qoymalı oluram, pul sayılır və bir qədər əskik olduğu üzə çıxır. Bələdçi nəsə deyir, deyir ki, stansiyada pulu onun özünə də az veriblər, bir səhv olub, ancaq saqqallı ona bir necə ağır sözlər deyəndən sonra o cibindən 1 rubl çıxardıb mənə verir. Bundan sonra saqqalı kişi özünü çox təmkinli və lovğa aparır və necə biri olduğunu nümayiş etdirmək üçün pulları sayıb qurtarana kimi bələdçinin vaqondan çıxmamasını tələb edir. Onlara təzim etdim, işləri qaydasına saldıqlarına görə hər ikisinə təşəkkür etdim. Görünür, uzunsaqqal vəzifəli dəmiryol işçisi idi, cibindən bir yığın möhürlü dəmiryoluna aid kağız çıxardıb bələdçiyə hədiyyə etdi.

Buralar miskin və yoxsul gündədir, günəş ətrafda nə varsa yandırıb, hər yanda boş torpaqlar görünür. Ağac deyilən şey yoxdur. Biz Ağstafa stansiyasına yetişdik. Burada restoran var, qızdırma da məni əldən salmışdı, yanğımı söndürmək üçün yüngül rus pivəsi içdim, amma, deyəsən, bu mənə daha da pis təsir etdi və hərarətim yüksəldi, sonra Qafqaz çaxırına keçdim. Çaxırın dadı bəzi italyan çaxırlarının dadına oxşayırdı, bir anlıq özümü əntiqə hiss etdim. Amma bircə anlıq, sonra özümü daha da pis hiss etdim. Mənə çay içmək lazım idi. Açıq-aşkar bilinir ki, buranın adamları hətta qatara belə samovarla girib bütün günü çay içmirdilər. Ağstafada mən bir dənə də artıq hərəkət etdim, Kür çayının suyundan içdim. Bu əməlli dəlilik idi. Çünki, deyilənə görə, Kürdən bircə dəfə doyunca su içən ömür boyu Qafqazın həsrətini çəkir.

Axşamdır. Digər sərnişinlər düşüb artıq. Bələdçi fransızca bir-iki kəlmə bildiyi üçün bizi fransız sanır. Bələdçi bildirir ki, gecə bizim kupeyə heç kəsi buraxmayacaq. Sadəcə bizim qapımızı bağlayacaq, vəssalam. Təbii, bunu nəyinsə müqabilində edir, amma hər halda bu addım onun yaxşı adam olduğunu nümayiş etdirir.

Sonra biz eşidirik ki, bələdçi bütün gecəni bizim keşiyimizi çəkir və heç kimi nə nəzarətçini, nə başqa adamları bizim kupeyə buraxmır. Kimlərsə təkidlə qapının açılmasını tələb etdiyində bələdçi eyni inadla içəridə fransızın olduğunu, qızdırmalı olduğunu bildirib bizim tərəfimizi saxlayırdı. Beləliklə, bizim qapı açılmadı. Bu zəhlətökən taxtabitilər olmasaydı, biz gecəni rahat və hüzur içində yata bilərdik. Hava bir az işıqlanan kimi kupeni tərk etdim.

Dan yeri sökülmüşdü, ay görünürdü. Hər tərəf çöl-biyabandır. Bir dənə də ağac yoxdur, sağ tərəfdə gölə oxşar nəsə var, yox, gül deyil, duz səhrasıdır. Biri keçir, bu duz səhrası dəyişmir, göz işlədikcə uzanıb gedir. Hərdən mənə elə gəlirdi, qatar gölün üzəri ilə gedirdi. Hava işıqlanmaqda idi. Duz səhrada hərəkətsiz dayanıb. Duz müqəddəsdir. Qafqazlarda da duz var. Bir vaxtlar bu qiymətli məhsul buradan Bağdada, hətta Hindistanın özünə də daşınırmış. Duzu israf etmək olmaz, o müqəddəsdir. Duz bütün xalqlarda eyni dərəcədə qiymətli və müqəddəsdir.

Daha öncə heç zaman duz səhrası görməmişdik.

Dəvə karvanını da ilk dəfə burada gördük. İyirmi beş dəvə ağır yüklə yellənə-yellənə, ağır addımlarla səhra boyu irəliləyir. Bu karvandan heç bir səs-səmir çıxmır. Heyvanlar və adamlar səssiz-səmirsiz fəxarətlə yolu tutub cənuba, İrana doğru hərəkət etməkdədir.

XV Bölüm

Səhər saat 7-nin yarısıdır, Bakını ağ rəngli duman başına alıb. Burada hər şey iki – ağ və qara rənglərdədir. Əhəng qarışmış toz adamların, heyvanların, evlərin, pəncərə şüşələrinin azsaylı bitkilərin və parkdakı alçaq ağacların üstünə qonur. Qaldığım oteldə masa üzərindəki yazılanları oxumaqdan ötrü hərflərin tozunu silirəm. Amma az sonra yazıları yenidən toz basır.

Neftin iyi bütün şəhərə yayılıb. O hər tərəfi – evləri, küçələri ağuşuna alıb. Neft qoxusu nəfəs aldığımız havaya qarışıb, hələ bu havaya öyrəşməzdən öncə durmadan öskürürsən. Neft iyi küçələrdəki toza, torpağa qarışır, külək əsdikdə – burada isə külək, demək olar ki, dayanmır – ağ neftli toz paltarlarınıza ləkə salır. Bizdə elə təəssürat oyandı ki, yer kürəsindəki ən xəstə şəhərə gəlib çıxmışıq.

135 min əhalisi olan Bakı Xəzər sahillərindəki ən vacib şəhərdir. Limanlardakı buxar gəmilərində, qayıqlarda, dəmir yollarında xeyli adam olur. Bu cür müasir hərəkətliliyin tən ortasında anbarların önündə düzülən dəvələrin ləhləməsi adamı heyrətə gətirir. Deyəsən, dəvələrin gözlərində kin var. Yüklənmiş bir dəvəni ayağa qaldırıb, sonradan onu yenidən oturmağa məcbur edirlər. Belə də etdi, amma ona elə gəldi ki, qisas almağa and içdi. İki sarı arxa dişini göstərdi. Gözlərində qəzəb və hiddət alovu yarandı. Sonra gözlərini yumdu, çünki burnundan zərbə aldı. Ona baxırdım, gördüm ki, altdan-altdan ona zülm verən adama baxır.

Biz Bakıdan aralıda yerləşən və neft şirkətləri yerləşən Qara şəhərə getməliydik. Bələdçimiz bir farsdır, ümumiyyətlə, buradakı bütün arabaçılar farslardır. Onlar atları şeytan kimi qovur, dillərini bilmədiyimdən onlara heyvanlarla mərhəmətli davranmaq lazım olduğunu izah edə bilmirəm. Sakit oturmaqdan savayı çarəm qalmır. Hə, bir də düşməkdən başqa.

Araba sürənə izah edirəm ki, atları da bizim kimi Allah yaradıb və hətta son araşdırmalara görə, onların da bizim kimi qəlbi var. Ancaq lənətə gəlmiş fars mənim qərbyönümlü düşüncələrimi görməzdən gəlir və təngnəfəs olmuş atları Qara şəhərə doğru çapmaqda davam edir. Biz məcbur olub onu saxladıq və buxar gəmisini gözləməyə məcbur olduq. Elə başa düşürsünüz, bundan nəsə dərs çıxartdı? Heç bir damcı da. Əvvəllər də “ingilisləri” gəzdirdiyi üçün onların fəndgir olduğunu yaxşı bilir. Bu səbəbdən halını da pozmadan elə arabadaca səhər yeməyinə girişdi. Oturacağının altından iki parça çörək və bir salxım üzüm çıxardıb üzüm-çörək yeməyə başladı.

Özümüzdən asılı olmadan öz ölkəmizin “mülayim iqlimində” ətyeyən arabaçılarımız haqqında düşünməyə başladıq.

Buxar gəmisi bizi təyin edilən yerə çatdırdı. Qara şəhərə ağ neft axıdan borulardan “minalar” döşənib. Tramvaylar yerdən çıxan və cürbəcür rəng çalarları alaraq parıldayan gölməçələrin üzərindən keçərək gedir. Buradakı üfunət iyi Bakıdakından daha güclüdür, hər şey yağ və quma batıb, buna rəğmən Pensilvaniyada gördüyüm neft şəhərciklərindən fərqli olaraq orda-burda həyətyanı bağ-bağata da rast gəlmək mümkündür. İnsanlar da fərqli geyimlərdə idi. Həm kasıb, həm varlı camaat ipək geyinmişdi, İran ipəyi.

Nobelin evinin yerini soruşduq, bu isə Osloda kral sarayın yerini soruşmaq kimi bir şey idi. Rusiyadan bizə yol-yoldaşlığı edən mühəndisi də axtarıb tapdıq, evləri təmiz, rahat idi, öncə öz əlləri ilə akasiya ağaclarını əkdikləri bağ-bağça vardı.

Bu alicənab insanlara burada yaşamaq çox xoş idi. Amma elə ki, bayırdan gələn pis iy çoxalırdı, pəncərələri bağlamalı olurdular. Nəzərə alsaq ki, hava çox bürkü idi – belə oturmaq heç asan deyildi. Mühəndis dedi ki, burada yaşadığı zaman içərisində daima Qafqaz qızdırmasından əziyyət çəkib. Yalnız vətəni Finlandiyaya məzuniyyətə gedərkən bundan yaxa qurtarmış, geri – Bakıya qayıdan kimi yenidən bu xəstəliyə mübtəla olmuşdur. Amma xanımı burada doğulduğu üçün özünü əla hiss edir. O, Bakını sevərək müdafiə edirdi.

Mühəndis məni nəhəng müəssisənin çoxsaylı binalarını, zavodlarını, iş otaqlarını gəzdirdi. Firmanın özünün dəmirçi, tökmə, dülgər sexi, model və çertyoj çəkmə emalatxanası vardı. Burada işləyənlərin çoxu finlər, isveçlilər, danimarkalılardır. Mühəndislə fabriklərə də baş çəkdik. Burada elə dəhşətli sobalar gördüm ki, heyrətdən ağzım açıla qaldı. Bu sobalarda 400 dərəcəyə qədər temperatur olur. Bu istilik metalları əritmək gücündədir, azğına dönmüş alovdan təkər uğultusuna oxşar səs gəlir. Alov saçan uğultunun yanından dərhal dala çəkilir və burada yenidən insan kimi görüb-eşitməyə başladım.

Mühəndis dayanmadan nəsə izah edirdi. Ancaq dediklərini yazdığımdan bunu etməməyimi tövsiyə etdi. Rəhbərliyin xoşuna gəlib-gəlməyəcəyindən əmin deyildi. Açıq-aşkar yazmaqdan çəkindim və dəftər-qələmimi arxamda gizlədərək yazdım. Amma belə etmək olduqca çətin idi, ona görə də suallarıma verilən cavabların çoxunu buraxmalı oldum. Çünki belədə, sürətli yazmaq mümkün deyildi. Bundan əlavə, yazdığım hərflər də çətin seçilirdi, onlar mənim Tiflisdə gördüyüm dərs kitabındakı hərflərə oxşayırdı. Axırda elə qısa-qısa yazdım ki, yazdıqlarımdan, ümumiyyətlə, heç nə başa düşmədim.

Məsələn, burdan nə başa düşə bilərsiniz? 261 buxar qazanı? Bilmirəm. Bu qədər buxar qazanı böyük bir firma haqqında düşüncə yaradır. Amma onların yerini, təyinatını, niyə dayanmadan çalışdıqlarını heç kim başa düşmür. Nobel varlı adam idi, onun bu qədər qazan təşkil etməyə imkanı, şübhəsiz, çatardı. O, buxar qazanlarını, qazanın altında ocaq yandırmağı xoşlayırdı. Sülli Prüdomun qazanlarını qızdırmaq üçün yanacağın olmadığını görəndə, ona yüz min kron məbləğində yardım etmişdi.

Başqa bir qeydim isə belədir: “Stəkanlarda 13 cür indiqo”. Burada da hər şey aydın deyil. Mən Nobelin rəng həvəskarı olduğunu yaxşı bilirdim. Bu lənətə gəlmiş Bakı tozdan elə rəngi qaçıb ki, adamı dəhşətə gətirir. Amma onu 13 növ indiqo ilə rəngləmək artıq ağ olardı. Nobelin də bunu etməsi doğru deyildi. Bu ki, oyunbazlıqdır.

İcazə verin, etiraf edim ki, qeydlərimi qarışdırmışam. Hərfləri yuxarı və aşağı elə düzmüşəm ki, onlara baxanda adamın ürəyi ağrıyır. Mənə elə gəlir, indiqo səhv yerə yazılıb. Gündəliyimi oxuyarkən, məni yüngül davranışda ittiham etməyin. Mən başa düşmədiyim yerləri vicdanla axtarıram. Onları tapanda isə bütün həqiqi alim kimi sevincimdən tullanıb düşürəm.

Mahiyyəti belədir işin: əvvəl mühəndis məni bir binaya gətirdi. Orada yaşıl rəngdə sıyıq kimi bir şey tökülmüşdü. Digər palçıq növlərindən qəti fərqi yox idi. Sen demə, bu xam neft idi. Bu binada həmin sıyıqdan benzin, kerosin, qazolin alırdılar. Sonra o, məni başqa bir binaya apardı və xam neftdən daha nə alındığını göstərdi. O qədər çox yağ adı saydı ki mənə, onların hamısını qeydlərimin içində axtarıb tapmaq mümkün deyil. Bu qədər şeyi gizli şəkildə yazmaq çox müşkül idi, odur ki, açıq formada dedim: “Palçığın içində distillə olunmalı çoxlu maddə var. Necə? Çoxlu distillə olunmuş maddə?” Mühəndis cavab verdi və mənə üzərində 13 növ stəkanın olduğu rəfi göstərdi. Həmin anda mən bir neçə addım kənara atdığımdan qələmim kağızın üzərindən sürüşüb düşdü.

Mühəndis isə neftlə bağlı hər şeyi mənə başa salmaqda davam edirdi. Ətraflı izah edəndən sonra mənə bir şeyin qaldığını dedi. Bundan sonra o mənə içinə nəsə doldurulmuş böyük bir anbar göstərdi, dedi, içində metal yağı var. Metal yağı, donuz yağı, cəsəd yağı eşitmişdim, amma metal yağı ilk dəfə eşidirdim. Amma buradakı məhz ondan idi. Görünüşü miskin idi, gözlərimi yaşardırdı, bu yağ, sən demə, əsl məhsuldanmış. Dedi ki, əvvəllər bu yağı dənizə tökürmüşlər, indisə yanacaq kimi istifadə edirlər. Onunla qazanları qızıdır, qatarları və maşınları hərəkətə gətirir, Xəzər dənizindəki gəmiləri təchiz edir, Həştərxana göndərir və Volqada üzən gəmiləri təchiz edirlər. Beləliklə, sən demə, mən indiqonu dəftərcəmdə hara gəldi yazdığım üçün lazım olan sətri səhv salmışdım.

Mühəndis bizimlə şəhərə gələrək hər yerdə bizi müşayiət edirdi. Dözülməz istidir, buna görə dükana girib özümə sarı rəngli ipək köynək alıram. İndi bir az qəribə görkəm almışdım. Skandinav gödəkcəmi çıxardandan sonra xeyli yüngülləşdim. Üstəlik də, ehtiyata bir dənə də yelpik götürdüm.

Bu şəhərdə hər kəs bu və ya digər dərəcədə qəribə geyimdə idi. Bakı müsəlman olan qədər Avropalı, Avropalı olan qədər də müsəlman şəhəri idi. Hər tərəf ipək parçadan tikilmiş geyimdir. Qadınlar naxışlı ipək don geyiblər, yuxarıdan isə olduqca zövqsüz görünən Berlin bəzək düzəyi asıblar. İran ipəyindən paltar geyinmiş kişilər pambıqdan Almaniyada istehsal edilən qalstuklar taxıb özlərini dartırdı. Otelə, döşəməyə, pilləkənlərə bahalı İran xalıları sərilmiş, divanlara və kürsülərə isə İran istehsalı çexol keçirilmişdi. Otel sahibi qızıldan eynək taxırdı.

Qalaya gedirik. Çox böyük, İran-Bizans stilində tikilmiş daşdan olan qala Bakının mərkəzində yerləşir. Onun əhatəsində Xan sarayı və məscidlər var. Xan sarayından indi hərbi anbar kimi istifadə edilir. Buna görə də qala divarlarından keçib getmək üçün mütləq komendantdan icazə almalısınız. İcazə üçün öz kartımı göndərməliyəm. Kartım isə yox idi.

Keşikçixananın qarşısında dayanmışam, nə edəcəyimi bilmirəm. Hər halda Vladiqafqazda Vensel Haqelstamın kartı köməyimə çatmışdı, indi də öz-özümə düşündüm ki, onun arvadının kartını sınamalıyam. Fru Mariya Haqelstam yazılan kartı çıxardıb keşikçinin qabağına qoyuram. O, baş əydi, sonra pasportumu istədi. Allahım özün kömək ol! Deyirəm və pasportumu ona verirəm. O, sənədlərin ikisinə də baxır, adları tutuşdurur, təbii olaraq hərflərin bir-birinə uyğun gəldiyini görür. Maraqlıdır, fəndim bu dəfə də keçəcəkmi? Açığı, o qədər də ümid etmirdim.

Keşikçi rəisi geri qayıdıb sənədimi qaytarır və qalanı mənə göstərmək üçün qarovulçunu bizə qoşur. Qarovulçu baş endirib bizimlə gəlir. Arxamızca gələn əli silahlı kazak isə bizi heç gözdən qoymur.

Bu arada mənim yol yoldaşlarım çöldə gözləyirdi və mənə görə bir qram da təlaş keçirmirdilər.

Deyilənə görə, bu xan sarayı 15-ci əsrə aiddir. Bayırdan çox baxa bilmədik, içəriyə isə bizi buraxmırlar. Qapılar yəqin bağlı olmaz, zatən burada qəti qapı yoxdur. Ancaq hakimiyyətdən salınmış xanın rahatlığını pozmaq olmaz. Qarovulçu ancaq rusca danışırdı, odur ki, mühəndisin bizimlə olması çox yaxşı oldu.

Əsas girişi də bizə göstərdilər, şərq ornamentləri ilə bəzədilmiş qapıdan başqa burada diqqətçəkən xüsusi nəsə yox idi. Hərəmxanaya giriş şərq qadınına göstərilən münasibətə uyğun – dar idi, amma xüsusi hərəmlər üçün nəzərdə tutulan giriş xüsusi və bir qədər yaxşı idi. Uzun dəhlizlərdə arakəsmələr, kiçik otaqlar vardı. Bələdçimiz dedi ki, sonuncu Bakı xanının 50 arvadı olub. 1808-ci ildə ruslar onun ölkəsini, şəhərini işğal edəndə, o da hamıya qoşulub qaçıb. Amma həmin Hüseynqulu xan əclafın yekəsi olub, adamlarına əmr edib ki, qalanın açarlarını Sisiyanova təqdim edərkən onu xəncərlə vurub öldürsünlər.

İndi biz bir şərq xanının sarayının qarşısında dayanmışıq. Bu sarayın sülh dövründə tikilmədiyi sarayı əhatə edən qalın bürclü divarlardan bilinir. Sarayda bir dənə də pəncərə yoxdu, yalnız böyük yarımdairəvi bürclər var. İşıq saraya onlardan süzülüb keçir. Gedə bildiyimiz qədər dərinliyə girdik. Camaatı burada qəbul edirmişlər, burada məhkəmə zalı olub, hökmləri elan edirmişlər. Orada isə, ola bilsin, hökmdarın taxtının qoyulduğu zal yerləşir. Addımlarımız əks-səda verirdi. Cəmi yüzcə il bundan qabaq burada belə sərbəst hərəkət edə bilməzdik. Çünki onda Bakı xanı buranın yenilməz hökmdarı idi.

Sarayın arxasında iki məscid yerləşirdi, onların birincisi xüsusi zərif ornamentlərlə bəzədilmişdi. Biz də deyirdik ki, indi molla minarəyə çıxacaq və inananları dua etməyə çağıracaq. Lakin saat artıq on ikinin yarısı idi, ondan isə hələ xəbər yox idi. Bu barədə bələdçimizə deyəndə yanında oturmuş başı əmmaməli qocalara öz dilində qışqıra-qışqıra nəsə dedi. Bir xeyli oyan-buyandan sonra başa düşdülər və başlarını buladılar: molla xəstələnmişdi.

Rus bələdçi öz kazakı ilə birgə bizimlə sarayın bütün ətrafını gəzdi. Ayrılanda bizə təşəkkür etdi, gülərək dedi ki, bizə qulluq etmək onun üçün xoş idi. Sonra sağ əlini papağının dimdiyinə yaxınlaşdıraraq xeyli belə dayandı.

Biz, haqqında xeyli əfsanələr dolaşan Qız Qalasını da görmək istədik, amma havanın istiliyinə görə bu alınmadı. Əvəzində parka getdik. Burada hər şey günəşin yandırıcı şüaları altında yanıb kül olmuşdu. Orda-burda alçaqboy akasiya, badam, əncir ağacları gözə dəyirdi. Burada eyni zamanda həsrətlə yağış gözləyən solmuş

çiçəklər də vardı. Hər şey miskin idi. Ağzımın suyu ilə isladıb tozdan təmizlədiyim yarpaqları günəş, bir də toz yandırmışdı, onlar xışıldayırdı. Odur ki, onları silərkən diqqətli olmalıydım. Yəqin ki, bu güllər gecənin bol şeyi olmasaydı məhv olardılar.

Yalnız dəvələrin möhkəm çənəsi belə bərk qanqalı yerindən qoparmağa qadir olar.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации