Электронная библиотека » Кнут Гамсун » » онлайн чтение - страница 8

Текст книги "Nağıllar Diyarına Səyahət"


  • Текст добавлен: 17 октября 2022, 09:00


Автор книги: Кнут Гамсун


Жанр: Зарубежная классика, Зарубежная литература


сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

XII Bölüm

Bu gecə dəhşət bürkü idi, olduqca narahat yatdım. Bir neçə dəfə oyanıb tərimi sildim, təngnəfəs oldum və yenidən yuxuya getdim.

Bir dəfə oyananda gördüm ki, arvadım durub lampanı yandırır və nəsə oxuyur. Həm yuxum gəlirdi, həm də qızdırmam vardı: özümü elə itirmişdim ki, bu qəribə hərəkəti ayırd edə bilmədim. Kitabı özü ilə gizlin gətirmişdisə, niyə hər gün məndən yeni mətbuatın köhnə sayını istəyib gülünc duruma düşürdüm? Səyahətə çıxdınsa, gərək heç vaxt özünlə yoldaş götürməyəsən. Yoldaşın hər zaman yalnız özü haqqında düşünür və xörəyin ən yaxşı tikələrini özünə götürür.

Narahat yatmışdım, indi durub ətrafıma göz gəzdirirdim. Hava işıqlanıb, saat beşdir. Qalxıb geyinirəm. Sonra bu otaqdan o otağa səslənirəm ki, artıq yatmaq mümkün deyil.

Arvadım soruşur:

– Yolda hansı polisə rast gəlibsən?

– Polisə?

– Demək, gecə qiraətinin mövzusu mənim gündəliyim imiş. Çünki polis işçisi haqqında heç kimə heç nə deməmişdim, əlbəttə, başqalarını yükləmək istəməyərək bu problemi təkbaşına çəkmişəm, məgər buna hüququm yoxdur?

– Açığı, belə ağ yalan danışmağa gərək yoxdur – divarın o tayından səs gəldi. – Heç mən sənin Kabi dağına getməyinə də inanmıram.

Mən bu kiçik ziyarətim haqqında da məlumat verməmişdim. Səfər elmi məqsədlə edilmişdi və bütün çətinlikləri göz önünə alaraq, bir gecə qurban eləmişdim ki, Coğrafiya cəmiyyətinə kömək edim. Yalnız əsl elm qurbanları belə edir.

– Bundan savayı, – arvadım deyir – bundan savayı sən çox xırdaçılıq edirsən.

Artıq səbrim daşır. Sevimli arvadım gecə vaxtı, qızdırmamın özümü və əşyalarımı müdafiə etməyə imkanımın olmadığı vaxt fürsətdən yararlanıb bütün yol gündəliyimi alt-üst edirdi. Bəsdir daha! Hətta sevimli arvadım belə yaxşı gündəlik yazmaq qabiliyyətimin olmaması barədə bədbin düşüncələrdədir. Artıq bəsdir!

– Bir az şəhərə çıxım, – dedim və ciddi görkəmlə otağı tərk etdim.

Otel əhli hələ yuxuda idi. Amma aşağı düşdüyümdə yuxulu vəziyyətdə gözlərini ovuşdura-ovuşdura yerindən sıçrayan qapıçını gördüm. O, tipik şərqdəki mehmanxanalarda görülə bilən, bir-iki fransızca söz bilən “mən deyənlər”dən idi. Susuram, çünki onun dediyi min kəlməyə bir kəlmə ilə belə cavab verə bilmirəm, yalnız qapını açmasını işarə edirəm. Çıxdıqdan sonra bu adamın nə danışdığını özüm üçün kəsdirməyə çalışdım. Əvvəlcə salam verdi, sonra hava haqqında danışmağa başladı. Sonra şəhəri gəzərkən mənə öz tərcümə xidmətlərini təklif etdi. Yalnız bunları başa düşdüm: amma çox şeyi qavraya bilmədim. Hə, xatırladım, bir də çəkmələrimi təmizləmək istədi.

Çox erkən olsa da, insanlar qapılarının ağzına çıxıb, söhbət edir, küçələrdə dolaşırdılar – bu qafqazlılar yatmır. Günəş hələ çıxmasa da, hava aydın, səhər gözəl idi. Otelin qarşısında böyük park var, mən ora gedirəm, parkı keçib o tərəfə çıxıram. Qarşıma çıxanların çoxu qafqazlı qiyafəsində və silahlı idi. Bəziləri avropalı kimi geyinib və şlyapa taxıb. Zabitlər çərkəz paltarındadır. Gözümə, demək olar ki, qadın görünmür.

Səhər yeməyinin vaxtına kimi şəhəri yaxşı-yaxşı gəzib tanımaq istəyirdim, amma tezliklə buna müyəssər olmayacağımı anladım. Hiss etdim ki, acmışam. Bir torba üzüm aldım ki, bir az toxtayım, amma bir şimallı kimi doymaq üçün mənə çoxlu ət və çörək lazım idi. Parkı keçib otelə qayıdıram.

Hələ heç kim yuxudan durmamışdı. Qapıçı yenə fransız dilində üyüdüb-tökməyə davam etdi. Ondan canımı qurtarmaq üçün taybatay qapılarından biri itələyib açdım və oxu zalına keçdim. Masaların birinin üzərində Bedekerin Rusiya və Qafqaz səyahətini tapdım. Tiflis fəslini tapıb oxumağa başlayıram.

London adlanan otelimin bir ulduzu vardı. Şəhərin əhalisi 160 mindir. Kişilərin sayı qadınların sayından iki dəfə çoxdur. Bu şəhərdə 70 dildə danışırlar. Yay temperaturu 21, qış isə 1 dərəcədir. Bu şəhər bir vaxtlar romalıların, türklərin, farsların əsarətində olub. Tiflisin inkişafı hazırda yolayrıcı kimi əlverişli coğrafiyada yerləşməsi, Xəzər və Qara dənizlərindən Ermənistanın alçaq dağlıq ərazilərindən, Rusiyadan gələn ticarət yollarının üzərində yerləşməsi ilə bağlıdır. Tiflisdə muzey, şəkil qalereyası, teatr, Nəbatət bağı, hərbi qala var. Bundan başqa, şəhərdə gürcü çarlarının sarayı da var, amma indi türmə kimi fəaliyyət göstərir. Sonda, burada bir rus generalın heykəli də var. Şəhərin ən hündür yerində David monastrı yerləşir. Monastr gürcülərin müqəddəs saydığı Mtastmind dağında yerləşir. Qarşısında Qriboyedovun abidəsi ucalır.

Xatırlayıram. Bedekeri bağlayıb Qriboyedovu oxumağa başlayıram. Azacıq. Sadəcə “Ağıldan dərdli” adlı əsərini yazması barədə. Mən bacarıqla deyilmiş “ağıldan dərdli” ifadəsini başa düşmürəm. Amma bu kitab fərqli dillərdə “Dahilərin lənətlənməsi”, yaxud digər adlarla tərcümə edilib.

Qriboyedov Tiflisli bir knyazın qızı ilə ailə qurub, qızın cəmi on altı yaşı olub. O, İrana səfir gedib və 35 yaşında kütlə tərəfindən qətlə yetirilib.

Arvadı onun ölümündən sonra 28 il yaşasa da, heç kimə ərə getməyib. Sonda o, ərinə David monastrının qarşısında heykəl qoydurub. Abidənin üzərinə onu heç zaman unutmayacağı ilə bağlı gözəl yazı yazdırıb.

Yadıma burada olmuş bir çox rus şairi – Puşkin, Lermontov, Tolstoy düşür. Sonra oturub, ümumiyyətlə, rus ədəbiyyatı ilə bağlı bəzi məlumatları hazırlayıram. Hələ çox erkəndir, hansısa məlumatı tərtib etmək üçün çox əlverişli olan bu otaqda məndən başqa heç kim yoxdur. Çünki bu otaq elə xoş, elə dardır ki, bir pəncərəsi belə yoxdur.

Belə götürəndə rus ədəbiyyatı elə nəhəngdir ki, onu tam tərtib etmək çox çətindir. O qədər genişdir ki… Bu isə rus ərazisinin, həyatının böyüklüyündən qaynaqlanır. Turgenevi bir qırağa qoyuram. O, rus olduğu kimi eyni zamanda həm də fransız idi. Onun qəhrəmanları səmimiliyi, yalnız ruslara məxsus qərarsızlığa, səbatsızlığa meylli olması ilə seçilmir. Başqa bir diyarda tutulmalı olan içki aludəçisi küçənin ortasında bir polisi qucaqlayıb öpərək bağışlanmasını dilədiyi üçün azad edilərmi? Turgenevin qəhrəmanları olduqca yumşaq, təmiz insanlardır, onlar ruslar kimi düşünüb hərəkət etmir. Amma onlar çox nəvazişli, fransızlar kimi məqsədyönlüdürlər. Turgenev güclü ağıla malik olmayıb, amma onun ürəyi yuxa olub. O, humanizm prinsiplərinə, Qərbi Avropa dəyərlərinə inanıb. Onun fransız müasirləri də eyni şeylərə inanırdı. Ancaq bəzi ruslar, xüsusən də, Dostoyevski və Tolstoy onun dahiliyini inkar edirdi. Qərbin xilas gördüyü yerlərdə onlar ümidsizlik görürdü. Onların yetmişinci illərdəki tanrıya inam burulğanına düşmələri yersiz idi. Tanrıya inam. İvan Turgenev güclü idi, özü üçün o zamanlar normal yol sayılan aydın və geniş yol düzəltmişdi. Bu yol ona uyğun gəlirdi və o, məhz bu yolla gedirdi.

Danışırlar ki, o, Berlin universitetini bitirib vətəninə qayıtdıqda özü ilə təzə mədəniyyət də gətiribmiş. Eyni zamanda ölüm yatağında olarkən Tolstoya bir namə yazıb, orada ona yalvarıb ki, əvvəlki dürüstlüyünə qayıtsın. Yazıb ki, yalvarışlarımı eşitsən, özümü çox xoşbəxt sanardım.

Turgenev ölərkən səmimi, inamlı bir insan kimi öldü. Digər tərəfdən Dostoyevski fanat, dəli-divanə, dağınıq, çılğın biri idi – öz qəhrəmanları kimi. Onun slavyanpərəst olması, bəlkə də, bir az hədsizlik idi. Bu, səmimi olmağa can atan xəstə dahinin hirsli inadı idi. Bu barədə bağırır, xırıldayırdı. Onun rus tanrısına olan inamı, ola bilsin, Turgenevin Avropa tanrısına olan inamından artıq deyildi. Digər ibarə ilə, onların hər ikisinin inamı sarsılmaz idi. Necə ki, “Karamazov qardaşları”nda filosof olmaq istəyir və əməlli-başlı dolaşığa düşürdü. O, eyni zamanda həm gəvəzəlik edir, həm yazır, həm də danışırdı. Bu onun qələminin gücü üzə çıxana kimi belə davam etdi. İnsan təbiətinin incəlikləri heç zaman onunku qədər incə şəkildə qütbləşməmişdi. Onu qiymətləndirməyin bir meyarı yoxdur, o – tənhadır. Müasirləri onun dahiliyinin miqyasını müəyyənləşdirməyə çalışsalar da, bunu bacara bilmədilər, çünki o müqayisə olunmayacaq dərəcədə dahidir. Bir düşünün: “Sovremmenik” jurnalının Nekrasov adında bir redaktoru olub. Bir gün bu adamın yanına cavan bir oğlan gəlib deyir: bunu çap edərsiniz? Gələn cavan oğlanın adı Dostoyevski, əlyazmanın adı isə “Yoxsul adamlar” olur. Nekrasov gecədən səhərə kimi əlyazmanı oxuyur və dəhşətə gəlir, Belinskinin yanına qaçır, onu yuxudan oyadır və qışqırır: “Bizdə yeni Qoqol meydana çıxıb”. Ancaq bir ədəbi tənqidçi kimi Belinski skeptikdir, o, yalnız əlyazmanı oxuduqdan sonra Nekrasovla bərabər sevinməyə başlayır. Dostoyevski ilə görüşərkən, o, gənc yazarı ürəkdən təbrik edir, Dostoyevski isə dərhal onu itələyir, çünki özünü dahi sanırdı. Dahi – nə az, nə çox. Böyük Belinski Dostoyevskidə hamının bildiyi ciddiliyi görə bilmir. Bu adam heç bir ölçüyə sığmırdı, o tək idi. Amma indi Belinskinin fikirlərini oxuyanda görürəm ki, onlar çox quru səslənir. Belə yazırdı: “Necə də böyük fəlakət! Amma Dostoyevski öz üzərində çalışmaqdansa, artıq indidən özünü dahi sanır. Bu səbəbdən çox uzağa gedə bilməz. Amma Dostoyevski özünü dahi sanmaqla bərabər öz üzərində də işlədi və elə uzaqlara getdi ki, hələ də heç onun səviyyəsinə qalxa bilməyib. Allah şahiddir, əgər Dostoyevski öz üzərində işləməsəydi, dahi saymasaydı, özünü dahi məsələlərinin həllinə girişərdimi? İndi onun on iki cildliyi var, amma bunu digər müəlliflərin on iki cildliyi ilə heç müqayisə etmək olmaz. On iki nədir, heç 24 cildliyi ilə də. Götürək elə “Mülayim qız” hekayəsini. Balaca bir kitabdır, amma bizim hamımız üçün ibrətamizdir, əlçatmazdır, gəlin hamımız bunu etiraf edək”.

Amma indi burda oturub düşünürəm ki, Belinskinin “Dostoyevski öz üzərində işləməkdənsə, artıq özünü indidən dahi hesab edir, ona görə də çox uzağa gedə bilməyəcək” sözləri düşündürücüdür. Belinski müasirləri olan Qərbi Avropa şairlərinin şerlərini oxuyub əzbərləmişdi. Dostoyevski də bəzi şeyləri, xüsusən də, bir çox insanın fikrində ləyaqət sayılan ciddiliyi öyrənməli idi.

Tolstoy haqqında düşündüyümdə bu dahinin həyatında hansısa saxtakarlıqların, özündən asılı olmayan yalanların olması haqqında düşüncələrdən özümü saxlaya bilmirəm. İlk növbədə bu həqiqi acizlikdən doğa bilərdi. Belə güclü insan nəyə isə qurşanmış, bütün sevinc-nəşəsi bitib-tükənmiş və o, son dərəcə səmimiliyi ilə dini hoqqabazlığa atılmışdı. Əlbəttə, başlanğıcda o, çox az itirmişdi. Ancaq hədsiz güclü olması ona dayanmağa imkan vermədi. Belədə, bu onun vərdişinə, bəlkə də, təbiətinə çevrildi. Oyuna başladınsa, bu, təhlükəlidir. Məsələn, Henrik İbsen işi o yerə çatdırmışdı ki, Münhen şəhərində bəli, saatda, bəlli kafedə, bəli, masada eləcənə sfinsk kimi otururdu… Sonra isə bu oyunu davam etdirməli oldu, getdikdən sonra belə camaat qarşısında bəlli saatda, bəlli kürsüdə oturmalı idi. Səbəb insanların ondan məhz bunu gözləməsi idi. Bəlkə də, bundan hərdən dəhşətli əzab çəkirdi. Ancaq hədsiz güclü olması ona dayanmağa imkan verirdi. İlahi, bu Tolstoy və İbsen necə də güclüdürlər. Çoxları, əminəm ki, belə oyunu bir həftədən çox sürdürə bilməzdi. Ola bilsin, onlar hər ikisi vaxtında dayansaydı, buna böyük əmək sərf etmiş olardılar. Amma çox təəssüf, indi onlar məndə olduğu kimi bir çox başqa adamlarda da yalnız gülüş doğururlar. Əlbəttə, buna dirəniş göstərmək üçün onlar kifayət qədər böyük və güclüdür, onlar hətta bizim özümüzü belə lağa qoyub gülə bilər. Özləri-özlərinin çoxillik hoqqalarına yüngül gülümsəyərdilər. Onların başqa insanlara, amma birinci özlərinə yeritdikləri şeylər onları yalnız kiçildir və daha gücsüz göstərir. Belə itkinin yerini isə yalnız böyük bədii əsərlə doldurmaq mümkün idi.

“Hərb və sülh”, “Anna Karenina” – heç şübhəsiz ki, bunlardan böyük əsərləri heç kim yaratmayıb. Və təəccüblü deyil ki, dahi yazar həmkarım hətta ölüm yatağında belə bu cür əsərlərin yaranmasını xəyal edir. Lakin indi bu barədə düşünəndə, Tolstoyun insanların ondan sonra bu cür dahi əsərlər yaratmaq istəməsini əngəlləməsini məmnuniyyətlə anlaya və başa düşə bilərəm. Buna özünü layiq bilən, onun fəaliyyətini yüksək qiymətləndirən, bunu özünə fəxarət bilən başqa insanlar da gözəl bədii əsərlər yarada bilər. Başa düşə bilmədiyim digər bir məqam böyük yazıçının fəlsəfə, müəyyən düşüncə tərzi formalaşdırmağa yönəlmiş əbəs cəhdləridir. İbsenlə onu eyni tale xətti birləşdirir. Onlardan heç biri dahi alim, mütəfəkkir deyil, amma ikisi də bir ayağının üzərinə çıxıb və məhz bu cür də qalmaq istəyirlər. Guya ki, bununla onlar daha elmi görünür və belə lap yaxşıdır. Digərləri, bizlər isə o qədər kiçiyik ki, onlara gülürük. Bu adamlar isə çox böyük olduqları üçün bizlərə əhəmiyyət vermir. Düşüncə bir şeydir, geniş əks-səda yaratmaq cəhdi isə başqa şey. Arzu etmək isə üçüncü bir şey. Onlar xəyal qurur, belələri isə nə qədər istəsən çoxdur. Qulbrandsdallı bir kəndçi bütün ömrünü xəyallar qurmaqla keçirdirdi, elə yaxşı başı vardı ki, hamı ondan danışırdı. Alnı da şairlərdəki kimi geniş idi. Bir dəfə o, bir saat kəşf etdi və həmin saat bütün qurşaqlardakı vaxtı göstərməli idi. Bunu düşünə-düşünə o, dağdan heyvanlarına ot gətirirmiş. Sonradan bu əhvalatı danışanda göz yaşı tökürmüş, hər zaman da həmin anda heyvanlarına dağdan ot gətirdiyini deyirmiş.

Belədə isə, o, həm özünə, həm də məhəllə sakinlərinə çox qəribə görünürdü.

Tolstoyun həqiqətləri isə son dərəcə sadə uydurmanın şit həqiqətlərlə sintezindən ibarətdir, bu da əsassız deyil. Çünki o, tarix boyu bir mütəfəkkir belə yetişdirə bilməyən xalqa məxsusdur. İbsenin məxsus olduğu xalq da elə belədir. Həm Norveçdə, həm Rusiyada çoxlu yaxşı şeylər var, ancaq bir mütəfəkkir belə yoxdur. Böyük ədiblər olan Tolstoy və İbsenə qədər.

Bu ölkələrdə şairlərin həm də niyə mütəfəkkir olması tam aydındır, çünki bu ölkələrdə bu işə yarayacaq başqa kimsə yoxdur. Bu səbəbdən heç də əsassız seçim deyil, pinəçi gəlib dahi mütəfəkkir olmayacaq ki! Hətta istəsəniz, bunun necə baş verdiyini izah edə bilərəm. Ancaq izah etməmişdən qabaq pəncərəni yaxşı bağladığımdan əmin olmalıyam.

Kim yetmişinci illərdə yaşayacaq qədər yaşlıdırsa, bu dövrdən başlayaraq şairlərin düşüncəsində hansı dəyişikliklərin baş verməsindən xəbərdardır. Bu vaxta qədər onlar hekayəçi, tərənnümçü idilərsə, ondan sonra zamanın tələb etdiyi kimi qulluqçu, müəllim, islahatçı oldular. Bu insanların islah olunmasının başlanğıcını, əsasını qoyan ingilis fəlsəfəsidir.

Fantaziyanın nisbətən az, səylərin və sağlam düşüncənin isə daha çox yer aldığı ədəbiyyat meydana gəldi. Adi adamın hər şeyindən yazmaq olardı. Yetər ki, “gerçəkliyə sadiq qalasan”. Bu vəziyyət bütün ölkələrdə çoxlu sayda yazıçı meydana çıxartdı. Ədəbiyyat böyüməyə başladı. Elm məşhurlaşdı. Ədəbiyyat ictimai məsələlərlə məşğul oldu, idarə və müəssisələri dəyişdirdi. Teatrda dramatik nöqteyi-nəzərdən doktor Ranqın onurğa sütununu, Osvaldın beynini görmək olardı. Əsərlərdə azadlıq və genişlik daha çox idi, meydan hətta İncilin tərcüməsində qüsurlarla bağlı müzakirələr açacaq qədər geniş idi. Şairlər hər şeyə fikir bildirən insanlara çevrildilər. İnsanlar bəzən şairlərin təkamül haqqında nə düşündükləri, Zolanın irsiyyətin qanunları haqqında dedikləri, Strindberqin kimya sahəsindəki kəşfləri barədə özlərinə suallar verirdi. Bütün bunlar ona gətirib çıxartdı ki, şairlər cəmiyyətdə daha əvvəl tutmadıqları yerləri tutdular. Onlar böyük xalqlara rəhbərlik edir, hər şeydən xəbərdar olur. Jurnalistlər onlardan əbədi dünya, din, dünya siyasəti haqqında müsahibələr götürür. Xarici mətbuatda onlar barədə hər hansı bir yazı getdiyində isə lokal mətbuat bunu böyük uğur kimi qələmə verirlər.

Əvvəl-axır adamlar anlamalıdır ki, şairlər dünyanın qalibidir, onların zamanın mənəvi dünyasına nüfuz edir, onlar xalqı xəyallar aləminə aparır. Hər gün davam edən bu tərifnamələr, onsuz da, sitayişə meylli olan insanlara öz təsirini göstərməliydi. Sən çalışqan oğlan olubsan! Onlar öz-özlərinə deyir, amma bu haqda hamı danışırsa, bütün qəzetlər yazırsa, deməli, bu belədir ki, var. Bir halda ki, xalqın başqa düşüncəli adamları yoxdur, demək, filosof olmaq şairlərin boyunlarına düşür. Odur ki, onlar bu boş qalan yeri həvəslə tutdular. Ümumiyyətlə isə, onlarda da bütün savadlı adamlarda olduğu kimi bir qədər fəlsəfəyə meyl var. Məhz bu məqama əsaslanıb onlar bir ayağı üstə dayanıb alınlarını ovuşdurur, öz müasir zamanlarının fəlsəfələrini qururlar.

Bütün bunlar ümumi götürəndə elə belə də baş verir. Bir halda ki, bu oyun başlayıb, onu elə belə də davam etdirmək lazımdır. Amma kaş onu saxlamağa gec və iradə olardı!

Dahi şair Tolstoy! Mütəfəkkir kimi özünü gözdən salmaq aqibəti ondan da yan keçmədi. Bu sənətə olan hədsiz meyli, bəlkə də, digərlərinə özündən daha az təsir edirdi. Düzü, başqalarının nə fikirləşdiyini bilmirəm, ancaq mən bunu mümkün hesab edirəm. Bir də görürsən qəzetlər onun fikirlərinə yer verir. Bundan başqa tez-tez qələmə aldığı kitablarında indiki və gələcək dünya haqqında mülahizələrini bölüşür. Bir neçə il bundan qabaq o, “özünü cinsi əlaqədən tamamilə məhrum etmə” haqqında əxlaq təlimini nəşr etdirmişdi. Amma bu təlimin əleyhinə çıxanlar da oldu və onlar “o halda dünya boş bir səhraya çevrilər” dedilər. Tolstoy onlara belə cavab verdi: “Bəli, məsələnin əsl məğzi ondadır ki, dünya elə səhraya çevrilməlidir”. Əşşi, köhnə nəzəriyyədir!

Tolstoyun kiçik yazılarından biri belə adlanır: “İnsana çox yer lazımdırmı?” Söhbət Paxom adlı bir kəndlidən gedirdi. Bu adamın torpağı çox azdır, odur ki, beş desyatin əlavə alır. Bir qədər keçir, qonşusu ilə mübahisəsi düşür, onun da torpağını alıb öz torpağına qatır. Demək olar, xırda mülkədardır. Bir qədər keçir, Volqaboyundan bir kəndli gəlir, adı Paxoma, deyir ki, orada kəndlilərin vəziyyəti çox yaxşıdır, orada pulsuz torpaq paylayırlar. Deyir ki, il ərzində bir neçə min rubl dəyərində buğda satırlar. Paxom Volqaboyuna gedir. Orada torpaq əldə etməklə bağlı heç bir çətinliklə üzləşmir, nə qədər istəyir, o qədər torpaq sahibi olur. Amma sərvətini getdikcə artırmaq istəyən Paxom istirahət etmədən elə hey çalışır. Bir gün iş yoldaşları tarladan onun meyitini tapırlar. Bu da son. İşçiləri ona qəbir qazır, qəbir üç arşındır. Mütəfəkkirin buradan gəldiyi nəticə budur: adama bu dünyada cəmi üç arşın torpaq lazımdır. O da basdırılmaq üçün.

Ola bilsin, belə daha da düzgün olar: bir adama üç arşın torpaq xeyli azdır, bu qədəri ancaq bir meyitə bəs edər. Birinci ona görə ki, meyit artıq insan deyil, ikincisi də, meyit basdırılmasa da olar və belədə, həmin torpaq da dahi şairin özünə qalar.

Tolstoyla bağlı daha bir xırda məsələyə baxaq: bir nəfər güzəranından narazı idi, buna görə daima Tanrıya şikayət edir: “Qurban olum sənə, başqalarına hər şeyi verirsən, amma mənə heç bir şey vermirsən. Mənim heç nəyim yoxdursa, onda bu həyatda nəyə nail ola bilərəm axı?” Qoca bir kişi bu sözləri eşidib cavab verir: “Məgər sən düşündüyün qədər kasıbsan? Yəni, Allah sənə cavanlıq və sağlamlıq verməyib?” Adam “hə” deyir və bunu inkar edə bilmir. Çünki onun gəncliyi də, sağlamlığı da yerində idi. Onda qoca həmin adamın sağ əlindən tutur: “Min rubl müqabilində icazə verərsən sağ əlini kəsim?”. “Yox” – adam deyir. “Yaxşı, sol əlini”. Buna da “yox” deyir. “Yaxşı, bəs on min rubl versəm gözlərini verərsən?”. “Allah göstərməsin!” – adam bu təklifə də razı olmur. O zaman qoca deyir: “Allah gör sənə nə qədər mal-dövlət verib, sən isə şikayət edirsən”.

Yaxşı, fərz edək ki kasıbın nə sağ əli, nə sol əli var, heç onun on min rubla dəyən gözləri də yoxdur, odur ki, qoca deyir: “Sən yoxsulsan ki? Sənin ki, on beş min rubla dəyən qarnın, iyirmi minə satıla biləcək onurğa sütunun var”.

Tolstoy sözü də, deyilənə görə, rus dilində “gonbul” deməkdir.

O, məntiqdən xali deyil. Nədən desən uydurur və onun məntiqinə görə bu elə uydurulmalı mövzudur. Orqanlarından da məhrum deyil. Ancaq başının ortası boşdur. Elə bil qayıqda kürək də var, digər alətlər də, sadəcə kürəkçəkən yoxdur.

Ya da, ola bilsin, mən özüm bütün bunları anlaya bilmirəm. Dediklərim hamısı sadəcə mühazirədir, məcbur deyil hamı razılaşsın, bunlar sadəcə özüm üçündür. Mənə görə, Tolstoyun sayıqlamalarından daha bərbad şeyləri axtarıb tapmaq mümkündür.

Ancaq o, filosof rolunu oynamaq istəyən digər həmkarlarından dəfələrlə çəkicidir. Çünki onun ürəyi açıq, qəşəngdir. İlk on sözdən sonra ağzını yummur, inanılmaz dərinliyi axtarıb tapmağa məcbur etmir. Elə hey danışır, ucadan və ehtiyatla yalnız doğru olanı deyir sizə. Artıq danışmasından, dünyanın gözünün onda olmasından çəkinmir. İstədiyindən də çox danışır. Səsi böyük və dərindir. O, qədim peyğəmbərdir, hə, elədir. Bizim dövrdə onun kimi bir başqası yoxdur.

İnsanlar onun sözləri eşidib düşünə, sözləri lazımı yerlərdə yerləşdirə bilir. Bu sözlərdən öyrənə bilərlər, həmin sözlərə uyğun yaşaya bilərlər. Əgər insanların vecinə deyilsə ki, bu sözlər dünyanın dönüşü və məzmunu haqda baş-ayaq sayıqlamalardır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации