Текст книги "Nağıllar Diyarına Səyahət"
Автор книги: Кнут Гамсун
Жанр: Зарубежная классика, Зарубежная литература
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 11 страниц)
Siyasətlə bağlı ciddi bir fəaliyyətim yoxdur.
– Şərqə tərəf gedirsiniz? – zabit xəbər aldı.
– Elədir. Amma xahiş edirəm, məndən nə istədiyinizi söyləyin.
– Nə istədiyimi? – dedi – Mən sadəcə sizin təlaşsız öz yolunuza davam etmənizi istəyirəm. Biz ruslar kobud adamlar deyilik, amma mənə verilən əmr belədir.
– Demək, belə? – dedim və qəhqəhə çəkdim – Əmrinizin məğzi bəs nədən ibarətdir?
– İcazə verin, bir şey soruşum. Siz bura gələndə Vladiqafqazdakı bütün poçt atları kirayə tutulmuşdu?
– Hə, bir fransız şirkəti bütün atları bir həftəliyə kirayələmişdi.
Bunu eşidən zabit güldü:
– Atları mən kirə tutmuşdum.
– Siz?
– Beşdağdan teleqram vurmuşdum.
– Hə, lap yaxşı. Nə olsun?
– Sizin səfərinizi bir gün yubatdım ki, bura, dağlara sizdən daha öncə gəlim yetişim.
Bu heyrətamiz idi, amma bunları söyləyən böyük bir adam idi.
– Heç olmasa indi məndən nə istədiyinizi deyə bilərsinizmi?
Zabit dedi:
– Sizi həbs etməliyəm.
– Səbəb?
– Səbəbini sonra biləcəksiniz. Mən müstəntiq deyiləm.
Mənə verilən əmr belədir.
– Bu əmr məni həbs etmək barədədir?
– Bəli.
Bir an düşünüb dedim:
– Mən sizə inanmıram – ayağa qalxdım.
Zabit də ayağa qalxdı: yəni, istəsəm pəncərəyə tərəf keçə bilərdim, mənim yolumu kəsməyəcəkdi. Bu məni bir qədər sakitləşdirdi.
– Bu, bütün hallarda son dərəcə böyük anlaşılmazlıqdır.
Məni yüz faiz kimləsə səhv salırsınız. Baxın, pasportum.
Pasportumu götürdü, oxudu, sonra özümə verdi.
– Bunları onsuz da bilirdim. Pasportunuzda problemin olmadığından xəbərdar idim.
– Bəlkə, adamları qarışıq saldığınızı boynunuza alasınız.
– Adamları qarışıq salmaq? – bir az tələsərək dedi. Cibindən bir neçə eyni ölçüdə şəkil çıxartdı, mənimkini seçib özümə verdi.
Baxdım və inanmadım: bu həqiqətən mənim şəklim idi. Yalnız bir qədər keçəndən sonra özümə gəldim. Fotoqrafın adına, şəkli hansı paltarda çəkdirdiyimə baxmağı unutmuşdum. Hər bir halda bu şəkli tanımadım və daha əvvəl heç vaxt görməmişdim.
Şəkli məndən alıb yenidən pulqabına dürtdükdə mən bir az şübhəli şəkildə xəbər aldım:
– Bu şəkil böyük ehtimal qatarda çəkilib. Onu tanıya bilmədim. İcazə verin, bir daha baxım.
O, çaşan kimi oldu.
– Şəklinizdəki sizin sifətiniz deyildi?
– Xahiş edirəm, bir də verin, baxım.
Şəkli qeyri-peşəkar çəkmişdi, paltarı tanıdım, indi geyindiyim paltar idi.
Şəkli bir daha mənə uzadıb dedi:
– Deyəsən, əyninizdəki elə şəkildəki paltardır. Şəklinizi qatarda çəkmişdim. Çox vaxt güddüyüm adamların hamısını belə edirəm. Yəqin siz özünüz də mənim yanılmadığımı görürsünüz.
Bütün bunları dolanbac yollarla danışdıqdan sonra dedikləri həqiqət kimi səslənirdi. Bir müddət məni qeyri-adi həyəcan bürüdü. Bu şəxs məni indi tutsaydı, bütün səyahətim pozulmuş olacaqdı. Bir də Allah bilir, bu özümü qoruya bilməyəcəyim ölkədə daha hansı xoş olmayan sürprizlərlə qarşılaşa bilərdim. Ümidsiz şəkildə xəbər aldım:
– Başqa durum olsaydı, həbs olunmaq həm mənə xoş olardı, həm də səyahətimə rəngarənglik qatardı. Ancaq indi belə bir planım yoxdur. Mən tək deyiləm.
– Çox üzgünəm. – dedi – Çox istərdim ki, sizi və arvadınızı bağışlaya bilim.
Artıq, ciddi-ciddi bu barədə düşünməyə başladım.
– İkimizi də həbs etməlisiniz?
– Yox, ancaq sizi. – deyə cavab verdi. İndi dağlarla geriyə!
Yol məni qorxutmurdu, ancaq şərqə doğru səfərimiz təxirə salına bilərdi, bəlkə, tamamilə pozula da bilərdi.
– Bəlkə, məni Tiflisə göndərəsiniz? – dedim – Tiflis elə yolüstüdür. Bakıda konsulumuza müraciət edərik, bu kiçik anlaşılmazlıq da aradan qalxar.
Zabit düşündü.
– Bu xoşagəlməz hadisədən qurtulmanız üçün əlimdən gələn köməyi göstərib sizi Tiflisə göndərərəm – dedi.
– Sizə son dərəcə təşəkkür edirəm – dedim.
İndi ikimiz də oturub düşünürdük. Birdən o, baş əyib dedi:
– Yola düşənə kimi istədiyiniz yerə gedə bilərsiniz. Şübhələrim hələ də içimi didib-dağıdırdı. Dedim:
– Niyə bəs, əvvəlcə məni Vladiqafqaza göndərmək istədiyinizi dediniz?
– Əvvəlcə Vladiqafqaza, – o bir qədər səbirsiz cavab verdi – Əvvəlcə dedim, sizi Vladiqafqaza göndərim. Bu sizin özünüzə də yaxşı olardı. Çünki sizi ordan Peterburqa yola salacaqdılar.
– Belə?
– Tiflisə sizi yalnız öz arzunuzla aparıram. Bu mənim aldığım əmrə ziddir.
– Sənədlərinizi mənə göstərin – birdən söylədim.
Güldü, cibindən hər səhifəsində möhür olan qalın kağız topası çıxartdı. Dili rus olduğu üçün ordan heç nə başa düşmədim. Ancaq zabit bir-bir yazıları göstərərək mənə izah etdi ki, burada onun adı, burada polis olduğu, burada polisin məni hara getməyimdən asılı olmayaraq, izləmə əmri qeyd edilib.
Artıq deyəcək bir sözüm qalmamışdı, ona görə çəkilib susmalı oldum.
– Bəlkə, icazə verəsiniz, düşüm aşağı və arvadıma səyahətimizin yarımçıq qalması barədə məlumat verəm?
Bir qədər susdu, sonra dedi ki, elə o da bu barədə düşünürmüş.
– Mən ən çox sizin həyat yoldaşınız üçün narahatam. – dedi – Düzgün başa düşün məni, həm də sizə görə. Sizin ikinizə də yaxşı olmayacaq.
– İcazə verin, Tiflisə çataq, hər şey qaydasına düşəcək.
– Sizin ümidləri puç etmək mənim üçün çox ağırdır – dedi. – Ancaq bir şeyi deyim ki, hər şeyin aydınlaşması bir ay uzana bilər.
– Amma mən axı heç nə etməmişəm – artıq qışqırdım.
– Mümkündür. Mən inanıram sizə. Ancaq bunu sübut etmək sizə çox vaxt və çər-çevik bahasına başa gələcək. Mənə inanın.
Buna inandım, yenidən məyus oldum, başımı yerə dikdim.
– Amma bir çıxış yolu var.
– Var?
– Olmalıdır. Amma hər iki tərəfin arzu və istəyi ilə.
– Necə ola bilər bu?
– Biz ruslar heç də kobud deyilik. Bəzən hər hansı sövdələşməyə getməkdən imtina etmirik.
Bu adama baxdım.
– Bəs mən sizinlə sövdələşə bilərəm?
Birinci çiynini çəkdi, sonra avropasayağı hərəkət edərək əlini azca irəli uzatdı.
– Çıxış yolu budur. Bu, işarədir.
Dərhal özümü daha rahat hiss etdim, uğunub getdim.
Əlimlə çiynini şappıldadıb dedim:
– Sizə afərin, həqiqətən, sizdən yoxdur, yarım saatlıq sövdələşməmizə görə sizinlə necə hesablaşmağımı əmr edirsiniz?
– Mən çox adamı belə özünü itirmiş görmüşəm. Sizə buna icazə verirəm, özü də böyük məmnuniyyətlə. Bu, insanları gərginlikdən qurtarır.
– Bağışlayın, indi gedirəm. – dedim – Həm də Tiflisə qədər öz karetamda sizinlə gedəcəyim üçün məni bağışlayın.
– Problem yoxdur. – dedi – Amma dincələcəyiniz hər bir stansiyada mənimlə qarşılaşacağınıza hazır olmalısınız. Çox güman gəlməyəcəkdi. Bu şəxs qətiyyən polis deyildi, məndən pul qoparmaq istəyən zavallı fırıldaqçının biri idi. Əlbəttə, Beşdağda olmuşdu, qəpik-quruşunu qumarda uduzduqdan sonra Qafqazda var-gəl etməyə başlamışdı.
İstədim, onu tamamilə yaddan çıxarım və arvadıma bu barədə heç nə deməyim.
Beləliklə də, biz Mletleri tərk etdik.
IX Bölüm
İndi bizim Arqava adlı fərqli çayımız var. Eyni ilə Terek uzunluğundadır. Elə Terek qədər gözəldir və bütün yol boyu bizim yanımızdadır. Bu tərəfdə dağların hündürlüyü 3–4 min metrdir, bəziləri çılpaqdır, bəziləri isə dərənin dibindən buluda kimi yaşıldır, bəzilər isə zirvəyədək qıvrım-qıvrım kollarla örtülüdür. Yol boyu ətirşah, kəklikotu, xardal, gülxətmi kollarından ibarət kasıbyana flora görürük. Evlər də o biri taydakı kimidir. Elə burada da çobanların, sürülərin, yolda çalışan fəhlələrin yanından ötüb keçirik. Tozda çətin nəfəs alırıq, günəş elə bil ocaq kimi yandırır. Korneyin kürəyinə xeyli milçək yığışıb.
Alman stilində tikilmiş üstü kirəmitli daş evə yaxınlaşırıq, burada yolu kəsmiş zolaqlı şlaqbaum var, görünür, ruslar buranı pullu edib. Korney Vladiqafqazda ödəmiş olduğu pulun qəbzini göstərir. Şlaqbaumu qaldırırlar və biz giririk. Uzun yol qət etdikdən sonra Passananur stansiyasına yetişirik. Lakin dərhal da oranı tərk edirik. Burada daşdan tikilmiş və ağ təngdə suvaq vurulmuş xeyli xüsusi görünüşlü bağ evi var. Yuxarıda isə göy və qırmızı boyanmış kiçik rus kilsəsi göyə ucalır.
Biz indi haradasa 400 m. aşağı enmişik, yaşıllıq çoxalıb, amma dərədə dözülməz isti var. Burada əhali, əsasən, gürcülərdir, onların çoxusu dərə boyu sıralanan, bir-birinin üzərində tikilmiş daxmalarda yaşayırlar.
Sol tərəfdə, dağların arxasındakı iri oyuqda, çox-çox uzaqda başqa bir dərə görünür, orada da, burada olduğu kimi dağın ətəyində kəndlər, daxmalar, sarı ləkə kimi tarlalar görünür. Fikirləşirik ki, bəlkə, onlar da bizim qədər bəxtəvərdir, onların da öz sevinci, fərəhi, kədəri, zəhmətləri və dincəlməkləri var.
Dünyada hər şeydən uzaq olmaq kimi gözəl bir şey yoxdur. Mən yenidən düşünürəm. Bunu öz uşaq vaxtlarımdan heyvanlarımızı otarmağa apardığım zamanlardan xatırlayıram. Hava yaxşı olanda süpürgə kolunun üzərində uzanıb barmağımla göy üzünü yazırdım, ən xoşbəxt günlərimi yaşayırdım. Heyvanları buraxırdım, istədikləri qədər sərgərdan gəzib dolaşsınlar. Sonra tapmaq istədikdə isə təpənin arxasında hündür ağaca çıxır, ordan qulaq asırdım. Oradakı hündürlükdə zınqırov səsinin hardan gəldiyi əntiqə eşidilirdi. Və mən çox tez heyvanı tapırdım. Hərdən keçilərə oğurladığım tütündən verirdim. İnəklərə duz verirdim. Qoyunlara kəllə-kəllə oynamağı öyrətmişdim.
Həyatım çox gözəl idi. Kimsə düşünməsin ki, yağışlı hava mənim üçün pis imiş. Yağış olduqda ya bir hündür qayanın, ya kolun arxasında özümə daldanacaq tapır, oturub özüm üçün sakitcə zümzümə edirdim. Ya da qovaq ağacının üzərinə nəsə yazır, bıçağımla onu cızırdım. Orada hər şeyi çox gözəl tanıdığımdan heyvanları tapmaq istədiyimdə hündür bir qayanın altına qaçır, özümü yenidən yaxşı hiss edirdim. Əgər siz uşaq çağlarınızdan buna vərdiş etməmisinizsə, yağışlı havada çöldə-bayırda qalmağın, daldanacaq tapıb ora girməyin möhtəşəm və qeyri-adi ləzzətini təsəvvür edə bilməzsiniz, demək. Sonradan bu haqda əslində nəsə yazmaq da istədim. Amma heç nə alınmadı. Yaxşı, başa düşülsün deyə, müəyyən bir üslub vermişdim, amma onda da gördüm, hər şey yoxa çıxıb.
Mal-qara otararkən taxta çarıqda gəzirdim, bu səbəbdən təbii olaraq yağışda başmaqlarım islanırdı. Ancaq başdan-ayağa yaş olsam da, ayağımın altında duyduğum ilıq hərarətdən aldığım həzz həyatımın sonrakı illərində aldığım həzzdən dəfələrlə üstün idi. Bəlkə də, bu, o vaxtlar bundan daha yaxşı şey bilmədiyimdən irəli gəlirdi. Amma axı, onda da indiki kimi nəyin xoş, nəyin pis olmasını bir-birindən ayırırdım. Mayın axırında göbələk çıxan vaxt mal-heyvan göbələk yemək üçün ora-bura qaçmaqdan lap əldən düşürdü. Əsas da inəkləri heç cür saxlamaq mümkün olmurdu. İnəklər boyunlarına saldıqları zınqırovla başqa heyvanları da sürüyüb öz arxalarınca daşıyırdı. Həmin aralar çobanlar da bütün günü ayaq üstə keçirdir, heç oturmurdular. Mən cılız bədənim yorğun və əzgin olurdu, səhərdən-axşama ora-bura qaçmaqdan ağrıyırdı. Onda bu həyatda yeganə təskinliyim özümün də göbələk yığıb çox sevdiyim inəklərə verməyim idi. Fəqət o çağlar çoban olmaq elə də ürəkaçan deyildi. Heç də yox. Yox!
İndi mən Qafqazdayam, enli yollardan yellənə-yellənə kareta ilə keçirəm və bu haqda düşünürəm. Daxilimdə qəribə hisslər var, elə bilirəm, burada qalıb dünyadan uzaqlaşa bilərəm. Bu həyatdan məmnun qalacaqdımmı? Buna mədəniyyətim yetəcəkdimi? Bu başqa məsələ idi. Son dəfə məndən solda olan vadiyə, tarlalara, çobanlara, kiçik daxmalara baxıram, oraların son dərəcə gözəl və rahat olduğunu düşünürəm. Sürülərin üzərindən qartallar süzür. Orada hər şey bayram əhvalındadır. Çoban təbii ki, bu gün kəmərini parpar işıldadaraq sevgilisinin xoşuna gəlməyə səy göstərir.
Mən yarıyuxulu halda düşünür, sonra yuxuya gedirəm. İki saat keçir, şabalıd ağacları görünməyə başlayır. Aşağı düşməkdə davam edirik, atlar cığır boyu qaçır.
Qarşımıza arabalarında kimsə oturmayan karvan çıxır, onları öküzlər çəkir, nökərlər arabaların döşəməsinə sərilib yatırdı. Biz bir qədər kənara çəkilib onlara yol verməli olduq. Öküzlərdən birinin boyunduruğu buynuzuna ilişdiyindən boynu əyilmişdi və indi o yan-yana getməyə məcbur idi. Arvadım arabadan enir, o, boyunduruğu düzəltmək istəyir. Bu barədə Korneyə deyəndə isə o, arabanı saxlamır. Heç nə başa düşmür və yoluna davam edir. Beləcə, biz karvanı arxamızda buraxıb yolumuza davam edirik. Öküz də lal-dinməz, boynu cırılmış halda yoluna davam edir. Biz karetamızda əndişə keçirdirik və burada təəccüblü bir şey yoxdur. Ancaq hər şeyin əlacı zamandır. Özümə təsəlli verirəm ki, elə insanlar var, onların həyatı çox çətindir. Öküz boyunduruğun altında nə qədər tez yorulsa, bu o qədər yaxşıdır. Onun ümidi bunadır. Belə də olur ki, insana bir faciə üz verir və o, hələ də çıxış yolu olduğunu xatırlayıb həyatını mümkün qədər qısaldır.
Saatlar irəliləyir, vaxt keçir. Nağıllar diyarı isə əvvəlki kimi cəlbedicidir.
Bulaqların birinin qarısında əziz Korney Qriqoryeviç yenə bir karetanı irəli buraxır. Bu bir rus ailəsidir. Onlar bizdən sürətli gedir. Bu kareti biz Kobidə görmüşdük, amma biz onlardan xeyli qabaq yola düşmüşdük, indi onların bizə çatması təəccüblü idi. İndi biz onların tozuna burula-burula getməliydik.
Mən Korneyin çiynindən tutub nə oyun çıxartdığını soruşuram. Bir anlıq dəhşətli sima alır, üzümə baxır və atları saxlayır, ancaq, deyəsən, heç nə anlamır və yenidən yoluna davam edir. Məcbur arabadan yerə tullanıram və atları tuturam. Ümumiyyətlə, Korneylə çox sərt davranıram. İndi onun təəccübü daha da artır, mənim qəribə xəstəliyə düçar olduğumu sanır. Tozu görür, toz dumanının bizim gözlərimizi acıtdığını, karetanın üzərinə qonub ağ, nazik qat əmələ gətirdiyini duyur. Ancaq Korney bizim bu toz dumanının içi ilə gedə bilməyəcəyimizi anlamaq gücündə deyil. Atları beş dəqiqə saxlamalı oluram. İndi mənə aydın olur ki, niyə bu xalqa əmr, çarın sözü bu qədər önəmlidir. Bu adamlar bəzi şeylərdə o qədər küt və beyinsizdirlər ki, onlar ayaqlarını sürüyə-sürüyə çöldə qoyun otara bilir, öz tarlalarında bellə işləyə bilirsə də, bir qədər mücərrəd məsələləri onların beyni həll edə bilmir. Özümə söz verirəm ki, Tiflisdə Korneylə bir balaca haqq-hesab çəkim.
Saat beşdir, ay olduqca parlaqdır, günəş və ay eyni zamanda yeri işıqlandırır, hava da çox istidir. Buralar tanıdığım başqa yerlərə bənzəmir. Və mən yenidən ömrüm boyu burada qalmaq qənaətinə gəlirəm. Çox aşağı enmişik, yenə üzümlüklər başlayır, meşələrdə qoz, fındıq ağacları var, günəşlə ay elə bil bir-biri ilə yarışır. Bu füsunkar mənzərələrin qarşısında insan acizdir, burada yaşasan, bu gözəlliyi hər gün görə, heyrətdən köks ötürə bilərsən. Xalq buranı xarabazara çevirmək istəyənlərlə mübarizədə tab gətirdi, hər şeydən qalib ayrıldı, indi möhkəm və sağlamdır. Hazırda inkişaf edir və ümumi sayı bir milyona yaxındır.
Qafqazlı Nyu-York birjasında kursun qalxıb-enməsini bilmir, həyatı qalmaqalla keçmir, onun yaşamağa, quş ovlamağa, qoyun kəsməyə imkanı var. Məgər avropalılar, ya amerikanlar daha üstün insanlardır? Bunu tək Allah bilər. Təkcə Allah, başqa heç kim bunun necə şübhəli olduğunu bilmir. Bəzən ətraf çox aciz olduğundan insanlar çox böyük görünürlər. Çünki əsr hər şeyə rəğmən çox əhəmiyyətsizdir. Yalnız hələ mənə aid olan aləmdə nüfuzlu adamları sayıram. Mən bircə Marenqo atına onların düz iyirmisini birdən dəyişərdim. Dəyərlər dəyişir. Teatral parıltı burada parıldayan kəmərə uyğun gəlir. Qafqaz! Qafqaz! Dünyaca məşhur rus şairləri havayı yerə gəlib buralardakı bulaqlardan su içməyiblər ki?!
Saat altıdır. İndi biz yüksəkliklərdən 2 min metr aşağıda, Dəryal dərəsindəyik. Günəş gizlənib, ay tək işıq salır, hava isti, ətraf olduqca sakitdir. Biz addım-addım irəliləyirik və indi yol dikdirə qalxır. Burada dağlar alçaqdır, onları yavaş-yavaş, üzərində hüdudsuz səma görünən uzunsov təpələr əvəz edir. Hava birdən qaralır, biz artıq Ananur stansiyasına yetişmişik.
Burda axşam da istidir, bununla belə, həyətdə və eyvanda çoxlu adam var. Arabadan enib binaya giririk.
Bir kişi, böyük ehtimal buranın yiyəsidir, qabağımızı kəsib bizə nəsə deyir. Rus dilində danışmır, amma aydındır ki, Qafqaz dillərinin birində danışır. Ona fikir vermirik, yüklərimizi yerə qoyuruq. Birdən hamam xalatı geyinmiş bir adam hardansa qəfil gəlir və sürətlə fransız dilində bizə deyir ki, stansiyada bir dənə də olsun boş yer yoxdur.
Neyləyə bilərdik?
O, aşağıda, alçaq boylu, uzun hamam xalatı geyinmiş adamı çağırır: Adı Qriqoridir. Qriqori işin nə yerdə olduğunu bilən kimi başıyla yer olduğunu təsdiq edir və bizə qabağı göstərir.
Çıxıb ətrafa göz gəzdiririk, qara rəngli alçaq dağlar, ayın solğun işığı, cənub tərəfdə kilsənin qülləsi və günbəzi, günbəzdə sancılıb əks olunan ay işığı. İşıqlı günbəzlər qara fonda olduqca gözəl görünür. Aşağıdakı yolda atlılar o tərəf-bu tərəfə gedirlər. Poçtalyon gəlir və şeypurunu çalmağa başlayır.
Evə qayıdarkən Qriqori qarşımızı kəsib dedi ki, stansiyada qızartma yemək yoxdur, əvəzində başqa bir şey istəyib-istəmədiyimizi soruşdu. Qoltuğundan diri toyuq çıxardır. Biz bunun bənzərsiz olduğunu deyirik. Qriqori yenidən aşağı şütüyür.
Çox keçmir və Qriqori toyuğun başını kəsir, pəncərəmizdən yola düşən işığı görürük. Bu Qriqoridir, o, ocaq qalayıb aşpazlıq etməyə başlayıb. Açıq havada qalanmış ocaq səma altında qalanmış ocaq…burada yanacaq rolunu xırda ağac sayılan günəbaxanın gövdəsi oynayır, çırtaçırtla yanır. Qriqori su doldurulmuş qazanı odun üzərinə qoyur. Su qızan kimi toyuğu onun içinə salır və yolmağa başlayır. Tonqalın işığında toyuq balaca və çirkin görünür. Qriqori vicdanla çalışır, hətta toyuğu qızartmamışdan qabaq qalan xırda tükləri də ütür.
Bizə əla bir yemək servis edilir, ancaq yemək vaxtı taxtabitilər bizə elə hücum edir ki, yeməyi vaxtından öncə bitirməyə məcbur qalırıq. Həşəratlar üzərində oturduğumuz ədyaldan bizə hücum çəkir. Demək, hələ əyləncə qabaqdadır. Düşündük ki, nə qədər gec yatsaq, o qədər yaxşı olar.
Qriqorinin aşağıda bir dükanı var, alverçidir, bizim xidmətimizdə durmadığı vaxtlarda oturub orada alverini edir. Dükanda xeyli bahalı alman malı var. Bundan başqa, o, uzaq ölkələrdən gətizdirdiyi malları – güzgüləri, pulqabıları, cib bıçaqlarını – lovğalanmadan bizə göstərir. Döşəmənin üzərinə bir neçə Qafqaz xalısı qalaqlanıb. Bizim üçün onlara baxmaq olduqca xoşdur. Kaş öz elimizdən bu qədər uzaqda olmazdıq! Kaş xalçalar bu qədər ağır olmazdı! Düzdür, çox yüksək sənətkarlıq əsəridir, amma qiymətləri elə də baha deyil. Bu xalçaları toxuyan qadınların zamanları çox olub.
Çöldə sakitlikdir, artıq bütün gediş-gəliş kəsilib. Amma adamlar hələ yatmaq istəmir. Yolun qırağında adda-budda adamlar oturub söhbət edir. Onlar eynilə vətənimdə qonşuların etdiyi kimi edirlər. Əllərini diz üstə qoyub barmaqları ilə saman çöpü oynadırlar. Bir qədər kənarda stansiya atları səpələnib otlayır. Kimsə simli alətdə çalıb-oxuyur. Dinşəyərək yaxına gəlirik. Bir balaca oğlan oturub yeknəsəq bir mahnı çalır. Amma bu axşamın sakitliyində adama xoş gəlir. Bu melodiya bizə Tor Lanqın nəşr etdirdiyi xalq mahnılarını xatırladır. Biz indi həmin mətni daha dərindən başa düşür və sürgündə olan həmin Danimarkalının nə qədər yuxa qəlbli yazıçı olduğunu başa düşürük.
Artıq gecdir, amma balaca oğlan divara söykənərək hələ də çalmağa davam edir, gənclər və qocalar isə yolun qırağında oturub söhbətlərini edir. Buradakı adamların zamanı lap çoxdur, bir-iki saat onlar üçün əhəmiyyətsizdir. Şeh torpağı nəmləndirib, bu adamlar buna dözür, çünki lap uşaqlıqdan nəmişliyə öyrəşiblər. Ayağa qalxıb gedəndə polad kimi mətin addımlarla gedirlər. Qafqaz camaatının hamısında belədir: yeriyəndə sinələrini qabağa verib, elastik jestlərlə, düzgün və şax qamətlə yeriyirlər. Ancaq qadın az gözə dəyir, onlar, adətən, evdə oturur. Din qaydaları burada hələ də güclüdür.
Evə qayıdanda yataqlarımızın hər birinin üzərinə bir Qafqaz xalısı sərildiyini görürük. Bizə yaxşı olsun deyə, Qriqori bazardan təzə xalılar götürüb. Bura yatmaq üçün kifayət qədər bərk yerdir. Çarpayıların görkəmi gülməlidir, amma xalçalar gözəldir.
Birdən Qriqoriyə çatır ki, arvadıma döşəkağı lazım ola bilər. Çünki o bizim adətimizə zidd çıxaraq mələfə gətirmədiyimizə diqqət edir. Qriqori ağıllı adamdır, alverçi olması onda güclü təmizlik hissi yaradıb, buna görə də bu vəziyyət onu narahat edir və çarpayıları mələfəsiz görmək onun üçün qeyri-mümkün gəlir. Generallar döyüşə gedəndə necə edir? Bunu ona göstərmək üçün soyunmadan xalçanı götürüb onun arasına uzanıram. Qriqori buna qarşı gəlmir, amma aşağı, dükanına doğru gedib, iki metr kətan parça kəsib döşəkağı əvəzinə arvadıma hədiyyə verir. Sonra təzim edir və gedir. İstifadədən öncə xalçaları bayıra çıxardıb yaxşı-yaxşı çırpmaq istəyirik, amma qorxuruq onun xətrinə dəyək, buna görə bu fikirdən daşınırıq. Nəhayət, Allahın izni ilə yatağımıza uzanırıq.
Birdən pəncərəmiz döyülür.
Çıxanda görürəm, Korneydir. Sabah neçədə yola çıxmağımızla bağlı soruşur. Korneyin sinəsindən yapışıram, biz pilləkənlə aşağı düşüb dükanın işığı düşən yerə gəlirik, mən Korneyə saatımı göstərib, beşdə burda çıxmalı olduğumuza işarə edirəm.
O, isə “saat altı” deyib israr edir.
Bu zaman kimsə Korneyə onun dilində nəsə deyir, dönüb baxdığımda qırmızı geyimdə bir zabit görürəm. Bu həmin lənətə gəlmiş polisdir və artıq bildirdiyim kimi, dalımızca gəlib. Mənə yüngül baş əyir, sonra Korneyə tərəf çönür və hökmlə ona bir-iki kəlmə nəsə deyir. Sonra saatında beş rəqəmini göstərib deyir: “Saat beşdə, knyaz necə əmr etmişdisə, elə”. Sonra yolu göstərib əlavə edir: “İtil!” Korney tez-tələsik arabaçı papağını çıxardır, ağır-ağır yeriyib dərhal yox olur.
Zabitlə mən tək qalırıq.
– Ümid edirəm, münasib yer tapmısınız. – dedi. – Stansiya binasında qalıram. Təəssüf ki, öncədən sifariş vermişəm, yoxsa bu otaq sizə verilərdi. Bilmirdim ki, bura belə basırıq olar.
– Otağımız yaxşıdır. – deyə cavab verdim və onu diqqətlə nəzərdən keçirtdim.
– Çox gözəl, onda gecəniz xeyrə qalsın.
O, sözünü tutdu və bizi müşayiət etdi. Yenidən təhlükəsizliyimizə tərəddüd etməyə başladım. Mənimlə razılığa gəlmək istəyirdi, düzdü, amma polis işçisi də ola bilərdi. Rus məmurları haqqında oxuduqlarıma görə, rüşvət buralarda heç də eşidilməmiş şey deyildi. Bizə həll yolu haqda eyham vurması çox güman elə polis olmasına sübutdur. Allahım şahiddir ki, belə qarabaqara izlənilmək mənə xoş deyil və elə günü sabah bu adamdan bizi rahat buraxması üçün nə qədər lazım olduğunu soruşacam. Yoxsa Tiflisə girdiyimiz anda məni həbs edə bilər.
Yatmağa ürəyimdəki bu əndişə ilə getdim.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.