Текст книги "Nağıllar Diyarına Səyahət"
Автор книги: Кнут Гамсун
Жанр: Зарубежная классика, Зарубежная литература
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 11 страниц)
VI Bölüm
Səhər tərtəmiz hava var, dağların üzərində buludlar görünür, hələ günəş çıxmayıb. Biz piramida formalı ağcaqovaq ağaclarının düzüldüyü xiyabanla gedirik, yol boyu şəhərə gedən çoxlu meyvə arabaları ilə qarşılaşırıq. Xeyli ucuz qiymətə, demək olar, pulsuz bir neçə torba üzüm alırıq. Daha sonra Terek çayı boyunca irəliləyib naxır bulağına çatırıq; bu ərazinin Norveçə çox bənzəməsi bizi heyrətləndirir və burada arabadan enib lazım olandan çox vaxt keçiririk. Dağların böyük bir hissəsi, bircə zirvələrdən başqa, buludlar yüksəldikcə çılpaqlaşır. Şlaqbaumun yanına gəldikdə yolpulu tələb olunur, 2 rublluq qəbzi bir müddət gözləməyə məcbur olduğumuz üçün arabadan yenidən düşüb atlar və arabaçı ilə söhbətləşirik. Bizim malakanın adı Korney Qriqoriyeviçdir, 50 yaşı var, əslən rusdur, uzun tünd rəngdə saç və saqqala malikdir, göy rəngli arabaçı kaftanı geyinib. Bizim fransız olub-olmadığımızı soruşan malakan haralı olduğumuzu öyrənəndə heç bir şey anlamayaraq ümidsizcə bizə baxır. Əgər fransız olsaydıq, dərhal Fransadan olduğumuzu anlayardı; çarın Feliks Forla Kronştadtdakı görüşündən sonra Fransanın adı Qafqaza daxil olub. Hətta alyansı belə sadalayan Korney Qriqoriyeviç məlumatlı olduğu üçün məmnunluqla gülümsünür.
Qəbz, nəhayət, gəlir, şlaqbaum qalxır və yolumuza davam edirik.
Yolda diqqətçəkən bir yoxuşa belə rast gəlmirik. Biz ensiz olduğu üçün çətinliklə keçilən vadi ilə irəliləyirik, əzəmətli dağlar hər iki tərəfdən bizi əhatələyib; Terek çayının boğuq gurultusu dərinlikdən eşidilir. Terek çayı bu fəsildə dərin olmasa da, çox sürətlə axır, çünki mənbəyini Kazbek dağlarından götürür və xeyli yüksəkdən tökülür. Əhəngli dağların arasında gedirik, yol dağın yanından çəkilib, yolun üzərində damı da var, tunelə çevrilməsi üçün təkcə Terek tərəfdən bir divarı əskikdir. Yollarda dəhşətli dərəcədə əhəngli toz hakimdir, havanın korlanmasına səbəb bu hərəkətsiz qalan tozdur, eynək və binoklumuzun üzərinə hopur. Dağ görünən tərəfindən zirvəsinə qədər yarpaqlı kolluqlar, ardıc kolları və iynəyarpaqlı ağaclarla örtülüb.
Dağların zirvəsindəki duman 2 saat sonra yox olur. Günəş parlayır, hava getdikcə isinir. Korney kaftanını dəri kəməri açaraq çıxarır və səliqəli şəkildə bükür – çünki, səliqəli insandır – sonra onu altına qoyur. Biz günəş üçün olan çətirlərimizi açırıq.
Dağlardakı ilk stansiya – Baltaya çatıb yanından ötüb keçirik. Oxuduqlarıma əsasən bilirdim ki, burada dağlar Baltadan başlayır. Guya, buraya qədər heç dağ olmamışdı! Getdikcə landşaft dəyişir, bir tərəfi səmaya və uzaqdakı qarlı zirvələrə gedib çatan ucsuz-bucaqsız vadi boyu baxırıq. Hər iki tərəfimizdəki dağlar isə yamyaşıldır; üzərində ayrıqdan (taxıllar fəsiləsindən olan çoxillik ot) başqa kol, ağac olmayan yaşıl dağlar. Onların zirvələrində dövrə vuran qartallar uçuşur. Bu gün xeyli qartal görmüşük.
Çılpaq dağları keçib üzəri kollarla örtülü olan başqa dağlara yaxınlaşırıq. Qafqaza xas özəllik budur. Eyni zamanda dağlardan biri ətəyindən zirvəsinə qədər yamyaşıl, hamar olur, bir kolla belə qarşılaşmaq qeyri-mümkündür, yanındakı dağ isə tamamilə bitkilərlə örtülü olur. Ancaq buna meşə yox, yarpaqlı ağaclardan ibarət hündür kolluq demək olar. Burada daha çox tozağacı, həmçinin fərqli hündürlükdə olan palıd, fıstıq, şabalıd ağacları, az-az da şam ağacı görünür. Əziz şimal tozağacımız yorulmaq bilmir, digər ağaclar hər biri yorulub donduqları halda, o elə yüksəyə qalxmağa davam edir.
Sərt yoxuşlar buradan başlandığından biz addım-addım irəliləyirik. Min metrdən yüksək dağlarla əhatələnən Lars stansiyasını da keçib gedirik. Dolanbac yollar səbəbilə hər tərəf bağlıdır, arxamızı da, önümüzü də görə bilmirik, Korneyin kürəyinə və ənsəsinə baxmaqdan savayı əlimizdən bir şey gəlmir. Yol boyunca ya yatan, ya da sadəcə uzanan insanlar görürük; onlar yollara çınqıl tökərək hamarlayan fəhlələrdir, işlərini görmək əvəzinə başlarını atıb yatıblar.
Onların geyimləri çərkəzi olsa da, kəmərlərində silah yoxdur. Yolda qarşılaşdığımız çərkəzi geyimli adamların, sən demə, hamısı çərkəz deyilmiş, tatarlar imiş, hətta ruslar da bu cür geyinirmiş. Çərkəzlər artıq burada yoxdur; əksəriyyəti rus işğalı zamanı Türkiyəyə köçüb, qalanlar isə Qafqazın başqa bölgəsində, Kuban çayı sahilində yaşayırlar. Vladiqafqazın şimalında isə onlardan olan kabardinlər məskunlaşıb. Hətta bir vaxtlar onlar Şamilin ordusunda xidmət etməkdən imtina edərək müstəqil şəkildə ruslarla mübarizə aparmışdılar. Əvvəlcə dağlarda yaşasalar da, indi Rusiyaya Qafqaz tafyalarının hər birindən daha yaxın ərazidə məskən salıblar. Slavyan onları işğal etmiş, onlar isə slavyana qonşu olmuşdur.
Yol elə salınıb ki, elə bil gedəni qarış-qarış irəli buraxır. Bir qədər sonra yol bir az açılır və dəmir körpü vasitəsi ilə Terek çayını keçirik. Yatağı ensiz olan çay vəhşi kimi nərildəyir, əhəngin təsirindən suyu sarı-boz rəngli şorbanı xatırladır. Körpünün kənarında toz basmış halda bir neçə zəncirotu tapırıq, onlar nəfəs alsın deyə arabadan düşüb tozlarını təmizləyirik. Korneyin sink vedrəsi ilə hətta Terekdən su götürüb sulayırıq da. Bizi bayaqdan izləyən Korneyin artıq hövsələsi daralır. Bu axmaqlığı adətən etmirik. Bu dəfə arabada kədərli görünən bu bitkilərin canlı, yoxsa ölü olması ilə bağlı fikir ayrılığından yaranır. Sadəcə bu məsələni aydınlaşdırmağa çalışırdıq. Nəhayət, sakitləşən Korney bizdən əl çəkir. Arabadan enib bizi izləmək üçün yolun kənarında oturur. Böyük ehtimalla, zəncirotu üzərində dini ayin icra etdiyimizi fikirləşir, axı biz missionerik.
Bitkilər ölməmişdi. Onlardan birini kəsmək ağlımıza gəldi. Beləcə, şirəsinin qaydasında olduğu məlum oldu.
Korneylə irəliyə doğru gedirdik. Günəş yenidən gizləndiyi üçün çətirlərimizi bağlayırıq. Hər iki tərəfində yükdaşıyan arabaçıların sıra ilə yatdığı yoldan keçirik. Yatanlar hamısı qarınları üzərində silah olan 6 kişi idi. Yəqin ki, buranı kölgəlik olduğuna görə istirahət üçün seçiblər. Atlarını arabadan açıb rahatlayıb, qarğıdalı veriblər. Ya birinə heç nə verməyiblər, ya da artıq hamısını yeyib. Biz digər atların yemindən götürüb bu ata vermək üçün dayanırıq. Elə bu an yatanlar oyanır. Onlar oturmağa çalışaraq bizi izləyib aralarında astadan nəsə danışırlar. Nə etdiyimizi anlayıb başlarını tərpədərək gülürlər. Sonra yerlərindən durub yanımıza gəlir və həmin ata daha çox qarğıdalı verirlər. Biz yola düzələndə onlar yenidən uzanır.
Dairəvi çıxıntıları, topları və keşikçiləri olan Dəryal qalasına çatırıq. Mən Kumaniyanı saysız tayfaların hücumlarından etibarlı şəkildə qoruyan Dəryal qalası barədə Plininin yazdıqlarını oxumuşam. Bir neçə əsgər bu dar dərədə böyük bir qoşunun qarşısını ala bilər.
Ətrafımızda dağlar daha sıx olmağa başlayır, yoxuşlar isə getdikcə sərt. Sanki bütün ümidimizi itirmişik, ancaq başımızı qaldırdıqda göy üzünün kiçik bir hissəsini görürük. Bizim sıxılmağımıza, qeyri-iradi susmağımıza səbəb olur bu hal. Sərt döngənin sağ tərəfi anidən geniş bir mənzərəyə çıxır və biz günəş şüaları altında parlayan buzlu zirvəsi ilə Kazbeki çox yaxından görürük. Öz əzəməti, sakitliyi və təmkini ilə bizim qarşımızdadır.
Qeyri-adi bir duyğu qəlbimizə hakim kəsilir, sanki bu dağlar tilsimlə digər dağlar tərəfindən oraya qoyulub, başqa aləmdən gələn varlıqlar tək oradan bizə baxırlar.
Mən arabadan düşərək arxa tərəfə keçib ondan möhkəm yapışıb dağa nəzər yetirirəm. Anidən başım fırlanmağa başlayır, elə bil yolun ortasında havaya qalxıb göydən asılı şəkildə Tanrıyla üzbəüz dayanıram. Cingiltili səssizlik hökm sürür, sadəcə zirvənin ətrafında dövr edən küləyin səsi duyulur, buludlar dağın ortası ilə hərəkət edir ancaq başına çata bilmir. Mən əvvəllər dağlarda çox olsam da, Qardanger və Yotunheym silsilələrində, Bavariya Apllarında, Kolorado və başqa yerlərdə, heç vaxt ayağımı belə yerdən üzülmüş hiss etməmişəm, burada bərk tutaraq dayanmışam. Zirvə buludlarla əhatələnərək gizlənir. Mənzərə bu halda görünmür. Amma dağlar buludların arasında uğuldamağına davam edir.
Məni çağırırlar və arabaya geri dırmaşıram.
Uşaqlıq dövrümdə şimalda keçən qəribə gecəni yada salıram; sakitliyin hökm sürdüyü bir yaz günü idi. Qayıqda üzür, lakin avar çəkmirdim, irəli baxaraq əlimdə kürəkləri tutmuşdum. Dənizin bütün quşları səssizləşmişdi, quruda isə heç kim gözə dəymirdi. Qəfildən suyun üzərinə bir baş çıxdı və suyun səsi eşidildi. Bu morj idi, suyun üzərində gözlərini açaraq dayanıb mənə baxırdı, elə bil başqa dünyadan gəlmişdi. Baxışları insan baxışlarına oxşayırdı.
Yenidən biz dəmir körpü vasitəsilə Terek çayı üzərindən keçirik. Yol bir xeyli açılır və biz yarım verst irəlini görə bilirik. Sərt yoxuşla yuxarı qalxırıq, təxminən yol dağ yamacının ortasından keçir, adamlar, atlar və eşşəklər, çiynində silah olan atlılar yol boyu hərəkətdədir. İnsan məskənləri isə gözə dəymir.
Yol qırağında əlində uzun çomaqları olan 4 çoban böyük bir qoyun sürüsünə baxır. Çobanlar başlarına iri tüklü papaq qoyublar. Demək olar ki, onlar yüngül geyimdədir. Bütün qoyunlar ağ rəngdədir, sürü dağın döşündə otlayır, daşların arasında otlayanlar da onlardan fərqlənmir. Çox güman, qartalların onları daş hesab etməsinə görə belə edirlər.
Qarşımızda az sonra evlərdən ibarət kiçik şəhərcik olan Kazbek stansiyası görünür. Ətrafda nəhəng dağlar var, yamacları yaşıldır, zirvəyə qədər biçilmiş ot tayaları görünür. Qoyunlar otlayaraq üzü yuxarı qalxıb, onlar ən yüksək dağ yamaclarında otlayaraq göy üzündə hərəkət edən ağ ləkələrə bənzəyir. Bir zirvədə qülləsi qarla örtülmüş hündür monastır nəzərə çarpır. Stansiyanın ərtafında aşağıda olan evlərə məxsus xeyli kiçikölçülü bostanlar var, bir neçə adam isə öz atını Terek çayında yuyundurur.
Bir stansiyaya yaxınlaşırıq.
* * *
Dağ bülluru və rəngarəng daşlar satan uşaqlar dayanan kimi bizim ətrafımızı bürüdü. Biz 43 verst yol gəldiyimiz üçün 3 saat dincəlməli idik, Korney atları arabadan açdı. Arabada əşyalarımızı saxlaya bilib-bilməyəcəyimizi soruşanda Korney əmin olmadığını deyir: beləliklə, arxayın olmaq üçün bəzi kiçik əşyalarımızı otağa daşımalı oluram. Bizə burada nahat verirlər: yaxşı qızardılmış qoyun əti və şorba. Hətta ardınca dadından doyulmayan piroq da verirlər. Səliqə yaratmaq tərzi olduqca sadədir. Xidmətçi qəhvəyi rəngli kaftan geyinib. Silahla təchiz olunan xidmətçi knyazlar üçün nəzərdə tutulan yemək dəstini stola düzür, hətta qızıl suyu ilə işlənmiş bir ədəd qab dəsti də yerləşdirir. Sirkə və zeytun yağı butulkalarının şüşə tıxacları olmasa da, xidmətçi qəzet kağızı ilə onların ağzını örtə bilib. Bu dəbdəbəli süfrənin üzərinə onun nəhəng gövdəsinin düşməsi isə bütün tənqidi düşüncələri arxa plana keçirirdi.
O, bir hissəsi hal-hazırda dumanla örtülmüş iri buzlağı pəncərədən göstərərək “Kazbek” deyir. Bunu artıq bildiyimizi başımızı tərpədərək başa salırıq, ancaq yüksəkdə yerləşən qarla örtülü monastır haqqında sual verdikdə nə isə desə də, biz sadəcə onun rus monastırı olduğunu anlayırıq. Qafqazlılardan heç kəs özünü rus təbəəsi hesab etmir. İstiladan xeyli keçməsinə rəğmən, hələ də rusların ancaq özlərini yaxşı aparacaqları təqdirdə bu ölkəyə girə biləcəklərinə inanan sadəlöhv və mübariz dağlılar var, əks halda isə bu qeyri-mümkündür.
Korney saat altıya qədər istirahət etməli olduğumuzu bildirir. Onun danışığından az-çox nə isə tuturuq, həmçinin o, işarələrlə başa salmaq üzrə mahirdir. Saatımızı ona göstərdiyimiz zaman siferblatdan yaxşı başı çıxmasına baxmayaraq yerdən bir çubuq və ya saman çöpü götürərək bizə lazım olan vaxtı dəqiqliklə göstərir, üstəlik rəqəmi də iki dəfə təkrar edir.
Qəfildən göy gurultusu eşidilir. Az sonra iri yağış damcıları görünür, amma günəş hələ də parıldamaqdadır. Mən qalan şeylərimizi daşımaq üçün bayıra qaçnaq istəyirəm, bu anda dizinə qədər göy rəngli köynək geyinən biri səmaya baxıb tezliklə yağışın kəsəcəyini söyləyir; özünə işarə edərək başa salır ki, bizim şeylərimizdən muğayat olar. Saraya gedərək öz kaftanını gətirən həmin adam onunla üstü açıq çamadanların üzərini örtür.
Əksinə yağış şiddətlənib doluya keçir. Dolular olduqca iridir, yerə düşən kimi yuxarı sıçrayır. Yayın qızmar günlərində Amerika çöllərinə düşən güclü dolunu xatırladır mənə bu mənzərə. O vaxtlar biz ya gödəkçələrimiz, ya da əlimizə keçən nə iləsə atların üstlərini örtüb, özümüz isə yaralanmamaq üçün arabaların altında gizlənirdik. Buna öyrəşən atlar da gözlərini zərbədən qorumaq üçün başlarını aşağı salıb sürətlə tökülən doluları dəf edirdilər.
Mən tövləyə keçirəm. İnək, buzov, cavan dəvə və başqa heyvanlar var idi orada, bircə yerdə uzanmış yağlı quyruğu olan qoyundan başqa, hər bir heyvanın vəziyyətinin yaxşı olduğu görünürdü. Qoyunun xəstə olduğu aydın idi, şişmiş bədəni tərpənmir, ağır şəkildə inildəyir və gözlərini yumurdu. Çamadanımı açaraq konyak çıxarıb pivə stəkanına süzürəm, ərtafa boylanıb tək olduğuma əmin olduqdan sonra qoyuna bir neçə qurtum verirəm. Bunun üçün bir qədər əziyyət çəkirəm, çünki qoyun təslim olmaq istəmir, sonda, dilini yaxşı udqunması üçün çölə çıxarıram. Onun dili göyərmişdi.
Qoyun udqunub burnunu çəkdi, başını silkələyib yerdə səssizcə uzandı. Bunun heyvanı tərlədəcəyini fikirləşirəm.
Bir azdan dolu dayanır və qızdırıcı günəş yenidən görünür. Mən tövlədən çıxıb ətrafa nəzər yetirirəm, torpaq səthdən isti buğ yüksəlir. İndi dəniz səviyyəsindən 1727 metr yüksəklikdəyik, bu gün 43 verst yol gələrək 1000 metr yüksəlmişik. Kazbekin ətrafında – burada osetinlər yaşayır. Bu xalqın mənşəyini və adını izah edə bilən yoxdur. Elm uğrunda səfərim zamanı həvəslə bəzi xidmətlər göstərə bilərdim. Osetiya torpaqlarında bir qədər araşdırma aparmaq mənə çətin gəlməzdi. Dağlara bir neçə saat dırmaşsam, bir də ayılardım ki, artıq Osetiyadayam və tədqiqatıma başlayardım. Bu mövzu ilə bağlı tutarlı fərziyyələrim də mövcud idi, vaxt irəlilədikcə Qafqaz barədə daha çox oxumağa başlamışdım. Burada – insan övladının beşiyində Prometey dağa zəncirlənib, burada – Bakıda ədəbi ocaq tüstülənir, yəhudilərin əksəriyyəti Babil əsirliyindən sonra burada məskən salıb, yaxınlıqda isə Ararat dağı var, düzdür, Ermənistanda yerləşsə belə, buradan aydın görünür. Bu niyyətim üçün mənim kifayət qədər zamana ehtiyacım var idi, mənsə bu məhdud iki saata bir şey edə bilməzdim. Oxuduqlarım arasında digər Qafqaz xalqlarına məlum olmayan xəmir mayası, kəlbətin, yağ zavodu, pivə parçı, yaba kimi bir çox şeyin osetinlər tərəfindən kəşf olunduğu da var idi. Bu məlumat əvvəlki bütün tədqiqatçıların təəccübünə səbəb olmuş və səbrini daşırmışdı. Onların yanına gedə bilsəydim, birbaşa soruşardım ki, bu əşyaları haradan əldə ediblər, alıblar, yoxsa onlarla bir yerdə doğulublar. Gözlənilməz nəticələr alınarsa, o zaman xalqların yerdəyişməsi haqqında yeni təlim kəşf edər, bu sahə üzrə bütün sələflərimin – Ekkert, Qross, Opfert, Nestor, Bodenştedt və Reklinin fikirlərini təkzib edib müstəqil nəticələr əldə edərdim. Yəqin ki, bu, elə mənim özüm üçün də nəticəsiz ötüşməzdi, evə qayıtdığım zaman şəhəri bayraqlarla bəzəyər, Coğrafiya cəmiyyətinə məruzə etməyə çağırar, Müqəddəs Ulaf ordeni verərdilər. Hər şeyi xəyalımda görürdüm.
Uzaq dağın ətəyində dayandığım yerdə Korney artıq getmək vaxtının yetişdiyini deyir.
– Getmək? Biz belə danışmamışdıq axı. Mən saatımı göstərib onun saman çöpü ilə işarə elədiyi vaxta hələ bir saat qaldığını göstərirəm. Amma Korney mənimlə razılaşmır, yeni bir saman çöpü tapıb saatın əqrəbinə tutur və bizim getməli olduğumuz saatın məhz bu olduğunu göstərir. Əlimizdə saman çöpü və saat dağın ətəyində bir xeyli mübahisə edirik, nəhayət, mən təslim olub onun arxasınca gedirəm.
Əslində fikrim tövlədəki qoyunda qalıb, ona görə getməyi ləngidirəm. Amma təəssüflər olsun ki, onun kitabı artıq bağlanıb, biz yola çıxarkən o, böyrü üstə yıxılmışdı və bir daha ayağa qalxana oxşamırdı.
Stansiyadan ayrıldığımız zaman yolumuzun üstündə böyük bir qoyun sürüsü ilə qarşılaşırıq. Atlarımızı dayanmağa məcbur edən sürü ətrafımızı sıx şəkildə bürüyərək hərəkətimizə mane olur. Dörd çobanın əllərində çomaq, bellərində xəncər, çiyinlərində tüfəng var, sürünü itlər qoruyur. Onların rəngi sarı-bozdur, itdən daha çox ağ ayılara oxşayırlar.
Nəhayət, sürü bizi azad edir və yolumuza davam edirik. Yol uzun olmasına baxmayaraq enişli yollar bizim qısa müddətdə bir neçə verst irəliləməyimizə səbəb olur. Bir qədər sonra yol sərtləşən kimi saatlarla addım-addım getməyə məcbur oluruq. Kilsə yerləşən gürcü kəndlərindən birindən keçirik; burada xeyli becərilən torpaq sahələri və çox da dik olmayan dağlar var. Dərənin dibi genişdir və yaşıllıqla örtülüdür. Bostan və qəsəbələrin kənarlarına yaradan özü əla çəpər çəkib. İnəklərlə və öküzlərlə burada da qarşılaşmaq mümkündür, elə də iri olmasalar da, kök və sağlamdılar. Min başadək qoyun sürüsü də var. Bir çox qadın tarlada arpa biçməklə məşğuldur.
Təzə gürcü qəsəbələri – yan-yana düzülən, bir-birinin üstündə, çəpəki dağa dırmaşam evlər labirinti. Nə küçə, nə də yollar bu evcikləri ayırmır, ancaq pilləkənlər ilə bir-birindən seçilirlər, üst-üstə, yan-yana dağ yamacını deşərək bərkidilmiş rəfləri xatırladırlar. Onlarda ancaq qapı və baca var, pəncərə və başqa heç bir deşik yoxdur. Bəzisi çim, bəzisi plitədən olan damlar yastıdır. Qadınlar döşəkçələr üzərində oturublar, elə buradaca çalıb-oxuyurlar, hava münasib olduğu müddətdə ailə üzvləri evin damını tərk etmir. Gürcü kəndlərindəki görüntü burada güclü qasırğa olduğu barədə fikir yürütməyə əsas verir, elə bil ki, bütün evlərin çardağını külək uçurub.
Kəndlər bir-birinin ardınca gəlir. Dilənçiliklə məşğul olan oğlan uşaqları hər kənddə bizim ətrafımızı bürüyür. Bu cür zəhlətökən balacalarla bir də qayıtdığımız zaman Türkiyədən keçərkən qarşılaşdıq. Tarlalardan birində səkkiz nəfər qadın biçinlə məşğul idi. Yaşlı qadınlar əyilib işlərini gördükləri halda bir gənc qız dik dayanıb bizə tərəf baxıb gülümsünürdü. Əynində göy paltar olan, qırmızı yaylıqla saçlarını arxadan bağlayan, ağappaq parıltılı dişləri və qara gözləri ilə bizə gülən bu qız yorulanda dayanır və laqeydliklə fırlanıb üzünü çevirir. Arabamızdan asta bir səs yüksəlir: onun bu hərəkəti bənzərsiz idi.
Kəndlər bir-birini əvəz edir. Yol yoxuşlu olduğuna görə dolanbacdır, atlarını qorumaq üçün Korney də asta gedir, onlara dalbadal su verir. Digər bir araba suvatlardan (arxdan, çaydan su götürülən, həmçinin mal-qaranın su içdiyi dayaz hövzə) birində bizi ötüb keçir, sakitcə Korney onu irəli buraxır. Arxada getdiyimiz üçün toz səbəbilə çətin nəfəs alırıq. Tozun yatmağı üçün ona bir müddət dayanmağı əmr edirik. Belə ağır hərəkət etdiyi üçün ondan elə də razı deyilik. Korney isə hər şeyin yolunda getdiyini düşünərək özü üçün zümzümə edir.
Axşama az qalır. Hava qaralıb soyumağa başladığı üçün yun ədyallarımıza bürünürük. Gödəkçəmdə olan stearin ləkəsinin yenidən ağarıb sərtləşdiyini görürəm, elə bil, bu, yüksəklikdə termometri əvəzləyir. Biz 2000 metr yüksəklikdə yolumuza dağların arasında dolama gedərək davam edirik. Havanın olduqca soyuq olmağına baxmayaraq, Korney bir daha atları suvarır. Artıq tarlalar bitib, meşə zolağı sərhədinə yaxınlaşırıq.
Gecələmək üçün Kobi stansiyasına yeni dəmir körpüdən keçərək çatırıq. Korney stansiyaya çatmağa az qalmış anidən arabadan tullanıb atlardan birinin quyruğundan yapışıb dartır. İlk əvvəl onun bu davranışı bizə qəribə gəlsə də, bir qədər sonra anlayırıq ki, atın qarnı çox köpüb, bu səbəbdən də çətin hərəkət edir.
VII Bölüm
Maraqlı və xoşagələn bir məkan.
Sığınacaq istəsək də, bütün təkadamlıq otaqlar doluydu. Yenə də çöldə qalmırıq, arvadımı qadınlar üçün olan otağa aparır, məni isə eyni şəkildə kişilərin yanına gətirirlər. Burada divar boyu üzərinə dəri çəkilmiş skamyalar qoyulub, mən onların birində yatmalı olacam. Pis deyil. Acdığımızı dilə gətiririk. Çox keçmir, bizə əntiqə döş əti, kələm şorbası və meyvə verirlər. Qızdırmam yenə yuxarıdır. Ona görə bəzi yeməklərdən və içkilərdən uzaq durmağımı tövsiyə edirlər. Dağın başında belə bir yer tapmağımızdan çox məmnun olduğumdan qızdırmaya filana baxmadan, pəhrizimə zidd olan aşağıdakı menyunu sifariş edirəm: döş əti, kələm şorbası, meyvələr, pivə, axırda qəhvə.
Yemək vaxtı Korney bayırdakı ağacın altında peyda olur və deyir ki, bizə sözü var. Biz onun səsini eşidirik, onun üzünü də hər dəfə qapı açılanda görürük. Amma xidmətçi bizim tərəfimizi saxlayır, bizi yeməkdən ayırmamaq üçün çağırmaq istəmir. Belədə, Korney də hər imkandan istifadə edərək bizim yanımıza, yeməkxanaya soxulur.
Nə istəyir bu belə?
Korney deyir ki, yola ertədən, saat 6-da düşməliyik. Niyə axı? Bu danışığımızın əksinədir, çünki sabah axşam Ananurda olmaq üçün saat beşdə çıxmağa razılaşmışdıq. Amma o, nəsə vacib bir xəbəri varmış kimi davranır və eşiyə çıxmağımızı xahiş edir.
Onun ardınca düşürük.
Yaxına getdiyimizi düşündüyümüzdən şlyapamızı və üst paltarımızı geyinmirik. Amma Korney bizi yolla bir xeyli aparır. Ay hələ bədirlənməyib, amma yolu kifayət qədər işıqlandırır, göydə ulduzlar sayrışır. Yolun kənarında nəsə qara bir nöqtə görünür. Korney qabaqda həmin qara nöqtəyə doğru gedir. Bu at cəsədidir. Korneyin atlarından biri ölüb. Ata həddən çox su verib. At qarnı şar kimi şişib, böyrü üstə düşüb. “Bu, yüz rubl edir” – Korney deyir. Sonra bizi geriyə aparır, yarımçıq qalmış yeməyimizi mədəmizə ötürməyimizə tamaşa edə-edə deyir ki, bunun qiyməti yüz rubldur. Olsun, yüz rubl getdi, hər halda heç kim onu Korneyə qaytarmayacaq. Bu barədə danışmağın bir mənası yoxdur. Getməyini istəyirəm və ona belə deyirəm: “Yaxşı gecən xeyrə, sabah saat beşdə yola düşürük”.
– Yox, altıda – Korney deyir.
Biz razılaşmırıq. Korney də nəsə deyir, ancaq belə başa düşürük ki, onun yüz rublu batıb və sabaha da ancaq üç atı qalıb. Bu bizə aydın olmur. Əgər onun üç atı ilə Ananura vaxtında çatmaq istəyiriksə, yola saat beşdə çıxmaq daha məntiqli olardı. Uzun müzakirələrdən, saatın köməyi ilə rus dilində çətin tələffüz edilən rəqəmdən sonra axır ki, Korney təzim edir və razılaşır:
– Gecəniz xeyrə qalsın.
Yeməyi yeyib yenidən həmin ata baxmağa gedirik. Niyə görəsən, onu stansiyadan bu qədər uzağa sürüyüblər? Axı onun buradakı xristian adətlərinə heç bir zərəri ola bilməzdi. Bir çox başqa xristian ölkələrində olduğu kimi, burada da at ətindən uzaq durmağı təlqin edən doktrina hələ də qalmaqda idi.
İndi burada, yolun üstündə, insanların gözlərindən uzaqda kök bir at cəsədi atılmışdı. Onun hətta dərisini belə xilas etməmişdilər. Əgər bu məsələ xristianlıqla bağlı idisə, demək, onda bu qafqazlılar haqlı idi. Əlbəttə, çar Tamarının dövrünün kilsə qalıqları necə qalıbsa, demək, sonrakı dövrün kilsələri də qalmışdı. Lakin hazırda qafqazlıların çoxu müsəlman idi. Bakının özündə də qədim zamanlarda atəşpərəstlər olub. Şayiələr gəzir ki, bir qədər cənubda – Ermənistanda hələ şeytana sitayiş edənlər var. Burada ruslar, mərkəzi Qafqazı işğal etdikdən sonra buranın da əhalisi çara sədaqət andı içməliydi, amma onlar qəti şərt qoydular: belə andı yalnız öz Tanrılarına içə bilərdilər. Ay və ulduzlar işıq saçır. Atın cəsədi hələ də ordaydı, nəhəng, iyrənc iki it ləhləyərək onun keşiyini çəkirdilər. Budur, kimsə əlində maşa gəlir, çatır, cəsədi o tərəfə-bu tərəfə çevirir, ayağı ilə onu itələyir. Əlbəttə, xristian biri meyiti ilə belə davranmazdı. Sonra atın nallarını çıxardır. Sonra Korney də orada peyda olur, ölmüş atın dərisini soymağa hazırlaşırlar. Niyə də yox?!
İki nəfər atın dərisini soymağa başlayır. Korney sakit dayanıb izləyir, cavan oğlan isə yaxşı görə bilmədiyindən şikayətlənir və göyə baxıb deyinir. Çox güman səmanın təmizlənməmiş lampasına görə deyinir. Odur ki, cavan oğlan fənər gətirməyə gedir və tez geri qayıdır. Onunla birlikdə çoxlu cavan-qoca gəlir, yüz faiz qan iyini duyublar, acgözlüklə cəsədə girişirlər.
Biz kənardan durub izləyirik.
Qəfildən hərə bir xəncər çıxardıb atın dərisini soymağa girişir, deyəsən, bundan xüsusi zövq alırlar. Onlar dəri soyur, qırmızı əti şappıldadırdılar: bəlkə də, içlərindəki bütpərəstlik oyanırdı?
Atın dərisi bir göz qırpımında soyulur, cuşa gəlmiş adamlardan biri bıçağını çıxardıb atın qarnına salıb yarır.
Hamı ləzzətlə ah çəkir. Tezliklə hamı bir-birinin səsini batırmağa çalışaraq, bundan hədsiz zövq alaraq atın bağırsaqlarını dartmağa başladılar. Korney özü bu işdə iştirak etmir, o, başqalarına nisbətən daha çox xristiandır. Hətta bütpərəst dərisini yerə atıb və heç nə etmir. Buna baxmayaraq, parıldayan gözlərini qəssabxanadan çəkmir.
Birdən stansiyadan gəlmiş bir adam peyda olur: gözlərimizə inanmırıq – o ki buranın sahibidir. Görəsən, o da qoşulmaq istəyir? Sahib Korneydən cəsədin bir hissəsini götürmək üçün razılıq istəyir. Korney arxasını ona çevirir, razılıq vermir. Sahib onun ovcuna bir neçə qəpik basır. Döş əti gəlir, düşünürəm, demək ki, bundan sonra qonaqlar üçün kələm şorbası və qızartma xidmət olunacaq. Əgər sahib, onun ailə üzvləri münasib adamlardısa, yəqin axşam bu ətdən xeyli ləzzət alacaqlar. Axı bu at ətidir.
Korney atın qalan yerlərini arabaya atıb daşımağa tələsir, ancaq qəssablar hələ də qalan ətlə əlləşməyə davam edirlər. Hələ axı iki dadlı tikə qalıb, hərə birini özünə götürəndən sonra onun böyrəklərini, qara ciyərini, ağ ciyərlərini götürürlər. Korney üzünü çevirir, bütün bunları görməzdən gəlir. Nəhayət, şişmiş bağırsaqlar da arabaya yüklənir.
Yadıma Lade yaxınlığındakı qonaqlıqda Hokon Adalsteyfostun özünü necə aparmağı düşür. Kral vuruşur ki, at əti yeməsin, camaat isə onu buna məcbur edir. Amma kral İngiltərədə xristian ruhunda tərbiyə aldığından at əti yemək istəmir. Belədə, kəndlilər ondan şorba içməsini xahiş edir. Ancaq bunu da etmək istəmir və üzünü çevirir. Nəhayət, kraldan ağzına bir tikə piy qoymaq tələb edilir. Amma bu da olmur və kral öz əqidəsindən dönmür. Belədə, kəndlilər ona qarşı üsyana qalxmaq istəyirlər. Bu zaman Siqurd Yarl vasitəçilik edir və krala deyir: “Qazanın qapağını götür, ağzını aç, qurtardı getdi”. Amma qazandan çıxan buxar qazanın qapağının qulpunu yağlandırır, ona görə də kral birinci dəsmalı qulpun üzərinə sərir. Ancaq bundan sonra ağzını açır. Belə deyirlər ki, heç kim razı qalmamışdı.
Daha sonra Milad ziyafətində dava düşür. Kəndlilər kraldan qurban tələb edir. Onlar kral xətrinə ondan kral piyaləsindən içməyi və xaç çəkməyi xahiş edirlər. “Bəs o, nə edir?” – Qrutinqdən olan kor soruşur. O, Torun gözünə işarə edir (Təkgöz, qüdrətli Norveç savaş Allahı). Amma burada kəndlilər ona inanmır ki, kral piyaləsindən Torun gözünə işarə etmədən içsin. Kral əvvəl üçünü çevirir, amma sonra təslim olur və piyaləni xaç çəkmədən içir. Sonra yenidən at əti gətirib ondan tələb edirlər ki, yesin. Kral üzünü çevirir. Bunu görəndə kəndlilər Siqurd Yardla bərabər ondan güzəştə getməsini tələb edirlər. Amma o, üzünü çevirir, kəndlilər bunu görəndə onu hədələdilər və Siqurd Yard ondan güzəşt istəyir. Lakin o, xristian, üstəlik ingilis olduğu üçün buna alışmamışdı, bu səbəbdən də bir qədər qaraciyər yemişdi.
“Ay Korney Qriqoreviç, sənin nə qədər sələfin olub. Hələ xələflərin olacaq. Dünya belə gəlib, belə də gedəcək”. Stansiyaya qayıdıb yatmağa hazırlaşırıq. Gecəniz xeyrə. Oxumaq üçün yalnız İsveç qəzeti olan “Yeni medianın” köhnə sayı var, amma onu dəfələrlə oxuduğumdan indi heç bir ləzzət ala bilmirəm. Orada Renndəki hərbi əməliyyat, respublika əleyhinə sui-qəsddən danışılıb.
İndi yenidən yerimə girib bu şeyləri təzədən oxumaq istəmirəm. Əşşi, eyni qəzeti nə qədər oxumaq olar, bu zəhlətökən birja qiymətləri ilə nə qədər təsəlli tapmaq ola axı. Bu köhnə qəzeti səfərdən qayıdarkən serb steplərinə atdım. Gecə düşüb, yenidən yerimdən durub stansiya ətrafında gəzişirəm. Həyətlərdən birinə girirəm. Bura hər tərəfdən evlərlə əhatə olunmuş açıq yerdir. Ulduzların zəif işığında kaftan geyinmiş adamların var-gəllərini müşahidə edirəm, onlar atları ya tövləyə salır. Ya onları orada çıxardırlar. Arabir binanın qapısı açılır, ordan kimsə nəsə deyir, yaxud kimisə çağırırlar, cavab gəlir, anlaşılmaz sözlər. Həyətin ortasında bir dəvə gövşəyir, elə bil saqqız çeynəyir. Bir uşaq onu dümsükləyib əsəbiləşdirir. O, gövşədiyi yerdə nərə çəkib qalxır. Tövlədən atların fınxırtısının və onların qarğıdalı gövşəməsinin səsi gəlir.
Əgər Korneyi atını, yəni, yüz rublu itirməsəydi, indi hər şey daha yaxşı olardı.
At tövlələrini dolaşır, hər şeyə diqqət yetirir, diqqətlə baxır, dinşəyirəm, bu vaxt birdən Korney peyda olur. “Yüz rubl” – o deyir və qəmli-qəmli başını bulayır. “Artıq bəsdir də” – mən ağlımdan keçirirəm… Ancaq o, ovunmaq bilmədən arxamca gəlməkdə davam edir. Qəfildən yenidən deyir ki, saat altıda çıxırıq. Başa düşməyə başlayıram ki, bu Korney niyə məni belə gec saatda əsəbiləşdirir. Başa düşürəm ki, məndən əlavə pul, rüşvət almaq niyyətindədir. Nəzərə alsaq ki, biz din yaymağa gələnlərdən deyilik, demək varlı adamlarıq və yüz rubl da mənim üçün heç nədir. Bu qeyri-mümkün deyil və çox güman ki, o, belə də düşünür.
Korneyi bərk qamarlayıb fənərin altında dayanan adamın yanına gətirirəm və saatımdakı beş rəqəmini ona göstərirəm. Sonra isə sınıq-salxaq rus dilimdə ona deyirəm: saat 5-də. Eyni vaxtda adsız barmağımı tamamilə onun alnına sıxıram. Korney başını tərpədir, yəni, anladım, əl çək. Buna rəğmən sakitləşmək fikrində olması nəsə ağlabatan görünmür. Bu səbəbdən canımı qurtarmaq üçün, ümumiyyətlə, həyəti tərk edirəm.
Çox güman Korney razılaşmamıza rəğmən səhər 6-da gələcəkdi. Amma sual başqa idi: bu üç atla biz gedib Ananura çıxa biləcəkdikmi? Çox düşünüb, götür-qoy edəndən sonra gəlib yerimə uzanıram.
Böyük otaqda kimsə yatıb. Digər divarın dibində mundirli zabit özünə yatmağa yer düzəldir. Onun öz mələfəsi və balışüzü var.
Təşəxxüslü görünüşü var, bu səbəbdən onunla söhbət açmıram. Düz qapının ağzında quru yerdə bir əsgər yatır. Hələ yatmayıb, deyəsən, zabitin yavəridir.
Yenidən bayıra çıxıb at cəsədinin yanına yollanıram. Həmin yerə az qalmış adamların deyib-güldüyünü eşidirəm, yolumu dəyişib ora gedirəm. Qayanın altında ocaq qalayıblar.
Gəlib çıxdığımda görürəm ki, ocağın ətrafında yeddi nəfər var. Əntiqə mənzərə idi. At ətini bişirib yeyirdilər, əlləri və üzləri yağ içində idi, hamının ağzı həm əti çeynəmək, həm danışmaqla məşğul idi. Ora yetişdiyimdə mənə də dadına baxmağa təklif etdilər, onlardan biri bir tikə ət götürüb mənə sarı uzadır, nəsə deyir, sonra gülür, mənə ürək-dirək vermək üçün digərləri də gülür və başları ilə yeməyimə işarə edirlər. Əti götürürəm, sonra başımı bulayıb rus lüğətindən tapıb öyrəndiyim şeyi deyirəm: “Mənim qızdırmam var”. Amma rusca bilmirlər, belədə, mənim nə dediyimi müzakirə etmək istəyirlər. Dediyimi başa düşəndə daha qızğın danışmağa başlayırlar. Belə başa düşdüm: onlar at ətinin qızdırmanın dərmanı olduğunu izah edir və hərəsi götürüb mənə bir tikə ət uzadırdı. “Ət dadlıdır. Bəs duz?” – mən xəbər alıram. Onlardan biri məni anlayır və nəyəsə bükülü duzu mənə uzadır. Əli çirklidir, bu səbəbdən duzu ondan alarkən gözlərimi yummağa məcbur oluram. Onlar duzsuz yeyir, tez-tez, dayanmadan, gözlərində dəlilik var. Öz-özümdən soruşuram: bunlar niyə belə sərxoşdur? Axı at əti adamı belə kefləndirməli deyil. Onları izləmək, sualımın cavabını anlamaq üçün otururam. Atın suyunu içirlər indi, bu məqsədlə böyük bir qaşıqdan istifadə edilir, içib bir-birlərinə ötürürlər. Qaşığın tutan yeri yağ içindədir. Şorbanı içib yanğılarını söndürəndən sonra yenidən ata girişirlər. Ət mənə yaxşı təsir edir, düzdür, qızdırmamı salır, amma deyirəm ki, artıq istəmirəm, onlar isə hələ də israrla ət təklif etməkdə davam edir.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.