Электронная библиотека » Кнут Гамсун » » онлайн чтение - страница 3

Текст книги "Nağıllar Diyarına Səyahət"


  • Текст добавлен: 17 октября 2022, 09:00


Автор книги: Кнут Гамсун


Жанр: Зарубежная классика, Зарубежная литература


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

Mən yerimdə durub zabit və kəndlilər barədə düşünürəm. O, kəndlilərin ağasıdır, arxada qoyduğumuz kəndin, sübh çağı gördüyümüz sehrli sarayın, sonra keçdiyimiz onlarla mil uzunluğundakı qaratorpağın ona məxsus olması da mümkündür. O, kəndlilərə “Dayanın” deyən kimi onlar dayandılar. Bir zamanlar Peterburqda I Nikolayı küçədə təqib edən qəzəbli kütlə o, üzünü çevirib zəhmlə “Diz çökün! deyə əmr etdiyi zaman dərhal diz çökmüşdü.

Sadəcə əmr etməyi bacaran şəxsləri dinləyirlər. Napaleona heyranlıqla qulaq asırdılar. Dinləmək – zövq almaqdır. Ruslarda bu keyfiyyət hələ də qalmaqdadır.

Böyük Pyort haqqında yazdığı kitabda Valişevski deyir: 1722-ci ildə Moskvada olduğu zaman Berqolts təkərə bağlanlb əzablı şəkildə həyata keçirilən 3 edama şahidlik edib. Cinayətkarların lideri 6 saatlıq əzabdan sonra ölüb, digər ikisi isə daha çox tab gətiriblər. Biri əzablı işgəncəyə məruz qalarkən üzünü silmək niyyəti ilə qırılmış əlini qaldırarkən görür ki, uzandığı təkərin üstünə bir neçə damcı qan tökülüb. Bu anda sındırılmış qolunu yenidən qaldırıb axan qanı bacardığı qədər təmiz silməyə çalışıb. Bu tip insanlarla xeyli iş görmək olar. Ancaq onların təbii instinktlərini, düşüncə və təsəvvürlərini yumşaq metodlarla məğlub etmək qeyri-mümkündür. Belə hallarda əmrlər, çar sözü və zülm möcüzələr yaradır. Zabit “dayanın” dedi və kəndlilər o andaca dayandılar.

Yanımda dayanan bir cənab mənə nə isə deyir. Mən onu anlamasam da, gödəkçəmi işarə etdiyi üçün stearin haqqında danışdığını başa düşürəm. Ana dilim norveçcə ona hər cür təmizləyici vasitə və ütü ilə bunu təmizləməyə gələcək adamı gözlədiyimi izah etməyə çalışıram. Bu zaman onun simasında görünən mərhəmət hissi həmin adamın gələcəyinə heç də inanmadığını sübut edir. Fikirləşmədən paltarının qolu ilə gödəkçəmi təmizləməyə girişir. Az qalır gözündəki eynək düşsün, amma o heç bir şeyə əhəmiyyət verməyərək işinə davam edir. Az keçmiş stearin getməyə başlayır. Böyük təəccüb doğursa da, gödəkçəmdəki ağ ləkənin tamamilə yox olduğunu gördükdə onun mütəxəssis olduğunu anlayıram. Bu adama nə bağışlayım deyə düşünürəm; vizit kartımı, siqar və yaxud pul. Ən yaxşısı vizit kartıdır, onun üzərində dayanıram. Kartları axtarmağa başlasam da bir nəticə hasil olmur, yəqin ki, yüklərimin arasında qalıblar. Sadəcə minnətdarlığımı bildirməklə kifayətlənirəm, bildiyim hər dildə təşəkkür edirəm, o isə gülümsəyib başını tərpətməklə qarşılıq verir. Biz sanki bundan sonra əbədi dost oluruq. Mənimlə rus dilində danışmağa başlayır. Mən hər sözü anlaya bilmirəm, bu mümkün də deyil, amma tez-tez stearin deməsindən nə barədə danışdığını başa düşürəm. Nitqinin məğzi mənə aydın olsa da, dilimi bilmədiyi üçün cavab verə bilmirəm, çünki məni anlamayacaq. O, başqalarını da səsləyib məsələnin nə yerdə olduğunu izah edir, ərtafıma ona yaxın insan gəlir. Mən sakitliyimi saxlaya bilməyib norveçcə yenidən doğrayıb-tökməyə başlayıram. İntizarlara bununla son qoyulur. Mən bərkdən danışıb səslərini batıran zaman dərhal başlarını tərpədib razılaşırdılar. Dinləyicilərim arasında artıq mənə gödəkçəmdəki stearini təmizləməyə söz verən qatar xidmətçisini də görürəm. Mən ləkənin təmizləndiyi ona göstərdikdə nə isə deyir, onun da vəziyyətdən razı olduğunu hiss edirəm.

Yol yoldaşım başını kupedən çıxararaq norveçliləri necə tapdığımı başa düşməyə çalışır. Az sonra kupedəkilər yüksək səslə və tərbiyəsizcəsinə gülməyə başlayırlar. Bu səs dinləyicilərimi çaşdırır, belə olduqda səssizliyə bürünüb çıxıb gedirlər.

Keçdiyimiz bir kiçik çöl stansiyasında bərkidilmiş torpağın üstündə taxıl döyülür. Enli zolaqlarla buğda dərzləri torpağa düzülür. Sünbüllər tamamilə tapdalanana kimi atlar və öküzlər buğda dərzlərinin üstü ilə o tərəf-bu tərəfə sürülür. Bura xırmandır. Qum və xırda daşların rus buğdasının içindən çıxması məni təəccübləndirmir. Uşaqlıq illərimin şimalda keçməsi sayəsində Finmarken balıqçılarının Arxangelskdən gətirdiyi taxılı atamın balaca dəyirmanında necə çətinliklə üyütdüyünü yada salıram. Hətta qığılcım belə çıxırdı dəyirmanda rus taxılını üyütdüyü zaman. Mənə bu, qəribə təsir bağışlayırdı. O vaxtlar hələ taxıl döyülməsinin fərqli metodlarından xəbərsiz idim. İllər sonra Amerika buğda preriyalarında (Şimali Amerikada geniş çöl) yonqarın, torpağın və samanın tüstülədiyi iri buxar taxıldöyəni ilə olan üsulla da tanış oldum. Amma ən maraqlı metod – gənc kazak qızlarının öküzlərlə tapdalamasına burada şahidi oldum. Əllərindəki qamçı ilə heyvanları bərk-bərk vurur, bu zaman qamçı havada maraqlı naxışlar cızırdı. Kazak qızları nə kök idi, nə də bədənli, heç geyimləri də bahalı deyildi.

Çöl artıq əvvəlki kimi hamar yox, kələ-kötür idi. Solda lap uzaq nöqtədə sıra dağların ətəkləri görünür, bu, Qafqaz sıra dağlarının başlanğıc bölgəsidir. Torpaq burada çox münbitdir, düzənlikdə tikililər sıx yerləşib, dağ yamaclarında isə qəsəbələrə rast gəlinir. Havanın temperaturu artdıqca biz sıra ilə dayanıb ən nazik paltarlarımızı geyinmək üçün kupeyə girməyi gözləyirik.

Teleqraf dirəklərinin fasiləsiz müşayiəti ilə keçən yolculuğumuzda dirəklərdə məftillərin sayı yol boyu artıb-azalır. Burada isə 9 ədəd görürük.

Hərarət daha da artır, belə yüksək temperatur məni təəccübləndirir, axı əvvəllər buradan xeyli cənuba da getmişdim. İndi şərqdə olsaq da, Serbiya, Şimali İtaliya və Cənubi Fransanın olduğu en dairəsindəyik. Həmçinin, hava bürkü olacaq qədər də durğun deyildi, bütün qapıları və pəncərələri açdığımız üçün içəridə elə bir külək qopmuşdu ki, uçmasın deyə şlyapalarımızdan möhkəm tutmuşduq. Ancaq külək isti olduğundan çətinliklə nəfəs alırdıq. Sifətlərimiz sanki qara pionlar (qaymaqçiçəklilər fəsiləsindən ağ, qırmızı güllər açan çoxillik bəzək bitkisi) kimi görünürdü. Qadınlar isə şişmiş, burunları gülməli hal almışdı. Əlbəttə ki, xanımlar səhər tezdən yuyunmuşdular, amma qatarla uzun səyahət zamanı bunun elə bir mənası yoxdur.

Bakıdan xam və ağ neft daşıyan qatarla qarşılaşırıq. Hava yağlı vaqonlardan vuran qoxu ilə daha da zəhərli olur. Bir qədər irəlidə sol tərəfdə Beşdağ görünür, mədən sularına gedənləri düşürmək üçün kiçik bir stansiyada dayanırıq. Tanrıya şükür olsun ki, bu stansiyada yəhudi zabit də düşür, artıq məni qəti tanımır; buna rəğmən o, Vladiqafqaza gələnə qədər oranı tərk etmək mütləqdir!

Beşdağda sanatoriya və çimərliklər var. Hər bir dağ ayrı-ayrı öz zirvəsi ilə önümüzdə dayanıb. Həmçinin, burada 40 dərəcə temperaturu olan isti bulaqlar, eyni zamanda kükürdlə zəngin çeşmələr var. Bu çeşmələrdə üzümü bir neçə saat saxladıqda, kükürd üzümlə kristallaşır, sonda kükürdlü üzüm yaranır. Stansiyalarda bu tipdə qeyri-adi şeylər satılır. Uzaqda görünən qarlı dağlar, demək olar, göy üzündəki ağ buludlara qarışmışdı. Çöllərdən zirvəyə qədər ucalıb günəşin şəfəqlərı altında bərq vuran nəhəng dağlar əfsanəvi görünürdü. Saat 7-də axşam tərəfi hava sərinlədi. Yol boyu Qafqaz dağlarını ancaq sol tərəfdə görürük, onlara yaxınlaşdıqca hava da sərinləşir. Başlayırıq açıq vaqon qapılarını bağlamağa. 2 saat sonra hava xeyli soyuduğundan pəncərələri də bağlayırıq. Gödəkçəmdə olan stearin ləkəsi yenidən üzə çıxır, soyuq hava onu görünən edir. Beləcə, mütəxəssisimin də yalançı olduğu aydın olur, sadəcə özünü göstərirmiş.

Artıq günəş üfüqün arxasında gizlənib, uzaqlıq və əzəməti ilə fərqli bir dünya təsiri bağışlayan dağlar ağ-yaşıl rəngə boyanıblar. Orada həm qardan zirvələr, həm çökəkliklər, həm də qala və minarələr var. Bu səbəbdən də Puşkin, Lermontov və Tolstoyun ilk dəfə dağları gördükləri zaman onların sirli qüdrətini təsvir etmələrini anlamalıyıq.

Hava tez qaralır. Beslan stansiyasındayıq, mühəndis başqa qatara minib birbaşa Bakıya yola düşməlidir. Artıq yolumuza tək davam etməliyik. Bədirlənmiş ay görünür, ulduzlar isə sayrışır. Əzəmətli dağlar bizə qucaq açıb. 2 saat sonra ay və ulduzlar yox olur, ərtaf zülmət qaranlığa bürünür. Bu zaman çöldə iki nəhəng tonqal görünür, əhəng yandırırlar. Tonqaldan qopan qığılcımlar göyə qalxır, alovun yanında kölgələr tərpənir, itlər hürüşür.

Stansiya olduqca qaranlıq idi, tək-tük yanan fənərlər işıq verə bilmirdi. Bu halda yol yoldaşlarımızla sağollaşanda üzlərini güclə görürdük. Ailəsi ilə birgə Petrovskiyə və Dərbəndə yola düşən mühəndisdən sonra biz qaranlıqda Beslan stansiyasını bir qədər dolaşdıq. Kaş niyə burada dayandığımızı biləydim! Kimdən soruşmaq olar, görəsən? Bizə kim deyər? Stansiyada iki saat gəzdikdən sonra artıq qaranlığa öyrəşən gözlərimiz yaxşı görməyə başlayır.

Divarın dibində sərxoş bir kəndli uzanıb. Yatdığı, ya huşunu itirdiyi bilinmir, həyatda olduğunu göstərən zərrə qədər əlamət yoxdur. Kəndlini buradan götürməyi uniformalı, zolaqlı papaq geyinmiş bir cənab əmr edir, iki nəfər gözətçi onu əllərindən tutaraq platformayla sürüyür və yoxa çıxır. Şalvarı və jileti çiyinbağı olmadığından ayrılır, biz onun tamamilə köynəksiz olduğunu gördük. Bu adamı heyvan leşi kimi sürüdülər. Kömək etmək istəsək də, fürsətimiz olmadı. Qarşıdan gələn qatar sürətlə keçib gedir və yolumuz boşalır, qatardan fit səsi gələn kimi kupeyə tələsirik. Beləcə qatarın gecənin qaranlığını yarıb keçdiyini hiss edirik.

Yarım saat keçdikdən sonra Vladiqafqaza çatırıq. Saat hal-hazırda 12-nin yarısıdır. 3 saat gecikmişik.

IV Bölüm

Vladiqafqaz.

Bir neçə dəfə “yükdaşıyan” deyə səsləyirik. Dediyimiz sözü nəhayət ki, anlayan tapılır və yükdaşıyan gəlir. Yükümüzü arabaya daşıyır. Bizi arabaçı mehmanxanaya gətirir.

Mehmanxananın işıqları artıq gecə saat 1 olsa belə yanır.

Qızılı qotazlı papaq taxan iki qapıçı bizi qarşılayır.

Fransızca danışırsınız?

Xeyr.

Alman dilində necə?

Xeyr.

İngiliscə bəs?

Xeyr. Ancaq rus, tatar (Azərbaycan dili nəzərdə tutulur), gürcü və erməni və fars dillərində.

Ancaq?

Başqa çarə yoxdur, arabaçının pulunu ödəyərək yüklərlə üçüncü nömrəyə gəlirik. Nömrədə yalnız bir çarpayı qoyulub. Biz işarələrlə başqasını da istədiyimizi bildiririk, alacağımızı söyləyirlər. Gecdir, biz isə acmışıq, yatmamışdan yemək üçün bəzi şeylər almalıyıq. Əvvəlcə arvadım yuyunmaq barədə danışmağa başlayır. Vəzifələrimi bildiyimdən masaya yumruğumu vuraraq birinci yemək, daha sonra bəzənmək, dəbdəbə və başqa mənasız şeylər deyirəm. İstədiyim olur.

Bizə aşağıda yerləşən yeməkxanada bir qədər qızardılmış qoyun əti, şi və piroq verirlər. Xidmətçi rus dilini bilir, hətta pivə və balı ingiliscə də anlayır, amma biz də onları rusca bilirik deyə heç lazım olmur. Hər şey həm maraqlı, həm də rahat gəlir. Bircə yeməyin qiymətinin həddindən artıq baha olması xaricində.

Şam yeməyimizi yeyib dururuq. Gecə saat 2 olsa da, küçənin digər tərəfində hələ də açıq olan meyvə və tütün dükanları nəzərə çarpır. Gedib oradan üzüm alırıq.

Qayıdanda otağımıza ikinci çarpayının qoyulduğunu görürük, amma hələ də hazır deyil. Zəngi çalırıq və qulluqçu gəlir. O, temperatur yuxarı olduğundan nazik geyinib və ayaqyalındır. Əlavə yataqla bağlı istəyimizi ona anladırıq, o isə başını tərpədərək otaqdan çıxır. Bircə söz də demədi ki, hansı dili bildiyini başa düşək, biz xarici görünüşündən tatara bənzətdik. Mehmanxanadan çıxaraq gözləyirik, yenidən meyvə alırıq ki, vaxtımız getsin, xeyli meyvə almışıq artıq. Bir qədər uzaqlaşıb, isti və alaqaranlıq küçələri gəzməyə üz tuturuq.

Hər yer qaranlıqdır, yalnızca lampa meyvə, tütün və isti piroq satılan dükanlarda gözə dəyir. Dükanlarda bir ləzgi, ya da Allah bilir kimsə, silahlı şəkildə öz üzüm və papiroslarını satır; kəmər hissədə xəncər, qılınc və tapança nəzərə çarpır. Xeyli adam akasiya kollarının altında o yan-bu yana gəzişir, bir şey almaq yerinə ya sadəcə dayanıblar, ya dolaşıb mahnı oxuyurlar ya da xəyal aləminə qapılıblar. İnsanlar Şərqə doğru getdikcə daha az danışırdı. Qədim xalqlar çox danışıb-gülməyə qalib gəliblər, sadəcə susub gülümsəyirlər. Bəlkə də yaxşısı budur. Yığıncaqlar Quranın formalaşdırdığı dünyagörüşünü müzakirə etmək yeri deyil, əsas bircə qanun var: Xoşbəxtliyin yolu səbrli olmaqdan keçir, sonra hər şey yaxşı olacaq. Fatalizm.

Bir adam köşklərdən birinin qabağında oturaraq balalayka çalır, musiqi qeyri-müəyyən və yeknəsəq səslənir. Biz onun burada nəsə çalaraq pul qazandığını gördükdə Tanrıya şükr edirik. Bu adam hər birimizə sevinc gətirir, özü də işindən zövq aldığı üçün çalmaqdan yorulmur. Heyranedici bir diyarda heyranedici bir xalq! Bu insanların həm çalıb oynamağa, həm də dillərini sakit saxlamağa həmişə vaxtları var. Yer üzündə bir halda ki, belə ölkələr var, Tanrı onlara kömək olsun! Slavyandan yaxşı qonşu tapılmaz onlar üçün, ona görə ki, slavyanların da simi sinəsindədir. 500 il davam edən döyüşlərində bir dəfə yunanlar ərəblərin bütün bir dəstəsini əsir almışdı. Əsirlərin arasında əllərində qusli (qədim çoxsimli rus musiqi aləti) olan üç slavyan da olubmuş, onların bütün silahı bundan ibarət imiş.

Çalğının müşayiəti ilə musiqiçilər oxumağa başlayır. Biz heç nə anlamasaq da bunu laylaya oxşadırıq, öz səmimiliyi ilə burunda oxunan nəğmə bizə təsir edir. Brahmadan “Sakuntalanı” yada salırıq, o da mücərrəd, qiymətli söz xəzinəsidir. Bir müddət sonra buradakı alaylarda xidmət edən rus-xristian zabiti gəlir. Burada hər bir müsəlmansayağı əlamətin yanından keçməlidir, ancaq bunu slavyan olduğundan nifrətlə icra etmir. İndi o bəlkə də klubundan evə yatmaq üçün qayıdır. Ancaq ləzgi bütün gecə çalıb-oxuyur, evə getmir. Biz – avropalılar yatmaqdan, istirahət etməkdən zövq alırıq, bu sahədə dərin düşünürük, yatağımız müxtəlif parçalarla bəzədilir. Elə həddə çatmışıq ki, qışın həsrəti ilə yaşayırıq, yayın bir neçə həftəsini yola verib yenidən soyuğun, hər şeyin donaraq məhv olmasının həsrətini çəkməyə davam edirik. Heç birimiz bitməkdə olan yay üçün heyifsilənmirik, dərd çəkib ağlamırıq. Bu, elə nöqsandır ki, insan başa düşməkdə çətinlik çəkir. “Heç kimin onun ölməsinə görə göz yaşı tökməməsi həyata oxunan ən qəddar hökmdür.” Ancaq yenidən həsrətində olduğumuz qış gəldikdə, arzumuz reallaşdıqda ümidsizliklə dolu olaraq ayı tək mağaramıza girmirik (belə təbii olardı), əvəzində qarda çalışıb-vuruşuruq. Soyuqdan heç kəsin tərpənə bilmədiyi uzun gecələrdə sobalarımızı yandırıb mütaliə edirik. Roman, qəzet və s. oxuyuruq. Amma qədim tayfalar qaranlıq gecələrdə kitab oxumur əvəzinə mahnı oxuyub pul qazanır. Hələ də bu adam akasiyanın altında oturub, onun oxuyub-çaldığını görüb-eşidirik. Belə bir ölkəyə səfər etmişik. Avropalı olduqdan bir müddət sonra bir barbar imperatoru Qafqazdan sürgün bölgəsi kimi istifadə etməyə başlayıb; buraya əsasən şairləri göndərməyə üstünlük verib.

Gecə keçir, lakin burada insanlar adətləri üzrə heç veclərinə almayaraq yatmağa tələsmirlər. Onlara görə isti və ulduzlu gecə varsa, həyat şirin yuxudur. “Quran” insanlara heç nəyi qadağa qoymayıb, onlar istədikləri kimi üzüm yeyə ya da ulduzlu gecədə mahnılar oxuya bilirlər. Kəmərdən asılan silahın həm müharibəni, həm əzəmətliliyi, həm qalibiyyəti, həm də təbili bildirmək kimi bir sıra mənaları var. Həmçinin balalayka da xüsusi mənaya sahibdir; məhəbbətlə yanaşı, çöllərin dalğalanması və akasiya yapraqlarının xışıltısının rəmzidir. Sonuncu yunan-türk müharibəsi başlandığı zaman bir türk zabiti kimin qələbə çalacağı barədə öncədən proqnoz verərək “Ah, orada qan su yerinə axacaq, güllər qana bulaşacaq və yunanlar darmadağın ediləcək.” Bu cümləni haradan oxuduğumu xatırlamasam da, ecazkar təsviri ilə məni özünə heyran qoyub. Qana bulanmış güllər! Cənab Prussiya zabitləri, nə vaxt belə danışmısınız?

Nömrəmizə qayıtdıqda çarpayıların müəyyən qədər hazır olduğunu gördük, ancaq su, dəsmal və kibrit qoyulmamışdı. Düzünə qalsa, heç yataqlarımız da tam hazır deyildi. Hərəsinə əyri-üyrü şəkildə bir döşəkağı salınmışdı. Dərhal arvadım yataqlarımızı düzəltməyə başlayır. Əlbəttə ki, bunu arvadım özü üçün yox, sadəcə qulluqçuya işinin incəliklərini başa salmaq və ya işə olan sevgisinə görə edirdi. Bir-birinə kömək edərək, nitqlərini yamsılayaraq mənim xeyli əhəmiyyətli qəribə şeylər eşitməyimə səbəb olurlar. Çarpayılarda döşəkağından başqa bir şey olmadığı üçün biz yorğan istəyirik, xidmətçi çıxıb bir yorğanla qayıdır. Daha bir dənə hər yatağa biri olsun deyə xahiş edirik, ikincisi də gətirilir. Sonra su istədikdə qulluqçu bir şey başa düşmür. Böyük səylə izah edib ona su istədiyimizi başa salırıq. Elə bu andaca axmaq situasiyaya düşürük. Xidmətçi ayağını əlüzyuyanın pedalına qoyan kimi su axınla ləyənə tökülməyə başlayır. Artıq burada əlüzyuyan da quraşdırılıbmış. Rusiyada hər zaman axar suda yuyunublar, bunu Moskvadan yadda saxlamalıydıq. Ruslar həmişə əcnəbilərə öz kirinizdə yuyunursunuz deyirlər. Nəhayət, dəsmal da tələb etdik. Xidmətçi dəsmalı da gətirir. Kibriti isə cibimdən tapdığımdan qulluqçudan canımızı qurtarmaq üçün baş endirib gecən xeyrə qalsın deyirik.

Uzun qatar səfəri beynimizim fərqli hissələrini alt-üst edib, orada bir sıra şeylər tullanıb-düşür, amma biz hələ də gedirik; mən hələ əlavə olaraq yorğunluq, halsızlıq, və hərarət də hiss edirəm. Kiçik bir qədəhlə bu halı müalicə etmək olar deyərək, pivə stəkanını konyakla doldururam.

Bir saatlıq yuxudan otaqdakı dəhşətli isti ucbatından oyanıram və düşünürəm ki, heç yorğan istəməyin mənası yox imiş. Təkcə mələfə örtərək yenidən yuxuya gedirəm. Bu dəfə isə soyuqdan donaraq yuxudan ayılıram və anlayıram ki, yorğanı kənara atmaq heç də yaxşı fikir deyilmiş. Qısacası, artıq məndə Qafqaz qızdırması başlamışdı, gecəni çox narahat yatdım.

Eh, nə qədər belə gecələr keçirmişəm.

V Bölüm

Səhər dağlara səyahət barədə məlumat alırıq; alman və fransız dillərini bilən cənab vasitəsilə danışırıq. Yaxşı ki, mehmanxanada onunla qarşılaşdıq. Fransadan gələn 64 nəfərdən ibarət heyət teleqrafla poçtu tamamilə tutduğu üçün poçt atları tapmaq qeyri-mümkündür. Problemin həlli üçün bizə poçt stansiyasına müraciət etməyimiz məsləhət görülür. Orada alman dilində danışan xidmətçi bizi qarşılayaraq dövlət atlarının hamısının 6 gün öncədən kirayə olunduğunu bildirir. Vladiqafqazda 6 gün! Lazım olsaydı dağlarda ləngimək olardı, ancaq bu düzənlikdə, çöl şəhərində yox. Əgər 6 gün burada qalsaq, bəlkə də Beşbağdakı zabit də gəlib bizə çatar, sonra da bir də ondan canımızı qurtarmaq haqqında fikirləşmək lazım olacaq.

Bizə poçt məmuru dördatlı xüsusi ekipaj kirəyi etməyi tövsiyə edir. Ancaq qiymətin çox baha olacağını da bildirir. Sonrakı məsləhəti isə süd içən malakan arabaçı ilə bağlı oldu. Dini təriqətə mənsub bu adamlar heç bir halda spirtli içki qəbul etmirlər.

Məmurun təklifləri xoş səslənirdi, biri istisna olmaqla. Dördatlı qoşqu barədə tövsiyəsi elə də ağlabatan deyildi. Bizim qraf olub-olmamağımızla bağlı məsələyə gəldikdə isə

çox şükür, belə sual ünvanlayan olmadı, əgər olsaydı belə əlbəttə ki, sadə vətəndaşlar kimi səhayət etmək istədiyimizi izah edəcəkdik. Ona bunu başa salıram. Poçt məmuru isə dağlarda yoxuşlu yollara və bizim iki nəfər olmağımızla yanaşı yüklərimizin də mövcudluğuna əsasən belə təklif irəli sürdüyünü bildirir, özünün də dağa dörd atla səfər etdiyini söyləyir. Xarici görünüşündən ağılsız hərəkəti özünə sığışdırmayan adama oxşayırdı, əksinə zamanında dörd atla dağlara səyahət üçün pulunu son qəpiyinə qədər xərcləyən biri təsiri bağışlayırdı. Dağınıq saçlı, sivri burunlu, çox arıq, yorğun görünən biri idi. Mehriban münasibətinə görə minnətdarlığımı bildirib getmək istəyirəm. Onda həyat yolaşım məmura 1–2 rubl verməyi təklif edir. Mən bir qədər azaldıb ona gümüş sikkə verirəm. Amma ona heç bir şey lazım deyilmiş, təşəkkürə ehtiyac yoxdur. Biz sadəcə öz minnətdarlığımızı bildirmək istəyirdik. O, sikkəni götürüb stolun qırağına itələyir. Sonra öz kağızları ilə məşğul olmağa başlayır. “Bax, 2 rubl versəydin əgər, dah çox razı qalardı.” deyə arvadım söylənir. Malakan və dördatlı qoşqunun arxasınca mehmanxanadan kimisə göndəririk; alman və fransız dillərində danışan məmur bir daha yardımımıza yetişir. Bu gözəl insan adi Avropa stilində geyinmiş yaraşıqlı bir gəncdir, hərbçi təsiri oyadır bizdə, polkovnik olduğunu düşünürük. Saçına, saqqalına ağlar düşüb.

Nəhayət malakan gəlir.

Mən soruşuram: – Siz malakansınız? – İlk dəfə idi ki, arabaçı tutmazdan qabaq onun dini mənsubiyyətini xəbər alırdım.

Bəli, o malakandır.

Bizi dağlardan keçirib Tiflisə aparmaq üçün arabaçı 57 rubl istəyir. Ancaq bu qiymətə yəqin ki, bizi müşayiət etmək üçün kazak konvoyu tapa bilməyəcək.

– Kazak konvoyu? Nə edirik konvoyu? O məgər konvoy olmadan gedə bilmir?

Arabaçı özü də konvoysuz səfərə razı olub-olmadığımızı soruşur.

Bir-birimizə baxırıq.

Bu halda tərcüməçi polkovnik problemi özü həll edir və bizə konvoy lazım olmadığını deyir, Tanrının nəzərini daim üzərində hiss edən insanlardan olduğumuzu xatırladır. Quldarlar və soyğunçular bizim nəyimizi götürə bilər ki? Üstümüzdə pul yoxdur, missionerlərik, bizə İran və Çinə getmək lazımdır, çamadanlarımızda isə ancaq İncil var. Elə bu səbəbdən də konvoya ehtiyacımız yoxdur.

Bu nöqtədə malakan da bizdan dala qalmırdı. Qabağımızda və arxamızda gedəcək olan 7 nəfərlik kazak konvoyu nəyə lazımdır? Qısacası, qorxulu bir şey yoxdur, o, bu yolla gedib və yaxşı tanıyır.

Razılığa gəldik. Qabaqcadan 10 rubl verib əvəzində arabaçının nömrə nişanını girov kimi götürəcəkdik. Yolboyu yemeyə və atları yemləməyə 5 rubl xərcləyib, Tiflisə çatanda isə qalan 42 rublu ödəyəcəkdik. Səfərimiz 3 gün çəkəcək. Yola düşmə vaxtımız isə səhər saat beşdir.

Malakan qapıdan çıxanda bizə çevrilib təklif edir ki, əgər yolda dağlara, aullara ekskursiya etmək istəyiriksə, qonşu dağlardakı tayfalara baş çəkmək fikrimiz varsa, o zaman ləngiyəcəyi hər günə görə 15 rubl ödəməliyik. Biz isə qiyməti 12 rubla salıb razılaşırıq.

Hər şey qaydasındadır.

Gedirik şəhərə baxaq. “Qafqazın hakimi” sayılan Vladiqafqaz 45000 əhalisi, park, teatr, yaşıl bulvarları olan yarımavropa şəhəridir. Cənubi Avropada olduğu kimi burada da sənətkarların küçədə oturub işləməsindən başqa müşahidə edən şəxs üçün maraqlı bir şey yoxdur. Ancaq tək fərq odur ki, burada sənətkarlar da bütün qafqazlılar kimi yaraşıqlı – ərəblərə bənzəyən qarabuğdayı gözəl kişilər idi. Metal emal edən 3 nəfərin oturduğu skamyaya yaxınlaşırıq. Onlar xəncər, qılınc, kəmər üçün bəzəklər və qadınlar üçün bəzək əşyaları kəsib düzəldirdilər. Üzərində metal naxışlar və 4 dənə yaşıl qaş olan əsa aldım. Qiyməti çox ucuz cəmi 8 rubl idi, üstündə Bizansa xas naxışlar əks olunmuşdu. Əl ağacının dəstəyi saydığıma görə təxminən 9000 ədəd metal mıx və hissəcikdən ibarət idi.

Deyəsən, malını satmaq adama çox da vacib deyildi. Dəzgaha yaxınlaşdığımız zaman ayağa durdu, ancaq heç nə demədən sadəcə dayanıb baxırdı. Bütün əsaları tələsmədən nəzərdən keçirdim, qiymətlə maraqlananda qısaca rusca cavab verib susdu. Pulu uzatdıqda isə rusca yox, başqa bir dildə bircə kəlmə ilə təşəkkürünü bildirib başını tərpətdi. Elə bayaqdan ayaqüstə qalmışdı, yalnız oradan uzaqlaşanda yenidən oturduğunu gördük.

Böyük yun şal almalı idik. Dağlarda hava soyuq olacaq, biz isə heç bir üst geyimi götürməmişdik. Alman və fransız dillərində danışan polkovnikimiz də bizimlə gəlir. Yun sal satılan mağazanı tezliklə tapırıq; düzdür, polkovnik də buradan deyil, amma istənilən yolu rahatlıqla tapa bilir.

Fərqli növdə olan cansıxıcı Avropa şallarını qarşımıza düzsələr də, bəyənmirik. Əvəzinə uzun tükləri olan yub ədyallar – bu günədək gördüyümüz ən yaxşı ədyallar idi – seçib qiymətini xəbər alırıq.

Qara rəngdə ipək kaftan geyinmiş mavi gözlü satıcı piştaxtanın arxasından preyskuranta baxaraq cavab verir: – 18 rubl.

Polkovnik bizə izah edir: – Hər ikisinə 18 rubl.

Ancaq mavi gözlü adam alman dilini başa düşür; bəlkə elə özü də almandır. Ona görə cavab verir: – Xeyr, təkcə biri 18 rubl. Polvokniv bunu qabaqcadan bilsə də, özünü hər ehtimala qarşı təəccüblənmiş kimi göstərir. Cibindən eynəyini çıxarıb burnunun üstünə keçirir, sonra heç bir söz demədən tacirə baxır, özünə gələ bilmir. Tacir də baxışlarını polkovnikə zilləyir və beləcə bir müddət dayanırlar.

Tacir sonda təslim olur: – Bəli, 18 rubldur. Bu sözləri deyəndən sonra yunun rəngi, növü, keyfiyyəti barədə məlumat verərək ədyalı qatlamağa başlayır. Biz başa düşməliyik ki, bunlar sadə ədyallar deyil.

Amma polkovnik ədyalları səssizcə qoyub bir söz demədən getmək istəyir. Biz də onu izləyirik. Ancaq qəfildən üzünü çevirib deyir: Sizdən bir şey soruşum, ədyala görə nə qədər pul istəyirsiniz?

36 rubl, – deyib tacir yenidən ədyalları tərifləməyə başlayır. Bu zaman polkovnik ucuz almağın mümkün olmayacağını bizə fransız dilində çatdırır.

Xeyr, onları ucuz satmaq mümkün deyil, – lənətə gəlmiş alman, bəlkə də fransız belə deyir.

Polkovnik satıcı ilə bir qədər də mübahisə etsə belə heç bir nəticə hasil olmur; ədyallar bükülür, artıq pulu verməliyəm. Kağız pulları sayaraq 34-ə çatdığım zaman polkovnik “Dayan!” deyə səslənir. Həmin pulu tacirə verərək bundan bir qəpik də artıq olmaz deyir. Tacir isə xəsislik edib pulu almır. Polkovnik deyir: – Onda ədyalları özünüzə saxlayın.

Eyni zamanda iri bükülünü qoltuğuma verərək qapını işarə edir. Arxamızca küçəyə çıxmamışdan öncə pulu piştaxtanın üstünə atır.

* * *

Gecələr Qafqaz qızdırmasına və taxtabitilərinə görə yaxşı yata bilmirəm.

Saat dördün yarısı olanda oyanıram. Hər tərəf qaranlıqdır, bircə küçənin o başındakı meyvə və tütün dükanlarından işıq gəlir. Mehmanxanada haradansa zəng səsi eşidirəm. Zəng çalmaq üçün o qədər də erkən olmadığını düşünüb ipi dartıram. Heç kim gəlmir. Yenidən zəngi çalıb açıq pəncərənin qabağında uzanıb gözləyirəm. Hələ də xəbər yoxdur. Bu səbəbdən bir daha təkrarlayıram.

Yüngül səhər yeməyi gətirilməsi və başmaqlarımızı almaq üçün altı dəfə zəng çalmağa məcbur oluruq.

Malakanın düz saat beşin yarısında mehmanxananın qarşısında dayandığını pəncərədən görürük. Bir anlıq qapıçıya nə isə deyəndən sonra çıxıb gedir. Biz aşağı düşüb qapıçını tapırıq, lakin heç bir dildə onunla danışmaq mümkün olmur. O, bizi başa salmaq istəsə də, heç bir şey anlamırıq. Saat artıq beşdir.

Yenidən mehmanxanaya yaxınlaşan malakan görünür; mən yükümüzü daşıyıb arabaya yükləmək istəyəndə, onlar yükləri boşaldıb yenidən mehmanxanaya qaytarırlar. Nə bu qəribəliyi anlaya bilirik, nə də arabaçı ilə qapıçının danışığını. Belə etmələrinə səbəb kimi hesabı ödəmədiyimizi fikirləşməkdən başqa ağlımıza bir şey gəlmir. Dərhal sinəmi qabağa verib özümü mühüm bir şəxs kimi göstərməyə çalışaraq münasib sözlər seçib norveç dilində bir nitq söyləyirəm. Missioner olduğumuzu yaddan çıxarıb pul kisəmi çıxarıb “milyon” sözünü işlədərək onu əlimdə şappıldadıram, bu söz rus dilində də eyni olduğundan onlarda müəyyən təəssürat yarada bilərik. Bu da bir şey ifadə etməyəndə daha yüksək səslə qışqırıram: hesabı… O miskin hesabı mənə gətirin.

Xidmətçi bizə nə isə başa salmağın qeyri-mümkünlüyünü görəndə məcburən dünənki tərcümə edən polkovniki oyatmağa tələsir. O, yüngül geyimdə aşağı gəlir, üst-başına görə üzr istəyə-istəyə salamlaşır. Ancaq indi aydın olur ki, bizim getməyimizə polis mane olur. Vilayətdə at xəstəliyi geniş yayılıbmış, bizim heyvanları da yoxlamaq lazım imiş, bu səbəbdən də polis arabaçını dünən axşam çağırıb.

İşimiz yenə çətinə düşdü. Görəsən, nə vaxt gedə biləcəyik? Ancaq günortaya yaxın.

O zaman təyin olunmuş stansiyaya gecəyədək gedib çata bilməyəcəyik.

Polkovnik xeyli düşünür, qapıçı və arabaçı ilə bir qədər məsləhətləşir. Sonda, qərara gəlir ki, biz şəxsi qaydada müraciət üçün polismeysterin evinə getməliyik. Mən pasport və vizit kartımı ona göndərməliyəm. Mehmanxana xidmətçisi isə həm məni müşayiət etməli, həm də atlara tam zəmanət verdiyini söyləyərək ona təsir göstərməlidir.

Mənə indi kartları tapmaq lazımdır. Çamadanlarımızı tökürük və təəssüflər olsun, məlum olur ki, onlarda İncil yoxdur. Kartları tapa bilmirik. Haradadırlar, görəsən? Bir qutu kartım var idi, onlardan heç vaxt istifadə etməmişdim. Çox güman ki, biz kartları Helsinqforsda qalan əşyalarımızın yanına qoymuşduq.

Təsadüfən öz kartlarımın yerinə bəstəkar Sibeliusun, Albert Edelfeltin, Vensel Hagelstamın və fru Maşa Hagelstamın kartlarını tapıram; polkovnik Vensel Hagelstamın kartını seçerek işə yaraya biləcəyini bildirir. Kartdakı adın pasportdakı ilə eynilik təşkil etməməsi bizi qorxutsa da, polkovnik belə erkəndən onları tutuşdurmayacaqlarını deyərək bizi sakitləşdirir.

Beləliklə, biz gedirik.

Amma hələ polismeyster yuxudan ayılmayıb. Mehmanxanaya qayıdırıq. Bir daha polkovniki çağırmalı oluruq. O, telefonla zəng edərək yatmış polismeysterdən yola çıxmaq üçün rəsmi icazə almağa nail olur. İcazə poçt stansiyasına göndəriləcək.

Hər şey qaydasındadır, deyəsən.

Arabaya əşyalarımızı yığıb sonra da haqq-hesabı ödəyirik. Otağın qiyməti 5 rubl – ucuz olduğu halda, yastıqlara görə 1 rubl, dəsmala görə isə 50 qəpik əlavə verməli oluruq. Bundan başqa qəribə hallar da var idi. Amma biz heç bir şey demədən hesabımızı ödəyib, əvəzsiz polkovnikimizə son dəfə minnətdarlığımızı bildirərək mehmanxanadan çıxırıq. Artıq saat yeddinin yarısıdır.

Hegelstamın kartını poçt stansiyasında təqdim edirəm. Kartı götürən dünənki gülərüz məmur ada baxıb polismeysterin rəsmi icazəsini çıxarır. Beləliklə, Vladiqafqazdan ayrılırıq. Poçt məmuru “Yaxşı yol!” deyərək başını endirir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации