Текст книги "Nağıllar Diyarına Səyahət"
Автор книги: Кнут Гамсун
Жанр: Зарубежная классика, Зарубежная литература
сообщить о неприемлемом содержимом
Текущая страница: 11 (всего у книги 11 страниц)
XVIII Bölüm
Qatar pəncərəsindən baxmaqla ölkənin çox az bir hissəsini görmək mümkündür. Əgər imkanımız və zamanımız olsaydı, əyri-üyrü dərələrə at belində səfər edərdik. Ancaq indi qatarın keçdiyi yerlərə və bizimlə bərabər səfər edən adamlara baxmalı olurduq. Əlbəttə ki, hər ikisinə kifayət qədər baxa bildik.
Bir xeyli, saatlarla yol getdik: buralar əkilməyib, bəhərsizdir, ancaq vəziyyət tədricən başqa cür olur və biz Qafqazın ən məhsuldar torpaqları yerləşən əyalətinə gəlib yetişirik. Burada fauna o qədər zəngindir ki, mən ömrümdə belə bir şey görməmişəm. Meşələr sıxdır, Stansiyalarda dayanıb bir qədər tamaşa etmək imkanı yarandıqda meşədəki bitkilərin başdan-başa sarmaşıqlarla örtülü olduğunu görürük. Burada şabalıd, palıd, qoz, onların altında isə fındıq kolları bitir. Əkin yeri üçün hazırlanmış sahələrdə qarğıdalı, üzüm və müxtəlif digər meyvələr becərilir. Hər şey boldur, hər şey artır, hər tərəfdən alma ətri gəlir. Biz bu bəxtəvər və bənzərsiz diyara diqqətlə baxırıq. Burada elə bir gözəllik və zənginlik var ki… Və biz buna şahidlik etdik.
Ay günəş batmamış çıxır, ulduzlar burada da göy üzünə səpələnir, qatar torpaq üstündəki gümüşü dənizdə üzür.
Biz indi konturlardan başqa heç nə görmürük. Konturlar isə nazikdir. Burada yüksək yerlər də, təpələr də, dərələr də, qayalar da siluetvaridir. Qonşu kənddə yandırılan tonqal aydınlıqda qırmızı qan kimi görünür. Axşamlar da, gecə vaxtı da hər tərəf həm isti, həm də sakitdir. Şeh o qədər çox olur ki, əlcəklərim əlimə yapışır. Gödəkcəm, əslində, sarıdır, amma nəmişlikdən rəngi bir qədər tündə çalır. Bir yandan da qızdırma məni vaqondan didərgin salır.
Ancaq darıxdırıcı kupedə oturmağın da mənası yoxdur. Buradakı zəif işıqda mənim yeganə oxu materialım həminki köhnə qəzetdir. Vaxt ötdükcə saatımı ustaya göstərmək istəyirəm, dayanıb çünki. Artıq işləməkdən yorulmağı məni təəccübləndirmirdi. Peterburqda bir vaxt, Moskvada bir vaxt olur, son bir həftədə zavallı saatı o qədər dala-qabağa çəkmişəm ki. Dona gələndə başqa vaxtla qarşılaşdıq, Vladiqafqazda isə dedilər ki, zamanı yarım saat irəli çəkməlisən. Dağdakı aşırımı keçib Tiflisin yolunu tutarkən də vaxt hər gün dəyişirdi. Buradakı günlərimizdə isə vaxt, nəhayət ki, sabitləşdi. Ancaq Bakıya çatdığımız anda buradakı neft xalqı zavallı Tiflis vaxtımıza gülərək öz vaxtını bizə zorən qəbul etdirdi. Sonra yenidən Tiflisə döndüyümüzdə də, Bakı vaxtı nə nahar saatına, nə də qatarların getmə saatına uyğun gəlirdi. Saatım əvvəl-əvvəl hər şeyə tab gətirirdi, sonra isə durdu. Bu qədər aldandıqdan sonra ondakı bu müstəqilliyi müşahidə etmək doğrudan da gülməli idi.
Saatla bir xeyli vuruşdum, onu söksəm də, alətlərim olmadığı üçün yığa bilməyib hər şeyini yenidən dəsmala bükməyə məcbur qaldım. Qərara aldım ki, qatarın sonuna, üçüncü dərəcəli vaqona gedəm. Burada hər kəs hələ oyaq idi. Qafqazlılar yatır ki?! Özümə yer axtardım, elə bil öz evimdəydim, iki imeretin (Gürcüstanda milli azlıq olan xalq adı) çəkilib mənə yer verdi. Əvəzində mən də onlara siqar verdim və əvəzində təşəkkür aldım. Amma üzbəüzümdə oturanlara verməyim üçün artıq heç nəyim qalmamışdı.
Burada son dərəcə çox taxtabiti vardı, bu cür əcaib vəziyyətdə yatmaqdansa, bütün gecəni otursam daha yaxşı idi.
Siqarımı tüstülədərək həvəslə yol yoldaşlarıma baxırdım. Göründüyü kimi, onların hamısı kasıb adamlardı. Hamısı çərkəz libasında, silah və başqa şeyləri üzərlərində gəzdirirdi. Bəzi kişilər başlarına işləməli dəsmal bağlayıb boyunlarının dalında düyünləmişdilər. Onlar yaraşıqlı idi. Burada heç qadın yox idi. Tezliklə darıxmağa başladım, həm danışılanlardan bir şey başa düşmürdüm, həm də burada nə çalan, nə oxuyan olmadığından durub keçdim növbəti vaqona. Burada bir neçə fars yatırdı. Oyaqlar isə oturub asta səslə nəsə danışırdı. Skamyadakı yüklərin birinin üzərində balalayka var, yaxınlığımdakından xahiş edirəm ki, bir şey çalsın, amma ondan səs çıxmır. Bu adamların görünüşü də xoş deyil, yəqin dəqiq başa düşüblər ki, siqarım qalmayıb. Oranı da tərk edirəm.
Gecənin böyük hissəsini vaqondan-vaqona keçməklə keçirdirəm, qatar dayananda düşürəm, stansiyadakı adamlarla əylənirəm. Bu zaman qızdırmadan əməlli əsirəm. Yaxşı başa düşürəm: bu gic gecə həyatı ilə onu daha da şiddətləndirirəm. Əgər yatsaydım, onu yaxşı qidalandırardım, yəni, ona məğlub olardım, ona görə oyaq qalmağı seçirəm, belə daha əyləncəli olduğu üçün. Bütün bunlara baxmayaraq, kupemə dönüb bir saat yatıram.
Xoşbəxtlikdən səhər açılarkən oyanıram və özümü yenidən nağıllar aləmində görürəm. Sən demə, bir qədər dağlarla hündürə qalxmış, indi isə məhsul verməkdən usanan torpaqla aşağı düşürdük. Burada cır meyvə və üzüm yetişir, meşələr isə cürbəcür quşların və heyvanların məskənidir.
Hava aydınlaşır, günəş tezliklə üfüqdə görünür, bu zaman qatar qulaqbatıran siqnal verir. Qatar dönür, pəncərədən başımı çıxardıb vaqonların parıldayan hissələrinin işləməsinə baxıram. Uçduğumu sanıram, hər şey elə fərəhverici, elə möhtəşəmdir ki… Qatar isə sanki Tanrıymış kimi dağların arası ilə siqnal verərək sürətlə, qarşısıalınmazlıqla gedir.
Tezliklə lazımı yerə çatacağıq, sağ tərəfdə, aşağıda artıq dənizi görürəm. Bu, Qara dənizdir.
XIX Bölüm
Batumi. Qırx minə yaxın əhalisi olan bu şəhər daha çox Tibilisini və ya Bakını xatırladır adama. Türklərdən qalma iri, daşdan evlər, müasir binalar, türklərin tikdiyi qəribə balaca daş daxmalar bir-birinə qısılaraq düzülüb. Düzdür, küçələr genişdir, amma qənbər daş yoxdur, adamlar, atlar, arabalar qumun üzəri ilə hərəkət edir. Limana gəmilər gəlib-gedir. Həm cənubdan, həm Türkiyədən gələn yelkənli gəmilər, İsgəndəriyyəyə, Marselə üzən böyük Avropa buxarlı gəmiləri buradan keçir.
Şəhər qeyri-sağlam, bataqlıq, meşələrlə, tarlalarla, üzümlüklərlə əhatə edilmiş məhsuldar bir yerdə salınıb. Hündür ərazilərdə orda-burda dağları yandırıblar, orada, çılpaq yamaclarda kürdlər ora-bura dolaşır, qoyun otarır. Batumi bütün bu halları ilə bataqlıq üzərində mürgüləməkdədir.
Hərarətim burada başqa yerlərdən fərqli olaraq, daha da qalxır, bunun oteldəki qidadan, yoxsa şəhərin havasından olduğunu bilmirəm. Mən hətta Hagelə pul yollamaq üçün poçta da gedə bilmirəm. Məni ora xidmətçi aparır. Binanın içəri həm qaranlıq, həm natəmizdir. Pəncərəyə yan alıram, yoldaşım pıçıltı ilə “Şlyapanı çıxart” deyir. Ona baxdım. Şlyapası artıq əlində idi. Mən də elə etdim. Demək, burada adət belədir: pəncərəyə yaxınlaşanda başın ancaq açıq olmalıdır. Tiflisdəki tatar haqlı idi.
Məktubumu verib kiçik bir çek aldım. Ancaq orada nələrin yazıldığından heç nə anlaya bilmədim. Həmin çek hələ də məndədir. Çünki konsulun həmin pulu alıb-almadığını hələ də bilmirəm.
Sonra otel xidmətçisi ilə saat düzəldənin yanına gəlirəm. Bələdçim kimi, o da ermənidir. Saat düzəldən görəndə ki, saatı sökürəm, saatın düzələcəyi ilə bağlı bəzi şübhələrini ifadə etməyə başlayır. Ona özümün də saatsaz olduğumu deyirəm və deyirəm ki, axmaqlıq etməsin, əgər saatın içərisinə düşüb onun işləməsinin qarşısını alan qum dənəciyini çıxartsa, ona bir rubl verəcəm. Ancaq saatsaz gülür, başını bulayır, guya bu saat heç bir rubla düzələn deyil. Dartıb saatı onun əlindən alıram və başqa usta yanına yollanıram.
Bu biri qoca rusdur, iş yerinin ağzında dayanıb günəş qəbul edir. Bələdçim öz istəyi ilə təşəbbüsü əlinə götürüb deyir ki, guya mən böyük bir xarici saatsazam və öz saatımı düzəltmək üçün kiçik bir alətə ehtiyacım var. Rus ağzını ayırıb, göy gözlərini açıb mənə baxır. Mənə öz alətini necə versin axı? Birdən müştəri gəlsə, nə edəcək? Ancaq deyir, buyurun, saatınızı mənə göstərin.
Biz dükana giririk. Haqqını vermək üçün pul çıxardıram. Saatı əlinə götürüb zərrəbinlə baxır, bu zaman gicgahlarında göyümtül damarlar çıxır. O, nəsə fikirləşirdi. Bu qoca artıq həmin adam kimi görünmürdü, üz ifadəsi mənə nəsə izah etməyə səy göstərən başqa adamı xatırladırdı. “Qorxulu heç nə yoxdur” – deyir. “İşləmir axı”. – deyirəm. Amma yenidən təkrar edib deyir ki, qorxulu heç nə yoxdur.
Nazik və uzun borunu ağzına salıb saatın içinə üfürür. Hər halda qum dənəcəyindən olacaq deyə düşündüm. Yenidən zərrəbinlə saata baxır, sonra maqqaşı götürür, saatın içindən bir tük götürüb yuxarı qaldırır. Saat dərhal işləyir. Sonra vintləri sıxır.
“Nə qədər elədi?” “Otuz qəpik”.
Belə ucuz qiymət heç yerdə görməmişdim.
Artıq ayaq üstə dayana bilmirdim, ona görə köşkdəcə oturdum. Qoca rus vəziyyəti başa düşən kimi bələdçimi dərman almaq üçün aptekə göndərdi. Bələdçi qayıdana kimi o, mənə tam etibar etdi, söhbətə tutdu, mənə mahir usta dedi. Başa düşdüyüm də tək bu söz oldu.
Dərman gələn kimi saatsaz stəkana su süzüb mənə uzatdı. Dərman istiotlu nanə dadırdı, amma yağlı idi. İçəndən sonra qusmamaq üçün xeyli siqaret çəkməli oldum. Ancaq mənə xeyri dəydi, içəndən sonra özümü yaxşı hiss etdim, bələdçimlə bərabər ayağa qalxıb ordan çıxdım. Getdikcə özümü daha da yaxşı hiss edirdim.
Batumidəki həyat bir qədər Cənubi Amerika həyatına bənzəyir. Otelin yeməkxanasına ipək parçadan müasir geyimlər geyinmiş və daş-qaşla bəzənmiş adamlar gəlirdi. Onlar zərif yeməklər yeyərək şampan şərabı içirlər. İki yəhudi qadın – yəqin ki, ana-bala idilər – xidmətçiyə şikayət etdilər ki, salfetlər çirklidir. Yeni salfetlər gətirilir, ancaq bunlar da təmiz deyil, ona görə üçüncü dəfə gətirilir. Sonra onlar istifadə etməmişdən öncə çəngəl-bıçağı silib təmizləyir. Ana-balanın yağlı, qara-qura barmaqları brilyant üzüklərlə bərq vurur. Onlar yeməyə girişir. Yediklərindən sonra su istəyir və əllərini yuyurdular, görünür, bu proseduru hər gün evdə də Abramları, Natanları ilə edirdilər. Sonra diştəmizləyən götürüb dişlərini təmizlədilər. Bunu eləyəndə Batumidəki bütün mədəni adamlar kimi o biri əliylə ağzını tuturdu. Ayrı-ayrı çevrənin hərəsinin öz etiketi var. Hər hansı bir fransız kralının etdiyini çin imperatoru edə bilməyib, ya da əksinə.
Burada, Qafqaz yeməkxanasında hər bir masanın ətrafında oturan özünü fərqli aparır. Burada hətta belində yoğun və uzun hörüyü olan bir çinli iki qadınla nahar edirdi. O, yemək vaxtı açıq-aşkar nişanlısı olduğu bilinən xanımlardan birinə olduqca canfəşanlıqla xidmət edirdi. Hətta arada harasa yoxa çıxıb geriyə güllərlə döndü. Artıq çinli kimi deyildi, özündən razı hərəkətləri vardı və gözəl qızlar önündə fransız söz və ifadələri ilə öyünürdü. Çinlinin paltarını qoruyub saxlaması isə onu buraların qiymətli tapıntısına çevirirdi. Və o, bu cür diqqətdən qürurlanırdı.
Qonaqlar yeməyin pulunu ödəyərkən də Cənubi Amerika stilinə sadiq qaldılar. Onlar həddindən çox iri pullar verdilər, odur ki, xidmətçi pulu xırdalamaq üçün sahibinin yanına qaçmalı oldu. Onlar bəxşişi də çox verirlər. Butulkalardakı çaxırı axıracan içmirlər, qədəhlərdə qalır. Yəhudi qadınlar şərab şüşəsini sonadək içməmişdi, onlar tələsirdi. Çünki çinlinin masasında olduqca bərkdən danışıb gülüşürdülər. Və bu elə də mədəni görünmürdü. Qadınlar sarı adamı xeyli narazı baxışlarla süzdülər. Nəhayət, çıxıb girişdə gözləyən karetə əyləşdilər. Burada türk və ərəb malları, İran xalçaları, erməni silahları almaq olurdu. Əhali, nəzərə çarpılırdı ki, avropalılar kimi geyinir, hətta əsl tatarlardan da gödəkcədə və silindirdə gəzən vardı. Ancaq içdən onlar əsl tatar olaraq qalırdı. Həm də müsəlman ibadəti zamanı da xeyli avropalılar kimi geyinmiş centlmen gördük. Amma yenə də üstünlük təşkil edən uzun çuxalı və əmmaməli qoca farslar idi.
Onlara bəzən küçədə də rast gəlirdik. Onlar qoca olsalar da, ucaboyulu və qamətli idi, üst-başları cır-cındır olsa da, özündənrazı və qürurla addımlayırdılar. Bir dəfə belə qocalardan birinin dalınca düşdüm, görüm yol boyu özünü necə aparacaq deyə. Evə gedirdi. Havaya çıxıb özünü günə vermiş, indi isə evə gedirdi. Biz yastı damı olan pilləkənli bir evə yetişdik. Pilləkənləri qalxıb dəhlizə girdi, bayırda adamlar məni süzürdü, buna gözə bir qədər cəsarətsiz idim. Bununla belə, dəhlizə girdim və sonuncu pilləkənə kimi qalxdım. Burada nə qapı, nə də pəncərələrdə şüşə vardı. İçəridə külək əsdiyi üçün soyuq idi. Artıq nə qocanın addım səslərini eşidir, nə də onu görürdüm. Amma bir neçə pillə də qalxandan sonra gördüm elə yerdən uzanıb, əlini də başının altına qoyub. Mənə görə bu qoca biri üçün olduqca bərk bir yataq idi. Heç bir səlahiyyət sahibini çağırıb nə kökdə yaşadığını ona göstərmək istəmirdi. O, məni görəndə çığırmadı, üzünə mənasız ifadə gəldi. Onu narahat etdiyimi hiss etdim, odur ki, əllərimi sinəmə qoyub ona təzim etdim. Bununla da, getməzdən öncə onu özünəməxsus tərzdə salamlamaq istədim.
Demək ki, gündüzlər ara-sıra gördüyüm bu gözəgəlimli qocalar belə yatırdı. Elə də rahat deyildi, amma onlar öz qismətlərindən narazı deyildi. Onlar beləcə də qocalıb ölürdü. Bu cür ömür boyu yaşasalar, baş daşlarına yaşıl əmmamə şəkli vurulacaq. Yaşadıqları müddətdə heç bir ciddi səhvləri olmadığından, Allah da onlara qarşı lütfkar olacaq. Amma onların heç bir haqqı, səsvermə hüququ, nə bir sənaye ittifaqları var. Ciblərində heç “İrəli” qəzeti də gəzdirmirlər. Yazıq Şərq, biz prussiyalılar, biz amerikalılar, sənə rəhm etməliyik, rəhm!
Batumidə bulvarlar da var. Gün batan vaxt sahildəki bulvar ekipaj üzvləri və adamlarla qaynayır. Burada oyun çıxardan atlar, xışıldayan ipək paltarlar, çətirlər, güzgülər, təzimlər və Cənubi Amerika şəhərlərini adamın yadına salır. Burada dəblə geyinənlər ipək köynəyə pərçim edilmiş manjetli, hündür yaxalıqlar taxır, başlarına bağlanan şlyapalar qoyur, əllərinə isə yoğun əsalar götürür. Başqa yerlərdə olduğu kimi, dəblə geyinənlər burada da sevilir. Amma bir qədər mehribanlaşandan sonra onun dostcanlığına və lütfkarlığına heyran qalırsan. O, lovğalıq xətrinə geyinib-kecinmir, sadəcə, istəyir seçilsin, ona görə məqsədə tez çatdıran və az problem yaradan zahiri görünüşü seçir. Şlyapa insanı kitabdan, ya hansısa bədii romandan daha tez məşhurlaşdıra bilər. Dəblə geyinən də bundan istifadə edir. Niyə etməsin ki? Hətta dəblə geyinərək modabaz rolunu oynayanda, böyük ehtimal qəlbi riqqətə gəlir. Bəlkə də, onun həyat missiyası daha böyük və düzgündür. O, bir nümunədir, bir göstəricidir, modanı arxasınca aparır, onu qanuniləşdirir, tətbiq edir. Boynundakı manjetlərə rəğmən, bəzən onun göstərdiyi cəsarətə heç bir halda göz yummaq olmur.
Elə Batumidə gördüyüm bir frant dünyanın ən uzun və dik burunlu çəkmələrini geyinmişdi.
Yoldan keçənlər onun ayaqqabılarına baxır, onu başdan-ayağa süzür və lağ edib gülürdü. Ancaq o, yolunu dəyişmir, gizlənmək istəmir, dözürdü, axmağın biri onun laklı çəkmələrinə tüpürmək istədi. Bu zaman adam öz qorxunc əl çəkməsini ona göstərən kimi axmaq özünü yığışdırdı. Mən şlyapamı azca qaldırıb ondan alışqan xahiş etdim, məmnuniyyətlə verdi. Sonra şıq geyimi və boynunun arxasında görünən isveçsayağı saçı ilə yoluna davam etdi.
Otelin girişində hərdən İran dərvişinə, rahibə, ilahiyyat oxuyan tələbəyə rast gəlirdim. Dərviş ala-bəzək şərfə bürünmüşdü, ayağı yalın, uzun bir adam idi. Bir də görürdün, donuq gözləri ilə yoldan ötənlərə nəsə söz atır. Oteldə deyirdilər ki, Allah ona toxunub, bu səbəbdən üçqat müqəddəsdir. Əgər özünü yalandan dəli kimi göstərmirsə. O, göz qabağında olmağı, özünü müqəddəs və ilginc insan kimi qələməyə verməyi, dilənməyi xoşlayırdı. Elə qəribə biri idi ki, hətta fotoqraflar onun şəklini çəkib satırdı. Görünür, hamı tərəfindən göstərilən hörmət-izzətə alışmışdı və özünü xoşbəxt sanırdı. Son dərəcə ağ dərəsi, şabalıdı-qəhvəyi saçı və parıldayan gözləri olan yaraşıqlı adamdı. Hətta mehmanxanada qalan, ona bənzəyən tatarlar belə dərvişə baxır, pul verir və izzətlə yanaşırdılar. O, görəsən nə danışırdı?
– Qoyun, nəsə desin, – dedim – sonra mənə deyərsiniz. Qaraçı bizə nə deyə biləcəyini soruşdu.
Dərviş cavab verdi:
– Siz hamınız başınızı salıb yeyirsiniz, mənsə başımı dik tuturam. Hər şeyi görürəm, hətta dərinlikləri də.
– Dərinlikləri nə vaxtdan görməyə başlayıb?
– Çoxdan.
– Nə zamandan bəri?
– Mən tək olanı görürəm.
– Tək olan kimdir?
– Bilmirəm. Məni məcbur edir. Mən tez-tez dağda oluram.
– Hansı dağda?
– Mənim yanıma quşlar uçub gəlir.
– Dağda?
– Yox, burada.
Mən, əlbəttə, bütün fəhmimi işə salaraq onu mümkün qədər dərk etməyə çalışdım. Buna rəğmən, ondan şübhələndim onun saxta gicliyinə yuxarıdan aşağı baxaraq ordan uzaqlaşdım. Amma gözlədiyimin əksinə, görəndə ki, arxamdakı narazı qalmır, sonra şübhələrim daha da seyrəldi və qayıdıb ona pul verdim. Bu adam artistlik etsə də, çox ustalıqla edirdi bunu. Bəs onun poza aldığı fotoşəkili, donuq, hipnozedici gözləri necə olsun? Onun baxışları ilə kələkbazlıq etdiyini düşündüm. Bu addamı pilləkənlə öz otağına qalxıb təklikdə qalanda görmək istədim.
Hərarət məni taqətdən salır. Saat ustasının mənə verdiyi dərman artıq kömək etmir. Hər şeyi görmədən, meşələrdə olmadan, kürdlərin yaşayışını bilmədən buraları tərk etməyə məcburam. Bu gün oteldə hərarətim artanda kimisə oyatmaq istədim. Sonra bayıra çıxdım, pəncərələrinə şüşələr düzülən bir mağazaya gəldim. Kiçik piştaxtanın arxasında bir adam dayanmışdı. Bir neçə qarayanız şəxs isə döşəmənin üzərində oturub stəkanda nəsə içirdi.
Yaxınlaşıb konyak soruşuram. Piştaxta arxasındakı adam məni başa düşüb şüşəni gətirir. Konyakın markasını bilmirəm, üzərində “Odessa” yazılıb. “Tfu. – deyirəm – Başqası yoxdur?” Məni başa düşmür. Özüm rəfdən başqa bir şüşə götürürəm, onun da üzərində “Odessa” yazılıb. Üzərində beş ulduz şəkli var. Baxanda görürəm ki, adi konyakdır. “Bundan yaxşısı var?” Başa düşmür yenə. Mən ulduzları ona göstərərək saydım və qələmimlə ikisini də artırdım. Başa düşür və mənə altı ulduzlu “Odessa” konyakı gətirir. Ulduzun biri bir rubl imiş. Beş ulduzlu şüşəni götürürəm. Sən demə, son dərəcə tünd konyakmış. Odur ki, dərhal yuxuya gedirəm.
Bütün gün ağıllı arvadların, turistlərin müdrikliyinə baxmayaraq, qızdırmam düşmədi ki, düşmədi. Hətta gecə konyak içsəm belə.
Axşam düşür artıq. Pəncərənin qarşısında oturmuşam və atlarını Qara dənizdə çimdirməyə aparan adama baxıram. Atlar mavi sularda islanaraq qara rəng alırlar. Günəş isə göy rəngli sıx meşədə yerləşən Tamar qəsrinin divarlarını işıqlandırır.
Sabah biz yenidən Bakıya yola düşəcək, ordan isə şərqə yollanacağıq. Görünən budur ki, tezliklə buralardan gedəcəyik. Ancaq mən hər zaman buralar üçün darıxacağam, axı mən Kür çayının suyundan içmişəm.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.