Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 5

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 12 страниц]

Шрифт:
- 100% +

Xacə Müfid otağa girib, onun şeylərini bağlayaraq götürdü və dedi:

− İndi dalımca gəl, burada özünü yaxşı aparmadınsa, xəlifə sarayında yaxşı apar. Bağdadı Gəncə hesab etmə, orada həyat tamamilə başqadır. Orada gözəllik nə qədər qiymətlidirsə, ağıl və fərasət də qiymətlidir. Səndən daha gözəl şəkilləri rəssamlar çəkə bilər. Sən hərgah xəlifənin qəlbini ələ ala bilsən, bütün Bağdadı əlinə almış olacaqsan. Lakin özgənin sözünə baxsan, gözü dağınıq olsan, xəlifəyə məxsus cavahiri başqalarının boynuna salmaq istəsən, səadətini həmişəlik itirəcəksən.

Xacə Müfid otaqdan dəhlizə çıxdı. Saraydan küçə qapısına gələnə qədər Dilşada bu nəsihətləri verirdi. Küçəyə çıxdıqları zaman Dilşad qapıda bir neçə taxt-rəvanın dayandığını gördü. Taxt-rəvanları silahlı qulamlar və atlılar aralığa almışdı, çünki Əmir İnanc Fəxrəddinin Dilşadı qaçırmağa hazırlaşdığını eşitmişdi.

Xacə Müfid Dilşadın şeylərini birinci taxt-rəvana qoydu, sonra qızın qolundan tutub taxt-rəvanın pillələrindən yuxarı qaldırdı. Taxt-rəvan ipək pərdə və nəfis xalçalarla bəzənmişdi. Dilşad orada iki dəst yorğan-döşəyin qoyulduğunu görüb Müfidə sual verdi:

− Burada kim gedəcəkdir?

− Burada bir sən, bir də sənə xidmət etmək üçün məşşatə gedəcəkdir.

Bir azdan sonra məşşatə də taxt-rəvana çıxdı. Xacə Müfid məşşatəyə müraciət edib tapşırıq verdi:

− Əmir həzrətləri bu qızı sənə tapşırır. Buna çox ciddi diqqət verməlisən. Bunun yeməyi, içməyi və bütün ehtiyacları öz vaxtında yerbəyer edilməlidir.

Müfid bu sözləri deyib taxt-rəvandan düşdü.

Taxt-rəvanlar yola düşdü. Bütün şəhər yatmış, ay isə Kəpəzin arxasına çəkilmişdi. Küçələrdəki qarovulların hərəsi bir bucağa qısılıb mürgüləyirdi. Hər ehtimala qarşı taxt-rəvanların ətrafında gedən atlılara hiss etdirmədən pərdənin yanını qaldırıb hansı küçə ilə getdiyini öyrənməyə çalışırdı.

Taxt-rəvanların karvanı Məsudiyyə adlı xərabə karvansaranın qarşısından keçirdi. Gəncə səfilləri və şəhər dilənçiləri yan-yana düzülərək divarların dibində yatmışdılar. Dilşad bu yerdən keçərkən Fəxrəddinin ona yadigar verdiyi süleymanini dəsmalın içərisində dilənçilərin üstünə atdı. Qəlbi qismən sakit oldu, çünki qiymətli şeyi bölüşdürmək üçün dilənçilərin arasında ixtilaf çıxacaq və belə bir qiymətli şeyin dilənçilərin əlinə nə vasitə ilə düşdüyü ətrafa yayılacaqdı.

Süleymaninin üzərində “Fəxrəddindən sevgili Dilşada yadigar” sözləri yazılmışdı.


ARAN


Gəncə şəhərində böyük bir həyəcan var idi. Azərbaycanda mövcud olan itaətsizliyi ləğv etmək üçün göndərilən İraq və fars qoşunundan 5 min nəfər də Aran ölkəsində yerləşdirilmişdi. Atabəy Məhəmməd tərəfindən göndərilən bu dəstə Əmir İnancın göstərişi ilə hərəkət edir, vaxtilə vergidən boyun qaçıran kəndliləri cəzalandırır və qarət edirdi. Həbslərin və sürgünlərin sayı-hesabı yox idi. Minbərlərdə xəlifə Toğrul və Atabəy Məhəmməd adına xütbə oxutdurmamaq üstündə üsyançı kəndliləri qırıb məhv edirdilər. Lakin Gəncə şəhərində mövcud olan itaətsizliyi təsviyə etmək mümkün olmamışdı; çünki Gəncə ziyalıları və orada toplanmış xalq rəhbərləri, özlərinin yerli hökumət tərəfindən aldadıldığını yəqin edincə, acıqlanmış və itaətsizliyə başlamışdılar.

Vaxtilə, “sürgün edilmişdir” deyə şöhrət tapan Gəncə xətibi Məkkədən qayıdıb şəhərə gəlmişdi. Xalqın intiqamından qorxub Şirvanşahların himayəsinə pənah aparan müridlər Gəncəyə yığışıb, əllərində ağac, dəstələrlə küçələri gəzir və qabaqlarına keçənləri döyüb təhqir edirdilər. Alimlər, şairlər, incəsənət işçiləri camaat gəzən yerlərə, məscidlərə və səyahət yerlərinə getməkdən məhrum edilmişdilər. Müridlər Məhsəti xanımın Gəncədən köçürülməsi üçün yenə də Əmir İnanca müraciət etməyə başlamışdılar. Lakin Əmir İnanc Azərbaycan hökmdarı Qızıl Arslanın şeir və ədəbiyyata qiymət qoyduğunu, Məhsəti və Nizamiyə hörmət bəslədiyini eşidincə xətibə məsələni anlatdı, müridlərin bu təcavüzünə imkan verə bilməyəcəyini xatırlatdı. Xətibin Gəncəyə qayıtması ilə xalqın hökumətə qarşı bəslədiyi nifrətin alovları bir daha artmış oldu. Əmir Gəncədə təzə bir üsyan çıxmasına imkan verməmək və biət almaq üçün Gəncə xalqına rəhbərlik edənləri məscidə dəvət etmişdi. O, xalqı həm qorxutmaq, həm də təzə xanədana itaət etdirmək üçün nəsihət vermək istəyirdi. Məscidə Fəxrəddin də dəvət edilmişdi. Dilşadın ona göndərdiyi məktub onun Əmirə qarşı mövcud olan şübhələrini azaltmışdı. O, məktubun Dilşad tərəfindən yazıldığına inanırdı. Məktub Dilşadın öz xəttilə yazılmışdı. Fəxrəddin Əmirin çağırdığı müşavirədə iştirak etsəydi, Əmirin əleyhinə çıxış etməməli idi. Onun çıxışı hər halda Dilşadın vəziyyətini ağırlaşdıracaq, bəlkə də, Əmir onların izdivacına verdiyi razılığı geri götürəcək idi. Fəxrəddin bunları düşünürdü.

O, Dilşada olan sevgi və duyğularını nə qədər səfərbər edirsə, etsin, Əmir İnancın bu sevgiyə verdiyi imkanları nə qədər qiymətləndirirsə, qiymətləndirsin, yenə də Əmir İnancın və onun Atabəyi Məhəmmədin Azərbaycandakı hərəkətləri ilə barışa bilmirdi. O, xalq azadlığının ərəb mizraqları, fars və İraq qılıncları altında məhv edilməsinə soyuqqanlılıqla baxa bilmirdi. O, bu vəziyyət qarşısında acizləşmişdi. Qəhrəmanlığına baxmayaraq, yazıq və həyatın bütün imkanlarını uduzmuş adamlar kimi nə edəcəyini bilmirdi. Əmirin əleyhinə hərəkət etmək fikrini qərarlaşdırdığı zaman sanki Dilşad gəlib gözünün qarşısında durur:

− Fəxrəddin, özünü ələ al, Əmir öz sözünü geri götürərsə, mən məhv olaram, – deyirdi.

Lakin Dilşadın saçlarını sığallayıb, fikrində: “Dilşad, mənə inan, sənin sevgin mənə hər şeydən artıqdır”, demək istədiyi zaman, dilənçi halına gətirilən minlərcə ailələrin qız və qadınları Fəxrəddinin gözünün önündə təcəssüm edir və xalqın kürəyində səslənməkdə olan qamçı və mizraq səsləri Dilşadın yalvarış səslərini örtürdü.

Nizami məscidə bərabər getmək üçün Fəxrəddinin yanına gəldi. O, Fəxrəddini öz təbii halında görməyərək soruşdu:

− Səni təbii halında görmürəm.

− Doğrudur, fikirliyəm.

− Nəyin fikrini edirsən?

− Xoşbəxtliyimiz baş tutur.

− Hansı xoşbəxtliyiniz?

− Dilşad ilə olan xoşbəxtliyimiz.

− İzdivac məsələsinimi deyirsən?

− Bəli, onu deyirəm. Səncə, o, sadə bir xoşbəxtlikmidir?

− Baş tutarsa, böyük xoşbəxtlikdir.

− Ona mən də inanmırdım. Lakin indi inanıram.

− Təzə xəbərmi var?

− Var, çox da gözəl xəbər!

− Ayıq ol ki, bu xəbər Səba xanım gətirən xəbərlərdən olmasın.

− Yox, bu xəbər deyil, Dilşadın özünün yazdığı məktubdur. Gizlin bir söz yoxdur, alıb oxuya bilərsən.

Fəxrəddin cibindən Dilşadın məktubunu çıxarıb inandırıcı bir tövr ilə Nizamiyə uzatdı. Nizami məktubu alıb çox diqqətlə oxudu, məktubu əlində saxlayaraq qaşlarını qoşalaşdırdı və bir az fikir etdikdən sonra:

− Məktub Dilşad tərəfindən yazılmışdır, buna şübhə yoxdur. Lakin bu məktub bir səbəbsiz deyil.

− Səbəb odur ki, Əmir bununla məni xəbərdar etmək istəmişdir. Bu da ki hazırlıq görmək üçündür.

− Yox, Fəxrəddin, inana bilmirəm. Mən səni bu qədər də avam və sadə bilmirdim. Sən Əmir İnancı tanımırsanmı? Onun xəlifəyə yazdığı məktubu oxumadınmı? Vaxt qazanmaq üçün Dilşadı sənə vədə verdiyini başa düşmürsənmi? Necə olur ki, Əmir İnanc mövqeyini möhkəm etdiyi və arxasında hədsiz-hesabsız bir qoşun durduğu zaman heç bir təzyiq olmadan özü məktub göndərib Dilşadı sənə verir? Mən bunu bir hiylə hesab edirəm, mənə inan, bu məktub böyük bir hadisə ilə əlaqədardır. Mən istərdim ki, dostum qılınc və mizraq qəhrəmanı olduğu kimi tədbir və düşüncə qəhramanı da olaydı! Özünü şaşırtma, mən elə bilirəm ki, Dilşad Gəncədə deyildir. Məktub isə səni iğfal etmək üçündür.

− Dilşad məni iğfal etməkmi istəyir?! Buna kim inana bilər?!

− Səni Dilşad iğfal etmək istəməz, biləks onu iğfal edib bu məktubu yazdırarlar.

Fəxrəddin fikrə qərq oldu, bu fikrin təsiri ilə də ağzından bu sözlər çıxdı:

− Gedəcəyəm də, bildiyimi danışacağam da – dedikdə Nizami dərhal onun nə barədə düşündüyünü anladı və gülərək dedi:

− Xalq susduğu zaman sənin danışmağın sükutu pozar, xalqın fikrinə təkan verər, lakin rəhbərlər susduğu zaman xalq düşmənin haqlı olduğu qənaətinə gələrək rəhbərləri ata da bilər. Cəbhədə qılınca, məclisdə gözəl və dəyərli nitqə malik olanlar qəhrəmandır. Bizcə, xalqın gələcəyi və müqəddəratı nə qədər dəyərsiz və yoxsul olursa olsun, o yenə tək bir şəxsin zəngin müqəddaratından dəyərli və qiymətlidir. Halbuki bu kimi iclaslarda bütün Şərqdə nümunəvi və yüksək bir mədəniyyətə malik olan Azərbaycan xalqının müqəddaratı həll edilir. Bizim mədəniyyətimizi sönmüş və geri qalmış fars və ərəb mədəniyyətilə bir qaba yerləşdirmək istəyənlərə açıq danışmaq lazımdır. Biz irəlidəyik, bizi bir daha geri qaytarıb ərəb mədəniyyətinin qabağına soxmaq istəyənlər səhv edirlər. Bunu onlara anlatmaq lazımdır. Bu isə açıq danışmaqla mümkündür. Ərəblər bizə din gətirdilər, qəbul etdik, təriqətlər, məzhəblər gətirdilər, qəbul etdik, lakin dillərini, mədəniyyətlərini qəbul etməyəcəyik, çünki bizim mədəniyyətimiz öz dilimizin əsasında qurulmuşdur. Biz təriqətləri və onların doğurduğu tükənməz mövhumatı ancaq mədəniyyətimizin vasitəsilə təsviyə etməliyik. Düşmənlərimiz bizi iranlılarla müqayisə etməməlidirlər. Onlar istilaçı İskəndəri peyğəmbər deyib göylərə qaldırdıqları halda, biz bunun əksinə olaraq ərəblərlə dörd yüz ildən bəridir vuruşuruq və müharibəmiz indi də davam edir. Mən əminəm ki, nəhayət, qalib də gələcəyik. Dur ayağa, vaxtdır, məscidə getmək lazımdır. Bütün Aran ölkəsinin gözü bizim ağzımızdadır. Qalx, deyirəm, qalx!

Nizaminin nəsihətləri Fəxrəddinin qanında heç bir zaman duymadığı bir coşqunluq yaratdı. Şad və qüvvətli bir ürəklə evdən çıxıb məscidə gəldilər.

Məsciddə əhali əlindən yer yox idi. Aran şəhərlərinin hamısından nümayəndələr gəlmişdi. Nizami və Fəxrəddin məscidə daxil olduğu zaman hamı ayağa qalxdı. Şairə və qəhrəmana qarşı bu ehtiram hökumətə qarşı açıq bir nümayiş şəklini aldı. Gəncə qazisi Əmir İnancın tapşırığına görə minbərə çıxdı. Xəlifənin, Toğrulun və Atabəy Məhəmmədin adına uzun bir xütbə oxudu. Sonra da camaatı xəlifənin, Toğrulun və Atabəy Məhəmmədin itaətinə çağırdı. Xütbəsində hökmdarın ədalətindən, Atabəy məmləkətlərinin abadlığından danışandan sonra üsyan məsələlərinə keçərək dedi:

− Bəzi quldurlar, qaçaqlar və soyğunçular hökumətə yağı olduqları üçün Allah bəndələrinin rahətini pozurlar. “Təzə qanun verin!” – deyib qışqıranlar öz sözlərini açıqdan demək istəmirlər. Onlar “Təzə qanun verin” deyəndə köhnə qanunun ləğv edilməsini istəyirlər. Burası bütün Aran xalqına məlumdur ki, peyğəmbər-zişanin tətbiq etdiyi qanunlardır. Lakin avam xalq onların “təzə qanun” sözü ilə nə demək istədiyini bilmir. Hərgah bilsəydilər, onların sözlərinə baxmazdılar, onları döyüb xalq arasından çıxarardılar. Lakin nə olubsa, keçib gedibdir. İndi xəlifənin və Atabəyin mərhəməti Aran xalqına şamil olubdur. Xəlifə bütün günahkarları bağışlamış və şəhərlərdə sakitliyi bərpa etmək üçün öz qoşunlarını göndərmişdir.

Qazidən sonra Əmirin özü də, vəziri Toxtamış da danışdılar. Danışıqlar mövzu və mündəricə etibarilə bir-birindən o qədər də fərqli deyildi.

Rəsmi şəxslərin danışıqları bitdikdən sonra əmir yenə də Aran nümayəndələrinə müraciətlə Soltan Toğrula və Atabəy Məhəmmədə biət etmək məsələsini qoydu. Lakin biət etmək üçün nə yerindən tərpənən, nə də danışmaq istəyən yox idi.

Fəxrəddin danışmaq üçün icazə istədikdə Əmir çox məmnuniyyətlə ona söz verdi, çünki Əmir Dilşad tərəfindən göndərilən məktubla Fəxrəddinin hökumət əleyhinə olan fikrini dəyişdiyini zənn edirdi.

Fəxrəddin ayağa qalxıb minbərin yanına getdi və danışmağa başladı:

− Burada danışılan məsələlərin hamısına ayrı-ayrılıqda cavab vermək lazım deyil, çünki hər kəs eyni məsələ haqqında danışdı. Mənə belə gəlir ki, danışanların hamısı ilhamını bir mənbədən almışdır. Buna görə də mən danışan cənabların çox müəmmalı olan fikirlərini qismən izah etməyə çalışacağam. Zənnimcə, bu izahatdan sonra təzə xanədana biət etmək məsələsi və bunun hansı şərtlə mümkün olacağı öz-özünə həll ediləcəkdir.

Əvvala, bunu demək istəyirəm ki, xəlifənin fərmanı gəldiyi zaman bizim biətdən boyun qaçırmağımızın səbəbi var idi. Çünki biət etmək qayibanə şəkildə doğru olmazdı, xalq biət etdiyi zatı görüb tanımalı idi. Hazırda isə məsələ aydındır. Hökmdarın özünü görməsək belə, biət məsələsini müzakirəyə qoya bilərik. Çünki təzə xanədan bu bir neçə ayın ərzində öz simasını göstərmişdir.

Mən Aranın hər tərəfindən bura toplanmış nümayəndələrə müraciət edərək onlara sual verirəm:

− Bizə nə kimi hökmdar, nə kimi bir üsul-idarə lazımdır?

Fəxrəddinin bu sualına heç kəs cavab vermədi. Fəxrəddin öz nitqini davam etdirib dedi:

− Cavab verən yoxdursa, mən verdiyim sualın cavabını özüm verə bilərəm. Bizə nə kimi bir hökmdar və nə kimi bir üsul-idarə lazımdır?!

Azərbaycan xalqı öz tarixini bilməyəcək qədər küt və savadsız xalq deyildir. Bizim mədəniyyət və tariximizin inkişaf dövrünə aid olan vəsiqələr, istilaçı ərəblər və cahangir iranlıların vurduğu zərbələrə baxmayaraq, tamamilə aradan qaldırılmamışdır.

Cahangirlərin qılınc, mizraq, ox və nizələrlə tabe edə bilmədikləri bu ölkə, xarici ölkələri öz sənaye məhsulları ilə doyuran və dünyanın hər tərəfindən tacirlər cəlb edən mədəni ölkə olmuşdur. Azərbaycan şəhərləri vaxtilə dünya ticarətinin bitməz bir anbarı vəzifəsini daşımışdır.

Bacerəvan-Kəştasfi, Məhmudabad, Bərzənd kimi böyük ticarət bazarları cahangirlərin at təpikləri altında sürtülüb yerlə yeksan oldu. Artıq qərb ölkələrindən Qara dəniz vasitəsilə Qarabağ, Gəncə və Şamaxıya gələn tacirlərin əvəzinə, cənubdan əli qılınclı ərəblər və farslar gəlməyə başladı. Biz azərbaycanlılar öz evimizdə rahat yaşamaq əvəzinə dörd əsrdən bəri ərəblər, farslar, Səlcuqilər və sairələrlə ölüm-dirim müharibəsi aparırıq. Hazırda bizə elə bir hökumət lazımdır ki, Azərbaycan xalqının arzularını həyata keçirsin və xalqın öz vətənində rahat yaşaması üçün imkan yaratsın. Hazırki xanədan iş başına keçdiyi gündən bəri xalqın arzularını həyata keçirə biləcək heç bir təşəbbüs etmədi. Biz yenə də kəndlərə və şəhərlərə cəza dəstələrinin göndərildiyini gördük, yenə də haman qamçıların və haman ağacların səsini eşitdik.

Burada qazi cənabları Azərbaycan üsyançılarını quldur, qaçaq və yolkəsən deyə adlandırdı. Məncə, cənab qazi öz fikrini müqəddəm və müəxxər dedi. O, yolkəsənlər və quldurlarla mübarizə aparan üsyançılar demək əvəzinə, “yolkəsən və quldur üsyançılar” dedi.

Mən zənn edirəm ki, təzə xanədan Azərbaycan xalqının nə uğrunda mübarizə apardığını təyin etdikdən və xalqın sevmədiyi hakimləri Azərbaycandan rədd etdikdən sonra biət məsələsini Azərbaycan xalqının qarşısında qoya bilər. Biz böyük bir mədəniyyəti saxlamaq, Azərbaycanı azad bir bir məmləkət kimi yaşatmaq, sənətin və ədəbiyyatın boğulmasına imkan verməmək üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq. Mənə belə gəlir ki, xalqın nə istədiyini mərkəzi hökumətə doğru bir surətdə yetirsələr, bir daha qılınclarımızı qınından çıxarmağa ehtiyac qalmaz.

Fəxrəddin sözünü bitirdikdən sonra Nizami Əmir İnanca müraciət edib danışmaq istədi. Əmir İnanc onun nə demək istədiyini çox gözəl bilirdi, onun hökumət lehinə bir kəlmə də olsa, söyləməyəcəyini bilirdi. Lakin ona söz verməməyə cəsarət etmədi, çünki Fəxrəddinin çıxışı istər-istəməz Nizamiyə söz verdi. Nizami sözünü bur misralarla başladı:


Gər məlik, inəst in ruzigar,

Mən bə tö viranə dəhəm həzar.


“Sel dünyanı tutubdur. Ağıllı adamlar sel gəldiyi zaman evindən dişarı çıxmaz. Mən bu vəziyyəti gördüyüm zaman qapımı tamamilə bağlayıb bir tərəfə çıxmaq istəmirəm. Lakin bunu mən bacarmıram, çünki mənim qapım hər kəsin üzünə açıq olmalıdır. Lakin hava olduqca küləklidir”.

Hökumət və xanədan dəyişməsilə məmləkət əhli bir şərtlə barışa bilər. O şərt-üsuli-idarənin dəyişməsindən ibarətdir. Qamçını bunun əlindən alıb başqasının əlinə tapşırmaq xalqın həyatında təzəlik törədə bilməz. Hərgah özünü bizə hökmdar sayanlar bizim üçün yüksək bir mədəniyyət gətirə bilmirsə, o zaman bizim mədəniyyətimizə də toxunmamalıdırlar.

Mən çox təəcüb edirəm ki, bu gün yenə də biət almaq məsələsi meydana atılmışdır. Biz əlimizi kimlərə uzatmalıyıq?! Hansı əlləri öpüb biət etməliyik?! Biz heç vaxt dodaqlarımızı qardaşlarımızın qanına batırmaq istəmirik, çünki biət üçün əllər Azərbaycan xalqının qanı ilə boyanmışdır. O əllər qandan qurumayır, çünki hər gün təzə qanlar tökürlər. Bu qanları dayandırmaq və bugünkü xəyanətləri unutdurmaq üçün birinci növbədə xəyanətin başında duranları cəzalandırmaq lazımdır. Xalqın ruhuna, əzəmətinə, mədəniyyət və yüksəlişinə uyğun bir üsul-idarə yaradılmadan xalqın etimadını qazanmaq olmaz.

Nizami uzun nitqdən sonra oturdu. Əmir, Fəxrəddin və Nizamiyə cavab vermək istədisə də, fürsət tapa bilmədi; çünki biət etməmək üçün xalqın çox hissəsi məscidi buraxıb Məlikşah meydanına çıxmışdı.



ŞƏRƏFLİ AİLƏ


Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.

Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:

− Mən çoxdandır ki, bir şeyi səndən soruşmaq istəyirdim, amma cəsarət etmirdim, bilmirəm sən o suala cavab vermək istəyəcəksənmi?!

− Nə üçün cəsarət etmirdin?! Mənim səndən başqa özgə bir sirr yoldaşım vardırmı?! Danış, utanma, bilmədiyin şeylərin hamısını məndən soruş.

Rəna Nizaminin sözlərindən cəsarət alaraq sözə başladı:

− Mən bir yerdə eşidirəm ki, Nizami Gəncə şairlərinin hamısından qüvvətlidir və sənətkar şairdir. Lakin nədənsə sən onların hamısından yoxsul və fəqir bir həyat keçirməkdəsən. Əbül-Ülanın dövlətinə, cəlalına bax. Qapısındakı qulamların, cariyələrin və nökərlərin sayı-hesabı yoxdur. Onun arvadı Cahanbanu və qızı Mahtab xanım küçəyə çıxdıqları zaman xalq elə bilir ki, Əmirin qadını Safiyə xatundur gəlir.

Hələ Fələki şairi demirəm. Onun da dövlət və sərvətinin sayı yoxdur. Onların tövlələrində məmləkətin ən cins atları bağlanıbdır. Həqayiq təxəllüsü şairi o qədər göyə qaldırıblar ki, nəhayət, Şirvan xaqanı ona öz adını vermişdir. Hazırda xalq hər yerdə Xaqaninin hörmət və dövlətindən danışır. O şairlər hamısı sürülərə, ilxılara malik olduğu halda, sənin gümanın ancaq arıq bir inəyə gəlir. Onlar malikanələrə, bağlara, uca və təntənəli saraylara malikdirlər. Biz isə palçıq və suvaqlı bir damın sahibiyik. Mən ancaq bunların səbəbini bilmək istərdim. Lakin mən səndən çox xahiş edirəm ki, mənim bu sualıma başqa məna vermə, elə düşünmə ki, mən bu yoxsul həyatımızdan şikayətlənirəm. Çünki mən bu evə gəlməmişdən əvvəl də bu evi və bu evin sahibini çox yaxşı tanıyırdım. Yuxarıda saydıqlarımın heç birisi mənə lazım deyil, mən atamın evində belə bir həyat keçirirdim.

Nizami yeməyə başlamamışdı, Rənanın danışıqlarını diqqətlə dinləyirdi. Çünki Rəna onun evinə gəldiyi gündən bəri onunla bu qədər ciddi danışmamışdı. O, əlini uzadıb Rənanın gözləri üzərinə düşən tükləri barmaqları ilə yuxarı daradı və dedi:

− Mənim ruhum və mənim şadlığım Rəna! Verdiyin sualların cavabı çox sadədir. Şahlar və hökmdarlar xələtlərin kimlərə verilməsi üçün çox düşünürlər. Sən hökmdarın hüzurunda durub başını əyməsən, daldan çiyninə xələt salmazlar. İndi mənə cavab ver görüm, Rəna, sən mənim başımın hər bir qatil, alçaq hökmdarın qabağında əyilməsinə razı ola bilərsənmi?

Rəna ağladı, gözlərinin yaşı qarşısında qoyulan qurumuş arpa çörəyini islatmağa başladı və tutqun bir səslə dedi:

− Sənin başına and içirəm, mən o başın əyilməsinə razı deyiləm. Mənim pərəstişlərimə səbəb olan yeganə bir şey varsa, o da sənin başının əyilməzliyidir.

Nizami onun gözlərinin yaşını silərək alnından öpdü və sözünü davam etdirdi:

− O xələtlərin rəngi bir çoxlarını aldadır. Lakin o xələtlərin kəklik ovlayan ovçuların gəzdirdiyi “dalva”lardan heç bir fərqi yoxdur. Şahlar və xaqanlar, cah-calal və dəbdəbə düşkünü olanları haman xələtlərlə ovlayırlar. O kimi xələtlər şərəf və vicdanı dəfn etmək üçün bir kəfən vəzifəsini görür. Şairlərin əllərində olan malikanələr, bağ-bağçalar, xanəgahlar, qulamlar, kənizlər və cariyələr, pul müqabilində alınmamışdır. Əmirlər, şahlar, hətta xəlifələrin özü də yuxarıda adlarını saydığım şeyləri şərəf, izzət-nəfs, namus və vicdan müqabilində verirlər. Layiqsiz və xain hökmdarları tərif edən şairlər sarayların zinətli sütunları altında bəslənən toratanların vəzifəsini bitirirlər. Özlərinin yazdıqları mədhnamələrlə avam xalqın şüurunu aldadıb ovlayaraq xaqanların və xəlifələrin pəncəsinə tapşırırlar. Onlar yazan mədhnamələr də Azərbaycan kəndlisini qırıb məhv edən silahların cərgəsində işlənir, qarət və talanlarda, haqsızlıq və xəyanətlərdə onların qələmləri də iştirak edir. Mənim gözəl və səmimi Rənam, indi əsrimiz elə bir əsrdir ki, ancaq hökmdarların qarşısında qul kimi əyilənlər qul və cariyələr sahibi olurlar. Lakin ağıllı və şərəfli başlar xalqın xainləri və xalqın düşmənləri qarşısında əyilməz. O başlar yalnız xalqın əməl və arzuları və məmləkət xalqının iradəsi qarşısında əyilə bilər. Mən bu başı həmən günə saxlamışam. Həqayiq təxəllüsünü almaqla şadlanmamalıdır. Həqayiq təxəllüsünü daşıyan Əfzələddin, xaqandan Xaqani təxəllüsünü daşıdığı zamana qayıtmaq istəsə belə, bacara bilməyəcək. Çünki saraydan xalqın içərisinə ağ bir üzlə qayıtmaq çox çətindir. Sarayın bir qapısı da zindana və həbsxanaya açılır. Gözəl Rənam! Bax, Əbül-Üla, Xaqani bir-birini nə qədər rüsvayçı bir surətdə həcv edirlər. Cariyə və kəniz düşkünləri sarayda birincilik qazanmaq üçün bir-birinin boğazını üzməkdədir. Xaqaninin qayınatası Əbül-Üla öz gənc damadını küçə söyüşləri ilə söyür. Çünki birinci saraya girmiş, ikinci isə saraydan çıxarılmışdır. Gözəl Rəna! Gəl, bu arpa çörəyilə bir kasa südə qənaət edib bu qədər iyrənc qiylü-qalın içərisinə girməyək. Sən mənim sənətimin xaqanlar və soltanlar xidmətində durub rəzil bir vəziyyət almasına razı olma.

Nizami bu son sözləri dediyi zaman Rəna hönkür-hönkür ağladı və:

− Mənə inan, İlyas! Mən heç vaxt sənin alçalmağına razı deyiləm, – dedikdə, Məhsəti xanım da öz otağından çıxıb nahar süfrəsi başına gəlirdi. O, Rənanın ağladığını gördüyü zaman təəccüblə Nizamiyə sual verdi:

− Bu nə deməkdir, İlyas?! Mən heç güman etməzdim ki, sən bu tezliklə Rənanı ağlada biləcək bir hərəkət edəcəksən.

Məhsəti xanım gəldiyi zaman Nizami və Rəna ayağa qalxmışdı. Məhsəti xanım Rənanın başını köksünə alaraq:

− Eybi yoxdur, ailə həyatında şübhələr və deyişmələr də ola bilər. Mən sizin ikinizə də qulaq asıb ixtilaflı bir məsələ varsa, həll edərəm, şübhələr nəticəsində ağladığım olmuşdur. Hətta bir gün yazdığım iki rübai o qədər müvəffəqiyyətli idi ki, mən sevindiyimdən ağladım. Gənc ərim Əmir Əhməd içəri girib məni ağlar görərkən, o da özünü saxlaya bilməyərək hönkür-hönkür ağladı. Lakin indi mən təəccüb edirəm ki, Rəna kimi bir qadın ağladığı halda, İlyas kimi bir şair nə üçün ağlamır?!

Məhsəti xanım Rənanın və Nizaminin alnından öpərək:

− Oturun, bəzən kədərləri yumaq üçün göz yaşları da lazım olur, – dedi:

Rəna cavabında:

− Mən bir daha bu cür sualları verməməyə söz verirəm, – dedikdə, Nizami Rənanın ağlamasının səbəblərini əvvəldən axıra qədər Məhsəti xanıma danışdı və əlavə etdi:

− Mən özüm Rənanın bu kimi suallar verməsindən maraqlanıram.

Çünki o, ancaq bu vasitə ilə mənim yoxsulluğumun səbəbini bilər.

Məhsəti xanım Nizamiyə nəsihət verərək dedi:

− Sən yoxsul deyilsən. Çünki vicdanca yoxsul olmaqdansa, məişətcə yoxsul olmaq daha yaxşıdır.

Fəxrəddin qapını açıb otağa daxil oldu. Salam verdikdən sonra Məhsəti xanımın əlini öpüb oturdu. Rəna qalxıb onun üçün də yemək gətirdi. Lakin Fəxrəddin yeməyə etina etmədi. Rəna onun bu etinasızlığından narazı qalaraq:

− Nə üçün yemirsən? Etinasızlığına səbəb süfrəmizin yoxsulluğudurmu? – dedikdə Fəxrəddin də:

− Rəna xanım, öz vicdanıma and içirəm ki, etinasızlığım süfrənizin yoxsulluğundan deyil; çünki bu süfrənin başında iki böyük dünya diz çöküb oturmuşdur. Fəxrəddin kimdir ki, bu süfrəyə etinasız baxsın?! Sizin hamınızın şərəfinə and içirəm, dünən nahardan bəri boğazımdan bir qətrə su da getməmişdir.

Nizami ona sual verdi:

− Səfərdə olduğun üçünmü?

− Xeyr, səfərdə deyildim, səfərdə olanın barəsində düşünürdüm.

Bəxt heç zaman mənim üzümə gülmədi. İqbalım məni aldatdıqca anladım və nəhayət, ayılarkən bir ümidsizliklə qarşı-qarşıya durdum.

Məhsəti xanım onun nə demək istədiyini dərhal anlayaraq sual verdi:

− Dilşaddanmı bir xəbər aldın?

Fəxrəddin qəmgin bir halda:

− Bəli, Dilşaddan xəbər aldım. Lakin o artıq yoxdur, ancaq onun adı dilimdə qalmışdır. Bilmirəm, onu unuda biləcəyəmmi?! Bu da mənim üçün bir kədər oldu.

Nizami təəccüblə onun üzünə baxıb soruşdu:

− Əcəba, sən onun buradan gec-tez aparılacağını bilmirdinmi?! Bunu sənə Hüsaməddin xəbər verməmişdimi? Dilşadın adından sənə məktub gəldiyi zaman bunun kölgəsində bir xəyanətin gizləndiyini sənə təkrar-təkrar söyləməmişdimmi?!

− Lakin hara aparıldığını bilmirəm.

− Bağdaddan başqa hara apara bilərlər? Xəlifəyə göndərilən məktub öz əlində deyildirmi?

− Şübhəsizdir ki, qız burada deyil, o burada olsaydı, onun qiymətli boyunbağısı korların və dilənçilərin əlinə düşməzdi.

− Hansı boyunbağı?

− Mənim Dilşada hədiyyə verdiyim boyunbağı.

Fəxrəddin bunu deyərək boyunbağını çıxarıb Nizaminin yanına qoydu və:

− Budur, adım da üstündə yazılmışdır. Bir neçə gecə bundan əvvəl Məsudiyyə karvansarasının qabağından keçən taxt-rəvanların birisindən boyunbağını bir dəsmala bağlı olaraq korların, dilənçilərin üstünə atmışlar. Korlar və dilənçilər boyunbağını bölüşmək üçün barışa bilməmişlər, nəhayət, satmaq üçün zərgər Qəvaməddinin yanına gətirdikdə o, boyunbağını tanımışdır, çünki mən bu hədiyyəni onun özünə sifariş vermişdim.

Rəna və Məhsəti xanım bu xəbərdən kədərləndilər. Nizami isə ona təsəlli verdi:

− Əvvəlcə insan səhv buraxmamağa çalışmalıdır. Lakin səhvi buraxdıqdan sonra özünü itirməməlidir. Çünki çaşqınlıq ikinci bir səhvə səbəb ola bilər. Sən heç bir zaman yoldaş, arkadaş və qohum-qardaş məsləhətini eşitmirsən. Səni məğlub edən olarsa, ancaq bu kimi nöqsanların səbəbinə məğlub edəcəkdir. Dünyada heç bir vaxt təkbaşına iş görənlər qalib gələ bilməmişdir. Dünyada özünü hakim-mütləq sayan padşahlar belə təkbaşına iş görməmişdir. Onlar da vəzirlərin məsləhətini eşitmişdir. Sənə yüz kərə dedim ki, o qızın vasitəsilə qorxulu təşəbbüslərə başlama. Sənin tutduğun işlər ancaq bu cür nəticə verə bilərdi. Hərgah sən onu sevmirdin, hərgah sən onu yalan sevginlə aldadaraq Əmir İnanca qarşı apardığın mübarizədə alət etmək istəyirdinsə, kədərlənməyə heç bir ehtiyac yoxdur. Lakin sən onu sevə-sevə bu qorxulu məsələyə cəlb etdiyin üçün kədərlənməlisən. Çünki sən onun döyülməsinə, həbs edilməsinə, cürbəcür işgəncələr görməsinə, nəhayət, buradan sürətlə aparılmasına səbəb oldun! Bu təşəbbüsdən nə kimi faydalar əldə etdin? Mühakim İbn Davudu döydürməkdən başqa nə qazandın? Sən bununla heç bir təqsiri olmayan bu qəlbi təhqir etdin. Əmirin qadını olanda nə olar?! O bizə nə etmişdi?! Bunların hamısı keçibdir. Bu məsələ üzərində buraxılan səhvi düzəltmək mümkün deyil, gələcək haqqında düşünmək lazımdır.

Fəxrəddin bu nəsihətlərə cavab olaraq:

− Doğrudur, İlyas, mənim səhvlərim çox böyükdür. Hazırda nə etməliyəm? Dilşadı qurtarmaq üçün nə kimi çarə düşünə bilərəm? Buradan çıxıb Bağdadamı gedim? Gedib nə edəcəyəm?! Orası Gəncə deyil ki, minlərcə tanışım olsun, – dedikdə, Nizami:

− Səbr etməlisən. Dünyanın peşəsi hadisələr doğmaqdır. Görürsən ki, vəziyyət tez-tez dəyişir. Xüsusən, bizim vətənimiz heç bir zaman hadisəsiz yaşamayıb, yenə də yaşaya bilməyəcəkdir, çünki mövqeyimiz belədir. Heç bir tərəfə hərəkət etməyi məsləhət görmürəm. Mənə qulaq as! Özünü ələ al! Bu hadisə sənin mətanətini artırmalıdır. Hadisələrin süzgəcindən süzülüb çıxan adamlar dünyada qalib yaşaya bilər. Sən bu hadisələr nəticəsində özün üçün müəyyən yaşamaq yolunu təyin edə biləcəksən. Dilşadın buradan aparılmasına onu tamamilə itirmiş kimi məna vermə. O, burada olanda da sənin əlində deyildi, indi də sənin sərəncamında deyil, vəziyyət heç də dəyişməmişdir. Sənə verilən tək-tük görüş imkanları da müəyyən bir siyasətin nəticəsi idi. İndi siyasi vəziyyət tamamilə Əmirin nəfinə olaraq dəyişdi, artıq onun qızından və cariyələrindən istifadə etməyə ehtiyac yoxdur. Lakin bu həmişəlik deyil, biz onu yenə də diz çökdürəcəyik. Lakin sənə yenə də tapşırıram Əmir İnanca qarşı əlaqəni dəyişdirməməlisən. Bizim xırda təşəbbüslərimiz, onun böyük təşəbbüs etməsinə səbəb olar, onu ayıq sala bilər. Dilşadın qurtuluşu barəsində dərin düşünmək, faydalı tədbirlər görmək lazımdır. İndi isə Rəna xanımın qəlbini sındırma, buyur, bizimlə nahar elə.

Fəxrəddin süfrəyə əlini uzadırkən:

− Nə qədər şərəfli bir ailədir, – dedi.


VAHİD AZƏRBAYCAN


Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubunda yazırdı:

“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində İslamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırki vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırki hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.

Yerli hakimlər torpaq sahiblərinə azad hərəkət ixtiyarını vermişdir. Onlar Osman xəlifə vaxtından həyata keçirilən əşr10 qanunlarına kifayətlənməyərək kəndlilərdən istədikləri qədər bəhər tələb edirlər. Buna görə də kəndliyə torpaq əkmək qazanc vermir. Onların bir hissəsi şəhərə qaçır, bir hissəsi də üsyana qoşulur.

Məmləkətdə müəyyən torpaq qanunu olmadığından hər bir mülkədarın özünə görə torpaq qanunu vardır.

Şəhər peşəkarlarından alınan vergilərin hədd-hesabı yoxdur. Çünki peşəkarlardan alınan vergilər hökumət xəzinəsi ilə əlaqədar olmayan vergilər cərgəsinə salınmışdır. Bunun üçün vergilərin miqdarını yerli hakimlər təyin edir. Bu qərarla da peşəkarlardan alınacaq verginin miqdarı yerli hakimin illik məsarifinin miqdarından asılıdır.

İsrafçı və təntənə düşkünü olan hakimlər peşəkarlardan alınacaq vergini ildə bir kərə deyil, bir neçə kərə tətbiq edirlər. Bəzən yerli hakimlərin mətbəx məsarifini ödəmək üçün bir şəhərin sənaye vergisi kifayət etmir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации