Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 13

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 13 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

“Sənə on nəfər qara qul göndərdim. Əvəzində ağ bənizli cariyələr göndərməlisən. Hazırda hədiyyə vermək üçün Bağdadda gözəl cariyələr çox azdır,” – deyilirdi.

Məktubların birisində Qətibənin Qızıl Arslanla apardığı mübarizə və Qətibənin ona sui-qəsd hazırlanmasına dair qısa cümlələr var idi. Məktubda Atabəy Məhəmmədin Şimali Azərbaycanda islahat aparmasına qarşı əngəl törədilməsi də tapşırılırdı.

Üsyan qurtarandan sonra Əmirin zirzəmilərində olan meyitlər çıxarılıb kim olduqları yoxlandı. Meyitlər içərisində beş-altı nəfər üsyançı vardısa da, qalanların hamısı üsyanla heç bir əlaqəsi olmayan adamlar idi. Çünki Əmirin əlinə hər kəs düşmüşdüsə: “Aranlıdır, məhv etmək lazımdır” – deyə edam etdirmişdi. Ölənlərin içərisində tacirdən başlayaraq saraya şey daşıyan hamballara qədər var idi.

Bunlardan əlavə, sarayın zirzəmilərində qırx ildən bəri harada məhv olduğu məlum olmayan bir çox üsyançıların və Əmirin sevmədiyi adamların sümükləri və nişanələri tapıldı. Qəbiristan şəkli almış zirzəmilərdə basdırılanların kimlər olduqlarını xacə Müfid bir-bir göstərirdi.

Zirzəmiləri öyrənmək işi bir aydan artıq davam etdi. Hər kəs – Aranın hər yerindən xəbər tutanlar Gəncəyə gələrək öz ölülərinin sümüklərini axtarırdı. Xacə Müfid ancaq bu vəzifəni ifa etmək üçün ölümdən qurtardı.


MATƏM


Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:

− Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.

Atabəy Məhəmməd də buna etiraz edərək deyirdi:

− Fikrində yanılırsan. Bu faciənin əsas səbəbi sənin öz atandır. Bunu mən çoxdan bəri sənə demişdim. Bu hadisə mütləq baş verəcəkdi. Aran və ümumiyyətlə, Şimali Azərbaycan xalqında üsyan ruhunun əsası çox qədimdir.

Mən birkərəlik buna nəhayət verəcəyəm, müqəssirləri cəzalandıracağam, ona əmin ola bilərsiniz.

Nə etmək olar? Hadisələr ancaq insanlar üçündür. Xüsusən böyük adamlar ətrafında baş verən hadisələr onların öz böyüklükləri qədər böyük olur.

Qətibə Atabəyin sözlərindən heç bir qənaət əldə edə bilmirdi. O, Qızıl Arslandan intiqam almaq və Fəxrəddinlə Nizamini məhv etdirmək üçün gecə-gündüz düşünürdü.

Safiyə xatunla xırda qızı Taliə Həmədana gələndən sonra üsyanın nə cür başlandığı və kimlərin orada iştirak etdiyi məsələləri tamamilə aydınlaşdı.

Safiyə xatun həm ərini, həm də Qızıl Arslanı təqsirləndirdi. O deyirdi ki:

− Hərgah Qızıl Arslan istəsəydi, bu üsyanın qabağını ala bilərdi. Çünki bu üsyanın zəminəsi xəlifənin ölüm xəbəri çıxan gündən qoyulmuşdu. Bu qədər böyük bir üsyan bir günün içərisində düzəlməmişdi. Ay yarımdan bəri üsyançılar Gəncəyə yığışırdı. Fəxrəddin Aranın hər tərəfinə adamlar göndərir və öz dəstələrini düzəldirdi. Qızıl Arslan bu hadisəni bilməmiş deyildi. O istəsəydi, bir həftənin içərisində Cənubi Azərbaycandan Araz çayını keçib üsyanı boğa bilərdi.

Atabəy Safiyə xatuna sual verdi:

− Əmir bu vəziyyət haqqında Qızıl Arslana xəbər verdimi?

− Xeyr, bizim heç bir vaxt Təbrizlə əlaqəmiz olmamışdı. Ancaq iki nəfər qasidi təcili məktubla Həmədana göndərmişdik. Onların ikisini də yolda tutub məktublarını əllərindən almışdılar.

− Faciəni həmin bu nöqtə qoymuşdur. Mən bunu bilirdim. Sizin rəhmətlik ərinizə Təbrizi tanıması üçün bir neçə kərə məsləhət görmüşdüm. Böyük bir xoşbəxtlikdir ki, Safiyə xatun və bu uşaq ölümdən xilas olmuşdur.

− Biz bu barədə Nizamiyə minnətdar olmalıyıq. Bizi mühafizə edən və evində yedirib saxlayan o şair oldu. Bunu biz özümüz Fəxrəddindən xahiş etdik, o da buna etiraz etmədi. Onun bu qədər alicənab bir zat olduğunu bilmirdim. Onun qadını bu yetim qızı öz oğlu Məhəmməd kimi sevirdi. Ərimin təqsirlərinə gəldikdə çox böyük idi. Üsyana bir neçə gün qalmış üsyançılar Əmirə məktub göndərmişdilər. Onlar həbsə alınanların azad edilməsi şərtilə saray və saray xalqına əmniyyət verəcəklərini bildirmişdilər. Şübhəsiz ki, bu da Nizaminin təşəbbüsü ilə düzələn bir işi idi. Hərgah bu təklif qəbul edilsəydi, bizim hamımız Gəncədən salamat köçüb istədiyimiz şeyləri də özümüzlə bərabər çıxara bilərdik.

Atabəy sürətlə bir sual verdi:

− Nə üçün o təklifi qəbul etmədiniz?

− Mümkün deyildi. Çünki bir ay müddətində həbs olunanların hamısını sarayda edam etmişdilər. Zirzəmilər insan meyitləri ilə dolu idi.

Atabəy başına hərəkət verib:

− Nə qədər böyük bir xəta! Məmləkət beləliklə idarə olunarmı?! Mən onları cəzalandıracağam, lakin bir üsyançı kimi yox, hökumət əmrlərinə qarşı itaətsizlik göstərənlər kimi.

Atabəy Məhəmməd dərhal İraq və Fars ölkələrinə fərmanlar göndərib qoşun yığılmasına əmr verdi və eyni zamanda Qızıl Arslana da məktub yazıb göndərdi:

“Əziz qardaşım!

Mən belə zənn edirəm ki, aranlılarla Əmir İnanc arasında mövcud olan ixtilafı qansız və üsyansız həll edə bilərdik. Lakin iş-işdən keçmişdir, məmləkəti başlı-başına buraxmaq olmaz. Dikbaşları öz yerində oturtmaq lazımdır. İraq, Fars və Rey qoşunları hər tərəfdən axıb Həmədana gəlir. Sən də Cənubi Azərbaycan qoşununu hazırlamalısan. Bu günlər Şimali Azərbaycan və Aran ölkəsinə qulaqburması vermək üçün Həmədandan böyük qoşunla hərəkət edəcəyəm”.

Qızıl Arslan Atabəy Məhəmməddən bu qədər yersiz məktubu aldığı zaman kədərləndi. Məmləkətdə hədər qanlar töküləcəyini yəqin etdi. Buna görə də Atabəy Məhəmmədə təcili bir məktub yazdı:


“Əlahəzrət!

Göndərilən məktub əlahəzrətə səmimi qardaşlıq məhəbbəti bəsləyən bu həqiri qənaətləndirmədi. Mən elə bilirəm ki, Əmir İnancla aranlılar arasında mövcud olan ixtilafın mahiyyətini bilən hər bir kəs məni təqsirləndirməz. Vəziyyət barışılmaz bir şəkil almışdı. Məncə, yenə də vəziyyətin ağırlığına baxmayaraq, hadisənin qarşısını almaq mümkün idi. Lakin Əmir İnancın mənə müraciət etməməsi, Təbriz hökumətini tanımaq istəməməsi, Həmədan şəhərinin isə uzaqda olması vəziyyəti dayandırmaq üçün mənə imkan vermədi. Ancaq əlahəzrətə ərz etmək istəyirəm ki, Aranda çıxan üsyan mərkəzi hökumətə qarşı düzəlmiş bir üsyan deyildi. O üsyan ancaq Əmir İnancın özünə və onun zalım olan və heç bir qanuna tabe olmayan nümayəndələrinə qarşı düzəlmişdi.

Şimali Azərbaycanlılara qulaqburması üçün əlahəzrətin qoşun yığması tamamilə yersizdir. Bu səfər hər iki tərəfdən böyük qanlar tökülməsinə səbəb ola bilər. Şəxsən mən bir Azərbaycan hökmdarı olmaq sifətiylə bu səfərdə iştirak etməyəcəm. Nə üçün və kimlərə qulaqburması verək?! Kimlərdən ötrü? Əcəba, bu üsyanın səbəbini xalqda aramağa haqqımız vardırmı?! Bu məktubla bərabər Gəncə xalqı tərəfindən göndərilmiş məktubu məlumat üçün əlahəzrətə göndərirəm”.

Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu alıb acıqlandı, onun üsyançılar tərəfində durduğunu zənn etdi və Şimali Azərbaycan xalqı tərəfindən Qızıl Arslana göndərilən məktubu oxudu.


“Əlahəzrət!

Gəncədə baş verən hadisə ətrafında yaradılan şübhələri dağıtmaq üçün Gəncə xalqı əlahəzrətə məlum edir: Gəncədə və eləcə də Aranın başqa şəhərlərində başlanan üsyan mərkəzi hökumətin əleyhinə deyildir.

Aran xalqı Əmir İnancın etdiyi xəyanətin barəsində əlahəzrətə bir neçə kərə müraciət etmişdi. Lakin verilən ərizələrin heç birisinə cavab verilməmişdi. Buna görə də təngə gəlmiş xalq öz qüvvəti ilə düşməni məhv etmək qərarına gəldi. Hazırda Aran məmləkətində tamamilə bir dinclik hökm sürməkdədir. Bütün xalq böyük bir intizarla əlahəzrət Qızıl Arslan tərəfindən məmləkətə adil bir hakim göndərilməsini gözləyir. Əmir İnanc sarayı qarət edildiyi vaxt hökumətə məxsus vəsiqələrin və qiymətli şeylərin heç birisinə əl vurulmamışdır. Bu da göstərir ki, üsyan hökumət əleyhinə deyil, müəyyən zalimlərin əleyhinə düzəlmişdi. Hər halda, əmr həzrət vəliyyül əmridir”.

Atabəy bu məktubla da qənaətlənmədi. O, bu məktubun Qızıl Arslanın məsləhəti üzərinə aranlılar tərəfindən düzəldiyini zənn etdi və öz-özünə “üsyan edərək üzr istəyən rəiyyətin məhv olması lazımdır. Yerli hökumətə qarşı üsyan çıxaranlar mərkəzi hökumətin əleyhinə də üsyan qaldıra bilərlər” deyirdi.

Qoşunlar hər tərəfdən Həmədana gəlirdi. Sarayda Atabəy Məhəmməd üçün səfər hazırlığı görülürdü. Yaxında ordu Azərbaycan tərəfinə hərəkət edəcəkdi.


SUİ-QƏSD


Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.

Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:

− Səni yalnız onu mənim yanıma dəvət etmək üçün göndərirəm. Onunla bir qadın kimi əlaqədə olmağına icazə vermirəm. Sən bu gündən öz xanımının xatirəsi üçün onun qadına olan ehtiras və iştahasını söndürməməlisən. Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram. Bunun üçün də səni mükafatlandıracağam. Oğlumun canına and içirəm, hərgah mənim tapşırığımın əleyhinə olaraq ona təslim olduğunu anlasam, nəinki sən bu sarayın üzünü görməyəcəksən, eyni zamanda səni diri qoymayacağam.

Səba xanım üçün Qətibənin dediyi sözlərin heç birisi əhəmiyyətli deyildi. O heç də qorxmurdu. Çünki o, Qətibəni bir kərə deyil, yüz dəfələrlə aldatmışdı. Ona xoş gələn ancaq Qətibənin dediyi:

“Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram. Bunun üçün də səni mükafatlandıracağam” sözləri idi.

Bu sözlər onun qulağında nəşəli bir surətdə cingildəyirdi. O, adəti üzrə Qətibəni öz sədaqətinə inandıraraq dedi:

− Xanım çox yaxşı bilir ki, mənim üçün anamın qəbri hər müqəddəsdən müqəddəsdir. Anamın qəbrinə and içirəm, dünyada kişi namına tək bir Hüsaməddin qalsa belə, xanımın icazəsi olmadan mən onun üzünə baxmaram. Nə olubdur ki?! Yəni mən elə bir alçaq qadın oldum ki, Hüsaməddin kimi adamlar istədiyi zaman məni özünə təslim edəcəkdir?! Əcəba, mən xanım üçün öz həyatımı qurban etməyə hazır olduğum zaman öz ehtirasımı ona fəda etməyi bacarmayacağammı?! Mən beş dəqiqəlik bir nəşədən ötrü əbədi səadəti itirəcək ağılsız bir qız deyiləm. Mələkə bir kərə bunu bilməlidir, mən belə qızam.

Qətibə onun üzündən öpərək yüz qızıl bağışladı və sonra da:

− Mən elə bir iş düşünürəm ki, sən də və mənim başqa dostlarım da hədsiz-hesabsız sərvət sahibi olacaqdır. İndi get Hüsaməddini mənim yanıma çağır.

Səba xanım Hüsaməddini Qətibənin yanına çağırmaq üçün yola düşdüyü zaman həddindən artıq sevinir və ayağını hara qoyduğunu bilmirdi, çünki o, Qətibənin çox böyük bir macəraya hazırlandığını təyin edirdi. Səbanın özü də şəxsən macərasız yaşaya bilməzdi.

Səba Hüsaməddinin qapısında duran qarovula üzünü göstərən kimi qarovul onun Hüsaməddinin məşuqəsi olduğunu bilərək yol verdi. O, eyvana çıxıb Hüsaməddinin yazı otağının qapısını yavaşdan vurdu. Bir azdan sonra Hüsaməddin qapını açıb Səba xanımı gördü və onu içəri buraxdığı zaman:

− Xoş gəldin, mənim ruhum, – deyərək qollarını onun boynuna salmaq istərkən Səba xanım təhqir olunmuş namuslu bir qadın kimi dala çəkilib dedi:

− Səbirli ol. Sənin yanına gələn mələkənin möhtərəm və inanılmış cariyəsidir, bir nəfər küçə fahişəsi deyildir.

Hüsaməddin geri çəkilərək əlini-əlinə çalıb güldü, yenə də irəli gəlib əlini Səba xanımın çiyninə qoyub dedi:

− Əcəba, sən daima mənə ruhum deyərək boynuma sarılan Səba xanım deyilsənmi?

− Bəli, mən həmin Səba xanımam, lakin sən bunu bilməlisən ki, gənc qızların ruhu daima bir nöqtə ətrafında fırlanmağı sevməz. Dünən səni öz təmiz ruhu şəklində görən və boynuna sarılan bir qız, bu gün səni görmək istəməzsə, heç də darılmamalısan. Gözəllərin bir xasiyyəti də kişiləri sevgisinə bağlamaq, sonra da atmaq, yalvartmaq və qaçmaqdır.

− Əcəba, biz bir ruh kimi bir-birimizə aşılandığımız zaman bu cür fəlsəfələri danışmışıqmı?

− Danışmadan qovuşmağın özü də bir fəlsəfədir. Bu sirləri qoy bizim təbiətimiz həll etsin. Fəlsəfələrlə məşğul olaraq gözəlliyimi boş düşüncələr içərisində soldurmağa vaxtım yoxdur. Ancaq bunu deyə bilərəm ki, mələkə sizi hüzuruna dəvət edir.

Səba xanım bunu deyərək otaqdan çıxmaq istədikdə Hüsaməddin təəccüblə baxaraq onu səslədi:

− A qız, dayan, dur, bir məni eşit!

Səba xanım çiyninin üstündən ona baxaraq cavab verdi:

− Ağıllı qızlar hər bir şəhvətpərəst kişinin yox, ancaq öz qəlbini eşitməlidir. Bu gün mənim heç kəsi eşitməyə vaxtım yoxdur. Qulağım təzə söz eşitmək və gözüm isə yeni çöhrə görmək istəyir.

Hüsaməddin Səba xanımda baş vermiş bu ani dönüşə heç bir səbəb görə bilmirdi. Buna görə də onu qolları arasına alaraq öpmək istərkən Səba xanım da qoynundan kiçik bir şüşə zəhər çıxarıb:

− Mən iradəmin xaricində olan hər bir işə ölüm kimi baxıram. Sən mənim diri qalmağımı istəyirənsə, özünü saxla. Mənim nifrətimə səbəb olan həqarətli işlərdən əl çək.

Hüsaməddin təlaşla yalvarıb dedi:

− Amandır, yalvarıram, zəhəri qoy yerinə, sən özünü zəhərləməklə məni də məhv edə bilərsən. De görüm, axır məndən nə kimi bir həqarət gördün? Olmaya, mənim dilimdən sənə bir iyrənc sözmü dedilər?! Dünənə qədər sənin özün dəfələrlə: “Mən sənin üçün yaşayacağam, mən dünyada kişi namına ancaq səni tanıyıram” – deyirdin, bu gün sənə nə oldu?! Gəl otur, mənim ruhum, bəlkə də, səni kədərləndirən bir başqasıdır. Sən özgələrin acığını mənim üstümə tökmə. Sən bilirsən ki, mən Həmədanda sənin eşqinlə yaşamaqdayam. Məni bu qürbət vilayətdə bəndə vurub saxlayan sənin saçların deyilmi? Sən nə üçün mənim qətlimə fitva verirsən?! Sən mənim Səbasız yaşaya bilməyəcəyimi bilirsən ki…

Səba xanım zəhəri döşlərinin arasına qoyduğu vaxt gülümsəyərək:

− Get bu cür qəzəllərini kişiləri tanımayan ağılsız və təzə-təzə gözünü açan qızlara oxu. Məni aldada bilməzsən. Daha yetər, çünki qızlar həyat məktəbini aldana-aldana bitirir. Mən daha o məktəbi bitirmişəm, – dedikdə Hüsaməddin:

− De görüm axı bu ani çəkilmənin səbəbi nədir?

− Mən hər sənin kimi qadın düşkünlərinə öz qəlbimin açarını versəydim, Səba xanım ola bilməzdim. Onu bilirsən ki, dünyada səbəbsiz heç bir iş yoxdur, lakin hər kəs də səbəblər haqqında bir-birinə izahat verməyə borclu deyil.

− Səba xanım, heç bir şey istəmirəm, yalnız o dodaqlarını bir kərə mənə uzat…

− Dodaq ki var, qəlbin qapısıdır. Hələlik o qapı sənin üzünə bağlıdır. Bildin ki… Daha dayana bilmərəm, hələlik!

Səba xanım qapını örtüb çıxdı. Hüsaməddin nə edəcəyini bilmirdi. Bu dönüşə mühüm bir hadisənin səbəb olduğunu düşünür və rahatsız olurdu. Doğrudan da, Səba xanıma vurulmuşdu. Doğrudan da, Həmədana bağlayıb saxlayan səbəblərin birisi də Səba xanıma olan eşqi idi…

… Səba xanım şad və razıqalıcı bir hərəkətlə Qətibənin otağına daxil oldu və:

− Mələkənin tapşırdığı vəzifəni ifa etdim. İndi bu saata o sizin hüzurunuza gələcəkdir. Mən onun qapısını örtüb dışarı çıxarkən o, başına vurub kürsünün üstündə oturdu. O məni bu gün gözləyirdi, axşamdan iki saat keçəndə onun yanına getməli idim. O böyük hazırlıq görmüşdü, lakin o, məndə bu ani dönüşü gördüyü zaman dəli olmaq istəyirdi…

Cariyə daxil olub Hüsaməddinin gəldiyini xəbər verdi. Səba xanım Qətibəyə təzim edərək otaqdan çıxdı.

Hüsaməddin içəri girib salam verdikdə Qətibə onun üzünə diqqətdə baxaraq Səba xanımın özünə sadiq qalıb-qalmadığını yoxlamağa başladı. Hüsaməddinin boynunun damarları tez-tez atırdı. Vücudundakı qan sanki tamamilə gicgahlarında olan kiçik damarlara dolmuşdu. Gözlərinin ağındakı qırmızılıq artmış, göz bəbəkləri isə bulanıq bir şəkil almışdı. O nə qədər özünü ələ almaq istəsə də, varlığını əhatə etmiş ehtirasın əlindən yaxasını qurtara bilmirdi:

Qətibə Səba xanıma inandı və məhzun bir halda:

− Otur, mənim səmimi dostum, – dedi.

Hüsaməddin oturdu. Qətibə onun kefini xəbər alaraq soruşdu:

− Bu gün sənə nə olmuşdur? Varlığında böyük kədər və həyəcan görürəm.

Hüsaməddin məhrumiyyət qarşısında aciz qalanların vəziyyətinə düşərək danışdı:

− Ah, möhtəşəm mələkə, hansı günümə şadlanım?! Madam ki, mənim şadlıq və fərəh aldığım gözəl mələkə başından ayağına qədər qaralara bürünmüşdür, mən nə cür şad ola bilərəm?! Əcəba, mələkə elə bilir ki, Əmirin başına gətirilən faciə mənim xatirimdən çıxmışdırmı? Mələkə elə bilir, onun gözlərinə baxdığım zaman qəlbindəki tükənməz matəm duyğularını oxumurammı?

Qətibə ciddi bir vəziyyət alıb dedi:

− İnanıram, mənim ruhum! Artıq bizim bir-birimizə bağlı olduğumuz müəyyəndir. Bu fikri heç bir zaman dəyişdirmək olmaz, çünki bu fikir bizim illərdən bəri davam etdirdiyimiz dostluğun məhsuludur. Rəhmətlik atamın səhvləri bizi bu qədər uzun bir müddətin ayrılığı və anlaşılmazlığı içərisində əzdi. Artıq atam yoxdur. Anam da ağlını itirmiş bir fəlakətzadədir ki, güşənişinliyi sevir. İndi biz ikimiz qalmışıq. Bu saray da, saraydakılar da, hətta sarayın sahibi də bizə yabançıdır. İndi gərək, bir-birimizin qeydinə qalaq.

Sən elə bilirsən ki, mən sənin bu namüəyyən həyat içərisində gənc ikən qocaldığını görmürəm?! Lakin nə edə bilərəm? Sən elə düşünürsən ki, Qətibə öz sevdiyi adamla bir evdə, bir yaşayışda və bir donda yaşamağı istəmir?! Sən elə bilirsən ki, Atabəyi görmək və onu bir ər kimi tanımaq mənim üçün cəhənnəm əzabından çətin deyildir? Sən elə bilirsən ki, mən sevdiyim adamın qolları arasında nazlanmağı və həyatın mənəvi ləzzətlərini dadmağı istəmirəm?! Lakin nə edim, bir zamanda iki kişinin qadını olmaq namussuzluqdur. Gərək sənin özün də buna imkan verməyəsən. Hələ mən adi bir qadın olsaydım, bəlkə də, belə bir xətaya imkan verə bilərdim. Halbuki mən bir məmləkətin mələkəsiyəm.

Burada həm xalqın tənəsi, həm də Atabəyin qorxusu vardır. Nə qədər ki Qızıl Arslan Atabəyin fikirlərinə hakimdir, bizim səadətimizin baş tuta biləcəyinə inanma. Qızıl Arslanla Atabəyin arasında ixtilaf çıxmazsa, o, Azərbaycan hökuməti başından götürülməzsə, bizim birləşməyimizə ümid bağlama.

Sən Qətibənin varlığını mənimsəmək istəyirsənsə, bu barədə düşünməlisən. Həyata mən dediyim şəkli verə bilmədiyin zaman düşündüyümüz gözəl dünyaya qayıda bilməyəcəksən.

Sənə səmimiyyətlə söz verirəm, Qətibə başqasını sevmir, səni Səba xanıma qısqandığım da bunun üçündür. Sən bir mələkəyə sahiblənmək istəyirsənsə, bu cariyədən əl çək, çünki belə hərəkət mənim üçün təhqirdir. Bu rəftarınla məni itirə də bilərsən.

Hüsaməddin yenə də müqəddəslərə and içərək dedi:

− Mənim qəlbimdə mələkənin sevgiləri doğuldğu zamandan bəri, mələkəni təhqir edə biləcək heç bir fəna hərəkətdə bulunmamışam. Mələkənin hər bir əmri mənim üçün qanundur. Lakin Qızıl Arslanla Atabəyin arasında ixtilaf yaratmaq barəsində daha dərindən düşünmək lazımdır. Çünki hər kiçik bir ixtilaf nəticəsində Qızıl Arslan kimi bir hökmdarın Azərbaycan hökumətindən götürülməsini əldə etmək olmaz.

Qətibə:

− Elədir, dediklərin doğrudur, – dedi, – dərindən düşünmək lazımdır. Lakin hazırkı fürsəti də əldən buraxmaq olmaz, çünki Atabəyin Azərbaycan səfərinə çıxması iki-üç günün işidir.

Qətibə sakit dayanıb Hüsaməddinin cavabını gözlədi.

Hüsaməddin düşünürdü, kifayətverici və Qətibəni qa-needici bir cavab tapa bilmirdi. Nəhayət, Qətibə sükutu pozub onu çətinlikdən qurtarmaq üçün dedi:

− Mən sənin çətinlik çəkdiyini hiss edirəm, buna görə də sənə tapşırmaq istədiyim vəzifələr barəsində izahat vermək istəyirəm. Atabəy Məhəmməd öz ordusu ilə Şimali Azərbaycana gedir. Sən özün də bilirsən ki, Qızıl Arslan bu səfərdən razı deyil, orada iştirak etmək istəməyəcəkdir. Bu xırda ixtilafı böyüdə bilsək, bütün məqsədlərimiz ələ gəlmiş olacaqdır. İxtilafı böyüdüb barışmaz bir şəklə salmaq üçün, yeganə bir çarə vardır ki, o da Qızıl Arslan tərəfindən Atabəyə qarşı sui-qəsd hazırlamaqdan ibarətdir.

Hüsaməddin bu sözü eşidəndə qorxusundan oturduğu yerdən qalxdı:

− Əcəba biz Atabəyi öldürməliyikmi?! – deyə soruşduqda Qətibə cavabında dedi:

− Burada qorxulu bir məsələ yoxdur. Vaxtı gəlirsə, bu ölümün barəsində də düşünməliyik. Lakin hələlik bir sui-qəsd hazırlamalı və bunu da Qızıl Arslanın ünvanına bağlamalıyıq. Ancaq bu sui-qəsdi ustalıqla başa çatdırsaq, Atabəy Məhəmməd öz qardaşının düşmənliyinə inana bilər. Buna görə də mən Atabəyin səni öz yanında Azərbaycana aparmasına zəminə hazırlamışam. Sən heç də qorxma, səfər zamanı, xüsusən, müharibə vaxtı mənim sənə tapşırdığım vəzifələri həyata keçirmək heç bir çətinlik istəmir.

İkinci vəzifə, mənim atamın qatillərini cəzalarına çatdırmaqdan ibarətdir. Sən Fəxrəddinin başını mənə gətirəndən sonra artıq Atabəy Məhəmmədin sağlığında belə Qətibəni öz qollarının arasında görəcəksən. Çünki mən ancaq atamın qatilinin başını görəndən sonra yasdan çıxa biləcəyəm.

Hüsaməddinin şadlığından vücudu titrədi, o, dəli kimi sözə başladı və:

− Mələkə buna and içməlidir, – dedikdə, Qətibə də:

− Oğlum Qütlüğün canına and içirəm. İnandın ki?!

− İnandım, mənim ruhum! İnandım. Mələkənin dediklərini öz həyatımın qiymətinə olsa da, yerinə yetirəcəyəm. Mən Fəxrəddindən əskik qəhrəman deyiləm. Çoxdan bəri mən onunla qarşı-qarşıya gəlmək istəyirdim.

Qətibə yerindən qalxıb Hüsaməddinin yanına gəldi və əlini onun əlinə uzadıb dedi:

− Demək ki, biz danışıb razılaşdıq.

Hüsaməddinin vücudu əsirdi, ehtiras onu tamamilə özlüyündən uzaqlaşdırmışdı. Qətibə öz fikirlərini onun qəlbində möhürləmək və onun heyvani düşüncələrinə uzun bir ömür vermək üçün dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddin onun dodaqlarını güclə buraxdığı zaman bu sözləri eşitdi:

− Mənim sevimli dostum, dalısı sonra.


HÜCUM


Atabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şivan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi bir məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.

Xüsusən, aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.

Aranlılar tərəfindən Qızıl Arslana yazılan uzun məktubun qısa məzmunu bundan ibarət idi:


“Həşəmətli hökmdar!

Atabəy Məhəmmədin Şimali Azərbaycana böyük bir ordu gətirməsi xalqın həyəcanına səbəb olmuşdur. Şimali azərbaycanlılar ikinci kərə əlahəzrətlərə bildirir ki, hazırda hökumətə qarşı məmləkətdə heç bir üsyan yoxdur. Əlahəzrətlər məmləkətə adil və iş bilən bir hökmdar göndərərsə, məmləkətin mərkəzlə olan əlaqəsi əvvəlkindən daha artıq möhkəm olacaqdır. Böyük bir ordunu məmləkətə gətirmək, xüsusən, əkin və biçin zamanı xalqın tarlalarını basdırmaq, məmləkəti böyük bir aclıq fəlakətinə sala bilər. Əlahəzrətlərin hər ikisinə məlumdur ki, Azərbaycan xalqının təbiəti bambaşqadır. Onlar heç bir zaman çətin vəziyyətin altından təslim və yalvarmaqla çıxmaq istəməzlər. Buna görə də əlahəzrətlər Azərbaycanda qan tökülməsinə razı olmasınlar”.

Qızıl Arslan bu məktubu aldığı zaman Atabəy Məhəmmədin ordusu Təbrizin səkkiz verstlik məsafəsində olan Ucan və Seyidabad şəhərlərində yerləşmişdi. Atabəy ordusunun Ucan və Seyidabad tərəflərində yerləşməsi Qızıl Arslanın paytaxtını arxadan mühasirəyə almaq nümayişi demək idi. Buna görə də Qızıl Arslan “Təbriz istidir” – deyə Azırbaycan qoşunlarını Atabəy Məhəmmədin Şimali Azərbaycana girmək istədiyi kimi yolun ətrafına yerləşdirmişdi.

Qızıl Arslanın on min nəfərdən ibarət atlı ordusu Səhənd dağının və Siyahuhun ətrafında və Mərənd ilə Xoy şəhərləri arasında yerləşmişdi. Bu qoşun Qızıl Arslanı qorxuya salacaq bir hadisə nəticəsində Atabəy Məhəmmədin Ziyamülmülk körpüsü vasitəsilə Araz çayından keçib Culfa və Naxçıvan şəhərlərini əldə etməsinə maneə törədəcək idi.

On mindən ibarət başqa bir ordu da Atabəy Məhəmməd ordusunun arxasına keçmək və onun qayıdacaq yollarını kəsməkdən ötrü Dehxarqan, Ərğan və Marağa mahallarında yerləşmişdi.

Qızıl Arslanın böyük ordusu Atabəy Məhəmmədin Şimali Azərbaycanın Qarabağ ölkəsinə girə biləcəyi yolların arxasında idi. Bu yollar Araz çayının üstündəki Xudafərin körpüsünə gedəcək yollardan ibarət idi.

Qızıl Arslanın bu ordusu Kuleybər və Əhər şəhərlərində dayanmışdı. Bunlar istədiyi zaman körpünü kəsəcək və Atabəy ordusunun gedib-gəlməsinə imkan verməyəcək idi.

Qızıl Arslanın bu qədər böyük hazırlığına səbəb Atabəy Məhəmmədə inanmaması idi. Əvvələ o, Atabəy Məhəmmədin Qətibənin təsirinə düşməsindən şübhələnirdi. İkinci də, Atabəy Məhəmməd Gəncə üsyanının səbəblərini Qızıl Arslanın etinasızlığına görürdü. Atabəy Məhəmməd fürsət əldə etdiyi zaman qardaşı olduğuna baxmayaraq, onu Azərbaycan hökumətindən götürər və bəlkə də, onun gözlərinə mil çəkdirə bilərdi.

Qızıl Arslan hazırlığını görüb özünü təmin etdikdən sonra dörd minlik bir atlı ordu ilə Atabəy Məhəmmədi Gavəkan şəhərində istiqbal edib Təbrizə gətirmək üçün yola düşdü.


* * *


Atabəy Məhəmməd yenə də Qızıl Arslanın Şimali Azərbaycan haqqındakı fikirləri ilə hesablaşmadı, hətta Qızıl Arslan aranlıların son məktubunu ona göstərdiyi zaman Atabəy gülərək dedi:

− Hüsaməddini min nəfər atlı ilə göndərərəm, Şimali Azərbaycanın altını üstünə çevirər. Sən ya azərbaycanlılardan qorxur və yainki məni qorxudursan. Yenə də deyirəm, sən istəsəydin, aranlılar bu cəsarəti etməzdilər. Əmir İnanc hər nə idi, biz bilirik. Lakin o, mənim qayınatam idi. Həm də xəlifənin damadı idi. Üç günün içərisində Qarabağ ölkəsinə on min atlı tökə bilərdin. Görünür ki, mənim kiçik qardaşım müştərək iş yolundan boyun qaçırmaq istəyir.

Buna görə də mən Şimali Azərbaycana türk dilində danışan bir nəfər də qoşun aparmayacağam, sən də bu səfərdə iştirak etməyəcəksən. Mən rəiyyətin dikbaşını sevmərəm. Qoy şimali azərbaycanlılar öz Fəxrəddin və Əlaəddinlərinə güvənsinlər. Onların hər birisinin qabağına minlərcə Fəxrəddin və Əlaəddinlər qoyacağam. İki gündən sonra Araz çayının Şimal tərəfini odlar, tüstülər, dumanlar və at dırnaqlarının altında qoyacağam.

Qızıl Arslan etiraz edərək dedi:

− Bu yaramaz, əlahəzrət, Azərbaycan xalqını qarət etmək, yandırıb və öldürmək üçün fars və ərəbləri yığıb gətirmək sənin ədalətinə yaraşmaz. Bunlar hər cəhətcə bizimdir. Biz bunlara arxalanıb hökmdarlıq edə bilərik. Mən Şimali Azərbaycanlıları müdafiə etmirəm. Lakin üsyan edən hər bir məmləkətə əvvəlcə üsyançıların verilməsi, zərərlərin ödənməsi və başqa-başqa tələblər vermək lazımdır. Hərgah onlar bu tələbləri rədd edərlərsə, Atabəy ordu və qoşun qüvvətilə iş görməyə haqlıdır. Lakin mən heç bir zaman gələcəkdə idarə edəcəyim məmləkətin qarət edilməsinə imkan verə bilmərəm.

Qızıl Arslan son təklifi Atabəyə qəbul etdirə bildi. O, bu təklifin Şimali Azərbaycanlılar tərəfindən qəbul edilməyəcəyini, üsyançıların verilməyəcəyini yəqin edirdi. Lakin onun bu təşəbbüsü Şimali Azərbaycanlılara vaxt qazandırmaq üçün idi.

Atabəy Məhəmməd mirzəsini çağırıb bu məzmunda bir məktub yazdırdı:

“Azərbaycanlılar!

Xanədanımızın nemət və mərhəmətini hökmdarlığımızın rəiyyətpərvərliyini nəzərə almayaraq əleyhimizə üsyan edənləri cəzalandırmaq üçün gələn ordum, hər iki tərəfdən Araz çayına yaxınlaşıbdır. Bunun üçün sizə aşağıdakı tələbləri verirəm:

Birincisi – Üsyan başçılarını göndərilən siyahı üzrə həbsə alıb hüzuruma göndərəsiniz.

İkincisi – Dağılan malları bir dinarına qədər bir yerə yığıb göndərməlisiniz.

Üçüncüsü – Üsyan zamanında ölənlərin qan bahalarını verməlisiniz.

Dördüncüsü – Əmirin sarayından aparılan sərvəti qaytarmalısınız.

Beşincisi – Gətirdiyim ordunun bütün məsarifini ödəməlisiniz.

Bu şərtlər qəbul edilmədiyi təqdirdə ordum Şimali Azərbaycanın daşını daş üstündə qoymayacaqdır. Bu şərtlərin qəbul edilməsi üçün sizə on gün möhlət verirəm”.

Atabəy Məhəmmədin aranlılara verdiyi tələblərə müsbət cavab verilmədi. Məktubu aparan qasid cavabını gətirmişdi. Cavabda belə yazılırdı:

“Əvvəla, üsyan başçılarını vermək mümkün deyildir. O zaman bütün Şimali Azərbaycan xalqını həbsə alıb Atabəyin hüzuruna göndərmək lazımdır.

İkincisi – Əmirin sarayından aparılan mallar Əmirin özünə məxsus deyildi, xalqdan qamçı gücü ilə alınan mallar idi.

Üçüncüsü – Üsyanda ölənlərin qan bahasını üsyana səbəb olanlar verməlidir.

Dördüncüsü – əmirin sarayından aparılan və hökumətə məxsus olan sərvətə əl vurulmamışdır, onu hər zaman Atabəyin hüzuruna təqdim edə bilərik.

Beşincisi – Gətirdiyiniz ordunun məsarifini sizin ölən qayınatanız Əmirin malikanələrini satıb ödəməlisiniz. Çünki gətirdiyiniz ordunu onun intiqamını almaq üçün gətirirsiniz. Bundan başqa cavab ola bilməz. Atabəy həzrətləri nə məqsədlə Şimali Azərbaycana gəlirsə, biz də haman məqsədlə əlahəzrəti qarşılamağa hazırıq”.

Atabəy Məhəmməd Şimali Azərbaycan xalqı tərəfindən göndərilən bu cavabı oxuduğu zaman başının tükləri qabardı. O, artıq Şimali Azərbaycanlıların qılınc və qüvvətə təslim olmaq istəmədiyini təyin etdi. O, tez-tez Qızıl Arslanın üzünə baxaraq:

“Atabəy həzrətləri nə məqsədlə Şimali Azərbaycana gəlirsə, biz də haman məqsədlə əlahəzrəti qarşılamağa hazırıq” – deyirdi.

Məktubu alan günün axşamı Atabəy Məhəmməd, Hüsaməddin və İbn-İddarı yanına çağırıb əmr verdi:

− Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. Ən əvvəl dörd min nəfər atlı ilə Hüsaməddin Xudafərin körpüsünü keçib bir an dayanmadan Qarabağa hücum etməlidir.

İbn-İddar on min nəfərdən ibarət atlı qoşun ilə Sofiyan və Mərənd şəhərlərindən keçib Ziyaülmülk körpüsü vasitəsilə Naxçıvan və Culfa şəhərlərini işğal etməlidir. Silahla müqavimət göstərənləri qırıb ailələrini İrana köçürməlisiniz. Onların yerlərinə başqa yerin xalqını köçürəcəyəm.

Duz və çörəyə etina etməməlisiniz, təslim yalnız qılınclar və oxlar vasitəsilə olmalıdır. Evlər, tarlalar və xırmanlar yandırılmalıdır. Yanan kəndlərin və tüstüləyən binaların içərisindən keçib Gəncəyə girməlisiniz. Üsyanda iştirak etməyən şəhərlərə və kəndlərə toxunmamalısınız.

Təslim etdiyiniz yerlərdə hakimlər təyin edəndən sonra irəli hərəkət edərsiniz.

Atabəy hər nə ki lazım idi tapşırdı. Bu tapşırıq üzərinə ordu iki tərəfdən Araz çayını keçmək üçün hərəkət etdi. Qarabağ və Gəncə üzərinə hücum edən ordu Xudafərin körpüsünü keçəndən sonra bir an belə dayanmayaraq Aranın birinci şəhəri olan Bacerəvan şəhərinə doğru at sürürdü. Ordu yorulmuşdu. Aranda şiddətli quraqlıq keçdiyi üçün hər yanda susuzluq idi. Düzlər, dərələr yanırdı. Muğandan əsən isti və isitməli ruzigar Atabəyin qələbə və intiqam ümidləri ilə yürüyən ordusunu istiqbal edirdi. Bunsuz da Hüsaməddinin ordusu süni cəhənnəmlər yaradırdı. Araz kənarından başlayaraq Bacerəvan şəhərinə qədər ev-eşiyini, tarlasını, əkinini buraxıb çəkilən kəndlər, xırmanlar, əkinlər, evlər yandırılırdı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации