Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 3

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

− Mən cavan şairin sözlərinə çox təəccüb edirəm, onun xalqın şüurunda şübhə yaratmaq üçün meydana atdığı bu əsassız fikrinin mənasını anlamıram. Əvvəla, fərmanda biət edilməsi sözləri çox açıqcasına qeyd edilmişdir. İkincisi də, ağsaqqallar, yaş və sərvət cəhətcə yüksəkdə duran ağalar oturan yerdə həyat meydanına təzə atılan bir gəncin üləma və əyanlar hüzurunda diliuzunluq etməsi ədəbsizlikdir.

Toxtamış bu sözləri dedikdən sonra məscid xalqından:

“Doğrudur, doğrudur, vəzir çox doğru buyurur!” kimi səslərin yüksələcəyini ümid edirdi. Lakin məsciddə oturanlardan cınqırını çəkən belə olmadı. Ancaq Fəxrəddin ayağa qalxıb danışdı:

− Mən öz sözümlə nə əyanları, nə də özümüzdən yaşlıları təhqir etmək istəmirəm. Lakin bunu demək istəyirəm ki, Azərbaycanda mövcud olan bugünkü yüksək mədəniyyət və bütün Şərqdə özünü tanıtdırmış olan şeir və musiqi sənəti, vəzir cənablarının göstərdiyi qocalara deyil, hazırkı Azərbaycan gəncliyinə minnətdardır. Vəzir cənabları sağ-soluna göz gəzdirdiyi zaman gənc Nizamini, gənc Mücirəddini, İzzəddini və şairləri görəcəkdir.

Yaşlılara və özümüzdən qocalara olan hörmət və pərəstişimizi heç kəs inkar edə bilməz. Lakin bunu qeyd etmək lazımdır ki, onların fikirlərinin məhsulu olan bu ictimai həyatın özü də qocalmış və gövşənmişdir. Yeni ictimai həyat, yeni mədəni quruluş gənc əllərlə təşkil edilməkdədir. Gənclər qocalardan sonra doğulduqları üçün onların həyat və dünyagörüşləri də gəncdir. Zənn edirəm, öz yerini gənc nəslə tapşırmış olan qoca atalarımız da bunu təsdiq edər.

Məsciddən səslər ucaldı:

− Yaşasın Fəxrəddin! Yaşasın gənc fikirlər!

Əmir Toxtamışın qulağına nə isə pıçıldayandan sonra o, çox mülayim bir tövr alaraq:

− Biz heç bir zaman hazırki mədəniyyətin gənc nəslə minnətdar olması həqiqətini inkar edə bilmərik. Lakin gənclərin də xalqı iğfal etməsi və xəlifənin fərmanını təhrif etməsi mədəniyyətsiz-likdir.

Nizami bir daha ayağa qalxıb məscid xalqına müraciət edib dedi:

− Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. Hərgah vəzir cənabları bu sözlərimi özü üçün təhqir hesab etməzsə, o zaman cəsarətlə deyə bilərəm ki, xəlifə həzrətlərinin fərmanını təhrif edən vəzirin özüdür. Xəlifə öz fərmanında nə deyir? Yaxşı qulaq verin, o barədə sizə izahat verim.

Xəlifə fərmanında hər kəsin anlaya biləcəyi bir surətdə deyir: – “Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmir-əl-möminin etimadını qazanmış Soltan Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsinlər” .

Bilavasitə sözü nə deməkdir? Yəni başqasının vasitəsilə deyil, şəxsən onların özünə biət etsinlər.

Nizami bu sözlərdən sonra üzünü xətibə tutub əlavə etdi:

− Zənn edirəm ki, bu həqiqəti xətib cənablarının özü də inkar etməz.

Xətib çıxılmaz vəziyyətdə qaldı, lakin belə açıq bir həqiqəti də inkar edə bilməzdi, buna görə də xətib ayağa qalxaraq üzünü məsciddəkilərə tutub ucadan:

− Gənc şairin dediyi doğrudur! – dedikdə xalq dəstələrlə qalxıb məsciddən çıxdı.

Nizami ilə Fəxrəddin də öz yoldaşları ilə bərabər Əmirlə vidalaşıb ayrıldılar.


* * *


Otaqda Nizami ilə özündən başqa heç kəs yox idi, buna görə də Fəxrəddin üsyan barəsindəki fikrini açıq söyləmək üçün fürsət əldə etdi və Nizamiyə sual verdi:

− Doğrusu, mən sənin bəzi hərəkətlərin barəsində şübhələnirəm, mənim buna haqqım var, ya yox?

− Əvvəlcə, hansı məsələlər barəsində şübhələndiyini açıq deməli, sonra şübhələnməyə haqlı olub-olmadığını soruşmalısan.

− Mən daima üsyan fikrini meydana atdığım zaman səbrə, sakitliyə dəvət edirsən. Əcəba, səbrin və sakitliyin bir nəhayəti olmayacaqdırmı?

Nizami Fəxrəddinin üzünə acıqlı baxdı, Fəxrəddin Nizamidən bu cür baxışı birinci kərə gördüyündən, dərhal səhv etdiyini anladı və səhvini düzəltməyə çalışaraq əlavə etdi:

− İlyas, sən elə bilmə ki, mən səni fəaliyyətsizlikdə, üsyan və azadlıq tərəfdarı olmamaqda töhmətləndirmək istədim.

− Mən səni anlayıram. Başqa cür də düşünmürəm. Lakin daima səni səbrə və sükuta dəvət etdiyim kimi başqa tövsiyələr də vermişəm. Madam ki, haman tövsiyələrin heç birisi yerinə yetirilməmişdir, o zaman üsyan barəsində olan fikirlərin heç birisinə şərik deyiləm.

Fəxrəddin yenə də soruşdu:

− Hansı tövsiyələri deyirsən? Heç də xatırıma gəlmir.

− Sənə də, başqalarına da üsyandan söhbət açıldığı zaman demişəm ki, xalqı üsyana hazırlamaq lazımdır. Hərgah üsyanda sən və mən, bir də bizimlə həmfikir olan beş-on nəfər iştirak edəcəkdirsə, bu günün özündə qılınclarımızı əlimizə alıb üsyana başlamaq olar, lakin belə üsyanın çox mənasız bir sonu olar və haqlı olaraq sonra hər kəs deyər ki, öz tədbirsizlikləri və axmaq hərəkətləri üzündən özləri də məhv oldu, başqalarını da ölümə verdilər. Mən bunu istəmirəm, mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, “üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi. Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi”. Mənim verdiyim tövsiyələr bundan ibarətdir. Biz buna hazırlanmalıyıq. Hazırda Gəncədən kəndliləri səfərbərliyə alıb biyara göndərirlər. Kəndlilər isə heç etiraz etmədən başını aşağı salıb gedirlər. Onlar elə bilirlər ki, həyatda bu da bir qanundur. Lakin heç bir kəs onları başa salmaq istəmir, heç kəs onlara yanaşıb demir ki, biyara getmək ancaq ümumi işlərdə lazımdır. Xalq ancaq xalq üçün işləməlidir. Məsələn, körpüləri düzəltmək, yolları düzəltmək, sel aparmış arxları bərpa etmək üçün xalqın biyara getməsinin heç eybi yoxdur. Lakin minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə Atabəyə malikanə düzəltmək, kəndlər, bazarlar tikmək qanunsuzluq, zülm və insafsızlıqdır ki, bunu da xalqa anlatmaq lazımdır. Əvvəlcə xalqın şüurunda üsyan fikirlərini doğurmaq, sonra isə ona təkan vermək və təşkilat içərisinə almaq lazımdır. Fəxrəddin məni lazımınca anlamalıdır. Mən sənin cəsarətini, qəhrəmanlığını qiymətləndirirəm. Buna görə də xırda və düşünülməmiş hadisələr nəticəsində tələf olmanı istəmirəm. Çox qısa demək lazımdır. Xalq nə üçün üsyan etdiyini və nə üçün də ölümə getdiyini bilməlidir. Biz bunu iki il bundan əvvəlki üsyanlarda təcrübədən keçirmişik. O zaman kəndlidən “nə üçün üsyan edirsən?” – deyə soruşanda “camaat edirdi, mən də etdim” – demişdi.

Üsyanda mündəricə olmalıdır. Mündəricəsiz üsyanla təsadüfi hadisələrin heç bir fərqi yoxdur. Xalqın ruhundakı xüsusiyyətləri də nəzərə almaq lazımdır. Təzə hökumət elan olunduğu zaman xalqın ruhunda mövcud olan hökumət əleyhdarlığı öz əhəmiyyətini itirə bilər. Çünki xalqın xasiyyəti təzə şeylə maraqlanmaqdır. Xalq hələ təzə hökumətdən öz istədiklərini gözləyəcək və ondan təzə həyat umacaqdır. Hökumət də öz növbəsində xalqın ruhunu oxşayacaq və onu inandırmaq üçün yüz faiz yol tapıncaya qədər özünü yaxşı aparacaqdır. Biz, o tərəf-bu tərəfdə hökumətə qarşı qoyulan nifrətlərə arxa verə bilmərik. Bu narazılıq yalnız köhnə xanədana qarşı idi. Təzə hökumət gəldiyi zaman narazıların sayı azalacaqdır. Azərbaycanda mövcud olan başıpozuqluğu yaradanlar xəlifə tərəfdarları idi. Çünki xəlifələr Səlcuq hökmdarlarının nüfuzu təsirindən qurtarmağa çalışırdılar. Xalqı Səlcuq xanədanına qarşı qaldırmaqla onların süqutunu istəyirdilər. İndisə onlar artıq buna nail olduqlarından başıpozuqluğun təsviyəsi üçün çalışacaqlar. Başıpozuqluğun ikinci səbəbi də Xarəzmşahların və iranlıların Azərbaycan daxilində apardığı təbliğatdır. Atabəy Məhəmmədin Bəhram şah üzərindəki qələbəsi və Xarəzm hüdudlarına göndərdiyi qüvvətlərin nəticəsində məmləkət daxilində olan əcnəbi təbliğatına da nəhayət veriləcəkdir.

Xırda çıxışların tərəfdarı deyiləm. Əvvəla, bu çıxışlar hökuməti ayıq salır, onun böyük üsyanları boğmaq üçün hazırlanmasına səbəb olur. İkincisi də, nəhayətsiz çıxışlar Azərbaycan mədəniyyətini pozur. Kəndin və şəhərin iflas etməsinə səbəb olur. Hazırkı mədəniyyəti pozmaq və bu inkişafı dayandırmaq bizim üçün böyük bir məğlubiyyətdir. Bu mədəniyyətə xidmət edən və bunun düşmənlərinə qarşı mübarizə aparan hər hansı bir hökumət olursa, bizim öz hökumətimizdir. Əks təqdirdə biz onun düşməniyik.

Fəxrəddin Nizamiyə etiraz edərək dedi:

− Yenə də bir şey anlamadım, çünki üsyan edib-etməmək barəsində qəti bir söz demədin. “Mədəniyyətimizə xidmət edən və onun düşmənlərinə qarşı mübarizə aparan hər hansı bir hökumət olursa, o bizim öz hökumətimizdir” sözləri ilə nə demək istədiyini anlamadım.

− Burada gizlin və anlaşılmayacaq heç bir şey yoxdur. Üsyan üçün silah hazırlamaqdan əvvəl xalqın əhval-ruhiyyəsini hazırlamaq lazımdır. Hökumət məsələsinə gəldikdə bu da aydındır. Təzə xanədan ərəb-fars nüfuzunu Azərbaycandan qovmaq üçün bizimlə əlbir işləməlidir. Çünki farslarla ərəblər birinci növbədə bizim dilimizi əlimizdən almağa çalışırlar. Onlar çox yaxşı bilirlər ki, ana dili olmayan bir xalqın milli mədəniyyəti də ola bilməz. Təzə xanədan köhnə xanədandan irs qalan casusları, yaltaqları, öz xalqını satanları ətrafına yığıb onlara istinad etməməlidir. Əgər belə olmazsa, əgər təzə xanədan köhnə xanədanın irslərindən istifadə edərsə, o zaman mən onun əleyhinə olacağam. Təzə xanədan Gəncə hakimini Arandan götürməzsə, mən bütün varlığımla çalışıb ona qarşı xalq üsyanını qoyacağam.

Fəxrəddin bu sözdə qalxıb Nizamini öpdü və:

− Mən səhərdən bəri səndən bu sözləri gözləyirdim, – dedi.

Bu söhbətlərdən sonra Fəxrəddin Əmir İnanca qarşı düzəltmək istədiyi üsyanın nədən ibarət olacağı və nə cür başlanacağı haqqında danışdı. O hələ sözünü bitirməmişdi ki, qapı vuruldu və sonra Əmir İnancın sərkərdəsi Hüsaməddin dörd nəfər silahlı nökərlə bərabər otağa daxil oldu.

Hüsaməddin:

− Salam əleyküm! – deyə baş əydi və əlavə etdi: – İcazə versəydiniz, sizinlə bəzi məsələlər haqqında danışardım. Lakin şairi rahatsız edəcəyimə görə əvvəlcədən üzr istəyirəm, – bunu deyərək Hüsaməddin Fəxrəddinin üzünə baxdı. Heç şübhə yox idi ki, onun şairlə nəzakət dairəsində danışmasının səbəbi Fəxrəddinin orada olması idi. Fəxrəddin isə ona heç də etina etmirdi. Lakin Nizami onun cavabını verərək dedi:

− Əyləşin, siz mənim bu həqir evimə xoş gəlib səfa gətiribsiniz.

Hüsaməddin oturdu və nökərlərinə tərəf dönərək:

− Siz həyətdə durub məni gözləyin, – dedi.

Hüsaməddin oturub şairin evini və evindəki yoxsul şeyləri gözdən keçirirdi.

Əmir İnancın qızı Qətibəni özünə məftun edən şairin var-dövləti bir neçə köhnəlmiş palaz, bir dəst yorğan-döşək, kitablar, kağızlar, yemək üçün qablardan ibarət idi. Sarı samanla suvanmış olan palçıq divarlı otaqların birində böyük şairə Məhsəti xanım, o birində isə şairin özü yaşayırdı.

Hüsaməddin otaqları lazımınca nəzərdən keçirəndən sonra Nizamiyə tərəf dönüb:

− Siz mənə məktub göndərmişsinizmi? – dedikdə Nizami təəcüblə:

− Mən sizə heç bir məktub göndərməmişəm. Siz bir qoşun sərdarı, mənsə yoxsul bir şair, bizim aramızda nə kimi məktublaşma ola bilər?

Hüsaməddin əlini qoynuna atıb bir məktub çıxartdı:

− Alıb oxuyun, bu məktubu mənə yazan siz deyilsinizmi?

Nizami məktubu alıb oxudu:


– “Möhtərəm Hüsaməddin!

Sizin Arandakı şöhrət və şücaətiniz mənə məlumdur. Lakin sevgi və məhəbbət işlərində nə şöhrət, nə də şücaət bir iş görər. Mən sizi xəbərdar edirəm: Əmir İnancın qızı Qətibənin yaxasından əl götürünüz. Başqasının iqbalına şərik olmaq qəhrəmanlara və şöhrətli adamlara yaramaz. Doğrudur, mən yoxsul bir şairəm, lakin xoşuma gəlməyən adamla mübarizə etməyi də bacararam.”


Nizami məktubu oxuyub güldü və Fəxrəddinə dedi:

− Heç anlamıram, Əbül-Ülanın bu həyasız cariyəsi məndən nə istəyir?

Sonra o, Hüsaməddinə cavab verib dedi:

− Möhtərəm Hüsaməddin, sizdən üzr istəyirəm, Səba xanım sizi rahatsız edibdir. Hərgah bu məktubu mən sizə yazmış olsaydım, nə qorxardım, nə də üzr istərdim. O həyasız belə bir məktubu da Qətibə xanımın dilindən mənim gələcək həyat yoldaşımın adına göndəribdir. İndi bir neçə kəlmə də mənim Qətibə ilə olan əlaqəmdən danışaq. Siz ağıllı adamsınız, çox da gənc deyilsiniz və yaxşı bir düşünün, bütün varı palçıq evdən və bu evdəkilərdən ibarət olan bir şair Qətibə kimi zəngin bir qızla evlənmək xəyalına düşərmi? O mənim nəyimə lazımdır? Əcəba, siz məni o qədər namussuz, o qədər şərəfsizmi hesab edirsiniz? Mən Qətibəylə evlənib Əmir İnancın süfrəsinin başındamı sülənəcəyəm?! Siz ki o qızın dəli sevgisini bilirsiniz. Görürsünüz ki, mən ondan qaçıram, görürsünüz ki, o mənə rahatlıq vermir. Meşədə, bağda, küçədə, meydanda – harada görürsə, məni evinə dəvət edir. Nə edim? Mən şairəm, bir gəncin ümidlərini qırmağın ən böyük bir günah olduğunu anlayıram. Həm də Səba kimilərin fitnə-fəsadından qorxuram. Çünki Səba xanım kimi saray cariyələri belə bir məsələni çıraqla axtarırlar. Onlar bu kimi hadisələri alış-veriş şəklinə qoyub pul qazanırlar. Siz Hüsaməddin, Səba xanımı tanımırsınızmı? Onun Əbül-Ülanın qızı Mahtab xanımı bir vaxtda səkkiz nəfərə nişanladıb hamısından hədiyyə və zəhmət haqqı aldığını eşitməmişsinizmi?

Hüsaməddin:

− Bunların hamısını bilirəm, – dedi və əlavə etdi: – demək ki, siz mənim sevgimə maneə törətməyəcəksiniz?

− İnanın, Qətibə gözəldir, elmli, biliklidir, şöhrətlidir. Lakin bunların heç birisi mənim üçün deyil. Sizə bir şair kimi söz verirəm, mən onu sevməyəcəyəm. Mən anacq iki kərə onun əlini sıxmışam. Bunu da məndən öz nəzakətim tələb etmişdir. Kim bilir, bəlkə, təsadüf olursa, bir daha onun əlini sıxmaq məcburiyyətində qalaram. Lakin bunu sevgi hissləri kimi məna etməyin.

Fəxrəddin mənim uşaqlıq yoldaşımdır. O məni özüm qədər tanıyır, o bilir ki, Qətibənin sevgisi nə qəlbimə, nə də vicdanıma yerləşir.

Hüsaməddin Nizaminin əlini sıxaraq dedi:

− Mən vicdanlı bir zatın evində oturduğum üçün vicdanla da danışmalıyam. Sizin bu qədər alicənablığınıza bir xidmət etmək istəyirəm. Siz öz sevgili Rənanızı tez bir zamanda evinizə gətirin, çünki Qətibə sizi onun sevgisindən azad etmək üçün Rənanı da Bağdada göndəriləcək qızların siyahısına salmışdır. Zənn edirəm ki, siz onu evinizə gətirəndən sonra Əmir ərə getmiş bir qızı ərindən alaraq Bağdada göndərməkdən utanar…

Sonra o, Fəxrəddinə tərəf döndü:

− Gənc bir qəhrəman olduğun üçün səni də sevirəm, – dedi.

− Əmirdən ayıq ol, Dilşad da sənin deyil. Rica edirəm, danışdıqlarımız burada qalsın.

Sonra Hüsaməddin ayağa qalxaraq Nizami və Fəxrəddinlə vidalaşıb otaqdan çıxdı.


ŞAİRİN SON SÖZÜ


Axşam çağı idi. Günəşin istiliyi axşam küləkləri qarşısında məğlub olaraq get-gedə təsirini itirirdi. Səyahət vaxtı keçirdi, çay kənarına səyahət üçün gələnlər çəkilib gedirdi. Şair də qalxıb çayın kənarı ilə şərqə doğru döndü. Musa dəyirmanının ətrafındakı söyüdlükdən qalxıb Səncər meydanına tərəf getdi. Bu zaman onu arxadan bir nəfər səslədi:

− Möhtərəm şair, bir az ayaq saxlayın.

Şair dönüb arxasına baxdıqda Qətibənin qoca bağbanı Salimin gəldiyini görüb dayandı.

Salim başı titrəyə-titrəyə Nizamiyə yaxınlaşaraq dedi:

− Bağışlayın, sizi rahatsız edəcəyəm.

Nizami gülümsəyərək dedi:

− Siz qoca kişisiniz, bilirsiniz ki, Allah bəndələrini rahatsız etmək günahdır.

Salim baş endirib:

− Məni bu savab ilə qol-boyun olan günaha məcbur edən vardır, – dedi, – siz onun tanıyırsınız. Xanım orada oturub sizi görmək istəyir.

− Harada?

− Həmişəki yerdə.

− Necə yəni həmişəki yerdə?

− Daima sizin oturub yazı yazdığınız o söyüd kötüyünün yanında.

− Xanımınız mənim meşədə olduğumu haradan bildi?

− Xanım hər gün sizi təqib edir, hətta siz gedəndən sonra orada durub sizi xatırlayır. Dünən xanım orada durub sizin yoldaşınızla şeir oxuduğunuzu eşidirdi. O sizin Rəna ilə görüşdüyünüzü də gördü. Buna görə də sizi xəbərdar edirəm: o çox acıqlıdır. Bir az ehtiyatlı olun. Onun qəlbini ələ alın, həyəcanını sakit etməyə çalışın. O, sizin Rənanızı da məhv edər.

Şair Qətibənin bağbanına qulaq asa-asa gedirdi. Qətibənin bu sevgi macərasından yaxasını nə vəchlə qurtaracağı barəsində düşünürdü. Rənaya qarşı düzələn sui-qəsd Nizamini hər şeydən artıq düşündürürdü. Qətibə oturan yerə bir neçə qədəm qalmış qoca bağban dayandı. Nizami isə Qətibəyə doğru irəlilədi. Qız şairi gördüyü zaman bütün vücudu titrəməyə başladı. Şair birinci dəfə idi ki, Qətibəni bu vəziyyətdə görürdü. Qız ayağa qalxıb bir neçə qədəm irəlilədi, lakin vücudunda baş verən zəlzələ onun qədəm atmasına mane oldu, dayanıb titrəməyə başladı.

Qətibə yalnız yerimək deyil, Nizamiyə salam verməyə və danışmağa belə cəsarət etmirdi. Çünki o, öz sevgisinin ümidsizliyə təsadüf etdiyini yəqin edirdi. O bilirdi ki, birtərəfli sevgi heç bir zaman müvəffəqiyyət qazana bilməz. Onun salam verməməsinə və danışmamasına səbəb Nizaminin dilindən çıxa biləcək “yox, sevmirəm” kəlmələrini eşitməkdən qorxması idi. Lakin o, öz xariqüladə gözəlliyindən ümidini kəsməmişdi. Nizami kimi şairin bu qədər yüksək bir gözəlliyə xor baxmayacağına inanırdı. O, öz qəlbində deyirdi: “Ərəb, türk və rum qanından yaradılan bu möcüzə gənc şairin qəlbini əsir edə bilər”. O elə düşünürdü ki, dünyanın qəlbini çırpındıran bu gözlər gənc şairin də qəlbini çırpındıra biləcəkdir. Qətibə elə fikir edirdi ki, şeir, payız narı kimi titrəyən döşlər, gül yarpağına istehza yağdıran dodaqlar, gülümsər qara gözlər və sairə gözəlliklər üzərində qurulduğu üçün şair də bu ilham mənbəyini əlindən buraxmayacaqdır. Buna görə də Qətibə baş örtüsünü götürüb bir neçə qədəm daha şairə tərəf irəlilədi, daş-qaşa, incilərə, ipəklərə bürünmüş bu gözəl, canlı bir xəzinə kimi şairə yaxınlaşdı.

Qətibə öz gözəlliyi, öz əzəməti və dəbdəbəsi ilə hərəkət edib şairə doğru gəldiyi zaman Nizami də üstünə bir kabus və bir qorxunun yaxınlaşdığını hiss edir və nə vəchlə öz qəlbinə hakim ola biləcəyi barəsində düşünürdü. Lakin o, bu qorxunu özündən rədd etmək üçün o qədər də çətinlik çəkmədi, bir an keçmədən sanki Rəna gəlib onunla Qətibənin arasında hayil olub durdu, şair gözlərini açdığı zaman artıq Qətibəyə deyil, Rənaya baxırdı.

Nizami Hüsaməddinlə olan söhbətin Qətibəyə yetişdiyini yəqin edirdi. Qızın bütün baxış və duruşu da bunu göstərirdi. Heç şübhə yox idi ki, Qətibə bu gün Nizamidən qəti cavab almağa gəlmişdi. Bu isə şair üçün hər bir məsələdən çətin idi.

Nəhayət, Qətibə qara gözlərinin qapaqlarını böyük bir tərəddüdlə qaldırıb şairin üzünə baxdı, yavaşdan:

− Axşamın xeyir olsun! – dedi və əlini Nizamiyə uzatdı.

Şair, qızın əlini əlinə aldığı zaman onun külək qarşısında titrəyən incə bir şaxə kimi titrədiyini hiss etdi. Buna görə də utana-utana qızın salamının cavabını verməyə məcbur oldu:

− Əleykəssalam, möhtərəm qız, mən bu əlin daima xoşbəxt olmasını istəyirəm, – dedi.

Qız əlini Nizaminin əlindən çəkmək istəmirdi, o, bununla öz sevgisini şairin qəlbinə aşılamağı düşünürdü. Eyni zamanda şairin: “Mən bu əlin daima xoşbəxt olmasını istəyirəm” dediyinə qarşı cavab hazırlayırdı. Lakin bu çox da asan deyildi, çünki o qarşısında duran şairin bir qala qədər sarsılmaz olduğunu anlayırdı. Buna görə onun arzu qanadları qırılır, o yüksək aləmlərə uçmaq istərkən özünü yenilməz və sevgisində inadlı olan bir gəncin qarşısında görürdü. Qətibə bu fəthedilməz qalaya sahiblənmək istərkən özündə bir acizlik hiss edirdi; çünki o, Nizaminin qadın gözəlliyi qarşısında sarsılmaz olduğunu bir neçə kərə sınaq etmişdi.

Lakin buna baxmayaraq, o, son qüvvətini meydana qoymuşdu. O həm gözəl idi, həm də gözəlliyindən bir silah kimi istifadə edirdi: əlini şairin əlindən çəkmək istəmirdi, bütün naz, qəmzə, utanmaq, qısqanmaq, rəng verib-rəng almaq, hətta göz yaşları axıtmağı… Hamısını təcrübədən keçirirdi. Nəhayət, özünü ələ alaraq şairə sual verdi:

− Söylə, şair, söylə! Sən bu əl sahibini xoşbəxt etmək üçün qəti bir söz deyə biləcəksənmi?!

Qətibə bu sözləri dedikdən sonra yenə də utandı, başını aşağı salıb güləbətin naxışlı barmaqlarına baxmağa başladı. O, axşamın kəskin sərinliklərinə baxmayaraq, tərləmişdi, hər iki tərəfdən yanaqlarına düşən qara saçları yağışda yeni çıxmış yasəmənləri xatırladırdı.

Şairin vəziyyəti isə çıxılmaz və ağır idi. O öz-özünə düşünür və deyirdi:

− Bu dünyada sevgi xəstəliyinə tutulmuş bir qıza “yox, sevmirəm” deməkdən daha çətin bir şey təsəvvür etmək olarmı? “Sevmirəm” sözü dəlicəsinə sevən bir qıza zəhər içirmək qədər qorxulu deyilmi? Bu söz qız qəlbi üçün sağalmaz bir yara deyilmi? Bu kəlmə Qətibə kimi məğrur və gözəlliyinə inananlar üçün də unudulmaz bir təhqir idi. Əcəba, həyatdakı bütün incə hissləri özündə mərkəzləşdirən qəlbin nə kimi bir maddə olduğunu təbiblərdən, filosoflardan daha yaxşı öyrənən bir şair sevgisini elan edən bir qızı nə kimi bir vicdanla rədd edə bilər?!

Şair düşünür, qıza demək üçün sakitedici bir cavab axtarırdı: o cavab “yox” kəlməsilə “bəli” kəlməsini ifadə etməyəcək orta bir kəlmə olmalı idi.

Qətibə də düşünürdü, o da öz qəlbində Nizaminin verəcəyi cavabı ölçüb-biçirdi. O, fikrində gah şairin böyük əsərlərinin ilhamı kimi təcəssüm edir, onunla məsud bir həyat qurub yüksəklərə qalxır, gah ümidsizliyə enərək təhqir və həsrətlər içərisində çapalayırdı. Cavab vermək istəyən və cavab almaq intizarını çəkənlər bir kərə başlarını qaldırıb bir-birinin üzünə baxdılar, çünki sükut və intizar adi çərçivəsindən kənara çıxırdı.

Şair qızın ikinci kərə sula verməsinə imkan buraxmamaq üçün sükutu pozaraq dedi:

− Möhtərəm qız mühüm bir cəhəti unutmamalıdır. Ayaq üstə görüş və ayaqüstü danışıqlar əbədi bir səadətin təşkili üçün çox azdır. Ailə qurmaq insanların həyatında mühüm bir hadisədir. Bu hadisə təsadüfi olmayaraq təbiidir. Bu kimi zəruri hadisələrə qarşı ehtiyatlı və düşüncəli olmaq lazımdır. Həyatı bir-birinə aşılamaq üçün xasiyyət birinci şərtdir. Xasiyyətlərin bir-birilə barışmaması, eyni zamanda onların bir ailə təşkili münasibəti ilə bir-birilə daima qarşı-qarşıya durması, bəzən iki zidd qüvvənin təsadüfündən alınacaq mənfi nəticələri doğurmuş olur. Gözəl qıza bunu da deməliyəm ki, nə qızlar, nə də oğlanlar bir-birlərini sevdikləri zaman qəlbin ixtiyarını kəməndə salıb gözlərin sərəncamına verməməlidirlər. Sevgini qəlbə aşılayan gözlərdir. Gözlər bəzən qəlbi aldada bilər. Biz daima çalışaraq qəlbin, gözün və ağlın vəzifələrini düzgün bir surətdə təqsim etməliyik. İnsan bu üç ünsürün doğru bir surətdə fəaliyyət icra etməsi nəticəsində xoşbəxt ola bilər. Bu cəhətləri nəzərə alaraq bizim ikimiz də bu ünsürün bir-birinə təcavüz etməsinə imkan verməməliyik. Çünki gənclik zamanında insanların gözləri ilə ürəkləri birləşib ağlın qarşısında haqq-hesab verməkdən boyun qaçırır və özbaşına işləməyə başlayırlar. Bunun üçün də alim adamlar deyirlər ki, insanlar gənclik zamanı ağıl ilə hissiyata fərq qoya bilməzlər. Həyat səhnəsinə atılmaq, dünyanı daha tez öyrənməyə can atmaq, ictimai mühitin qanunlarını mənimsəmək üçün tələsmək gəncliyin ən sevimli xüsusiyyətlərindən birisidir. Lakin ailə həyatı qurmaq işində tələsmək həyat qanunlarını təhrif etməkdir.

Bəzən gənclər öz səadətlərini qurmaq üçün bəşəri münasibətləri unudur. Onlar bir çox hadisələrdə öz səadətlərini başqalarının bədbəxtliyi üzərində qurmaq istəyirlər. Bu cür gənclər sevgi xəstələridir. Onlar öz ağızlarının şirin olması üçün başqalarına zəhər içirmək istəyirlər. Gözəl Qətibədən bir ricam vardır: bu barədə bir qədər də fikirləşək. Yenə də görüşüb-danışaq. Siz elə bilməyin ki, bu dünya sizin gözünüz gördüyü kimi maneəsiz bir düzəngahdır. Əksinə, dünya çox eniş-yoxuşludur. Həyat dolaşıq yollar, keçilməz cığırlar, qorxulu gədiklər, uçurumlar və çala-çuxurlar arasında qurulmuşdur. Bu qədər təhlükəli yolları keçmək üçün tapmaq istədiyimiz yoldaşı, lazımi diqqətlə, ağıl və düşüncə ilə öyrənməliyik. Əlverişli olmayan həyat və yol yoldaşı insanı uçurumlar, çala-çuxurlar qarşısında yalnız qoyub qaça bilər, bunu bir çoxlarının həyatında görmüşük. Hər şeydən sonra biz meşə torpağından göyərmiş göbələk deyilik; Allah öz yerində qalsın, ata-analarımız bizim yaradanlarımızdır. Onlara yanaşmaq, onların məsləhətlərini almaq, hər şeydən əvvəl lazımdır.

Qətibə bu sözdə başını qaldırıb yalvarıcı bir surətdə dedi:

− Şair, mənə inan, nə atam, nə də anam mənim xoşbəxtliyimə mane ola bilər. Sən özün bilirsən ki, onlar bu işdən xəbərdardırlar.

Nizami çox gözəlcəsinə bilirdi ki, o, Qətibənin sevgisinə razılıq versə belə, bu hadisə yenə də baş tutmayacaqdır, çünki Əmir İnanc xalqa rəhbərlik edən şəxsiyyətlərin hər birisini bir vasitə ilə aldatmağa və bununla da, sabiq nüfuzunu əldə etməyə çalışırdı.

Əmir İnanc Qətibənin Nizamiyə hüsn-rəğbət göstərməsinə yol verməklə bərabər, onu Hüsaməddinə də vəd edirdi; Dilşadı Bağdada göndərməyə hazırlandığı halda, Fəxrəddinin də başını aldadır və Dilşadın Fəxrəddinlə olan tanışlığına maneə törətmirdi.

Lakin Qətibə atasının bu siyasətindən xəbərdar deyildi, buna görə də şairi ata-anası tərəfindən maneə törədilməyəcəyinə inandırırdı.

Qətibə titrək və həyəcanlı bir səslə:

− Mən bu gün şairdən qəti cavab almaq qərarına gəlmişəm, – dedikdə Nizami dərin bir fikrə qərq oldu. Bunun üçün Qətibə soruşdu:

− Nəyi düşünürsən?

− Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmağın mümkün olub-olmamasını düşünürəm. Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratsaydı, mən heç də vicdan əzabı çəkməzdim.

Qətibə şairin nə demək istədiyini dərhal hiss edərək söylədi:

− Bir qəlbin iki tərəfə bölünməsinə hansı qız razı ola bilər?!

− Mən çox təəssüf edirəm ki, gənclərdən bir çoxunun qəlbi özündə olmadığı zaman gözəl qızlar onların qəlbini tələb edirlər. Nə edəsən, qəlb elə bir şey deyil ki, birinin əlindən alıb o birisinə verəsən.

− Doğrusunu söylə, sən qəlbini mənə verməyəcəksənmi?

− Birisinə doğru demək üçün başqasına yalan deməyə məcbursan. Lakin mən bunu vicdanıma sığışdıra bilmirəm. Doğrusu budur.

− Mən səni gözəl, yaraşıqlı bir gənc olduğun kimi sənətkar bir şair olduğun üçün də sevdim.

− Zənnimcə, yoxsul bir şairə bu qədər böyük əhəmiyyət vermək yersizdir. Mənə verdiyiniz bu qədər əhəmiyyət, göstərdiyiniz səmimi hörmətlər məni daha da rahatsız edir. Özünüz söyləyin! Mənə qarşı bu qədər sevgi və ehtiram bəsləyən bir qızı mən necə aldada bilərəm?

Qətibə Nizaminin əlini yenə də əlinə aldı və dedi:

− Mən istəyirəm ki, o nəfis şeirlərin ilhamı məndən alınsın. Sənin ilham dənizindən çıxan nadir incilər, bir kəndli qızının boynundan yox, Qətibənin boynundan asılsın. Daha doğrusu, sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istəyirəm. Mən sənin yaratdığın xəzinənin divarları sarı samanla suvanmış palçıq otaqlarda çürüməsini istəmirəm. Mən sənin daxmalardan, həqir otaqlardan çıxarıb ali saraylar, kaşanələr, malikanələr, təntənə və dəbdəbələr sahibi etmək xəyalındayam. Mən istəyirəm ki, bütün Şərqdə məşhur olan nəcib Qətibənin dünyası səninlə bir daha şərəflənsin. Sən bundan sonra xəlifə babamın – müqəddəs Müstərşidbillahın şairi sifətilə Bağdad dünyasını ələ alacaq, tarixin məşhur şairi Əbü Nəvvas və Əbülətahiyələrin əldə etmiş olduğu şərəfi qazanacaqsan. Bundan sonra sənin şeirlərini lal, kar meşələr yox, bəni Abbas xəlifələrinin təntənəli sarayları eşidəcəkdir.

Qətibə zənginliklərdən, saraylar və malikanələrdən danışdığı zaman Nizami düşünür və xəfif-xəfif gülürdü. Lakin Qətibənin onun tez-tez yoxsul deyə təkrar etməsi, xüsusən, onun evinin fəqirliyindən danışması, hətta Rənanın adını çəkdiyi zaman “bir kəndli qızı” deyə onu təhqir eləməsi Nizaminin acığına gəldi və ona bu məzmunda bir şeir oxudu:


“Fəqir bəxtəvərəm, şairəm, zəbərdəstəm,

Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm.

Həqiqət əhliyəm, hər eybdən mübərrayam.

Əgər dağılsa, bu dünya, mən ayrı dünyayam.


* * *


Əgər həyat üçün aləm həyata yalvarsa,

Dağılsa, yansa bəşər, kainata yalvarsa,

Fəqət mən ölsəm, əzilsəm də, iczə dil açmam,

Qəza gəlirsə də, gəlsin, mübarizəm, qaçmam.”


Qətibə dərhal şairin acıqlandığını hiss edərək onu sakit etməyə çalışdı:

− Sən mənim sözlərimə əbəs yerə mənfi məna verirsən; mən səni yüksəltmək istərkən təhqir etmək istəmədim. Nə edim? Madam ki, sən məni rədd etmək üçün bəhanə axtarırsan, o zaman mənim dediklərimi təhrif edə bilərsən. Həm də ki, şairsən, yaradıcısan…

Qətibə yarım saatdan artıq danışdı. Sevgi dastanlarını cürbəcür qafiyələr və məzmunlarda oxudu, o ağladı, güldü, nazlandı, acıqlandı, yenə də şairdən müsbət bir cavab ala bilmədi. Nəhayət, əlini Nizaminin əlindən çəkərək göz yaşları ilə ayrılmaq istərkən Nizmaidən bu sözləri eşitdi:

− Qızlarda baş verən bu kimi hallar keçici hallardandır. Onlar sürətlə sevdiyi və düşünmədən insana bağlandıqları kimi sürətlə, düşünmədən insandan ayrılır və unudurlar.

Nizami ayrılıb getdi. Qətibə isə olduğu yerində quruyub qalmışdı. Bir az keçəndən sonra o qayıdıb söyüd kötüyünün üstündə oturdu, düşünməyə, beyni qızmağa və düşüncələri alovlanmağa başladı. Sevgisi böyük bir intiqam hissilə alovlanır, bu qədər alçalmasına qarşı öz-özünə nifrət edirdi.

Hüsaməddin uzaqda dayanıb Qətibə ilə Nizami arasında gedən söhbətlərə qulaq asırdı. O, Qətibənin yalvarışlarını, Nizaminin ona verdiyi cavabı eşidir və ümidləri yenidən canlanırdı. Hüsaməddin, Nizaminin ailə təşkili barəsindəki fikirlərinə xüsusi qiymət verdiyi üçün öz-özünə düşünürdü:

− Şair doğru deyir. Bir qəlbi birisindən alıb o birisinə vermək çox çətindir.

Lakin bu fikir Hüsaməddini tamamilə qane salmırdı, çünki o özü dəlicəsinə sevir və bütün bu fəlsəfə onu təmin etmirdi.

Hər halda, o, Nizamidən razı idi. Bir neçə gün əvvəl Nizaminin verdiyi sözlərdən onun səmimi olduğunu hiss etmişdi.

O şad bir halda Qətibənin yanına gəldi, adəti üzrə qıza baş əyib:

− Axşamınız xeyir olsun! – dedi.

Qətibə cavabında:

− Çox razıyam! Get xəbər ver qulamlar taxtımı bura gətirsinlər, – dedi.

− Meşənin sıx yeridir. Ağacların şaxələri taxtın çiyində aparılmasına imkan verməz. Yaxşı olardı ki, bir neçə qədəm söhbət edə-edə gedəydik. Qətibə ayağa qalxdıqda Hüsaməddin ona dedi:

− Mən zənn edirəm ki, xanımın bugünkü səyahəti həmin bu söyüd kötüyü ilə əbədi olaarq vidalaşmaq üçün idi.

Qətibə cəld ona tərəf dönüb:

− Sən özünü bir qəhrəman hesab edirsən, – dedi.

– Lakin yaralanmış bir adama yara vurmaq istəmədim. Ancaq sizin səhvlərinizin nə kimi bir nəticə verdiyini sizə anlatmaq istədim. Şair çox gözəl dedi: “Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratmamışdır”.

− Mənim üçün fəlsəfə danışma, təbiətin imkan vermədiyi heç bir şey yoxdur, hər şeyi insan yaradır.

− Siz mənim nəsihətlərimə inansaydınız, bugünkü görüşü təşkil etməzdiniz. Şair də sizi bu qədər açıqcasına rədd eləməzdi. İndi mənə deyin görüm yenə də mi onu sevəcəksiniz?

− Xeyr, sevməyəcəyəm, inanın, indi o mənim düşmənimdir. Mən ona öz Rənası ilə xoşbəxt yaşamağa imkan verməyəcəyəm. Hətta mümkün olarsa, onu məhv etdirib öldürəcəyəm. Lakin onun qəbrində oturub ölənə qədər ağlayacağam. Mən nə sevgini, nə də təhqiri unudacağam. Sən də mənim yaxamdan əl çək. Mən babamın müqəddəs ridasına and içirəm, heç bir kəsə sevimli qadın olmayacağam. Onunla yaşaya bilmədim, heç bir kimsə ilə də yaşaya bilməyəcəyəm, çünki insan ömründə ancaq bir kərə sevə bilər. Mən bundan sonra hər kəsə baxsam, onu qucaqladığımı hiss edəcəyəm. Hər kəslə olsam, sanki onunla olacağam. İndi sən də məndən uzaqlaş, çünki mən nə sənin, nə də onun deyiləm.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации