Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 9

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

− Bu cənabı tanımıram.

Nizami cavab verdi:

− Bu cənab Aran əsilzadələrindən, Aranda öz qılıncları ilə şöhrət qazanmış Soltanlı tayfasındandır. Adı Fəxrəddindir. Aran xalqının nümayəndəsi sifətilə əlahəzrətə təqdim olunmaq üçün gəlmişdir, mənim məktəb yoldaşım və gənclik sirdaşımdır.

Atabəy Fəxrəddinin əlini sıxıb:

− Ziyarətinizdən məmnun və məhzuz oldum, – dedi. Sonra Nizami və Məhsəti xanıma tərəf dönüb əlavə etdi:

− Məni bağışlayın. Qardaşım Qızıl Arslanın salamını sizə yetirmək üçün özüm yanınıza gəlməli idim. Lakin sizi bu tarixi məclisdə görüb qardaşımın salamını yetirmək istədim. Qızıl Arslan sizin rahətinizi təmin etmək üçün mənə dəfələrlə tapşırıq vermişdir. O, iki nəfər sənətkarın bir inəklə güzəran etdiklərini çox təəssüflə mənə söyləmişdir. Eyni zamanda sizin heç bir kəsdən mükafat və xələt qəbul etmədiyinizi də əlavə eləmişdir. Lakin cəsarətlə demək istəyirəm ki, yoxsulluq və ehtiyac şairin yaradıcılıq qüdrətini azalda bilər. Əyləşin, rica edirəm.

Atabəy bunları söylədikdən sonra Nizamini sağında, Məhsəti xanımı sol tərəfində əyləşdirdi.

− Mən Həmədandan Şimali Azərbaycan səyahətinə çıxdığım zaman sizin yazdığınız şeirləri öz ağzınızdan eşitmək arzusunda idim. Bu gün həmən arzularına nail ola bilərəmmi?

Nizami:

− Mən heç vaxt mədhnamələr yazmamışam, sizin də mədhnamələr sevmədiyinizi bilirəm. Qardaşınızın məktublarından bunu hiss etmişəm, – dedi.

− Mən arzu edərdim ki, siz bir şeirinizi mənə oxuyasınız.

− Hansı şeiri?

− “Fəqirəm, bəxtiyaram” sərlövhəli şeirinizi.

− Etirazım yoxdur.

Nizami bu sözü söylədikdən sonra ayağa qalxdı. Bütün nümayəndələr qulaq kəsilərək şairin səsini eşitmək və onun sənətcə böyüklüyünü görmək istəyirdi. Nəhayət, şair şeirini başladı:


FƏQİRƏM, BƏXTİYARAM


Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə baxtım var,

Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var.


Bu dəhrin yummuşam göz sərvətindən, xələtindən mən

Fəqirəm, feyz alır yüzlərcə hatəm bir şeir süfrəmdən.


Bulanmaz xatirim, dərya qədər fikrimdə yekrəngəm,

Bu ölçülməz mühitəm, öz mühitimlə həmahəngəm.


Nə dərdim? İncilərdən incədir hər beytim, hər fərdim,

Qəzəlxan bülbüləm, hər bağçadan bir türfə gül dərdim.


Süleymanlar gəlib sərmayə alsın söz xəzinəmdən,

Bir əflakəm, düşər bir gün günəş dünyayə sinəmdən.


Deyil fərzanə baş, əhsan üçün təzim edən başlar,

Dağam, sinəmdə çoxdur tacları tezyin edən başlar.


Dənizlər yerləşir sinəmdə, qorxum yox təlatümdən.

Fəqirəm, bəxtiyaram, bir yenilməz kainatam mən.


Nizami şeirini oxuyub yerində oturdu. Atabəy isə başına fikirli bir surətdə hərəkət verərək:

− “Fəqirəm, bəxtiyaram, bir yenilməz kainatam mən” – deyə bir daha təkrar etdi, sonra Nizaminin əlini bir daha iki əllərilə tutub sıxdı və Məhsəti xanıma dönərək ona müraciət etdi:

− İndi də ölkəmin fəxri olan möhtəşəm qadının səsini eşitmək istərdim.

Məhsəti xanım yerindən qalxdı, üzünü məclisə tutub bu rübaini oxudu:


Ma mərdü meyim, dər Xərabatu müqim,

Nə mərdü səccadəim, nə mərdü kilim,

Qazi nəxürəd mey ki əzan darəd bim,

Dürdüyyi xərabat beh əz malü yətim.


Məhsəti xanım bu rübaini yetim malını süpürləyib yeyən və hazırda Atabəyin məclisində əlində təsbeh oturan Gəncə qazisi haqqında dedikdən sonra üzünü vaxtilə onu Gəncədən sürgün etdirən xətibə tərəf tutub aşağıdakı rübaini oxudu:


Ey sahibi fitva, zi to pürkar tərim!

Ba in həmə məsti zi tö huşyar tərim.

Tö xunu kəsən xurivü ma xuni rəzan,

İnsaf büdeh, küdamü xunxar tərim?!


Sonra xətibin nəhayət dərəcədə xəcalət çəkdiyini hiss edincə bu rübaini də əlavə oxudu:


Çün mavu şüma, müqabili yekidigərim

Beh zan nə bünəd ki pərdeyi həm nədərim.

Ey xacə, tö eybü mən məqu, ta mən niz,

Eybü tö nə qüyəm, ki yekəz bətərim.


Məhsəti xanımın bu rübaisindən Atabəy Məhəmməd də, qazi də, xətibin özü də gülüb bir səslə “Əhsən!” dedilər. Atabəy qalxıb bir daha Məhsəti xanımın əlini öpdü.

Məhsəti xanım xəstə olduğu üçün Atabəy Məhəmməd onun və qonşu hökumətlərin nümayəndələrinin getmələrinə icazə verdi. Sonra katibinə əmr verdi:

− Sənə tapşırdığım torpaq ixtilafı haqqında verilən ərizələri gətir.

Katib dərhal qalxıb ərizələri gətirdi. Atabəy ərizələri məclisə göstərib dedi:

− Bu ərizələrdə yazılana görə aranlılar Muğanda olan üç kəndin sahiblərinə vergi (bəhrə) vermək istəmirlər. Bu barədə Şimali Azərbaycanlıların nə kimi qanuni haqları ola bilər?! Mən burada ikən torpaq məsələləri ilə məşğul olmaq istəmirəm. Buradan qayıdandan sonra Qızıl Arslanla torpaq məsələləri barəsində məsləhətləşəcəyəm.

Məclisdə bu suala səs verən olmadı. Nizami Fəxrəddinin üzünə baxdı. Fəxrəddin bu baxışdan dərhal danışmaq lazım olduğunu anlayaraq ayağa qalxmaqla Atabəyə sual verdi:

− Atabəy həzrətləri lütfən o kəndlərin adını bilməzmi?

Atabəy kəndlərin adını saydı:

− Ərəbli, Ərəb Şahverdi, Ərəb ban oğlan kəndləridir, – deyib əlavə etdi:

− Ərizələrdə göstərildiyinə görə mülk sahibləri yüz minlərcə dirhəm sərf edib bu kəndləri saldırmışlar. Bu kəndləri suvarmaq üçün yenə də neçə yüz min qızıl dirhəm xərc qoyub böyük arx çəkdirmişlər.

Fəxrəddin yenə də sual verdi:

− Rica edirəm ərizə sahibləri buyursun görək Muğana onlar hansı arxı çəkdirmək üçün neçə yüz min qızıl dirhəm xərcləmişlər?!

Atabəy ərizə verənlərin danışmalarına icazə verdi. Onlar Muğana Gavur arxını çəkdiklərini söylədilər. Bunlara cavab vermək üçün söz Fəxrəddinə verildi. Fəxrəddin ayağa qalxıb danışdı:

− Əvvəla, bunu demək istəyirəm ki, bu ağaların iddia etdiyi kəndlərin tarixi ərəb istilasından çox əvvəldir. Bu kəndlər skiflər, bəlkə də, midiyalılar dövründən Muğanda mövcud olan kəndlərdir. Çünki burada olan köhnə məzarlar, qəbiristanlar və tökmə təpələr də bunu bizə isbat edir. Ərizədə göstərilən “Ərəbli”, “Ərəb Şahverdi”, “Ərəb ban oğlan” kəndləri Aran xalqına öz babalarından irs qalmış kəndlərdir.

Atabəyə məlum olduğu üzrə fatehlərin ayağı dəyən yerlərdə bütün münbit və məhsuldar torpaqlar onların öz varisləri və öz sərkərdələri arasında bölüşdürülmüşdür. O kəndlərin ağaların pullarilə tikildiyi iddiasına gəldikdə isə haman kəndlərin köhnə adları göstərir ki, onlar ərəblər tərəfindən bina olunmamışdır.

Əvvəlcə, onların “Ərəbli” dedikləri kəndin köhnə adı “Aran” kəndidir. Orada olan kitabələr və sairələr də bunu isbat edir. Lakin ərəblər aranlıları oradan köçürüb, ərəbləri yerləşdirdikdən sonra kəndin adını dəyişib “Ərəbli” qoymuşlar.

“Ərəb Şahverdi” kəndi əvvəlcə “Şahverdi” kəndi idi, ərəblər yerliləri sürgün edib kəndi özlərininkilərə verdilər. O zamandan bəri kəndin adı “Ərəb şahverdi” qaldı. Eləcə də “Ban oğlan” kəndi. Orada da ərəblər yerləşəndən sonra kənd “Ərəb ban oğlan” adalnmışdır. Atabəy həzrətlərinə ərz etmək istəyirəm ki, bu gün Azərbaycan mülkədarlarının əlində ata-babalarından qalmış minillik torpaq qəbalələri vardır. Hərgah, doğrudan da, bu ağalar iddia etdikləri kəndləri ikinci bir adamdan almışlarsa, onların əllərində qəbalələri olmalıdır. Yaxud kəndləri özləri saldırmışsa, yenə də kəndin salındığı yeri bir adamdan almaq lazım gəlirdi. Yalnız bu üç kənd deyil, bir çox kəndlər vardır ki, onların xalqını qovub yerində ərəb və fars fatehlərini yerləşdiriblər.

Ümumiyyətlə, əvvəlcə burada əlahəzrətin hüzurunda Muğan məsələlərini qoymaq lazımdır. Mən bu uzun məsələyə keçmədən qabaq ağaların Muğana “Gavur arxı” çəkdikləri iddiasına cavab verəcəyəm. Gavur arxının tarixi hər kəsə məlumdur.

Muğan birinci dəfə ərəb fatehləri zamanında dağıdılmamışdır. Ondan əvvəl də fatehlər bu bərəkətli ölkəni dağıdıb bölüşmüşlər. Ağaların iddia etdiyi haman bu arx, Miladdan 320 il əvvəl Makedoniyalı İskəndər zamanında yenidən bərpa edilmişdir. Bu vəsiqələri bir tərəfə buraxaq.

Hərgah Gavur arxı bu ağaların özü və babaları olan ərəb fatehləri tərəfindən çəkilsəydi, ona “Gavur arxı” adını qoya bilməzdilər. Bu adın özü də göstərir ki, bu arx İslamiyyətdən əvvəl bizim babalarımız tərəfindən qayırılmışdır. Çünki ərəblər bizim babalarımızı “kafir” deyə çağırırdılar.

Atabəy Məhəmməd:

− Əhsən! – deyərək Fəxrəddini təqdir etdi.

Fəxrəddin Atabəydən Muğan məsələsinə aid sözünə davam etməyə icazə istədi.

Atabəy:

− Gənc natiq, səni çox məmnuniyyətlə dinləyirəm, –deyə ona icazə verdi.

− Əlahəzrət Muğanın tarixini oxumamış deyildir. Muğan Azərbaycan kəndlisinin əlində olmazsa, iqtisadi həyatı lazımi məhvər üzərində aparmaq mümkün olmayacaqdır. Muğanın hazırda böyük bir hissəsi Şirvan şahlığının əlindədir, qalan yarısını isə dörd-beş nəfər ərəb fatehlərinin nəvələri mənimsəmişdir. Əlahəzrət Muğanın Şirvan şahlığı əlində olan hissəsi haqqında da sərəncam etməlidir.

Atabəy gülümsəyərək:

− Şirvanın Muğandan istifadə etməyə haqqı vardır, – dedi, – tarix boyu onlar bu torpaqdan istifadə edib, yenə də etməlidirlər. Şirvan hissəsinə düşən Muğan heç bir vaxt aranlıların əlində olmamışdır.

Fəxrəddin:

− Əlahəzrət, icazə verin! – deyərək sözünü davam etdirdi: – Mən hazırkı rəsmiyyətə salınmış Şirvan haqqında danışmıram.

− Bəs nədən danışırsınız?! – deyə Atabəy təəccüblə soruşdu:

− Mən elə zənn edirəm, Azərbaycan xalqının şikayəti ancaq torpaq üzərindədir. Mülkədarların iştahası heç bir qanuna tabe deyil. Yerli hökumətə gəldikdə mülkədarların tərəfindədir. Kəndlilərin ağır vəziyyətindən danışanlar üsyançı adlanır. Əmir tərəfindən təqib edilir, ədiblər və şairlər belə ölüm və zəhərlə qorxudulur.

Atabəy başını aşağı salıb dinləyirdi, Fəxrəddin sözünü bitirdikdən sonra katibinə müraciət edib dedi:

− Zənn edirəm verilən ərizələr haqqında danışmaq yersizdir, çünki ərizələrin hamısının məzmunu cənab Fəxrəddinin buyurduqlarından ibarətdir. Muğanda olan ixtilaflı malikanələr haqqında qeydlər götürün, bu barədə Qızıl Arslana tapşırıqlar verəcəyəm. Əmirin uyğunsuz hərəkətləri və ədiblərin, şairlərin zəhərlə təqib edilmələri barəsində isə ciddi təhqiqat aparmaq lazımdır.


SON ÇARƏ


Əmirin son çarəsi əvvəlcə düşündüyü məsələdən ibarət idi. O, ifşa edilmişdi. O, hökumətdə qalmaq üçün nə qədər düşünürdüsə də, özündə müsbət bir tərəf görə bilmirdi. Onun xalq şikayətinə yol verməmək tədbirləri, Atabəyə mədhnamə yazdırması tamamilə əks nəticə verəndən sonra qadınını yanına çağırıb çox qəmgin bir halda dedi:

− Ata-babaların sözüdür: “Yaxşı şeyi yaman gün üçün saxlarlar”. Çox yerində deyilmiş sözlərdir. Sən qızın özünə də tapşır, bir daha bunun kimi əlverişli fürsət heç kəsin əlinə düşməz. O ki qaldı atan xəlifəyə, o da çox qocadır. Onun da başını dəmirə tutmayıblar. O, dünya durduqca yaşamağı bacarmayacaqdır. Buna görə də biz arxamızı daha möhkəm, daha yıxılmaz bir sütuna söykəməliyik. Hökuməti əlinə alan və təzə xanədan təşkil edən Eldənizlərin məhv olması bu gün və ya sabahın işi deyil, onlar hələ çox zaman yaşaya biləcəkdir. Biz mühüm bir cəhəti də nəzərdə tutmalıyıq, qızımız Qətibənin gələcəyi haqqında düşünməliyik. Nə qədər ki xəlifə ölməmişdir, o, qiymətli və əzəmətli bir qız kimi yaşayacaqdır. Xəlifə öləndən sonra isə işlər tamamilə dəyişəcəkdir. Gözəllik nəcib bir xasiyyətə bağlı olmadan heç bir iş görə bilməz. Sən bilirsən ki, Bağdadda köhnə xəlifələrin minlərcə cariyələrdən minlərcə qızları və nəvələri vardır. Onlar hamısı da vaxtında xəlifə nəvəsi kimi şöhrət tapmışdılar. Lakin xəlifələr öləndən sonra kölələr, qatırçılar və sairələrlə yaşamağa məcbur oldular. Biz də fürsəti əlimizdən buraxsaq, qızımız haman qızların tayı olub qalacaqdır.

Safiyə xatun ərinin uzun-uzadı sözlərini eşidəndən sonra ona bu sualı verdi:

− De görüm, nə istəyirsən? Nə üçün açıq danışmırsan? Tutaq ki, sən dediyin sözlərin hamısı bir həqiqətdir. Mən nə edə bilərəm?!

Əmir təəccüblə onun üzünə baxaraq dedi:

− Necə yəni mən nə edə bilərəm?! Ana deyilsənmi?! Qızı bəzəndirib Atabəyə göstərə bilməzsənmi?!

− Mən qızı nə vasitə ilə Atabəyə göstərə bilərəm? Bu hərəkət yersiz düşməzmi?

Əmir öz-özünə mırıldandıqdan sonra Safiyə xatuna tərəf dönərək dedi:

−Heç də yersiz düşməz. Səni Bağdad sarayında mənə nə cür təqdim etdilərsə, sən də Qətibəni Gəncə sarayında Atabəyə o cür təqdim edərsən.

− Məsələnin çətin yeri burasındadır ki, qızının yanında ərə getmək adı çəkiləndə dünyanı dağıdır.

− Mən bilmirəm, buna hər nə ad qoyursan qoy, o sənin öz işindir. Amma gərək qızı Atabəyə göstərəsən. O ki qaldı qızın dünyanı dağıtmasına, o da ümumi haldır. Sən də mənə göstərildiyin zaman demişdin ki, Bağdadı dağıdaram. Amma heç köhnə bir damın kərpicini də yerindən tərpədə bilmədin.

− Qız şairdən ümidini kəsəndən bəri bütün kişilərə nifrət edir, onların üzünü görmək istəmir.

− Ağıllı ol, kişilər hamısı birdir. O bilsə ki, böyük Atabəy, doğrudan da, ona evlənəcəkdir, kişilərə olan nifrəti yadına da düşməz. Qız uşağı hiyləgər pişiklərə bənzər, əlinə gəlməyən hər bir şeyə nifrət bəslər, əlinə keçən şeyi isə heç kəsə verməz. Bunların hamısı sənin qıza nə cür yanaşmağından asılıdır.

Sən qızı inandırmalısan ki, bizim bütün müqəddəratımız onun bu görüşməyə razılıq verməsindən asılıdır. Burada taxt-tac məsələsi də vardır. Mənim qızımın bacarığı olsa, Azərbaycan taxt-tacını əlindən buraxmaz, bir neçə ildən sonra mən öz nəvəmi həqiqi bir varis kimi Azərbaycan taxtına çıxarmağı bacararam. Atabəy Eldəniz kim idi? Bir kölə idi. Bu gün isə onun oğlanları ucubucağı olmayan bir məmləkətin hökmdarlarıdır. Mənim nəvəm isə bir tərəfdən xəlifənin nəticəsi, o biri tərəfdən də mənim, Əmirin nəvəsi olacaqdır.

Mənim də başımı dəmirə tutmamışlar, mən də bu gün sabah öləsiyəm, lakin arzulara çatandan sonra ölmək o qədər də nisgilli və qorxulu bir ölüm deyildir. Dediyim kimi olarsa, mən arxayın ölərəm, bilərəm ki, mənim övladımın gələcəyi təmin edilmişdir.

Əmirin son sözündə Qətibə də otağa daxil oldu. Əmir İnanc onu adəti üzrə öz yanına çağırdı:

− Gəl otur sevimli Qətibəm, gəl otur!

Qətibə oturdu, Əmir yenə də alnından öpüb saçlarını sığalladı və dedi:

− Atabəy şərəfinə verilən ziyafətdən o qədər də ümidverici bir təsir ala bilmədim. Atabəy hər bir sözündə Nizami ilə Qızıl Arslan arasında mövcud olan dostluğu qeyd etdi. Şübhəsiz ki, bu dostluğun içərisində mənə qarşı bir düşmənlik qoyulmuşdur. Yerlilərin bizim başımız üzərində Qızıl Arslana müraciət eləməsi, mənim Şimali Azərbaycanda nüfuzumun düşməsi deməkdir. Biz hər halda bu sui-qəsdin qarşısını indidən almalıyıq. Atabəyin Əbül-Üla əleyhinə olan çıxışı və Xaqani şairi müdaifə etməsi də batində mənim əleyhimədir. Çünki Əbül-Ülaya mən xələt verib irəli çəkmişdim. Bunların hamısı mənim hökmranlığımın son günlərini yaxınlaşdırır. Görünür ki, Atabəy buradan müsbət bir fikirlə getməyəcəkdir. Atabəy hazırdakı əhval-rühiyyə ilə Təbrizə gedərsə, bir aydan sonra Qızıl Arslan mənim yerimə təzə hakim göndərəcəkdir.

Atabəyin qəbul rəsmindəki sözləri də mənə yaxşı ümidlər vermədi. Xüsusən, kənd və torpaq məsələlərində bizim adamlarımızın sükut etməyə məcbur olmaları, Fəxrəddinin isə çıxış etməsi mənim həyatımın dəyişməsi üçün qorxulu bir başlanğıcdır. Hərgah Atabəy buradan getməmiş onu ələ almazsaq, Gəncədə bizim düşmənlərimiz hakim olacaqdır.

Bu barədə anan da, sənin özün də düşünməlisən. Gələcəyin qeydinə qalınmazsa, əmr-vaqe bizi alt-üst edəcəkdir.

Qətibə başını atasının çiynindən qaldırıb soruşdu:

− Tutaq ki, dediklərinin hamısı doğrudur. Mənim əlimdən nə gələr?

− Sənin əlindən hər şey gələr. Bu işlərin mən istəyən məhvər üzərində davam etməsi üçün sənin böyük vəzifən vardır. Sən Şərqin birinci gözəlisən, Əmirin qızı, xəlifənin nəvəsisən. Bir az əvvəl anana danışdım. Bu gözəllik, bu şöhrət mənim və xəlifənin nüfuzuna əsaslanır. Lakin mən və xəlifə öləndən sonra bu gözəllik adi bir gözəllik olaraq qalacaqdır. Buna görə də sən gələcəyini möhkəm bir əsas üstündə qurmalısan. Atabəy də pis namizəd deyil. Sonrasını özün bilərsən, bunu heç vaxt atalar qızlarına öyrətmirlər. Ağıllı qızların özü bunu bacarmalıdır.

Qətibə artıq atasının nə demək istədiyini anladı və ciddi bir vəziyyət alaraq dedi:

− Mən birinci kərədir ki, qızların öz-özünə ərə vermək üçün elçi getdiklərini eşidirəm. Mən heç vaxt bunu bacarmaram. Mən gedib Atabəyə deyə bilərəm ki, bunu bacarmaram. Mən gedib Atabəyə deyə bilmərəm ki, “gəl mənə evlən”. Bu təklif mənim də, ailəmizin də şərəfsizliyini göstərər.

Əmir gülərək onun saçlarını oxşadı və:

− Ağılsız qızım! – dedi, – burada heç bir şərəfsizlik yoxdur. Bəzən şərəflər şərəfsizliyin içərisindən süzülüb çıxır. O ki qaldı sənin gedib evlənmək üçün təklif edə bilmədiyinə, bunu mənə danışma, qızlar istədikləri zaman bu təklifi etmək üçün yol tapırlar, sən buna qadir olduğunu şairlə olan yazışmalarında göstərdin.

Bu söhbətlər əsnasında Xacə Müfid daxil olub Atabəyin gəldiyini xəbər verdi. Safiyə xatun və Qətibə özlərini itirdilər, hansı tərəfdən çıxıb gedəcəklərini bilmədilər. Lakin Əmirin özü, çox soyuqqanlı hərəkət etdi, çünki xacə Müfid Əmirin tapşırığına görə Atabəyi qəfildən Əmirin ailəsi olan otağa gətirmişdi.

Qətibə və Safiyə xatun çıxmaq istərkən Atabəy içəri girdi, lakin o içəridə qadın və qız olduğunu görərkən qayıtmaq istədi, Əmir isə onu qarşılayaraq:

− Buyurun, əlahəzrət! – dedi və təzim etdi, – yanımda yabançı adam yoxdur. Yanımda xəlifənin qızı və nəvəsidir. Əmirəlmöminin qızı və nəvəsi əlahəzrəti ziyarət etmək istəyirdilər.

Atabəy Əmir İnancın bu sözlərindən sonra bir an düşündü, sonra irəli gəlib xəlifənin qızının əlindən öpdü və:

− Biz də Əmirəlmöminin övladıyıq, – dedi, – Həzrət xəlifə bizim atamız olmaqla bərabər, eyni zamanda, bütün İslam xalqının da ruhani və mənəvi atasıdır.

Əmir dərhal əlavə etdi:

− Mənim də xoşbəxtliyim xəlifə ailəsi üzvlərindən hesab olunduğumdur. Çünki xəlifənin ən uzaq bir qohumu belə peyğəmbər ailəsinə yaxın olmaq şərəfini daşımaqdadır. Dünyada və axirətdə mənim üçün də bu şərəf lazımdır.

Bu söhbət zamanı Safiyə xatun ilə Qətibə Atabəylə vidalaşıb getmişdilər. Atabəy isə zahirdə Əmir İnancı dinləyir, batində isə bir neçə dəqiqə əvvəl gördüyü gözəl afət haqqında düşünürdü. Onun canında sanki özünün hiss etmədiyi bir şey dolaşır və rahatlığını pozurdu. Əmir İnanc gözünün ucu ilə ona baxırdı. Atabəyi adi halında görməyərək oxunun hədəfə dəydiyini hiss edir və sevinirdi.

Atabəy isə şam süfrəsi başında da qızı düşünürdü. Onu ani olaraq gördüyü üçün şəklini tez-tez unudur, beynini və hissini səfərbər edərək Qətibənin çöhrəsinə qəlbində müəyyən bir biçim verirdi. Lakin cürbəcür düşüncələr, yenə də qızın çöhrəsini onun qəlbinin güzgüsündən silirdi.

Atabəy yediyini bilmirdi, hansı xörəyə əl uzatdığından xəbəri yox idi. O piyaləni gözünün qarşısında tutub içmək istədiyi zaman piyalədə Qətibənin çöhrəsini görüb diksinir və onu gözündən itirməmək üçün piyaləni içməyə cəsarət etmirdi. Hər piyaləni içməsi uzun dəqiqələr çəkirdi, sonra yeməyə məşğul olurdusa, lakin bu uzun çəkmirdi, o yenə xəyala gedirdi.

Əmir süfrə başında Atabəyin aldığı vəziyyətdən mənəvi nəşə alır və qəlbində öz-özünə deyirdi:

− İndi mən öz məqsədimə yaxınlaşıram. Əleyhimə olan çıxışların hamısını sabun köpüyü kimi partladacağam. Dünyada qadın və şəhvət olmazsa, kişilərin qəlbindəki inad və müqaviməti heç bir qüvvə qıra bilməz.

Atabəy əlini şam süfrəsindən çəkdi, cariyələr və xidmətçilər şam süfrəsini yığdılar. Atabəy Əmirlə vidalaşıb öz yataq otağına getdi. Kənizlər, cariyələr və gözəl qızlar Atabəyi hamama aparıb çimdirdilər. Onu yatağına gətirib yuxulaması üçün püştmal etdilər. Lakin onu yuxu aparmadı. Nəhayət, belə bir əmr verdi:

− Xacə Müfiddən başqa hamı getsin!

Yataq otağı boşaldı. Xacə Müfid ayaq üstündə durur, Atabəyin sözü haradan başlayacağının intizarını çəkirdi, çünki onun qəlbinə bir ilan daxil olduğunu yəqin etmişdi.

Nəhayət, Atabəy özünü ürək çırpıntılarının əlindən alıb Xacə Müfidi səslədi:

− Otur, xacə Müfid, otur, görünür ki, bu gecə sənin də rahətini pozacağam, çünki məni yuxu aparmayacaqdır.

Xacə Müfid özünü bilməməzliyə vurub:

− Bəlkə, əlahəzrətin səhhətini yoxlamaq üçün həkim gətirmək lazımdır? – dedi.

Atabəy də cavabında:

− Sən haman həkimi mənim yanıma çağırmaq qüdrətinə malik olsaydın, mənə böyük bir yaxşılıq etmiş olardın, lakin elə bilirəm ki, hələlik o həkimin bura çağırılması yersizdir. Bəlkə də, tezdir. Otur, xacə Müfid, otur.

Xacə müfid onun nə dediyini çox gözəl anlayırdı, onun həkim deyərkən Qətibəni qəsd etdiyini yaxşı bilirdi. Xacə Müfid əlini döşünə qoyub baş endirdi və kənarda qoyulan bir kürsünün üstündə oturdu.

Atabəy xacə Müfiddən soruşdu:

− Sən çoxdanmı Əmirin hərəmində xidmət edirsən?

− Mən Əmirin sarayına xəlifənin qızı ilə bərabər gəlmişəm, daha doğrusu, xəlifə qızına verdiyi cehizlər içərisinə məni də daxil etmişdi. Safiyə xatunu da, onun gözəl qızı Qətibəni də mən böyütmüşəm.

− Sən ərəbmisən?

− Xeyr, mən ərəb deyiləm, Fərqanə şəhərindən alınmışam. Biz iki qardaş idik. Biz olduqca sağlam, gözəl və nadir təbiətli uşaqlar idik. Bizi Türküstan Əmiri alıb Xəlifə Müstərşidbillahın atası Əhməd ibn Müqtədi Əlmüztəzhərübillaha hədiyyə göndərdi. Biz çox gözəl olduğumuz üçün xəlifə sarayında yüzlərcə hərəm və cariyələr bizi öz ixtiyarına almağa və öz xidmətlərində saxlamağa çalışırdılar. Bizə olan bu rəğbət axırda bizim üçün bir fəlakətə çevrildi. Rəhmətlik xəlifə biz iki qardaşı öz qadınlarına və cariyələrinə qısqandı və bizi kişilikdən məhrum etmək qərarına gəldi. Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür. Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir.

Xəlifənin yaxın adamları da bunu məsləhət görmədilər. Dedilər ki, bunları hərəmxanadan çıxarıb başqa bir işə göndərmək lazımdır. Lakin xəlifə bunu qəbul etmədi. Kiçik qardaşım bunu eşidəndən sonra özünü ölürdü, lakin mən bədbəxtdə cəsarət olmadı. Bir neçə ay xəstə yatandan sonra səhhət tapdım, o zamandan bəridir ki, hərəmxanalarda qocalmışam. Əmirin qadınını və qızını böyütmüşəm, lakin qədrimi bilən kimdir?!

Atabəy saxta bir ah çəkərək dedi:

− Səni anlayıram, yazıq Müfid, dünyanın əziyyətlərindən sənin də payına böyük bir iztirab düşmüşdür. İndi mənə de görüm Əmirin qızı bir adama nişanlanmışdırmı?

− Xeyr əlahəzrət, o heç bir kəsə nişanlanmamışdır.

− Sən lütfən böyük bir ənam almaq üçün mənim sifarişimi o gözəl qıza yetirə bilməzsənmi?

Müfid boynunu çiyninə qoyaraq güldü və dedi:

− Mənim heç bir ənama ehtiyacım yoxdur, iqbalım məni ənamları sərf edəcək mənbələrdən məhrum etmişdir. Lakin əlahəzrət, Əmirin vəzirini görüb bu sifarişi ona tapşırsa, bu daha mənfəətli olar. Vəziri əlahəzrətin hüzuruna çağırmaq isə mənim vəzifəmdir.

− Elə isə gedib Toxtamışı mənim hüzuruma çağır.

Müfid qalxıb başı titrəyə-titrəyə getdi. Atabəy isə öz yatağına uzanıb Əmir İnancla qohum olmağın gələcək nəticələri barəsində düşünürdü. Əvvəla o, xəlifənin nəvəsinə evləndiyi zaman xəlifənin damadı sayılacaqdı. Bu şərəflə də o, xəlifə nüfuzunun bayrağı altında hökumət ürənlərə qarşı üstün gələcəkdi, bəlkə də, bu münasibətlə öz məmləkətini genişləndirəcəkdi.

İkincisi də, qayınatasının Aranda hakim olması, onun məmləkətinin şimal hüdudunu təmin edəcəkdi.

Üçüncü isə Qətibə Şərqin ən məşhur gözəli idi. Belə bir qızı həm gözəlliyi, həm də nəsli, nəcabətilə hər bir hökmdar sevə bilər və evlənməyə can atardı.

Xacə Müfid gəlib Toxtamışın hazır olduğunu xəbər verdi. Atabəy onun otağa gəlməsinə icazə verdi. Toxtamış başı titrəyə-titrəyə içəri girdi və baş endirib salam verdi.

Atabəy onun salamının cavabını verərək:

− Əyləşin ağıllı və qoca vəzir! – dedi.

Toxtamış oturdu, lakin onun simasında sezilməyən bir şadlıq əlaməti vardı. Atabəy Müfidin vəzirin qulağına pıçıldadığını və nə üçün çağırıldığını əvvəlcədən ona bildirdiyini anladı və vəzirə sual verdi:

− Olmaya xacə Müfid sizə bəzi sözlər pıçıldamışdır? – dedi. Müfid dişlərini ağardıb güldü, Toxtamış isə:

− Təəccüb ediləcək heç bir şey yoxdur. Təbiətin qanunu belədir – dedi, – ay işığını günəşdən almalıdır. Ulduz isə ay ətrafında dolanmalıdır.

Əmir cənabları günəşdən işıq alan aydır. Biz nökərlər də ayın ətrafında dolanan ulduzlara bənzəyirik. Xudavəndi-aləm biz zəif olan ulduzları öz ay və öz günəşimizdən ayırmasın. İndi məsələ əlahəzrət üçün aydın oldumu? Hərgah əlahəzrətin bir əmri olsa, mən bu barədə Əmirlə, Əmirin qadını Safiyə xatunla da danışaram. O ki qaldı sahibkara, o barədə Müfidə tapşırıq vermişəm, bütün sifarişlərinizi ona etibar edə bilərsiniz.


ATABƏYLƏ BİRİNCİ GÖRÜŞ


Atabəy yarım saatdan bəri tək-tənha oturub Qətibəni gözləyirdi. Birinci görüşün intizarı Atabəy üçün bir müharibənin qələbəsini əldə etməkdən də ağır idi. Qətibə Atabəyin görüşünə həddindən artıq bir təxirlə gəldi.

Nəhayət, Qətibə gözəl kənizlər və cariyələrin müşayiətilə daxil olub böyük salonun ortasında dayandı. Atabəy bu dayanışın mənasını dərhal anladı, o bildi ki, gözəl qız böyük bir məmləkətin hökmdarını öz ayağına gətirmək istəyir.

Atabəy bu fikirlə ayağa qalxdığı vaxt bir an qıza baxıb fikrə getdi, sonra öz-özünə:

− Buna layiqdir! – dedi və irəliləyib qızı salamladı.

Qətibə başını aşağı salıb durmuşdu. O indi ikinci bir kişi ilə görüşdüyü barəsində düşünürdü. Birinci görüşdüyü ilə o xoşbəxt olmadığı kimi ikinci görüşdüyü ilə də xoşbəxt ola bilməyəcəyini fikirləşirdi.

Kənizlər və cariyələr artıq bir xəyal kimi gözdən yox olmuşdular, salonda Atabəy və Qətibədən başqa heç kəs yox idi; üçüncü adam isə Qətibəni hələ tək buraxmağın qeyri-mümkün olduğunu Atabəyə bildirmək üçün bu pərdənin dalından çıxıb o biri pərdənin dalına keçirdi: bu adam minlərcə bu kimi mənzərələrin tamaşaçısı olan xacə Müfid idi.

Atabəy sükutu pozmaq üçün bir neçə qədəm də irəli gəlib Qətibəyə dedi:

− Gözəl qız icazə versəydi, xoşbəxt əlini əlimə alardım.

− Siz bu əlin xoşbəxt olduğunu haradan bilirsiniz?!

− O əlin sahibi xoşbəxt olmasaydı, böyük bir məmləkət yerindən qopub onun ayağına gəlməzdi.

− O əl nəyinizə lazımdır?!

− Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm.

− Mən bilmək istərdim, əlahəzrətin neçə qəlbi vardır. Eşitdiyimə görə əlahəzrət indiyə qədər qəlbini iki qadına tapşırmışdır. Mən üçüncü olmalıyam. Əcəba, bir nəfər üç qəlbə malik ola bilərmi?!

− Xeyr, gözəl qız, mənim bir qəlbim var, onu da bir nəfərə verirəm. Xəlifənin müqəddəs əmmaməsinə and içirəm, qəlbim bir kəsə verilmişdirsə, indi artıq geri alınmışdır. İndi o, gözəl qızın ixtiyarındadır.

− Zənnimcə, hələlik bu tezdir. Xüsusən, böyük hökmdarlar hər bir işi gördükləri zaman düşünür və səbir ilə iş görürlər.

− Xoşbəxtliyi mənimsəmək üçün səbr etmək iqbala qiymət qoymamaqdır. Mən öz iqbalıma inanıram. Tanımadığım bir qızın əlini yox, Əmirin qızının, xəlifənin nəvəsinin, bütün varlığından bir nəcabət oxunan Qətibənin əlini istəyirəm.

Qətibə bir az düşünərək, sual verdi:

− Mən bir məsələni aydınlaşdırmaq istərdim, əlahəzrət üçün qadınmı, yainki məmləkətin idarəsi işlərində çalışa bilən bir şərikmi lazımdır?

− Sizə and içirəm, Qətibəni öz taxt-tacımın şəriki kimi tanıyacağam. Gözəl qız mənim tacımın qiymətli cavahirini təşkil edəcəkdir. Mən onun iradəsi xaricində heç bir iş görməyəcəyəm. Siz əlinizi məndən əsirgəməyin, mən sidən heç bir şey əsirgəməyəcəyəm.

− Siz mənim babamın tərəfdarlarının əlindən alınan malikanələrin özlərinə qaytarılması üçün heç bir qəti söz deməmişsiniz. Bunun üçün də mən əlimi sizə uzatmağa cürət etmirəm. Çünki kişilər daima qızlarla qarşı-qarşıya durduğu zaman başlarından, canlarından, varlarından keçməyə and içərlər. Lakin bu andlar kişilərin ağıl və etiqadlarından deyil, müvəqqəti hissiyatından doğur. Lakin mən əlahəzrəti bu saydığım kişilərin cərgəsinə salmaq cəsarətinə malik deyiləm, eyni zamanda öz əlimin qiymətini də əlahəzrət Atabəyə deməkdən çəkinməyəcəyəm. Mən əlimi əlahəzrətə yeddi şərtlə verə biləcəyəm. Onlar bundan ibarətdir:

Birinci: Atabəy nə qədər sağdırsa, atam Şimali Azərbaycanın hökumətini idarə edəcəkdir.

Atabəy əlini döşünə qoyub dedi:

− Gözəl qız, bu təklifə nə kimi etirazım ola bilər?! Mən öz məmləkətimi öz möhtərəm qayınatama tapşırmaqdan boyun qaçıra bilərəmmi?! İkinci şərtiniz nədir, mənim həşəmətli məlakəm?

− İkinci şərtim bundan ibarətdir: məni qısqandırmayacaqsınız.

− İzah edin görüm, bununla nə demək istəyirsiniz?!

– Demək istəyirəm ki, bir neçə qadına evlənməyəcəksiniz.

− Sizin gözəlliyinizə and içirəm, qəlbimi heç bir kəsə verməyəcəyəm.

− Üçüncü şərtim budur: Şimali Azərbaycan Təbrizə yox, bilavasitə əlahəzrətinə özünə, yəni Həmədana tabe olmalıdır.

− Əcəba, Qızıl Arslan sizin atanıza qarşı bir hörmətsizlikmi etmişdir? Onunla öz aranızda düşmənçilik yaratmaqdan məqsədiniz nədir?! Hərgah siz Qızıl Arslanın nə qədər aqil, tədbirli, alim, mərhəmətli və əliaçıq bir hökmdar olduğunu bilsəydiniz, yəqin ki, bu şərti irəli sürməzdiniz. O ki qaldı Şimali Azərbaycanın bilavasitə Həmədana tabe olmasına, onsuz da, bütün məmləkətlər paytaxtımıza tabe olmalıdır. Gözəl Qətibə bundan əmin ola bilər.

− Dördüncü şərtim, Nizami şairə olan hörmətinizə təğyir verməməkdən ibarətdir. Çünki haman şair mənim babam Əmirəlmöminin dostu deyildir.

− Mən onunla bir kərə görüşdüm, zənnimcə, daha görüşməyəcəyəm.

− Beşinci şərtim, mənim atam şair Əbül-Ülanı mükafatlandırmaqdan ibarətdir. Ancaq Nizami özü də mükafat verildiyi zaman məclisdə iştirak etməlidir.

− Heç bir etirazım yoxdur.

− Altıncı şərtim, istədiyim zaman Gəncədə yaşamaq ixtiyarına malik olmaqdır.

− Bu da qəbulumdur.

− Yeddinci şərtim bundan ibarətdir: Şimali Azərbaycan işlərinə baxıldığı zaman mən də iştirak etməliyəm.

Bu göstərdiyim şərtlər Atabəy tərəfindən qəbul olunarsa, mən əlimi də, qəlbimi də əlahəzrətin sərəncamına verməyə hazıram.

Atabəy qızın göstərdiyi şərtlərin heç birisini rədd edə bilmədi, çünki o, öz qarşısında yalnız sadə bir gözəl deyil, nadir bir möcüzə durduğunu hiss edirdi.

Qətibənin parlaq alnına tökülən səkinəvi qara tellər və tellərin üzərinə taxılmış brilyantlı ay-ulduz salonda yanmaqda olan yüzlərcə şamların işığını gözəl qızın çöhrəsində cəm edirdi.

Qətibə özünü düzəldərək bütün gözəlliyini Atabəyin qarşısında nümayiş etdirirdi. Atabəy özünü unudaraq ağzından bu sözləri çıxardı:

− Hamısını qəbul edirəm! Sözüm yoxdur, mənim mələkəm!

Qətibə əlini Atabəyin əlinə uzadırkən Atabəyin titrək dodaqları da Qətibənin dodaqlarına tərəf uzanırdı.

Xacə Müfid pərdənin dalından öskürə-öskürə çıxdığı zaman əlahəzrət Atabəyin dodaqları Qətibənin dodaqlarından ayrıldı.

Yarım saatdan sonra Gəncə qazisi ilə Gəncə xətibinin salona daxil olması, onların vaxt ikən xeyir işi başlamaq üçün saraya dəvət olunduqlarını məlum edirdi.

Gecə saat birin yarısında, nişan rəsmi bitdi. Qətibənin barmağına Şərqin ən qiymətli cavahirini daşıyan bir üzük taxıldı, kəbin siğəsi oxundu, sonra da şam süfrəsinin başına keçdilər.


TOY


Atabəyin Qətibəyə evlənməsi məmləkətin hər tərəfinə xəbər verilmişdi. Buna görə də bu şənliyi təbrik etmək və toy ziyafətində iştirak eləmək üçün hər tərəfdən nümayəndələr gəlmişdi. Birinci heyət Soltan Toğrulun tərəfindən gəlmişdi. Atabəyin özü isə Qızıl Arslandan heyət gözləyirdi. Qızıl Arslanın nə təbrik məktubu, nə də heyət göndərməməsindən kədərlənir və düşünürdü. O, Qızıl Arslanın bu izdivacdan razı qalmayaraq toya düşmən gözü ilə baxmasından qorxurdu. Çünki Qızıl Arslan məmləkətin idarəsi işində Toğrul kimi laqeyd deyildi. O, hansı məmləkəti idarə edərsə, orada asayiş və intizam olmalı idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации