Текст книги "Qılınc və qələm"
Автор книги: Məmməd Səid Ordubadi
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 14 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]
Hüsaməddinin atlıları Araz kənarından Bacerəvan şəhərinə qədər odlar, tüstülər, tozlar və dumanlar içərisi ilə irəliləyirdi.
Ordunun çadırları kiçik çayın kənarında qurulmuşdu. Yüzlərcə qoç və qoyun boğazlayıb qoşuna ziyafət verilirdi. Hüsaməddin öz çadırında oturub iki gündən sonra böyük bir qələbə ilə Gəncəyə girəcəyini düşünürdü. Onun arzuları yenə də içmək üçün əlinə aldığı piyaləsində təcəssüm edirdi. Piyaləsində Fəxrəddinlə vuruşurdu. O, kəməndini atıb onu atından düşürür, qollarını bağlayıb Qətibənin hüzuruna gətirir və nəticədə bu qələbənin mükafatı olaraq Qətibə qollarını açıb Hüsaməddini qucaqlayır, Hüsaməddin dodaqlarını uzadıb Qətibənin yaqut kimi dodaqlarını dişləmək istərkən sərxoş sərkərdənin dişləri şüşə piyaləni qırır və dodaqlarından qan tökülür.
Hüsaməddinin ordusu iki gün istirahət etdi. Farslar, ərəblər və iraqlılar səbirsizliklə hücumu gözləyirdi. Onlar zəngin şəhərlərin və Gəncənin üstünə getməyə tələsirdilər. Onların qənimət daşımaq üçün yedəklərində gətirdikləri atlar və çuvallar boş-boşuna dururdu. Çünki köçüb gedən kəndlərdə əllərinə qənimət adına heç bir şey keçməmişdi.
Ordu başçıları bunun üçün də qoşunun adından Hüsa-məddinə sifariş göndərib hücum əmri verilməsini rica etdilər. Sərkərdə razı oldu. Ordu bir gün sonra hərəkət edəcəkdi.
QƏLƏBƏ
Atabəy Məhəmmədin Gəncə üsyançılarını cəzalandırmaq üçün Təbrizdən Qarabağa hərəkət etməsi xəbəri Gəncədə eşidilən kimi Aran şəhərlərinin hamısına hazır olmaları üçün xəbər verildi. Bir həftənin içərisində altı minə qədər müharibə təcrübələri görmüş atlı Fəxrəddin və Seyid Əlaəddinin ətrafına yığışdı. Bu qoşundən dörd min nəfəri Seyid Əlaəddinlə bərabər Naxçıvan qalasını işğal edəcək və Atabəyin sərkərdəsi İbn-İddarın Ziyamülmülk körpüsündən Şimali Azərbaycana keçməsinə mane olacaqdı. Yerdə qalan iki min nəfər isə Fəxrəddinlə bərabər Kür çayınının sahillərində durub Atabəyin əsas qüvvələrinin Gəncəyə girməsinə imkan verməyəcəkdi.
Fəxrəddinin sərkərdəliyi altında gedən bu qoşun vaxtilə Atabəy ordusunda Xarəzm, Rey, İraq müharibələrində təcrübə görmüş adamlardan düzəlmişdi.
Atabəyin yanında gələn qoşunun sərkərdəliyi vaxtilə Aran qoşunun sərkərdəsi olmuş Hüsaməddinə tapşırılmışdı. Bu xətlə dörd mindən ibarət fars və ərəb atlıları Araz çayından Xudafərin körpüsünü keçib Qarabağdan Bacerəvan tərəflərinə qədər irəliləyirdi.
Fəxrəddin Atabəy və Hüsaməddinlə gələn qoşunun vəziyyətini öyrəndikdən sonra Əlibəyli kəndi ilə Əbubəkr kəndlərinin arasındakı düzdə düşmənə qarşı bir meydan müharibəsi verməyi qərara almışdı. Buna görə də Xudafərin körpüsündən başlayaraq bütün xalqın kəndləri və şəhərləri boşaldıb Bacerəvana qədər çəkilmələrinə əmr verilmişdi.
Hüsaməddinin ordusu Araz çayından keçdiyi gün Fəxrəddinin ordusu da Gəncədən cəbhəyə yola düşdü. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. Ordunu cəbhəyə yola salmaq üçün Aran şəhərlərinin hamısından xalq dəstələri axıb Gəncəyə gəlmişdi.
Xalqda baş verən bu qədər ruh yüksəkliyi ordu xalqının mənəvi qüvvətini bir daha artırır və düşmənlə üz-üzə gəlmək üçün tələsdirirdi. Arası kəsilmədən dəstə-dəstə atlılar gəlib Fəxrəddinin ordusuna qoşulur və ordunun sayını artırırdı.
Artıq İsfahan kəndində qoşuna san verildiyi zaman ordunun üç min nəfər atlıdan ibarət olduğu məlum oldu.
Uzun yolun hər tərəfində qızlar və gəlinlərin dəstələri əllərində güllər, çiçəklər və əlvan-əlvan yeməklər müharibəyə gedən qəhrəmanları qarşılayırdı. Onlar cürbəcür tapşırıqlar verirdilər.
− Sizə yaxşı yol, qələbə və zəfərlər diləyirik, sizi ancaq zəfərlə döndüyünüz zaman çiçəklərlə qarşılayacaq və öpəcəyik, – deyirdilər.
Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. Burada cəbhəyə gedən qoşunun şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Bütün düzlər və təpələr, qoşunun tamaşasına çıxan kəndli qızlar, kəndli gəlinlərlə bəzənmişdi. Çayın kənarında yüzlərcə tonqal qalanmışdı. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur və təmizlənmiş qoyun cəmdəkləri ağaclara taxılıb közlərdə qızardılırdı.
Yüzlərcə aşıq sazlarının tərənnümləri eşidilir, yüzlərcə gəlin və qız rəqs edir və oxuyurdu.
Yedilər, oynayıb çaldılar, nəhayət, gün batan zamanı görüşüb, vidalaşıb ayrıldılar. Qızlar nişanlıları və gəlinlər gənc ərləri ilə vidalaşdığı zaman deyirdilər.
− İndi baxıb görüm mənim başımı uca eləmək üçün nə iş görəcəksən?!
− Ancaq qələbə ilə gəldiyin zaman səni qucaqlayıb öpəcəyəm!
− Nizəndə düşmən başı görməsəm, istiqbalına çıxmayacağam!
− Mənə verəcəyin birinci hədiyyən, qələbən olmalıdır. Düşməni sərhəddən içəri buraxsan, evə qayıtma!
Nizami Fəxrəddinlə öpüşüb vidalaşdığı zaman ona belə tapşırıqlar verirdi:
− Vuruşma zamanı özünü qoşunun arxasında gizləmə, çünki durna öz başçısını qabaqda görməsə, havada uça bilməz. Sənin mindiyin at hər bir atdan qabaqda və sürətlə yürüməlidir. Hücum etdiyin zaman sənin atın dalınca gələn ordudan çox qabaqda getməlidir, çünki düşmən ox atdığı zaman tək atlını yox, dəstələri hədəfə alır. Düşmənin adlı-sanlı pəhləvanının qabağına adsız, sansız və təcrübəsiz adamların çıxmasına imkan vermə. Düşmən sənin özünü müharibəyə çatdırdığı zaman meydana çıxmaqdan boyun qaçırma, çünki sərkərdəsini qorxaq görən ordu çətin müharibələrdə iş görə bilməz. Düşməni Araz çayına qədər qovandan sonra Cənuba hücum etmə. Ordunu uzaq səfərə aparıb yorma, çünki bir gün Atabəyin böyük qüvvəsilə üz-üzə gəlməyə məcbur olacaqsan.
Nizaminin böyük tapşırıqlarından sonra Fəxrəddin atını mahmızlayıb yola düşdü.
* * *
… Səhər idi. Ay dağın başından naməhrəm qadına baxan kişilər kimi başını uzadıb Hüsaməddinin ordusu düşən qərargaha boylanırdı. Əlibəyli kəndi ilə Əbubəkr kəndi arasındakı düzdə yerləşən çadırlara buraxıldığı zaman geniş düzlərə ağ kəpənək qonduğu zənn olunurdu.
Müxtəlif dillərdə danışan ordu nəfərləri atlarını kiçik çayın kənarında tumarlayır, çimdirir, hər kəs öz dilində oxuyurdu. Uzaqda çadırların qarşısındakı nizə çatmalarına baxıldığı zaman Əlibəyli kəndinin düzlərində gənc bir meşəlik salındığı zənn olunurdu.
Çadırların qabağında dolaşan keşikçi Əlibəyli kəndinin şimalında düşən dağ silsilələrinin arasından düzəngaha qarşı dəhşətli bir selin axdığını gördü. Bu sel Hüsaməddinin ordusu üzərinə hücum edən qalın toz təbəqələrindən ibarət idi. Keşikçi dərhal Hüsaməddinin çadırına qaçdı. Çadırın qapısındakı qarovul onu içəri buraxmadı və:
− Sərkərdə yatmışdır. Oyatmağa icazə verməmişdir, – deyə onu rədd etdi.
Qarovul fars idi, o, təhlükənin yaxınlaşdığını görüb qışqırdı:
− Baba, çi vəkti xabidənəst, düşmən miyayəd bezudi pədəri məra dər miarəd hey! 11
Fars keşikçisi qorxusundan o qədər ucadan qışqırdı ki, Hüsaməddin sərxoşluğun şirin yuxusundan ayıldı, tirmə xələtini üstünə salıb çadırdan dışarı çıxdı, əlini alnına qoyub toz axınına baxınca, əlini-əlinə vurub:
− Düşmən gəlir! – dedi və fars keşikçisindən daha ucadan qışqırdı:
− Ordu hazır ol! – dedikdən sonra yüzlərcə şeypurun səsi birdən eşidildi. Çayın kənarındakılar çılpaq atların üzərinə sıçrayıb çadırlara üz qoydular. Çadırdakılar da dərhal silahlanıb atın belinə atıldı. Hüsaməddin geyinib yəhərin üstünə qalxdı, toz təbəqəsinə qarşı iki yüz nəfər inanılmış atlı ilə hücum etdi.
Yüzlərcə at ağzını açıb bir-birinə yaxınlaşırdı. Qaçan atların geniş açılmış burun deşiklərindən çıxan şiddətli nəfəslər toz təbəqələrini yarıb qılınc və mizraq oynatmaq üçün fəzanı təmizləyirdi.
Bir anda “hey! hey!” səsləri düzləri və dağ-dərələri ağzına aldı. Qəhrəmanların qışqırıqları Qarabağ və Aranın dağ silsilələrinə əks edərkən, dağlardan:
− Qəmər at, sağa dön!
− Sona day, geriyə atıl!
− Kürən at, irəliyə!
− Əbləğ, irəliyə! – səsləri eşidilirdi.
Qılınc müharibəsi idi. Qılıncların ağzında çeynənən qalxan qırıntıları havadan axıb atların ayaqları altına tökülürdü. Günəş ucalmışdı, lakin o, dəhşətli qırğın davam edən Əlibəyli düzünü işıqlandırmağı bacarmırdı. Bir-birini qarşılayan yeddi min qılıncdan havada keçilməz bir hasar çəkilmişdi.
Hüsaməddinin ordusunun vəziyyəti ağırlaşdı, çünki Fəxrəddinin ordusunun mühüm bir hissəsi Əbubəkr kəndinin Şərq tərəfindən onun arxasına hücuma başlamışdı.
Hüsaməddin ordusunun mühasirə vəziyyətində olduğunu hiss edərək nicat yolu axtarırdı. Buna görə də ölüm-dirim müharibəsinə başlayıb vuruşurdu.
Fəxrəddin əlində siyirmə qılınc atlının qabağında göründü və Hüsaməddini səslədi:
− Hanı bu ordunun qəhrəmanı? Hanı Hüsaməddin? – dedikdə, Hüsaməddin atını mahmızlayıb Fəxrəddinə qarşı sürdü.
Düzlər və təpələr, yəhərləri qarınlarının altına düşən və cilovları qollarına dolaşaraq qılınc yarasından inləyən atlarla dolmuşdu.
Hüsaməddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. Düzlərdən və təpələrdən ərəb və fars atlılarının:
− Vay madər!
− Vaveyla! – səslərindən başqa bir səs eşidilmirdi.
Mühasirə xəttini yarıb qaçmağı bacarmayanlar nicatını qılıncda və mizraqda arayırdı.
Hüsaməddinin atı vuruşan dəstələrin arasından qızmış şir kimi çıxdı. Onun gözləri qarşısını görmürdü. O ancaq öz qəlbindəkiləri görürdü. Onun qəlbində Qətibənin dodaqları danışır və ondan Fəxrəddinin başını tələb edirdi. Bunun üçün Fəxrəddin kimi şöhrətli bir pəhləvanın qarşısına çıxmaq o qədər də çətin deyildi. O daima qəlbində Qətibənin səsini dinləyirdi. Sanki o səs Hüsaməddini xoşbəxt bir həyata doğru cəlb edirdi. O, dörd minlik bir ordunu itirdiyini və özünün məğlublar cərgəsində durduğunu nəzərə almayaraq atını bir qalib pəhləvan kimi irəli sürürdü. Nəhayət, o, Fəxrəddin duran yerə yaxınlaşınca başını qaldırıb öz qarşısında Fəxrəddini gördü, atının cilovunu çəkdi. Bir neçə dəqiqə onlar bir-birinə diqqətlə baxdılar. Nəhayət, Fəxrəddin sözə başlayaraq Hüsaməddini məzəmmət etməyə başladı:
− Bir ordunun başçısı kimi səni öldürmək mənim üçün ən vacib işlərdən biridir. Lakin sənə qılınc vurmaqdan utanıram, çünki qılıncımın namussuz və həyasız bir adamın qanına batmasını özüm üçün həqarət hesab edirəm. Alçaqsan, çünki dörd mindən ibarət fars və ərəb qoşununu dalına salıb öz vətənini qarət etməyə və öz vətəndaşlarını qırmağa gəlmisən.
Şimali Azərbaycanı talamaq və məhv etmək üçün gələn ordunun içərisində səndən başqa bir nəfər də azərbaycanlı olsaydı, mən sənə alçaq deməyə cəsarət etməzdim. Alçaqsan! De görüm, sən Nizaminin evində verdiyin əhd və peymanı unutdunmu?! Sən Azərbaycan xalqının rəhbərlərinə qarşı düşmən hərəkətdə bulunmamağa söz verməmişdinmi?!
De görüm, Araz çayından bura qədər yandırdığın kəndlərin günahı nə idi? İndi isə öz cəzanı almağa hazır ol!..
Hüsaməddin cavab verməyə macal tapmadı, çünki Fəxrəddin atını mahmızlayıb onun ətrafında dolaşırdı.
Hüsaməddin qılıncını siyirib Fəxrəddinə qarşı atını mahmızladığı zaman Fəxrəddinin kəməndi onun qılıncını qolları ilə bərabər bədəninə sarımışdı.
Fəxrəddin atını mahmızlayaraq geri dönərkən Hüsaməddini yəhərdən çıxardı. Hüsaməddinin əsir düşdüyünü görən iraqlılar onu qurtarmaq üçün ümumi hücuma keçdilər. Qanlı müharibə oldu. Nəhayət, Hüsaməddinin əsirlikdən qurtarıb aradan çıxara bildilər.
Müharibə gün batana qədər davam etdi. Atabəy ordusunun yarıdan çoxu qılıncdan keçirilir və minlərcə insan meyitləri at dırnaqlarında çeynənirdi. Qaranlıq düşəndə Hüsaməddin sağ qalan yaralı və yorğun adamları ilə bərabər üzünü Araz çayına tərəf çevirib qaçdı. Qərargah Aran ordusunun əlinə keçdi. Qənimətin hesabı yox idi.
ŞAHMAT
Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinə düşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarından qopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı.
Qoca bağban yayın istisindən qorunmaq üçün yarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə su çiləyirdi.
Ruzigardan və sudan təzə həyat alan qönçələr pərdəsini ataraq yenə bir həyata atılmağa hazırlanırdı.
Küsmüş qızlar kimi kirpiklərini bir-biri üzərinə tökən nərgiz gülü və şəhla gözlərini açıb qızıl gülün çöhrəsindəki qırmızılığa baxırdı.
Yetim qızlar kimi bir guşədə unudulub qalan bənövşə boynunu çiyninə qoyub yarpağın yaşıl xalçası üzərində oturmuşdu.
Hovuzun kənarında at qətifələrə bürünüb duran ördəklər günəşin Sərdrüd təpələrinin dalında gizləndiyini görərək axşam nəğməsinə başlamışdı.
Atabəy Məhəmmədlə Qızıl Arslan otaqdan çıxıb eyvanda qoyulmuş kürsülərin ətrafında dolanır və danışırdılar. Atabəy Qarabağ xəttilə Gəncəyə girmək üçün göndərilən ordunun vəziyyətindən xəbərdar deyildi.
Mərənd xəttilə Naxçıvanı işğal etmək istəyən İbn-İddarın dəstəsindən də ümidverici xəbərlər alınmamışdı. Onları Seyid Əlaəddinin atlıları döyüb Ziyamülmülk körpüsü vasitəsilə Araz çayının cənubi-qərb sahilinə sıxışdırmışdı.
Atabəyin bütün ümidi Hüsaməddinin riyasəti altında gedən orduya idi. Çünki Atabəy Hüsaməddinin şimali azərbaycanlılarla tanış olduğuna və sınanmış bir sərkərdə sayıldığına inanırdı.
Atabəy Məhəmməd Hüsaməddinin qələbə qazanıb-qazanmadığına fal vurmaq üçün şahmat taxtasına yanaşıb Qızıl Arslana:
− Gəl otur bir əl şahmat oynayaq, – dedikdə, Qızıl Arslan oturdu. Heç bir söz demədən şahmat cəbhəsini bölüşdürməyə başladılar, piyadalar, atlılar və şahlar iki tərəfə ayrıldı. Atabəy oyuna başlar-başlamaz, atları irəli sürməyə çalışırdı, Qızıl Arslan Atabəyin nə etmək istədiyini bilir və onun irəli sürdüyü atlının Hüsaməddinlə bərabər Gəncə üzərinə gedən atlı ordudan ibarət olduğunu anlayırdı.
Qızıl Arslan düşünə-düşünə oynayırdı. O qarşı-qarşıya duran atlıları müqayisə edirdi. O, Fəxrəddinin Hüsaməddinə qələbə çala biləcəyinə heç də şübhə etmirdi. Buna görə də Fəxrəddin deyə fal vurduğu atı irəli sürürdü.
Oyun çox da uzun çəkmədi. Hökmdarın əmri ilə irəli yürüyən atlı, artıq şahmat taxtasının üzərində görünmürdü.
Şah, mat olunca Atabəy bir ah çəkib şahmat taxtasının yanından qalxdı, yenə də Qızıl Arslanla eyvanı dolaşmağa başladı.
Qızıl Arslan qəlbində müvəffəq olduğu faldan sevinirdi.
Qızıl Arslan Azərbaycanlıların məğlubiyyətini Eldəniz xanədanının məğlubiyyəti kimi hesab edirdi. Qızıl Arslan Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyat və sənətinin bütün Yaxın Şərq ölkələrinə işıq sala biləcəyinə inanırdı.
Xidmətçi daxil olub baş endirdi və Atabəyə müraciətlə:
− Həşəmətli Hüsaməddin gəlib hüzura yetişmək arzusundadır, – dedikdə, Atabəy diksindi, şahmatda uduzduğu atlının gəlməsindən şübhələndi və istər-istəməz:
− Qoy gəlsin, – dedi.
Hüsaməddin eyvana daxil olub, baş endirib dayandı. Qızıl Arslan və Atabəy Məhəmməd onun üzünə baxan kimi qalib çıxmış sərkərdəyə bənzəmədiyini dərhal hiss etdilər. Atabəy Məhəmməd ona sual verdi:
− Ordunun vəziyyəti necədir? Ordumuz hara qədər irəliləmişdir?
Hüsaməddin çox təsirlə cavab verdi, çünki o, vəziyyəti olduğu kimi Atabəyə danışmaqdan qorxurdu. Atabəy cavab gözləyirdi, nəhayət, Hüsaməddin başını yuxarı qaldırıb cavab verdi:
− Əlahəzrətin tapşırıqları yerinə yetirilmişdir. Biz Araz çayını keçən kimi Bacerəvan altına qədər yol üzərində və yoldan kənarda nə qədər kənd varsa hamısını yandırdıq. Bütün kəndlər, bütün tarlalar və əkinlər at dırnağında tapdalanıb tələf oldu. Xudafərindən, Əlibəyli və Əbubəkr kəndlərinə qədər yaşıllıqdan bir əsər də yoxdur. Lakin körpüdən Bacerəvan altına qədər heç bir kəs rastımıza çıxmadı, əhali kəndləri və yurdları boşaldıb köçmüşdü.
Hüsaməddin sözünü burada saxladı. Atabəy isə tələsik və həyəcanlı bir sual da verdi:
− Sonra?!
− Nəhayət, Əbubəkr kəndi ilə Əlibəyli kəndləri arasında olan düzəngahda düşmənin təxminən üç min atlıdan ibarət bir dəstəsinə rast gəldik, onlar bizə heç gözləmədiyimiz tərəfdən hücum etdilər.
− Sonra necə oldu?
− Sonra da gün çıxandan başlayıb gecənin qaranlığına qədər qılınc davası davam etdi. Hər iki tərəf böyük tələfat verdi.
Atabəyin səbri tükəndi və bədəni titrəyə-titrəyə soruşdu:
− Qərargah kimin əlində qaldı?!
− Qərargahda insan meyitlərindən başqa nə var idi ki?! Bir də burasını nəzərə almaq lazımdır ki, bu qədər az bir qüvvətlə irəli hərəkət etmək mümkün ola bilməzdi. Buna görə də dəyərli bir qüvvə aparmaq üçün əlahəzrətin hüzuruna gəldim.
Atabəy acıqlandı:
− De görüm hazırda sənin ordun haradadır?!
− Müharibə edə-edə çəkildik. Başqa cür ola bilməzdi. Hazırda ordudan salamat qalanlarla yüngül yaralıların Araz çayının cənub sahilindədir.
− Demək ki, aranlılar sizi Araz çayına qədər döyə-döyə qaçırıbdır?
− Bəli, vuruşa-vuruşa çəkilmişik.
Atabəy öz-özünə?
− “Bəli, vuruşa-vuruşa çəkilmişik” – dedikdən sonra Hüsaməddinə tərəf dönüb qışqırdı:
− Rədd ol gözümdən, get əmrimi gözlə! – dedi.
Hüsaməddin təzim edib dalı-dalı çəkildi, pilləkənlərdən düşüb getdi. Atabəyin “rədd ol!” – deyə qışqırması Qətibənin tapşırdığı gizli vəzifəni ona xatırlatdı. İndi o, Atabəy Məhəmmədə qarşı yalançı bir sui-qəsd deyil, həqiqi bir sui-qəsd hazırlamaq qərarına gəldi.
GÖZƏL
Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızılgüllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.
Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.
Xəzan fəslinin bu xəzanlı günlərində Atabəy Məhəmmədin böyük ordusu Araz çayından keçib Şimali Azərbaycana doğru irəliləyirdi. “Cahan Pəhləvan” ləqəbini daşıyan bu hökmdarın dəhşətli bir ordu ilə Təbrizdən hərəkət edib çayı keçməsi, Şimali Azərbaycana ciddi bir təsir bağışlamışdı. Aranlılar Atabəy Məhəmmədi Kür çayının kənarında qarşılayıb bir meydan müharibəsi verməyi qərara almışdılar. Atabəy qədəm qoyacağı hər qarış yeri öyrənə-öyrənə və tam bir ehtiyatla hərəkət edirdi. Payızın şiddətli yağışları Atabəy ordusunun sürətlə hərəkətinə imkan vermirdi. Ordu Qarabağdan hərəkət edərək on iki fərsəng məsafədə olan Canpolad kəndinin ətrafında qərargah qurmuşdu. Yağışların şiddəti Atabəyin çadırda yaşamasına imkan vermirdi. Buna görə də Atabəy üçün Canpolad kəndində gözəl və iki mərtəbəli bir binada mənzil hazırlamışdılar. Atabəy Canpolad kəndinə gəldiyi zaman təəccüb edirdi, çünki Qarabağdan Arana gedən yolun şərq tərəfində düşən bu kənd Atabəyin hökm sürdüyü məmləkətlərdə yeganə bir kənd idi. Kəndin diqqəti cəlb edəcək cəhətlərindən birisi də bütün binaların ikimərtəbəli olması və bir quruluşda tikilməsi idi. Küçələr olduqca təmiz, daş döşəməli, iki tərəfdən axan suların üstü örtülü idi. Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. Atabəy kəndə girdiyi zaman onu çiçək və reyhan qoxuları qarşıladı. Hətta onun qarşısına çıxan kəndlilər də başqa kəndlərdə təsadüf etdiyi kəndlilərə bənzəmirdi. Xüsusən, qadınların kişilərdən qaçmaması və onların tamamilə bir-birinə bənzər libasda olması da Atabəyin diqqətini cəlb edirdi.
Ordunun böyük bir hissəsi Canpolad kəndindən keçib Bazarcuq və Bərdə tərəflərinə qədər irəlilədiyinə baxmayaraq, Atabəyin özü Canpolad kəndində istirahətə məşğul olub Gəncəyə hərəkət etmək üçün yağışların dayanmasını gözləyirdi. İyirmi gündür ki, Atabəy Canpoladın evində idi. O, hər gün öz xidmətində təzə adamlar görürdü. Hər gün süfrəni başqa qızlar və başqa gəlinlər hazırlayırdı. Eyni zamanda bunların hamısı da gözəl, təmiz və mədəni idi, bir biçim, bir keyfiyyətli libas geyirdilər.
Atabəyin fikrincə, onun süfrəsinin yeməyini hər gün bir evdən gətirirdilər. Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeknəsəq libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir.
Atabəy naharda və şamda cürbəcür adamlar gördüyü üçün iyirmi gündən bəri kimin evində yaşadığını bilmirdi.
Kənddə Atabəyin diqqət-nəzərini cəlb edən bu mədəniyyət, kəndin talandan xilas edilməsinə səbəb olmuşdu. Atabəyin əmrinə görə qoşunun kəndə giməsi qadağan edilmişdi.
Atabəy xəbərdar olmasa belə, yaşadığı evin sahibi Canpolad adında yaşlı bir kişidən, bir qız, bir də qadından ibarət idi.
Ailə Atabəy yaşadığı evin qarşısındakı bağçanın axırındakı birmərtəbəli üç otaqlı evdə yaşayırdı. Bu da göstərirdi ki, bu müəmmalı kəndin əsas adətlərindən birisi də ailə başına bir otağın mövcud olmasıdır.
Atabəy tez-tez yaşadığı evin qarşısındakı bağçaya çıxıb gəzirdi. Həyətin xiyabanlarında cərgə ilə bitən ağacların hamısı payızda yetişən meyvələrdən ibarət idi.
Həyətdəki payızı armud, heyva və cürbəcür meyvələr Atabəyin heyrətinə səbəb olurdu. Hər gün nahar süfrəsinə verilən üzümlər otaqların qabağındakı meynələrin torbaya tikilmiş üzümlərindən idi.
Atabəyin yaşadığı binada insanın ehtiyacı üçün hər nə lazımsa var idi, onlar zəngin olmasa belə, təmiz və mədəni idi.
Atabəy kimin evində nə şəraitdə yaşadığını öyrənməyə çalışırdı, çünki iyirmi gündən bəri onun özü və adamları burada yeyib içirdi. Buna görə də kimi mükafatlandırmaq lazım gəldiyini bilmək lazım idi.
…Gecə idi. Ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib odun anbarından odun götürmək istəyirdi. Hamı yatmışdı, cınqırını çəkən yox idi. Bağçada bir səs varsa, o da xəzan yağışlarının yarpaqlara düşüb səslənməsindən və kədərli bir musiqi tərənnümü təşkil etməsindən ibarət idi. Arabir su ilə dolmuş yarpaqlar qopub qızın başına düşür və qızın açıq saçlarını isladırdı.
Bağçada, hətta Atabəyin yatdığı binanın həyətində bir kimsə görünmürdü. Atabəyin keşikçiləri də yağışdan qorunmaq üçün öz otaqlarına girib uyumuşdular.
Ev sahibinin qızı Atabəyin yatdığı binanı keşiksiz görüncə mat qaldı, öz-özünə: − nə qədər böyük ehtiyatsızlıq! – dedi.
Əcəba, böyük bir ordu ilə böyük xalqın müharibəsinə gedən hökmdarı keşiksiz buraxmaq yararmı? Bu vəziyyət qızı düşündürürdü. O, tut ağacının altında durub həyətə baxırdı. Qız əvvəlcə Atabəyin köçüb getdiyini zənn etdi və qayıdıb atasına xəbər vermək istədi. Bir ayaq səsi eşidib dərhal tut ağacının arxasında gizləndi. Keşikçilərin otağından bir nəfər əlində qılınc dışarı çıxıb bir neçə baş o tərəf-bu tərəfə gedib boylandı və kimsəni görmədiyindən yenə də qayıdıb keşikçilərin otağına getmək istədi. O, odun anbarının yanından keçdiyi zaman anbardan üç nəfər çıxıb daldan keşikçinin başına palaz atıb anbara çəkdilər.
Onlar keşikçini anbara çəkdikdən sonra birisi dışarı çıxıb keşikçilər yatan otağın qapısını dışarıdan bağlayıb yenə də anbara qayıtdı. Qız bu hadisəni görüncə başında tükləri qabardı, vücudunun damarları çəkişməyə başladı. O yaxın dəqiqələrdə bir hadisə baş verəcəyini təyin edərək bir an düşündü, özünü heç də şaşırtmadı. Öz-özünə “nədən qorxursan?” deyərək əlində iti balta olduğu halda, tələsik gəlib odun anbarının qapısını daldan bağladı və Atabəyin yatdığı otağın qapısına gəlib dəli adamlar kimi qapını döyməyə başladı.
Atabəyin otağında işıqlar yandı. Lakin Atabəy qapıya gəlməkdən çəkindi, çünki qapını adi bir surətdə döymürdülər. Atabəy dayanıb düşünürdü, orduya şəbxun vurulduğunu xəyalına gətirmirdi, çünki Xudafərin körpüsündən Bərdəyə qədər onun qoşunlarının əlində idi.
Qapı bir daha dəhşətlə vuruldu. Atabəy qılıncını siyirib qapının dalısına gəldi və soruşdu:
− Qapını döyən kimdir?
− Hökmdar qapını açın.
− Sən kimsən?
− Ev sahibinin qızıyam.
− Nə üçün gəldin?
− Hökmdar, sizi bir təhlükə gözləməkdədir. Qorxmayın, qapını açın.
− Nə kimi təhlükə?
− Təfsilat verməyə vaxt yoxdur. Nədən qorxursunuz? Mən bir nəfər qızam. Aç qapını. Vaxt keçir, təhlükə burnunuzun ucundadır.
Atabəy siyirmə qılınc qapını həyəcanla açdı. Qapıda uzunboylu qızı əlində balta görürkən təkan yedi, qızın onu öldürmək üçün gəldiyini zənn edərək qılıncını qaldırıb vurmaq istədikdə qız baltanı qılıncın qarşısına tutub vüqarla dedi:
− Tələsmə hökmdar, yaxşılığa qarşı yamanlıq böyük adamlar üçün nöqsandır. Mən səni öldürmək üçün yox, ölümdən qurtarmaq üçün gəlmişəm.
Atabəy əlini saxlayıb təəccüblə soruşdu:
− Məni ölümdən qurtarmaq?!
− Bəli, ölümdən qurtarmaq. Uzun danışmağa vaxt yoxdur. Keşikçinin başına palaz atıb odun anbarına apardılar. Qapını dışarıdan bağlamışam, canilər anbardadır. Keşikçilər yatan otağın qapısını eşikdən bağlayıblar.
Atabəy yenə də eşiyə çıxmağa tərəddüd edirdi.
Nəhayət, qız acıqlanaraq:
− Nə üçün dalımca gəlmirsiniz?! Siz elə zənn etməyin ki, ev sahibi öz qonağına xəyanət etmək istəyir.
Atabəy dışarı çıxmaq istəmirdi, onun fikrincə, qız onu aldadıb həyətə çıxaracaq, onu həyətdəkilər tutub istədikləri tərəfə aparacaqlar. Atabəy bu hadisənin aranlılar tərəfindən sui-qəsd olduğunu zənn edirdi. Atabəy keşikçilərin həyətdə görünməməsini və öz otaqlarına qapanıb yatmalarını müəyyən bir tapşırıqla əlaqədar hesab edirdi. Atabəy bu fikirlə də içəri qayıdıb qapını daldan bağlamaq üçün hazırlanırdı.
Qızın səbri tükəndi və bir daha:
− Nə üçün öz həyatınızın təhlükədən qurtarmasına çalışmırsınız? İndi onlar anbarı yarıb həyətə çıxar və sizi burada məhv edərlər, − dedikdə Atabəy:
− Sən get keşikçilərə xəbər ver, − dedi. Qız da onun üzünə tərs-tərs baxıb istehza ilə söylədi:
− “Cahan Pəhləvan!..” Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız. Qız bu sözləri deyib qayıtmaq istərkən Atabəy də qızın sözlərindən utanıb onunla bərabər dışarı çıxdı. Onlar əvvvəlcə keşikçilərin otağının qapısını açıb ayağa qaldırdılar, keşikçilər Atabəyi görərkən özlərini şaşırdılar. Atabəy isə:
− Tez olun odun anbarını mühasirəyə alın, orada hər kəs varsa, həbsə alıb mənə xəbər verin, − deyib otağına qayıtdı.
Atabəy yenə bu hadisədə qızın iştirak etdiyini və bu hadisəni törətməklə onu evdən köçürməyə çalışdıqlarını zənn edirdi. Buna görə də keşikbaşıya belə bir əmr verdi:
− Qızı da, ata-anasını da həbsə alarsınız, sabah anbardakılarla bir yerdə hüzura gətirərsiniz, − dedikdə qızı həbsə aldılar. Lakin onu həbsə apararkən Atabəyə tərəf dönüb acı bir tərzdə dedi:
− Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım, − deyərək keşikçinin qarşısına düşüb getdi.
Atabəy gənc qızda gördüyü bu cəsarətdən heyrətə düşmüşdü. Bir nəfər kəndli qızının hökmdara “Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız”… deməsi hökmdarın ömründə birinci kərə eşitdiyi sözlərdən idi. Hökmdarı sonra da qızın “Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım” deməsi düşündürürdü. Hökmdar o qızın adi bir qız deyil, qəhrəman bir qız olduğunu öz-özünə söylədi. Lakin Atabəy onu qaranlıqda görmüşdü. Qızın yalnız səsini və boy-buxununu xatırlaya bildi. O, qəlbində: “Bu qız qəhrəmanlığı qədər gözəlliyə malik olsaydı, bir kəndli qızı olmağına baxmayaraq, mən bununla evlənərdim” – deyirdi. Yarım saatdan sonra keşikçibaşı gəlib Atabəyə hadisə barəsində məlumat verib dedi:
− Anbardakılar səkkiz nəfər idi. Keşikçini anbara gətirən kimi öldürmüşlər. Əvvəlcə bizə təslim olmadılar, qaranlıqda qanlı vuruşma başlandı. Nəhayət, onlardan beş nəfər öldü, bizdən isə yeddi nəfər ölüb, beş nəfər yaralandı. Onlardan diri qalan üç nəfər həbsə alınmışdır.
− Gedib yanıma gətirin!
Beş dəqiqədən sonra üç nəfəri gətirdilər. Onlardan birisi əlindən, ikincisi boynundan, üçüncüsü başından yaralı idi. Atabəy onları bu şəkildə görüncə keşikçibaşıya əmr etdi:
− Bunların yaralarını bağlamaq lazımdır. Aparıb yaralarını bağlayın, libaslarını dəyişdirin, sonra da istintaq üçün hüzuruma gətirin.
Yaralıları apardılar. Atabəy fikrini dəyişdi və bu sui-qəsdi öz-özlüyündə təhlil edərək: “Bu sui-qəsdi ancaq azərbaycanlılar düzəldə bilər. Hərgah Arana girə bilərsəm, ölkənin daşını daş üstə qoymayacağam” – deyirdi. Caniləri gətirdilər. Atabəy onlara sual verdi:
− Hara adamısınız?
Onların ikisi danışa bilmirdi, çünki yaraları olduqca ağır idi. Bunun üçün də Atabəy onların yerə oturmalarına əmr verdi. Yalnız əlindən yaralanmış olan Atabəyin sualına cavab verdi:
− Bizim üçümüz də Nəhavənd mahalından Bidustan şəhərinin Ağqələ kəndindənik.
− Hansı bölükdənsiniz?
− Nəhavənd focundan.
− Atlısınız, ya piyada?
− Xeyr, üçümüz də atlıyıq.
− Beş nəfər ölən yoldaşınızı da tanıyırsınızmı?
− Beş nəfər ölənin üçü yenə də Nəhavənd focundandır, lakin iki nəfərin haradan olduğunu bilmirik.
− Nə üçün bura gəlmişdiniz?
− Focumuzun rəisi bizi həmin ölən yoldaşlardan birisinin sərəncamına vermişdi.
− Rəis sizə nə kimi vəzifə tapşırmışdı?
− O bizə demişdi ki, bu adam hər nə əmr edərsə, yerinə yetirməlisiniz.
− Siz ondan heç bir şey eşitmədinizmi?
− Eşitdik. Dedi ki, Atabəyin düşmənlərini öldürməyə gedirik.
− Atabəy kimdir?!
− Qızıl Arslan.
− Sizin hər birinizə nə qədər pul verdilər?
− Heç bir şey vermədilər, dedilər ki, dedilər ki, Qızıl Arslan hər birinizə bir kənd verəcəkdir.
Atabəy dərhal atlı göndərib Nəhavənd focunun rəsini yanına çağırmaq əmrini verdi. Lakin Nəhavənd focunun harada olduğu məlum deyildi. Atabəy dərhal Hüsaməddini hüzuruna çağırıb focun harada olduğunu soruşdu. Hüsaməddin focun Qarabağdan üç fərsəng məsafədə olan Mir kəndində yerləşdiyini xəbər verdi. Atlılar sürətlə yola düşüb Mir kəndinə getdilər.
Atabəy müqəssirləri danışdırdıqdan sonra qızın və ailəsinin bu hadisədə təqsirli olmadığını təyin edib onları həbs etdirdiyindən utandı və keşikçibaşından soruşdu:
− Qız və onun ailəsi haradadır?
− Öz evlərindədir. Qapıda adam qoyub dışarı buraxılmamalarını tapşırmışam.
− Onları azad buraxın, müqəssirləri saxlayın, yaralıların ölməyinə imkan verməməyə çalışın, bununla xəyanətin izini itirə də bilərsiniz.
Otaq boşaldı. Atabəy yorğan-döşəyə girdi, lakin o, heç bir zaman o cəsarətli qızı və onun dediklərini unuda bilmirdi. O gözəldirmi? Çirkindirmi? – deyə düşünürdü. Lakin qızın səsi daima onun qulaqlarında cingildəyir, sanki tez-tez:
– “Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız” – deyirdi. Atabəy bu düşüncələrdən sonra yenə də öz-özünə: − “Hərgah azərbaycanlıları bu kimi qəhrəman analar doğmuşdursa, mən onlara qalib gələ bilməyəcəyəm” – deyirdi.
Gecə yarıdan səhərə qədər Atabəy bu fikirlərlə yatağın içində o tərəf-bu tərəfə dönür və tez-tez pəncərəyə baxaraq səhərin nə vaxt açılmasını gözləyirdi. O qızı bir daha görmək üçün tələsirdi. Lakin buna ümid yox idi. Çünki qızın yaxşılığına qarşı yamanlıq etmişdi.
Gündəki vaxtında yatağından durdu, yıxanıb qurtaran kimi qapı açıldı. Atabəy üçün səhər yeməyi gətirildi. Qız yenə də adəti üzrə Atabəyə xidmət etməyə başladı. Atabəy gözünün guşəsi ilə qızı diqqətlə süzürdü. Atabəy qızın acıqlı olmadığına güvənərək ona sual verdi:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?