Текст книги "Qılınc və qələm"
Автор книги: Məmməd Səid Ordubadi
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]
Belə bir soyğunçuluğun nəticəsində şəhər sənayesi məhv olur, peşəkarlar işini dayandırmağa məcbur olurlar.
Mən Cənubi Azərbaycanın dağlıq tərəflərini gəzdiyim zaman əhalidən bir çox ərizələr aldım. Onlardan əhəmiyyətli olanlarını ayırıb Atabəy həzrətlərinə göndərdim. Çox acı və eyni zamanda hökumət quruluşu nöqteyi-nəzərindən qorxulu məsələlərə təsadüf etdim. Bu məsələlər: əhalini mərkəzi hökumətlə əlaqələndirəcək vasitələrin olmaması və hökumətin istinad edə biləcəyi vasitələrin yoxluğundan ibarətdir.
Rəiyyət yerli hakimdən başqa bir hökumət tanımır, çünki idarə etdikləri ölkənin bütün ixtiyarı hakimlərin əlindədir. Asdırmaq, kəsdirmək, köçürmək və sair ixtiyarların hamısı onlara tapşırılmışdır. Vergi işlərini nəzərdən keçirdiyim zaman belə bir qənaətə gəldim ki, vergi işləri Səlcuqilər dövründə bundan daha müntəzəm, daha əlverişli imiş. Çünki o zaman rəiyyət üç xəzinəyə vergi vermək məcburiyyətində deyildi. Səncər şahın öldüyü gündən bəri Azərbaycan yüz kərə əldən-ələ keçmişdir. Ümid edirəm ki, Atabəy həzrətləri mənim bu səmimi olan məktubumu nəzərə alıb Azərbaycanın bir neçə il vergilərdən azad olunmasına əmr və fərman sadir edəcəkdir.
Vergilər bağışlandıqdan sonra mərkəzi hökumətdə bu müddətdə vergi işlərini nizama salmaq və onu mərkəzləşdirmək üçün hazırlıq aparmalıdır. Yeri gəlmişkən Atabəy həzrətlərinin tapşırığı üzrə əldə edilən məlumatı da göndərirəm.
Biz rəiyyətpərvərlik nöqteyi-nəzərindən bu xalqı təşkil edə bilərsək, bu qüvvəti hər hansı böyük bir düşmənin qarşısına çıxara bilərik. Azərbaycanın mövqeyi və əhalisinin müharib olması Atabəy hökumətinin möhkəm edilməsi üçün əsas bir vasitə ola bilər. Buna görə də mən müstəqil Azərbaycan hökuməti təşkil etmək təklifini meydana sürməkdə özümü haqlı hesab edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Burada hökumət idarə edə biləcək kişilər az deyildir. Lakin hansı ölkənin hakimini soruşursan “Əbü filan, əbü filan” deyə cavab verirlər. Yerli xalq onlara bir hakim kimi yox, bir soyğunçu kimi baxır.
Azərbaycan xalqının mədəni səviyyəsi ərəblər və farslara nisbətlə olduqca irəlidədir. Onları ərəb və fars hakimlərinin itaətinə məcbur etmək, ərəblər dövründən qalan qanunların ibtidai çərçivəsində yerləşdirmək çox çətindir. Azərbaycan xalqının tarixi əcnəbi hakimiyyətinə qarşı üsyanlar əsasında qurulmuşdur. Bunları nəzərə alaraq biz Azərbaycan xalqına onların öz hökuməti kimi, hətta doğma hökuməti kimi görünən bir hökumət təşkil etməli və Atabəy ölkələri üçün təzə qanunlar düzəldiyi vaxt Azərbaycanın xüsusiyyətini nəzərə almalıyıq. Fars və İraqda həyata keçiriləcək qanunları Azərbaycanda həyata keçirmək mümkün deyildir. Çünki bir xalqın içərisində qanunlar tətbiq edilən zaman ölkənin mövqeyini, tarixini, əhalisinin əhval-ruhiyyəsini nəzərə almaq lazımdır.
Əsas nöqsanlardan birisi də Səlcuqilər dövründən qalan hakimlərin hələ də iş başında qalmalarıdır. Çünki köhnə adamların hökumət başında qalması təzə işlərin həyata keçirilməsi üçün çətinlik törədə bilər. Vergi qanunları dəyişildiyi zaman varidatın mərkəzləşdirilməsini və bununla yerlərə təyin olunan hakimlərin dövlət xəzinəsindən maaş almasını nəzərdə tutmaq lazımdır. Belə olursa yerli hakimlər dövlət xəzinəsinə vergi almaq bəhanəsilə rəiyyəti soya bilməzlər. Ancaq beləliklə məmləkətdə vahid vergi üsulunu həyata keçirmək olar.
Mən neçə aydan bəridir ki, yerli hakimlərin müxtəlif adlarla kəndlilərdən aldıqları müxtəlif vergilərin miqdarı ilə tanış oluram. Bu miqdar hakimlərin hökumət xəzinəsinə göndərdiyi verginin miqdarından doqquz kərə artıqdır. Beləliklə, hakimlər xalqdan aldıqları verginin bir faizini hökumətə, doqquz faizini isə öz ciblərinə qoyublar.
Azərbaycan, Səlcuqilər dövründə bütün digər məmləkətlərə nisbətən ən böyük vergi vermiş bir ölkədir. Halbuki hökumət xəzinəsinə yetişən bu vergi rəiyyətdən alınan vergilərin onda biridir. Cərimə və rüşvətlər bura daxil deyildir. Çünki bunlar hakimlərin öz xüsusi işləri olduğu üçün bizim hesaba almağımız mümkün deyil. Rüşvətin və qarətin bu qədər genişlənməsinə səbəb ümumi cəza qanunları və hökumət məhkəmələrinin olmamasıdır. Yerli hakim cəriməni müəyyən bir ölçü ilə almaq üçün bir yerdən göstəriş almır, cərimə və cəza miqdarını hakimin özü təyin edir. Şəriət məhkəmələri hakimlərin əlində alət olub qalır. Bəzən bunlar hökumətdən aldıqları göstəriş üzərinə işləyirlər.
Hakimlərin gəlir mənbələrindən birisi də ərəblər vaxtından qalan diyə, yəni qan bahası məsələsidir. Adam öldürənlərə cəza verilmir, çünki qatillər qanın bahasını verib günahlarını təmizləyirlər. Bunu da hakimlər və yerli ruhanilər təqdir edir, çünki qatildən alınıb ölü sahibinə veriləcək qan bahasından hakimin və şəriət mollasının da müəyyən gəliri vardır. İnsan qırğının qabağını almaq üçün adam öldürənləri cəzalandırmaq və qan bahası verilməsi işini qanundan kənar hesab etmək lazımdır. Bəzən ölənin vərəsələrinə verilmək üçün qatildən alınan qan bahası yerli hakimin və onunla əlbir işləyən ruhanilərin cibinə tökülür.
Əhalinin narazılığına səbəb olan qanunsuzluğun birisi də budur ki, ailələrin toxunulmazlığı təmin edilməmişdir.
Hökumət işlərinin öz məhvəri üzərində gedə bilməməsinin bir səbəbi də ruhanilərin hökumət işlərinə müdaxilə etməsidir. Hələ ərəblər zamanından indiyə qədər İslam ölkələrində hökumətlə ruhaninin vəzifəsi ayırd olunmamışdır. Bu hadisə İslam ölkələrində dəhşətli bir xəstəlik kimi getdikcə dərinləşir. Nə qədər ki, ruhanilər tamamilə hökumət işlərini öz əllərinə almamışdır, bu xəstəliyin qarşısını almaq lazımdır. Əlbəttə, mən ruhanilərin tamamilə hökumətdən ayrılmasını təklif etmirəm. Çünki Quranın əsas qanun götürüldüyü bir məmləkətdə ruhaniləri hökumətin idarə işlərindən uzaqlaşdırmaq mümkün olmaz. Hökumət məhkəmələrində ruhanilərdən nümayəndə saxlamaq əvəzində ruhanilərdən təşkil edilən məhkəmələrdə hökumətdən nümayəndə çağırılır. Atabəy həzrətlərinin icazəsi olsaydı, ruhanilərin vəzifəsini təyin etməyə çalışardım.
Qarşımızda duran çətin məsələlərdən birisi də təriqətlərlə aparacağımız mübarizə məsələsidir. Azərbaycanı təzədən qurmaq, xalqın şüurunu yenidən mədəni-maarif sahəsinə çüvirmək üçün birinci növbədə təriqətləri kökündən ləğv etməliyik. Bunu da qeyd etməliyəm ki, bütün təriqətçiliyin və müridçiliyin yuvası Şirvan şahlığıdır. Azərbaycana təriqət mübahisələri, məzhəb vuruşmaları daima Şirvan vasitəsilə gəlməkdədir.
Ərəb və farslar yerli xalqın mədəni və siyasi şüurlarını çürütmək üçün onlara təriqət və məzhəb xəstəliklərini aşılamışlar. Təriqətlər, dinlər, məzhəblər, cürbəcür əqidələr Azərbaycanda mədəni qanunların əleyhinə olaraq ailə pozğunluğu törədir. Qadınların həyatında tətbiq edilən siğə və mütə qanunları gələcək sağlam ailə təşkili üçün mühüm bir qorxu təşkil edir.
Gürcüstan səfəri barəsində əlahəzrət Toğrulun fikrinə şərik ola bilmirəm. Gürcüstanda vahid bir xalq yaşamaqdadır. Bu xalqla səmimi dostluq əlaqəsi yaratmaq məmləkətin işğalından daha mənfəətli olar. Vəhdət təşkil edən bir xalqı əsirlikdə saxlamaq və yabancı bir nüfuza bağlamaq çox çətindir. Biz Gürcüstanı atabəylər məmləkətinə ilhaq etdikdən sonra Azərbaycanın qonşusunda tarixi bir ixtilafa səbəb ola bilərik. Bundan da əlavə, Gürcüstan səfərini müvəffəqiyyətlə qurtarması üçün lazım olan ünsürlər mövcud deyildir. Gürcüstan xalqını biri digərinin əleyhinə qaldırmaq və yabancı hökumətin mövqeyini möhkəmləndirmək üçün də heç bir vasitə yoxdur. Gürcülər vahid bir millət kimi bizim dostumuz ola bilər, bir düşmən kimi qarşımıza çıxmağı bacararlar. Gürcülərin də azərbaycanlılar kimi milli azadlıq duğuları uzun illərin hadisələrinə təslim olmamışdır. Hər halda biz üzümü Orta Asiyaya tərəf çevirməliyik, orada bizim qələbəmizi təmin edə biləcək ünsürlər çoxdur. Xarəzm şahı kimi rəqibimizi azad buraxaraq qoşunlarımızı rəqib olmayan ölkələrə saldırmaq hökmdarlıq nöqteyi-nəzərindən qəbul ediləcək tədbir deyildir. Azərbaycan qırx il heç bir rəqib hiss etmədən Səlcuqilərin əlində yaşadı isə də onlar bir neçə came, meydan və küçəyə öz adlarını verməkdən başqa bir iş görmədilər. Biz isə belə olmamalıyıq. Hərgah Qara dəniz gürcülərin əlindədirsə, Xəzər dənizi də bizim əlimizdədir. Biz Xəzər dənizini Gürcüstan tacirlərinə açıq elan etsək, onlar da Qara dənizi bizim ticarətin üzünə açıq edərlər
Hələlik bu qədər. Böyük və möhtərəm qardaşım əlahəzrət Atabəyin səhhətini və qalibiyyətini istəyirəm”
ATABƏY MƏHƏMMƏD
Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.
Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.
Atabəy Məhəmməd belə bir zamanda Qızıl Arslanın məktubunu aldı, məktubda qoyulan məsələlərdən Atabəyin tükləri qabardı və dərhal qısa bir məktub yazıb təcili qasidlə Təbrizə göndərdi:
Əziz və möhtərəm hökmdar!
Məktubunu aldım. Göstərdiyin məsələlər barəsində yaxından danışmaq lazımdır. Məktubumu alan kimi bir neçə günlüyə Həmədana gəlməlisən.
Atabəy Məhəmməd.
Qızıl Arslan məktubu alan kimi Həmədana hərəkət etdi. O, Atabəy Məhəmmədin məktubla razılaşmayacağını bilirdi, lakin öz əqidəsində möhkəm durmağı və Azərbaycanda lazımi islahatın tətbiq edilməsi məsələsini bir daha şifahi olaraq Atabəy Məhəmməddən tələb etməyi qərara almışdı.
Atabəy Məhəmməd Qızıl Arslanın özünün təzə tikdirdiyi “Atabəy Məhəmməd Rübati” adlı malikanəsində qəbul etdi. Qızıl Arslanın şərəfinə verilən təntənəli ziyafət bitdikdən sonra Atabəy Məhəmməd Qızıl Arslanı öz xüsusi otağına çağırıb:
− Otur, qardaşım! – dedi və gülərək sözünə davam etdi: – Məktubun o qədər qorxulu məktubdur ki, onu həyata tətbiq deyil, ələ alıb oxumaq belə qorxuludur. Hər nə olursa olsun, məktubu əvvəldən axıra qədər oxudum. Yazdıqlarını həyata keçirmək mümkün olsaydı, qardaşın da buna razı olardı. Lakin hazırki vəziyyət və hazırki şərait daxilində elə çətin arzuları meydana atmaq, dünyada oturub cənnət üçün düşünmək deməkdir. Əziz qardaşım, məmləkətimizin hüdudlarında baş verən hadisələr bizim daxili islahat haqqında düşünməyimizə imkan vermir. Mən bilirəm ki, sən məmləkətin düşdüyü bu qədər ağır vəziyyətə soyuqqanlılıqla məktubunda islahat deyə göstərdiyin ən xırda bir məsələni həyata keçirmək istəsən, vəziyyət daha da ağırlaşacaqdır. Sən bilirsən ki, xəlifə öz siyasi və ruhani nüfuzunu itirmişdir. Daha açığı, xəlifəlik öz dövrünü yaşamışdır. Vaxtilə onun məmləkətlərə təyin etdiyi ən adi hakimlər belə özü üçün taxt-tac hazır etirmişdir. Xəlifə hazırda ancaq bunları bir-birinin əleyhinə qaldırmaqla başını dolandırır. Lakin məmləkətə sahiblənmək üzərində bir-birini boğmaqda olan hökmdarlar Bağdad çuxurlarına düşüb qoxumaqla xəlifə adlanan bu diri meyiti basdırmağa cürət etmir, yaxud bunu istəmir, çünki hər kəs bir-birindən qəsb edəcəyi məmləkətin qəbaləsini xəlifənin möhürü ilə rəsmiyyətə salmağa çalışır. Xəlifələrin özləri isə belə alış-verişləri göydə axtarırlar. Onlar şəhvətpərəst, sərxoş adamlardır. Hər cür sazişə gedə bilərlər.
Əldə etdiyim məlumata görə, xəlifə neçə müddətdən bəri Səlahəddin Əyyubi ilə xəlvəti müzakirə aparır. Xəlifə sərxoş da olsa, Səlahəddinin böyük bir nüfuza malik olduğunu bilməmiş deyildir. O, bu gün İraqda, Musil və başqa yerlərdə işə başlarsa, bütün kürdləri bizim əleyhimizə qaldıra bilər. Belə bir vəziyyətdə xəlifə hüququnun azalması, təriqət məsələlərinin aradan qaldırılması məsələsini qoymaq məmləkəti bir kərəlik hərc-mərcə düşürmək kimidir.
Məmləkətdə təzə vergi üsulunu tətbiq etdikdə yüz minlərcə müftəxora maaş vermək, onlar üçün maliyyə idarəsi düzəltmək lazımdır. Hazırki üsul dairəsində hər hakimdən müəyyən vergi almaqla da hökuməti idarə edə bilərik. Elə də torpaq qanunlarıdır. Torpaq qanunları dəyişdiyi zaman bütün mülkədarlar bizim əleyhimizə üsyan qaldıra bilər.
Məhkəmələrdə ruhanilərin nüfuzunu azaltmaq fikrini bir kərəlik burax. Bu yol elə qorxulu bir yoldur ki, Məmun kimi bacarıqlı bir xəlifə bu yolun yarısından qayıdıb qaçdı.
Sən məktubunda göstərdiyin məsələlərin hansı birisini həyata keçirsən, rəqiblərimiz dərhal ondan istifadə edəcəkdir. Sən Şərqdə təkfir olunmaq çirkabının nə qədər zərərli olduğunu bilmirsən. Bir kərə ruhanilər və xəlifə bizi dindən kənar hesab edərsə, heç bir qüvvət bizim mövqeyimizi saxlaya bilməz.
Azərbaycan xalqının bir neçə illik vergisini bağışlamaq məsələsinə etirazım yoxdur, əlverişli bir zamanda bu barədə təşəbbüs edərik.
Köhnə hakimlərin məsələsi tədricilik tələb edən məsələlərdəndir. Onların hər birisinin minlərcə nüfuz sahibi tərəfdarları vardır.
Gürcüstan məsələsi elə də qorxulu bir məsələ deyildir. O məsələ həll olunduğu zaman Şirvan məsələsi də həll olunar. Çünki Gürcüstan bizim əlimizdə olduqdan sonra Şirvan şahlarının istifadə edə biləcəyi bir yer qalmır. Orta Asiyadan bizə qorxu yoxdur. Çünki Orta Asiya hökmdarlarının içərisində olan boğuşmalar bizim üçün böyük qələbələrin müjdəsini verir.
Sənin məktubunu oxuduqdan sonra Azərbaycanı lazımi qədər səyahət etmək və öyrənmək qərarına gəlmişəm. Bəlkə də, səyahətimdən sonra məktubundakı məsələlərdən bəzilərini bir daha müzakirəyə qoyarıq.
Lakin sənə bir daha tapşırıram, xəlifə nə olursa, olsun, onun rizasını əldə etmək lazımdır. Ona cariyələri saxlamaq lazım deyildi, getmələrinə icazə verməklə çox yaxşı iş gördün.
Şirvan şahlığı ilə müdara etmək lazımdır. Özün bilirsən ki, xəlifə şahlığın ləğv edilməsi təklifini rədd etdi.
Farslar və ərəblərin iş başından götürülməsini tədrici bir surətdə həyata keçirməsək, kütləvi qovuluşlar Bağdadda yaxşı təsir bağışlamaz.
İranlılar və ərəblər bir zaman hakim olduqları üçün dilləri də hakim dil olub qalmışdır. İndisə məmləkətdə hakim sənsən, sənin dilin də hakim dil olmalıdır. Sənə tapşırıram, xələtlərin Azərbaycan dilində danışanların çiyninə salınmalıdır.
Sən məktubunda mühüm bir məsələni qeyd etməyi yadından çıxarmırsan. O məsələ, ərəb və farsların əlindəki ucsuz-bucaqsız torpaqlar və malikənələr məsələsidir. Onlar ölkələri işğal etdikləri zaman sulu, bərəkətli, qiymətli yerləri öz aralarında bölüşmüşlər. Yerlilərdən bir çox kəndlər və malikanələr, rübatlar, pənəyirlər və bazarçaları zorlayıb əllərinə keçirmişlər. Bu yerləri tədrici surətdə xalisə torpağı şəklinə salmalısan. Bunu ərəb və farsların əlində olan malikanələrin qonşusunda olan yerli mülkədarların vasitəsilə həyata keçirə bilərsən. Qonşu kəndlilər istərsə, onlar malikanələrindən məhsul ala bilmədiyi üçün satmağa məcburiyyət hiss edər və az bir qiymətə olsa da, satıb gedə bilərlər.
Məktubunda yazılan başqa məsələlər haqqında tək-tək danışmaq istəmirəm. Buna görə də qəti olaraq tapşırıram:
Hər hansı bir qanun Qurandan alınmışsa, ona toxumamalısan. “Qan bahası” və sairlər də bura daxildir.
FİTR BAYRAMI
Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.
Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.
Əmir özü də hazırlığa başlamışdı. O, qızıl kisələrinin ağzını açıb özünə tərəfdar tapmaq uğrunda xərcləyirdi. Atabəy Məhəmmədə veriləcək şikayət məktublarının əvəzində minlərcə razılıq məktubları da hazırlanırdı. Məddahlara istədikləri qədər pul və xələt verilirdi. Adları yazıçılar və şairlər cərgəsində olmayanlar belə Əmirin yanına gətirilib mədhnamə yazmaları tapşırılır və nə zaman və harda oxuyacaqları təyin edilirdi.
Xətiblərə, qazilərə müəyyən vəzifə tapşırılırdı. Əmirə qarşı düşmən hərəkətdə bulunanlar bir-bir siyahıya alınırdı.
Əmirin qoca vəziri gecə-gündüz çalışıb iftira, böhtan, fitnə yaratmaq üçün böyük bir təşkilat düzəltmişdi.
Atabəyi istiqbal etmək üçün düzələn dəstə tamamilə Əmirin tərəfindən dəsturül-əməl almış müəyyən adamlardan ibarət idi. Xanəgah kəndindən Əmirin sarayına qədər olan yolun hər iki tərəfi qoşunlar tərəfindən mühasirəyə alınacaq və mümkün olduğu qədər heç bir kəsin Atabəyə yaxın gəlməsinə imkan verilməyəcək idi.
Şəhərin dilənçiləri həbsə alınıb uzaq kəndlərə sürgün edilmişdi. Şəhərin xarabaları təmizlənir və xarabalıqları Atabəyə göstərməmək üçün onu abad küçələrdən dolandırıb saraya gətirmək nəzərdə tutulurdu.
Eyni zamanda Fəxrəddin də Atabəyin Azərbaycan səyahətinə çıxmasından böyük ümidlər gözləyirdi. Onun fikrincə, Atabəy Şimali Azərbaycanda, xüsusən, Aran məmləkətində olan xarabalıqları gördüyü zaman islahat işlərinə başlayacaq və müqəssirləri cəzalandıracaq idi. Bu fikirlə də Fəxrəddin xalq arasında geniş təbliğat işinə başlamışdı. O, qızları cariyəliyə alınanlar ilə evi və əmlakı Əmir tərəfindən qarət edilənlərdən ibarət böyük bir istiqbal dəstəsi təşkilinə başlamışdı.
Fəxrəddin zərərdidə kəndliləri və Əmirin adamları tərəfindən malları alınan tacirlərin hamısını Gəncəyə çağırmışdı.
Fəxrəddin bu təşəbbüsləri haqqında məlumat verdiyi zaman Nizami deyirdi:
− Mən bu təşəbbüslərin heç birisinin əleyhinə deyiləm. Lakin bizim ölkəmizin düşdüyü bu vəziyyəti bir parça kağız üzərində verilən o ərizələr heç bir zaman düzəldə bilməyəcək.
Ərizələrlə xalqı düşdüyü ağır vəziyyətdən xilas etmək tarix boyu heç bir müsbət nəticə verməmişdir və indi də verməyəcəkdir. Hökmdarları diz çökdürəcək yeganə bir qüvvə olmuşsa və varsa, o yalnız xalqın birliyidir.
Bu gündən etibarən bütün xalqın birliyini yaratmağa çalış. Xalqı öz şəxsi malını istəməyə yox, məmləkətin hüququnu tələb etməyə öyrət. Səadət və azadlıq ancaq bununla qazanılır. Lakin əvvəldə dediyim kimi, yenə də təkrar edirəm: xırda çıxışların tərəfdarı deyiləm. Gələcək üsyanımız hökuməti qorxutmaq məqsədilə yox, məhv etmək məqsədilə düzəldilməlidir.
Xırda çıxışlarda bulunmaq isə düşməni vaxtından qabaq duyuq sala bilər. Gözləyək, Atabəy Məhəmməd Gəncəyə gəlsin, şübhəsiz ki, o, burada bir neçə gün deyil, həftələrlə qalacaqdır. Onun Əmirin evində mənzil edəcəyi də şübhəsizdir. Çünki indidən orada hazırlıq aparılır. Məlumdur ki, Atabəyin bu səyahəti və xüsusilə, Gəncəni ziyarət etmək istədiyi Əmirə xəbər verilmişdir. Atabəy Məhəmmədin bir qadını vardır. Amma Atabəy hərəmi üçün bir-iki qadın kifayət deyil, Əmirin qızı isə həm gözəldir, həm də xəlifənin nəvəsidir. İndi məni anladınmı?
Fəxrəddin gülərək:
− Bəli, anladım, – dedi.
Nizami sözünü davam etdirdi:
− İndi ki mənim fikrimi anladın, bir nəsihətimi də yadından çıxarma. Hazırda sən Əmirin əleyhinə açıqdan-açığa təbliğat aparırsan. Əmir bu təbliğata başqa bir rəng verməklə səni həbsə ala bilər. “Atabəy həzrətlərinə sui-qəsd hazırlayırsan” – deyə səni təqsirləndirər. Bu barədə bir az ayıq olmağın yaxşıdır.
Fəxrəddin Nizaminin bu fikri ilə də şərik oldu, ehtiyatla dolanacağına və Əmirin adamlarına görünməyəcəyinə söz verdi.
Ramazan ayının 29-cu günü idi. İftar açıldıqdan sonra Əmir şəhərdə və müəyyən adamlar ətrafında çalışan xəfiyyələri qəbul etdi. Gətirilən xəbərlərin əsasını Fəxrəddinin Əmirə qarşı hazırladığı düşmənanə hərəkət təşkil edirdi. Əmir çox rahatsız idi. Mərcanı göndərib Toxtamışı yanına çağırdı. Xəfiyyələr gətirdikləri xəbərləri Toxtamış üçün də təfsilən danışdılar. O, bir az fikrə getdi. Sonra dedi:
− Həbs etmək olmaz. Çünki o tək deyildir. Eyni zamanda onu azad da buraxmaq olmaz, onlar Atabəyin qılığına girə bilərlər. Bu gün Ramazan ayının 29-cu günüdür. O, bizim göndərdiyimiz məktubu almamış deyil. Heç şübhə yoxdur ki, o, Dilşadın buradan aparıldığını da bilmir. Hərgah onu saraya gətirmək mümkün olsaydı, burada üstünə böhtan ataraq heç kəsin xəbəri olmadan onu sarayda həbsə alardıq.
Bu tədbir Əmirin xoşuna gəldi və o əlavə etdi:
− O, Dilşadın aparıldığını bilsəydi, indiyə qədər bir təşəbbüs edərdi. Mənə elə gəlir ki, Ramazan ayının çıxmasına müntəzirdir. Çünki izdivacın ancaq Ramazan ayından sonra baş tutacağını xəbər vermişdik. Buna görə də izdivac məsələsini müzakirə etmək üçün onu saraya dəvət etməliyik.
Toxtamış başına hərəkət verərək:
− Bilirəm, o bizə inanıb saraya gələcəkdirmi? – dedikdə, Əmir:
− Bəlkə, Səba xanım bu barədə dəyərli bir fikir söyləyə bilər?! – deyə soruşdu.
Mərcanı göndərib Səbanı çağırdılar. Səba xanım daima gecənin bu vaxtı “şərəfə” nail olmaq üçün Əmirin hüzuruna çağırılırdı. Mərcanın gəlişindən sevindi və:
− Get, gəlirəm, – dedi.
Mərcan gedəndən sonra Səba xanım sürətlə qalxıb çimdi. Ağ dəsmalı ətirlə isladıb bədənini başdan ayağa yudu. Almaz və zümrüddən düzəlmiş məmədanlarını taxdı, nazik ipəkdən tikilmiş yataq köynəyinin üstündən məclis paltarlarını geydi, bütün qiymətli daşlarını üzərinə töküb güzgünün qarşısında dayandı. Güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahan keçirdi, baxışlarını yoxladı, qaşlarını o tərəf-bu tərəfə dartaraq müəyyən bir vəziyyət aldı. Sonra da Əmirin yanında danışacağı nazlı ifadələri əzbərləməyə başladı. Bu halda dəhlizdə gəzməkdə olan xacə Müfid Səba xanımın otağından səs gəldiyini eşitdi və otaqda kişi tayfası olduğunu zənn edərək dərhal qapını açıb içəri soxuldu, Səba xanımın güzgünün qarşısında durub danışdığını və əzilib-büzüldüyünü görüncə gülərək dedi:
− Siz kişilərin şeytanlarısınız. Siz onları aldadırsınız, onlar da bunu anlaya-anlaya sizə aldanırlar.
Səba xanım da utanaraq güldü:
− Buna görə də mən aldatmağı, həm də yaxşı aldatmağı öyrənirəm, – dedi və xacə Müfidin qabağına düşüb uzun dəhlizdən nazlana-nazlana uzaqlaşdı. Qapını açıb Əmirin otağına girdi. Düşündüklərinin əksini görüncə salam verib qapının yanında dayandı və cariyəlikdən tələb ediləcək bir tövr alaraq donub durdu. Gələrkən o, Əmirin otaqda tək olduğunu və qapını açan kimi onun qolları arasına atılacağını düşünürdü:
İndi o, sakit dayanmışdı. Əmir başını qaldırıb Səba xanıma dedi:
− Qoca vəzir icazə verir, gəl orada otur, vəzirin sənə bəzi tapşırıqları vardır.
Səba xanım oturdu, otaqda olanların hamısına getmək icazəsi verildi. Otaqda Əmir, qoca vəzir, bir də Səba xanım qalmışdı. Toxtamış Səba xanıma müraciət edib yavaşdan söylədi:
− Sən elə bilmə ki, qadınlıq gözəl olmaqla tamamlanır. Gözəlliyi canlandıran hərəkətdir. Bu hərəkət olmazsa, rəssamlar sizdən də gözəl qadınlar yarada bilərlər. Qadını ağıllı kişilərə sevdirən əsas cəhət onun gözəlliyi deyil, özünü sevdirməyi bacarmasıdır. Sən bunu bacarırsan, hərgah bacarmasaydın, Əmir həzrətləri tərəfindən “şərəfə” nail ola bilməzdin. Mənim dediyim bu həqiqəti Əmirdən də soruşsan, deyəcəkdir ki:
– “Səba xanım nə qədər gözəldirsə, bir o qədər də özünü sevdirməyi bacarır və Əmirin şərəfini qiymətləndirdiyi üçün böyük sirlərin üstünü aça bilmişdir”.
Hazırda Əmir öz gözəl cariyəsinə təzə və müqəddəs bir vəzifə tapşırmaq istəyir, o vəzifə Fəxrəddinə aiddir.
Səba xanım Fəxrəddinin adını eşidərkən keçmişləri bir anda gəlib gözünün önündən keçdi. O gah özünü Fəxrəddinin qolları arasında görür, gah da dodaqlarını Fəxrəddinin dodaqlarına yapışdırıb: “Mən sənin qolların arasında olduğum üçün dünyanın ən xoşbəxt qadınıyam” – deyirdi.
Səba xanım düşünür, vüsalından gülür, ayrılığından göz yaşları axıdır, nəhayət, Fəxrəddinin əllərini öz saçlarında hiss edərkən şad bir nəfəs alırdı. Lakin birdən-birə Fəxrəddinin son dediyi:
– “Get Səba, bir də mənə yaxın gəlmə, mən gündə birini sevən qızları sevə bilmərəm!” cümlələrini xatırladığı zaman diksinir və qəlbində gizlənən intiqam durğuları coşurdu. Səba xanım həmin fikrin təsiri ilə başını qaldırıb:
− Hər cür vəzifə tapşırmış olsanız, yerinə yetirməyə hazıram, – dedi.
Toxtamış bu sözlərdən sonra məqsədini açıb söylədi:
− Fəxrəddin bizə sarayda lazımdır. Onu bura gətirməyi bacararsanmı?
Səba xanım Toxtamışa belə bir sual verdi:
− Fəxrəddin sizə gündüz lazımdır, yainki gecə?
− Xeyr, onun saraya gəlməsini heç bir kəs bilməməlidir. Əlbəttə, belə olan təqdirdə gecə gətirilməsi lazımdır.
Səba xanım bir ah çəkərək:
− O, Dilşadın aparıldığını bilməsəydi, bu vəzifəni yerinə yetirmək o qədər də çətin olmazdı,
– dedi.
Əmir də, Toxtamış da and içərək:
− Bu məsələ gizlində saxlanmışdır, heç bir kəsin xəbəri yoxdur, – dedikdə, Səba xanım gülümsəyərək dedi:
− Doğrudur, lakin Dilşadın boyunbağısının dilənçilər əlinə düşməsi, nəticədə onun zərgərlər vasitəsilə Fəxrəddinə yetişməsi Dilşadın buradan aparıldığı üçün böyük bir sübutdur. Fəxrəddin bunu anlamayacaq qədər uşaq deyildir.
Səba xanımın bu sözündən sonra Əmir həyacanla soruşdu:
− Sən bu xəbəri kimdən eşitdin?
− Bu xəbəri Nizaminin evindən öyrənmişəm.
− Sən Nizaminin evinə gedib-gəlirsənmi?
− Xeyr, mən özüm gedə bilmirəm. Nizami özü də buna yol verməz. İki nəfər dilənçi qadın vardır. Onlara böyük ehsanlar verirəm. Onları Nizaminin evinə ehsan istəmək üçün göndərirəm. Bu xəbəri onlar mənim üçün gətirdilər. Gələcəkdə onların vasitəsilə daha böyük işlər görəcəyəm.
Toxtamış da, Əmir də bir səslə:
− Afərin sənə, Səba xanım! – dedilər.
Səba isə sözünü davam etdirib:
− Sabaha fitr bayramıdır, – dedi, – Cahanbanu xanımın evində böyük ziyafət vardır. Hərgah Nizami və Rəna orada olmasa da, Fəxrəddinin orada iştirak edəcəyi şübhəsizdir. Mən Əbül-Ülanın etdiyi fitr bayramı ziyafətində bir daha baxtımı sınaram. Bəlkə də, müvəffəqiyyət qazandım. Hər halda məsələdə çətinlik vardır. Çünki Fəxrəddin mənim əlimdən bir neçə zərbə yemişdir. Çarə yoxdur. Əmir həzrətlərinin əmri can qiymətinə olsa da, yerinə yetirməlidir. Hərgah o qəhrəmandırsa, mən də Səba xanımam. Mən onu bu otaqda Əmirin qarşısında diz çöküb yalvarmağa məcbur edəcəyəm.
Toxtamış Səba xanımın cəsarətindən məmnun qaldı, ona xeyir-dua verib getdi.
Xacə Müfid qapının dalında durub Səba xanımın Əmirin otağından çıxmasına müntəzir idi. Nəhayət, sühur vaxtına bir az qalmış Səba xanım Əmirin otağından çıxdı. Xacə Müfid onu görərkən:
− Gözəl xanımın “şərəfə” nail olduğunu təbrik edirəm! – dedi və qabağa düşüb onu otağına yola saldı. Bir azdan sonra kənizlər və cariyələr əllərində boxça Əmiri çimdirmək üçün hamama apardılar. Əmir sabah Ramazanın son gününü oruc tutacaqdı.
* * *
Ramazan ayının 30-da axşam qaranlığı düşəndə üç nəfər şahid xətibin hüzuruna gəlib şəvval ayını gördüklərinə iqrar etmişdilər. Ayın birində gündüz saat 2-də Əmirin qapısında duran taxt-rəvan saraydan hörmətli bir adamın çıxacağını bildirirdi. Orucunu təzəcə sındıranlar Əmirin qapısından dişarı çıxacaq bu “naməhrəm” qadına baxmamaqdan çox da çəkinmirdilər. Bir çoxları “Əmirin qızı Qətibə xanım taxt-rəvana minəcəkdir” – deyə özləri üçün əlverişli mövqelər tutmağa tələsirdi. Çünki Qətibə başqa hərəm qızları kimi üzünü örtməz və küçə xalqına görünməkdən çəkinməzdi. O, taxt-rəvanda getdiyi zamanlarda da pərdələrin salınmasına icazə verməzdi.
Taxt-rəvan hərəkət etməmişdi. Ətraf küçələr və döngələr xalq ilə dolmuşdu. Lakin bu cür hadisələri tez-tez görənlər bugünkü taxt-rəvana əhəmiyyət vermirdilər, çünki taxt-rəvanlar Əmirin qadınını yaxud qızını bir tərəfə apardığı zaman ətraf küçələrin hamısında qoruq elan olunurdu.
Xacə Müfid sarayın qapısından çıxdı, onun dalınca da iki nəfər kəniz və iki nəfər qara zənci qulun müşayiətilə bir qadın çıxdı. Qadın zinətlərinin üzərinə nazik və qara bir ipək salmışdı. O özünü xalqa bildirməmək üçün çöhrəsini bərk-bərk gizlədirdi, çünki xalq onun adi bir cariyə olduğunu bilsəydi, onun mindiyi taxt-rəvanın dalısınca qafilə təşkil etməzdi. Lakin buna baxmayaraq, adamların bir çoxu bilirdi ki, cariyələrdən hər hansı birisi Əmirin “şərəfinə” nail olursa, ona taxt-rəvanla getməyə icazə verilir. Taxt-rəvanın dalısından nərdivanı götürüb yerə qoydular. Xacə Müfid Səba xanımın qolundan tutub taxt-rəvana çıxardı. Sonra kənizlər də taxt-rəvana çıxdılar. Qulamlar isə nərdivanı yığıb taxt-rəvanın dalısına bağladılar. Sonra qulamlar hər birisi bir atın cilovundan tutub çəkməyə başladılar. Küçə xalqı taxt-rəvanın dalınca dəstələrlə gedirdi, lakin taxt-rəvanın pərdələri bir kərə də olsa, qaldırılmadı. Küçə camaatı Səba xanımın taxt-rəvanını Əbül-Ülanın qapısına qədər müşayiət etdi.
Səba xanım bu gün öz köhnə ağası Əbül-Ülanın evinə bir cariyə kimi yox, bir xanım təntənəsilə daxil olurdu. Çünki Əbül-Ülanın ailəsi onun Əmir tərəfindən şərəfləndiyini və hərəm namizədi olduğunu bilməmiş deyildi. Xüsusən, Əbül-Ülanın kiçik qızı Mahtab xanım Səba xanımla hər kəsdən artıq maraqlanırdı, çünki o, ancaq Səba xanımın vasitəsilə zəngin və məşhur bir adama ərə gedəcəyini düşünürdü.
Əbül-Ülanın ziyafətində Fələki, Mücirəddin və bir neçə daha başqa şair və ədib iştirak edirdi. Nizami və onun qadını Rəna isə Məhsəti xanım xəstə olduğuna görə onu evdə tək qoyub gələ bilməmişdilər.
Fəxrəddin hamıdan sonra gəldi. O, Səba xanımın bu ziyafətdə iştirak edəcəyini bilmirdi, əks təqdirdə, ziyafətə gəlməkdən boyun qaçırardı. Lakin o içəri girərkən Səba xanımı görüb Dilşadı xatırladı və ondan Dilşad haqqında bir xəbər bilmək istədi. Amma dərhal onu danışdırmamaq qərarına gəldi, çünki onun Dilşadın adından yalan sifariş gətirməsi və ondan məktub alıb Əmirə təqdim etməsi, nəticədə Dilşadın həbsə alınıb cəzalandırılması Fəxrəddinin yadından çıxmamışdı.
Lakin Fəxrəddin öz qərarında dura bilməyəcəkdi. Səba xanımı görüb danışmamaq heç bir kəsə mümkün deyildi. Onun daima “mən daşı danışdıraram” deməsi heç də əsassız deyildi.
Fəxrəddin Səbanın cəzblərini rədd etmək üçün Mücirəddin ilə başladığı söhbəti uzatmağa çalışırdı. Səba xanım bir neçə başqa qız və cariyələrlə tez-tez Mücirəddin ilə Fəxrəddinin yanından o tərəf-bu tərəfə keçir və aralığa eşqə, məhəbbətə dair söz atırdılar. Çünki ziyafətdə olanların içərisində yalnız Fəxrəddinlə Mücirəddin subay idilər.
Səba xanım Fəxrəddin yanından keçdiyi zaman bu sözləri deyirdi:
− Mən bir məhəbbətin sərxoşuyam, şərab verin. Məni götürüb atəşin içərisinə atın, lakin bu yanan əyrimə su verin, şikayət etsəm də, acıqlansam da,, mənim işim onunladır. Qoy cavab versin.
Qızlar Mücirəddinə və Fəxrəddinə baxıb güldülər, Mücirəddin isə Fəxrəddini dümsükləyib:
− Al gəldi, Fəxrəddin, Səba xanımın işi səninlədir, – dedi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?