Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 12

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 12 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

“Türki sifəti vəfayi mən nist,

Türkanə sifət səzayi mən nist,

Çün həlqəyi şah yaft guşəm

Əz dil bə dəmağ rəft cuşəm”, – acıqla soruşdu, − Bu nə deməkdir? Mən sənə elçilər vasitəsilə göndərdiyim sifarişləri nə üçün dastanına daxil etdin?! Bundan məqsədin nə idi? Sən bu misraları kitaba əlavə etməklə məni türk dilinin və türk xalqının düşmənimi göstərmək istədin? Demək ki, mənim göndərdiyim bu sifarişin nəticəsində mənə olan düşmənçiliyin odu qəlbindən beyninəmi sirayət etmişdir? Çünki sən fars dilində şeir yazmaqdan iyrənirsən, belədirmi?!

Nizami xaqanın sözünü cavabsız buraxmayaraq dedi:

− Mən özümdən heç bir şey əlavə etmədim. Hazırda xaqan nə cəhətə qıcıqlanırsa, mən də onun sifarişini aldığım zaman o cəhətə acıqlanmışdım. Çünki hər kəs üçün öz dili, öz xalqı və öz ədəbiyyatı müqəddəsdir.

Xaqan Nizaminin çöhrəsinə təəccüblə baxaraq:

− Səni də tanıdım. Sənin də qanını siyasi fikirlər zəhərləmişdir. Götür kitabını buradan get, bu kimi əsərlər mənim tərəfimdən heç bir mükafata nail ola bilməz. Əbəs yerə bu qədər zəhmət çəkmisən, – dedikdə Nizami ayağa qalxıb kitabı götürdü və dedi:

− Mən bu əsərimi mükafat almaq məqsədilə yazmamışam. Mən bu əsəri ondan ötrü fars dilində yazmışam ki, xaqan həzrətləri həqir hesab etdiyi azəri xalqının nə qədər mədəni, nə qədər qabil və sənətkar olduğunu bir daha bilsin və xaqan bir daha təsdiq etsin ki, belə bir xalq heç bir zaman əcnəbi boyunduruğu altında yaşamağı sevməz.

Nizami bu sözləri dedikdən sonra bir daha təzim edərək sarayı tərk etdi.


* * *


Şirvan xaqanı Əbülmüzəffərin vəliəhdi Bağdaddan qayıdıb Şirvana getmək üçün Təbrizə gələcək idi. Tam bu günlərdə Qızıl Arslan Nizaminin yazdığı məktubu almışdı. Nizami məktubunda yazırdı:


“Həşəmətli hökmdar!

Aran ölkəsinin hökumət mərkəzi ilə əlaqəsinin olmaması, Həmədan və Bağdadın isə Şimali Azərbaycandan uzaqda olması məmləkət daxilində olan haqsızlığı bir daha gücləndirmişdir. Bu vəziyyət Şirvan xaqanının da özbaşınalığına imkan vermişdir. Bu saatda onun zindanında minlərcə günahsız azərbaycanlı yatır.

Bu günlərdə şair Xaqani həbs edilmişdir. Onu qurtarmaq üçün Şirvana getdim, xaqanın tapşırdığı “Leyli və Məcnun” dastanını da özümlə bərabər apardım. Əsərin müqəddiməsi xaqana xoş gəlmədiyindən məni təhqir edib qaytardı. Xaqanini qurtarmaq mümkün olmadı. Xaqan özünə qarşı təşkil edən sui-qəsddə Xaqani şairin də iştirak etdiyini zənn edir.

Əmir İnanc şimali azərbaycanlıların Qızıl Arslan tərəfdarı olduqlarını əlində ünvan tutaraq aranlıların hüququnu müdafiə etməkdən boyun qaçırır ”.

Qızıl Arslan bu məktubu alandan iki gün sonra Şirvan xaqanının vəliəhdi Təbrizə varid oldu. Qızıl Arslan Şirvan vəliəhdinə Azərbaycanın silahlı qüvvəsini göstərmək üçün Cənubi Azərbaycan qoşunlarının Yanıq, Sərdrud və Təbriz arasında yığışmasına əmr vermişdi.

Təbrizdən Yanığa qədər vəliəhdin keçəcəyi yollar qiymətli xalılarla döşənmişdi.

Vəliəhdə nahar yeməyi vermək üçün Yanıq çeşməsinin ətrafında yüzlərcə çadır qurulmuşdu. Vəliəhdə məxsus qırmızı ipəkdən qurulan çadırın başında qızıldan düzəlmiş böyük bir qübbə vurulmuşdu. Yüzlərcə qızıl kəmərli qulam çiyinlərində qızıl əmud çadırın sağ-solunda düzülmüşdü.

Ürmiya, Xoy, Mərənd, Qaradağ və Xümsə mahalında yığılan yüz min nəfər gənc atlı, Şirvan vəliəhdini Kavkan şəhərindən gətirib Yanığa doğru müşayiət edirdi. Yanıqda Şirvan vəliəhdini Qızıl Arslanın vəziri Şəmsəddin qarşıladı və Qızıl Arslanın salamını ona yetirdi.

Vəliəhd öz çadırında bir-iki saat istirahət etdikdən sonra nahar etmək üçün böyük çadıra gəldi. Yüzlərcə ipək geyimli və zümrüd xalxallı cariyə vəliəhdin xidmətində idi. Nahar yeməyi bitdikdən sonra Təbrizə doğru hərəkət başlandı. Vəliəhd Təbriz ətrafını lazımınca səyahət etmək üçün taxt-rəvanla yox, at ilə getmək istədi. Ona dərhal bir Qarabağ atı təqdim etdilər. Vəliəhd və onun ətrafında gedənlərin atları ipək xalçaların üstündə gedirdi.

Qızıl Arslan vəliəhdi Təbriz altında istiqbal edib gənc vəliəhdin alnından öpdü və onu öz sarayına gətirdi.

Qızıl Arslan vəliəhdi sarayda qonaq adına on beş gün saxlamağı qərara almışdı. Qızıl Arslan bu müddətdə Şirvan xaqanı Əbülmüzəffərə bu məzmunda bir məktub göndərdi:

“Əlahəzrət!

Əmir İnancın xəyanəti nəticəsində Şimali Azərbaycanın idarə işlərində ciddi bir qarışıqlıq yaradılmış, bunun nəticəsindədir ki, əlahəzrət xaqan da bir çox aranlıları həbsə aldırmışdır. Mən bu gündən etibarən Əmir İnancın özbaşınalığına imkan verməmək üçün Aran işlərini öz əlimə almağa və sizinlə Aran xalqı arasında mövcud olan ixtilafı həll etməyə başlamağı qərara alıram. Sizə məlumdur ki, Azərbaycanın rəsmi hökumət mərkəzi Təbrizdir. Hərgah əlahəzrət Əmir İnanca müraciət etməyərək hər bir ixtilaflı məsələdə Təbrizə müraciət etsəydi, iki hökumətin arasında bu qədər böyük ixtilaf çıxmaz, iki ölkənin xalqı da bu qədər zərərdidə olmazdı. Zənn edirəm ki, əlahəzrət hər iki hökumətin mənfəətlərini nəzərə alaraq aşağıda qeyd etdiyim bir neçə məsələnin həlli üçün iradə sadir buyurar.

Əvvəla, nə qədər ki, əlahəzrət vəliəhd Təbrizdə qonaqdır, ixtilaflı məsələləri həll etmək üçün vəkalətli bir heyət göndərəsiniz, əlahəzrət vəliəhd də məsələlərin həllində iştirak edə bilsin.

İkinci, Şirvanla Azərbaycan arasında mövcud olan torpaq və sərhəd məslələrini danışmaq üçün göndərəcəyiniz heyətə tam bir vəkalətnamə əta buyurasınız.

Üçüncü, həbsə alınanların azad edilməsinə fərman sadir etməklə onların təqsirini və onlara dəyən zərərləri təyin etmək üçün göndərəcəyiniz nümayəndələrə tapşırıq verəsiniz.

Dördüncü, əlahəzrət lütfən Xaqani şairin səfər hazırlığını və istirahətini təmin etdirib Təbrizə göndərilməsinə icazə versin”.


Əbülmüzəffər bu məktubu alan kimi Qızıl Arslanın nə demək istədiyini dərhal anladı. O, oğlunun qonaq deyil, girov saxlandığını təyin etdi. O heç bir kəslə məsləhətləşmədən dərhal azərbaycanlıların həbsdən azad edilməsinə əmr verdi. Xaqanini isə həbsxanadan azad etdirib xələt verdi və yol hazırlığını bitirib böyük bir təntənə ilə Qızıl Arslanın yanına göndərdi.

Sülh məsələlərini danışıb sərhəd işlərini nizama salmaq üçün o, Təbrizə on nəfərdən ibarət bir heyət yola saldı.

Heyət Şirvandan hərəkət etmədən qabaq vəliəhdin qasidi Əbülmüzəffərə bu məzmunda bir məktub gətirdi:

“Əlahəzrət!

Dörd gündür ki, Təbrizdəyəm. Özümə göstərilən ehtiram və Təbrizdə gördüyüm istiqbal təntənəsi Şərq tarixində görüb-oxumadığım yeganə bir hadisəsir. Demək olar ki, Azərbaycan atabəyliyinin əsasını Həmədan şəhəri deyil, Təbriz təşkil edir. Burada gördüyüm sərvət, qoşun, təntənə, cəlal və əzəmət Həmədanda gözümə dəymədi. Hazırda mənə yüz nəfər qızıl kəmərli qulam və yüzlərcə zümrüd xalxallı və almaz gərdənbəndli cariyə xidmət edir. Mən Təbrizə varid olduğum gün əlahəzrətin və mənim ömrümə dua edilməsi üçün Qızıl Arslan xəzinənin ağzını açdırıb Təbriz fəqirlərinə hədd-hesaba gəlməyən sərvət payladı. Bir nəfər də olsa, ehsan almayan yoxsul qalmadı. Mən Təbrizə axşam qaranlığında daxil oldum, bütün şəhər çırağban edilmişdi. Şəhər xalqı əllərində lalə şüşəli şamdanlar mənim istiqbalıma çıxmışdı. Mən indiyə qədər Qızıl Arslan qədər mərhəmətli, adil, mülayim, bilikli və elmli bir hökmdar görməmişəm. Mən Təbrizə gəldiyimin ikinci günü məşhur Şərq şairi və alimi Zəhir ibn Tahir, ibn Məhəmməd Fəryabi Qızıl Arslanı ziyarət etmək üçün Təbrizə gəldi, onu möhtəşəm bir hökmdar kimi istiqbal dib saraya gətirdilər. Mən bu gün nahar yeməyini Mücirəddin Beləqanlı, xacə Cəlal Dərəkanı, həkim Suzəni Səmərqəndi, xacə Mahmud Şahsəncan, Rəşidəddin Vətvat və sair alimlər, filosoflar və şairlərlə birlikdə yedim. Qızıl Arslan məclisinin bir səmtində siyasətşünaslar, bir tərəfində filosoflar, o biri tərəfində alimlər və şairlər oturur, çünki hökmdar həm filosof, həm alim, həm siyasətşünas, həm də şeir və ədəbiyyat maraqlısıdır. Əlahəzrət icazə versəydi, bir neçə gün Qızıl Arslanın sarayındakı bu ruhani həyatdan həzz alardım. Mən dünyada elə bir şəxsiyyət bilmirəm ki, Qızıl Arslanla bir saat oturandan sonra onu sevməsin. O məni doğma oğlu kimi sevdi, rahətimi təmin etmək üçün görülən təşəbbüsləri şəxsən hökmdarın özü yoxlamaqdadır. Əlahəzrətə səmimi salam yazmaq üçün dəfələrlə mənə tapşırdı”.


Əbülmüzəffər vəliəhdin məktubun alandan sonra Qızıl Arslanla əlaqənin tamamilə dəyişməsinə qərar verdi. Hətta Nizamini təltif etmək üçün Şirvana dəvət edərək “Leyli və Məcnun” dastanını dübarə gətirməsini rica etdi. Bu dəvətin cavabında isə Nizami:

“Xəstəyəm, yola çıxa bilmərəm” – deyərək dastanı oğlu Məhəmmədlə bərabər Şirvana göndərdi.


QƏTİBƏ VƏ QIZIL ARSLAN


Şirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər.

Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı.

Əmir İnancı hər şeydən artıq rahatsız edən Şirvan şahı Əbülmüzəffərin Təbrizə heyət göndərməsi idi.

Əmir İnancın başqa çarəsi yox idi, o yenə də Həmədana müraciət etməyə və qızına məktub göndərməyə qərar vermişdi. Qızına yazdığı məktubun əvvəlində “mənim əziz qızım Qətibə” əvəzinə “Həşəmətli mələkə” deyə yazırdı.

“Məktubumu alan kimi əlahəzrət Atabəyə Şimali Azərbaycanın düşdüyü təzə fəlakət barəsində danışarsan. Qızıl Arslan işləmək üçün mənə imkan vermir. İslahat aparmaq mümkün deyil, Şirvan – Aran məmləkəti arasında olan ixtilafı həll etmək üçün Təbrizdə müşavirə çağırmışdır. Şirvandan hazırda Təbrizə nümayəndələr gedir.

Qızıl Arslanın təşəbbüsü baş tutarsa, mənim Azərbaycanda yaşamağım mümkün olmayacaqdır. Hərgah əlahəzrət Atabəy bu məsələlərə əhəmiyyət verməzsə, təcili surətdə Bağdada gedib Əmirəlmöminin həzrətlərinə məlumat verərsən.

Əlahəzrət Atabəyə qandırmalısan ki, Qızıl Arslanın əmri ilə Şirvan həbsxanalarından buraxılanların hamısı Azərbaycan atabəylərinin düşmənidir. Əlahəzrət icazə versəydi, Şirvan həbsxanasından buraxılanları biz burada təzədən tutub həbsə alardıq. Çünki onların hamısı üsyançılar və xain fikirlər daşıyan adamlardır.

Mənim bu yazdıqlarımı Atabəy həzrətlərinə xəbər verəndən sonra nə cavab verdiyi barəsində mənə sürətlə məlumat göndərərsən”.


* * *


Atabəy Məhəmməd nahar yeməyindən sonra sərxoş idi. O yenə də əvvəlki adətini davam etdirirdi. Başını Qətibənin döşlərinə qoyub yatmışdı. Səba xanım otağa daxil oldu, Əmir İnancdan gələn məktubu Qətibəyə verib yenə də barmaqları üstündə yavaş-yavaş geriyə dönüb otaqdan çıxdı.

Qətibə məktubu açıb oxudu. Qızıl Arslanın nə Bağdad, nə də Həmədanla hesablaşmadığını və Azərbaycanı özü bildiyi kimi idarə etdiyini oxuyub hönkür-hönkür ağladı, çıldırmaq, qışqırmaq dərəcəsinə gəldi. Qəlbi tam bir sürətlə çırpınırdı. Ürək çırpıntısının qeyri-adiliyi zərif və ağ döşlərində nazlanan qulaqların rahatını pozmadı.

Atabəy oyanıb sərxoş gözlərilə Qətibəyə baxdı. O, Qətibədə yenə bir gənclik şəhvətinin coşmaq istədiyini hiss edərək gənc qadının şəhvətinə təkan vermək istədi və yaşlı Atabəy dodaqlarını bir çocuq kimi Qətibənin döşlərinə söykədi. Sonra qalxıb gərnəşdi, gözlərini ovub yuxunun tozunu göz bəbəklərindən sildi və diqqətlə Qətibənin üzünə baxaraq:

− Gözəl Qətibə, bu nə vaxtın ağlamağıdır? – deyə soruşdu.

Qətibə ağlaya-ağlaya Atabəyə sual verdi:

− Sən indiyə qədər bir həqiqəti mənə aydın etmədin.

− Hansı həqiqəti?

− Mən bilmirəm bu məmləkətin hakimi sənmisən, Qızıl Arslanmıdır?

Atabəy Qətibənin bu sualından nə demək istədiyini dərhal anladı. Qətibə səhv etmişdi, çünki sərxoşluğun xumarlıq dəqiqələrini keçirən hökmdara bu cür sualı vermək böyük bir cəsarət idi. Atabəy Məhəmməd Şimali Azərbaycanın vəziyyətindən xəbərsiz deyildi. Qızıl Arslan vəziyyəti ona öz vaxtında xəbər vermişdi. O, Şirvan şahı ilə Qızıl Arslan arasında başlanan müzakirənin əsasından xəbərdar idi.

Şirvan vəliəhdinin Təbrizdə qonaq adı ilə girov saxlandığını da bilirdi. Qızıl Arslan Şirvanda həbsə alınanların siyahısını çoxdan əldə edib Atabəy Məhəmmədə göndərmişdi.

Bu işdə Əmir İnancın nə qədər xain və ikiüzlü bir siyasət apardığını və başını saxlamaq üçün bir məmləkətin və xalqın mənafeyini satdığını Qızıl Arslan Atabəyə yazıb bildirmişdi. Buna görə də Atabəy Məhəmməd Qətibənin verdiyi suala cavab verərək dedi:

− Qətibə bilməlidir ki, bu məmləkətin sahibləri Eldəniz oğlanlarıdır. Bunlar da məmləkətin yaşdan quruya qədər hər nə işi varsa, həll etməlidirlər. Başqaları isə bunların tikmələri, əlaltıları və rəiyyətləridir.

Qətibə özünü düzəldib bir sual daha verdi:

− Bəs mən nəçiyəm?!

− Qadınımsan, möhtərəmimsən, səni sevib almışam, lakin sənə evlənməklə bir məmləkəti ərə verə bilmərəm. Məmləkətin şərikisən, xalqımın, məmləkətimin xoşbəxtliyi üçün göstərdiyin tədbirləri mən də, Qızıl Arslan da təqdir edəcəyik.

Eyni zamanda bilməlisən ki, Azərbaycanda yeganə bir xanədan vardır ki, o da Eldəniz xanədanıdır. Sənin oğlun da bu xanədanın övladıdır. Lakin bu məmləkətdə Əmir İnanc xanədanı adında bir xanədan yoxdur. Sənin atan kimi mənim məmləkətimdə minlərcə hakimlər vardır. Onun yüksəkliyi orasındadır ki, Qətibənin atasıdır. Hərgah o da atabəylik xəyalına düşərsə, mən Atabəy onu da Rey hakimi İnanc kimi məhv edərəm.

İndi nə sualın vardır?

Qətibə başına hərəkət verərək aldanmış qadınlar kimi dedi:

− Mən tək deyiləm. Bədbəxt qadınların hamısı öz taleyində aldanır. Çünki biz adamları içərisindən yox, dışarısından yoxlayırıq. Kişilər isə ikinci simalarını qızlara evlənəndən sonra dışarı çıxarırlar. Hərgah mən məmləkətin şərikiyəmsə, Atabəyə deyirəm ki, onun qardaşının Azərbaycanda apardığı siyasət doğru bir siyasət deyil. Onun Şirvan şahı ilə başladığı oyun Azərbaycanın gələcəyi üçün qorxuludur.

Qızıl Arslanın Şirvan həbsxanasından buraxdığı adamlar əqidə və fikir cəhətcə yalnız Şirvan və Azərbaycan hökmdarları üçün deyil, ümumiyyətlə hökmdarlar əleyhinə işləyən adamlardır.

Atabəy yenə də Qətibəyə etiraz edərək dedi:

− Qızıl Arslan çox ağıllı iş görmüşdür. Qızıl Arslan görən tədbirlərin düşmənləri, mənim rəiyyətlərimin düşmənidir. Lakin sən Qətibə, təşəkkür etməlisən ki, Qızıl Arslan indiyə qədər sənin atanın bu qədər açıq xəyanətlərini nəzərə almayaraq, hökumət başında qoymuşdur. Sən ağlını başına yığ, yaxşı bir düşün, bu qədər hörmətsizlik nəticəsində Qızıl Arslan sənin atanı tutub boğazından asdırarsa, kimin danışmağa ixtiyarı vardır? Kim bunun üçün Qızıl Arslanı cəzalandıra bilər?! Hərgah sən özünü bu məmləkətin qanunu mələkəsi hesab edirsənsə, atanın adını çəkməkdən utanmalısan, çünki onun məmləkətə etdiyi xəyanətləri heç bir kimsə edə bilməz.

Sənin atan Azərbaycan xalqının dərisini soğan kimi soymuşdur.

Lakin bunların hamısı ilə bərabər Qızıl Arslan sənin hörmətini nəzərə alaraq onu öz yerindən tərpətmir. Amma bu da bizim tərəfimizdən xalqa qarşı bir xəyanətdir, çünki biz milyonlarca xalqı bir nəfərin kefinə tapşırmışıq.

Mən, yainki Qızıl Arslan bir həftə himayət nəzərimizi sənin atanın üstündən çəkərsək, azərbaycanlılar onu gəldiyi yerə qədər qovar.

Zənnimcə, bu qədər kifayətdir. O çox qocadır, artıq həyatda öz vəzifəsini bitirmişdir. Ona daimi bir rahatlıq lazımdır. Məmləkətin gözəl bir tərəfində ona malikanə verəcəyəm, böyük və təminedici maaş təxsis edəcəyəm. Hərgah Bağdadda yaşamaq istəyirsə, onun üçün şəhanə bir saray düzəldilməsinə əmr edəcəyəm, zənnimcə, bu qədər kifayətdir.

Qətibə atasının Gəncə hökumətindən götürüləcəyini eşidərkən hər şeyi unutdu, atasının göndərdiyi məktubu bir kərə xatırından çıxarıb ağladı və Atabəyin əlindən tutub yalvarıcı bir halda dedi:

− Rica edirəm, mənim qoca atamın qəlbinə toxunmayın, qoyun istədiyi qədər apardığı vəzifəsində yaşasın. Hərgah atamın özü istirahətə çəkilməyi arzu edərsə, o zaman yerinə başqasını təyin edərsiniz.

− Onun hərəkətləri özünə qarşı böyük bədbəxtlik hazırlığıdır. Onu bilirsənmi?! – Atabəy Qətibəyə acıqlanmışdı. Ayağa qalxıb otağı səbirsizliklə dolaşırdı. Qətibə isə atasının vəziyyətini fikirləşərək gözünün suyunu sıxırdı. Qətibə nə qədər yalvarırdısa, atasının öz yerində qalması üçün razılıq almaq istəyirdisə, yenə də Atabəy razılıq cavabı vermirdi.

Səba xanım bu söhbətlərin hamısını qapının dalısından eşidirdi. O, vəziyyəti dərhal hiss etdi, barışılmaz vəziyyəti təyin edərkən dərhal Qətibənin oğlu Qütlüğün otağına yüyürdü. Daima Qətibə ilə Atabəy barışmaz vəziyyət aldığı zaman Səba xanım Qütlüğü onların otağına buraxırdı, çünki Atabəyin uşağı sevdiyini bilirdi.

Qütlüğ pərdəni qaldırıb otağa girdi, girən kimi də yüyürüb Atabəyin boynuna sarılıb onu öpdüyü zaman Atabəy də Qətibəyə tərəf dönərək:

− Razıyam, Qətibə, – dedi.


ÜSYAN


Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.

Bir neçə günün içərisində Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.

Yavaş-yavaş həbslər başlanırdı. Həbs xəbərləri Gəncədə böyük həyəcana səbəb oldu. Xalq üsyana qalxmaq və Əmiri Gəncədən qovmaq üçün küçədə və bazarlarda açıq-açığına danışırdı. Nizami Fəxrəddinin öz yoldaşları ilə bərabər xalqı Əmirin əleyhinə qaldırmaq istədiyini eşidərək onları öz yanına çağırıb nəsihət verdi və dedi:

− Məsələ yalnız Əmir İnancı buradan rədd etməyin başındadırsa, bunun üçün heç bir üsyan lazım deyildir. Biz xalqın tərəfindən Qızıl Arslanın yanına bir heyət göndərib xalqın iradəsini ona bildirərik. Mən bilirəm ki, Qızıl Arslanın özü də Əmir İnancın burada qalmasından razı deyildir. Hərgah Qızıl Arslan bu təklifi rədd edərsə, o zaman üsyan etməyə haqqımız vardır.

Fəxrəddin bu fikirlə razılaşmadı və dedi:

− Biz göndərdiyimiz heyət Gəncədən Təbrizə gedib qayıdana qədər Əmir İnanc Aran xalqının yarısını, hətta səni və məni də həbsxanaya salar.

− Onda biz Təbrizə heyət göndərməklə bərabər Əmir İnanca da məktub göndərib həbslərin dayandırılmasını təklif edərik.

− O buna inanarmı?

− İnanmazsa, biz ona, evinə heç bir hücum edilməsi üçün təminat verərik.

Nizaminin bu fikri ilə hamı razılaşdı. Əmir İnanca göndəriləcək məktub yazıldı.


“Həşəmətli Əmir!

Xəlifənin ölüm xəbəri ilə əlaqədar olaraq Aran ölkəsində buraxılan şayiələr tamamilə əsassızdır. Gəncə xalqının heç bir zaman Əmirin evinə hücum etmək fikri yoxdur. Üsyan təşkilatında iştirak etməkləri bəhanə edilərək həbsə alınanların heç bir təqsiri yoxdur. İxtilafı böyütməmək üçün həbsləri dayandırmaq və həbs edilənləri azad etməyiniz məsləhətdir. Gəncəyə yığışan xalqın tələblərini ödəmək heç bir zaman həşəmətli Əmirin şərəfini azaltmaz. Siz beş-on nəfər mülkədarın qəsb etdiyi torpaqları alıb sahiblərinə qaytarmaqla minlərcə qəlbi öz lehinizə çevirə bilərsiniz. Sizin üçün şəhərlərdən zülmkar və soyğunçu hakimləri götürüb yerlərinə insaflı, rəiyyətpərvər adamlardan təyin etmək heç də şərəfsizlik deyildir. Siz əlahəzrət Atabəyin qayınatası olduğunuz üçün məmləkətdə üsyan və ixtişaş çıxarılmasına imkan verməməlisiniz. Sizin hər tərəfdən Gəncəyə qoşun yığmağınız xalqın ruhundakı şübhələri daha da artırar və bu şübhələr bir üsyanla nəticələnmiş olar. Buna görə də həşəmətli Əmirdən rica olunur ki, Gəncəyə yığdığı qoşunların yerlərinə qayıtmasına əmr versin.

Bunun müqabilində də biz Əmirin malının, canının, övladının və sarayının toxunulmazlığını təmin edirik.

Aşağıda imza qoyanlar öz başları ilə bu təminata məsuldurlar”.

Yazılan məktuba iyirmi nəfər imza atıb möhürünü basdı və məktub bir nəfər nümayəndə ilə Əmir İnanca göndərildi. Hər kəs Əmirin bu təminata inanaraq fitnədən-fəsaddan əl götürəcəyinə inanırdı. Lakin bütün bu fikirlər boşa çıxdı. Məktub aparan nümayəndənin sarayda həbs olunaraq boynu vurulduğu xəbəri eşidildi. Hətta məktuba imza qoyanlardan bir neçəsi də həbsə alındı. Əksinə olaraq məktub yazılandan sonra Əmir öz ədavət və qəzəbini bir daha artırdı, əlinə keçəni hər kəs olursa olsun, sarayda başını kəsdirməyə və saray zirzəmilərində boğdurmağa və zəhərli şərbət içirməyə başladı. Qoşun gəlməsi davam edirdi. Əhali böyük bir qorxu qarşısında idi. Fəxrəddin öz yoldaşları ilə bərabər Gəncədən çıxıb Ağsivan çayı ilə Yam arasında olan keçidləri möhkəmlətmək və Tiflisdən Gəncəyə kömək gəlməsinə imkan verməmək üçün çalışırdı.

Fəxrəddinin başqa bir dəstəsi Seyid Əlaəddinin rəhbərliyi altında Şirvan hüdudlarını kəsib Əmir İnancın köməyinə gələnlərə mane olmaq üçün hazırlıq aparırdı.

Fəxrəddinin Şimali Azərbaycan şəhərlərinə göndərdiyi sifarişdən on gün sonra Bazarcuq və Xorsunəng kəndlərinin arasında minlərcə silahlı və atlı gənc yığılmışdı. Gəncə ilə Şirvan və Gürcüstanın əlaqəsi kəsiləndən sonra Əmir İnanc vəziyyətin ağır olduğunu dərhal anladı və vəziri Toxtamışın məsləhətinə görə Gəncənin ziyalı və əyanlarını girov götürüb saxlamağa qərar verib Fəxrəddinə bu məzmunda bir məktub göndərməyi qərara aldı:

“Gəncəyə hücum etdiyin zaman girov götürdüyüm adamların hamısını məhv etdirəcəyəm”.

Lakin bu məktubu göndərmək mümkün olmadı. Gecədən bir neçə saat keçmiş Fəxrəddinin dəstələri üç tərəfdən şəhərə hücum etdi.

Səhər açılıncaya qədər Gəncə altında qanlı müharibə davam edirdi. Günəş Xanəgah kəndinin bağçaları dalından üzünü göstərdiyi zaman qalibiyyət də üsyançı dəstələrin üzünə gülməyə başaldı.

Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdi. Atların dırnaqları gül dəstələrinin üzərində oynayır və Əmir İnanc adamlarının meyitləri üzərindən keçib irəli yüyürürdü.

Küçələrdə gedən müharibə axşamın qaranlığına qədər davam etdi. Gecədən bir saat keçəndə dəstələr Əmirin sarayını mühasirəyə aldılar. Lakin sarayın içərisinə girmək mümkün deyildi. Çünki bir aydan bəri sarayı bərkidib alınmaz bir qala halına gətirmişdi. Əmirin adamları üsyanın üçüncü günü də axşama qədər vuruşdular. Saraydan atılan oxlardan bir çoxları yaralanıb öldü. Nəhayət, qaranlıq düşərkən Əmir özünə ətrafdan kömək gəlmədiyini görüb qələbədən ümidin kəsdi. Lakin vəziri Toxtamış:

− Hələlik sarayda bir neçə həftəlik azuqə vardır. Nə üçün təslim olursan? Bərzənd, Bacerəvan və sair şəhərlərə xəbər vermək lazımdır. O tərəflərdən, şübhəsiz ki, bizə kömək göndərərlər, – deyə Əmiri müqavimət göstərməyə məcbur etdi.

Əmir iki gün daha müqavimət göstərdi. Altıncı gün üsyançılar Əmirin bağça divarlarından birisini söküb içəri girdilər. Müharibə bağçanın içində gedirdi. Vəziyyət qorxulu və ciddi bir şəkil alınca Nizami Fəxrəddinə sifariş göndərdi:

“Rica edirəm xalqını intizama çağır. Qadınlara toxunulmasın, dövlətə məxsus varidata əl vurulmasın, təslim olanlara aman verilsin. Müqavimət göstərməyənlər üzərində silah işlədilməsin. Qulamlara, kənizlərə və cariyələrə mərhəmət göstərilsin. Əmirin özünü və ailəsini həbsə almaqla kifayətlənin. Bacardıqca üsyanın qarətçiliyə çevrilməməsinə çalışın, tək-tək adamların intiqam almaq fikirlərinə imkan verməyin. Hər yol ilə olursa-olsun, Əmir sarayına tökülmüş xalq malının müəyyən bir dəstənin əlinə deyil, ümumi xalqa yetişməsi üçün imkan yaradın. Mühakiməsiz bir nəfərin də burnunu qanatmayın. Qoyun, saraydakıları xalqın özü yığılıb mühakimə etsin. Əmirin qadını və kiçik qızını mühafizə edin, rüsvayçılığa yol verməyin.”

Fəxrəddin Nizamidən aldığı sifarişi tamamilə təqdir etdi və bunu öz adamlarına anlatdı. Lakin sifarişləri həyata keçirmək məsələsi saraya girildiyi zaman çətinləşdi. Fəxrəddin əlində qızılc Əmir hərəmxanasının dəhlizinə girdiyi zaman xacə Müfidin yenə də dəhlizdə boynunu çiyninə qoyub gəzdiyini gördü. Xacə Müfid Fəxrəddini görərkən salam verdi, o qorxusundan əsirdi. Fəxrəddin ondan soruşdu:

− Nə üçün qorxursan?.. De, görüm, həbsə alınanlar haradadır?

Xacə Müfid qabağa düşüb Fəxrəddini Əmirin zirzəmisinə gətirdi və:

− Məhbuslar buradadır, oğlum, – dedikdə Fəxrəddin qapını açıb içəri baxdı. İnsan meyitlərinin qoxusundan insanın ruhu, beyni zəhərlənirdi.

Zirzəmidə bir nəfər də olsa, diri insan yox idi, həbsə alınanların hamısı öldürülmüşdü.

Fəxrəddin qayıtdı, özü ilə bərabər on nəfər götürüb saray dəhlizinə daxil oldu, qapıda adamlar qoyub heç kimsənin içəri buraxılmamasına əmr verdi. Xacə Müfid qabaqda gedirdi. O, kiçik bir qapıya yetişirkən:

− Vəzir buradadır, – dedi.

Fəxrəddin iki nəfərlə bərabər içəri girdi, Toxtamışın yaxasından tutub adamlarına tapşırdı:

− Həbsxanaya!

Xacə Müfid başqa bir otağı göstərib:

− Əmirin özü bu otaqdadır, – deyib boynunu çiyninə qoydu. Bir azdan sonra Əmir öz adamları ilə bərabər qolları bağlanmış bir halda həbsxanaya göndərildi.

Hərəm otağına kimsə daxil olmadı. Fəxrəddinin əmri ilə xacə Müfid içəri daxil olub Əmirin qadını Safiyə xatuna baş əydi və:

− Xanımı Fəxrəddin dəhlizdə gözləyir, – dedi. Bir azdan sonra Safiyə xatun qucağında kiçik bir qız uşağı otaqdan dışarı çıxdı. Qadın qorxusundan titrəyir və ağlayırdı. Fəxrəddin onun həyəcanını təskin etmək üçün tez-tez deyirdi:

− Qorxmayın. Nə etmək olar? Bu hadisəyə ərinizin özü səbəb oldu.

Safiyə xatun yalvarıcı bir səslə:

− Rica edirəm, bizi Nizaminin mərhəmətinə tapşırın. O, mərhəmətlidir. O bizi ölümdən və təcavüzdən saxlar, – deyirdi. Fəxrəddin onları mühafizə etmək üçün öz yaxın adamlarına tapşırıb “Böyük şair Nizaminin evinə aparın”, – dedi.

Üsyançı xalqı sakit etmək mümkün deyildi. Mülkü əlindən alınan, oğlu, qardaşı öldürülən və qızları alınıb Bağdada göndərilənlər bir ağızdan cəza tələb edirdilər. Əmirin sarayındakı beş yüz nəfərdən ibarət cariyə, kəniz və xidmətçini bir yerə yığıb məscidə doldurdular. Saraydan hökumətə məxsus olan şeylər və vəsiqələr vaxt ikən köçürüldü, ondan sonra saray xalqın ixtiyarına buraxıldı. Kənizlərin və qarovulların əlinə azadlıq kağızları verilib buraxıldı. Cariyələrin hamısına evlərinə və ailələrinə qayıtmaq üçün yol xərci verilib yola salındı.

Üsyandan bir həftə keçmiş Əmirin vəziri Toxtamışı edam etmək üçün Məlikşah meydanında dar ağacı qurulmuşdu. Minlərcə adamın gözü qarşısında Toxtamışı dar ağacının altına gətirdilər. Fəxrəddin bir səkinin üstünə çıxıb meydana yığılan xalqa müraciət edib dedi:

− Aran xalqı! Nəhayət, intiqam almaq növbəsi illərdən bəri əzilənlərin, həqarətlər və işgəncələr görənlərin əlinə yetişmişdir. Həmin bu dar ağacında asılacaq zat qırx ildən bəri bizim minlərcə günahsız qardaşlarımızı və əziz vətəndaşlarımızı dar ağacına çəkmişdir.

Din və şəriət pərdəsi altında işləyən bu dinsizlər, xəlifə, Allah və peyğəmbərlər adından danışaraq pula, mala, var və dövlətə, insan zəhmətinin bol-bol istismarına qənaət etmədilər. Hər şeyi aldılar. Kişiləri dar ağacının altına, qadın və qızlarımızı isə hərəmxanalara götürdülər. Şəbran, Beləqan, Bərzənd, Kəştasəfi qızları Bağdad xəlifələrinin sarayına hədiyyə göndərildi. Xalqın əziz və gözəl qızlarını qoyun sürüsü kimi saraylara sürüb bir-birlərinə bağışladılar. Bu gün Əmirin sarayında on minlərcə qızlar, kənizlər, cariyələr, xidmətçi qadınlar azad edilmişdir. Hazırda Əmir İnancın yaxası bizim əlimizə keçmiş, ondan Bağdada göndərilən qızları tələb edirik. Bu gün zalimlərdən haqq-hesab çəkməyə səlahiyyətimiz vardır. Biz heç kəsdən qorxmuruq. Qoy bu intiqam üçün bizi cəzalandırmaq istəyən Atabəylər də öz qoşununu götürüb bizim üstümüzə gəlsin. Biz azərbaycanlılar yabançıların istilasına qarşı apardığımız mübarizədə çox düşməni əzmişik. Bu mübarizə və üsyan davam edəcəkdir. Azərbaycanlılar, indi işə başlamalısınız!

Fəxrəddinin bu sözündən sonra Toxtamışı dar ağacına qaldırdılar. Lakin əhali sakit olmamışdı. Onlar “Əmir, Əmir!” – deyə qışqırırdı. Həyəcana gəlmiş xalqın qarşısını almaq mümkün olmadı. Adamlar həbsxanaya hücum etdilər. Yarım saatdan sonra Əmirin bədəni də Toxtamışın yanından asılmışdı.

Gəncə xətibi və Gəncə qazisinin evləri qarət edildiyi zaman onların evlərindən hər cür musiqi alətləri, şərab ilə dolu küplər, kasalar və piyalələr çıxırdı. Gəncə camaatı bunları gördüyü zaman vaxtilə şairə Məhsəti xanımı çalıb-oxumaq üstündə Gəncədən sürgün etdirən qaziyə və xətibə lənət oxudular.

Gizli vəsiqələr yoxlandığı zaman bir çox mühüm və gizli məktubla bərabər, xəlifənin Əmir İnanca göndərdiyi bir neçə məktub da tapıldı. Azərbaycanın vəziyyətinə dair yazılmış məktubların birisində xəlifə Əmir İnanca belə bir göstəriş verirdi:

“Əhalisi ərəb olmayan məmləkətlərdə xəlifə nüfuzunu bərpa etmək üçün silah işlətmənin vaxtı keçmişdir. Belə məmləkətlərdə dinin nüfuzunu qaldırmaq, xəlifənin nüfuzunu müdafiə etmək deməkdir. Siz xəlifənin nüfuzdan düşməsi səbəblərini ancaq dinin nüfuzundan düşməsində aparmalısınız.

Buna görə də çalışmalısınız ki, azərbaycanlılar ərəblərin onlara qəbul etdirdiyi dini geri qaytarmasın və başını dini hökmlərin altından çəkib çıxarmasın.

Tarixdən aldığımız təcrübələr göstərir ki, İslam dini hələlik Azərbaycan xalqının milli xüsusiyyətlərini yeyib məhv edə bilməmişdir. Babəkin və sairlərin üsyanları göstərdi ki, azərbaycanlılar İslam dininin qanunlarını həzm edə bilməzlər. Çalışmalısınız ki, xalq bu dinə yabançı və məcburi bir din kimi baxmasın.

Siz əbəs yerə tək-tək ərəblərin Azərbaycanda yaşaya bilməsi üçün açıqdan-açığa ixtilaf çıxarırsınız. Bu çox sadə və faydasız bir mübarizədir. Onu bilməlisiniz ki, dini olduğu kimi saxlamaq ərəbi bütünlüklə saxlamaq kimidir. Məktubda Məhsəti xanım kimi şairənin köçürüldüyünü yazırsan. Bu mübarizə deyil, sız yalnız çalışaraq Məhsətiləri yaradan mühiti və şəraiti zəhərləyib məhv etməlisiniz.

Yazdığınız məktublar göstərir ki, din, təriqət və məzhəb işləri ilə xalq o qədər də maraqlanmır. Buna görə də vaxtlarını şeirə, musiqiyə və milli mədəniyyət işlərinin inkişafına sərf edirlər.

Bunun üçün də mən keçən məktublarda sizə məsləhət görmüşdüm ki, ətrafdan din və təriqət alimlərini çağırıb dini mübahisələri xalqın arasına salın. Möcüzələr və xariqüladə hadisələr yaradılmasına çalışın.

Bilmirəm nə üçün Şimali Azərbaycanın dağlıq hissələrində olan müridbazlığı inkişaf etdirmirsiniz… Müridbazlıq yalnız xalqın şüurunu din ətrafında bir yerə yığmaqla kifayətlənmir. Müridlərdən düzələn dəstələri lazım gəldiyi zaman silahlı qüvvə yerinə işlətmək mümkündür”.

Əldə edilən məktubların içərisində başqa məktublar da var idi. O məktubların bəzisində xəlifə maddi yardım tələb edir, ipəklər, qumaşlar, xalçalar göndərilməsinə əmr verirdi. Məktubların birisində:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации