Текст книги "Qılınc və qələm"
Автор книги: Məmməd Səid Ordubadi
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]
− Gözəl Teyyubəm, harada qalmışdın? Səni bir saat əvvəl gələcəyin üçün mənə vədə verməmişdinmi?!
Mən qorxurdum, bütün vücudum əsirdi, qorxa-qorxa and içib dedim:
− Mən Teyyubə deyiləm, mənə toxunmayın, mən Səba xanımam, Fəxrəddinin sevgilisiyəm, onunla görüşmək üçün gəlmişəm.
Onlardan biridi?
− Elə isə xoş gəlib səfalar gətirmisən. Bu gecə Fəxrəddinin şərəfinə bizə qonaqsan, – deyərək əlini atıb şeyləri görərkən qarışqa kimi vücuduma darışdılar. Uşaqlar çiçəkləri yoluşduran kimi üst-başımı yoluşdurdular. Cavahirlərimi alandan sonra mən yenə ağlayıb onlara yalvarırdım. Lakin məni buraxmadılar, gecə saat ikiyə kimi yanlarında saxladılar. Sonra isə bütün libaslarımı aldıqdan sonra, nəhayət, məni yola saldılar.
Əmir acıqlandı, və:
− Alçaq cariyə, səni saçlarından asdıracağam, – dedikdə Səba xanım ağladı və başından dəsmalı ataraq başını göstərdi.
− Əmir həzrətlərinə xidmət göstərmək istərkən saçlarımı da qurban verdim. Saçlarıma düzdüyüm zümrüd və inciləri gecə qaranlığında soyub götürə bilmədiklərindən onları saçlarımla bərabər kəsib götürdülər və gedərkən dedilər:
– “Get Fəxrəddinə xəbər ver ki, hərgah qəhrəmandırsa, qoy gəlib sənin namusunun intiqamını bizdən alsın”.
Əmir bir sual daha verdi:
− Bəs apardığın məktub?!
− Məktubu da, hətta Əmir həzrətlərinin Nizamini zəhərləmək üçün verdiyi zəhəri də cibimdən tapıb götürdülər.
Əmir qalxıb Səba xanıma bir sillə vurdu:
− Bəs mənim şərəfim?!
Səba xanım bu sözə cavab verə bilmədi, çünki beş saat tamam, naməlum adamların içərisində gecələmişdi.
Nəhayət, Toxtamış məsələyə müdaxilə edərək dedi:
− Hərgah bu cinayəti icra edənlər Fəxrəddin tərəfindən təyin edilən adamlar olsaydı, o zaman hadisənin nəticəsindən qorxmağımız lazım gələcəkdi. Hərgah Səba xanım onların tamamilə yabançı və Fəxrəddinə düşmən adamlar olduğuna inanırsa, burada bir qorxu yoxdur. Aparılan qiymətli şeylərdən Əmirin xəzinəsində çoxdur, tüklər də bir ayın içərisində saç qərarına gələ bilər. Saxta saç düzəltmək də mümkündür. O ki qaldı şərəf məsələsinə, bu da gülünc bir işdir, çünki onlar Səba xanımın nail olduğu şərəfi yox, Fəxrəddinin şərəfini ləkələmişlər. Ola bilsin ki, onlar Səba xanımın Əmirin şərəfini daşıdığını bilsəydilər, bu cinayəti etməzdilər.
Əmirin acığı söndü. Vəzirin dedikıəri onun başına girdi. Xacə Müfidi çağırıb dedi:
− Səba xanımın paltarlarını gətir! Onun nə istəyi varsa, heç bir kəsə bildirmədən düzəltməlisən.
Xacə Müfid getdi. Toxtamış Səba xanıma müraciət edərək onun həyəcanını təskinedici bir surətdə dedi:
− Həyatda bu cür hadisələr çox ola bilər. Lakin insan heç vaxt öz mətanətini itirməməlidir. Sən sabahdan etibarən Fəxrəddini görmək üçün çalışmalısan. Onun nə üçün səni gözləmədiyini öyrənməlisən. Hərgah bu cinayət onun düzəltdiyi bir cinayət deyilsə, onu saraya gətirmək üçün çalış. O ki qaldı Nizami məsələsinə, öz dilənçilərini əldən buraxma. Zəhəri apardılarsa, qoy aparsınlar. Ondan Əmir həzrətlərində çoxdur. Bu günlərdə Nizami ailəsinin işini bitirməlisən. Onun özü də, Rənası da, himayəsində yaşamaqda olan şairə Məhsəti xanım da bu yaxın günlərdə məhv olmalıdır.
Səba xanım sevindiyindən ağlayaraq:
− Bütün varlığımla bu vəzifələri yerinə yetirəcəyəm, – dedi.
HİYLƏ
Atabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı.
“Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı.
Püsəran, Bazarcıq, Bərdə, Xürsənək, İsfahan və Xanəgah tərəflərində yaşayan xalq tamamilə başını öz daxmasına çəkib Atabəyin gəlib keçməsini gözləyir və şübhə altına alınmamaq üçün dişarı çıxa bilmirdi.
Vaxtilə Əmirin əlindən şikayət etmək üçün ərizə yazdıranlar indi qorxularından qaçıb gizlənmiş və ərizələrini də yandırmışdılar.
Əmir bu qədər müvəffəqiyyətə baxmayaraq, yenə ehtiyatını əlindən buraxmamışdı. O, Atabəyin keçib gəldiyi yolları silahlı qoşunla polad hasar içərisinə almışdı.
Atabəy keçdiyi yollarda bir nəfərin də olsa, gözə görünməməsindən təəccüb edərək Əmirin vəziri Toxtamışa sual verdi:
− Bütün yol uzunu təsadüf etdiyimiz abadanlıqda insan yaşamırmı?
Mən Qarabağdan Gəncəyə qədər gəldiyim otuz dörd fərsəng yolda bir nəfər də olsun görə bilmədim. Əcəba bunun səbəbi nədir?!
Toxtamış qocalmış və əyilmiş başını bir daha əyərək:
− Belədir, əlahəzrət, belədir! – dedi, – lakin onların yol üzərində görünməməsindən bu nökərinizin ürəyi qismən sakit olur. Çünki bir neçə gün bundan qabaq əlahəzrətin həyatına sui-qəsd etmək məqsədilə düzəldilmiş gizlin bir təşkilat ifşa edilmişdir. Allah-taala həzrətlərinə çox şükür olsun ki, Əmir həzrətlərinin gözüaçıqlığı sayəsində əlahəzrəti düzəlmiş xəyanətin bədbəxtliyindən qurtara bildik.
Toxtamışın bu sözləri Atabəy Məhəmmədi hər şeydən artıq düşündürdü, çünki qardaşı Qızıl Arslan Azərbaycan xalqının atabəylərə hüsn-rəğbət bəslədiyini dəfələrlə ona yazmışdı.
Toxtamış Atabəyin fikir dəryasına qərq olunduğunu hiss edərək onun Azərbaycan xalqı haqqındakı şübhələrini bir daha dərinləşdirmək istəyərək dedi:
− Üsyançı kəndlərin hamısına cəza dəstələri qoyulmuşdur. Bunu Atabəy həzrətlərinin mübarək xatırlarına kədər yeritmək üçün deyil, əlahəzrəti öz məmləkətinin vəziyyəti ilə xəbərdar etmək üçün ərz edirəm.
Atabəy həzrətləri Aran məmləkətinə qədəm qoyduğu gün böyük bir üsyan başlanacaqdı. Əmir cənabları hadisənin qabağını bir ildırım sürətilə aldı. Bunların hamısı Əmir cənablarının təzə xanədana olan səmimiyyət və sədaqətinin məhsuludur.
Atabəy fikrə getsə də, Toxtamışın Azərbaycanlılar haqqında verdiyi məlumata inana bilmirdi.
Atabəyin qafiləsi Gəncə şəhərinə gəldiyi zaman Atabəy taxt-rəvanı saxlatdırıb at istədi. Əmir baş endirib dedi:
− Əlahəzrətin əmri nökərləri üçün anundur. Lakin əlahzərətin at üstündə şəhərə girməsi qorxuludur.
Atabəy bu sözlərlə razılaşmayaraq:
− At gətirin! – dedi.
Dərhal at gətirdilər. Atabəy taxt-rəvandan düşüb ata mindi. O, Gəncəni görməmişdi, şəhərlə həddindən artıq maraqlanırdı. Lakin Atabəy hər tərəfə baxsa da, İraq atlılarından başqa heç bir kəsi görə bilmirdi. Ancaq saraya yaxınlaşdığı zaman müəyyən adamlardan ibarət bir istiqbal dəstəsi gördü. Bunlar mülkədarlar, ruhanilər, hökumət məmurları və sairlərdən ibarət idi. Atabəyin qafiləsinin dalısınca və qarşısınca iki mindən ibarət fars atlıları gedirdi. Atabəylər daima türk ölkələrinə səfər etdiyi zaman farsları yanlarınca götürər, fars məmləkətlərinə səyahət etmək istədikdə isə mühafizə dəstələrini türklərdən düzəldərdilər.
Əmir və onun vəziri belə bir tədbir görmüşdülər: Atabəy şübhələnməsin deyə ona ərizə vermək üçün müəyyən adamlar yaxın olan küçələrdə durub atabəyi görərkən əllərini yuxarı qaldıraraq öz ərizələrini göstərirdilər. Atabəyin adamları ərizələri yığır və ağzı bağlı bir sandıqçaya salırdılar.
Atabəyə verilən ərizələrin məzmunu Əmirin ədaləti və onun məmləkət əhalisinə göstərdiyi məhəbbəti, üsyançıları məhv edib məmləkətdə əmin-amanlıq bərpa etməsi və əmirin Aran hökumətində saxlanması arzularından ibarət idi.
Ərizələrin çoxunu Azərbaycanda böyük kəndlərə və malikanələrə sahiblənmiş ərəb və farsların türklər əleyhinə verdikləri şikayətnamələr təşkil edirdi. Fəxrəddin və sairlər nə qədər cəhd etdilərsə də, irəli keçmək və bircə dənə də olsa, ərizə vermək imkanını əldə edə bilmədilər.
Atabəy bu kimi müəmmalı vəziyyətin içərisində saray qapısına çatdı və atından düşüb saraya daxil oldu.
O, üç gün heç bir kəsi qəbul etmədi, səhərdən axşama kimi verilən ərizələri oxutdurub onlardan ölkənin vəziyyətini öyrənmək istədi. Lakin bütün ərizələrdə Əmirin ədalətindən, böyüklüyündən başqa heç bir məlumat verilmirdi.
Axşamları isə Atabəy vaxtını Əmirin düzəltdiyi ziyafətdə, eyş-işrətdə, saqilər, mütrüblər, rəqqasələr, gözəl cariyələr, çalanlar, oxuyanlar, nadimlər, məzhəkəçilər və təlxəklərlə əylənməkdə keçirirdi.
Atabəy nə Gəncə əyanlarının, nə də qonşu hökumətlərdən gələn heyətləri qəbul etməmişdi. O əvvəlcə vəziyyəti öyrənib sonra xalq nümayəndələri və qonşu hökumətlərdən gələn heyətləri qəbul etmək istəyirdi. Lakin bu da mümkün deyildi. Çünki Əmir onu xarici dünyadan ayırıb saraya salmış və qapısını bağlamışdı.
TƏSADÜF
− Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir.
Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi.
Buna görə o, şübhələrini Nizamiyə açmaq istədi:
− İndi Əmir bizdən çox asanlıqla intiqam ala biləcəkdir. Madam ki Atabəy üç günün müddətində bir kimsəni qəbul etməmiş və xalqın nümayəndələrini yanına çağırmamışdır, demək, biz bundan yaxşı heç bir nəticə gözləyə bilmərik.
− Sən xalqın əlində qalan ərizələri yığıb saxla, qorxudan yandırılmış ərizələrin təzədən yazdırılmasına çalış. Heç şübhə yoxdur ki, Atabəyə verilən ərizələrin hamısı bizim əleyhimizə olmasa da, Əmirin lehinədir. Atabəy mütləq məni öz yanına dəvət edəcəkdir. Mən sənə söz verirəm, mənə inan, əlində yığılıb qalan ərizələri Atabəyin şəxsən özünə verəcəyəm. Əmir mənə heç bir şey edə bilməz. O məni məhv etməyi bacarsaydı, Atabəyin bura gəlməsini gözləməzdi. Gec-tez mən Əmirlə üz-üzə gəlməyə məcbur olacağam. İndi çox əlverişli bir gündür. Onun xəyanətlərini üzünə çırpmaq lazımdır. Sən mənə inan, Atabəyin Əmirə qarşı bəslədiyi müsbət fikirləri tamamilə dağıdacağam. Lakin mən yalnız bir şeydən qorxuram.
Nizami bu sözləri dedikdən sonra susdu. Fəxrəddin isə onun bu son sözlərindən şübhələnərək soruşdu:
− Səni qorxudan səbəbləri mənə söyləyə bilməzsənmi?!
Nizami və Fəxrəddinin bu sualından sonra qalxıb otaqda bir qədər gəzindi və dedi:
− Bizim müharibəmizin çətinliyi orasındadır ki, mübarizə apardığımız adam hər bir alçaqlığa getməyə qabildir. Əsrimizdə bu cür adamlar çoxdur, onlar xain, dəyərsiz, qabiliyyətsiz olduqları üçün yüksəlməyi ancaq alçaqlıqda axtarırlar. Bizim mübarizə apardığımız Əmir də bu qəbil adamlardandır. O bu gün Toxtamışın tədbirləri nəticəsində yaxasını şikayətçilərin əlindən qurtardısa da, bu müvəqqətidir. Onu Azərbaycanda heç bir qüvvət yaşada bilməz. Onu burada saxlaya bilən bir qüvvət varsa, o da gənc və gözəl qızı Qətibədən ibarətdir.
Fəxrəddin bu sözə etiraz edərək dedi:
− Ola bilməz! Qız çox gəncdir. Atabəy isə yaşlıdır.
− Sən tarixi unutma. Xəlifə Qaim Biəmrullah öz on üç yalı qızı Seyidəni altmış beş yaşında olan Toğrul bəyə nə məqsədlə vermişdisə, bizim Əmirimiz də öz iyirmi iki yaşlı gözəl Qətibəsini altmış yaşında olan Atabəy Məhəmmədə haman məqsədlə verə bilər. İndi məni anladınmı? Məni qorxudan cəhət də bundan ibarətdir. Hazırda biz alçaqlıq və həyasızlığın həqiqətlərə üstün gəldiyi bir əsrdə yaşamaqdayıq! Nə edəcəksən?! Biz hər nə olursa, olsun, bütün həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə müqabilə edəcəyik; indi məğlub olsaq da, tariximiz qalib çıxacaqdır. Sənə bir vəsiyyət edəcəyəm: heç bir zaman “gedin, qorxmayın, dalınızca gəlirik” – deyənlərə inanma, elələri bir çətinlik hiss etdiyi zaman ya qayıdıb qaçar, yainki düşmənə satılaraq səni arxadan vurar. Bu xəyanəti ancaq yuxarı təbəqə içərisindən gözləməlisən. Aşağı təbəqəni qəsbkarlara qarşı mübarizənin qabaq cərgələrində görəcəksən. Onlar öz haqları və öz rəhbərləri yolunda ölməkdən qorxmazlar. Çünki onlar keçirdikləri həyatda hər gün bir neçə kərə ölüb yenə də dirilirlər. Ölüm onlar üçün o qədər də dəhşətli deyildir.
Fəxrəddin Nizaminin əlini sıxaraq:
− Belədir, böyük şair! – dedi, – lakin bizim arxalandığımız yoxsullar da qəsbkarlara öz avamlıqları üzündən tez-tez aldana bilərlər. Əmir isə hər gün mənim üçün bir hadisə törədir. Səba kimi bir əxlaqsızı mənə qarşı qoyubdur.
Nizami heyrətlə qaşlarını çataraq soruşdu:
− Səbanın hərəkətlərini sən bir hadisəmi hesab edirsən?!
− Onun məni saraya aparmaq istəməsi məgər qorxulu bir hadisə deyilmidir?!
− Çox əcəb, o səni saraya dəvət etdi, sən də boyun qaçırdın. Burada nə kimi bir hadisə vardır?!
− Vardır. Böyük hadisə baş verdi. Haman gecə mən onunla görüşməyə getmədim. Görüş üçün bir neçə adam göndərdim. Onlar isə Səba xanımı soymuş, qiymətli şeylərini əlindən almış, özünü təhqir etmiş, hətta saçlarını belə kəsmişlər.
− Sən hansı bir ağılla bu işi tutdun?! Qadını təhqir etmək, qadının saçlarını kəsmək kimə yaraşar?! Bunu özünə qəhrəman adı verən bir adam vicdanına sığışdıra bilərmi?!
Fəxrəddin, acığın gəlməsin, belə görürəm ki, biz keçmiş çocuqluq və gənclik günlərimizin xatirəsilə kifayətlənərək ayrılmağa məcbur olacağıq. Mən bir qadına qarşı edilən bu cür rəhmsiz hərəkətlə razılaşa bilmərəm.
Fəxrəddin hər dəfə olduğu kimi yenə də sakit durmayıb cəsarətlə cava verdi:
− Sənə bir sual verirəm: o həyasız qadın məni aldadıb saraya aparmaqda məqsədi nə idi? O məni ziyafətəmi aparırdı? Əcəba, saraya girən kimi məhv edilməyəcəkdimmi?! Məni öldürmək istəyən bir xainə nə cəza verə idim? Mən onu hələ öldürməli idim, lakin saçlarını kəsdirməklə bu dəfə ona xəbərdarlıq etdim.
− Sənin dediklərin doğrudur. Orada səni məhv edəcəklərdi, getmədin, çox da ağıllı iş gördün. Lakin sən Səba xanımın Əmirdən gətirdiyi məktubu alıb cibinə qoymalı idin, sonra da ona nəsihət verib deməli idin ki, “mən sənin xəyanətinə qarşı səni öldürüb məhv etməli idim, lakin səni bağışlayıram, bir daha belə işlər görmə! Bu cür işlər sənin əbədi olaraq bədbəxtliyinə səbəb olar .
Məncə, Səba xanım səndən gördüyü bu alicənablığa qarşı utanar və bir daha bu cür xəyanətlərə iqdam etməzdi.
− Yox, onun əxlaqı pozulmuşdur. Onu heç bir nəsihət və heç bir cəza doğru yola gətirə bilməz. Onun şəxsən mənim əleyhimə olmasının səbəbi bəllidir. Əmir də bundan istifadə edərək ona bu vəzifələri tapşırır. O isə Əmirin dediklərini ifa etməyə məcburdur. Belə olduqda mən özümü müdafiə etməyə və düşmənə öz yerini göstərməyə haqlı deyildimmi?!
Nizami daha danışmırdı. Səba məsələsinin bu kimi bir təhqirlə həll olunduğu onu təbii halından çıxarmışdı. Fəxrəddin isə pərişan bir xatırla durub pəncərədən həyətə baxırdı. O, böyük bir həyəcan içində idi. O bu səhvi nəticəsində Nizami kimi bir səmimi yoldaşını itirəcəyindən qorxurdu.
Lakin Fəxrəddinə təsəlli verəcək bir cəhət var idi. Nizami küsməyi bacarmaz və kin saxlamağı sevməzdi. O, bir neçə kərə Fəxrəddinə acıqlanmış, bir-iki gün onu danışdırmamışdısa da, lakin sonra yenə də özü çağırıb barışmışdı. Amma onun bu son səhvi Nizamini təbii halından çıxarmışdı. O, bir dəqiqə də olsa, saç kəsilməsi məsələsini yadından çıxara bilmirdi. Tez-tez evi dolaşır və deyirdi:
− Kimə söyləyəsən? Bir qadını təhqir etmək bəs deyilmiş, üstəlik bir saçlarını da kəsdirdin!
Fəxrəddin danışmırdı, o, pəncərədən həyətə baxıb düşünürdü.
Bu anda bir dilənçi qadın küçə qapısından həyətə girdi. Həyətdə kimsə yox idi. Qadın ocağın başına tərəf irəlilədi. Bir daha o tərəf-bu tərəfə baxıb qoynundan nə isə çıxartdı və tələsik ocaq üstündə qaynamaqda olan qazançaya tökdü.
Dilənçi qayıdıb həyətdən çıxmaq istərkən birdən Fəxrəddin dəli kimi yerindən sıçrayaraq qışqırdı:
− Dayan, haramzadə! – O, cəld həyətə atıldı və dilənçinin qolundan tutub otağa çəkdi.
Dilənçi qorxusundan titrəyirdi. Fəxrəddin onu üzü üstə yerə atıb xəncərini çəkdi:
− De görüm qazançaya atdığın nə idi?
Dilənçi qadın yalvarmağa başladı:
− Rəhm et! Öldürmə. Bu mənim işim deyildi.
Fəxrəddin isə sakit olmayaraq təkrar edirdi:
− De görüm qazançaya atdığın nə idi?
Nizami dilənçinin və Fəxrəddinin danışıqlarından heyrətə düşmüşdü. O, məsələnin nədən ibarət olduğunu və mübahisənin nə kimi bir cinayət üstündə başlandığını bilmirdi. Buna görə də Fəxrəddinə müraciət edib qışqırdı:
− Bu nə deməkdir?! Mənim evimdə zavallı dilənçini nə üçün incidirsən?
Fəxrəddin ona cavab verməyərək dilənçiyə təpindi:
− Doğrusunu söyləməsən, heç bir nəsihətə baxmayıb səni öldürəcəyəm.
Dilənçi bu dəfə Nizamiyə yalvarmağa başladı:
– Məni öldürməsin, hər nə varsa, əvvəldən axıra qədər deyəcəyəm. Allah o qızın evini yıxsın, mənim bu cür işlər nəyimə lazım idi?!
Nizami soruşdu:
− Hansı qızı deyirsən?
− Adını bilmirəm. Amma özünü tanıyıram. Əbül-Ülanın evində olduğu zaman mənə olmasın ehsanlar etmişdi. İndi də əli böyük yerlərə çatıbdır. Hər cümə axşamı qabiristanda mənə rast gələndə yenə də ovuc dolusu pul verib kefimi xəbər alırdı. Bu gün yenə də o məni qəbiristanda görüb bir ovuc pul verdi və dedi ki, sənə bir iş tapşıracağam. Hərgah yerbəyer edə bilsən, səni dilənçiliyin əlindən qurtaracağam. Nə kimi bir iş tapşıracağınnı soruşdum. Dedi ki, “mən bir torpağa cadu oxutdurmuşam, onu aparıb filankəsin xörəyinə tökməlisən”.
Mənim günahım bundan ibarətdir, vəssalam.
Nizami Fəxrəddinə müraciətlə:
− Sən bunun qazançaya bir şey tökdüyünü gördünmü? – deyə soruşdu.
− Bəli, gördüm, qazançaya tökdüyü cadu torpağı deyil, sizi zəhərləmək üçün hazırlanmış zəhərdir. İndi bu saat onun zəhər olub-olmadığını bilərsən.
Fəxrəddin bunu deyərək cibindən çıxardığı zəhərləri açıb dilənçiyə göstərdi:
− Qazançaya tökdüyün torpaq bu torpaqdan idimi?
Qadın ağlaya-ağlaya:
− Bəli, bu torpaqdan idi, – dedi.
Fəxrəddin Nizamiyə tərəf döndü:
− Bu zəhərlər Səba xanımın cibindən çıxmış şeylərin içərisində idi. O səni də, Rəna xanımı və Məhsəti xanımı da məhv edəcəkdi. İndi deyin görüm mən onu öldürməməkdə səhv etmişəm, ya yox?!
Bu onun şəxsi təşəbbüsüdür. Onu heç bir kəs buna məcbur etməmişdir.
QƏBUL RƏSMİ
Atabəy Məhəmmədin Gəncəyə gəldiyinin üçüncü günü carçılar Gəncə bazarında bu sözləri car çəkirdilər:
“Hər gün səhər saat doqquzdan günortaya qədər Atabəy Məhəmməd həzrətlərinin təyin etdiyi hökumət məmurları əhali tərəfindən veriləcək ərizələri qəbul edəcəkdir. Bir həftənin müddətində hər kəsin ərizəsi varsa, gətirib verməlidir. Verilən ərizələri şəxsən Atabəy həzrətlərinin özü oxuyacaqdır”.
Qəbul rəsmi səhər saat 9-dan başlamışdı. Eyni zamanda Atabəyin məmurları saray qapısından bir az kənarda kürsü qoyub oturmuşdular, gətirilən ərizələri ağzı möhürlənmiş sandığın deşiyindən içəri salırdılar.
Əmirin böyük salonu döşənmişdi. Atabəy Məhəmməd bir neçə gün qonşu hökumətlərdən gələn heyətləri qəbul etdi. Şirvan, Gürcüstan və Abxazdan gələn heyət üzvlərini qəbul etdi, gətirilən hədiyyələri, xalıları və gözəl atları nəzərdən keçirdi.
İkinci gün Gəncə xətibi və Gəncə ruhaniləri Atabəyin hüzuruna qəbul olundular. Şairlərdən ancaq Əbül-Üla çiynində qiymətli bir xələt olduğu halda, Atabəyə təqdim edilərək yazdığı mədhnaməni oxudu.
Əbül-Ülanın mədhnaməsindən Atabəy o qədər də xoşlanmadı, bir kəlmə də olsa, danışmadı və şairi mükafatlandırmadı. Ancaq məclisə göz gəzdirib Əmirə müraciət etdi:
− Bəs Gəncənin sənətkar şairi Nizami hanı? Onun şeirləri Xarəzmşahlar, Şirvanşahlar, Qızıl Arslanlar sarayında oxunduğu halda, iki addım məsafədə olan Əmir sarayında onun səsi eşidilmir?!
Mən Təbrizdə Qızıl Arslan sarayında qonaq olduğum gün o, süfrə başında sənətkar şairin iki misrasını oxudu. Nə qədər mozun, nə qədər şairanə idi:
Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə baxtım var,
Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var.
Bəs hanı Soltan Səncər xəzinəsinin qiymətli cavahirlərini yaradan Məshəti xanım?! Hanı Azərbaycan mülkünün Xəyyamı?! O da burada yoxdur! Qızıl Arslan Məhsəti xanımdan bir neçə rübai oxuduqdan sonra məndə belə bir qənaət hasil oldu ki, Məhsətini oxuyan Xəyyamı, Xəyyamı oxuyanlar isə Məhsəti xanımı oxumuş kimidir.
Mən Şimali Azərbaycan səyahətinə gəldiyim zaman hər şeydən əvvəl Xaqani, Nizami və Məhsəti xanımla görüşməyi qərara almışdım. Nədənsə mənim arzum əleyhinə olaraq sənətkar şairlərin heç birisini bu məclisə dəvət etməmişlər. Şair olmayan məclisdə xalq da yoxdur. Buradakılar isə məncə, daima Əmirin sarayında vaxt keçirən şəxsiyyətlərdir.
Mənə qalırsa, Əmir bu səhvini çox tez bir surətdə düzəltməlidir. Mədəniyyəti yaradan, məmləkətin nöqsanlarını hamıdan əvvəl hiss edən, xalqın arzu və iradəsini bəddi bir şəkildə ifadə eləyən ancaq şairlərdir.
Əmir qalxıb baş endirdi, danışmaq üçün icazə aldı.
− Atabəy həzrətlərinin buyurduqları doğrudur. Lakin şeir dünyasının tacdarı Əbül-Üla olan məclisdə gənc Nizaminin və gənc Xaqaninin şeir oxumağa cürəti yoxdur. Məhsəti xanım isə çox qoca və bərk xəstədir.
Atabəy Əmirin sözünü ağzında yarımçıq qoyub dedi:
− Siz elə bilməyin ki, mənim vaxtım fars və İraq-ərəbdə gedən müharibələrlə məşğul olduğu üçün Azərbaycandan xəbərim yoxdur. Aldığım məlumata görə, qoca şair Əbül-Üla özündən sonra şeir dünyasına yol açan gənc Nizami və gənc Xaqanini görmək istəmir. Buna görə də mən Əmirin sözünü bir cəhətdən təsdiq edərək deyirəm ki, bəli, Əbül-Üla olan məclisə nə Xaqani, nə də Nizamilər gəlmək istəməz!
Bunun qüsuru yenə də məmləkətin iradəçilərindədir. Qocalara keçmişləri, gənclərə isə gələcəyi üçün qiymət verilsəydi, hər kəs öz əməyinin qədərincə mükafat alardı. Bu gün minlərcə fərsəng yoldan Gəncənin ziyarətinə gələn Atabəy öz məmləkətinin dəyərli simalarını öz məclisində görmək səadətindən məhrum edilməzdi.
Əmir həzrətləri elə bilməsin ki, hökmdarlar yalnız qılıncla məşğul olmalıdır. Mən Əşrafsani Səmərqəndi ilə görüşdüyüm zaman qoca filosof birinci görüşdə məndən gənc Nizamini soruşdu. Seyid Həsən Əşrəf Qəzvini çox ixtiyar bir şair olduğuna baxmayaraq, uzaqdan-uzağa Nizaminin və Xaqaninin müridi kəsilmişdir.
Mənim sarayımda aylarca qonaq qalan həkim Suzəni Səmərqəndi, Camaləddin, Əbdürəzzaq İsfahani, Həkim Muxtari, Şəhabəddin, Məhəmməd İbn Rəşid Qəznəvi, Nizami Əruzi Səmərqəndi, Şah Səncan, Xacə Cəlal Dərəkani və sairlərinin dilindən ancaq Nizami və Xaqaninin sənətkar şair olduğuna dair mədhlər eşitdim. Lakin Azərbaycanda bunun əksinə təsadüf edirəm. Burada mədəniyyətin qocalmış fikirlər əsasında qurula biləcəyi zehniyyəti yenə də bir səhv olaraq davam edir, qocalar öz səhvlərini düşünməyərək mövqelərini gənc qüvvələrə təslim etmək istəmirlər. Şəxsən mən bir hökmdar kimi, öz fikrimi deyirəm: mən nə həcv, nə də mədh yazan şairləri xoşlamıram.
Atabəy bu sözləri dediyi zaman üzünü Əbül-Ülaya tutub sözünə davam edirdi:
− Azərbaycan bizim məmləkətlərimizin içərisində ən mədəniyyətli və irəlidə gedən bir ölkədir. Siz alimsiniz, özünüz tarixi yaxşı bilirsiniz. Şərqə, xüsusən, İran kimi böyük bir məmləkətə elm və mədəniyyəti verən İslamdan qabaq bu yerlərdə yaşayan babalarımız olmuşdur. Şübhəsiz ki, tarixdə olduğumuz o yüksək mədəniyyət yaşadığımız məmləkətə xaricdən gətirilməmişdir. Bu mədəniyyət, bu elm, yurdumuzda yaşamış alimlərin və filosofların fikrindən doğan qiymətli bir məhsuldur. Əbüləbbas ləqəbini daşıyan filosof Əhməd ibn Məhəmməd bu yurdun oğludur. Əbübəkr Tahiri kimi, Əbü Məhəmmədi Mürtəiş kimi alimlərə tərbiyə verən Bərdə alimidir. Azərbaycan xalqının təbiətindəki qəhrəmanlıq, Azərbaycan filosofu Əhməd ibn Məhəmmədin yazdığı fəlsəfi əsərlərində də əks etmişdir. Onun əlimdə olan əsərindən sizə bir neçə nümunə deyəcəyəm.
O deyir ki: “Sən heç vaxt cəzalanmaq qorxusu üzündən susan adamlarla məsləhətləşmə.”
O deyir ki: “Görüşündən müsbət bir nəticə əldə edə bilmədiyin adamın sözündən də müsbət bir nəticə ala bilməzsən”.
Lakin mən qocaman şair Əbül-Ülanın gənc şairə, hətta öz damadı olan Xaqaniyə yazdıqları həcvləri Qızıl Arslanda gördüyüm zaman məyus oldum. Əbül-Ülanın, Əbüləbbasların yurdunda yaşamaq səlahiyyətinə malik olmağını təyin etdim. Sizin Xaqaniyə yazdığınız həcvin bərabərini Xaqani sizə yazsaydı, “o gəncdir, səhv etmişdir, bağışlamaq olar”, – deyərdik. Lakin ixtiyar bir şair öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq yaradırsa, buna nə ad qoya bilərik?! Məncə, belə bir şair mədəni Azərbaycanın şairi olmaq səlahiyyətinə layiq deyil.
Qoca şair məndən rəncidəxatir olmasın. O mənə yazdığı mədhnaməni oxuduğu zaman ətim çimçişirdi. Özüm-özümə deyirdim ki:
− Əcəba, bir insanı, bir şəxsiyyəti bu qədər də təhrif etmək olarmı?! Çünki insanlara layiq olmadıqları sifəti verib tərif etmək – təhrif etmək deməkdir.
Şair burasını bir kərəlik bilməlidir ki, mədhnamələri ancaq axmaq adamlar sevə bilərlər. Sən mənim gördüyüm işləri təsvir etsəydin, bunun məmləkət üçün xeyirli və yainki zərərli olduğunu qeyd eləmiş olsaydın, şeirinə ictimai bir qiymət vermək olardı.
Sən alim bir şairsən. Özünə aydındır ki, xəlifə nüfuzu hökm sürən məmləkətlərin içərisində Azərbaycan hamıdan artıq diqqət-nəzərini cəlb edir. Bu məmləkətdə olan siyasətin, iqtisadi və ictimai həyatın özü də başqa məmləkətlərdən fərqlidir.
Bu məmləkətin üsyançısı da, qəhrəmanları da, başqa məmləkətlərə nisbətlə mədəni, ağıllı və bacarıqlı olmuşlar. Yurdumuzun Babəki, daha əvvəl Astiyaqı, Fərhadı Şərq dünyasını kökündən dəbərtmiş olan tarixi simalardır. Onların övladının şüurunu həcvlər və mədhnamələrlə korlamaq istəyən şairlər, məncə, xələtlərə yox, cəzalara layiqdir.
Atabəy bundan sonra Əmirə və xətibə tərəf üz tutub dedi:
− Bu gün hökmüm altında olan bütün məmləkətləri beş barmağım kimi tanıyıram. O məmləkətlərin heç birisində Məhsəti xanım kimi aləmşümul şöhrətə malik olan bir qadın nəzərimə dəyməmişdir. Lakin siz onu nə kimi bir mükafatla qiymətləndirdiniz?! Ona “əxlaqi pozğun” deyərək evini daşa basdınız, bünövrəsindən yıxdınız, onun ağarmış saçlarından utanmayaraq üzünə tüpürdünüz. Mədəniyyət tariximizə silinməz bir ləkə vurdunuz. Mənim hökm sürdüyüm bir məmləkətdə bu cür rüsvayçılığın baş verməsi xanədanımızın tarixində bir ləkə olub qalacaqdır.
Atabəy Məhəmməd sözünü bitirdi. Əmir yenə ayağa qalxdı, icazə alıb danışdı:
− Atabəy həzrətləri xalqın avamlığını bilməmiş deyil. Məhsətini qara camaat tökülüb sürgün etmişdi, qara camaat da gedib təntənə ilə Gəncəyə gətirdi.
Atabəy Əmirin sözləri ilə razılaşmadı, qəti olaraq əmr verdi.
− Səhvləri düzəltmək lazımdır. Məmləkət idarəsi başında duran adamlar hər kəsin öz qiymətini verməlidir. Rəqqasəlik, xanəndəlik, rəssamlıq, nəqqaşlıq, şairlik və sairlərin hamısı bir mədəniyyətin məhsuludur. Lakin şairin əməyinin qiymətini rəqqasəyə vermək, şeir mədəniyyətinin qarşısına hasar çəkməkdir. Belə hallarda yazıçı və şair gülünc bir vəziyyətdə qaldığı üçün özlüyündə:
− Yazıçılığı, şeiri buraxıb rəqqasəlik etsəydim, daha xoşbəxt olardım, – deyə düşünərdi.
Mən dünən gecə Əmirin rəqqasələrinin daşıdığı daş-qaşı, zər-zivəri gördüyüm zaman Nizami və Məhsəti xanımın bir arıq inəyin südü ilə yaşadıqlarını xatırladım, başımda tüklərim qabardı.
Təbiidir ki, Nizami və Məhsəti ehsanlar üçün şeir yazan sənətkarlar deyildir. Lakin bizdən qədrdanlıq tələb olunur. Mədəniyyətin inkişafı bunu hər bir hökmdardan tələb edir. Şairə verilən qiymət onun aclığı üçün yox, sənəti və yaradıcılığı üçün verilir.
Əmir cənabları bu saat öz adamlarını göndərib Nizamini və Məhsəti xanımı öz dostları və tanışları ilə bərabər bura dəvət etməlidir. Yüksək təbiətli bir zatı görmək nə qədər maraqlıdırsa, onun həmsöhbətlərini görmək o qədər maraqlıdır.
Atabəy bu sözlərdən sonra Şirvan şahı tərəfindən gəlmiş heyətin sədri Nəcməddinə müraciət edib:
− Mənim səmimi salamlarımı Əbdülmüzəffər həzrətlərinə aparıb deyərsiniz ki, iki məmləkət arasında olan səmimi dostluq əlaqəsi tarixi əsaslar üzərində daha da inkişaf edəcəkdir. Mən Şimali Azərbaycana gəldiyim zaman qardaşım Qızıl Arslan xüsusi bir sifariş vermişdir ki, o da Nizami, Xaqani və Məhsəti xanıma səmimi salamlar yetirməkdən ibarətdir. Şirvana getdiyiniz zaman Qızıl Arslanın salamını gənc şair Xaqaniyə yetirin.
MUĞAN
Dördüncü gün Atabəy Məhəmməd Nizami ilə Məhsəti xanımı və həqiqi Azərbaycan nümayəndələrini qəbul edəcəkdi. Atabəy verilən ərizələrlə məşğul olduğu üçün rəsmi qəbul vaxtı iki saat təxirə salınmış və bu barədə nümayəndələrə xəbər verilmişdi. Saat 11-də Atabəy qəbul salonunda göründü, yığılmış nümayəndələri gözdən keçirib salamladı və Əmirə müraciətlə:
− Torpaq üstündə şikayət verənlər burada hazır deyilsə, hazır edilmələrinə əmr verin.
Əmir baş endirib:
− Hamısı buradadır, əlahəzrət, – dedi.
Atabəy sözünü davam etdirib soruşdu:
− Qabaqca mənə verilən ərizələrin hamısı torpaq sahiblərindən idi. Mənə elə gəlir ki, indi torpaqlarda yaşayanları da dinləmək lazımdır. Dünən verilən ərizələr içərisində mülkədarlar tərəfindən verilən ərizələr içərisində mülkədarlar tərəfindən verilən ərizələrə cavab verə biləcək vəsiqələr vardır. Lakin mən bununla kifayətlənə bilmirəm, kəndlinin özünü danışdırmaq daha da faydalı olar.
Hüsaməddin qəbul salonuna daxil olub baş endirdi:
− Nizami və Məhsəti xanım gəlir.
Salon bir-birinə dəydi. Şair Əbül-Üla Gəncə xətibi ilə yan-yana oturmuşdu. Onlar salonda oturanlara göz gəzdirib nə kimi bir vəziyyət aldıqlarını yoxladılar. Hər kəsin üzündə bir şadlıq əlaməti hiss etdilər. Yalnız Əmiri özləri kimi qəmgin və narazı bir çöhrədə gördülər. Əmir də onların vəziyyətini hiss edərək qaşları ilə, çiyinləri ilə işarə verdi. Bu işarə “nə etməliyik, məcburiyyət vardır” sözlərini ifadə edirdi.
Xidmətçilər salon qapısının ipək pərdəsini qaldırdılar. İki böyük zat içəri girdi. Onlardan birisi gənc şair Nizami, o birisi isə qoca şairə Məhsəti xanım idi. Birisinin saç və saqqalı qapqara idi, o birisinin saçları isə işıqlanmağa başlamış dan yeri kimi parlayırdı. Atabəy onlara baxdığı zaman iki böyük dünyanın onun oturduğu taxta tərəf irəlilədiyini hiss edir və düşünürdü.
Məhsəti xanım həm qocalıq, həm də xəstəliyinə cəhət olduqca zəif idi. Onun bir qolundan Nizami, o biri qolundan isə Fəxrəddin tutmuşdu.
Atabəy, artıq taxtının üstündə oturmağı bacarmadı, sürətlə yerindən qalxdı. Atabəy ayağa qalxdığı zaman kimin öz kürsüsü üstündə oturub qalxmamağa cəsarəti var idi?!
Əmir də dərhal ayağa qalxdı, qonşu dövlətlərin nümayəndələri, Gəncə ruhani və əyanları, hətta Əbül-Üla və Gəncə xətibi də ayağa qalxdılar.
Atabəy onların daha da irəli gəlib baş endirmək, yaxud salam vermələrinə razı olmadı. Dərhal irəli gedib qabaqca Məhsəti xanımın əlini öpdü, sonra da Nizaminin əlini sıxıb görüşdü. Fəxrəddinə tərəf dönüb Nizamidən soruşdu:
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?