Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 11

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 11 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

Hüsaməddin sakit oldu, daha danışmadı, çünki Mahtab xanıma yazdığı məktub onun təqsirlərini isbat edəcək böyük bir vəsiqə idi. Artıq Hüsaməddin öz qəlbində Səba xanıma lənət yağdıraraq deyirdi: “Allah Səbanın evini yıxsın, mənim xoşbəxtliyimi əlimdən aldı, mənim ilə Mahtab xanım arasındakı sevgi əlaqəsini düzəldən o haramzadə cariyə oldu”.

Hüsaməddin utandığından başını qaldırıb Qətibənin üzünə baxa bilmirdi, nəhayət, Qətibə irəli gəlib onun əlini əlinə aldı və çox soyuqcasına dedi:

− Mənim dostum, mən səni keçmiş günahların üçün töhmətləndirməyə çağırmamışam. Səni, gələcəyimiz barəsində tədbir tökməyə çağırmışam. Ondi məni dinləməyə rəğbətin vardırmı? Açıq söylə, mənə olan məhəbbətin bir zərrə də olsa, qəlbində qalıbmı?

Hüsaməddin Qətibənin əlini döşünə basaraq səsləndi:

− Qətibə, sənin gözlərinə and içirəm, o məhəbbət yenə də qalır, o, mən ölənə qədər sönməyəcəkdir.

− Mən bunu bilirdim, bunun üçün də səni yanıma çağırmağa cəsarət etdim. Bizim ikimiz də gəncik, ümidin qapısı isə heç kəsin üzünə bağlı deyil, gəl əl-ələ verib çalışaq. Meydanımız olduqca genişdir, biz indi bir Gəncə miqyasında deyil, bütün Atabəy məmləkəti dairəsində iş görə bilərik. Sən onu bil ki, mən səni Həmədana aparmaq üçün Atabəydən icazə alacağam.

− Sən məni Həmədana bir məhbus kimi aparmaqmı istəyirsən? Sən bununla öz atanın yaxasını mənim əlimdən qurtarmaqmı istəyirsən?!

− Yox, səni bir məhbus kimi yox, bir adlı-sanlı sərkərdə kimi paytaxta aparmaq istəyirəm. Orada mən ancaq səni tanıyacağam və sənə arxa verəcəyəm. Atamın məsələsinə gəldikdə sənin o barədə düşünməyin tamamilə yersizdir. Mən özüm riza verməsəydim, o məni heç kəsə ərə verə bilməzdi. Öz təqsirin səbəbinə baş verən hadisənin intiqamını başqalarından almağa haqlı deyilsən. Mahtab üçün yazdığın məktub mənim əlimə çatmasaydı, Atabəy deyil, Bağdad xəlifəsi də gəlsəydi, bu iş baş tutmayacaqdı. De görüm, indi mənə inandın?

Hüsaməddin bir az düşündükdən sonra:

− Bəli, inandım! – dedi.

Qətibə bu sözdən razı qaldığı üçün soruşdu:

− Sənə bir hədiyyə versəm, qəbul edərsənmi?!

− Bu iltifat gözəl qızın özündən asılıdır.

Qətibə bunu deyərək dodaqlarını Hüsaməddinə uzatdı, sonra Hüsaməddin onu buraxmaq istəmədiyindən Qətibə geri çəkilib:

− Dalısı sonra! – dedi.


QÜTLÜĞ İNANC


Qətibə xatun oğlan doğdu. Uşağın bir ayı tamam olan günü Atabəy paytaxtında böyük şənliklər başlanmışdı. Həmədan şəhəri başdan-başa çiçəklər və əlvan güllər ilə bəzənmişdi. Küləyin qalasının divarları üzərinə taxılan minlərcə fənərlər və alovlu məşəllər on səkkiz verstlik məsafəni əhatə edən eniş-yoxuşlu şəhəri gündüz kimi işıqlatmışdı. Şəhərin ortasındakı Baba Tahirin məqbərəsindən şəhərə baxıldığı zaman insanın fikri uzaq tarixlərə qayıdırdı. Od içində parlayan şəhər, II Keyxosrovun Midiya imperatoru Astiyaqın paytaxtına girdiyi zamanı və tarixin məşhur Əkbatanını yandırdığını xatırladırdı. Əlvənd dağının ətəklərində yanan məşəllərin şöləsi iki fərsəng məsafədən imamzadə Hüseynin məqbərəsini işıqlandırır və dəmir şəbəkəli pəncərədən içəri girməklə mərmər sütunlar arasında uçuşan gecə quşlarının rahatlığını pozurdu. Şəhərin bu başından o biri başına çəkilən ipin bir ucu Dəccanə məqbərəsi, o biri ucu isə şəhərin cənubundakı İsmayıl məqbərəsindəki minarəyə bağlanmışdı. İpin üzərinə düzülən əlvan fənərlər, göydən yerə əlvan rəngli ulduzların axıb gəldiyini xatırladırdı.

Qətibə Atabəy sarayının uca köşkündə oturub oğlunun doğulması gününün şərəfinə düzülən çıraqbanlığa baxırdı. Lakin onu nə bu təntənə, nə də oğlunun doğulması şadlandırmırdı. Çünki o, özünün və oğlunun gələcəyindən əmin deyildi. Eyni zamanda Qətibə, Qızıl Arslanla Atabəy Məhəmməd arasında mövcud olan əlaqədən da razı qala bilmirdi. Çünki Qətibə Qızıl Arslandan Atabəyə gələn məktubları gizlincə götürüb oxuduğu zaman Qızıl Arslanın Atabəy Məhəmmədə müraciətlə yazdıqlarını xatırlayırdı:

“Xalqın ağzını yummaq olmur, sizin qayınatanızın hərəkətləri, Şimali Azərbaycanda dəhşətli üsyanların çıxmasına səbəb ola bilər. Hər kəsin ağzından məmləkətdə Atabəy Məhəmmədin deyil, Qətibə xatunun hökmdar olduğu sözünü eşitmək olur. Yaxşı olardı ki, qış girmədən bir daha Azərbaycan tərəflərinə səyahətə çıxaydınız, hazırda məmləkətdə islahat aparmaq üçün əlimizdə geniş imkanlar vardır. Lakin Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı əlaqəsizliyi heç bir vəchlə ləğv edə bilmirəm. Çünki Qətibə xatunun atası buna imkan vermir”.

Qətibə həm atasının, həm də özünün gələcəyindən qorxu çəkirdi.

O, Qızıl Arslanın Atabəyə yazdığı tənqidlərdən razı qalmırdı. Atabəy Məhəmmədin bu kimi tənqidlərə qarşı soyuqqanlılıqla hərəkət etməsi və bunlardan acığı gəlməməsi də Qətibənin qəlbində cürbəcür şübhələrə və düşüncələrə səbəb olurdu.

Bəzən Atabəy Məhəmməd Qətibənin təkidi və tələbləri üzərinə Qızıl Arslana fərman göndərirdisə də, lakin bu, Qızıl Arslan tərəfindən həyata keçirilmirdi. Buna görə də Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslan arasında gizli bir razılaşma olduğundan və bu tənqidlərin Atabəyin öz tapşırığı ilə yazılmasından şübhələnirdi.

Qətibə çox dərdli idi, onun sərəncamında olan bütün imkanlar onu razı salmırdı. O, əvvəllər doğmağını gözləyirdi, oğlan doğandan sonra öz tələblərini qəti və ciddi bir surətdə Atabəyin qarşısına qoymağı qərara almışdı.

Bu gecə Qətibə nə olursa, olsun, öz sözlərini Atabəy Məhəmmədə demək istəyirdi. Lakin Qətibənin tələbləri çox böyük idi, Atabəy tərəfindən qəbul ediləcəyinə özü də inana bilmirdi.

Gecədən çox keçmişdi. Qətibə xatun çırağbanlığın tamaşasından qalxıb Atabəy sarayının aynabənd salonuna girdi. Dərhal cariyələr onu aralığa alaraq libas otağına gətirdilər.

Atabəy isə salonda dolaşıb Həmədan qazisini və Həmədan əyanlarını gözləyirdi. Onlar Atabəyin oğluna ad qoymaq üçün saraya dəvət edilmişdilər. Bir azdan qabaq qazi, onun dalınca da Həmədan əyanları və böyük rütbəli hökumət məmurları, vəzirlər və vəkillər salona daxil oldular.

Atabəyin oğlunu salona gətirmək üçün lələnin otağına adam göndərildi. Az sonra yüz nəfərdən ibarət bir dəstə cariyə və kənizlər salona daxil oldular. Lakin uşaq lələnin yox, Səba xanımın qucağında idi, çünki lələyə veriləcək hədiyyənin Səba xanıma verilməsi üçün Qətibə bir neçə saat əvvəl Atabəylə danışmışdı.

Hamı ayağa qalxdı. Səba xanım irəli gəlib uşağı qazinin qucağına verdi. Qazi dua oxuyub əlini uşağın alnına çəkəndən və təzə mövludu təbrik etdikdən sonra irəli gəlib uşağı Atabəyin qucağına verdi və dedi:

− Təzə mövludun adı haqqında ixtiyar ata-ananındır!

Atabəy cavab verdi:

− Mən uşağa Qütlüğ adı vermişəm, mələkə də öz tayfalarının nəsilbənəsil daşıdığı İnanc adını əlavə etmişdir. Hərgah qazi cənabları da icazə versəydi, uşağı bundan sonra Qütlüğ İnanc səslərdik.

Qazi yenə dua oxudu:

− Xudavəndi-aləm Qütlüğ İnancı əlahəzrətə çox görməsin və Eldəniz xanədanının ömrünü min illərə yetirmək üçün doğulan mübarək mövludu öz hifz və himayətində yaşatsın!

Qazi bu duaları oxuduğu zaman Atabəy diqqətlə uşağın üzünə baxırdı. Uşaq çox kinli və qaşqabaqlı idi. Atabəy uşağın çöhrəsindən aldığı təsirdən o qədər də yaxşı fal vurmadı, öz-özünə:

“Tamamilə anasının yolunu gedəcəkdir. Barışmaz bir çöhrəsi vardır”, – dedi.

Atabəy uşağı qaytarıb Səba xanımın qucağına verdiyi zaman ona bir kağız da verdi. Kağızda: “Səba xanıma xəzinədən beş yüz qızıl verilsin” – deyə yazılmışdı. Atabəyin əmrilə qazinin çiyninə böyük bir xələt salındı, sonra da bir kisənin içərisində ona min dirhəm qızıl pul verdilər.

Atabəy bundan əlavə Həmədan fəqirlərinə on beş min qızıl ehsan edilməsinə əmr verdi və təzə mövludun münasibətiylə bir neçə camenin və məqbərənin təmir edilməsi üçün öz vəzirinə əmr verdi. Onlara: Əbüdccanəyinin sarin, Musa Kazımın oğlu İsmayılın, Əliyyülnəğinin oğlu Həsənin, Baba Tahirin, Şeyxül Seyid Əli və xacə Əbülyəqubun məqbərələrinin təmir edilməsini tapşırdı.

Salon boşaldı. Səba xanım yenə də uşağı götürüb cariyələrin və kənizlərin müşayiəti ilə beşik otağına apardı. Qətibə xatun dərhal Səba xanımı qarşılayıb onun qulağına pıçıldadı:

− Atabəy uşağı öpdümü?

Səba xanım yavaşdan cavab verdi:

− Uşağı öpmədi, lakin onun üzünə diqqət və təəccüblə baxdı.

Səba xanımın verdiyi bu xəbər Qətibənin Atabəy Məhəmmədə qarşı bəslədiyi şübhələrini bir daha qaynatdı. Yemək otağına keçmək lazım idi, çünki Atabəy onu gözləyirdi. Kənizlər, cariyələr onu yemək otağına yola saldığı zaman Atabəy ayaq üstündə durub Qətibəni gözləyirdi. Atabəy Qətibəni gördüyü zaman irəli gəlib əlindən öpdü:

− Mələkəni təbrik edirəm. Oğul doğduğun üçün atamızdan qalan məşhur malikanəmizi sənə bağışlayıram. Eldəniz malikanəsi Həmədan və Soltaniyyə arasında ən gözəl, ən səfalı bir yaylaqdır. Rəhmətlik atam Eldəniz Rübatını yazıq anamız üçün saldırmışdı. İndi isə atamızın nəslini davam etdirmək üçün bizi şadlandırmış Qütlüğ İnancın gözəl və nəcib anasına bağışlayıram. Qardaşım Qızıl Arslan Qütlüğ İnancın doğulduğunu eşidəndən sonra bir məktub göndərmişdir. Bax, nə gözəl yazır:

“Eldəniz xanədanına təzə bir çiçək bağışlayan həşəmətli mələkəyə bütün Azərbaycanda çiçəkləri ilə məşhur olan Seyidabad kəndini bağışlayıram. Bu kənd öz havası ilə məşhurdur. Bu kənd Ucan yaylasının dörd fərsəng məsafəsindədir”.

Atabəy bu sözləri deyəndən sonra iki qəbalə çıxarıb Qətibə xatunun qarşısına qoydu. Onlardan birisi Eldəniz Rübatının, ikincisi isə Qızıl Arslanın hədiyyə etdiyi Seyidabadın qəbaləsi idi.

Qətibə xatun qəbalələri alıb bir tərəfə atdı və heç bir söz demədən yemək süfrəsinin başına keçdi.

Qətibə xatunun bu etinasız hərəkəti Atabəyi təbii halından çıxartdı. Lakin ona süfrə üstündə heç bir şey demək istəmədi. Yalnız Qətibənin acıqlı çöhrəsinə baxdığı zaman bir saat bundan əvvəl gördüyü uşağın acıqlı və kinli çöhrəsi də gəlib onun gözünün qarşısında dururdu. Şam yeməyi qurtardı. Qətibə durub getmək istərkən hədiyyə verilmiş qəbalələrə əhəmiyyət vermədi, nəhayət, Atabəy Qətibəyə müraciət etdi:

− Mələkə iki hökmdar tərəfindən verilən hədiyyələri özü üçün layiq bilmədimi?!

Qətibə acıqlı qaşlarını bir-birinə çatışdırıb cavab verdi:

− Mən o hədiyyələri həqir hesab etmirəm, o hədiyyələr olduqca böyükdür. Lakin onlar mənim üçündür. Təzə doğulan uşaq üçün layiq deyildir. Madam ki uşağın Eldəniz xanədanını davam etdirməyə səlahiyyəti vardır, o zaman bunu qeyd etmək lazım idi.

Atabəy Məhəmməd fikrə getmişdi. Bu qadınla yaşamaq mümkün olmadığını düşünürdü, çünki o, bu həyatdan razı deyildi, o özünə verilən səlahiyyət və hörməti kifayət hesab etmir və onunla qənaətlənmirdi. Atabəy qəlbində Qətibəyə evləndiyini böyük və siyasi bir səhv hesab edirdi. O öz qəlbində bu qadından və onun oğlundan məmləkətin böyük bədbəxtliyə düçar olacağını düşünür və öz-özünə lənət oxuyurdu.

Atabəy fikirli-fikirli Qətibədən soruşdu:

− Bir aylıq uşağı bundan artıq qeyd etmək mümkün idimi? Səncə, Həmədan fəqirlərinə veriləcək ehsanlar, müqəddəs məqbərələrin təmiri və sairələr uşağın hörmətini qeyd etmək deyilmidir?

− Sən onları uşaq üçün yox, öz şöhrətin üçün etdin.

− Uşaq üçün nə edə bilərdim?!

− Uşağın dodaqlarından öpərək, “vəliəhdimi al” deyə onu Səba xanıma qaytarmalı idin.

− Bu məsələni qaldırmaq tezdir. Vəliəhd təyin etmək işi Toğruldan asılıdır. Çünki məmləkətin qanuni hökmdarı Toğruldur. Vəliəhdlik hüququ mənim övladımın deyildir. Rica edirəm mələkə bu məsələni hələlik qaldırmasın. O ki uşağı öpmək məsələsidir, mənim qazinin və ruhanilərin hüzurunda bir körpəni öpməyim nəzakətsizlik olardı. Əbəs yerə bu sadə məsələdən ötrü narazılıq yaradırsan.

− Körpəni öpməmək mənə və oğluma qarşı bir hörmətsizlikdir.

− Onu ancaq mənim şübhələr və düşüncələr əsiri olan mələkəm düşünə bilər.

− Mənim oğlum vəliəhd, mən özüm isə mələkə deyiləm. Mən mələkə olmadığımı çoxdan bilirəm. Çünki mənim dediklərimin və mənim tapşırıqlarımın heç birisi həyata keçirilmir. Lakin sən buna söz vermişdin, bu bizim izdivac şərtlərimizdən birisi idi.

− Sən Şimali Azərbaycan xalqının səadəti və məmləkətin abadlığı üçün hər nə ki istəyirsən həyata keçirmək mümkündür. Yaxşı fikir elə, sənin belə bir təklif etdiyin olubmu?

− Mən bir çox təkliflər etmişəm, sən də onları Qızıl Arslana yazmışdın, lakin Qızıl Arslan onların heç birisinə əməl etmədi. Sən bilirsən ki, Fəxrəddinlər, Nizamilər mənim atamın Azərbaycanda hökumət sürməsinə əngəl törədirlər. Sən bir neçə dəfə bu barədə Qızıl Arslana tapşırıq vermişdin, lakin yenə də onların atama qarşı olan ədavətləri davam edir. İndiyə qədər Qızıl Arslan istəsəydi, onları öz yerində oturtmuşdu.

− Çox əcəb, indi təklifin nədir?!

− Mən təklifimi sənə çoxdan bildirmişdim. Bu təklif xəlifədən sənə gətirdiyim məktubda da qeyd edilmişdi. Sən xəlifənin məktubuna da əhəmiyyət vermədin.

− Sənin nə demək istədiyini bilmirəm. Bilirsən, Qətibə, dünyada bir çox qadınlar hökmranlıq etmişdir. Lakin onlar sənin getmək istədiyin yolu təqib etmiş olsaydılar, bir il belə hökmranlıq edə bilməzdilər. Sən öz atanın rahat yaşaması üçün bir məmləkəti viranə qoymaq istəyirsən. Hərgah Nizami kimi bir şair bu gün Azərbaycandan çıxıb Xarəzm şahı Əlaəddin Təkəşin yanına getmək istəsə, onun ayağının altına qızıl səpər və ipək xalçalar döşərlər. Lakin sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır. Fəxrəddin kimdir?! O, bir kərə üzünü Şimali Azərbaycan xalqına tutub “silahlanın” deyərsə, yüz minlərcə igid at belinə qalxar. Şimali azərbaycanlılar özlərini Börküyarıq ilə qardaşı Məhəmməd arasında gedən müharibələrdə göstərmişlər. Fəxrəddin kimi qəhrəmanlar gələcəkdə, hətta yaxın gələcəkdə bizim ölkələrimiz üçün lazım olacaqdır.

Hərgah Qızıl Arslan Nizami və Fəxrəddini məhv etməmişsə, haman mən sənə burada dediyim səbəblər üçün məhv etməmişdir.

Mələkə bilməlidir ki, Fəxrəddinlə atanızın arasında mövcud olan ixtilaf heç bir çarə ilə həll ediləcək ixtilaflardan deyildir.

Qətibə acıqla Atabəydən soruşdu:

− Mənim atam ona nə etmişdir?! O kimdir ki, mənim atamın üzünə dursun, qapımızda minlərcə Fəxrəddin kimi nökər yoxdurmu?!

− Sənin atan onun qəlbinə sağalmaz bir yara vurubdur. Onun nişanlısını sarayda saxlayandan sonra xəlifəyə hədiyyə göndərmişdir. Sənin atan nə üçün xalqın başqasına nişanlanmış gənc qızını evindən çəkib gətirmiş?! Sən elə bilirsən ki, Fəxrəddin öz Dilşadını unudacaqdır? Sənin atanın başına nə fəlakət gəlsə, ancaq bu cəhətdən gələcəkdir.

– İndi də sənin xəlifədən gətirdiyin məktubların məzmununa keçək. Xəlifə təklif edir ki, Qızıl Arslan Azərbaycan hökumətinin başından götürülsün.

– Əvvəla, sənə məsləhət görürəm ki, hər ay başında Bağdada gedib xəlifədən mənə məktub gətirməkdənsə, Azərbaycana gedib mənim sifarişlərimi atana yetir. Ona mənim dilimdən salam yetirib söylə ki, onun hərəkətləri Şimali Azərbaycan xalqının üsyanına və ailənizin bədbəxtliyinə səbəb ola bilər.

Qoy sənin atan Qızıl Arslanın bu məmləkətdə islahat aparmasına mane olmasın. Qızıl Arslan kimi ağıllı, tədbirli, alicənab və mərhəmətli hökmdar hələlik Şərq məmləkətlərinin heç birisində görünməmişdir. O, hökmdar olmaqla bərabər bir qəhrəmandır. Eyni zamanda bir alim və bir şairdir. O heç bir vaxt Fəxrəddin kimi qəhrəmanı, Nizami kimi bir şairi məhv etmək istəməz.

Qızıl Arslanın bir yaxşılığı da burasındadır ki, o öz yaşadığı məmləkəti beş barmağı kimi tanıyır, xalqının ruhunu ölçüb-biçir, idarə etdiyi xalqa özünü sevdirməyi bacarır. Lakin mənim qayınatam, içərisində yaşadığı xalqın etimadını itirmişdir. Bu gün Şimali Azərbaycan xalqına üzünü tutub “silah başına” deyərsə, beş nəfər nökər, on nəfər mülkədardan başqa bir kimsəni öz arxasında görə bilməz.

İkincisi budur ki, xəlifənin Qızıl Arslanın işdən götürülməsi barəsindəki əmri bizim üçün qanun deyil, xəlifə öz ixtiyarı xaricində heç bir iş görməməlidir. Sən heç bir vaxt xəlifənin nüfuzunu düşürə biləcək məktubları alıb gətirmə. Xəlifələrdən hökmdarlara əmr vermək, təyin və xaric işlərinə qarışmaq ixtiyarı çoxdan alınmışdır. İndi artıq Bağdad xəlifələrinin özünü də hökmdar təyin edir. Hökmdarlar istədiyi zaman onları taxtdan yerə salaraq gözlərinə mil çəkir və Bağdad küçələrinə buraxırlar.

Üçüncüsü də, mələkəm bilməlidir ki, Qızıl Arslanı Azərbaycan hökuməti başına nə mən, nə də Bağdad xəlifəsi təyin etməmişdir. Onu bu mövqeyə çatdıran öz bacarığı olmuşdur ki, bunun nəticəsində də rəhmətlik atam Eldəniz onu Azərbaycan hökumətinə təyin eləmişdir.

Dördüncüsü də, ən mühüm bir məsələni mələkəyə anlatmalıyam. Qızıl Arslan çox da yazıq və qorxaq adam deyildir. O, üzünü Azərbaycan xalqına çevirib kömək istəsə, böyükdən kiçiyə qədər Azərbaycan xalqını at belində görərsən.

Beşincisi, o mənim gözümün işığı kiçik qardaşımdır. Kiçikdir, lakin böyük fikirləri həyata keçirmək işində çox böyük adamdır. Mən də və sənin atan da, hökmdarlıq etmək üçün ondan bir çox şeylər öyrənməliyik.

Qətibə bunları eşidəndən sonra:

− Mən də neçə müddətdir ki, səndən bu sözləri eşitmək istəyirdim, – deyərək qalxıb getdi.


ELDƏNİZ RÜBATI


Yay istiləri düşdüyünə görə Atabəyin ailəsi Eldəniz Rübatı yaylasına köçmüşdü. Mələkə yaylaqda yaşadığı zaman təyin edilən mühafizə dəstəsinin başçılığını Atabəy Məhəmməd Hüsaməddinə tapşırmışdı.

Atabəy öz oğlunun və gənc qadınının namusunu ancaq Hüsaməddinə inanırdı. Çünki Qətibənin özü də Hüsaməddinin namuslu və sədaqətli bir zat olduğunu və onun Əmir İnancın nemətləri ilə böyüdüyünü Atabəyə dəfələrlə söyləyib inandırmışdı. Lakin Qətibənin özü şəxsən Hüsaməddinə inana bilmirdi, yenə də Hüsaməddinin intiqamlarından qorxurdu. Xüsusən, Qətibə yaylaqda yaşadığı zaman Hüsaməddin qəlbində bəslədiyi intiqamı asanlıqla həyata keçirə bilərdi. Buna görə də gecələrin birində Qətibə öz cariyəsi Səba xanımı Hüsaməddinin dalınca göndərib onu öz çadırına dəvət etdi. Qətibə daima bir məsələni bəhanə edərək Səba xanımı onun çadırına göndərirdi, çünki Hüsaməddin öz sirlərini ancaq Səba xanıma deyirdi. Səba xanım isə Qətibənin tapşırığına görə Hüsaməddinin bütün sevgi elanlarına müsbət cavab verir, rəsmiyyətə salınmasa belə, onunla yaşayırdı. Hüsaməddinin fikrincə, Qətibənin bu macəradan xəbəri yox idi, çünki Səba xanım hər zaman onunla gecələdikdə ona yalvarır, Qətibəyə xəbər verməməsini tapşırırdı.

Səba xanım Hüsaməddinin çadırının pərdəsini qaldırıb içəri girdi və çadırda başqa adam görmədiyi üçün Hüsaməddinin qucağına atılıb ağladı.

Hüsaməddin onun dodaqlarından öpərək soruşdu:

− Mənim ruhum, nə üçün ağladın? Hüsaməddin sənin göz yaşlarını görməyə tab edə bilərmi?!

Səba xanım onun boynuna sarılaraq deyirdi:

− Mənim göz yaşlarımın tökülməsinə səbəb sənin özün deyilsənmi?!

− Aman Allahım! Mən buna razı ola bilərəmmi?! Söylə, hərgah buna bir səbəb varsa, o səbəbi qılınc gücünə məhv edərəm.

Səba xanım ağlaya-ağlaya dedi:

− Sən onu bacarmazsan, çünki onu sevirsən.

Hüsaməddin gülərək başını buladı:

− Sən məni Qətibəyəmi qısqanırsan? Sən bilirsən ki, o mənə xain çıxıbdır. Sən bilirsən ki, mən onun məhvinə çalışıram. Əcəba, məni sevməyən bir adamı mən sevə bilərəmmi?.. O məni aldadıb ərə getdiyi bəs deyildi, üstəlik aldadıb Həmədana da gətirdi. Atabəyi sevməyəcəyinə dəfələrlə and içib məni inandırdı, lakin ondan bir oğlan doğdu. İndi isə məndən nə istəyir?!

− Bilmirəm, səni öz çadırına çağırır, şam süfrəsi düzəltmişdir. O səni yanında saxlayacaqdır. Mən buna dözə bilmərəm. Bu axşam özümü hovuza atıb məhv edəcəyəm.

Səba xanım bunları deyəndən sonra yenə də hönkür-hönkür ağladı. Hüsaməddin onun sevgisinə inanırdı. Çünki o, saxta sevgi daşıyan bir qadının gözlərindən bu qədər yaş axıda bilməsinə inanmırdı. Lakin Hüsaməddin Səba xanımın bu işlərdə sənətkar olduğunu bilmirdi, o daima Səba xanıma yalvarır və deyirdi:

− Sənin hər bir qırıq tükünü dünyanın yüzlərcə mələkəsinə dəyişmərəm. Onun kölgəsincə illər uzunu süründüm; o gözəldir, lakin bir kərə olsa, üzüm gülmədi. Mən belə bir qərara gəldim ki, onunla heç bir kəsin həyatı gülməz. Mənim iqbalım ancaq səninlə güləcəkdir. Buna görə də səni bu zəhərli qadının himayəsindən qurtarıb bir mələkə kimi yaşatmağı qərara almışam.

Qətibə Səba xanımın təxir etməsindən heç də acıqlanmırdı. Çünki o, Səba xanımın verdiyi tapşırıqlara əməl etdiyi üçün təxir elədiyini bilirdi.

Səba bir saatdan sonra Qətibənin çadırına girdi və qəhqəhələrlə gülməyə başladı. Bu gülüşlərdən Qətibə Səbanın nə demək istədiyini anladı, Səba xanım isə Hüsaməddinlə danışdıqlarını tamamilə Qətibəyə xəbər verdi. Qətibə başına hərəkət verərək dedi:

− Bütün işlər Hüsaməddin kimi adamların əlində olsaydı, hamısını bir saatın içərisində əlimə ala bilərdim.

Hüsaməddin Qətibənin çadırına yaxınlaşdığı zaman Qətibə də çadırın pərdəsini qaldırıb qara buludlarla qucaqlaşan on dörd gecəlik ayın kirşanlı çöhrəsini seyr edirdi.

Ucandan və Soltaniyyə çəmənindən qalxan gecə ruzigarı Əlvənd dağının lətif nəsimlərilə qucaqlaşdığı zaman, Qətibənin qara saçlarının bükümlərini dağıdır və aydan daha şəfəqli olan alnından öpürdü.

Qətibə bu gecə öz gözəlliyini artıra biləcək bütün vasitələrdən istifadə etmişdi. O, Hüsaməddini gördüyü zaman üzünə tökülən saçlarını bir daha çöhrəsindən kənara atdı, Hüsaməddin isə bu afətin gözəlliyini və gecəyə məxsus libasla ayın qarşısında nümayiş etdiyini görüncə onun varlığı, hissi, düşüncəsi və xatiri tamamilə keçmişlərə qayıtdı və o, qəlbində öz-özünə dedi:

− Sübhanallah, bir ay buludların arxasında gizlənmək istərkən ikinci ay da qara saçların arasından çıxıb çadırı işıqlandırır.

Qətibə gözlərinin ucu ilə Hüsaməddinin baxışlarındakı mənanı oxuyurdu. Onun ehtirasının ağlına qalib gəldiyi dəqiqələrin yetişdiyini hiss edirdi. Lakin Qətibənin özü qəmgin və narazı bir vəziyyət almışdı. Hüsaməddin salam verib çadıra girdiyi zaman Qətibə sevgi və qısqanclığın əlində oyuncaq olan bir qız kimi, şikayətə başladı:

− Bir də mən o alçaq cariyəni, hər qədəmində mənə xəyanət edən Səba xanımı sənin yanına göndərməyəcəyəm. Buna and içirəm, artıq bu həqarət çəkilməz bir şəkil aldı. Mən bilirəm ki, sən onu sevirsən. Bir addım yoldan səni çağırmaq üçün saatlarca vaxtmı lazım idi?… Sən bunu məni təhqir etmək üçünmü edirsən?

Qətibə bunu deyib şiddətlə ağladı. Hüsaməddin ayaq üstündə quruyub qalmışdı, onun ağlamasının həqiqi və yainki saxta olmasına diqqət verirdi. Hüsaməddin Qətibənin Səba xanımdan da şiddətli ağladığını və göz yaşları tökdüyünü görüncə öz-özünə belə fikirləşirdi:

− Mən nə qədər xoşbəxtəm. Eldəniz Rübatının lətif havaları ilə nəfəs alıram, özüm də Atabəyin inanılmış əzəmətli bir sərdarı, gənc və zəngin bir insanam. Bu mətin varlığım isə Şərqin iki nəfər məşhur gözəlini özünə bağlamışdır. Həqiqətdə də, bu göz yaşları ürəklərdə coşan sevgi yağışlarının damcılarıdır. Səba xanım da, mələkə də mənim eşqimin dəliləridir. Səba! Onun döşlərini qoxlarkən sanki səhər ruzigarları damağıma qərənfil qoxuları dağıdır, onun dodaqları dodaqlarıma dəyərkən xoşbəxtlik nəşəsi qanımı coşdurur. Onu qollarımın arasında gördüyüm zaman, özümü dünyanın varlığını mənimsəmiş bir hökmdardan daha yüksək zənn edirəm.

Bu isə mələkədir, mən bunun qarşısında durduğum zaman müqəddəs kitablarda oxuduğum möcüzələr gözümdə cilvələnməyə başlayır, özüm-özümə sual verirəm: əcəba, qarşımda oturan mələkədirmi?! Əcəba, mənim eşqim üçün bütün varlığı ilə ağlayan o məğrur Qətibədirmi?

Hüsaməddin bunları düşündüyü vaxt sevginin qanadlarına minib axmaqlığın ən yuxarı dərəcəsinə qalxmışdı. O ancaq Səbanı və Qətibəni düşünürdü. Lakin Hüsaməddin onların nə kimi işlər barəsində düşündüklərini öyrənməyə qabil deyildi.

Qətibənin səsi bir daha eşidildi:

− Gəl otur, lakin sən mənə söz verməlisən ki, bir daha Səba xanımla sevgi əlaqəsində olmaycaqsan; sən məni intihar ayağına sürükləməyəcəyinə and içməlisən.

Hüsaməddin nə deyəcəyini və sevindiyindən nə edəcəyini bilmirdi, ancaq bir kərə:

− Bu nə sözdür, gözəl mələkə, – dedi, – əcəba, mən Səba xanımı sevəcək qədər alçaldımmı?! Bir cariyənimi? Əcəba, mələkə mənim nə cür izzət-nəfsə malik olduğumu unutdunmu?!

− Qətibəni tanımamış deyilsən. Sən bilirsən ki, mən sevdiyim zaman dəli oluram. Nə edəydim? Sən də, mən də, ikimiz də haqlıyıq. Kübar ailələrdə yaşayan qızlar, heç bir zaman öz qəlbinə və öz sevgisinə malik ola bilməz. Sənə and içirəm, mən Nizamidən ümidimi kəsəndən sonra səni düşünürdüm. Lakin məmləkətin ehtiyacı və ailəmizin gələcəyi, məni bu qızıl qəfəsin içərisinə düşməyə və həbsxana həyatı keçirməyə məcbur etdi. Buna sən də səbəb oldun, çünki mən sənin Mahtab xanımla bağlandığını görəndən sonra səndən ümidimi kəsdim. Lakin burada adamsız qalmamaq üçün öz köhnə dostlarımı və sevgilərini hələ də ürəyimdə saxladığım adamları öz yanıma cəlb etməyə çalışdım. Bilmirəm sən bunu hiss etdinmi?

İnan mənə, Hüsaməddin! Hər dəfə sənin cariyə Səba xanımla olan əlaqəni hiss edərkən özümü təhqir olunmuş hesab edirəm.

De görüm, sən bu təhqirlərə nəhayət verəcəksənmi?! Bizim ikimiz də iqbalımızdan səadət görmədik. Mən səni bədbəxt etdim, iqbalım da mənim öz səadətimi əlimdən aldı.

Lakin mən səni yenə də unutmamışam. Mələkəlik mənim qızlıq hisslərimi əlimdən ala bilməmişdir.

Hüsaməddinin də fikri Gəncəyə və gəncliyə qayıtmışdı: o, hər axşam çağı çayın kənarındakı meşədə söyüd kötüyünün üstündə oturan qızı xatırladı və birdən özü belə hiss etmədən ah çəkib dedi:

− Ah, Vətən!

Qətibə də başına hərəkət verərək:

− Bəli, Vətən, – dedi, – əziz dostum, gülünc düşməsəydi, mən o üstündə oturduğumuz söyüd kötüyünü Həmədana gətirdərdim. Çünki onun üzərində həyatımın qüssə və kədər bilmədiyim anları keçmişdir. De görüm, o kötüyün üstündə oturan zad öz Rənasilə xoşbəxt yaşaya bilirmi?

− Bəli, yaşayır. Məhəmməd adında bir oğlanları da vardır.

Qətibə ağladı:

− Qəlbimi yaraladın, – dedi.

O, çadırın qapısından içəri girdi, Hüsaməddin də onun icazəsini alandan sonra çadıra daxil oldu. Orada yüzlərcə ipək örtülü badgir içində yanan qızıl şamdanların işığı Qətibənin çöhrəsinə daha başqa bir gözəllik əlavə etdi. Hüsaməddinin nəzərində Qətibənin üzündə qızlığının məsum baxışları hələ də qalırdı. Bu baxışlar onu intiqam fikirlərindən geri qaytardığı kimi onu köhnə sevgi hisslərini də təzələyirdi. Qətibə Hüsaməddinin fikirlərini dərhal onun gözündən oxudu və dedi:

− Elədir, əziz dostum, sənin dediyin sözlər daima qulaqlarımda cingildəyir: “Sən mənim olmasan, heç kəsin də olmayacaqsan”. Çox doğru demişdin. Mən onu heç vaxt bir ər kimi sevməyəcəyəm, bunu mən sənə söz verirəm. Lakin müəyyən bir vaxta qədər həyatımız bu şəkildə davam edəcəkdir. Ancaq sən də aralıqdakı maneələri məhv etmək üçün mənə kömək etməlisən…

Hüsaməddin hərarətlə ona cavab verdi:

− Mələkə, mən sənə və anamın qəbrinə and içirəm ki, ölüncəyə qədər sənin sərəncamında olacağam. Sən mənim nə qədər sadiq və möhkəm iradəli bir zat olduğumu yaxşı bilirsən.

− Lakin sən hər bir cariyənin arzusunu yerinə yetirmək üçün məni təhqir etməməlisən, çünki sənin bu cür hərəkətlərin aramızda olan sevgi münasibətlərini poza bilər.

Hüsaməddin mələkənin canına and içərək onu inandırmağa başladı:

− Mələkə! Sənə and içirəm. Mənim əlim Səbanın tüklərinə belə toxunmamışdır. Mən mələkə üçün yaşayacağam, maneələr aralıqdan götürülüncəyə qədər yaşayacağam, mənim üçün mələkənin bir kəlmə “sevirəm” deməsi kifayətdir.

Hüsaməddin Qətibənin süfrəsində şam yeməyinə oturdu. Onlar vidalaşıb ayrılırkən Qətibə bir daha:

− Hüsaməddin, mənə inan, səni sevirəm, – dedi və dodaqlarını onun dodaqlarından çəkdiyi vaxt:

− Dalısı sonra, – deyə əlavə etdi.

Hüsaməddin getdi. Səba xanım çadıra girdiyi zaman Qətibə də gülürdü. Səba bu gülüşün mənasını dərhal anladı və dedi:

− Belədir, mələkə, kişilər and içə-içə günah etməyə öyrənmişlər. Onların ürəkləri gözlərinə tabedir, gözlərinin qarşısında kimi görərsə, onu da sevəcəkdir.

Qətibə Səba xanıma tapşırığını bir daha təkrarladı:

− Sən onu məşğul etməlisən, biləks, o buranı tərk edib Gəncəyə qayıda bilər. O, burada mənə lazımdır.


“LEYLİ VƏ MƏCNUN”


Ölkədəki bəzi narazılıqla əlaqədar olaraq Şirvan xaqanı öz sarayının sənətkar şairi Xaqanidən də şübhələnir və onun haqqında gizli təhqiqat aparılmasına fərman verirdi.

Xaqanın şairi təqib etmək təşəbbüsü bir neçə gün əvvəl Şirvandan qaçıb Gəncəyə gələnlər tərəfindən xəbər verilmişdi. Bu xəbəri Xaqaniyə yetirmək və onun təcili surətdə Şirvandan qaçmasını bildirmək üçün göndərilən qasid, Xaqaninin qayınanası Cahanbanu tərəfindən bu məzmunda bir məktub aparmışdı:

“Mahtab şiddətli xəstədir. Gəncəyə gəlməyin lazımdır.

Cahanbanu”.

Xaqani məktubu alan kimi gecənin yarısında bir nəfər xidmətçisi ilə evindən çıxıb Beləqan tərəfinə yola düşdü. Lakin o, Şirvan hüdudunu keçməyə müvəffəq olmadı. Onu xaqanın əmrinə görə həbsə aldılar.

Xaqani həbsə alınandan bir neçə həftə sonra Nizami Şirvan xaqanının sifariş verdiyi “Leyli və Məcnun” dastanını yazıb bitirmişdi. Nizami yazdığı dastanı xaqana aparıb vermək və əvəzində həbsə alınmış şairi azad etdirməyi düşünürdü. Buna görə də Nizami öz kiçik oğlu Məhəmmədi də yanınca götürüb xaqanın paytaxtı olan Şamaxı şəhərinə yola düşdü.

Şirvan şairləri, ziyalıları Nizaminin Şamaxıya gəlmək istədiyini eşidərkən, onu şəhərin ayağında təntənə ilə istiqbal etdilər. Onları belə qorxulu bir zamanda Nizaminin Şamaxıya nə cürətlə gəlməsi məsələsi düşündürdü.

Nizami bir gün istirahətdən sonra hamama getdi. Xaqanın sarayına getmək üçün təzə libaslar geyindi, oğlu ilə bərabər xaqanın yanına getdi.

Lakin saray xalqı onun üzünə layiq bir təntənə ilə qarşılamadı. O, xaqanın eyvanında bir saata kimi oturub gözlədi. Çünki xaqan nahar yeməyindən sonrakı istirahətindən qalxmamışdı. Nizami bu vəziyyəti gördüyü zaman Şirvana gəlməsindən peşman olmuşdu. Vaxtilə ona elçilər göndərib Şirvana dəvət edən xaqan indi isə onu saatlarca eyvanda oturdub gözlədirdi.

Nizami “Leyli və Məcnun” dastanı qoltuğunda bir qədər oturub gözləyəndən sonra xaqanın hüzuruna dəvət olundu.

Şair otağa daxil olduğu zaman xaqanı öz vəzirləri və əyanları ilə bərabər oturan halda gördü, salam verib dayandı. Xaqan onun salamının cavabını da oturduğu yerində verdi və birinci sözü bundan ibarət oldu:

− Xoş gəlib səfa gətirdin, möhtərəm şair! – dedi və saxta bir təbəssümlə sözünü davam edib danışdı:

− Nə əcəb Şirvan xaqanından qorxmayaraq belə bir qorxulu zamanda bizim sərhədimizi keçdin? Eybi yoxdur, otur.

Şair isə tənzim edib oturdu.

Xaqan Nizamiyə sual verdi:

− Sifariş verdiyim “Leyli və Məcnun” dastanını yazıb bitirdinmi?

− Bəli, bitirdim, xaqanın hüzuruna gətirmişəm. Hərgah xaqan nəzərində məqbul görülərsə, mən buradan böyük bir iftixarla qayıdacağam.

Nizami bu sözləri deyərək ipək bağlının içərisindən “Leyli və Məcnun” dastanını çıxarıb xaqana təqdim etdi. Xaqan dastanı açıb ancaq müqəddiməni ucadan oxumağa başladı. Lakin aşağıdakı dörd misranı oxuyub:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации