Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 7

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

Fəxrəddin Səba xanıma əhəmiyyət vermədi. Nəhayət, Səba xanım yenə də qızlarla qayıdıb Fəxrəddin və Mücirəddin oturan kürsünün yanında dayanaraq söhbətə başladı. O, sanki Mahtab xanıma aid olan bir kinayədən danışırdı:

− Mən o qədər də sadə adamlardan deyiləm ki, öz nişanələri qasidin əlinə tapşırım, qasid isə öz məqsədindən ötrü verdiyim nişanələri əlində bəhanə aləti qayırsın – dedikdə Fəxrəddin təkan yedi, söhbətini şaşırdı, çünki o, Səba xanımın nə dediyini bilirdi. O bir neçə kərə ağlını doldurub Səba xanımı danışdırmaq istədi, lakin danışdırmamaq üçün özünə söz verdiyini xatırlayaraq dinmədi. Mücirəddin isə bunu hiss edərək:

− Əylənməyin nə zərəri vardır? Şeytan da olsa, maraqlı şeytandır. Çağırıb bir qədər danışdırsaq, nə olar?! – dedikdə Fəxrəddin də:

− Şeytandan daha iyrənc bir ad tapılsaydı, onu yanımıza haman adla çağırardıq. Bəlkə də, mən şair olmadığımdan, gözəlləri sizin qədər duymaq qabiliyyətinə malik deyiləm. Lakin bunun barəsində əldə etdiyim qənaət mənim üçün hər şeydən böyükdür. Bu şeytan hər barədə gözəldir, yeganə bir eybi varsa, o da bunun şeytanlığıdır. Mən bunu heç bir zaman əlimdən buraxmazdım. Üç min dirhəm o qədər də böyük bir pul deyildi, o pulu versəydim, Cahanbanu bəyim bunu mənə güzəştə gedərdi. Lakin bu dünya gözəlini qiymətdən düşürən onun şeytanlığıdır. Bundan gördüyüm yamanlığın bircə faizini hər kəsdən görsəydim, indiyə qədər onu məhv etmişdim. Bir neçə kərə bunu məhv etməyə qalxmışam, fürsət də düşüb, lakin təbiətin bu gözəl məşəlini söndürmək istəməmişəm, çünki bunun gözəlliyini görüb şeytanlığını tanımayanlar mənə lənət oxuyacaqdılar. Onun indiyə qədər diri qalmasının səbəbi də budur.

Səba xanım üçüncü kərə Fəxrəddinin önündən keçdiyi zaman artıq öz gözəlliyini tərif edirdi:

− Deyirlər ki, gül tikanların içərisindən göyərməkdədir. İndi ki belədir, nə üçün gül olan məclisə tikanları buraxırlar? Mən dediyim adamın çöhrəsi daima gözümün önündədir. Mənə qiymət qoymayanlar, mənim gözəlliyimi iqrar etməyənlər də haqlıdır. Çünki mənim musiqidən nəşədar olan səsim, qəmginlərin qulağında bayquş səsindən daha qəmlidir. Qəmginliyin şərbətini dadan adamların dimağında şəkərin şəhdi belə ilanın zəhərindən də acıdır. Mənim baxışlarım sübhün nəsimindən təmiz olsa belə, yaralı ürəklər üçün əqrəbin nişindən zərərlidir. Bu təbii bir haldır; qəmli, kədərli adamların gözündə ən qiymətli cavahir, adi bir daşdan daşa alçaqdır. Lakin burada nə səhər nəsiminin, nə şəkər şəhdinin, nə də mənim nəşədar səsimin və almaz kimi şəfəqlənən göz bəbəklərimin bir zərrə də olsa, nöqsanı yoxdur.

Mənim şirin sözlərim özünü itirmiş adamların ayağı altında qalan zəhərli tikanlar misalındadır. Mənim kölgəm sağlam fikirli adamlara təzə bir can bağışlasa da, xəstə adamlar üçün ağır bir yükdən ibarətdir.

Bir vaxt var idi ki, onsuz ağlaya-ağlaya yuxuya getdiyim üçün yuxuda görərdim ki, məni su aparır. Nə etməli? “Eşq-eşq” deyə bir adamın adını əzbərləyərdim, lakin eşqə düşəndən sonra onun nə olduğunu anladım. “Yar-yar” deyərək sevinirkən onun kim olduğunu bildim. Əgər eşq bu isə kimə lazımdır? Əgər yar mən gördüklərim isə onlarla kim yaşaya bilərdi?

Lakin bu dünyadan kamını almayan bir tək mən deyiləm. Çoxları xəyalın təsəvvürə gətirə bilmədiyi uca aləmlərə uçmaq istədilər, lakin qanadlarında qüvvət hiss etməyərək uça bilmədilər.

Fəxrəddin Səba xanımın bu sözlərindən sonra sakit oturmağı bacarmadı. Çünki Səba xanımın son sözləri Fəxrəddinin Dilşadı sevdiyinə və arzusuna yetişə bilmədiyinə işarət idi. Buna görə Fəxrəddin artıq davam etməyərək ona cavab verdi:

− Qanadlarımda qüvvət hiss edirəm. İstədiyim ucalıqları fəth etmək üçün qüdrətim vardır, lakin haman ucalıqların qarşısında qara qanadlarını açıb yüksəlişimə mane olan şeytanlara rast gəlirəm.

Səba xanım irəli gəldi. Fəxrəddinlə danışmaq üçün bəhanə əldə etdi və acıqlı bir tövr alaraq dedi:

− Fəxrəddin, səni mənə və Dilşada etdiyin haqsızlıqlar səbəbinə söyməliyəm və məzəmmət etməliyəm. Əcəba sən məndən hansı təqsirimin səbəbinə küsdün?

Fəxrəddin başqalarının yanında söhbət açmaq istəmədiyindən, onlar bağçaya düşdülər. Fəxrəddin:

− Sənin özün söyləməyə layiq ikən başqasını söyləməyə haqqın vardırmı?! – dedi, – sən mənə və Dilşada nə yamanlıq qaldı ki, etmədin?! Məni və onu məhv edən sən olmadınmı?

− Qız əsla məhv olmamışdır. Sənin məhv olduğunun səbəbi isə öz xasiyyətindir. Behiştdən hurini, mələyi yerə endirib sənin sərəncamına versələr belə, yenə də sən yaşamağı bacarmayacaqsan. Çünki səndə bir qızın qəlbini əyləndirəcək dil yoxdur. O şeyləri ki qız səndən tələb etməlidir, onu sən qızdan tələb edirsən. Əcəba, məndən son dəfə küsməyinin səbəbi nə idi?

− Sən nə üçün mənə Dilşaddan yalan sifariş gətirdin? Nə üçün məndən aldığın məktubu Əmirə verib qızın cəzalanmasına səbəb oldun?!

− O məktub səbəbinə mənim özüm azmı cəzalandım? Madam ki, məsələnin əsasından xəbərdar deyilsən, yersiz tənqidlərini də qoy qalsın. Nə Dilşadın, nə də mənim bu işlərdən xəbərimiz yox idi. Əvvəla, sənin dilindən məktub düzəldib Dilşada verən Mərcandır. Onu da öyrədən Süsəndir. Mənim təqsirim nədir?! Madam ki, sən hər qıza bir cür söz verir və hamını sevmək istəyirsən, onların bir-birini qısqanmağa və macəra yaratmağa haqları vardır. Buna görə də Süsən sənin tərəfindən düzəltdiyi məktubu Dilşada verib onun qəlbini səndən iyrəndirmək istəmişdi. Mənim Dilşaddan, sənə sifariş gətirməyimə gəldikdə o da mənim işimdir, o sifarişdən Dilşadın xəbəri yox idi. Mən o sifarişin vasitəsilə səndən bir məktub alıb ona aparmaq və Süsənin yazdığı məktubun sarayda düzəldiyini Dilşada isbat etmək istəyirdim. Daha açığı, Dilşadın kədərlərini təskin etməyi düşünürdüm. Əcəba, belə bir təşəbbüs sənin fikrincə, bir xəyanətdirmi?!

Qaldı ki, mənim vasitəmlə Dilşada göndərdiyin məktubun Əmirin əlinə düşməsi tamamilə doğrudur. Lakin sən bunu bilməli idin ki, məktub nə vasitə ilə Əmirin əlinə düşmüşdür.

Fəxrəddin acıqlı:

− Mən haradan bilərdim? Mən ki sarayda yaşamıram, – dedikdə, Səba xanım cəld cavab verdi:

− İndi ki bilmirsən, onda məni çağırıb deməli idin ki, nə üçün mənə xəyanət etdin? O zaman mən də məsələni açıb başdan-ayağa qədər sənə danışardım. Mən səndən məktub aldığım və Dilşada aparmaq istədiyim gün Süsənin tapşırığı ilə Mərcan məni güdürmüş. Mən səninlə Şeyx Saleh məqbərəsində uzun-uzadı danışdığım zaman Mərcan sözlərimizin bir çoxunu eşidibmiş. Mən səndən məktubu alıb saraya girdiyim zaman məni birbaş xacə Müfidin otağına apardılar. Üstümü axtarıb sənin məktubunu tapdılar. Bundan sonra başıma nələr gətirildiyini danışmaq istəmirəm. Ancaq boğazımda və gözümün üstündəki yara yerlərinə baxa bilərsən.

Səba xanım bu sözləri dedikdən sonra ipək çarqatını kənara ataraq boynundakı yara yerlərini göstərdi. Fəxrəddin isə qismən Səba xanıma inanmağa başlarkən Səba bunu hiss edərək sözünü davam etdirdi:

− Mən o yaxşılıqları nə sənin, nə də Dilşadın xatirinə etmirdim. Mənim xasiyyətimi yaxşı bilirsən, mən heç vaxt dinc otura bilmirəm. Süsənin bu işlərini ifşa etmək istərkən özümü cəzaya giriftar etdim. Yazıq Dilşad da əziyyət çəkdi. Eybi yoxdur, hamısı keçib gedibdir. Dilşad da sağdır, sən də sağsan. Xeyir işinizin baş tutmasına da az qalır. Bir şirinlik yüz aclıqları unutdura bilər.

Fəxrəddin Səba xanımın bu sözlərindən acıqlanaraq dedi:

− Mənə istehza edirsənmi?

− Sənə istehza etməyə haqqım vardır. Nə üçün qıza verdiyin hədiyyəni geri qaytarmırsan?

− Hansı hədiyyəni?!

Səba xanım məzəmmətedici bir tövr alaraq soruşdu:

− Ah, Fəxrəddin, bütün Gəncənin bildiyi bir məsələni məndən nə üçün gizlədirsən?

− Hansı məsələni?!

− Boyunbağı məsələsini. Süsənin Dilşaddan oğurlatdırıb Məsudiyyə qabağındakı dilənçilərin içərisinə atdırdığı boyunbağı məsələsini… İndi nə üçün sən onu qızın özünə göndərmirsən?! Sadə bir boyunbağı Dilşaddan qiymətlidirmi?!

Fəxrəddin düşüncə dənizlərinə qərq oldu. Dilşadın Bağdada göndərilmədiyini, sarayda yaşadığını yəqin etdi və Səba xanıma müraciətlə:

− Bu xəbər sənə qarşı olan mənfi fikirlərimin hamısını dağıtdı. İndi mənə de görüm, Dilşad mənim haqqımda nə düşünür?

− Sən nəyi gözləyirsənsə, Dilşad da onu gözləyir. Ramazan ayı qurtardı. Əmir də öz sözünü geri götürməmişdir. Bu barədə Dilşada xəbər verilmişdir. Sənin özünə də xəbər vermək üçün səni saraya dəvət eləyəcəklər. Bəlkə də, sabah sənə məktub göndərdilər, o zaman saraya gələrsən. Əmir sizə izdivacın şərtlərini xəbər verər, toy hazırlığına başlarsınız. İndi de görüm məndən razı qaldınmı?!

− Yerdən göyə qədər razıyam. Mən yazıq Dilşadı Gəncədən getmiş bilirdim.

− Sən Əmir haqqında çox iftira getmə, o sənə verdiyi sözü heç bir vəchlə geri götürməz. İnanmırsansa, gəl bu axşam saraya gedək, Dilşadı görəndən sonra sözlərimə inan.

− Yox, sənə inanıram. Əmirin icazəsi olmadan saraya getmərəm.

− Bu da gözəl fikirdir. Qoy sabah Əmirin dəst-xəttilə yazılmış məktubu alıb gətirim. Ancaq bilmirəm harada görüşək.

− Elə yer olsun ki, bizim görüşdüyümüzü bir kimsə görməsin.

− Onda gərək axşam qaranlığında olsun. Axşam vaxtı çay kənarına gələrsən. Orada bir az təxir etdikdən sonra Musa dəyirmanının yanındakı söyüdlükdə görüşərik.

Buna Səba xanım razı oldu, vidalaşıb ayrıldılar.


LEYLİ VƏ MƏCNUN


Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi:


“Möhtərəm və sənətkar şair!

Şirvandan Gəncəyə olan bu qısa səfərimizdə iki böyük zatın ziyarətinə nail olmaqla şərəf və səadət əldə edəcəyik. Onlardan birincisi Atabəy Məhəmməd həzrətlərinin ziyarəti, ikincisi isə möhtərəm şairlərin ziyarətidir. Möhtərəm şair icazə versəydi, xaqanın sifarişlərini yerinə yetirmək məqsədilə görüşər və səadətə nail olardıq.

Şirvan şahı tərəfindən gəlmiş heyətin sədri

Nəcməddin”

Nizami məktubu alandan sonra onların qəbulu üçün müəyyən vaxt təyin elədi. Eyni zamanda evin sahmana salınması üçün Rənaya tapşırıq verdi. Heyətin qəbulunda iştirak etmək üçün bəzi laızmlı adamlarına və dostlarına da xəbər göndərdi. Bunların cərgəsində Fəxrəddin də var idi.

Fəxrəddin dəvət edildiyi vaxtdan bir neçə saat irəli gəlib heyətin qəbulu zamanında lazım olacaq şeylərin hazır edilməsində iştirak etmək istədi. Çatmayan şeylərin öz evlərindən gətirilməsinə əmr verdi, bazardan pul ilə alınacaq şeyləri aldırıb hazır etdirdi. Rəna və Nizami Fəxrəddinin köməyindən həddindən ziyadə razı qaldılar.

Nizami və Rəna Fəxrəddinə diqqətlə baxdıqları zaman indi keçmiş kədərlərdən bir zərrə də olsa nişanə görmədilər. O, Dilşad gedəndən bəri bir gün də olsa, şad üzlə Nizaminin və Rənanın üzünə baxmamışdı. Bu gün isə gülür, danışır və şadlıq edirdi. Nizami onda bir xəbər olduğunu dərhal hiss etdi və soruşdu:

− Bu şadlığın səbəbini desəydin, dostların da şadlanardı.

Fəxrəddin şad bir ürəklə Nizaminin əlini sıxdı:

− Bu şadlıq gələcək bir bəxtiyarlığın başlanğıcıdır. Ancaq dünən mənə məlum olmuşdur ki, Dilşad Bağdada göndərilməmişdir. Saraydadır.

Nizami təəccüblə soruşdu:

− Bu xəbəri sənə gətirən kimdir?

Fəxrəddin Əbül-Ülanın ziyafətində olduğunu, orada Səba ilə görüşdüyünü və aralıqda gedən söhbətləri tamamilə Nizami üçün danışdı və:

− Bu axşam o, Əmirin məktubunu gətirəcək və mən onunla bərabər saraya gedəcəyəm, – dedikdə Nizami də:

− Onunla saraya deyil, ya ölümə, yainki həbsxanaya gedəcəksən, – deyə cavab verdi, – yenə də sən aldandın. Lakin məni dərdə salan bir cəhət varsa, o da məsələni qabaqcadan gəlib mənə xəbər verməməyindən ibarətdir. Sən indi nə kimi bir zaman olduğunu bilirsənmi?! Əmir Atabəyin gəlməsi münasibətilə öz mövqeyindən əmin deyil. O, Atabəyə şikayət verənlərin təşkili işində çalışanların hər nə bahasına olursa, olsun, xalqın arasından götürməlidir. Onların birincisi mənim qəhrəman, lakin avam dostum Fəxrəddindir. Səbanın son macərası sarayda səni məhv etdirmək üçündür. Dilşad isə çoxdan Bağdaddadır.

− Ola bilməz!

− Ola bilər! Sən mənə inan. Səba xanım təzə, lakin olduqca qorxulu bir xəyanət hazırlamaq istəyir. Buna inanmırsansa, al məktubu oxu! Qızıl Arslan əsir aparılan qızların adını və yerlərini mənə göndərdiyi son məktubunda qeyd etmişdir.

Fəxrəddin məktubu alıb baxdı və Nizaminin dediklərini təsdiq etdi.

− O həyasızı məhv edəcəyəm. O sağ qaldıqca macəralar törətməyə çalışacaqdır, – dedikdə yenə də Nizami:

− Bir az ehtiyatlı olmalısan, – dedi.

Söz bununla bitdi, çünki heyətin gəldiyini xəbər verdilər.

Fəxrəddin və başqaları qonaqları həyətdə istiqbal edib otağa gətirdilər. Nizaminin özü isə heyəti evin qapısında qarşılayıb:

− Şairin bir yoxsul evinə şərafət və səadət gətirdiniz. Xoş gəldiniz, səfa gətirdiniz, – dedi və əyləşmələri üçün yer göstərdi. Nəcməddin və heyət üzvləri oturdular. Nizami isə başlayaraq:

− Atabəy həzrətlərinin Gəncəyə gəlməsi xəbəri bizə xaqan həzrətlərinin nümayəndələrilə görüşmək şərəfinə nail olmaq imkanı verdi, – dedikdə, Nəcməddində:

− Atabəy həzrətlərinin Gəncəyə gəlmək xəbərindən əvvəl də xaqan həzrətləri sizin hüzurunuza bir heyət göndərməyi düşünürdü, – dedi, –bu səfərimizdə xaqan həzrətləri Gəncədən qiymətli bir cavahir aparmaq üçün bizə tapşırıq vermişdir.

Nizami çox qısa cümlələrlə cavab verib dedi:

− Xaqan həzrətlərinin şairə bu qədər böyük əhəmiyyət verdiyinə təşəkkür edirəm.

− Xaqan həzrətləri öz səmimi ricasını yetirmək üçün bizi möhtərəm şairin yanına göndərmişdir. Xaqanın mübarək rəyi buna əlaqə tutmuşdur ki, möhtərəm şair Leyli və Məcnunun müaşiqəsini bir dastan şəklində yazsın.

− Xaqan həzrətlərinin arzularına əməl etməyə hazıram.

− Lakin xaqan həzrətlərinin arzusu budur ki, möhtərəm şair yazdığı dastanı Azərbaycan dilində yazmasın, onu yüksək təbəqəyə mənsub bir dildə, fars dilində yazsın. Çünki xaqan həzrətləri Azərbaycan dili ilə tanış deyil, o ancaq fars dilində danışıb oxuya bilir. Şübhəsizdir ki, siz xaqanın nə kimi dil və nə kimi bir şeirlə maraqlandığını bizdən yaxşı bilirsiniz.

Nizami məclisdə iştirak edən azərbaycanlıların həyəcanını hiss edərək münaqişə çıxmasına imkan verməmək üçün dedi:

− Mən xaqanın fikrini çox gözəl anlayıram. Şübhəsizdir ki, xaqan fars dilinin yüksək təbəqəyə mənsub bir dil olduğunu qeyd etməkdə çox haqlıdır. O yüksək təbəqəyə mənsub dil deyərkən saray xalqını nəzərdə tutmuşdur. Xaqan saray xalqını, öz həzrətləri də daxil olmaq şərtilə, yüksək təbəqə hesab edir. Bu tamamilə doğrudur. Saray xalqı başqa bir təbəqə, saray xaricindəkilər isə tamamilə başqa bir təbəqədir. Sizə də, bizə də məlumdur ki, Şirvan sarayında yaşayanlar da, xaqanın özü də azərbaycanca danışa bilmirlər. Bəlkə, belə də məsləhətdir. Bunların hamısı ilə bərabər, mən Leyli və Məcnun dastanını başqa bir nöqteyi-nəzərdən də fars dilində yazmaqla maraqlanıram. Çünki bu zamana qədər fars oxucuları dastan şəklində heç bir ədəbiyyat görməmişlər. Firdovsinin əsəri böyük bir dastan olmaqdan qabaq bir tarix əsəri sayıla bilər. Orada olan müaşiqələr bədii olsa belə, tam bir sevgi macərası qənaətini vermir.

Mən elə bilirəm ki, xaqan həzrətləri fars dilində yazan şairlərə göstəriş və rəhbər olmaq üzrə birinci olaraq fars dilində dastan yazılmasını mənə həvalə etmişdir.

Məclisdə olan azərbaycanlıların çöhrəsindəki qırmızılığın çəkilməsi şübhələrin sönməsini hiss etdirirdi. Bunu Nəcməddin də hiss edirdi, o bu sifarişin azərbaycanlıların milli şərəfinə toxunacağını bilməmiş deyildi. Lakin o, Nizaminin verdiyi izahatla şübhə və nifrətlərin söndüyünü hiss edərək şadlandı və xaqanın ikinci sifarişini şairə bildirdi:

− Xaqan həzrətləri sizin malik olduğunuz əzəmətin yoxsul bir binaya yerləşə bilməyəcəyini nəzərə alaraq şairin Şirvan sarayına köçürülməsinə əmr vermişdir. Şairi orada səadətlər, sərvətlər və xələtlər gözləməkdədir. Sizin rəvan təbiniz orada daha da genişlənəcək, siz ancaq orada cahanşümul bir şair dərəcəsinə çatacaqsınız. Siz, ancaq saray içərisində yazdığınız əsərlərlə dünyaya öz günəşinizi sala biləcəksiniz.

Siz sarayda bütün təbii ehtiyacların təsirindən çıxmaqla bütün fikrinizi şeir yaradıcılığına verə biləcəksiniz.

Böyük şairin bu qədər qiluqal içərisində keçən günləri sakit bir həyatın qucağında xariqələr, möcüzələr dolu şeirlər yaratmağa sərf olunacaqdır.

Məncə, şeir gülər və səadətli bir həyatın qucağından doğmalıdır. Şair xalqa qoşularaq günlərin siyasi hadisələri ilə vaxtını keçirməməlidir.

Məclisdə iştirak edənlərdən bir çoxu elə bilirdi ki, Nizami xaqanın bu dəvətini qəbul edib Gəncədən Şirvan şahının sarayına köçəcəkdir. Məclisdəkilər səbirsiz bir intizarla şairin Nəcməddinə verəcəyi cavabı gözləyirdi. Nəhayət, Nizami gülər bir üzlə cavab verdi:

− Şübhəsizdir ki, xaqan həzrətləri məni yüksəltmək üçün öz sarayına dəvət etməkdədir. Buna görə də təşəkkür etməyə və xaqan həzrətlərinə uzun ömürlər və tükənməz dövlətlər diləməyə borcluyam. Əvvəlcə Nəcməddin cənabları mənim evimin yoxsulluğuna işarə edib dedi ki:

“Xaqan həzrətləri sizin malik olduğunuz əzəmətin yoxsul bir binaya yerləşə bilməyəcəyini nəzərə alaraq şairin Şirvan sarayına köçürülməsinə əmr vermişdir”.

Hərgah mənim kimi yoxsul şairdə qiymət və əzəmət vardırsa, həmin əzəmət bu yoxsul evdə doğulmuşdur. Bu palçıq divarlar həmin əzəmətin beşiyidir. Bu əzəməti həmin beşikdə böyüdərək dünyalara tanıtdırana qədər bu evdən ayrılmayacağam.

Doğrudan da, məndə bir əzəmət vardırsa, o mənim deyil, Azərbaycan xalqınındır, çünki mən bu məmləkətin oğluyam. Doğrudur, məni xaqanın sarayında xələtlər gözləyir. Bu saydıqlarınız sərvət və xələt maraqlananlar üçün çox qiymətlidir. Lakin bunların heç birisi şair mədəsinin həzm edəcəyi qidalar deyildir.

Siz deyirsiniz ki, mənim təbim Şirvan şahının sarayında daha genişlənəcəkdir. Lakin geniş kütlələrin içərisindən ayrılıb sarayların uca hasarları daxilinə qapanan bir təbin genişlənə biləcəyinə heç də inana bilmirəm. Şair öz ilham mənbələrindən ayrıldığı zaman kütlələrin içərisindən çıxıb dörd divarın içərisində nazlandığı və mürgülədiyi zaman onun təbi nə vasitə ilə genişlənə bilər?! O, haradan ilham ala bilər?!

Cahanşümul şair olmaq üçün cahanın hadisələri içərisindən süzülüb çıxmaq lazımdır. Bir şairin təbi nə qədər işıqlı olursa olsun, saray içərisindən bir günəş kimi dünyaya işıq sala bilməz. Bəzən saray içərisindən doğan günəşlər geniş təbəqələri işıqlandırmaq qabiliyyətindən məhrum olur. Çünki camaat öz arasından doğan günəşi sevir. Çobanlar günəşi çiçəkli və yaşıl meşələrin arxasından gözləyir, gəmiçilər günəşin bir-birini təqib edən dalğaların arxasında axtarır, kəndlilərimiz isə günəşi yaşıl düzlərin və çəmənlərin üzərində yüksələrkən görür və şadlanırlar. Buna görə də saray divarları dalısından çıxan günəş bizim xalqımızı heç bir zaman isidə bilməz.

Cənab Nəcməddin buyurdu ki, “Siz sarayda bütün təbii ehtiyacların təsirindən çıxdığınız üçün bütün fikirlərinizi şeir yaradıcılığına verə biləcəksiniz”. Lakin bilmirəm ki, xalqımın ehtiyaclarını görmədiyim, o ehtiyacdan doğan dərdləri onlarla bərabər bölüşdürmədiyim, ehtiyac qazanında bu xalqla birlikdə qaynamadığım zaman mən yaradıcılıq üçün mövzu və ilhamı haradan alacağam?!

Şairlərin saray xaricində olması xaqanlar üçün saray içərisində olmalarından daha əlverişlidir. Çünki şair saray içərisində gördüklərini yazarsa və onu geniş təbəqələr arasına yayarsa, bu xaqanların nüfuzunun azalmasına səbəb ola bilər. Lakin xalq arasında yaşamaqla ümumi dərdləri yazıb xaqana bildirmək, həm xalq üçün, həm də xaqan məmləkətinin abadlığı üçün əlverişli olar.

Doğrudur, sarayda rahat yaşayıb möcüzələr, bərcəstə şeirlər yaratmaq mümkündür. Lakin haman bərcəstə və möcüzə dediyiniz şeirlər xaqanın buyurduğu kimi yüksək təbəqənin ruhunu oxşaya bilər.

Məncə, sarayın xaricində olan azadlıq, saray içərisində olan azadlıqdan daha yüksəkdir. Bir də ki mən uşaqlıqdan hazırki məişətə öyrənmişəm. Mənim üçün saray həyatı, azadlığını itirmiş bir quşcuğazın qızıl qəfəsdən aldığı nəşədən heç də yüksək ola bilməz.

Xaqan həzrətlərinə salam yetirib mənim tərəfimdən ərz edərsiniz ki, hərgah Şirvan xaqanı Azərbaycan dilini öyrənməyə tənəzzül etməmişlərsə, biz əksinə, həm farsca danışa bilir, həm də farsca şeir yazmağı da bacarırıq. Sağlıq olursa, Leyli və Məcnun dastanını yazıb bitirdiyim zaman bir daha görüşərik.

Uzun saatlar davam edən bu söhbətlər əsnasında sərin və ətirli şərbət içilirdi.

Nəcməddin və heyət üzvləri bu qədər səmimi qəbuldan razı qalaraq vidalaşıb getdilər.

Fəxrəddin qalxıb Nizaminin üzündən öpərək dedi:

− Sənin dilin, sənin ifadən mənim qılıncımdan da kəskindir.

Axşam idi, Fəxrəddinin Səba xanımdan Əmirin məktubunu almaq və saraya getmək üçün söz verdiyi vaxt gəlib çatmışdı. O qalxıb getmək istədikdə Nizami ona bir daha tapşırdı:

− Ehtiyatlı ol! O qız çox hiyləgərdir. Kim bilir, bəlkə səni Musa dəyirmanının yanında məhv etdirəcəkdir.

Fəxrəddin bir daha:

− Onu bacara bilməzlər, – deyə vidalaşıb getdi.


* * *


Əmir nahar yeməyindən sonra sərxoş idi. O, Səba xanımı qəbul etmək, Fəxrəddinə göndəriləcək məktubu yazmaq və Səba xanıma tapşırıq vermək üçün rəqqasələri çox tez buraxmışdı.

Səba xanım axşama bir az qalmış xacə Müfidin gətirdiyi sifarişə görə Əmirin otağına dəvət olundu. O, təzə tikdirdiyi libaslarını və yanlarına inci və zümrüd düzülmüş köynəyini geydi, üzərində almaz cıqqalar vurulmuş qızıl araqçını başına qoydu. Yaqutdan, zəbərcəddən düzəldilmiş telbasan, gövbasanları saçlarına taxtı, qiymətli daşları, boyunbağıları üstünə düzdü, ağ və incə torpaqlarına zümrüdlü xalxallarını taxdı, böyük bir təntənə ilə Əmirin otağına daxil oldu. Qırx şamlı avizələrin şəfəqi Səba xanımı üzərindəki qiymətli daşlara düşdüyü zaman sanki Əmirin qarşısında bahar fəzasının qövsü-qüzehindən paltar geymiş bir gəlin durmuşdu.

Əmir heç bir zaman Səba xanımı bu gözəllikdə görməmişdi. O qalxıb Səba xanımı qolları arasına alaraq öpdü və dedi:

− Sən nə qədər gözəlsən! Səndən ilham alan bir qəlbin şeir mənbəyi olmaması qabildirmi?!

Səba xanım Əmirin qucağında nazlandığı zaman:

− Elədir, mənim ağam! Elədir, mənim varlığımın hakimi, elədir! – dedi, – qoca şair Əbül-Üla məni əbəs yerə iyirmi min dirhəm qızıla almamışdı. O daima bir şeir mövzusu üzərində işlədiyi zaman məni yanına çağırıb əyləşdirər və fikirləşdikcə mənim üzümə baxar və yenə də yazardı.

O məni aldığı zaman birinci gün yazdığı şeirinin məzmunu yadımdadır. Nə gözəl də yazmışdı. O deyirdi: “Səba, sən onu bil ki, mən səni öz göz bəbəyim kimi gözlərimdə gizlədəcəyəm. Səni namahrəmlərə göstərməyəcəyəm. Səni gözümün yaşları ilə böyüdəcəyəm. Sənin mozun qamətin, sərv ağacına bənzəsə belə, güllər və çiçəklərlə bəzənəcəkdir”. Lakin qorxuram ki, bir gün göz yaşları kimi mənim gözlərimdən çıxıb qaçasan”.

Əmir bu sözləri eşitdikdən sonra onu qucaqlayıbb:

− Sən onun göz bəbəyindən qaçaraq mənim qucağıma düşdün. İndi mən səni bəsləyəcəyəm. Qocalmış bir şair sənin qədrini, qiymətini bilməzdi.

Səba xanımın Fəxrəddinlə görüşə getməsi vaxtına az qalırdı. Buna görə də xacə Müfid aftabaləyəni boşaltmaq üçün otağa girdiyi zaman Əmir ona əmr etdi:

− Dəhlizdəkilər aftabaləyəni görməməlidir. Pərdənin dalına qoy, sonra da gedib Toxtamışı mənim hüzuruma çağır.

Xacə Müfid getdikdən sonra Səba xanım da qalxıb saçlarını və üst-başını sahmana salmağa başladı. Yenə də daş-qaşların hər birisini öz yerinə nəsb etməyə məşğul oldu. Lakin Əmir sərxoş olduğu üçün Səba xanıma libaslarını geyməyə im-kan vermirdi. Yarım saatdan bəri Toxtamış qapının dalında durub icazə gözləyirdi, nəhayət, xacə Müfid içəri girib Toxtamışın qapı dalında durduğunu söylədiyi zaman Əmir Səba xanımın dodaqlarını buraxdı.

Toxtamış daxil oldu. Səba xanıma tapşırıq verməyə başladı:

− Sənin ağıllı qız olduğuna inanıram. İstədiyin zaman sənə tapşırılan vəzifəni layiqilə ifa etməyinə şübhəm yoxdur. Lakin məni qorxudan iki şeydir. Onlardan birisi sənin gözəlliyin, ikincisi də keçmişdə sənin onu sevdiyindir.

Səba xanım Toxtamışın bu fikrini rədd almaq üçün cavab verdi:

− Daha iki cəhəti də nəzərə alaraq cənab vəzir qorxmamalıdır. Onlardan birisi Fəxrəddindən intiqam almaq istədiyim, ikincisi də Əmir həzrətlərinin şərəfinə nail olduğumdur. Mən heç bir zaman bu şərəfi adi bir rəiyyətin sevgisilə əvəz etmərəm.

Toxtamış başına hərəkət verdikdən sonra gülərək dedi:

− Biz sizi çox yaxşı tanıyırıq. Qadının bədəninə kişi əli, xüsusilə, gənc bir kişinin əli dəyincə o hər şeyi unudur.

− Mən bu xidməti Əmirin mənə verdiyi şərəfin müqabilində ifa edəcəyəm; sözümdə sadiq qalacağam. Əmir həzrətlərinin başına and içirəm. Çox qadın görübsünüz, lakin Səba xanım o qadınların heç birisinə bənzəməz. Siz Fəxrəddini bu gecə Əmir həzrətlərinin ayaqları altında görəcəksiniz. Onu Əmir həzrətlərinin qulamları qamçılayıb döydükləri zaman mən özüm də bir tərəfdə durub tamaşa edəcək və arzularıma çatdığım üçün şadlanacağam.

Səba xanım Əmirin başına, xəlifənin müqəddəs sarığına and içdikdən sonra Toxtamış sakit oldu, Fəxrəddinə bu məzmunda bir məktub yazdılar:


“Möhtərəm Fəxrəddin!

Ailənizin nəcabəti və özünüzün şəxsən əsil və qəhrəman olduğunuz sizi ikinci bir şərəfə nail edir. Bir ay bundan əvvəl sizə yazılan məktubda təyin etdiyimiz vədə bitmişdir. Buna görə də izdivac məsələsinin müzakirəsi üçün saraya gəlməyiniz lazımdır. Atabəy həzrətlərinin Gəncəyə gəlməsindən qabaq toy məsələsini bitirməliyik. Çünki Atabəy həzrətləri gələndən sonra başımız başqa məsələlərlə məşğul olacaqdır.

Məktubu sizə Səba xanım verəcək, ona etimad edə bilərsiniz.


Əmir İnanc”.


Məktubun başını bağladılar. Əmir möhrünü də imzasının altına basdı. Səba xanım məktubu götürüb Əmirin otağından çıxdı. Hələ qaranlıq düşməmişdi ki, o, saray qapısından çıxdı. Kimsəyə hiss etdirməmək üçün bağça qapısından çıxıb çayın kənarına düşdü.

Toxtamışın tapşırığına görə Əmir inanılmış xidmətçilərdən dörd nəfər yanına çağırdı və tapşırıq verdi.

− Bağçanın qapısına yaxın yerlərdə gizlənməlisiniz. Bu gecə Səba xanımla bərabər, yainki Səba xanımsız bir nəfər saraya gələcəkdir. Bağça qapısında duran keşikçi qapını açıb onu bağçaya buraxacaqdır. Siz ona görünməməlisiniz, ancaq dəhlizə girdiyi zaman başına palaz atıb dərhal həbsxanaya gətirərsiniz. Səs çıxarmasına və saray xalqının xəbərdar olmasına imkan verməməlisiniz. Palazı başına götürmədən əvvəl onu tərk-silah edərsiniz. Mən onu görmək üçün gəldiyim zamanqollarını bağlarsınız. O qorxulu və qüvvətli adamdır. Buna görə də onu həbsxanaya saldığınız zaman lazimi qədər döyərsiniz. Çünki o xəstə halına gətirilməzsə kimsəni yaxınına buraxmaz. İndi gedin, bağçada olun! Vəzifədə səhlənkarlıq göstərsiniz öz başınızla cavab verəcəksiniz.

Xidmətçilər getdi. Əmir bu tarixi gecənin şərəfinə bir ziyafət təşkil etmək üçün əmr verdi; qoca vəzir də Əmirin bu fikrini təqdir etdi. Saqilər, rəqqasələr, gözəl cariyələr, qəşəng və gənc qulamlar işə başladı. Ziyafət gecə saat ikiyə qədər sürdü. Lakin nə Səbanın, nə də Fəxrəddinin saraya gəlməsi haqqında heç bir xəbər çıxmadı. Bu hadisə Əmirin və Toxtamışın rahatsızlığına səbəb oldu. Əmir şərab piyaləsini içib yerə qoyduğu zaman Toxtamışa müraciətlə dedi:

− Deyəsən, vəzirin dedikləri doğru çıxdı…

Toxtamış da şərabdan üz-gözünü turşudub acı bir ifadə ilə cavab verdi:

− Dünyadakı yaranmışların hamısı faili-muxtardır. Onlar bir işi həyata keçirmək istədiyi zaman keçirər, istəməzsə, keçirməz. Bu xasiyyət kişilərdə, heyvanlarda, hətta kiçik qarışqalarda da vardır. Bu xasiyyət ancaq qadınlarda yoxdur. Qadınların ixtiyarları öz əllərində deyil, onlar kişini, xüsusilə sevdikləri kişiləri gördükləri zaman özlərinə məxsus olan hər bir hüquq və ixtiyari kişilərin sərəncamına verirlər. O, birinci gecə sevgilisinin qucağına tələsən bir gəlin kimi bəzənib Fəxrəddinin görüşünə getdi. Fəxrədddin isə gəncdir. Səba xanım da Dilşaddan çirkin deyil, onların bir-birinə güzəştə gedə bilmələri nə üçün mümkün olmasın?

Toxtamış düşünür, Əmir isə piyaləni piyaləyə bənd edib içirdi.

İntizar gecə saat üçə qədər davam etdi. Nə Səba xanımdan, nə də Fəxrəddindən bir xəbər olmadı. Bağçadan eşidilən hər bir səda Əmirin və Toxtamışın qulağında bir bayram müjdəsi kimi səslənirdi.

Əmir yalnız Fəxrəddinin gəlməməsi haqqında düşünmürdü. Onun fikrində Səba xanımın gecikməsi də mühüm bir yer tuturdu. O, Səbanın yalançı əllərə düşməsindən və şərəfinin ləkədar olmasından qorxurdu. O öz-özünə: – Dünyanın gözəlini öz əlim ilə geyindirib yola saldım. Bu axmaqlıq və sadəlik deyilmidir? – deyirdi.

Toxtamış da fikrə qərq olaraq mırıldanıb bu sözləri deyirdi:

− Bizim sadəliyimiz orasındadır ki, belə mühüm bir işi adi bir cariyəyə tapşırdıq. Onların xasiyyətləri, başlarındakı tükün miqdarı qədər müxtəlifdir. Mən əbəs yerə demirdim ki, göydə ulduzların sayını öyrənmək nə qədər çətindirsə, qadının xasiyyətini öyrənmək də bir o qədər imkansızdır… O bizim bu qədər intizar içində çapaladığımızı nəzərə alırmı? Onun üçün gənc bir adamla oturub əylənmək Əmirdən də, Əmirin ona bağışladığı şərəfdən də qiymətlidir.

Əmir Toxtamışı sakit edərək dedi:

− Sən Səba xanıma inanmalısan, o mənə əbəs yerə and içməzdi. Hərgah sənin dediklərin doğru olursa, mən onu bu gecənin özündə saçlarından asdırram.

Saat üçə qədər Toxtamış Əmirin fikirlərilə razılaşmadı. Toxtamışın dediklərinə isə Əmir etiraz etdi. Çünki Əmir Səba xanımın özünə qarşı bəslədiyi sevgi və hörmətə hər şeydən artıq inanırdı.

Birdən dəhlizdən ayaq səsləri gəldi. Əmir və Toxtamış şadlıqlarından dəli olmaq dərəcəsinə gəldilər. Bir azdan sonra xacə Müfid qapını açıb daxil oldu və baş endirib dedi:

− Səba xanım xidmətçilərlə bərabər gəlibdir.

Əmir:

− Xidmətçilər dayansın, Səba xanımı içəri burax! – deyə əmr verdi. Əmir də, Toxtamış da Səbanın müvəffəqiyyətlə qayıtmamasını yəqin etmişdilər. Lakin Səba içəri girəndən sonra Əmirin və Toxtamışın vəziyyəti bir daha dəyişdi. Çünki Səba xanım tamamilə bir tuman və bir köynək ilə qayıtmışdı. O, Əmiri gördüyü zaman ağlayıb bayıldı.

Xacə Müfid su gətirdi, yarım saatdan sonra Səba xanım ayılıb Toxtamışı və Əmiri başı üzərində görüncə bir daha bayıldı. Nəhayət, gecə saat beşdə onu tamamilə ayıltdılar. Əmir ona sual verdi:

− Bu nə vəziyyətdir? İndiyə qədər haradaydın?

Səba xanım ağlaya-ağlaya söhbətə başladı və başına gələnləri danışdı:

− Mən bir az yubanmışdım. Özüm də Fəxrəddinin məni Musa dəyirmanı yanınadkı söyüdlükdə o qədər durub gözləyəcəyinə inanmırdım. Çay kənarından çox böyük bir sürətlə yuxarı qalxdım. Söyüd ağaclarının altı çox qaranlıq idi. Göz-gözü görmürdü. Bir neçə dəqiqə orada durdum, kimsəni görmədim, irəli getmək olduqca qorxulu idi. Qorxub, geri qayıtmaq qərarına gəldim. Qayıtdım, daşların arasından çayın kənarına düşmək istəyirdim, söyüdlükdən o qədər də ayrılmamışdım. Lakin bunu da demək istəyirəm ki, gəldiyim yolu itirmişdim. Hər halda o yol ilə çayın kənarına düşmək mümkün idi. Kolların içərisindən keçdiyim zaman “Teyyubə xanım gəldi” – deyə bir səs eşitdim. Bu səsin dalınca bir neçə nəfər tanımadığım adam ətrafımı aldı, məni əl üstündə kolların arasına gətirdilər. Mənə bir nəfərin yanında yerə qoydular, o adam qollarını boynuma saldı və məni öpərək soruşdu:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации