Электронная библиотека » Məmməd Səid Ordubadi » » онлайн чтение - страница 10

Текст книги "Qılınc və qələm"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Səid Ordubadi


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 43 страниц) [доступный отрывок для чтения: 14 страниц]

Шрифт:
- 100% +

Qızıl Arslanın etinasızlığından Atabəy Məhəmməd nə qədər kədərlənirsə, onun gənc mələkəsi Qətibə bir o qədər sevinirdi. Çünki Qətibə Nizami ilə dostluq əlaqəsi bəsləyən bu hökmdarı görmək istəmirdi. Qətibə bu ixtilaf nəticəsində Qızıl Arslanın Azərbaycan hökumətindən götürüləcəyi və bununla da atasının Şimali Azərbaycan hökumətində yaşaya biləcəyini zənn edirdi. Bunun üçün Qətibə daima Atabəy Məhəmmədi gördüyü zaman deyirdi:

− Qaynım mənim bu xoşbəxtliyimə dostanə bir nəzərlə baxmaq istəmədi. Bilmirəm, bəlkə də, mən Eldəniz xanədanının şərəfi üçün bir ləkə hesab olunurmuşam?

Qətibənin bu sözlərinə Atabəy Məhəmməd təskinedici cavablar verirdi. Lakin o, qəlbində yenə də Qızıl Arslanın bu işdən narazı qaldığını təyin edirdi. Çünki Atabəy Məhəmməd izdivac haqqında qardaşına göndərdiyi məktubuna da cavab almamışdı. O, məktubunda bu izdivacın siyasi əhəmiyyətini qeyd etmişdisə də, lakin Qızıl Arslan bu əhəmiyyətə tamamilə mənfi bir nəzərlə baxırdı. O bilirdi ki, Atabəy Məhəmmədin bu izdivacı, Şimali Azərbaycanı təzədən qurmaq işinə və xəlifə nüfuzunun aradan qaldırılması məsələsinə əngəl törədəcəkdir. Qızıl Arslan bilirdi ki, xilafət məsələsi öz əhəmiyyətini itirdiyi bir zamanda xəlifə ilə qohum olmağın heç bir siyasi əhəmiyyəti ola bilməz.

Lakin Atabəy Məhəmməd böyük qardaşı olduğu üçün Qızıl Arslan onu bu izdivacdan çəkindirməyə cəsarət etmədi, vaxt da keçmişdi, çünki bu izdivacın xəbəri kəbin kəsiləndən sonra Qızıl Arslana verilmişdi.

Atabəy Məhəmməd Qızıl Arslana bu izdivacın siyasi əhəmiyyəti barəsində məktub göndərdiyi günlərdə Nizami də Qızıl Arslana bir məktub göndərmiş və bu izdivacın siyasi bir əhəmiyyətə deyil, siyasi bir pozğunluğa səbəb olacağını qeyd etmişdi. Nizami məktubunda Azərbaycan üçün təzə bir bədbəxtlik üz verəcəyini qeyd etmiş və Qızıl Arslanın ehtiyatla hərəkət etməsini lazım bilmişdi.

Nizaminin dostanə nəsihətlərini nəzərə alaraq Qızıl Arslan qardaşına bir təbrik məktubu ilə bərabər təzə mələkə üçün də bir cüt quş yumurtası böyüklüyündə zümrüd sırğaları hədiyyə göndərmişdi.

Qızıl Arslan təbrik heyətini hədiyyə ilə bərabər göndərdiyi zaman Nizamiyə də bir məktub yazıb ondan heyətin sədrliyini öhdəsinə götürməyi və öz tərəfindən Atabəy Məhəmmədi və mələkəni təbrik etməyi rica etmişdi.

Lakin təsadüfi olaraq Azərbaycanda şiddətli yağışlar yağdığı və Naxçıvanlı Ziyadilmülk tərəfindən qayırılmış körpünün su altında qalması nəticəsində Qızıl Arslanın göndərdiyi heyət lazımi vaxtında Gəncəyə yetişə bilməmişdi.

Toy ziyafəti başlanmışdı. Gürcüstan, Şirvan, Xarəzmşah, Qazan xan, Qara xatay məmləkətləri tərəfindən göndərilən nümayəndələr hamısı vaxt ikən təyin olunmuş kürsülərdə oturmuşdu. Lakin Atabəyin sağ tərəfində qoyulan kürsülər boş idi. Onlar Atabəy Məhəmmədi Qızıl Arslan əleyhinə hazırlamaq üçün Əmirin tapşırığı ilə boş buraxılmışdı. Sağ tərəfdə boş qalan kürsülər, Atabəy Məhəmmədin sağ əli olan Qızıl Arslanın etinasızlığını elan etmək demək idi. Boş kürsülərin dalında vurulmuş xalçanın üzərində “Azərbaycan nümayəndələri” yazılmışdı. Atabəy Məhəmməd Azərbaycan nümayəndələrinin kürsülərini boş gördüyü zaman Qızıl Arslanın bu cürətinə qarşı o qədər qəzəbləndi ki, qəlbi partlamaq dərəcəsinə gəldi. Musiqinin və xanəndənin səsi, qarşısında fırlanan zərif əndamlı rəqqasələr onun acığını daha da artırırdı. Atabəy qəlbində öz-özünə deyirdi: “Yox, artıq qardaşımla müştərək iş aparmaq imkan xaricində qaldı. Toy bitən kimi İraq, Rey və Fars qoşunlarını götürüb Azərbaycan üzərinə yürüyəcəyəm. Azərbaycanda hökumət təbəddülatı yaratmamış qəlbim sakit olmayacaqdır”.

Əmir, Atabəyə göz qoymuşdu. O, məqsədə nail olduğunu zənn edərək qəlbində başqa bir toyun nəşələri ilə əylənirdi. Eyni zamanda qızı Qətibə də Azərbaycan nümayəndələrinin gəlib-gəlməməsini yoxlamaq üçün öz adamları vasitəsilə tez-tez salonunu öyrənirdi, o da özünü qalib hesab edərək məşşatənin əlindən qurtularaq anasını öpürdü.

Toy məclisinin vəziyyəti birdən-birə dəyişdi. Xidmətçi salona daxil olub ərz etdi:

− Cənubi Azərbaycandan və Şimali Azərbaycandan göndərilmiş heyət gəldi.

Atabəy şadlığından oturduğu taxtın üzərindən qalxdı, onun başında qaynaşan qara fikirlər, qəlbini sıxan ağır duyğular bir anda dağılıb getdi. Heyətin gəlməsi Atabəy üçün ikinci bir bayram oldu.

Atabəy və Əmir İnancın gözləmədiyi bir halda, qabaqca böyük şair Nizami, onun dalınca Qızıl Arslanın vəziri Şəmsəddin heyət üzvlərilə bərabər toy məclisinə daxil oldular. Şəmsəddin irəli gəlib baş endirdi və Qızıl Arslanın məktubunu təqdim etdi. Atabəy məktubda Cənubi və Şimali Azərbaycandan təbrik üçün vəkil edilmiş heyətin sıyahısını oxuyandan sonra şad bir çöhrə ilə Nizamiyə tərəf baxıb dedi:

− Möhtərəm sədr, buyurub öz yerinizdə oturun!

Nizami və Şəmsəddin Atabəy Məhəmmədin sağ tərəfində, heyət üzvləri isə başqa kürsülərdə yer tutdular. Atabəy Məhəmməd heyət üzvlərinə müraciətlə:

− Mənim bu xoşbəxt günümü təbrik etmək üçün xoş gəlib səfa gətiribsiniz, – dedi və məclisə xitabla əlavə etdi: – Qardaşım Qızıl Arslan mənim bu xoşbəxtlik bayramımı təbrik üçün göndərdiyi heyətə böyük şair Nizamini sədr təyin etmişdir. Bu təyin mənim üçün üçüncü bir xoşbəxtliyi təşkil edir. Bu vəzifəni iltifatla öhdəsinə götürmüş olan şairə təşəkkürlər edirəm.

Bu xəbər toy ziyafəti salonunda nə qədər şadlığa səbəb oldu isə, bəzək otağında da o qədər həyəcan və heyrətə səbəb oldu. Qətibə bu xəbəri alan kimi saçlarını məşşatələrin əlindən alaraq iki əlləri ilə qarmaqarışıq etdi, üstündəki zinətləri dartıb qırdı, qarşısında içi qiymətli daşlar, cıqqalar, gərbəndlər, xalxallar, şəddə-şəddə incilər qoyulan gümüş tabağı götürüb xalçaların üzərinə səpdi, məşşatələrin əllərindəki ətir şüşələrini alıb otağın aynalı divarına çırpıb sındırdı. Saçlarının üstünə vurulmuş almaz cıqqanı çıxarıb bir tərəfə atdı, zinət verən qadınların hər birisini bir tərəfə itələyib öz yataq otağına qaçdı, üzü üstündə yatağına yıxılıb ağlamağa başladı. Vaxt keçirdi, bir saatdan sonra yengələr onu Atabəyin otağına aparmalı idi. Xacə Müfid toy salonuna girib Əmirin qulağına nə isə pıçıldadı, Əmir qonaqlara hiss etdirmədən qalxıb getdi.

Bir tərəfdən Əmir, o biri tərəfdən də Safiyə xatun Qətibəni sakit edərək deyirdilər:

− Birinci gündən bu cür şıltaqlıq etmiş olsan, öz ərinin məhəbbətini itirə bilərsən. Əvvəlcə onu öyrənməlisən, o nəyi sevirsə, o cür hərəkət etməlisən. Bir çox ərlər vardır ki, şıltaqçı qadını sevməz, bir çox ərlər də vardır ki, qadın şıltaqlığından nəşələnərlər. Hələlik Atabəyi öyrənmədən şıltaqlıq etsən, rüsvayçılığa səbəb ola bilərsən. Madam ki Atabəy səni “mələkəm” deyə adlandırır, o zaman sən hər bir şeyi tədrici olaraq həyata keçirə bilərsən.

Qətibəni sakit edərək yatağından qaldırdılar. Ata və ana ona nəsihət verə-verə gətirib məşşatələrin sərəncamına verdilər.

Toy məclisindəki şadlıq davam edirdi, Atabəy Məhəmməd Qızıl Arslan göndərən məktubu oxumaq üçün katibi Polada verdi. Polad ayağa qalxaraq məktubu oxumaq istərkən bunu Qətibəyə xəbər verdilər, qız yenə məşşatə qadınların əlindən çıxıb, ziyafət salonundakı pərdələrin dalına qaçdı və məktuba qulaq asmağa başladı.

Polad məktubu oxudu:

“Əlahəzrətin izdivac xəbəri Cənubi Azərbaycan xalqının milli bayramı şəklini aldı. Şəhərlər, kəndlər xalq nəğmələri və musiqi tərənnümləri altında bayram edir, bazarlar, çarsular bəzənmiş və çırağbanlıq nəticəsində qaranlıq gecələr gündüz kimi işıqlanmışdır. Eldəniz xanədanın nəcib nəslinin davamına zəminə qoyan bu izdivac, bir tərəfdən də bizi Əmirəlmöminin ailəsinin şərəfilə əlaqələndirir. Yeddi gün, yeddi gecədir ki, bütün Təbriz xalqı bayram edir. Bütün məscidlərdə Təbriz fəqirlərinə ehsan paylanır. Xalq əlahəzrət Atabəyin və onun həşəmətli mələkəsinin ömrünə, dövlətinə dua edir. Çox təəssüf edirəm ki, şəxsən Atabəy və onun mələkəsini bu böyük şadlıq münasibətilə yaxından təbrik etmək səadətinə nail ola bilmədim. Buna görə də səmimi hisslərimi ülya və əlahəzrətə yaxından təqdim etmək vəkalətini böyük şairimiz Nizamiyə həvalə etdim və göndərdiyim kiçik hədiyyəni gənc mələkəyə öz əli ilə təqdim etməsini tapşırdım.

Kiçik qardaşınız Qızıl Arslan”


Atabəy Məhəmməd məktubun məzmunundan o qədər şad idi ki, yerə-göyə sığa bilmirdi. O bir saat əvvəl Qızıl Arslan haqqında düşündüklərinin əksini düşünür və öz-özünə deyirdi:

− Həm tədbirli, elmli, ədəbli, siyasətşünas bir hökmdar, həm də məhəbbətli və istəkli bir qardaşdır.

Qətibə də pərdənin dalında durub məktubu dinləmişdi. O indi Qızıl Arslan haqqında bəslədiyi nifrətin azaldığını hiss edirdisə də, lakin onun Nizamini heyət sədri təyin etməsindən razı qala bilmirdi.

İndi Qətibəyə təsəlli verəcək yalnız bu idi ki, onun tapşırığına görə Atabəy Məhəmməd Nizaminin qarşısında Əbül-Ülanı qiymətli bir xələtlə mükafatlandıracaq və keçmiş ziyafətdə xətibi təhqir edən Məhsəti xanım bu ziyafətdə təhqir ediləcəkdi. Qətibə pərdənin dalında durduğu müddətdə bu şadlıqla qanadlanıb uca aləmlərə uçurdu.

Lakin birdən Qətibənin yüksəklərdə çırpınan qanadları hərəkətsiz qaldı. Məhsəti xanım ziyafətə daxil olan zaman vaxt ikən düşünülmüş tədbirlər tamamilə əhəmiyyətdən düşdü. Əmirin və Atabəyin tapşırığına görə Məhsəti xanım məclisə girdiyi zaman ona hörmət göstərməyəcək və yer verilməyəcəkdi. Lakin Məhsəti xanım ziyafət salonunun qapısında görünərkən dərhal Nizami ayağa qalxıb onu istiqbal etdi. Nizaminin dalınca Qızıl Arslanın vəziri Şəmsəddin, Cənubi və Şimali Azərbaycan heyəti yerindən qalxdı. Buna görə də Azərbaycan heyətinə hörmət üçün bütün qonşu hökumətlərdən gələn heyətlər ayağa qalxdı və hamısı bir səslə sənətkar şairəni salamladı. Şübhə oyandırmamaq üçün Əbül-Üla və Gəncə xətibi də yerlərindən qalxmalı oldular.

Bu qədər böyük bir ehtiram Atabəyə qarşı bir nümayiş şəkli olmasın deyə Atabəy ayağa qalxıb Məhsəti xanıma tərəf irəlilədi və onun əlini öpəndən sonra qolundan tutub sol tərəfində əyləşdirdi.

Qətibə pərdə dalından baxarkən yenə də Atabəyin bir tərəfində Nizami və o biri tərəfində Məhsəti xanımı görüb əvvəlki oyunlarına başladı. Şıltaq və məğrur qız yenə də acığını zümrüdlərin, zəbərcədlərin, yaqutların, incilərin, almazların üzərinə tökdü. Boynundan qırıb havaya atdığı incilər insan yağışının damcıları kimi otağın tavanından məşşatələrin və cariyələrin başına töküldü.

Yüzlərcə şam işıqlarında bərq vuraraq tavana dəyib, sonra aşağıya, ipək xalçaların üzərinə tökülən bu brilyantlar yerindən qopub fəzalarda fırlanan ulduzları andırırdı. Boynundan qırıb tulladığı qırmızı yaqutlar təzə gəlinin qürur və hirslə qızarmış çöhrəsindən rəng alırdı.

Ziyafət salonunda hamının nəzərini cəlb edən bir şey varsa, o da hamının öz yerində oturduğu zaman qazi, xətib və Əbül-Ülanın hələ də ayaq üstündə durmaları idi. Sanki ziyafət salonu mühüm bir hadisə qarşısında durmuşdu. Məclisdə toy mərasiminin bütün ənənələri həyata keçirilmişdi. Mərasimdə yetişməyən bir şey varsa, o da gənc mələkənin salona gəlməsi və Atabəylə birlikdə ətrafdan gələn heyətləri qəbul etməsindən ibarət idi. Lakin mələkənin gəlməsi çox uzun çəkdi, çünki hələlik onu adi halına gətirmək mümkün olmamışdı. Çox təxirdən sonra mələkə yüzlərcə gözəl cariyələrin müşayiəti və musiqi tərənnümləri altında salona daxil oldu. Atabəy ayağa qalxıb mələkəyə yaxınlaşdı. Onun əlindən öpüb qolundan tutdu, yanında qoyulan kürsünün üstündə əyləşdirdi. Bir tərəfdə Səba xanım, o biri tərəfdə cariyələrdən Tuba xanım gənc mələkənin başı üstündə durub yelpazə çəkirdilər.

Heyət üzvləri bir-bir ayağa qalxıb Atabəyi və mələkəni təbrik etdilər. Nəhayət, Əbül-Üla ayağa qalxıb toya ithaf etdiyi şeiri oxumaq istədikdə Atabəy əli ilə işarə edib Əbül-Ülanı dayandırdı, halbuki Atabəyin özü onun şeir oxumasına və sonra da xələt almasına razılıq vermişdi. Qətibənin bu vəziyyətdən halı dəyişdi və bu dəqiqədən etibarən təzə ailədə gələcəkdə baş verəcək böyük faciələrin zəminəsi qoyuldu. Qətibə Atabəydə gördüyü bu dönüşün intiqamını almağa həmən ziyafətdə and içdi. Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı qoyulan sui-qəsdin müqəddiməsi başlandı.

Təbriklər davam edirdi. Qətibənin isə gözü Nizamidə idi. Qızın gözündə başqa bir aləm təcəssüm edirdi: gah meşənin ağacları arxasında gizlənib şairin şeirlərini dinləyir, gah da böyrü üstə yıxılmış söyüd kötüyünün üstündə oturub eşq-məhəbbət dastanlarını əzbərləyirdi. Sonra birdən o, şairin son sözünü xatırlayır və qəlbi qəzəblə alışırdı:

− “Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmaq lazımdır…”

O zaman Qətibə Nizaminin nə cür ağır əzablarla məhv ediləcəyi haqqında dərin fikirlərə dalırdı. Gah onu dara çəkdirib özü də darağacı altında saçları ağarıncaya qədər ağlayırdı; gah da onu doğratdırıb son nəfəsində şairin başını dizi üstünə alır, qara saçlarını onun yaralı sinəsinə dağıdırdı; gah da onun qəlbini iti bir oxla deşdirib demək istəyirdi:

– “Mənim məhəbbətim üçün çırpınmayan ürəklərin hərəkət etməyə ixtiyarı yoxdur. Mən yaşamayan ürəkdə başqaları da yaşamamalıdır”.

Lakin Qətibə bu fikirlərindən sürətlə geri çəkilərək öz-özünə lənət edir və deyirdi:

“Əcəba, sən öz məhəbbətin üçün dünyalara işıq verən, şeirlər, incəliklər və bədii zövqlərlə dolu olan bir qəlbi məhv etmək ixtiyarına maliksənmi?!”

Mələkəni və Atabəyi təbrik etmək növbəsi Gəncə xətibinə yetişdirdi. O, ərəbcə çox qəliz bir nitq deyərək bu izdivacın Ayla Günəşin birləşməsi kimi nəticə verə biləcəyini qeyd etdi.

Atabəy bu nitqdən o qədər də razı qalmadı. Əvvəla, ziyafət salonunda oturanların əksəri azəri olduğundan burada ərəbcə nitq söyləmək yerli dilə əhəmiyyət verməmək və burada ərəb hakimiyyəti nüfuzunun davam etdiyini göstərmək kimi idi. Atabəy buna görə də xətibə təşəkkür və iltifat göstərmədi.

Təbrik növbəti Azərbaycan heyətinə yetişərkən Nizami yerindən qalxdı. Şairin çıxışı ilə hər kəsdən artıq Qətibə maraqlanırdı, çünki o bu səsi son kərə eşidəcəkdi. Bir daha o, illər uzunu həsrətini çəkdiyi gənc şairlə bir məclisdə otura bilmək imkanına malik ola bilməyəcəkdi.

Atabəy, mələkə və bütün heyət üzvləri, hətta Əmir və onun hiyləgər vəziri Toxtamış da, Əbül-Üla və Gəncə ruhaniləri də Nizaminin nə demək istədiyi ilə marqlanırdılar. Şair nitqini belə başaldı:

− Altıncı əsr hicrinin ikinci yarısında Şərqin üfüqlərində iki hadisə baş verdi. Bütün Yaxın Şərq məmləkətlərinə işıq salmış böyük bir ulduz kürəsindən qopub düşdü, onun yerində başqa bir işıqlı ulduz parlamağa başladı. Tarix Səlcuq xanədanı əzəmətinə dair açdığı səhifələrini bükdü, Nizamülmülk “Siyasətnamə”sinin son vərəqini yazıb bitirdikdən sonra sizin qarşınızda duran Nizami tarixin yeni səhifəsini yazmağa başladı. Yuxarıda göstərdiyim hadisələr, ali-Səlcuqun süqutu, onun yerində gənc Eldəniz xanədanının siyasət səhnəsində baş qaldırması hadisələrdən ibarət idi. Mən bugünkü izdivacın Ay kürəsilə Günəş kürəsinin bir-birisinə qovuşması kimi nəticə verməsinə tərəfdar deyiləm. Bu təşbeh nə qədər gurultulu bir təşbeh olsa da, nəticəsi bir xoşbəxtliyi doğura bilməz, çünki Ayla Günəş kürəsinin bir-birinə təsadüf etməsi kürələrdən birisinin dağılması ilə nəticələnə bilər.

Atabəy, Nizaminin bu sözündə yerindən qalxdı:

− Əhsən şairə! – deyərək, sonra yenə də öz yerində oturdu. Nizami isə sözünü davam etdirdi:

− Buna görə də mən Ayla Günəşin yaxınlaşmasına tamamilə başqa bir məna verməklə deyirəm: Ayın Günəşdən işıq alması nəticəsində, Azərbaycan illərdən bəri kölgələrdə buraxılan üfüqləri işıqlanacaq və iki qəlbin ailə təşkil etməsi nəticəsində də Cənubi və Şimali Azərbaycan xalqı bir ailə kimi yenidən təşkil olunacaqdır.

Bu gün bütün Şərq xalqları Ayla Günəşin bu ailəvi dostluğu hadisəsindən Şərqdə yaşayan bütün millətlərin dostluğu nəticəsini gözləyir. Mən ümid edirəm ki, bu böyük və tarixi ziyafətdə ülya və əlahəzrət yaxın Şərq xalqlarının bu istəklərinə kömək etmək üçün söz verəcəklər.

Ancaq bununla da iş birliyi, söz birliyi və fikir birliyi yaradıla biləcəkdir. Ölkələrin xoşbəxtliyi naminə, ülya və əlahəzrətin bugünkü xoşbəxtliyini təbrik edirəm, Azərbaycan valisi Qızıl Arslan həzrətlərinin bu qiymətli təbrikini ülya və əlahəzrətlərə təqdim etmək səadətinə nail olduğum üçün özümü xoşbəxt hesab etməkdəyəm.

Nizami sözünü bitirdikdən sonra Qızıl Arslanın vəziri Şəmsəddin əlində qızıl bir tabaq olduğu halda ayağa qalxdı, Nizami tabaqdan zünrüd sırğaları götürüb Qətibəyə yaxınlaşaraq dedi:

− Qızıl Arslan həzrətləri ülyahəzrət gənc mələkəyə bir cüt sırğa hədiyyə göndərmişdir. Sırğa göndərməkdən yeganə məqsəd bundan ibarətdir:

“Nə qədər ki bu sırğalar ülyahəzrət mələkənin qulağındadır, Azərbaycan əhalsinin istək və arzuları da onun qulağında daimi olaraq səslənməlidir”.

Nizaminin nitqi salondakılar tərəfindən afərin və əhsən səsləri ilə qarşılandı. Nizami sırğaları Qətibənin əlinə tapşırdığı zaman Qətibə ayağa qalxdı və üzünü Nizami tərəfə çevirib dedi:

− Azərbaycan xalqı tərəfindən hədiyyə göndərilən bu sırğaları qəbul edirəm və söz verirəm:

“Azərbaycan xalqının istək və arzularını bu sırğalar kimi qulağımda daşıyacaq və onlara məhəbbət bəsləyəcəyəm”. Möhtərəm şair, səndən rica edirəm ki, mənim səmimi salamımı Qızıl Arslana yetirəsən. Sənin özündən də razıyam. Səsin daima qulağımda qalacaq və bununla da mən fəxr edəcəyəm!

Qətibə bunu deyərək şiddətlə ağladı. Ziyafət salonundakıların hamısını heyrətə saldı, çünki onlar bu ağlamağın səbəbini bilmirdilər. Bunun səbəbini bilənlər bir şairin özü, bir də Qətibənin sirlərinə məhrəm olan Səba xanım ilə xacə Müfid idi.

Bir çoxları da elə düşünürdü ki, Qətibə Atabəy Məhəmmədi sevmədiyi üçün ağlayır.

− Qız şadlığından ağlayır, – deyə düşünənlər də var idi. Lakin bunların hamısı əsilsiz idi. Qətibə öz xoşbəxtliyinin unudulmaz bir ümidsizlik üzərində qurulduğuna ağlayırdı.

Gecə saat bir idi, yengələrlə xacə Müfid Atabəylə Qətibənin otağının dəhlizində gəzib Əmirin qadını Safiyə xatuna xoş bir xəbər aparmaq istəyirdilər.


SEVGİ MƏKTUBLARI


Qətibənin qəlbi köhnə sevgilisi Hüsaməddindən əmin deyildi. Çünki Əmir Hüsaməddinə illərdən bəri vədlər verib “Qətibə səninkidir” – demişdi. İndi Qətibə Atabəy Məhəmmədə ərə veriləndən sonra Hüsaməddin aldandığını görərək Əmir İnanca ədavət bəsləyirdi, neçə gündü ki, o, saray ətrafında belə görükmürdü. Qətibə bu işin intiqamsız həll olunmayacağını yəqin etmişdi. Çünki Hüsaməddinin inadlı olduğunu bilirdi və onun son kərə dediyi “Mənim olmasan da, heç bir kəsin də olmayacaqsan!” sözlərini yadından çıxarmamışdı. Buna görə də o, Hüsaməddini görmək, onun qəlbini ələ gətirmək və aldatmağı düşünürdü. O, Səbanı yanına çağırıb:

− Sənə bir iş tapşıracağam, – dedi, – onun yerbəyer edə bilərsənmi?

Səba xanım Qətibənin bu sözündən şadlandı, çünki o, macərasız yaşamağı bacarmırdı, saçları kəsiləndən sonra isə ona heç bir vəzifə tapşırılmamışdı. Buna görə də sevinərək:

− Nə kimi bir vəzifə tapşıracaqsan? – deyə sual verdi.

Qətibə ona öz qəlbini açıb dedi:

− İndi artıq mənim nə qədər böyük bir mərtəbəyə nail olduğumu bilirsən. Mən sənin üçün hər bir şey edə bilərəm. Səni göylərə qaldırmağı da, məzara gömməyi də bacararam. Sən mənim anama qarşı böyük bir xəyanət etdin, atamın sərxoşluğundan istifadə edib şərəfləndin. Özün bilirsən ki, mən buradan çıxıb Həmədana gedəndən sonra sənin sarayda yaşamağın mümkün olmayacaqdır. Lakin əgər sən bir neçə günün içərisində özünü yaxşı aparsan, göstərdiyim vəzifələri yaxşı yerinə yetirə bilsən, mən səni özüm ilə bərabər Həmədana aparıb öz sarayımda yaşadacağam.

Səba xanım sevindiyindən ağladı, qalxıb Qətibənin əlindən öpdü və dedi:

− Mən nə zaman həşəmətli mələkənin sözündən çıxmışam ki, bu gün də cəsarət edib onun tapşırdığı vəzifədə səhlənkarlıq edə biləm?

− Sənin bacarığını bilməmiş deyiləm. Sənin əsas nöqsanın burasındadır ki, sənə tapşırılan vəzifəyə öz məqsədini də əlavə edirsən. Bundan sonra bu barədə mənə and içməlisən. Öz məqsədini tamamilə kənara ataraq tapşırdığım vəzifə ilə məşğul olacaqsan. Sən Fəxrəddin ilə başladığın oyunda öz məqsədini irəli sürməsəydin, çoxdan Fəxrəddin saray həbsxanasında məhv edilmişdi. Bunların hamısı keçibdir. İndi doğrusunu de görüm, sən Hüsaməddinlə əlaqədə olmuşsanmı?

− Əlaqədə olmuşam, lakin bir qadın kimi yox. Onu Əbül-Ülanın qızı Mahtab ilə tanış etmək üçün əlaqə düzəltmişdim.

− Bunu Mahtab özü bilirdinmi?

− Mahtab bu barədə heç bir şey bilmirdi, Hüsaməddin onu sevirdi, mən ondan sevgi məktubları alırdım, hamısını gizlətdikdən sonra özüm Mahtabın tərəfindən cavabını yazıb ona aparırdım. Yalnız Hüsaməddin deyildi, onun kimi bir neçəsi də mənim əlimdə oyuncaq idi.

− Sən bunu nə üçün edirdin?

− Əvvəla, mən kişiləri aldatmaqdan maraqlanıram, onların sevgi məktublarını oxumaq mənə hər şeydən çox nəşə verir. İkincisi də, budur ki, mən bu oyunu müftə-müftəsinə oynamırdım. Mahtab xanımın adına aldığım hədiyyələr mənim zəhmət haqqım idi.

Qətibə güldü:

− Sənə yaxşı ad qoymuşam, dünyanın şeytanısan. Səni burada yetim qoyub gedəsi deyiləm. Ancaq şərtim budur ki, mənimlə Hüsaməddini görüşdürməlisən. Çünki o məndən incimişdir. Atabəylə olan bu izdivac onun ruhuna toxunmuşdur. Onu görmək və qəlbini ələ almaq lazımdır. Sən bilirsən ki, atam məni ona vədə vermişdi. Buna görə də o, atama qarşı intiqam hissi bəsləyə bilər. Məni anladınmı?

Səba xanım sevinərək dedi:

− Çox pakizə, çox da gözəl bir surətdə anladım, xanımı bu barədə təbrik edirəm, çünki ülyahəzrətin mənə tapşırmaq istədiyi vəzifəyə mən on gün bundan qabaq başlamışam.

Qətibə təəccüblə soruşdu:

− On gün bundan qabaq?!

− Bəli, düz on gün bundan qabaq.

− Əcəba, bu vəzifəni sənə kim tapşırmışdı?!

− Mənim sevgi macəralarına olan rəğbət və marağım.

− Ax şeytan qız, sənin bu nəyinə lazım idi?

− Bu macəra mənə həm mənəvi, həm də maddi cəhətdən mənfəət verəcəkdi. Mən bundan istifadə etməmiş yaşaya bilərdimmi?! Yoxsul bir şairi sevən və dövlətli bir sərkərdə tərəfindən sevilən qızın bir məmləkətin hökmdarına ərə getməsi ən maraqlı bir hadisədir. Əcəba, mən bu qədər əlverişli hadisəyə soyuqqanlılıqla baxa bilərdimmi?! İşə başlamağımın səbəbi budur. Əlbəttə, ülyahəzrətin adına Hüsaməddindən ən qiymətli şeylər, nə də qızıl istəyə bilmzədim. Lakin məktub gətirib məktub aparmaq isə Hüsaməddin kimi adamlar üçün ucuz başa gəlməzdi, hər məktubu gətirib cavabını aparmaq üçün on qızıl lazımdır.

− İndiyə qədər Hüsaməddindən neçə qızıl almısan?

− Yüz qızıl almışam.

− Demək ki, on kərə məktub gətirib cavabını aparmısan. Cavabını kim yazıbdır?

− Ülyahəzrət yazmamışsa, onun həqir kənizi Səba yazmışdır. Pis də yazmamışam. Məktubları və məktubların cavabını sənə göstərə bilərəm.

− Hazırda bu yazışmalar nə vəziyyətdədir?

− Vəziyyət son mərhələyə çatmışdır. Hazırda müzakirə sizinlə Hüsaməddinin görüşməsi üzərində gedir. Bilmirəm, ülyahəzrət buna razılıq verəcəkdirmi?!

− Mən özüm sənə elə bir vəzifəni tapşıracaqdım. İndi ki, sən bu işə başlamısan, onda gətirdiyin məktubları və yazdığın cavabları mənə verməlisən, çünki mənim onlarla tanış olmağım lazımdır. Sonra Hüsaməddinin Mahtab xanıma göndərdiyi sevgi məktublarını da mənə gətirməlisən, çünki o mənə sevgi elan etdiyi zaman Mahtab xanıma da sevgi məktubları yazırmış, bu gözəl bir vəsiqədir, mən ancaq bununla Hüsaməddini sakit edə bilərəm.

Səba xanım əllərini bir-birinə vuraarq güldü və dedi:

− Söz yoxdur ki, ülyahəzrət mənim bu zəhmətlərimi mü-kafatsız buraxmayacaqdır!

Qətibə onun nə demək istədiyini anladı və əlini yanındakı sandığa salıb yüz qızıl dirhəm Səbanın qabağına qoydu və dedi:

− Sənin böyük zəhmətlərin böyük bir mükafatla qarşılanacaqdır. Hələlik bu qızılları al və tez səndən istədiyim məktubları mənə gətir.

Səba xanım qalxıb sevinə-sevinə otaqdan çıxdı, Qətibə isə oturub düşünürdü:

− Kim bilir bu şeytan balası cariyə mənim özümü nə qədər adamın arasında alış-verişə qoyub pul qazanıbdır?! Qoy olsun, mənim sarayım üçün belə bir bacarıqlı cariyə günəş və su kimi vacibdir. Mən indi bildim ki, hökmdara ərə getmək adi bir adama ərə getmək kimi deyildir, sən onun həm qadınısan, həm də rəiyyətisən. Bütün bu zinətlər, bu qiymətli daşlar isə sənin üçün yalnız çəkilməz bir yükdür.

Mən indi bildim ki, hökmdarların məhəbbəti daimi məhəbbət deyildir. O, birinci günlər dodaqlarımı dodaqlarımdan buraxmadığı halda, indi iki həftədir ki, mənim alnımdan belə öpməmişdir. Qadın hökmdarlar üçün bir gecəliyə lazımdır, o da uşaq doğurmaq məqsədiylədir. Görünür, bu yaşayış daimi olmayacaqdır. Bunun üçün mən ətrafıma lazımlı və iş bacaran adamlar yığmalıyam, Hüsaməddin və Səba xanım Həmədana mənə lazım olacaqlar.

Qətibə bunları düşünərkən Səba xanım əlində bir bağlama otağa daxil oldu, bağlamanı yerə qoyub içindən iki parça kağız götürdü, onlardan birisini Mahtab xanım Hüsaməddinə, o birisini isə Hüsaməddin Mahtaba yazırdı.

Səba xanım Mahtabın dilindən Hüsaməddinə düzəltdiyi məktubunda yazırdı:


“Möhtərəm Hüsaməddin!

Bir qızın sənin kimi bir qəhrəmanla tanış olmaqdan böyük bir arzusu ola bilərmi? Mən çoxdan bəridir ki, bu arzudayam, lakin səninlə bilavasitə görüşmək istəyirəm. Nəhayət, cariyəmlə sənə bir məktub göndərməyə cəsarət etdim. Hərgah Mahtabın bu arzularına rəğbət bəsləyirsənsə, məktubun cavabını yazıb Səba xanıma ver


Səni qanı ilə, vicdanı ilə sevən Mahtab”.


Qətibə başını bulayaraq dedi:

− Mənə lazım olan Hüsaməddinin Mahtaba göndərdiyi məktubdur. Onu mənim üçün oxu!

Səba xanım hüsaməddinin Mahtaba göndərdiyi məktubu oxudu:


“Sevimli və məhəbbətli Mahtab!

Mən bütün ömrümdə bu qədər şad olmamışdım. Sənin məktubunu oxumaq mənə bir bayramın nəşəsini verdi. Özün təsəvvür et, gözəl Mahtab, sevdiyin və kölgəsincə illər uzunu süründüyün bir qızdan məktub almaq nə şərəfi və unudulmaz bir bayram deyildirmi? Məgər meydanlarda, rəsmi-keçidlərdə, məscidlərdə, meşə və bağ səyahətlərində dalınca gəzən Hüsaməddini görməmisənmi? Lakin mən sənə yaxın gəlib salam verməyə cəsarət etmirdim. Bu cəsarətsizliyin bir səbəbi də mənim Əmirin qızı Qətibəyə bağlı olduğumdur. Çünki Əmir bir neçə kərə: “Qətibə sənindir” – deyə onu mənim boynuma bağlamışdır. Lakin o qız heç vaxt mənim qəlbimin mülkündə soltanlıq edə bilməz, çünki qəlbimin poladdan möhkəm olan qala qapıları onun üzünə bağlıdır. Bir də burasını bilməlisən ki, o heç bir zaman Mahtabın gözəlliyini əvəz edə bilməz. Sənin sevgin sudan saf, çiçəkdən təmizdir. İcazə versəydin, mən öz adamlarımı razılıq almaq üçün atanın yanına göndərərdim.


Sənin Hüsaməddinin”.


Qətibə məktubu Səba xanımdan alıb cibinə qoydu və dedi:

− Bu məktub mənimlə Hüsaməddin arasında başlanan ixtilafı həll etmək üçün yeganə vasitədir. Madam ki, o özü üçün bir sevimli qız axtarırdı, mənim də şairdən ümidimi kəsəndən sonra başqasına ərə getməyə ixtiyarım var. İndi Hüsaməddinin mənə yazdığı birinci məktubu oxu!

Səba xanım Hüsaməddinin Qətibəyə yazdığı məktubu çıxarıb oxudu:


“Möhtəşəm Mələkə!

Sən daima olduqca məğrur idin, bu gün xoşbəxtlik saydığın izdivac sənin üçün əbədi bir bədbəxtliyə səbəb olacaqdır. Mən sənə o zaman demişəm, yenə də deyirəm: sən mənim olmasan, heç kəsin də olmayacaqsan, sənin mələkəliyin də o qədər uzun çəkməyəcəkdir. Sən nəyə aldanıb, iki-üç qadını olan Atabəyə ərə getdin? İndi bütün həyatın qısqanclıq, kədər və göz yaşları içində keçməyəcəkdirmi? Sən şairdən məhrum olduğunu zaman mənə ümid vermişdinsə də, yenə də vəfasız çıxdın, vədələrə vəfa etmədin. Lakin bir gün sən məni axtaracaqsan. Mən nəinki tək sənə, elə də sənin atana lazım olan bir adam idim. Hər sözü məktubumda yaza bilmədim, üz-üzə görüşmək mümkün olsaydı, onların hamısını sənə deyərdim.

Hüsaməddin .”

Məktub oxunub qurtarandan sonra Qətibə Səba xanımdan soruşdu:

− Sən onu tapıb mənim yanıma gətirə bilərsənmi?

Səba xanım bir az əzilib-büzüləndən sonra:

− Əlacım nədir? – dedi, – mələkə buyurandan sonra göydə də olsa, endirib gətirməliyəm.

− Elə isə daha dayanma. Atabəy Şirvandan qayıtmamış onu saraya mənim hüzuruma çağırmalısan.

− Bəlkə, sabah, ya birisi gün qayıtdı.

− Sabah, birisi gün nədir, bir saata Hüsaməddin burada olacaqdır.

− Bu tezlikdə onu sən haradan tapacaqsan?

− Axtarmaq lazım deyil, o mənim yalan xəbərlərimi almaq üçün bu gün Zərrəbxana meydanındakı çinarların altında dolaşıb məni gözləyir.

Səba xanım qalxıb getdi, Qətibə isə məşşatələri çağırıb geyinməyə və bəzənməyə başladı. Bəzədilmə iki saatdan artıq çəkdi. Nəhayət, Səba xanım içəri daxil olub Hüsaməddinin dəhlizdə onu gözlədiyini xəbər verdi.

Qətibə qalxdı və:

− Atabəy burada yoxdur, hələlik bu da kifayətdir, – deyərək məşşatələri otaqdan çıxartdı.

Hüsaməddin içəri girdi, salam vermədi, Qətibə isə bunu aldırmayaraq:

− Əleykkəssəlam, möhtərəm Hüsaməddin, gəl otur! – dedi:

Hüsaməddin keçib bir tərəfdə oturdu, Qətibə isə onun Səba xanımla göndərdiyi məktubu ona göstərib nəsihətverici bir tövr ilə dedi:

− Bu kağızı Səba xanıma verən sənsənmi?

− Bəli, mən yazmışam.

− Belə bir məktubu ancaq adi qızlara yazmaq olar. Onu bir məmləkətin mələkəsinə yazmaq etinasızlıq və hörmətsizlikdir.

− İllər uzunu etina edib hörmətlər bəsləməyimə qarşı nə kimi bir mükafat aldım?

− Daima aldatdığın bir qızdan sən nə kimi bir mükafat gözləyirdin?!

− Mən kimi aldatmışam?

− Əmir İnanc qızı Qətibəni, sənin qarşında oturan qızı hazırkı mələkəni.

Hüsaməddin etirazla dedi:

− Sən yenə də mi böhtan və iftiralardan əl çəkmədin?

− Mən heç bir vaxt böhtan və iftira deməyi sevmərəm, lakin əlimdə dəlil olduğu zaman həqiqəti hər kəsin üzünə söyləməkdən utanmaram.

− Sənin əlində nə kimi bir dəlil ola bilər?!

− Gəl keçmişlərdən danışmayaq, çünki sən mənim yanımda müqəssirsən. Mən səni bura təqsirləndirmək üçün yox, barışmaq üçün çağırmışam. Mən keçmiş dostluğun davam etdirilməsi üçün səninlə danışmaq istəyirəm. Sən gözəlcəsinə bilirsən ki, bu izdivac bir məhəbbətin yox, bir siyasətin nəticəsidir. Nə edə bilərdim? Şair mənim məhəbbətimə qiymət qoymadı. Sən də başqa oyun oynadın.

− Mən səninlə hansı oyunları oynadım?

− Sənin dilin mənə sevgi elan edir, qəlbin isə Mahtab xanımla oynayırdı.

− Mənim qəlbim Mahtab xanımla?!

− Bəli, Mahtab xanımla! Sən elə bilirdin ki, Mahtab xanıma göndərdiyin məktubları Cahanbanu xanım mənə göndərmirdi?!

Qətibə bu sözdən sonra əlini balaca sandığa tərəf aparıb onun Mahtab xanıma yazdığı məktubu çıxarıb özünə göstərdi.

− Bu məktub sənin öz əlinlə yazılmamışdırmı? Bu imza sənin imzan deyildirmi? Sən bu məktubu yazdığın zaman hələ Atabəy Gəncəyə gəlməmişdi, şair isə məni rədd eləmişdi. Mən səni yanıma çağırıb qəlbimi açmaq istərkən Mahtaba yazdığın məktub əlimə çatdı. İndi özün mühakimə et, məndən sənə qarşı bir haqsızlıq baş verdimi? De görüm, mən sənə arxalanıb Atabəyin təklifini rədd edə bilərdimmi? Sən mənim yerimdə olsaydın, bir daha məni yanına çağırıb danışmaq istərdinmi?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации