Текст книги "İdeal"
Автор книги: Muğanna İsa
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 10 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]
– Salam, əzizim. Mən Saşayam, – dedi.
NKVD-də müavin işləyirəm. Çaşma. Burda yox, Bakıda. Sənin də, mənim də şəcərəmiz əslində Ulu Bağlı olmalıdı. Ya da Süleymanlı. Babayev yazdırıram. Atanın adını familiya götürmüşəm. Atam işimizin xatirinə Mirqəzəbin baldızı ilə evlənmişdi, Bağırovun sağ-solundakı ermənilərin hər həftə, bəzən hər gün təşkil etdikləri terrora göz qoyurdu, Muğannaları xəbərdar eləyirdi. Elə bunun üstündə öldürdülər. Məşhur adam olub, tanıyarsan: Baba Əliyev Ulu Bağ ƏsƏlMən (Solomon), bilirsən on doqquzuncu əsrə qədər Yerdəki Adlarını tez-tez dəyişirmiş: Comərd, Musa ağa… Bu bizim tanışlığımız. İndi sonrasına qulaq as. Qılınc Qurbana danışmışam nə lazımdısa. Onnan söhbət elə. Beynin açılacaq. Ətrafında nə baş verdiyini tamam dərk eliyəcəksən… Vəssalam. Missiyam qurtardı. Səlamət qal, əzizimiz. Bu bizim birinci və sonuncu gözümüzdür. Mən həbsdəyəm.
“Volqa”ya minib qapını çəkdi. İşıq uzaqlaşdı.
* * *
Yoxluq, heçlik içində bir qaraltı da göründü. Bu dəfəki bir metrlik qaraltı Əlləzoğlu idi. Bir əlində yaba, o biri əlində neft qabı, Ortayolun o tərəfində, uzun illər ərzində günbəgün, aybaay qalınlaşıb keçilməz hasara çevrilmiş çəpərin səmtindən gəlib, Əmirli mülkünün qabağında dayananda yabanı yerə sancdı, nefti tələsmədən, təntimədən, pəncərə taxtalarının arasından o yana axıtdı.
Səməd çəpərsiz, hasarsız, hamar, geniş həyətin çəmənə qovuşduğu yerdə, su quyusunun dikdirində oturmuşdu. Baxırdı və səhərin toranında hər şeyi görürdü.
Gödək, yoğun barmaqların ucunda kibrit çöpü alovlanıb Əlləzoğlunun üzünün biz-biz tüklərini işıqlandırdı, sonra şam kimi şölələnib, içəridən zirəzə ilə boşurğu bağlı pəncərə taxtalarının arasından o yana düşdü.
Səmədin kirpiyi də tərpənmədi.
Sədr Mədədlə ərköyünün qoşa çarpayıları kibrit çöpünün düşdüyü yerdə – divarın dibində idi. Neft oraya, iki il bundan qabaq Ayna bacının naftalinləyib palazla örtdüyü yorğan-döşəyin üstünə tökülmüşdü, yanğın da ordan başlandı, neftdən islanmış divarla dikinə yeriyib pəncərə taxtalarına dırmandı.
Quyunun üstündə su mancanağı necə hərəkətsizdisə, Səməd də eləcə hərəkətsizdi. Pəncərə taxtalarını bürüyüb tavana doğru uzanan alova baxa-baxa, cibində -partbiletin arasında gəzdirdiyi qəbir şəkillərini görürdü. O şəkillər nə idisə, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev də indi eləcə, şəkil kimi bir şeydi; Əgər şeyx əmilərinin qəbirlərinə “nöyüt töküb kibrit çəkən” olsaydı, Səməd, əlbəttə, laqeyd qalmazdı. Divar arxasında avadanlığa isə tamamilə laqeyd, oturub, nəyin burda və necə yandığını bütün aydınlığı ilə görürdü.
Yorğan-döşəklə eyni vaxtda, çarpayılardan sağda, şüşələrində bir cüt qanadlı mələk olan şkaf da dərhal alışmışdı, odur ki, qapının yuxarısında, “Bircə balanın qaranquşları” üçün qoyulmuş bacasayağı yerdən eşiyə buxarı işığı titrək, qırmızı işıq düşürdü. Arada qara, qatı tüstü burulub o işığı basdı. Bu o deməkdi ki, çarpayılardan solda, şifonerdə sarı sədr Mədədin sarı meşin paltosu, sarı xrom çəkmələri, qalın qayış kəmərlə naqan qoburu da alışmışdı, dəri qoxulu qara tüstüyə çevrilib, qaranquşların bacasından buruq-buruq çıxırdı, balkon dirəklərinin arasında yaymalanıb havaya – torana qarışırdı.
Səhər yuxusunun elə vaxtı idi ki, Sudüşən çəmənində və Tahirliyə, Qurbanlıya doğru uzanıb gedən kanal boyunda qurbağaların qurultuları da ara vermirdi. Hətta Qudalıların çəpər diblərində kirpi yerişinə, dovşan hoppanışına hürən itlərinin də səsi çıxmırdı. Bu cür sükutda, içəridə gurultu qopanda Səməd dərhal başa düşdü ki, anasının sandığında, dördkünc dəmir qutuda “bezdımnı” barıtdı, partlayıb, qutu ilə birgə sandığı da dağıtdı.
Müharibə qurtaranda sədr Mədəd öz köhnə naqanı, mauzeri, beşaçılanı və patrondaşı ilə birgə küncdə-bucaqda boz gilizlərə qədər yığışdırıb aparıb təhvil vermişdi, evdə “bir tiyə də qoymamışdı”, o dördkünc qutuda “bezdımnı” barıta isə toxunmamışdı.
Hər il martın iyirmi birində Bircə bala sandığı açıb barıtdan bir ovuc götürərdi. “Novruz” bayramı münasibətilə qoz, fındıq satan Çax-çuxdan bir kilo qoz alıb, Yusif kimi gözəl Yusiflə birgə xəlvətə çəkilərdi, çuvaldızla, bizlə qozların içini eşib boşaldıb, əvəzinə “bezdimnı” barıt doldurardılar. Qaranlıq düşəndə, bütün həyətlərdə “hər ölünün ruhuna bir tonqal” qalananda isə, Çax-çuxun daxmasının yanından o yana – məhləyə keçərdilər, çəpərlərin, ot tayalarının ara-bərələrində gizlənə-gizlənə, həyətlərə yaxınlaşıb, Qudalı ağsaqqalı Xəlvət Rəhimin öz atası ilə qardaşı Məmmədəlinin ruhlarına qalatdığı qoşa tonqaldan başlayaraq, “hər Qudalının tonqalına bir qoz” atardılar, irili-xırdalı tonqallarla bəzənmiş, rahat kənddə birdən-birə partapart düşərdi. Çoxları bu partapartı atışma zənn eləyib narahat olardılar, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin həyətində isə şaqqıltılı qəhqəhə ucalardı. Sədr Mədəd, ispalkom Qılınc Qurban və hətta sakit, susqun partkom Lüt Cəfər də “ döyüşdən qayıdan Koroğlu dəlisi” Bircə balanı qəhqəhə ilə qarşılayıb qucaqlayardılar. “Yaxşı eləyirsən, lap əliyin içindən gəlir”,– deyərdilər. “Qudalılar özləri bu kəndi azmı zibilləyiblər ki, üstəlik oğru-əyri əcdadlarının ruhları da zibilləsin!” – deyərdilər.
“Avariya” günü üzünü qəbirlərin şəkillərinə söykəyib həmişəlik yuxuya gedəndə Bircə bala anasının sandığında “bezdımnı” barıtı da özü ilə aparmışdı. İçəridə gurultu hər şeyi yenidən qaytardı. Əmma bu xatirənin ömrü bir an da çəkmədi: “Novruz” axşamının tonqalları da, sədr Mədədin, Qılınc, Qurbanın, Lüt Cəfərin qəhqəhələri də, “Döyüşdən qayıdan” Bircə balanın özü də “bezdımnı” barıtla birgə partlayıb dağılıb tavana çırpıldı. Orda– tavanda çartaçat düşdü, bel ağaclarının – kərənlərin aralarına çitənmiş qarğı-qamış çatıltı-patıltı ilə yanıb tökülməyə başlayanda, döşəmənin meydan genişliyində nəhəng, uzun stolla dövrəsindəki stullar da, naftalinlənib, bükülüb stulların üstünə yığılmış xalçalar, kilimlər də, lap yuxarı başda – Bircə balanın yazı stolu, kitab tərəcəsində “Dumanlı Təbriz”, “Tegeran”, “Gələcək gün”, “Polad necə bərkidi”, “Voyna i mir” və sair seçmə kitabları və tərəcənin üstündə Qaratikan – Gürtikən, Qaraağac-Gürağac budaqları da od tutdu. Ev kürə kimi uğuldadı və nəhayət, dörd pəncərənin dördündən də gur alov püskürüb, on addımlıqda, quyunun üstündə Səmədin üzünü, sinəsini, əllərini, qızğın külə batırdı, sonra evi çulğalayıb göyün dərinliyinə milləndi. Ordan – dərinlikdən parça-parça od-alov, qurum, kül yağmağa başladı…
* * *
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, yaz və payız gecələrində burda-quyunun dikdirində oturub, o taydan gələn, bu taydan gedən durnaların səslərini dinşəyəndə sədr Mədəd kandarında çəmənotuvə qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev əvəzinə başqa bir ev görürmüş ki, o ev səhərdən axşama, axşamdan səhərə qədər qaynayan Əmir bazarının söykəyində, gecələr təkbir almaları tappıldayan hündür, seyrək alma ağaclarının arasında qırmızı kərpicdən tikilib, Əmir fədailərinin Şeyx Məhəmməd Əmirdən təhsil-tərbiyə alan uşaqları üçün ayrılıbmış, min doqquz yüz doqquzuncu-onuncu illərdə aclıq üzündən fədailərin çoxu ailələri ilə birlikdə Bakıya-fəhləliyə gedəndə isə, o ev bütün Əmirlilərin uşaqlarının, o cümlədən Məhəmməd Əmirin özünün sonbeşikləri Mədədlə Sultanın daimi məskəninə çevrilibmiş. Uşaqlar o evin torpaq döşəməsində, boz kilimlərin, ala-bula cecimlərin üstündə, qamış əlfəcli, açıq kitabların önündə cərgə ilə bardaş qurub, gündəlik dərslərini hazırlayıb çörəklərini də orda yeyirmişlər, Şeyx Məhəmməd Əmirə pənah gətirən aclardan birinə, bağla bazar arasında hamballıq eləyən Fağır Məmmədliyə, sonralar “Yağır” ləğəbi ilə məşhurlaşan, quru sümük ələngəyə-skeletə oxşayan adama kömək eləmək üçün meyvə yığıb qax kəsəndən sonra, Məhəmməd Əmirin o vaxtkı aşpazı Xeyriyyənii, indiki alverçi Xeyrənin – Xeyrə arvadın qulplu qazanların qulplarından tutub evlərinə xörək aparırmışlar, xörək olmayanda isə, çox vaxt gecəni də orda qalırmışlar; qırx yaşlı sədr Mədəd burda – quyunun dikdirində otura-otura, on iki yaşlı, gödərək, tökmərək ev sahibinə çevrilib, haman boz kilimlərinin, ala-bula cecimlərin üstündə yorğan-döşək döşəyib, kiçik qardaşı Sultanla özündən başqa iyirmi-iyirmi beş, bəzən otuz nəfər əmiuşağı, dayıuşağı, xala, bibuşağı üçün yer salırmış. O ev də kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev kimi, bircə otaqdan ibarətmiş. Əmma o birgə otağın uzunu Məhəmməd Əmirin arşın addımı ilə on altı arşın, eni səkkiz arşınmış. O başda bir buxarı, bu başqa bir buxarı varmış. Evin özü kimi buxarıların bacaları da qırmızı kərpicdən hörülüb damdan o yana dörd arşın uzadılıb, palıdsayağı nəhəng alma ağaclarından yuxarı çıxarılıbmış ki, Təbrizin ab-havası nə qədər təmiz olsa da bağa qurum çökməsin. Bacalarla tavanın arasında dörd barmaq enində iki əlavə baca da qoyulubmuş ki, buxarılarda, sacayaqlarının üstündə qulplu qazanlar qaynayanda divarlara xörək iyi hopmasın. Şəhərə qatı duman çökdüyü, bağda dumanın burulub-büküldüyü vaxtlarda o əlavə bacaların ensiz, uzun deşiklərindən içəriyə də duman təpilib, tavanın altına ağ cuna çəkirmiş. Quru sümük ələngə hambal – fağır Məmmədəli divarın dibində sallağı oturub çubuq sümürə-sümürə, tavanın altındakı ağ cunaya doğru tüstü üfürə-üfürə köksünü ötürüb, elə hey: “Bərəkət ərşə çəkilib, bərəkət ərşə çəkilib”, -deyirmiş və Mədədlə kiçik qardaşı yorğan-döşəyin arasında o ağ cunaya tamaşa edə-edə qəmə batıb köyrəlirmişlər, gecənin bir aləmində hambalın hətta yuxuda da “Bərəkət ərşə çəkilib”, dediyini eşidəndə isə, nəhayət, dözməyib, birdən-birə üsyan qaldırmışlar ki, “Bəs deyim”i?!
Yağış yağanda əlavə bacalardan buxarıların qızğın kərpiclərinə iri damcılar döyəclənib, səssiz cızıldayıb o an da quruyurmuş. Hambal həmin divar dibində çubuğunu sümürə-sümürə Mədədlə Sultana o damcıları göstərmiş, “O damcılar əhli-Təbrizin ruzusudu. Göydən gəlib göyə gedir. Himayədarımız Şeyx Məhəmmədin iltiması da fayda vermir!” – deyirmiş. Uşaqların yenə də qəmlənib, köyrəlib, dillənmədiklərini görəndə isə, bir dəfə dediyini beş də, on da deyib, axırda yenə üsyana səbəb olurmuş: Qardaşlar ikisi də yorğan-döşəkdən atılıb Fağır Məmmədəlinin yaxasından yapışıb soruşurmuşlar ki, əyər Şeyx Məhəmməd Əmir fədailərlə birgə cəmi əhli-Təbrizin himayədar Şeyxidisə, necə ola bilər ki, iltiması fayda verməsin?! Fədailər Bakıdan tüfənglə, patronla qayıdıb, Sərdara, Salara57 qoşulub əqrablarla vuruşurlarsa, bu oo demək deyilmi ki, himayədarlarımızın iltiması faydalıdır? Şeyxin bu o qədər cavan-cavan yetirmələrini niyə ruhdan salırsan, etiqadlarını sındırırsan?! Belə üsyanlardan Fağır Məmmədəlinin donqar beli daha da donqarlanırmış. “Ərbabın dalında İngilisin torxanası58 durur. Beş-üç fədai neylər torxananın qabağında?!” – deyirmiş. Adətən, bütün Təbrizin yuxuda olduğu, qaraul fədainin də harayasa söykənib səsini çıxarmadığı vaxtlarda olan bu söhbətlər kəskinləşəndə Fağır Məmmədəli birdən belinin donqarını düzəldəndə elə bil işərisindən tamam başqa ziyalı, hətta müdrik düzəldəndə elə bil içərisindən tamam başqa ziyalı, hətta müdrik bir insan peyda olub, qardaşların taxtanın üzərində qəribə, gözlənilməz mülahizələr deyərmiş: “Tədrisin üçüncü ili nə deyilir burda sizə, bəradərlərim? Deyilmirmi ki, bağ Atadan ucaları da, bağBağÜn Babaynan EyOdƏr babanın SimOdları da birdəfəlik və həmişəlik hökm çıxarıblar ki, insan insana əl qaldırmamalıdı?! Üstünə fateh gələn millətin döyüşməyib ərazini tərk etməsi daha münasib sayılır, düzdü?! Ən son cümlə, hətta fatehin qanını tökmək də şayız sayılmır! Düzdü? Bəs möhtəırəmlərimizin, himayədarlarımızın fədailəri nə üçün belə qan tökürlər?! Himayədarlarımız sizə bir söz deyir, əməldə başqa söz deyirlərsə, Heydərimizə59 xoş gedərmi bu?! Nə deyax indi, nə fikir eliyax, bəradərlərim?! Təbrizin ruzisinin ərşə çəkilməsinin səbəbi nədi indi?! İngilisnən, ingilislıx elamax nə demaxdı?! Beləliklə, himayədar Şeyx ata ilə birlikdə fədailərin döyüşləri də “elmsizlik”, “cahillik” sayılanda, əmiuşaqları, dayıuşaqları, xala, bibiuşaqları da yorğan-döşəklərin arasından hoppanışıb, hambala hücum çəkirmişlər ki, “Əgər Şeyx Məhəmməd Əmirin bu bağdakı fədai ocağından başqa Təbrizin hər yerində fədai ocaqları silahlanıbsa, Şeyx Ağ Əmirlə Şeyx Boz Əmir də şəhərbəşəhər, kəndbəkənd gəzib, hətta o taya – Comərdin60 qacaqlarına kömək göndərirlərsə və gedənlər də Comərdin qaçaqları ilə çiyin-çiyinə, rus qoşunlarına qarşı vuruşurlarsa, bunun hamısı həq-ədalət üçündürsə, niyə “elmsizlik” sayılsın?!” Təhsil, tərbiyə-tədris, qurtarandan sonra bu evdəki Əmir yetirmələri də Comərdə, Sərdara, Salara qoşulacaqlarsa, fədailər “beş-üçdürlərmi”?! Bu cür həmlə ilə hambalı elə didib-dartışdırırmışlar ki, Fağır yenə birdən-birə fağırlanıb, sözünü geri götürməyə məcbur olurmuş. “Ay dadaş, məni o bacalardan düşən damcılar azdırır. Xətamı bağışlayın. Yıxılın yatın. Sabah burnunuz kitaba dəyəndə genə mənim üzümə söz gələcək”, – deyirmiş, və qalxıb, ilk növbədə Mədədlə Sultanı uzanmağa məcbur eləyib, böyür-başlarını basdalayırmış. Əmma yerə uzanandan sonra qardaşlar özləri də səssiz-səmirsiz cızıldayan damcılara baxdıqca Təbriz əhlinin “ərşə çəkilən ruzusu” haqqında fikirləşirmişlər, ruzunu qaytarmaq üçün himayədar Comərdin, Şeyx Məhəmmədin və Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirin gördükləri işlər haqqında pıçıldaşa-pıçıldaşa, bacalardan işıq süzülüb, buxarılan kərpiclərinin rəngini açana qədər gözlərini yummurmuşlar.
Dolu yağanda o ensiz, uzun bacalardan içəriyə dolu dənələri tökülüb, döşəmədə atdanıb diyirlənirmiş. Hambal divar dibində çubuq sümürə-sümürə yenə elə hey köksünü ötürürmüş: “Getdi… Millətin ruzusu getdi!” – deyirmiş, birisi on iki yaşında, o birisi on yaşında, “Millətin ruzusu”nun dərdini çəkən qardaşlar isə, daha hücuma keçmədən, o atdanan, diyirlənən dolu dənələrini yığıb buxarılara atırmışlar ki, “göylərin bərəkəti ocaqlarda qalsın”.
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, iyirmi səkkizinci ildə Qəsri-Qacar zindanında şeyxlərlə görüşüb qayıdanda da Mədədlə Sultan öz uşaqlıq məskənlərinə baş çəkib görüblər ki, Şeyx Məhəmməd Əmirin ölümündən və Ağ Əmirlə Boz Əmirin Qəsri-Qacar zindanına aparılmasından sonra kimsəsiz evdə bacalardan tökülən dolunu yığışdıran uşaq olmadığına görə, dolunun əriyib islatdığı yerlərdə – buxarıların yan-yörələrində çəmənotu və qazayağı qalxıb, ağ cunalı uca tavanın altında, divarların künclərində isə qaranquçşlar yuva tikiblər… O vaxtkı Tat Seyidlə – Şeyxlərin bağbanı ilə aşpazı Xeyriyyə hələ Təbrizdə imiş, Mədədlə Sultanın Tehrandan qayıtmağını gözləyirmişlər ki, onlara qoşulub bu taya adlasınlar. Mədədin bir tərəfdə – buxarının qabağında yasa batdığını, Sultanın o biri tərəfdə – buxarının qabağında yasa batdığını görüb ağlaşıblar, “Ot bitdi. Comərd ocağında ot bitdi. Quşlar yuva saldı…” – deyib hönkürüşüblər… Sonra oturub, ətraflı danışıblar ki, “o quru sümük ələngə hambal – fağır Məmmədəli casus çıxıb: o tayda qaçaqların başçısı Dəli Alını tutdurub “Fitilbörgə” – Peterburqa, Çarın hüzuruna apartdırıb, o vaxta qədər tutulub aparılan başqa Pünhanlarla birlikdə Dəli Alı çara anladıblar ki, əslində bu müharibənin üç tərəfi olan ölkələrdə – Antantada, Rusiyada, o tay-bu tay Azərbaycanda və Türkiyədə əsrlərdən bəri məskun olan xalqların hamısı BağOdƏr ƏlAğ, EySar (“İsa”, “İisus”) və BağHəmOd adlarına söykənən vahid millətdir, aralarına ayrılıq toxumu səpilib, hətta dillərini də dəyişdiriblər… Dəli Alı Çarın “dilmancına” – tərcüməçiyə deyib ki, biz bu tarixi lap çoxdan bilirik, ona görə də heç bir yerə basqına müharibəyə getmirik; siz – ruslar, o yanda da ingilislər bizim şeyxlərimizi vadar elədilər döyüşək, əslində isə, biz cəmi Yer üzündə qardaşlıq Elmi fədailəriyik… Çar Dəli Alıya “bir çamadan qızıl” verib, deyib yoldaşlarını da apar, gedin Elminizi yayın. Əmma çarın cahilləri yenə qırğın salıblar, hambal Məmmədəli də özüynən o taydan rus gətirib Səttarxanı vurdurub… Aradan keçəndən sonra indi-indi məlum olur ki, şah özü də, İngilisdən savayı, Rusnan da əlaqədə imiş… “Seyid” ömrünün yarısını Məhəmməd Əmirin qapısında”, – fədai ocağında bağbanlıqla keçirib, orda da ailə, oğul-uşaq sahibi olduğuna görə, bu tayda şeyxin oğullarının qapısında bağbanlıq niyyətində imiş. Xeyriyyə isə “ömrünün yarısını Məhəmməd Əmirin mətbəxində” keçirib, orda da ər, oğul-uşaq tapdığına görə, bu tayda da şeyxin oğullarının xörək-çörəyinə baxmaq niyyətində imiş və ayrı cür həyat təsəvvür eləmirmiş. Odur ki, Sultan Culfada yük maşınına doldurub gətirdiyi həmşəhrilərinə ağ daş evi göstərib: “Bura qəza komitəsidi. Mən burda oluram. Sizin nə burda qalmağınız məsləhətdi, nə də bu tərəfdə görükməyiniz”, – deyəndə Seyidlə Xeyriyyə Sultanın belə gözlənilməz dönüklüyünü anlamayıblar; Mədəd maşını Qonaqlı əvəzinə, Qurbanlıya sürdürüb, “Bu kənddə yurd salacaqsınız. Nə Comərdin, nə Şeyx Məhəmməd Əmirin, nə Şeyx Ağ Əmirnən Şeyx Boz Əmirin, nə də Sultannan mənim adımızı dilinizə gətirəcəksiniz”, – deyəndə Seyidlə Xeyriyyə bundan heyrətləniblər. Əmma Mədəd heç nə izah eləməyib, o vaxtkı İskəndər kişinin, sonrakı Çeteze İsgəndərin köməyi ilə həmşəhrilərinə dam, avadanlıq, güzəranlıq düzəldib Qonaqlıya qayıdanda isə, özü də “yurd salmaq” niyyətinə düşüb, Möhsün kişinin – kərpickəsən Möhsünün El yolu ağzına qazıb “El quyusu” adlandırdığı bu quyunun yanında mərhum atasının arşın addımları ilə on altı addım uzununa, səkkiz addım eninə ölçüb, bu ölçüdə özül qoydurub. Dəmir yolundan o tərəfdə Xırran çayı deyilən dağətəyi sel yerindən çaylaq daşı gətirib, balta küpü ilə, çəkiclə sındırıb-xırdalayıb özülə xır tökəndə, iş avadanlığına gələnlər özülün eninə, uzununa baxıb təəccüblənib, “bedkom” Mədəddən soruşublar ki, “Bu boyda mülkü” kimdən ötrü tikdirir? “Bedkom” heç kəsə heç nə izah eləməyib. Lüt Cəfər mızıldanıb söylənəndə ona da izah eləməyib. Qılınc Qurban açıq danışıb: “Arvadın rəhmətə gedib. Çağan da Qıymatın qucağındadı. Bəysən, xansan-nəsən, bu saray nəyinə lazımdı?!”61 – deyib, Mədəd yenə izah eləməyib. Divarları qaldırıb, damı örtdürüb qapını asdırandan sonra bir payız axşamı quyunun dikdirində oturub, o taya uçan durna qatarının səsini eşidəndə birdən yerindən atılıb, Möhsün kişinin hacatlarının arasından “lom”u götürüb, ayağının altına kətil qoyub, qapının yuxarısında divarı deşib-dağıdıb yekə bir baca açıb. Bacanın dörd dövrəsini hamarlayıb öz əli ilə suvayandan sonra isə, lapatkanı götürüb gedib Sudüşəndən “bir neçə lapatka ağzı çumbuz” – nəmtorpaqlı çəmənotu gətirib kandarın sağında basdırıb, bir neçə lapatka ağzı da çumbuzlu qazayağı gətirib kandarın solunda basdırıb. O axşam da, sonralar da bütün kənddə və rayonda “bedkom” Mədədin bu qəribə işlərindən danışırmışlar. “Beş dənə metrəyarımlıq pəncərəsi var. Əmbə – üstəlik, baca da açıb”, – deyirmişlər. “Çəmənin içindədi evi. Əmbə kandarda çəmənotu əkib”, – deyirmişlər və bu qəribəlikləri dəlilik əlaməti sayırmışlar. Sultandan başqa heç kəsin, o cümlədən Səmədin də xəbəri yoxdu ki, bu tayda “yurd salıb “ quyunun dikdirində ilk dəfə oturub ilk dəfə durnaların səsinə qulaq asanda, sədr Mədəd birdən-birə vahiməyə düşübmüş ki, təzə yurda işnişəndən sonra “fədai ocağı”nı unudub fədailikdən çıxa bilər, bu vahimə ilə də “lom”u qapıb, qapının üstündə divarı-dağıdıb baca açmışdı ki, yazbaşı qaranquşlar gəlib Qonaqlının evlərində yuva tikəndə burda da tiksinlər, balalasınlar, civildəsşinlər, nəğmələrini oxusunlar və beləliklə, iki vətənli quşlar, iki vətənli adama gecə-gündüz rahatlıq verməyib. “Sən fədaisən! Sən fədaisən!” – desinlər. Kandarda çəmənotunu, qazayağını da ona görə əkmişdi ki, payızda qaranquşlar uçub o biri vətənə gedəndən sonra “iki vətənli adam” evə girəndə də, evdən çıxanda da çəmənotunu, qazayağını görüb, “fədai ocağı”nın taleyini düşünsün.
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, axşamlar briqadirlərlə manqabaşılar, tək-tək xüsusi “naryad”62 alanlar və şəxsi iş üçün sədrlə görüşmək istəyənlər Əmirli mülkünə doluşan vaxt təsadüfən ayaqlarını çəmənotunun, qazayağının üstünə basanda, çəmənotunu, qazayağını yox, sədr Mədədin ürəyinin tapdalayırmışlar, camaat dağılışandan sonra soyunub, çarpayıya uzanıb: “Yataq, Bircə bala, yataq”, – deyib, qaranquşların yuxulu civiltilərinə qulaq asa-asa gözlərini yumanda, sədr Mədəd heç də burda yox, “fədai ocağı”ında yatırmış. Odur ki, qırx beşinci ilin dekabrında Milli hökumət qurulduğunu və Əmir fədailərinin “fədai ocağı”na qayıtdıqlarını eşitdityi gün sədr Mədədin ən xoşbəxt günü imiş; qırx altıncı ilin dekabrında Milli hökumətin yıxıldığını, Əmir fədailərinin bağdan çıxmağa da imkan tapmayıb, mərmi altında qırıldıqlarını eşitdiyi gün isə, sədr Mədədin ömrünün ən qara günü imiş; ondan sonra – dekabrın on ikisindən iyirmi üçünə qədər yaşadığı on bir gün ərzində beyni necə tutulubmuşsa, gözləri necə qapanıbmışsa, daha çəmənotunu, qazayağını görmürmüş. Səməd bunların heç birini bilmirdi.
Səmədin bildiyi ancaq bu idi ki, “bir ayağı o tayda, bir ayağı bu tayda olan, hər dağ döşündə bir kənd sala-sala gəzən qəribə ulu babası Comərd – Süleyman birdən-birə yoxa çıxıb, sayı-hesabı bilinməyən qohum-əqraba Arazı keçib bu taya səpələnib, o tay-bu taylı vətəni də, yolayrıcında keçinən babası ilə başları “çarvadar” xurcununda gətirilib Persə verilən şeyx əmiləri də, top atəşi altında qırılan Əmir fədailəri ilə kimsəsiz qalan “fədai ocağı” da, hamısı bu yanan evdə – “Əmirli mülkü”ndə nə isə daha böyük bir aləmlə birlikdə alova bürünmüşdü… Atası gurultulu alov üzərində, qırmızımtıl işıq içində görünüb qışqırmağa başladı: “Sənin Elmin, Eşqindi bu yanan! Şeyxlərin Elmi, Eşqidi bu yanan! Süleyman dünyasıdı bu yanan!”
Səmədin beyninə gurultu, uğultu düşdü.
Necə oturmuşdusa, eləcə də qaldı. Alova dikili gözləri alovla dolu idi. Əgər indi özü özünə kənardan baxa bilsəydi, görərdi ki, nə qədər laqeyd otursa da, gözlərində qaynayan alov heç də yalnız yanğının şəklindən ibarət deyildi.
* * *
Arxadan kim isə yaxınlaşıb quyunun dikdirində daşlığı, qumluğu xışıldatdı. Əlləzoğlu heyrətli cəsarətlə Səmədin qənşərinə fırlanıb tamam qorxusuz-hürküsüz:
– Demişdim sənə! – dedi. – Hələ nədi bu?! Kənddə Xəlvətnən Qeybalı, orda – şəhərdə Gülənovnan Xalq bir səsnən deyir: “Səfərbərik, Məmiş kişi!..” Nə ağılnan işə girirsən sən burda?! Görmürsənmi nə haldadı əmin?! Ata əvəzi əmin, a dərdin alım!.. Çıx get! Getməsən, sənnən bir yerdə, sağ-solunda gəzənlərin hamısı güdaza gedəcək, hamısı! Abını da öldürəcəklər, Çürüyü də, bayaq burdan maşınnan gedəni də. Ala itdən məşhurdu sizin o polkovnikiniz. Bir çekist sağında oturmuşdu, biri də solunda. Qandığı bu oldu ki, deyəsən, tutulub o qabağından yeməyən polkovnik! Qalx! Eşitmirsənmi, ay insan balası, insan deyilsənmi, a dərdin alım, daşsanmı, qayasanmı?!
Səməd daşdan, qayadan da səssiz-səmirsiz, kirpiyini də tərpətmirdi…
11
Hardasa kim isə heybətli səslə bağırırdı:
– Korsunuz?! Görmürsünüz?!
Dikdirdə daş, qum xışıldadı: Əlləzoğlu rədd olub getdi.
Hardasa at kişnədi, bir-birinin ardınca iki güllə açıldı. Qudalıların it xılı dünyanı başına götürdü. Qapılar, darvazalar şaqqıldadı, kəndə çaxnaşma düşdü.
Hay-küyə həvəs Qurban əmi – Qılınc Qurbanda hələ “əsrin əvvəllərində” gah məşhur qaçaq Dəli Alının dəstəsində, gah da ikinci məşhur qaçaq Kərəmin dəstəsində, çar tərəfdarları bəylərlə döyüşdüyü “cavanlıq çağları”ndandı. “Dəli Alıynan Kərəmin dövranları qurtaranda”, yəni iyirminci illərdə Qurban əmi – Qılınc Qurban “Türkiyəyə keçən Qazax bəyləri ilə atışıb”, bununla da “atryad nəçənnikliyi” ilə vidalaşıb, kənd sovetində tək bir milisioneri və katibi ilə qalandan sonra, müharibə illərində də öz əvvəlki vərdişilə gecələr səhərə qədər at belində, sovetliyin ərazisində “qəşt eləyərdi”, hardasa fövqaladə hadisə baş verəndə beşaçılanını dalbadal havaya boşaldıb, “Trevoqa63! Trevoqa!” – qışqırıb cəmaatı oyadardı və elə hadisə yerində “prakrorsuz-mrakrorsuz, sudyasız-mudyasız”, ədalət qılıncını sıyırıb əyrini kəsərdi, düzü yoluna qoyardı”. Müharibə qurtarandan sonra “ömür yoldaşı beşaçılan”la da vidalaşıb, əvəzində adi qoşalülə gəzdirsə də və “Trevoqa” qışqırmağa daha ehtiyac olmasa da, adətini tərgitməyib, yenə də axşamdan yatıb-qalxıb, əvvəlki atlarının nəslindən qalan, “paçası guppultulu” kəhərinin belində, sovetliyin ərazisində “qəst eləyirdi”, yenə də həmin qayda ilə “ədalət qılıncını sıyırıb əyrini kəsirdi, düzü yoluna qoyurdu”.
At kişnərtisinə, güllə səslərinə dönəndə Səməd axırıncı dəfə mehmanxanada röyada gördüyü hamanca qara meşin pencəkli, qara meşin şapqalı, əli qoşalüləli, hay-küylü Qurban əmini gördü. O Qurban əmini ki, hər yerdə “ədalət mücəssəməsi köhnə bolşevik” kimi tanınırdı; o Qurban əmini ki, Stalinin “prekratite bezobraziye”sindən hələ səkkiz il əvvəl köhnə bolşevikləri və ağsaqqalları başına yığıb gedib Gülənovla Sayılova “kontra”64 belə-filan uşağı” deyibmiş və elə bu “kontra”ya görə də Mirqəzəb özünü yığışdırıb, bir də ta qırx altıncı ilə, o kişmiş əhvalatına qədər” şeyx qardaşlarına” toxunmayıbmış.
Bu Qurban əmi o Qurban əmi idi ki, “iki qardaşın bir balasına” “üç qardaşın bir balası” deyərdi. Bircə bala kəhər atın tərkində, əllərinin ikisini də Qurban əminin kəmərinin altına salıb, yırğalana-yırğalana Süleyman Rüstəmin “Çapayev”65 şeirini oxuyanda Qurban əmi o şeiri bir də, beş də oxutdurardı və Bircə bala hər dəfə eyni həvəslə: “Çakıl daşlı çaylardan Çapayev çapa-çapa…” – deyəndə Qurban əmi hər dəfə qəhərlənərdi, “Bah-bah! Məni yazıb, ay oğul, mənciyəzi yazıb!” – deyərdi; Birgə bala Maksim Qorkinin “Fırtına quşu”66nu oxuyanda isə, Qurban əmi şahin kimi qiyyə çəkərdi. Sonra yəhərin qaşına, atın yalına baxa-baxa əyilib uzun-uzadı deyinərdi: “Fırtanalar qurtarır, biclər əyyamı gətir, ay oğul! Şahinlər qarğalaşacaq, ay oğul! Bax onda şahin ol sən. Əyrilərin qabağında əyilmə! Yoxsa bu dünya əyildikcə əyilər!” – deyərdi.
Kişnərtiyə və güllə səslərinə dönəndə, Səməd dərhal hiss etdi ki, adı sədr Mədəd və Sultan Əmirli adları ilə yanaşı dayansa da, bu “ədalət mücəssəməsi”, “ədalət qılıncı” nə hardasa, nədənsə güdaza gedər, nə də dəyişib tanınmaz olar.
Qurban əmi öz şəxsiyyətinin ucalığı ilə ürək isidirdi. Əmma bu istilik həm də kədər gətirirdi. Dünən mehmanxanada peyda olub, döşəkağını öz əli ilə döşəməyə salıb: “Burda yat. Sən yat, Qılınc əmin də keşiyini çəksin”, – deyəndə Qurban əmi bu yaşında hər cür təhlükəyə qarşı hazırlığı ilə onu nə qədər sevindirmişdisə, indi bir o qədər kədərləndirdi və Səməd, şapqasının qabağında ulduzu parıldaya-parıldaya yəhərdən yerə atılan balaca kişiyə baxa-baxa, qapıların, darvazaların şaqqıltılarını dinləyə-dinləyə fikirləşdi ki, bu “trevoqa”nın nə mənası var, yoxluq, heçlik içində ədalət qılıncı kimi kəsə bilər?!
Göyə dirənmiş alov sütununun işığında təkər izlərinə qədər görünən Ortayolda əlləri vedrəli, belli, yabalı kişilər, arvadlar, cavanlar, qocalar vurnuxdular, gah yaxından, gah uzaqdan bir-birlərinə nəsə deyə-deyə, bağırışa-bağırışa, yanğının ətrafına toplaşdılar, balkon dirəklərindən başlamış, bel ağaclarına qədər od içində qıjıldayan evə yaxın düşməyin mümkün olmadığını görüb duruxdular, kütləşdilər, sonra ordan-burdan sökülüb, quyunun üstündə təkcə ev sahibinə doğru meyilləndilər, bu bədbəxt cavanın aqibətindən qəmlənib hərəkətsiz qaldılar.
Təkcə Qurban əmi hərəkətdə idi: ortalıqda – od-alov yağmurunun altında o yan-bu yana gedib gəlirdi, kiməsə qışqırırdı, kiminsə yaxasından yapışıb silkələyirdi, hədələyirdi. Nə üçün? Göbələk Məmiş Əlləzoğlunu “kəsməyin” nə mənası var? Tutaq ki, kimsə xəbərdardır Əlləzoğlunun bu cinayətindən, tutaq ki, kim isə Sultan Əmirlinin qayınatası haqqında danışmağa cəsarət eləyib irəli çıxsın: “Mən gördüm, Əlləzoğlu yandırdı evi”, – desin, Qurban əmi də gedib qaratikan çəpərinin dalından Göbələyi çıxarsın, atının qabağına qatıb aparıb Gülənova təhvil versin, nə dəyişər bununla? Yoxluqda, heçlikdə nə əmələ gələr?!
Nəhəng palıd kərənlərindən yonulmuş bel ağacları yanıb ortadan üzüldükcə bir-birinin ardınca guruppagurup tökülüb, divarların arasında üst-üstə qalaqlandı, bayaqdan yuxarıda – havada qıjıldayan alov indi təndirə düşmüş kimi guruldamağa başladı, tüstü-duman dünyanı götürdü. Səməd boğazına dolub nəfəs yolunu bıçaq kimi kəsən bu acı tüstü içində də bir xeyli oturandan sonra, qəlyanlı qocalarsayağı, əllərini dizlərinə dayayıb, ağır-ağır qalxdı, dönüb getdi.
Tüstü-duman altından baxanların hamısı görürdü ki, boy-buxununun, qollarının, qıçlarının sanbalı-siqləti ilə həmin Əmirli yetirməsi idi. Yetirmənin özü isə bütün aydınlığı ilə dərk edirdi ki, bu sanbalın, siqlətin içərisi bomboşdu. Elə boş ki, hətta “prakrorsuz-mrakrorsu, sudyasız-mudyasız kəsən” nadir nüfuzlu kğhnə bolşevikin canıyananlığından da üz döndərib çölə-biyabana gedirdi. Qurban əmi, şübhəsiz, nə isə eləməyincə yorulmaq, usanmaq bilməyəcək, bəlkə hətta öz köhnə dostunu “kəsməyincə” sakitləşməyəcək. Əmma bunun faydası nədir? Qardaşoğlunu müsibət içində qoyub o biri otaqda qadın zorlayan, tamamilə ayıqbaş və aydın şüurla: “Sən bu evdə qalmalısan”, – deyən o dəhşətli adamı “kəsməyin” nə mənası var?! Bircə balasının zalda, süfrə arxasında olduğu bir vaxtda öz çal saçlarını qara saçlara qatan insan insandımı?! Hələ qardaşının dəfnində: “Ağlıyammıram, Bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram”, – deyib, yeddi il səkkiz ay sonra o düyünü ürəyindən çıxarmaq üçün sehrkar aşıq çağıran, sehrin başlandığı dəqiqədə isə yuxuya gedib daş kimi yatan o daşı “kəsmək”dən nə çıxar?! Yoxluqda, heçlikdə nə isə bir şey yaranar? Daş dönüb yenidən insan olar və Əmirli yetirməsi əmisinə yenidən vurular?!
–Səməd! … Səməd!… Dayan , ay oğul! Sınma, ay şahin balam! Günü bu gün düşmənlərini diz çökdürəcəm sənin qabağında! Dayan! Elə şeylər eliyəcəyəm ki, ürəyin dağa dönəcək! Dayan!
Səməd dayanmadı. Əksinə, “şahın” sözündən necə qəzəblə aralandısa, Qurban əmi yedəklədiyi atı və yanınca yortan Xızır Abı ilə birlikdə yürüməyə məcbur oldu.
Abı dala qaldı. Qurban əmi çatıb, atı yedəkləyə-yedəkləyə yanaşı addımlamağa başladı.
–Sərt danışacam sənnən, oğul… Ürəyim yalvarır üç qardaşın Bircə balasına. “Qurban əmin qurban olsun sənə, belə yerimə, belə əyilmə! Dözmərəm!” – deyir ürəyim. Ağlım, şüurum: “sərt ol, ay Qurban-deyir, -qoyma, qoyma qanadı sınsın şahiniyin!” Bu iki gündə hara gedibsən, Saşaynan yanaşı kölgəntək sürünmüşəm dalınca. Qaçaqçılıq vaxtından vərdişimdi, lazım gələndə addım-addım gəzərəm adamın dalınca, gözə görükmərəm. Çürüknən Abı oxuyandan sonra necə ağladığını da gördüm, evdən necə çıxdığını da gördüm… Papağını qoy qabağına, bir fikirləş yaxşı-yaxşı, gör Leyli-Məcnun zəmanəsidimi bu zəmanə, Əsli-Kərəm zəmanəsidimi?! Kontralarnan vuruşduğumuz vaxtlar Sultan özü dərs deyib mənə. Əslimizi-nəslimizi bir dəfə Məcnun zamanında itirmişik biz. Yəni o zaman ki, Müaviyəynən oğlu Yezid qırmışdı bizim SafAğ-larımızı. ƏlEy əvəzində “Leyli” deyən Məcnun oldu millətimiz, dağıldı. Sonra da içimizə rus dolub Gəncəmizi Yelizavetpol eləyəndə itirdik əslimizi-nəslimizi, “Kərəm” olduq, düzlərə düşdük, “Əslim haray!” qışqırdıq. İndiki zəmanə daha pis olub, ay oğul. Fədailərimiz qırıldı, qaçaqlarımız hamısı dağıldı. Təbrizdə də elə müsibətlər!.. Elmimiz, tariximiz yandırıldı. Sazımız sındı, səsimiz batdı. Söz deyənimiz qalmadı. Kor kimisən sən! Mədədin vəsiyyətindən qaçırsan sən! O vəsiyyət irəlidi, o Elm, Eşq irəlidi, yoxsa agent Məmişin məlakə qızı?! Sultan nə deyib sənə? Onun işinin elə məqamıdı ki, həməşəlik yıxıla da bilər indi, həməşəlik qalib də ola bilər… Eşidirsənmi?! Fikrin nə qədər qarışıq olsa da, çalış fəhmnən qulaq as… O vurğun vurmuş, qanı köynəyinə bulanmış Mirqəzəbin məhkəməsi başlanır Bakıda, Dzerjinsk67 klubunda. SSRİ prokurorunun özü şəxsən gəlib. Rudenko! Gör məsələ nə yerdədi ki, vayenni tribunal baxır işə. Şəxsən Rudenko ittihamçıdı!.. Xudiyev zəng vurmuşdu səhər saat beşdə yaltaqlana-yaltaqlana. Dözəmmədim, trubkanı aldım Sultanın əlindən. Dedim, ə, polkovnik qırışmal, o paqonları Mirqəzəb taxmayıbmı sənin çiyninə?! Gələrəm, bu rayonda “Hümmət”çilərin başlarına açdığın oyunları bircə-bircə oxuyaram üzünə, sübut eliyərəm ki, “sosializm”, “kommunizm” deyə-deyə milləti qırıb-çatıb quldarlıq quranların lap yekə başçılarındansan sən Xudiyev! Səsi kəsildi, lal oldu qırışmal. Əmma sonra bir yaxşı xəbər dedi Sultana. Rəhmətlik Mədədin vaxtında əmin nə yazıbsa Moskvaya, hamısı ittihamnamə olub. Klubun səhnəsi doludu deyir, qalın-qalın ittihamnamə qovluqlarıynan, çünki tək əmin yox, respublikadan çox adam yazırmış Moskvaya. Heyif, görmədin necə getdi əmin. Uçmağa qanadı yoxuydu!
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?