Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 13

Текст книги "İdeal"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 13 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +

Çax-çux bu ölümü sədr Mədədin ölümündən sonra Sultan Əmirlinin “ikinci cinayəti” sayırdı”. Niyə?!

–Biləcəksən, qadası. Birinci cinayətin səbəbini də, ikinci cinayətin də biləcəksən– deyirdi,– Sədrnən qulaq as. Sədrnən!çünki qırx altıncı ilin oktyabrındakı “avariya”ynan əllinci ilin “vena” hadisəsinin əlaqəsini açmaqdan ötrü mən özüm də səbrnən, yerli-yataqlı danışmalıyam. Hə!… Öldürülən adam beş deyil, on deyil. Milyonlarla adamın nə vaxt, harda, necə öldürüldüyünü bilməsən, Sultan Əmirlinin qatilliyini dərk eləməzsən! Qulaq as!… EvƏrEyləri yer üzündən köklü-köməkli silmək planı “Vatikan”da yazılıb. Alman Patriarxına, Gürcüstanda, xəlvəti dərədə yerləşən lap gizlin Georqi kilsəsi mərkəzinə. Ermənilərin bütün Qriqoryan kilsələri mərkəzlərində bütün katalikoslara göndərilib. Milliyyəti bu vaxta qədər məlum olmayan , yalan bioqrafiyaynan ömr sürmüş köpəkoğlunun birisinə– Hitlerə, Qrek Vissarionun oğlu Qrek İosif Stalinə göndərilib. Hə!… Bax elə o vaxtlar bu planın birinci qurbanı kim olub, səncə? Mustafa Kamal Paşa AtaTürk! Bəli! Hə!… AtaTürkü öldürəndən sonra bu məhv olan “Xəzinə”dən gizlin dərs alanların siyahısı tutulub.– Xalıq güldü.– Bəzi ağzıgöyçəklər söz yayıblar ki, guya siyahını mən tutmuşam!… Hə! Əbləhiyə bax ey! Mən özüm, bütün əslim-nəslim EvƏrEy, EyƏrEy Mustafa Kamalı siyahıya salarammı, qadası?! Hə! Stalinnən Hitler, məhz AtaTürkün qətlindən sonra görüşüblər, atikanın planı üzrə, bilərsən yəqin, əvvəlcə İspaniyada başlayıblar qırğını. Özü də necə?! Nəzərə alsan ki, “Alman”, “Nemes”, “Doylic”-filan millətin özünün də kökü indi “Ariv” yazılan ƏrEydəndi, yəni xaliscə EvƏrEydilər, onda gör İspaniyada kimnən kim müharibə eləyirmiş: “Kastil”– Odəs Odəl, yəni “İspan”– ƏsEv OdƏrləri lap xalis EvƏrEylər, bu bir! Rusiyadan səfərbər olunub İspaniyaya göndərilən OdƏs– “Odessa” EvƏrEyləri (yəni qədim “Krım”lılar– OdƏrEvıər), bu “faşist”, “nemes” damğasıynan damğalanan bədbəxt ƏrEy OdƏrləri özləri!… Bildinmi nədi bu qan-qırğın, hardandı sonrasına qulaq as!…

Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, “Müəllim”, AtaTürk, OdƏs, ƏsE, Əry OdƏrlərin Nəcəfoğlu adları ilə yanaşı, Səməd əmisinin köhnə yoldaşlarından daha birinin, vaxtilə kəndinin adı ilə Xalxalı təxəllüsü ilə tanınıb sonralar Demokrat firqəsinin sədri və Milli hökumətin başçısı kimi məşhurlamış daha bir alimin– Mircəfər Pişəvərinin adını da eşidərdi və bilərdi ki, qırx bir-qırx beşinci illərdə Cənubda qırx dörd qəzet redaksiyasını “Azadlıq cəbhəsi” təşkilatında birləşdirilib, gecəli-gündüzlü çalışdığına baxmayaraq. Xalxali də vaxt tapdıqca bu taydakı həmin “əldən– ayaqdan uzaq, etibarlı yerə”– “Şeyx Xorasan” məqbərəsinə gəlirmiş, ordakı arxivin və “kainat elminə aid” kitabların əsasında məqalələr yazırmış. Yazdıqlarının bir üzünü Bakıya– Fəlsəfə İnstitutuna– Nəcəfoğluna göndərib, o biri üzünü Təbrizdə özünün buraxdığı “Ajır”72 qəzetində çap edirmiş… çax-çux yenə də “Müəllim”i– Çopur” adlandırdığı çekisti şahid gətirib deyirdi ki, qırx beşinci ilin dekabrında Demokrat firqəsinin qələbəsindən və Milli hökumət qurulandan sonra da Xalxali bu tayda Sultan Əmirli ilə görüşə gəlməyə imkan tapırmış. İşi o qədərmiş ki, iftarı, naharı, şamı da maşında yeyirmiş, yuxusunu da maşında alırmış, əmma firqəsinin məğlubiyyətindən və Milli hökumət yıxılandan sonra Şimali Azərbaycana mühacirətə hazırlaşdığı günlərdə də Xaqlxali bu tayda sultan Əmirlinin rayonuna gəlməyə imkan tapırmı.. qırğına məruz qalan mühacirləri xilas eləmək üçün, yenə gecə-gündüz maşından düşməsə sə, bəzən hətta güllə yağmuru altında bu taya– Naxçıvana keçib dostu ilə görüşürmüş. “Avrasiya” günündən sonra – qırx yeddinci ildə də Xalxalinin vəziyyəti bir o qədər yaxşılaşmayıb. Əmma “avariya”dan və teleqramdan xəbər tutanda da imkan tapıb, dərhal gəlib teleqramı oxuyub və teleqramda nə görübsə, eynilə Nəcəfoğlu kimi, o da “Fəlakət! Fəlakət!”– deyib. Və elə bu kəlməni təkrar edə-edə rayondan çıxıb gedəndə hardasa Yevlax səmtində avariyaya düşüb ölüb.

Bu ölümü Çax-çux “bu yazıq, bədbəxt oğlanın atasının”, yəni sədr Mədədin və Nəcəfoğlunun ölümündən sonra Sultan Əmirlinin üçüncü cinayəti sayırdı. Niyə?

–Sədr elə. Biləcəksən. Əmin adi qatillərdən deyil.

Söhbətin bu yerində Gülbənizin səsi eşidildi:

–Bəsdi, dədə! Görmürsənmi sözünü eşitmir? Rusiya, Krım, Odessa, İspaniya, Faşist-filan, nə qədər çərən-pərən danışmaq olar, a kişi?! Konkret söz de, sən bu əzizimə Aydın, konkret! Başa düşsün ! Görmürsənmi nə haldadı?! Get burdan!

Çax-çux təəccüblü itaətlə dönüb aralandı.

Badamı gözlərdə anlaşılmaz qəzəbi anlaşılmaz gülgünlük, sonra köyrəklik əvəz etdi.

–Boyuna qurban olum! Bayaq da gördüm, boy-buxunun daha da gözəlləşib. Biləyindən tutdum. Tutduğumu da düz-əməlli bilmədim, sənin dərdini çəkənin əlinin hənirini bilmədin… Hayıf, boynun bükük olub, ay Səməd! Hayıf səndən! Mənə niyə belə boynuburuq baxırsan. Yadına nələr düşür, ay Səməd?!– Sözlər nə qədər ürəkdən gəlsə də, Səməd hədsiz köklüklə birgə bu sözlərdə də vulqarlıq duydu. Əmma bu vurqarlıq da birdən-birə dəyişib, yanğıya çevrildi:– Niyə belə başı bəlalı oldun, ay Səməd?! Yel hayandan əsdi. Tufan hardan qopdu, niyə ayırdı səni bizdən, ay canım-ciyərim?! Bu “dədə” dediyim belə-filanın adını “Manyak” qoyublar!soruşurlar bu Kətyən deyilən kişinin çəpəri niyə belə dağılıb? Kətyənnən çəpəri qalır burda, bu başlayır çərənləməyə ki, bəs bu Kətyənin bir oğlu Fin müharibəsində batdı getdi, o birisi, nə bilim harda!… Axırda dedyirlər, ay Çax-çux, biz səndən Kətyən kişinin çəpərini soruşuruq ki, cəmaat niyə əl tutmur, sən bizə Finlandiyadan danışırsan!… Bədbəxtdi də! Elə gün yoxdu ki, bu “belə” dediyimnən dalaşmıyaq, çırpışmıyaq. Əclafdı! Materialbazdır , ev yıxandı! Sənin bir dırnağını da dəyişmərəm buna. Günsən, Aysan sən! Gündüzlər gün kimi işıq saçardın üstümüzə, gecələr Ay kimi nur çiliyərdin! Özün bilirsən, oxuyan deyildim mən. Gözümün altını, üstünü yırtdım, o ikilikdə bircə elə ona görə oxudum ki, sən harda işləsən, mən də sənin yanındaca işləyim, qardaş” deyim, bacın olum, ömrümün axırınacan qulluğunda durum!… Ayağıyın kirini içərəm sənin! Xörək yediyin qabın dibini yalıyaram! Özün də bilirsən bunu, bəs niyə uzaq gəzirsən məndən, niyə qapımdan qaçırsan, qurbanın olum?! Niyə bu qədər qəlbiqaralıq eləyirsən, a canım-ciyərim, bu “dədə” dediyim, yəni o qədərmi köpəkoğludu ki, adam öldürsün?! Bu deyil qatil! Bu deyil!… Sözünü çatdırdımı sənə, bilmirəm… Eşitmişəm, heç özün də inanmırsan bunun Mədəd əmiyə əl qaldırmağına!… O günü… O müsibət günü olanları bax bu gözlərimnən görmüşəm. Hə, bə nə! Elə ona görə danlayıram bunu ki, çox danışma, söz de! Hə… Hamıdan qabaq mən eşitdim ki, siqnal səsi gəlir, uşaqlar da Sudüşəndə çığırışırlar, “maşın döndü, – maşın döndü” deyirlər.– Cəmaat bizim həyətdən, o yığnaqdan tərpənəndə də hamıdan qabaq mən tərpəndim,getdim gördüm qızıl-ala qanın içindədi yazıq Mədəd əmi. Bax bunu da mən tapdım ordan…– Gülbəniz əlini irəli uzatdı. Ovcunda at nalı vardı. Çax-çuxun çəki daşı əvəzinə işlətdiyi həmincə qurğuşunlu nal! “Avariya” günü bu baxmanın qabağında, bu palıd kötüyünün üstündən yoxa çıxan həmincə nal!– Eşidirsənmi, a qurbanın olum? Deyirəm bu nalı mən tapmışam ordan. Maşının yanından… Vuran bunnan vurmuşdu, qanlı-qanlı tullamışdı ora ki,əşyayi dəlil olsun, dədəmdən görsünlər avariyadı. Ağlıya-ağlıya əlimdə tutub, heç baxmırdım da buna. Milis töküləndə də elə əlimdəydi. Bir də gördüm o Zor nəçənnik deyilən, Xaş deyilən Gülənovdu, kağız kimi bir şeyi tutub durub qabağımda, ayağını auağıma vurur, böyrümü dümsükləyir ki, “Sənnənəm, ay qız! Əlindəkini bura qoy…” Dərd başdan aşanda adamın ağlı da itərmiş. Gözüm baxa-baxa, bilə-bilə ki, bizim naldı bu nal, verdim ona, bükdü götürdü. Sonradan-sonraya başa düşdüm ki, dədəmin evini yıxmışam! “Qəsd işi, qəsd işi!”– deyirdilər. “Nal Xalığındı”, “Qurğuşunlu naldı”– deyirdilər. “Nalnan vuran Xalıq özüdüsə, Xalıq niyə bura tullayıb nalı?!” – deyirdilər… Yaranı təzələyirəm, bağışla məni, canım-ciyərim! Məcburam, neyniyim!… Yeddi il idi bu nal Gülənovun evindəydi… İşin arasına qoymamışdı. Özün bilirsən ki, “zaklyuçeniye”sini ayrı cür yazmışdı. Bunu da aparıb evindəki stolunun siyirməsində saxlayırdı. Yeddi il idi bu nalnan bir yerdə biz hamımız ailəliknən o siyirmədəydik. Guya qohumumuzdu o Gülənov deyilən. Üzünü mürdəşir yusun! Yeddi il idi hər il soğan qabığı kimi soyurdu bizi. Bu “dədə” dediyimin özünün qazancının anamın əlinə gələni yığırdıq dəmiryol məktəbində sinif vermişdilər mənə. Əmbə bilmirdim maaş nə olan şeydi. Maaşımı da qoyurdum o pulun üstə, aparırdım verirdim Gülənovun arvadı Leyla xanıma, ayağına düşürdüm ki, nalı qaytarsın, qaytarmırdı!… Belə dümdüz dayandığına baxma bu “dədə” dediyimin, içərisi yoxdu. Yeyib qurtarıb bağır-övkəsini, yaradı içərisi! Çünki canı Gülənovun siyirməsindəydi, var-dövləti də Leyla xanımın barmaqlarında, biləklərində, boynunda!… İndi sənə verəcəm bu nalı? Niyə? Qulaq as.

Bu yaz, mayın əvvəlində, bədbəxt gülgəzin başına o iş gələn dünüb axşamısı hamımız oturmuşduq burda, anamın həyətində. Bu “dədə” dediyim araq qoymuşdu kötüyün üstə, təkbaşına içirdi, çırtıq çalırdı. “Sultanınkı da buryacanmış”, – deyirdi. “Axırı çatdı, dövranı qurtardı”,– deyirdi. Qalxdım arağını divara çırpdım. Dedim: “Allahın olsun, vicdanın olsun! Sultan Əmirliynən düşmənsən, biz də bilirik düşmənsən. Bəs cavanlara yazığın gəlmirmi?!” Dedi: “Sultan Əmirlinin özünün öz bircə balasına yazığı gəlmirsə, qardaşını ğz əlinnən əzrayıla verib, ən yaxın dostu Xalxalini– Pişəvərini əzrayıla verib, ən istəkli alimi Nəcəfoğlunu əzrayıla verib, indi də qardaşı oğlunu Bircə– balasını da öldürürsə, mənim niyə yazığın gəlməlidi!”

Onda bir şey qanmadım bunun sözlərindən.

Hardan biləydim ki, sənin əmin mənim bu “dədə” dediyimdən də əclafıymış! Hönkür-hönkür ağladığın yerdə, bir də gördün yenə Gülənovdu, maşınından düşüb dayanıb qabağımda, bu nal da əlində, elə o vaxtkı kimi, yenə ayağını ayağına vurur, böyrümü dümsükləyir ki, “Sənnənəm, ay qız! Hazırlaş, Bakıya gedəcəksən. Bu nalı aparıb Səmədə verəcəksən, atasının ölümü barədə həqiqəti deyəcəksən”.

O vaxtkı kimi, nal əlimdə, qurudum qaldım.

Anam süfrə açdı kötüyün üstə. Bu əclaf öpüşdü Gülənovnan. Demə, mirqəzəb elə onda yerində deyilmiş, dostları da Gülənova xəbər veribmişlər ki, Mirqəzəbnən Persin işləri xarabdı, Sultan Əmirlinin bəxt ulduzu doğur, Gülənovlar, Qudalılar, yığışın, başınıza çərə qılın. Bunlar da yığışıb “Şüşəli” də, sonra da ağsaqqallarının dağılmışında qurğu qurudmuşlar, Sultan Əmirlini ləkələmək xatirinə mənim yazıq bacılığımnan sənin məhəbbətinə sui-qəsd düzəldibmişlər. Gülənov “qardaş qatili”ndən danışırdı, mənim bu “dədə” dediyim də ağzından öpürdü onun. Dəli oldum, Səməd! Kötüyün üstə nə varıydı, başlarına çırpdım!… Əsl dəli mənəm o dündən. Kəndə gələndə gözüm dirənir Xəlvət Rəhimin darvazasına. Elə ki, görürəm yığışdılar, heç olmasa qazanlarını aşırmasam, rahat olunur ürəyim.

Eşit, bax, gözünün içinə deyirəm bunun: dədəm yoxdu mənim!

Anamı atdı getdi professor Məhərrəmovun baldızıynan evləndi, bağışladım. O taya getdi gəldi, “Şüyx Ağ Əmir, Şeyx Boz Əmir” yazdı, mənim can-ciyərimin atasını çək-çevirə saldı, onu da bağışladım. Çünki Sultan Əmirliyə düşmənçiliknən əlaqədarıydı bunun hamısı. Professornan qohum olmağı da düşmənçiliknən bağlıdı, yazı-pozusu da.

Üzünə deyirəm evi yandırtdıran da budu!

Bir tərəfdən “Mirqəzəbə qalib gələn Kişini” ağızdolusu tərifləyir, obiri tərəfdən düşmənçiliyini eləyir, dəridən çıxır ki, “qalib gələn Kişi”nin özünə qalib gəlsin. Istədiyini eliyəcək bu. Indiyəcən heç kəs qabağına durammayıb, indən belə də durammiyacaq. Özü pışıldayıb mənə ki, Məhərrəmovun bacanağına fələk də toxunanmaz… Bircə şeyi, bircə əclaflığı bağışlamıram mən, o da Gülgəznən səni də bu düşmənçiliyə qurban eləməkləridi. Ömürlük bağlıdı mənim qapım bunun üzünə! Nə Gülbəniz adında qızı var bu əclafın,, nə də Məsim adında kürəkəni! Anama da demişəm, ya bunun ayağını kəssin bu qapıdan, ya da çıxın getsin Bakıya, zir-zibilini satsın bunun orda. Yanğında, sən quyunun qırağında oturanda axırıncı sözüm belə olub buna.

Atam da sənsən, anam da, Səməd! Gülgəzinə qovuşduracam səni, qurbanın olum! Eşidirsənmi nə deyirəm? Qovuşduracam!… Dörd aydı Qaraçı gözəliyin məktubunugəzdirirəm qoynumda. Bu nalnan bir yerdə məktubu da aparmalıydım Bakıya. Ürəyim gəlmədi, qorxdum dərsinə-dövrünə mane olar bəd xəbərlər. Keçən həftə bu əclaf Bakıya gedəndə tapşırdım ki, əgər Səməd eşitməyibsə, sən də açma. Dedim: “Özün də bilirsən, mən də bilirəm ki, mirqəzəb gedib– arxanız uçub, umudunuzu bu at nalına bağlayıbsınız. Səmədə söz açsan, didərgin düşər. Ya elə Bakıda qalar, ya da çıxar gedər Moskvaya, Leninqrada-zada. Sən elə elə ki, vaqondan düşəndə birbaş bizə gəlsin”,-dedim. Çox çalışıb bu əclaf, mümkün olmayıb.

Allah məni öldürsün, müsibət çəkibsən bu iki gündə. Hamısı ondandı ki, həqiqətdən xəbərin yoxdu, canım-ciyərim, o “əmi” dediyin əclafı tanımırsan. Axı, Mədəd əmini doğrudan da “öz əliynən əzrayıla verib! Doğrudan da: “Sui-qəsd yoxdu”,– deyib, vəzifədə qalmağın xətrinəcə qanını batırıb qardaşının! Üstəlik də belə bədbəxtlik: Gülgəz!… Dörd aydı nə gecəm var, nə gündüzüm, elə bu barədə fikirləşirəm.

Qulaq as, gör necə olub.

O teleqram Mirqəzəbin üstünə vurulubmuş. Bir üzü də “əmi” dediyin əclafın özünə gəlibmiş. Mirqəzəb əvvəlcə Xudiyevə zəng eləyib, qışqırıb ki, “Teleqrammu nemedlenno otminite u neqo!”73 Sonra “əmi” dediyinə zəng eləyib, qışqırıb ki, “Teleqrammu ne oqlaşat i sroçno vernut liçno mne!” Sonra da Persnən öz şəxsi mühafizəçisini mindirib hərbi təyyarəyə. Heç yarım saat da keçməyib, Pers tezcə alıb Sultan Əmirlinin başının üstünü. Lüt Cəfərnən Qurbanlının sədri İsgəndər kişi, bir də Tahirlinin sədri Cəbrayıl kişi ordaymışlar. Üçü də oxuyubmuş teleqramı. Pers hamısının dilindən iltizam alıb ki, Sultan Əmirlinin kabinetində oxuduqları sənədin, gördükləri adamların, eşitdikləri sözlərin haqqında heç vaxt heç kəsə heç nə deməyəcəklər. Qol çəkdirib, kağızı qoyub cibinə, naqanını çıxarıb deyib: “Ya teleqramı ver, ya da həyatından keç”. “Əmi” dediyin deyib: “Məndə deyil. Konvertə qoydum qardaşıma göndərdim”. Aydındımı, ay Səməd?!

Hey fikirləşirəm ki, teleqramı ordaca qaytarsaydı, bədbəxtlik olardımı?! Özü ölməliykən qardaşını öldürtdürüb. Budu bax həqiqət!

Bu dədə dediyim əclaf indi gizlətmir heç nəyi. Deyir: “Persi həyətdə, yığnağın içində, başında motolpapaq, əynində kürk görəndəcə bildim ki, nəsə olacaq”. Özünü görməzliyə vurub bu. Güya nə görüb, nə də tanıyıb. Başını sallayıb kişmişini satıb. Persin yanında bir yekəsi də varmış, bu deyir, deyəsən, mühafizəçisiymiş. Camaata qarışıb kişmiş alıb o “yekə”. Sonra xəlvətə salıb nalı götürüb, maşın gələndə atılıb minib, işini görüb, əmbə teleqramı tapmayıb Mədəd əminin üstündə. Qardaşını bada verəndən sonra qardaşının tabutunun yanında qəhrəman kimi oxuyub o əmi dediyin əclaf! “Prekratite”-filan!

Eşidirsənmi qurbanın olum, başa düşürsənmi kimdi əmi dediyin, nəyin hesabına oturub stolda?!

O bədbəxt Qaraçı gözəlin çox şey yazıb məktubunda. Oxuyacaqsan, görəcəksən ki, namussuzlıuğu da əmiyin özündən düşüb. Yəni o qədərmi içibmiş ki, ayıb olmasın, görməyib altındakı kimdir?! Bu dədə dediyimin əl-üzünü yumuram mən. Əmbə istəyirəm biləsən ki,yeddi ildə qatil kimi tanıdığın adam qatil deyil! Qarasına uçduğun, canını qurban dediyin adamdı qatil, a qurbanın olum!… eşidirsənmi? Xalıq Məmmədəli oğlu Qudalı deyil sənin düşmənin! Xalıq Qudalınında, sənində, Gülgəzində mənimdə bir düşmənimiz var, o da “qardaş qatili”di! Eşitdinmi?! Lap hündürdən deyirəm. Özü də eşitsin: özüdü qatil! “Qardaş qatili!…” Döşünə qızıl ulduz, ayıb olmasın, altında dünya gözəli, kefə baxır! Tfu! Tfu!… Əlini üzündən çək qurbanın olum, ağlama! Eşitdinmi dediyimi?!

Yox, Səməd eşitmirdi. “Şirin-şıtıq gözəl”ikən vulqar qadına və vulqar qadın ikən belə çoxbilmiş zənənə çevrilən zənənin əlində nala baxırdı və “qardaş qatili” kəlmələrindən başqa,, daha heç nə eşitmirdi. Kirpiklərindən yaş əvəzinə elə bil su axırdı.

Çoxbilmiş zənən “Qurbanın olum”, “Canım-ciyərim”,– deyə-deyə əşyayı-dəlil nalı Səmədin kəmərinin altına soxub, hönkürüb kənara çəkildi.

* * *

Sonra yenə Çax-çuxun çənəsi işləməyə, sinədəki sirləri açıb tökməyə başladı:

–Qardaşını necə güdaza verdiyini bildiyim kimi, o böyük adamları necə güdaza verdiyini də yerli-yataqlı, dəlil-sübutnan biləcəksən, qadası-deyirdi.

Əmma Səməd hələ də dinləyəsi halda deyildi.

“Şirin-şıtıq gözəl” ikən vuqar qadına, vuqar qadın ikən dədəsindən də ötə, müəmmalı, çoxbilmiş zənnən əşyayi-dəlil nalı qoftasının altından çıxarıb irəli uzadanda, bu nal bir parça buza dönüb Səmədin əmgəyinə yapışmışdı. Bu nal ortalıqda ola-ola, Gülənovun ardınca əmisinin də “qəsd işi yoxdu” dediyini xatırlayar xatırlamaz Səməd əmgəyində əməlli-başlı buz soyuqluğu hiss edirdi. Tək bir dəfə, tələbə vaxtı, Yusif kimi gözəl Yusifin dodaqlarının kənarında fır, burnunun üstündə qoz əmələ gəldiyini görüb, dostunun: “Qozdu Yusifəm, idbar Yusifəm indi”,– dediyini eşidəndə belə bir şey hiss eləmişdi: əmgəyi birdən-birə buzlaşmışdı. Sarsıntıdanmı? Böyük itki qoxusundanmı? Nədənsə, Yusif kimi gözəl Yusifin doğurdan da idbar Yusifə çevrildiyini görəndə necə olmuşdusa, nalı Gülbənizin əlində görüb, əmisinin: “Qəsd işi yoxdu”,– dediyini xatırlayanda da eləcə oldu: buzun altında beyin gizildəyib, sıxılıb bərkidi, qulaqlarının dalından, peysərindən kürəyinə, çiyinlərinə, qollarına və bütün bədəninə soyuq çimildəşmə yayıldı. Gülbəniz göz yaşı tökə-tökə:”Canım-ciyərim”, deyə-deyə nalı onun kəmərinin altına keçirəndə isə, bu nal sehrli güzgüyə çevrilib Səmədə bir tabut göstərdi.

Hamanca tabutdu: qapağının hər küncündə bir mismar işıldayırdı…

Yeddi ilə səkkiz ay bundan əvvəlmismarları Səməd necə aydın görmüşdüsə, indi də eləcə– bütün aydınlığı ilə görürdü və anbaan daha da bərkiyib daşlaşan beynində o dörd mismardan başqa heç nə olmasa da anlayırdı ki, qırx altıncı ilin dekabrının iyirmi üçündə gödüyü tabutu bu gün– əlli dördüncü ilin avqustun iyirmi beşində eynilə görməyi boş-boşuna deyildi: “avariya” təkrar olunmuşdu!

Məhz təkrar olunmuşdu.

Əmma o avariya ilə avariyanın fərqləri də vardı.

Əsas fərq bunda idi ki, tabutdakı meyit indi tək atasının meyiti deyildi. Atası ilə yanaşı meyitin boz kiteli, düz balaq şalvarı, qara xrom çəkmələri vardı. Pırpız qaşları, açıq qalmış boz-ala gözləri, iri burnu, qalın, sərt dodaqları vardı. O meyit Səmədin yeddi il səkkiz ay və iki gün ərzində bütün günahlarını bağışlaya-bağışlaya, öz ürəyi, öz vicdanı kimi qoruduğu Sultan Əmirli adında möhtəşəm dünyasının meyiti idi; tabutun örtülü qapağının altında, Səməd atasının ancaq partlayıb dağılmış qanlı gicgahını, əmisinin isə, yuxusuz gecələrdə çallaşmış qaşlarının birər-birər tüklərini də görürdü ki, hətta qaşlarının tükləri də dilə gəlib min bir fikir söyləyən bu “uca şəxsiyyəti”, bu “gözəl insanı”, bu “ata hənirli ata əvəzini” heç kəs əvəz edə bilməyəcək.

O “avariya” ilə bu “avariya”nın əsas fərqi bunda idi.

Fərq bir də bunda idi ki, bu dəfə nə teleqram vardı, nə Stalin adı, nə də Stalin adından ikicə kəlmə “Prekratite bezobraziye” deməklə bütün “bezobraziye”lərə son qoyub, hətta ölümün dəhşətini də yuxuya çevirə bilən bir adam vardı. “Prekratite bezobraziye” əvəzinə o adam: “Qəsd işi yoxdu”,– deyib qardaşına da, qardaşı oğluna da, özünə də xəyanət eləmişdi və elə xəyanətinə görə gözdən düşüb xırdalaşıb, rəzilləşib, nəhayət ölmüşdü. Elə ləyaqətsiz, elə şərəfsiz ölmüşdü ki, dəfnə, yasa gələn də yoxdu. Tək bir nəfər– Çax-çux Xalıq tabutdakı “uca şəxsiyyəti”in ölüsünü də Səməddən almağa gəlmişdi:

–Əsl Bezobraziye öz əmin ola-ola, hansı Bezobraziyedən danışırsan?!– deyirdi.

–Mirqəzəbin yekəsi öz əmin ola-ola, hansı Mirqəzəbdən danışırsan?!– deyirdi. Fərq, nəhayət, bir də bunda idi ki, beyni nə qədər daşlaşsa da, bu dəfə Səməd boğulmurdu. Gözlərinə qaranlıq çökmürdü. Dünya zülmətə batmırdı. Tabutla, qapağın hər küncündə bir mismsrla birgə Səməd, qarşısında bir cüt fənərini parıldada-parıldad aramsız ötən Çax-çuxla Gülbənizi görürdü.

Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, “Müəllim”in, Nəcəfoğlunun, Xalxalinin adları ilə yanaşı, Səməd Mirqəzəbin Pers adlandırdığı “rabotnik”in həqiqi adını da eşidərdi və bilərdi ki, qırx bir-qırx beşinci illərdə Pers– general Atakişiyev də həmin “əldən-ayaqdan uzaq, etibarlı yerə”– “Şeyx Xorasan” məqbərəsinə gedirmiş, yol kənarında nəzarətçilər qoyub, məqbərəyə girib, arxivdə və kitabxanada nə isə məxvi iş görürmüş, Nəcəfoğlunun, Xalxalinin, ya daonların işçilədindən kiminsə gəlişindən xəbər tutanda isə, məqbərədə hər şeyi əvvəlki qaydaya salıb, çıxıb tezcə uzaqlaşırmış.

Arxivlə kitabxananın o məqbərəyə göndərildiyiniPers hardan, necə öyrənmişdi? Çax-çux bu barədə bir söz deməsə də, belə çıxırdı ki, hələ “Müəllim”in axtarış xəbəri apardığı gecədən, Mirqəzəb özü də, Perslə birlikdə, şeyi bilirmiş, “siyasi mövqeyi yanlış, millətçi” sayılan Nəcəfoğlunun ətrafına toplaşmış alimlərin və çekistlərin tərkibi ilə Sultan Əmirlinin evinə gedib “dövlət sirrini açdığına görə” “Müəllim”ə töhmət veribmişlər, özünü də fəlsəfə institutunda Nəcəfoğlunun aspirantı və katibi düzəldibmişlər ki, “o millətçinin” o taya– Xalxalinin qəzetinə göndərdiyi məqalələri əvvəlcədən oxuyub təhlükəli fikirləri qeydə alsın və Persə tez-tez məlumat yazıb günahını yusun.

Çax-çuxun fikrincə, bacanağı “Müəllim”– Məhərrəm Abbasoviç elə o danosçik” alim olduğu vaxtlarda da haqqı nahaqqa verməzmiş, vətəninin, xalğının o tayda milli istiqlaliyət yolunda çalışan oğullarını qorumaq üçün canından keçməyə hazırmış. Əmma, eyni zamanda, elə indiki kimi ayıq və tədbirli imiş; bir tərəfdən “kəfəni boğazına dolayıb”, Mirqəzəblə Persin növbəti “dövlət sirrini” də dostlarına açıb, “Mənim əlimnən Nəcəfoğlununbaşını yeyəcəklər”,-deyibmiş, o biri tərəfdən, dostlarına xidmətini davam etdirmək üçün, Nəcəfoğlunun o taya göndərdiyi “Prometey odu” adlı məqaləsində “millətçilik” barədə məlumat yazıb Perslə yaxınlaşıbmış, sonra Xalxalinin o taydan fəlsəfə institutuna “Pişəvəri” imzası ilə göndərdiyi bir əlyazmasında Prometeyi “EvƏrOd74 bağday” adlandıra-adlandıra “əfsanəni Bağday həqiqəti” kimi qələmə verib75, “milli lovğalığa yuvarlandığını” şəxsən Mirqəzəbə yazıb, beləliklə Mirqəzəbin özünün də etibarını qazanıbmış və elə bu etibara görə “Müəllim”, nəhayət, general Atakişiyevlə– Perslə birlikdə məqbərəyə gəlib, ordakı “məxfi işi”öyrənməyə nail olmuş.

O nə iş imiş?

Elə bir iş imiş ki, indi Mirqəzəblə Persin məhkəmədə mütəhhim kürsüsündə oturduqları bir vaxtda da o barədə açıq danışmağa icazə verilmir, iki gün bundan əvvəl bacanağın rayona yola salanda Məhərrəm Abbasoviç köksünü ötürüb: “Heyif danışmaq olmaz, Dövlət sirridi”,– deyib. Odur ki, məhkəmədən beş yüz kilometr uzaqda Çax-çux da Mirqəzəblə Persin əsas cinayəti sayılan o “məxfi iş” barədə açıq söz deməyə lazım bilmir. Əmma Səməd sözdən söz çəkməyi bacaran oğlandır, diqqətlə qulaq assa, özü başa düşər ki, qırx bir-qırx ikinci illər arasında o məqbərədə görülən işnə iş imiş. Səmədə kömək üçün Çax-çux ancaq bunu deyə bilər ki. İyirmi ikinci ilə İranın siyasi polisi kommunistləri hər yerdə həbsə alıb Qəsri-Qacara göndərəndə, Pişəvərinin təklifi ilə patriyanın arxivindəki əsas sənədləri, o cümlədən Ənzəlidə, Mazandaranda, Təbrizdə, Xorasanda, Rəştdə, Gilanda və Tehranda “podpolya”ların sənədlərini də AğƏmirlə Boz Əmirə etibar edibmişlər. Ağ Əmirlə Boz Əmir də kağızlarə vaxtı ilə özlərinin mənsub olduqları “İttihadi-İslam” firqəsinin kağızlarına qatışdırıb, sandıqları doldurub, “şəxsi arxiv” adı ilə bu taya göndəribmişlər. Otuzuncu ilə şəxsən Stalindən məxfi “depeş” alıb İranda “təhlükəliləri həbs etmək” haqqında siyasi polisə göstəriş verəndə polis ikinci dəfə kütləvi həbslərə başlayanda isə, yenə də Pişəvərinin təklifi ilə partiyanın Təbrizdəki gizli kitabxanasından ən vacib kitabları seçib, “İttihadi-İslam”ın kitablarına qatışdırıb şeyxlərin “vərəsəlik şəhadətnaməsi” ilə birlikdə “Vərəsə kitabxana”76 adı ilə bu taya göndəribmişlər. Perslə məqbərəyə gedəndə Məhərrəm Abbasoviç dərhal görüb ki, arxivlə kitabxana əslində Demokrat Firqəsi zəmnində yaradılmış Kommunist partiyasına məxsusdur.; Partiyanın hələ Demokrat adından əvvəl “Hümmət” adı ilə tanındığı vaxtdan rəhbəri olan “Doktor”un-Nərimanovun 1904-cü ildə öz dəst-xətti ilə yazdığı “Məramnamə”dən başlamış , sonuncu rəhbəri Pişəvərinin “Qızıl sətirlər” adlanan məqalələr məcmuəsi də, şəhərlərdə və vilayətlərdəözəklərin şifrəli ünvanları da, həmin özəklərdə işləyən “Hümmət”çi “kommunist”lərin– gizlin Bağday tarixi öyrənən fədailərin şifrəli siyahıları da ordadır. Sonrakı səfərlərində Pers özü ilə köməkçi “şifrovalşik”77 aparıb, sandıqda yeddi yüz əlli kitabın hamısını bircə-bircə, səhifə-səhifə zərrəbinlə yoxlamaya başlayandaisə Məhərrəm Abbasoviç başa düşüb ki, məqbərə həm də təlimat mərkəzidir, otuzuncu ildən qırx birinci ilə qədər, on bir il “Qəsri Qacaq zindanında və sürgündə qalıb buraxılandan sonra Pişəvəri “qayət məxfi” təlimat və tapşırıqların “etibarlı yerdə” kitabların səhifələrinə yazırmış, “podpol”yalar da hər şeyi ordan aparırmış. Səməd elə bundan nəticə çıxara bilər ki, Pers orda nə iş görürmüş. Demokrat partiyası bütün gizlin özək ünvanları ilə birlikdə, Mirqəzəbin ovcunda imiş.

Bu iş elə məxfi aparılırmış ki, “Müəllim”i məübərəyə apardıqca Pers onu hər dəfə ölümlə hədələyirmiş; “Xatırladıram, bu sirri cəmi üç nəfər bilir. Birinci elə birincidi.78 İkinci mənəm. Üçüncü sənsən. Dördüncü də var, onun adını çəkənin dili kəsilər!79 Sirr açılsa, bu məqbərəyə ayağı dəyən adamlardan biri də sağ qalmayacaq”,-deyirmiş. “Müəllim” isə yenə “kəfəni boğazına dolayıb”, Persin hədələrini dostlarına çatdırıb, dönə-dönə “Ehtiyatlı olun”,-deyirmiş. Belə çıxırdı ki, hələ sədr Mədədə sui-qəsddən, Pişəvərinin “avariya”ya düşməyindən, Nəcəfoğlunun venasını kəsməyindən xeyli əvvələr də təhlükə gözlənirmiş. Bu cür qırğın təhlükəsinə baxmayaraq, Sultan Əmirli məhz o “məxfi işi” açmaq niyətilə Ali Baş Komandan Stalinə məktubu məktub üstündən yazıb”Müəllim”ə oxuyurmuş. “Müəllim” qəti etiraz eləyib “Bəlalarımızın hamısı “Bığlı”dan80 gəlmirmi?! Mirqəzəbnən kəşfiyyatçılarını tutdursan, Bığlı sənin özündən necə istifadə eliyər, bilmirsənmi?!”-deyirmiş və Mirqəzəbin indi “za slujeniye kapitalu”81 ittihamı ilə güllələnmiş “şefinin”-Beriyanın82 adını çəkməsə də, eyham vururmuş ki, “Böyük arxası olmasa, Mirqəzəb belə iş görməz”. Məhz “Müəllim”in qəti etirazlarına görə, qırx iki, qırx üç, qırx dördüncü illərdə yazılanməktubların heç biri göndərilməyib. Əmma “məxfi iş” barədə Ali Baş Komandan Stalinə Bağday tarixinin bütün planet üçün xeyirli olması barədə elmi məlumat çatdırıb, Stalinə təsir etmək fikri dostların hamısının fikri imiş. Həm də müharibədən sonraya saxlamağı məqsədəuyğun saymırmışlar. Odur ki, qələbə ərəfəsində-qırx beşinci ilin yazında dostlar məqbərəyə yığışıb qərara gəliblər ki, o iş haqqında Sultantək bir, geniş, hərtərəfli məktub hazırlasın, “Müəllim”in vasitəsilə Bakıya– Nəcəfoğluna göndərsin. Nəcəfoğlu fəlsəfə institutunda Cənub mətbuatına material aparan çekist dostlarının vasitəsilə Pişəvəriyə göndərsin, Pişəvəri isə məktubu “Azadlıq cəbhəsi”nin83 konvertinə qoyub, Tehrandan Moskvaya “ikinci cəbhənin”84 poçtunu daşıyan təyyarə ilə göndərilməyinə nail olsun, həm “konspirasiya”85 gözlənilsin, həm də Ali Baş Komandan Cənubi Azərbaucanda “Azadlıq hərəkatı”nın ən güclü təşkilanlarından birinin– “Mətbuatın azadlıq cəbhəsi”nin konverti ilə maraqlanıb, raykom katibi Sultan Əmirlinin məktubunu şəxsən oxusun, Bağdayı bərpa etməyin və qədim dünya OdƏrlərinin bütün planet miqyasında birləşdirməyən bütün ölkələr üçün necə xeyirli bir iş olduğunu anlaya bilsə, “Azadlıq hərəkatı”na münasibətini dəyişdirsin.

Necə qərara gəliblərsə, elə də eləyiblər və Sultan Əmirlinin yandırmağa məcbur olduğu əvvəlki məktublarının əksinə, qırx beşinci ilin yazında hazırladığı axırıncı məktub– geniş tarixi məlumat, ünvana gedib və məlumdur ki. Qırx altıncı ilin dekabrının iyirmi üçündə haman teleqram gəlib. Əmma “Prekratite bezobraziye” sözlərinin kəskinliyinə və bu sözlərin altındakı imzanın qüdrətinə baxmayaraq, Mirqəzəb heç də qamaşmayıb və “Müəllim”i hədələyəndə general Pers necə deyibmişsə, təxminən elə də olub: “məqbərəyə ayağı dəyənlərdən” hərəsi bir yolla dünyadan gedib, “Yarımallah Kişiyə” çevrilən “qardaş qatilə” salamat qalıb, bir də Məhərrəm Abbasoviç. Çünki “Yarımallah kişi” Sultan, “Bığlı”nın şəxsi müxbirinə çevrilibmiş!

–Bildinmi, ay yazıq “Bircə bala”sı?!

Çax-çuxu dikqətlə dinləsəydi, Səməd bilərdi ki, hələ “Ehtiyatlı olun, ehtiyatlı olun” dediyi vaxtlar “Pünhan”– “Müəllim”– Məhərrəm Abbasoviç Sultan Əmirlinin məktubundan nələr törəyəcəyini, yəni Bığlının qan tökəcəyini qabaqcadan görürmüş və Sultan Əmirlinin özü ilə sədr Mədədə də, Nəcəfoğlu ilə Pişəvəriyə də dönə-dönə xəbərdarlıq eləyib, “Mirqəzəbnən Pers yox, siz cəzalanacaqsınız. Siz cəzalanacaqsınız!”-deyirmiş. Odur ki,”konspirasiya”nı təşkil eleyib, məktubun ünvana yetişəcəyini başa düşən kimi, məktubun ardınca özü də Moskvaya gedib, Mirqəzəblə Persdən gizlin, Rudenkodan əvvəlki SSRİ prokurorunun-tələbə yoldaşının qəbulunda olub. Culfa yolu üstündə, qədim məqbərədə “məxfi işi” bütün təfsilatı ilə danışıbmış və elə orda da– prokurorun kfbinetində oturub, hər şeyi rəsmi yazıb, imzalayıb veribmiş. O vaxtdan– qırx beşinci ilin yazından qırx altıncı ilin dekabrına qədər Məhərrəm Abbassoviç “fövqəl”adə siyasi iş” üçün SSRİ prokurorluğunun sərəncamında olan kadr kimi, “operativniklər” tərəfindən qorunurmuş və o iş üçün ayrılmış “xüsusi qrup”un köməkçiləri ilə birlikdə gah Cənubi Azərbaycanın müxtəlif şəhərlərinə– Ərdəbilə, Ənzəliyə, Təbrizə, Xorasana, gah da Rəştə, Gilana və Tehrana gedirmiş. Əgər Çax-çuxu diqqətlə dinləsəydi, Səməd bilərdi ki,qırx altıncı ilin dekabrında teleqram gələndən sonra “xüsusi qrup” ləğv olunub, “kapitala xidmətinə görə güllələnən şefin hökmüynən Cənub məsələsi bağlanıb arxivə atılıb”, bir də bu “yaxınlarda, Rudenko SSRİ prokuroru təyin ediləndə meydana çıxarıb. Əmma Məhərrəm Abbasoviç özünü həmişə o “ləğv olunan xüsusi qrup”un üzvü sayırmış, köhnə qrup üzvləri ilə, o cümlədən Rudenko ilə əlaqəsini kəsmirmiş, hətta Azərbaycan tarixinin Sovet dövrünə aid dissertasiya yazıb, tarix elmləri doktoru olub, partiya məktəbi ilə yanaşı, müxtəlif instutlarda mühazirə oxumağa başlayandan sonra da Məhərrəm Abbasoviç, həmin “xüsusi qrup”un işini davam etdirib, indi Dzerjinski klubunun səhnəsinə qalaq-qalaq yığılmış qovluqların arasındakı nömrəsiz qovluqda ilk rəsmi yazısını şərh edən əlavə sənədlər toplayırmış. Demə, Bığlının atası kimi tanınan məşhur keşiş “Cuqaşvili” Gürcüstan və Azərbaycan ərazisindəki Qrekləri himayə edən çoxvarlı Vatikan cəsusu imiş. “Müəllim” hələ cavanlıqda bu “informasiyanın” izinə düşüb və öyrənib ki. Svet dövründə bağlanmış sayılan Georgi kilsəsi əməlli-başlı işləyirmiş vəkeşiş özünü “Dağ qartalı” adlandıran Stalinin başçılığı ilə, Qafqazda zəncirlənmiş, yəni Qreklərlə əhatə olunmuş Prometeyin qanını içmək üçün “qartallardan”– Qreklərdən ibarət “internasionalnıy otryad” düzəldibmiş və “qartallarına, o cümlədən Mirqəzəbdə də hər il “Cuqaşvili paketi”– qızıl göndərirmiç. Çax-çuxun sözündən belə çıxırdı ki, bu cür cinayətlərin açılmasında onun – Xalıq Qudalının özünün də əməyi az deyil; aşkarda Mirqəzəbin “rabotniki” kimi tanınsa da, əslində Xalıq öz əziz bacanağının, nadir qabiliyyətli böyük çekist,, alim və ictimai xadim Məhərrəmovun “rabotnik”i olub; aşkarda general Persin podpolkovnik Xudiyevin buyruqlarına getsə də, əslində, Məhərrəm Abbasobiçin tapşırıqları ilə işləyib və indi, nəhayət, açıb deyə bilər ki, təkcə Təbrizə yox, Ərdəbilə, Ənzəliyə, Xorasana da gedib, Milli hökumət qurulanda isə, məhz Məhərrəm Abbasoviçin tapşırığı ilə Mazandarana, Rəştə, Gilana və Tehrana da gedib, hər yerdə Demokratlarla görüşə-görüşə Mirqəzəblə Persin “məxfi işi” barədə xəbərdarlıq eləyib: “Bütün ünvanlar, bütün siyahı əllərindədi. Hazır olun, sizi qıracaqlar”.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
  • 5 Оценок: 1

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации