Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 3

Текст книги "İdeal"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +

İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha, yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstündə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.

Məni necə ayaqladı, bilirsən? Büro iclası çağırdı. Getdim gördüm yeddi nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-cimnən soruşum Gülənovdan ki, məni niyə çağırtdırıb bu “həqiqətən sultan olan Sultan”? Gördüm dirigözlü ölüb o gördüyün heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım, o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan “fəhlə sinfinin nümayəndəsi”ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət “sultan olan Sultanımız” ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı. Gözlər qan çanağı. Başladı ki, “RİK sədriynən, milis rəisiynən əlbir olub rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb aparırsan bədbəxt əhaliyə iki qat artıq qiymətə sırıyırsan! İş o yerə çatıb ki, partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakına rəy soruşuram, qulaq as”. Rəyi isə, bilirsən ki, “fəhlə sinfinin nümayəndəsi” deyir həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə “fatihə” oxudu mənə: “Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!” Qılınc Qurban malı yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: “Əmirli yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət sistemindən…”

Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma, əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi əlim, ayrı şey gəlmir əlimdən… Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki, orqandanam mən, “zasekreçenniyəm”!26 Lazım gələndə lazımi adamlara göstərirəm üzümü. Aydın oldumu?!

Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə? Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz rayonumuzdadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi. Bircə şey deyirəm hələlik: getmə o evə!

Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşı-yaman fikirləşirsən. Soruşma hardan bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gözünə. Qan düşməni… Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən, pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da getdi elə iş gəldi başına… Deyirlər, elə o vaxtdan başlanıbmış bu qırğın – terror. Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri xaricdən bizim İrəvana – Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamat qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Sən uşağıydın onda… Atan əmbə qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. İnan, sevinmədim… Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona. Doprosamı, tutmağımı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki hirsliydi yaman. Heç nədənsə güdaza getdi rəhmətlik. Heç nədənsə! Gülbənizi göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, “yatır. Qıymadım oyadım”. Açığı, çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da elə ona görə göndərdim ki, gedib gözünnən görəsən necə olub o bədbəxtlik, qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı. Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində. Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgüləyən kimi görürdüm gəldin… Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni… Sən Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən, şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? İndi söhbət eləmək olar sənnən, hə. Məni sən elə “Çax-çux” təki tanıyırdın. Savadım-zadım haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi, inşallah.

Çox şey deyəcəm mən sənə, qadası.

O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı dövr eləyir o yara bu sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün danışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən, kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq. Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?! Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq istəyəcəksən hökmən.

Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də çax-çuxum var orda bir az. Kişinin çax-çuxuru olanda köhnə arvad da xoş baxır üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.

Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq, inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Səhv eləmirəmsə, sən özün də meyilliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi. Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi, qaraçı gözəli. Bir dəfə istədim risk eləyim açım sənə ki, o Göbələk Məmiş deyilənə yazmaq, oxumaq öyrədiblər “mekbez”də – savad kursunda, donos yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis çıxır axı, – ata qızına elçilik eləyir. Danışmadım onda. Nə isə… bağışla, çox açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də deyirəm, Gülbəniznən danışandan sonra özün başa düşəcəksən ki, mənnən də danışmalısan hökmən. Təkrar eləyirəm, çox şey deyəcəm mən sənə, qadası. Sirnən doludu bu sinə. Əslində, bir də elə buna görə qaçırdım səndən. Çünki əminə aiddi sirrin çoxu, əmin də ki, elə yarımallahıydı. Nə qədər səndən qorxurdum, hesab elə ki, beş o qədər də ondan qorxurdum. Sənə sirr açsaydım, o saat gedəcəydin onun üstünə, çünki çox dəhşətli sirdi, qadası. Açsaydım, əmin yapışasıydı yaxamdan ki, de görüm, Səməd hardan bilir qəsd işidi?! Odu ki, qaçırdım, qadası. Hə!..

Mayda o iş olanda birinci elə mən bildim ki, başqasının istəklisini gətirib evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən görüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu gün. Yadında saxla: iyirmi üç avqust, min doqquz yüz əlli dördüncü il, axşam saat səkkiz. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux Xalıq sənə deyir: “Gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən! Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən!” Falçı sözü deyil bu. Əsasım var. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gördüyün əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində. Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə getməlisən. Gülbənizlə görüşməlisən hökmən. Sonra da deməli, məni görməlisən. Gözlüyəcəm ha…

Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük müsibətlər gözlədiyini xəbər verib, “gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən”, -deyirdisə, “falçı sözü deyil bu, əsasım var”, – deyirdisə və sən bu adamın, doğrudan da, nəyəsə əsaslandığını duyurdunsa, bundan necə xoflanmayasan?!

* * *

Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar – qatil yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, “sinəsi sirlə dolu”, çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birin də açmayıb, hər şeyi nədənsə sonrakı görüşə – Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, “Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb”, üstəlik, dörd ay bundan əvvəl– may ayında başına nə gəlibsə, necə sarsılıbsa. “Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam”, -deyib, “Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə”, – deyib, əmma uğuru xeyir olmayıb”, “Gülçöhrə əvəzinə kiminsə – “başqasının istəklisini” gətirib!..” Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu evlənmə xəbəri idi ki, “canavara dönüb” və “dünyadan kam alır” sözləri ilə birləşib onu tamam çaşdırmışdı.

Necə yəni “canavara dönüb”?!

Sultan əmi hara, belə bayağı sözlər hara?!

Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, “özünü fədai sayıb”, “oğul-uşaq istəməyib”, “həm gözəllikdə, həm də ağılda-kamalda tayı-bərabəri olmayan Qiymatı” da ailə səadətindən məhrum qoyandan sonra məhz fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, “inventar RKP” içində qalmağının böyük, ciddi səbəbi vardı?

Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında”birdən-birə” “dünyadan kam almaq” xəyalına düşüb?!

İnsanın “birdən-birə” bu dərəcədə metamorfozaya uğraması mümkündürmü? Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini ”Sultan Əmirli deyiləm mən daha” deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı “arşınmalçı” məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır? Belə çıxmırmı ki, Xudiyev rədd olub rayondan getsə də, Xudiyevin dəstəsindəkilərin “hərəsinə bir töhmət yapışdırılsa”da “bezobraziye” heç də fəaliyyətdən qalmayıb, vaxtilə Əmir məzarıstanından qəbirlərin başdaşılarının şəkilləri vasitəsilə ittihamnamə düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə – qadın-filanla, “başqasının istəklisi” ilə ittihamnamə düzəldib? Azmı olub belə şeylər? Hələ müharibədən əvvəl Qudalıların ağsaqqalı Rəhim, Cəfər əmi – Lüt Cəfəri partkomluqdan çıxartdırmağa çalışanda, Qudalılar Cəfəri möhkəm içirdib, otaqda tək qoyub, yanına qarmonçu Şənbə – gəzəyən Şənbə adında bir qız salmışdılar və taxtda Şənbə ilə yanaşı lüt-üryan yatan Cəfəri cəmaata göstərib “Baxın görün kimdi böyüyünüz”, – deyib kişini hörmətdən salmışdılar. Doğrudur, Cəfər əminin adının böyründəki “lüt” kəlməsi köhnə şeydi. Hələ iyirminci ildə, Bakıdan təzə gəldiyi vaxtlar “dünya inqilabı”ndan danışanda “proletariat” əvəzinə “lümbülümlüt proletariat” deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında – maaşını alan günü kəndin ortasında, yığnaqda deyib: “kim lap lümbülümlüt proletardırsa, əlini qaldırsın”. Maaşını əllərini qaldıranların arasında tən bölüb paylayıb. Deyiblər: “Özünə bir şey qalmadı axı?” Deyib: “Sanadım. Düz otuz nəfərsiniz. Arvadım yox, uşağım yox, hər gün birinizin evində qismət kəsəcəm, heç kəsə zor düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam”. Sonra gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu qaşıya-qaşıya: “Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız, daha hər gün birinizin qapısında oturmaram”, -deyib və elə o günü Aynadan söz alıblar ki: “Get, ay qız. Belə insan yoxdur dünyada…” Hələ o vaxtdan partiya özəyi katibi Cəfər Qaryağdıoğluna “Lüt Cəfər” deyirmişlər, “Aləmi bəzər, özü lüt gəzər” deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə əhvalatı “lüt” kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü. Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: “Cəfəri yox, Qudalılar partiya təşkilatını soyundurublar”, -deyərdi. “Cəfərin adı Lüt qalandan bəri elə bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm”, -deyərdi.

Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, “körpələrini sədr Mədədə tapşırıb” könüllü getdi, özünün dediyi kimi, “dörd qabırğasını qospitalda qoyub, dörd orden-medalnan qayıtdı”, əmma adı elə “Lüt” qaldı. İndi gündə bir aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə Cəfərin “Lüt” adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb, daha bir o qədər söz – söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə “lüt” kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu “arşınmalçı” kəlməsi elə o “lüt”ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə əhvalatını da dildə-ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu “arşınmalçı” da dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində “arşınmalçı” deyirdilər?! Bundan da belə çıxmırdımı ki, “bezobraziye” doğrudan da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o cür parıltısı da açıq-aydın göstərmirdimi ki, “zasekreçennıy” Çax-çux Xalıq yenə hamanca “KQB Xudiyev” dəstəsinin – Gülənovun, Sayılovun, RİK Atamalının himayəsində idi, “həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə “çax-çux” altında hamanca işini – agentliyini davam etdirirdi? Belə olmasaydı, vaxtilə Sultan əminin qabağında diz çöküb “Stalininə də qurban olum, teleqramına da”, – deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə “hakimiyyətdən, hökmranlıqdan” danışardımı, Sultan Əmirlinin oğul əvəzi yetirməsinin gözünün içinə “hökmranlığı qurtarıb”, “axırı çatıb” deyə bilərdimi? Bütün bunlardan aydın deyildimi ki, metamorfozaya uğrayan Sultan əmi deyil, onun düşmənləri idi, səbəbi isə bu idi ki, “dörd ay bundan əvvəl, mayda olan işlə” – evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O “gözəl” doğrudan da “başqasının istəklisi” idisə, üstəlik “özündən otuzca yaş kiçikdisə” demək, Sultan əminin adına ləkə yaxılmışdı?! Elə ləkə ki, Sultan Əmirlinin bu dəfə mütləq “yeşikdə qalacağına” dəstə üzvlərinin hamısını, o cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-çux, nəhayət, üzə çıxıb qorxusuz-hürküsüz danışmağa başlamışdı: “Axırı çatıb”?!

Qatardan Səməd belə təlatümlü düşdü.

3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.

Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin şəkillərində dəstə-dəstə dayanmış çesuyça27 kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

Heç kəslə görüşmək istəmirdi. Heç kəslə danışmaq istəmirdi. Bir rayonda ki, “bütün aktiv” Xudiyev dəstəsinin səsinə səs verib, ömürlərini mübarizələrdə keçirmiş kommunist qardaşları “əmir törəmələri”, “şeyx qardaşları” adlandırıb, “sinfi mənsubiyyətinizi gizlədibsiniz”, “xariclə əlaqəniz var, təhlükəli adamlarsınız” – demişdi, bir rayonda ki, hətta Stalinin teleqramından sonra da o dəstəyə meydan verilirdi və “bezobraziye” yenidən Sultan Əmirlinin üstünə ayaq alırdı, o rayonun hər axşam bu şəkillərdə baş-başa verib saatlarla məxfi pıçıldaşan “fəalları” ilə görüşməyin bir mənası vardımı?

Təlimatçı işlədiyi illərdə Səməd bu adamları gah kəndlərdə – təhkim olunduqları təsərrüfat üstündə, gah iclaslarda, müşavirələrdə, gah da elə bu səkilərdə müşahidə eləyib, həmişə acı təəssüf hissi ilə görmüşdü ki, xüsusilə, qırx səkkizinci ildə tutqular, sürgünlər başlananda bu adamlar “əsli o taydan olan” raykom katibi ilə üz-üzə gələr-gəlməz nə qədər quruyub – qapanırdılarsa, Gülənovla, Sayılovla və ya RİK Atamalı ilə rastlaşanda bir o qədər yumşalıb– açılışırdılar, – xüsusi hörmətlə qoşa əl uzadıb görüşüb hal-əhval tuturdular, toya-şana, xeyrə-şərə çağırıb yaxınlaşmağa, əlaqədə-ünsiyyətdə olmağa can atırdılar. Səməd əmindi ki, bu çesuyça geyimli adamlar indi Çax-çux Xalıqa da qoşa əl uzadırdılar, ondan “kitayski makintoş”, “kitayski termos” və sair ala-ala, şübhəsiz, “şeyx törəməsi” Sultan Əmirli barədə yeni söz-söhbətlərə qulaq asıb, hər axşam bu səkilərdə bir-birinə ötürürdülər və yəqin ki, indinin özündə cərgələnib Sultan Əmirlinin qardaşı oğluna tamaşa eləyəndə də elə o barədə pıçıldaşırdılar. “Fəallar”ı Səməd belə tanıyırdı və Mədəd Əmirlini “Güdaza verib” indi də o biri qardaşı güdaza verməyə hazırlaşan çesuyçalılara kinini heç də gizlətmək istəmirdi. Odur ki, düz keçdi.

Geridə-stansiyada parovozun qışqırtısı eşidildi. Vaqonlar dartınıb taraqqataraq saldı. Kazarmasayağı uzun, alçaq, boz binalar boyunca əks-səda – quru, sərt tıqqıltılar axıb uzaqlaşdı. Səməd hiss etdi ki, tüstü ilə dolu kupe qatardan üzülməkdə, ayrılmaqdadır. Çax-çux indi də “sirlə dolu sinəsi” ilə həyulaya çevrilib yaxınlaşır ki, sözünün axırında dediyi o müəmmalı sözləri təkrar etsin: “O evə getmə…” “O evə getmə…” Gəlib çatdığı, cəmisi yüz addım irəlidə o doğma evin üfüqdən rəng çəkib qırmızı çalan qızarttaq darvazasını gördüyü bir vaxtda nəinki dayanmaq, azacıq tərəddüd eləmək də Sultan Əmirlinin uca adını təhqir kimi bir şey olardı. Bütün sirlərin açarı o qızarttaq dəmir darvazanın arxasında, sərin, ətirli bağ içindəki ikimərtəbəli ağ daş evdə idi. Odur ki, raykomun alçaq, boz binalardan kəskin seçilən qırmızı tuf daş binasının həyətində ikinci katib Əziz Mayılovla üçüncü katib Məleykə bacını görüb, salamlaşıb, keçən il rayonda təcrübədə olduğu aylardan indiyə qədər onlarla görüşmədiyinə baxmayaraq, bu əziz adamların yanında da dayanmadı.

* * *

Darvazanı açıb, çaylaq daşları ilə döşənmiş, kənarlarına qırmızı kərpic düzülmüş cığıra ayaq basar-basmaz, səbirsiz boylanıb, bağın dərinliyində fasadı ağaran evə baxanda isə elə bil aləm gördü və elə bir səs eşitdi ki, hətta tüstülü kupenin birdən-birə peyda olub cığırın üzərində havadan asılı qaldığına və Çax-çuxun indi daha ciddi xəbərdarlıqla “Getmə… Əvvəl Gülbəniznən görüşməlisən hökmən”, – dediyinə də əhəmiyyət vermədi.

Sıxlıqdan ağaclarının budaqları bir-birinə pərçimlənmiş bağdakı toranlığın arxasında, evin üst mərtəbəsində altı pəncərənin altısı da taybatay açıqdı. Soldakı tək pəncərənin dalında yataq otağının tünd qəhvəyi divarlarından başlamış, bina boyunca uzanan yetmiş kvadratmetrlik zalın – yemək otağının açıq qəhvəyi divarlarının künclərinə qədər, hər yer üfüqün parıltısına bürünmüşdü. O parıltının içində, raykomun qonaq evinin qarovulçusu və bufetçisi Seyid kişinin sarı samovarı buğ püskürürdü. Əmma Seyid kişinin arvadı Xeyrə arvadın əvəzinə indi orda – samovarın yanında qırmızı xalatlı, qırmızı qıymaçalı, zərif bir qadın dayanıb, bir ucunu çiyninə atdığı dəsmalla stəkan-nəlbəki silirdi.

Qıymat?! Yox, Qıymat deyildi.

“Saçının birini ağ, birini qara hörüb gözləyən” o uca qadın indi xeyli yaşlı olmalı idi, hörükləri də ağ olmalı idi. Bunun boyu alçaraqdı, hörükləri isə qara idi. Əmma bu da tanışdı, Qonaqlıların “durnaboğaz” dedikləri uzun boynu, aşağıya doğru meyilli çiyinlərinin yatımı, ümumiyyətlə, duruşu-tərpənişi kimi isə, lap yaxın, hətta doğma adamı xatırladırdı. O qədər yaxın, o qədər doğma ki, elə bil Ayna bacı idi, “Lüt ərimi yemlədim, sizi də yemləyim”, -deyə-deyə gəlib, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə “rəhmətlik Suranın samovarını” qaynatmışdı, işləməkdən codlaşmış barmaqlarından təkcə çeçələ barmağına düşən üzüyü ilə stəkan-nəlbəkini çıqqıldada-çıqqıldada silib qurtarıb indicə sədr Mədədlə ərköyününü səsləyəcək, “Gəlin, a yetimlər, çay hazırdı”, – deyəcəydi, Ya da elə bil Gülbənizdi, Gülgəzi qabaqlayıb özünü içəri salmışdı: “Ayna bacının başı qarışıqdı bu gün, gələmmiyəcək. Bir də ki, bilirsən özüm gedəcəm nər Səmədimizə, a bacı, incimə!” – deyib qımışıb, eşikdən boylanan bacılığına yanıq verə-verə, sədr Mədədlə dəliqanlısına qulluq eləyirdi.

Səmədin gördüyü adam bu idi– öz ata yurdundan, doğma kəndindən, məhrəm bir elqızı.

Eşitdiyi isə çox qəribə, qəfil, bəlkə də heç bir əsası olmayan gur sevinc və xoşbəxtlik səsi idi, öz içərisində birdəncə qaynamağa başlamışdı: Çax-çux da rədd olsun, KQB Xudiyev– filan da, dəstəsi də, o dəstənin səsinə səs verən agent “fəallar” da! Sultan Əmirli evlənib, lap yaxşı eləyib! Əlinin içindən gəlib! Sultan Əmirli deyəndə, məgər daşdır, dəmirdir-nədir Sultan Əmirli? İnsan deyilmi?! Sevə bilməzmi?! Təkliyin əzab-əziyyətlərini azmı çəkib, subaylığın məhrumiyyətlərini azmı görüb ki, bundan sonra da görsün?! Könlü azmı qubarlı olub ki, bundan sonra da olsun?! Yaşasın Sultan Əmirli ki, o tay-bu taylı vətən müsibətlərinin içində, bu qədər düşmən arasında özündə qüdrət tapıb, belə bir elqızı gətirib evinə! Bu elqızı Sultan əminin həyatını, şübhəsiz, tamam dəyişdirib, bundan sonra da dəyişdirəcək, ömrünü uzadacaq, düşməni xar edəcək!

Bəs “özündən otuzca yaş kiçik?!”28 , yəni lap cavanca qızcığaz?! Üstəlik, “başqasının istəklisi” , “ əcaib məsələ”?! Bu sözlərdə elə bir şey yoxdursa, tüstülü kupe yolu niyə kəsib? Qara həyula niyə belə təkidlə təkrar edir ki, “ Əvvəl Gülbəniznən görüşməlisən hökmən”?!

Səməd bu barədə düşünmədi. Daha doğrusu, düşünmək istəmədi. Üfüqün parıltısından səhnə kimi işıqlanmış otaqda buğ püskürən samovar yanında doğma, məhrəm elqızına bircə baxışdan kükrəmiş sevinci, xoşbəxtliyi ilə vurub kupeni dağıtdı, həyulanı “sirlə dolu sinəsi”, qətran iyi, xofu– filanı ilə birgə qovub, illərin uzaqlığında qalmış “ Dəli Səməd”in yerişini xatırladan zərbli addımlarla, dabanlarını cığırın çaylaq daşlarına döyəcləyə-döyəcləyə evə yönəldi.

Gözü yuxarıda– otaqda idi. Vaxtilə, təlimatçılıq illərində bu evdə gördüyü həyatı, məişəti indi daha aydın görürdü. O nə həyatdı, nə məişətdi ki, ad-sanı bütün ölkəyə yayılmış Sosialist Əməyi Qəhrəmanı Əmirli yoldaş gecə saat birdə, ikidə, bəzən hətta üçdə, dörddə evə qayıdanda öz əli ilə kirəqaz yandırardı, üstəlik, “ Bircə bala” dan dönə-dönə üzr istəyib: “ Bağışla, səni yuxudan elədim, bir bax gör o səbətdə yumurta qalıbmı?” – deyərdi. Yorğunluqdan, üzgünlükdən, qayğanağı nimçəyə boşaltmağa belə ərinib, bir başa tavadan yeyib ayaqlarını sürüyə-sürüyə zalın o başından dala açılan qapıdan öz köhnə, revkomun vaxtından qalma “revkom kabineti”nə keçən kimi divana döşənərdi və çox vaxt səhərə qədər elə orada döşəli qalardı. Səhər isə, əgər bazar açılana qədər qalxıb getməsəydi, Seyid kişinin bazardan gətirdiyi bir nəlbəki qaymaqdan üç-dörd qaşıq alıb, bir stəkan şirin çay içib: “Mən qaçdım, bala sən otur arxayın ye”, – deyərdi. Hətta nisbətən asudə günlərdə, nahara çıxmağa imkan tapanda da “qaçmağa” tələsdiyinə görə yenə kirəqaz yandırıb, yenə də: “ Bax gör o səbətdə yumurta qalıbmı?”-deyərdi. Əmi, qardaşoğlu gündə bəzən iki dəfə qayğanaq yeyərdilər. İş o yerə çatmışdı ki, Səməd yumurtadan diksinmişdi və yəqin ki, elə diksindiyinə görə, əlini səbətə atanda və ya qayğanaq ortalığa gələndə dərhal “yaiçnıy paraşok” alverçisini qarşısında görüb, “cəhənnəm kürəsinə” düşərdi. Əmma neyləmək olardı? Fədai əmi öz fədai odunda yana-yana Qıymatdan uzaqlaşdığı kimi, o da öz “kürəsində” yana-yana cığalı Gülgəzindən aralı düşməmişdimi? Hər dəfə Qonaqlıya gedəndə: “Səbr elə, qaraçı gözəli, səbr elə”, -deyib ürək sakitliyi, könül xoşluğu olmayınca hər cür məhrumiyyətə dözməyi vacib bilmirdimi? “Qaraçı gözəli”nin qaşqabaq salladığını görəndə isə, zarafata başlardı: “Birdən elə ola bilməzmi ki, Demokratlarımıznan, əmimnən mən də o tayı azad eləməyə gedəndə səndən göyçəyinə rast gəldim, vuruldum, qaldım orda?! Belə axmaqdan ötrü niyə çürüdürsən özünü? Çıx get ərə!”-deyib, Gülgəzi ağladıb, şaqqanaq çəkərdi.

Bu birinci dəfə idi ki, Səməd o yazıq zənənlərə və əmi ilə qardaşoğlunun həyatına, məişətinə ayrı cür baxırdı və hətta bir növ təəccüblənirdi ki, iyirminci ilin may ayından bu ilin mayına qədər, düz otuz dörd il ərzində o cür yaşayışa Sultan əmi necə dözmüşdü?! Axı məsələ heç də yalnız kirəqazda, qayğanaqda – filanda deyildi. Məsələ onda idi ki, Sultan əmi, ümumiyyətlə, çox gərgin yaşayırdı. Hətta yataq otağında “adam kimi” yatdığı gecələrdə də rahatlanmayıb, yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin ətindən ət kəsirlər. Ayıq olduğu vaxtlar kimi, aydın tələffüzlə: “Qırıb qurtaracaqlar milləti!…” “ Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..” “Yurdumuza murdar millət dolduracaqlar, bircə bala!..” “O tay əldən getdi, bu tay da getmirmi?! – və şair qorxunc, vahiməli sözlər deyirdi. Tərslikdən, məhz orda – çarpayıda yarımoyaq yatdığı gecələr Bakıdan o Mirqəzəb zəng vurardı. Sultan əmi sərsəm atılıb telefona qaçanda hökmən ayağı yorğan üzünün cırığına keçərdi. Seyid kişinin arvadı Xeyrə arvadın həftədə cəmi bir dəfə sildiyi tozlu döşəmədə yorğanı dalınca aparıb, Mirqəzəblə danışandan sonra, o tozlu yorğanı çiyninə salıb, telefonun yanında oturardı. “Sən yat, yat. Yuxumu haram elədi yenə mənə Mirqəzəb!”-deyib, bəzən səhərə qədər elə orda hərəkətsiz qalardı. Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o gecələrdə tədriclə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan çanağına döndüyünə tamaşa edərdi və təkcə “Mirqəzəb” kəlməsindən körüyə dönən köksü atlana-atlana, əmisinin canındakı alovu öz canında duyardı.

Bu alovun içində Sultan əmi evlənmək qərarına gəlmiş və evlənmişdisə, özü də belə bir yaxın, doğma, məhrəm elqızı gətirmişdisə, aydın deyilmi ki, saç-saqqalının ağ vaxtında heç də “dünyadan kam almaq” yox, otuz dörd illik gərgin mübarizələrdən sonra da “bezobraziye”yə qarşı barışmaz, ardıcıl mübarizəsini davam etdirmək üçün sağlamlığını, qüvvəsini, iradəsinin saxlamaq məqsədi güdmüşdü?! Qurtardı daha! O həyatın, o məişətin bütün məhrumiyyətləri, əzab-əziyyətləri qurtardı! Elqızı samovarla məşğuldursa, demək Sultan əmi “revkom kabinetin”dədir, hamanca üstünə parusin çəkilmiş divanda dincəlir ki, qalxıb çay içəndən sonra raykoma gedib, öz əvvəlki iş rejimi ilə gecə saat birə, ikiyə qədər işləsin.

Səməd köksünü ötürdü. İlahi, o iş, o rejim üçün necə darıxmışdı! Gecə yarıda, bütün şəhərin sükuta batdığı, təkcə stansiyada paravozların nəfəs aldığı bir vaxtda, “rayonun düşünən ürəyi, düşünən beyni” adlanan o qırmızı tuf daş binanın çilçıraqları altında, qaraqabaq, yerəbaxan, “əfəl Məsim”lə, əziz müəllim Mayılovla, Məleykə bacı ilə, fədai əmi ilə bircə yuxusuz qalmaq, öz evlərində başlarını atıb yatan adamlar üçün nə isə bir xeyirli iş gördüyünü bütün qəlbinlə duymaq necə xoşdur!.. Məleykə bacı – Məleykə Muradova tez-tez “Sultan Mamedoviçin çayını təzələyib”, arada rusca qalın-qalın kitablar oxuyardı: “Voskresenye”, “Anna Karenina”, “Bratya Karamazovı”, “İdiot”. Sən də oxu, Səməd. Bunları oxu, gör Rusiya necə bədbəxtmiş, indi necə xoşbəxtdi!” – deyərdi. “Rusiya bizi də xoşbəxt eləyib, bax belə böyük mədəniyyət verib!” – deyərdi. Səmədin ürəyindən keçərdi ki, kaş əmisi elə bu “diapozonlu xanım” adlandırdığı katibə ilə evlənəydi. Əmma Sultan əmi “diapozonlu xanım”la yola getmirdi: “Sabiri də oxu! Mirzə Ələkbər Sabiri! sabun bişirən şairi!” – deyərdi. “Vaqifi də oxu! Vurğunu da oxu!” – deyərdi. Sonra birdən-birə məlum oldu ki, o “diapozonlu”nun gizlin əri var, o “gizlin ərin qardaşı”xalq düşməni çıxıb, güllələnib. Buna görə də kəbin kəsdirmirlər”. Xəlvətdə, kabinetin küncündəki palma ağacının böyründə başını Sultan əminin çiyninə qoyub hıçqırardı: “Nolacaq axırımız, Sultan Mamedoviç?! O tay Farsın pəncəsində, Borçalı dəhşətli şovinist gürcülərin əlində, bu tay belə, Dağıstan elə!.. Mən Rusun bu həqiqətən nəhəng ədəbiyyatıynan təsəlli verirəm özümə, sən buna da tərs baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl bilirəm ki, Sabir nədi, -Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi var! Bax, əslində elə buna görə heç cür dözəmmirəm ki, belə rəzil olmuşuq…” Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qup-quru, rəsmi çinovnik qadına çevrilərdi. “Başqasının istəklisi?..” Bəlkə elə Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, – Məleykə bacı bir az bundan əvvəl raykomun qabağında qalmamışdımı?! Qonaqlının ədəbiyyat müəllimi Ələsgər müəllimin – “Dam direktor” ləqəbli o zərif kişinin qardaşı Qurban da “37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən “övliyalar” kitabı tapılmışdı. Ələsgər müəllim müharibə vaxtı Rusiyanın harasındansa “evakuasiya” edilmiş – köçürülmüş həmin, adı unudulmuş şəfqət bacısı Sestra ilə evlənmişdi ki, “rusnan qohumluğuna görə həbs olunmasın”. Bədbəxt adamlarla dolu idi hər yer: son bir neçə ildə xəbər tutub Səməd bu işlərdən və “ərköyün sədr oğlu” ikən əzabkeşə çevrilib! Bədbəxtliklərdən necə bezib Səməd! Əmisinin yarıyuxulu iniltilərindən, “cəhənnəm kürəsindən” necə cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O “zaklyuçeniya”nin, o “qəsd işi yoxdu” sözlərinin altında gizlənən açıq-aydın qəsd işini açmağa oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun “cəhənnəm kürəsindən” çıxmaq istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub. Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür heybətli qan çanağına dönən gözlər də güləcək?! Qardaşoğluna “Bircə bala” deyən Sultan Əmirli də “mənim balam” deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap tezliklə?! Beş-altı aydan, bircə ildən sonra?! Oğlu olsa adı nə? Mədəd?! Əla!..Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации