Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 7

Текст книги "İdeal"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +

– Dərdin alım, bir tədbir tökməsən, hara çıxır bu söz-söhbətin axırı?!

Pırpız qaşlar çatılıb qabardı. Sultan Əlləzoğlunun sözünü ağzında qoydu:

– Burdan bir yana tərpənmə. Gözün qızıyın üstündə olsun. İt-qurd fırlanmasın yan-yörəsinə.

Əlləzoğlunun əli sinəsi üstə idi:

– Baş üstə, baş üstə, dərdin alım!… – Nigarançılıqdan üzülə-üzülə qul kimi əyilib, qarğı kreslolardan birinin dalına çəkildi. Qapalı idi kürəkən. Çox qapalı. Bu tut ağacının altında, otuzuncu illərdən bu vaxta qədər qarala-qarala qalan bu dəyirmi, qalın stol Əlləzoğlu üçün nə idisə, hələ iyirmi yaşından, beli mauzerli, şapqası ulduzlu vaxtından Qonaqlıya gedib-gələn bu zəhmli, zabitəli adam da elə bir şeydi, yəni Əlləzoğlu kürəkəninin ancaq qaraltısını görürdü, ürəyini, beynini, adamlığını isə demək olar ki, qətiyyən duymurdu. Əsl bədbəxtlik isə bunda idi ki, hiss qarşılıqlı idi: kürəkən də qayınatasını qətiyyən duymurdu; səhər-səhər bu bağın qalınlığında ağaca dırmanan pişiyi görüb qışqıran Qaratoyuq quşunun narahatlığı Sultan üçün nə idisə, Əlləzoğlunun narahatlığı, nigaranlığı da demək olar ki, elə bir şeydi. Səməd barədə fikirlərini, qayğılarını, sarsıntılarını bölüşdürmək Xızr Abı Çürük Aşıqdan başqa adamlarla ünsiyyətə ehtiyac duysa da, Sultan bu Qaratoyuğa ürəyini necə açaydı, necə deyəydi ki, ötən dörd ayda bir gecə də rahat yatmayıb, evdə də, işdə də aramsız düşünüb-danışıb qardaşı oğlu rayona qayıdanda necə hərəkət edəcəyini dönə-dönə ölçüb biçmişdi, özlüyündə hətta qərar çıxartmışdı və buna görə indi təntiyib darıxmırdı!

Seyid kişi sinidə bir nəlbəki qaymaq, bir parça təzə pendir və yuxa gətirdi, başının boz çit sarğısında qan ləkələri qızaran Əlləzoğlunu və tut ağacından xeyli kənarda, samovarın yanında qıymaçasını burnunun ucuna qədər çəkib hərəkətsiz duran Gülgəzin qansız dodaqlarına baxıb, köksünü ötürə-ötürə çıxıb getdi.

Sultan ömründə bəlkə də birinci dəfə işə tələsməyib, heç bir şey olmamış kimi, əmin-arxayın oturub arvadı sayılan bədbəxtin həmişəkindən fərqli– ağır süst tərpənişlə süfrə düzəltməyini gözlədi və qısaca:

– Artıq-əskik sözə-gapa, hərəkətə yol vermə, – dedi. – Bir xeyli susandan sonra yenə qısaca: – Telefon zənglərinə cavab vermə, -dedi. Və qayınatasını süfrəyə dəvət etmədən, bir nəlbəki qaymağı, pendirlə yuxanı büsbütün yedi, sakitcə, rahatca çay içdi, sonra evə qalxıb mehmanxanaya zəng vurdu. Mehmanxananın müdiri Marqodan Səmədin indicə gəldiyini, soyunub nömrədə uzandığını eşidəndə də Sultan tamamilə sakitcə: – Narahat eləməyin, yatsın, – dedi və təkcə bu faktdan – Sultan Əmirlinin Bircə balasının evə baş salmayıb mehmanxanada qalmağından şəhərə necə söz-söhbət yayılacağı aydın olsa da, Marqoya əlavə bir şey tapşırmayıb işə getdi.

* * *

Qırmızı tuf daş binada qəribə sükut vardı. Çoxdan qanuna çevrilmiş qayda üzrə, katiblərdən başlamış makinaçılara qədər, raykomun bütün işçiləri birinci katibi dəhlizdə və qəbul otağında qarşılasalar da, “sabahın xeyir” deyən də tapılmadı. Sultan bilmirdi və bilməyəcəkdi ki, dünən axşam Səmədin bu küçədən, bu binanın qabağından necə təlatümlü keçib gedib əmisinin darvazasını necə itələdiyini, sonra darvazadan küçəyə necə dəli-divanə görkəmində atıldığını nə qədər adam görmüşdüsə, yüz o qədər adam da ondan-bundan eşitmişdi; bu səhər Səmədin Qonaqlı meşəsindən nə kökdə çıxıb gəlib, əmisinin darvazasına burulmadan, bu küçə ilə birbaş mehmanxanaya getdiyini də nə qədər adam görmüşdüsə, yüz o qədər adam dildən-ağızdan eşitmişdi; Sultan bilmirdi və bilməyəcəkdi ki, ətrafda söz-söhbətin artdığı bir vaxtda Bircə balası burda əməlli-başlı sensasiya yaratmışdı, o özü nə qədər məşhurdusa, bu saat Bircə balası da eləcə məşhurdu və bütün şəhərlə birlikdə, raykomun kollektivi də nə isə böyük biabırçılıq gözləyirdi.

Öz çəkmələrinin cırıltısından başqa heç nə eşitməyib, gərgin sükutla qarşılaşanda, gözlənilən biabırçılığı Sultan ancaq indi hiss etdi.

Bu hiss təzə deyildi. Duru bir göl suyuna bulanıq arx suyu və ya sel qarışanda gölün dibində lil necə çöküb qalırsa, may ayında o hadisə baş verəndən sonra bu hiss də Sultanın ürəyinin dərinliyinə eləcə çöküb qalmışdı: suda xırdaca bir tərpəniş bəsdi ki, lil, palçıq da tərpənib qalxıb gölü yenidən bulandırsın. Odur ki, Sultanın hərəkətləri ağırlaşmışdı: hərdən özündən asılı olmadan, evdə qapı çırpıb pəncərə çingildətsə də, şəhərdə, təsərrüfat sahələrində və burda-raykomda şəxsiyyətinin siqlətini, təmkin və ləyaqətini saxlayırdı. Əmma bunun üçün xüsusi səy, xüsusi iradə-filan lazım deyildi. Həyatın, ömrün böhranlı günlərini Sultan çox görmüşdü və yaxşı bilirdi ki, böhran şiddətlənəndə, çıxış yolu görünməyəndə çapalamaq, atılıb-düşmək işin xeyrinə olmur. Böhrandan səlamət qurtarmaq üçün adamdan iki əsas qabiliyyət tələb olunur: səbirlə dözüb gözləmək qabiliyyəti və qəti hərəkət məqamı yetişəndə, heç bir kənar təsirlərə qapılmadan, böyük qurbanlar bahasına olsa belə, qətiyyətdən dönməmək qabiliyyəti. Yaxın işçilərinə, yaxın dostlarına və Sultanın özünə tamamilə aydındı ki, Mirqəzəbin bu rayonda məsul vəzifələrə şəxsən təyin etdiyi Xudiyev dəstəsilə gizlin və açıq mübarizələrdə Sultan məhz hər şeyə dözüb gözləmək və qəti hərəkət məqamı yetişəndə qətiyyətdən dönməmək qabiliyyəti ilə qələbə çalmışdı.

Qırx altıncı ilin dekabr ayında Mirqəzəb özü şəxsən zəng vurub: “Prikazıvayu teleqrammu ne oqlaşşat i vernut liçno mne”37 deyəndən sonra yaranan böhrandan Sultan məhz dözümü və qətiyyəti ilə çıxmışdı. Həmin teleqram əhvalatına bənzəyən, demək olar ki, analoji hadisələr qırx səkkiz, qırx doqquz, əlli bir, əlli iki, əlli üçüncü illərdə və bu ilin may ayında da baş vermişdi; Mirqəzəb bu dəfə Azərbaycanca danışıb: “Mənə bir şey məlumdu, Sultan Mamedoviç. Mən susuram, çünki sənin başına oyun açan adamların çoxu xaric kəşfiyyatla bağlıdı. Hələlik toxunmuram onlara. Hər şeyin vaxtı var”, – deyib telefonun dəstəyini asmışdı. Sultan, əlbəttə, o dəqiqə anlamışdı ki, bu sözlər yalnız bir məqsədlə -“oyun açan adamları” qorumaq üçün deyilmişdi. Və Sultan bu hadisədən də ancaq dözümlə gəlib çıxmışdı, Xudiyevi KQB-nin səlahiyyətinə daxil olmayan işdə – rayonun ərazisindən ermənilərə torpaq verməkdə təqsirləndirməklə kifayətlənib, bu işdə iştirak edən Gülənova və başqalarına toxunmamışdı. Mirqəzəbin özü ilə rəftarı təsdiq edirdi ki, həm partiya işçisi, həm də bir insan kimi, dözüm və qətiyyət Sultan Əmirlinin xarakterinin əsas cəhətlərinə çevrilmişdi. Odur ki, qəbul otağının divarları dibində dirək-dirək duran əməkdaşların sükutu nə içərisində lil palçıq kimi çöküb qalan o köhnə hissində bir dəyişiklik əmələ gətirdi, nə də zahirində. Sultan lap ilk gənclikdən, Bakı ilə Təbriz arasında çox vaxt piyada gedib-gəldiyi vaxtlarda adət etdiyi sakit, ləngərli yerişi, ümumi siqləti, təmkin və dəyanəti ilə ağır-ağır addımlayıb palıdı dermantinli, hündür qapının sağ-solunda dayanmış Əziz Mayılovla katib köməkçisinin arasından o yana – kabinetinin genişliyinə keçib şapqasını asdı, kitelinin döş cibindən köhnə, qalın, möhkəm sümük daraq çıxarıb, seyrəlib yapıxmış çal saçlarını səliqə ilə arxaya daraya-daraya, ovucları ilə gicgahlarının dümağ tüklərinin yatımını sığaya-sığaya stolunun dalına hərləndi, oturmadan, tünd qırmızı örtüyünün və göyümtül şüşənin üstündə qara üzlü, gündəlik iş qovluğunu açdı. Böyük formatlı, yağlı-işıltılı kağızları tələsmədən aşıra-aşıra, üç vərəqdə – üç siyahıda adamların ad və familiyalarını bircə-bircə gözdən keçirdi. Bu, sabah – avqustun iyirmi beşində başlanan pambıq yığımı kampaniyası üçün məsul olan, “üç zonada üç operativ ştab”ın siyahıları idi.

Sultan burada – kabinetdə də həmin qəribə sükutla dayanmış adamların üzlərinə baxmadan birinci siyahını Əziz Mayılova verdi, ikincisini Məleykə Muradovaya, üçüncünü isə bu il gözlənilmədən irəli çəkilib təşkilat şöbəsinin müdiri təyin edilmiş Məsim Qudalıya verdi. Üç ştabın üçünün də üzvləri sabah axşam saat altıda burda – mərkəzi ştabda olmalı, zonalarda işin təşkili haqqında hesabat verməli, dərhal yerlərə qayıdıb, sentyabr-oktyabr aylarında pambıq yığımı planının ödənilməsi və noyabrın yeddisinə, yəni Oktyabr inqilabının ildönümünə qədər mərkəzə raport göndərilməsini təmin etməli idilər; Sov.İKP MK-nın göstərişi və rayon Bürosunun qərarı belə idi. Hər şey danışılmış, bu günə ancaq əlavə işçi qüvvələrinin səfərbərliyi haqqında təkliflərin müzakirəsi qalmışdı. Əmma Sultan bu müzakirəni təxirə salıb, gecə saat on ikiyə – ştabın növbədənkənar iclasına saxladı.

– Qurtardıq. Gedə bilərsiniz, – dedi.

Bununla da bu gün daha heç bir işlə məşğul olmayacağını bildirib qovluğu örtdü, müharibə illərində nikotindən zəhərlənib çox pis arıqladığına görə o vaxtdan seyrək çəkdiyi papirosa – “Kazbek”ə əl atdı, gah stolun dalında, gah divanda oturub, gah küncdə çəkic kimi taqqıldayan və vaxtı çatanda zəng vurmaq əvəzinə köksünü ötürən kəfkirli saat, gah da küçənin o tərəfində, qovaqların, çinarların hündür budaqla– rında dolaşanların böyük kütlə qəhqəhəsinə bənzəyən qaqqıltılarına qulaq asa-asa, səbrlə, dözümlə, qardaşı oğlunun yatıb yuxudan doymasını gözlədi, nəhayət, kəfkirli saat dörd dəfə köksünü ötürəndən sonra, dermantinli qapını açıb, Bircə balanın yanına getmək üçün bütün hiss və düşüncələrin üstündən qələm çəkib, qətiyyətlə kabinetdən çıxdı.

* * *

Mehmanxananın pillələrini də qətiyyətlə, birnəfəsə qalxdı. Dar, təkadamlıq nömrənin qapısını aralayanda isə, qış aylarından qalma, tünd rəngli pəncərə pərdələri örtülmüş otağın alaqaranlığında gördüyündən təəccüblənib ayaq saxladı.

Çarpayı boşdu. Səməd döşəmədə, yalxı döşəkağı üstündə, köynəkcək yatmışdı.

Sultan, bir əli ürəyinin üstündə, hərəkətsiz qaldı, o biri əli boğazında, boynunda gəzdi. Birdən-birə nəfəsi daralmışdı, gözləri toranlamışdı.

Əmirlərdə bu lap köhnə irsi azardı; şeyx oğullarını fədailərin cənubdakı gizlin məskənlərinə, “Hümmət”çi oğullarını bu taya göndərmək üçün yolayrıcına qədər ötürüb, orada – ayrıcda tək qalanda Məhəmməd Əmir də bu cür birdən-birə tor görərdi. “Əylənin. Gözüm seçmir dünyanı. Gözləyin bir az”, – deyib, bir əlli ürəyinin üstündə, o biri əli boynunda, dayanıb, boğaz, boyun damarlarını əzişdirib, birdən də gözlərini açardı: “Hə, di gedin. Əmma bir gün də unutmayın ki, mən ayrılığa dözənlərdən deyiləm”, -deyərdi.

Dörd oğlunun dördü də yaxşı bilirdi ki, onlar Ulu Bağ ƏsƏlMən nəslindəndilər. Min yeddi yüz doxsan yeddinci ilin qışında bir gəzərgi Monax– casus Peteburqa, Çar Pavelin oğlu, polis rəisi və vəliəhd I Aleksandra “depes” göndərilmişdi: “Zdes na Muqani obyavilsa nekto Solomon, poçitayemıy vsem zdeşnim narodom, kotorıy İran i Turstiyu derjit pod svoyey vlastyu”38. Bu depeşin surətini Ünlə eşidəndən sonra Ulu Bağ Muğandakı saysız-hesabsız AğEy – “Əxi” icmalarının bir qismini Ərdəbilə, ikinci qismini isə Təbrizlə İrəvan çökəyi aralarına dağıtmış və bütün icma üzvlərinə əlaqə saxlamağı, görüşməyi qadağan etmişdi. Buna görə də təbiətcə zərif, köyrək, qohumcanlı Ulu Bağlılar, o cümlədən, Məhəmməd Əmirin adı ilə adlanan Əmirlilərdən çoxu qəribliyə, ayrılığa dözməyib xəstələndilər. Sultan da belələrindəndi. Odur ki, əlli beş yaşlı oğulsuz-uşaqsız Sultan da eynilə atası Məhəmməd Əmir kimi bir vəziyyət keçirib, dar nömrədə “Bircə bala”nın üçaddımlığında öz-özünə “Əylən, gözlə bir az”, -dedi və bu bir az vaxt ərzində necə qeyri-adi gərginlik hesabına toxdadığını o qədər də dərk etmədən tünd rəngli pərdədən süzülən tutqun işıqda Bircə balanı yenidən görüb, yaxınlaşıb böyründə çöməldi, cod, nahamvar döşəmə taxtası dizlərini əzə-əzə tamaşaya durdu.

Səməd sağ ayağını biləyinə söykəyib üzüüstə yatmışdı. Qıçının birini düz uzadıb, o birisini qurbağasayağı, qarnına yığmışdı. Bu “qurbağa yatışı”nı görər-görməz Sultan nəinki fikir və qayğılarını, elə bil əzablarını da bütüncə unutdu, sarsıntılar, işgəncələr əvəzinə, sinəsi hüznlə doldu: Mədəd də həmişə bu cür, üzüüstə, qıçını qarnına yığıb qurbağasayağı yatardı. Uşaqlıqda iki qardaş, bir yorğan altında yatanda, aralarında dava düşərdi. “Dizin böyrümü deşir, uzatsana sınmışını!” – deyib Sultan dümsükləyib Mədədi oyadanda, Mədəd mızıldanıb qıçını uzadardı, əmma mürgüləyəndə yenə yığardı. Sultan bir də dümsükləyəndə isə Mədəd hirslənib kiçik qardaşının üstünə atılardı, gecənin yarısında köhnə, hündür taxtdan döşəməyə dığırlanana qədər süpürləşərdilər. Küsüşüb hərəsi döşəyin bir küncünə çəkilərdi. Səhərə yaxın evin havası soyuyanda isə qucaqlaşıb, bir-birini nəfəsləri ilə isidərdilər.

Qırx-qırx beş ilin uzaqlığındakı “qardaş” adında dünya, həsrətdən, yanğıdan, qəhərdən ibarət o tay, Azərbaycan adında dünya ilə birləşib Sultanın boğazından yapışdı. Sultan nə vaxtsa, hardasa qardaşına və qardaşı ilə birlikdə o taya, Məhəmməd Əmirə, Ağ Əmirə, Boz Əmirə xəyanət etmişdi, bu dumanlı, anlaşılmaz xəyanətə görə, hakimi və müttəhimi də özü olan gizlin bir məhkəmədə boğulmağa məhkum edilmişdi. Hökm elə indi, bu dar nömrədə icra oluna bilərdi. Əmma Bircə bala onu xilas elədi: Səmədin pələng biləyi kimi enli biləklərinə, möhkəm əzələli çiyinlərinə, burulub gərili qalmış boynuna göz gəzdirdikcə Sultanın nəfəsi genişləndi, təqsirkarlıq, həsrət və yanğı əvəzində, qəlbinə kədərqarışıq qürur doldurdu: Mədəd dünyasını dəyişməmişdi, haraya isə uzaq səfərə çıxmış və möcüzə ilə cavanlaşıb qayıtmışdı.

Sultan barmaqlarının titrədiyini görə-görə, əlini onun bir az arxaya yatımlı, geniş alnında, əvvəlki Mədədin saçından ancaq dalğaları ilə fərqlənən saçında, boynunda, kürəyində gəzdirdi.

Səməd ağır yatmışdı. Oyanmırdı.

Sultan çağırmaq istədi, nə “Bircə bala” deməyə dili gəldi, nə də “qardaşoğlu” deməyə. Əmma müraciət tapıldı.

Keçən yay raykoma təcrübəyə gələndə, üç il təlimatçılıqdan sonra iki aylıq təcrübəyə elə bir ehtiyac duymadığına görə Səməd vaxtının çoxunu partiya kitabxanasında oturub, dövlət imtahanı üçün ən vacib dərslik sayılan “Materializm i empriokritisizm” kitabını dönə-dönə oxumağa çalışardı. İşin axırında kabinetinin dal həyətə baxan pəncərəsindən boylanıb, Bircə balanın hələ də kitabxanada oturduğunu görəndə, Sultan bu səydən həm sevinərdi, həm də narahat olardı. “Ey, filosof! Bəsdi kitablarnan əlləşdiyin!” – deyərdi. “Fəlsəfəni ancaq kitablardan öyrənsən, mənim yaşıma çatanda hər şeydən məhrum olarsan, ey filosof!” – deyərdi.

Bu gümrah, zarafatyana müraciəti xatırlayıb, bundan Sultan hətta sevinc duydu.

– Ey, filosof! – deyib hətta əlini Səmədin çiyninə şappıldatdı.

Səməd oyandı.

Əmma buna hələ oyanmaq demək olmazdı. Çünki indicə yuxuda gördüyü röya gözünün qabağında idi. Qara meşin şapqasının uzun günlüyü altında sifəti qapqara görünən, çiyni tüfəngli Qurban əmi – Qılınc Qurban Gülgəzin hörüklərindən yapışıb, qaranlıq meşədə, ağacların arasında sürüyürdü, iri-iri, sarı-qızılı tikanları zülmət içində aydınca görünən qaratikan kollarının qalınlığına basırdı, böyür-başlarında insan qulağısayağı ağac göbələkləri saralan kötüklərə çırpırdı. Qışqıra-qışqıra: “Qancıq! Qancıq!” – deyirdi. “Mənim qardaşımnan qardaşoğlunun arasına nifaq salıbsan sən! Səmədi Sultana düşmən eləyibsən sən!” – deyirdi. Qurban əmi – Qılınc Qurbanın bu qışqırtısının arasında Sultan əminin yorğun, üzgün səsi də eşidilirdi. Özü toxdu. Hərdən haradasa kitel bozarırdı, səs də elə kiteldən çıxırdı: “Dayan, Qurban, dayan. Əl çək, Qurban, bəsdi! O mənim arvadımdı! Kəbinli arvadımdı!” – Kitelin səsi Səmədi üşürgələndirirdi.

Oyanıb gözlərini açdı, başını uyuşmuş biləyindən ayırıb, arxasıüstə çevrildi və beləcə qaldı. Yad divarlar arasının yad mühitdə əmisini görüb, onun belə gözlənilməz yaxınlığından çaşıb, yuxu ilə reallıq arasında asıldı: o dəhşətli, içərisi boz kitel zehnində idi, sarımtıl düymələrinə, boğazının dəmir çalkeçirinə qədər doğma, boz kitel isə qarşısında idi və bu boz kiteldə Sultan əminin özü də həmişəki əmi idi: doğma, əziz, boz-ala gözləri dərin hüznlə, yorğun-yorğun gülümsəyirdi. Bu gözlərdən, bu baxışdan ayrılmaq, uzaqlaşmaq mümkündümü?” Yox-yox!.. Yox-yox!..” Beynində oyanan ilk sözlər bu “Yox-yox” oldu və Səməd özü də bu sözlərin ahənginə uyğun ürək çırpıntısı ilə, titrək, hürkək atılıb ayağa qalxdı.

Gərgin sükut içərisində əmi ilə qardaşoğlunun, yaxın ikən uzaqlaşmaq, doğma ikən yadlaşmaq istəməyən iki nəfərin nəzəri bir-birinə sancıldı.

Qardaşoğlunun üzündəki təşviş əminin sifətini də dəyişdirdi. Əmma Sultan buraya “aydın fikirlə, qəti qərarla” gəlmişdi və indi məhz qətiyyət məqamı idi. Odur ki, ciddiləşməyi ilə gülməyinin arası bir saniyə də çəkmədi və Sultan əməlli-başlı qəhqəhə çəkib, iri, ağır, yumruğu ilə Səmədin açıq sinəsini dürtmələdi.

– Ey, filosof! Hardasan?.. Ə, nə gözlərini döyürsən? İçmisən nədi, əmini tanımırsan?

Mübaliğəsiz demək olar ki, Səməd xoşbəxt idi, Çünki əmisinin dürtməsi də, baxışı da, gülüşü də xoşbəxtlikdən xəbər verirdi: “Boş kitel” dolu idi; o dəhşətli röyanın özü kimi də dəhşəti də röya idi. Bu dürtmə, bu baxış, bu qəhqəhə açıq-aydın demirdimi ki, Sultan əmi doğrudan günahsızdı. “Həqiqət”, “müqəddəsat” sözləri ömrü boyu dilindən düşməyən Xızr kimi ciddi adamın inamından da məlum deyildimi ki, Sultan həqiqətən günahsızdı?! Səməd əmisi üçün təhqiramiz şübhəyə düşüb Gülgəzə, sonra da Hənifə arvadla Əlləzoğluna sual vermişdisə, bu, sadəcə, sarsıntıdan olmamışdımı?!

Yox, dünya Sultansız deyildi. Səməd xoşbəxtdi və bu xoşbəxtlik üçün hər şeyi unutmağa hazırdı. Odur ki, özünü əmisinin üstünə saldı. Qucaqlaşdılar. Və Səməd doğrudan da hər şeyi unutmuş kimi, hönkürtülü, sızıltılı, göynərtili Gülgəz əvəzinə, üfüqün parıltısı işində buğ püskürən samovar yanında qırmızı qıymaçalı, qırmızı xalatlı “elqızını” gördü. İndi Səməd ömrü boyu tək qalmağa da, fədai əmi kimi hər cür məhrumiyyətə, əzab-əziyyətə, işgəncəyə hazırdı ki, əgər Sultan əmi qardaşı oğlunun o “elqızı” ilə yaxınlığını unudub xoşbəxt ola bilərsə olsun, körpə səsi eşitsin, “mənim balam” desin! Səmədə bundan artıq heç nə lazım deyildi və əmisini qucaqlayıb bağrına basmağı ilə də yəqin elə bunu demək istəyirdi ki, sənin xoşbəxtliyindən başqa mənə heç nə lazım deyil.

Əgər öz gur hissiyatından əlavə bir şey düşünə bilsəydi, bu saniyələrdə Səməd özünü nadir saf insan ucalığında görərdi.

Elə ucalıqda idi ki, əmisini hətta öpmək istəyirdi. Sultan imkan verməyib, ərklə onu dala itələdi.

– Qoy bir baxım görüm imtahan çoxmu sıxıb səni?.. Sıxıb, deyəsən, Əmma çox yox. Yeməkxana yaxşıdı orda. Professorun Məhərrəm çox vaxt ordan hazır xörək apartdırır evinə… Səndən heç bir gizli sözüm olmayacaq. Açığı, dünyamız zülmətə bürünüb, oğul. Danışacam… Dedilər kəndə getmisən. Onu başa düşdüm. Xeyli vaxtdı zəng vurmuram, yoxlamıram yeni kadrımı, Nə qədər ərköyün olsa da, məncə, kadrım inciməməlidi belə şeylərdən…

Səməd susurdu. Səmimiyyətdənkənar söz demək, yalan danışmaq istəmirdi.

Sultan özü onu bu vəziyyətdən qurtarmağa çalışdı:

– Bəs niyə quru yerdə yatmısan? Çarpayıda taxtabiti var nədi? Hə də, əlbəttə var. Geriyik hələ, çox geriyik. “Kommunizmin astanasındayıq”39. Əmma adicə sanitariya qaydalarına riayət eliyəmmirik. Kənddə birə daraşır canımıza, şəhərdə taxtabiti. Hətta sanitariya işlərinə də raykom qarışsın gərək, o dərəcədədi səviyyəmiz! Şəriksən mənnən ya yox? Taxtabitiyə görə düşmüşəm bu çarpayıdan, ya yox?

Səmədin yadında idi ki, səhər-səhər mehmanxana müdiri Marqonun müşayiətilə gəlib dar nömrədə, cır-cır cırıldayan yarıtaxta, yarıdəmir çarpayıya səriləndə, başının üzərində peyda olan Qılınc əmi – Qılınc Qurban da taxtabitidən danışmışdı və döşəkağını döşəməyə sərib “Burda yat!”, – demişdi. Nə isə, dumanlı bir hiss o taxtabiti söhbəti ilə bu taxtabiti söhbətini birləşdirib aparıb Əlləzoğlunun iyli çarıqlarına bağladı və Səməd əmisinin sualının cavabında, birdən-birə ürəyinin özəyinə işləyən kədərlə dillənib:

– Şərikəm, əmi, şərikəm! – dedi.

Sultan köksünü ötürdü:

– Hə… Bu taxtabitili çarpayıynan gedirik kommunizmə! Rəhbərimizin sözüynən əməli tutmur, qardaşoğlu. Bakıdan kamandirovkaya gələnlər bircə gecə qalıb, səhərisi vağzala cumurlar. Bəribaşdan nəzərə al bunu, yoldaş təzə kadr. Yaxşı, hələ çoxmu dayanacaqsan belə lüt-üryan? Geyin də!.. Yuyun, geyin gəl! Aşağıda gözləyirəm.

Sultan qardaşoğlunun yuyunub, geyinib əmisi ilə birgə evə gedəcəyinə və orada – evdə hər şeyin öz qaydasında olacağına şübhə etmədən, nömrədən çıxdı, içərisində yatıb qalan lil-palçıqdan xilas olub daxilən yüngülləşmiş kimi dikəlib, çəkmələrini cırıldada-cırıldada gövdəsinin ağırlığı altında, mehmanxananın min yerdən çatlamış binasını titrədə-titrədə dəhliz boyunca addımlayıb, birinci mərtəbəyə endi.

* * *

Səməd döşəkağına bürünüb, bütün mərtəbəni gəzib, hətta tualetdə də su tapmadı, bir də nömrəyə qayıdanda orda, əhəng qoxuyan divarın küncündə, paslı lüləyi fırladıb sızğıntı gördü, lüləyin dal tərəfinə söykədilmiş paltar sabununu götürüb, ovcunun sızğıntıdan dolmağını gözləyə-gözləyə yuyunmağa başladı. Ülgücü çamadanda idi, çamadanı isə qaranlıq, zülmət meşədə. Əllərini üzünə sürtdükcə, sıx, cod saqqalı ovuclarında xışıldadıqca, o zülmət meşədə budaqlardan gurultu ilə qopub ulduzlu göyün dərinliklərinə cuman quşların topa qaraltısı Əlləzoğlunun zingiltili qaraltısına, Gülgəzlə Qurban əmi – Qılınc Qurbanın qaraltıları içi boş kitelin bozartısına qarışırdı. İnanmaq olmurdu ki, Sultan əmi indicə bu nömrədə idi. “Bircə balanın” çılpaq çinəsini dürtmələmişdi, gülmüş, danışmış və indi aşağıda gözləyirdi ki, Bircə balanı evə aparsın. Səməd, əlbəttə, gedəcəydi. Getməli idi. Üzü, peysəri od kimi idi, alnının sümüyü elə bil kürədə qızmışdı, soyuyan şey deyildi, küçədə də, evdə də elə bu cür qızğın qalacaqdı. Əmma Səməd mütləq getməli idi ki, Sultanlı dünya Sultansız olmasın, elqızı o evdə binələnə bilərsə, binələnsin, o evdən də körpə səsi gəlsin. Mədəd və ya Sura adında körpə!

Möcüzə baş verəydi, Mədəd və ya Sura adında körpə elə günü bu gün dünyaya gələydi!

Lüləkdən – sızqadan Səməd belə ayrıldı, səhər-səhər sulu, palçıqlı atdığı şalvarının yuyulub yamandığını, ütüləndiyini, ayaqqabılarının təmizlənib silindiyini hiss etmədən, cəld geyinib birinci mərtəbəyə endi, orda – qarderobla yanaşı otağın kandarında dayanmış yorğun-üzgün erməni qızı Marqo əvəzinə elə bil daş divara bnaxa-baxa keçib, mehmanxanadan çıxdı.

Sultan əmi küçədə idi. Həmin yeganə geniş küçənin bu başında, kazarmasayağı binalardan və vağzaldan təxminən iki yüz addım aralı olan bu çinarlı, çökəli yaşıllıqda, qədim məsciddə yerləşən anbarın sağ-solundan ətrafa dar küçələr uzanırdı. Şəhər əhalisi əsasən elə bu küçələrdə, taxta darvazalar arxasında, kirəmit damlı, birmərtəbə evlərdə yaşayırdı. Rayonun məsul işçiləri, o cümlədən Məsim Qudalı – “Əfəl Məsim” də, Əziz Mayılovla “diapozonlu xanım” – Məleykə bacı da bu tərəfdə olurdular. Səhər gəlib mehmanxanaya burulanda Səməd istər-istəməz anbar məscidin qabağından o yana baxdı. Küçənin dərinliyində, boz taxta darvazalardan biri Məsimgilin darvazası idi və Səməd yəqin bilirdi ki, əgər dünən qatardan düşəndə birbaş Məsimgilə getsəydi, “Gülbəniznən görüşsəydi”, nə əmisinin həyətində olardı nə kənddə – Əlləzoğlunu evində, nə də burada – mehmanxanada, Çünki palıd kötüyünün arxasında pəncərəsi saralan daxma kimi, boz taxta darvaza arxasındakı ev də sirlə dolu idi və əgər o sirlər açılsaydı, bundan, şübhəsiz, tamam başqa hadisələr törəyərdi. Özü də elə hadisələr ki, əmi ilə qardaşoğlunu həmişəlik ayırardı; Səməd bunu hiss edirdi, duyurdu, hətta bir növ anlayırdı. Odur ki, palıd kötüyünün arxasında saralan pəncərədən necə qaçıb uzaqlaşmışdısa, boz taxta darvazadan da eləcə uzaqlaşıb özünü mehmanxanaya salmışdı. Bir sirr ki, Sultanlı dünyanı Sultansızlaşdıra bilər, necə sirr olur-olsun, Bircə bala o sirlə heç vaxt maraqlanmamalıdır. Gör bir nədən danışdılar – taxtabitidən! Və elə bu taxtabiti söhbəti əmi ilə qardaşoğlu arasında körpü yaratdı. Çax-çux da rədd olsun, daxması da, darvazası da! Körpünü saxlamaq, əmi ilə ünsiyyəti saxlamaq, taxtabitili, birəli, çarıqlq dünya içində dərdinin böyüklüyü açıqca görünən bu əzabkeş katibin hər dərdinə şərik “yeni kadr” olmaq üçün Səməd daha heç bir kənar söz-söhbətlə maraqlanmamalıdır. Necə yəni “partiya işçisi olmayacaq”san?! Necə yəni, “Bağların varisi”?! – Bütün bunlarla birlikdə elə bil Abı özü də Qurban əmi – Qılınc Qurban kimi, danışan kitel kimi röya idi. Bir az bundan əvvəl Bircə balaya “yeni kadr” deyən əminin bu sözləri isə hər ikisinin köhnə arzusu, “proqramlaşdırılmış həyat” idi. Bu həyatın əksinə nə varsa, kim varsa, hamısı məhv olsun! Səməd hisslərini cilovlamalı, iradəsini toplayıb ancaq və ancaq Sultan Əmirlinin xoşbəxtliyinə tabe etməlidir!

Küçədə əmisinə belə yaxınlaşdı.

Sultan hamanca hüznlü gözlərlə onun boy-buxununa, qıçlarının sərbəst, sanballı tərpənişinə, qollarının uzunluğuna, əllərinin ağırlığına fikir verirdi.

– Gəl, gəl, – dedi.

Sonra küçə boyunca irəli boylanıb ciddiləşdi, sərtləşdi, öz köhnə zəhmli, zabitəli görkəmində:

– Getdik! – dedi.

Beləliklə, dünəndən bəri çalxanıb, vurnuxub, dəli-divanə hərəkətləri ilə bütün şəhərdə sensasiya yaradan qardaşoğlu ilə bu gün mütləq biabır olacağı gözlənilən əmi, iş gününün axırına yaxın, səkilərin adamla dolu bir vaxtda, küçənin tən ortası ilə, yanaşı, çiyin-çiyinə addımlamağa başladılar.

Vağzal meydanının bərabərindən ta Sultan Əmirlinin evinin bərabərinə qədər, bu küçəyə raykomun, icraiyyə komitəsinin, milis şöbəsinin, prokurorluğun və maarif şöbəsinin maşınların-dan başqa, at, araba buraxılmırdı. Günün bu vədələrində yanğın idarəsinin maşını bu başdan o başa gedib, o başdan bu başa gəlib su çiləyəndən sonra isə, ümumiyyətlə, nəqliyyat kəsilirdi. Çesuyçalıların səkiyə yığılması, cərgələnməsi, beşbir-üçbir baş-başa verməsi də elə bu vaxt başlanırdı. Odur ki, Səməd anbar məscidin dövrəsindəki cökəli, çinarlı yaşıllıqdan bu yana ilk addımını atandaca, dərhal çesuyçalıların ağartılarını gördü və əmisinin küçə boyunca irəli boylanan gözlərinin dəyişməsinin səbəbini anlayıb, istər-istəməz özü də dəyişdi.

Solda mərkəzin göstərişi ilə əkilmiş, qaralıb-boğulmuş boy atmayan “Rus ağaclarının”, yolkaların qaraltıları arxasında, geniş həyətli birmərtəbə binalarda yerləşən RİK-lə milis şöbəsinin və prokurorluğun səkilərində heç kəs yoxdu. Sağda – kazarmasayağı binaların səkiləri isə beşbir-üçbir ağartılarla dolu idi. Lap yaxşı! Qoy baxsınlar! Əmi ilə qardaşoğlunun münasibətini görsünlər! Ölsünlər!

Səmədin içərisi tərpəndi: ağartılara yaxınlaşdıqca bu adamlara köhnə kimi necə qaynadısa, heç cür özünü saxlaya bilməyib, nümayişkaranə hərəkətlə əmisinin qoluna girdi.

– Afərin!.. – Sultan ovcunu onun əlinin üstünə sıxdı və küçənin tən ortası ilə getdiyi halda, birdən yolunu dəyişib səkiyə qalxdı, sağ səkiyə!

– Süleyman nəslisən! Məhəmməd Əmirsən! Ağ Əmir, Boz Əmirsən! Mədədsən! Sultansan!.. Xızr Abı mənim tapşırığımnan danışıb sənnən… Gizlin “Muğlar” – Bağlar övladısan sən, Bircə balam! Gizlinlər tülkisifət olmamalıdırlar. Sənin ən adi hərəkətin də düşmənin gözünə iynə kimi batmalıdı, sarsıtmalıdı ki, çox da fəallıq eləməsinlər. “Düşmən” deyirəm. Əslində düşmən-zad deyillər. Bu çesuyçalıların çoxunu Zəngəzurdan Naxçıvanın Sədərək rayonundan köçürdüblər. Göyçə gölünün dövrəsindən, dağ kəndlərdən köçürüblər. Bu adnan ki, bəs Azərbaycanın hər yerindən almanlar sürgün olunublar, Stalin yoldaşın öz əmridir ki, Naxçıvan, Zəngəzur səmtində nə qədər “Türk” adıynan tanınanlar varsa, hamısı Kür çayı boynuna köçürülsünlər. Bu ağ ipək geyinib sallana-sallana gəzənlərdən birinin də xəbəri yoxdu kimdi milliyətcə! Stalin yoldaş deyib: “Türk deyilsiniz siz, Azərbaycanlısınız!” İnanıblar ey! İndi gör mənə nifrətlərinin kökü nədi: “Sultan Əmirli bizdən deyil, Türkdü!.. Bir nəfər də qanan yoxdu ki, Stalin yolddaş bu bədbəxtləri Osmanlı türkü deyilənlərdən ayırmaqdan və Zəngəzura, Göyçəyə erməni doldurub, bizi belə-belə üsullarnan tədricən məhv eləməkdən ibarətdi! Vaxtı çatanda biləcəksən ölkəmizdəki bu ayrılıq, kin toxumunun dərin-dərin səbəblərini. Hələlik bir bunu bil: insan yoxdu bu səkilərdə, kütbeyin eşşəkdi hamısı! Babası Tehrandan Zəngəzura köçürülüb, farsca danışıb orda Tehran ləhcəsiynən, deməli, bu da farsdı! Türk Sultanın başını yeməlidi! Xudiyev açıq deyirdi bu eşşəklərə: “Vı otuçanenniye persı! Vı doljnı nenavidet Turkov! Vot tak!..”40

Sultan bu sözləri qardaşoğlu ilə birlikdə çesuyçalılara da eşitdirirdi:

– Türk! Türk!.. Əsl ad getdimi bada?! – Birdən səsini qaldırıb:

– Bizim şəxsi bədbəxtliklərimizin hamısı bax, bu köhnə antitürk ideologiyasındandı! – dedi. – Kitablarda bir dənə də OdƏr adına rast gəlməzsən!..

Çesuyçalılar özlərini itirmişdilər. Qardaşoğlunun qolu qolunda, onların üstünə yeriyən bu Sultan Əmirli həmin, köhnə yarımallah Sultan Əmirli idi ki, ordan-burdan salam verənlərin salamını da almadan, düz irəli baxa-baxa, danışa-danışa şəstlə addımlayıb, dediyi həqiqətlərin zəhmi ilə hamını qırağa çəkilməyə, divara qısılmağa məcbur edirdi.

Tək bir nəfər əli portfelli, yoğun adam ləyaqətlə dayandı.

– Axşamınız xeyir, yoldaş Əmirli, – dedi.

Bu, maarif müdiri Mirbağır müəllim idi. Əmma Sultan ona da cavab vermədi. Bu Mirbağır da özünü yarıfars, yarıtat sayırdı, Xudiyevin səpdiyi toxumu cücərtmək üçün maarif şöbəsini, məktəbləri “özününkülərlə” doldururdu. “Şiə bu tayı tutub, burda da möhkəmlənəcək, Sultan Mamedoviç. Rus durub arxamızda. Siz özünüzü çox nahaq kənar tutursunuz. Xeyri dəyməz”, – deyirdi. Bu yumşaq, itəatkar görkəmli “naxal” – həyasız kişini Sultan daha çox bəyənmirdi. Odur ki, salama qəsdən cavab vermədi. Bir də ki, bu səkidən, bu binaların taybatay açıq qapı-pəncərələrinin qabağından keçib mehmanxanaya gedəndə olduğu kimi, indi də fikri Bircə balada idi.

– Heyif. Abıya imkan verməmisən danışsın. Bütün cinayətlər cəhalətdən törəyir, oğul. Güzəştə getmə cahilə. Stalinin, Mirqəzəbin, Xudiyevin səpdiyi toxumduu. Bitib qalxıb, rayonu basıb! Vətən saymırlar Azərbaycanı, təsəvvür etmirsən. Şəxsi maraq xirtdəkdəndi, ictimai maraqdan əsər-əlamət yoxdu! Çünki milli kökdən, məhz milli kökdən – OdƏrlikdən, şüurdan məhrumdurlar! Qorxmasalar, çəkinməsələr, çöpü çöp üstə qoymazlar. Hökmən gərək əmr olsun, zorakılıq olsun aparatdan! Özü də, ümumiyyətlə, aparatdan, katiblərdən, şöbələrdən yox, mütləq “şəxsən Sultan Əmirlinin özündən”! Su kəməri partlayıb, cəhənnəmə partlasın! Maliyyə nazirliyi cari təmirə pul buraxmır, su idarəsi ilə müqavilə bağlamır, təmir idarəsi də müqaviləsiz işləmir, vəssalam! Kimin nəyinə gərəkdi başqa tədbir fikirləşsin?! Nə qədər ki, şəxsən Sultan Əmirli xəbər tutmayıb, ictimai əsaslar üzrə işləmək barədə şəxsən göstəriş verməyib su düzə axacaq, su kəmərinin sağ-solunda keçilməz bataqlıq əmələ gələcək, ağcaqanad dünyanı götürəcək, pul buraxılandan sonra da o bataqlığa görə iş getmiyəcək, nəticəsi də bu olacaq ki, antisanitariya basacaq şəhəri, mənim qardaşım oğlu da üzünü qırxmamış çıxacaq küçəyə, baxan da deyəcək: görəsən niyə saqqallıdı, adamı ölüb nədi?!


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации