Текст книги "İdeal"
Автор книги: Muğanna İsa
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 9 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]
Sultan sözünü tamamlaya bilmədi. Qapıda, nəhəng qalanın üstündə iri qırmızı ulduztoqqalı qərmızı dəri kəmər, tərli at sifəti və nəhəng at gözləri parıldadı.
– Nuş olsun! Axşamınız xeyir, yoldaş Əmirlilər! Gəldim ki, həm o qara düşmənimiz Mirqəzəbin, axır ki, ağzıbirə salındığına görə təbrik eləyim sizi, həm də… aranızda nələr olub keçdiyinə baxmayaraq, bu cür istəkli ata-oğul təki, belə süfrə arxasında oturmağınıza görə təbrik eləyim, şadlığımı bildirim və… rüsxət olsa siznən bir az düzəldim bu əyri başımı.
Səməd həm o heybətliyə baxırdı, həm də əmisinə. Sultanın sifəti bir andaca saralmışdı.
Ağır-ağır ayağa qalxdı. Çağırılmamış qonağa əlinin hərəkətilə elə orda– qapıda dayandırıb, asta-asta ağır sözlər deməyə başladı:
– Adın Zorridi, əmma kolxozları soymaq məharətinə görə Zor nəçənnik deyirlər. Hər səhər Xəlvət Rəhimin həyətində bir yazabuğanın xaşını yediyinə görə Xaş nəçənnik deyirlər. Bir ad da mən verirəm: naxal nəçənnik!.. – Və birdən acığından gülüb, ruscaya keçdi: – Kruqom marş!
Gülənov şişib qaldı. Sonra sağ əlinin barmaqlarını sağ gicgahına qaldırıb, birdən-birə üzgünləşib:
Yest kruqom! – deyib getdi.
Sultanın yumruqları stola, çənəsi sinəsinə dirənmişdi.
– Birini gördün!.. Tök içək! – dedi. – Belələrinin yığıncağına sərxoş da getmək olar. Tök! Kəşfiyyata gəlmişdi köpəkoğlu, görsün…Əmma elə bil nəsə olub, bu belə gəlib… Ürəyimə damıb nə isə.
Bu dəfə sözünü tamamlaya bilmədi. Aşağıda – bağın dərinliyində biri-birinin ardınca iki güllə şaqqıldadı.
Sultanla Səməd diksinib tez pəncərəyə cumdular. Gülənov darvazaya doğru tarappatarap qaçırdı.
Sultan bir az duruxub soruşdu:
– Kimə atdı, a kişi?
Əlləzoğlu bağın dərinliyini göstərdi.
– Nə bilim, a dərdin alım…
Çin fanarlarının işığı altında çoxlu təzə qandan başqa heç nə tapmadılar…
9
Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmlı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi, “əməlli başlı toxtamışdı”.
Qəbul otağında,dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı; birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevirildilər. Pıçıldaşıb: ”Kişi,Kişi”-dedilər.
Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü.
O üç nəfərdən – Xudiyev dəstəsindən, birincisi, prokuror Sayılovdu. İkincisi, milis rəisi Gülənovdu. Üçüncüsü, RİKAtamalı idi.
Prokuror Sayılovun sürməli qadın gözlərinə bənzəyən süzgün gözlərində təhlükə qoxusu ilə çılpaq yaltaqlıq elə orqanik birləşmişdi ki, Səməd bütün rayonda ən yaraşıqlı kişi sayılan bu adama “iyrənc” deməyə bilmədi.
Qorxaqlıqla yaltaqlığın orqanik birliyi milis rəisi Gülənovun at üzünə münasib alma gözlərində donuq təbəssümdən, RİKAtamalının içkidən şişib bir cüt yupyumru ətə dönmüş göz qapaqları arasında qəribə civə titrəkliyindən də görünürdü.
Vaxtilə Mirqəzəbin vaqonu gəlib stansiyada parovozdan açılanda, bu üç nəfərlik dəstənin başçısı Xudiyevlə birgə, o vaqonun qabağında necə dayandılarsa, indi Sultan Əmirlinin qabağında da eləcə “smirno” dayanmışdılar; dil tərpədib salam verməyə də cürət etmədən, baş əyirdilər. Qəribə idi ki, uzun-uzun illər ərzində bu adamların bu gününü arzulayan Səməd onların bu rəzil tabeliyindən heç bir sevinc duymadı. Beynində fırlanıb təkrar olunan “iyrənc, murdar” kəlmələrilə hər üçünü damğalayıb, öz köhnə kinindən də güclü güclü ikrahla üzünü döndərib qapıdan soldakı küncə meylləndi.
Üç nəfər də o sol küncdə dayanmişdi; solğun, bozumtul üzü, qalın-pırpız qaşları və boz – ala gözlərilə Sultan əmiyə ekiz qardaş kimi oxşayan Əziz Mayılov, sakit nəlbəki gözləri, ağ kəlağayısı, yumru qızıl tənələri-sırğaları ilə katibdən daha çox gözəl ev gəlininə oxşayan “diapozonlu xanım”, – Məleykə bacı və şümşad boylu arıq, qayğılı katib köməkçisi Məlik.
Səməd bu üç nəfərin üçünə də eyni hörmət və rəğbətlə əl verdi. Xüsusi dəvət gözləmədən binada öz köhnə sərbəstliyi ilə əmisinin ardınca kabinetə keçdi. Lakin Sultan elə dabanı üstə qəbul otağına çıxıb, gözlənilməz heybətli xırıltı ilə Gülənova:
– İçəri gəl – dedi.
İçəridə isə, üzü divara, lap astadan soruşdu:
– Kimiydi vurulan ?…Saşa Babayev ?
Gülənov bir addım irəli yeriyib, nəfəsilə Sultanın boynunu döyə-döyə:
– Bəli, -dedi, -ölməyib....Sağ qolundan,bir də qıçından vurdular.Yun idarəsində sarıdılar yaralarını, apardılar.
– Hara?
– Bakıya, Ordan gecə reysiynən Moskvaya təcili istintaqa aparmalıdılar.
– Niyə təcili?
–Bayılov türməsindən xeyli adam çıxarıb Babayev, xaricə qaçırdıb. Təbrizə… Demokrat partiyasının Bakıda bağlandığını bilmirlər Muğannalar o tayda. Babayev Bayıldan çıxartdıqlarını göndərib ki, bərpa eləsinlər partiyanı, sonra Amerikaya mühacirətə getsinlər.
– Niyə məhz Amerikaya?
– Fransada, Germaniyada daşnaklar çox fəaldırlar. Muğannalar özləri Amerkanı istəyiblər, Vaşinqton da razılıq verib.
– Sən köhnə qurdsan. De görüm, nə olacaq?
Gülənov pıçıltıya keçdi.
– Azərbaycan daxilində, həm o tayda, həm bu tayda terror güclənəcək.
– Yaxşı,çıx!
Sultan özü də qəbul otağına çıxdı və kabinetdə Gülənovla boğuq söhbəti birdən– birə qışqırtıya çevrildi:
Bax indi sizə öz adımdan “Prekratite bezobraziye” deyə bilərəm! – dedi. – Mirqəzəb adında qaniçən qaraquş qanadıynan uçurdunuz hamınız! Qanadınız sındı! Əgər yerlərinizdə qalıb tutduğunuz vəzifələrdə işləmək istəyirsinizsə, tamamilə dəyişməlisiniz! Qorxudan itaət olmamalıdır. Səmimi işgüzarlıq olmalıdır! Xalqa diqqət olmalıdır! Bacarmadığınızı açıq etirafla bildirməlisiniz! Rüşvət üstə dərhal həbs olunacaqsınız!… Bu, minimum proqramdır!…
Açıq qapıdan Səməd milis rəisi Gülənovun gözlərində hamanca donuq təbəssüm parıldadığını gördü. Əmisinin nə barədəsə suallarına hamının, o cümlədən sürməli qadın Sayılovun da eyni müti səsini eşidirdi:
– Bəli, bəli, yoldaş Əmirli. Mən Kəlbəcərin saf ab-havasında böyümüşəm, yoldaş Əmirli! “Saf” kəlməsini çox eşitmişəm orda Şəmşirin saf dilindən …
Ustad Aşıqlara və Saf Ağa az – çox istinad edən çesuyçalılar da vardı və belələri nə isə deməyə başlayanda Sultan həmişə susub, ustadlara aid dərdinə qapılardı. Çünki Dərə Ələyəz, Göyçə səmtindən Muğan duzlaqlarına sürülən qoca ustadlar bürküyə dözməyib qırılırdılar – ölürdülər.
Sayılovun Dədə Şəmşiri, “saf” kəlməsini xatırlatması kifayət etdi ki, Sultan birdən– birə öz “proqram” çıxışını yarıda kəsib, qapıya yönəlsin.
Belə hərəkəti yalnız SafAğ dərdindən xəbəri olanlar duya bilərdilər. Səməd isə heç nə hiss etmədi. O bilmirdi və heç vaxt bilməyəcəkdi ki, məşhur Aşıq Şəmşir SafAğ Elmi ustadlarındandı. Bu mövzuda şeirləri ardıcıl dəyişdirilib, dinə bağlanırdı, ya da sadəcə gizlədililrdi. Səməd bilmirdi və heç vaxt bilməyəcəkdi ki, xüsusilə öz qohumları Göyçəli, Aşıq Alının adını daşıyan AğBizənli Alı iıə oğlu Aşıq Şamil Muğannalarla gizlin ünsiyyətdə olduqlarına görə zəhərlə öldürülmüşdülər və bu bəd əməldə Sayılov da iştirak etmişdi. Məhz buna görə Səməd əmisinin qəmini hiss etmədi .
Cəmisi beş-on dəqiqəlik söhbətdən sonra Sultanın ardınca çıxanda Səmədə elə gəldi ki, bu dəqiqələrdə Sultan onunla da sərt danışacaq.
Əmma Sultan köyrək dilləndi:
– Saşam getdi … Dirəyim yıxıldı … Səndən ayrılsam o günü ölərəm . Mübağiləsiz. Nəfəsim kəsilər … Yaşamalıyam mən. “Xəzinə”ni sənə verəndən sonra, layiqli Varis səviyyəsində durduğuna əmin olandan sonra da yaşamalıyam sənnən bir yerdə ! Ağır mübarizələr var irəlidə . İnsanın özünün özünnən psixoloji mübarizəsi çox ağır olur. Başa düşdün?!
Nə isə dumanlı bir şübhə, qara bir fikir Səmədi sarsıtdı .
Küçənin kimsəsizliyində Sultan ayaq saxlayıb yerə baxdı .
– İstəyirsən bir az da açıq danışım?
Səməd udqundu .
– Danış … Həyatımız dumana bürünüb, əmi …
– Yaxşı dedin, dumanı dağıtmaq lazımdı. Kişi kimi mərdanə söhbət eliyək! Mən onu boşaya bilmərəm. Kəbinlidi! – Sultanın dili bıçaqdı. Bu söhbət olmadı. Birdəfəlik … Boşasam, düşmən böhtanı təsdiq olunacaq: “Əxlaq pozğunluğu”. Sultan Əmirli ləkələnsə, Varis də ləkələnib hər yerdən qovulacaq. “Xəzinə” sahibsiz qalacaq. Elm məhv ediləcək, batinlərlə birlikdə xalq da bütün qırılacaq! Bütün hər şey səndən asılıdı indi. Ya tüpür əminə çıx get, səhər gəl dəfn elə ya da bu axşam evə necə getdik, necə yedik-içdik, eləcə gedək oturaq, – Sultan xırıldadı, inildədi. – Hansını seçirsən? Mərd ol! Üzümə bax! Ya tüpür get, ya qal.
Səmədin səsi əmisinin xırıltısından seçilmədi:
– Mən fikirləşmişəm… Gələli bandan başqa bir şey fikirləşməmişəm… Dumanı dağıdırsan. İmkan verirsən sözümü deyim… Deyirəm: Qalıram, əmi…
– Səbr… fil səbri tələb olunur! Qeyri-adi dözüm!
– Başa düşürəm, əmi.
– Məsələnin bir tərəfidi bu… Günü sabahdan əmrini verirəm. İdeologiya üzrə işlə: təbliğat-təşviqat şöbəsini götür. Raykomda struktura dəyişikliyi gözlənilir. Tək təşkilat şöbəsi olacaq. Bütün rayonun kəndlərində, qəsəbələrində partiya təşkilatı katibləri, raykomun instruktorlarının hamısı sənə tabe olacaq. Hələlik, demək, təbliğat-təşviqatı götürürsən. Elə günü sabahdan da təhkim get kəndə, yığıma kömək elə, camaatımızın da dərdinə qal. Nə deyirsən? Lap açığı, bir az aralan buralardan… Hələlik…
– Razıyam, əmi.
– İçəri gedirik indi. Təkrar edirəm: Fil səbri! Dözüm!..
Səməd dillənə bilmədi: həyətə keçmişdilər.
* * *
… Süfrə. Həmin süfrə idi. Göyümtül qrafində çaxır da həmin çaxırdı. Çaxırı içənlər isə indi tamam başqa adamlardı.
– Çörək ye, tutar səni bu Məlhəm.
– Yox… Sən danış…
– Danışım, danışım… Axşam sən o qara lenti portretdən qopardanda danışıqsız anladıq bir-birimizi: sən Stalinin şöhrətindən, müharibənin, qələbənin miqyasından ayrılammırsan… Əmma məsələ mürəkkəbdi. Moskvanın münasibəti keçən ildən məlumdu. Bilirdik ki, təsərrüfatda, elmdə, mədəniyyətdə bütün əyintiləri, geriliyi tək Stalinin adına yazmaqla partiyaya bəraət qazandıracaqlar. Çünki beynəlxalq məsələlər vardı: bu sistemin hər yerə yayılmaq təhlükəsi qorxutmuşdu hamını – Amerikanı, İngiltərəni. Xüsusən, Almaniyada sosialist dövləti – FRQ48 vahiməyə salmışdı hamını. Planetdə kasıblıq, aclıq, bir qrup kapitalistin fantastik varlanması, Afrikanın, Asiyanın səfaləti… Hamısı SSRİ-nin xeyrinədi. İnqilabın eksportu sürətlənir. Moskvada plakat çap eləyiblər milyard tirajnan: “Leninizm şaqaet po planete”49. Xuruşşov qoymayıb yaysınlar: “Mı i tak vspuqnuli kapitala. Ya bı deystvoval naoborot. Spravte etot lozinq. Ya s mirom poyedu v London, a nado i v Vaşinqton”50. Qısası, Stalini təkcə sıradan çaxarıb kapital dünyasıynan az-çox barışmaq istəyirlər, – danışıram ki, belə gizlin şeylərdən də xəbərin olsun. Mayda professorun gəldi. Stolumun üstündə şüşənin altında o teleqrama işarə elədi, dedi bunu, çıxart burdan. Məlum oldu ki, Mərkəzi Komitənin xəttiynən gəlib Məhərrəm. Həmin məktub oxundu. Sizə də oxunub, bilirsən özün hər şeyi. Məncə, hətta dərk eləyirsən ki, yoldaşlarıyın “Stalinizm” adlandırdığı “izm” dəhşətlərdən ibarətdi. Əmma dəhşətlər hələ irəlidədi. Türkiyənin kapitala söykənib Azərbaycanı, Türküstanı azad eləyəcəyindən qorxduqlarına görə gizlindən Türkiyəyə dolur Sovetlər. Burda isə köhnə “pantürkizmlə mübarizə” şüarı indiki sürgünlər, qırğınlar “xalq düşmənləri “ adında yalan sehrinə bürünüb. Bircə il də yaşasaydı, o “Stal” – “Polad” deyiləm cəllad, əmin də “xalq düşmənləri“ sırasında olmalıydı. “Xəzinə”miz barədə çox məlumat gedib Moskvaya. Açılıb hər şey. Zahirdə guya qırxsəkkiz – əlli üçüncü il terror, sürgün kompaniyası guya qurtarıb daha, əslində isə daha dəhşətli – maksimum gizlin aparılır. Mayda professorun dedi bunu mənə. “Nəzərə al ki, Muğannalardan bir nəfəri də səlamət qoymuyacaqlar”, – dedi. Sən gəldin durdun gözümün qabağında. Məhərrəmi yola salıb qayıdanda dəli kimiydim. Gözüm seçmirdi dünyanı. Nəfəsim kəsilirdi. Axşam sən bu qrafini necə çəkdin başına, mən də eləcə çəkdim başıma, ac qarına. Şoferi çağırdım, Müslümü. Seyid kişidi indi burda mənim məhrəmim, bir də Müslümdü.
Seyid kişi kəstum tapdı, qalstuk gətirdi. Ömrümdə birinci dəfə kiteldən çıxdım, qalstuk taxdım. Müslüm də üzümü qırxdı. Oturdum maşında. “Sür! – dedim. – Kəndlərin ara-bərəsində, sahələrdə, harda gözünə gözəl qız dəysə saxla, maşına basıb gətirəcəyik bir baş zaksa!” Yazıq güldü, sonra da qəmləndi. “Evdə anamnan elə sənin fikrini çəkirik,– dedi. – Nə olar axı bir allah bəndəsi gətirəsən bu evə? Qocalmamısan, əldən düşməmisən. Uşağın olsa, öz balamız kimi saxlıyarıq”.
Yaxşı oğlandı Müslüm. Açığı,özüm də birtəhər oldum, oğul, yaş boğdu məni. O tayda qardaşlarımın taleyi elə, bu tayda Mədədiminn taleyi belə, özümün də axırım bu cür! Doğurdan da, niyə bir züryət qalmasın?! Səməd də sağ qalmasa, bədbəxt “Muğ”, “Mağ” Bağlarının varisi kim olar?!
Elə birdəncə ciddi fikrə düşdüm. “Sür, Müslüm, – dedim,– sür. Sultan Əmirli yoxdu daha, – dedim, – Arşınmalçıyam! Sür gedək bir Gülçöhrə tapaq gətirək evimizə”.
Baxtıma o çıxdı. Qara baxtıma… Danışılası deyil.
Necə oldu məhz Xəlvət Rəhimin həyətinə düşdüm o günü? Kim apardı? Niyə getdim? Axı, ömrümdə qapısını açmazdım o “Xəlvət Rəhim – Agent Rəhimin, möhtəkirlər ağsaqqalının! “Bilirdim ki, Xudiyev də o evdə görüşür Xalıqnan, dəstəsi də daimi qonağıdı Rəhimin. Getdim içə– içə azı bir saat danışdım, çalışdım Elm verim, təsir eləyim… Yadımda deyil məhz nə baş verdi. Səhərisi gözümü açanda gördüm zaks müdiri gəlib zaldan baş əyir yataq otağına: “Sabahınız xeyir olsun, yoldaş Əmirli. Gəlmişəm təbrik eləyim, həm də zaksınızı kəsim. Zəhmət olmasa, gəlin bu anketə qol çəkin. Özüm doldurmuşam anketi, qol çəkməyiniz qalıb”. Deyirəm, ”danışılası deyil”. Əmma danışıram. Beşcə gün ərzində Tiflisin o tərəflərindən, Borjomi yolunun sağ-solundakı kəndlərimizdən, Borçalı çökəyindən, Başkeçiddən başlamış Lerikə qədər gəzdim, Ərdəbildə olanlarımızdan adam çağırdım, sərhədçilərin köməyiynən xəbərdarlıq elədim ki, Şahnan Moskvadakılar eyni siyasət itləridi, ayıq olsunlar. Kür – Araz boyunda Muğannalardan kimi tapdımsa, hamısına xəbərdarlıq elədim. Lerikdəkilərin çoxu da Muğan düzünün duzlaq basmış yerlərinə sürülmüşdür. Stalinin xüsusi göstərişiynən, Mirqəzəbin şəxsən iştirakıynan, dağ əhalisi cəhənnəm bürküsünə salınmışdı ki, qırılsın bədbəxtlərimiz. “Ermənistam” adlandırdıqları ƏrMən torpağımızdan sürülənlərimiz duzlaq bürküsündə nəfəs çəkəmmirdilər. Gəzdim… SafAğ carçısı Aşıq Alı AğBizənli sazı qucağında, son nəfəsdə – “Gəl, ey Şeşpayi-Bəhrim…” oxuya-oxuya can verib. Nə deməkdi, nə rəmzdi bu “Şeşpayi-Bəhrim”51, “Altıayaqlı dəniz atı”? Altı qitəli Yer-EyƏrin sahibi Ulu Bağ ƏsƏlMəndi. Alı əmimiz, yəni Aşıq Alı AğBizənli nur mücəssəməsiydi. Yandım, oğul. Daxilən sındım. Həftənin axırında maşını sürdürdüm “Şüşəli” pavilyona-restorana.
Dörd aydı nə gecəm var, nə gündüzüm. “Gülgəz” deyirəm, ağzımda dilim yanır. Üzünə baxıram bədbəxtin, üzüm yanır. İçirəm, nə çərənləyirəm, özüm də bilmirəm, guya dərs deyirəm bədbəxtə.
Dörd aydı Qurban gəlir kabinetə: “Boşa! Qaytar”. Nə qədər ki, bu qancıq burdadı, Səməd adında qardaşoğlun yoxdu”,-belə deyir. Axırda məcbur oldum Saşaya ismarladım ki, vaxt tapsın Qılınc Qurbannan söhbət eləsin.
“Qaytar bu qancığı!” Hm…
Qaytarsam guya nəsə dəyişəcək! Nə dəyişə bilər axı?!Əksinə!.. Axşam dedim sənə… Çax-çux Xalıq xüsusi gedibmiş Bakıya. Əhvalat çatıb yuxarıya. Daha doğrusu, yuxarıdan gəlir hər şey. Qaytarsam, demək, öz əlimnən təsdiq eləyirəm bədbəxtliyimizi.
İndi gör nə çəkir bədbəxt əmin. Təsəvvür elə, gör nə halda olmuşam dalınca mehmanxanaya gedəndə. O cür abırsız, həyasız!… – Sultan stəkanı boşaldıb yenidən doldurdu. – İçirəm ey, içirəm! Yoxam mən!… Yoxam!… RİK Atamalının təşəbbüsüynən Azərittifaq tikdirib o “ Şüşəli”ni Tahirliynən Qonaqlının arasında. Adı internat– məktəb yeməkxanasıdı, özü Gülənovun qardaşı Molla Gülənoğlunun traktiridi, həm erməni, Sovet casuslarının görüş yeridi, açıq– açığına! Həm də Mirqəzəb toxumlarının kef yeridi. “Şüşəli pavilyon” da Sayılov “pastayannı tamadadı”, Gülənov tamadanın birinci müavini, Atamalı ikinci müavini. Moskvadan necə göstəriş alıblarsa, hər həftənin altıncı günü gecəykən sərhədi açırlar Culfada. Tehranda yaşayan “xüsusi dəstə” adlanan cəllad rusları göndərirlər düz bu Şüşəliyə, Moskvadan, İrəvandan xüsüsi intruksiyalarnan yığışırlar. “Arşınmalçılar nəsli” barədə topladıqları məlumatı müzakirə edirlər. Sənin xəbərin yoxdu, “Ermənistan” adlandırılan ƏrMən torpağında qalıb hələ Muğannalar. Bir etibarlı adamımızın, gizlətmirəm, həmin Saşanın məlumatına görə, Xudiyev agentlərinin Türkiyədə də agentləri çoxdular, deyir, türk ordusunun içinə göndəriblər, Türkiyənin ən məsul işçilərinə çevriliblər, asta-asta dağıdırlar ölkəni daxildən. Belə bədbəxtliyimiz var, Bircə bala. Şüşəli pavilyondan qərar yayılır hər yerə: harda, kim, nə vaxt öldürülsün. Tək bir nəfər nəzarətçimiz var bizim o pavilyonda. Lap cavanca rus qızıdı: Marina. “Məryəm ana” deyirik. Tanı. Lazım olacaq. Başqa nə deyim sənə?
Rayonun belə müsibətli vəziyyətində, köhnə qayda üzrə səfərbərlik aparıb pambıq yığımını təşkil eləyirəm. İclasın yarısında, birdən elə bil yuxudan ayılıram, görürəm dilim o sürüynən danışıb, özüm sənin yanında olmuşam. Bu dörd ayda, bu divarların arasında ancaq sənnən oturub-durmuşam. Üçüncü adam olmayıb burda. İnanırsanmı mənə? Başını qaldır üzümə bax, gözümün işığı! De görüm, inanırsanmı mənə?! Səni məndən, məni səndən ayıra biləsi qüvvə varmı dünyada?!
Səməd başını qaldıra bilmədi. Çünki gözləri dolmuşdu.
– Yoxdu əmi! – dedi. – Elə bir qüvvə yoxdu! Sən incə adamsan, böyük insansan, əmi! Gör nə qədər casus, terrorist arasında işləyirsən!
Əgər bu vaxt Əlləzoğlu görünməsəydi, məhəbbəti Səmədə çox söz dedirdəcəydi. Çit arğının üstündən başına həmin qıllı, boz “motal” papaqda, Göbələk, hər əlində bir şiş kabab, yox yerdən peyda olan şeytan kimi, birdəncə stolun böyründə peyda olub, Səmədin sözlərinin qabağına tıxac kimi tıxandı.
– Köhnə əyyamın kəlamıdı: əvvəl təam, sonra kəlam!.. Əvvəl yeyin, sonra danışın, dərdin alım… – Qara, gödək barmaqlar şişin birini Sultanın nimçəsinə çəkdi, ikincisini Səmədin nimçəsinə.
Sultan bu müdaxilədən nə qədər tutulmuşdusa, Səməd bir o qədər sarsılmışdı. Stəkanı ovcunda sıxıb, kirpiklərini endirib, Əlləzoğlunun burdan rədd olmağını gözləyirdi. Yox, vəziyyətə alışmırdı Səməd!
Sulta əllərinin titrədiyini görə-görə, öz nimçəsindən yuxa parçası ilə bir tikə götürüb ona verdi, birini də özü götürdü.
– Düz deyir, əvvəl təam…
Alovlu ocağa su tökülən kimi bir şey oldu. Dolu stəkan Səmədin birdən-birə barmaqlarının arasından sürüşüb böyrü üstə düşdü, qara-qırmızı çaxır yayılıb dümağ süfrədə qan ləkəsinə çevrildi və Səmədin gözləri o ləkəyə dirənib qaldı.
Dumanlı bir hiss, içərisinə çöküb qalmış o lil-palçıqdan da qatı, köhnə bir çöküntü tərpənib Sultanı tələsdirdi ki, duz qabını tezcə götürüb süfrədəki “qan”ın üstünə duz töksün: “Ye, ye!” Çörəyini ye!” – deyib qardaşoğlunu yeməyə məcbur eləsin.
Səməd başını endirib, üzünü gizlətməyə çalışıb yeməyə başladı, əmma gözləri dolanıb yenə o ləkəyə dirəndi.
– Hə, meylinizə yarayırmı, dərdin alım?.. Yaxşı içalat da var. Bəlkəm gedim bir-iki şiş də iççalatdan çəkim?
– Hə, get, get! – Sultan qayınatasını açıq-açığına qovdu.
Səməd əlini qrafinə atdı, stəkanı doldurub təkbaşına içdi. Cəmisi bir neçə dəqiqə əvvəl, “Elə bir qüvvə yoxdu”, -deyəndə nə qədər ayıqdısa, indi bir o qədər sərxoşdu.
Qalın duz layının üstünə çıxan qızartıdan başqa heç nə görmürdü.
O qızartıya “Dəli Səməd”i yuxudan oyadıb hadisə yerinə – saqqız ağacının yanına aparan Cəfər əmi – Lüt Cəfərin və Gülənovun səsləri həkk olunmuşdu: “Qəsd işi yoxdu!.. Qəsd işi yoxdu!..” Qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında dayanmış Sultan əminin səsi də Cəfər əmi ilə Gülənovun səslərinin arasında idi: ”Qəsd işi yoxdu!”
Bu səslər çoxdan açılmış bir sirri yenidən açırdı.
O sirr ki, Səməd hələ “avariya” günü əmisinə məhəbbətinin altında basdalayıb gizlətmişdi. Elə indinin özündə də basdalayırdı, mürəkkəb hiss və duyğular çəlpəsəyində saxlayıb, aydın sözə-fikrə çevirmək istəmirdi, əmma əmisinin süfrəsində qan ləkəsinə həkk olunmuş səslər məhz o sirri sözə-fikrə çevirirdi: “Öldürülüb!..” “Öldürülüb!..” “Öldürülüb!..” “Qəsd işi yoxdu”, – deyib özündən əvvəlkilərin sözünü təsdiq edən, “Açma”– deyib qapağı qaldırmağa qoymayan qardaş bilir ki, qardaşı öldürüb, əmma sirri qardaşoğluna açmır, çünki o sirri açsa, yəni qardaşına sui-qəsddən xəbərdar olduğunu etiraf etsə, gərək qəsd işini gizlədilməyində iştirakını da və bu hərəkətinin səbəbini də açıb desin…
Süfrədə qan duzu yedi. Kim isə zalın o baş-bu başındakı çilçıraqlardan əlavə işıq yandırdı, stolun üzərindəki parıldayan çilçırağın altında ləkə açıq qırmızı rəngə düçdü, ordan – ləkədən şıxan səslərdən biri son dəfə “Açma!” – dedi. “Açma! Bircə bala, açma!” – dedi və susdu. Səmədə elə gəldi ki, bu axırıncını heç də ordan – ləkədən yox, əmisinin özündən eşitdi. Diksinib, hövl içində başını qaldırıb baxdı. Əmma əmisi yerində deyildi.
Sultan, əlində çaxırla dolu stəkan, əyri-üyrü addımlarla qapı tərəfdən gəlirdi və gələ-gələ zalın yuxarı başında kiməsə üz tutub: -Ağlıyammıram, – deyirdi. – Düz yeddi il səkkiz aydı yaş düyünlənib qalıb, ağlıyammıram, – deyirdi.
Səməd ancaq indi gördü ki, içəridə tək deyil.
Yuxarı başda döşəməyə xalça salınmışdı, döşəkcə, mütəkkə qoyulmuşdu. Xalçınan bir tərəfində, sinidə Seyid kişinin samiovarı buğlanırdı, o biri başda – döşəkçənin üstündə Abı ilə Çürük Aşıq, ayaqlarında qara-qırmızı naxışlarla bəzəkli corablar, bardaş qurub yanaşı oturmuşdular.
Çürük Aşığın qabağında, stəkanın yanında özü kimi qədim, xırda, qonur-qara cürəsi işıldayırdı. Abının çay stəkanının yanında isə, “iç adamının” özü kimi qədim yastıbalabanı qaralırdı.
Vaxtilə Suranı o taydan – Təbrizdən gətirib kəndə özünə toy eləyəndə səd Mədəd, daha doğrusu, o vaxtki “Bedkom52 Mədəd” öz halal dədə-baba malından bir axça Çürük Aşığa bağışlamışdı, bir axça da Xızr Abıya. Səməd qocaların o axçaları xərcləməyib, birini saza, birini də balabana yapışdırdıqlarını eçitmişdi. əmma görməmişdi. Çünki Çürüyün bütün mahalda məşhur aşıqlığı, toylarda, şənliklərdə otuzluq lampanın altında dayanıb öz çəkkiltisi ilə lampanın alovunu oynatması lap çoxdan nağıl kimi, əfsanə kimi bir şey olmuşdu. Xızr Abı isə, Aşıq qardaşı sazı yalnız hərdən qocaların təkidilə üzə çıxdıqlarına görə, “axçalı-pullu” balabanını sandığın dibinə atıb, mollalıq eləyirdi, daha doğrusu, arxalığının ciblərini çərəklərlə doldurub divarlar dibində, qəlyanlı qocaların arasında qəlyanını tüstülədə-tüstülədə oturub, oraya gəlib ƏsƏlim deyənlərin cavabında “ƏlEy ƏsƏlim” deyə-deyə “Təhlə”dən, “Qaraçöp”dən, “Qarayazı”53dan gələn müridlərin54 hamısının toplaşmasını gözləyəndən sonra hərəsinə bir Təbriz çapı kitabça paylayıb, “Süleyman padşah”dan, “Xəzinə”dən hədis deməyə başlayır, o yığmağa kənar adam qoşulardısa, o dəqiqə “Qurani-Şərif”dən, Şəriətdən söz salırdı. Yad adam gedəndən sonra isə, öz əvvəlki ovqatını təzələmək üçün hökmən Çürüklə baş-başa verib, bəzən hər ikisinin qələmindən çıxan qəzəl, gəraylı, qoşma oxuyurdu:
“… Mən Əlhəm oğluyam Əlvənd55 dağında…”
Abıya, Çürüyə aid belə-belə qəribə, anlaşılmaz söz-söhbətləri xatırlayıb, haqqında bu qədər danışılan SafAğ Elmini “boş bir şey” adlandırıb, hətta bundan qəmlənəndə birdən Səməd son dərəcə anlaşılmaz bir aydınlıqla atasını Abı ilə yanaşı gördü, o üşütmə içində tir-tir əsdi. Eyni anda işərisində qışqırtı titrədi: “Bu nədi, bu nədi?!” Bədbəxt hardan biləydi ki, uzaq OdAğÜz BağOdƏr planetindən SafAğ İşıq içində göndərilən bu canlı insan qədər canlı şəkil tək-tək adamlara nəsib bir xoşbəxtliyin başlanğıcı idi.
Görüntü tezcə yox oldu.
Sultanın səsi eşidildi:
– Özünüzə məlumdu hər şey. Çıxardın içimdən bu düyünü!
Çürük dilləndi:
– Abıya çoxdan ayandı sənin düyünün. Hazır gəlmişiz biz, oğul. O əlindəkini bir qırağa qoy. Əyləş, başlayaq.
– Başlayın, başlayın!.. – Sultan stəkanı boş qrafinin yanına qoyub, keçib portretin altında oturdu, qollarını sinəsində çarpazlayıb, başını arxaya – divara söykədi, göz qapaqlarını endirdi. “Açma! Bircə bala, açma!” – deyən o asta, xırıltılı səs hələ də Səmədin beynində idi. Bu səsin təhriki ilə Səməd gecədən indiyə qədər keçən müddətdə birinci dəfə əmisinin üzünə diqqətlə baxdı. “Açma!” – deyən, içərisi düyünlü əminin qapqara yanmış, qurumuş göz qapaqlarında yeddi il səkkiz ayın yuxusuzluğunu gördü. Səməd, əlbəttə, açmayacaq, hər küncündə bir mismar işıldayan qapaq necə əbədi örtülü qalıbsa, bir açıq sirri də elə qalacaq.
Qarayanaq göz qapaqları titrədi, çal, pırpız qaşlar düyünlənib daha da pırpızlaşdı. Həmin bu anda yaşılbalabanın bəmi cürənin cingiltili zilinə qarışıb qarmon səsinə çevrildi. İllərin uzaqlığından bir sehr gəldi, Səmədin ürəyini ovcuna alıb apardı. Bu sehr “Zarıncı” idi. O “Zarıncı”ki, hamının, o cümlədən Səmədin də pislədiyi Gəzəyən Şənbənin barmaqlarından çıxmışdı, qara geyimli, göy örtüklü gəlinləri ağlatmışdı. O “Zarıncı” indi Çürük Aşıqla Xızr Abının barmaqlarından çıxırdı.
Aşxana, kababxana künclərində “lotu-lotu üçün çalan”, “gündə bir kişinin altında uzanan”, o bədnam Gəzəyən bu sehri hardan alırdı?!
Bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?!
Səməd əmisini də unutmuşdu, özünü də.
Birdən balaban susdu. Çürüyün quru, uzun barmaqları ən bəm – baş pərdədə, “Baş Divani” üstündə ağır-ağır tərpənib, “Zarıncı” göynərtisindəki sehri ciddiləşdirdi. Eyni vaxtda qocaların başları əsə-əsə bir-birinə doğru əyildi. Zəif, üzgün-heysiz, əmma bulaq suyu kimi tərtəmiz zil Abının məxmər bəmi ilə qoşalaşdı, iki səs bir-birinə elə qovuşdu ki, daha üçüncü səs– cürə lazım olmadı; Çürük əlini saxladı ki, sözlər aydın eşidilsin:
Əhvalımı soruşursan, nə təhər deyim, ey qardaş,
Azərbaycan nə təhərdi, mən o təhərəm, ey qardaş.
Şimaldan bir səmum əsir, Cənubumuzdan başqası,
Səhralaşan yurdumuzda tozdan betərəm, ey qardaş!
Səməd yenə əmisinə baxırdı. Pırpız qaşlar necə çatılmışdısa, eləcə qalmışdı. Yeddi il səkkiz ayın yuxusuz gözləri necə qapanmışdısa, eləcə qalmışdı. Yox, düyün açılmırdı. Bunu, deyəsən, qocalar da gördülər. Oxumaq əvəzinə elə bil hönkürməyə başladılar:
Farsın içində dilsizəm, Rusun içində elsizəm,
Ağlamaq da qadağandı, boğuq qəhərəm, ey qardaş!
“Qəhər” sözü “qəhr”dəndi, “qəhr” – “ki ər” OdƏrdəndi,
Odu, Əri də qəhr olan məzlum OdƏrəm, ey qardaş!
Qarayanıq göz qapaqlarının tökülüb seyrəlmiş kirpiklərini bu fəryaddan sonra da qupquru görəndə Səməd başa düşdü ki, düyün açılmayacaq. Çünki Sultan əmi yatmışdı. Özü də hələ bayaq qollarını sinəsində çarpazlayıb başını divara söykəyəndəcə yuxuya gedib, nə “Zarıncı”nı eşitmişdi, nə də “Divani”ni.
Qocalar birdən-birə qəzəblənmiş kimi, heç birinə yaraşmayan heyrətli, uca, hönkürtülü səslə bayatı çəkdilər:
Eheeeey, oyan dağlar!
Nə yatmısan, oyan, dağlar!
Bu yanın zülmətxanədi,
Necədi o yan, dağlar?!
A dağlar! Od Ağlar56, dağlar!
Qocalar susar-susmaz, bayaqkı görüntünü Səməd bu dəfə əmisinin böyründə – divanda gördü; Sultanın o cür bayatıdan da oyanmadığına elə bil Mədəd də heyrətlənib, üzündə heyrəti, oğluna baxıb yoxa çıxdı.
Qocalar kor-peşman Sultana tamaşa eləyirdilər.
Səməd isə daha nə əmisinə baxa bildi, nə də qocalara.
Yeddi il səkkiz ay öz “cəhənnəm kürəsi”ndə yanıb qovrulandan sonra burda, əmisinin süfrəsinin başında atası ilə əmisinin “məzlum OdƏr” talelərinə yana-yana ilk dəfə doyunca, demək olar ki, lap boşalınca ağladı. Üzünü biləyinə söykəyib, elə burda da yatdı və gecənin bir vaxtı oyandığı anda röya gördü. Bu röya həm şirindi, həm də acı. Şirinliyi bunda idi ki, Gülgəzlə üz-üzə oturmuşdu. Gülgəzin gözlərinə, cıqqalarına baxa-baxa, Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyirdi. Acılığı isə bunda idi ki, kişmiş acı idi. Dilinə-damağına çökən zəqqutun dadını duyduqca, Səməd tez-tez Gülgəzin biləyindən yapışırdı. “Yemə, yemə! Kiflənib kişmiş! Zəhərlənərsən!” – deyirdi. Əmma Gülgəz qulaq asmırdı. “Sənnən zəhər də xoşdu” – deyib gülə-gülə kişmişi ağzına basırdı və acılıqdan, elə gülə-gülə inildəyirdi.
Oyanıb qaranlıq zalda, yığışdırılmamış süfrədə qabların soyuq işıltılarına baxa-baxa, həmin iniltini yenidən eşidəndə Səməd röya ilə reallıq arasında, anlaşılmaz və anlaşılmaz olduğu qədər də əzablı bir aləmdə bir müddət hərəkətsiz qaldı. Sonra dik atılıb inilti gələn tərəfə cumdu.
Qapıları, pəncərələri taybatay açıq yataq otağında, stolüstü lampanın işığında, arxasıüstə uzanıqlı Gülgəzin elə bil son nəfəsdə “qamətə” dikilmiş, işgəncə ilə dolu gözləri parıldayırdı. Sultanın zil qara hörüklərə qarışmış çal saçı işıldayırdı. Səsi xırıldayırdı:
– Qalmalısan!.. Sən bu evdə qalmalısan!
Səməd əllərini üzünə basdı. Yataq otağına tərəf cumduğunun, orda gördüyünün, eşitdiyinin də röyada baş verdiyini hiss etmədən, bundan qaçmağa, uzaqlaşmağa çalışıb, səndələyə-səndələyə geri çəkildi. Taleyin dönüklüyündən, təhqirin ağırlığından, bədbəxtliyin sonsuzluğundan boğulurdu. Ani bir nəzər, ani bir mənzərə qəlbində hər şeyi alt-üst eləmişdi, bütün həyatını, varlığını qurban verməyə hazır olduğu əmisinə – “uca şəxsiyyətə, gözəl insana” məhəbbət əvəzinə, ürəyinə ikrah doldurmuşdu.
O balıncın üstündə dəbərə qalan, işgəncə ilə dolu gözləri, o qara saçların arasında işıldayan çal tükləri xəyalından uzaqlaşdırmağa, eşitdiyi inilti ilə xırıltını qulağından çıxarmağa çalışdı, mümkün olmadı. O gözlər daha da böyüdü, dəhşət dünyanı tutdu və Səmədin Qaraçı gözəli adında Qaratikanlı – Gurtikənli, Qaraağaclı-Gurağaclı dünyası ilə birgə Sultan Əmirli adında möhtəşəm dünyası da o dəhşətə qarışıb yoxa çıxdı və Səməd bu yoxluq, heçlik içində əmisinin evinin pillələrindən axırıncı dəfə düşüb, eynilə dünənki kimi, haraya və nə üçün getdiyini bilmədi…
10
Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzlu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya bir yanının üstündə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?