Текст книги "İdeal"
Автор книги: Muğanna İsa
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]
Sultan indi lap ucadan danışırdı. Çesuyçalılardan bəzilərinin – xırda idarə başçılarının əməlli-başlı titrədiklərini, yəni öz ünvanlarına deyilən sözlərdən qorxuya düşdüklərini, eynilə Əlləzoğlu kimi rəzilləşdiklərini gördükcə Səməd fikrən: “Tfu!” – deyirdi.
Qolu əmisinin qolunda, əmisinin addımlarına uyğun addımlarla, eynilə əmisi kimi düz irəli baxa-baxa, qızartdaq darvazaya doğru gedirdi. “Avariya” günü əmisinin hənirində ata həniri tapdığı dəqiqədən sonra əmisinə heç vaxt indiki qədər yaxın olmamışdı: çesuyçalılara kin onları iki canda bir qəlbə çevirmişdi və bu dəqiqələrdə Səməd bu birliyə mane olası bir şey görmürdü. Əmma raykomun qabağından keçib, çesuyçalılardan uzaqlaşıb, qızartdaq darvazaya yaxınlaşdıqca qolu öz-özünə boşalıb əmisinin qolundan üzüldü, ürəyi qəribə – uzun fasilələrlə vurdu, hətta addımları da dəyişib tərəddüdlü oldu və Səməd başa düşdü ki, hisslərini cilovlamaq, hər şeyi Sultan Əmirlinin xoşbəxtliyinə tabe etmək qərarının qətiliyinə baxmayaraq, ürəyi iradəsinə tabe olmur, əgər bu müxənnət ürək bir az da bu cür dayana-dayana vursa, Bircə balanın üzünü vaxtında qırxmadığına da diqqət yetirən əmi bu ürəyi görəcək, evdə “elqızı”nın yanında isə, şübhəsiz, çarəsiz dərd içində qalacaq…
* * *
Neyləsin? Bəlkə getməsin evə? Necə getməsin? Bir bəhanə tapıb dayansın, qayıtsın? İndicə raykomun qabağından keçəndə Əziz Mayılovla Məleykə bacını həmin yerdə – həyətdə gördü. Bəlkə desin ki, ayıb oldu Əziz müəllimlə görüşmədim? Axı o kişinin qabağından düz keçmək, doğrudan da, yaxşı iş deyil. Həm qohum idi, həm də uzun müddət rayonun ən hörmətli pedaqoqlarından olub, otuzuncu illərin cvan müəllimləri səfərbərliyə düşüb müharibəyə aparılanda, yəni məktəblərdə müəllim çatışmayanda, Əziz Mayılov “narkomprosun41 kandarını yağır eyləyib”, təcili pedaqoji kadrlar hazırlamaq üçün” Qazax şəhərində ikiillik institut açılmağının vacibliyini sübut eləyib. Qısa müddətdə – ikicə ildə cibi diplomlu olmaq imkanına görə cavanların əksəriyyəti, o cümlədən Səməd məhz Əziz müəllimə minnətdardır. Bütün bunlar əsas vermirmi Səmədə desin ki, qayıdım görüşüm? Bəs niyə dillənmir? Sünilikdən çəkinir? İkiüzlülükdən? Bəs bu cür sıxılıb-açılan ürəklə, bu cür dolaşıq addımlarla gedib Gülgəzin yanında da üzə maska çəkmək nədir? Hər şeyi Sultan Əmirlinin xoşbəxtliyinə tabe etmək qərarı ilə gəlibsə, daha bu bəhanə-filan nədir? Yox, yox, əlbəttə ki, heç bir bəhanə gətirmək olmaz. Bax elə bu cür ürəklə, bu cür addımlarla getməlidir, çətinliyi birdəfəlik və həmişəlik üstələmək üçün əmisinin arvadı ilə görüşməlidir, bəlkə hətta, “Sən bu evə xoş gəlmisən”, -deməlidir. Başqa yol yoxdur. Ancaq bu cür hərəkət etməlidir və bu hərəkətin işgəncəsinə dözmək nə qədər çətin olsa da, dözməlidir!
– Təzə kadr nə tez qaldı qayğılar dəryasına?.. Rayonun daxili vəziyyətiynən, dost-düşmənnən maraqlanardın əvvəllər. Başa düşürəm… Sarsıntının buzunu sındırmaq çətindi. Abı hazırlamalıydı səni ki, görüşümüz çətin olmasın. Əmma insanı öz səviyyəsindən yuxarı qaldırmaqdan ötrü vaxt lazımdı. Çox, çox, qeyri-adi qaydada dəyişdirməliyik biz səni. Yoxsa dil tapmayacaqsan əminnən. Açığı… lap açığı bildi ki, rayonun daxili vəziyyəti – filan haqqında qəsdən sual verdim. Susma, oğul! Tərpət dilini!
Gərginliyin aradan qaldırılması üçün yəqin ki, məhz belə mərdlik tələb olunurdu. Səməd nəfəsini dərib, əlini üzünə çəkib saqqalını xışıldatdı.
– Daxili vəziyyəti özün yaxşı dedin. Qısa və aydın: “Kommunizmə taxtabitili çapayınnan gedirik”.
– Sonra sövq-təbii, söhbəti uzatdı: – Təyinnamə alanda soruşdular ki, rayonunuzun perspektiv işləri barədə nə bilirsən? Şişdim qaldım… Zabitlər evinə aparmışdılar o günü. Sən daha yaxşı bilirsən necə zabitlər eviydi ora. Orqanın42 məxfi guşələrindən biridi. Sual verdilər. Leninin maxizmi tənqidi haqqında. Kimsə bilirdi kiməm mən, elə ona görə məhz maxizmə aid sual verdilər. Mən də açıqca hərtərəfli danışdım, başa saldım ki, maxizmin43 dəxli yoxdu mənim şeyx əmilərimə. Dini kommunizm, materiyanın fövqündə olan ədalət yaddı Ağ Əmirlə Boz Əmirə. Təhrif dillərdə “Allah”ı tənqid eləyiblər şeyxlər, ƏLAğı, yəni Saf İnsan Əli – Oğlunu, insanı təbliğ eləyiblər. Onu da dedim ki, “İsa” təhrif addı Ərəb dilində. Əsli EySardı dedim; qısası köhnə səhbətlərimdən yadımda az-çox nə qalmışdısa, dedim orda. Biri qışqırdı ki, “İisus adı ilə məşhurdu Sın Boqa! Sən niyə türkə çəkirsən”?! Dedim; “Türkə çəkənlər yox”, həqiqəti deyənlər məndən əvvəl deyiblər. Mən istəyirəm ki, o əmilərim Şeyx Ağ Əmirlə Şeyx Boz Əmir “Sın Boqa”nı Yerlə sıx əlaqəli şəkildə, materiya ilə bağlı biliblər, kasıb əhali ilə əlaqələrini bizim proletar ideyaları ilə əlaqəli götürüblər. Din yoxdu burda! Özümün də xoşum gəldi cavabımdan. Əmma rayonumuzun perspektiv işlərinə gələndə köpdüm. Etiraf elədim ki, cari ilin plan göstəricilərindən başqa heç nəynən maraqlanmamışam. Yaman sərtləşdilər. Dedilər, “rayonun sabahına laqeydsənsə, partiya işçisi demək olmaz sənə!..” Başa düşdüm ki, anketimə görədi hamısı. Zabitlər evində o sual da anketimə görə idi, bu da… Bilirsən nə dedim?.. “Bezobraziye” barədə danışdım. Sədr Mədədin ölümü barədə. Teleqram barədə! Stalin yoldaşın internasionalizm prinsiplərini anlamayan, məhdud dünyagörüşlü kadrlara nə ki var döşədim! Xudiyevə, Gülənova! Dedim; “nə qədər ki, orda elə adamlar var, Sosialist Əməyi Qəhrəmanı Sultan Əmirlinin rəhbərlik etdiyi rayonda planların ödənilməyinin özü də qəhrəmanlıq sayılmalıdı. Perspektiv işlər məni o vaxt maraqlandırır ki, kadr sağlam olsun, Sultan Əmirlinin ətrafında, gələcəyə baxan adamlar olsun. Pıçhapıç düşdü aralarında. Sonra zarafata düzdülər dalını:” Kadr– sən! Bir də əmin Əmirli! Başqa qohumun varsa, de, onu da göndərək. Əmirlilər partiyası təşkil eləyin orda”. Belə… Daxili vəziyyəti belə görürəm mən. Sənnən, sənin beş-üç dostundan, bir də təzə kadrından başqa kadr görmürəm… Bakı mühitindən gəlir bunun hamısı. “Bezobraziya”nın kökü ordadı, əmi, yerli kadr neyləsin?! Daha nə deyim?.. Açığı, ən səmimisi budu ki, başım dumanlıdı… – Səməd qızardı, öz səmimiyyəti üzündən artıq danışdığını duyub pörtdü.
Sultan ona baxıb dərhal gözünü yayındırdı. Eynilə mehmanxanadakı kimi, ciddiləşməyi ilə gülməyinin arası bir şey çəkmədi:
– Yoldaş Əmirlinin tənqid atəşindən başları xarab olanda çesuyçalılar deyirlər: “Gedək başımızı düzəldək”, yəni içək, qəmlər dağılsın. İçirdəcəm bu gün səni, Bircə bala. Özüm də möhkəm içəcəm. Mədədin vəsiyyətini Abının diliynən mən xatırlatmışam sənə… Heyif, Elm barədə kifayət qədər danışmamışıq sənə. Abı təsir eləməyib sənə. Deyir, əvvəllər eşitdiyini də unudub.
Rayonda zurna çalınır: “Qardaşı oğlunun, Bircə balasının istəklisini gətirib özünə arvad eyləyib”!..
Düşmən gəvidi, canım-ciyərim.
Qazağın Dağ Kəsəmənində köhnə Pünhanlarımızdan Fətəli xan Xoynan44 qohumları qalmışdı. Köçürdüm o yan-bu yana, dağılışdılar, kömək elədim pasportlarını da dəyişdirdilər. Əmma əlaqələrini kəsmirlər mənnən… Aşıq Hüseyn Cavanın başına yığışmışdıq Qarayazıda – Qaratəpədə. Biri dedi: “Dilimlə deyil, dilim-dilim olan, ay ustad, elimdi!” Dedik: “Fərqi nədi?” Dedi: Tatarları da sürmüşdülər Krımdan, Tatarıstandan, Balkanları, Qaraçayları da! Yazdılar, yazdılar Kremlə, axır odu bax, qayıdırlar öz vətənlərinə! Bizi it unu kimi dağıdıblar hər yerə, bəs biz neyləyirik?! Yığışırıq, öz aramızda sızıldaşırıq: “Ay dilim-dilim dilim! Nolsun?!”
Düz deyir o kişi.
Sözdən işə keçməyin vaxtı çoxdan çatıb. Bircə bala. Əmma hanı Fətəli xan kimi, Nərimanov kimi kadrlarımız?!
“Bezobraziye” dəridən çıxır, hazırlaşır ki, bu il mütləq yeşikdə qoysun məni. Professorun Məhərrəm zəng vurmuşdu Bakıdan. İki ildə sənin orda kefin-əhvalın, oxumağın, dolanman barədə hər ayın başında məlumat verib o mənə. Yoxsa rahat olammazdım. İndi dediyin “maxizm” əhvalatını da səndən qabaq professorun deyib mənə. Fəxmən danışırdı: “Safdı, mərddi, prinsipialdı!..” Sonra səsi dəyişdi, dedi, qohumum Çax-çux buralarda hərlənir, Xudiyevnən görüşür… Povişeniye alıb Xudiyev, nə isə yeni vəzifəsi var… Onun vasitəsiynən Mərkəzi Komitədə kiminsə qəbulunda olublar “dostlarım”, məsələ qaldırıblar ki, Sultan Əmirli daha yaramır katibliyə. Belə işlər var, yoldaş təzə kadr… Gedərik indi dincələrik, danışarıq. Kişi bir dəfə evlənməlidi ömründə. Mənim o platonik sevgim də dildə-ağızdadı. Dostlarım deyirlər: doğrudan platonik olub Qıymatnan, düşmənlərim deyirlər: elə əvvəlcədən pozğun adamdı Sultan, hər küncdə bir arvad saxlayıb, uzaq-zad istəməyib ki, əl-ayağına dolaşmasın, kam alsın bu dünyadan. Çox söz dəyəcək qulağına, ömründə eşitmədiyin sözlər eşidəcəksən əmiyin barəsində. Dözmək lazımdı. Səbir eləmək, dözmək! Yeri gələndə də elə davranmaq lazımdı ki, gözü kəlləsinə çıxsın düşmənin! Bayaq qolunu qoluma salanda dədələrini yandırdın. Çəyirkədilər! Sarança! Nə danışırlar, boğaznan, qarınnan bağlıdı hamısı. Sabah yığım kompaniyası başlanır, kitabxanaların çoxunu bağlatmışam, içkini qadağan eləmişəm. Ta yığım qurtaranacan qarın söhbəti eləyəcəklər mənim bu fəallarım, kababa görə despot adlandıracaqlar məni. Hələlik bu qədər. Dalını evdə danışarıq. Konkret təklifim var yeni kadrıma. Harda, hansı postda kimlərnən və necə işləyəcəksən? Hamısı qət olunub. Çox təəssüf, öz həyatın proqram üzrə getmədi. Mirqəzəb adlı iblisin pəncəsində sıxıldım. Elm verəmmədim sənə. Əmma ətrafın boş deyil. Məhərrəm, Abı, Cənubdan gələnlər. “Mühacir” adlandırırlar hamısını; guya yad ölkəyə qaçıblar! Onlarla əlaqə yaradacaqsan, başqa cür yaşayacaqsan. Şəxsi həyatın, evin-eşiyin də, şübhəsiz, başqa cür olmalıdı.
Səməd suya batmışdı. Boz triko kostyumun altından qolsuz köynəyin ancaq boyunluğu quru idi. Əmma tər yüngüllük gətirmədi. Kiminsə taybatay açdığı darvazadan da əmisi ilə yanaşı keçib, bağı, həyəti yenə tüstülü görüb, başı sarğılı Əlləzoğlunu da tüstünün içində görındən sonra nə hala düşdüsə, Səməd hara və necə getdiyini bilmədi. Bir də o vaxt ayıldı ki, evdə, həmin yetmiş kvadratmetrlik zalda, stolun arxasında təkcə oturmuşdu.
7
Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KQB-sinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta imkan olanda – şərait yarananda da öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan, demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var”, – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunmuşdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca: “Azad edin:” və ya “Mənim şəxsi işçimdir” – deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sıxıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi…
Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrinin dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”45 saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşnik”lərini başına keçirəndə o adamın eşitdiyi ilk sözlər “Ya Saşa! Ya Saşa…” olurdu. Yəni Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi… Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa… Ya Saşa… pora vzyat moyeqo tyozku… pora vzyat moyu tyozku”46. Çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı…
8
Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.
Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qazmağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarların o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub – çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatı”nın, “Cəbr”in, “Həndəsə”nin – filanın vərəqlərini o yan-bu yana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən, sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cin-şayətin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.
Qıllı Qeybalı Dantes Qeybalı oldu. Göl qurudu. Bayaqkı “motal papaqlı, arxalıqlı adam qapıda görünüb yoxa çıxandan sonra, zalda tək qalanda Səməd göl dibinin uğultulu sükutunu xatırladı. İllər keçəndən sonra, əmisinin yemək otağında – yetmiş kvadrat metrlik zalda Səməd özünü həmin göl dibində hiss etdi. O göl dibi ilə bu zalın fərqi bircə bunda idi ki, burda ayaqdan asılan, çəngə-çəngə saç qopardan, ağız cıran, burun buran yoxdu, həyəcanla dolu, uğultulu sükut içində Səməd özü könüllü boğulurdu.
Sükutu əvvəlcə Sultan əminin səsi pozdu:
– Nə oldu orda? Yenə yandırmısınız?
Sonra Əlləzoğlunun səsi:
– Yandırmamışıq, dərdin alım. Közün üstə qalıb qurumuşdu. Təzədən çəkirəm. Özü də bel ətindən, uc qabırğasından! Gətirrəm indi, gətirrəm! Siz başlayın. Gətirrəm!
Səməd əlini süfrəyə uzatdı. Nimçələrin, araq, konyak şüşələrinin, qədəhlərin parıltıları içində göyümtül qrafində qaraya çalan çaxır gördü, qrafinin boğazından yapışıb ağzına söykədi.
Haradasa, deyəsən, “revkom kabineti” tərəfdə Sultan əminin qəhqəhəsi eşidildi:
– Barakallah, qardaşoğlu! Ə, yıxar səni çaxır. Qoy yemək gətirsin kişi!
Bu təzə– “maçar” çaxırın təmi tanışdı. Bir vaxt Sultan əmi bu çaxırı Tat Seyidin məlhəmi adlandırardı. İndiki Seyid kişiyə -raykomun qonaq evinin qarovulçusuna o vaxtlar – müharibə illərində “Tat Seyid” deyərdilər. Seyid kişinin indiki arvadı Xeyrə arvada isə “alverçi Xeyrə” deyərdilər. Tat Seyid üç para kənddə yeganə müsəlmandı ki, çaxır çəkərdi, alverçi Xeyrə isə yeganə zənəndi ki, iynə-sapdan, düymədən başqa çaxır da satardı.
Günlərin birində Qonaqlıda xəbər yayıldı ki, Başkənddə, yəni Qurbanlıda alverçi Xeyrə, ərlərindən qara kağız gələn gəlinləri gecələr evinə çağırıb, xəlvəti çaxır içirdir, səhərisi qapı-qapı düşüb, həmin gəlinlərdən çaxırın əvəzinə un yığır. Bu xəbərə əvvəlcə heç kəs, o cümlədən Səməd də, atası da inanmadı. Sonra isə Səməd, Qurban əmi – Qılınc Qurbanın atının tərkinə, atası isə öz atını minib, gedib öz gözləri ilə gördülər ki, dörd tərəfinə qarğıdalı şaxı döşənmiş, alçaq bir çardağın altında, qara çırağın işığında qarmonçu Şənbə “Zarıncı” çalır, qara geyimli, göy örtüklü, cavan-cavan gəlinlər otutrub ağlaşırlar, alverçi Xeyrə isə yekə bir çəlləyin yanında dizləri üstə oturub, mis dolçanı çəlləyə basıb-çıxarıb gəlinləri dümsükləyə-dümsükləyə çaxır içirdir.
Bütün bunları Səməd qarğıdalı şaxlarının arasından gördü.
Atası ilə Qurban əmi isə içəri getdilər.
Qurban əmi Şənbənin qarmonunu dartıb alıb yerə çırpdı, beşaçılan tüfəngin qundağı ilə vurub çəlləyi partlatdı.
O vaxt, o yaşında Səməd hələ dilinə içki vurmamışdı.
Çardağın altındakı hadisənin sabahısı Tat Seyid, qoltuğunda bir “çetvert”47 çaxırla, qapıdan girib, donqar belini bir az da əyib köyrələ-köyrələ uzun bir söhbət başladı. Məlum oldu ki, oğulları müharibəyə gedəndən sonra alverçi Xeyrənin əri ölüb, Tat Seyidin isə arvadı; bir düjün tifil Xeyrənin üstə düşüb, bir düjün də Tat Seyidin üstə düşüb, quru-taqqanaq arpa çörəyi yeməkdən quru-taqqanaq olublar yetimlər, o yetimlərin çörəyini kəsmək Kəbənin qulpunu qırmaq kimi bir şeydi, odur ki, Qılınc Qurban insafa gəlsin, qılıncını qına qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin.
Bu yanıqlı şikayətin cavabında nə sədr Mədəd bir söz dedi, nə də böyüklərin işlərinə qarışmağı xoşlayan ərköyün oğlu. Tat Seyid qoltuğundakı çelverti küncə, divar dibinə qoyub getdi. Qırx dördüncü ilin axırındamı olmuşdu bu, qırx beşin əvvəlindəmi, Səmədin yadında deyildi. Yadında qalan bu idi ki, bu göyümtül qrafinə bənzəyən o göyümtül çetvert şüşə elə o küncdə qaldı, üstünü toz basdı. Bir də “Müharibə qurtardı!” xəbəri çıxanda, Sultan əmi o vaxtkı qara “Emadin”də kəndləri gəzə-gəzə hər yerdə cəmaatı təbrik eyləyə-eyləyə, axırda yorğun-üzgün gəlib qardaşının evində oturanda, yəni çardağın altındakı hadisədən təxminən beş-altı ay sonra sədr Mədəd, nəhayət, o şüşəyə diqqət yetirdi, tozunu silib, tıxacını çıxarıb Sultan əmiyə bir stəkan çaxır verdi və Sultan əmi ilk dəfə onda “məlhəm” dedi. “Çaxır deyil ki, məlhəmdi”, – dedi. Sultan əminin Tat Seyidlə alverçi Xeyrənin işləri ilə maraqlanmağı da o gündən başlandı və Səmədə məlum oldu ki, Sultan Əmirli ilə Mədəd Əmirli o taydan nə vaxt gəliblərsə, Seyid kişi də elə o vaxtlar gəlib, Qurbanlıda dam tikib, yurd salıb. Özü də çaxırçı-zad deyil, üç para kənddə ən mahir rəncbər və bağbandır. Alverçi Xeyrə də alverçi-zad deyil, oğulları gedəndən sonra, gün-güzəran ucbatından, qayım Qudalının iynə-sapını, sancağını, düyməsini sata-sata alverçi olub axırda çaxır satmağa başlayanda isə ilişib, “gəzəyən Şənbəni evinə salan”, cavan-cavan gəlinləri el içində xar eləyən murdar zənən kimi tanınıb!.. Sədr Mədəd “o çardağın altına ayaq basdığı gecəyə lənət” deyirdi, ağı qaradan seçməmiş qılınc sıyıran dotələb ispalkomu, yəni Qurban əmini pisləyirdi. “Elə mən də onun tayıyam!” – deyirdi. “Cəmaatın qəzəbi, kini yerdən-göyə çıxıb. Üç kəndin üçündə də qapılar bağlanıb üzünə o bədbəxt kişiynən o bədbəxt arvadın!” – detirdi. “Batırmışıq Seyidnən Xeyrəni. Heç fələk də xilas eliyəmməz!” – deyirdi.
Sultan əmi isə çox asanca xilas elədi. “Emadin”ini birbaş Qurbanlıya sürdürüb, Seyid kişinin, Xeyrə arvadın “damlarında” yəni töyləsayağı yeraltı qazmalarında oldu, ordan kəndin ortalığına çıxıb cəmaatı yığdı. “Nə Tat Seyid sizin tanıdığınız tatdı, nə də alverçi Xeyrə sizin tanıdığınız alverçidi, -dedi. – “Müharibədə həlak olan oğlanların körpələrini boya-başa çatdırmaq üçün özlərinin oda-közə vuran, qeyrətli nənə, babadı hər ikisi!” – dedi. Sultan əmi belə deyəndə Seyid kişi “Emadin”in bir tərəfində ağlayırdı, Xeyrə arvad isə o biri tərəfində. Maşının dal oturacağında oturub, əmisinə qulaq asa-asa, gah Seyid kişiyə, gah da Xeyrə arvada baxan Səmədi də qəhər tutmuşdu. Qurban əmi – qılınc Qurbanın səhvi və atasının bu səhvə uyduğuna görə necə yanıb-yaxılmağı barədə nə isə demək istəyirdi, deyə bilmirdi. Çox çəkmədi ki, Sultan əmi Seyid kişi ilə Xeyrə arvadı oğlanlı-qızlı nəvələri, cır-cındır şələ-şəltələri ilə birgə qara damlardan çıxarıb, aparıb birini qonaq evinə qarovulçu və bufetçi qoydu, o birin raykomda xidmətçi. Və elə o günü anbar məscidin böyründə, cökələrin yaşıllığı içində karvansarasayağı tikilinin içindən köhnə barama tərəcələrinin çıxartdırıb, dörd yerdən böyük, işıqlı pəncərə qoydurdu. Seyid kişi ilə Xeyrə arvad orda – yeni evlərin qabağında da ağladılar. Səməd isə öz sevincini, qürurunu bildirmək üçün ancaq o axşam əmisinin evində, bu zalda, bu stolun arxasında, ömründə ilk dəfə çaxır içəndən sonra söz tapdı: “Mənim əmim el atasıdı!” – dedi. Sultan əmi çox bərk tutulub, dolub, qəhərli-qəhərli uzun bir nitqə başladı: “Nə elin var hələ, Bircə bala, nə də atası!.. Hissiyyatın güclüdü, gözəldi. Əmma bir vaxt gələcək, sanacaqsan. Elimizin Türk deyiləni də zülüm altındadı, Tat, Kürd deyiləni də. Elm öyrənəcəksən, biləcəksən ki, zülm altında olanların ataları da zülm altındadılar… Kimlərdi o atalar, hardadılar, nə üçün zülm altındadılar? Diqqətnən dinlə!.. Az-az iç bu məlhəmdən, dinlə və unutma!..” Uzun nitq uzun olduğu qədər də dumanlı oldu, Səmədin yaddaşının dərinliyinə gedib orda yatdı ki, bir də uzun illərdən sonra zülm altında olanların zülm altında olan ataları Muğlar – bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşsın. Məlhəm çaxırın təmi isə “Mənim əmim el atasıdı!” sözlərilə bağlı idi. Bu təm Səmədin qürurunun, sevincinin, fərəhinin təmi idi. Həyəcanla dolu, uğultulu sükut içində əməlli-başlı boğulduğu, gözlərinin qaraldığı dəqiqədə qrafindən başına çəkdiyi çaxır, Səmədi dünənki, bugünkü hadisələrin burulğanından çıxarıb, vurğunu olduğu “el atası” Sultan Əmirliyə qovuşdurdu. Bayaq yolda onları Mirqəzəbin səpdiyi toxumdan bitib rayonu basmış çesuyçalılara nifrət birləşdirmişdi, indi isə məhəbbət birləşdirdi. Və elə bu məhəbbət də Səmədi göl dibində burulğandan qurtardı.
Babasından əmisinə və ona keçən irsi xəstəlikdən Səmədin hələ xəbəri yox idi. Boğazının birdəncə genişlənib, nəfəs yolunun açıldığını, beynində ağrının divardan qopan kərpic kimi qopub düşdüyünü və əlindəki göyümtül qrafindən başqa şeylər görməyə başladığını hiss edib, bunun ardınca əmisinin qəhqəhəsini eşidəndə, avariya günü boz kitelə necə sığınmışdısa, indi qəhqəhəyə də eləcə sığındı, bu qəhqəhədən gülüş alıb güldü.
– “Məlhəm” nədi, əmi, möcüzədi bu, – dedi. – Verim sənə də?
– Yox, yox! Məlhəm adamı yıxır! Sərxoşluqdan qurtarmaq olmur. Debil eləyir adamı. Mənimki elə konyakdı… – Sultan divarda Stalinin qara lentlə haşiyəli portretinin qabağından keçib stola yaxınlaşdı. – Konyak, azdan-çoxdan.
Səməd sevincindən, lap axmaq-axmaq danışmaq da olsa, mütləq nə isə demək, danışmaq istəyirdi.
– Yox, bu dəfə Məlhəm içəcəksən əmi, məlhəm!
– Niyə axı?
– Nə bilim, – Səməd başını azca yana əyib yumşaq, ağrılı, dərin gözlərlə əmisinə baxdı. – Bircə balanın könlü belə istəyir!
“Bircə bala…” Bunu qardaşı oğlu özü dedi və bundan əminin gözlərinə əlavə işıq gəldi. Sarsıntılarla dolu, yanıqlı məhəbbət işığı Sultanın sifəti ilə birgə səsində də titrədi:
– Bircə balama qurban olum… Tök gəlsin! İkimiz də Məlhəm içirik bu gün!
Səməd ayağa qalxdı, adi stəkanlara həyat sarsıntıları ilə mənalanmış çaxlr tökdü, stəkanın birini əmisinə verib, o birini özü götürdü. Bayaqdan gözü Stalinin portretinə sataşanda, fikri o ətrafda dolanırdı.
– Şadlığım var, – dedi. – Məhv olsun Mirqəzəblər! Yaşasın, əbədi olsun “Bezobraziye”ni qamçılayan kişilər!.. Bunun barəsində atamdan da yaxşı-yaman eşitmişəm, səndən də. Partiya məktəbində də bir sicilləmə nitq dedilər “şəxsiyyətinə pərəstiş”in cəmiyyətə zərərləri haqqında. Açığı, beynimə girmədi, düz-əməlli dinləmədim də, bir Ucarlı yoldaşımnan sivişdik çıxdıq zaldan, getdik içdik o möhtəşəm şəxsin sağlığına. Düzü, mən bağlıyam bütün sosializm, kapitalizm korifeylərinə, əmi! Qara lent yaraşmır bu kişiyə. İcazə ver o lenti qopardım.
Səməd portretin çərçivəsinə dörd xırda, iynəvari mıxla sancaqlanmış lenti asanlıqla ayırıb, ovcunda büküb-büküb pəncərədən o yana atdı.
– İçək “xüsusi materiyadan biçilmiş”lərin sağlığına! O kişi boş-boşuna deməyib bu sözləri. Məgər əmim xüsusi materiyadan biçilməyib? Məgər atam xüsusi materiyadan biçilməmişdi? Babamı demirəm. Şeyx əmilərimi demirəm, bolşevik deyildilər onlar. Əmma bir yana baxanda, onlar da biz əqidəli deyildilərmi, əmi? Oğullarını nə üçün güllənin qabağına göndərirdi babam? Xeyrin şər üzərində qələbəsi naminə göndərmirdimi? Bəs əmilərim nə uğrunda qurban verdilər özlərini? Maxizmi tənqid eləyirəm mən, çünki xoşbəxtliyi bəşəriyyətin fövqündən gözləmirəm! Öz əlimnən yaratmaq istəyirəm öz səadətimi! Əimilərim də belə düşünmürdülərmi, əmi?
Pəncərədən görünürdü ki, həyətdə, tut ağacının altında, ocağın qırağında Çürük Aşıq yəqin ki, yağışa düşüb nəmlənmiş qara cürəsinin döşünü alovun üstündə o yan-bu yana gəzdirə-gəzdirə yaylıqla sürtürdü, kökləyirdi Səmədin lap uşaqlıqdan eşitdiyi ağır, dərin kədərli “Divanı” havası çalırdı və asta-asta mızıldanırdı: “… Beş gözəlin vurğunuyam…”
Hansı məclisdənsə Səmədin qulağında ötüb-keçib getmişdi ki, “beş gözəl də rəmzdi; Aşıqlar Bağ Ata ilə dörd oğlunu nəzərdə tuta-tuta məclisi çox vaxt bu sözlərlə başlayırdılar.
Səməd Çürüyün mızıltısını ötəri dinləyib, beyni qıjıltılı:
– Əlbəttə, el atasız olmamalıdı. Yetim qalmamalıdı. Lap nə cür nöqsanları olsa da Stalin el atası deyildimi?! Mənim atam, Şeyx əmilərim el ataları deyildimi?! Mənim atam, Şeyx əmilərim el ataları deyildilərmi? Sən özün!..
– Bircə dəqiqə, bircə bala, bircə dəqiqə…
Sözünü kəsmək istəmirəm. Əmma bircə dəqiqə… – Sultan stəkanı stolun küncünə qoyub, barmaqları titrəyə-titrəyə kitelin yaxasını açdı.
Səməd narahat oldu:
– Həyəcanlandırdım səni?!
– Yox, yox… Kaş həmişə belə həyacanlanaydım… – Sultan papiros yandırdı, ağır-ağır yeriyib, əlini portretin arxasına uzadıb ordan kiçik formatlı bir şəkil çıxartdı. Sifəti avazımışdı. Dərin, uzun qırışlarla doğranmış hündür alnında narın tər işıldayırdı. – Dünya dəyişir, vulqar sosiologiyanın dövranı qurtarır, Bircə bala. Ömrümdə təsəvvürümə gətirməzdim ki, partiya məktəbinin müdavimləri belə açıq siyasi mübahisələr eləyə bilərlər. Deyəsən, doğrudan da, dəyişir dünya… O murdar, o Çax-çux hələ müharibədən qabaq hardasa görübmüş bu şəkli, xəbər veribmiş o birisi murdarlara – Gülənova, Persə, onlar da dübarə çatdırıbmışlar Mirqəzəbə ki, Əmirlilər şeyx qardaşlarının şəkillərinin saxlayırlar evlərində. Guya namaz qılıram mən! Belə əcaib-əcaib böhtanlar içində keçib ömrüm, oğul!.. Dünən Bakıdan ifşa xəbəri eşidəndə bayram eləməliydim mən Mirqəzəbin ifşasını. Dünəndən burdadı bu içki. Sevinəmmədim, içəmmədim… Çoxdan bilirdik onun düşmənçiliyini. Əmma arxası elədi ki, açığı, ifşa olunduğuna indi heç kəs inanmırdı. Dünənə sən qatarda olanda tutulub Mirqəzəb – Mircəfər Bağırov! Həbs olunub. Sultan Əmirlinin qələbəsidi bu. Korifey-filan, öz yerində. Qələbə şərəfinə iç!
– Yox, əmi! – Səmədin ürəyi sökülürdü. Həyəcanla, ehtirasla, stəkanını qaldırıb əmisinin stəkanına vurdu. – Korifeylərdən sağ qalmış Sultan Əmirlinin sağlığına! Ah-uf yaraşmır sənə, əmi. Mirqəzəb də rədd olsun, zülm də. Mətin Sultan Əmirlinin sağlığına içirəm! Qalıb Sultan Əmirlinin sağlığına!
Sultan dikəldi. Solğun, bozumtul üzünə pul-pul qızartı çıxdı. Gözləri gülürdü.
– Xeyli vaxtdı eşitmirdim belə sözləri. Dağ götürdün çiynimdən!.. Gəl belə danışaq. Sən iç mətin əmi sağlığına, mən içim mətin qardaşoğlu sağlığına! Mirqəzəbin “bezobraziye” sürüsü içində əmisinin qolundan tutan, əmisiynən çiyin-çiyinə addımlayan dirəkli oğul – arxa sağlığına!..
– Səməd həyəcandan stəkanını bir də stəkana vurdu.
– Məndə az-çox yetkinlik varsa, o da sənin xidmətindi, əmi. Sənin şəxsiyyətinnən fəxr edirəm mən. Sənin uca şəxsiyyətinnən, ideallarınnan!.. Gözəl insanlığınnan!..
– Mən də sənnən fəxr edirəm, Bircə balam! Varisim! Hələ dərk eliyəmməzsən kimlərin, nəyin varisisən. Elmimiz batmır beyninə. Abıynan burda kobud rəftarın göstərir ki, hələ çox, çox uzaqsan varislikdən. Ətraflı söhbətlərdən sonra Yer üzündə misli olmuyan bir xəzinə verəcəm sənə. “Süleyman peyğəmbərin xəzinəsi”ni!
İçdilər.
Hər şey yaxşı gedirdi. Əlləzoğlu içəriyə qulaq verə-verə, pillələri lap pişik kimi səssiz qalxsa da, Sultan qeyri-adi həssaslıqla, qayınatasının gəlişini duyub qabağına getdi, zəhmli pıçıltı ilə: “Qayıt, qayıt!” – deyib, sinidə bükülü kababı ondan alıb, gətirib ortalığa qoydu. İlk addımı Sultan yolda aymışdı. İkinci addım – çətin, ağır addım burda – evdə yox, başqa şəraitdə atılmalı idi, Sultan Səmədlə tamam açıq danışmalı idi. O açılışmadan sonra, başı yarılan qayınata da yaxın gələ bilərdi, hətta Gülgəz də gözə dəyə bilərdi. Hələlik isə Sultan maksimum ehtiyatlı olmalı və addımı öz vaxtında atmalı idi.
– Çox içmə hələ. Çesuyçalı “korifeylər”lə görüş təyin eləmişəm bu gecə, saat on ikiyə. Lap qısa söhbət olacaq. İstəyirəm sən də iştirak eləyəsən. Görəsən…
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?