Текст книги "İdeal"
Автор книги: Muğanna İsa
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]
Əlləzoğlu sönmüş qəlyanı damağından çəkib kəmərinə taxdı, əllərini biz-biz tükləri bozaran qara üzünə sürtdü, xırdaca, yumruca başı ilə bədəni arasında nazik armud saplağına oxşayan boğazını qəribə – quşsayağı uzadıb udqundu və beləcə, yenə quruyub qaldı:iri qol-budaqlı, hündür, qorxunc adamın qabağında nə başqa bir hərəkət eləməyə cəsarəti çatdı, nə də bir kəlmə deməyə.
Hənifə arvad isə, “ Allah, mənə ölüm ver” deyəndən sonra pıçıltıya keçmişdi, ovsun oxuyurdu ki, bəla sovuşsun, hələ başı qızıl əsgər papaqlı ərköyün sədr oğlu vaxtından “Göyüm” deyib əzizlədiyi, indi isə içəri çağırmağada ürək eləmədiyi bu dəli-divanə cavan bu evə bir xətər yetirməsin, can-cürəfəsi, əl – qolu da olmayan, bircə qızdan savayı kim – kimsəsi qalmayan, oğulsuz, arxasız ərinə əl qaldırmasın, atan– tutan, vuran-yıxan, qara naxırlı, sel sürülü igidlər məskəni Əlləz ocağında tək göbələk təki bitmiş bu bədbəxt, el içində şərməndə olmasın…
Səmədin sükutu nə qədər çəkdisə, Hənifə arvadın ovsunu da bir o qədər uzandı.
Qudalıların və ümumiyyətlə, bütün kəndin dilində “Atdan azma”bəzəməsi və “Əkə Hənifə” ləqəbi ilə tanınan bu kor-kobud arvadın gözlərində elə bir bulaq qaynarlığı vardı ki, belə yalvarışlı vaxtında bu qaynarlıq daşı da yumşaldırdı.
Qorxudan arvadının dalına qısılmış cırtdan kişinin fındıqburun, qara-quru sifətində isə elə yazıqlıq vardı ki, bu yazıqlıq cəlladı da yumşaldardı. Səməd də elə buna görəmi tutulmuşdu? Yoxsa, ona görəmi ki, bir-birinə qəti yaraşmayan bu təzadlı ər-arvaddan möcüzəli gözəllik əmələ gəlmişdi və Səməd Hənifə arvadın gözlərinə baxdıqca, Cığalı Gülgəzin – “qaraçı gözəli” nin qaynar bulaq gözlərini görürdü, Əlləzoğlunun “armud saplağı” boynuna baxdıqca, Gülgəzin “durna boğazını” görürdü və hiss edirdi ki, bu ata-ana ilə kobud rəftar, bunların yaratdıqları özü ilə kobud rəftar kimi bir şeydir.
Təpiyib qaysaq bağlamış, qalın dodaqları elə bil Səmədin özündən asılı olmadan tərpənib ağır-ağır aralandı və Səməd, yaratdıqları gözəlliyin bədbəxtliyi ilə birlikdə, şübhəsiz, bədbəxt olan bu ata-anaya olduqca səmimi sözlər dedi:
– Zülmətdəyəm mən. Heç nə görmürəm, heç nə bilmirəm. Necə olub bu iş?! Atamın sağlığında… hələ o vaxtlar Gülgəznən mənim münasibətimi bilirdi əmim… Sonralar da eşitməmişdimi?! Gəlmişəm, qızınız əmimin evində arvad!.. Necə olub bu?! Nə Seyid kişi bir söz dedi mənə, nə də Xeyrə arvad… nə də Xızr Abı!.. Mən bilməliyəm!..Soruşuram necə olub bu iş?! Niyə dillənmirsiniz?!
Nə Hənifə arvaddan səs çıxırdı, nə də arxasında büzüşmüş Əlləzoğlundan.
Onların əvəzində gözlənilməz bir səs:
– Sənə deyilmədimi ki, heç kəs heç nə bilmir! – deyəndə Səməd diksindi, geri dönüb yenə də Abını gördü.
Hündür, qara çəpərin darvazasında Sultanın boz “Pobeda”sı dayanmışdı. Gur işıqlı faraların qabağından bəriyə doğru şofer quşburun Müslümün nazik, uzun kölgəsi uzanmışdı. Səməd maşının açıq qapısı arxasında, oturacaqdakı adamın qaraltısına baxıb, bir də diksinən kimi oldu. Sultan?! Yox, əmisi deyildi, Çürük Aşıqdı, köynəkli sazını qucağında tutub bu yana boylanırdı.
– Gəl, min gedək! Qapılara düşməyini məsləhət görmür səni böyüdən adam! – Abı əlini Səmədin biləyinə atıb, elə bil hətta zorla aparmaq istədi. Əmma gözü Səmədin gözünə sataşanda birdən-birə süstləşib köksünü ötürdü. – Belə baxma mənə, gözümün işığı! İnan, inan, inan ki, heç kəsdən heç nə eşitməyəcəksən. İstəyirsən keç içəri, otur. Bir yana baxanda elə yaxşı olar oturasan söhbət eliyəsən bir az. Qırx yeddinci ilin iyununda ikilliyə qəbul imtahanına gedəndə ayrılmısan sən o vaxt “A qaynənə! A qaynata!” – dediyin bu gözəlçələrdən. Dünyanın məndən zəhləsi gedir, mənim də bunlardan. Acığını deyirəm, elə o “ A qaynata!” – dediyin vaxtlardan mən istəmirdim qaynatan, qaynənən olsun bunlar. Qırx yeddinin iyunundan bəri dərd içində, yas içində keçib illərin, nə qızla əməlli-başlı ünsiyyətdə olubsan, nə də bunlarla. “ Nə var, nə yox? Dolanmanız-zadınız nə təhərdi?” Vəssalam! İndi otur bu evdə, indi danış bunlarla! Tutmaz, oğul! Kolxoz qurulanda qardaşları güllələndi, sürüləri, naxırları alındı, Sovetin yalaq itinə döndü bu Məmiş. Yalını verirlər, kimin üstünə qısqırdılar, ona hürür! İnan mənə, adamlıqdan çıxıb ikisi də!
Açıqdı mənim aram bu Göbələknən. Üzünə deyirəm: “Yal içənsən, materialbaz, böhtançısan, Məmiş!” Deyir: “ Görmüşük, elmsavad insanı insan eliyər, əmbə səni tərsinə, qudurdub, ay Abı, hey elə harf eləyirsən, tutursan adamı. Bilmək də olmur azarın nədi, a dərdin alım, niyə qapırsan?!” Deyirəm: “Mənə baxıb sən də qəlyan almısan ağzına. Olmazdımı vaxtında sözümə baxaydın, tək-tənha qalıb rəzilləşəndə gəlib yanımızda balabançıdan, dəfçidən-zaddan olaydın? Əyriyola getməzdin, çalınan, oxunanlardan başına da bir şey qoyardın!” Gülür heyvan, deyir: “Çürüknən işiniz-peşəniz pul yığmaqdı toylarda. Başımda nə işin var, xeyir vermək istəyirsənsə cibiməcə bir şey qoy!” Zarafat eləyir güya, hırıldayır. Əslində, bir ilan da budu elə. Yazıq Çürüyü də, məni də dilə-ağıza salıb: “Hərəsinin yüz yaşı var. Əmbə pul yığmaqdan doymurlar, aparıb şəhər balnisasında sestraların ətəklərinə tökürlər, masaj elətdirirlər ora-buralarını, cavanlaşdırırlar özlərini!..” Eşidirsən? Boş– boşuna danışmıram bu Göbələyin barəsində. Bir ilan da budu dedim. Tək deyil. Yüzdü, mindi bu! Burda – Qonaqlıda, Tahirlidə, Qurbanlıda, o yanda – Qazağın kəndlərində Göbələk Məmişin papağı qaralar-qaralmaz dörd-dövrəsi dolur heyvanatla. Pıçhapıç, pıçhapıç! Ötən illərdə İrəvan, DərəƏləyəz, Göyçə, Vedi tərəflərdən nə qədər insan seli qovulub, çoxu qırılıb, qalanı qaçır isti, susuz yerlərdən, çalışırlar bizə sığınsınlar. Əmma bax bu, “dərdin alım, dərdin alım”deyə-deyə, astaca-astaca sürünür NKVD Gülənovun, prokuror Sayılovun, RİK Atamalının ara-bərələrində, ordan gedir, dediyim kimi, pıçhapıç: “Göyçədən sürülənlərin hamısı köhnə EvƏrEy OdƏridi. Çoxunun adı da üstündədi: ƏlƏs, EvƏlƏs, ƏlƏsGər, ElƏsƏl – “Veysəl”, BağSim – “Maksim”, Bağı, Ağı…” – bir sicilləmə siyahı verib, hamısı Sibirin lap qatı yerinə sürülüb, məktub var, qışdan yaza çıxammayıb qırılıb hamısı! Qatildi bu “qaynata” dediyin murdar!.. Əlli birinci ildə Başkeçiddən sürülənlərimiz barədə də yazıb: “ Vəli deyil bu adam, EvƏldi, Kərim deyil OdƏrimdi, Zal deyil, ƏsƏldi…” Yer verməyin kənddə-kəsəkdə, kök salmasınlar!” – və sairə və ilaxirə. Bax, belə ilandı bu Göbələk. Soruş: “Dəmiryol vağzalının poçtundan maaş alırsan yetmiş manat hər ay, hardan gəlir o pul?” “Bilmirəm, – deyir, – kimsə, uzaq qohumlarımdandı”. Çax-çux göndərir öz cibindən! Kim oldu indi bu “A qaynata”?! Niyə gəlmisən bu Xudiyev itinin qapısına?!
Abının aramsız səsindən beyninə əlavə qıjıltı düşsə də, Səməd deyilənin hamısını eşidə-eşidə keçib otağın döründə – yuxarı başında, yorğun-üzgün, taburetkaya-kətilə çökmüşdü. Abı qəlyanına tütün basa-basa, sarı samanları işıldaşan boz divar boyunca o yan-bu yana narahat gəzinir, usanmadan deyinirdi:
– Göyçənin beş kəndlərindən biri bizim AğBizən kəndidi. Ulu Babanız Musa ağa tikdirib orda ilk evi. Bir baş kəndimiz də Qazaxdan bəridə Padşahlıqdı, onu da Musa ağa tikdirib oğullarına, özü qaçıb qaçaqların arasında. Comərd adıyla yaşayıb. Ən gizli şeylərdi bunlar, əmma bu da KQB-dədi. Kim yazıb? Bax bu yaramaz Göbələk!..
Əlləzoğlu lampanın altında-ortalıqda dodaqlarını dodaqlarına yapışdırıb quruyub qalmışdılar.
Səməd Hənifə arvadın “qaynar bulaq gözlərində” vahimə ilə birgə Gülgəzin gözlərindəki vahiməni də gördü. Əgər Hənifə arvadın kirpikləri bir az tozlu kimi boza çalmasaydı, ana ilə balanın gözləri demək olar ki, bir-birindən seçilməzdi. Qalın buz bulağın gözünü necə tutarsa, vahimə də bu gözləri eləcə tutmuşdu.
Səməd əlini üzünə çəkdi, içərisindəki burulğanda çalxanıb-burulub, arvadı silkələməyə, ayıltmağa çalışdı:
– Niyə belə baxırsan mənə, Hənifə xala?! Davaya gəlməmişəm mən. Qorxmayın, söz tutsun diliniz, bir söz deyin mənə!
Axır ki, buz sındı:
–Ay belə ağlına-dərrakənə qurban olum sənin! Deyirəm
axı, bəd niyyətnən gəlməzsən sən bizim üstümüzə. İzin ver, o ay qabağından öpüm, a dərrakəli oğul!
Abı üzünü divara tutdu:
– Öp, öp! Tfu!..
Arvad başdan-ayağa titrəyə-titrəyə yönəlib Səmədin islaq saçlarını qaldırıb, hətta ovucları ilə tərini silib “ay qabağından”, yəni alnından, sonra o üzündən, bu üzündən öpdü.
Elə öpə-öpə titrəyirdi.
– Səni həmişə öz balamız bilmişik biz. Allah şahiddi… Xızr Abı burda bizim yazıq kişinin barəsində nə qədər yaxşı-yaman desə də, elə kişi də çox istiyir səni… Nolsun yazıb: “Avdı döyül, EvOddu! “Nağı” döyül, ÜnAğdı, “İrşad” deyil, Ərşaddı”. Göyçəynən az-çox gediş-gəlişi olanın elə hamısı bilmirmi ki, mollalar qoymurlar orda adamların çoxunun adını?! Məmiş yazıq yanı o qədərmi böyük qələt eləyib?! Hamı yazmırmı?!
Bulağın gözü bulanıqdı: “Sağ söz” əvəzinə, arvad elə hey o yan-bu yan danışırdı:
– Gözümüzün nurusan, a nur, nər oğlu! Yazıq, nakam Sura dünyadan gedən günü bax bu döşlərimdən süd vermişəm sənə. Qıymat əlimdən almasaydı, özüm saxlıyardım səni, özüm böyüdərdim səni. Sonra da, allah versəydi, qapında qulun, qulluqçun olardım! Biz neyniyək ki, arxlarda sular tərsinə axdı!…
Səməd nə vaxtsa doğma, əziz “qaynana” olan, indi isə qızını xatırlatmaqdan başqa bir doğmalığı qalmayan arvadın bir kəlməsini də ötürmürdü: arvad eyham vurmurdumu, demək istəmirdimi ki, bu bədbəxtlikdə günahsızıq biz? Necə günahsız ola bilərdilər?! Gülgəz ata-anasından gizlinmi aparılmışdı?!
Əlləzoğlu da, nəhayət, dirçəlib, səsini arvadının səsinə qatdı:
– Xoş gəlibsən, dərdin alım. Öz evinə gəlibsən… Deyirdim bizi yad eləməzsən daha. Bu çərxi-fələyin necə fırlandığını, vallah, fələyin özü də bilmir heç. Odu ki, adamı elədən-elə tullayır bu çərx, belədən-belə tullayır, axşam yatırsan, bilmirsən sabah nə gələcək başına… Bu Abı qocalıqda itirir ağlını. Sən fikir vermə bunun çərənpərəninə, dərdin alım. Deyirəm, “Abı”sanmı sən, ay AdıPünhan?! Sabah-biri gün Şura hökuməti sənin özüyün də çarəni qılmıyacaqmı?! Mənim özümə demiyəcəkmi naxır, sürü sahibi Ələs uşağındansan, Əlləzoğlu deyilsən!… Allahın yolundan çıxıb bu Abı, xəlvəti bədəməl işlərnən məşğuldu. Sizin nəslə qohumluğu çatır bu bayquş gözlünün, odu ki, dərdin aldığım əminə də badalaq qururlar bu Xızrın bədəməlliyindən xoşu gəlmiyənlər. Bu milləti istəmiyənlər, deyilənə görə, peyğəmbərdən çox-çox əvvəllər də varıymış. Mən bədbəxtin nəyinə gərəkdi Erməninin, Rusun dediyini deyim?! Rus deyilmi məni belə rəzil eliyən?! Bu Xızrın özüdü milləti çaxnaşdıran, ayrılıq salan, a dərdin alım! Vallah-billah, bizim bədbəxt balamıznan Sultanın başına nə gəldisə, o da, bax, bu Xızrdandı! Bu rahat otursa, inan bizi də incitməzlər ordan-burdan, a dərdin alım!.. Adı molla, özü şeytan düşüb ortalığa!.. Novruz bayramında gecələr tonqalların qıraqlarında uşaq-muşaq da bunun sözünü deyir: “Novruz” deyil, ÜnEv ƏrÜzdü. Qurban bayramı da: “İsmeyil qurbanı” deyil, ƏsEvƏli, yəni özünü öldürmək istəyirmiş “İbrahim” – EvƏrim peyğəmbər!.. Dünyamız özü dəyişir nədi, dərdin alım, düz iş yoxdu!
Səməd bunun da hər kəlməsinə diqqət yetirirdi: bu da eyham vurmurdumu, demək istəmirdimi ki, bəla kənardan gəlmişdi? Məhz necə olmuşdu? Abı niyə elə əsəbi gəzinirdi? Bircə balanın dalınca maşın gətirməkdə fikri-məqsədi nə idi? Çürük Aşıq da maşında idisə, o da ağ binaya getməli idisə, demək Sultan Birgə balası üçün hətta saz, söz də hazırlamışdı?!
Əlləzoğlunun cır, quru-sərt səsi indi əsəbilik törədirdi:
– … Açığı, gözləmirdim qapımızı açasan. Xoş gəlibsən, dərdin alım. Bu üst-başını harda bu kökə salıbsan? Şalvarın cırılıb. Sudüşəndən kəsəsinə gəlibsən nədi, balağların batıb. Corabların da su içindədi… Yamaqlı paltar geyən yoxdu daha, dərdin alım, yoxsa deyərdim şalvarını yamasın Hənifə xalan. Əli qızıldı Hənifə xalayın. Axır vaxtlar arvaddı məni dolandıran. O yetmiş manatın sirri var: mənim adıma gəlir, ayrısı alır, dərdin alım. Rəhmətlik Mədəddən sonra xeyir-bərəkət yoxdu kənddə. Gündə bir sədr qoyurlar, hər sədr də bir hoqqa çıxardır. Qılınc Qurban da elə o köhnəcə qılıncdı, gah yerimizi ölçür, deyir artıqdı, kəsir, gah heyvanı sanayır, bircə baş şaqqıldaqlı toğlunu da qoymur normadan artıq qalsın bu həyətdə35, qonaq-qonaça gələndə bir toğlu boğazı qanadaq, özümüz də bir tikə dadaq. Hərdən prakror Sayılovun ayağı dəyəndə bizim qapıya, uzaq qohumumdu, ondan bir az çəkinərdi Qılınc Qurban. Sayılov ayağını qapımızdan kəsəli, genə ley36 təki cumur üstümə Qılınc Qurban: “Lüt Cəfəri cana doydurubsan. Rayondan böyük-böyük adamları qonaq çağırırsan, kabab verirsən, işə düzəldirsən, Lütün xirtdəyindən yapışırsan ki, xərcim çıxıb böyüklərə, bu kağıza qol çək”. Nolar, a bala?! Mənim ağ sürülərimi udan kolxozdan bir toğlu alsam, dağılar kolxoz?! Deyirəm, eşit, yeri düşəndə qamaşdır o Qurbanı. Beləydimi Mədədin vaxtında? Yox, yox. Ayrı əyyamıydı o əyyam, dərdin alım. Əməkgününə kolxoz özü verirdi ətliyi. Toğlu nədi, həftədə, yarım ayda bir əmlik kəsərdi qonağının ayağının altında bu suyumsuz Göbələk Məmiş. İndi Hənifə xalayın əriştəsinədi umudum. Olanda əvəliknən, pencərnən dəyişirik dişimizi, olmuyanda elə ərişdədi ki, ərişdədi…
Məlum oldu ki, Əlləzoğlu qonaqlarına toğlu-filan kəsmək niyyətində deyildi.
Abının aramsız ayaq səsləri də bir tərəfdən əsəbiləşdirirdi. Üstəlik, Hənifə arvad gah içəridə, gah da eşikdə ocağın, qazanın böyür-başında yüyürüb-yıxılırdı.
Əlləzoğlu isə, Abının arada dediyi kimi, “Yaman xoda düşmüşdü”:
– Məktəbini qurtardınmı, dərdin alım? Bakıya qayıdacaqsan, yoxsa qalacaqsan? Şəhərdə yaşamaq ayrı şeydi… – Fındıq burunun xırdaca, zərif pərələri tir-tir əsirdi. Cücən gözlərin kirpiksiz qapaqları vur-hay tərpənirdi. Dırnaqları qaralan, gödək-gödək, yoğun-yoğun, qabarlı barmaqlar vur-hay qəlyanı doldururdu. Səməd bunun hamısını görürdü. Daha doğrusu, diqqət yetirirdi və elə bil hər şeyi birinci dəfə görürdü.
Kəmərindən asılı kisədən tütünü çimdik-çimdik çıxarıb, barmaqlarının ucunda didə-didə, əzə-əzə, uzun həngamədən sonra qəlyanı doldurub, nəhayət, alışdırmaq lazım gələndə, kibrit əvəzinə, Əlləzoğlu evinin suvaqsız divarından bir saman çöpü qopartdı. İndicə taxtın küncünə çıxıb, ordan əlini uzadıb, quru saman çöpünü lampadan alışdırıb qəlyanda tənbəkinin üstünə qoyacaqdı. Hələ “başı qızıl əsgər papaqlı” vaxtlarından ta bu son illərə qədər Səməd Əlləzoğlunun bu hərəkətini min-milyon dəfə görmüşdü. Yadında idi ki, bu hərəkətə hamı gülərdi, o cümlədən Abı da gülərdi: “Göbələk Məmişdi də. Göbələkdən nə əhliyyət umursunuz?” – deyərdi. Tək bir nəfər – “Göy” gülməzdi. “Bəsdi, a kişi, bəsdi. Belə şeylər eləmə! Ucuzlaşdırma özünü!” deyərdi. “Mən sənin hörmətini qoruyuram cəmaatın arasında, sən güldürürsən özünə cəmaatı” – deyərdi o vaxtlar burda – kənddə dükanda işləyən Qayım Qudalıdan kibriti yeşiklə alıb gətirərdi ki, “Qaynata” bir də saman çöpünə əl uzatmasın, saqqalının çallaşan vaxtında uşaq kimi taxta dırmanmasın. Belə şeylər o qədər olmuşdu ki, kənddə hətta zərbi-məsəl əmələ gəlmişdi; hardasa, kim isə xəsislik eləyəndə və ya dünya dolanması – güzəranlıq üzündən çox qənaətcillik eləyəndə dərhal o zərbi-məsəl yada düşərdi: “Əlləzoğlu təki qəpik qısırsan, acından köpük qusursan”.
Səməd diqqət yetirdi: Əlləzoğlu hamanca uşaq çevikliyi ilə taxta qalxdı, əlini uzadıb saman çöpünü lampadan alışdırdı. Sonrasına Səməd daha baxa bilmədi. Qəribə idi ki, cırtdan kişinin bütün başqa hərəkətləri kimi, min-milyon dəfə gördüyü bu son hərəkətinin də elə birinci dəfə görürdü.
Hörmətini, ləyaqətini qoruduğu “Qayınata” əvəzinə tamam başqa, yad-yabançı bir adam, əldəqayırma, çılpaq stolun o tərəfində, kətildə oturub, Abıya: “Əşi, adamlığın olsun, evə gəlibsən, yanını yerə qoy”, -deyib, onu da oturmağa məcbur eləyib, qəlyanını tüstülədə-tüstülədə, yenə nə isə danışırdı, Səməd isə daha bir kəlmə də eşitmirdi. Bayaq Abının dilindən eşitdiyi “Xudiyev iti” sözlərindən də bir o qədər təsirlənmədiyi halda, indi Əlləzoğlunun həmişəki adi hərəkətindən – saman çöpü alışdırmağından sarsıntı duyub, başını köksünə əymişdi. Müsibətin, bədbəxtliyin içində də qəlyanını saman çöpü ilə yandırmağı unutmurdusa, belə yüngül sümüklə taxta qalxıb taxtdan tullanırdısa, demək, bu kişi üçün heç bir müsibət yoxdu?! Əksinə, sevinirdi?! Sevinirdi ki, raykom katibinin qayınatası olub?! Qudalı Rəhim öz məşhur professor qudası Məhərrəmov Məhərrəm Abbasoviçə arxalandığı kimi, bu da öz şan-şöhrətli katib göyü – kürəkəni Sultan Əmirliyə arxalanacaq, daha nə qapısında yeri ölçüləcək, nə heyvanı sananacaq, “qəpik qısmaq, köpük qusmaq” əvəzinə firavanlıq, xoşbəxtlik tapacaq?! Bu müsibətin içində də “xeyir-bərəkətdən” danışırdısa, evinin suvaqsız divarlarında işıldaşan saman çöpləri ilə bu adamın nə fərqi vardı?! Yoxdusa, Səməd burda nə üçün otururdu?! Saman çöpü ilə nə danışmaq istəyirdi?!
– Ay Hənifə, nə oldu əriştən? Süzmədinmi? Yağ əritmə, qovurma çıxart. Əmlik kəsəmmirik dərdini aldığıma, heç olmasa qovurmaynan çıxaq əvəzini. Köhnə qovurmaynan əriştə yaxşı tutur, dərdin alım. Xızr Abıya da, o eşikdəki çürümüş Çürüyə də elə əriştə yaxşıdı. Diş sarıdan da kasaddılar, ağılları təki bu alimi-biəməllər…
Səməd başını qaldıra bilmirdi. Təhqirdən, xəcalətindən, öz ləyaqəti, ucalığı qarşısında utandığından ölüb yerə girirdi.
Ayaq səsləri – çəkələk şappıltısı eşidildi. Hənifə arvad gəlib, Səmədin sözlərindən dəhşətlənib, birdən yenə qurumuşdu.
– Əriştə yeməyəmi gəlmişəm mən bura?! Sağ söz deyəmmirsən demə! Cəhənnəmə, goracan demə! Mən hiss eləyirəm, duyuram, görürəm ki, nə isə qurğu qurublar. Abı da etiraz eləmir buna. Bə sən niyə bir şey demək istəmirsən?! Qızını raykom katibinə verib xoşbəxt olmusan?! Yəni güman eləyirsən ki, binələnib qalacaq qızın orda?!
“Armud saplağı” yenə çiyinlərin arasına çəkilmişdi, Əlləzoğlunun hülqumu gedib-gəlirdi.
– Diyəsən, yaman yorulsan, dərdin alım. Çox yorulanda adam heç danışdığını da bilmir… Ay arvad, tərpənsənə!.. O ki qaldı qızın orda binələnib-binələnməməsinə, onu Həqq-təala bilər, dərdin alım. Olan olub, keçən keçib. Cavansən sən, ömrün hələ qabaqdadı. Qayıdarsan Bakıya, inşallah, ad-san sahibi olarsan. Yaxşı qulluqdu, ixtiyaratdı bu zamanınkı, dərdin alım. Onda hər şey öz-özünə yağacaq başından aşağı, mən təki çulucırıq kəndçiynən heç danışmaq da istəmiyəcəksən. Saman çöpüynən yandırdım qəlyanı, dedim, görüm neyniyəcəksən? Bulud təki tutuldu qaşqabağın. Niyə? Çünki şəhər adamısan sən daha, dərdin alım, qəpik qısannan oturub-durammazsan sən daha. Düz deyir Xızır Abı, ləyaqət-zad hardadı bizdə?! Üz-gözümə, əlimə-ayağıma fikir verirsən bayaqdan. Həftədə bir kərə ülgüc dəymir üzümə. Dırnağımı da vaxtlı-vaxtında kəsəmmirəm. Sədr bir yana buyurur, partkom o biri yana, ispalkom bu biri yana. Briqadirnən manqabaşı da əlahiddə buyurur. Hamısına “bəli” deyəsən gərək, hamısını razı salasan, üstəlik, qapı-bacanda da qurdalanasan gərək ki, çörəyin olsun bir tikə. Ayının, deyir, yüz əlli iki oyunu var, hamısı da bir armud ağacının başında. Neynəsəm, nə iş görsəm, hamısı qəpiyə bağlanır, dərdin alım. İyirmi ildən artıqdı kolxozçuluq alıb insanlığımızı. Evin divarına suvaq da vurammıram ki, deyərlər, manatı artıq düşüb!..
Səməd yenə tüstü görürdü və yenə də nə isə pis qoxu hiss edirdi.
Hənifə qazanı içəri gətirib birbaş yerə – torpaq döşəməyə qoydu, ətəyilə sininin üstündən külü sildi. Gülgəzin “qaynar bulaq gözlü” anası əvəzinə, Səməd eynilə bu cırtdan kişinin yatımında, yad-yabançı bir qadının süni gümrah səsini eşitdi:
– Ay kişi, nə “qəpik-qəpik” başlayıbsan yenə? Hökmətdimi, divan-dərədimi Səməd, nədi ki, bu qədər ah-zar eləyirsən? Öz balan deyilmi?! Ah-zardansa, Bakıdan-zaddan soruşsan, görək qurbanı olduğun nə danışır?
– Çox yorulub, arvad, yaman birtəhərdi dərdini aldığım. Yoldan gəlib axı! Əvvəl gərək adamın canı dincəlsin ki, sonra da boğazına çörək getsin. O tası-zadı bəri elə, isti su gətir, bir ayağını, başını yuyaq yaxşı-yaxşı…
– Hənifə yenə eşiyə yüyürdü.
Əlləzoğlu “hə,hm” elədi.
– Yuyaq ayağını, başını. Dincəl, qal gecəni. Sonrasını özün bilərsən, dərdin alım. Eşikdə Çürük dəydi gözümə. Hələ də elə bilirsən qumrovdu səsi batmışın. İçəri çağırram indi, çalar, oxuyar. Məndən olsa, heç görükmə bu kənddə. Qudalılardı indi bu kəndin ağası. Başda Rəhimnən Qeybalı, ayaqda Çax-çux Xalıqnan yeniyetmələr… Qurbanlıdan o yanda razyezd var, poyezd gah bir dəqiqə dayanır o razyezddə, gah da eləcə yavaşıyıb keçir. Elə ki, bu Qudalı yeniyetmələri maşınnan gedib dururlar o razyezddə, bil ki, Çax-çux Xalıq gəlməlidi. Poyezd yavaşıyanda çamadanlar, bağlamalar dolu təki yağır vaqondan. Bu yeniyetmələr göydə tuturlar, doldururlar maşına, Xalıqı da oturdurlar kabinkada. Ordan sürürlər əvvəl Qurbanlıya, mal paylayırlar Xalıqın adamlarına. Sonra Tahirlidə paylayırlar, sonra da burda. Belə pullu adamlardı indi burda dövran sürən, dərdin alım. Hökumət-zad sayan yoxdu daha. “Dünya bizimdi” deyirlər bu alver adamları. Açığı, sənin kimilərin yeri deyil daha bura. Hayıf deyilmi sədr Mədədin belə pəhləvan oğlu, gəlsin bu Qudalıya-zada yoldaş olsun burda? Get otur Bakıda, böyü! Yaxşı sədan gəlsin qulağımıza, biz də sevinək, fəxr eliyək o sədan-sorağınnan! Sultana yol vermiyənlər sənnən də yola getməzlər, dərdin alım!..
Səməd boğulurdu. Eyhamlarla dolu, hiyləli sözlərdən başqa, həm də çox pis iylənmiş dəri qoxusundan boğulurdu. Döşəmənin ortasında buğlanan qazanın ətri də bu qoxunu dəf eləmirdi.
Təngnəfəslikdən istər-istəməz dikəldi. Gözləri taxtın ayaq tərəfində cərgə ilə düzülmüş boz taxıl çuvallarının, qədim kirkirə daşlarının üstündə motalın, yağla dolu, ağzı çirkli mal qarnının, qovurma küpünün, bir az o yanda divara söykədilmiş qara saçın, içində qurumuş xəmirdə barmaq izləri görünən testin və oxlovun üzərində gəzdi. Nəhayət, nəzəri küncə dikilib qaldı. Orda qapağından yumruq irilikdə qıfıl asılmış dəmir sandıq, sandığın üstündə bir cüt qara xrom çəkmə, bəridə – yerdə isə bir cüt çarıq vardı. Çəkmələrin üstünü toz basmışdı. Çarıqların isə yəqin ki, altı deşildiyinə görə içinə gön parçaları qoyulmuşdu.
Səməd nifrətlə üzünü yana çevirdi, çarıqların üfunətinə təmizlənməyən qəlyanın qətran iyi də qarışmışdı. “Sirlə dolu sinə”nin biri də burda idi, qır kimi qatı nikotinlə dolduğuna görə qoxusundan baş çatlayan qəlyanını sümürə-sümürə, “cücən” gözlərini qıyıb, tüstünün arxasından Səmədə baxırdı.
Hənifə bir əlində tas, o biri əlində isə isti su ilə dolu vedrə və mis dolça, tövşüyə-tövşüyə içəri gəldi. Çənəsindən tər tökülürdü.
Əlləzoğlu qəlyanı stolun küncünə söykəyib, tası çəkişdirdi.
– Bəri ver. Sən su tök, özüm yuyacam!
Çöməlib, iki bükülüb qonağın palçıqlı tuflilərindən yapışdı.
– Qaldır ayağını, dərdin alım…
Səməd mat-məəttəl, tutulub qalmışdı. Abı isə daha dözə bilməyib, qalxıb Səmədə açıq qəzəblə baxırdı:
– Bu rəzilləri niyə rəzilləşdirirsən? Nə qədər oturacaqsan bu heyvanat töyləsində?! Nə eşitmək istəyirsən axı bunlardan?!
Hiddəti çoşanda dəyirmilənib, doğrudan da, “bayquş gözləri”ni xatırladan, əslində isə, qeyri-adi işığı, sözün əsl mənasında parıltısı ilə valehlik, səcdəoyadan gözləri yana-yana yeriyib Səmədin üstünə qışqıranda Abının sifətində qan qalmadı, qara qarmon qırışları dümağ ağarıb soyuq tərdən islandı.
– Qalx, cahil! Qalx min maşına! – Yaşıla çalan bozumtul brezent çəkməsinin burnu ilə Səmədin qıçına necə sərt təpik ilişdirdisə, Səməd sümüyə işləyən ağrıdan dik atıldı, üfunətlə, alçaqlıq və rəzalətlə dolu evdən tezcə çıxıb qaçmağa, hətta maşının yanında müti əyilib baş əyən köhnə dostu Müslümdən, oturacaqda boynuburuq oturan dərd-ələmli Çürük Aşıqdan da qaçıb uzaqlaşmağa tələsdi. İndi aydın olan bircə bu idi ki, əmisi maşın göndərmişdisə, üstəlik, Müslüm də hadisələrdə iştirak edirdisə, demək, Sultan onu sərbəst buraxmayacaqdı. Buna görə də evdən çıxıb, Ortayolla üzüaşağı gedib, yenə meşə yoluna buruldu.
* * *
Əmma çox uzaqlaşa bilmədi. Hələ Sudüşənə çatmamış, Əlləzoğlu arxadan özünü yetirib, pencəyinin ətəyindən yapışdı.
– Belə getmə!.. Aman günüdü, belə getmə, dərdin alım!.. Vay, dağılan çəpərim, yıxılan evim! Azdımı mənim düşmənim, sən də bir yandan düşmən olasan mənə, ay oğul?! Bədbəxt eləmə məni, belə getmə. Məsəl var gəlin atdandı, gör kimin qapısına düşdü. Başımın tükü sanı belə şeylər görmüşəm bu tərs-avand dünyada, dərdin alım. Sənin, mənim istəyimnən olsaydı hər şey, mən bəxtiqara istərdimmi qapımdan gözü yaşlı getsin övladım?! Mən olmayım, sən ol qız atası, bu dünyanın beş yiyəsindən birinin elçiləri maşın sürsünlər qapına, bağlasınlar ki, “Sultan Əmirli vurulub qızına”, yox deyə bilərsənmi, a dərdin alım?! Nəkarəyəm “yox” deyim mən Sultan Əmirliyə?! Özü elə böyük adam, elçiləri özündən də böyük, necə “yox” desin Göbələk Məmiş?! Sən Sarıdan belim bağlı olsaydı, bəlkə də söz tutardı dilim. Mədədin ölümü düşdü araya, elçi göndərmədin, el qaydasıynan üzükdən-zaddan bir şey tullamadın üstümüzə. Dərdliydin, qanırdıq. Bə sonra?! İki il oxudun, gəldin-getdin bu kəndə, sonra genə iki il oxudun! Niyə özünnən aparmadın, niyə oxutmadın öz yanındaca?! O da məktəb qurtarmışdı. Sən təki oxumasa da, fəməl-yəməl oxumuşdu. Tay-tuşunun hamısı getdi. Gözünün qabağında Cax-çux Xalıqın qızı da getdi, ikiilik qurtardı, diplom aldı əl qalında, sonra gəlinlik paltarı geyindi, xoşbəxt oldu Qudalı Məsimnən. Görmürdünmü sən belə-belə şeyləri, a dərdin alım? Nə qədər gözlüyəcəydi səni mənim balam? Niyə gözlədirdin bu qədər?! Qılınc Qurban özü əbləhdi, bacısını da əbləh elədi, gözlətdi, axırı nə oldu?! Qırmızı geyinərdi! Şəstnən gəlib gedərdi Qurbanlıdan bura, burdan Qurbanlıya. İndi yasa batıb oturub, un çuvalına tay olub qalıb qardaşının evində. Əbləh-əbləh, at sürdü qapıma bu yaz qardaşı, sən təki acı danışdı o da: “Gör neçə adamı bədbəxt eləyibsiniz…” Mənəmmi bədbəxt eliyən?! Nə günahı var bu külbaş Göbələyin, a dərdin alım?! Ağzım allahdaydımı ki, Sultan Əmirli maşın göndərsin qapıma?! Sənə “göyüm” demişdim mən, ona yox. Sən özün göylük eləmədin, atan rəhmətə gedəndən sonra yeddicə il gözlətdin qızı, indi niyə düşməntəki açırsan mənim qapımı, dərdin alım, niyə düşmən təki gedirsən?! Niyə xoşbəxt olmasın, niyə saxlamasın mənim qızımı Sultan Əmirli?! Əlin dəyməyib, ayağın toxunmayıb. Namusu üstündə, bu çöl-çəmənin şehli gül-çiçəyi təki, tər-təmiz adnan vermişəm mən uşağımı, niyə xoşbəxt olmasın?! Özü təki gül-çiçək balalar qoyacaq o, Sultanın qucağına! Yaşının ötgün vaxtında oğul-uşaq sahibi olacaq sənin əmin! İstəmirsənmi?! Yaxşı oğul tək özünü fikirləşməz, dərdin alım. Əmindi, can-ciyərindi. Boşamaz! Yox! Boşamaz! Söz çatdırsan, yaxın olmuşuq desən, bilirsənmi neylər?! Mədədin mauzerini saxlayır evində, stolunun siyirməsində… Allah göstərməsin!.. Əmini də, özünü də, bizi də qana salma, dərdin alım, aman günüdü! Bir qızdı, elə bil ölüb, öz əlinnən qəbrə sallayıbsan, torpaqlayıbsan üstünü… Çıx get Bakıya, dərdin alım, çıx get, Hənifə xalana da, mənə də yazığın gəlsin. Açığını deyirəm, nə qədər yazığam, bir o qədər də tərs adamam mən. Sultana söz desən, bilirsənmi neylərəm?! Nöyüdü tökərəm, kibriti çəkərəm o boş qalan Əmirli mülkünə, bir kibrit də çəkərəm Əlləz mülkünə, çal-çəpərinnən bir yerdə özümü də yandırram! Sən hədələdin, qorxutdun məni, mən də belə qorxuduram səni, dərdin alım. Yandırram, vallah! Eşidirsənmi? Yandırram! Düşmənlərimiz elə bir şey istəyirlər Allahdan. Sultan onsuz da dildə-dişdədi. Bu yanğınlar da bu tərəfdən dilə-dişə düşsə, uçmazmı arxan? Malsız-mülksüz, arxasız, köməksiz, tək bir gədə, neylərsən ondan sonra? Sultansız kim adam sayar məni?! Belədi məsələ, dərdin alım. Odu ki, deyirəm, düşmən təki getmə. Düşmən deyiləm mən sənə. Qohumam! Bə nə?! Qohumam, özü də lap yaxınca! Qohumunu yad eləmə… Əyildim qabağında, ayağını yuyum öz əlimnən, hoppandın qaşdın! Xoşummu gəlir mənim ayaq yumaqdan?! “Əyildim” deyirəm. Bu yaşımda kiçildim sənin qabağında, sən də gərək qiymət verəsən mənim kiçilməyimə, hoppanıb qaçmayasan! Xızr Abı qanmaz adamdı, Allahlıq iddiasında kaftar! Səni də özü təki bədbəxt eliyər o, sözünə baxsan. Qaçma məndən, qaçma! Düşmən olma! Sultan oğul bilir səni özünə, “Bircə bala” qoyub adını. Sultan da mənim balamdı. Balamın balasısan sən, nəvəmsən! Göyüm olmalıydın, fələk belə göndərdi, nəvəm oldun. Nəvə də babasına düşmən kəsilərmi, dərdin alım?! Qayıt gedək evə, qulluğunda duraq, başına fırlanaq. Qayıtmırsan, onda sırğa elə, as qulağından dediklərimi, dilin-ağzın özündə, fas-farağat çıx get Bakıya! Əmin elə orda da arxa olar, yaxşı qulluq, ev-eşik, hər şey düzəldər, inşallah. Nə qədər çulu cırıq olsam da, mən də əlimdən gələni elərəm. Malqoyan yazdırram adına. Sənin adın olan yerdə Qılınc Qurban heç yaxın da gəlməz çal-çəpərinə. Artırram mal-qoyununu, beşi on elərəm, onu yüz elərəm, o boş qalan mülkdə bir cah-cəlal yaradaram ki, Qudalı Rəhimin cah-cəlalı yalan olar onun yanında! Belə xeyir verrəm mən sənə, dərdin alım. Adam da xeyrindən qaçarmı?! Bir qız nəmənədi belə xeyrin qabağında?!
Belə yolla gələndə çamadan Səmədi nə hala salmışdısa, Əlləzoğlu da eləcə bir hala saldı. Qaranlıqda təkərək kimi dığırlanıb tövşüyə-tövşüyə, xışıldaya-xışlıdaya ətəyindən, əl-qolundan yapışan bu ərdovdan, cindən, şeytandan heç cür yaxa qurtara bilmədiyini hiss edəndə Səməd dayanmağa məcbur oldu, çamadanı ağaca necə çırpmışdısa, yaxasından yapışıb onu da eləcə çırpdı.
Meşənin gecənin sükutunda, dəyənək dəymiş it zingiltisisayağı uzun-uzadı zingilti eşidildi. Qırxıq başından tökülüb üz-gözünə yayılan isti, çirişli qanı silə-silə, arvadını haraylamaq əvəzinə, əməllicə zingildədiyini başa düşəndə Əlləzoğlu bu it güzəranına dözməyib hönkürdü. Başı gicəlləndikcə yıxıla-yıxıla, dizin-dizin sürünüb, özünü evə salıb Hənifənin gözlərində dərdinin əlacsızlığını görəndə Əlləzoğlunun hönkürtüsü sızıltılya, göynərtiyə çevrildi. Çallaşmış, durub-toxtamış kişi əvəzin elə bil kimsəsiz, sahibsiz, yetim uşaq, başdan-ayağa qan içində, kandardaca oturub büzüşdü. Gülgəz Sultan Əmirlinin həyətində, manqalın yanında necə çarəsiz sızıldayıb göynəmişdisə, indi atası da eləcə sızıldayıb göynəyirdi…
6
“Bircə bala”nın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü – kürəkənini dümsükləyib oyadıb:
– Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, sakitlikdən heç nə anlamadı.
Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada– çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dilənmirdi? Nə fikirləşirdi?
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?