Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 5

Текст книги "İdeal"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +

Bayaq bura gələndə itələdiyim kimi itələmiyəcəyik, təzə yolla özün gedəcəksən. Çünki bu yolun lap əvvəlindən həvəs verilir insana, sonradan eşqə çevrilir verilən həvəs.

Diqqətli ol, gör nə deyirəm indi.

Ərəb dilində “ilahiyyat” elmindən, “Tövrat”dan, “İncil”dən, “Quran”dan başlayırıq sözümüzü, sonra cəmi dillərin kökü OdƏr dilində əzəli-əbədi həqiqətləri açırıq.

Rus dilində “SSRİ tarixi” öyrədiblər sənə o məktəbdə. Xəbərin varmı ki, “Rus” dili, “Rus” xalqı olmayıb tarixdə?! “Araz” dediyin ƏrÜz çayının o tay-bu tayında OdƏrcə ƏrÜz adlanan vilayətdən tərik düşüb Tərikə – “Türk”ə, sonra “Rus”a dönən millətindi o “böyük Rus xalqı”, ey dünyadan xəbərsizim!

Xüsusi dərs keçəcəksən, inanacaqsan hər şeyə. “Rus” nədi, özümüzdən – OdƏr adımızdan məhrum olmuşuq. Nəinki OdƏr dilindən, vaxtı gələndə dərk eləyəcəksən ki, hətta o kök dildən yaranmış “Türk” – “Azərbaycan” dilindən də məhrum olmuşuq. Heyrətlənmə! Dilimizlə birlikdə Adımızdan da məhrum olmuşuq deyirəm!

“Azər” nədi? Guya od deməkdi bu, “az ər”, “atəş”di guya!.. Savadsızlıq ölümdü! Bir institut bitiribsən, bir də ali məktəb səviyyəsində məktəb, əmma savadsızsan! Mən deyirəm “az ər”, gözünü döyürsən. İndi “Rey” deyilən yerdən, ƏrEydən qırıb-çatıb qovublar bizi, parça-parça olan, tarixini unudan savadsız millət hardan bilsin ki, “Malenkaya respublika” deyil. Nəhəng dünyası olub! Vahid dili olub! Ayrı-ayrı biri-birini başa düşmüyən Türkmənə, Qazağa , Qırğıza, Tatara, Başqırda, Xakasa, Nenə-filana dönübsən! “Rey”də EvƏrEy olubsan, qovulub dünyaya səpələnib “Yevrey” olubsan!

Mədəd “ƏlAğ” deyib (SafAğ İnsanın Əli -Oğlu). Yəni kim? Deyirəm: “Boq Otes”in yox, insanı insana bağlayan Bağ Atanın Əli – Oğlu: EySar! Ey – Uca deməkdi, Sar – əhatə eləyən, saran hökmdar. Uca hökmdar – EySar “İsa” olub Ərəbin təhrif dilində! “İis+us” olub Qrekin müsibətli təhrif dilində! Yer bəşəriyyətini planetlərin, yəni bütün Kainatın, OdƏr bəşəriyyətinə bağlayan Bağ ilk dəfə məhz Qrek dilində “Boq”a dönüb. Cahil insan deyir: “Bağ olmasın, Boq olsun, Allah olsun, nə fərqi var?!” Bədbəxt hardan bilsin ki, OdƏr dilində “Bağ” kəlməsini unudandaca həqiqətdən məhrum olur insan! Beyindən, daha doğrusu, BağÜndən, yəni Bağ əcdadlarımızın planetlərdən gələn Ünündən – səsindən məhrum olur… Bəli, Ün eşidəndi insan! Milyon kilometrlərlə məsafədən Ün eşidəndi insan!

Heyrətlənmə!

Mən ƏrÜz – “Rus” deyəndə EvƏrEy -”Yevrey” deyəndə dəhşətə gəldin, gördüm, əmma izah eləmədim. Çünki vətəndən tərikliyimiz – “Türk”lüyümüz, “Rus”luğumuz, “Yevrey”liyimiz yəni kökdən, OdƏr dilindən azan dillər barədə Sultan özü danışacaq sənə. Diksinmə. Görüşməlisən əminlə. Onun özündən dərs almalısan! Mən ancaq bəzi vacib şeyləri deyirəm. Müxtəsərcə, bil hələlik ki Ər– İşıq deməkdi, Üz – məna deməkdi. ƏrÜz – məna İşığı deməkdi. Nə mənadı belə?

Qulaq as.

ƏrÜzdən azma “ruz” sözü də var. “Nov ruz” Fars sözüdümü? Bəli! İndi belədi. “Araz”ın o tayında, bu tayında hamımız “Novruz” bayramı eləyirik, Əmma bilən yoxdu ki, Farsın dilindəki “Novruz” OdƏrcə – “Tərik”cə – “Türk”cə ÜnEv ƏrÜz sözündəndi. ÜnEv aydındı ki, Evin səsi deməkdi. EySarın Evinin Ünü. ƏrÜz də ki, dedim, məna İşığı deməkdi. ÜnEv ƏrÜz – Ün evinin İşığı deməkdi. Həmin qədimdən qədim ÜnEv ƏrÜz günü EySarın evindən göndərilən məlumatı ayrı-ayrı alimlər yox, bütün əhali eşidərmiş, İlk bahardan başlamış hansı ərazidə nə əkilməlidi, hansı ayda nə yeyilməlidi, hansı xəstəliklər olacaq, əlacı-dərməni nə olacaq və sairə bu cür məlumat gəldiyi gündən başlayaraq, Bağdayın bütün əhalisi bayram elərmiş.

Budu ÜnEv ƏrÜz – “Novruz”. Görürsənmi necə azıb Fars dili həqiqətdən? Başqa dillər də bax belə azıb OdƏr dilindən. Vahid bəşəriyyətimiz parça-parça olub! Niyə?

Həqiqi tarixə yaxın gəlmiyən “Midiya tarixi” öyrədiblər sənə o məktəbdə. “Midiya” bədbəxtliyimiz də Qrek dilindən gəlir. Əsli – OdƏrcəsi BağOdEydi “Midiya”nın. Dedim Od– Kainatın energiyasıdı, OdƏrcə Həqiqət deməkdi. Ey, bayaq dedim, Uca deməkdi; BağOdEy – Uca Həqiqət Bağı deməkdi. “Tərik” – “Türk” dilində Bağday demişik. Bağın və ya Bağların “day durduğu” – ayağa qalxdığı yer, məkan! Bax belə vətənin olub, oğul. İndi də var o vətən. Əmma ixtiyari gedib əlimizdən! Od – həqiqət də gedib, ad da gedib! Yer də yaşayan Ün eşidənlər də yox dərəcəsindədi.

“Azər bay can” sonrakı şeydi. Düşmən sözüdü: “Az ər” “bay”, yəni “vay” can. “Atropatan” Qreqcədi, yaddı bizə, Dünyaya.

Tarix deyil bu təhrif, təhqirimiz adlar tarixi. Sonra biləcəksən.

Vətəni qaytarmaqdan ötrü vətənin həqiqətini bilməlisən, oğul. Bilməlisən ki, ƏrÜz – məna İşığı Bağlarımızın Üzünün – mənasının işığıdı. “Araz”, “Rus”, “ruz” isə ilahi məna işığından məhrum təhrif sözlərdən ibarətdi.

OdƏr dilindən, Odər bəşəriyyətindən ayrılma xəstəliyinin tarixi, elmi izahı xüsusi elmdi. “Yer” adlanan bu EyƏr – Uca İşıq planetinin ən böyük dərdi ayrılıq dərdidi, oğul. Əsli – OdƏrcəsi ÜnƏs (Yaradan Ün) olan “ins”anın bu böyük dərdi barədə də əmin danışacaq sənə. Ayrılığın səbəbi çoxdu. Hələlik bunu bil ki, “ins”anın özünü tanımamağı, özündən ayrılması, BağÜnünün “beyin”ə çevrilməsi nəticəsində hissiyat şüuru üstələyib, hissiyat əsiri insan isə belə çəyirtkə təki artıb, Bağday ərazisindən uzaqlaşıb, ya quru səhraya, ya dəniz sahilinə, ya da dağa-dərəyə qapanıb, həm bədəncə, ağız-burun, dil-dodaqca, həm də şüurca daha da dəyişib; yalnız müvəqqəti yaşamaqdan ötrü yaradılan təhrif ərazilərdə sözü, mənanı elə təhrif tələffüz eləyib, daha əslinə qayıda, yaxınlaşa da bilməyib. Nenin üzünə bax, Hindin üzünə, Çinin üzünə, Qazağın, Rusun üzünə bax, öz üzünə bax! Gör ərazinin ab-havası nə kökə salır insanı. EvƏrEy (Uca İşıq Ev) hara, Yevrey hara?! EvƏrƏs sözü “Pərəsu” ya “Pers”ə, “Pars”a, “Fars”a, yəni tam mənasız “sözə” dönüb. Halbuki, fars da bizdən olub vaxtilə. Və ya Gur (Güclü) SafAğ İnsan mənasında olan GurAğ – “Qrek”ə, ƏrEv tamam təhrif “ Ərəb”ə dönüb! EvƏrÜn – “Fər” Ünə – “Faraon”a dönüb!.. Yenə deyirəm, kütlələr məcburən təhrif ərazilərə düşdükcə üzləri dəyişdiyi kimi, dodaq, diş, damaq da dəyişib. “Dillər” Bağdaydan uzaqlaşdıqca, dediyim kimi, hissiyat gücləndikcə “beyinlərdə vəhşi ehtiras”lar hakim olub, Əs-yarat, yaradan mənası verir. ÜnƏs – Yaradan Ündü. “Beyni” ehtiraslarla tutulan ÜnƏs bir daha OdƏr– həqiqət işığı ola bilərmi?! “İns”anı ÜnƏsə qaytarmaqdan ötrü Eylik – Ucalıq tələb edən OdƏrlərimizə, Bağlarımıza qarşı hücumlar başlanıb, nə başlanıb! Müharibə, basqın, qırğın!

Həqiqətimizin üstündə “İns” adında İlan qıvrılıb, oğul! BağƏsƏr (Yaradan İşıq Bağı) ikən “bəşər”ə dönmüş İlanın zəhəri okeandı! Başqa ünvanı, başqa adı da var İlanın. Onu da Sultan tanıtdıracaq sənə…

Səməd hiss etdi ki, bu heyrətli, sehrli nitqi bir az da dinləsə, baş vermiş bədbəxtliyin səbəbləri barədə nə isə aydın bir söz-xəbər eşitməsə, daha dözməyib kobudluq eliyəcək.

Və elədi. Səbirsiz, sərt hərəkətlə əlini qocanın ağzına basıb:

–Bəsdi!– dedi.-Atamın ölümündən betərdi bu iş! Necə olub axı bu?! Sultan Əmirli günahsızdısa, niyə danışmırsan ki, “günahsızdı” deyənlərin bildiyini mən də bilim, mən də deyim günahsızdı!

Abı qəlyanını, tütün kisəsini çıxara-çıxara başını buladı.

– O barədə aydın bir söz deyəmmiyəcəm mən. Əmiyin özündən də gözləmə heç. O günüqara gözəldən də… Düzünü heç bu “günahsızdı” deyənlər də bilmirlər, həqiqətən günahsız bədbəxtlər özləri də bilmirlər.

– Nə?! – Səməd necə axmaqcasına, əməlli-başlı dəli kimi şaqqıldayıb güldüyünə özü də təəccübləndi. – A kişi! Nə danışırsan?! Necə yəni “özləri də bilmirlər?!”

Abı qəlyanı alışdırıb, gözlərinin açıq maviliyində od közərə-közərə, boğazını Səmədə doğru uzadıb səsini endirdi:

– İlan elə çalıb ki, dişinin yeri də bilinmir. Sultannan o günüqara oyanıb görüblər bir yorğanın altında ər – arvaddılar. Daha nə deyim bundan artıq?!

Səməd də istər-istəməz səsini endirdi:

– Şənbə, Lüt əhvalatı?!

– Təfsilat lazımdımı, ay oğul?!

– Demək, qurğu olmağına qurğudu?!Kimin işidi?

– Coşma!

– Xudiyev dəstəsi?!KQB?! O dəstənin işidi, ya yox?!

– Oğul! Ay gözümün nuru! Qaynama! Coşma! Bayaq “vəhşi” ehtiras dedim. Sonra çox vacib söhbət başladım. Səndən ötrü bu saat hava, su kimi vacib söhbətdi, inan! Məni eşitməsən, bir varis kimi öhdənə düşən işdən xəbər tutmasan, daha böyük, daha ağır müsibət olacaq. SafAğ İnsanların SafAğ Elmi varissiz qalacaq!.. Qırğın gedir dünyada! Bəli, dünyada! “Az ər baycana döndərilən Bağdayımızı əsrlər boyu parçalayıb, indi görürlər bu Şimalımızda da qalıb Elm, Cənubumuzda da, Şərqimizdə də, Qərbimizdə də! Yenidən parçalamağa hazırlaşırlar! Lap xırda-xırda, arası sərhədli dövlətlər eləmək istəyirlər. Plan var ey, ay oğul! Plan var! Əmma həyata keçirəmmirlər. Ona görə də qırırlar. SafAğdan az-çox başı çıxanların hamısının sağ gicgahına iti uclu çəkic çaxırlar. Gürcüstandakı o Georgi kilsəsinə şifrəli teleqramlar gedir, bir-iki kəlmə: “Bir Sak!” “Beş Sak!” “On Sak!”31 Ordan da Stalinə hesabat verilir!.. Qohumlarınız vardı Qazağın Muğanlı kəndində: AğEy Bağlar! Ağabəylər deyirdik. Şamaxıdan sürülmüşdülər otuz yeddinci ildə Muğanlıya. Getdim soruşdum ki, sizləri Sibirə sürürlər axı, niyə bura göndəriblər? Dedi Dərbəndi, Şamaxını, Muğanı hələ birinci Aleksandrın vaxtında ƏsAğsız qoyublar, yerində heç nə başa düşmüyən, saz da çalammayan bədbəxt “Aşıq”lar qalıb ƏsAğ əvəzində, ey oğul! Bədbəxtliyimizin dərəcəsini duyursanmı? Sovet alimləri deyirlər: “Sak” olub vaxtilə, ƏsAğ hara, “Sak” hara?! “Kaspi”lər olub deyirlər, “Xəzər”lər olub! Bir xalqı elə yazı-pozudaca yüzlərlə təhrif sözə parçalayırlar ki, Bağday silinsin tarixdən. Xəbərin varmı Qrek neçə əsr tapdalayıb Bağdayı?! O fatehin iki sözü var: “ki”, “at”, ikisi də od deməkdi. Kainat Odu – həqiqət mənasında yox, adi od-alov mənasında işlədirlər. “K”, “ka”, “ko”, “ku”, “xə”, “xa” – hamısı “ki” dəndi. Fikir ver: “Sak” – hara, ƏsOd (Yaradan Od) hara?! “Ka s pi” hara, OdƏşBağ (Yaradan Həqiqət Bağı hara?! “Xə z ər” hara, OdƏsƏr (Yaradan İşıq həqiqəti) hara?! Sənə bax belə, qıyma-qıyma, incə-incə dərs deməlidi əmin! “Varis” – EvƏrEyƏs sözündəndi. ƏrEyimizin Yaradan Evi olmalısan sən! Ev – beyin mənasında da işlənir. Beyin olmalısan sən!

Səməd ayağa qalxdı.

– Abı! Bu saat heç nə girmir beynimə! Beyinsiz deyiləm, başa düşürəm ki, “dilim-dilim” dil, “Boq”-Bağ çox ciddi məsələdi. Əmma qan tutub ağlımı-fəhmimi bədbəxtliyimiz öldürür məni! Qan içəcəm! Qan içən itəm bu saat!

Abı da ayağa qalxdı.

– Qaynama!

– … Qaynayacam da, daşacam da!.. Atamın qanı batıb. Bu iş də elə-belə qalacaq?! Dözəmmərəm! Yemər-içməz qalaram! Yuxum ərşə çəkilər, ölərəm, abı!.. Gedirəm! Çax-çux Xalıq çox şey bilir. Ondan başlıyacam. Xirtdəyindən yapışıb öyrənəcəm hər şeyi, qıracam hamısını! Xançalnan doğruyacam! Səssiz-səmirsiz! Elm nədi?! Cəlladam mən bu saat!

Abı bozardı.

– Bu boyda SSRİ-nin qanını içəmməzsən!

– Mən soyumalıyam, Abı! Qan içməliyəm, soyumalıyam.

Abı burda bir az fikrə gedib, sonra, gözlənilmədən, astadan soruşdu:

– Heç olmasa beş-on dəqiqə qulaq asammazsanmı mənə?!

– On dəqiqə?! On dəqiqədən sonra əl çəkəcəksən yaxamdan?

– Hökmən! Bayaq dedim qulaq as, sonra hara gedirsən get.

– De.

– Deyirəm… Sultan, mən, “AdıPünhanlar” (Yəni “Muğ” larımız – Bağlarımız) özümüz də xeyli vaxtdı açıq işləyirik. Beynəlxalq miqyasda dost-tərəfdar axtarırıq. Çünki SafAğ Elmi düşmənlərinin, məhz beynəlxalq miqyasda casusların, çuğulların sayı-hesabı yoxdu! Biləcəksən, tanıyacaqsan. SafAğ ƏsƏrlərimizi, dəstanlarımızı fəsilbəfəsil, sətirbəsətir dəyişdiriblər. Bu saat, indinin özündə Bakıda Moskvanın, Tehranın casus alimləri işləyirlər, Məhərrəmin gözünün qabağındaca, Nizamidən üzübəri hamısının SafAğa aid nəyi varsa, dəyişdirirlər! Biri var Bakıda, Akademiyada. Cılız bir şeydi. Mənnən betər. Əmma hələ o cür həyasız, qorxusuz insan görməmişəm mən. Bakıda gizlin şairlik eləyən bir Pünhanımıza deyib, kömək elə “İsgəndərnamə”ni dəyişdirək, hər sətrinə bir manat verərəm. Üstəlik bir kilo qızıl, yaxşı varlanarsan… Lap çoxdankı bəladı bu. Sən bilməlisən və ətrafında gördüyün adamların hamısıyla dil tapmağı bacarmlısan. Tarixən beləyik biz: təhrif insanın evimizə dürtülən ən həyasız, ən iyrənc casusuyla da dil tapmışıq. Elm verib beynini-şüurunu dəyişdirmişik.

Düşmənin əsas üsulu zordu, silahdı, qırğındı. əmma ikinci üsulu, cahilləri təsir altına salıb ikicə kəlmə “Allahdan qorx” kəlməsilə və bunun əsasında əməli işlə qorxudub, həqiqət əleyhinə qaldırmaq bacarığı daha təhlükəlidi.

Bir neçə tarixi fakt deyim, yadında saxla.

Müasir “Azərbaycan”da ayrı-ayrı guşələrdə saysız-hesabsız dili dəyişmiş “Yəhudi” var ki, çoxunu kəndlərinin adı “Muğanlı”dır. Bilən varmı ki, bu da fatehlərin əməlidir?!

“İsrayıl”ı indi də “İzrail” eləyirlər! Əsli-OdƏrcəsi ƏsƏrƏldi (Yaradan İşığın Əli). Bilirsən ki, lap qədimlərdən “Beytül müqəddəs” deyilən ziyarətgah var orda. “Ərəb”cədi bu “beyt”, guya “ev” deməkdi. Əsli – OdƏrcəsi BağOddu (Bağ Həqiqəti). “Ərəb”in dilində “Yəhudi”, “Qrek”in dilində “İudey”ə dönən EyOd OdƏrlərimizin övladları haman BağOdun əhatə elədiyi yerlərdə Elm öyrənərmişlər. Geri sananan əlli minillik tarixin ortalarından başlayaraq “Assuriya”lılar – “Suriya”lılar, “Qreklər”, “Latınlar” dəfələrlə dağıdıblar BağOdu. Sonra görüblər “Beyt”ləri dağıtmaqla tədrisin qabağını alammırlar, bayaq dediyim haman ikinci üsula əl atıblar: “Beytül müqəddəs”i veriblər EyOd – “Yəhud” qiyafəli “Qrek” “monax”larının ixtiyarına… “Beyt”dən – BağOddan bir az o yanda bir dağın adını qoyublar “Səfa dağı”. Diqqət yetir. “SafAğ” kəlməsinin əvəzində təhrif dilində – Ərəbcə “Səfa!” Yəni təmizlik. O “Səfa” dağından “Beyt”ə doğru axan suyun adını da qoyublar “Səfa suyu”. Ətraf ölkələrdə, o cümlədən fəth elədikləri Bağday ərazisində də tədris dayandırıldığına görə Elmdən ayrılan, Qrek kaloniyalarında qula dönən kütlələri, qocalı-cavanlı, sel kimi axıdıblar o “Saf su” axan yerə: əl-üzünü, ayaqlarını yu “müqəddəs Səfa suyu”nda, get “Beyt”in kandarına yıxıl, daşı-divarı öp, arzunu-diləyini de, vəssalam! Diqqət yetir, gör SafAğ Elmini, Kainat haqqında məlumatı nə ilə əvəz eləyiblər: su ilə!.. Qrekin köhnə “xristian” üsuludu bu-“su”dan istifadə yolu ilə “Religiya”yaratmaq!.. Bədbəxt cahil hardan bilsin ki, “su” OdƏrcə Əs (Yaradan) sözündən azıb. Danışanda üz-gözümüz əsir, titrəyir, həm sifətimizdə məna yaranır, həm də səsimizdə – Ünümüzdə, sözümüzdə, Suyun axınından başqa, lap laltərpənməz qalanı da Əsir – yaradır. Torpaq, daş, qaya, dağ, dərə, hamısı hər şey Əsir-yaradır. Hətta ən tərpənməz suyun özündə də səs var. O da Bağlarımızın Ünü – səsi sayılır. Bağlarımız məhz Ünlə, sözlə – məna ilə bağlayırlar Kainatı özlərinə. Bağ Əsməsə– yaratmasa, təhrif “ins”an ÜnƏsə – yaradan Ünə çevrilməyib “ins”liyində – mənasızlığında qalar. Bax buna görə də fatehlər OdƏr dilinin “Əs”ini “su”ya döndərib bədbəxt insanı “Səfa dağı”nın “saf su”yuna bağlayıblar. Bu cür asan, sadə bir üsulla yıxıblar bəşəriyyətin evini! Suya bas, çıxart de: “okrestili”, oldun xristian!

Düşməni tanımırsan sən, oğul! Bütün planetdə cəhalətdi bizim nəslimizi, kökümüzü kəsən! Çax-çux Xalıq, Xudiyev dəstəsi “Saxara” deyilən “Dəsti kəbir” deyilən səhrada qum dənəsidi.

Səməd diksindi:

– Don Kixotam – nəyəm mən, kişi, “Dəsti-kəbir”nən döyüşməliyəm?! Sən lap sərsəmləyirsən, Abı! Bağışla məni, köhnənin kobuduyam. Getdim!

– Dayan, cahil! – Uzun qol kənara uzanıb necə qayıtdısa, şapalaq Səmədin üzündə iz saldı. -Otur aşağı. Sizi kimi əbləhlərin əla roman saydıqları o “Don Kixot”lar deyilmi insanı yolundan azdıran?! Guya ədalət yoxdu dünyada?! Bəs mən kiməm, ay cahil! Sizin Tolstoyunuzu cibinə qoyan saysız-hesabsız SafAğ Alimlərini tanıyanda biləcəksən necə zibillərdi o “Don Kixot”unuz, “Hərb və sülh”ünüz!

İyirmi altı yaşındasan indi. Deyilib: “Əlli yaşında yüksək rütbəyə çatacaq”. Yalandı bu. “Altmış yaş” deyiblər şeyx əmilərin, Mədəd gizlədib səndən, “əlli” deyib. Soruşma “niyə”, sirdi bu. Məhz altmış yaşında biləcəksən nədi o “yüksək rütbə”. Yəni səksən səkkizinci ildə.

De görüm, iyirmi altı il bundan əvvəl şeyx əmilərin necə biliblər altmış il sonranın hadisəsini? Sadə deyirəm, loru deyirəm: göydən eşidiblər!.. Ən pis təhrif sözlərdən biri də “vəhy” deyiləndi, Cəbrayıl adına çıxılan kəlamlar EvEydən deyilib. Uca Evdən, “Quran” yox, “GurÜn” deyilib.

Ağ Əmir də Ün eşidirdi. Boz Əmir də! Baban Məhəmməd Əmir də! Ulu baban Musa ağa da! Musa ağanın başqa Pünhan Bağ oğulları da!

Yəni Peyğəmbərdi hamısı? Bəli! Bəli, ey Peyğəmbərlər varisi! “Muğ” – Bağ nəslindən ancaq sənin kimi nadan cavanlar bilmirlər “Peyğəmbər” nədi.

“Peyğəmbər” – “Peyğünbər”in əsli – OdƏrcəsi BağÜnEvƏrEydi (Uca İşıq Evinin BağÜnü – “beyni”). “Ərəb” “BağÜn” sözünü təhrif eləyib “PeyğÜn” şəklinə salıb. Hiss eləyirsənmi necə təhrifdi?! “PeyÜn”ə “əvvəlcədən xəbər verən” mənası veriblər. Belə şərhlərin – izahların vaxtı deyil hələ, nəslini tanımalısan indi. Özünü tanımalısan!

Diqqətli ol!

Bağlarımız ilk-əvvəl Olam adında kiçik bir yerdə olublar. O ayrı söhbətdi. Əsil dövlət Olamdan sonra yaranıb. Bağdayın ilk vilayəti ƏrEydə, “Əmir” EvƏrEylər ordandılar. Mən də sizdənəm. Təhrif dillərdə “Yevrey”ə dönən EvƏrEylərik. EvƏrEy OdƏrləri, əbədi Bağlar deyirlər bizə. Əbədi! Ölümsüz! Hoppanma! Qulaq as!

Olam, irəli sınanan əlli minillik tarixin birinci minilliyində olub. O minilliyin axırında GurAğ – “Qreklər” hücumları başlanıb. Belədi, SafAğ İnsan mühitində, yəni əbədi insan mühitində ilk ölümlər tarixi o vaxtdandı.

Bağdayın ordusu olub GurAğlar. Niyə qiyama qalxıblar, o xüsusi dərsdi, öyrənəcəksən.

Silah işlədən, qan axıdan əxlaqca, mənəviyyatca, ağıl-şüurca murdarlaşan insan torpağa gedir – çürüyür. Saf mənəviyyatlı SafAğ İnsan öləndə isə bətnindən təhrif dildə “Ruh” adlanan ƏrAğ (SafAğ İşıq) çıxır. Adını hələ bilmədiyin planetə çatana qədər “Ruh” – ƏrAğ təhrif dildə “element” adlanan zərrəciklərlə dolur, beləliklə, ölən insan ikinci dəfə yaranıb əbədi yaşayır. “İkinci yaranış” yox, “ikinci doğuluş” deyirlər buna. Çünki ölən insanın beynindən çıxan ƏrAğ rüşeymidi o insanın, başqa sözlə proqramıdı. İşığın içində başqa planetə uça-uça proqramdan yaranır, işıqdan doğulur. Həm də lap qısa müddətdə!

Sultan təfsilatla danışacaq sənə bu ikinci doğuluşu. Hələlik bircə bunu bil ki, “Əmir” – EvƏrEy OdƏrlərinə ölüm yoxdu. Bir şərtlə: qan tökməsinlər, bətnlərindəki SafAğ İşığı – ikinci doğuluş proqramını öldürməsinlər. Bu əsas şərtə əməl eləsən, “Yer” mühitində nə qədər çirkaba batsan da, sarsıntılar, işgəncələr bahasına saflaşa bilərsən. Yerin özündəcə. Bildin?! Yalnız tək-tək hallarda həqiqət naminə qisas almaq niyyətilə qan tökənlərdən də elə Yerin özündə əzab-işgəncə hesabına saflaşanlar olur.

İşgəncələrdən keçib əbədiyyət qazananlarımıza, yəni təhrif həyatı dərindən dərk edənlərimizə icazə verilir ki, “Yer”ə – öz vətənlərinə Ün göndərsinlər. Belələri, lazım gələndə, “İşıq gəmiləri” dediyimiz planetlərarası gəmilərdə “Yer”ə gəlib, gizlin guşələrdə gizlin yaşayırlar, EySarın tapşırığı ilə iş görürlər. Gözlərin böyüməsin! Nə deyirəm, həqiqətdi hamısı!

Bax bu Xızr Abı deyilən kaftarın indikindən qat-qat pis kaftarlaşan bir vaxtı vardı. Rus Göyçəni əlimizdən alıb Erməniyə verməmişdi hələ. Getdim ki, bulaq suyu içim, qantəpər, baldırğan, qoyungözü32-zad yeyim, dirçəlim bir az. Elə gedən günü baban Məhəmməd Əmirin səsini eşitdim: “Niyə belə axmaqladın, ay Abı? Göyçənin nemətlərini elə burdan göndərmirikmi sənə?!” Məlum oldu ki, SafAğ İşıq içində hər şey göndərirlər, mənim bu kaftar canımda qanıma, onun hesabına yaşayıram.

SafAğ Elmindən kənar insanın, yəni, təhrif insanın beyni yox dərəcəsindədi. “Ölüb” – doğulub qayıdanlarımızdan bəziləri, özlərindən asılı olmuyan səbəblərə görə “Yer” də gözə görünəndə “xortdayıb” deyir təhrif insan. Həqiqət Ününə -OdÜnə “Din” deyənlərin sözüdü “xortdamaq”. Öldürürlər “xortdayan”ları. “Ruh” bədəndən ayrı yaşamalıdı” deyirlər ki, ikinci doğuluş, planetlərdə əbədi həyat, OdƏr bəşəriyyəti haqqında bir kəlmə də həqiqət deyilməsin. Çünki diri ikən çürüyən murdarların xeyrinə deyil həqiqət. Məhz buna görə “din”lərdən dördəlli yapışırlar çürümüşlər.

Səbrini itirmə! Bir-iki dəqiqə də qulaq as.

OdƏr dilində üç sözdən ibarət bir söz var: EyOdƏr. Uca Həqiqət İşığı deməkdi. Kainatda ilk və ən böyük planetin adıdı bu, həm də Kainatın sahibi, yaşı məlum olmuyan əbədi Bağ EyOdƏr Babamızın adıdı. Pünhanlarımız ƏsƏrlərində Yer təbirilə, “Heydər” yazırlar. On beşinci əsrdə Şah İsmayılın lap uşaq vaxtı Məkkədən “Heydərilər” adıyla casus ordusu dolub içərimizə. Ona görə də bilməlisən ki, hər “Heydəri”yəm deyənə SafAğ demək olmaz. “Biz ayrıyıq” deyiblər onlar sonralar! “Şiə”yik – Ayrıyıq! Və başlayıblar Bağları açıq-açığına qırmağa. Bağday tarixinin ən qara səhifələrindən biri də budu. SafAğ Alimi Şah İsmayılın dövrəsində hakimiyyəti alıb, üstəlik “Ruma”-Ərimə, indiki Türkiyəyə də əl uzadıblar. Sultan Səlim kəsib əllərini! Diqqətli ol!

EyOdƏr Babamızın Oğlunu adı BağBağÜndü. “Beyin” – BağÜn Bağı deməkdi.

BağBağÜn Babamızın Oğlunun adı BağOddu, biz Bağ Ata deyirik.

Bağ Atamızın böyük oğlunun adı ƏlBağdı, biz Ulu Bağ deyirik.

Bəri başdan bilməlisən ki, bütün OdƏr ƏsÜzləri (yaradan mənaları) – “Söz”ləri Bağların Odlarıdı (Həqiqətləridi) – adlarıdı-rütbələridi.

Məsələn, ƏsƏlMən sözü (Mənim Yaradan Əlim-Oğlum). Əlli minillik irəli sananan tarixin birinci ilindən başlıyaraq, geri sananan əlli minillik tarix müddətində və bu son Yeni tarixin min doqquz yüz əlli dörd ili müddətində ƏsƏlMən Odu – adı Ulu Bağın ilk və əbədi rütbəsidi.

Altı qitəli EyƏr – “Yer” planetinin bütün qitələrinin sahibi Bağ Atanın ƏsƏlMəni – Yaradan Əli – Oğlu Ulu Bağdı.

Təhrif dil “Soloman”a döndərib ƏsƏlMəni. Sonra “Süleyman”a döndərib. Mənasız sözlərdən başqa bir şey deyil “Solomon”, “Süleyman”; “Bibliya”nın milyon-milyon nüsxələrində bütün planetə yayılıb. İlanın “sözü” – mənası – “elmi” Elmimizin Yaradan mənasını – ƏsÜzünü – sözünü öldürüb! Hiss elədinmi, duydunmu faciəmizi?!

Mücərrəd “Midiyskiy tsar”, “Boq Midii” yazır İlan və bu “tsar”ın, “Boq”un hətta təhrif adlarını – “Solomon”u, “Süleyman”ı da gizlədir ki, “Süleyman padşahın xəzinəsi” – Elmi, Bağdayda Bağ nəsli, OdƏr xalqı, Kainatın OdƏr bəşəriyyəti həmişəlik “batin” – gizlin qalıb, nəhayət, “batil” – yox olsun.

Budu EvƏrEy OdƏrlərinin kütləvi qırğınlarının sirri!

“Qrek”in “od” mənasında işlənmiş “ki” kəlməsini Rum senatının xüsusi qərarilə yeridiblər OdƏr dilinə, “Tərik” – “Türk” dilinə. Sonralar Vizantiya da davam etdirib bu dəyişdirmək – həqiqəti öldürmək siyasətini. “Qrek”in, “Latın”ın gah açıq, gah da gizlin müttəfiqləri “Fars”, “ərəb” də davam etdirib təhrif sözlə məna öldürmək siyasətini. İndi isə “Böyük qardaşımız” – “Rus” xalqı davam etdirir. Hamısını var “Bakı” əvəzinə həqiqi adını – BağOd de, yoxa çıxarsan! “Quba”, “Kuba” əvəzinə Od Bağ desən, “Bağdad” əvəzinə BağOd desən və ya “Ərəb”cə “Mək kə” əvəzinə BağOd desən, Sibir bu yanında qalar! OdƏr çayı əvəzində “Ki Ər” – “Kür” deməlisən! GurOd əvəzində “qurd” (canavar) və ya “Kird”, “kürd”, GurOdMən əvəzində “Kirdman” deməlisən! Ey OdÜnƏs əvəzində “Ki Ün Əs" və ya indi deyildiyi kimi, “Günəş” deməlisən!

Ey OdÜnƏsi – Uca Həqiqətin Yaradan Ününü unudub “Günəş” deyən “Türk” ün faciəsini hiss eləyirsənmi, duyursanmı?

OdÜnƏs əvəzinə “dəniz” deməlisən! Əks halda başıyın üstündə “Domokl qılıncı” peyda olar!

Sultandan sonra çoxlu Pünhan gizlin Muğannalarla görüşəcəksən. İşıq gəmilərində uçan əbədi Bağ nəsli ikən ölümlü insanlara çevrilib müxtəlif yerlərdə gizlənən “Muğ” – Bağlarımızı, “Aşıq” – ƏsAğlarımızı tanıtdıracaqlar sənə. “Əlhəmik” – Vahid Əlik biz, yəni ƏlAğımız – “Allah”ımız birdi sənnən” deyəcəklər. “Sələm əleyküm” əvəzinə “ƏsƏlim ƏlEy” deyirlər. Yəni, “yaradan Əlim Uca Əldir!” Cavab verirlər: “ƏlEyƏsƏlim”. Yəni, adam “Uca Əl Yaradan Əlimdir…” Vaxtı çatanda çox adam açılaşacaq sənə. Hərəsi Elmimizin bir guşəsini işıqlandırıb yeni-yeni həqiqətlər açacaq. Elmi mənimsəyib, bütün varlığınla inanacaqsan ki, Yeni tarixin qırxıncı ilindən “Qalaktika”mızın – QalAğamızın “Allah”ı – ƏlAğı (SafAğ İnsan Əli) olan EySarımızın (“İ sa”nın, İiS+usun) Əlisən! Bəli, oğul! Budu sənin sevgin, ailən, oğul-uşağın, qohum-əqrəban: Əl! Bütün OdƏr bəşəriyyəti Vahid Əldir, “Lailahəilləllah” ola bilməz!

EySar özündən böyük qardaşı EvƏrim Sar ÜnAğın (“Avrama” döndərilənin) Əlidi;

EvƏrim özündən böyük qardaşı ÜnEvin “Noy”a, “Nuh”a döndərilənin) Əlidi;

ÜnEv özündən böyük qardaşı Ulu Bağ ƏsƏkMənin Əlidi; “Din” yalançıdı; ÜnEv – “Nuh” nə ilk peyğəmbərdi, nə də ilk oğul.

Ulu Bağ, Bağ Atamızın Əlidi;

BağBağÜn Babamız isə EyOdƏr Babamızın Əlidi!.. Bu ilk məlumatı alanlara bunu da deyirlər ki, təhrif dillərdə “Peyğəmbər”ə “Peyğünbər”ə döndərilən BağÜn EvƏrEy “Məhəmməd” – “Mühəmməd” -“Muhamməd”in Odu – adı-rütbəsi BağHəmOddu (Vahid Həqiqət Bağıdı).

“İmam” Əlinin Odu – adı – rütbəsi EyMən Əlidi (Mənim Uca Əlim).

BağHəmOda – “Məhəmməd”ə qədim “GurÜn” verilib, GurÜn! Yəni, “Quran” uzaq, – “Türk”cə, OdƏrcəsi. O kitab bir müddət “Məkkə”də bağlı seyfdə saxlanılıb; maraqlananlara deyiblər: “Bu alimlər üçündü, adi bəndələrə verilmir”. Belə çıxır ki, “Quran” var? Xeyr, oğul! “GurÜn” var və “GurÜn” əfsanələşdirilmiş, iyrənc tərcüməsi “Quran” var. Həqiqi “Quran” – “Yarin” OdƏrcədir.” Həqiqi “Quran” Odərcədir.

Əslini EySar verib BağHəmOda. “Allah” – ƏlAğ EySar (“İsa”, “İis+us”). Bilməlisən ki, ƏlAğ EySar cəmi OdƏr bəşəriyyətin – cəmi Kainatın yox, tək bizim “Kalaktika”mızın QalAğımızın “Allahı”-ƏlAğıdı. Hər QalAğın öz ƏlAğı var. Hər ƏlAğın yanında öz SimOd məclisi var.

“İslam” yoxdu, ƏsƏlim var, oğul. ƏsƏlim-Yaradan Əlim!

Gör indi, necə gizlədilib həqiqətimiuz, dünyamız, bəşəriyyətimiz!

İndi gedə bilərsən. Xançalı yox, çamadanını götür, get Əmirli mülkünə. Çürüknən orta qalırıq indi biz. Get sakitləş, yat dincəl. Sonra Sultannan görüşəcəksən!..

Səməd duruxdu: “Sultannan görüşəcəksən! Mümkündümü? !”

Yenə də beyni qıjıldaya-qıjıldaya, gözləri tutula-tutula hara getdiyini, necə getdiyini bilmədi.

5

Qapını Hənifə arvad açdı.

Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddiillik lampanın33 alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

– Xeyir ola… Gəl gör bu kimdi belə, a kişi? – deyib içəridən ərini çağırdı, tanıyanda isə əllərini üzünə basdı, – Allah mənə ölüm ver!

Əlləzoğlu otağın yarısını tutmuş nəhəng taxtın üstündə böyrünü cecimə verib, mütəkkəyə dirsəklənib yatırdı. Arvadının çığırtısına quş yuxusundan bir göz qırpımında ayılıb quş cəldliyi ilə yerə atıldı, səhərdən axşama qədər yollarda arabaların, atların, mal-qaranın qaldırdığı toz-torpaqdan keçəyə dönən çal tüklü sinəsini qaşıya-qaşıya, gözlərini qıyıb, qonağa diqqət yetirdi və bir əli sinəsində, o biri əli qəlyanın zorba başında, donub qaldı.

Kandarın bir tərəfində Gülgəzin ata-anası, o biri tərəfində Gülgəzin istəklisi dayanmışdı. Nə qədər ki, Gülgəz aralıqda idi, bu kandar görünməzdi. Gülgəz aralıqdan getmişdi, kandar əvəzində sədd əmələ gəlmişdi, odur ki, nə bu yandan ayaq atan vardı, nə də o yandan.

Səməd özü də məəttəl qalmışdı ki, bu evə nə üçün gəlib? Necə gəldiyini də doğru-dürüst bilmirdi. Yadında qalan bu idi ki, meşə çox qaranlıqdı, lap uşaqlıqdan hər qarışına bələd olduğu Kəsəyolla yerisə də, tez-tez ağaca toxunurdu, üz-gözünə şax-budaq çırpılırdı, üstəlik,əlində nə isə tez-tez kol-kosa, kötüyə-zada ilişirdi, əsəblərini daha da tarıma çəkib lap cana doydururdu. Əmma heç nəyə diqqət yetirmədiyi kimi, əlindəki şeyə də diqqət yetirmirdi. Yalnız seyrəkliyə çıxıb, göydə ulduz, yerdə şeh işıltısı görüb, Sudüşəndə, həmin saqqız ağacının yaxınlığında olduğunu başa düşüb istər-istəməz yavaşıyanda gördü ki, əlindəki şey çamadandır.

“Dəli Səməd”dən Səmədə qalan yadigarlar içində bir yadigar da qalmışdı, o da daş əzələlər idi, həmişəlik daşlaşıb, hətta “cəhənnəm kürəsi”ndə də əriməmişdi, əksinə, “cinayətkarla” – “qatillə” görüş gününün yaxınlaşdığını duyduqca Səməd sövq-təbii bir ehtiyacla əzələlərini daha da daşlaşdırmışdı. Odur ki, çamadanını rastına çıxan ağaca çırpanda meşədə elə bil mərmi partladı, bürküyə görə yuxarılarda – uca budaqlarda yatışan iri quşlar gurultu ilə dağılışıb, qaranlıqda göyün dərinliyinə cumdular.

Yadında qalan bir də bu idi ki, Qudalı Rəhimin hansı möcüzə iləsə elektrik işığına qərq olmuş həyətində boynu xışlı it ağzını açar-açmaz bütün məhlədən canavarsayağı it xılı – köpək sürüsü töküldü, ağ tor köynəkdən camış qılı çıxmış Qıllı Qeybalı üç yüz voltluq lampanın gur işığı altında çarpayıdan qalxıb it xılına təpindi, hələ qaranlıqda olan köhnə düşmənini hansı hikmətləsə uzaqdan-uzağa tanıyıb, gülə-gülə qabağına yeridi: “Qorxma, qorxma”. Gəl, gəl, ay Səməd. Sən də öz kəsiyimizsən34 daha, dəyməzlər sənə”, – dedi.

Qıllının açıq şadlığı, rişxəndi və “sən də öz kəsiyimizsən daha” sözlərindəki gizlin məna təhqirdən betər səslənib Səmədin üzünə şapalaq kimi yapışdı, Rəhimin üstü dəmirli, daş imarətindən o yanda, məşhur palıd kötüyünün arxasında xırda pəncərəsi saralan daxmaya doğru getdiyi halda, dabanı üstə döndü. O söz şapalağından nə kökə düşdüyünü indi Hənifə arvadla Əlləzoğlunun gözlərindən oxuyurdu.

Deyəsən, “Dəli Səməd” oyanmışdı, özü də indi yox, əmisinin darvazasında sevinc və xoşbəxtlik həsrətindən kükrəyən etiraz və üsyanla bircə oyanmışdı. Düz yeddi il səkkiz ay yatıb, birdən-birə gözlərini açıb, ancaq atasını yox, ata hənirli əmisini də, istəklisini də itirib tamam tək qaldığını, Xızr Abının sirli, sehrli nitqindən sonra isə, qulaqlarında çox uzaq, anlaşılmaz aləmlər kimi səslənən “OdƏr”, “SafAğ”, “Bağ” sözlərinin qatı dumanı içində faciəsinin ağırlığını duyub, darvazadan eşiyə, küçəyə atılanda, deyəsən, əvvəlcə qırmızı tuf daş binaya doğru cummuşdu, birbaş əmisinin kabinetinə qalxıb, qapını bağlamaq, “Qaraçı gözəli”nin ayaqlarından tikanları dişləri ilə çıxara-çıxara, hələ o körpə vaxtından Gülgəzə necə könül bağladığından başlayaraq hər şeyi danışmaq, “avariya” günü hamının təkrar etdiyi “qəsd işi yoxdu” sözlərini, qəbiristanda kükrəyən şübhəsini, “qara həyula”nı, “cəhənnəm kürəsi”ni, Çax-çuxla görüşünü, həyətdə Sultansız, Gülgəzsiz dünya haqqında düşündüklərini açıq-açığına ortalığa tökmək, hər şeyi aydınlaşdırmaq, bədbəxtliyi törədən səbəbləri bütün dərinliyi ilə öyrənmək, bilmək, Abının çox ciddi xəbərdarlığına, qadağasına baxmayaraq, hökmən qisas almaq niyyətinə düşmüşdü, əmma yəqin ki, əmisi ilə üz-üzə gəlməyin, “açıq-açığına” danışmağın çətinliyini, bəlkə də heç mümkün olmadığını hiss edib yolunu dəyişmişdi. Çax-çux dönə-dönə, müəmmalı təkidlə “Gülbəniznən görüşməlisən hökmən” desə də, bu sözləri yox, “kənddə gözlüyəcəm” sözlərin yada salıb, şəhərlə Qonaqlının arasındakı Kəsəyolla meşəyə sığınmışdı… Paltarlarla, nadir kitablarla, qiymətli şeylərlə dolu çamadan yox, Səmədə mənalı, perspektivli insan həyatı da yox, o həyətdən götürdüyü xançalı əvəz edən dəmir barmaqlarla Çax-çuxun xirtdəyindən yapışmaq lazımdı.Odur ki, barmaqlarını üyüşdürən, əsəblərini tarıma çəkən çamadanda hətta anasının çox qiymətli yadigarından – “axça”lardan olduğunu da, diplomunu da unudub, o yükü ağaca çırpdı, hətta qan tökülən yerə – saqqız ağacının yanına da burulmayıb tələsdi ki, bir əlilə Çax-çux adında o “sirlə dolu sinə” dən, o biri əlilə iri hülqumlu uzun, quru boğazdan yapışsın, “Danış! Aç tök hamısını!” – desin. Yeddi il səkkiz ay müddətində “avariya” günündən, “qəsd işi yoxdu” sözlərindən bu günə qədər nə baş vermişdisə, hamısı o sinədə idi və Səməd o sinəni bütün açıb, kitab kimi oxumalı idi. Odur ki, Ortayoldan və Qudalı Rəhimin imarətindən o yanda, palıd kötüyünün arxasında saralan o üçcə qarış uzunluğunda, ikicə qarış enində pəncərəyə doğru qətiyyətlə gedəndə bu qətiyyəti sındırası bir şey görmürdü. Əmma Qeybalının beş-altıca kəlməsindən sındı: “Gəl, gəl ay Səməd. Sən də öz kəsiyimizsən daha”. Yəni, Sultan Əmirlinin düşmənlərinin məhləsinə gəlirsənsə, o “sirlə dolu sinə” dəki sirlərin hamısının Sultan Əmirlinin əleyhinə olduğunu bilə-bilə, mütləq öyrənmək, bilmək istəyirsənsə, daha sənlə bizim fərqimiz yoxdur?! Yəni, Çax-çux Xalıqla Qudalı Rəhim Sultan Əmirliyə necə düşməndirlərsə, daha sən də eləcə düşmənsən?! Dabanı üstdə dönüb, gəlib bu qapını döyəndə Səmədin üzündə belə bir fikrin dəhşəti həkk olunmuşdu. Dağılıb tökülüb tərdən islanmış gur qara, ordan – burdan azca şabalıdı saçların arasından heybətli gözlər parıldayırdı. Hənifə arvadla Əlləzoğlunun qanlarını donduran da elə bu idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации