Электронная библиотека » Эрнест Хемингуэй » » онлайн чтение - страница 2

Текст книги "Əlvida silah"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Эрнест Хемингуэй


Жанр: Зарубежная классика, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +
BEŞİNCİ FƏSİL

Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. O bağda deyildi, buna görə də mən villanın yan qapısına tərəf döndüm, sanitar maşınları da ora gəlirdi. İçəri girib hospitalın baş şəfqət bacısını gördüm, o mənə dedi, Barkli növbətçidir.

– Bilirsizmi, müharibədir.

Dedim ki, bilirəm.

– Siz italyan ordusunda qulluq edən həmin amerikalısız? – soruşdu.

– Bəli, mem.

– Axı, bu necə olub? Niyə bəs bizə gəlmədiz?

– Özüm də bilmirəm. – dedim. – Bəs indi sizin yanınıza keç-mək olar?

– Qorxuram ki, indi mümkün olmasın. Deyin, niyə italyan ordusuna getmisiz?

– Mən İtaliyada yaşamışam, – dedim, – özü də italyanca danışıram.

– O! – qız dedi. – Mən italyancanı öyrənirəm. Çox gözəl dildir.

– Deyirlər ki, onu iki həftəyə öyrənmək olar.

– Xeyr, mən iki həftəyə öyrənə bilmərəm. Mən artıq neçə aydır ki, məşğul oluram. Əgər onu görmək istəyirsizsə, saat yeddidən sonra gələ bilərsiz. O vaxta qədər növbədən çıxar. Ancaq rast gəldiyiniz hər italyanı özünüzlə gətirməyin.

– Dillərinin gözəl olmasına baxmayaraq?

– Bəli. Hətta gözəl mundirlərinə də baxmadan.

– Xudahafiz, – dedim.

– A rivederci, tenente1010
  Xudahafiz, leytenant (italyanca).


[Закрыть]
.

– A rivederla, – hərbi salam verib çıxdım. İtaliyada əcnəbi-lərə hərbi salam verildiyi kimi salam verərkən özünü itirməmək mümkün deyil. Görünür, italyan adətilə salam vermək eksport üçün nəzərdə tutulmayıb.

İsti bir gün idi. Səhər mən çayın yuxarılarına, Plava tərəfdəki körpüqabağı istehkamlara getmişdim. Oradan hücum başlamalı idi. Keçən il o sahil ilə hərəkət etmək mümkün deyildi, çünki dağ keçidindən ponton körpüsünə gedən yeganə yol, demək olar, bir mil məsafədə pulemyot və top atəşi altına düşürdü. Bundan başqa, bu yol hücumdan ötrü lazım olan bütün nəqliyyatın hərəkəti üçün kifayət qədər geniş deyildi və buna görə də avstriyalılar orada əsl qırğın törədə bilərdilər. Lakin italyanlar çayı keçib, sahil boyu hər iki tərəfə doğru irəliləmişdilər, indi də çayın Avstriya sahilində bir mil yarım sahəni əllərində saxlayırdılar. Bu, onlara təhlükə doğuracaq üstünlük verirdi, odur ki, avstriyalılar onlara orada möhkəmlənməyə imkan verməməliydilər. Mən elə güman edirəm ki, bu məsələdə hər iki tərəfin dözümlülüyü özünü büruzə verirdi, çünki çayın aşağılarındakı o biri körpüqabağı istehkam, hələ də avstriyalıların əlində idi. Avstriyalıların səngərləri aşağıda, dağın yamacında, italyanların mövqelərindən cəmi bir neçə yard aralıdaydı. Əv-vəllər sahildə şəhərcik var idi, lakin onun tozunu göyə sovur-muşdular. Bir az o tərəfdə dəmir yolu stansiyasının xarabalıq-ları və dağıdılmış körpü vardı ki, onu düzəldib istifadə etmək mümkün deyildi, çünki o hər tərəfdən görünürdü.

Mən ensiz yol ilə aşağı, çaya tərəf getdim, maşını təpənin altındakı sarğı məntəqəsində qoyub, qarşısını dağın kəsdiyi ponton körpüsünü keçdim və dağılmış şəhərciyin yerindəki və yamacın ətəyindəki səngərləri dövrə vurdum. Hamı blindaj-larda idi. Mən üst-üstə qalanıb hazırlanmış fişəngləri gördüm, bunlardan artilleriyanı kömək üçün atəş açmağa səsləməkdən və rabitə qırılarkən siqnaldan ötrü istifadə edirdilər. Ətraf sakit, isti və palçıq idi. Mən məftil maneələrin ardında avstriyalıların mövqelərinə baxdım. Heç kəs görünmürdü. Mən blindajlardan birində tanış kapitanla birlikdə bir az içdim və körpü ilə geri döndüm.

Dağdan aşaraq ziqzaq ilə körpüyə enən yeni geniş yol çəkilib qurtarmaqda idi. Bu yol çəkilib qurtaran kimi hücum başlan-malı idi. Yol sərt dönərək meşədən keçirdi. Plan belə idi. Hər şeyi yeni yol ilə gətirməli, boş yük maşınları və arabalar, yaralıları daşıyan sanitar maşınları və geriyə dönən bütün nəqliyyat isə köhnə ensiz yol ilə hərəkət etməli idi. Sarğı məntəqəsi Avstriya sahilindəki təpənin altında idi və yaralılar ponton körpüsü vasitəsilə xərəklə daşınmalıydı. Bu qaydanı hücum başlanandan sonra da saxlamaq nəzərdə tutulmuşdu. Mənə elə gəlirdi ki, enişin qurtardığı yerdə yeni yolun bir mildən bir az artıq məsafəsi avstriyalıların top atəşi altına düşməli idi. İş pis ola bilərdi. Lakin mən elə bir yer tapdım ki, axırıncı təhlükəli məsafəni vurub keçəndən sonra və yaralıları ponton körpüdən keçirib gətirənə kimi maşınları orada gizlət-mək mümkün olsun. Mən maşınla yeni yoldan getmək istəyir-dim, amma yol hələ hazır deyildi. Yol geniş idi, hər işə yaxşı yarayırdı, yolun döngələri dağın meşəli yamacındakı qabağı açıq olan yerlərdə çox mənzərəli görünürdü. Güclü tormozları olan maşınlar üçün eniş çətin olmayacaq, hər halda bu maşınlar aşağı boş gedəcəkdi. Mən ensiz yol ilə geriyə döndüm.

Karabiner maşını saxladı, irəlidə, yolda mərmi partladı, biz orada dayandığımız zaman daha üç mərmi partladı. Bunlar 77 millimetrlik mərmilər idi, mərmilər havada olarkən bunların vıyıltısı, sonra bərk, qısa partlayış eşidildi, alov göründü və boz tüstü yolu bürüdü. Karabinerlər bizə işarə verdilər ki, yolumuza davam edək. Maşın partlayış olan yerlərə yaxınlaşarkən kiçik çuxurların yanından dolanıb gilin, daşın və təzəcə parçalanmış çaxmaqdaşının iyini duydum. Mən Qorisiyaya, villamıza qayıtdım və dediyim kimi, hələ növbədə olan miss Barklinin yanına getdim.

Günorta yeməyini çox tez yedim və o saat da yenidən ingilis hospitalının yerləşdiyi villaya getdim. Villa çox böyük və qə-şəng idi və evin qarşısında gözəl ağaclar ucalırdı. Miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunla idi. Elə bil gəlişimdən sevindilər, bir az sonra miss Ferqyuson üzr istəyib qalxdı.

– Sizi ikilikdə qoyuram. – dedi. – Siz mənsiz çox yaxşı keçi-nirsiz.

Miss Barkli:

– Ellen, getməyin, – dedi.

– Yox, mən gedirəm. Mən məktub yazmalıyam.

– Gecəniz xeyrə qalsın, – dedim.

– Gecəniz xeyrə qalsın, mister Henri.

– Elə şey yazmayın ki, senzor təftiş eləsin.

– Narahat olmayın. Mən ancaq necə gözəl yerdə yaşadığı-mızdan və bütün italyanların necə igid olduqlarından yazıram.

– Bu qaydada davam edin, onda orden alarsız.

– Çox şad olaram. Gecəniz xeyrə qalsın, Ketrin.

Miss Barkli:

– Bir azdan sizə baş çəkəcəyəm, – dedi. Miss Ferqyuson qaranlıqda gözdən itdi.

– Yaxşı qızdır, – dedim.

– Əlbəttə. Çox yaxşı qızdır. O, şəfqət bacısıdır.

– Bəs siz şəfqət bacısı deyilsiz?

– Ah, yox. Mən VAD1111
  Voluntary Aid Department (ingiliscə) döyüşən orduya xidmət edən qadın korpusu.


[Закрыть]
deyilən dəstədənəm. Biz yaman çox işləyirik, amma bizə etibar etmirlər.

– Bəs niyə?

– İş olmayanda etibar etmirlər. İş çox olanda etibar edirlər.

– Bəs fərq nədədir?

Şəfqət bacısı bir növ doktordur. Çox oxumaq lazımdır. VAD-lar isə ancaq qısa müddətli kursları bitirirlər.

– Başa düşürəm.

– İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Odur ki, bizim burada xususi rejimimiz var. Biz heç yerə çıxmırıq.

– Bəs mən bura gələ bilərəm?

– Əlbəttə. Bura monastır deyil.

– Gəlin müharibəni unudaq.

– Bu o qədər də asan deyil. Belə yerdə müharibəni unutmaq çətindir. Hər halda unudaq.

– Yaxşı.

Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə çox gözəl görün-dü və mən onun əlini tutdum. Qız əlini çəkmədi, mən ona tərəf əyildim və belini qucaqladım.

– Lazım deyil, – dedi. Mən onu buraxmadım.

– Nə üçün?

– Lazım deyil.

– Lazımdır, – dedim. – Belə yaxşıdır.

Mən qaranlıqda əyildim ki, onu öpüm, ancaq nə isə ani ola-raq məni yandırdı. O, üzümə bərk bir şillə vurdu. Şillə gözləri-min və burnumun üstünə dəydi, gözlərim yaşardı.

– Bağışlayın məni, – qız dedi.

Mən öz tərəfimdə bir qədər üstünlük duydum.

– Siz düzgün hərəkət etdiz.

– Yox, siz məni bağışlayın, – o dedi. – Düzgün hərəkət etmə-dim, – şəfqət bacısı zabitlə, özü də istirahət günü axşamı. Mən sizi incitmək istəmirdim. Ağrıyır?

O, qaranlıqda mənə baxırdı. Mən acıqlı idim və eyni zaman-da şahmat oyununda olduğu kimi, hər şeyi qabaqcadan görərək özümdə inam hiss edirdim.

– Siz tamamilə düzgün hərəkət etdiz, – dedim. – Mən bir tikə də acıqlanmıram.

– Zavallı!

– Bilirsizmi, mən çox mənasız həyat sürürəm. Hətta ingiliscə danışmağıma da ehtiyac qalmır. Bir də siz çox gözəlsiniz.

Mən ona baxırdım.

– Bütün bunları mənə niyə deyirsiz? Mən ki, sizdən üzr istədim. Biz artıq barışmışıq.

– Elədir, – dedim. – Bir də daha müharibədən danışmırıq.

O güldü. Onun necə güldüyünü birinci dəfə görürdüm.

Mən gözümü onun gözünə dikmişdim.

– Siz yaxşı oğlansız, – qız dedi.

– Heç də yox.

– Hə, siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm?

Mən onun gözlərinin içinə baxdım, yenə belini qucaqlayıb onu öpdüm. Mən onu bərk-bərk öpdüm və özümə möhkəm sıxaraq dodaqlarını aralamağa çalışdım; dodaqları bərk yumul-muşdu. Mən hələ də acıqlı idim, buna görə də onu özümə sıxanda birdən diksindi, mən onu bərk-bərk sıxırdım və ürəyi-nin necə döyündüyünü hiss edirdim, bu vaxt onun dodaqları aralandı və başı qolumun üstünə düşdü, başa düşdüm ki, başını çiynimə qoyub ağlayır.

– Əzizim! – dedi. – Siz mənimlə həmişə yaxşı dolanacaqsız, eləmi?

«Lənət şeytana», – fikirləşdim. Mən onun saçlarını oxşadım və əlimi kürəyinə döydüm. O ağlayırdı.

– Doğrudan, yaxşı dolanacaqsız? – Qız gözlərini mənə zillə-di. – Çünki bizim həyatımız çox qəribə olacaq.

Bir az sonra mən onu villanın qapısına qədər ötürdüm, o içəri girdi, mən isə evə yollandım. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.

– Deməli, miss Barkli ilə işləriniz düzəlir?

– Mən onunla dostam.

– İndi siz ovdakı köpəyə oxşayırsız.

– Mən başa düşmədim. Nəyə?

O, başa saldı.

– Siz özünüz köpəyə oxşayırsız… – dedim.

– Bəsdir, – dedi. – Bir az da keçsə, biz bir birimizə pis şeylər deyərik. – O güldü.

– Gecəniz xeyrə qalsın, – dedim.

– Gecəniz xeyrə qalsın, kefcil oğlan.

Mən balışla onun şamını vurub yıxdım və qaranlıqda yerimə uzandım. Rinaldi şamı qaldırıb yandırdı və mütaliəsinə davam etdi.

ALTINCI FƏSİL

İki gün mən postlara baş çəkdim. Evə qayıdanda artıq çox gec idi və miss Barkli ilə ancaq o biri gün axşam görüşə bildim. O, bağda deyildi, buna görə də o, aşağı düşənəcən, mən hospitalın dəftərxanasında gözləməli oldum. Dəftərxananın yerləşdiyi otağın divarları önündəki rənglənmiş taxta postamentlərin üstündə çoxlu mərmər büstlər qoyulmuşdu. Dəftərxananın qarşısındakı vestibüldə də belə büstlər var idi. Mərmər heykəllər öz ümumi xüsusiyyətlərinə görə elə bil eyni sifətdən götürülmüşdü. Heykəllər həmişə məni kədərləndirir; tunc heykəl olsa yenə dərd yarıdır, amma mərmər büstlər mütləq mənə qəbiristanlığı xatırladır. Yeri gəlmişkən deyim ki, Pizada gözəl bir qəbiristanlıq var. Ən çox pis mərmər büstlər Genuyadadır. Bu villa əvvəllər varlı bir almana məxsus imiş və görünür bu büstlər ona çox ucuz başa gəlməyib. Maraqlıdır, görəsən bu əsərlər kimindir və bunlara nə qədər pul verilib. Mən bunların ata-babalara və ya başqalarına aid olduğunu müəyyən etməyə çalışdım; lakin onların hamısının yeknəsək – klassik görkəmi var idi. Onlara baxarkən bir şey anlamaq mümkün deyildi.

Mən kepimi əlimdə tutub stulda oturmuşdum. Biz hətta Qorisiyada da polad kaska geyməliydik, amma bu kaskalar narahat idi və hələ mülki əhalisi köçürülməmiş şəhərdə saxta və pis təsir bağışlayırdı. Mən postlara gedərkən öz kaskamı geyirdim və bundan əlavə, yanımda ingilis əleyhqazı – o vaxt adlandırıldığı kimi, qaz əleyhinə maska olurdu. Biz bunları təzəcə almağa başlamışıq. Bunlar doğrudan da maskaya oxşayırdı. Biz hamımız yanımızda avtomat tapançalar gəzdirməliydik; bu hətta sanitar hissələrin həkimlərinə və zabitlərinə də aid idi. Mən stolun söykənəcəyinə yaslanarkən tapançamı hiss edirdim. Kimi tapançasız görsəydilər, onu həbs edirdilər. Rinaldi tapança əvəzinə koburu tualet kağızı ilə doldururdu. Mən aldatmadan tapançamı özümlə gəzdirirdim və nə qədər ki, tapança atmırdım, özümü silahlı hiss edirdim. Bu, «astra» sistemli, 7,65 kalibrli və qısa lüləli tapança idi, tətiyini çəkərkən elə atılırdı ki, hədəfi vurmaq qətiyyən mümkün olmurdu. Atmağa öyrənərkən hədəfdən aşağı nişan alırdım və yöndəmsiz lülənin titrəməməsinə çalışırdım, nəhayət iyirmi addımdan nişan alarkən, nəzərdə tutulmuş hədəfdən bir yarddan arası olmayan nöqtəni vurmağı öyrənəndə birdən mənə aydın oldu ki, tapança gəzdirmək mənasızdır, buna görə çox çəkmədən tapançanı unutdum, tapança da arxadan kəmərimdən asılı qalaraq tərpənir və məndə heç bir hiss oyatmırdı, ancaq ingilisləri və amerikanları görərkən azacıq xəcalət çəkirdim. İndi mən stulda oturmuşdum, növbətçi dəftərxanaçı da öz stolunun arxasından acıqla mənə nəzər salırdı, mən isə miss Barklini gözləyərək mərmər döşəməyə, mərmər büstlü postamentlərə və divardakı freskalara baxırdım. Freskalar pis deyildi. Üstündəki rənglər çatlayıb tökülməyə başlayanda freskalar həmişə yaxşı olur.

Mən gördüm ki, Ketrin Barkli vestibülə girdi, ayağa durdum. O mənə tərəf gələndə boyu hündür görünmürdü, lakin o çox qəşəng idi.

– Axşamınız xeyir, mister Henri, – dedi.

– Axşamınız xeyir, – dedim. Stol arxasındakı dəftərxanaçı bizə qulaq asırdı.

– Burada oturaq, yoxsa bağa çıxaq?

– Gəlin çıxaq. Bağ daha sərindir.

Mən onun arxasınca qapıya tərəf getdim, dəftərxanaçı ardımızca baxırdı. Biz çınqıl tökülmüş cığırla gedəndə o dedi:

– Siz harada idiniz?

– Postlara getmişdim.

– Heç olmazsa kağız yazıb mənə xəbər verə bilməzdiniz?

– Xeyr, – dedim. – Olmadı. Güman etdim ki, həmin gün qayıdacağam.

– Əzizim, hər halda mənə xəbər vermək lazım idi.

Biz xiyabandan dönüb ağacların altındakı cığırla getdik. Mən onun əlindən tutdum, sonra dayanıb onu öpdüm.

– Biz bir yerə gedə bilmərikmi?

– Xeyr, – qız dedi. – Ancaq burada gəzə bilərik, Çoxdandır ki, yoxsuz.

– Üçüncü gündür. Amma daha qayıtmışam.

O, mənə baxdı.

– Deməli siz məni sevirsiz?

– Bəli.

– Doğrudan, axı, siz dediz ki, məni sevirsiz?

– Hə, – yalandan dedim. – Mən sizi sevirəm.

Mən bunu əvvəllər deməmişdim.

– Deməli siz mənə Ketrin deyəcəksiz?

– Ketrin.

Biz bir qədər getdik və yenə ağacın altında dayandıq.

– Deyin: gecə mən Ketrinin yanına qayıtdım.

– Gecə mən Ketrinin yanına qayıtdım.

– Əzizim, siz axı, qayıtmısız, elə deyilmi?

– Bəli.

– Mən sizi elə sevirəm ki, həm də bu ayrılıq çox dəhşətli idi. Siz daha getməyəcəksiz ki?

– Yox, Mən həmişə qayıdacağam.

– Mən sizi elə sevirəm ki. Əlinizi yenə bura qoyun.

– O həmişə buradadır.

Mən onu öpərkən üzünü görüm deyə, onu özümə tərəf çevirdim və gördüm ki, gözləri qapanıb. Mən onun qapalı gözlərindən öpdüm. Mən qət etdim ki, görünür, azca ağlı çatmır. Amma fərqi nədir? Mən bunun nə ilə qurtaracağını fikirləşmirdim. Bu hər axşam zabitlərin fahişəxanasına getmək-dən yaxşı idi – orada qızlar boynundan sallanırlar, sənə olan rəğbətini göstərməkdən ötrü digər zabitlər ilə yuxarı qalxanda sənin kepini dalqabaq geyirlər. Mən bilirəm ki, Ketrin Barklini sevmirəm və sevmək fikrində də deyiləm. Bu, bric kimi bir oyun idi, intəhası kartları sözlər əvəz edir. Bricdə olduğu kimi, özünü elə göstərmək lazımdır ki, guya pula və ya başqa bir şeyə oynayırsan. Oyuna nə qoyulduğundan bir söz deyilmirdi. Ancaq mənim üçün fərqi yox idi.

– Bir yerə getsəydik, – dedim. Bütün kişilər kimi, ayaq üstə çox dilxoşluq etməyi bacarmırdım.

– Heç yerə, – dedi. O, pərvaz etdiyi o biri aləmdən yerə qayıtdı.

– Bir az burada oturaq.

Biz yastı daş skamyanın üstündə oturduq, mən Ketrin Barklinin əlindən tutdum. Qucaqlamağa qoymadı.

– Siz çox yorulmusuz? – O, soruşdu.

– Xeyr.

O, aşağı, otlara baxırdı.

– Biz sizinlə pis bir oyuna başlamışıq.

– Nə oyun?

– Özünüzü bilməməzliyə vurmayın.

– Heç o fikirdə deyiləm də.

– Siz yaxşı oğlansız, – o dedi, – və istəyirsiz ki, mümkün qədər yaxşı oynayasız. Ancaq hər halda pis oyundur.

– Siz başqa adamların fikrini həmişə duya bilirsiz?

– Həmişə yox. Lakin sizinkini bilirəm. Özünüzü elə göstərir-siz ki, guya məni sevirsiz, buna ehtiyac yoxdur. Bu günlük bununla qurtardıq. İndi siz nə barədə danışmaq istərdiniz?

– Axı, həqiqətən mən sizi sevirəm.

– Bilirsiz nə var, ehtiyac olmadığı halda yalan danışmayaq! Siz öz rolunuzu çox gözəl oynadız, indi də hər şey öz qaydasındadır. Axı, mən lap dəli də deyiləm. Əgər oluramsa da, az oluram və tez keçir.

Mən onun əlini sıxdım.

– Ketrin, əzizim…

– «Ketrin» – indi bu nə qədər gülünc səslənir. Siz bunu həmişə bir qaydada tələffüz etmirsiz. Lakin siz çox yaxşı oğlansız. Siz çox mehribansız, çox.

– Bunu bizim keşiş də deyir.

– Bəli, siz mehribansız. Deməli, siz mənim yanıma gələcəksiz?

– Əlbəttə.

– Məni sevdiyinizi deməyə ehtiyac yoxdur. Buna hələlik son qoyduq. – O qalxıb əlini uzatdı. – Gecəniz xeyrə qalsın.

Mən onu öpmək istədim.

– Yox, – dedi. – Mən çox yorğunam.

– Hər halda öpün məni, – dedim.

– Mən çox yorğunam, əzizim.

– Öpün məni.

– Çoxmu istəyirsiz?

– Çox.

Biz öpüşdük, amma o birdən çırpınıb çıxdı.

– Lazım deyil. Gecəniz xeyrə qalsın, əzizim.

Biz qapıya qədər getdik, sonra mən onun kandarı necə keçdiyini və vestibül ilə yeridiyini gördüm. Onun hərəkətlərinə baxmaqdan xoşum gəlirdi. O, dəhlizdə gözdən itdi. Mən evə yollandım. Bürkülü gecə idi, yuxarılardan, dağlardan bir an belə səs kəsilmirdi. San-Qabrieldə partlayışların parıltısı görünürdü.

«Villa-Rossa» qarşısında ayaq saxladım. Pəncərə qapıları bağlı idi, lakin içəridə hələ də hay-küy idi. Kim isə oxuyurdu. Mən öz otağıma qalxdım. Soyunduğum vaxt Rinaldi içəri girdi.

– Aha, – o dedi. – İş gətirmir. Bebi pərtdir.

– Siz hardaydız?

– «Villa-Rossa»da. Cana çox xeyri var, bebi. Biz xor oxuyurduq. Bəs siz haradaydız?

– İngilislərin yanına getmişdim.

– Şükür allaha ki, mən ingilislərə qoşulmamışam.

YEDDİNCİ FƏSİL

Ertəsi gün, birinci dağ postundan qayıdarkən maşını, yaralıların və xəstələrin öz sənədləri əsasında qeyd edilərək bu və ya digər hospitala göndərildiyi smistimento1212
  Köçürmə məntəqəsi (italyanca).


[Закрыть]
yanında saxladım. Maşını özüm sürürdüm və sükanın arxasında oturub gözlədim, şofer isə sənədləri qeyd etməyə apardı. İsti bir gün idi, səma gömgöy və aydın idi, yol isə ağ və tozlu idi. Mən Fiatın hündür oturacağında əyləşmiş və heç bir şey fikirləşmirdim. Yanımdan yol ilə polk keçirdi və mən cərgələrin necə addımladığına baxırdım. Adamlar istidən üzülmüş və tərləmişdilər. Bəziləri polad kaskalarda idilər, çoxusu isə kaskanı arxa çantaya bağlamışdı. Kaskalar bir çoxunun başına lap böyük idi və demək olar, qulaqlarını da örtürdü. Zabitlərin hamısı kaska qoymuşdu, lakin bunları başlarının ölçüsünə görə seçmişdilər. Bu, Bazilikatın briqadasının hissəsi idi. Mən onları zolaqlı ağ-qırmızı nişanlarından tanıdım. Polk artıq çoxdan keçmişdi, lakin öz manqaları ilə addımlamağa taqətləri olmayıb geri qalanlar hələ də yanımdan ötüb gedirdilər. Onlar əldən düşmüşdülər, hamı tər və toz içində idi. Bəziləri lap xəstəyə bənzəyirdi. Geri qalanların axırıncısı keçib gedəndən sonra yolda bir əsgər də göründü. O dayandı və yolun kənarında oturdu. Mən maşından çıxıb ona yanaşdım.

– Sizə nə olub?

O mənə baxdı, sonra ayağa durdu.

– İndicə gedirəm.

– Axı, nə olub?

– Hamısı müharibədəndir, onu lap…

– Ayağınıza nə olub?

– İş ayaqda deyil. Mənim qrıjam var.

– Bəs nə üçün piyada gedirsiz? – soruşdum. – Niyə hospital-da deyilsiz?

– Buraxmırlar. Leytenant deyir ki, bandajı bilə-bilə atmışam.

– Göstərin mənə.

– Bayıra çıxır.

– Hansı tərəfdən?

– Bax buradan.

Mən onun qarnını yoxladım.

– Öskürün, – dedim.

– Birdən daha da pis olar. Onsuz da səhərkindən iki dəfə böyüyüb.

– Maşına əyləşin, – dedim. – Mənim yaralılarımın kağızları hazır olan kimi, sizi özüm aparıb sanitar hissəyə təhvil verəcəyəm.

– O deyəcək ki, bilə-bilə eləmişəm.

– Burada onlar bəhanə tapa bilməzlər, – dedim. – Bu, yara deyil. Bu sizdə əvvəllər də olmuşdur?

– Axı, mən bandajı itirmişəm.

– Sizi hospitala göndərərlər.

– Tenente, olmaz ki, sizin yanınızda qalım?

– Xeyr. Məndə sizin sənədiniz yoxdur.

Şofer qapıda göründü, əlində bizim apardığımız yaralıların sənədlərini tutmuşdu.

– Dördünü yüz beşinciyə. İkisini yüz otuz ikinciyə, – dedi. Bunlar o biri sahildəki hospitallar idi.

– Keçin sükanın arxasına, – dedim.

Qrıjası olan əsgərə kömək etdim və o, oturacağa qalxıb yanımızda əyləşdi.

– Siz ingiliscə danışırsız? – o soruşdu.

– Bəli.

– Bu lənətə gəlmiş müharibə haqqında nə deyə bilərsiniz?

– İyrənc şeydir.

– Hələ bir iyrənc də olmasın, lənətə gəlmiş. Hələ iyrənc də olmasın.

– Siz Ştatlarda olmusuz?

– Olmuşam. Pittsburqda. Mən bildim ki, siz amerikalısız.

– Məgər mən italyanca pis danışıram?

– Mən o saat bildim ki, siz amerikalısız.

Şofer qrıjalı əsgərə baxıb italyanca dedi:

– Daha bir amerikalı.

– Qulaq asın, leytenant. Siz məni mütləq polka apararsız?

– Bəli.

– Elə məsələ də burasındadır ki, baş həkim qrıjam barədə bilir. Mən bandajı tulladım ki, ağrım artsın və yenə ön atəş xəttinə getməli olmayım.

– Başa düşürəm.

– Bəlkə siz məni başqa bir yerə aparasız?

– Əgər biz cəbhəyə yaxın olsaydıq, mən sizi birinci tibb məntəqəsinə təhvil verərdim. Lakin burada, arxada sənədsiz olmaz.

– Əgər qayıtsam, məni operasiya edəcəklər, sonra da həmişə ön atəş xəttində saxlayacaqlar.

Mən fikrə getdim.

– Siz istərsiz ki, həmişə ön xətdə olasız? – o soruşdu.

– Yox.

– Ah, lənətə gəlsin! – dedi. – Bu müharibə nə murdar şeymiş!

– Bura baxın, – dedim. – Maşından çıxın, yerə yıxılın və başınızı elə vurun ki, şiş əmələ gəlsin, mən isə geri qayıdanda sizi götürüb hospitala apararam. Aldo, bir dəqiqəliyə dayanaq.

Maşını yolun kənarına çəkib dayandıq. Mən kömək edib onu maşından çıxartdım.

– Leytenant, siz məni elə burada da tapacaqsız, – dedi.

– Hələlik, – dedim. Yolumuza davam etdik, təxminən bir mil gedib polku ötüb keçdik, sonra əriyən qardan bulanıq görünən və körpünün dayaqları arasından iti axan çayı keçdik. Düzəni kəsən yol ilə, yaralıları təhvil verəcəyimiz hospitallara çatdıq. Geri qayıdarkən sükan arxasında özüm əyləşmişdim və boş maşını sürətlə Pittsburqda olmuş əsgərin gözlədiyi yerə sürürdüm. Əvvəlcə biz, daha çox üzgün görünən və daha ləng hərəkət edən polkun yanından ötüb keçdik, sonra da geridə qalanların. Sonra biz yolun ortasında sanitar arabasını gördük. İki sanitar qrıjalı əsgəri qaldırırdı.

Onlar onun ardınca qayıtmışdılar. Məni görəndə başını tərpətdi. Kaskası düşmüşdü, alnı saçlarının altından qana bulaşmışdı. Burnu siyrilmişdi və qanlı yaranın üstü toza bulaşmışdı.

– Leytenant, görün necə şişdir, – çığırdı. – Amma çarə yoxdur. Onlar ardımca qayıdıblar.

Mən villaya qayıdanda saat beş idi, duş qəbul etmək üçün mən maşınların yuyulduğu yerə getdim. Sonra mən öz otağımda açıq pəncərənin qabağında, əynimdə şalvar və alt köynəyi ilə oturub raport tərtib etdim. Hücum biri günə təyin olunmuşdu və mən öz maşınlarımla Plavaya getməli idim. Çoxdan idi ki, Ştatlara məktub yazmırdım və bilirdim ki, yazmaq lazımdır, amma bunu mən o qədər təxirə saldım ki, indi yazmaq demək olar mümkün deyildi. Yazmağa da bir şey yox idi. Mən Zona di Guerra1313
  Hərbi zona (italyanca).


[Закрыть]
bir neçə poçt kartoçkası göndərdim, mətndə «mən sağ və salamatam» sözlərindən başqa hamısını pozdum. Bu cür daha tez çatar. Bu qəribə və müəmmalı poçt kartoçkaları Amerikada çox xoşa gələr. Bu zonada müharibə də qəribə və müəmmalı idi, lakin mənə elə gəlirdi ki, avstriyalılara qarşı aparılan başqa müharibələrə nisbətən, bu müharibə amansız idi və yaxşı düşünülmüşdü. Avstriya ordusu Napoleonun – hər hansı bir Napoleonun qələ-bəsi xatirinə yaradılmışdı. Yaxşı olardı ki, bizdə də Napoleon olaydı, lakin bizdə ancaq xoş həyat keçirən kök II Generale Cadorna və nazik uzun boyunlu, keçi saqqallı balaca adam, Vittorio-Emmanuell var idi. Sağ sahildəki orduda hersoq Aosta var idi. Bəlkə də böyük sərkərdə olmaq üçün o çox gözəldi, ancaq onun əsl kişi görkəmi vardı. Çoxları istərdi ki, kral o olsun. Onun kral görkəmi var idi. O, kralın əmisi idi və üçüncü orduya komandanlıq edirdi. Biz ikinci ordudaydıq. Üçüncü orduda bir neçə ingilis batareyası var idi. Milanda mən həmin batareyalardan olan iki ingilis topçusu ilə tanış olmuşdum.

Onlar çox gözəl adamlardı və biz bir axşamı onlarla birlikdə yaxşı keçirdik. Onlar hündür boylu və utancaq idilər, hər şey onları pərt edirdi, eyni zamanda da çox xoşlarına gəlirdi. İngilis ordusunda qulluq etsəydim daha yaxşı olardı. Hər şey asan başa gələrdi. Ancaq mən, yəqin ki, həlak olardım. Lakin sanitar dəstəsində çətin ki, həlak olam. Yox. Hətta sanitar dəstəsində də. Bəzən ingilis sanitar maşınlarının şoferləri də həlak olurdu. Lakin mən bilirdim ki, həlak olmaram. Bu müharibədə yox. Bu müharibənin mənə heç bir dəxli yox idi. Mənə elə gəlir ki, bu müharibə kinoda göstərilən müharibə qədər təhlükəli deyil. Lakin mən ürəkdən arzu edirdim ki, müharibə qurtarsın. Bəlkə bu yay qurtardı. Bəlkə avstriyalıları əzdilər. Əvvəlki müharibələrdə onları həmişə əziblər. Axı, bu müharibədə nə böyük şey var ki? Hamı deyir ki, fransızların nəfəsi kəsilib. Rinaldi söyləyirdi ki, fransız əsgərlər qiyam qaldırmışdılar və qoşunlar Parisə hücuma keçmişlər. Mən ondan soruşdum ki, sonrası nə oldu, o dedi: «hə onların qabağını alıblar». Mən heç bir müharibə olmadan Avstriyaya getmək istərdim. Mən istərdim Şvarsvaldda olum. Mən istərdim Harsda olum. Doğrudan bu Hars hardadır? Döyüşlər indi Karpat dağlarında gedirdi. Ora getmək istəmirdim. Amma hər halda heç ora da pis deyildi. Müharibə olmasaydı İspaniyaya gedərdim. Gün batmaq üzrə idi, hava da sərinləşirdi. Şamdan sonra Ketrin Barklinin yanına gedəcəyəm. İstərdim ki, indi o, burada, mənim yanımda olaydı. İstərdim ki, biz bir yerdə Milanda olaq. Yaxşı olar ki, «Kova»da şam edəsən, sonra da bürkülü gecədə Via Mansoni ilə gəzəsən, körpünü keçib kanala tərəf dönəsən və Ketrin Barkli ilə otelə gedəsən. Bəlkə o gedərdi. Bəlkə o elə təsəvvür edərdi ki, guya mən – Sommada öldürülən həmin o zabitəm, budur biz baş qapıdan giririk, qapıçı furajkasını çıxarır və mən açar almaq üçün mehmanxana xidmətçisinin stolu qabağında dururam. Ketrin də liftin yanında gözləyir, sonra biz liftin kabinəsinə giririk və lift də hər mərtəbədə cırıldaya-cırıldaya lap yavaşca qalxır, sonra da bizim mərtəbəyə çatırıq, liftdə işləyən oğlan qapını açır, o çıxır, mən də çıxıram, biz koridor ilə gedirik və açar ilə qapını açıram, içəri girib telefonun dəstəyini götürürəm, xahiş edirəm ki, buz dolu balaca gümüş vedrədə bir şüşə kapri byanka gətirsinlər, koridordan balaca vedrədə buzun get-gedə yaxında cingiltisi eşidilir və oğlan qapını döyür, mən də deyirəm ki, zəhmət olmasa, qapının ağzına qoyun. Çünki əynimizdəkilərin hamısını çıxartmışıq, ondan ötrü ki, çox istidir, pəncərə də açıqdır, qaranquşlar da evlərin damları üstündən uçuşurlar.

Hava lap qaralanda pəncərənin qabağına gəlirsən və görürsən ki, kiçicik yarasalar evlərin üstündən, ağacların təpəsindən uçub keçirlər, biz də kapri içirik, qapı da bağlıdır və elə istidir ki, bir döşəkağı var, bir də uzun gecə. Milanın bürkülü gecəsində bir-birimizi sevirik. Bax hər şey belə olmalıdır. Mən tez şam edib Ketrin Barklinin yanına gedəcəyəm.

Stol arxasında söhbət çox oldu, mən şərab içdim, çünki əgər bir az şərab içməsəydim, bu gün axşam biz qardaş ola bilməz-dik, mən keşişlə, görünür, çox ləyaqətli adam olan arxiyepis-kop Ayrlend haqqında, onun layiq olmadığı talesizliyi barədə, ona ədalətsiz münasibətdən danışdım, çünki bir amerikan kimi, ona ədalətsiz münasibətdə, qismən mən də günahkar idim, amma bu barədə heç bir təsəvvürüm yox idi, buna baxmayaraq özümü elə göstərirdim ki, bunların hamısı mənə lap yaxşı məlumdur. Bütün məsələnin məğzinin bu cür izah edilməsini dinlədikdən sonra, bu barədə bir şey bilməmək nəzakətsizlik olardı, halbuki, görünür bu məsələ anlaşılmazlıq üzündən əmələ gəlmişdi. Mənə elə gəldi ki, onun çox gözəl adı var. Həm də o, Minnesotada anadan olmuşdu, buna görə də adı doğrudan da gözəl səslənirdi: Ayrlend Minnesotalı, Ayrlend Viskonsiyalı, Ayrlend Miçiqanlı. Yox, iş bunda deyildi. Burada məsələ daha dərin idi. Bəli, müqəddəs ata. Doğrudur, atam. Ola bilsin ki, elədir, atam. Xeyr, atam. Siz yaxşı bilərsiz, atam. Keşiş yaxşı adam idi, amma darıxdıran idi. Zabitlər yaxşı deyildilər, amma darıxdıran idilər. Kral yaxşı idi, amma adam darıxdıran idi. Şərab yaxşı deyildi, amma adamı darıxdırmırdı. Şərab dişlərin minasını töküb damağa yapışdırırdı.

– Keşişi həbsxanaya saldılar, – Rokko deyirdi, – çünki ondan üçfaizli kağızlar tapılmışdı. Əlbət ki, bu, Fransada olub. Burada onu heç vaxt həbs etməzdilər. O, israr edir ki, üçfaizli barədə heç bir şey bilmir. Bunların hamısı Bezyedə olub. O vaxt mən orada idim və qəzetlərdə bunu oxuyan kimi həbsxanaya yollandım və xahiş etdim ki, məni keşişin yanına buraxsınlar.

Rinaldi:

– Heç bir sözə də inanmıram, – dedi.

– Özünüz bilin, – Rokko cavab verdi. – Mən bunu öz keşişi-miz üçün danışıram. Çox ibrətamiz əhvalatdır. O keşişdir, o, bunu qiymətləndirə bilər.

Keşiş gülümsündü. – Davam edin, – dedi. – Qulaq asıram.

– Əlbəttə, kağızların bir hissəsi heç tapılmadı, amma üçfaizlilərin hamısı, bir də, yaxşı yadımda deyil, hansısa yerli istiqrazlar keşişdən çıxdı. Beləliklə, mən həbsxanaya gəldim, ən maraqlı yeri də elə buradan başlayır, – onun kamerasının qapısında dayanıb sanki tövbə edirdim: «Müqəddəs ata, mənə xeyir-dua verin, çünki sizin özünüz günaha batmısız».

Hamı qəhqəhə çəkib güldü.

– Bəs o, nə cavab verdi? – keşiş soruşdu.

Rokko ona fikir vermədi və zarafatın mənasını mənə başa salmağa başladı. – Başa düşürsüz, bunun duzu nədədir? – Əgər bu zarafatın mənasını düz başa düşsən, görünür çox ağıllı zarafatmış. Mənim üçün bir az da şərab tökdülər, mən də duş altına salınmış ingilis əsgəri haqqındakı lətifəni danışdım. Sonra mayor on bir çexoslovak və macar kapralı haqqındakı lətifəni söylədi. Mən bir az da şərab içib, penni tapan jokey haqqındakı lətifəni danışdım. Mayor dedi ki, gecələr yata bilməyən hersoginya barədə məzəli italyan lətifəsi var. Bu vaxt keşiş getdi, mən də mistral əsərkən səhər saat beşdə Marselə gələn kommivoyajer haqqındakı lətifəni söylədim. Mayor dedi ki, onun qulağına çatıb ki, mən içə bilirəm. Mən boynuma almadım. O dedi ki, bu, düzdür və Baxus buna şahiddir, o özü bunun doğru olub-olmadığını yoxlayacaq. Ancaq Baxus yox, dedim, Baxus yox. Bəli, Baxus, dedi o. Mən davamlı olduğumu sübut etmək üçün Bassi Filippo Vinçentsa ilə içməliyəm. Bassi dedi ki, bu haqsızlıqdır, çünki o, artıq məndən iki dəfə çox içib. Mən dedim ki, bu ağ yalandır, istər Baxus olmasın, istər Filippo Vinçentsa Bassi olsun, istər Bassi Filippo Vinçentsa, – bütün axşamı bir damcı da içməyib, bir də onun adı nədir? O soruşdu ki, bəs mənim adım nədir. – Enriko Federiko ya Federiko Enriko? Mən dedim ki, Baxus cəhənnəmə, kim davamlıdırsa, o da qalib gələcək, bundan sonra mayor bizə qırmızı şərab dolu parçlar verib bizi starta buraxdı. Parçın yarısını içdim, davam etmək istəmədim. Hara gedəcəyim yadıma düşdü.

– Bassi qalib gəldi, – dedim. – O daha davamlıdır. Mən getməliyəm.

Rinaldi:

– Doğrudur, o getməlidir, – dedi. – Onun görüşü var. Mən bilirəm.

– Mən getməliyəm.

– Başqa bir vaxtda, – Bassi dedi. – başqa bir vaxtda. O vaxt siz daha qüvvətli olacaqsız.

O, əlini çiynimə vurdu. Stolun üstündə şamlar yanırdı. Zabitlərin hamısı çox şən idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации