Текст книги "Əlvida silah"
Автор книги: Эрнест Хемингуэй
Жанр: Зарубежная классика, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]
ON İKİNCİ FƏSİL
Palata uzun idi, sağ divarında pəncərələri vardı, küncdəki qapısı isə sarğı otağına gedirdi. Bir cərgə çarpayı mənim çarpayımla birlikdə divar boyunca üzbəüz qoyulmuşdu, o biri cərgə isə pəncərələrin altında, divarla üzbəüz idi. Sol böyrüm üstə uzanaraq sarğı otağının qapısını görürdüm. O başda daha bir qapı var idi, oraya hərdən adamlar girirdilər. Birisi can verməyə başlayanda, onun çarpayısının qabağını şirma ilə elə kəsirdilər ki, onun necə öldüyünü heç kəs görməsin, şirmanın altından həkimlərin və sanitarların ancaq ayaqqabıları və dolaqları görünürdü, bəzən isə axırda pıçıltı eşidilirdi. Sonra şirmanın dalından keşiş çıxırdı, bu vaxt sanitarlar yenə şirmanın arxasına keçir və başına adyal çəkilmiş ölən adamı oradan çıxararaq, çarpayıların arasındakı yol ilə aparırdılar, bir nəfər də şirmanı qatlayaraq götürüb aparırdı.
Palata həkimi o gün səhər məndən soruşdu ki, sabah yola düşmək üçün gücüm çatarmı. Mən dedim ki, bəli. O dedi ki, onda məni səhər tezdən yola salacaqlar. Həkim dedi ki, bərk isti düşməmiş getməyim daha yaxşıdır.
Sarğı otağına aparmaq üçün çarpayıdan qaldıranda pəncərədən baxarkən bağdakı yeni qəbirləri görmək olurdu. Orada, bağa çıxan qapıda bir əsgər oturub xaç düzəldirdi və bunların üstünə bağda dəfn olunanların adlarını, rütbələrini və polklarının adını yazırdı. O həmçinin yaralıların tapşırıqlarını yerinə yetirirdi və boş vaxtında Avstriya tüfəngimin boş patronundan mənim üçün alışqan düzəltmişdi. Həkimlər çox mehriban idilər və çox təcrübəli təsir bağışlayırdılar. Onlar məni mütləq Milana göndərmək istəyirdilər. Hücum başlanana kimi bütün çarpayıları boşaltmaq üçün bizim hamımızı çıxardıb arxaya göndərməyə tələsirdilər.
Səhra hospitalından çıxıb gedəcəyim gün ərəfəsində axşam Rinaldi gəldi və bizim baş həkim də onunla birlikdə idi. Onlar dedilər ki, məni Milana, yenicə açılmış Amerika hospitalına göndərirlər. Amerikadan bir neçə sanitar dəstəsinin gələcəyi gözlənirdi, bu hospital onlara və italyan ordusundakı bütün digər amerikanlara xidmət etməliydi. Qırmızı Xaç Cəmiyyətində onlar çox idilər. Birləşmiş Ştatlar Almaniyaya müharibə elan etmişdi, lakin Avstriyaya elan etməmişdi.
İtalyanlar əmin idilər ki, Amerika Avstriyaya da müharibə elan edəcək və buna görə də Qırmızı Xaç Cəmiyyətinin adi qulluqçuları olan amerikanların gəlişinə bu cür çox sevinirdilər. Məndən soruşdular ki, mən neçə bilirəm, prezident Vilson Avstriyaya müharibə elan edərmi, mən də dedim ki, bu yaxın günlərin məsələsidir. Mən bilmirdim ki, bizim Avstriyaya qarşı nə iddiamız ola bilər, ancaq məntiqi olaraq mənə elə gəlirdi ki, madam Almaniyaya müharibə elan ediblər, deməli Avstriyaya da elan edərlər. Məndən soruşdular ki, Türkiyəyə müharibə elan edəcəyikmi. Mən dedim: bəli, ehtimal ki, biz Türkiyəyə müharibə elan edəcəyik. Bəs Bolqarıstana? Biz artıq bir neçə stəkan konyak içmişdik və mən belə dedim: bəli, lənət şeytana, elə Bolqarıstana da, Yaponiyaya da. Onlar dedilər ki, necə ola bilər, axı, Yaponiya İngiltərənin müttəfiqidir. Fərqi yoxdur. Bu murdar ingilislərə etibar etmək olmaz. Mən dedim ki, yaponlar Havay adalarını istəyirlər. Bəs bu Havay adaları haradadır? Sakit okeanda. Bəs yaponlar bu adaları nə üçün istəyirlər? Mən dedim ki, onlar bu adaları qətiyyən istəmirlər. Bunların hamısı boş söhbətdir. Yaponlar kiçik, gözəl xalqdır, rəqs etməyi və yüngül şərabı sevirlər. Mayor dedi ki, lap fransızlar kimi. Biz Nitsanı və Savoyyanı fransızların əlindən alacağıq. Rinaldi dedi ki, Korsikanı da, Adriatik sahilini də alacağıq. Mayor dedi ki, Romanın əzəməti İtaliyaya qayıdacaqdır. Mən dedim ki, Roma mənim xoşuma gəlmir. Ora istidir və birə ilə doludur. Mayor dedi ki, Roma sizin xoşunuza gəlmir? Yox, mən Romanı sevirəm. Roma – xalqların anasıdır. Romulun Tibri necə əmdiyini heç vaxt unutmayacağam. Nə? Heç nə. Hamımız Romaya gedək. Bu axşam Romaya yola düşək və bir daha qayıtmayaq. Mayor dedi ki, Roma gözəl şəhərdir. Mən dedim ki, xalqların atası və anasıdır. Rinaldi dedi ki, Roma qadın cinsindəndir. Roma ata ola bilməz. Onda bəs ata kimdir? Müqəddəs ruh? Küfr danışmayın. Mən küfr danışmıram, mən izahat istəyirəm. Siz sərxoşsuz, bebi. Məni kim içirdib? Mayor dedi ki, sizi mən içirtmişəm. Sizi mən ona görə içirtmişəm ki, sizi sevirəm, ona görə ki, Amerika da müharibəyə başlayıb. Daha yer yoxdur, dedim. Rinaldi dedi ki, bebi, sabah səhər siz gedirsiz. Dedim ki, Romaya? Mayor dedi ki, yox, Milana. «Kristal Palas»a, «Kova»ya, Kampariyə, Biffiyə, «Galleria»ya. Bəxtəvər, «Qran İtalia»ya, dedim, orada Jorjdan borc alaram. Rinaldi dedi ki, «La Skala»ya. Siz «La Skala»ya gedərsiz. Hər axşam, dedim. Mayor dedi ki, hər axşam getməyə pulunuz çatmaz. Biletlər çox bahadır. Dedim ki, öz babamın adına adsız çek yazaram. Nə çek? Adsız çek. O bunu ödəməlidir, ya da məni həbs edərlər. Mister Keninqem bankda bunu mənim üçün düzəldər. Mən adsız çeklər hesabına yaşayaram. Heç ola bilər ki, baba İtaliyanın xilas edilməsi uğrunda ölməyə hazır olan vətənpərvər nəvəsini həbsxanaya göndərsin? Rinaldi: Yaşasın amerikalı Qaribaldi, dedi. Yaşasın adsız çeklər, dedim. Mayor dedi ki, səs-küy salmaq lazım deyil. Bir neçə dəfə bizdən xahiş ediblər ki, səs-küy salmayaq. Siz sabah gedirsiz, Federiko? Bəli, bəli, dedi mayor, mən bilirəm ki, o, Amerika hospitalına gedir, söylədi. Gözəl şəfqət bacılarının yanına. Onlar səhra xəstəxanasındakı saqqallı xəstə baxıcıları deyillər. Bəli, bəli, dedi mayor, mən bilirəm ki, o, Amerika hospitalına gedir. Mən dedim ki, saqqal mənə mane olmur. Kim saqqal uzatmaq istəyirsə – sağlığına qismət olsun. Niyə siz saqqal uzatmamısız, signor maggiore? Əleyhqaza girməz. Girər. Əleyhqaza hər şey girir. Bir dəfə mən əleyhqazın içinə qusdum. Rinaldi: belə gurultulu sözlərlə yox, bebi, dedi. Hamımız bilirik ki, siz cəbhədə olmusuz. Ah, sizi, əzizim bebi, siz gedəndən sonra mən neyləyəcəyəm. Mayor dedi ki, vaxtdır. Yoxsa yersiz incəliklərə varırsız. Qulaq asın, sizin üçün bir sürprizim var. Sizin ingilis qızı. Tanıyırsız? Hər axşam ingilis hospitalına, yanına getdiyiniz qız? O da Milana gedir. O və bir başqa şəfqət bacısı Amerika hospitalında qulluq etməyə gedirlər. Amerika-dan şəfqət bacıları hələ gəlməyiblər. Mən bu gün onların riparto,2323
Dəstə (italyanca).
[Закрыть] rəisi ilə danışdım. Onların burada, cəbhədə qadınları lap çoxdur. Qərara gəliblər ki, bir hissəsini arxaya göndər-sinlər. Xoşunuza gəlirmi, bebi? Necədir? Hə? Böyük şəhərdə yaşayacaqsız və öz ingilis qızınızla dilxoşluq edəcəksiz. Nə üçün mən yaralı deyiləm? Sizə də növbə çatar, dedim. Mayor dedi ki, biz getməliyik. Biz içib səs-küy salırıq və Federikonu narahat edirik. Getməyin. Yox, vaxtdır. Xudahafiz. Yaxşı yol. Xoş gəldiz. Ciao. Ciao. Ciao. Tez qayıdın, bebi. Rinaldi məni öpdü. Sizdən lizol iyi gəlir. Xudahafiz, bebi, xudahafiz, xoş gəldiz. Mayor əlini kürəyimə vurdu. Onlar ayaqlarının ucunda çıxdılar. Hiss etdim ki, lap sərxoşam, amma yuxuya getdim.
O biri gün səhər biz Milana yola düşdük və düz iki gündən sonra yerimizə çatdıq. Yol getmək yaman idi. Mestreyə çatmamış ehtiyat yolunda çox dayanmalı olduq və bu vaxt uşaqlar yanaşıb pəncərələrdən içəri baxırdılar.
Uşaqlardan birini dilə tutub bir şüşə konyak dalınca göndərdim. Lakin o qayıdıb dedi ki, ancaq qrappa var. Mən ona tapşırdım ki, qrappa alsın, o, şüşəni gətirəndə dedim ki, pulun qalığını özünə götürsün və mən qonşumla içib sərxoş olduq, ta Viçentsaya qədər yatdıq, orada oyanıb birbaş döşəməyə qusdum. Bunun əhəmiyyəti yox idi, çünki qonşum məndən əvvəl bir neçə dəfə döşəməyə qusmuşdu. Sonra elə bildim ki, susuzluqdan lap öləcəyəm və Veronadakı duracaqda, qatarın qabağında var-gəl edən bir əsgəri səslədim və o da mənə su gətirdi. Sonra mən qonşumu, mənimlə içən Jorjettini oyatdım və ona su təklif etdim. O dedi ki, suyu başına töküm və yenidən yatdı. Zəhməti üçün təklif etdiyim pulu əsgər almaq istəmədi və gedib ətli bir portağal gətirdi. Mən portağalı sorur və qabığını tüpürürdüm, əsgərin qonşu yoldakı yük vaqonunun qabağında var-gəl etməsinə baxırdım, bir az sonra qatar dartınıb yerindən tərpəndi.
İKİNCİ KİTAB
ON ÜÇÜNCÜ FƏSİL
Biz Milana səhər tezdən çatdıq və bizi yük stansiyasında düşürtdülər. Sanitar avtomobili məni amerikan hospitalına apardı. Avtomobilin içində xərəyə uzanaraq, hansı küçələr ilə getdiyimizi müəyyən edə bilmirdim, amma xərəyi çıxardanda bazar meydanını və bir qızın zibili içəridən bayıra süpürdüyü qəlyanaltı dükanının açıq qapısını gördüm. Küçəni sulayırdılar və səhərin nəfəsi duyulurdu. Sanitarlar xərəyi yerə qoyub evə girdilər. Sonra onlar qapıçı ilə qayıtdılar. Qapıçı çalbığ kişi idi, başına baftalı furajka qoymuşdu, ancaq əynində livreya yox idi. Xərək liftin kabinəsinə yerləşmirdi və buna görə onlar mübahisəyə başladılar: məni xərəkdən götürüb liftdə qaldırmaq yaxşıdır, yoxsa xərəkdə pilləkənlərlə aparmaq. Mən onların mübahisəsinə qulaq asırdım. Onlar qərara gəldilər ki, liftdə aparsınlar. Məni xərəkdən qaldırmağa başladılar.
– Yavaş, yavaş, – dedim. – Ehtiyatla.
Kabinə darısqal idi və ayaqlarım büküləndə məni bərk ağrıtdı.
– Ayaqlarımı düzəldin, – dedim.
– Olmaz, signor tenente. Yer azdır.
Bunu deyən adam bir əli ilə məni tutmuşdu, mən isə onun boynundan yapışmışdım. Onun, kəskin sarımsaq və qırmızı şərab iyi verən nəfəsi məni vurdu.
Başqa sanitar:
– Sən də bir az yavaş, – dedi.
– Bəs mən yavaş eləmirəm, nədir?
– Sənə deyirlər yavaş, – başqası, ayaqlarımdan tutan adam təkrar etdi.
Mən kabinənin qapılarının necə bağlandığını, dəmir şəbəkənin necə çırpılıb örtüldüyünü gördüm, qapıçı dördüncü mərtəbənin düyməsini basdı. Qapıçı narahat görünürdü, Lift yavaş-yavaş yuxarı qalxdı.
– Ağırdır? – mən sarımsaq iyi verən adamdan soruşdum.
– Eybi yoxdur, – dedi. Onun üzünü tər basdı və o, nıqqıldadı. Lift getdikcə yuxarı qalxırdı və nəhayət dayandı. Ayaqlarımdan yapışan adam qapını açıb çıxdı. Biz meydançaya çıxdıq. Meydançaya mis tutacağı olan bir neçə qapı açılırdı. Mənim ayaqlarımdan yapışan adam düyməni basdı. Biz qapının dalından zəngin necə cingildədiyini eşitdik. Heç kəs cavab vermədi. Sonra qapıçı pilləkən ilə qalxdı.
– Bəs bunlar hanı? – sanitarlar soruşdular.
– Bilmirəm, – qapıçı cavab verdi. – Onlar aşağıda yatırlar.
– Bir adam çağırın.
Qapıçı zəngi vurdu, sonra qapını döydü, sonra qapını açıb içəri girdi. O, geri qayıdanda arxasınca çeşmək taxmış qoca bir qadın gəlirdi, saçları qarışmışdı və darıyıb düzəltdiyi saçları dağılmışdı, şəfqət bacısı formasında idi.
O:
– Mən başa düşmürəm, – dedi. – Mən italyanca başa düşmürəm.
– Mən ingiliscə danışıram, – dedim. – Məni bir yerə yerləşdirmək lazımdır.
– Bircə palata da hazır deyil. Biz hələ heç kəsi gözləmirdik.
O, saçlarını düzəltməyə çalışırdı və uzağı görməyən gözlərini qıyaraq mənə baxırdı.
– Bir yer göstərin ki, məni ora qoysunlar.
– Bilmirəm, – dedi. – Biz heç kəsi gözləmirdik. Mən sizi hara gəldi qoya bilmərəm.
– Hara olsa, fərqi yoxdur, – dedim. Sonra italyanca qapıçıya: – Boş bir otaq tapın, – dedim.
– Hamısı boşdur, – qapıçı dedi. – Siz burada birinci yaralısız. – O, furajkasını əlində tutub qoca şəfqət bacısına baxırdı.
– Allah xatirinə, məni bir yerə qoyun! – Bükülmüş ayaqlarımda ağrı getdikcə şiddətlənirdi və mən ağrının sümüklərimə necə işlədiyini hiss edirdim. Qapıçı ağ saçlı şəfqət bacısı ilə uzaqlaşdı və tez də qayıtdı.
– Ardımca gəlin, – dedi. Məni uzun dəhliz ilə apardılar və pərdələri örtülü olan otağa gətirdilər. Buradan təzə mebel iyi gəlirdi.
Divarın dibinə çarpayı qoyulmuşdu, küncdə iri güzgülü şkaf var idi.
Məni çarpayıya qoydular.
– Mən döşəkağı verə bilməyəcəyəm, – qadın dedi, – döşəkağılar bağlı yerdədir.
Mən onunla danışmadım.
– Mənim cibimdə pul var, – qapıçıya dedim. – Düyməsi bağlı olan cibimdə.
Qapıçı pulları tapdı. Sanitarların hər ikisi şapkaları əlində yatağın yanında durmuşdu.
– Onların hərəsinə beş lirə verin və beş lirə də özünüzə götürün. Mənim kağızlarım o biri cibimdədir. Onları şəfqət bacısına verə bilərsiz.
Sanitarlar hərbi qaydada salam verdilər və çox sağ olun dedilər.
– Xudahafiz, – dedim. – Siz də çox sağ olun.
Onlar bir də hərbi qaydada salam verib çıxdılar.
– Budur, – şəfqət bacısına dedim, – bu mənim vərəqəm, bu da xəstəlik tarixçəm.
Qadın kağızları alıb çeşməklə bunlara baxdı. Kağız üç idi və bükülmüşdü.
– Bilmirəm nə edim, – dedi. – Mən italyanca oxuya bilmirəm. Həkimin sərəncamı olmadan heç bir şey edə bilmərəm. – O ağladı və kağızları önlüyünün cibinə soxdu. – Siz amerikansız? – Göz yaşı içində soruşdu.
– Bəli. Zəhmət olmazsa, kağızları çarpayının yanındakı stolun üstünə qoyun.
Otaq bir az qaranlıq və sərin idi. Çarpayıdakı şkafın güzgüsünü görürdüm, amma güzgüdə nə əks olunduğunu görmürdüm. Qapıçı çarpayının ayağında dayanmışdı. Onun yaxşı siması var idi və mənə mehriban görünürdü.
– Siz gedə bilərsiz, – dedim. – Siz də, – şəfqət bacısına müraciət etdim. – Adınız nədir?
– Missis Uoker.
– Gedin, missis Uoker. Çalışaram ki, yuxuya gedim.
Mən otaqda tək qaldım. Bura sərin idi və xəstəxana qoxusu vermirdi. Döşək bərk və rahat idi, mən də tərpənmədən, az qala nəfəs almadan uzanmışdım, sevinirdim ki, ağrı azalır. Bir az sonra su içmək istədim, başımın üstündə armud şəkilli zəngi tapıb çaldım, ancaq heç kəs gəlmədi. Mən yatdım.
Oyanarkən ətrafa baxdım. Pəncərə taxtalarının arasından gün düşürdü. Mən böyük qarderob, boş divarları və iki stul gördüm. Çirkli tənzif içində olan ayaqlarım çarpayının üstündə ağac kimi dik durmuşdu. Çalışırdım ki, ayaqlarımı tərpətməyim. Mən su içmək istəyirdim, əlimi zəngə uzatdım.
Düyməni basdım. Mən qapının necə açıldığını eşitdim, boylanaraq şəfqət bacısını gördüm, dünənkini yox, başqasını. O mənə cavan və qəşəng göründü.
– Sabahınız xeyir, – dedim.
– Sabahınız xeyir, – deyərək o, çarpayıya yanaşdı. – Biz doktoru çağıra bilməmişik. O, Komoya gedib. Bu gün adam gətiriləcəyini bilmirdik. Sizə nə olub?
– Mən yaralıyam. Hər iki dizim və pəncələrim, başım da zədələnib.
– Adınız nədir?
– Henri, Frederik Henri.
– İndi sizi yuyunduraram. Ancaq doktor gələnə kimi sarğıya toxuna bilmərik.
– Bilmirsiz, miss Barkli burada deyil ki?
– Xeyr. Bizdə belə adam yoxdur.
– Məni gətirəndə ağlayan o qadın kim idi?
Şəfqət bacısı güldü.
– O, missis Uokerdir. O, gecə növbə çəkərkən yatıb. O, adam gətiriləcəyini bilmirmiş.
Danışa-danışa o məni soyundurdu, sarğıdan başqa əynimdən hər şeyi çıxarandan sonra, məni çox asan və cəld yuyundurmağa başladı. Yuyunmaq məni gümrahlaşdırdı. Başım tənziflə sarınmışdı, lakin o tənzifin yanlarını bütün yudu.
– Harada yaralanmısız?
– İzonsoda, Plavadan şimalda.
– O hardadır?
– Qorisiyadan şimalda.
Mən görürdüm ki, bu adlar ona heç bir şey demir.
– Bərk ağrıdır?
O, termometri ağzıma qoydu.
– İtalyanlar qoltuğun altına qoyurlar, – dedim.
– Danışmayın.
O, termometri çıxarıb temperatura baxdı və dərhal silkələdi.
– Temperatur neçədir?
– Bunu siz bilməməlisiz.
– Deyin, neçədir?
– Demək olar ki, normaldır.
– Mənim temperaturum heç vaxt qalxmır. Axı, ayaqlarım köhnə dəmirlə doludur.
– Necə yəni?
– Orada mina qəlpəsi, həm köhnə mıx, həm döşək yayı, həm də cürbəcür zir-zibil var.
O, başını tərpədib gülümsədi.
– Əgər, sizin ayağınızda bircə yad cisim olsaydı, o iltihab verərdi və sizin temperaturunuz qalxardı.
– Baxarıq, – dedim, – operasiya vaxtı görərik nə çıxardacaqlar.
O otaqdan çıxdı və gecə növbəsində olan yaşlı şəfqət bacısı ilə qayıtdı. Məni qaldırmadan köməkləşib mənim üçün döşəkağı saldılar.
– Hospitalın müdiri kimdir?
– Miss Van-Kampen.
– Burada nə qədər şəfqət bacısı var?
– Ancaq biz ikimizik.
– Daha olmayacaq?
– Yenə gəlməlidirlər.
– Bəs nə vaxt?
– Bilmirəm. Xəstə hər şeylə belə maraqlanmamalıdır.
– Mən xəstə deyiləm, – söylədim. – Mən yaralıyam.
Onlar yatağı düzəldib qurtardılar və indi mən təzə, təmiz döşəkağının üstündə uzanmışdım, üstümə də belə bir döşəkağı salınmışdı. Missis Uoker çıxdı və əlində pijama qayıtdı. Onlar pijamanı mənə geyindirdilər, bundan sonra özümü geyinmiş və çox təmiz hiss etdim.
– Siz çox iltifatlısız, – dedim. Miss Heyc adlanan şəfqət bacısı gülümsədi. – Mən bir stəkan su istərdim.
– Buyurun. Sonra isə səhər yeməyi yemək olar.
– Mən yemək istəmirəm. Əgər mümkünsə, rica edərdim pəncərə taxtalarını açasız.
Otaq yarıqaranlıq idi, pəncərə taxtalarını açanda parlaq gün işığı otağa doldu, bu vaxt mən balkonu, onun arxasında isə damların kirəmidini, tüstü bacalarını gördüm. Kirəmidli damların üstündən baxaraq ağ buludları, tünd mavi səmanı gördüm.
– Bilmirsiz, o biri şəfqət bacıları nə vaxt gələcəklər?
– Necə ki? Məgər siz bizim xidmətimizdən narazısız?
– Siz çox iltifatlısız.
– Bəlkə yerinizi bir az qaldıraydıq?
– Pis olmazdı.
Onlar məni azca qaldırdılar və saxladılar, amma bunun bir mənası olmadı, sonra mən uzanıb balkona açılan qapıya baxdım.
– Doktor nə vaxt gəlməlidir?
– Qayıdan kimi. Biz telefonla Komoya zəng vurmuşuq gəlsin.
– Məgər başqa həkim yoxdur?
– O, bizim hospital həkimidir.
Miss Heyc bir qrafin su və stəkan gətirdi. Mən üç stəkan içdim, sonra hər ikisi getdi, mən də bir qədər pəncərəyə baxdım, sonra yenə yatdım. İkinci səhər yeməyini yedim, yeməkdən sonra isə müdir, miss Van-Kampen yanıma gəldi. Mən onun xoşuna gəlmədim və o da mənim xoşuma gəlmədi. O, balacaboylu, hər xırda şeydən şübhələnən və lovğa bir qadın idi. O mənə çoxlu sual verdi, görünür, italyan ordusunda qulluq etməyi, demək olar rüsvayçılıq hesab edirdi.
– Nahar vaxtı şərab ala bilərəmmi? – soruşdum.
– Ancaq həkimin göstərişi ilə.
– Onun gəlişinə kimi olmaz?
– Heç cür.
– Siz güman edirsiz ki, hər halda o gəlməlidir?
– Ona telefonla zəng vurublar.
O getdi və miss Heyc otağa qayıtdı.
Mənə lazım olan şeyləri çox bacarıqla yerinə yetirdikdən sonra o soruşdu:
– Siz miss Van-Kampeni niyə acılamısız?
– Mən acılamaq istəmirdim, amma o, burnunu çox yuxarı tutur.
– O dedi ki, siz çox dotələb və kobudsuz.
– Düz deyil. Amma, heç həkimsiz də hospital olar?
– O gəlməlidir. Ona telefonla Komoya zəng vurublar.
– Bəs orada nə edir? Göldə çimir?
– Xeyr. Orada klinikası var.
– Bəs niyə başqa həkim götürmürlər?
– Şş. Şş. Ağıllı olun, o tezliklə gələcək.
Mən qapıçını çağırmağı xahiş etdim, o gələndə italyanca ona dedim ki, şərab dükanından mənə bir şüşə çinsano, bir mətərə kyanti və bir də axşam qəzeti alsın. O getdi və qəzetə bükülmüş şüşələri gətirib gəldi, qəzeti açdı və mənim xahişimlə probkalarını çıxarıb şüşələri çarpayının altına qoydu. Daha mənim yanıma heç kəs gəlmirdi, yatağıma uzanıb qəzeti, cəbhədən xəbərləri, həlak olmuş zabitlərin və onların aldıqları mükafatların siyahısını oxudum, sonra əlimi aşağı aparıb çinsanonun butulkasını götürdüm, şüşənin soyuq altını qarnımın üstünə qoydum, az-az içdim və qurtumlar arasında yenə şüşəni qarnımın üstünə qoyurdum, şüşənin altı qarnımın dərisində iz salırdı və şəhər damları üzərində səmanın getdikcə necə qaraldığına baxırdım. Damların üzərilə qaranquşlar və gecə qırğıları uçuşurdu və mən onların uçuşunu izləyirdim və çinsano içirdim. Miss Heyc stəkanda mənə qoqul-moqul gətirdi. O, içəri girəndə mən butulkanı çarpayının dalına itələdim.
– Miss Van-Kampen tapşırdı ki, bura bir az xeres töküm, – dedi. – Onunla kobudluq eləmək lazım deyil. O, artıq gənc deyil, hospitalları idarə etmək isə məsuliyyət tələb edir. Missis Uoker çox qocadır, buna görə də onun köməyi çox az olur.
– O, gözəl qadındır. – dedim, – mənim adımdan ona təşəkkür edin.
– Bu saat sizə şam yeməyi gətirərəm.
– Lazım deyil, – dedim. – Mən ac deyiləm.
O, podnosu gətirib yatağın yanındakı balaca stolun üstünə qoydu, ona təşəkkür edib bir az yedim. Sonra lap qaranlıq oldu, buradan projektor işıqlarının göydə necə gəzdiyini görürdüm. Bir qədər onlara baxdım, sonra yatdım. Mən bərk yatmışdım, lakin bir dəfə oyandım, qorxudan tər içində idim, sonra yenə yatdım, çalışdım ki, indicə gördüyüm yuxunu görməyim. Mən yenə sübhə xeyli qalmış oyandım, xoruzların necə banladığını eşitdim, işıqlaşana kimi gözümə yuxu getmədən uzandım. Bu məni yordu və lap işıqlaşanda yenə yatdım.
ON DÖRDÜNCÜ FƏSİL
Mən oyananda, gün otağı parlaq işığa qərq eləmişdi. Mənə elə gəldi ki, yenə cəbhədəyəm və mən yataqda ayaqlarımı uzatdım. Ayaqlarım ağrıdı və mən onlara baxdım, çirkli tənzifləri görəndə, harada olduğum yadıma düşdü. Əlimi zəngə uzadıb, düyməni basdım. Dəhlizdə zəngin necə cingildədiyini və kiminsə altı rezin ayaqqabılarla dəhlizdən asta-asta keçdiyini eşitdim. Bu, miss Heyc idi, günəşin parlaq işığında o, daha yaşlı görünürdü və o qədər də gözəl deyildi.
– Sabahınız xeyir, – dedi. – Hə, necə yatdınız?
– Yaxşı, təşəkkür edirəm, – dedim. – Bərbəri yanıma çağırtdırmaq olmazmı?
– Mən yanınıza gəlmişdim və siz bunu əlinizdə tutaraq yatmışdınız. – O, şkafı açdı və çinsano butulkasını mənə göstərdi. Şüşə, demək olar, boş idi. – Mən çarpayının altındakı o biri butulkanı da ora qoymuşam, – dedi. – Niyə siz məndən stəkan istəmədiz?
– Qorxdum ki, içməyə icazə verməyəsiz.
– Mən özüm də sizinlə içərdim.
– Onda sizə afərin.
– Tək içmək sizə zərərdir, – miss Heyc dedi. – Heç vaxt belə şey eləməyin.
– Daha eləmərəm.
– Sizin miss Barkli gəlib, – dedi.
– Doğrudan?
– Bəli. O, mənim xoşuma gəlmir.
– Sonra xoşunuza gələcək. O, çox yaxşı qızdır.
O, başını tərpətdi. – Şübhə etmirəm ki, o möcüzədir. Siz bir qədər bura çəkilə bilərsiz? Bax belə, yaxşı. Səhər yeməyi üçün sizi qaydaya salım. – O məni əski, sabun və ilıq su ilə yuyun-durdu. – Qolunuzu bir az qaldırın, – dedi. – Bax belə, yaxşı.
– Olmaz ki, bərbər səhər yeməyinə kimi gəlsin?
– Bu saat qapıçıya deyərəm. – O çıxdı və tez də qayıtdı. – Qapıçı onun ardınca getdi, – deyərək o, əskini içində su olan tasın içinə saldı.
Bərbər qapıçı ilə birlikdə gəldi. Bu, əlli yaşlarında, bığları yuxarı eşilmiş kişi idi. Miss Heyc öz işlərini qurtarıb çıxdı, bərbər isə üzümü sabunlayıb qırxmağa başladı. O hər şeyi təkəbbürlə edirdi və söhbətdən çəkinirdi.
– Niyə susursuz? Təzə xəbərlərdən danışın, – dedim.
– Nə təzə xəbər?
– Fərqi yoxdur. Şəhərdə nə danışırlar?
– İndi müharibə gedir, – dedi. – Düşmənin hər yerdə qulağı var. – Mən ona baxdım. – Xahiş edirəm başınızı tərpətməyin, – dedi və qırxmaqda davam etdi. – Mən heç bir şey deməyə-cəyəm.
– Axı, sizə nə olub? – soruşdum.
– Mən italyanam. Mən düşmən ilə söhbət etmirəm.
Mən təkid eləmədim. Əgər o dəlidirsə, ülgücünü nə qədər məndən tez çəksə, yaxşıdır. Bir dəfə onu süzmək istədim. – Ehtiyatlı olun, – dedi. – Ülgüc itidir.
O, işini bitirəndən sonra, nə qədər lazımdırsa, o qədər verdim, üstəlik yarım lirə də bəxşiş əlavə etdim. O, pulları mənə qaytardı.
– Götürmərəm. Mən cəbhədə deyiləm. Amma mən italyanam.
– Rədd olun cəhənnəmə!
– İcazənizlə, – deyərək o, ülgüclərini qəzetə bükdü. O, beş mis pulu çarpayının yanındakı balaca stolun üstündə qoyaraq çıxdı. Zəngi basdım. Miss Heyc gəldi.
– Zəhmət olmasa, qapıçını bura göndərin.
– Yaxşı.
Qapıçı gəldi. O, özünü gülməkdən güclə saxlayırdı…
– Nədir, bu bərbər dəlidir?
– Xeyr, signorino. O, səhv edib. O məni yaxşı eşitməyib, ona elə gəlib ki, guya mən demişəm ki, siz Avstriya zabitisiz.
– Aman, ilahi. – dedim.
– Ha-ha-ha, – qapıçı güldü. – Lap əyləncədir! «Bir balaca tərpənsəydi, deyir mən də onu…» – qapıçı barmağını boğazına çəkdi. – Ha-ha-ha! – O, özünü gülməkdən heç cür saxlaya bilmirdi, – Sonra mən ona dedim ki, siz avstriyalı deyilsiz! Ha-ha-ha!
Mən hirslə:
– Ha-ha-ha, – elədim. – Əgər o mənim hulqumumu üzsəydi, onda yaxşı əyləncə olardı. Ha-ha-ha!
– Yox, yox, signorino. Yox, yox. O, avstriyalıdan yaman qorxub. Ha-ha-ha!
– Ha-ha-ha, – elədim. – Rədd olun!
O çıxdı və onun qapı dalında necə qəhqəhə çəkdiyini eşidirdim. Dəhlizdən kiminsə ayaq səsləri gəldi. Qapıya tərəf boylandım. Gələn Ketrin Barkli idi.
O, otağa girib yatağa yanaşdı.
– Salam, əzizim! – dedi. Onun üzü təravətli, cavan və çox qəşəng idi. Fikirləşdim ki, heç vaxt belə qəşəng sima görməmişəm.
– Salam! – dedim. Onu görən kimi başa düşdüm ki, mən ona vurulmuşam. Bütün varlığım təlatümə gəldi. O, qapıya baxdı, gördü ki, heç kəs yoxdur. Sonra gəlib çarpayının kənarında əyləşdi, əyilib məni öpdü. Mən onu özümə tərəf çəkib öpdüm və ürəyinin neçə vurduğunu hiss etdim.
– Mənim istəklim, – dedim. – Nə yaxşı oldu ki, siz gəldiz.
– Çox çətin olmadı. Amma burada qalmaq, görünür, çətin olacaq.
– Siz qalmalısız, – dedim. – Siz gözəlsiz. – Mən dəli kimi olmuşdum. Onun doğrudan da burada olmasına inanmırdım və buna görə də onu özümə bərk-bərk sıxdım.
– Eləməyin, – dedi. – Siz hələ sağalmamısız.
– Mən sağlamam. Yanıma gəl.
– Yox. Siz hələ zəifsiz.
– Hə. Heç zəif deyiləm. Gəl.
– Siz məni sevirsiz?
– Mən səni çox sevirəm. Ağlım lap başımdan çıxır. Hə, gəl də.
– Eşidirsiz, ürəyim necə vurur?
– Ürək nəyimə gərəkdir? Mən səni istəyirəm. Ağlım başımdan çıxır.
– Siz məni doğurdanmı sevirsiz?
– Bu barədə danışmağı burax. Yanıma gəl. Eşidirsən? Gəl, Ketrin.
– Hə, yaxşı, ancaq bir dəqiqəliyə.
– Yaxşı, – dedim. – Qapını bağla.
– Olmaz. İndi olmaz.
– Gəl. Heç nə danışma. Yanıma gəl.
Ketrin çarpayının yanındakı kresloda oturmuşdu. Dəhlizə çıxan qapı açıq idi. Dəlilik keçmişdi və ömründə heç vaxt özümü bu cür yaxşı hiss etməmişdim.
Qız soruşdu:
– İndi inanırsan ki, mən səni sevirəm?
– Sən mənim əzizimsən, – dedim. – Sən burada qalacaqsan. Səni heç yana köçürməyəcəklər. Sənə olan məhəbbətim ağlımı başımdan alır.
– Biz lap ehtiyatlı olmalıyıq. Lap başımızı itirmişik. Belə olmaz.
– Gecə olar.
– Biz lap ehtiyatlı olmalıyıq. Sən özgələrin yanında ehtiyatlı olmalısan.
– Mən ehtiyatlı olacağam.
– Sən mütləq ehtiyatlı olmalısan. Sən yaxşı oğlansan. Sən məni sevirsənmi, hə?
– Bu barədə danışma. Yoxsa səni buraxmaram.
– Yaxşı, daha demərəm. Sən məni buraxmalısan. Mən getməliyəm, əzizim, doğru deyirəm.
– O saat da qayıt.
– Mümkün olan kimi qayıdacağam.
– Xudahafiz.
– Xudahafiz, mənim əzizim.
O çıxdı. Allah özü görür ki, mən ona vurulmaq istəmirdim. Mən heç kəsə vurulmaq istəmirdim. Lakin allah özü görür ki, mən vurulmuşam və Milan hospitalının çarpayısında uzanmı-şam, başımda müxtəlif fikirlər dolaşır və mən ləzzət içindəyəm. Nəhayət miss Heyc otağa girdi.
– Doktor gəlir, – dedi. – Komodan zəng vurmuşdu.
– O, burada nə vaxt olacaq?
– O, axşam gələcək.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?