Электронная библиотека » Эрнест Хемингуэй » » онлайн чтение - страница 6

Текст книги "Əlvida silah"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Эрнест Хемингуэй


Жанр: Зарубежная классика, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +
ON BEŞİNCİ FƏSİL

Axşama kimi heç bir şey olmadı. Doktor sakit, cılız adamcığaz idi, müharibə elə bil onu yolundan sapdırmışdı. O, nəzakətli və incə bir nifrətlə budumdan bir neçə xırda polad qəlpəsi çıxartdı. O, yerli anesteziya, ya da özünün dediyi kimi, «dondurma» tətbiq etdi, bundan da toxumalar keyləşdi və zond, skalpel ya da lanset donmuş təbəqədən dərinə keçməyincə ağrı hiss edilmirdi.

Bu təbəqənin harada qurtardığını dəqiq müəyyən etmək olardı və çox keçmədən doktorun nəzakəti tükəndi və o dedi ki, daha yaxşı olardı rentgenə əl ataq. Zondla tədqiq etmək bir şey vermir, dedi.

Rentgen kabinəsi Ospedale Maggiore2424
  Baş hospital (italyanca).


[Закрыть]
yanında idi və işığa salan doktor hay-küyçü, cəld və şən adam idi. Xəstəni çiyinlərindən elə tuturdular ki, bədənindəki ən iri yad cisimləri ekranda özü də görə bilirdi. Şəkilləri sonra göndərməliydilər. Doktor xahiş etdi ki, onun qeyd dəftərcəsinə adımı, polkumu və xatirə olaraq bir şey yazım. O bildirdi ki, bütün yad cisimlər – eybəcər, murdar və iyrəncdir. Avstriyalılar lap köpəkoğludurlar. Mən neçəsini öldürmüşəm? Heç birini də öldürməmişəm, amma ona xoş bir söz demək istəyirdim və dedim ki, saysız-hesabsız avstriyalı öldürmüşəm. Missis Heyc də mə-nimlə idi və doktor onun belini qucaqlayaraq dedi ki, o, Kleopatradan da gözəldir. O, başa düşürmü? Kleopatra – keçmiş Misir məleykəsidir. Bəli, allah haqqı, o, ondan da gözəldir. Sanitar maşını bizi yenə geriyə, öz hospitalımıza apardı və bir müddət keçdikdə, məni bir neçə dəfə bu xərəkdən o xərəyə qoyduqdan sonra, nəhayət yuxarıya, öz yatağıma gəlib çıxdım. Günorta yeməyindən sonra şəkilləri gətirdilər; doktor söz vermişdi ki, allah haqqı, şəkillər nahardan sonra hazır olacaq və o, öz sözünə əməl etdi. Ketrin Barkli şəkilləri mənə göstərdi. Bunlar qırmızı konvertlərdə idi və o, bunları zərflərdən çıxartdı, biz də onları işığa tutub baxdıq.

– Bu, sağ ayaqdır, – qız dedi və şəkli yenidən zərfə qoydu. – Bu isə sol.

– Onları bir yerə qoy, – dedim. – Özün isə yanıma gəl.

– Olmaz, – dedi. – Mən ancaq bir dəqiqəliyə gəldim ki, şəkilləri sənə göstərim.

O getdi və mən tək qaldım. İsti gün idi və yataqda uzanmaq məni təngə gətirmişdi. Qapıçıdan xahiş etdim ki, gedib mənə qəzet alsın, tapa bildiyi bütün qəzetləri alsın.

Mən onu gözləyərkən otağa üç həkim gəldi. Mən çoxdan başa düşmüşdüm ki, təcrübəsi çatışmayan həkimlər kömək və məsləhət üçün bir-birinə müraciət etməyə meyl göstərirlər. Sizin appendisitinizi kəsməyə qadir olmayan həkim, sizi, badamcıqlarınızı əməlli-başlı çıxara bilməyən başqa həkimin yanına göndərəcək. Bu üç həkim də belələrindən idi.

Nəzakətlə hərəkət edən həmin hospital həkimi:

– Budur, bizim cavan oğlan, – dedi.

Hündürboylu, saqqallı arıq həkim:

– Salam, – dedi. Qırmızı zərflərdəki rentgen şəkillərini əlində tutan üçüncü həkim heç bir söz demədi.

– Sarğını açaqmı? – Saqqallı həkim şübhəli tərzdə dilləndi.

– Hökmən. Şəfqət bacısı, zəhmət olmasa, sarğını açın, – hospital həkimi miss Heycə müraciət etdi.

Miss Heyc sarğını açdı. Mən öz ayaqlarıma baxdım. Mən səhra hospitalında yatanda bunlar qaxsamış qiymə ətə oxşayırdı. İndi yaralarım köz bağlamışdı, dizim şişib ağarmışdı, baldırım yumşalmışdı, amma irin yox idi.

Hospital həkimi:

– Çox təmizdir, – dedi. – Çox təmiz və yaxşıdır.

Saqqallı həkim:

– Hm, – elədi. Üçüncü həkim hospital həkiminin çiyni üstündən boylandı.

– Zəhmət olmasa dizinizi bükün, – saqqallı həkim mənə müraciət etdi.

– Bükə bilmərəm.

Saqqallı həkim şübhəli tərzdə:

– Oynağın fəaliyyətini yoxlayaqmı? – dedi. Onun qolunda üç ulduzdan başqa zolaq da var idi. Bu o demək idi ki, onun rütbəsi tibb xidməti kapitanıdır.

Hospital həkimi:

– Hökmən, – dedi. Onlar ikilikdə mənim sağ ayağımdan yapışıb bükməyə başladılar.

– Ağrıyır, – dedim.

– Belə, belə. Bir az da, doktor.

– Bəsdir. Daha getmir, – dedim.

– Fəaliyyət tamam deyil, – saqqallı həkim dilləndi. O, qəddini düzəltdi. – İcazə verin bir daha şəkillərə baxaq, doktor. – Üçüncü həkim şəkillərdən birini ona verdi. – Yox, zəhmət olmasa, sol ayağı.

– Bu sol ayaqdır, doktor.

– Bəli, doğrudur. Mən o tərəfindən baxmamışam. – O, şəkli qaytardı. O biri şəklə bir neçə dəqiqə diqqətlə baxdı. – Doktor, görürsüzmü? – O işıqda aydın görünən yad cisimlərdən birini göstərdi. Onlar şəklə bir neçə dəqiqə də baxdılar.

Kapitan rütbəsində olan saqqallı həkim:

– Mən ancaq bircə şeyi deyə bilərəm, – söylədi. – Bunun üçün vaxt lazımdır. Üç ay, bəlkə də yarım il.

– Şübhəsiz, axı, yenidən sinoviya mayəsi yığılmalıdır.

– Şübhəsiz. Buna vaxt lazımdır. Qəlpənin ətrafında pərdə əmələ gəlməyincə, mən belə diz oynağını yarmağı öhdəmə götürməzdim.

– Doktor, sizin fikrinizə tamamilə şərikəm.

– Yarım il nəyə? – soruşdum.

– Yarım il onun üçün lazımdır ki, qəlpənin ətrafında pərdə əmələ gəlsin və diz oynağını risk etmədən yarmaq mümkün olsun.

– Mən buna inanmıram, – dedim.

– Cavan oğlan, siz ayağınızın qalmasını istəyirsinizmi?

– Yox, – dedim.

– Nə?

– Mən istəyirəm ayağımı elə kəssinlər ki, ona qarmaq düzəltmək mümkün olsun, – dedim.

– Siz nə demək istəyirsiz? Qarmaq?

– Zarafat edir, – deyərək hospital həkimi çox nəzakətlə əlini çiynimə döydü. – O, ayağının qalmasını istəyir. Bu cavan oğlan çox qoçaqdır. İgidliyinə görə gümüş medala təqdim olunub.

– Ürəkdən təbrik edirəm, – kapitan rütbəsində olan həkim əlimi sıxdı. – Mən ancaq onu deyə bilərəm ki, belə dizi xətərsiz yarmaq üçün heç olmazsa yarım il gözləmək lazımdır. Əlbəttə, siz başqa fikirdə də ola bilərsiz.

– Təşəkkür edirəm, – dedim. – Sizin fikriniz mənim üçün çox qiymətlidir.

Kapitan rütbəsində olan həkim saatına baxdı.

– Biz getməliyik, – dedi. – Sizə müvəffəqiyyət arzulayıram.

– Mən də sizə müvəffəqiyyət arzulayıram, çox sağ olun, – dedim.

Mən üçüncü həkimin əlini sıxdım: «Capitano Varini – tenente Enru» – və hər üçü otaqdan çıxdı. Miss Heyc, – çağırdım. O gəldi. – Xahiş edirəm hospital həkimini bir dəqiqəliyə bura çağırasız.

O, əlində kepisi içəri girdi və çarpayının yanında dayandı.

– Siz məni görmək istəyirdiz?

– Bəli. Mən yarım il əməliyyat gözləyə bilmərəm. İlahi, doktor, siz heç yarım il yataqda uzanmalı olmusuz?

– Siz həmişə uzanmayacaqsız. Əvvəlcə siz öz yaralarınızı gündə qızdırmalı olacaqsız. Sonra siz qoltuq ağacı ilə gəzəcəksiz.

– Yarım il, sonra isə əməliyyat?

– Bu, ən xətasız yoldur. Yad cisimlərin ətrafında pərdə əmələ gələnə və sinoviya mayesi toplanana kimi gözləmək lazımdır. Onda dizin oynağını risk etmədən yarmaq olar.

– Siz özünüz əminsiz ki, mən bu qədər çox yatmalıyam?

– Bu, ən xətasız yoldur.

– Kapitan rütbəsində olan o həkim kimdir?

– O, Milanın ən yaxşı cərrahıdır.

– Axı, o, kapitan rütbəsindədir, elə deyilmi?

– Bəli, ancaq o, çox yaxşı cərrahdır.

– Mən istəmirəm ki, ayağımla hansı bir kapitansa əlləşsin. Əgər o, yaxşı olsaydı, mayor olardı. Mən kapitanın nə demək olduğunu bilirəm, doktor.

– O, çox yaxşı cərrahdır və mən onun rəyi ilə başqalarına nisbətən daha çox hesablaşıram.

– Ayağımı başqa cərraha göstərmək olarmı?

– Əlbəttə, əgər istəyirsizsə, ancaq şəxsən mən doktor Varellin məsləhətinə qulaq asardım.

– Siz mənim yanıma başqa bir cərrahı dəvət edə bilərsizmi?

– Mən Valentinini dəvət edərəm.

– O kimdir?

– Ospedale Maggiore cərrahıdır.

– Yaxşı. Mən sizə çox minnətdar olaram. Başa düşün, doktor, mən yarım il yataqda uzana bilmərəm.

– Siz yataqda uzanmayacaqsız. Əvvəlcə siz günəş vannası qəbul edəcəksiz. Sonra yüngül hərəkətlərə keçmək olar. Sonra pərdələr əmələ gələn kimi, əməliyyat edərik.

– Ancaq mən yarım il gözləyə bilmərəm.

Doktor əlində tutduğu kepisini nəzakətli hərəkəti ilə sığalladı və gülümsədi.

– Cəbhəyə qayıtmaq üçün gözləməyə hövsələniz çatmır?

– Nə üçün də yox?

– Çox gözəldir! – dedi. – Nəcib cavan oğlan. – O əyildi və çox nəzakətlə alnımdan öpdü. – Mən Valentininin ardınca adam göndərərəm. Həyəcanlanmayın və əsəbiləşməyin. Ağıllı olun.

– Doktor, bir stəkan şərab? – deyərək təklif etdim.

– Yox, təşəkkür edirəm. Mən içmirəm.

– Yaxşı, bir stəkan. – Mən zəng vurdum ki, qapıçı stəkan gətirsin.

– Yox, yox, təşəkkür edirəm, məni gözləyirlər.

– Xudahafiz, – dedim.

– Xudahafiz.

İki saat sonra doktor Valentini otağa daxil oldu. O, çox tələsirdi və bığlarının ucu yuxarı qalxmışdı. O, mayor rütbəsində idi, sifəti gündən qaralmışdı və həmişə də gülümsəyirdi.

– Nə olub sizə? – dedi. – Hə, şəkilləri göstərin. Hə, hə. Bax, budur. görürəm ki, siz buğa kimi sağlamsız. Bəs bu qəşəng qız kimdir? Sizin sevgilinizdir? Mən də elə başa düşdüm. Ah, bu müharibəni lənətə gəlsin! Bura ağrıyır? Qoçaqsız. Təmir edərik, təptəzə olarsız. Bura ağrıyır? Hələ bir ağrımasın da. Bu doktorların ağrıtmaqdan çox xoşları gəlir. Bəs sizi indiyə kimi nə ilə müalicə ediblər? Bu qız italyanca danışır? Onu öyrətmək lazımdır. Çox gözəl qızdır. Mən özüm ona dərs deyərdim. Mən özüm bu hospitalda yatardım. Yox, yaxşısı budur, doğanda, mən onun bütün uşaqlarını lap havayı tutacağam. O, nə dediyimi başa düşür? O sizin üçün yaxşı bir oğlan doğacaq. Özü kimi sarışın. Belə, yaxşıdır. Belə, əladır. Gözəl qızdır. Soruşun ondan, görün mənimlə şam etməyə razılıq verərmi? Yox, mən onu sizin əlinizdən almaq istəmirəm. Sağ olun. Çox sağ olun, miss. Qurtardıq. Mən ancaq bunları bilmək istəyirdim. – O, əlini çiynimə vurdu. – Sarğı qoymaq lazım deyil.

– Doktor Valentini, bir stəkan şərab?

– Şərab? Əlbəttə… On stəkan. Hardadır şərab?

– Şkafda. Miss Barkli butulkanı gətirər.

– Sizin sağlığınıza. Sizin sağlığınıza, miss. Qəşəng qızdır. Mən sizə bundan da yaxşı şərab gətirərəm. – O, bığlarını sildi.

– Sizcə nə vaxt əməliyyat etmək olar?

– Sabah səhər. Tez olmaz. Bağırsaqları təmizləmək lazımdır. Nəyiniz varsa, hər şeyi təmizləmək lazımdır. Mən aşağıda qapının yanına gedib tapşırıq verərəm. Sağ olun. Sabah görüşərik. Mən sizə bundan da yaxşı şərab gətirərəm. Sizin burada yeriniz çox yaxşıdır. Sağ olun, sabaha kimi. Yaxşı-yaxşı yatın. Mən tezdən gələcəyəm.

O, qapının ağzından mənə əl elədi, bığları biz-biz durdu, qəhvəyi üzü gülümsədi. Onun qolunda haşiyələnmiş ulduz var idi, çünki o, mayor rütbəsində idi.

ON ALTINCI FƏSİL

O gecə yarasa balkonun açıq qapısından uçub otağa girdi və həmin qapıdan biz şəhərin damları üzərinə çökən qaranlığa baxırdıq. Otaq qaranlıq idi, ancaq şəhəri bürüyən gecə balkonun qapısını zəif işıqlandırırdı və yarasa qorxmadı, açıq havada olduğu kimi otaqda uçmağa başladı. Biz uzanıb ona baxırdıq, deyəsən, yarasa bizi görmürdü, çünki biz çox sakit uzanmışdıq. Yarasa uçub gedəndən sonra biz projektorun işığını gördük, işıqlı zolağın göy üzündə necə hərəkət etdiyinə baxdıq, sonra bu zolaq yox oldu və yenə qaranlıq çökdü. Gecə yarı külək qalxdı və biz qonşu damdakı zenit topu komandasının əsgərlərinin səsini eşitdik. Sərin idi və onlar plaşlarını geyirdilər. Mən gecənin bir anında narahat olmağa başladım, fikirləşdim ki, gələn olar, amma Ketrin dedi ki, hamı yatıb. Gecə yarı bir dəfə yuxuya getdik, mən ayılanda Ketrin otaqda yox idi, ancaq mən onun dəhlizdən gələn addım səslərini eşitdim və qapı açıldı, o, yatağıma yanaşdı, dedi ki, hər şey öz qaydasındadır: o, aşağıya düşüb və görüb ki, orada hamı yatır. O, miss Van-Kampeninin qapısına yanaşıb və yuxuda onun necə nəfəs aldığını eşidib. O, özü ilə quru peçenye gətirmişdi, biz bunları yeyib üstündən vermut içdik. Biz lap ac idik, amma o dedi ki, səhər bütün bunların hamısını təmizləmək lazım gələcək. Səhərə yaxın, işıqlaşmağa başlayanda, mən təzədən yuxuya getdim və ayılanda gördüm ki, o yenə otaqda yoxdur. Ketrin gəldi, o, təravətli və gözəl idi, gəlib çarpayıda oturdu, ağzımda termometri tutub uzandığım vaxt gün çıxdı və biz damlardakı şehin qoxusunu, sonra isə qonşu damdakı zenitçilərin öz topları yanında bişirdikləri qəhvənin ətrini duyduq.

– İndi gəzmək yaxşı olardı, – Ketrin dedi, – Burada kreslo olsaydı, səni qoyub apara bilərdim.

– Bəs mən kresloya necə əyləşəcəkdim?

– Birtəhər.

– Nə ola, indi parka gedib orada səhər yeməyi yeyəsən. – Mən açıq qapıya baxdım.

– Yox, indi biz başqa işlə məşğul olacağıq, – o dedi. – Dostun doktor Valentini gələnə kimi səni hazırlamaq lazımdır.

– Doğrudan, gözəl doktordur.

– Mənə, sənin qədər xoş gəlmədi. Amma deyəsən yaxşı həkim olmalıdır.

– Bəri gəl, Ketrin. Eşidirsən? – dedim.

– Olmaz. Amma gecə nə yaxşı idi!

– Olmaz ki, bu gecə də növbəyə səni göndərsinlər?

– Yəqin ki, elə mən növbə çəkəcəyəm. Ancaq sən məni istəməyəcəksən.

– İstəyəcəyəm.

– İstəməyəcəksən. Səni heç vaxt əməliyyat etməyiblər. Sən heç bilmirsən ki, özünü necə hiss edəcəksən.

– Bilirəm. Çox yaxşı hiss edəcəyəm.

– Sənin ürəyin bulanacaq, mən heç yadına da düşməyə-cəyəm.

– Hə, onda indi yanıma gəl.

– Yox, – qız dedi. – Mən sənin temperaturunun cədvəlini yazmalıyam, əzizim, və səni hazırlamalıyam.

– Madam ki, gəlmək istəmirsən, deməli məni sevmirsən.

– Sən necə ağılsızsan! – o məni öpdü. – Hə, bax, cədvəl hazırdır. Temperatur həmişə normaldır. Sənin çox gözəl temperaturun var.

– Sən isə başdan ayağa gözəlsən.

– Yox, yox. Amma sənin temperaturun gözəldir. Mən sənin temperaturunla çox fəxr edirəm.

– Yəqin ki, bizim uşaqlarımızın da temperaturu çox gözəl olacaq.

– Qorxuram ki, bizim uşaqların temperaturu çox pis olsun.

– Bəs məni Valentini üçün hazırlamaqdan ötrü nə eləmək lazımdır?

– Boş şeydir, amma o qədər də xoşagələn deyil.

– Təəssüflənirəm ki, sən belə işlə məşğul olmalısan.

– Mən isə yox. Mən istəmirəm ki, başqa birisi sənə toxunsun. Mən ağılsızam. Əgər biri sənə toxunsa mən dəli olaram.

– Hətta Ferqyuson da?

– Xüsusən Ferqyuson və Heyc, bir də o, nədir onun adı?

– Uoker?

– Hə, hə. Burada şəfqət bacısı lap çoxdur. Əgər yenə yaralı gəlməsə, bizi buradan köçürəcəklər. İndi burada dörd şəfqət bacısı var.

– Görünür, yenə gələcək. Dörd şəfqət bacısı o qədər də çox deyil. Hospital böyükdür.

– Ümid edirəm ki, yenə gələcək. Əgər məni buradan köçürmək istəsələr, onda neyləyim? Əgər yaralı gəlməsə, elə belə də olacaq.

– Onda mən də gedərəm.

– Ağılsız şeylər danışma. Sən hələ heç yerə gedə bilməzsən. Ancaq, əzizim, tez sağal, onda biz səninlə bir yerə çıxıb gedərik.

– Bəs sonra?

– Bəlkə müharibə qurtardı. Həmişə vuruşmayacaqlar ki?

– Mən yaxşı olacağam, – dedim. – Valentini məni sağaldacaq.

– Hələ bir sağaltmasın da, o cür bığları var! Amma bir sözüm var, əzizim, sənə efir verəndə, başqa şeyi fikirləş, – ancaq mənimlə özünü fikirləşməyəsən. Axı, narkoz verəndə çoxları nə gəldi danışırlar.

– Bəs nəyi fikirləşim?

– Nəyi istəyirsən. Nəyi istəyirsən düşün, ancaq mənimlə özünü yox. Öz qohumlarını fikirləş. Ya da başqa bir qızı.

– Yox.

– Hə, onda dua oxu. Bu yaxşı təsir bağışlar.

– Bəlkə heç mən danışmadım.

– Ola bilər. Axı, hamı danışmır.

– Onda mən də danışmaram.

– Lovğalanma, əzizim. Xahiş edirəm, lovğalanma. Sən yaxşı oğlansan, sənə lovğalanmaq gərək deyil.

– Bircə söz də demərəm.

– Əzizim, yenə lovğalanırsan. Sənin lovğalanmağın artıq şeydir. Sənə dərindən nəfəs al deyiləndə, sən dua oxumağa, ya şeir və ya başqa bir şey deməyə başla. Onda hər şey yaxşı olacaq, mən də səninlə fəxr edəcəyəm. Onsuz da mən səninlə fəxr edirəm. Sənin çox gözəl temperaturun var və sən də balaca oğlan kimi yastığı qucaqlayıb yatırsan və fikirləşirsən ki, o mənəm. Bəlkə mən yox, başqasıdır? İtalyan gözəllərindən biri?

– Yox, sən.

– Əlbət ki, mən. Və mən səni çox sevirəm. Valentini sənin ayağını tam qaydaya salacaq. Və yaxşı ki, bu vaxt mən orada olmayacağam.

– Bəs gecə növbə çəkməyəcəksən?

– Çəkəcəyəm. Amma sənin üçün fərqi olmayacaq.

– Baxarıq.

– Hə, qurtardı, əzizim. İndi daha sən tərtəmizsən, həm bayırdan, həm içəridən. İndi mənə de görüm, ömründə neçə qadın sevmisən?

– Birini də sevməmişəm.

– Məni də yox?

– Səni – hə.

– Daha neçəsini?

– Heç neçəsini.

– Bəs neçəsini – necə deyirlər? Neçəsini tanıyırsan?

– Heç neçəsini.

– Sən düz demirsən.

– Bəli.

– Elə də lazımdır. Sən mənə həmişə düzünü demə. Mən özüm də belə istəyirəm. Onlar qəşəng idilər?

– Mən heç birini tanımırdım.

– Doğrudur. Onlar çoxmu cəzbediciydilər?

– Heç təsəvvürüm də yoxdur.

– Sən ancaq mənimsən. Bu doğrudur və sən heç vaxt heç kəsin olmamısan. Hətta belə olmasa da, mənim üçün fərqi yoxdur. Mən onlardan qorxmuram. Ancaq sən mənə onlardan danışma. Bəs qadın kişiyə o barədə deyən zaman, bu neçəyə başa gəlir?

– Bilmirəm.

– Əlbəttə, sən bilmirsən. Bəs qadın kişiyə deyirmi ki, onu sevir? De görüm. Mən bilmək istəyirəm.

– Bəli. Əgər kişi bunu istəyirsə.

– Bəs kişi qadına deyir ki, onu sevir? De. Bu çox mühümdür.

– Əgər istəyirsə, deyir.

– Amma sən heç vaxt deməmisən? Doğrudur?

– Yox.

– Yox, doğrudurmu? Mənə doğrusunu de.

– Yox, – deyə yalan danışdım.

O:

– Sən deməmisən, – söylədi. – Mən də bilirdim ki, sən deməmisən. Sən sevimlisən, mən də səni çox, çox sevirəm.

Günəş damların üstündən çox yüksəkdə dayanmışdı və mən kilsənin gün altında parlayan milini görürdüm. Mən həm bayırdan, həm də içəridən təmiz idim, həkimin gəlişini gözləyirdim.

– Deməli belə? – Ketrin dedi. – Kişi nə istəyirsə qadın onu deyir?

– Həmişə yox.

– Mən isə həmişə deyəcəyəm. Sən nə arzu etsən, mən həmişə onu deyəcəyəm, sən nə istəsən, mən həmişə onu edəcəyəm və sən də daha heç vaxt başqa qadınları istəməyəcəksən, eləmi? – O, sevinclə mənə baxdı. – Sən nə istəsən mən onu edəcəyəm, nə istəsən onu deyəcəyəm və onda hər şey gözəl olacaq, eləmi?

– Bəli.

– Hə, bax, indi sən əməliyyata hazırsan. İndi isə de görüm, bu saat nə istərdin?

– Bəri gəl.

– Yaxşı. Gəlirəm.

– Sən mənim ən, ən, ən sevimlimsən, – dedim.

– Görürsən, – qız dedi. – Sən nə istəyirsənsə, mən də onu edirəm.

– Sən ağıllı qızsan.

– Ancaq qorxuram ki, sən hələ məndən tamam razı deyilsən.

– Sən ağıllı qızsan.

– Sən məni istəyirsənsə, mən də onu istəyirəm. Mən daha yoxam. Ancaq sənin istəyin var.

– Əzizim.

– Razı qalırsan? Doğrudan, razı qalırsan? Sən başqa qadınları istəmirsən ki?

– Yox.

– Görürsən, sən razısan. Nə istəyirsənsə, mən də onu edirəm.

ON YEDDİNCİ FƏSİL

Əməliyyatdan sonra ayılanda, iş başqa cür idi, elə bil ki, mən harasa yoxa çıxırdım. Buna baxmayaraq yoxa çıxmırsan. Ancaq təngnəfəs olursan. Bu, ölümə oxşamır, bu sadəcə qazdan əmələ gələn təngnəfəslikdir, yəni heç bir şey hiss etmirsən, sonra isə fərqi yoxdur, elə bil bərk sərxoş olmusan, ancaq ürəyin bulananda bircə öd qusursan və sonra da vəziyyətin yaxşılaşmır. Yatağın ayaq tərəfində qum kisələri gördüm. Kisələri gips sarğısından çıxan millərin üstünə yığmışdılar. Az sonra mən miss Heyci gördüm və o soruşdu:

– Hə, necədir?

– Yaxşıdır, – dedim.

– O, sizin dizinizdən lap möcüzə düzəltdi.

– Nə qədər çəkdi?

– İki saat yarım.

– Mən axmaq şeylər danışmırdım ki?

– Yox, yox, heç bir şey. Danışmayın. Sakit uzanın.

Ürəyim bulanırdı, Ketrin haqlı çıxdı. Bu gecə kimin növbə çəkməsinin mənim üçün fərqi yox idi.

Hospitalda məndən başqa indi üç nəfər də var idi: biri Corci-yadan olan arıq oğlan idi, Qırmızı Xaç Cəmiyyətinin işçisi idi, malyariya xəstəliyinə tutulmuşdu, o biri isə Nyu-Yorkdan olan yaxşı oğlan idi, görkəmcə o da arıq idi, malyariya və sarılığa tutulmuşdu, üçüncü mehriban oğlan idi, Avstriya mərmisinin distansiya borusunun qapağını açmaq fikrinə düşərək istəyib ki, onu yadigar götürsün. Bu da birləşdirilmiş şrapnelfuqas mərmisi imiş ki, avstriyalılar bundan dağlarda istifadə edirdilər: iki cür fəaliyyətli distansiya borulu şrapnel.

Ketrin Barkli fasiləsiz olaraq gecələr növbə çəkməyə razılıq verdiyi üçün şəfqət bacılarının hamısı onu çox sevirdi. Malyariyalı xəstələrə çox qayğı tələb olunmurdu, partladıcının qapağını açan oğlan isə bizimlə dost idi, gecələr ancaq çox vacib olanda zəng vururdu, buna görə də Ketrin bütün boş vaxtlarını mənim yanımda keçirirdi.

Mən onu çox bərk sevirdim, o da məni sevirdi. Gündüzlər mən yatırdım, biz yatmayanda isə bir-birimizə məktub yazıb Ferqyuson vasitəsilə göndərirdik. Ferqyuson yaxşı qız idi. Mən onun haqqında yalnız onu bilirdim ki, onun bir qardaşı əlli ikinci diviziyadadır, o biri isə Mesopotamiyadadır, Ferqyuson Ketrin Barkliyə bərk bağlanıb.

Bir dəfə mən ondan soruşdum:

– Ferci, bizim toyumuza gələcəksiz?

– Siz heç vaxt evlənməyəcəksiz.

– Evlənəcəyik.

– Yox, evlənməyəcəksiz.

– Nə üçün?

– Toya kimi küsüşəcəksiz.

– Biz heç vaxt küsüşmürük.

– Küsüşərsiz.

– Biz heç vaxt küsüşməyəcəyik.

– Onda öləcəksiz. Küsüşəcək, ya da öləcəksiz. Həmişə belə olur. Heç kəs də evlənmir.

Mən əlimi ona uzatdım.

– Mənə toxunmayın, – dedi. – Mən heç ağlamaq fikrində də deyiləm. Bəlkə, işiniz yaxşı gətirdi. Amma, baxın, ona heç bir şey olmasın. Əgər sizin üzünüzdən ona bir şey olsa, sizi öldürərəm.

– Ona heç bir şey olmaz.

– Baxın. Ümid edirəm ki, işiniz yaxşı olacaq. İndi siz yaxşısız.

– İndi bizim üçün vaxt gözəl keçir.

– Baxın, ha, küsüşməyin və ona heç bir şey olmasın.

– Yaxşı.

– Baxın, ha. Mən istəmirəm ki, o, müharibə zamanı körpəsi ilə tək qalsın.

– Siz yaxşı qızsız, Ferci.

– Yaxşı-zad deyiləm. Mənə yaltaqlanmayın. Ayağınız necədir?

– Çox yaxşıdır.

– Bəs başınız? – O, barmaqlarını təpəmə toxundurdu. Mənə elə gəldi ki, keyimiş ayağa toxunurlar.

– Başım məni heç vaxt narahat etmir.

– Belə şişdən adam asanlıqla kretin ola bilər. heç narahat etmir?

– Xeyir.

– Bəxtiniz gətirib. Məktub hazırdır? Mən aşağı gedirəm.

– Budur, alın, – dedim.

– Siz ondan xahiş etməlisiz ki, o hələlik gecə növbətçiliyindən imtina etsin. O, çox yorulur.

– Yaxşı. Mən ondan xahiş edərəm.

– Mən gecə növbə çəkmək istəyirdim, amma o öz növbəsini vermir. Başqaları öz növbələrini ona həvəslə verirlər. Ona bir az dinclik verə bilərsiz.

– Yaxşı.

– Miss Van-Kampen belə söz yayıb ki, siz həmişə günortaya kimi yatırsız.

– Bunu gözləmək olardı.

– Yaxşı olardı ki, təkid edəsiz və o bir neçə gecə növbə çəkməsin.

– Mən özüm də istərdim.

– Heç də istəməzdiz. Əgər siz onu dilə tutsaz, onda mən sizə hörmət edəcəyəm.

– Mən onu dilə tutaram.

– Nə isə inanmıram.

O, məktubu alıb çıxdı. Mən zəng vurdum və miss Heyc tez içəri girdi.

– Nə olub?

– Elə-belə sizinlə danışmaq istəyirdim. Sizcə, miss Barklini gecə növbəsindən azad edib, ona bir qədər dinclik vermək olmazdımı? Onun çox yorğun görkəmi var. Niyə o, gecə növbəsində bu qədər çox olur?

Miss Heyc mənə baxdı.

– Mən sizin dostunuzam, – dedi. – Mənimlə belə danışmağınıza ehtiyac yoxdur.

– Nə demək istəyirsiz?

– Özünüzü axmaq yerinə qoymayın. Sizə elə bu lazım idi?

– Mənimlə vermut için.

– Yaxşı. Sonra isə dərhal gedəcəyəm. – O, şkafdan butulkanı götürdü və stəkanı balaca stolun üstünə qoydu.

– Siz stəkanı götürün, – dedim. – Mən butulkadan içəcəyəm.

Miss Heyc:

– Sizin sağlığınıza! – dedi.

– Van-Kampen orada nə deyir, guya ki, mən səhərlər çox yatıram?

– Bu barədə elə-belə mızıldadı. O sizi «bizim imtiyazlı xəstəmiz» adlandırır.

– Qoy rədd olsun!

Miss Heyc:

– O, pis qadın deyil, – dedi. – Ancaq qocalıb deyə bir az qəribəliyi var. Siz ilk baxışdan onun xoşuna gəlməmisiz.

– Bu doğrudur.

– Mənim isə xoşuma gəlirsiz. Mən sizin dostunuzam. Bunu yadda saxlayın.

– Sizin kimi yaxşı qız çox az tapılar.

– Bəsdir. Mən bilirəm sizcə yaxşı kimdir. Ayağınız necədir?

– Çox yaxşıdır.

– Mən sərin mədən suyu gətirib bir az üstünə tökərəm. Yəqin gipsin altı göynəyir. Bu gün istidir.

– Siz yaxşı qızsız.

– Bərk göynəyir?

– Yox. Hər şey yaxşıdır.

– Qum kisələrini düzəltmək lazımdır. – O, aşağı əyildi. – Mən sizin dostunuzam.

– Mən bunu bilirəm.

– Yox, siz bilmirsiz. Amma bir vaxt bilərsiz.

Ketrin Barkli üç gecə növbə çəkmədi, amma sonra yenə gəldi. Elə bil hər birimiz uzun səfərə getmişdik, sonra isə yenə qayıtmışdıq və indi yenidən görüşürdük.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации