Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 7

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Əlikram müəllim yazıçı Çingiz Hüseynovun qardaşı olmağından qürur duyurdu.

* * *

Moskvada yaşayan digər yazıçılarımızdan biri də Fəthi Xoşgnabi idi. Biz onun vaxtilə nəşr olunmuş “İki qardaş”, “Ata” romanlarını bir kitabda çap etməyi planlaşdırmışdıq. Doğrusu, indi o əsərlərin məzmununu xatırlamaqda çətinlik çəkirəm. Amma bilirdim ki, Fəthi Həmzə Əli oğlu Xoşgnabi Cənubi Azərbaycanın Xoşgnab kəndində doğulmuşdur. “21 Azər” inqilabının fəallarından olmuş, 1946-cı ilin dekabrından keçmiş Sovetlər İttifaqında mühacir həyatı yaşamışdır. Moskvada İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmişdi.

Həyatda onu bircə dəfə “Yazıçı” nəşriyyatında gördüm. Nəşrə hazırladığımız kitaba görə gəlmişdi. Ucaboy, yaraşıqlı bir kişiydi. Yadımdadı, biz ondan kitabında çap etmək üçün bir şəkil istəmişdik, o da makinada yazdığı kiçik məktubla redaksiyaya iki şəkil göndərmişdi. Bu günə qədər şəxsi arxivimdə saxladığım həmin məktubda F.Xoşgnabi yazırdı:

“Əziz və hörmətli Mustafa müəllim!”

Şaxtalı Moskvadan atəşin salamlar! İki şəkil göndərdim. Bir-birindən gözəl! “İyidin adını eşit, üzünü görmə!” Şəkillərə baxan kimi sizin başınıza gələn fikir bundan ibarət olacaqdır: Neyləmək, “Bərge səbz əst töhfeye dərviş”.

Salamlarımı təkrar etməklə çəkdiyiniz zəhmətlər üçün sizə səmimiyyətlə təşəkkür eləyirəm.

Hörmətlə: Həmzə

25.11.1988”.

Təəssüf ki, 1989-cu ildə Fəthi Xoşgnabinin vəfatı xəbərini aldıq. Yanılmıramsa, ilk nəşrlərindən iyirmi doqquz il keçən “Ata. İki qardaş” kitabının təkrar nəşrini görmək ona qismət olmadı. Kitabına görə ona çatacaq qonorarı isə, poçt vasitəsilə arvadının aldığı dəqiq yadımdadır.

* * *

Əziz dostum yazıçı-dramaturq Əli Əmirli ilə də nəsr redaksiyasında tanış olmuşdum. Onun “Axirətdən qabaq gəzinti” romanı 1989-cu ilin planında idi və çap üçün hazırlanırdı. O zaman o, demək olar, nəsr əsərlərinin əksərini səbir və həvəslə səhnələşdirirdi. Məhz bu mütəmadi məşğulolma nəticədə onun istedadlı dramaturq kimi tanınmasına səbəb oldu. Əli Əmirli zaman keçdikcə nəsr əsərlərini səhnələşdirmə işindən vaz keçib müstəqil pyeslər yazmağa başladı və çox böyük uğurlar qazandı.

1988-ci ildən başlayaraq respublikada baş verən ictimai-siyasi hadisələri yaxından müşahidə elən Əli Əmirli, necə deyərlər, isti-isti, Azadlıq hərəkatının inkişaf edərək hansı nəticə ilə sonuclanacağını gözləmədən “Meydan” adlı maraqlı bir roman yazmışdı. Biz də elə isti-isti bu romanı nəşriyyatın tematik planına salmışdıq. Təəssüf ki, respublikadakı fasiləsiz mitinqlər, tətillər nəşriyyatlara, “Azərkitab”, “Kəndkitab” kimi sifarişçi kitab ticarəti təşkilatlarının səmərəli fəaliyyət göstərməsinə də mənfi təsir göstərirdi. Buna görə də, bir çox kitablar kimi Əli Əmirlinin “Meydan” romanı da maliyyə çatışmazlığından nəşr olunmadı. Yaxşı ki, bu dəyərli roman o zaman “Azərbaycan” jurnalında dərc edildi.

* * *

Mən əyalətdə yaşayan tək-tük yazıçılarımıza qayğı ilə yanaşırdım. Onların izafi xərcə düşməməsi üçün nəşriyyatın qovluğunda olan əsərlərinin vəziyyəti, plana düşübdüşməməsi, istehsalatdakı vəziyyəti barədə məktub yazıb göndərirdim. O zaman paytaxtı tərk edib Lənkəranda yaşayan dəyərli yazıçımız Əlisa Nicatın “Gəncəli müdrik” əsərini “Azərbaycan romanı” seriyasından plana salmışdıq. Bodenştedtin “xeyirxahlığı” üzündən ədəbi taleyi gətirməmiş şair Mirzə Şəfi Vazehin həyatından bəhs edən bu romanı özüm oxumuşdum. Bəzi suallarıma cavab verməsi və xırdapara düzəlişlərimlə tanış olması üçün Əlisa Nicata məktub göndərmişdim. O vaxta qədər Əlisa Nicatın “Tarixin sübh çağı”, “Qızılbaşlar”, “Qəbilə başçısı” kitablarını oxumuşdum. Onun əsərlərində bir oxucu kimi bəhrələnməli çox dəyərlər vardı.

Məktubu alan kimi Əlisa Nicat Bakıya, “Yazıçı” nəşriyyatına gəlmişdi. Onunla oxu prosesində ortaya çıxan sualları həll etdik, düzəlişlərlə tanış olub razı qaldı. Bu onun mənə bağışladığı kitabındakı avtoqrafından da görünür. “Zövqünə dərindən hörmət etdiyim, ilk romanlarını hədsiz intizarla gözlədiyim və bütün yazılarıma redaktor olmasını arzuladığım yazıçı dostum Mustafa Çəmənliyə hörmətlə. Əlisa Nicat. 14.02.1990”.

Əlisa Nicat çox geniş mütaliəsi olan filosof yazıçıdır. Ondan ancaq öyrənmək olar. Çox təmiz və saf insandır. Onun bu cəhətlərini görüb qiymətləndirənlər də çoxdur. Sözümə qüvvət olaraq unudulmaz Vaqif Səmədoğlunun Əlisa Nicatın 60 illik yubileyi münasibətilə yazdığı ürək sözlərindən kiçik bir cümləsini bura köçürürəm: “Əlisa məni həmişə daxili təmizliyi ilə, savadlılığı ilə və bu savadından riyakarcasına yox, təmizlik, yaxşılıq naminə istifadə edən bir yazıçı kimi cəlb edib. Əlisanın bütün zəngin mütaliəsi, savadı həmişə yaxşılığa xidmət edib. Biz indi-indi milli qəhrəman deyirik, amma Əlisanı tanıdığım gündən Azərbaycan, azərbaycançılıq uğrunda çalışan, Azərbaycan tarixi haqqında düşünən bir adam kimi görmüşəm və elə də tanıyıram”.

Əlisa Nicat ədəbiyyata, tarixə, tarixi şəxsiyyətlərə marağımı görüb poçt vasitəsi ilə mənə xeyli sayda dəyərli kitab göndərmişdi. Mənim kimi onun da Üzeyir bəyin musiqisinə, şəxsiyyətinə sonsuz məhəbbəti vardı (bu gün də var). Onda bu sevgi hətta o həddə idi ki, cəsarət edib Üzeyir bəyi xalqından böyük adlandırmışdı. Sözsüz, o, belə söyləməklə xalqını kiçiltmək fikrindən çox uzaqdı. Sadəcə, Üzeyir bəyin böyüklüyünün hüdudunu başqa cür ifadə edə bilmirdi. Bilirsiniz, biri var musiqiyə elə-belə, kiminsə söhbətinə qulaq asırmış kimi qulaq asasan, bir də var varlığınla, düşünərək, yaşayaraq. Bütöv bir xalqı “Koroğlu” operasının təkcə uvertürası ilə bir yumruq kimi birləşdirən, səfərbər edən bəstəkarı necə qəlbən sevməmək, duymamaq olar? Bu sevginin və dərindən duymanın nəticəsiydi ki, Əlisa Nicat Üzeyir bəyin həyatından bəhs edən “İşıq saçan insan” povestini yazmışdı. Yox, Əlisada olan bu sevgi, adi musiqi azarkeşinin sevgisindən çox-çox yüksəkdə olan, İlahi bir sevgi idi. Əlisa Nicat “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”na hətta Çin müğənnisinin ifasında belə dönə-dönə qulaq asmaqdan doymazdı. Əkrəm Əylisli Əlisa Nicatın Üzeyir bəyin musiqisinə olan bu sonsuz sevgisini bir yazısında çox dəqiq ifadə edib: “Mən inanmıram ki, bundan sonra elə adamlar ola ki, tək, qaranlıq otaqda oturub Üzeyir bəyin plastinkalarına qulaq assın və bütün günü fikirləşsin”.

Əlisa Nicat Lənkəranda min bir əziyyətlə tikdirdiyi evi satıb yenidən Bakıya qayıtmışdı. Bu dəfə Əlisa Nicat nəşriyyata gələndə “Dünya filosofları” kitabının əlyazmasını (makina çapı yox, məhz əlyazısını) da gətirmişdi. Əlisa Nicat bu dəyərli və qiymətli kitabını xeyli gec, 1996-cı ildə çap etdirə bildi.

Hər dəfə Əlisa Nicatla görüşüb söhbətləşəndə elə bilirdim ki, o elə indicə dünyanın ən böyük yaradıcı şəxsiyyətlərinin görüşündən gəlir. Zərdüşt peyğəmbərlə, Aristotellə, Plutarxla, Şopenhauerlə, Nitsşeylə, Hegellə, Üzeyir bəylə, A.Kamyu və A.Qobino ilə dünyanın gedişatı, insan psixologiyasının mürəkkəbliyi, bəşəriyyətin sabahı haqda söhbətləşib və bu söhbətlərin nəticəsini sənə danışır.

Əqidəsində güzəştsiz olan, az danışıb çox iş görən Əlisa Nicat, nəhayət, arzusuna qovuşdu – “Turan” adlı jurnal təsis edərək onun baş redaktoru oldu. İndi o, bir təsisçi və baş redaktor olaraq mövzu seçimində, nəşrində sərbəst və azad idi. İllərlə sıxılı qalmış ox birdən yayından çıxmışdı. İlk nömrədən başlayaraq Əlisa Nicat çox dəyərli əsərləri tərcümə edərək və etdirərək “Turan” jurnalının səhifələrində çap etdirirdi. Əlisa müəllim bu jurnalın nəşri ilə əlaqədar vaxtaşırı bizim redaksiyaya gəlir, ofisi olmadığından bizim şöbənin telefonundan istifadə edirdi.

* * *

İnsan müəyyən bir iş görmək üçün gərək kiməsə güvənsin. Sənin uğurlu iş hesab etdiyin təkliflərin səlahiyyət sahibinin sağ qulağından girib sol qulağından çıxacaqsa, heç bir istəyin həyata keçməyəcək. Yoxuşa dirənəcəksən… Kömək əlini uzadan olmasa, arzuların, niyyətlərin sürüdən aralı düşmüş axsaq qoyun kimi qalacaq kolun dibində. Şəxsən mən o zaman “Yazıçı” nəşriyyatının baş redaktoru kimi Sabir Rüstəmxanlıya çox güvənirdim. Çünki bilirdim ki, xoş niyyətin qabağına sədd çəkən deyildir. Kömək əlini uzadacaq. O taylı-bu taylı Azərbaycanı qəlbən sevən, ana dilimizə sonsuz məhəbbət bəsləyən, bütün türk dünyasının, ulusunun keçmişini, gələcəyini, taleyini düşünən və yaddaşının süzgəcindən keçirən Sabir Rüstəmxanlıda qəribə bir inqilabi ruh vardı. Onu Azadlıq meydanına, yüz minlərlə soydaşımızın qarşısına çıxaran da məhz bu böyük RUH idi. O çağlarda, yüz minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinqi idarə etdiyi vaxtlarda da onun yeganə arzusu və istəyi Azərbaycanı azad, müstəqil respublika kimi görmək idi. Bəzən onun iradəsinə, yaradıcılıq ehtirasına heyran olurdum. Bütün gərginliklərdən, emosional yaşantılardan sonra nəşriyyata gəlib iş otağına çəkiləsən, fikrini cəmləyib yaradıcılıqla məşğul olasan – bu, hər adama qismət olmayan çox böyük keyfiyyətdi. O vaxta qədər “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı”, “Zaman məndən keçir” adlı şeir kitablarını oxuduğum Sabir Rüstəmxanlının “Ömür kitabı” üzərində necə həvəslə işlədiyinin şahidi olmuşam. “Ömür kitabı” təkcə Sabir Rüstəmxanlının ömür kitabı deyildi, o taylıbu taylı millətinin, xalqının ömür kitabıydı. “Ömür kitabı” çox vaxtında, o təlatümlü günlərdə, 88-ci ildə “Gənclik” nəşriyyatında otuz min tirajla nəşr olunmuşdu. Bu kitab o dövrdə hər bir azərbaycanlının stolüstü kitabıydı.

Sabir Rüstəmxanlı qısqanclıq, paxıllıq kimi mənfi xislətdən çox uzaq idi. Ona olan pislikləri unudar, bağışlayardı. Ona hər zaman güvənib etibar etmək olurdu. Amma onu gözü götürməyənlər, günü-gündən artan şöhrətini qısqananlar, kölgəsini qılınclayanlar da vardı.

Respublikada elə bir dövr gəlmişdi ki, Azadlıq meydanında tiribunadan mitinqçilər qarşısında çıxışları ilə kifayətlənə bilmirdi, daha müstəqil, yüz minlərin tribunasına çevrilə biləcək demokratik ruhlu bir qəzetə ehtiyac vardı. Belə bir vaxtda Qarabağa Xalq Yardımı Komitəsinin “Azərbaycan” qəzeti təsis edildi. Sabir Rüstəmxanlı bu qəzetin baş redaktoru oldu. Qəzetin ilk nömrəsi 5 oktyabr 1989-cu ildə işıq üzü gördü. Sabir Rüstəmxanlı iki il bu qəzetdə çalışdı və hamı tərəfindən rəğbətlə qarşılanan bir qəzetə imza atdı.

Sabir Rüstəmxanlıdan sonra yazıçı, jurnalist Cəmil Əlibəyov “Yazıçı”ya baş redaktor təyin olundu. Mən Cəmil Əlibəyovun “Sınaq” romanını oxuyanda orta məktəb şagirdi idim. Cəmil müəllimin yaradıcı taleyi “Azərbaycan gəncləri” qəzeti ilə sıx bağlı olmuşdur. O, bu qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışıb püxtələşdikdən sonra on iki il də baş redaktor kimi fəaliyyət göstərmişdi. Maraqlıdır ki, onun redaktorluğu dövründə qəzetin tirajı 20 mindən 450 minə yüksəlmişdi. Yadımdadı, həftənin cümə günləri qəzetin səhifələri maraqlı yazılarla daha zəngin olardı.

Bəy ailəsində dünyaya gəlmiş Cəmil Əlibəyov keşməkeşli bir ömür yaşamışdı. Təsəvvür edin ki, Sovet hökuməti kənddə evlərini müsadirə edərək məktəb açmışdı. Cəmil Əlibəyov da ilk dəfə bu məktəbə getmişdi. O, orta məktəbi bitirəndən sonra əvvəl ADU-nun şərqşünaslıq, sonra tarix fakültəsində oxumuşdu. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru vəzifələrində çalışmışdı. Bu sahələrin hər birində də millətə gərəkli olan işlər görmüşdü. Çox çətin və təlatümlü bir vaxtda – 1988-1990-cı illərdə “Kommunist” qəzetinin baş redaktoru olmuşdu. Xalqının səsinə səs verən Cəmil Əlibəyov böyük cəsarət edib Mərkəzi Komitənin orqanı olan “Kommunist” qəzetində yüz minlərin toplaşdığı Azadlıq meydanını və o meydanı idarə edən Sabir Rüstəmxanlının böyük şəklini dərc etmişdi.

Cəmil müəllim “Yazıçı” nəşriyyatına gəlməmişdən öncə şöbədə onun zaman-zaman üstündə işlədiyi “Mənim analı dünyam” romanı nəşrə hazırlanırdı. Kitabının korrekturasını oxumaqdan belə usanmırdı.

Cəmil müəllimin nəşriyyata ilk gəlişi də yadımdadır. Təsadüfən koridora çıxanda gördüm Cəmil müəllim asta addımlarla gəlir. Onun belə tək gəlməyi məni təəccübləndirmişdi. Adətə görə, Mətbuat Komitəsinin məsul işçilərindən biri onu kollektivə təqdim etməli idi. Ancaq nə səbəbəsə Cəmil müəllim nəşriyyata tək gəlmişdi. Bəlkə belə məsləhət bilmişdilər, yaxud özü belə istəmişdi? Bu cür suallara dəqiq cavab verə bilmərəm. Hər halda, onun tək gəlişi məni duyğulandırmışdı. Bu barədə ona heç nə demədim, görüşüb otağımıza dəvət etdim, çaya qonaq etdik. Ondan xəbərsiz nəşriyyatın direktoru Faiq müəllimin yanına getdim. Cəmil Əlibəyovun gəldiyini ona söylədim və kollektivə layiqincə təqdim etməsini xahiş etdim. O rəhmətlik də Cəmil müəllimi kollektivə layiqincə təqdim etdi.

Cəmil Əlibəyov geyim-kecimində də, işində də çox səliqə-sahman gözləyən adamdı. Sakit danışığı, mədəni rəftarı dərhal diqqəti cəlb edirdi. İşinə çox məsuliyyətlə yanaşırdı. Əlyazmaları heyrət ediləcək sürətlə oxuyurdu. Çapa hazırlanmış əlyazmalara qol çəkməsi üçün ona gətirəndə, əsər haqqında fikrini soruşurdu, ancaq qol çəkib istehsalata göndərməyə tələsmirdi, qoy qalsın, baxım deyirdi. Beləcə, onun stolunun üstündə, pəncərənin qarşısında xeyli qovluq üst-üstə qalaqlanırdı. Adama elə gəlirdi ki, qalaqlanmış bu qovluqlar günlərlə burda qalacaq, amma belə olmurdu, Cəmil müəllim böyük şövq ilə əlyazmaları nəzərdən keçirirdi. İllərin vərdişi ona həmişə çap məhsuluna məsuliyyətli yanaşmağı öyrətmişdi.

Xeyirxah, nəcib insan idi. İstedadlı gənclərə qayğısını əsirgəməzdi. Cəmil Əlibəyov indi istedadlı yazıçı kimi tanınan Mübariz Cəfərlini “Yazıçı” nəşriyyatına işə götürdəndə heç kəs onu tanımırdı. Ancaq Cəmil müəllim Mübarizin gələcəyinə inanırdı.

* * *

Bizim redaksiyaya tez-tez gələn yazıçılardan biri də Çingiz Ələkbərzadə idi. O, “Dünya qopur”, “Yoxuşlar”, “Dostluq qalası” romanlarının müəllifi, Xalq yazıçısı Əbülhəsənin oğluydu. Çingiz Ələkbərzadə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Şirvan bölgəsi üzrə xüsusi müxbiri olduğu vaxtda şərlənərək tutulmuş, bir müddət türmədə yatmışdı. Tutulmamışdan qabaq onun bir neçə kitabı nəşr olunmuşdu. Nəşriyyata gəlib-gedəndə heç harda işləmirdi. Ancaq mehrini təzədən ədəbi yaradıcılığa salmışdı. Söylədiyinə görə, gecələr yazırdı. Onun əsərini plana salmaq istəyirdik ki, qonorar ala bilsin. Bir dəfə sözarası dedi ki, türmə həyatından roman üzərində işləyir. Mən ona dedim ki, Çingiz, incimə, türmə həyatından elə türmə görən yazıçı yaxşı yaza bilər. Qoy bir il gec olsun, amma təzə əsər olsun. Həcmi barədə isə düşünmə. Təklifimlə razılaşdı. Əlbəttə, mən bütün təkliflərimi nəşriyyatın rəhbərliyinə də söyləyib, qabaqcadan onların razılığını da alırdım ki, yalançı çıxmayım, sözümün sahibi olum.

Nə gizlədim, Sovet dövründə nəşriyyatlarda müəlliflərə yalandan ümid verən, get-gələ salan nəşriyyat işçiləri də vardı. Mən isə kimsəni aldatmırdım, acı da olsa, həqiqəti deyirdim. Məncə, insanı yalandan ümidləndirib aldatmaq cinayətdir. Naşirin borcu yalnız hazır əsərləri qəbul etmək deyil, həm də yeri gələndə istedadına güvəndiyi yazıçını ilhamlandırmaq, onu yaradıcılığa təşviq etməkdir. Yazıçı vardı ki, direktora ərizə ilə müraciət edib 25-30 çap vərəqi həcmində roman üzərində işlədiyini bildirib əsərini plana saldırırdı. Əlbəttə, bu cür hallar hər vaxt olmurdu, ancaq nümunələr vardı. Mən bilirdim ki, yazmaqla, “yazmaq istəyirəmin” arasında çətin aşılası uca bir “yaradıcılıq dağı” durur. Hər mən yazıçıyam deyən bu dağı vaxtında aşa bilməz. Mən belələrini ruhlandırmaq üçün məktub yazır, götürdüyü öhdəliyi yadına salırdım: “Filan adlı əsərinizin əlyazmasını filan vaxta qədər nəşriyyata təqdim edin!” Bir də görürdüm səhər tezdən müəllif başılovlu gəlib nəşriyyata.

– Müəllim, bir ay möhlət verin.

– İki ay bəsindirmi?

– Hə. İki aya tamam-kamal bitirərəm.

Bəzən iki ay altı ay olurdu, amma yeni yazılacaq əsərdən xəbər çıxmırdı.

Elə yazıçı da vardı ürəyi doluydu, amma nədənsə yazmırdı. Elə bil, yazmağa cəsarət etmirdi, nədənsə xoflanırdı. Gəncliyində min bir müsibətə sinə gərmiş, sürgün həyatı görmüş yazıçı tanıyırdım ki, ona yaşanmış günlərinin xatirəsini yazdıra bilmirdim. Əlbəttə, yaradıcılıq işində məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, heyfsilənirdim ki, bu adam yazılası daha vacib olan xatirəsini nə zamansa özü ilə qəbirə aparacaq. Amma Çingiz özündə cəsarət tapdı və çox keçmədi “Zindan” romanının əlyazmasını nəşriyyata təqdim etdi, mən də sözümün sahibi olub plana saldırdım. Roman nəşr olundu. Çingiz Ələkbərzadənin bu yeni romanı ilə əlaqədar televiziya verilişi də hazırlandı.

Çingiz Ələkbərzadə həmin ərəfədə özünü büsbütün yaradıcılığa həsr etmişdi. Tezliklə “Qumarbaz” adlı yeni bir roman da yazıb Azərnəşrə təhvil vermişdi.

Təəssüf ki, tənqidçilərimiz onun yaradıcılığını bugünə qədər əsaslı şəkildə araşdırıb layiq olduğu qiyməti verməyiblər.

Çingiz çox sadə və istedadlı adamdı. Onun çox pəsdən, az qala pıçıltılı səslə, incə xırdalıqlarla oxuduğu muğam parçasına, xalq mahnısına saatlarla qulaq assaydın, yorulmazdın. Çox incə ruhlu adamdı. Bayatı söyləməyi sevirdi. Elə bil dilinə gətirmədiyi, amma içdən onu incidən nələrisə bayatı söyləməklə ifadə eləyirdi. Çox sevdiyi bayatılardan birisi beləydi:

Əziziyəm o da para,

Ay doğdu, o da para.

Yoxdu bir odu sönmüş

Canımdan od apara.

* * *

Mən burada artıq haqqında çox yazılmış, verilişlər, filmlər çəkilmiş 90-cı il faciələrindən, başımıza gələn müdhiş hadisələrdən söz açmaq istəmirəm. Yalnız onu demək istəyirəm ki, hər millət başına gələn (əslində, gətirilən) bu qədər faciələri yaşayandan sonra özündə qüvvət tapıb dirçələ bilməzdi. Amma bizim xalqımız bunu bacardı.

1991-ci ildə Sabir Rüstəmxanlı Mətbuat Komitəsinə sədr təyin olundu. Onun təyinatı gecəsinin səhəri direktorumuz Faiq Məlikovun komaya düşərək vəfat etdiyini eşitdik. Onun nəşini doğulduğu Salyana aparıb orada dəfn etdilər. Allah rəhmət eləsin. Onun vəfatından sonra nəşriyyata rəhbərlik Şamil Süleymanova tapşırıldı. Ancaq Şamil müəllim bu vəzifədə çox az müddətdə işlədi, tezliklə başqa işə keçdi.

1992-ci il idi. O il, elə bil İlahinin qarğışına keçmişdik. 26 fevralda daşnaklar Xocalıda görünməmiş vəhşiliklər törətdilər. Əsrlər keçsə belə unudulmayacaq bir vəhşilik! 8 mayda isə adıyla öyündüyümüz, şəninə mahnılar qoşduğumuz, mədəniyyətimizin, musiqimizin beşiyi olan Şuşanı itirdik.

Faciənin miqyası nə qədər böyük olsa da, həyat davam edirdi. Min illik tarixə nəzər salanda görürsən ki, başqa cür yaşamaq da mümkün deyildir. Gərək yaşayasan, özündə təpər tapıb mübarizə aparasan. İtirilmiş torpaqlarını, tarixi şəhərlərini geri qaytarasan. Bu şərəf məsələsidir və başqa yolda yoxdur.

Günü, ayı yadımda qalmasa da, həmin ilin birinci yarısında yazıçı Əkrəm Əylisli “Yazıçı”ya direktor təyin edildi. Bu dövrdə mənim dostum Eldar Quliyev artıq Mətbuat Komitəsində (az sonra Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinə çevrildi) çalışırdı. Bir gün mənə zəng etdi ki, nəşriyyatlar idarəsinin rəisi işləyərsənmi? Yəqin onunla danışdığım anda mənim uzaqgörənlik keyfiyyətim qeybə çəkilibmiş, ona görə də, “hə” əvəzinə “yox” demişdim və gələcəkdə mənə uğur gətirə biləcək bir şansı beləcə əldən vermişdim. Aradan çox keçmədi bu vəzifəyə dəyərli şairimiz Çingiz Əlioğlu təyin olundu.

Cəmil Əlibəyov Əkrəm Əylisli ilə uzun müddət işləmədi, gəldiyi kimi də, bir gün səssiz-səmirsiz nəşriyyatdan çıxıb getdi və “Novruz” qəzetini çıxarmağa başladı. Cəmil müəllim üçün vəzifə çox da önəmli deyildi, onun üçün önəmli olan insanlıq idi.

Cəmil Əlibəyovu həyatının ən ağır günlərində də insanlığın ali mərtəbəsində gördüm. Giley-güzardan, umuküsüdən çox uzaq bir adamdı. Cəmil müəllim həyat eşqini, insana olan sevgisini ömrünün son anına qədər yaşatdı. Ahıl yaşında keçirdiyi cərrahiyyə əməliyyatından sonra səsini itirmişdi, danışmaqda çətinlik çəkirdi, bununla belə qarşılaşanda üzü nurlanar, dünyaya məhəbbətlə baxan gözləri işıqla dolardı. Yubiley günlərində ona zəng edər, ünvanına xoş sözlər deyərdim. O da öz növbəsində barmağı ilə telefonun dəstəyindəki mikrofonu döyəclərdi. Bu hərəkətiylə səni eşitdiyini, minnətdar olduğunu bildirirdi. Onun telefonun dəstəyindən gələn bu barmaq səsləri də insana, köhnə iş yoldaşlarına olan sonsuz məhəbbətinin əks-sədasıydı.

* * *

Əkrəm Əylisli “Azərbaycan” jurnalının baş redaktoru işlədiyi dövrdə, aramızda heç bir tanışlıq olmaya-olmaya, mənim “Şəkil Süleymanın fotoaparatı” hekayəmi və müğənni Yavər Kələntərli haqda xatirəmi dərc etmişdi. Əsərlərini sevə-sevə oxuduğumuz yazıçılardan idi.

Cəmil müəllim gedəndən sonra baş redaktor vəzifəsinə keçmək şansım vardı, ancaq hiss etdim ki, Əkrəm müəllim başqa niyyətdədir, bu vəzifəyə kənardan adam gətirmək istəyir. Nə deyə bilərdim, seçim onunku idi…

Əkrəm Əylisli nəşriyyata gələndə redaksiyalar 93-cü ilin planını tuturdular. Ona sənət adamlarının sözü və əməlindən bəhs edən bir kitab tərtib etdiyimi söylədim. O da razılığını bildirib plana saldı. Beləcə, illərdən bəri zərrə-zərrə topladığım mətnlər “Söz həmişə diridir” adıyla mənim tərtibatımda, altı min tirajla 93-cü ildə nəşr olundu.

Bu arada Çingiz Əlioğlu məni Mətbuat Komitəsinə çağırıb, “Azərnəşr”in ədəbiyyat şöbəsinə müdir vəzifəsinə getməyi təklif elədi. Dərhal müsbət cavab vermədim, fikirləşərəm, dedim. Doğrusu, adi bir vəzifəyə görə illərlə bir yerdə çalışdığım kollektivdən ayrılmaq mənim üçün çətin idi. Ona görə cavab verməyə tələsmir, susurdum. Avqust ayının ilk həftəsində “Gənclik” nəşriyyatının baş redaktoru Hidayət Orucov ölkə prezidentinin milli məsələlər üzrə müşaviri təyin edildi. Mən də Mətbuat Komitəsinin sədri Sabir Rüstəmxanlının əmrilə 5 avqust tarixində “Gənclik” nəşriyyatına baş redaktor təyin edildim. Ayın 6-da Xalq şairi Nəriman Həsənzadə və Çingiz Əlioğlu məni “Gənclik” nəşriyyatının kollektivinə təqdim etdilər. Nəşriyyatın direktoru rəhmətlik Əlican Əliyev idi.

“Gənclik” nəşriyyatı respublikanın qabaqcıl nəşriyyatlarından idi. Əslində, bu nəşriyyatın bünövrəsi 1937-ci ilin sentyabrında qoyulmuşdu. Əvvəllər “Uşaqgəncnəşr” adlanan bu nəşriyyat uşaqlar və gənclər üçün kifayət qədər bədii ədəbiyyat nümunələri nəşr etmişdir. Mən “Gənclik” nəşriyyatında işə başladığım vaxtda Kitab Palatasına gedib “Uşaqgəncnəşr”in vaxtilə uşaqlar üçün nəşr etdiyi kitablara baxmışdım. Düzü, müharibə dövründə rəngli, özü də qatlama (kitabı açan kimi müxtəlif fiqurlar dikəlir) olan bu kitabların, müharibənin o şiddətli vaxtında çox nəfis tərtibatla çap olunması məni xeyli duyğulandırdı. “Uşaqgəncnəşr”in ilk direktoru kim olub, orada kimlər işləyib deyə bilmərəm. Onu deyə bilərəm ki, bu nəşriyyat sonralar bağlanmış və bir də 1967-ci ildə “Gənclik” nəşriyyatı adı ilə yenidən fəaliyyətə başlamışdır. Nəşriyyatın ilk direktoru yazıçı Əzizə Əhmədova olmuşdur (1967-1987). Bu nəşriyyatda ayrı-ayrı vaxtlarda Elxan İbrahimov, Vidadi Paşayev, Əkrəm Əylisli, İlyas Tapdıq, Ələviyyə Babayeva, Hidayət Orucov baş redaktor vəzifəsində çalışmışlar. Rəna Şıxəmirova (həm də “İşıq” nəşriyyatının ilk direktoru olub), Gülşən Həsənzadə, Şölə Quliyeva, Səyyarə Zeynalova, Reyhan Salamova, Zəminə Cavanşir, Məsudə Əvəzqızı (Zeynalova), Vaqif Nəsib (baş redaktor müavini), Fikrət Sadıq, Ələkbər Salahzadə, İsmayıl Qarayev, Zaman Qarayev, Məstan Əliyev, Çingiz Əlioğlu, Zahid Balayev, Qılman İsmayılov, Sərdar Əsəd, Ziyəddin Sultanov, Nadir Rəhimov, Yusif Ağayev, Əliağa Məmmədov, Nəriman Süleymanov (texniki redaktor) və b. “Gənclik” nəşriyyatında şöbə müdiri, redaktor, rəssam vəzifələrində çalışmış, vaxt tapıb şəxsi yaradıcıqla da məşğul olmuş, tərcümələr etmiş və Azərbaycan kitab mədəniyyətinə öz töhfələrini vermişlər.

Mən “Gənclik” nəşriyyatına gələndə burada Adil Abdullayev, Vəli Həbiboğlu, Zülfüqar Şahsevənli, Məmməd Namaz, Musa Ələkbərli, Fədlun Əfəndiyev, Firəvan Məmmədov, Teyyub Qasımov, Məsudə Əvəzqızı, Tənzilə Cəmilova, Elşadə Əzizova, Səyyarə Həbibzadə, Gülər Mehdiyeva (Ələkbərqızı), İntizar Əliyeva, Zöhrə Əsgərova, Tahirə Muxtarova, Elmira Fərruxzadə, Gültəkin Əsədova, Şəfəq Nasir, Reyhan Qasımova, Dilşad Məlikova, Afaq Quliyeva, Leyla Qarayeva, Növrəstə Qasımova, Bikə Mikayılzadə, Xuraman Ağamoğlanova, Afət Əhmədova və b. çalışırdılar. Onlar kitab nəşri sahəsində artıq illərini qoymuşdular.

Təzə iş yerimə gələrkən Mətbuat Komitəsində “Gənclik” nəşriyyatının 93-cü il üçün nəzərdə tutulmuş, amma hələ çap olunmamış tematik planına baxmaq üçün mənə vermişdilər. Dərhal nəşriyyatın qovluğunda olan bütün əlyazmaları saf-çürük eləmək imkanım xaricində idi. Ancaq vəziyyət elə idi ki, artıq əvvəlki qaydada işləmək olmazdı. Bazar münasibətləri nəşriyyatların da qapısını döyürdü. İndi yaxşı və gəlir gətirən kitablar çap etmək lazım idi. İnsafən, nəşriyyatın direktoru bu plantutma işinə qətiyyən müdaxilə etmirdi.

Fikrimcə, insan gərək hər bir işdə birinci özündən başlasın, yalnız o zaman düzlükdən, ədalətdən danışmağa haqqın çatar. “Yazıçı”da olanda ərizə ilə müraciət etmişdim, “Gənclik” nəşriyyatının 93-cü il planında mənim də kitabım nəzərdə tutulmuşdu. Birinci özümdən başladım. Kitabımı plandan çıxartdım. Bundan sonra tematik planı əsaslı şəkildə dəyişdim. Uşaq və gənclər üçün yazılmış kitablara daha çox üstünlük verdim. “Azərbaycan milyonçuları” adlı yeni seriya açdım. Məqsədim Azərbaycan milyonçularının uşaqlıq həyatından kitablar yazdırmaq idi. Çünki XX əsrdə fəaliyyət göstərən milyonçularımızın hamısı kasıb ailədən çıxmış adamlar idi. Amma onlar öz fərasətləri və zəhmətləri ilə milyonçu olmuşdular.

Bəzi səbəblər üzündən mətbəələrdə yığılıb qalmış dəyərli kitabları da yenidən 93-cü ilin planına saldım. O cümlədən Lev Qumilyovun “Qədim türklər” kitabını. L.Qumilyovun çox qiymətli “Qədim türklər” kitabı ilk dəfəydi ki, Vilayət Quliyevin və Vəli Həbiboğlunun tərcüməsində nəşr olunacaqdı. Kollektivdə mənim bu cür mövqeyimi dəstəkləyənlər, kömək edənlər də vardı, bəyənməyən, arxada kölgəmi qılınclayanlar da. Bu da təbii idi. Məni düşündürən isə, nəzərdə tutulan işin nəticəsiydi. Uzun illərin təcrübəsindən çıxış edərək deyə bilərəm ki, işdə səlahiyyət sahibisənsə, çox iş görə bilərsən. Təki niyyətin saf olsun.

1988-ci ildə hələ “Yazıçı” nəşriyyatında nəsr şöbəsinin müdiri işlədiyim vaxt redaksiyaya bir nəfər zəng edib, onda fransız yazıçısı Jan Gevrin fars dilində Ağa Məhəmməd şah Qacarın həyatından bəhs edən bir kitab olduğunu, çap edəriksə, tərcümə etmək istədiyini söyləmişdi. Ondan ixtisasını soruşdum. Həkim olduğunu dedi. Ona dedim ki, bir otuz səhifə tərcümə edib gətirsin, baxaq. Bir həftədən sonra ucaboy, arıq vücudlu bir kişi otağa daxil oldu. Tanış olduq.

O:

– Hüseyn Əhədi – deyə əlimi sıxdı, – Sizə zəng vuran mən idim, otuz səhifə tərcümə edib gətirmişəm.

Mən ona zəng edəcəyimi söyləyib tərcüməsini götürdüm. Tərcümə ilə tanış olanda gördüm ki, bu bədii yox, sətri tərcümədir. Hüseyn Əhədini buna görə qınamaq olmazdı, həkim adamdı. Lakin onun cənublu olduğunu, fars dilini yaxşı bildiyini nəzərə alıb, zəng edib tərcümə işini davam etdirməsini söylədim. İndi əlimə fürsət düşmüşdü, daha bu tərcümə olunacaq əsərin nəşri üçün kiməsə ağız açmayacaqdım. Mən Hüseyn Əhədi ilə əlaqə saxlayıb işi sürətləndirməyi və tərcüməsini “Gənclik” nəşriyyatına verməsini xahiş etdim. Doğrudan da, o, bir müddət sonra gözəl xətlə yazdığı tərcüməsini gətirib mənə verdi.

Mən əlyazmasını redaktə üçün nəşriyyatın ən aparıcı, savadlı redaktorlarından birinə – Gülər Ələkbərqızına (Mehdiyeva) verdim. O bu sətri tərcüməni bədii mətnə çevirdi və çox böyük zəhmət çəkdi. Burada etiraf edim ki, əslində o, kitabın ikinci tərcüməçisi idi. İndi çox təəssüflənirəm ki, kitabda onun adı ancaq redaktor kimi gedib. Kitabın fars dilində çox təmtəraqlı, çox uzun bir adı vardı. Biz o addan imtina edib tarixi romanı “Xacə şah” adlandırdıq. Kitabın satış qiyməti baha olmasın deyə, əsəri iki hissəyə ayırdıq. “Azərkitab”ın rəhbərliyi ilə danışıb, kitabın birinci hissəsini 1993-cü ildə 30000 tirajla çap etdik. Kitabın ikinci hissəsi isə 8000 tirajla və bir qədər gec – 1994-cü ildə nəşr olundu. O da yadımdadır ki, kitabın korrekturasının oxusu zamanı Hüseyn Əhədi ilə müntəzəm telefon əlaqəsi saxlayırdım. Nigarançılığımın səbəbi o idi ki, bu yaşlı həkim qəflətən yaddaşını itirmişdi. Ona zəng edəndə ad-familiyanı dərhal yazırdı ki, unutmasın. Mənə görə, yaddaşını itirməkdən ağır, qorxulu bir şey yoxdur. Yaddaşı itirmək yaşadığın keçmişini büsbütün itirməkdir. İnsan isə öz keçmişini yaşada-yaşada, oğulqızına, qohum-əqrəbasına, dost-tanışına ötürə-ötürə yaşayır. Təsəlli budur ki, Hüseyn müəllim zaman keçdikdən sonra, bəlkə də, həkim kimi unudulacaq, amma adı “Xacə şah”ın tərcüməçisi kimi yad olunacaqdır.

Mənim bu yazıda bir kitabla əlaqədar bu qədər təfərrüatı ilə danışmağım heç də səbəbsiz deyildir. Azərbaycanla, Qarabağ xanlığı və onun hakimi İbrahimxəlil xanla da bağlı olan bu dəyərli tarixi əsər oxucular tərəfindən çox böyük razılıqla qarşılanmışdı. Hətta yeni səhnə əsərinin yazılmasına da bir təkan olmuşdu. Dostum Əli Əmirli məhz bu kitabdan bəhrələnərək səhnəmizdə uğurla nümayiş etdirilən “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesini yazmışdı.

Yeri gəlmişkən, bu kitabla bağlı bir məsələni də xatırlatmaq istəyirəm. 2012-ci ildə bir kitab mağazasında “Xacə şah”ın nəfis şəkildə yeni nəşrini gördüm. “Hüquq ədəbiyyatı” nəşriyyatı çap etmişdi. Amma kitabın elə ilk səhifəsini açanda təəssüfləndim. Çünki müəllif hüququ, bir qayda olaraq, kitabın ilk səhifəsində ya qorunur, yaxud əksinə, pozulur. Bu nəşrdə “Hüquq ədəbiyyatı” tərcüməçinin, ilk növbədə, bu gün də Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Gənclik” nəşriyyatının hüququnu pozmuşdur. Nəşriyyat hətta koperaytda nəşrin götürüldüyü mənbəni belə göstərməyi özünə rəva bilməyib. Kitabın yeni redaktoru yoxdur, əvvəlki nəşrin redaktoru Gülər Ələkbərqızının adını çıxarıblar (yaxşı ki, tərcüməçinin adını saxlayıblar), amma onun “Nəşriyyatdan” başlıqlı bələdçi yazısını olduğu kimi nəşr ediblər. Biz o zaman Jan Gevrin şəxsiyyətini müəyyən etmək üçün xeyli araşdırma aparmışdıq, ancaq əsərin hansı Jan Gevrə məxsus olduğunu dəqiqləşdirə bilməmişdik. Sual olunur, bəs “Hüquq ədəbiyyatı” nəşriyyatı 1000 nüsxə tirajla çap etdirdiyi bu kitabda hansı əlavələr, yeniliklər edibdir? Heç olmasa, mərhum Hüseyn Əhədinin varislərini tapıb əldə etdiyi gəlirdən onun övladlarına qonorar veribmi?

Bəli, o nəşriyyatda peşəkar naşir və redaktor olsaydı, bu cür hüquq pozuntusuna yol verilməz, vaxtilə bu əsərə əmək sərf etmiş insanların işinə sayğı ilə yanaşılardı.

Mən uzun illər boyu işlədiyim nəşriyyatlarda kitab nəşri ilə bağlı çox hadisələrin, ədəbi mübahisələrin şahidi olmuşam. Onların hamısını burada yada salıb vaxtınızı almaq istəmirəm. Ancaq deməliyəm ki, redaktorluq peşəsi çox məsuliyyətli, gərəkli və şərəfli bir peşədir. Əlbəttə ki, peşəkarlar gözündə…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации