Текст книги "Ürəyimdən kimlər keçdi"
Автор книги: Mustafa Çəmənli
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 14 страниц)
Beləliklə, “Şuşa” qəzetinin 1991-ci il 12 yanvar tarixli nömrəsindən başlayaraq romandan parçalar hissə-hissə dərc olunur. Bu ərəfədə mən çox narahat idim. Həm erməni separatçılarının üzündən, həm də qış fəsli olduğundan Şuşaya gediş-gəliş xeyli çətinləşmişdi. Ölkədə xaos hökm sürürdü. Mən romanın vaxtında nəşr olunmasını istəyirdim. Əsərin əlyazması isə Şuşada, Nazim müəllimdə qalmışdı. Mən çox çətinliklə onunla əlaqə yaradıb, əlyazmanı Bakıya – mənə göndərməsini xahiş elədim.
Bir neçə gündən sonra nəşriyyatın baş redaktoru Cəmil Əlibəyov daxili telefonla məni yanına çağırdı. Onun kabinetinə girəndə ağsaçlı, nurlu sifətli bir kişinin Cəmil müəllimlə üz-üzə oturub söhbət etdiyini gördüm. O məni tanımırdı, mən isə onu kitabındakı şəklindən, bir də qarşısındakı qovluğumdan tanımışdım. Qəlbi təmiz Cəmil müəllimin üzü nurlanmışdı:
– Nazim müəllim, – dedi, – bayaqdan romanını təriflədiyin cavan oğlan budur.
Nazim müəllim qalxıb, mənimlə mehribancasına görüşdü:
– Təbrik edirəm! Cəmil müəllimə də demişəm, sənin romanın bu gün 100 min tirajla çap olunsa, satılar.
– Nazim müəllim, belə yüksək fikirdə olduğunuza görə sizə təşəkkür edirəm! – dedim.
O, əlyazmanı və bir topa qəzeti mənə uzadaraq:
– “Şuşa” qəzeti 12 nömrəsində romanından fəsillər çap edib. Darıxdın, redaksiya istəyirdi ilboyu əsərini çap etsin, – dedi.
– Nazim müəllim, buna görə də təşəkkür edirəm. Görürsünüz də, hadisələr necə cərəyan edir. İstəyirəm, əsərim kitab halında çıxsın, qorxuram sonra gec ola.
– Doğrudur, – dedi, – romanın haqqında ürək sözlərimi də yazmışam. Xoşun gəlsə, çap etdirərsən.
– Çox məmnunam, – dedim. Sağollaşıb əlyazmamı götürmək istəyəndə Cəmil Əlibəyov gülə-gülə:
– Qoy qalsın, aparım oxuyum. Görüm, nə yazmısan belə, Nazim müəllim bərk tərifləyir.
– Nə olar, Cəmil müəllim, çox şad olaram ki, bu əsəri siz də oxuyasınız, – dedim və qəzetləri, Nazim müəllimin məqaləsini götürüb çıxdım.
Bir həftədən sonra Cəmil müəllim əsərimi çapa imzaladı və “ürəyində daha bir şey qoymamısan qala, təbrik eləyirəm” deməyi də unutmadı. Lakin baş redaktordan sonra bir müddət əlyazmam direktorun stolunun üstə yatıb qaldı. “Dostlar” direktora deyərlər ki, Mustafa “Xallı gürzə” deyəndə Qorbaçovu nəzərdə tutur, sonra başınız ağrıyar. Aylar keçdi, səbrim tükəndi, direktorun qəbuluna gedib rəyini öyrəndim. Dedi mənə deyirlər romanda Qorbaçova sataşırsan. Cavab verdim ki, Qorbaçov nə vaxtdan ilan olub, XVIII əsrdə Qorbaçov nə gəzirdi? Bu söhbətdən sonra direktor əlyazmanın titul səhifəsinə qol çəkib, mətbəəyə getməsinə icazə verdi.
1991-ci ilin mart ayında “Qızıl Şərq” mətbəəsinə göndərilən romanım xeyli gec, 1992-ci ilin fevral ayının 17-də 30 min tirajla işıq üzü gördü. Mən Nazim müəllimin məqaləsini makinada yazdırıb, “Ədəbiyyat qəzeti”nə təqdim etdim. Nazim Axundovun romanım haqqında yazdığı “Tarixin yaddaşı – yazıçının romantikası” məqaləsi “Tarixi yaddaşın bərpası” adı ilə “Ədəbiyyat qəzeti”nin 6 mart 1992-ci il tarixli nömrəsində dərc olundu.
Nazim müəllimin roman haqqında yekun fikri o zaman bir müəllif olaraq mənim üçün çox qiymətli idi. O yazırdı:
“Heç kəsə sirr deyil ki, tarixi həqiqəti üzə çıxarmaqda bədii ədəbiyyatın imkanı hər hansı sənədli tarixi əsərə və publisistikaya görə daha geniş, daha böyükdür. Bu baxımdan Mustafa Çəmənlinin “Xallı gürzə” romanı bir çox tarixi həqiqətləri dərk etməkdə oxucuya kömək göstərir. Böyük dövlətlərin “parçala, hökm sür” siyasəti xanlıqlar dövründə də Azərbaycanın birliyinə mane olmuşdur. Lakin müəllif bir ana xətt kimi bütün əsər boyu Azərbaycan birliyi ideyasını Pənahəli xanın və başqalarının səylərində qabarıq göstərməyə çalışmışdır.
Əsər rəngarəng həyat lövhələri, fərdi obrazlar aləmi ilə zəngindir. Birinci növbədə və doğru olaraq müəllif Pənahəli xanı və onu əhatə edən şəxsiyyətlərin səciyyəvi cəhətlərini açıb göstərməyə cəhd edir. Xanın böyük oğlu İbrahimxəlil ağanın hələ 15 yaşında ikən uzaq Əfqanıstan sərhədlərindən hərəkət edib, Qarabağda atası ilə qovuşması, sürgündə olan elatın vətənə köçürülməsi, xalqın öz rəhbərləri ətrafında sıx birləşməsi və əfsanəyə bənzər igidliklər təsirli, ibrətamiz səhifələrdə canlandırılır.
Yeri gəlmişkən, ustalıqla işlənmiş “Xallı gürzə” barədə bir neçə kəlmə danışmaq istərdik. Bu, əsl bədii kəşfdir. “Xallı gürzə” Pənah xanı, Qarabağ xanlığını, bəlkə bütün Azərbaycanımızı əzəl gündən izləyən xəbis, qəddar bir niyyətdir, qara bir tale, iyrənc bir ruh, amansız bir alın yazısıdır. İndi bizim çağdaş Azərbaycan ictimaiyyətini sarsıdan hadisələrə “Xallı gürzə” əsəri ibrətamiz bir cavabdır. Roman bizi mənəvi yüksəkliyə, bütövlüyə, haqq işi uğrunda mübarizəyə səsləyir. Aydın olur ki, Xallı gürzə təzə məsələ deyil, o əlimizə qılınc aldığımız gündən bizi – Qazan xanımızı, Koroğlumuzu, Şah İsmayılımızı… izləmişdir. İndi ondan qorxub sarsılmaq, ruhdan düşmək olmaz. Ona sinə gərmək, babalarımız kimi layiqincə cavab vermək lazımdır.
Yazıçı Pənahəli xanın həyatındakı tarixi dəqiqliyə sadiq qalmaqla bərabər, eyni zamanda özünün inandırıcı fantaziyasının köməyi ilə, heç şübhəsiz, maraqlı əsər yazmışdır. Əminik ki, roman xalqımızın yaxın keçmişində və müasir həyatında onun bədxahlarını – xallı gürzələri tanımaqda oxuculara kömək göstərəcək”.
Professor Nazim Axundov çox işıqlı, xeyirxah şəxsiyyət idi. İlk tanışlıqdan sonra aramızda səmimi ünsiyyət yaranmışdı. O, “Yazıçı” nəşriyyatında iki cilddə çapa hazırlanan “Qarabağnamələr”in tərtibçisi, “Qarabağ salnamələri” kitabının müəllifi kimi nəşriyyatla müntəzəm əlaqə saxlayırdı və buna görə də tez-tez görüşürdük.
O dövrdə Nazim müəllim gözləmədiyim halda görkəmli İran tarixçisi Nasir Nəcminin “Abbas Mirzə” (yaxud “Qacar sülaləsinin qəhrəman, vətənpərvər oğlu və onun başçılıq etdiyi İran-Rusiya müharibələri”) kitabını farscadan dilimizə tərcümə edib nəşriyyata təqdim etdi. Mən çox böyük fərəh hissilə bu kitabın redaktorluğunu qəbul etdim. Çünki xalqımız bu kitab vasitəsi ilə dostunu düşməndən seçəcəkdi. Kitab 1993-cü ilin əvvəllərində işıq üzü gördü və Nazim müəllimin sevincinin şahidi oldum.
Bir dəfə eşitdim ki, xəstə yatır. Cərrah dostum Çingiz Baxşəliyevlə onu yoluxmağa getdik. Yataqda olsa da, nikbin ruhdaydı. Çingiz ona bəzi məsləhətlər verdi. Gəlişimizdən çox məmnun olmuşdu. Bu mənim onunla son görüşüm idi. (Aradan illər keçəndən sonra “Unudulmaz görüş” adlı xatirə-yazımı ona həsr etmişdim (“525-ci qəzet”, 16 noyabr 2013.)
Professor Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşada anadan olmuşdu. 10 mart 1994-cü ildə isə Bakıda vəfat etdi. Allah ona rəhmət eləsin. Onun işıqlı xatirəsi həmişə mənimlədir.
* * *
Yeri gəlmişkən, deyim ki, mənim “Xallı gürzə” romanım çox vaxtında yazılmış və çap edilmiş bir əsər idi. O zaman “Azərkitab”, “Kəndkitab” və Kitabxana kollektoru romana, bu gün çox fantastik səslənsə də, otuz beş min tiraj vermişdilər.
Məlumat üçün deyim ki, “Azərkitab”ın Azərbaycanın şəhərləri üzrə 128 kitab mağazası vardı. Paytaxt Bakıda 78, Gəncədə 24, Sumqayıtda 9 kitab mağazası oxucuların ixtiyarında idi. “Kəndkitab”ın isə rayon mərkəzlərində, qəsəbə və kəndlərdə 300-ə yaxın mağazası vardı.
Kitabxana kollektoru kitabları kitabxanalara paylamaq üçün tiraj verirdi. O zaman çap olunacaq kitablara tiraj elə-belə, havadan verilmirdi. “Azərkitab”ın və “Kəndkitab”ın mağazalarında kitab ticarəti sahəsində saç ağartmış adamlar çalışırdılar, onlara nəşriyyatların tematik planında çapı nəzərdə tutulmuş kitabların annotasiyasını oxumaları kifayət idi ki, əsərin alıcılıq şansını dəqiqləşdirsinlər.
Nəşriyyatda kitabıma verilmiş otuz beş minin beşini kəsdilər, roman otuz min tirajla nəşr edildi. Kitabın ilk nəşri “Qızıl Şərq” mətbəəsində çap olundu. O zaman kitaba maraq o qədər güclü idi ki, mətbəədə əsərimin “tetradka”ları əl-əl gəzirdi. Çox ağır bir vaxt olsa da, “Xallı gürzə” romanı çox sürətlə satıldı. Hətta kitabımın sorağı Rusiyadan gəlirdi. “Xalq qəzeti”nin 5 iyun 1992-ci il nömrəsində belə bir xəbər dərc olunmuşdu – “Xallı gürzə” Yekaterinburqda”.
Qəzetdə dərc olunmuş bu xəbərdən aydın olurdu ki, Yekaterinburqda 15 min azərbaycanlı yaşayır. Orada “Nizami” cəmiyyəti fəaliyyət göstərir və bu cəmiyyətin təşəbbüsü ilə mənim kitabım müzakirə olunub.
Bir gün “Azərkitab”ın rəisi Rauf Məmmədzadə mənə zəng edib, “Xallı gürzə”nin yaxşı satıldığını və buna görə də yeni bir kitab çap etdirərəmsə, tiraj verməyə hazır olduğunu bildirdi. Məhz bu təklifin nəticəsi olaraq 1993-cü ildə “Şərq-Qərb” nəşriyyatında “Səs qərib olmur” kitabım on min tirajla nəşr olundu. Bu kitabda “Yaddaş” və “Halallıq” povestlərimdən başqa, “Nəğməli ömürlər” başlığı altında 21 sənətkar haqqında sənədli hekayə, oçerk və esselərim toplanmışdı. Jurnalist Firuzə Nadir bu kitab haqda “Nəğmə dolu bir kitab” adlı musiqili veriliş hazırlamışdı. Veriliş 21 avqust 1994-cü ildə efirdə səslənmişdi.
Bizim mərhum şair və tərcüməçimiz Vladimir Qafarov “Xallı gürzə”ni rus dilinə tərcümə etmək istəyirdi. Bununla əlaqədar bir neçə dəfə bizim söhbətimiz də olmuşdu. Tanınmış şairimiz Səyavuş Məmmədzadə də bu söhbətlərin şahididir. Əlbəttə, Vladimir Qafarov kimi ustad bir tərcüməçi mənim kitabımı tərcümə etsəydi, ürəyimcə olardı. Ancaq bu tərcümənin müqabilində ona maddi yardım göstərmək lazım idi. O zaman yazıçılarımızın çoxu, o cümlədən Vladimir Qafarov da işləmirdi. Təəssüf ki, mənim də maddi durumum ürəkaçan deyildi. Beləcə, romanım tərcümə olunmadı. Mən bundan indi də çox təəssüflənirəm.
O zaman televiziyanın Ədəbi Dram baş redaksiyası “Yer üzünün Qarabağ düzü” adlı bir veriliş hazırlamışdı. Bu verilişdə şair Fətəli Sahib, Dadaş Mehdi, mən və Vaqif Yusifli iştirak edirdik. Vaqif mənim romanım haqda danışmaq üçün gəlmişdi. Qabaqcadan romanımdan parçalar seçilib aktyor Elxan Ağahüseynoğluna verilmişdi. Verilişin rejissoru Ələkbər Kazımovski idi.
Aktyor Elxan Ağahüseynoğlunun romandan səsləndirdiyi parçalar o qədər aktual səslənirdi ki, şairlər onlara verilən vaxtın bir hissəsindən belə imtina etdilər. Bu da onların ürəklərinin genişliyindən irəli gəlirdi.
1993-cü il yanvarın 29-da saat 14.00-da Sumqayıtda S.Vurğun adına Mərkəzi Kitabxanada “Xallı gürzə” romanımın müzakirəsi keçirildi. Bu müzakirəyə qələm dostlarım Şahlar Həsənoğlu və Əli Əmirli ilə getmişdim. Şəhər və şəhərətrafı ərazilərin kitabxana işçiləri, orta məktəb müəllimləri Mərkəzi Kitabxananın böyük zalına toplaşmışdılar. Bizi qarşılayanlar arasında Əşrəf Veysəllini, Xıdır Alovlunu görəndə ovqatım daha da yaxşılaşdı. Yaradıcılığım haqda məruzəni unudulmaz şair Əli Kərim haqda “Dinmə, ey kədər” kitabının müəllifi jurnalist Feyzi Mustafayev etdi.
Şəhərin ziyalıları, müəllimlər, kitabxanaçılar romanı o qədər peşəkarcasına təhlil eləyirdilər ki, doğrusu, heyran qalmışdım. Ədəbiyyat müəllimi Məmməd Novruzovun yazılı çıxışı diqqətimi daha çox cəlb etdiyindən ondan əlyazmasını alıb özümlə götürdüm. Sonra Məmməd müəllimin o yazısını “Xalq qəzeti”nə verdim. Bu yazı “Xallı gürzə” niyə dirilir?” sərlövhəsi ilə çap edildi. Müəllifin gəldiyi qənaət beləydi: “Sənət əsərinin uğuru onun həyatiliyindən, sənətkarın məharəti isə mənsub olduğu xalqın psixologiyasını, adət-ənənəsini dərindən bilməsindən çox asılıdır. Bədii əsər tarixi qaynaqlara söykənərək yazıldıqda sənətkar əziyyəti və məsuliyyəti qat-qat artır.
Mustafa Çəmənlinin orijinal bir epizodla başlayan “Xallı gürzə” romanı getdikcə tariximizin o mürəkkəb dövrünü bütün ziddiyyətləri ilə bizə göstərir. Roman böyük bir tarixin acısını, şirinini oxucunun ruhuna hopdurur. Müəllif tarixi ovqatı canlandıraraq bizi o günlərin iştirakçısına çevirir” (“Xalq qəzeti”, 6 fevral 1993-cü il).
Mənim üçün unudulmaz günlərin biri də 1994-cü il 20 mayda Mingəçevir şəhərində M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında keçirilən yaradıcılıq gecəm idi. Gecə axşam saat 6-da başlamışdı. Teatrın böyük salonunda boş yer qalmamışdı. Mən Mingəçevirə qələm dostum yazıçı-dramaturq Əli Əmirli, cərrah Çingiz Baxşəliyev və inşaat mühəndisi Nizami Kərimovla getmişdim. Başqa yazıçı dostlara əziyyət vermək istəməmişdim. Ancaq həyatda elə qəribə təsadüflər olur ki, gözləmədiyin halda çatışmazlıqlar tamamlanır. Gecə başlamamışdan şair Ələmdar Quluzadəyə, tarix elmləri namizədi Məhəmməd Hüseynova rast gəldim. Onları yaradıcılıq gecəmə dəvət etdim. Gecənin aparıcısı teatrın bədii rəhbəri Zülfüqar Abbasovdu. Zülfüqar müəllim “Xallı gürzə” romanından iyirmi, iyirmi beş dəqiqəlik tamaşa da hazırlamışdı. O istəyirdi ki, mən bu əsəri səhnələşdirim. Əvvəl bu təkliflə razılaşsam da, sonra romanımın oxucularını itirəcəyimdən ehtiyatlanıb əsəri səhnələşdirmək fikrindən daşındım.
Gecə çox yaxşı keçdi. Əli Əmirli, Ələmdar Quluzadə, Məhəmməd Hüseynov, “Azərbaycan işıqları” qəzetinin redaktor müavini Əmirxan Məmmədov, “Səda” şəhər qəzetinin əməkdaşları İsmayıl İmanzadə, Telman Bayramoğlu, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Bəkir Bəxtiyarov yaradıcılığım haqda fikirlərini söylədilər.
Bu yaradıcılıq gecəsindən sonra “Azərbaycan işıqları”, “Səda” şəhər qəzetləri gecə haqda məqalələr dərc etmişdilər.
Yaradıcılıq gecəm başlamazdan öncə unudulmaz bir görüş də olmuşdu. Teatrın binasına keçmək istərkən əli əsalı bir kişi qolumdan yapışdı, əlini çox doğma bir adam kimi kürəyimdə gəzdirdi:
– Məni tanımadın?
– Xeyr! Elə bil hardasa görmüşəm, amma xatırlaya bilmirəm.
– Mən Cavanşir müəlliməm, Xocalıdan. İndi xatırladın?!
– Əlbəttə, Cavanşir müəllim! Əlbəttə, xatırladım!
Cavanşir müəllim bizim kənddən nənəmin yaxın qohumu Xavər xanımla evlənmişdi. Mən yeddi-səkkiz yaşlarında olanda bir dəfə evlərinə, Xocalıya aparmışdı. On günə kimi onlarda qalmışdım. Evlərinin arxa tərəfində çörək dükanı vardı. Bundan başqa heç nə xatırlamıram. Çünki bir də heç zaman Xocalıda olmamışdım. Xavər xanım kəndimizə – ata yurduna çox gec-gec gələrdi və hökmən bizim də əziz qonağımız olardı. Nə gizlədim, Xocalı faciəsi törədiləndə ilk yadıma düşən də Xavər xanım olmuşdu. Sonra eşitdim ki, o müsibət üz verən gecəsi Xavər xanım qızı Svetlana ilə ermənilərə əsir düşüb. Bu günə qədər də onlardan bir xəbər yoxdur. Ailənin başçısı, rus dili müəllimi Cavanşir Əliyev isə hadisə baş verməmişdən qabaq Bakıda sanatoriyada istirahətdə olduğuna görə sağ-salamat qalmışdı. Eşitmişdim ki, Xocalı faciəsindən sonra Mingəçevirdə yaşayır.
İndi bu sətirləri yazan zaman özündə güc tapıb gecəmə gəlmiş, erməni qaniçənlərinin ucbatından yurdunu, arvadını, qızını itirmiş, dərdi dağlardan ağır Cavanşir müəllimin əlinin istisini kürəyimdə hiss edirəm.
O dövrdə respublikada sıxıntılı günlər yaşasaq da, “Xallı gürzə” romanına oxucu marağı kifayət qədər çox idi. Ən çox oxunan kitablardandı. Elə həmin vaxtda bu əsər M.F.Axundov mükafatına təqdim olunmuşdu. Mən o zaman bu mükafat komissiyasının üzvlərinin kimlər olduğunu bilmirdim. Təkcə onu bilirdim ki, bu mükafat komissiyasının sədri görkəmli yazıçımız Sabir Əhmədlidi. Onun da necə sözübütöv, güzəştsiz yazıçı olduğunu hər kəs yaxşı bilirdi.
Bir gün yazıçı Əzizə Əhmədova mənə zəng vurub dedi ki, ədəbiyyat komissiyasında o da var. Bəs mənim romanımı oxuyub. Çox istəyir ki, mənim romanım mükafata layiq görülsün. Əzizə xanım, hətta ərinməyib mənim kitabımı o vaxt xəstəxanada müalicə olunan tarixi romanlar müəllifi Əzizə Cəfərzadəyə aparıb verər ki, oxuyub fikrini bildirsin. Əzizə Cəfərzadə də romanı oxuyub mənə geniş bir məktub yazmışdı. Çox təəssüf ki, köçhaköçdə o məktubu itirmişəm. Yadımda qalan odur ki, Əzizə Cəfərzadə romanımı xoş sözlərlə təqdir edirdi. Mənim XVIII əsrdə Azərbaycan xanlıqlarının başında duran xanlara münasibətimi, biri-birindən üstün tutmamağımı xüsusi vurğulamışdı.
Bir gün Sabir Əhmədlinin həmyerliləri şair İsmayıl İmamzadə dostu Tariyellə “Gənclik” nəşriyyatına, yanıma gəlmişdilər. Sözarası dedilər ki, səni təbrik edirik.
– Nə münasibətilə?
– Sabir müəllimdən eşitdik ki, kitabın xoşuna gəlib, Allah qoysa, Axundov mükafatı alacaqsan.
Mən Sabir Əhmədli ilə bir-iki dəfə “Yazıçı” nəşriyyatında, “Ədəbiyyat və İncəsənət” qəzetinin redaksiyasında görüşüb söhbət etmişdim, amma onunla elə bir yaxınlığım yoxdu. Təbii, bir oxucu kimi onun “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Yaşıl teatr” və başqa əsərlərini oxumuşdum. Sevdiyim yazıçılardan idi.
Bir gün eşitdim ki, ədəbiyyat komissiyasının on bir üzvündən yeddi nəfər Sabir Əhmədlinin otağına toplaşıb təqdim olunan əsərləri müzakirə ediblər. Və orada toplaşanlardan bir qrup yazar mükafat almağımı mənə rəva bilməyiblər. Sonralar komissiyanın tərkibindəki adamların kimliyini biləndə yüz faiz əmin oldum ki, Sabir Əhmədli ilə Əzizə Əhmədovadan başqa orada olanlardan heç biri mənim “Xallı gürzə”mi oxumayıblar. Çünki bir ədəbi sima olaraq o cənabların “can dəftərlərində” mənim adım heç vaxt olmayıb. Beləcə, o ili nəsr üzrə heç kəsə mükafat verilmədi.
Mən bütün bunları seyr etdiyim və yaddaşımda əbədiləşmiş bir ana görə yazıram. Bu hadisədən çox keçməmiş Hüsü Hacıyev küçəsində Sabir Əhmədli ilə qarşılaşdıq. O, Nizami Gəncəvinin heykəli istiqamətində yolu üzü Monolitə, mən isə “Gənclik” nəşriyyatına, iş yerinə getmək üçün əks tərəfə keçməliydim. Sabir müəllim məni görəndə bir an duruxdu. Bu görkəmli yazıçının qarayanız sifətində məsum uşağa xas ifadə donub qalmışdı. Mən onu yaxşı başa düşürdüm. Bu namuslu, ləyaqətli ədəbiyyat adamı şəxsən mənə deməsə də, mükafat alacağımı həmyerlilərinə ağzından qaçırmışdı. Nəticə isə gözlədiyinin əksi olmuşdu. Nəsə… Nəhayət, Sabir müəllim asta addımlarla yolu keçdi. Qarşısına yeriyib onunla səmimi görüşdüm, hal-əhval tutdum, mükafat barədə isə bir kəlmə də soruşmadım. O da heç nə demədi. Nə deyəydi, böyük bir faciə baş verməmişdi ki. Mükafat, fəxri ad olsa da olar, olmasa da. Əsas odur insan heç nəyə görə ləyaqətini itirməsin.
* * *
Mən nəsr şöbəsində böyük redaktor kimi fəaliyyətə başlayanda şöbənin müdiri Elçin Cabbarov idi. O da ADU-nun jurnalistika fakültəsini bitirmişdi. Təmkinli, tərbiyəli, işini bilən həmkarım idi. Ustad yazıçılarımıza həssaslıqla yanaşırdı. Yadımdadı, ustad yazarımız İsa Muğannanın nəşrə hazırlanan “İdeal” romanından necə vurğunluqla danışırdı. “Tütək”, “Saz, “Yanar ürək”, “Məhşər” əsərinin müəllifini nəşriyyatda görmək biz gənclər üçün necə də xoşdu. Elçinlə bir redaksiyada uzun müddət işləmək mənə qismət olmadı. O, yenicə açılmış “Universitet” nəşriyyatına baş redaktor getdi… Mən isə nəsr şöbəsinə müdir təyin olundum.
Oqtay Salamzadə, İsa Hümbətov, Cavad Zeynal, Saday Budaqlı, Sadiq Məsiyev, İlqar Quliyev, Zöhrə Əsgərova nəşr şöbəsinin redaktorları, Şamama Həsənli isə kiçik redaktoru idi. Mənim təşəbbüsümlə korrektor işləyən, jurnalistika fakültəsinin məzunu Rasimə Abbasova da nəsr redaksiyasına keçdi. Nəsr şöbəsi çağdaş Azərbaycan yazıçılarının əsərlərini tematik plana salaraq nəşrə hazırlayırdı. O zaman elə bir əsər yoxdu ki, kənar müəllifə rəyə verilmədən və nəşriyyat redaktorunun daxili rəyi olmadan plana salınsın.
Mən redaksiyaya gələn yazıçılarımızın heç birinə adi gözlə baxmırdım – özündənrazı müstəbehlərdən savayı. Şükür ki, belələrinin sayı azdı, amma vardı. Necə deyərlər, qınından çıxıb qınını bəyənməyənlər, Nobel mükafatçılarının adlarını əzbərləyib, amma əsərlərinin on faizini belə oxumayanlar vardı.
O zaman müasirim olan yazıçıların yaradıcılıq laboratoriyası ilə maraqlanırdım. Neçə il idi ki, jurnallardan, qəzetlərdən, kitablardan məşhur yazıçı və şairlərin həyatlarını, söz sənətinə aid xatirələrini, müsahibələrini toplayırdım. Bir sözlə, yazıçıların sözü və əməli məni çox düşündürürdü. Müşahidə eləyib görürdüm ki, sözü ilə əməli üst-üstə düşən də var, daban-dabana zidd olan da. Müşahidələrimdən belə nəticə çıxarmışdım ki, sənət adamlarının sözü ilə əməli arasında həmişə bərabərlik işarəsi qoymaq mümkün olmayacaq. Səhnədə qəddar şah rolunda oynamaq asandır. Xalqımız da yaxşı deyib, avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa. Xasiyyətlər fərqli olduğu kimi, yaradıcılıq işi də fərdidir və fərqlidir. Elə yazıçı var hər gün yazır, eləsi var aylarla, bəzən illərlə düşünür, sonra qələmə sarılır. Birisi gecələr, bir başqası sübh tezdən yazmağı sevir. Əlbəttə, günün hansı saatında, hansı şəraitdə yazmaq şərt deyil, əsas görülən işin nəticəsidir. Hər halda, sənət adamlarının yaradıcılıq dünyasına baş vurmaq maraqlıdır. Nə gizlədək, biz çox vaxt istedadlı adamlarımıza adi gözlə baxmışıq. Çox vaxt zahirinə fikir vermişik, batinini unutmuşuq. Yaxud onları görmək istədiyimiz kimi görmək istəmişik. Bu isə, əlbəttə, mümkünsüzdü.
Diqqət etsək, görərik ki, adi bir cümlədə sənətkar mənəviyyatının zənginliyi, yaxud bəsitliyi üzə çıxır. Əgər Salman Mümtaz 1910-cu ildə böyük Mirzə Ələkbər Sabirlə İslamiyyə mehmanxanasında bir otaqda qalarkən onunla olan ədəbi söhbətini yazmasaydı, bu gün Sabirin bir yaradıcı şəxs olaraq bəzi xarakterik xüsusiyyətlərini, bəlkə də, bilməzdik. Salman Mümtaz Sabirdən soruşur:
– Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
– Başda o böyükdür, yaşda mən.
– Səhhət dərin savadlıdırmı?
– Mən onun şagirdiyəm, o mənə ustaddır.
Kiçicik bir dialoqda Sabirin böyüklüyü və müdrikliyi, dosta sədaqəti çox aydın görünür.
Mən də Salman Mümtaz yolunu tutaraq, redaksiyaya gələn yazıçıları elə-belə, niyyətsiz-filansız sorğu-suala tutardım. Nəşriyyatımızla müntəzəm əlaqə saxlayan xalq yazıçısı Bayram Bayramov yaradıcılıqdan söhbət düşəndə deyirdi ki, gündə bir qranka yazıram.
Təəccübümü gizlətmirdim:
– Gündə bir qranka?!
– Azdı?
– Əlbəttə.
– Əgər gündə bir qranka yazsan, ilin sonunda 365 səhifə həcmində kitab olacaq.
Gündə bir qranka bədii mətn yazmaq, bəlkə də, deyilişdə adama çox asan gəlir, ancaq gündəlik praktikada bu, elə də asan iş deyildir. Hər gün yaradıcılıq ovqatına köklənmək üçün illərin vərdişi, səbir, iradə və təcrübə lazımdır.
Yəqin, belə bir yaradıcılıq vərdişinə yiyələndiyi üçün Bayram Bayramov ən məhsuldar yazıçılarımızdan idi. Bayram müəllim nəşriyyat işinə bələd yazıçılardan idi. Bu da səbəbsiz deyildi, vaxtilə Dövlətnəşrkomda sədr müavini vəzifəsində çalışmışdı. Orada işlədiyi vaxtlarda yanına şikayətə gələn bir müəllif deyir ki, sizə nə var, kabinetdə oturub özünüz üçün kərpic-kərpic kitablar yazırsınız. Bayram müəllim yerindən qalxıb rəfdən Süleyman Rəhimovun “Şamo” epopeyasının bir cildini götürüb ona verir.
– Bir il sənə vaxt verirəm, get bu kitabın üzünü köçürt gəl, qonorarını özüm verəcəm. Onda bilərsən kərpic-kərpic kitab yazmaq nə deməkdir.
Gənc yaşlarımda Bayram müəllimin “Yarpaqlar”, “Onun gözləri”, “Xəzinə”, “Arakəsmələr”, “Bəlalı sevgim” və b. əsərlərini oxumuşdum. Onun üçcildlik “Seçilmiş əsərləri”, “Cıdır düzü”, “Gün batanda”, “Şəhərdən gələn qız” əsərləri ard-arda “Yazıçı” nəşriyyatında nəşr olunmuşdu. Buna görə də, nəşriyyata tez-tez gələrdi. Bayram müəllim ömrünün xeyli hissəsini dahi Cəlil Məmmədquluzadənin xanımı Həmidə xanım Cavanşirin həyat və fəaliyyətindən bəhs edən “Karvan yolu” romanını yazmağa həsr etmişdi. Çox sevdiyi bu roman haqqında danışanda deyirdi ki, material toplamaq üçün aylarla arxivlərdə çalışıb. Yaddaşım məni aldatmırsa, bu əsərin yazılması 17 ilə başa gəlmişdi.
Bayram Bayramov həssas, dərin müşahidəsi olan yazıçı idi. Burda Nekrasovun məşhur sözünü xatırlatmaq yerinə düşər: “Sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan”. Bayram Bayramov hər şeydən öncə vətəndaş yazıçı idi. Hələ 88-ci il hadisələri başlamazdan az əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyinin razılığı ilə daşnaklar Şuşanın məşhur Cıdır düzündə restoran tikmək istəyirdilər. Yadımdadı, Bayram müəllim bu qərarın qarşısını almaq üçün dəfələrlə Mərkəzi Komitəyə şifahi və yazılı müraciətlər edir, səlahiyyətli məmurların belə qəbuluna gedirdi. O, sözün həqiqi mənasında, bu işə görə döyüşə girmişdi. Nəhayət, o, baş verə biləcək bu vandalizmin qarşısı-nı ala bilmişdi. Çünki Qarabağın və onun tacı olan Şuşanın hər daşı, hər qayası onun üçün tarixi abidəydi. Şuşaya həsr olunmuş “Cıdır düzü” romanının müəllifi idi.
Bayram Bayramov ən ağır günlərində belə bədii yaradıcılıqla məşğul olurdu. Bir dəfə eşitdik ki, “Leçkomissiyada” xəstə yatır. Cəmil Əlibəyovla ona baş çəkməyə getdik. Palatada tək qalırdı. Bayram müəllim bizi gülərüzlə qarşıladı. O, bəzi xəstələr kimi səhhətindən gileylənmirdi. Cəmil Əlibəyov stolun üstündəki qovluğu göstərib.
– Bayram, deyəsən, xəstəxanada da yazırsan?
– Hə, həkimlərin sözündən çıxıb burda bir əsər yazmışam, – dedi, – Nə edim, yaradıcılıq mənim həyatımdı.
Biz bir qədər də ordan-burdan danışıb ondan ayrıldıq. Bayram müəllim təbiəti etibarilə həm xeyirxah, həm də ötkəm, sözünü deyən adamdı. Bir gün mənə balaca bir kağız parçası yazıb göndərmişdi. İstedadlı gənc yazar İlyas Ərnəfəslə bağlı idi. Yazmışdı: “Mustafa, bir adamın ki, təxəllüsü Çəmənli ola, onun tutduğu işdən çəmən ətri gəlməlidir. İlyas Ərnəfəsə kömək eləsən, Allaha da xoş gedər”. Əlbəttə, mən onun sözünü yerə salmadım, İlyas Ərnəfəsin hekayələrini plana saldıq, redaktə də etdirdim. Ancaq təəssüf ki, çoxlarının əsəri kimi, onun da bu ilk kitabı işıq üzü görmədi. Heyf ki, bu istedadlı gəncin həyatı gətirmədi. Kimsəsizlikdən, yoxsulluqdan küçə həyatı sürməyə başladı. Ən təsirlisi o idi ki, gecəsi-gündüzü “Azərbaycan” nəşriyyatının qabağında keçirdi. Burda isə dərdlinin dərdinə şərik çıxan yox idi. Sən demə, dərddən yazmaq hələ dərdlinin yanında olmaq deyilmiş. Nədənsə, hərdən yolumu “Azərbaycan” nəşriyyatına salanda, Mustafa dayı, deyib qarşıma yeriyən bu talehsiz gənci görəndə Mir Cəlalın “Bir gəncin manifesti”ndəki şaxtalı gecələrdə qalmağa yer tapmayan Bahar, bir də Məhəmməd Hadi yadıma düşürdü. Əlbəttə, mən İlyas Ərnəfəsi böyük Məhəmməd Hadi ilə müqayisə etmək fikrindən çox uzağam, amma oxşar məqamların üstündən keçə də bilmirəm.
Abdulla Şaiqin “Məhəmməd Hadinin faciəsi” adlı xatirəsində diqqətçəkən belə bir məqam var. O yazır: “Bir gün küçədən keçərkən üst-başı kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki tanınacaq halda deyildi. O, titrək bir səslə:
– Şaiq, məni tanımadın? – deyə soruşdu. Səsindən, gözlərinin rəngindən Hadi olduğunu bildim. Qucaqlayıb bağrıma basdım.
– Aman, Hadi, bu nə haldır! – dedim.
O, gözləri yaşlar içində:
– Qardaşım, heç sorma, – deyə cavab verdi. Hadini götürüb oradan birbaş evə gəldim”.
İçi mən qarışıq, bir vaxt mətbuatda hekayələri çap olunmuş, sonradan nəyə görəsə və nə səbəbdənsə avara həyat keçirən İlyas Ərnəfəsi bircə gecə evinə aparıb qayğısına qalan yox idi. (Bu sətirləri yazan zaman eşitdim ki, İlyas Ərnəfəsi iki ay olar ki, qohumları aparıblar.)
Mən nə səbəbdənsə içkiyə aludə olub gecələr barlarda, bağlarda, bəzən də tanış-tunuşunun evində gecələyən xeyli istedadlı adamlar tanıyırdım. Milli mentalitetimizə yaxşı bələd olduğumdan onların adını burada çəkməkdə çətinlik çəkirəm. Çünki sağlığında qədri bilinməyən bu adamların dərhal “qədirşünasları” tapılacaq. Hücuma məruz qalarıq. Bu istedadlı, lakin iradəcə zəif insanları, əslində, ailədəki anlaşılmazlıqlar, biganəlik yanlış yola salmışdı. Nə qədər çətin də olsa, istedadın qədrini bilmək lazımdı. Təəssüf ki, “Gözəlliyin, qəribəliyin yanımızda olduğunu biz çox gec başa düşürük” (A.Blok).
Belə çıxmasın ki, bizdə keçmişdə və çağımızda heç istedad qədri bilən olub-eləməyib. Nümunələr istənilən qədərdir. Böyük M.Ə.Sabir Tiflisdə xəstə yatarkən Cəlil Məmmədquluzadə və arvadı Həmidə xanım onu xəstəxanada yatmağa qoymayıb öz evlərində saxlamışlar. Sabir Tiflisdən dostu Abbas Səhhətə göndərdiyi məktubda məmnunluq hissilə yazırdı: “Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər!.. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”.
Hətta M.Ə.Sabir Tiflisdən Şamaxıya qayıtdıqdan sonra da Həmidə xanımın qayğısını unutmamış, dönə-dönə razılıq etmiş, bir dəfə isə bədahətən farsca belə bir beyt söyləmişdir:
Nəgərdəd gəz əcəl püştəm xəmidə,
Kəşəm dərduşi-xud rənci-Həmidə.
(Əgər əcəl belimi bükməsə, Həmidənin xəcalətindən çıxaram). Əgər Həmidə xanım Mirzə Ələkbər Sabirin necə böyük istedad sahibi olduğunu dərk etməsəydi, bəlkə də, ona bu cür qayğı ilə yanaşmazdı. Doğrudan da, insanda İNSANLIQ ən böyük keyfiyyətdi.
* * *
“Yazıçı” nəşriyyatının nəsr şöbəsində “Azərbaycan romanı” seriyasından hər il nəşrə kitablar hazırlanırdı. Biz redaksiyanın əməkdaşları bu seriyadan əsərlər çap etmək üçün “Azərbaycan romanı” axtarışına çıxırdıq. Biz Rusiyada yaşayan ədiblərimizi də unutmamışdıq. Onlardan biri də Çingiz Hüseynovdu. 1986-cı ildə onun “Azərbaycan romanı” seriyasından “Fətəli fəthi” romanı nəşriyyatın planında idi. Roman öncə Moskvada rus dilində çap edilmişdi. Romanın ana dilimizdəki variantı həcmcə daha böyük idi. Müəllifin öz istəyi ilə romanın redaktorluğu yazıçı Mövlud Süleymanlıya tapşırılmışdı. Bu əsərin çapı ərəfəsində Çingiz Hüseynovu bir neçə dəfə nəsr redaksiyasında görmüşdüm. Diqqətimi ən çox cəlb edən Çingiz müəllimin ana dilində çox təmiz və sərbəst danışmasıydı. 1952-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirəndən sonra Rusiyada qalıb işləyən Çingiz müəllimin nitqində, qəribə idi ki, bir kəlmə də olsun rus sözünə rast gəlmirdik.
Çingiz Hüseynov “Fətəli fəthi” romanının elə ilk səhifəsindəcə azərbaycanlı oxucusunu əsəri oxuyarkən diqqətli olmağa səsləyirdi: “Əsərin qəhrəmanı Şərqi və Qərbi fəth edən, adı dünyaya yayılmış Fətəlidir; o Mirzə Fətəli ki, ziddiyyətli ömür yolu keçmiş, yüksək rütbələrədək ucalmışdır, sinəsi nişanlı, çiyni paqonlu libası altında həmişə xalqın dərdinə qalan, yanar alovlu ürək döyünmüşdür”.
““Leyli və Məcnun” – 100 il səhnədə” kitabımın üzərində işləyərkən Çingiz müəllimin yaşca özündən böyük qardaşı tarzən Əlikram Hüseynovla görüşüb söhbət etmişdim. Maraqlıdır ki, hər iki qardaş Bakıda, milyonçu İsa bəy Aşurbəyovun mülkündə anadan olmuşlar. Uzun illər opera teatrının orkestrində solist olmuş Əlikram müəllimlə görü-şüb söhbət edəndə gözləri tamamilə tutulmuşdu, lakin tarı yenə ustalıqla çalırdı. Yaddaşı çox yaxşıydı və sənət yoldaşları, görkəmli şəxsiyyətlər haqqında dəqiq və qərəzsiz xatirələr söyləyirdi. O, əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olduqlarından, zəlzələ vaxtı atalarının qundaqda olduğuna görə salamat qalmasından danışırdı. Milyonçunun mülkünü isə, əmisi Məşədi Ağaəlinin aldığını deyirdi. Söyləyirdi ki, İsa bəylə Üzeyir bəy yaxın dost imişlər. Üzeyir bəy onlara gələndə maraq göstərdiyinə görə dirijor çubuğunu İsa bəyin oğlu Süleymana verirmiş ki, saxlasın, sabah gəlib götürəcək, amma sındırmasın. Əlikram müəllim deyirdi ki, İsa bəy 1937-ci ilə qədər sağ imiş, onları 31 dekabr 1937-ci ildə tutublar. O, Bakının daşnaklardan təmizlənməsində fəal iştirak etdiyinə görə ittiham olunaraq güllələnmişdir.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.