Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 10

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Mən o zaman Qara müəllimin “Qəlbimin harayı” kitabını “Şirvannəşr”də çap etdirdim. Çox razı qaldı.

Yurd dərdi Qara müəllimi heç vaxt tərk etmədi. Təəssüf ki, Agdamı, doğulduğu Bağmanlar kəndini görmək ona qismət olamdı. 2013-cü ildə dünyasını dəyişdi. Vəsiyyətinə görə, doğma Çəmənli kəndində torpağa tapşırıldı. Allah rəhmət eləsin.

* * *

Nəşriyyatın hesabına çap etmək istədiyimiz kitabların heç biri vaxtında nəşr olunmurdu. Buna ən başlıca səbəb kitab ticarəti təşkilatlarının nəşriyyata olan borclarını vaxtlıvaxtında ödəyə bilməməsi, əlifba dəyişikliyi, oxucu itkisi idi. Əlbəttə, səbəblər çoxdu. İllərlə vərdiş etdiyin bir sistemdən başqa sistemə ağrısız, itkisiz keçmək çox çətin idi. Ən istəkli dostunun belə, kitabını vaxtında çap etdirib onu sevindirə bilmirdin. Kitaba verilən tirajlar kəskin şəkildə aşağı düşmüşdü, kitab mağazalarında pal-paltar satılmağa başlanmışdı. Ancaq buna baxmayaraq, o çətin dövrdə az da olsa dəyərli əsərlər nəşr edə bilmişdik. Yadımda qalanlardan Elçinin “Ömrün son səhəri”, Anarın “Şəhidlər dağı”, “Hotel otağı”, Nəriman Həsənzadənin “Taleyin töhfəsi”, Elməddin Əlibəyzadənin “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi”, Ayaz Vəfalının “Füzuli xəlqiliyi”, Firidun Şuşinskinin “Şuşa”, Qaçay Köçərlinin “Qanlı hekayələr”, Fəridə Hicranın “Qarabağda talan var”, Nodar Dumbadzenin “Ağ bayraqlar” (tərcümə edəni Xeyrulla Əliyev), Hüseyn Abbaszadənin “Dünyadan gör necə insanlar gedib”, Sabir Əsədovun “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası”, Xalid Əlimirzəyevin “Nizami Gəncəvinin insan konsepsiyası”, Cürci Zeydanın “Fərqanə gəlini” (Ərəb dilindən tərcümə edəni Vilayət Cəfərov, Ön sözün müəllifi Ziya Bünyadov-dur), Axund Hacı Mirəziz Seyidzadənin “İslami söhbətlər”, Osman Nuri Topbaşın “Varlıq nuru” (dilimizə uyğunlaşdıran Məmməd Aslan) və b. kitabların adını çəkə bilərəm. Kitabını nəşr edə bilmədiyimiz müəllifləri isə, bu gün təəssüf hissi ilə anıram.

Kitabını nəşr edə bilmədiyimiz müəlliflərdən biri də Oqtay Eldəgəz idi. Ömrünü Azərbaycanın azad, müstəqil dövlət olmasına həsr etmiş Oqtay Eldəgəz! O, tamamilə fərqli düşüncəyə, orijinal yazı üslubuna malik bir insan idi. İlk dəfəydi ki, biz onun hekayələrini, esselərini nəşriyyatın tematik planına salmışdıq. Hətta əlyazmasını oxuyub çapa hazırlamışdıq. Ancaq nə olsun, müsbət nəticə yox idi. O hər dəfə nəşriyyata, mənim yanıma gələndə, kitabını nəşr edə bilmədiyimizə görə mənən əzab çəkirdim. Çünki qarşımdakının kim olduğunu yaxşı bilirdim. Oqtay Eldəgəz sovet hökumətinin dünyaya meydan oxuduğu bir vaxtda – 1962-ci ildə Milli Azadlıq Qərargahı yaratmış, idarə və müəssisələrdə kök salmış daşnakların, rus şovinistlərinin işdən çıxarılmasını təşkil etmiş, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olmuş, milli oyanış və istiqlalımız uğrunda gah gizli, gah aşkar mübarizə aparmış, bu yolda acılar çəkmişdi. Zəmanənin qocaltdığı, lakin sındıra bilmədiyi Oqtay Eldəgəzlə söhbət etmək, onun cəmiyyət və insanlıq haqqında düşüncələrini dinləmək nə qədər xoş idi. O, vaxtilə Azərbaycan Atabəylər dövləti haqqında tədqiqat aparıb özünə “Eldəgəz” təxəllüsünü götürmüşdü. Və bu adı öz əməlləri ilə doğrultmuşdu. Belə bir adama kömək eləməkdə aciz idim.

Nə deyim! Sənə güvənən birisini sevindirməmək nə qədər göynərtilidir. Gələndə min bir ümidlə, gedəndə ümidsiz… Qapını ardınca astaca örtüb gedənin ayaq səslərini dinləmək nə qədər çətin idi. Bir də heç vaxt eşitməyəcəyin ayaq səslərini!

* * *

Vaxtilə “Yazıçı” nəşriyyatında bir yerdə çalışdığımız tərcüməçi Natiq Səfərovun da “Gənclik” nəşriyyatının planında hind mifologiyasından etdiyi “Dünyanın mühafizləri” adlı tərcümə kitabı maliyyə çatışmazlığı üzündən 1 №-li mətbəədə “yatıb” qalmışdı.

Natiq Səfərov Azərbaycan dilini incəliyinə qədər bilən, geniş mütaliəli, milli ruhlu, həm də koloritli bir qələmdaşımız idi. Tükü tükdən seçərdi. Bu ortaboylu, çəlimsiz dostumuzun qəribə bir aurası vardı. Danışarkən bir qədər pıçıltıyla, amma emosional danışardı. Dodaqlarında daim xətakar təbəssüm oynaşardı. Yaşıla çalan gözlərində adama sirayət edən qəribə bir parıltı olardı. Daxili dünyası zəngin olmayan adamlardan aralı gəzərdi, etika xatirinə söhbətinə qulaq asdıqlarını isə, çox incə şəkildə dolayardı.

Altmış bir yaşında dünyasını dəyişən Natiq Səfərov dünya ədəbiyyatından vaxtaşırı tərcümələr edərdi. İlya İlf və Yevgeni Petrovun “Qızıl dana”, Vasili Şukşinin “Qırmızı başınağacı”, Sanbayevin “Ağ arvana”, Hirant Motevosiyanın “Çəhrayı ilxı”, Oljas Süleymenovun “Az-Ya” əsərlərini, eləcə də Vilyam Folkner və Qabriel Qarsiya Markesdən etdiyi tərcümələri oxucular rəğbətlə qarşılamışlar.

Dostum Əli Əmirlinin Sumqayıt hadisələrindən bəhs edən “Ölü doğan şəhər” adlı dəyərli romanı yazıldığı tarixdən altı-yeddi il sonra, 1999-cu ildə nəşr olundu. Bu əsərdə Sumqayıt hadisələri bütün çılpaqlığı, ziddiyyətləri ilə təsvir olunmuşdu.

Romanı oxuduqca biz də istər-istəməz o məlum hadisənin iştirakçısına çevrilirik.

Burada görkəmli alim Yaşar Qarayevin çox obrazlı və dəqiq ifadə etdiyi bir fikrini nəzərə çatdırmaq istəyirəm: “…Zamanın çöhrəsi yalnız sənətin güzgüsündə görünür, ayrı heç yerdə! Maraqlıdır, hətta zaman öz əbədiyyətini sənətdə dərk edir. Tanrı görünə bilmək üçün təbiəti, insan Tanrıya bənzəmək üçün sənəti kəşf edir… Böyük sənəti yaradanlar həmişə Tanrı ilə, Təbiətlə və bir də tarixlə həmmüəllif olurlar”.

* * *

Mətbuat və İnformasiya Nazirliyi ləğv olunandan sonra biz binamızı da itirdik. “Azərnəşr” adlanan bu memarlıq abidəsi “Mosbanka” verildi. “Azərnəşr” xüsusi bir binaya malik olsa da, “Gənclik” heç nəyə nail olmadı, bizi Mərkəzi poçtun dördüncü mərtəbəsinə köçürdülər, nəşriyyat isə Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi. Hər dəfə Mərkəzi poçtun qapısından içəri keçəndə istər-istəməz rəhmətlik Şahmar Əkbərzadənin məşhur “Mərkəzi poçtxana” şeiri xəyalımda canlanırdı:

Mərkəzi poçtxana, əlac et yenə,

Havayı düşməyib buraya yönüm.

Pənah gətirmişəm könlümü sənə,

Bir gör neyləyirsən, gözünə dönüm!

Bu payız küsəcək məndən Qarabağ,

Yollarda qalacaq gözü yolların.

Payım budaqlardan özün asacaq,

Bağrı çatlayacaq gülöyşə narın.

Üstə dizin-dizin iməklədiyim

Torpağın könlünü nə təhər alım?

Anamdır, bəs ona nə təhər deyim:

“Yanına gəlməyə yoxdur macalım?”

Biz Mərkəzi poçta köçməklə olan-qalan müəlliflərimizi də itirdik. Bu təzə binada, bizə tək-tək yazıçı müraciət edirdi. Ancaq qələm dostlarımızdan Zəlimxan Yaqub, Hüseynbala Mirələmov vaxtaşırı nəşriyyata gələrdilər. Hüseynbala Mirələmovun “Xəcalət”, “Gəlinlik paltarı”, Zəlimxan Yaqubun “Qayıdaq əvvəlki xatirələrə”, “O qızın gözyaşları” kitablarını öz vəsaitləri hesabına biz çap etmişdik.

Mən burada “Gənclik” nəşriyyatında sonuncu redaktə işlərimdən biri haqqında danışmaq istəyirəm. Dilbər Axundzadənin “Müşfiqli günlərim” kitabı haqqında. Dilbər xanımın özünü tanımazdan çox illər öncə mən onu Mikayıl Müşfiqin bəzi şeirlərindən, ən nəhayət, 1968-ci ildə “Gənclik” nəşriyyatında çap etdirdiyi “Müşfiqli günlərim” xatirələr kitabından tanımışdım. Sonralar onunla “Yazıçı”da, “Gənclik”də görüşmüşdük. Mən onu ilk dəfə görəndə şəkillərindən mənə bəlli olan gözəlliyindən soraq verən ancaq gözləri idi. Mikayıl Müşfiqin vəsf etdiyi gözlər:

Ah, o bulaq kimi qaynayan gözlər,

Gözəl təbiətin şeiriyyətimi?!

Axı sən bilmirsən, bilənlər bilir –

O gözlərə olan məhəbbətimi.

“Müşfiqli günlərim” kitabının ikinci nəşri 1978-ci ildə olub. Dilbər Axundzadə sağlığında gileylənirdi ki, birinci dəfə nəşriyyatda xatirələrinin çox hissəsini ixtisar ediblər. Kitabın ikinci nəşrinin təşəbbüsçüsü və redaktoru, professor Qulu Xəlilov isə xatirələrə qayğı ilə yanaşıb. İndi, 2005-ci ildə xatirələrin üçüncü nəşrini biz Dilbər xanımın iştirakı olmadan nəşrə hazırlayırdıq. Çünki Mikayıl Müşfiqin sevimli Dilbəri 1990-cı ildə vəfat etmişdi. Bu üçüncü nəşrin materiallarını bizə Dilbər xanımın yeganə qızı Leyla Axundzadə təqdim etmişdi. 1978-ci ildə nəşr olunmuş “Müşfiqli günlərim”ə Dilbər Axundzadənin sonralar yazdığı xatirə-məqalələri, şeirləri ilə yanaşı, onun haqqında filologiya elmləri namizədi Cəlil Qasımovun “Dilbər Axundzadə nə üçün həbs edilmişdir?” məqaləsini, Rafiq Rəhimlinin “Sən neyçin ağlarsan” essesini də əlavə etmişdim. Əslində, mən bu sonuncu nəşrin yalnız redaktoru olmamışdım, həm də kitabı tərtib etmişdim. Kitab Leyla Axundzadənin “Anam Dilbər Axundzadəni xatırlarkən” ön sözü ilə açılırdı. Mən Dilbər xanımın sonradan yazıb çap etdirdiyi “Müşfiqli günlərim” necə yarandı” məqaləsini xatirələrin əvvəlində vermişdim. Bu kiçik yazıda xatirələrin kimin təşəbbüsü ilə yazıldığı, kimlərin ona kömək etdiyi, qayğı göstərdiyi əksini tapmışdı. Bu yazıdan mənə aydın oldu ki, Dilbər xanım 1958-ci ildə Bakıya köçmüş, Mikayıl Müşfiqin 50 illiyi ilə əlaqədar bir neçə xatirə və şeirlərlə o zaman Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri şair Teymur Elçinin qəbulunda olmuşdur. Teymur Elçin Dilbər xanımı hörmətlə qarşılamış, gətirdiyi xatirələri və şeirləri diqqətlə oxuyandan sonra üzünü ona tutub demişdi: – “Dilbər xanım, sizdən bir xahişim var. Müşfiqin həyatı haqda xatirənizi yazın”. Beləcə, bu sözlər “Müşfiqli günlərim”in yazılmasına bir təkan olur.

Dilbər xanımın qızı Leyla Axundzadənin yazdığına görə, anası “Müşfiqsiz günlərim” adı altında Müşfiqdən sonra başına gələnləri yazmaq istəyirmiş, çox təəssüf ki, bu iş arzu olaraq qalıb. Buna görə də kitabda onun ayrı-ayrı başlıqlarla yazdığı xatirə-məqalələrini “Müşfiqsiz günlərim” adı altında qruplaşdırdım, şeirlərini isə “Sən həmişə mənimləsən” sərlövhəsi altında topladım. Əvvəlki nəşrdən fərqli olaraq, bu yeni nəşrə Dilbər xanımın və Mikayıl Müşfiqin ömürlərinin müəyyən dövrlərini əks etdirən xeyli sayda şəkillər əlavə etdim. Bu nəşrdə nəşriyyatın direktoru Əlican Əliyevin təşəbbüsü ilə Mikayıl Müşfiq və Dilbər Axundzadənin istintaq materiallarının surətini Milli Təhlükəsizlik Nazirliyindən alaraq kitabın müvafiq səhifələrində yerləşdirdim.

Əslində, Dilbər Axundzadə ilə Mikayıl Müşfiqin taleyi, başlarına gətirilən müsibətlər böyük bir romanın mövzusudur. Əldə olunan arxiv sənədlərindən məlum olur ki, Mikayıl Müşfiqi 1937-ci ilin iyun ayının 3-dən 4-nə keçən gecə, şairin gənc xanımı Dilbər Axundzadəni isə 2 noyabr 1937-ci ildə həbs etmişlər. Yazıq Dilbər xanım həbsxana divarları arxasında olmazın əziyyətlər çəkmişdi. Elə bir əziyyət ki, hətta toy günü belə yadından çıxmışdı. Burada 3 fevral 1938-ci ildə müstəntiqin Dilbər xanımla etdiyi sorğu-suala diqqət yetirin:

Sual: – Siz əriniz İsmayılzadə Müşfiqlə neçənci ildən yaşayırsınız?

Cavab: – Mən ərim İsmayılzadə Müşfiqlə 1935-ci ildən (əslində, 1933-cü ildən – M.Ç.) onun həbsinə – yəni 1937-ci ilə qədər yaşamışam.

Sual: – Sizə əriniz Müşfiq İsmayılzadənin əks-inqilabi millətçi fəaliyyətindən nə məlumdur?

Cavab: – Ərim İsmayılzadə Müşfiqin əks-inqilabi millətçi fəaliyyəti barədə mənə heç nə məlum deyil. Mən onun fəaliyyəti barədə maraqlanarkən o mənə dedi ki, mən belə qərara gəlmişəm sənə öz fəaliyyətim haqqında heç nə deməyim, ona görə ki, sən çox əsəbisən. Bundan başqa, İsmayılzadə tez-tez məzuniyyətlərə gedirdi, mən isə öz ictimai işlərimlə və zaçotlarımla məşğul olurdum.

Sual: – İfadənizə bundan başqa nə əlavə edə bilərsiniz?

Cavab: – Əlavə edirəm ki, xalq düşmənləri haqqında məqalələr çap ediləndə mən öz tərəfimdən evə gələrkən hər vəchlə çalışırdım öz ərim İsmayılzadədən onun fəaliyyəti barəsində hər şeyi öyrənim. O zaman İsmayılzadə mənə cavab verdi ki, “onun tərəfindən heç bir əks-inqilabi iş görülmür. Səndən yaxşı diplomat, üstəgəl müstəntiq çıxar”.

Dilbərin taleyi ilə (təkcə Dilbərinmi?) leytenant Koqanlar, mayor Borşovlar, leytenant Qolubsoylar kimi “keqebeşniklər” məşğul olurdular. İstintaq altında təkcə Dilbər əzab çəkmirdi. Dilbər xanım o əzablı günləri yad edərək yazırdı: “Bayıl həbsxanasında keçirdiyimiz hisləri, həyəcanları, əzab və işgəncələri nə dillə söyləmək mümkündür, nə də qələmlə yazmaq! İş o yerə gəlib çıxmışdı ki, mən “xalqının düşməni” damğasının dəhşətini duyduğumdan, aclıq elan eləməyə məcbur oldum. Onda məni yoldaşlarımdan ayırıb tək adamlıq kameraya gətirdilər. Oradakı işgəncə və əzablar mənə indiyə qədər çəkdiklərimin hamısını, hətta “xalq düşməni” adının dəhşətlərini də unutdurdu. Anamdan əmdiyim südü burnumdan gətirdilər. Huşumu necə itirmişəm, xəstəxanaya nə cür gəlmişəm, heç cür xatırlaya bilmirəm”.

Xəstəxanaya nə cür gətirildiyini Dilbər xanım xatırlamasa da, o zamankı arxiv sənədlərinin “yaddaşında” qalıbdır. Onu 28 fevral 1938-ci ildə həbsxanadan 1 №-li ruhi xəstəxanaya gətirmişdilər. Dilbər xanım sonralar yazırdı: “Bircə onu bilirəm ki, uzun müddət xəstəxanada yatdım. Azərbaycanlı həkimlərin gizli qayğısı ilə sağaldım. Onlar da canlarının qorxusundan açıq qayğı göstərə bilmir, xəlvətə salıb halıma yanır, məni ürəklə müalicə eləyirdilər”.

Kitaba əlavə etdiyimiz arxiv sənədlərindən bəlli olur ki, 19 fevral 1939-cu ildə 1 №-li ruhi xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərov tərəfindən aşağıdakı akt tərtib edilib: “19 fevral 1939-cu ildə biz, aşağıda imza edənlər 1 nömrəli ruhi xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərov xəstəxanada yatan Axundzadə Dilbərin psixi vəziyyətinə yekun rəy veririk.

Azadlıqdan məhrum edilmiş Axundzadə Dilbər ruhi xəstəxanaya 28 fevral 1938-ci ildə hərəkət danışıq oyanıcıqlığı ilə daxil olmuşdur. Suallara cavab verməmiş, əlaqəsiz danışırdı. Xəstəxanada olduğu müddətdə oyanıcıqlıq sakit hala keçirdi, hərəkətləri düşünülməmiş, hebefrenik xarakter daşıyırdı.

Qarabasma halları olmuş, heç nə ilə maraqlanmırdı, yanaşılmaz halda idi, verilən suallara ötəri cavab verirdi. Bu hal 1938-ci ilin oktyabrına kimi davam etmiş, qarabasmalar tədricən yox olmuş, o sakitləşmiş və əlverişli vəziyyətə gəlmişdi.

Hazırda o fəallaşaraq ətrafa maraq göstərir, qəzet oxuyur, əl işləri ilə məşğul olur, lakin hərəkətlərində müəyyən qəribəliklər vardır.

Yekun: Azadlıqdan məhrum olunmuş Axundzadə Dilbər psixi təhrik nəticəsində şizofreniya formasında ruhi xəstəlik keçirmişdi.

Hazırda, remmissiya (tamamilə sağalmamış) vəziyyətindədir. Ruhi xəstəxanada qalmasına ehtiyac yoxdur”

Yaxşı ki, bu akt Dilbər xanımın azadlığa çıxmasının təminatçısı olub. Müxtəlif mərhələlərdə baxıldıqdan sonra, nəhayət, Dilbər xanımı 11 mart 1939-cu ildə axşam saat 20-də həbsxanadan azad ediblər. Kim bilir, bəlkə də, həkimlərin şeirlərini sevə-sevə oxuduqları nakam şairin bəxtsiz xanımına rəhmləri gəlibmiş. Əlbəttə, düzünü Allah bilir.

Yadımdadı, “Müşfiqsiz günlərim” xatirəsində Dilbər xanımın belə bir cümləsini oxuyub duyğulanmışdım: “1956-cı ildə hərbi tribunaldan Müşfiqin həm bəraət, həm də “ölüm” kağızını aldım. 1939-cu ildə martın 12-də ölmüş Müşfiq mənim ürəyimdə 1956-cı ilə qədər sağ idi”.

Bizim əldə edərək kitaba daxil etdiyimiz arxiv sənədində isə, Mikayıl Müşfiqin ölüm tarixi 5 yanvar 1938-ci il göstərilmişdir.

Dilbər Axundzadənin vəfatından illər sonra hazırladığımız “Müşfiqli günlərim”in üçüncü nəşrini yenidən vərəqləyərkən belə qənaətə gəldim ki, o zaman xeyirxah bir qələm əhli əziyyətə qatlaşsaydı, Dilbər xanımı danışdırıb onun Müşfiqsiz günlərini olduğu kimi qələmə alardı. Bu da nahaqdan əri repressiya qurbanı olmuş bir xanımın həyat hekayəsi olardı. Təkcə onunmu?! Yox! Yazılası həyat hekayələri çox olub (bu gün də var), amma yada salan, bu barədə düşünənlər yoxdu. Olsaydı, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın və başqalarının həyat hekayələri də yazılardı. Yəqin ki, bu cür həyat hekayələrinin ömrü bu gün yazılan bəzi romanlardan qat-qat uzun olardı.

* * *


“Xallı gürzə” tarixi romanımı yazarkən onu çox geniş, əhatəli bir əsər kimi düşünmüşdüm. Lakin 90-cı ildə əsərin üzərində işlədiyim vaxt hadisələr heç də yaxşılığa doğru inkişaf etmirdi. Doğrusu, o zaman SSRİ kimi nəhəng bir imperiyanın dağılacağını düşünmürdüm, ancaq bu gedişlə M.Qorbaçovun vəzifəsini bir gün itirəcəyinə zərrəcə şübhəm yoxdu. Bununla belə, ehtiyat edirdim ki, vəziyyət dəyişə və mən Pənah xan haqqında yazdığım “Xallı gürzə” romanını çap etdirə bilməyəm. Ona görə də romanı Pənah xanın ölümü ilə bitirib nəşriyyata vermişdim. Bununla belə, 1991-ci ildə “Xallı gürzə” romanının davamını, daha mürəkkəb, daha ziddiyyətli bir dövrü – İbrahimxəlil xanın dövrünü yazmaq haqda düşünmüşdüm və bu gün də düşünürəm. Bu məqsədlə o dövrə aid kitablar oxuyur, arxiv sənədləri ilə tanış olur, materiallar toplayırdım. Bu işi indi də davam etdirirəm.

2005-ci ildə televiziya verilişlərinin birində “Təhsil” nəşriyyatının çap etdiyi “Qarabağ” adlı böyük bir kitab haqda danışırdılar. Mən elə həmin gecənin səhəri bu kitabı alıb oxumaq niyyəti ilə “Təhsil” nəşriyyatının direktoru, köhnə dostum Bəhruz Axundovun yanına getdim. Bir qədər ordanburdan danışandan sonra “Gənclik” nəşriyyatının yaxşı durumda olmadığını söylədim. Onda “Təhsil” nəşriyyatı, əsasən, orta məktəblər üçün dərsliklər çap edirdi. 1992-ci ildə “Gənclik” nəşriyyatının bir neçə əməkdaşı da yenicə fəaliyyətə başlayan “Öyrətmən” nəşriyyatına (sonradan “Təhsil” adı ilə tanındı) gedərək, burada çalışırdılar. Söhbət əsnasında iş olarsa onunla bir yerdə işləmək istədiyimi bildirdim. Təbii, Bəhruz Axundov dərhal məni işə götürmədi, bir qədər gözləməyimi tapşırdı və zəng edəcəyini söylədi. Mən də “Qarabağ” kitabını götürüb evimə getdim.

Sən demə, Bəhruz Axundov vədini unutmayıbmış, iki ayın tamamında mənə zəng etdi ki, gəl görüşək. Deyilən vaxtda “Təhsil” nəşriyyatında oldum. Bəhruz Axundov mənə “Təhsil” nəşriyyatında şöbə müdiri vəzifəsində işləməyimi təklif etdi. Razılaşdım.

Mən iş yerini tez-tez dəyişən adamlardan olmamışam. İllərlə birgə çalışdığım adamlardan ayrılmaq mənim üçün çox çətindir. Amma indi başqa çıxış yolum yoxdu. “Gənclik” nəşriyyatının direktoru Əlican Əliyev işdən getməməyim üçün çox israr etsə də, fikrimi dəyişmədim, işdən çıxıb “Təhsil” nəşriyyatına (2006-cı ilin yanvar ayından) gəldim. Əlbəttə, “Təhsil” nəşriyyatı, burada çalışan insanların bir çoxu mənə yad deyildilər. “Gənclik”də mənimlə bir yerdə işləyən Məsudə Əvəzqızı, Elşadə Əzizova, Gülər Ələkbərqızı, “Yazıçı” nəşriyyatında mənimlə işləyən Məleykə Əsgərova, uzun illər “Maarif” nəşriyyatında çalışmış Tofiq Məmmədov, Bahadur Eyvazov, rəssam Abdulla Ələkbərov artıq neçə il idi ki, burada çalışırdılar. Adını çəkdiyim bu şəxslər nəşriyyat işini dərindən bilən, bu sahədə saç ağartmış insanlardı. Məsudə Əvəzqızı uzun illər “Gənclik” nəşriyyatında redaktor, şöbə müdiri vəzifəsində çalışmışdı. O, gənclər üçün yazılmış bəzi əsərləri, o cümlədən Aleksandr Volkovun “Zümrüd şəhərin sehrbazı” kitabını tərcümə etmişdir.

Elşadə Əzizova əvvəl BDU-nin filologiya fakültəsində oxumuş, sonra təhsilini Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirmişdi. Elşadə xanımı nəşriyyatın aparıcı redaktorlarından biri və həm də peşəkar tərcüməçi kimi tanıyırdım. Birgə işlədiyimiz dövrdə şahidi oldum ki, “Təhsil” nəşriyyatının çap etdiyi bütün dərs və dərs vəsaitlərini rus dilinə çevirib və hər il bu işlə məşğul olur. Onun bədii tərcümələri də var. 2012-ci ildə “Aspoliqraf” nəşriyyatının direktoru Tural Axundovun təşəbbüsü ilə “Diana – günahsız günahkar” kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Tərcüməçinin qeyd etdiyi kimi, bu kitab XX əsrin ən məşhur və ən qalmaqallı xanımlarından biri, bənzərsiz gözəlliyi və xeyirxah əməlləri ilə bütün dünyanı riqqətə gətirən füsunkar şahzadə Diananın sirlərlə dolu həyatından bəhs edir. Elşadə xanım bundan başqa, Qulu Kəngərlinin “Qara yanvar şəhidləri”, “Didərginlər”, A.Şaiqin “Hekayələr”, X.Koroğlu və A.Nəbiyevin “Azərbaycan qəhrəmanlıq eposu” və b. kitabları eyni səriştə ilə rus dilinə tərcümə etmişdir.

Hazırda “Təhsil” nəşriyyatında baş redaktor vəzifəsində çalışan Gülər Ələkbərqızı haqqında isə xatirəmin əvvəlində danışmışam. Xatırladım ki, şairə Sevinc Nuruqızı, jurnalist Aida Quliyeva məndən bir neçə il sonra “Təhsil” nəşriyyatında redaktor kimi fəaliyyətə başlayıblar. Sevinc Nuruqızı “Təhsil” nəşriyyatına gəlməmişdən “Mədəniyyət” qəzetində, “İctimai” televiziyada çalışmışdır. Hazırda nəşriyyatda redaktorluqla yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur, uşaqlar üçün şeirlərdən və hekayələrdən ibarət çoxlu kitabları nəşr olunub.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş Aida Quliyeva isə uzun illər AzTV-də çalışmış, uşalar üçün çoxlu sayda verilişlər hazırlamış, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, “Uşaqlar dünyanın sevincidir” adlı kitabın müəllifidir.

Mən burada bizimlə çiyin-çiyinə işləyən korrektorların – Ülkər Şahmuradovanın, Natəvan Nəbatiqızının və Ülkər Tağıyevanın adlarını da çəkməyi özümə borc bilirəm. Çünki bu gün Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların sayı çox olsa da, onların çoxunda redaktor, korrektor çalışmır, buna görə də belə nəşriyyatların çap etdiyi kitabların mətni qüsurlu olur. Bu baxımdan “Təhsil” nəşriyyatı başqa nəşriyyatlardan çox fərqlənir. Nəşriyyatın baş direktoru Bəhruz Axundov kitab işinə çox müqəddəs bir vəzifə kimi baxır. Buna görə də o, ətrafına ən peşəkar nəşriyyat və poliqrafiya işini bilən kadrlar cəlb edib. Özünün söylədiyi kimi, peşəkarlarla işləmək, onlarla yeni-yeni uğurlar əldə etmək daha asandır.

Hər bir kitab böyük bir kollektiv əməyinin bəhrəsidir. Bu gün qabaqcıl nəşriyyatlarda, o cümlədən “Təhsil” nəşriyyatında redaktor və korrektorlarla yanaşı, bədii və texniki redaktorlar, kompüter tərtibatçıları, operatorlar və b. peşə sahibləri çalışırlar. Hər bir nəşr olunmuş kitabda çoxsaylı insanların əməyi var.

“Təhsil” nəşriyyatı da mənim taleyimdən keçib. Artıq on ildir burada çalışıram. Kitab çapı sahəsindəki bir çox arzularım məhz burada həyata keçib. Mənim “Fred Asif” sənədli romanım (təkrar nəşr), Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən “Mübariz” sənədli povestim (2 dəfə), “Sənət hekayələri”, “Məcnunun Məcnunu”, “Yaddaşlarda yaşamaq haqqı”, “Bülbül” kitablarım məhz burada nəşr olunub. Əgər “Təhsil” nəşriyyatında işləməsəydim, yəqin ki, Heydər Əliyev Fondunun sifarişi ilə çap olunan “Arif Babayev – 70”, “Habil Əliyev – 80”, “Əlibaba Məmmədov – 80”, “Canəli Əkbərov – 70”, “Ağaxan Abdullayev – 60” albom-kitabların mətnini yazmayacaq, tərtibatında iştirak etməyəcəkdim. Əgər burda çalışmasaydım, heç şübhəsiz, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunan Xurşidbanu Natəvanın “Neçin gəlməz”, Hüseyn Cavidin “Dram əsərləri”, Nizami Gəncəvinin “Lirika”, Hüseyn Arifin “Seçilmiş əsərləri”, Nəbi Xəzrinin “Seçilmiş əsərləri”, Nəriman Süleymanovun “Ruhlar çağırır” kitablarının tərtibçisi mən olmayacaqdım. Kitab tərtib etmək də məsuliyyətli və şərəfli bir işdir. Bu işi yüksək səviyyədə görmək üçün savad, səriştə, təcrübə və ədəbi zövq olmalıdır.

Yuxarıda adlarını çəkdiyim kitabları diqqətlə oxuyan olsa, bir tərtibçi kimi mənim fərdi dəsti-xəttimi görər. Tərtib etdiyim hər bir kitaba yaradıcı yanaşmış, özümü, bir növ, həyatda olmayan müəlliflərin varisi hesab etmişəm. Tərtib etdiyim kitablardan eləsi var ki, nəşri haqqında zaman-zaman düşünmüşəm. Çox illər öncə biləndə ki, Xurşidbanu Natəvanın 1886-cı ildə tərtib etdiyi şeir və rəsmlərindən ibarət “Gül dəftəri” M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır, elə o zamandan Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Əli bəy Hüseynzadənin, Yusif Vəzir Çəmənzəminlinin çəkdiyi rəsmləri bir kitabda toplayıb çap etmək istəyirdim. Təəssüf ki, bu istəyim zamanında baş tutmadı. Amma bir təsadüf nəticəsində X.Natəvanın “Gül dəftəri”ndəki rəsmləri çap etdirmək mənə qismət oldu. Ölkə başçısı İlham Əliyevin “Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi X.Natəvanın şeirlərindən ibarət kitabını tərtib edib çap etməyi bizim “Təhsil” nəşriyyatına tapşırmışdı. Kitabı mən tərtib etməliydim. O zaman nazirlikdə işləyən şair dostum Vaqif Bəhmənliyə zəng edib dedim ki, Natəvanın dəfələrlə çap olunmuş qəzəllərinin nəyini tərtib edəcəyik, izacə verin, mən onun əsərlərini tamamilə başqa cür tərtib edim. Vaqif Bəhmənli mənimlə razılaşdı.

Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, yaddaşında, ürəyində həyata keçirmək istədiyin hər hansı niyyətini zaman-zaman dolandırmasan, düşünməsən, ortaya yaxşı bir şey qoya bilməzsən. Sən gərək tərtib edəcəyin, redaktoru olduğun kitabı öncədən görə biləsən, üz qabığından, formatından belə. Yoxsa redaktə və tərtib etdiyin kitab adi kitablardan seçilməz. Yeri gəlmişkən deyim ki, kitaba ad seçmək də ümdə şərtdi. Kitaba içi ilə səsləşməyən, oxucunu cəlb etməyən ad verməkdən çəkinmək lazımdı. Kitabın adı məzmunundan, bədii ruhundan doğmalıdı. Natəvanın kitabına şairənin məşhur bir qəzəlindən ad seçmişdim – “Neçin gəlməz”. Mənim təklifimlə Natəvanın bu kitabına filologiya üzrə fəlsəfə doktoru Paşa Əlioğlu “Xurşidbanu Natəvanın irsi” sərlövhəli ön söz yazmışdı. Kitabda bu ön sözdən sonra şairənin qız nəvəsi Əkbər xan Naxçıvanskinin onun haqqında xatirəsini qoymuşdum. Bundan sonra “Əsərləri” başlığı altında şeirlərini, “Məclisi-üns” xatirələrdə” başlığı altında şairənin özünün və müasiri olan şairlərin şəkillərini, bundan sonra isə “Xurşidbanu Natəvanın gül dəftəri” başlığı altında onun rəsmlərini, Natəvanın irsindən bəhs edən məqaləni, ona həsr olunmuş şeirləri və nəhayət, “Xurşidbanu Natəvanın obrazı təsviri sənətdə” başlığı altında rəsm əsərləri öz yerini tutmuşdu. Buradaca qeyd edim ki, tərtibçi tərtib etdiyi kitaba ön söz yazsa yaxşı olar. Bu ön sözdə tərtibçinin kitabı tərtib etməkdə məram və məqsədi açıqlanmalıdı. Təbii ki, Xurşidbanu Natəvanın “Neçin gəlməz” kitabına mən də “Tərtibçidən” sərlövhəli ön söz yazmışdım. Bu kitabda illərlə yaddaşımda gəzdir-məyimin nəticəsi olaraq, yazıçı, tərcüməçi Hüseyn Şərifin 1944-cü ildə İranda olarkən bir nəfər qarabağlının əldə etdiyi Natəvanın əlyazmasını Teatr muzeyindən taparaq, çap olunmamış bir qəzəlini və dörd ədəd rəngli rəsmini əlavə etdim. Bu gün televiziyada Natəvanın nümayiş etdirilən rəsmləri məhz mənim tərtib etdiyim “Neçin gəlməz” kitabından götürülmüşdür.

Bu tərtibatım ədəbi ictimaiyyətin də diqqətini cəlb etmişdi. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev “Xan qızının ədəbi-bədii irsinə sevgi nümunəsi” adlı dəyərli bir məqalə yazmışdı. O, mənim tərtib etdiyim “Neçin gəlməz” kitabına yüksək qiymət verərək yazırdı: “Etiraf edək ki, dünyasını dəyişəndən sonra keçən bir əsrdən çox müddətdə onun ədəbi-bədii irsi arzulanan səviyyədə təbliğ olunmayıb. Bu vaxta qədər çap olunan bir neçə kitabı nəzərə almasaq, demək olar ki, Natəvanın qibtə olunacaq səmərəli ictimai-siyasi və ədəbi-bədii fəaliyyəti ictimaiyyətə yaxşı təqdim edilməmişdir. Elə düşünürük ki, bu günlərdə dəyərli ziyalımız, tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin tərtibində “Təhsil” nəşriyyatında işıq üzü görmüş “Neçin gəlməz” kitabı bu vaxta kimi qalmaqda davam edən bu arzuolunmaz boşluğu kifayət qədər doldurmuşdur.

İndiyə qədərki yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinə və təbliğinə duyulası töhfələr vermiş Mustafa Çəmənlinin “Neçin gəlməz”i bu vaxta qədər “Xan qızı”na həsr olunmuş bütün kitablardan köklü şəkildə fərqlənir. Belə ki, 160 səhifəlik bu çox tutumlu kitabda Xurşidbanu Natəvanın Azərbaycanın ictimai-siyasi həyatında, ədəbiyyatında, mədəniyyətində, təsviri sənətində qoyduğu silinməz izin mahiyyəti, bu səmərəli fəaliyyətin qaynaqları göstərilmişdir. Əlavə edək ki, Mustafa Çəmənli bu kitabda özünün kitab mədəniyyəti sahəsindəki çoxillik təcrübəsindən peşəkarcasına istifadə edərək maraqlı tərtibçilik nümunəsi göstərmişdir. Elə bunun nəticəsidir ki, əslində, kitab içində bir kitab olan “Neçin gəlməz” kifayət qədər dolğunluğu ilə diqqət çəkir. Bölmədən-bölməyə keçən oxucu hər dəfə müxtəlif ovqata köklənir”. (“525-ci qəzet”, 18 avqust 2012).

Təvazökarlıqdan uzaq olsa da, deyim ki, sənətşünasın bu dəyərli fikirlərini mənim tərtib etdiyim Nizami Gəncəvinin “Lirika” kitabına da şamil etmək olar. Nizami Gəncəvinin qəzəlləri 1940-cı ildən başlayaraq bu günə kimi doqquz dəfə çap olunmuşdur. 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə “Lirika” adı altında onun kitabını tərtib etdim. Mən şairin qəzəllərini 1973 və 2004-cü il nəşrləri əsasında tərtib etmişdim. Məndən əvvəl tərtib olunmuş kitablardakı kimi, qəzəlləri kitabın səhifələrinə səpələmədim. Hər bir tərcüməçinin tərcümə etdiyi qəzəlləri ardıcıllıqla verdim. Bununla yanaşı, “Lirika”ya şairin rübailərini, poemalarında müğənniyə müraciətlə yazdığı poetik nümunələri də əlavə etdim. Biz, kitabın bədii tərtibatında şairin poemalarına çəkilmiş miniatürlərdən də istifadə etdik. Nəticədə, Nizami Gəncəvinin adına layiq, onun poetik ruhunu əks etdirən kitab nəşr edə bildik.

Mən “Təhsil” nəşriyyatının təşəbbüsü ilə “Məktəb kitabxanası” seriyasından “El bilir ki, sən mənimsən…”, “Cənub həsrəti”, “Talvar”, M.H.Şəhriyarın “Heydər babaya salam” kitablarının da tərtibçisi və redaktoru olmuşam. “Təhsil” nəşriyyatında işlədiyim bu on il ərzində redaktoru olduğum kitablar çoxdur. Anarın “Unudulmaz görüş”, Elçinin “Yeni hekayələr”, Rəşad Məcidin “Əlvida və salam”, Ramiz Zöhrabovun “Azərbaycan muğamları”, Südabə Ağabalayevanın “Zamanla üz-üzə”, Bəhruz Axundovun “Dünənki sabah”, “Həsən bəy Zərdabi xatirələrdə”, “Ustad ömründən anlar” kitablarını məmnunluqla xatırlayıram. Redaktoru olduğum elə bir kitab yadıma gəlmir ki, kiçicik də olsa, xidmətim olmasın. Nəşriyyat redaktoru, müəllifdən fərqli olaraq, redaktoru olduğu kitabın siqnal nüsxəsi çap edilib stolunun üstünə gələnə qədər onun nigarançılığını çəkir. Kitabın ilk nüsxəsini müəllifdən qabaq o vərəqləyir, qüsursuz çıxanda sevinir, gözdən qaçmış kiçik bir qüsuru görəndə pərişan olur.

Dünya şöhrətli U.Şekspir deyirdi ki, kitab mənim üçün tacdan qiymətlidir. Fransız ədibi A.Frans isə yazırdı ki, mənə kitablarını göstər, uşaqlarının hansı ruhda böyüdüklərini sənə deyim. Yusif Vəzir Çəmənzəminli “Kitab yolunda hər şeydən keçərəm” deyirdi. F.Bekon isə bu fikirdəydi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir. Bu “fikir gəmisi”nin göyərtəsində dünyanın söz nəhəngləri üzüb, bizə də üzməyi, sevməyi, sevilməyi öyrədib. Əbdürrəhman Cami yaxşı deyib:

Ağıllı adamlar, yaxşı adamlar!

Bilik kitabdır, axtarsan əgər.

Kitabı sevənlər tənhalıq bilməz,


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации