Текст книги "Ürəyimdən kimlər keçdi"
Автор книги: Mustafa Çəmənli
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 14 страниц)
* * *
Tərcümə ədəbiyyatından söz düşmüşkən, naşirlik həyatımda xidmət sayılacaq bir kitab haqqında da danışmaq istəyirəm. Xatirəmin əvvəlində dediyim kimi, “Xallı gürzə” tarixi romanımı yazanda Nadir şah Əfşarla da maraqlanırdım. Lakin Nadir şah Əfşar haqqında ayrıca bir kitaba rast gəlmədim. Gördüm ki, I Pyotr, Stepan Razin kimi işğalçılar barədə kitablar çap olunsa da, gündəlik həyatımızda adı tez-tez anılan Nadir şah Əfşar barədə əl boyda bir kitabça da çap olunmayıb. Halbuki, Nadir şah dünya tarixində İsgəndər, Topal Teymur, Napoleon kimi fatehlərlə müqayisə edilir.
Bir gün mən M.F.Axundov adına Respublika kitabxanasının Azərbaycan kitabı (arxiv) şöbəsinin müdiri Məhəmməd Əli Müsəddiqlə görüşüb söhbət edirdim. Dedim ki, şairə Ağabəyim ağa Ağabacıyla, Nadir şahla maraqlanıram. Bu şəxsiyyətlər haqqında yazılanlar əsasən fars dilindədir, mümkünsə, mənə kömək edin.
Məhəmməd Əli müəllim fars dilini gözəl bilirdi və əski əlifba ilə çap olunan nəşrlərə yaxşı bələd idi. Yadımdadı, o mənə İbrahim xan Cavanşirin qızı Ağabəyim ağa barədə maraqlı faktlar söylədi. Nadir şahdan söz düşəndə Məhəmməd Əli müəllim dedi ki, məndə İran tarixçisi Məhəmməd Hüseyn Qüddusinin “Nadirnamə” kitabı var. Çox dəyərli kitabdı, onu oxusan, roman yazarsan. Dedim, Məhəmməd Əli müəllim, belə bir fikrim yoxdu.
Onun bu sözləri yadımda qalmışdı. Məhəmməd Əli müəllimə telefon zəngi edib, vaxtilə aramızdakı söhbəti ona xatırlatdım. Dedim ki, Nadir şah haqqındakı kitabı tərcümə etsən, nəşr edərik.
Bir müddət sonra o, kitabın tərcüməsini “Gənclik” nəşriyyatına təqdim etdi. O, kitabın redaktəsilə əlaqədar nəşriyyata tez-tez gəlib-gedirdi. Kitabın xüsusi redaktoru Seyidağa Onullahi, nəşriyyat redaktorları Gülər Ələkbərqızı və Raziyyə Muradova ilə birgə əsərin üzərində yorulub-usanmadan işləyirdi. Təəssüf ki, kitabın çapı nəşriyyatın maliyyə imkanlarının məhdudluğu üzündən çox ləngidi.
Nəhayət, gec də olsa, kitabı 1999-cu ildə “Nadir şah” adı ilə çap etdik. Və mən, 21 fevral 1997-ci ildə dünyasını dəyişən, çox ağır, şərəfli zəhmətinin bəhrəsini görə bilməyən Məhəmməd Əli müəllimi minnətdarlıq hissilə yad etdim.
Məhəmməd Əli Hacı Hüseyn oğlu Müsəddiq 1925-ci ildə Cənubi Azərbaycanın Miyanə şəhərinin Yeycə kəndində anadan olmuşdu. O, 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi.
Məhəmməd Əli Müsəddiq klassik ədəbiyyatımızın tədqiqatçısı və təbliğatçısı idi. O, “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etmişdi. N.Tusi adına Pedaqoji İnstitutda fars dilindən dərs deyirdi. Ömrünün otuz ildən çoxunu kitabxanada keçirən bir filoloq-kitabşünas kimi onun yeri həmişə görünür. Yoxluğu qədirbilən oxucuların ürəyini göynədir. Çünki o, ərəb qrafikası ilə nəşr olunan kitab və jurnallara çox yaxşı bələd bir alim, tərcüməçi, kitabşünas kimi ona müraciət edən hər kəsə yardımçı olmağı bacarırdı.
Kitab nəşr olunandan sonra Məhəmməd Əli müəllimin oğlu Vaqiflə görüşdüm. Atasının vəsiyyətnaməsini də özü ilə gətirmişdi. Oxudum, çox təsirliydi. Vəsiyyətindən bildim ki, o, “Dinimiz, namazımız, imamlarımız” adlı kitab tərtib edərək çap etdirib (1994). M.Ə.Rəsulzadənin əsərlərinin II-III cildlərini redaktə edib. Ərəb əlifbasında dərslik, “N.Əfşar” adlı təqvimi, M.Mehdi Şükuhinin əsərlərini nəşrə hazırlayıb. Şeirlər yazıb. Beləcə, şərəfli bir ömür yaşamışdı. O, ölümündən əvvəl gələcək işlərini sahmana salmağı belə unutmamışdı. Kimsəyə borclu olmadığını yazıb, qəbrini, hətta sinə və başdaşını əvvəlcədən hazırladıbmış. “Məndən sonra kimsə əziyyət çəkməsin” – deyib və dünyasını dəyişibmiş.
İnanıram ki, böyük sərkərdə Nadir şah Əfşarın həyatı və fəaliyyətilə maraqlanan oxucular Məhəmməd Hüseyn Qüddusinin “Nadir şah” kitabını oxuyarkən tərcüməçi Məhəmməd Əli Müsəddiqin də adını hörmətlə xatırlayacaqlar.
* * *
Kitablar da insanlar kimidir. Uzun ömürlüsü də var, qısa ömürlüsü də. Zamanında qəbul olunanı da var, olunmayanı da.
Müstəqillik əldə etməyimiz bizə bir vaxt yasaq olmuş mövzulardan bəhs etməyə, tarixi keçmişimizə yenidən nəzər salmağa, yanlışlıqları, təhrifləri düzəltməyə şans vermişdi. Müstəqil bir ölkənin vətəndaşı, yazarı, naşiri olmaq, doğrudan da, xoşbəxtlik imiş. Biz indi şanlı keçmişimizdən, Azərbaycan Xalq Cümhuriyyətindən, onun cəfakeş qurucularından, bizə “burjua mühərrirləri” kimi tanıdılan Əli bəy Hüseynzadədən, Haşım bəy Vəzirovdan, Əhməd bəy Ağaoğludan, milyonçu Hacı Zeynalabdin Tağıyevdən, Ağa Musa Nağıyevdən… iftixarla söz aça bilirdik.
Tematik plana “Azərbaycan milyonçuları” seriyasından iki kitab salmışdıq. İstəyirdik ki, bu iki kitabdan biri Hacı Zeynalabdin Tağıyevə, digəri isə Ağa Musa Nağıyevə həsr olunsun. Ancaq yazıçı və şairdən bol olan bu ölkədə yeniyetmələrin yaşına uyğun bir dildə mətn yazan tapa bilmədik. Yadıma mərhum yazıçımız Manaf Süleymanov düşdü. 1987-ci ildə “Azərnəşr”də onun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı böyük tirajla nəşr olunmuşdu. Bu kitabda Azərbaycan milyonçularının həyatından bəhs edən maraqlı, yaddaqalan səhifələr vardı. Mən Manaf Süleymanovu “Yazıçı” nəşriyyatından tanıyırdım. Çox asta, az qala ayaqlarını sürüyə-sürüyə “Yazıçı” nəşriyyatının tərcümə şöbəsinə gələrdi. Fars, rus, ingilis dillərini gözəl bilirdi. Cek London, Con Steynbek, O`Henri, A.Paton, Fillis Altman və b. görkəmli ingilis yazıçılarının əsərlərini ana dilimizə orijinaldan tərcümə etmişdi.
Mən Manaf Süleymanovun “Yerin sirri” romanını yeniyetmə yaşlarımda oxumuşdum. Doğrusu, indi bu romanın adından başqa yadımda heç nə qalmayıb, ancaq yetmiş beş yaşında çap etdirdiyi “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” ona şöhrət gətirmişdi. O zaman çox az adam olardı ki, bu kitabı oxumasın. Fikirləşdim ki, milyonçular haqqında elə ən yaxşı kitabı Manaf müəllim yazar. Zəng edib Manaf müəllimə istəyimi bildirəndə çox məmnuniyyətlə Ağa Musa Nağıyev və Hacı Zeynalabdin Tağıyev haqda gənclər üçün kitab yazmağa söz verdi və vədinə əməl etdi. Hər iki kitab Gülər Ələkbərqızının redaktəsi ilə 1994-cü ildə 25000 tirajla çap olundu. Təəssüf ki, mən nəzərdə tutduğum Azərbaycan milyonçularının hamısı haqqında kitab yazdıra bilmədim. Bunları yazdırmaqdan çox, çap eləmək müşkülə çevrilmişdi.
Manaf müəllim az qala hər gün zəng edib hal-əhval tuturdu, hər dəfə də eyni bir fikrini təkrar etməkdən yorulmurdu: gündə bir qranka da olsa yaz!
O olduqca söhbətcil, zərif yumorlu insandı. Bir dəfə soruşdum:
– Manaf müəllim, tənqidə münasibətiniz necədir?
– Kitab çapdan çıxandan sonra çox pis!
– Bəs niyə kitab çıxandan sonra?
– Əşi, kitab çap olunandan sonra göstərilən qələti necə düzəldim?!
– Cümhuriyyət dövrünü xatırlayırsınız?
– Onda məktəbə gedirdim. 20-ci ilə qədər hər səhər dərsə gələndə əvvəl dua oxuyardıq. Sonra Azərbaycanın himnini:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni,
Səndən ötrü can verməyə cümlə hazırıq,
Səndən ötrü qan tökməyə cümlə hazırıq,
Üç rəngli bayrağınla məsud yaşa…
Altun diyar, zümrüd Quzğun, mavi Xəzər!..
– Bax ey, bu sonuncu misranı mən sizdən eşidirəm.
– Ayrı kimdən eşidəcəkdin, çoxunun axşam yediyi səhər yadından çıxır.
– Düz buyurusunuz… “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabınız sizə çox böyük uğur gətirdi.
– Elədi. EA-nın müxbir üzvü, lüğət şöbəsinin müdiri, dostum Əliheydər Orucova da bu əsər barədə tez-tez danışırdım. Mənə çoxlu məlumat, ədəbiyyat vermişdi. Tez-tez deyirdi: “Manaf, bu əsər səni ya yüksəldəcək, ya da o məsələ… Allah eləsin, yüksəltsin”.
– Gözəllərə münasibətiniz?
Gülümsədi:
– Yeddi yaşımdan onları sevmişəm.
Bəzən beləcə söhbətimiz davam edərdi.
Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını yazmaqla sübut etdi ki, bu cür kitablarla da əbədi şöhrət qazanmaq olar. Bunu, kitabın həm müəllifin sağlığında, həm də onun vəfatından sonra dəfələrlə nəşr olunması da göstərir. O kitab dəyərlidir ki, müəllifindən sonra əbədi həyat qazanır.
* * *
Mənim kitab çapı ilə bağlı çox arzularım vardı. Bu arzuları həyata keçirməyə bir zamanlar vəzifə sahibi olmamağım mane olurdusa, indi də bazar münasibətləri, Qarabağda gedən müharibə, qaçqın-köçkün problemi, maliyyə çatışmazlığı aman vermirdi. Kitabları çap etmək üçün Rusiyadan gətirilən dəmir təbəqə belə qəhətə çıxmışdı. Nəşriyyatın direktoru Əlican Əliyevlə bu dəmir təbəqəyə görə, hətta Dərbəndə getmişdik. Mən ilk dəfə idi ki, nağıllarımızda Dəmirqapı Dərbənd kimi tez-tez anılan Dərbəndi görürdüm. Dərbəndin möhtəşəm hasarları, qədim binalar, köhnə qəbiristanlıq bizə çox uzaq əsrlərdən xəbər verirdi.
Belə bir vaxtda nəşriyyatda işləmək çox çətin idi. Bazar münasibətinin bəhrələrindən biri də nəşriyyatlarda sifariş ədəbiyyatı şöbələrinin yaranması idi. Əlyazması illərlə nəşriyyatların qovluğunda yatıb qalmış, mənfi rəy almış qrafomanlar haradansa “sponsor”, “xeyriyyəçi” tapıb ədəbi meydana atılmışdılar. Hamı yazıçı-publisist, şair-publisist, yazıçı-dramaturq olmuşdu. Adi bir oçerk hekayə, kiçik bir hekayə povest, povest əlli səhifəlik romana çevrilirdi. Ağac kölgəsində yatmış “dahi” tapılırdı ki, guya, filan-filan yazıçılar, naşirlər vaxtında onun “dahiyanə” əsərlərinin çap olunmasına mane olublar. Bax, beləcə, bu dövrdə hər xasiyyətdə “yazarlarla” üz-üzə gəldik. Hər dürlü sifətə əl atan, şantaj yolu ilə cızma-qarasını həyata keçirmək istəyən, başındakı şapkasını götürüb yerə çırpan, özünü pəncərədən atmaq istəyən “yazar” bəndələr vardı (burada heç bir mübaliğəyə yol verilməyib). Doğrusu, mən bilmirəm bu cür hallar ancaq bizdə olur, yoxsa başqa xalqlarda da var?!
Hələ bu harasıymış, sən demə, görəcəkli işlər hələ qabaqdaymış. Sovet dövründə tək-tək imkanlı adamların elm adamlarına elmi iş yazdırdıqlarını eşitmişdim, amma kiməsə roman, povest yazdırıb öz adına çap etdirəni görməmişdim. Bu halın hansı daxili ehtiyacdan yarandığını anlamaq, doğrusu, çətindir. Dərk eləyə bilmirsən ki, özgə zehninin, hissiyyatının məhsulu olan bir romana, ya bir hekayəyə pulun gücünə necə sahib çıxmaq olar? Məgər yazıçı olmayaolmaya bu adı daşımaq belə vacibdi? Sən elə pullusansa, sənə roman yazan o bədbəxt yazıçıya kömək elə də. Yoxsa yazıçılıq hara, ədəbi qul saxlamaq hara. Hələ bizi qarşıda başqa bir problem də gözləyirmiş. Gün gəldi, jurnalistikanın əlifbasını belə bilməyən, orta təhsilli adamlar qəzet təsis edib dəbdəbəli adlar qoyaraq, çap etdirdikləri qəzetləri qoltuqlarına vurub iş adamlarının qapısını döydülər, şərəfli jurnalistika peşəsini insanların gözündən saldılar. Qəribə mənzərə yaranmışdı. Sən demə, bir yerdə də olsun adını çəkməyib kitabını köçürənlər, xəbər tutub etiraz edəndə üstünə yumruq qıcayıb – istinad etmişəm – deyə səsinin gur yerinə salanları da görəcəkmişik. Sən demə, bütün kitab-dəftəri töküb “istinad” sözünün mənasını bu bazar münasibətinin yaratdığı, bizim özcə çürük meyvəmiz olan bu təhsilsiz jurnalistə başa sala bilməyəcəkmişik. Bu yerdə ürəyimdən keçənləri ifadə etməyə daha uğurlu bir söz tapa bilmirəm.
“XXI əsr” adlı böyük formatda bir qəzet çıxırdı. Qəzetin daimi oxucusu deyildim. Bir gün qəzetin əlimə keçən nömrəsini oxuyanda mat qaldım, bir səhifə material mənim “Muğam dünyasının Xanı” kitabımdan köçürülmüşdü. Xanım jurnalist, deyəsən, unutmuşdu ki, görkəmli musiqiçilərin xatirələrini o yox, mən yazmışam. Bir yerdə mənim adımı da çəkməmişdi. Redaksiyaya zəng edib indi adını unutduğum xanım jurnalisti istədim. Dedilər, “obyektdədir”. Bir söz demədim, fikirləşdim ki, beləsi “obyektdə” olmasa yaxşıdı. Saat 3-ə qədər zəng etsəm də, xanımı redaksiyada tapa bilmədim. Nəhayət, saat 4-də tanımadığım xanımın səsini eşitdim. Özümü təqdim elədim, kitabımı köçürtdüyünü, hətta üzqabığındakı şəkili dərc etdiyini söylədim. Dedi ki, köçürtməmişəm, istinad eləmişəm.
– Ay xanım, istinad bir cümlə olar, yarım səhifə olar. Siz Xan haqda xatirə söyləyən sənətkarları harda görmüsünüz, harda danışdırmısınız? Belə olmaz axı…
– Mən “istinad eləmişəm!”
Söz tapa bilmirdim, iyirmi dəqiqə çənə döysəm də, “istinad”ın nə demək olduğunu bu xanım jurnalistə başa sala bilmədim, axırda baş redaktorun müavini ilə danışdım. Söhbətdən belə başa düşdüm ki, bu yazıya görə onların da dalağı sancıbmış. Nəsə, növbəti nömrədə təkzib verdilər. Nəyin hesabına? Mənim əsəblərimin!
Bir gün direktorun sürücüsü otağıma gəlib əlindəki “Avtoritet” qəzetini stolumun üstə qoydu:
– Mustafa müəllim, “Fred Asif”i yenidən çap elətdirirsiniz?
– Yox. Onu kim deyir?
– Bu qəzetdə Fred Asifdən yazıblar, hamısı da sizin kitabdandı.
Doğrusu, qələm dostum İlqar Əlfinin baş redaktorluğu ilə nəşr olunan “Avtoritet”in oxucusu deyildim. İndi “Avtoritet”in 27 oktyabr 1999-cu il nömrəsi qarşımdaydı. Qəzeti vərəqlədim. Orta səhifədə xüsusi təqdimatla Fred Asif haqda yazı dərc olunmuşdu və sonunda da “davamı var” yazılmışdı, müəllif imzası isə yoxdu. Görünür, “dostum” gözləmə mövqeyində olub ki, görsün bu plagiatlığı əks-səda doğuracaq, yoxsa yox.
Yazını kitabımla tutuşdurdum, bir söz belə dəyişilməmişdi. İlqar Əlfiyə zəng elədim. İlqar özünə xas səmimiyyətlə:
– Qardaş, sənə qədər artıq on nəfər zəng eləyib, – dedi, – Bu yanlışlığa bir düzəliş vermək lazımdı. Gözlə, nəşriy-yata gəlirəm!
Bir saatdan sonra İlqar nəşriyyata gəldi. Görüşüb-öpüşdük. Dedi ki, bir cavan oğlanı göndərdim ki, Azərbaycanın Milli Qəhrəmanı Fred Asifdən bir şey yaz gətir, çap edək, bu da eləməyib tənbəllik, sənin kitabını köçürüb gətirib. Yaxşı ki, imza qoymayıb. İndi mən təkzib versəm, oxucularımı itirərəm. Növbəti nömrədə oxuculara müraciət edərik ki, bu “Fred Asif” yazısının davamını Mustafa Çəmənlinin əsərindən oxuya bilərsiniz. Razılaşdıq. Qəzetin 3 noyabr 1999-cu il tarixində kitabımın üzqabığının şəklini vermiş və belə bir bildiriş çap etdirmişdilər: “Hörmətli oxucular! “Avtoritet”in ötən sayında xalqımızın say-seçmə oğullarından biri, Azərbaycanın Milli Qəhrəmanı, “General Əsədov mükafatı” laureatı, erməni işğalçılarına qarşı qanlı mübarizədə silaha ilk sarılanlardan olmaqla könüllülərdən ibarət dəstə yaradan Asif Yusif oğlu Məhərrəmovun – Fred Asifin ömür kitabına istedadlı yazıçı Mustafa Çəmənlinin bələdçiliyi ilə qısa bir səyahət elədik. Artıq əfsanələrə dönmüş bu xalq qəhrəmanının həyatı ilə daha yaxından tanış olmaq istəyən oxucularımızın nəzərinə çatdırırıq ki, Mustafa Çəmənlinin “Fred Asif” əsəri “Gənclik” nəşriyyatında çapdan çıxmışdır. Siz bu kitabı oxumaqla Asifi yetirən, araya-ərsəyə gətirən Qarabağ torpaqlarına heç olmasa qiyabi səyahət etmək imkanı qazanacaqsınız…”
Bəli, bu cür hadisələr də bizim günümüzün reallığıdır. Kitabları oxumaq, ondan bəhrələnmək olar, zatən elə buna görə yazılır, amma köçürüb özününküləşdirmək, sahiblənmək olmaz!
* * *
Bəzən öz vəsaiti hesabına dəyərli kitablar çap etdirmək istəyənlər də olurdu və bu gün də var. Bir gün sifariş ədəbiyyatı şöbəsinin müdiri Vəli Həbiboğlu Firidun Əsədov və Sevil Kərimovanın “Çarizmi Azərbaycana gətirənlər” kitabının əlyazmasını gətirdi ki, tanış olum. Kitabın adı dərhal diqqətimi cəlb elədi. Bəzi səhifələri oxuyandan sonra rəhmətlik Vəliyə dedim ki, gəl, bu kitabı nəşriyyatın hesabına çap edək. Müəlliflər uzaqbaşı kitabı min nüsxə tirajla nəşr etdirib aparıb dosta-tanışa paylayacaq, sonra yığacaqlar evlərinə. Belə olan halda bu kitab kimə çatacaq? Vəli mənimlə razılaşdı. Mən də kitab ticarəti təşkilatlarıyla danışdım və kitabı on dörd min tirajla nəşriyyatın hesabına nəşr etdik. Müəlliflər də bundan çox razı qaldılar. Onu da deyim ki, bu cür kitabları biz hökmən mütəxəssis rəyindən, xüsusi redaktorun redaktəsindən sonra çap edib oxuculara çatdırırdıq.
Doğrudan da, ağır günlər idi. Dərd təkcə kitab dərdi deyildi. Cəbhə bölgələrindən tez-tez bir-birini təkzib edən xəbərlər gəlirdi. Hələ vahid nizami ordu formalaşmamışdı. Rayon və kəndlərimizi hərbi təlim görməmiş özünümüdafiə batalyonları qoruyurdu. Əlbəttə, o ağır günlərdə onların göstərdiyi fədakarlıqları bu gün unutmağa heç kəsin haqqı yoxdur.
Xocalı hadisəsindən sonra əlimiz ürəyimizin üstündə idi. Çünki düşmənin tarixdə görünməmiş bu vəhşiliyindən sonra ondan hər cür alçaqlığı gözləyirdik. Axşamlar televiziyaya baxmağa belə adamın ürəyi gəlmirdi ki, birdən yenə bəd xəbər eşidərəm. O dövrdə mən də dəfələrlə cəbhə bölgələrinə, əsgərlərin görüşünə gedirdim. Mənim burada cəbhə xatirələrimi yazmaq fikrim yoxdur, ancaq ikisini xatırlatmaq istəyirəm.
Cəbhə səfərlərimdən biri Ağdərə rayonunun təzəcə düşməndən azad olduğu günə təsadüf edir. Eşitmişdim ki, döyüşdə Bərdə batalyonundan çoxlu yaralananlar var. Buna görə Teleradio Şirkətinin sədri Məmməd İsmayıldan xahiş etdim ki, mənə bir operator versin, gedim Qarabağa. Çox pis vaxt idi. İşin çoxluğundan sədr operator ayırmaqda tərəddüd edirdi, ancaq köhnə iş yoldaşı kimi məndən də keçə bilmirdi. Onu qınamaq da olmazdı. Bu səfər ən azı üç gün çəkəcəkdi. Nəhayət, sədr razılaşdı və mən şirkətin operatoru Tahir Qarayevlə yola çıxdım. Tahir Qarayev cəbhə bölgəsində – Ağdamda dünyaya göz açdığından erməni xislətinə yaxşı bələd idi. Mənə qədər ən qaynar döyüş nöqtələrindən çəkilişlər aparmışdı. İndi gününü dəqiq xatırlaya bilmirəm, ancaq 1992-ci ilin avqust ayının sonuncu günü, ya da sentyabrın ilk həftəsi olmağı dəqiqdi. Biz Bərdəyə günün batabat çağında çatdıq. Bərdə batalyonunun qərargahı Tərtər yolunun üstündə olan Zümürxan kəndində yerləşirdi. Tərtər çayı da bu kəndin yanından keçir. Mən vaxtilə bu kəndin yaxınlığında, çayın sol sahilində yanar su görmüşdüm. Suyun müalicəvi əhəmiyyəti olduğundan, gecələr gəlib burada çimənlər də olurdu. Yerli sakinlər deyirdilər ki, bu su dəridəki səpkinin dərmanıdı. Bu yanar suyu Tahirə çəkdirməyi hələ Bakıda ikən fikirləşmişdim. Qaranlıq düşəndə niyyətimi Tahirə dedim. Birlikdə yanar suyun “ziyarətinə” getdik. Haçansa geoloji kəşfiyyat niyyəti ilə qazılmış yerdən kükürdlü su çıxmışdı. Bu su bir metr, metr yarım hündürlüyündə borudan çıxır və yanaraq fəvvarə şəklində tökülürdü. Gecənin qaranlığında yanar su çox gözəl görsənirdi. Tahir bu yanar suyu lentin “yaddaşında” əbədiləşdirdi.
Səhəri gün biz hərbi hissədə olduq, könüllülərlə görüşdük. Batalyonun komandiri rəhmətlik Elçin Əliyev idi. Ucaboylu, dolubədənli, qabarıq sinəli, otuz beş-qırx yaş arasında bir kişiydi. Söylədiyinə görə, kontuziya almışdı.
Həyətdə bir maşını ağac budaqları ilə gizlədirdilər ki, düşmənin nəzərini cəlb etməsin. Məlum oldu ki, əsgərlərdən birinin meyiti döyüş bölgəsində qalıb, bu maşınla cənazəni götürməyə gedirdilər. Nəhayət, bir neçə nəfər yoldaşları ilə görüşüb-öpüşüb maşına əyləşdi. Maşın həyətdən çıxdı, bayaqdan həyətdə dolaşan qızıl it də maşının arxasınca qaçdı. Mənim işarəmlə Tahir bütün bu mənzərəni lentə alırdı.
Biz azad olunmuş əraziyə baş çəkmək istəyirdik, buna görə də komandir UAZ-ını bizə verdi. Sürücüdən başqa iki nəfər də bizə qoşuldu. Bərdə-Tərtər yoluna çıxıb üzü Ağdərəyə sarı istiqamət götürdük. Mən bu yolla Kəlbəcərə, onun səfalı yaylaqlarına çox getmişdim. Dağlara yay fəslində qalxdığımızdan, gecələr yol gedərdik ki, istiyə düşməyək.
Tərtərin ərazisindən çıxandan sonra, Kasapetə, yolun kandarındakı bulağa çatanda hava büsbütün soyuyurdu. Biz də maşından düşər, soyuq bulaq suyundan içib, əl-üzümüzü yuyub yolumuza davam edərdik. İndi də Kasapetə çatıb həmən bulaqdan su içdik. İrəlilədikcə arxadan sürücünün həyəcan keçirdiyini, üzünün ağardığını aydınca görürdüm. Sözsüz, bizim də ürəyimizdə nigarançılıq vardı. Düşmən kol-kosun, qayaların arxasından hər an atəş açıb həyatımıza son qoya bilərdi. Biz Drambona qədər getdik. Üstüaçıq maşınlarda könüllülər yenicə açılmış yolla Kəlbəcərə gedirdilər. Kim bilirdi qabaqda onları nə gözləyirdi?! İndi bu sətirləri yazan zaman bizə əl eləyən o gənclərin sifətləri gözlərim önündə, səsləri qulağımda canlanır və istər-istəməz kövrəlirəm. Tahir Qarayev bu anları lentə köçürürdü. O çox ürəkli, qorxmaz operator idi. Biz Tərtərdə olanda tanışlardan biri ona qardaşı Zahid Qarayevin yaralandığını xəbər vermişdi. Onda mən elə bilmişdim ki, Tahir yaralı qardaşının yanına tələsəcək, ancaq o bizdən ayrılmadı, fədakarlıq göstərdi.
Biz Drambondan qayıtdıq, xəstəxanaya gedib yaralı əsgərlərə baş çəkdik, çəkiliş apardıq. İşimizi İmamzadənin çəkilişi ilə başa vurduq. Elə həmən gün də Bakıya qayıtdıq. Mən ləngitmədən verilişin ssenarisini yazıb televiziyanın xəbərlər redaksiyasına verdim. Xəbərlər redaksiyasının rejissoru Natiq Cavadzadə ilə verilişin üzərində işlədik. Mətni mən özüm oxuyurdum. Birinci dəfə idi ki, arxa və ön cəbhəni uzlaşdıran veriliş hazırlanırdı. Biz çəkilişi iyirmi altı dəqiqəyə sığışdıra bildik. Mənim “Yanar su – əsgər ruhu” adlı ssenarim əsasında əməlli-başlı film-veriliş alınmışdı. Veriliş nümayiş olundu və əks-səda da doğurdu. Sonralar bu verilişin taleyi necə oldu, deyə bilmərəm, amma bu verilişdən götürülmüş yanar suyu ekranda dəfələrlə gördüm. Onu çəkdiyimiz verilişin hədiyyəsi hesab edirəm.
Cəbhə bölgəsinə ikinci səfərim isə 93-cü ilin yanvar ayında olmuşdur.
Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Fondunun sədri şair Hafiz Əlinin təşəbbüsü ilə bir qrup yazıçı cəbhə bölgəsinə əsgərlərlə görüşmək üçün 1993-cü il yanvarın 11-də, səhər saat 9-da AXC-nin Nəsimi rayon şöbəsində olmalıydı. Bu siyahıda mənim də adım vardı. Deyilən vaxtda qərargaha gəldim. Məlum oldu ki, bir qrup Tovuz-Qazax bölgəsinə, digər dəstə isə Zəngilan-Qubadlı-Laçın-Cəbrayıl istiqamətinə gedəcək. Lakin çağırılanlardan çoxu gəlmədi, bəziləri də gəlib vacib işi çıxdığını bəhanə edib qayıtdı. Nəhayət, on dörd nəfərlə yola çıxdıq. Bu on dörd nəfərdən ancaq şair Söhrab Tahir, Ağacavad Əlizadə, hərbçi şair Nurəddin Mirzəxanlı, Azkonsert Birliyinin solistləri tarzən Rafiq Şəmmədoğlu, kamançaçı Hilal Məmmədov, opera teatrının solisti Rafiq Abbasov, “Bakı” qəzetinin əməkdaşı Abdulla Mərcanlı, Azərbaycan Dövlət Teleradio Şirkətinin əməkdaşları Sahib Alıyev və Şərif Bəşirov yadımda qalıb. Biz Qubadlıya axşam toran qarışanda çatdıq. Qadınlar iki-bir, üç-bir İcra Hakimiyyətinin binasına gəlib koridorda səssiz-səmirsiz otururdular. Bizi binanın zirzəmisinə, bunkerə apardılar. Rayonun İcra başçısı burada əyləşmişdi. Cavan bir adamdı. Əynində hərbi paltar vardı. Bizi səmimi qarşıladı. Ancaq gəlişimizdən narahat olduğunu bildirdi. Məlum oldu ki, düşmən tərəfdən hücum gözlənilir. Danışmaqdan çox susurduq. Uzaqda olanda müharibədən danışmaq çox asandı, amma elə ki, özün gəlib ön cəbhəyə, təhlükəli zonaya düşürsən, başa düşürsən ki, ölüm qaşla-göz arasındadır. Saat 12-də atəş səslərindən sanki bina titrədi. Qrad atəşi avtomat atəşi ilə müqayisəyə gəlməz. Qradın səsindən insanın bağrı yarılır. Nəhayət, atəş səsləri kəsildi. Bir qədər də gözlədikdən sonra bizi maşınlara mindirib Xanlıq kəndinə apardılar. Söhrab Tahir, Ağacavad Əlizadəylə mən adını unutduğum bir kişinin evində qaldıq. Səhər yenidən İcra Hakimiyyətinə gələndə gördüyümüz mənzərədən heyrətləndik. Qrad binanın böyründə yerləşdirilmiş kranı aşırmışdı, evlərin dam örtükləri ətrafa səpələnmişdi.
Biz batalyonlarda olduq, əsgərlər qarşısında çıxış elədik, musiqiçilərimiz çalıb-oxudular. Güləbird kəndinin yaxınlığında, Həkəri çayının üstündə, yolun kənarında mərmiyə tuş gəlmiş bir tank vardı.
Telejurnalistlər döyüş səhnəsini çəkmək üçün irəli getmişdilər. Maşında yer olmadığından Söhrab Tahirlə mən tankın yanında qalmışdıq. Qarşı tərəfdə sıralanmış dağların arxası düşmən tərəf idi. Biz şübhə etmirdik ki, ermənilər bizi görür. Vurulmuş tankın yaxınlığında yarım saata qədər gəzişdik. Birdən Söhrab Tahirə dedim:
– Əmi, – hamı onu “əmi” deyə çağırırdı, – gəl burdan gedək, nahaq gülləyə tuş gələrik.
Söhrab müəllim məni eşitdi və biz oradan uzaqlaşdıq. Axşam bizə söylədilər ki, ermənilər bizim durduğumuz yeri vurublar. Biz oranı bir saat da gec tərk etsəydik məhv olacaqmışıq.
Biz Zəngilanda, Cəbrayılda olduq, İcra Hakimiyyətinin nümayəndələri, əsgərlərlə görüşdük. Çox qəribədir ki, Ağacavad Əlizadə təzəcə tanış olduğu döyüşçüləri isti-isti, elə toplanmış dəstənin qarşısındaca vəsf edirdi.
Postda duran Bilaldı,
Sovqatımdan bal aldı.
İgid Vətən oğludur! –
Bu ad ona halaldı!..
İsmiyev Ramil oğlum,
Çiçək oğlum, gül oğlum!
Gözəl-göyçək bir qızla
Kaş tapasan dil, oğlum!..
Bu, Abbasov Suracdı,
Yaraşıqda turacdı!
Qarlı təpə aşanda
Mənimçün cığır açdı!..
Görən kimi Nazimi –
Gördüm güllü yazımı!
Cavanlıq mizrabıyla
Çaldı könül sazımı!..
O vaxtdan illər keçib, bilmirəm şeirdə adı çəkilən bu oğulların taleyi necə olub.
Bizi hər yerdə sevinclə qarşılayırdılar. Bu səfərimiz birhəftəyə qədər çəkmişdi. Axırıncı gecəni Cəbrayılın mehmanxanasında keçirəsi olduq. Rayon mərkəzi ağappaq qara bürünmüşdü. Yer donduğundan şaxta adamı qılınc kimi kəsirdi. Mehmanxanada istilik sistemi işləmədiyindən otaqlarla çölün fərqi yox idi. Bir-iki elektrik peçi gətirsələr də, otaqları qızdırmaq gücündə deyildi. O gecə xəstələnməmək üçün paltarlı yatdıq. Səhər tezdən doğan parlaq günəş pəncərəmizdən içəri boylanırdı. Çölə çıxdıq, soyuq olsa da, təmiz hava adama ləzzət edirdi. Cəbrayıl rayonunun mərkəzindəki məşhur Xan çinarın yanına gəldik, çinarın yanından kəhriz suyu axırdı. Onda heç ağlımıza da gəlməzdi ki, biz bu yerləri bir daha görməyəcəyik.
Bakıya qayıdandan sonra mən bu səfərimiz barədə heç nə yaza bilmədim. Səbəbini bu gün də bilmirəm. Amma yaşlı və xəstə şairimiz Ağacavad Əlizadə “Səfər yolum – məslək yolum” adlı məqalə yazıb “Dalğa” qəzetinin 2-8 fevral 1993-cü il nömrəsində çap etdirdi. Bu məqalə o günlərin xatirəsi kimi mənim üçün də çox əzizdi. Həmən məqalədən kiçik bir parçanı oxuculara ərməğan edirəm. “Mehmanxana soyuq olduğundan hamını evlərə aparmışdılar (burda söhbət Zəngilandan gedir – M.Ç.). Söhrab Tahir, Mustafa Çəmənli və mən düşdüyümüz evin sahibi çox qonaqcıl idi. Gecədən xeyli keçməsinə baxmayaraq, ürəyi kimi açıq süfrəsində nə desən vardı. Ev çox mənzərəli yerdə idi. Səhər ağ örtüklü Pir dağının üstündə qızılı və süd rəngli şəfəqlərə baxmaqdan doymaq olmurdu. Gedəndə saçında gümüşü tellər ağarışan qadın da, oğlu Rüstəm bəy də əziz adamlarından ayrılırmış kimi, eyvanda bizi mehribanca yola salırdılar. Özümü saxlaya bilmədim, bədahətən yenə bir bənd şeir deməli oldum:
Ünsiyyəti şəkər-balsan,
Səxavətdə Rüstəm Zalsan!
Yox, Zəngilan torpağında
Xoş rəftarlı Rüstəm halsan!..”
Bu sətirləri oxuyuram və təəssüflənirəm ki, bir vaxt gəzib dolaşdığımız müqəddəs torpaqlarımız hələ də mənfur düşmənin işğalı altındadır.
* * *
1993-cü il mənim yadımda daha bir əlamətdar hadisə ilə qalıb. Həmin ilin may ayında Mətbuat və İnformasiya Nazirliyinin tabeliyində olan nəşriyyat və “Azərkitab”ın bir qrup əməkdaşı ilə İranda keçirilən altıncı Beynəlxalq Kitab sərgisində iştirak etdik. “Azərkitab”dan Rauf Məmmədzadə, Şakir Acalov, Seyran Məmmədov, Ayaz Vəliyev, “Şərq-Qərb” nəşriyyatının direktoru Oqtay Sadıqov, 4№-li mətbəənin direktoru Hacı Quliyev, Respublika Mətbuat Fondunun sədri İmamverdi İsmayılov, etnoqraf-alim Aydın Səlimov, “Gənclik” nəşriyyatından mən bu tədbirdə iştirak edirdik. Bizim rəhbərimiz “Azərbaycan” nəşriyyatının direktoru Şəddat Cəfərov idi. Hələ biz təyyarədə uçarkən Ayaz Vəliyev söylədi ki, Tehranda xalam oğlu yaşayır, imkanlı bir adamdı, Allah qoysa, onunla da görüşərik.
Təyyarəmiz Tehran hava limanında yerə enəndə xəyalımdan adı ilk keçən Ağabəyim ağa Ağabacı oldu. Bu yadadüşmə də məşhur bir bayatı ilə bağlı idi. Ağa Məhəmməd şah Qacarın Şuşada kəsilmiş başının bədəlini ödəmək üçün Qarabağ xanı İbrahimxəlil xan Cavanşir sevimli qızı şairə Ağabəyim ağanı yenicə şahlıq taxtına oturmuş Fətəli xana ərə vermişdi. Tehranda Vətəni üçün darıxan gözəl Ağabəyim ağa bədahətən bir bayatı söyləmişdi.
Əziziyəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Söyləyirlər ki, bu bayatını eşidən Fətəli şah Ağabəyim ağa ilə görüşəndə incikliyini bildirir: – Tehran elə dözülməz şəhərdi? – deyir. Ağabəyim ağa aradan incikliyi götürmək üçün tez deyir:
– Şahım, sizə yanlış çatdırıblar, mən eşitdiyiniz kimi deməmişəm. Demişəm ki:
Tehran cənnətə döndü,
Yaddan çıxdı Qarabağ.
… Biz məşhur Laləzar mehmanxanasına düşmüşdük. Bir qədər istirahət edəndən sonra mehmanxananın yaxınlığındakı xiyabanda xeyli gəzişdik. Tehran çox böyük şəhərdi. Əhalisi də çoxdur. Tarixi mənbələrdən oxumuşdum ki, Ağa Məhəmməd şah Tehranı məmləkətin paytaxtı seçəndə elə də böyük deyilmiş.
Səhəri gün sərgiyə getdik. Sərgi böyük bir ərazidə keçirilirdi. Mənim “Xallı gürzə” romanım da sərgidə Azərbaycan bölməsində nümayiş olunurdu. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, kitab Qarabağ xanlığından bəhs etdiyi üçün oxucuların diqqətini cəlb etmişdi. Sonradan İranda Qarabağla bağlı yazılan kitablarda bu romandan da bəhs olunmuşdu.
O zaman İrana gediş-gəliş təzə-təzə başladığından bizimlə çox maraqlanır, xüsusən Qarabağ hadisələri ilə bağlı dəqiq məlumat əldə etmək istəyirdilər. Bizə görə Təbriz Universitetindən belə soydaşlarımız Tehrana gəlirdilər. Mən qədim mədəniyyəti və tarixi olan İranda olmağımdan çox şad idim. Bizə xüsusi diqqət və qayğı vardı. “Əlxudə” nəşriyyatının direktoru Ağayi Şeirdust bizimlə vaxtaşırı əlaqə saxlayırdı. Bu səfərdə Məşhəd şəhərinə də getdik. İmam Rzanın, daha sonra İmam Xomeyninin, Firdovsinin qəbirlərini ziyarət etdik. Tehranda Quran və Xalça muzeylərində, Şimirana gedib Rza şah Pəhləvinin, Nəsrəddin şahın muzeyə çevrilmiş iqamətgahlarında olduq.
Doğrusu, adlarını çəkdiyim bu şəxslərin ölkənin şahı olaraq evləri sən deyən də dəbdəbəli deyildir. Rza şah Pəhləvinin evinin qarşısında gözümüzə ilk dəyən şahın postament üzərində qalmış uzunboğaz çəkmələri oldu. Şahın heykəlinin dizdən yuxarı hissəsi götürülmüşdü. Ancaq bu heykəlin ayaq hissəsinin saxlanması nə məna verir, hələ də anlamamışam.
Biz Tehranda olanda İmam Xomeyninin evində də olduq, çox sadə bir evdi. İranda şah rejiminə qalib gəlmiş bu böyük şəxsiyyətin son dərəcə sadə bir həyat sürdüyü bəlli oldu.
Mənim ən böyük arzum Təbrizi görmək idi. Lakin bu mümkün olmadı.
Bir axşam Ayaz Vəliyev dedi ki, xalam oğlu Mənsum ağa bizi evinə qonaq çağırıb. Razılaşdıq. Mənsum ağa bizi aparmaq üçün dörd maşın göndərmişdi. Maşınlara əyləşib yola düşdük. Mənsum ağanın evi şəhərdən kənarda olduğundan xeyli yol getdik. Nəhayət, maşınlar zahirən bizim beşmərtəbəli “Xuruşşovka”nı xatırladan bir binanın qarşısında dayandı. Maşından düşdük. Biz elə bildik ki, Mənsum ağa da bizim kimi binanın hansısa dəhlizinin hansısa üçotaqlı-dördotaqlı mənzillərindən birində yaşayır. Bəlli oldu ki, gördüyümüz müasir İran “Xuruşşovka”sının hamısı ona məxsusdu.
Mənsum ağa və xanımı bizi gülərüzlə qarşıladılar. Dəvət olunan otağa keçdik. Binanın zahiri görünüşü ilə müqayisədə otaqlar çox geniş idi. Mənsum ağanın xanımı milliyyətcə fars qızıydı. Mənsum ağa bizimlə şirin cənub şivəsi ilə danışırdı. Bizə boş bir otaq göstərdi, saysız kərpic görünüşlü divar başdan-başa bir-birini təkrar etməyən imzalar idi. Məlum oldu ki, Mənsum ağanın evinə gələn əziz qonaqlar divar-kərpiclərin üstünə qol çəkib tarix qoyurlar.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.