Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 12

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 12 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Tarix A.S.Qriboyedovun yanılmadığını sübut etdi. Ermənilər zaman-zaman öz məkrli sifətlərini göstərdilər. 1905-1906-cı illərdə erməni-müsəlman davasında onlar Şuşa şəhərinin bir neçə məhəlləsində yanğın törədirlər. Erməni qımdatlar (muzdlu erməni əsgərləri – M.Ç.) bəyan edirlər ki, “12 saatdan sonra müsəlmanların böyük məscidlərində nahar edəcəyik, 24 saatdan sonra isə xan sarayı üzərində öz bayrağımızı qaldırıb, qalanı tamamilə öz əlimizə alacağıq” (M.M.Nəvvab: 1905-1906-cı illərdə erməni-müsəlman davası”. Səh. 29). Lakin o zaman onların arzusu gözlərində qaldı. Ermənilər azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdılar və məğlub oldular.

1840-cı ildə keçmiş Qarabağ xanlığının bir hissəsinə “Şuşa qəzası” adı verildi. Şəhərdə rus hökuməti üçsinifli qəza məktəbi açdı. Sonralar şəhərdə məktəblərin sayı çoxaldı, bununla da əhali arasında təhsilə maraq artdı.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Rusiyada yaşayan millətlər köləlik zəncirini qırdılar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Başda Stepan Şaumyan, Tatevos Əmirov, Avakyan kimi daşnaklar “sosialistlər” adı altında Azərbaycanın bir çox bölgələrində görünməmiş qırğınlar törətdilər. Bu qarşıdurmada Qarabağda 157 kənd zərər çəkmişdi. Nəhayət, türk qoşunlarının köməyi ilə bu qırğınların, vandalizmin qarşısı alındı.

1920-ci il 28 apreldə bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini devirdilər. Çar Rusiyasının 1828-ci ildən 1896-cı ilə qədər Türkiyə və İrandan 900 min erməni əhalisini Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürməsinin acı nəticələri daha qabarıq şəkildə ortaya çıxdı. İrəvan xanlığı ərazisində Ermənistan respublikası yaradıldı. Bolşevik şineli geyinmiş daşnaklar bununla da kifayətlənməyib Stalin, Orconikidze kimi havadarlarının köməyi ilə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasına nail oldular. Xankəndinin adı dəyişdirilib Stepanakert oldu. Azərbaycan İnqilab Şurasının sədri N.Nərimanovun Ermənistan Respublikasına 1 dekabr 1920-ci ildə vurduğu teleqramda: “İndən belə bir də əsrlər boyu qonşu olmuş erməni və müsəlmanlar arasında ərazi bölgüsü üstündə qan tökülməyəcək” fikri çox təəssüf ki, illər sonra məhz ermənilərin fitnə-fəsadları üzündən özünü doğrultmadı.

M.Qorbaçovun “yenidənqurması”ndan ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan respublikasına birləşdirmək fikrinə düşdülər. Bütün bu münaqişələrin sonu müharibə ilə nəticələndi. Ermənistan Respublikasının silahlı qüvvələri havadarlarının yaxından köməyi ilə 8 may 1992-ci ildə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı işğal etdilər. Şuşa şəhəri və onun 37 kəndi, qəsəbəsi 20 ildir işğal altındadır.

Bir zamanlar 549 qədim binası, 17 məhəlləsi, 17 məscidi, 17 bulağı, 6 karvansarası, 3 türbəsi, 2 mədrəsəsi, 2 qəsri, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və görkəmli sənətkarların ev muzeyləri olan Şuşa qalası ilə öyünər, fəxr edərdik. Təəssüf ki, hər şeyə sahib çıxan, özünü “ən qədim xalq” hesab edən ermənilər bütün mənəvi dəyərləri heçə sayıb ayaqları altına atdılar. Bu torpaq hərisləri özü boyda abidə olan Şuşa qalasını xarabalığa çevirmiş, 8 muzeyi, 31 kitabxananı, 17 klubu, 8 mədəniyyət evini, 25 orta məktəbi, 40 tibb müəssisəsini, 24 tarixi abidəni viran etmişdir. Məhz erməni təcavüzü nəticəsində Şuşa şəhərinin 29 min əhalisi bu gün də qaçqın həyatı yaşayır.

Bu gün biz bir millət olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2012-ci ildə “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” sərəncamının müddəalarını əsas tutaraq, bütün dünyada 2012-ci ili Şuşa ilinə çevirməliyik. Qoy bütün dünya Şuşanın timsalında işğalçı ermənilərin əsl sifətini görsün. Mütərəqqi bəşəriyyət barbarlığa, vandalizmə bəraət verə bilməz.

“ Xalq qəzeti ”

09.05.2012

AĞABƏYİM

Bitməmiş “Kin” romanından bir parça

Dan yeri söküləndə Şuşa qalasından üzüaşağı bir karvan enirdi. Dəvələrin ləngərli yerişi, zınqırovların qəribə cingiltili ahəngi, daşlara dəydikcə çaqqıldayan at ayaqlarının səsi müsafirlərə sanki layla çalırdı…

İki yüz atlı iki kəcavəni əhatəsinə alıb aparırdı. Al qumaşa bürünmüş, qızıl-gümüşə tutulmuş kəcavədə Ağabəyim ağa oturmuşdu, arxadan gələn qara dəvənin üstündəki qara kəcavədə isə Ağaməhəmməd şah Qacarın bala batırılmış cəsədiydi, İrana aparırdılar. İki yüz nəfər atlının arxasınca bir yük karvanı da gəlirdi, bu, İbrahimxəlil xanın qızına ayırdığı cehiz idi. Lap qabaqda, ayaqları, qolları zəncirli, ayağı yalın, sinəsi-başı açıq, üz-gözü döyülüb qançır olmuş bir nəfər fikirli-fikirli irəliləyirdi. Onun baxışlarından dəlilik yağırdı, yalın ayaqlarını daşlı-kəsəkli yola elə inamla basırdı ki, kənardan baxan elə zənn edərdi ki, yolçu ayaqlarını xalı-gəbə üstünə qoyur.

Bu adam kim idi və bu adam nə üçün iki yüz atlının qabağında payi-piyada yüyürürdü? O nə üçün arxasınca cins Qarabağ atlarını yortan bu adamlardan xahiş eləmirdi, yalvarmırdı ki, ayaqlarını, əllərini açmaq cəhənnəmə, heç olmasa onu ata mindirsinlər, ata rəva bilmirlərsə, Qatırçı Muradın yetişdirdiyi qatırlardan birinin üstünə aşırsınlar?

Yox, o, heç bir şey xahiş eləmirdi, əksinə, iki yüz atlının qabağınca başını dik tutub havalı adamlar kimi saymazyana yeriyirdi. Bu adam kim idi? İki yüz atlının atdöşü elədikləri bu adamı tanımırdılarmı?

Tanıyırdılar, lakin İbrahimxəlil xanın əmri beləydi: “İrana qədər piyada aparın bu qudurğanı, Fətəli şahın özünə təqdim edin”.

Ona görə də hələ bir kimsə xanın əmrini pozmağa cəsarət eləmirdi. Ağabəyimin vəziri Məlik bəy arxadan dustağı səslədi:

– Abbas bəy, yavaş get, yorularsan.

Dustaq qanrıldı, qanlı-qanlı Məlik bəyi süzdü.

– Məlik bəy, – dedi, – mənəmi gülürsən?

Məlik bəyin qaşları çatıldı:

– Allaha and olsun sənə gülmək heç ağlıma da gəlmir. Xandan keçə bilmirəm.

Abbas bəy səsini qaldırdı:

– Məlik bəy, sən yaxşı bilirsən, bu əllərdi, – zəncirli qollarını irəli uzatdı, – şahın ərməğan apardığınız başını kəsən! İbrahim xandan barat gözləyirdim, sən demə, o özü məni barat verəcəkmiş. Ha, ha, ha… Aldandım, yanıldım! Bağışla məni, ey Ağaməhəmməd şahın ruhu. Bağışla, səni qətlə yetirəndə belə bir günümü gözləmirdim. Yəqin Şəqaqi xan da Səfərəli bəyi mənim kimi tutub verib Fətəli şaha, ay vəfasız.

Məlik bəy qabardı:

– Həddini aşma, səni ələ salan yoxdu. Bir az döz, göz-dən uzaqlaşaq, minərsən ata, yoxsa bu gedişlə bir aya Tehrana çatmarıq.

Abbas bəy susdu.

Əslində İbrahim xanın ayrı əlacı yoxdu, Fətəli şah, Qacarın qatillərini tələb eləyirdi, o, bundan boyun qaçırsa, sui-qəsdin təşkilatçısı hesab olunardı. Bir də xanlığın çox ağır günləriydi, İran şahıyla gərgin olan münasibətləri bir az da gərginləşdirmək istəmirdi. Xan çox götür-qoydan sonra Abbas bəyin tutulub təslim edilməsini, sevimli qızı Ağabəyim ağanın şaha ərə verilməsini, oğlu Əbülfət ağanın girov getməsini məsləhət bilmişdi. “Qan qovuşuqdu, – demişdi, – Ağabəyim ərə gedər oğul-uşaq sahibi olar, varislərim artar. Göz işlədikcə uzanan səhrada da bir ağac əkilsə, gün gələr bəhrə verər”.

İbrahim xanın hökmü yerinə yetirilmişdi. Ağabəyimi sevdiyi oylaqlardan – Cıdır düzündən, Xəzinə qayasından, Daşaltından, İsa bulağından ayırmışdılar. Ayırmışdılar yox, onu vurğunu olduğu qayalardan qəlpə-qəlpə, bir gül kolutək dartıb kökündən qopartmışdılar. Bu gül özgə qapısında, yad torpağında bitəcəkdimi, qönçə bağlayacaqdımı, açılıb ətir saçacaqdımı? Bunu heç kəs bilmirdi, heç kəs! Nə münaqişələr, çəkişmələr içində çırpınan atası, nə sevimli anası, nə də Qarabağ elatı…

Karvan gedirdi.

Karvan ticarət karvanı deyildi. Bu karvan bir daha geri, doğma yurda, ocağa dönəcəkdimi? Heç vaxt! Ağabəyim bunu bilirdi. O, arxada duman içərisində görünməz olan Şuşa qalasına həsrətlə, ürək ağrısı ilə baxırdı. Ona elə gəlirdi ki, Şuşanın dağları da onun arxasınca belə, onun kimi həsrətlə baxır. Dözməyib üzünü döndərdi. Günəş xeyli qalxmış, ala buludlar tala-tala qızarmışdı. Yolboyu xalı kimi döşənmiş göy çəmənliklərdə bərq vuran şeh damcıları, elə bil Ağabəyimin göz yaşlarıydı – o, göz yaşlarını bax beləcə, şehə döndərib bu yerlərə səpmək istərdi.

Xan qızı səfərqabağı Şuşanı qarış-qarış gəzmişdi, özü də ayaqyalın… Torpağın istisini duymaq üçün, ayağını yuyan şeh damcılarının ilıq təmasını hiss etmək üçün!

Ağabəyim o gün çox gəzib dolaşmışdı. Hər ağacdan bir yarpaq, hər çiçəkdən bir qönçə yığıb dəstə bağlamışdı: özü ilə aparmaq üçün. O, Şuşanın əfsanəvi təbiətinin, onun min bir rəngli çiçəklərinin, güllərinin vurğunuydu. Ağabəyim çiçəklərin dilini, sirrini bilirdi, saatlarla pıçıldaşırdı çiçəklərlə. O, əvvəllər ürəyində yuva bağlamış eşqindən, sevgisindən xəbər verirdi çiçəklərə, indi isə dərdini söyləyirdi… Cıdır düzünün yaxasında çilçırağa dönmüş çiçəklərdən gözünü yığa bilmirdi. Elə bil Şuşanın çölünü, çəmənini əbədi olaraq bəbəklərinə köçürmək istəyirdi. Sonra əlvida deyəcəkdi çiçəklərə…

Birdən o, yaşıl otların arasından dünyaya “boylanan” qəribə bir çiçək gördü. Ağabəyim dizi üstə çökdü, çiçəyə dönə-dönə baxdı, indiyə kimi rast gəlməmişdi. Gəlmişdisə də fikir verməmişdi. Amma indi o, xırdaca bənövşəyi ləçəkli çiçəyin tamaşasından doymurdu. Ağabəyim ağa çiçəyə baxa-baxa fikirləşirdi ki, bu adicə bir çiçək deyil, dünyanın möcüzəsidir. Elə bil sarı bülbül çiçəyin üstünə qonub nəğmə oxuduğu yerdəcə möcüzə baş vermişdi; bülbül çiçəyə, çiçək bülbülə qovuşmuşdu. Ağabəyim əlində tutduğu çiçəyə bir də baxdı, gözlərinə inanmadı, bülbüllə çiçəyin arasına xar girmişdi. Ağabəyimin al yanaqlarına, qönçə dodaqlarına kədər qondu. Təzə tapdığı çiçəkdən dəstə bağlayıb saraya yollandı.

* * *

Həmişə şənlik içində olan Xan sarayına, elə bil süstlük, kədər yağmışdı; səs-küy yox idi. Bağırçatladan bir sükut buludu enmişdi Xan sarayının üstünə. Ağabəyim ağa bu sükut buludunun, kədər yağışının altından sıxıntı ilə keçib anası Tutubəyimin otağına yollandı. Qapını açıb astanada bir an ayaq saxladı. Anasının da otağında həmin sükutun sazağı əsirdi. Bütün bunlar elə Ağabəyimin özü ilə bağlı idi, – onun şirin qəhqəhələri bir də buralarda eşidiləcəkdimi?! Kim bilirdi. Bax, buna görə yayın bu gözəl çağında Xan sarayına qar düşmüşdü, ayrılıq qarı…

Tutubəyimin, qızını otağında görəndə sevincindən gözü doldu, qollarını geniş açdı:

– Gəl ceyran balam, gəl! – dedi onu düşməndən qoruyurmuş kimi bağrına basdı. Ağabəyim bir körpətək anasının sinəsinə sığındı. – “Ürəyi necə də tez-tez döyünür, belə getsə, tab gətirməz” – qəlbindən keçirdi, sonra bu döyüntüyə qulaq kəsildi, yadında saxlamaq üçün. O, ömrünün sonuna kimi bu döyüntünü canında, qanında yaşadacaqdı: ana ürəyinin döyüntüsünü.

Tutubəyim əllərini qızının gərdəninə dolanmış hörüklərində gəzdirdi. Ürəyində: “Heç insafdırmı belə bir dünya gözəli gedib 300 arvadı olan bir eyş-işrət sahibinə qismət olsun!” – dedi. Ana-bala xeyli beləcə, ürək-ürəyə dayandılar, ürəklərində talelərilə barışdılar, cəsarətlənib üz-üzə durdular, göz-gözə baxışdılar. Və birdən Ağabəyimin dodaqları çiçəklədi. Qızının dodaqlarında qəflətən açılmış təbəssüm çiçəyini Tutubəyim gözləriylə dərib sancdı ürəyinin üstünə, aramla köks ötürüb ciyərparasına gözüdolusu tamaşa elədi:

– Ana, heç belə çiçək görmüsən? – Ağabəyim çiçək dəstəsini Tutubəyimə uzatdı. İztirabdan gözlərinin altı kölgələnmiş Tutubəyim çiçək dəstəsini alıb baxdı, dərindən köks ötürdü, pıçıltıya bənzər bir səslə:

– Xarıbülbüldü, – dedi.

Ağabəyim:

– Necə dedin, anacan, Xarıbülbül?!

– Bəli, qızım, el arasında bunun adına Xarıbülbül deyirlər.

Ağabəyimin qaşları çatıldı.

– Qəribədir, bu günə kimi Xarıbülbül çiçəyinə rast gəlməmişdim.

Tutubəyim:

– “Bu günə kimi göylərdəydin, ay qızım, indi yerə enmisən” – demək istədi, ancaq Ağabəyimi qəmləndirməkdən qorxduğu üçün sözünü dəyişdi. – O sən deyən çiçəklərdən deyil, Bəyim, onu Cıdır düzündən başqa dünyanın heç bir yerində tapmazsan.

– Tapmaram?!

– Yox, bu çiçək təkcə Cıdır düzündə bitir. Haqqında əfsanə də qoşublar, – Tutubəyim qubar qonmuş gözlərini qızından yayındırıb Xarıbülbül çiçəyinə dikdi.

Ağabəyim şıltaq uşaq kimi qəşəng dodaqlarını büzüb:

– Danış, ana! Bilirsən əfsanələri nə qədər sevirəm! – dedi.

Tutubəyim köksünü ötürüb:

– Qulaq as, – dedi, – deyirlər lap qədimlərdə torpağın da, daşın da, gülün-çiçəyin də dili varmış. Hələ desən quşların da. Onlar da insanlar kimi sevib-sevilirmişlər. Hərə bir gözələ aşiq olurmuş, bülbül də gülə… Güllə bülbül bir-birini dəlicəsinə sevirmişlər. Bülbül hər gün gül üçün oxuyurmuş. Şuşa oylağında nə qədər gül-çiçək var, hamısı bülbüllə gülün məhəbbətinə məftun olubmuşlar. Təkcə xar bülbülün səsini eşitmək belə istəmirmiş, gülü bülbülə qısqanırmış. – Tutubəyim sözünə ara verdi, Ağabəyim uşaq kimi əllərini çənəsinə dayaq verib sonsuz bir maraqla anasının “Xarıbülbül” nağılına qulaq asırdı.

– Bir gün, – Tutubəyim sözünə davam etdi, – xar ürəyini gülə açır. Gül ona, “get tayını tap” deyir, xar çox yalvarır, gül onu eşitmir ki, eşitmir. Axırda xar acıqlanıb gülün bir ləçəyini yeyir. Gül nalə çəkib ağlayır, bülbül yarının səsini eşidib gəlib görür ki, xar gülü yeyir. Bülbül xara yalvarıb deyir, güldən əl çək, xar onu eşitmir. Bülbül sevgilisini xilas etmək üçün özünü çırpır xara, köksü parçalanır. Tamaşaya duranlar Allaha yalvarırlar. Deyirlər, ay Allah, bizim canımızı al, onlara qıyma. Allah onların səsini eşidir, bir göz qırpımında hamısını gülə, çiçəyə döndərir. Təkcə gül, xar, bir də bülbül bir yerdə çiçək olur. O zamandan el arasında bax, bu çiçəyə Xarıbülbül deyirlər.

Tutubəyim əfsanəni bitirib yaşarmış gözlərini sildi, dilinə gətirməsə də, ürəyində qızı ilə bu əfsanə arasında bir oxşarlıq görüb daha da kövrəldi. Ağabəyim də tutulmuşdu, indi dünyada onun üçün Xarıbülbül çiçəyindən əziz bir çiçək yoxdu.

Karvan gedirdi.

“Kaspi” qəzeti,

20–21 iyul 2000-ci il


XAN QIZI NATƏVAN

Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində öz yeri, xidmətləri olan Xurşidbanu Natəvan haqqında ilk dəfə ana nənəmin anası Yaxşı qocamdan eşitmişdim (Qarabağda mənim yaşıdlarım yaşlı nənələrinə "qoca" deyə müraciət edərdilər). Mən uşaq olanda Yaxşı qocam ömrünün gəlinlik çağını XIX əsrdə yaşayıb ahıllığını XX əsrdə başa vurmaqdaydı. O, hər dəfə bizə baş çəkməyə gələndə mənə nağıllar danışardı. Bu nağılların birində isə Yaxşı qocamı kəndimizin qızgəlini ilə toplaşıb başının dəstəsiylə Ağcabədinin Kəhrizli kəndindən gəlib, bizim Çəmənlidən keçib el yoluyla Şuşa qalasına gedən Xan qızı Natəvanın tamaşasına duran gördüm. Onun xatirəsində Xan qızı Natəvan at belindəydi, qızıl düyməli çəpkəni, papaqqabağısı, belindəki qızıl kəməri günəşin şəfəqləri altında bərq vururdu. Bu xatirənin sonu məşhur bir bayatı ilə bitmişdi:

Burdan bir atlı keçdi,

Atın oynatdı keçdi.

Gün kimi şəfəq saçdı,

Ay kimi batdı keçdi.

Mən çox sonralar bildim ki, qoca nənəmin heyranlıqla təsvir etdiyi Xan qızı Xurşidbanu Natəvan imiş. Onu da anladım ki, uzun bir ömür sürmüş Yaxşı qocamın bu dünyada gördüyü və sevdiyi ən böyük şəxsiyyət elə Xan qızı imiş.

Zaman keçdi, muğamat saatlarında radiodan eşitdiyim Xan qızının:

Dilbəra, dərdi-dilimdən

belə ünvan etdim

Ki, qəmi-hicrdə dil

mülkünü viran etdim,

– mətləli qəzəli ustad xanəndə Yaqub Məmmədovun səsi ilə yaddaşıma köçdü.

Təbii ki, ali məktəbdə oxuyanda bu incə qəlbli şairin yaradıcılığı, rəhbəri olduğu "Məclisi-üns" ədəbi məclisi haqqında kifayət qədər bilgi əldə etmişdim. Dünya şöhrətli fransız yazıçısı Aleksandr Dümanın (1802-1870) "Qafqaz" əsərində Xurşidbanu Natəvan və onun əri Xasay xan Usmiyev barədə xoş sözləri oxuyanda çox xoşhal olmuşdum. A.Düma (Ata) polismeysteri rəisi Piqulevskinin evində Xasay xan Usmiyevlə və onun xanımı Xurşidbanu, qayınanası Bədircahan bəyim və uşaqları ilə tanış olmuş, ilk təəssüratlarını belə ifadə etmişdi: "İki azərbaycanlı qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı (Xurşidbanu Natəvan – M.Ç.) idi. Anaya qırx, qızına iyirmi yaşdan artıq vermək olmazdı. Hər ikisi milli geyimdə idi. Qız zəngin olan milli geyimdə füsunkar görünürdü.

Üç-dörd yaşlı, eynilə anası kimi geyinmiş balaca qız uşağı iri, qara gözlərini təəccüblə bizə zilləyərkən beş-altı yaşında bir oğlan uşağı nənəsinin qucağına sıxılmışdı və təsadüfən, yaxud qeyri-ixtiyari olaraq əli ilə xəncərinin dəstəyindən tutmuşdu.

Tiyəsinin dalı-qabağı – hər iki tərəfi kəsən ülgüc kimi iti, həqiqi bir xəncəri fransız qadını heç vəchlə öz uşağının əlinə verməzdi, ancaq bu, azərbaycanlı qadınının öz uşağına verdiyi bir oyuncaq idi".

Xasay xan Usmiyevin A.Dümaya yazdığı kiçik bir məktubdan onun xanımı Natəvanın əl qabiliyyətindən necə məmnun olduğunu görürük. "Bir saat sonra ondan (Xasay xandan – M.Ç.) kiçik bir məktub aldım. Fransızca mükəmməl tərtib olunmuş bu kiçik məktubda aşağıdakı sözlər yazılmışdı: "Müsyö, Sizin çox gözəl silahlarınız vardır, odur ki, bu kolleksiyanıza nəsə əlavə etməyə cəsarətim çatmadı; ancaq xanımım bir pul kisəsini və iki arxalığı qəbul etmənizi xahiş edir. Pul kisəsinin naxışlarını xanım öz əlləri ilə işləmişdir. İmza: knyaz Xasay Usmiyev".

Bu hədiyyənin qarşılığında A.Düma Xan qızına fil sümüyündən şahmat bağışlamışdır.

Natəvanın yaradıcılığı, şəxsi həyatı sonralar da mənim yoluma çıxdı. 1983-cü ildə filologiya elmləri namizədi Bəylər Məmmədovun işlədiyim "Yazıçı" nəşriyyatında "Xurşidbanu Natəvan" monoqrafiyası nəşr olunmuşdu. Bu monoqrafiyanı oxumuşdum və Xan qızının fərəhli-fərəhsiz günlərinin şahidi olmuşdum. Kitabın müəllifi Bəylər müəllimlə dostlaşmışdıq. Bəylər Məmmədov öz imzası ilə oxucunun gözünü "qabar" edənlərdən deyildi. Az-az yazırdı, amma yazdıqları maraqla qarşılanırdı. Çünki hər yazısı tapıntı idi. Bir gün "Ədəbiyyat və incəsənət" qəzetində onun "Xurşidbanu Natəvanın şair qohumları" sərlövhəli maraqlı bir məqaləsini oxudum. O zaman "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor redaksiyasının müdiri işləyirdim. Bəylər müəllimə zəng vurub onu məqalə münasibətilə təbrik etdim, sonra, "yaxşı olar məqalədə adı çəkilən şairlərin şeirlərini toplayasınız, kitab halında çap edək" dedim. O, belə bir niyyətdə olmadığını söyləsə də, təklifimi qəbul etdi və 1989-cu ildə "Natəvanın şair qohumları" kitabı nəşr edildi.

Doğrusu, Xurşidbanu Natəvanın 1886-cı ildə tərtib etdiyi şeir və rəsmlərdən ibarət "Gül dəftəri" albomu barədə də müfəssəl fikirləri ilk dəfə Bəylər Məmmədovun monoqrafiyasında oxumuşdum. Xan qızının müasiri Mir Möhsün Nəvvab da təzkirəsində onun şəxsiyyətinə və rəssamlıq qabiliyyətinə yüksək qiymət verərək yazır: "… əhvalı və məzacı adi, xarici görünüşü eyibsiz, zərif qadındır. Qadınlara xas olan əməllərdə çox mahirdir. Rəssamlıq sənətində çox qabil və kamildir".

Mən hələ sovet dövründə Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Yusif Vəzir Çəmənzəminlinin rəsmlərini bir kitabda toplayıb çap etdirmək istəyirdim. Lakin bu istəyim baş tutmadı. 2011-ci ildə M.Füzuli adına Əlyazmalar İnstitutuna gedib şairin "Gül dəftəri" ilə tanış oldum. Düzü, bir əsr bundan əvvəl Xan qızının adi karandaşla çəkdiyi rəsmləri görəndə çox duyğulandım. Təəssüflər olsun ki, dəfələrlə qəzəlləri Azərbaycan və rus (1983) dillərində dərc edilən şairin elm aləminə 1938-ci ilin mart ayından bəlli olan "Gül dəftəri"ndəki rəsmləri o vaxta qədər bütöv halda çap olunmamışdır. Ona görə də bu yeni tərtibdə Natəvanın qəzəlləri ilə yanaşı onun çəkdiyi rəsmləri də verməyi vacib saydıq. Bu rəsmlərin çapa yararlı olub-olmamasını müəyyənləşdirmək niyyəti ilə uzun illər kitab qrafikası ilə məşğul olmuş rəssam Abdulla Ələkbərovla Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Paşa Əlioğlunun yanında olduq və bir daha "Gül dəftəri"ndəki rəsmləri nəzərdən keçirdik. Abdulla müəllim bir mütəxəssis kimi rəsmlərin çapının mümkün olduğunu söylədi. Yeni tərtiblə bağlı Paşa müəllimlə fikirlərimi bölüşdüm. O, Əlyazmalar İnstitutunun arxivində Mirzə Rəhim Fənanın, Natəvanın nəvəsi Əkbər Naxçıvanskinin, oğulluğu Mir Həsən Mir Haşım oğlu Ağamirovun, Zülfüqar bəy Hacıbəylinin xatirələrinin saxlandığını və bu xatirələrin şairin həyatını, dünyagörüşünü, "Məclisi-üns"dəki fəaliyyətini öyrənmək baxımından çox qiymətli mənbə olduğunu söylədi. Paşa müəllimdən yeni tərtibə əlavə etmək üçün həmin xatirələrin üzünü köçürtdürməyi və kitaba ön söz yazmasını xahiş etdim.

Ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş xatirələrdən, şairin nəslindən olan insanların söz-söhbətlərindən görünür ki, Natəvanın irsi hələ də hərtərəfli araşdırılıb üzə çıxarılmamışdır. Fikrimizi bu kitaba daxil etdiyimiz tanınmış yazıçı, tərcüməçi Hüseyn Sərifin (1909-1989) "Bir hədiyyənin tarixçəsi" və jurnalist Novruz Novruzovun (İbrahimoğlu) "Xan qızının xatirə əşyaları" məqalələrinə istinad edərək söyləyirik. "Bir hədiyyənin tarixçəsi" məqaləsinin müəllifi Hüseyn Şərif 1944-cü ildə İranda olarkən Muradəli adlı bir şəxsin Xan qızı Natəvanın əlyazmasını ona bağışlamasından, hətta o zaman ədəbiyyatşünas-alim Arif Dadaşzadənin bu əlyazmaları "Natəvanın əlyazmalar fondunda saxlanan digər sənədləri" ilə tutuşdurmasından, "birini qoyub, o birini götürməsindən" söz açır və sonra Arif müəllimin: "Bəs indi necə olsun, Hüseyn, bunlar harada qalacaq, nə etmək istəyirsən?" məntiqli sualı qarşısında Hüseyn Şərifin: "Muradəli xanın yazısını özün gördün, bunları mənə yadigar verib. Sabah Təbrizə yola düşürəm. Sağlıq olsun, qayıdanda məsləhətləşərik", – deyir.

Bu məsləhətləşmənin sonu nə ilə bitib, bizə bəlli deyil. Çox illər sonra, 28 iyul 1984-cü ildə "Azərbaycan gəncləri" qəzetində "Bir hədiyyənin tarixçəsi" adlı xatirəsini və Natəvanın üç rəsmini, əlyazısının kiçicik surətini çap etdirən müəllif nədənsə əlyazmaların sonrakı taleyindən danışmayıb.

Bəs bu nadir "hədiyyə" necə olub? Doğrudanmı Xan qızına məxsus bu qiymətli hədiyyə it-bata düşüb? S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə, Əlyazmalar İnstitutuna, ayrı-ayrı şəxslərə müraciət etdim. "Bizdə belə bir əlyazma yoxdur" cavabını aldım. Nəhayət, vaxtilə "Yazıçı" nəşriyyatında mənimlə birgə işləmiş Hüseyn Şərifin oğlu Eldar Şərifova müraciət etdim. O, atası vəfat etdikdən sonra əlyazmaları C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə verdiyini  söylədi. Dərhal Teatr muzeyinə gedib əlyazmalarla tanış oldum. Muzeydə şəxsi arxiv və sənədlər şöbəsində saxlanan bu əlyazma 9 qəzəldən, 4 rəsmdən ibarətdir (Doğrudanmı 1944-cü ildə İranda H.Şərifə verilmiş əlyazmalar ancaq bundan ibarətdir? Hökm vermək çətindir). Rəsmlərə baxan kimi Natəvana məxsusluğu dərhal nəzərə çarpır. Onu da deyim ki, bu rəsmlər Natəvanın "Gül dəftəri"ndə yoxdur. Şeirlərə gəlincə, bu qəzəllərdən yalnız biri bu günə kimi çap olunmayıb (Qəzəllərdən biri isə Mirzə Rəhim Fənaya məxsusdur). Şairin oğluna həsr etdiyi "Getmə" rədifli bu qəzəli də motivi etibarilə eyni rədifli digər şeirləri ilə səsləşir. Onun qəzəlini əsərlərinə əlavə etdik, digərlərini isə çap olunmuş mətnlərlə tutuşdurduq və bəzi qəzəllərdə xırda düzəlişlər etdik.

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız və dövlətimiz yüksək qiymətləndirmiş, onun adı əbədiləşdirilmişdir. Bu kitab da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyi ilə bağlı verdiyi sərəncama müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunub.

Xurşidbanu Natəvanın həyat və yaradıcılığı şair və yazıçılarımızı da ilhamlandırmış, xalq şairləri Səməd Vurğun, Məmməd Rahim, Hüseyn Arif və başqaları onun haqqında şeirlər, poemalar, xalq yazıçıları – Əzizə Cəfərzadə hekayələr, İlyas Əfəndiyev "Xurşidbanu Natəvan", şairə Fəridə Əliyarbəyli "Xan qızı", yazıçı Şövkət Məmmədova "Natəvan" pyeslərini, bəstəkar, xalq artisti Vasif Adıgözəlov "Natəvan" operasını yazmışlar. Görkəmli heykəltəraş Eldar Ömərov şairin heykəlini yaratmış, bir çox rəssamlar, xüsusilə Altay Hacıyev, Mikayıl Abdullayev və Oqtay Sadıqzadə onun bədii obrazını tablolarda əbədiləşdirmişlər. Xalq rəssamı Altay Hacıyev Xurşidbanu Natəvanın həyatının ayrı-ayrı məqamlarını əks etdirən silsilə rəngkarlıq və qrafika əsərləri yaratmışdır.

Yeri gəlmişkən, kitabda yer almış "Məclisi-üns", "Məclisi-fəramuşan" ədəbi məclislərinin üzvlərindən Mirzə Rəhim Fəna, İsmayıl bəy Daruğə, Məmo bəy Məmai, Mehdiqulu xan Vəfa, Həsən ağa Yüzbaşov və Həsənəli xan Qaradağinin şəkillərini bizə təqdim etdiyi üçün Altay Hacıyevə minnətdarlığımızı bildiririk. Xatırlatmaq yerinə düşərdi ki, "Məclisi-üns"ün katibi Rəhim bəy Fəna Altay Hacıyevin babası Kərbəlayi Səhliyalının dayısı oğludur.

Xan qızı Natəvanın bu yeni nəşrində şairin şeirləri, rəsmləri, həyatı, şəxsiyyəti və ədəbi irsi haqqında yazılmış xatirələrin də toplandığını nəzərə alaraq, onun məşhur qəzəllərindən birinin – "Neçin gəlməz" adı ilə nəşr olunmasını münasib bildik. Ad şərti olsa da, fikrimizcə, bu, həm şairin yaşantılarını, həm də bütövlükdə onun lirikasının leytmotivini özündə daha aydın şəkildə əks etdirir.

“Azərbaycan” qəzeti

15 avqust 2012


BİR MƏKTUBUN OVQATI

Bu gün bəlkə də ömründə bir dəfə dost-tanışına, sevgilisinə məktub yazmayanlar üçün məktubdan danışmaq çox qəribə səslənə bilər. Mobil telefon, internet əlaqəsi olan yerdə nə məktub! Ancaq yaxın keçmişimizə qədər məktub yazmaq, arzu və istəkləri yazılı şəkildə bildirmək dəbdə idi. Yəqin ki, bu günlərdə şəxsi arxivimi sahmana salarkən əlimə keçən bir məktub olmasaydı, bu barədə danışmazdım. Bu qısa məktub bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz xalq şairi Mirvarid Dilbaziyə məxsusdur. 10 iyul 1982-ci il tarixli bu məktubu Mirvarid xanım o zaman radionun musiqi şöbəsinə göndərmiş, şəxsən tanımadığı bir gəncə – mənə ünvanlanmışdı:

“Əziz, hörmətli oğlumuz Mustafa!

Çox dinlədim, familiyanızı aydın eşidə bilmədim. Ancaq bu, “Yadigar səslər” haqqında verilişinizə görə öz minnətdarlığımı bildirməyə mane olmur. Vətənini, xalqını sevən hər bir patriot Sizin kimi ziyalı, mili sərvətinin sahibi nəsil-varis yetirməlidir. Sizin kimi, sözün əsl mənasında, mədəniyyətimizin, ədəbiyyatımızın varisləri olduqca heç bir şey itməyəcək, heç kəs yaddan çıxmayacaq. Çox sağ olun. Apardığınız qiymətli tədqiqat işləri üçün sizə dərin, sonsuz minnətdarlığımı bildirirəm. Gələcək işinizdə müvəffəqiyyətlər və cansağlığı arzu edirəm.

Hörmətlə: xalq şairi Mirvarid Dilbazi”

10.VII.82

Əlbəttə, bu adi telefon danışığı olsaydı, 30 il bundan qabaq yazılmış məktub – sənəd olmasaydı, yaddaşımı oyatmazdı. Vaxtilə Mirvarid xanımı duyğulandırmış “Yadigar səslər” adlı musiqili verilişim 30 il bundan qabaq, 1982-ci il iyulun 3-də saat 16:15-də Respublika radiosunda səslənmişdi. Mən bu verilişdə ilk dəfə Fərəməz Həsənovun ifasında “Dağlarda çiçək”, Nəzakət İsmayılovanın ifasında “Qatar” muğamını, keçmiş xanəndə, sonralar milyonçu olmuş, sovet hökuməti qurulandan sonra isə xaricə mühacirət etmiş Seyid Mirbabayevin “Ay bəri bax”ını səsləndirmişdim, ilk rəqqaslarımız haqqında söhbət açmışdım. Və o zaman 70 yaşlı müğənni Bikə Səmədzadəni də bu verilişə dəvət etmişdim. Yaxşı yadımdadır, beli azacıq əyilmiş yetmiş yaşlı bu qadını bir neçə dəfə radionun dəhlizində görmüşdüm. Bir dəfə musiqi şöbəsinin müdiri Hacı Məmmədovdan bu qadının kim olduğunu soruşdum. O dedi ki, “Nə bilim, əşi, deyir səsimi yazdırmaq istəyirəm, vaxtilə müğənni olmuşam, bəlkə onunla söhbət eləyəsən”. Dərhal dəhlizə çıxıb var-gəl edən qadına yanaşdım:

– Xanım!

Qadın qəddini dikəltdi:

– Bəli.

– Siz kimsiniz?

– Mən Bikə Səmədzadəyəm. Eşitməmisən?!

– Adınıza ötən illərin afişalarında rast gəlmişəm. Məni bir dəqiqə gözləyin, gəlirəm, – deyib Hacının yanına qayıtdım. – Qadın doğru söyləyir, icazə ver, onu verilişlərimin birində danışdırım.

– Nə olar, – dedi, – Allaha da xoş gedər.

Mən qayıdıb Bikə xanımla söhbətləşdim. Məlum oldu ki, əslən Dərbənddəndir. Üzeyir bəyin tələbəsi olub. Müharibə vaxtı ön cəbhədə əsgərlər qarşısında çoxsaylı konsertlər verib. Bir dəfə isə bərk soyuqlayıb və o gündən səsini itirib, səsi gahgəl olub.

Mən taleyi gətirməyən Bikə xanımı “Yadigar səslər” adlı həmin verilişimdə danışdırıb, Üzeyir bəyin mahnılarından musiqinin müşayiəti olmadan oxutdurdum. O dövrdə mənim bu verilişim xeyli əks-səda doğurdu. Bikə xanımın sonrakı taleyindən xəbərim olmadı, “Yadigar səslər” verilişinin həmin sayı isə Respublika radiosunun fondunda saxlanılır. Onu da deyim ki, Bikə xanımın taleyindən təsirlənərək “İtirilmiş səs” adlı irihəcmli bir hekayə də yazıb çap etdirmişdim.

Nə isə, mətləbdən aralı düşdük. Mirvarid xanım məktubu yazdığı dövrdə mən “Yazıçı” nəşriyyatında işləyirdim. O zaman görkəmli şair və ədiblər vaxtaşırı “Yazıçı” nəşriyyatına gələrdilər. Bir dəfə Mirvarid xanımın nəşriyyatın poeziya şöbəsinə gəldiyini eşidib ora getdim, tanışlıq verdim və məktubuna görə ona təşəkkür etdim. Mirvarid xanım gülümsəyərək dedi: “Nədənsə, mən sizi bəstəkar bilirdim” (Yəqin ki, radioda tez-tez səslənən musiqili verilişlərimə görə belə düşünürmüş). O gündən Mirvarid xanımla nəşriyyatda, müxtəlif tədbirlərdə görüşürdüm. O, Azərbaycan xalqının ən ali keyfiyyətlərinin daşıyıcısı olan həlim xasiyyətli bir xanım idi.

1989-ci ildə xalq artisti Əbülfət Əliyev haqqında radio verilişi hazırlayırdım. Müğənnidən “kimlərin haqqınızda söz deməsini istəyirsiniz?!” – soruşanda Mirvarid Dilbazinin adını çəkdi. Bir neçə gündən sonra Mirvarid xanımın evinə zəng vurdum. Dedilər ki, şairə Mərdəkandadır, müalicə olunur. Mən bunu Əbülfət Əliyevə çatdırdım. Dedi ki, maşınla yanına gedərik. Mənim haqqımda çıxış etmək Mirvarid xanımın öz arzusudur.

Əbülfət Əliyevlə yol yoldaşı olacağıma görə sevindim. Çünki bilirdim ki, yolboyu onun musiqi haqqında fikirlərini eşidəcəm və yazacağım veriliş bir qədər də zənginləşəcəkdir. Doğrudan da, yol uzunu onun şirin söhbətini dinləməkdən doymadım.

…Mənzil başına çatdıq. Mirvarid xanım Əbülfət Əliyevi görəndə çox sevindi. O, ikinəfərlik palatada qalırdı. Masanın üstünə səpələnmiş vərəqlərdən hiss etdim ki, onu şeir aləmindən ayırmışıq. Buna baxmayaraq, şairə bizi həssaslıqla qarşıladı. Özümlə diktofon da götürmüşdüm. Mirvarid xanıma gəlişimizin səbəbini dedim. O:

– Əbülfət müəllim mənim çox sevdiyim sənətkardı. Onun haqqında hər vaxt danışmağa hazıram, – dedi. Sonra soyuducunu açdı, portağal götürüb səliqə ilə dilimlədi: “Buyurun yeyin”, – dedi. Əbülfət Mirvarid xanımdan isti su istədi. O, soyuq portağal dilimlərini isitdikdən sonra yedi. Bu, diqqətimdən yayınmadı: “Səsinizi həmişə belə qoruyursunuz?” – deyə soruşdum.

– Ömrüm boyu qorumuşam. Səs təkcə mənim deyil axı, həm də xalqındı. İnanırsınızmı, Bakının küləkli günündə evdən bayıra çıxmıram. Cabbar Qaryağdıoğlu Xan əmiyə deyirmiş ki, bala, bir halda ki Bakıya gəlmisən, sənə bir məsləhətim var: düş padvallarda hamballarla çay iç, amma su içmə.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации