Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 14

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 14 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Bütün bunlarla yanaşı Tehran Vəliyev həmkarlarının, oxucuların yadında, əsasən, mahir tərcüməçi kimi qalmışdır. Etiraf edək ki, dünya ədəbiyyatının bir çox dəyərli nümunələri doğma türkcəmizə rus dilindən çevrilmişdir. Təəssüf ki, orijinaldan tərcümə sahəsində yetərincə tərcüməçi kadrlarımız yoxdur. Bu baxımdan Tehran Vəliyevin xidmətləri danılmazdır. Biz C.Selencerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını, U. Folklerin, F.Fitsceraldın hekayələrini Tehran Vəliyevin orijinaldan etdiyi tərcümələrlə oxuyub tanış olmuşuq. Tehranın E.Heminqueydən, S. Hilldən etdiyi tərcümələri də eyni məhəbbətlə oxumuşuq. Onun tərcümələri “Azərbaycan”, “Xəzər” kimi mötəbər ədəbi jurnallarda, “Yol” qəzetində dərc olunurdu və özünə geniş oxucu auditoriyası qazanırdı. Təsadüfi deyildir ki, sonralar adlarını çəkdiyimiz bu böyük yazıçıların “Seçilmiş əsərləri” məhz Tehran Vəliyevin tərcümələri əsasında latın qrafikası ilə kütləvi tirajla nəşr olunmuşdur.

Tehran Vəliyev rusdilli yazıçılarımızdan Maqsud İbra-himbəyovun “Hava məbədi”, “Bütün yaxşılıqlara ölüm” povestlərini də ana dilimizə yüksək peşəkarlıqla çevirmişdir.

Tərcüməçilik çox şərəfli və məsuliyyətli bir sənətdir. Tərcüməçi hər iki dili – həm doğma ana dilini, həm də tərcümə üçün müraciət etdiyi əcnəbi dilini incəliklərinə qədər bilməlidir. Bu mənada, Tehran Vəliyev həm ingilis, həm də doğma ana dilini gözəl bilirdi. Buna görə də onun tərcümələrini oxuyanda dil kələ-kötürlüyünə, üslub qüsuruna, fikir-düşüncə yanlışlıqlarına rast gəlmirsən.

Həyat bizim başımızı yaşamağa, ailəmizi yaşatmağa – bunun üçün gecə-gündüz çalışmaq lazımdı – qarışdırdığından, sən deyən də tez-tez görüşmürdük. Hərdən zəngləşib bir-birimizdən hal-əhval tuturduq, mədəniyyət və turizm nazirliyinin müxtəlif tədbirlərində görüşərdik. Yolum nazirliyə düşəndə hökmən ona baş çəkərdim. Fürsət düşəndə ikilikdə badə yoldaşlığı da edərdik. Tehranın emosiyadan, pafosdan uzaq söhbətlərini, hər hansı həyat hadisəsi haqqında fikirlərini eşitmək çox xoşdu.

Tehran son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Nazirlikdə görüşəndə çox vaxt dəhlizin qurtaracağında, pilləkənlərin baş tərəfinə gəlib dərdləşərdik. Tehran əlini ağappaq ağarmış sıx saçlarında gəzdirib siqaret çəkməyə başlardı. Belə anlarda nədənsə o mənə Amerika yazıçısı Folkneri xatırladardı. Ömründə üzünü görmədiyim, xarakterini bilmədiyim, amma Tehranın tərcüməsində hekayələrini oxuduğum Folknerə.

Təəssüflər olsun ki, Tehran Vəliyev bizi çox erkən tərk etdi. O, hələ çox işlər görməyə qadir idi. Onun arxivində başa çatdırmadığı tərcümələri də çoxdur. Arzum budur bu tərcümələr, yarımçıq da olsa, ədəbi nümunə kimi mətbuat səhifələrinə yol tapsın. Əziz dostumuzun, peşəkar tərcüməçimizin ruhu bundan şad olar.

“525-ci qəzet”

18 yanvar 2016-cı il

UNUDULMAZ NAŞİR

İşə adətim üzrə səhər tezdən gəlirəm. Qapını açan təki onunla qarşılaşıram. Daha doğrusu, qara çərçivəyə alınmış şəkli ilə. Qarşısında Quran, ətrafında bir dəstə qızılgül… Nüfuzedici mavi gözləri ilə harasa baxır. Hüzn içində, asta addımlarla yanından keçib üçüncü mərtəbəyə qalxır, otağıma girirəm. Xəyalım bir yerdə qərar tutmur. Ömrünün müxtəlif anları gəlib gözlərim önündən keçir. Zarafat deyil, 10 il bir yerdə işləmişik. On il! Onun qurub-yaratdığı, Baş direktoru olduğu “Təhsil” nəşriyyatında. Bəhruz Axundov nəşriyyata, naşirliyə sadəcə biznes gözü ilə baxmırdı, o, bu sahənin vurğunu, fanatı idi. O, sadəcə kitabsevərlər ordusunun adi bir oxucusu deyildi, yeni-yeni kitabların yaradıcısı, ideya verəni idi. Ömrünün 35 ilini kitab nəşrinə, çapına həsr etmişdi. Kitabı “bəşəriyyətin ən böyük kəşfi, sivilizasiyanın onurğa sütunu” hesab edirdi. Kitab onun üçün böyük anlamda ƏLAHƏZRƏT idi. “Əlahəzrət kitab” aforizmi də elə ona məxsusdur.

Mən qırx ildən çoxdur ki, nəşriyyat sistemində çalışıram. Bir çox naşirlərlə işləmişəm. Bir direktor kimi Bəhruz Axundovun kitaba olan sevgisini ancaq mərhum naşir Əjdər Xanbabayevlə müqayisə edə bilərəm. Bəhruz Axundov Azərbaycan kitab nəşrini dünya kitab nəşri səviyyəsinə qaldırmaq istəyində olan, bu istiqamətdə fəaliyyət göstərən fədakar bir naşir kimi tanınırdı. Çünki onda nəşriyyat işinə, kitab çapına şüurlu münasibət vardı. O, “Mən niyə naşir olmaq istəyirəm?” sualına tam, dolğun, səmimi cavab verə biləcək tək-tək naşirlərdən biri idi. Onun naşiri olduğu bir çox kitablar, hətta Avropa ölkələri arasında keyfiyyətli kitab nəşrinə görə Qızıl medala, “Qızıl Delfin” mükafatına, “Qran-Pri”yə layiq görülmüşdü.

O görəcəyi hər bir işə peşəkarcasına yanaşır və peşəkarlarla işləməyi sevirdi. Çünki bilirdi ki, yüksək nailiyyətlərə ancaq işini bilən peşəkarlarla nail olmaq mümkündür. O, daim yeniliyə can atan, işləməkdən usanmayan, iradəli, əqidəli bir insan idi. Həm də ötkəm və tələbkardı. Kollektivdə hər kəsin müsbət və mənfi keyfiyyətlərini, bacarığını çox gözəl bilirdi.

Bəhruz Axundov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik də etmişdi. O, burada tələbələrə nəşriyyat işindən dərs deyirdi. “Nəşriyyat işinin əsasları”, “Nəşriyyat-poliqrafiya və jurnalistikaterminlərinin izahlı lüğəti” dərsliklərinin, dəyərli “Azərbaycanca-Rusca, Rusca-Azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti” kitabının həmmüəlliflərindən biri idi. Unudulmaz naşirimiz tələbələrinə də sabahın naşiri gözü ilə baxır, hətta layiq olanları rəhbəri olduğu nəşriyyatda işlə təmin edirdi.

Bəhruz Axundov müstəqillik illərinin bəhrəsi olan çoxsaylı nəşriyyatların inkişafını qəlbən istəyən təəssübkeş vətəndaş idi. Bu sahədə həmrəyliyin olması üçün o, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin yaranmasının təşəbbüskarı olmuşdu. Birliyin sədri seçilmişdi. Bu sahədə də çox işlər görmək arzusunda idi. Təsadüfi deyildir ki, dərhal Birliyin “Naşir” adlı jurnalını nəfis şəkildə nəşr etməyə başlamışdı. Bəhruz Axundov bu jurnalın qüsursuz, mənalı və məzmunlu çıxması üçün nə qədər vaxt, əmək sərf etmişdi. Jurnalın hər səhifəsi onun göstərişləri və zövqünə görə tərtib olunurdu.

Bəhruz Axundov BDU-nun jurnalistika fakültəsini bitirmişdi. Onu bu fakültəyə gətirib çıxaran isə bədii yaradıcılığa olan məhəbbəti, yazıb-yaratmaq eşqi idi. O, mənimlə şəxsi söhbətlərində həmişə heyfsilənirdi ki, özünü bütövlükdə bədii yaradıcılığa həsr edə bilməyib. Təsəlli verib deyirdim ki, qardaş, sənin ən böyük əsərin “Təhsil” nəşriyyatıdır. Gör nə qədər kitablar nəşr etmisən. Hər bir kitabda sənin naşir ömrün yaşayır. Sözlərimə gülümsəyirdi, siqaret alışdırıb damağına alaraq xəyala dalırdı.

2015-ci ildə “Dünənki sabah” adlı hekayə, esse, bədii publisistika və şeirlərdən ibarət kitabını nəşr etdi. Bu, onun sonuncu kitabı idi. Kitabın redaktoru kimi şahidəm ki, necə nigaran, necə narahat idi. Hər bir yazısının üstə əsirdi, redaktə edirdi, fikir bölüşdürürdü. Kitabına neçə ad seçmişdi. Bu gün bəyəndiyini sabah qəbul etmirdi. Bu adqoyma axtarışı az qala bir ay çəkdi və nəhayət, kitabını “Dünənki sabah” adlandırdı. Gözlənilməz və tam orijinal bir ad.

Bu kitabda hər şey var; ata-ana məhəbbəti, dost itkisi, torpaq dərdi, yurd həsrəti, kitab və nəşr məsələləri, arzular, istəklər, hətta dünyaya yenicə qədəm qoyan nəvə sevinci də:

İlk nəvəmi qucağıma almışam,

Həyəcandan gicgahıma tər gəlib.

Ey insanlar, qarşılayın nəvəmi,

Dünyamıza yeni igid, nər gəlir.

O, ata-anası haqqında da eyni hərarətlə yazırdı. “Tanrım bərabəri” essesini atasına həsr etmişdi. Esse belə bir epiqrafla başlayır. “Ata olmaq asandır, ata kimi qalmaq çətin…”. Özgənin deyil, öz sözləridir. Onun bu essesində ata-anasına olan sonsuz sevgisini, məhəbbətini, ehtiramını gördüm: “Ata, Ana haqqında yazmaq nə çətin imiş, İlahi?! Qələmi götürüb yazmaq istəyirəm. Ağ kağıza baxa-baxa gözlərim qaralır. Xəyal məni özümdən alıb aparır, elə xatirələrə, elə xəyallara qovuşdurur, elə incəliklərə varır ki, əlimdəki qələmi də, qarşımdakı kağızı da unuduram. İçimdə elə duyğular baş qaldırır ki, onları sözə çevirə bilmirəm.

Valideynlər haqqında yazmağın çətinliyində dərin bir məntiq də var. Axı onlar səni yaradanlar, sənin müqəddəslərindirlər. Axı ancaq müqəddəslər insan yarada bilərlər. Müqəddəslər haqqında yazmaq üçün isə heç olmasa onların dayandığı yüksəkliyə yaxınlaşmaq lazımdır. Bu isə çox çətindir. İndi daha yaxşı başa düşürəm ki, Böyük Yaradan və onun Rəsulu haqqında niyə çox az yazılıb”.

Bu sətirlər elə-belə, yazmaq xatirinə yazılmamışdı, Bəhruzun ruhunun ifadəsiydi. Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr etdiyi “Məhəkdaşı”nı, doktor Cavad Heyətdən bəhs edən oçerkini də beləcə, qəlbinin hərarəti ilə yazmışdı. Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr etdiyi “Əqidəsinin və cəsarətinin Bəxtiyarı” yazısı isə şair Bəxtiyarın bir sənətkar kimi bəxtiyarlığını incələyən bədii publisistikanın gözəl nümunəsidir. İstər-istəməz onun gəldiyi qənaətlə şərik duraq: “İnsan yana-yana yaşayır, yaşa-yaşaya yonulur, yonula-yonula kamilləşir, kamilləşdikcə də müdrikləşir. Müdrik insan hər an dönüb geriyə, dünəninə baxır. O, ömrün zirvəsindən günahlarnı, səhvlərini daha yaxşı görür. Düzəldilməsi mümkün olan səhvlərini düzəltməyə çalışır, günahlarının bağışlanması üçün isə Tanrıya əl açır.

İnsan yaşa dolduqca ömrünün baharında batman-batman küləyə verdiyi qiymətli vaxtlarını payız çağında misqal-misqal bərpa etmək üçün dəqiqəyə, saniyəyə qənaət edir, yuxusuna haram qatır. O, bir daha səhv etməmək üçün hər addımını ölçüb-biçir. Xüsusilə özündən savayı başqalarının da həyatı üçün cavabdeh olduğunu dərk edəndə bu məsuliyyət birə-yüz artır. Həyatın bu anında insanda qorxu hissi baş qaldırır. Bəli, o, bir də təkrar edilməyəcək ömür boyu qazandıqlarını itirməkdən qorxur, onun üçün doğma, əziz müqəddəs olanlara xələl gəlməsindən qorxur”.

“Dünənki sabah”da Bəhruz Axundovun xeyli şeirləri də toplanb. Əlbəttə, o, şairlik iddiasında deyildi, ancaq yazdığı şeir nümunələri onun istedadı haqqında çox şey deyirdi:

Çırpınan dalğasıyam

Sən adlı bir dənizin.

Aramızdan su keçməz,

Torpaq ayırmaz bizi.

Harda üz-üzə gəldik,

Necə vuruldum sənə?!

Nə vaxt girdin bilmədim,

Mənim bu daş qəlbimə?!

Bəlkə, bu bir yanlışlıq,

Bəlkə, günahım mənim.

Bəlkə, həyat cəzamdır

Mənim səni sevməyim?!

Bəhruz bəy Ağdamda dünyaya göz açmışdı, uşaqlığı, gəncliyinin ilk çağları orada keçmişdi. Ona görə də yurd itkisi onu ömürboyu tərk etmədi. “Torpaqsız, obasız qarabağlıyam”, – deyirdi həmişə. Həm yazıları, həm də xeyirxah əməlləri, maddi köməyi ilə yurddaşlarına hayan dururdu:

Vətəndə vətənsiz soydaşlarım var,

Çadırda inləyən qardaşlarım var,

Minlərlə şəhidim, sirdaşlarım var,

Soruşma halımı, qəlbi dağlıyam,

Torpaqsız, obasız qarabağlıyam.

Bizim unudulmaz naşirimiz həyatdan, çatışmazlıqlardan ah-uf, giley-güzar edən adamlardan deyildi, əksinə, mərdi-mərdanə meydana atılan, sinəsini qabağa verənlərdən idi. Köhnə kişilərin çox-çox müsbət keyfiyyətləri cəmləşmişdi onda. Şeirlərinin birində deyir ki:

Hər kəs bəhrəsini vaxtında dərib,

Mənsə fidanımı indi əkirəm.

Gənclik illərimi küləyə verib,

Ahıl günlərimə keşik çəkirəm.

Dostum bu şeir parçasında təvazökarlıq edib. O, gəncliyini küləyə verməmişdi. Əksinə, çox iş görmüşdü, ali təhsil almışdı, bir əsgər kimi orduda xidmət etmişdi, Ağdam rayonunda Komsomol katibi işləmişdi, sonra Bakıya gəlib 3 №-li mətbəədə çalışmışdı, 1992-ci ildə Təhsil Nazirliyinin yenicə açdığı “Öyrətmən” nəşriyyatına direktor təyin olunmuşdu və bu nəşriyyatı quraraq bugünkü “Təhsil” nəşriyyatına çevirmişdi. Ölkənin ən qabaqcıl nəşriyyatlarından birinə!

Əziz dostumuzun qəlbi qurub-yaratmaq eşqi ilə çırpınırdı. Həyatsevər, insansevər bir şəxs idi. Süstlükdən, ətalətdən uzaq, çox uzaq, fəal, daim hərəkətdə olan insan! Aşağıdakı şeir parçası onun öz ruhunu daha aydın ifadə edir:

Boğazdan bircə loğma keçirsə,

Gecələr gözünə yuxu gedirsə,

Ömrün bir zillətli ömür deyilsə,

Demək, aşiq deyilsən.

Çox təəssüf ki, biz fədakar naşirimizi, həssasqəlbli şairimizi, iti qələmli publisistimizi itirdik.

Deyirlər, əvəzolunmaz insan yoxdur. Mən bu sözləri qəbul edə bilmirəm. Tam cəsarətlə deyirəm ki, Əməkdar mədəniyyət işçisi, dosent, Bəhruz Həsən oğlu Axundov əvəzsiz, təkrarolunmaz naşir idi. Onun adı və gördüyü işlər kitab mədəniyyəti tarixində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

“525-ci qəzet”

13 iyul 2017

Kitabın müəllifi Mustafa Çəmənli

1992-ci il

Əliağa Kürçaylı

Sabir Rüstəmxanlı

M.Çəmənli redaktə prosesi zamanı

“Yazıçı” nəşriyyatı, 1980-ci il

Qulam Məmmədli


Soldan: B.Məmmədov, S.Rüstəmxanlı və M.Çəmənli

Mustafa Çəmənli Hərbi hospitalda. Ağdam, 1992-ci il

Xalq Şairi Zəlimxan Yaqub Mustafa Çəmənlinin 50 illik yubiley gecəsində. 16 sentyabr 1997-ci il

Arxada sağdan ikinci: Mustafa Çəmənli, Elxan Rəhimov,

Zəlimxan Yaqub.


Ön sırada: Oqtay Salamzadə, İslam Turkay və b.


Şuşa. 27 iyun 1984-cü il

Şahmar müəllimlə ömrümün bir anı… (1997)

Soldan: Bəhruz Axundov, Mənsum İbrahimov və Mustafa Çəmənli

Xalq şairi Vaqif Səmədoğlu və Mustafa Çəmənli. “Gənclik” nəşriyyatı

Telefon | (+994 77) 330 01 34

Sayt | www.xannesrleri.az

E-mail | [email protected]

facebook.com/xannesriyyati

instagram.com/xannesriyyati

twitter.com/xannesriyyati


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации