Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 9

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Böyük bir masanın ətrafında əyləşdik. Süfrəyə ləziz xörəklər gəldi. Mənsum ağanın həmyerlilərinə evin xanımı özü qulluq edirdi. Çox incə, lətafətli xanım idi. İranda içki qadağan olsa da, süfrəyə Fransadan gətirilmiş spirtli içki qoyulmuşdu. Yeyib-içdikdən sonra Mənsum ağa dedi ki, bu dünyada onun hər şeyi var. Əslən Gəncədən olan anası bu yaxınlarda dünyasını dəyişib, özünə Şimali Azərbaycanda olmaq hələ qismət olmayıb. Çox istədi ki, biz onun xatirinə xalq mahnıları oxuyaq. Məlum oldu ki, evin xanımı musiqiçidi. Buna görə də evdə piano, skripka, qaval, nağara vardı. İndi bircə qalırdı “Bəxtiyar” filmində deyildiyi kimi – “Hüseynova bacıları”nın öz məharətini göstərməsi. Hansı bir daxili hissin təsiriyləsə biz “həvəskar müğənnilərin” oxumağı Mənsum ağanı əməlli-başlı duyğulandırmışdı.

Biz İrandan Bakıya xoş təəssüratlarla qayıtdıq.

* * *

Nəşriyyat işlərimiz heç də yaxşı deyildi. Mətbəələrdə çap olunmaq üçün yığılıb səhifələnmiş nə qədər kitabımız hərəkətsiz qalmışdı. Təsəvvür edin ki, şəxsi təşəbbüsümlə respublikada ilk dəfə şəkilli-bədii “Əlifba” dərsliyi hazırlamışdıq. Mən bu işə uşaq yazıçısı kimi tanınan, uzun illər “Gənclik” nəşriyyatının direktoru olmuş Əzizə Əhmədovanı da cəlb etmişdim. Kitabın redaktoru Gülər Ələkbər qızıydı. Bizim bu “Əlifba” kitabımız Azərbaycan folkloru əsasında hazırlanmışdı. Bu kitabda həm əlifbanı öyrənmək, həm də yazmaq üçün müvafiq səhifələr yaratmışdıq. Bu sinifdənxaric “Əlifba” kitabını göstərmədiyim adam qalmadı, ancaq çapına kömək edən olmadı. Axırda bizneslə – əslində dəllallıqla məşğul olan bir nəfər bizim min bir əziyyətlə ərsəyə gətirdiyimiz kitabı Moskvaya apardı ki, guya, çap etdirəcək. Təəssüf ki, kitab Moskva nəşriyyatlarının birində itib-batdı. Mən bu gün də elə bilirəm çox qiymətli bir şeyi itirmişəm.

Beləcə qaynar nəşriyyat həyatından əsər-əlamət yoxdu. Müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışırdıq. O çağda ağlıma gəldi ki, bəlkə, bir fond yaradaq, vəsait toplayaq, bu yolla heç olmasa uşaqlar üçün kitablar nəşr edək. Bu niyyətlə bir qrup ziyalını Azərnəşrin 3-cü mərtəbəsində yerləşən kluba dəvət etdim. Kollektivimizin də iştirakı ilə “Azərbaycan Uşaq Ədəbiyyatı Fondu” təsis etdik. Fondun sədri seçildim. Çoxlu təşkilatlara məktub göndərib yardım istədik. Hər şeyə pul tapıldı, amma Azərbaycan Uşaq Ədəbiyyatının inkişafına pul tapılmadı, Fondun hesabına bir-iki nəfər tanış cüzi pul keçirtdi. Bu pulla isə heç nə çap etmək olmazdı.

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun – Fred Asifin komandiri olduğu batalyona atəş əmri verərkən dediyi bir söz – “Ya Allah, mənim atdığım mərmi nə uşağa, nə qadına dəyməsin” – fikri məndə belə bir ideya formalaşdırdı ki, Qarabağda, döyüş bölgəsində, Xocalıda şəhid olmuş uşaqlar haqqında materiallar toplayıb Azərbaycan və ingilis dilində kitab nəşr etdirib dünyanın mötəbər təşkilatlarına göndərək. Cəbrayıl rayonunun nümayəndəsindən başqa, heç kəs sorğuma cavab vermədi. Bu rayonlardan birinin Bakıda yerləşən nümayəndəliyinə getdim, iki nəfər həvəslə nərd oynayırdı. Gəldiyim kimi də, geri döndüm. Milli dərdimizə bu cür biganəlik məni içdən ağrıtdı.

Bütün çətinliklərə baxmayaraq, çox sayda olmasa da, hələ kitablar nəşr edirdik. Oxucularımızı hələ də itirməmişdik. Kitablarımız, əsasən, böyük tirajla çap olunurdu. Mən nəşriyyatın baş redaktoru olaraq çalışırdım ki, daha çox uşaqlar üçün kitablar nəşr edək. Bir də çapı çox vacib olan, amma 30-40 il ərzində təkrar çap olunmayan kitabları. Nə yollasa nəşriyyatı qoruyub saxlayaq, kollektiv dağılmasın. Çünki yaxşı, peşəkar bir redaktorun, korrektorun yetişməsi üçün illər lazımdı. Mən bunu çox gözəl dərk edirdim. Peşəkar olmayan yerdə işləmək çox çətindir.

Kitab ticarəti təşkilatları Abdulla Şaiqin “Tülkü həccə gedir” mənzum hekayəsinə 50000 tiraj vermişdi. Dinin ölkədə yenidən öz mötəbər yerində bərqərar olduğu bir vaxtda, ehtiyat etdim ki, birdən kitab birmənalı qarşılanmaz. Buna görə də Abdulla Şaiqin oğlu, mərhum akademik Kamal Talıbzadəyə zəng edib fikrimi bildirdim. Bu mənzum hekayənin yaranma tarixi haqqında məlumat xarakterli qısa bir yazı yazmasını xahiş etdim. Bir gün sonra Kamal müəllim vədinə əməl etdi. Biz onun aşağıdakı qısa mətnini “Nəşriyyatdan” başlığı ilə kitabın ön səhifəsində dərc etdik: “Əziz balalar, sizin sevimli yazıçınız Abdulla Şaiqin “Tülkü həccə gedir” mənzum hekayəsi ilk dəfə 1911-ci ildə Bakıda nəşr olunmuşdur. Ədib bu hekayəsində dini və dini adları əllərində vasitəyə çevirib öz şəxsi mənfəətləri, gəlirləri üçün faydalanan ruhaniləri satiraya tutur, müqəddəs ziyarətgahlara ziyarətlərində müxtəlif məqsədlər güdən şəxsləri tənqid edir.

A.Şaiq təhsilini məşhur din mərkəzlərindən biri olan Xorasanda (Məşhəddə) davam etdirmişdir. İlk şeirləri Mirzə Abdulla Talıbzadə imzası ilə çap olunmuşdur. Ədib bütün ömrü boyu Allaha sarsılmaz inamla, İslam dininə etiqadla yanaşmışdır”.

Məmməd Səid Orbudadinin “Qılınc və qələm” romanını səkkizinci sinif şagirdi olarkən oxumuşdum. Romandan yadımda qalan səhnələrdən biri də Atabəy Məhəmməd Cahan Pəhləvanın Bağdadda top və çövkən oyununa tamaşa etməsi, Fəxrəddinin meydanda – Alapaça, sağa, Alapaça, sola hayqıraraq oyuna qoşulması idi. Mən əməkdaşlardan birinə romanı tapıb həmən hissəni makinada yazdırmasını tapşırdım. Beləcə, rəssam Firəvan Məmmədovun illüstrasiyası ilə M.S.Ordubadinin “Top və çövkən” kitabını on min tirajla nəşr etdik.

Eləcə də, biz 1974-cü ildə uşaqlar üçün on iki kitabçadan ibarət işıq üzü görmüş “Heyvanlar aləminin ensiklopediyası”nı iki kitabda qruplaşdıraraq 40000 tirajla nəfis şəkildə nəşr etdik. Belqradın “Nalit” nəşriyyatının buraxdığı “Heyvanlar aləminin ensiklopediyası”nın mətn və şəkilləri əsasında hazırlanmış bu kitabları nəşriyyatın redaktoru Gülər Ələkbərqızı qruplaşdırmışdı.

1950-ci ildən bəri nəşr olunmayan dəyərli bir kitab vardı – “Antik ədəbiyyat müntəxəbatı”. Vaxtilə professor Əli Soltanlının tərtib və müqəddiməsi ilə nəşr olunan bu kitabı hansı filoloq, jurnalist tələbə oxumamışdı?! İllərlə nəşr olunmayan, kitabxanalarda nadir nüsxəyə çevrilmiş bu kitabın vərəqlənməsi belə, gigiyena cəhətdən ziyanlıydı. Bu kitabla yanaşı, 1943-cü ildə Üzeyir bəy Hacıbəylinin redaktəsi ilə nəşr olunan Adil Gərayın “Muğam etüdləri” kitabını da yeni ön sözlə və əlavələrlə nəşr etdik.

Naşir gərək çox şeyi öncədən nəzərə alsın. Görkəmli şəxsiyyətlərin ölkə səviyyəsində keçirilən tədbirlərini də həmçinin. 1997-ci ildə mənim təşəbbüsümlə Bülbülün anadan olmasının 100 illiyi münasibətilə vaxtilə onun tərtib və redaktorluğu ilə çap olunmuş ikicildlik “Azərbaycan xalq mahnıları” kitabının birinci cildini nəfis şəkildə nəşr etmişdik. Kitaba “Xalq ruhunun Bülbülü” adlı geniş bir önsöz yazmışdım. Bu kitabdan Bülbülün ev-muzeyinə, müğənninin xanımı Adilə xanıma çatdırmışdım. Yadımdadı, ölkə başçısı Heydər Əliyev Fəxri xiyabandan, Bülbülün qəbrini ziyarət etdikdən sonra müğənninin ev-muzeyinə gəlmişdi. Adilə xanım bizim nəşr etdiyimiz kitabı mərhum prezidentə təqdim etmişdi. Mən bundan çox böyük qürur duymuşdum. Bülbülün yubiley gecəsi 3 dekabrda Respublika sarayında keçirilirdi. Xarici qonaqların da iştirak etdiyi bu yubiley gecəsində əl-əl gəzən, vərəqlənən “Azərbaycan xalq mahnıları” kitabını seyr etmək mənim üçün böyük sevinc və unudulmaz anlar idi.

* * *

Mətbuat və İnformasiya Nazirliyi İçərişəhərdə Ensiklopediyanın geniş zalında müşavirə keçirirdi. Müşavirədə Nazirlik sistemində çalışanlarla yanaşı, respublikanın tanınmış ziyalıları da iştirak edirdilər. Mən çıxışımda uşaq ədəbiyyatına xüsusi qayğı ilə yanaşmağı xahiş etdikdən sonra belə bir təkliflə çıxış etdim ki, alimlərimizdən biri XX əsrin əvvəllərində yaşayıb-yaratmış pedaqoq yazıçılarımızın uşaqlar üçün yazdıqları əsərləri ərəb əlifbasından köçürərək bircildlik kitab hazırlasın. Çünki indiki uşaqlar o müəllifləri tanımırlar.

Təklifimin səhəri günü professor Xeyrulla Məmmədov nəşriyyata gəlib dedi ki, mən belə bir kitabı hazırlayaram. Dedim, çox gözəl, hazırlayın, biz də çap edək. Əlbəttə, bu elə də asan iş deyildi. Amma mərhum professor bu işin öhdəsindən gəldi. O, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış pedaqoq yazıçılarımızın əsərlərindən nümunələr toplayaraq tərtib etmişdi. İlk dərslik kitablarından, uşaq dövri mətbuatından seçilib götürülmüş hekayə və hikmətli sözləri “Hikmət çələngi” adı ilə nəşr elədik. Xatırladım ki, Süleyman Sani Axundovun Sovet dövründə dəyişikliyə məruz qalmış məşhur “Qaraca qız” hekayəsi “Məktəb” jurnalının 1913-cü il nömrələrindən götürülüb kitaba salınmışdı. Çox istərdim ki, bu dəyərli kitabı nəşriyyatlardan biri latın qrafikası ilə çap etsin.

Əlbəttə, burada xatırladığım və xatırlamadığım çoxlu sayda kitabın əlyazmasını oxumaq, çapa hazırlamaq bir adamın işi deyildi. Bu işləri nəşriyyatda müxtəlif sahə üzrə çalışan böyük bir kollektiv görürdü.

Mən bu yerdə adlarını çəkdiyim və çəkmədiyim onlarla kitabın redaktoru olmuş Gülər Ələkbərqızı haqda, az da olsa, danışmaq istəyirəm. Xatirəmin əvvəlində dediyim kimi, mən “Gənclik” nəşriyyatına gələndə Gülər xanım artıq orada çalışırdı. Nəşriyyatda məndən əvvəl və mənimlə eyni dövrdə çalışan heç bir redaktorun əməyini danmıram. Amma etiraf eləyim ki, nəşriyyatda işləyən hər redaktor da yüksək intellekt sahibi deyildir. Gülər Ələkbərqızı ADU-nun jurnalistika fakültəsinin nəşriyyat qrupunu bitirib. Təyinatla “Gənclik” nəşriyyatına gəlib. Bu uzun illər ərzində başqa sahədə çalışmaq şansı olsa da, bu günə kimi nəşriyyatdan ayrılmayıb. Bu, doğrudan da, böyük fədakarlıqdır.

Mən bu illər ərzində Gülər xanımdan narazılıq edən müəllifə rast gəlməmişəm. Gülər xanım yazıçı, alim olmaq iddiasında olmayıb, amma istəsəydi, olardı. Ancaq özünü bütünlüklə redaktə işinə həsr edib. Şəxsən mənim bir çox kitablarımın redaktoru olub və mən onun əməyini heç vaxt unutmaram. Bütün bunlarla yanaşı, Gülər Ələkbərqızı “Paltar tikməyin əlifbası”, “Sarıcanın sərgüzəşti”, “Fərasətli cırtdan”, “Mahanın nağılı” (N.Gəncəvinin “Yeddi gözəl” poeması əsasında) adlı kitabların, tərcümələrin (Menandırın “Münsiflər məhkəməsi” komediyası onun tərcüməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilmişdir), ibtidai siniflər üçün dərsliklərin müəllifidir.

* * *

Çox qəribədir, lap uşaq yaşlarımdan Cənubi Azərbaycanı qarış-qarış gəzib dolaşmaq həsrətində olmuşam. Əslində, məni Cənubla heç bir qohumluq telləri bağlamır. Məni Güney ellərinə qohumluqdan çox-çox yüksək genetik qan yaddaşı, milli ruh bağlayır.

1993-cü ildə Tehranda Beynəlxalq kitab sərgisində olanda, istəsəm də, Təbrizi görmək, suyundan içmək mənə qismət olmadı, ancaq 1997-ci ilin may ayında Təbrizi görə bildim. 1997-ci il aprelin 26-dan mayın 7-dək İran İslam Respublikasında 4-cü Beynəlxalq Mətbuat festivalı keçirilirdi. İran İslam Respublikasının Bakıdakı Səfirliyinin xətti ilə millət vəkili, “Naxçıvan” qəzetinin baş redaktoru Rizvan Cəbiyev, “Şərq-Qərb” nəşriyyatının direktor müavini mərhum Elmira Tarverdiyeva, “Millət” qəzetinin baş redaktoru Nazir Əhmədli və mən festivalda iştirak etmək üçün 28 apreldə Tehrana uçduq. Festival mayın 7-nə qədər davam edəcəkdi. Tehranda festivalda iştirak etdik. Günümüz maraqlı keçirdi. Lakin bizim hər birimiz Təbrizə getmək arzusunda idik. Mən yoldaşlarıma dedim ki, biz dərhal Təbrizə getmək arzumuzu bildirsək, ola bilər, bu istək baş tutmasın, ancaq başqa şəhərləri təklif edəndə Təbrizə getmək istədiyimizi söyləyərik.

Bir axşam Ağayi Şeirdust bizi mehmanxanaların birinə şam yeməyinə dəvət etdi. Sözarası soruşdu ki, vaxtınız nə zaman tamam olur? Söylədik ki, mayın 7-də. Dedi, hara tələsirsiniz, qalın Məşhədə gedək, Şiraza gedək… Beləcə, bir neçə şəhərin adından sonra Təbrizin adını çəkəndə gülüşdük. Səbəbini soruşdu. Dedik, Təbrizi görmək istəyirik. Sağ olsun, söz verdi ki, gedərsiniz. Səhəri gün tezdən Ağayi Şeirdustun göndərdiyi adam bizi təyyarə limanına aparıb Təbrizə yola saldı. Bir saatdan sonra Təbrizi təyyarənin pəncərəsindən seyr edirdik. Hava limanında bizi qarşılayıb ikimərtəbəli bir qonaq evinə apardılar. Burada hərəmizə bir otaq ayırmışdılar. Yolda bizə bələdçilik edən oğlandan soruşdum ki, ana dilində qəzetiniz çıxırmı? “Bəli”, – dedi və səhər jurnalistlərlə bizi görüşdürəcəyinə söz verdi. Səhəri gün, doğrudan da, on nəfərə qədər jurnalist mehmanxanaya, bizimlə görüşə gəlmişdi. Bəlli oldu ki, onların nəşr etdikləri qəzetlər iki dildə – Azərbaycan və fars dillərində çap edilir. Buna da səbəb azərbaycanlıların hələ ana dilində qəzet oxumağa vərdiş etməmələri idi. Bu görüşdən o da məlum oldu ki, bizim Bakıda nəşr olunan qəzetlərin əksəriyyətinin nüsxələri onların əlində var. Sübut üçün stolun üstünə kifayət qədər nümunələr tökmüşdülər. Təbii ki, bu qəzetlərin arasında “Millət” və “Naxçıvan” qəzetləri də vardı. Cənublu jurnalistlərlə ən çox diskussiya aparan Nazir Əhmədli ilə Rizvan Cəbiyev idi. Mən siyasi söhbətləri sevmədiyimdən, oturub ancaq qulaq asırdım. Söhbət demokratiyadan, azadlıqdan düşəndə Nazir Əhmədli dedi ki, sizdə azadlıq varsa, məni Çöhrəqanlı ilə görüşdürün.

Həmən ərəfədə Təbriz Universitetinin professoru Mahmudəli Çöhrəqanlı ilə bağlı çox söz-söhbət dolaşırdı. Onlar Çöhrəqanlı ilə Nazir Əhmədlini görüşdürəcəklərinə söz verdilər.

Doğrusu, mənim üçün Təbrizi gəzmək, Eynal-Zeynal dağına çıxmaq hər bir işdən vacib idi. Təbrizin havası saf, suyu içməli idi. Təbriz mənə hardasa bizim qədim Gəncəni xatırladırdı. Mən bu şəhəri neçə il qabaq iş yoldaşlarım, 46-cı ildə cavan yaşlarında vətənlərini tərk etməyə məcbur olmuş Məmmədli Müciri ilə Əyyub Nəiminin “gözləri” ilə görmüşdüm. Eynal-Zeynal dağının adını onların dilindən eşitmişdim. Biz bu dağın ətəyinə çatanda dözməyib yoldaşlarımdan ayrıldım, mən bu dağın zirvəsinə qalxmaq, oradan zaman-zaman həsrətində olduğum Təbrizi seyr etmək istəyirdim. Bişmiş qırmızı kərpici xatırladan dağı üzü-yuxarı qalxdıqca Süleyman Rüstəmin “Təbriz” şeirinin misraları ürəyimin döyüntüsünə çevrilirdi:

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

Dağın zirvəsinə hamıdan qabaq çatdım. Nəfəsimi dərib yaxına-uzağa baxdım, Təbriz elə bil ovcumun içindəydi. Mən bu qədim şəhəri bütün görünüşü ilə gözlərimə köçürdüm.

Dağın zirvəsindəki ziyarətgahda olduq. Ziyarətgah təmiz və səliqəli idi. Burada yaşıl örtüyə bürünmüş iki qəbir vardı. Rəvayətə görə, dağın adını daşıyan Eynal-Zeynal qardaşlarının qəbirləri idi. Ziyarətgahda və onun ətrafında çoxlu şəkil çəkdirdik…

Biz Təbrizdə üç gün qaldıq. Rizvan Cəbiyev işi olduğu üçün bir gün sonra vətənə qayıtmışdı.

Bələdçimiz bizi Təbriz Tarix Muzeyinə apardı. Otaqları gəzdikcə burada toplanmış maddi-mədəniyyət nümunələri, əsrlərdən xəbər verən əşyalar, müxtəlif dövrlərin gümüş və dəmir pul sikkələri bizi xəyalən çox-çox uzaq keçmişlərə apardı. Muzeydə Səttarxana, onun silahdaşlarına ayrıca bir otaq ayrılıb. Burda Səttarxanın heykəli də var. Mən bu muzeydəki eksponatları seyr edə-edə düşünürdüm ki, yaxşı olar Bakıdakı Tarix Muzeyi ilə Təbriz Tarix Muzeyi arasında müştərək əlaqələr yaransın. Hər iki muzeyin eksponatlarını televiziya ilə nümayiş etdirmək də olar. Təki istək olsun.

Təbrizdə Məhəmmədhüseyn Şəhriyara sonsuz sevgi var. Bu sevgini az qala hər addımda hiss edirdik. Şəhriyara olan məhəbbəti onun qəbri üstə ucaldılmış memarlıq kompleksindən də aydınca görmək olar. Şəhriyarın qəbrini ziyarətə gedəndə ilk gözə dəyən də şairin heykəli oldu. Biz yeraltı sərdabəyə düşdük. Burada təkcə Şəhriyarın deyil, həm də Xaqani Şirvaninin, Qətran Təbrizinin qəbirləri də var. Ziyarətdən sonra yuxarı mərtəbəyə qalxdıq. Burada çalışan bir nəfər bizi çaya qonaq etdi. Söhbət Təbrizdəki şairlər qəbiristanlığından düşəndə kişi bizə surəti çıxarılmış bir əlyazma göstərdi. Bizə söylədi ki, bu əlyazma dörd yüz il bundan qabaq yazılıb və ancaq şairlər qəbiristanlığı təsvir olunub. Kimin qəbri kimin qəbrinin yanındadır…

Mən bizə bələdçilik edən təbrizli cavanlarla söhbətdə qəsdən bayatı söyləyirdim.

Burdan Təbriz görünür,

Təpəsi düz görünür.

Qız, güzgünü neynirsən,

Üzündə üz görünür.

Bu yolla onların dilindən bayatı eşitmək istəyirdim. Çünki bayatılar Azərbaycan xalqının gen yaddaşıdır. Əlifba bilməyən nənələrimizin belə, sinəsi bayatı ilə doludur. Bayatı oxumaq, bayatı çağırmaq azəri türkünün milli himnidir. İlk baxışda çox sadə görünən bayatılarda tarixi taleyimiz, qəlb çırpıntılarımız yaşayır.

Araz axar daşınan,

Suyu qalxar başınnan.

Əzəli dumduruydu,

Bulandı göz yaşınnan.

Təbrizin məşhur məhlələrindən birinin yanından keçəndə bələdçilərdən biri maşını saxlatdı. İndi gəlirəm deyib qaça-qaça getdi, aradan on dəqiqə keçmiş əlində iki kitabla qayıtdı. Kitabları mənə verib dedi ki, Fərzanənin topladığı “Bayatılar” kitabıdı. Bundan çox sevindim və ona təşəkkür etdim.

Biz Təbriz yaxınlığında olan Kanduvana da getdik. Bura, doğrudan da, dünyanın ən möcüzəli yerlərindən biridir. Adam inana bilmir ki, bir-birinin üstündə ucalmış bu təbii qayaları insanlar oyaraq özlərinə məskən salıblar. Qaya-evlərdəki pəncərələrdən bilirsən ki, burda insan yaşayır. Bəzi yerdə, elə bil bu qaya-evlər biri-birindən sallaşıb, asıla qalıb. Bir evdən başqa evə keçmək üçün ağacdan düzəldilmiş keçid-körpülər də gözə dəyir. Bu qaya-evlərin qarşısından çox sürətlə bir çay da axır.

Belə rəvayət edirlər ki, buranın əhalisi vaxtilə monqolların hücumundan qaçaraq bura sığınmışlar.

Kanduvandan Təbrizə qayıdarkən bələdçimiz bizi yeraltı bir dama apardı. Kənardan diqqəti cəlb etməyən bu damda sərbəst gəzmək olurdu. Buradakı mənzərə soydaşlarımızın keçmiş məişətindən xəbər verirdi. Bələdçi söylədi ki, indi yer üzündən silinmiş bu kəndin adı Hiyləvar olub.

Beləcə, Cənubi Azərbaycanı başdan-başa gəzmək mənə qismət olmasa da, Təbrizi görmək qismət oldu.

* * *

Allahdan həmişə istəyim bu olub ki, evimin, iş otağımın qapısı döyülsün… Təki evimə, iş yerimə gələn olsun, könlüm nəcib duyğularla, xoş arzularla dolsun, təki boşalmasın…

Bəli, təki səni səndən xəbərsiz ansınlar, yada salsınlar, sənə üz tutsunlar, səni ümid yeri, güvənc yeri bilsinlər. Bax, onda yaşamağa dəyər.

Bu illər ərzində qapım xoş niyyətlə çox döyülüb. Mən də çalışmışam ki, yanıma gələni könül xoşluğu ilə yola salım. Heç vaxt kimsənin üzünə açılmayan qapının arxasında kimin yaşamasının, axı, nə fərqi var. Yad edilmirsə, yad etmirsə, doğmalara, yadlara qaynayıb-qarışmırsa, beləsinin yaşayıb-yaşamamasının bir dəyəri varmı? Məncə, yoxdur!

96-cı ilin yazı idi. Bir gün iş otağımın qapısı döyüldü. Gələn Vaqif idi. Mənim çox sevdiyim şair Vaqif Səmədoğlu! Bir az dərdləşəndən, ordan-burdan danışandan sonra “Mən burdayam, İlahi” kitabının əlyazmasını stolumun üstünə qoydu:

– Bunu, hesablatdırarsan, görək neçəyə başa gəlir.

– Yaxşı, arxayın ol.

– İlk kitabım da “Gənclik” nəşriyyatında çap olunub.

– “Yoldan teleqram”.

– Elədi. 1968-ci ildə.

– Vaqif müəllim, şeirlərinizi hərdən “Ulduz”da, “Azərbaycan” jurnalında dərc etdirirdiniz, amma nə üçünsə kitab halında yox.

– Qlavlit hər sözümün başına ip salırdı. Mənim isə mənasız suallara cavab verməyə hövsələm yoxdu.

– Sizə nəyi irad tuturdular?

– Çox şeyi, “Uzaq yaşıl ada” deyəndə nəyi nəzərdə tutursunuz? “Bir axşam taksidən düşüb payıza…”. Taksidən payıza necə düşmək olar? Belə sual verənlərlə necə danışmaq olardı? Bax, buna görə kitab çap etdirmirdim.

… Vaqif müəllim qovluğunu qoyub getdi. Mən də açıb oxumağa başladım. Kitaba Vaqif Səmədoğlunun özünə əvəzsiz dost sandığı Xalq yazıçısı Anar “Allahla söhbət” adlı geniş bir ön söz yazmışdı. Anar müəllim yazır: “Vaqif Səmədoğlunun bu yeni və ən sanballı kitabı “Mən burdayam, İlahi” adlanır. Təbii ki, bu kitab dini kitab deyil, mərsiyələr, sözün hərfi mənasında dualar toplusu deyil. Amma kitabın bütün ruhunu, mənasını varlığın, bəlkə də, ən mühüm mövzusu, ən vacib mətləbi – insanla Allahın münasibətləri təşkil edir. İndi ateist rejimi çökəndən sonra hamı bir günün içində yaman allahpərəst, dinçi, dindar oldu. Vaqifin Allaha inamı, Allaha üz tutması, Allahdan cavab, izah, təsəlli istəməsi bu gün yox, onun poeziya aləminə gəldiyi ilk addımdan başlanıb. Otuz üç ildir uzanır bu söhbət, bu birtərəfli mükalimə, bu sirləri açmaq, anlamaq, cavab almaq cəhdləri”.

Doğrudan da, Vaqifin Allahla söhbəti son nəfəsinə qədər onu tərk etmədi.

Bu gün bir şeirim üstündə

Allah dayanıb ağlayıb.

Beş-on şeir də yazmaqçün

Məni hələ sağ saxlayıb.

Mən Vaqif müəllimin əlyazmasına redaktorluğu nəşriyyatımızda böyük redaktor işləyən şair Zülfüqar Şahsevənliyə tapşırdım. O da əlyazmasını diqqətlə oxuyub kitabın ümumi ruhuna layiq annotasiya yazdı. Yeri gəlmişkən deyim ki, kitabların ilk səhifəsində annotasiyaları, əsasən, nəşriyyat redaktorları yazırlar. Oxucunun və kitabxanaçıların kitabla ilk tanışlığı da məhz bu qısa annotasiyadan başlayır. Bu qısa annotasiyada kitabın gərək əsas məziyyətləri öz əksini tapsın. Annotasiya yazmaq göründüyü qədər də asan deyildir. Heç də nəşriyyatda çalışan bütün redaktorlar yaxşı annotasiya yaza bilmir. Nümunə üçün burada Zülfüqar Şahsevənlinin “Mən burdayam, İlahi” kitabına yazdığı annotasiyanı dərc edirəm: “Bu şeirlərdə pıçıltı-pıçıltı açılan çiçəklərin səsi, nəfəsi, qürub çağının bənzərsiz rəngləri, uzaq, yaşıl bir adanın tənhalığı, Ay işığından könüllərə yol çəkən, müqəddəs “dərdin, kədərin özündən belə dostlarına, doğmalarına səadət yaratmaq” istəyən qərib bir şairin sehrli dünyası var.

Vaqif Səmədoğlu! Şeirlərini həmişə həsrətlə gözlədiyimiz, sevə-sevə oxuduğumuz Azərbaycanımızın bənzərsiz şairi…

Əziz oxucu, “Mən burdayam, İlahi…” tanrımızla, taleyimizlə görüşdü. Gəlin, zeytun kölgəsinin sərinliyi hopmuş, iyirmi beş illik uzaqlıqdan yol gələn bu qərib nəğmələri birlikdə oxuyaq”.

Bu kitabın nəşrinə şairin dostları kömək etmişdilər. Kitabı o zaman “Qızıl Şərq” mətbəəsində min beş yüz tirajla nəşr etdirib Vaqif müəllimə verdik. Bu kitabın sürətlə satılacağına zərrəcə şübhə etmirdik. Çünki uzun illər idi Vaqif Səmədoğlunun kitabı nəşr olunmurdu.

Aradan iki il keçmişdi. Vaqif müəllimlə ara-sıra görüşürdük. O, bir gün nəşriyyata bir nəfər dostu ilə gəldi. O zaman işləmirdi, millət vəkili də seçilməmişdi. “Uzaq yaşıl ada” adlı yeni şeirlər kitabını çap etdirmək istəyirdi. Bu kitabı ömür-gün yoldaşı Nüşabə xanım tərtib eləmişdi. Mən kitabın həcmini hesablatdırandan sonra “Qızıl Şərq” mətbəəsinin istehsalat şöbəsinin müdiri Sara xanıma zəng vurub, kitabın formatını, tirajını, səhifəsini söylədim. Vaxt istədi ki, hesablayıb neçəyə başa gələcəyini deyəcək. Aradan bir az keçmiş təkrar zəng etdim. Sara xanım nazik üzlə, min nüsxə tirajla kitabın min iki yüz dollara başa gəldiyini söylədi. Vaqif və dostu qiymətlə razılaşdılar, sabah gələcəklərini söyləyib getdilər. Səhəri gün hər ikisi deyilən vaxtda yanıma gəldilər. Vaqif müəllimin dostu min üç yüz dolları sayıb mənə verəndə mən də yüz dolları ayırıb sahibinin yox, Vaqif müəllimin döş cibinə qoydum.

Vaqif müəllim gülümsəyib:

– Köhnə dost belədi də, – dedi, – qabaqcadan qonorar da verir.

Gülüşdük. Sağollaşıb getdilər.

Vaqif Səmədoğlu bu yeni kitabına kiçik bir ön söz yazmışdı. Bu ön sözdə onun sevimli yazıçımız Anara sonsuz dost sevgisini gördüm. Onun bu qısa yazısında əsl dostun necə əlçatmaz bir dəyər olduğunu bir daha dərk etdim. Görünür, fransız filosofu F.Volter belə söyləməkdə haqlı imiş: “Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz”. Elə Vaqif Səmədoğlu da Anarın şəxsində özünə dünyanın bütün nemətlərindən üstün tutduğu dost tapmışdı. Bunu onun “Uzaq yaşıl ada” kitabına yazdığı bu kiçik yazısından da görə bilərik: “Əziz oxucu! Bu kitabın içindəki şeirlərin əksəriyyətini, poemaların hamısını mən itmiş, ölmüş hesab edirdim. Elə bilirdim ki, onlar da 70-ci illər yaradıcılığımın aqibətinə uğrayıblar. Xoşbəxtlikdən, belə olmadı. Xoşbəxtlikdən, yer üzündə Dostluq, Qayğıkeşlik, Məhəbbət və Etibar varmış. Anar varmış yer üzündə. Dost şeirlərini öz arxivində saxlayan, özünün yaradıcılıq, ictimai fəaliyyət, ailə qayğıları vaxtından kəsib, bu yazıları makinada köçürən, sahmana salan Anarım varmış. Nə deyim? Məni mənə qaytaran, ölü sandığım yazılarımı mənə dipdiri bəxş edən bir insana dilimizin hansı sözləri ilə minnətdarlığımı bildirim? Allah səni mənə çox görməsin, Anarım…”

Vaqif Səmədoğlu çox həssas adamdı, nəşriyyatda ona olan qayğımızı, sayğı və məhəbbətimizi görüb bu bələdçi yazısında bizi də unutmamışdı: “Və nəhayət, “Gənclik” nəşriyyatına dərin təşəkkürümü bildirirəm. Sayı çox olmasa da, mənim bütün kitablarım bu nəşriyyatda çap olunub. Allah qoysa, qalan kitablarım da burdan üzə çıxacaq. Çünki bu nəşriyyat məni, mən də “Gənclik”də çalışan dostlarımı sevirəm.

Oxucudan isə bircə xahişim var: Bu kitabı açarkən dözümlü ol, bacarsan, sevə-sevə oxu yazılarımı, bacarmasan, məni bağışla…

Vaqif Səmədoğlu

12.02.1999”

Mən “Uzaq yaşıl ada” kitabının üz qabığını rəssam Etiram Lazımova çəkdirdim. Sara xanım Qazıyevadan da xahiş etdim ki, bu min nüsxə kitabın iki yüzünü qalın cilddə çap etsinlər, Vaqif müəllimə hədiyyə edim. Sağ olsun, sözümü yerə salmadı. Çap olunmuş kitabları mətbəədən götürəndə qalın cildli nüsxələri görən Vaqif Səmədoğlunun baxışlarındakı ifadəni sözlə izah eləmək olmaz. Xoşbəxtlikdən adamların nə dediklərini eşitməsəm də, nə deyə biləcəklərini dəqiq bilirəm.

Vaqif Səmədoğlunu “Gənclik” nəşriyyatında bir də 2005-ci ildə gördüm. “Mən burdayam, İlahi” kitabını təkrar çap etdirmək istəyirdi. Kitabın tərtibçisi və redaktoru şairin çox sevdiyi xanımı Nüşabə Babayeva – Vəkilova idi. Kitabın annotasiyasında bildirilirdi ki, şairin ilk böyük şeirlər kitabı olan “Mən burdayam, İlahi” 1996-cı ildə kiril əlifbası ilə işıq üzü görmüş, indi isə latın qrafikasıyla nəşr edilmiş həmin kitabı oxuculara şairin son illərdə yazdığı bir neçə şeirlərinin əlavəsiylə təqdim edirik”.

– Allah, bir az da möhlət ver,

Öldürmə, sağ saxla yenə.

Beş-on yazılmamış şeirim,

Beş-on duam qalıb sənə…

– deyən Vaqif Səmədoğlunu Yaradanımız eşidib ona yazıb-yaratmaq üçün otuz iki il də möhlət vermişdi.

İndi mən Vaqif Səmədoğlunun vaxtilə çap etdiyimiz kitablarını (onun pyeslər toplusunu da mən çap etdirmişdim) qarşıma qoyub vərəqləyirəm, oxuyuram, şeirlərindəki gözlənilməz deyimlərdən, hislərin bolluğundan, çəkiyə gəlməz fikir yükünün ağırlığından heyrətlənirəm. Budur, sanki Vaqif mənim indiki əhvalımı, ovqatımı əvvəlcədən görüb yazıb:

Ürəyimin qapısı

Səhərdən açıq qalıb,

Könlüm bu gün ruhumu

Qovub yollara salıb…

Dərd məni üstələyər

Sən dadıma çatmasan.

Aydınlığa çıxmaram

Sən qolumdan tutmasan…

* * *

2000-ci ilin yaz fəsli idi. Pəncərə önündə dayanıb, çiçəkləmiş ağaclara baxırdım. Birdən qapı açıldı.

– Gəlmək olar?

Səsə çöndüm. Müəllimim qarşımda dayanmışdı. Görüşdük. Onun nurlu baxışları üzümdə dolaşdı. Qoltuğundakı qovluğu stolun üstünə qoydu:

– Bunu oxu, gör ağlın nə kəsir.

– Yaxşı, oxuyaram, – dedim.

Qəribədi, adam yaşa dolub oğul-uşaq sahibi də olsa, müəllimini görəndə yaşını unudur. Mən də uzun illərdən sonra Qara müəllimi qarşımda görəndə elə bildim 11-12 yaşındayam. Bir anda o əziz, unudulmaz məktəbli günlərimə döndüm. Elə sandım 1958-ci ildi. Alı yüzbaşının ikimərtəbəli mülkünün birinci mərtəbəsində dərs keçirik. Birdən sinif müəllimimiz: – Uşaqlar, məktəbimizə təzə direktor gəlib, – deyir, – bu ildən məktəbimiz onillik olacaq.

Bu, Qara Hüseynov (Bəndalıoğlu) idi.

Qara müəllim həm də bizə tarix fənnindən dərs deyirdi. Çox yaxşı təşkilatçı, tələbkar bir məktəb direktoruydu. O, məktəblilərin gücünə o zaman kərpic kəsdirib əlavə sinif otaqları tikdirmişdi. Bütün məktəblilər ancaq səhər növbəsində oxuyurdu. Bu minvalla Qara müəllim düz on səkkiz il bizim Çəmənli kənd orta məktəbinə rəhbərlik elədi, camaatımızla qaynayıb-qarışdı. Daha sonra o, iyirmi il də Ağdam təhsil şöbəsinin müdiri işlədi. Bu maarif fədaisinin bir-birinin ardınca fəxri fərmanlar, “Şərəf nişanı” ordeni, “Qabaqcıl maarif əlaçısı” döş nişanı medalı aldığını eşidəndə biz müəllimimizlə fəxr edirdik. O da şagirdlərinin uğurlarına sevinərdi. Amma bu bəxtəvər günlərə Qarabağ müharibəsi nöqtə qoydu. Bu müharibə, erməni daşnaklarının əsassız torpaq iddiaları bizə dərd-kədər, ölüm-itim, məhrumiyyətlər gətirdi. Biz öz yurdumuzda qaçqına, köçkünə döndük. Yox, bu “qaçqın”, “köçkün” ifadələri bizim ürəyimizdəkilərin mində birini əks etdirmir. Qara müəllim də doğma Ağdamı, ata yurdu Bağmanları itirdi. Amma onu bu itkidən daha çox könüllü döyüşə atılmış şagirdlərinin itkisi, şəhid oğullarımızın ruhlarının harayı, anaların ah-naləsi, qız-gəlinin fəryadı narahat edirdi. Axı, Qara müəllim bu oğulların əksəriyyətini tanıyırdı…

Bəli, torpaq itkisinə heç o qəlbi dağlar da dözməzdi, biz dözdük, ancaq bizə dərd güc gəldi. Dərdini az da olsa ovundurmaq, öz müəllimlik, vətəndaşlıq borcunu qismən də olsa qaytarmaq üçün Qara müəllim Ağdam şəhidlərindən bəhs edən iki kitab – “Şaxta vurmuş çiçəklər” (1995), “Açılmamış qönçələr” (2000) kitablarını çap etdirdi. Onun mənə təqdim etdiyi əlyazmasını oxuyanda gördüm ki, dərd bu maarif fədaisini, mənim tarix müəllimimi şair eləyib. Mən Qara müəllimin şairlik qabiliyyətini onun əvvəlki kitablarında şəhidlərə ünvanlanmış şeirlərindən duymuşdum. Ona görə də əlimdəki şeirlər toplusu məni heç də heyrətləndirmədi.

Onun “Qəlbimin harayı” şeirlər toplusu vətənpərvər, qaçqın, köçkün həyatının min bir müsibətlərini öz gözüylə görmüş, özü də bu həyatın bir parçasını yaşayan duyarqəlbli bir insanın fəryadı idi:

Nişan aldım, əlim əsdi, bilməm niyə atmadım,

O, düşmənin körpəsiydi, mən günaha batmadım.

Gedib gördüm evim yanıb, balamı da qəhr edib.

Düşündüm ki, zalımlıqda mən yağıya çatmadım…

Qara müəllimin şeirləri şairlik iddiasından çox uzaq olan, bu ayamanı öz adının əvvəlində səsləndirməyən, el-obasına dərin mənəvi tellərlə bağlı bir ağsaqqalın qəmli pıçıltılarıdır:

Erkən üfüqlərdə ildırım çaxdı,

Elə bil göylərdən qurğuşun axdı.

Günahsız qanlara dözmədi günəş,

Ovcuyla götürüb üzünə yaxdı.

Nə gizlədək, biz bu gün də Qarabağ adlı böyük bir faciənin içindəyik. Amma gəlin görək başımıza gələn müsibətləri, torpaq itkisinin necə böyük bir dərd olduğunu bütün çılpaqlığı ilə hamımızmı dərk edirik? Məncə, yox. Bir çox qələm sahibləri bu fikirdədir ki, Qarabağ müharibəsindən, Xocalı faciəsindən bir müddət keçəndən sonra, daha soyuq başla gözəl sənət əsərləri yazmaq mümkündür. Bəlkə də, belədir. Bəlkə də, haqlıdırlar. Ancaq mən Qara müəllimin kədərdən yoğrulmuş, həsrət və nisgildən şirə çəkmiş, zərif duyğulardan ilmələnmiş bu ürək parçalayan, bizi döyüşlərə, şücaətə səsləyən şeirlərini oxuyanda “Bu günün dərdini, müsibətini sonra yazaram” fəlsəfəsinin, sadəcə, özünü aldatma olduğunu gördüm. Əlbəttə, sənətkarlıq baxımından Qara müəllimin də şeirlərində qüsurlar tapmaq mümkündür, amma bu şeirlərdəki səmimiyyətə, can yanğısına dodaq büzmək insafsızlıq olar.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации