Текст книги "Ürəyimdən kimlər keçdi"
Автор книги: Mustafa Çəmənli
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 14 страниц)
– deyib Çar Rusiyası zamanı haray qoparan Qasım bəy Zakirin bir anım gecəsinə də haqqı çatmadı?!
Qasım bəy Zakirin “Seçilmiş əsərləri”ni tərtib edən Kamran Məmmədov kitabın “Ön söz”ündə yazırdı: “Qasım bəy Zakir Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi realist satiranın banisidir. Ədəbiyyat tariximizdə xüsusi bir mərhələ təşkil edən Zakir satiraları feodalizm cəmiyyətinin qüsurlarını aşkara çıxaran, qamçılayan, zəhmətkeş xalqın hüquqlarını müdafiə edən sənət nümunələridir”.
Kamran Məmmədovun kitablarını maraqla oxumaq olurdu. Çünki onun həm də yazıçılıq istedadı vardı. 1984-cü ildə onun Kamran Dadaşoğlu imzası ilə “Gənclik” nəşriyyatında “Dünyamız uşaq gözündə” adlı kitabı nəşr olunmuşdu. Bu kitab, özünün yazdığı kimi, səkkiz ilin məhsulu idi. Bu kitabda Kamran müəllim uşağın anadan olduğu gündən ikinci sinfə qədərki dövrünü ardıcıl surətdə izləyərək qələmə almışdı. Tədricən dil açan, günbəgün, ilbəil böyüyən uşağın hərəkətini izləmək, həyata baxışını müşahidə edib qələmə almaq elə də asan məsələ deyildir. Bu işin öhdəsindən elə Kamran müəllim kimi səbirli insan gələ bilərdi.
Qarabağ hadisələri Şuşada doğulub boya-başa çatmış Kamran müəllimə də rahatlıq vermirdi. Elə bu narahatlıqla da 6 aprel 1989-cu ildə dünyasını dəyişdi.
Mən Kamran müəllimə sağlığında heç nə vəd etməsəm də, “Gənclik” nəşriyyatında baş redaktor işləyəndə onun “Dünyamız uşaq gözündə” kitabını xatırladım. Kitabın ilk nəşrindən səkkiz il keçmişdi. Kamran müəllimin əziz xatirəsinə ehtiram olaraq onun uşaqlar üçün yazdığı bu kitabı nəşriyyatın planına saldım. Kitab 1993-cü ildə nəşr olundu. Kitabın siqnal nüsxəsini onun ömür-gün yoldaşı Dilarə xanıma təqdim edəndə məmnunluq hissi duydum. İstər-istəməz Aleksandr Radişşevin məşhur bir fikrini xatırladım: “Təmiz olan – təkcə ürəkdən gələn arzulardır”.
* * *
Yaddaşıma iz salan müəlliflərdən biri də filologiya elmləri namizədi, pedaqoq, stomatoloq Bəylər Məmmədovdur. Onunla 1982-ci ildə tanış olmuşdum. Nəşriyyatda onun “Xurşidbanu Natəvan” monoqrafiyası çapa hazırlanırdı. Şahidiyəm ki, Bəylər müəllim hər kəlmənin, ibarənin, faktın üstündə necə əsirdi. Yeri gəlmişkən deyim ki, Bəylər müəllimin bu monoqrafiyası X.Natəvan haqqında yazılmış əsərlər içərisində dolğunluğu, tarixi faktların zənginliyi və oxunaqlığı ilə seçilən əsərdir.
1982-ci ildə “Mənim dünyamın adamları” adlı ilk nəsr kitabım nəşr olunmuşdu. İndi minnətdarlıq hissilə xatırlayıram ki, mənim hekayələr kitabım haqda ilk sözü də Bəylər müəllim demişdi, “Təbii lövhələr” adlı məqalə yazaraq “Azərbaycan gəncləri” qəzetində çap etdirmişdi.
Bəylər Məmmədov imzası ilə oxucunun gözünü “qabar” edənlərdən deyildi. Az-az yazırdı, amma yazdığı maraqla qarşılanırdı. Çünki hər yazısı tapıntı idi. 1984-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində onun “Xurşidbanu Natəvanın şair qohumları” sərlövhəli maraqlı bir məqaləsi dərc olunmuşdu. Bəylər müəllimin məqaləsi qəzetdə çıxan gün səhər-səhər Əjdər müəllimin kabinetində görüşəndə ona çox yaraşan təbəssümlə:
– Bəylər Məmmədovun məqaləsini oxumusan? – soruşdu.
– Bəli.
– Yaxşı məqalədi, – dedi.
– Əjdər müəllim, – dedim, – bu məqaləni genişləndirib kitab kimi çap etmək də olar.
Əjdər müəllim fikrimlə razılaşdı:
– Bəlkə, eləyəcək.
Otağıma qayıdandan sonra Bəylər müəllimə zəng vurdum, məqalə münasibəti ilə onu təbrik edib dedim ki, yaxşı olar məqalədə adı çəkilən şairlərin şeirlərini toplayasınız, biz də kitab halında çap edək. Bəylər müəllim belə bir niyyəti olmadığını söyləsə də, təklifimi qəbul etdi.
– Amma xeyli axtarış aparmaq lazımdır, – dedi.
Bəylər müəllim düz bir il material topladı. Mənim təşəbbüsümlə yazılan bu kitab 1989-cu ildə işıq üzü gördü. Bəylər müəllim mənə bağışladığı kitabın titul səhifəsində yazmışdı: “Bu kitabın yaranmasının təşəbbüskarı əziz Mustafaya xoş təəssüratlarla. 19.XII.89-cu il”. “Natəvanın şair qohumları” adlanan bu kitabında Bəylər Məmmədov oxuculara ilk dəfə Əbülfət xan Tuti, Mehdiqulu xan Vəfa, Gövhər ağa, Bədircahan bəyim, Fətəli bəy Hali, Müsahib Gəncəvi, Axund Molla Abbas Cavanşir, Mirzə Məmmədqulu Hakim, Xanbikə və başqaları haqqında dolğun məlumat vermiş, əsərlərindən nümunələr gətirmişdi.
Bəylər müəllimin təbiətində bir rəssamlıq da vardı. O, şəkli əldə olmayan sənətkarların portretini sözlə elə rəsm edirdi ki, sanki XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Ağabəyim ağanı, Əbülfət xan Tutini, Gövhər ağanı, Müsahib Gəncəvini və b. öz gözü ilə görmüşdü. Məhz buna görə kitabın rəssamı mərhum Azər Ələkbərov adlarını andığımız şairlərin portretlərini çox canlı işləyə bilmişdi.
Bəylər müəllim Qarabağın tarixini, ordan çıxmış şair və ədiblərin həyatını çox gözəl bilirdi. Söhbətlərini zərif lətifələrlə, ibrətli kəlamlar, mənalı beytlərlə süsləyərdi. Çünki onun təbiətində yazıçılıq, şairlik vardı. Yaxşı yadımdadır, şair Məmməd İsmayılın, mənim, jurnalist Elçin Cabbarovun iştirak etdiyi xudmani bir məclisdə Bəylər müəllim bizə öz şeirlərini oxumuşdu. Xan qızı Natəvana həsr etdiyi şeir belə başlayırdı:
Açıb vərəq-vərəq can dəftərini,
Üzündə qüssəni, məlalı gördüm.
Həssas şairin titrək qəlbini
Hicran pəncəsində yaralı gördüm.
Bəylər Məmmədov o dövrdə “Ulduz” jurnalında “Ən-qa” adlı ibrətamiz bir hekayə də nəşr etdirmişdi.
“Yazıçı” nəşriyyatında “Azərbaycan romanı” seriyasından kitablar nəşr olunurdu. Öz milli ruhu ilə mənə çox doğma olan, əsərlərini sevə-sevə oxuduğum Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” və “Qızlar bulağı” romanları nəşriyyatın tematik planına salınmışdı. O zaman nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlıya dedim ki, bəlkə, Yusif Vəzirin “Qan içində” romanını “bərpa” edək. Bilirdik ki, bu roman zamanında müəyyən ixtisarlara məruz qalmış, hətta adı da (“İki od arasında”) dəyişdirilərək “Qan içində” adı ilə nəşr olunmuşdur. Sabir Rüstəmxanlı nəşriyyatın baş redaktoru olaraq çox demokratik və cəsarətli idi. O zaman Mətbuat Komitəsinin iclasları bir qayda olaraq rus dilində keçirilirdi. Əlbəttə, ürəkdə heç kəs dilimizə olan bu sayğısızlıqla barışmırdı. Bizdən fərqli olaraq, Sabir Rüstəmxanlı açıq şəkildə etiraz edərək rəhbər işçilərdən ana dilimizə sayğı ilə yanaşmalarını tələb edirdi. Lakin o zaman onun bu etirazı sükutla qarşılanırdı.
Nə isə, nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlının razılığını aldıqdan sonra yazıçının əlyazmasını bərpa etmək üçün Yusif Vəzir Çəmənzəminlinin tədqiqatçısı, filologiya elmləri doktoru Tofiq Hüseynova müraciət etdim. Tofiq müəllim bu işi çox həvəslə gördü. Vaxtilə romandan Böyük Pyotrla, onun işğalçılıq planları, ermənilərə arxa durması, Çar Rusiyasının məkrli siyasəti haqda yazıçının fikir və düşüncələrini əks etdirən məqamlar ixtisar edilmişdi. Əlbəttə, bu ixtisara görə kimsəni qınamağa haqqımız yoxdur. Çünki əks təqdirdə, əsər qlavlitdən keçməzdi. (Yazıçının 1937-ci ilin aprel ayında tamamladığı bu əsər ilk dəfə “Azərbaycan” jurnalının 1960-cı il № 11, 12) və 1961-ci il (№ 1) nömrələrində çap olunmuşdur.) İndi romanın ilk çapından çox zaman keçdiyindən belə yenidən “bərpa” etmək cəsarətində bulunmuşduq. Kitaba ön söz yazan Tofiq Hüseynov qeyd etmişdi ki, “yeni nəşrdə 1976-cı il nəşri əsas götürülmüş və bir daha avtoqrafla onun arasında müqayisə aparılmış, əlyazmasına uyğun bir sıra mühüm düzəlişlər edilmiş, ixtisarlar bərpa olunmuşdur”. Mən kitabın redaktorluğunu – əslində isə bu işin məsuliyyətini öz üzərimə götürmüşdüm… Doğrusu, sonda romanın əvvəlki “İki od arasında” adı ilə çap olunmasından ehtiyat etdim. Roman “Qan içində” adı ilə dəfələrlə çap olunmuşdu, indi birdən-birə “İki od arasında” adı ilə çap edilərdisə, diqqəti cəlb edə bilərdi. Nəhayət, romanı çapa hazırladıq. Adətən, təkrar nəşrlər qlavlitə göndərilmirdi. Mən isə, ön sözü bəhanə edərək, romanın bütün korrektura nüsxəsini qlavlitə göndərdim ki, məsuliyyəti bölüşdürüm. Beləliklə, Y.V.Çəmənzəminlinin romanı 1987-ci ildə əsasən ixtisarsız nəşr olundu.
Bu ərəfədə Bəylər müəllimlə Y.V.Çəmənzəminli haqqında, onun ədəbi və şəxsi taleyi barədə söhbətlər edirdik. Y.V.Çəmənzəminlinin Qurban Səid imzası ilə xaricdə çap olunmuş “Əli və Nino” adlı romanının çap olunması barədə də ilk dəfə ondan eşitmişdim. “Əli və Nino” romanının Türkiyədə çap olunmuş nüsxəsinin oğlanlarında olduğunu söyləmişdi. Bəylər müəllim vasitəsi ilə yazıçının oğlu Orxan Vəzirova xəbər göndərmişdim ki, bəlkə “Əli və Nino”nu çap edək? Orxan Vəzirov isə xəbər göndərmişdi ki, bu barədə susmaq məsləhətdi, özünü işə salar. Mən də susdum və o günə qədər məzmunundan belə xəbərdar olmadığım romandan nigaran qaldım. Onu da deyim ki, Mirzə Xəzərin tərcüməsində “Əli və Nino” romanı “Azərbaycan” jurnalında (1990, № 1, 2, 3) dərc olunduqdan sonra bu əsərin Y.V.Çəmənzəminliyə məxsusluğu barədə mətbuatda ilk yazanlardan biri də Bəylər Məmmədov idi. Roman jurnalın üç nömrəsində çap olunmuşdu, mən əsərin jurnal variantını cildlətdirib növbəti il üçün nəşriyyatın tematik planına (iki il qabaq tutulurdu) saldırmışdım.
Bu roman nəşr olunduğu vaxtdan müəllifinin kimliyi barədə dövri mətbuatda çoxlu sayda müzakirələr aparılıb, mühakimələr irəli sürülüb və hələ də mübahisələrə son qoyulmayıb.
“Ədəbiyyat qəzeti”nin 20 sentyabr 1996-cı il sayında keçirdiyi ədəbi proses sorğusunda belə bir sual da səsləndirilmişdi: “Son zamanlar oxuyub bəyəndiyiniz kitab?” Bu sorğuya o zaman belə cavab vermişdim: “Son altı ilin ən böyük nəsr əsəri Qurban Səidin “Əli və Nino” romanını hesab edirəm. Fəxr edirəm ki, əsər məhz “Yazıçı” nəşriyyatında şəxsi təşəbbüsümlə plana salınıb, nəşr olunub. Bu əsərin bütün ruhu, ovqatı ilə Y.V.Çəmənzəminliyə məxsusluğuna zərrəcə şübhə etmirəm. Sadəcə, ədəbi qısqanclığı bir yana qoyub, Y.V.Çəmənzəminlinin bütün əsərlərini diqqətlə oxumaq lazımdır”. Mən yenə bu fikirdəyəm.
Bəylər müəllimin təşəbbüsü ilə 1989-cu ilin mart ayında Balaxanıda M.Ə.Sabir adına məktəbdə Sabir Rüstəmxanlı ilə mənim görüşüm keçirildi. Adını unutduğum yerli bir rəssam kitablardakı şəkillərimizə əsasən iri portretlərimizi çəkmişdi. Heyrət doğuracaq qədər oxşarlıq vardı və bu portreti o günün əziz xatirəsi kimi saxlayıram. Bir də o gün ona görə yadımdan çıxmır ki, filarmoniyada unudulmaz xanəndə Hacıbaba Hüseynovun yubiley gecəsi keçirilirdi. Sabir Rüstəmxanlı ilə Bəylər Məmmədov başqa bir tədbirə gedəcəkdilər, ona görə də onlara bağışlanan qərənfilləri də mənə verdilər. Filarmoniyaya bir qucaq güllə gəlmişdim. Çox möhtəşəm bir gecəydi və bu tədbirdə ünlü sənətkarlarımız iştirak edirdilər. O gecə doqquz yaşlı oğlum Ceyhun çıxış edənlərə gül daşımaqdan yorulmuşdu.
Bəylər Məmmədov həm də musiqini, klassik muğamlarımızı çox sevirdi. Bəylər müəllim o zaman mənim Respublika radiosunda müntəzəm səslənən musiqili-ədəbi verilişlərimin hamısına qulaq asar və öz fikrini hökmən bildirərdi.
Bir dəfə nəşriyyata gələndə dedi ki, yaxşı bir kitab hazırlayıram. Soruşdum ki, kitab nə barədədi? Dedi ki, Qarabağdan çıxmış baməzə adamlar haqqında portret oçerklər yazıram, onların lətifələrini toplayıram.
Bəylər Məmmədov çox keçmədi ki, əhdinə sadiq çıxdı. “Qarabağın baməzə adamları” kitabının əlyazmasını nəşriyyata təqdim etdi. Mən onu o zaman “Yazıçı” nəşriyyatının baş redaktoru, hörmətli yazıçımız Cəmil Əlibəyovla tanış etdim və dəyərli bir kitab hazırladığını söylədim. Beləcə, “Qarabağın baməzə adamları” kitabı nəşriyyatın tematik planına salındı. Lakin min təəssüf ki, Bəylər müəllimə kitabının nəşrini görmək qismət olmadı. Bəylər Ağalar oğlu Məmmədov 1991-ci il fevral ayının 15-də Bakıda vəfat etdi. Vəsiyyətinə görə onun cənazəsini oğlu Elşən doğulduğu (1924) Şuşa qalasına apararaq ata-anasının uyuduğu torpağa tapşırdı. Qarabağın tarixini, əbədi mühitini çox gözəl bilən Bəylər Məmmədovun ürəyi erməni qəsbkarlarının yersiz iddialarına dözmədi. O tez-tez təəssüf hissilə deyirdi:
Şuşa bir Günəşdi, Şuşa bir Aydı,
Parisə bənzərdi dağılmasaydı.
Min təəssüf ki, mən “Qarabağın baməzə adamları” kitabını onsuz çapa hazırladım. Əlyazmasını oxuduqca hər səhifəsindən Bəylər Məmmədovun gülər sifəti canlanırdı. İndi də onun yumor dolu söhbətləri, gülüşü, səsi yaddaşımdadır. “Qarabağın baməzə adamları” kitabı 1992-ci ildə 15 min tirajla çap olunaraq oxucuların sevimli kitablarından biri oldu. Hər dəfə bu kitabı əlimə götürəndə Bəylər Məmmədovu minnətdarlıq hissilə yad edirəm.
Vəfatından sonra onun haqqında “Ürəyimdən kimlər keçdi” silsiləsindən “Ötən günlərdən səhifələr”, “Qarabağın baməzə adamları” adlı esselər yazıb çap etdirdim.
* * *
Səksəninci illərdə “Yazıçı” nəşriyyatı ən öndə gedən nəşriyyat idi. Burada kifayət qədər yaradıcı insanlar çalışırdı. Sabir Rüstəmxanlı, Vidadi Babanlı, Oqtay Salamzadə, Mustafa İsgəndərzadə, Müzəffər Şükür, Cavad Zeynal, Məmməd Aslan, Sabir Mustafa, Adil Cəmil, İslam Turkay, Zəlimxan Yaqub, Rüstəm Behrudi, Nadir Cabbarov, İsa Hümbətov, Natiq Səfərov, Mehdi Mirkişiyev, Ağasəfa, Saday Budaqlı, Səfər Mahmudzadə, Nəsiman Yaqublu, Sadiq Məsiyev, İlqar Quliyev, Firuzə Rzabəyova, Zəkiyyə Qiyasbəyli, Səkinə Huseynova, Minayə Əliyeva, Zərifə Hüseynova, Nərgiz Rüstəmli (Qurbanova), Rasimə Abbasova, Nərgiz Bayramova, Tamara Vəliyeva, Ofelya Süleymanova və daha onlarca insan gözlərinin işığını Azərbaycan kitabının səhifələrində qoymuşlar. Mənim burada adını çəkdiyim və çəkmədiyim iş yoldaşlarımın hər biri haqqında söz demək imkanım var, ancaq mətləbi uzatmaqdan, oxucunu bezdirməkdən qorxuram. Həm də adlarını andığım şəxslərin çoxunu ədəbi ictimaiyyət yaxşı tanıyır.
Nə danım, bu sətirləri yaza-yaza həm də təəssüf hissi keçirirəm ki, illərlə gözlərinin işığını kitabların səhifələrinə hopdurmuş korrektor xanımların, kitabların bədii tərtibatını verən rəssam yoldaşlarımın, texniki redaktorların, istehsalatda çalışanların hamısını bir-bir xəyalımdan keçirsəm də, barələrində yazmaq imkanım yoxdur. Sən demə, illər keçsə də uzun illər bir yerdə çalışdığın, hətta yaxşı münasibətdə olmadığın adamları da unutmaq olmurmuş. Elə ki xəyalən o illərə qayıtdın, yaddaşının “künc-bucağından” sənə neçə-neçə göz baxır, qulağına gülüş səsləri gəlir. Min bir hal, min bir vəziyyət.
Sanki nə vaxtsa çəkilmiş filmə baxırsan. Yeganə fərq burasındadır ki, bu ömür filmi kinolentin “yaddaşında” əbədiləşməyib. Bu filmin rejissoru da, personajı da sən özünsən. Evin bir küncünə çəkilib, keçmişə yaddaşının “ekranında” baxırsan. İndi yaşımın bu çağında mən də baxıram və çox şeylər görürəm. Qəribədir ki, ən çox da kitabları, bu kitabları yazıb ərsəyə gətirənləri, nəşr edən insanları görürəm.
O dövrdə redaktə elədiyimiz kitabın siqnal nüsxəsini görəndə həyəcan keçirərdik: görəsən, səhv getməyib ki, hər şey qaydasındadırmı? Çünki hər kəs redaktə etdiyi, korrektoru olduğu kitabın məsuliyyətini daşıyırdı. Mətbəələrdən hər nəşr olunan kitabdan nəşriyyata on nüsxə gəlirdi. Bu kitablar direktora, baş redaktora, direktor müavininə, istehsalat şöbəsinə, aid olduğu redaksiyaya verilirdi.
1985-ci ilin dekabrında redaksiyanın qapısı açıldı. İstehsalat şöbəsinin işçisi F.Şuşinskinin aylarla üstündə işlədiyim “Azərbaycan xalq musiqiçiləri” kitabının siqnal nüsxəsini qoydu stolumun üstünə. Otuz min tirajla, tabaşirli kağızda, nəfis şəkildə çap olunmuş qırmızı cildli kitabı vərəqləməyə başladım. Titul səhifəsində kitabın xüsusi redaktoru Teymur Əhmədovun adı yazılmışdı, son səhifədə nəşriyyat redaktoru kimi mənim adım yazılmalıydı. Son səhifəni açdım, imzam yox idi, adım çıxarılmışdı. Hiss elədim ki, qanım sifətimə vurdu, qəzəb içimdə tüğyan elədi. Bu gün bəlkə də bu cür münasibətə əhəmiyyət vermərəm, ancaq o zaman bu qədirsizliyə dözə bilmədim. Kitabı götürüb otaqdan çıxdım. Dəhlizdə Əjdər müəllimlə qarşılaşdım. Gözlədim ki, kabinetinə keçsin. Otağına keçib məni içəri çağırdı:
– Əjdər müəllim, bu kitabdan mənim adımı kim çıxarıb?
– Komitə çıxartdırıb.
– Mətbuat Komitəsinin mənimlə nə işi var?
– Bəy səndən şikayət eləyib, kitabda redaktor kimi adının getməsini istəmədiyini deyib.
– Axı, siz bilirsiniz ki, mən bu kitaba nə qədər əmək sərf etmişəm.
– Bilirəm, səbirli ol.
Mən isə səbirli ola bilməmişdim. Şərq ölkələrində isə səbirsizləri üsyankar hesab eləyib cəzalandırırlar. Sovet dövrünün müxtəlif cəza növləri sırasında Kommunist Partiyası sıralarından çıxartmaq, töhmət vermək, işdən uzaqlaşdırmaq, vəzifəsini aşağı salmaq kimi hallar vardı. Məni cəzalandırmaq üçün başqa bir yol seçildi – klassik ədəbiyyat və folklor redaksiyası ilə cəmi üç nəfər işçisi olan Şərq şöbəsini birləşdirdilər. Şərq şöbəsinin müdiri Şahin Şükürovu müdür təyin etdilər, məni isə “öz xahişimlə” nəsr redaksiyasında böyük redaktor vəzifəsinə keçirdilər. Rəhbərlik lütfkarlıq edib maaşıma toxunmadı. O dövrdə bu, istisna hal hesab olunurdu.
Aradan illər keçsə də, F.Şuşinskinin ara-sıra müraciət etdiyim “Azərbaycan xalq musiqiçiləri” kitabı və bu kitabla əlaqədar keçirtdiyim sarsıntılar yadımdan çıxmır.
* * *
1986-cı ildə direktorumuz Əjdər Xanbabayev Azərbaycan Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifə onun halal haqqıydı. Biz onunla səkkiz il bir yerdə işləmişdik. Öyrənmək istəyənlər onun iş üsulundan, idarəçilik bacarığından çox şey öyrənmişdilər. Çünki o, təbiəti etibarilə zəngin adam idi.
Əjdər Xanbabayev öz yerinə köhnə iş yoldaşı, dostu Faiq Məlikovu direktor təyin etdirdi.
Faiq Məlikov da işgüzar və sülhsevər adamdı. Onun nəşriyyata gəldiyi dövrdə həmkarların seçkisi olmalıydı. Seçki ərəfəsində ona dedim ki, namizədiniz varsa, mən həmkarların sədrliyindən imtina edə bilərəm.
– Burda kimi tanıyıram? – dedi, – Əjdər müəllimlə işləmisənsə, deməli, mənimlə də işləyə bilərsən.
Beləliklə, yenidən Nəşriyyat Həmkarlar İttifaqının sədri seçildim.
Yenidənqurma dövrü idi, amma yeni heç nə yoxdu. Amiranəlik metodu ilə, şüarçılıqla idarə edilmiş ölkənin yenidən qurulması, demokratikləşməsi asan məsələ deyildi. İllərlə üstü örtülmüş, əhəmiyyət verilməmiş problemlər qabarıb üzə çıxmışdı. Yenidənqurma və demokratiya ideyasının banisi M.Qorbaçovun ölkə başçısı kimi zəifliyi dərhal özünü göstərmisdi. Onun gəlişiylə biz azərbaycanlıların gələcək faciələrinin bünövrəsi qoyulmuşdu. Torpaq iddiasında olan erməni daşnakları havadarlarının sayəsində fəallaşmışdılar. Bu fəallaşma 1988-ci ildə pik həddə çatdı, qarşılıqlı ittihamlara, mitinqlərə rəvac verdi.
* * *
“Yazıçı” nəşriyyatının 1989-cu ilin tematik planında 15 müəllif vərəqi həcmində kitabım plana salınmışdı. Lakin məlum 1988-ci il hadisələri bu kitabı çap etdirmək həvəsimi öldürdü. Mən Qarabağ xanlığının, Şuşa qalasının banisi Pənahəli xan Cavanşir haqqında roman yazmaq fikrinə düşdüm. Bu da təsadüfi deyildi. Doğrudan da, xəyalından belə ötüb keçən hər sözün bir səbəbi var. Pənah xan mənim yadıma elə-belə, lapdan, heç nədən düşməmişdi. Lap uşaq yaşlarımdan məndə tarixi romanlara, tarix kitablarına, ümumiyyətlə, keçmişə qəribə, mübhəm bir maraq vardı. Orta məktəbdə Azərbaycan tarixinə aid keçirilən dərslər barmaqla sayılacaq qədər az idi. Ümumi tarix kitablarından isə bizə rus knyazlarının, İvan Qroznının, Aleksandr Nevskinin və başqalarının həyatını əzbərlətdirirdilər. Əlimə keçən bəzi kitablarda elə faktlara rast gəlirdim ki çaşbaş qalırdım. Guya bizim nə bir fərli şahımız, xanımız, nə də sərkərdəmiz olmuşdu. Xalqın qürurlanmağa, sanki heç nəyi yox idi. Ona görə də biz Şuşa kimi bir qalanın qurucusu Pənah xan Cavanşiri, qorxmaz şəkili Çələbi xanı, Nadir şahı, Abbas Mirzəni tanımırdıq. Çünki onları bizə tanıdan yox idi. Şimali Azərbaycan uğrunda müharibələr aparan Abbas Mirzə kimi ləyaqətli bir sərkərdəni bizə xalqımızın düşməni kimi tanıtmışdılar. Bu cür ögey-doğmalıq o zaman mənim yeniyetməlik, gənclik ruhumu incidirdi. Bəzən özümüzünkülərin təəssübkeşlik hissini unudub çar ordusuna qoşularaq soydaşlarına, dindaşlarına qarşı vuruşduqlarını heç cür anlaya bilmirdim. Beləcə, illərlə başımızın altına yastıq qoymuşdular. 1988-ci il məlum hadisələri bizi qəflət yuxusundan ayıltmışdı. Hadisələr adamı daha önəmli işlərlə məşğul olmağa təhrik edirdi. İstər-istəməz Qarabağın tarixi keçmişini öyrənməyə, Qarabağ xanlığının banisi Pənah xan haqda düşünməyə, XVIII əsr hadisələri ilə çağdaş problemlər arasında paralellər aparmağa daxili bir ehtiyac duyurdum.
Mən Pənah xanın dövründə yaşamış, onunla dostluq etmiş, münaqişədə, müxalifətdə olmuş şimallı-cənublu xanlıqlar barədə də yazmaq istəyirdim. Buna görə də çoxlu kitablar oxuyurdum. O dövrün materiallarını əldə edib araşdırırdım. Bəxtimdən, o zaman nəşriyyatımızın Şərq şöbəsində iki nəfər cənublu çalışırdı: Məmmədəli Müciri və Əyyub Nəyimi. 46-da gələnlərdən idilər. Boş vaxtım olan kimi onların yanına tələsirdim. Onları sorğu-suala tuturdum:
– Təbriz necə şəhərdi? Ən məşhur məhəllələri hansılardı? Şəhərin özündən, yaxud ətrafından hansı çay keçir? Şəhər dağlıq ərazidə yerləşir, yoxsa düzənlikdə?
Dünyagörmüş bu kişilər səbirlə mənə Təbrizi təsvir edirdilər. Artıq mən onların gözü ilə Eynal-Zeynal dağının ətəyində qərar tutmuş dumanlı Təbrizi görürdüm.
Məmmədəli Müciri daha savadlı və məlumatlı şəxs idi. Mənə rusca İran tarixinə aid kitab da vermişdi. O, “21 Azər” hökumətinin vaxtında Cənubi Azərbaycanda yaradılmış Dövlət filarmoniyasında bəstəkar Cahangir Cahangirovun yaratdığı Dövlət xorunda oxumuşdu da. Bir dəfə Qəbələdə ekskursiyada olanda meşədə, günəşin batabat çağında, qızılı şəfəqlərin dostların üzündə oynaşdığı bir vaxtda onunla qol-qola girib çox sevdiyim “Mürği-səhər” (azadlıq quşu) mahnısını oxuduğumuzu heç zaman unutmaram:
Gəldi baharın xoş səfası,
Aləmi tutdu ziyası.
Səhni-gülüstanda ucaldı
Bülbüli-şeydanın nəvası.
Balam hey, nəvası,
gülüm hey, nəvası.
Sən də çiçəkləndir həyatın baharını,
Gəl oxu bülbültək azadlıq şüarını,
Məhv elə hər yerdə sitəm ruzigarını.
Al səadət,
balam, al səadət.
Mənə o dövrdə fars mənbələrini oxumaqda M.F.Axundov adına Mərkəzi Dövlət kitabxanasında işləyən Məhəmməd Əli Müsəddiq də çox kömək etmişdi.
Hələ 1982-ci ildə Pənahəli xanın nəvəsi Ağabəyim ağa haqqında “Təbəssüm çiçəyi” adlı povest yazmışdım, lakin onun İran həyatını əks etdirən mənbələri əldə edə bilmədiyimdən bu əsəri çap etdirməyə tələsmirdim. Ancaq o zaman axtarışlarımın bəhrəsi olaraq şəxsi arxivimdə bu nakam taleli şairənin həyatından anlar, poeziyasından nümunələr əldə edə bildim. Xoşbəxtlikdən zamanında nəyi harada axtarmağı, kimi kimdən soruşmağı bacarmışam. Axı hər bir işin öz xiridarı var. Mənim o zaman Ağəbəyim ağa Ağabacı ilə bağlı üz tutduğum adamlardan biri də şair, ədəbiyyatşünas Əbülfəz Aslan oğlu Hüseyni (Həsrət) idi. O, 1925-ci ildə Təbrizdə doğulmuşdu. Əbülfəz Hüseynli, gəncliyində Milli Azadlıq hərəkatına qoşulmuş, şah ordusunun təcavüzündən sonra – 1946-cı ildə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdı. Əbülfəz müəllimlə “Yazıçı” nəşriyyatında tanış olmuşdum. Onun tərtib etdiyi Seyid Əbülqasim Nəbatinin “Seçilmiş əsərləri” bizim redaksiyada çapa hazırlanmışdı. Bu kitab 1985-ci ildə iyirmi min tirajla nəşr olunmuşdu.
Əbülfəz Hüseyni Nizami adına Ədəbiyyat İnstitutunda işləyirdi. İ.Nəsimidən bəhs edən “Mən bu cahana sığmazam” pyesinin, şeirlər toplusunun müəllifi idi. Qulamrza Cəmşidlinin “Hacı Kərimin aya səyahəti” komediyasında səslənən şeirlər də ona məxsusdur. Tərcümə sahəsində də səmərəli çalışmışdı. Hafiz Şirazinin “Seçilmiş şeirlərini” onun tərcüməsində oxumuşduq. Xəqaninin, Şəbüstərinin bəzi şeirlərini dilimizə çevirmişdi.
Mən bir gün növbəti görüşümüzdə Ağabəyim ağa ilə bağlı niyyətimi Əbülfəz müəllimə də söyləmişdim, ondan şairə ilə bağlı əlinə bir fakt keçərsə, mənə verməsini xahiş etmişdim. Aradan bir müddət keçəndən sonra Əbülfəz Hüseyni şairə haqqında tarixi mənbələrdən götürdüyü bəzi məlumatları, şeir parçalarını farscadan tərcümə edərək mənə vermişdi. Əlbəttə, bu faktlar bədii əsər yazmaq üçün kifayət deyildi, ancaq dəyərliydi. Onun cənublu alimlərdən Ələkbər Müşir Səliminin “Zənani-süxənvər” (şairə qadınlar) əsərindən Ağabəyim ağa ilə bağlı etdiyi tərcümə şairənin həyatını öyrənmək baxımından maraqlıdır. Ələkbər Müşir yazır: “Bu şairə xanım İbrahim xan Cavanşirin qızı, Əbülfət xan Məluminin bacısıdır. Ağabacı xanım (Ağabəyim ağanın təxəllüsü – M.Ç.) şahın sarayında böyük cəlal ilə yaşayırdı. Xanım özü ilə Qarabağdan iki yüz nəfər adam aparmışdı. Onların hamısı işbilən, qoçaq şəxsiyyətlər idi. O cümlədən Məlik bəy adlı biri xanımın xüsusi xadimi-vəziri idi. Məlik bəy Qarabağın möhtərəm şəxslərindən olmaqla çalışırdı ki, bir nəfər də olsun xanıma hörmətsizlik eləməsin. Ağabacı xanım İmamzadə Qasim yaxınlığında gözəl bir saray tikdirmişdi. Əsasən orada yaşayırdı. Elə bir əzəmət və böyüklüyünə baxmayaraq ömrü boyu şaha yaxınlaşmadı. Aralarında toy gecəsi bir neçə kəlmə söhbət oldu. Sabahı gün xanım azərbaycanca belə bir şeir yazdı:
Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,
Ömrüm necə gəldi, necə qaldı, necə getdi.
Şah, Qum vilayətinin gəlirindən ona böyük bir məbləğ ayırmışdı. Xanım Quma köçdü, ömrünün axırınadək orada qaldı. 1248-ci ildə orada vəfat etdi (miladi 1827. Başqa bir ehtimala görə 1831-ci ildə vəfat etmişdir – M.Ç.)”. Bu mənbədən öyrəndim ki, fransız Sergüz Özlü (ola bilər bu ad təhrif olunub – M.Ç.) arvadı ilə İrana səfir gələndə etimadnaməsini brilyant düyməli qutuda şaha təqdim edir. Səfir təqdimat mərasimində şahın baş hərəmi Ağabəyim ağa ilə də görüşür və ona ənbərçə almaz (sinəbənd) hədiyyə edir.
M.Tərbiyətin yazdığına görə, İranda fransız dilini öyrənən Ağabəyim ağa Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsi ilə Napoleon Bonaparta məktub göndərmişdir.
Ağabəyim ağanın poeziyasından bizə çox az nümunələr gəlib çıxıbdır. Deyilənə görə Ağabəyim ağa Qarabağı tərk edib İrana gedərkən farsca belə bir rubai söyləmişdir:
Xorrəm onku be səri-kuy-e to cay-e darəd,
Ke səri-kuy-e to xoş abü həva-ye darəd.
Be səfər rəft deləm şod cərəsi naqeye o
Rəsm inəst ke hər naqə dəra-ye darəd.
Əbülfəz Hüseyni həmin rübaini azərbaycancaya belə çevirmişdi:
Kim küçəndə məskən etdi xoş onun dövranına,
Burda bir cənnət olar ömrü boyu dövran ona.
Zəng asarlar rəsmdir fəryad üçün karvanlara,
Könlümü qoşdum gedərkən yarımın karvanına.
Əbülfəz müəllim şair olduğu üçün, həm də fars dilini kamil bildiyinə görə, rübaini özündən qabaq tərcümə edənlərdən daha dəqiq və poetik çevirmişdi. Bu fikri Əbülfəz Hüseynin şairənin farscadan çevirdiyi digər iki beyti haqqında da demək olar:
Soxtəm əz atəşi-qəm, naseha, ta key ze məni,
Mizəni bər atəşəm damən bero, xamuş baş.
Tərcuməsi:
Az nəsihət eylə naseh, yandırıb eşq atəşi,
İnsaf eylə, yelləmə, bəsdir yanan odlarımı.
* * *
Tə həşr nəvisənd əgər minəşvənd tey,
Nə dəftəri-hüsn to, nə tumar fəraqəm.
Tərcüməsi:
Yazsalar ta həşrəcən əsla inanma qurtara
Hüsnünün tərifi ilə hicranın dastanları.
Əbülfəz Hüseyni Ağabəyim ağanın bir qəzəlini də (əlyazmalar fondu, rəf vərəq 97) tərcümə edərək mənə vermişdi. Buyurun, oxuyun:
Əgər verəm yelə bu zülfi-ənbərasanı,
Çəkib tora salaram səhralarda ceyranı.
Bu qəmzə ilə əgər mən niqab açam üzdən,
Çağır təmaşaya gəlsin tamam dünyanı.
Baxanda nərgizi-məstimlə mən xumar, məxmur,
Qan ağladar baxışım qibtədən Züleyxanı.
Neçə-neçə ölü can işvəm ilə canə gələr,
Görəndə mat eləyər möcizəm Məsihanı.
Əgər düşərsə güzarım mənim kəlisayə,
Gətirrəm öz dinimə hüsnüm ilə tərsanı.
Qızıl quşam, mən o kəklik kimi də yol getsəm,
Önümdə heyran edər ehtişamım ənqanı.
Yeri gəlmişkən deyim ki, Bəylər Məmmədov da “Natəvanın şair qohumları” kitabında Ağabəyim ağaya həsr etdiyi oçerkdə bu qəzəli “Fəxriyyə” adı altında tərcümə edərək vermişdir.
Onu da xatırladım ki, Fətəli şah özü də şeir-sənət aşiqi olmuşdur. Onun iki dildə – Azərbaycan və farsca divanları var. Şeirlərini “Şah”, “Xaqan” təxəllüsü ilə yazardı. Aşağıdakı şeir ona məxsusdur:
Meyi-gülfamilə gər ləli-ləbin rəngindir,
Bəs nədir vəchi ki, mey təlx, ləbin şirindir.
Aşiqin qanını kim etdi bu millətdə həlal,
Bu necə din, necə məzhəb, bu necə aindir.
Ey gözəl, rəhm elə, insaf elə, ehsan eylə,
Şahinə busə verib, könlünü al, miskindir.
Beləcə Ağabəyim ağa, onun mühiti, Qarabağla bağlı həyatını araşdırarkən istər-istəməz Pənahəli xan haqqında da müəyyən məlumatlar əldə etmişdim. Nə isə, roman üzərində çox həvəslə işləməyə başladım. Baş verən ictimai-siyasi hadisələr də mənim bu işimə təkan verdi. 1990-cı ildə romanın böyük bir hissəsini yazıb, o zaman 45 min tirajla nəşr olunan “Karvan” jurnalına verdim. Əlyazmanı redaksiyanın bütün əməkdaşları – baş redaktor Oqtay Salamzadə, məsul katib Əmir Mustafayev, şair Ağasəfa, Dilarə Vəkilova, Mahmud Abbasov oxuyub çap üçün qəbul etdilər. Romanın böyük bir hissəsi elə həmin il jurnalın 10-11-ci saylarında çap olundu. Mən bundan ruhlanıb romanı bitirdim. Lakin tarixi mövzuda ilk qələm təcrübəm olduğundan çox nigarançılıq hissi keçirirdim. Nigarançılığıma son qoymaq üçün romanı Qarabağ xanlığının tarixini yaxşı bilən bir adama oxutmaq istəyirdim. Bu niyyətlə soraqlaşanda dostlar romanı professor Nazim Axundova oxutdurmağı məsləhət bildilər.
Doğrusu, mənim o vaxta qədər Nazim Axundovla tanışlığım yox idi. Amma mən onun mətbuatımızın tarixinə aid yazılarına yaxşı bələd idim. Onun “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”, “Azərbaycan satira jurnalları” kitablarını oxumuşdum.
Nazim Axundov Xankəndində Dövlət İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işlədiyi üçün Bakıda yaşamırdı. Mən romanımın əlyazmasını Nazim müəllimə göndərməyin yolunu aradığım bir gündə rəhmətlik Namiq Babayev (“Xarı-bülbül əfsanəsi”ni də “Azərbaycan təbiəti” jurnalında ilk dəfə bu istedadlı gənc alim yazıb çap etdirmişdi) “Yazıçı” nəşriyyatına, mənim müdir olduğum nəsr şöbəsinə gəlmişdi. Hal-əhvaldan sonra ondan xahiş etdim ki, romanımın əlyazmasını Şuşaya aparsın, əvvəl özü oxusun, sonra Nazim müəllimə mənim xahişimi yetirsin. Beləcə, Namiq Babayev əlyazmamı götürüb apardı. Bir müddət sonra zəng edib, məni romanın yaxşı yazılması münasibəti ilə təbrik etdi və əlyazmasını Nazim müəllimə verdiyini söylədi.
Nazim Axundov isə romanı nəinki oxuyur, hətta institutda onunla birgə çalışan şair Ənvər Əhmədə, tarixçi yazıçı Şahlar Həsənoğluna və başqalarına da oxutdurduqdan sonra müzakirəsini keçirir. Bununla da rahatlıq tapmayıb, əsərdən müəyyən parçaları müəllif haqqında kiçik bir tanıtdırma ilə “Şuşa” qəzetinə təqdim edir. O, şuşalı oxuculara məni belə təqdim eləmişdi: “Mustafa Çəmənli müasir Azərbaycan nasirlərindən biridir. Onun hekayə və povestləri oxucular tərəfindən rəğbətlə qarşılanır. Hazırda “Yazıçı” nəşriyyatında nəsr bölməsinə rəhbərlik edir.
Mustafa Çəmənli Pənahəli xanın həyat yolunu, Qarabağ xanlığının əsasını qoymasını, Bayat, Şahbulaq və Şuşa qalalarını tikdirməsini, xarici və daxili düşmənlərə qarşı qalibiyyətli mübarizəsini əks etdirən “Xallı gürzə” romanını bitirmişdir. Romandan bəzi fəsilləri oxuculara təqdim edirik”.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.