Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 13

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 13 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

– Niyə belə deyirmiş?

– Bakıda tez-tez hava dəyişir, Xəzri, Gilavar əsir. Babalarımız İçərişəhərin tikilişində bunu nəzərə alıblar, amma Bayırşəhəri tikənlər yox.

Xeyli ordan-burdan danışandan sonra Mirvarid xanımın söhbətini diktafona yazdım. Mirvarid xanımın lentdə qalmış xatirəsini olduğu kimi təqdim edirəm:

– Əbülfət müəllimin adıyla onun dinləyicilərinin ən gözəl duyğuları bağlıdır. Əbülfət Əliyev bizim klassik, ustad xanəndələrdəndir. O, öz sənətiynən dinləyicilərin ürəyinə elə sehrli bir duyğu bağışlayıb ki… Bu duyğu şairin qəlbində sehrə dönüb. Sehri isə sehrə düşənlər başa düşürlər: bu hardan sehrləndi, nədən sehrləndi. Əbülfət Əliyevin sənəti sehrdi. Mən onun ifasını dinləyəndə ancaq bu sehr barəsində düşünürəm. Onun səsində bir yumşaqlıq, bir lirika, insanı xəyaldan-xəyala salan, bəzən bir zirvədə dondurub saxlayan çox qəribə bir qüdrət var… Mən həmişə onu dinləyəndə deyirəm: şükür Yaradana ki, xalqımıza belə bir oğul, belə bir sənətkar veribdir. Mən iki dəfə təşviqat qatarıyla Əbülfət Əliyevlə rayonlarımızda olmuşam. Əbülfət oxuduqca yerdən kişilər onu təqdir edirdilər: “Can Əbülfət! Yaşa Əbülfət!”

Mən yeri düşmüşdü deyə Mirvarid xanımdan Əbülfət Əliyevin Opera teatrının səhnəsində yaratdığı Məcnun obrazını görüb-görmədiyini soruşdum. Şairə dedi:

– Sarabskini mən uşaq vaxtı, on iki-on üç yaşım olanda görmüşəm. Hələ də onun sifətinin mimikası, səsi, səsinin ahəngi mənim yadımdadı. Mənə elə gəlir ki, Sarabskini yalnız Əbülfət Əliyev əvəz eləyə bilər. Məcnun həmişə məftundu. Məcnunun fəryadı daxildə gedən fəryaddı. Bu fəryadı ancaq Əbülfətin səsi dinləyicilərə çatdıra bilər. Əbülfətin səsilə Füzulinin fəryadı birləşəndə bu ayrı bir aləm olur…

1992-ci ildə mən “Gənclik” nəşriyyatına baş redaktor təyin olundum. Bir müddət sonra Mirvarid xanım “Bənövşələr üstə gözyaşları” adlı xatirələr kitabının əlyazmasını nəşriyyata təqdim etdi. Mən şairənin əlyazmasını oxutdurub, nəşriyyatın redaktoru Məmməd Namaza kitaba ön söz yazmasını xahiş etdim. Sağ olsun, o da səmimi bir ön söz yazdı.

1994-cü il idi. Mirvarid xanıma zəng edib kitabının işıq üzü gördüyünü dedim, çox sevindi. Lakin xəstə olduğu üçün bugünlərdə nəşriyyata gələ bilməyəcəyini söylədi. Çox təəssüfləndim. Mirvarid xanım nəşriyyata yaxın binada – Monolitdə yaşayırdı. Kitabdan iki nüsxə götürüb Məmməd Namazla onlara getdim. Qəfil gəlişimizdən çox sevindi. Kitabları ona verdik. Çöhrəsi nurlandı. Nəşrə görə təşəkkür etdi. Sağollaşıb çıxdıq.

O vaxtdan illər keçib. Haqq dünyasına qovuşub hörmətli şairəmiz. O, mənim yaddaşımda hər işində vəfalı, sədaqətli, analarımız kimi başı örpəkli, səmimi, təvazökar, mülayim, rəngsiz-boyasız qalıb. Bənövşələr üstə düşən şeh kimi parlaq.

“525-ci qəzet”

25.11.2012

ŞAHMAR HEYY!


Gecə saat 1-də, dünyanın səssizliyə bələndiyi bir vaxtda telefon səsləndi. Hövlnak yuxudan ayıldım. Əlimi həyəcandan çırpınan ürəyimin üstünə qoydum: xeyir ola! Dəstəyi qaldırdım.

– Mustafa, Şahmar ölüb! Şahmar Əkbərzadə! Bilirsən?

İçimdə nəsə qırılıb, çilik-çilik oldu. Zəng kəndimizdən vurulurdu. Səs Çəmənlidən gəlirdi. Şahmarın həmişə adıyla öyündüyü ana beşiyimiz Çəmənlidən.

Bu an sənin öz səsin gəldi qulağıma, Şahmar müəllim. “Çəmənli” şerini oxuyurdun:

Bu gecə qürbətdə girdin yuxuma,

Elə bil əmdiyim südə bələndim,

Neçə zirvələrdən boylandım, amma

Vüqarım sən oldun, sənə güvəndim.

Laylamın binəsi səndən başlanır,

Çəmənlim, a mənim könül çəmənim!

Hər səni ananda gözüm yaşarır,

Gözü yolda qalan anamsan mənim.

Qardaş, yaddaşımda uyuyan, sənin avazına bələnmiş şeirinə dinşək kəsildim. İçimdə bir fəryad qopdu: Şahmar heyyy!

Gecənin bir aləmində mənə elə gəldi ki, sənin ruhun Çəmənlinin səmasında dolaşır, ustad. Axı özün deyirdin ki:

Yüz il qucağından uzaqda gəzsəm,

Xəyalım yenə də səmanda süzər,

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakım küsər.

Yox, küsməz, Şahmar müəllim! Axı sən o taylı-bu taylı vətənimizi canından artıq sevirdin.

Qarabağın sahibsiz qalmış yurd yerlərindən, Ağdamın minarəsindən, Şuşanın Cıdır düzündən, Kəlbəcərdən, Dəlidağdan, Mərənddən, Təbrizdən bir haray qopdu:

… Şahmar heyy!

Şahmar, sən mənə dərs deməmişdi, amma həmişə səni özümə müəllim bilirdim. Vətənsevən, insansevən, yurd qədri bilən, el təəssübü çəkən, məclislər yaraşığı, dostlarını baldan şirin sözlərinlə şərəfləndirən Şahmar! Ey ürəyi özündən böyük müəllimim! Çılğın ürəyi, həssasdan-həssas qəlbi köksünə sığmayan böyük qardaşım.

Şahmar müəllim, sən özündən, öz yaradıcılığından çox başqalarından danışardın. Sevdiyin şair, yazıçı, alim dostlarını təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında təbliğ edərdin. Sən özünsə, dünyanın o qayğısız çağlarında belə ildə bir kitab çap etdirməyə can atan, qonorar eşqinə qələm çalan qələm sahibi deyildin, Şahmar müəllim! Sən az yazan, amma gözəl yazan, misraları yaddaşlara həkk olunan böyük ruh şairi idin. Sən dünyanın içini-çölünü bilən, ensiklopedik bilik sahibi idin. Hər kəlməni obrazlı deməyi sevirdin. Hər cümlən, hər fikrin son sözün kimi səslənirdi. Böyük bir el ruhunun daşıyıcısı idin. Sən ilahiyyatı, muğamatı necə gözəl bilirdin. Yaxşını tez görüb, tez qiymətləndirən, pisliyə, rəzilliyə qənim kəsilən ər kişi idin, qardaş!

Sonuncu kitabının adını “Haqqa pəncərə” qoymuşdun. Çünki sən haqqı tanıyan, üzünü haqqa tutan, haqqa qapı açan mərd bir kişi idin! Sən alovlu bir natiq idin. Sən danışanda gözlərimiz önündə odsuz-ocaqsız yanardın. Buna ürəkmi dözərdi, qardaş! Dözmədi də. Dağ boyda Qarabağ dərdi də üstəlik… Sən elə gündə belə deyərdin:

… Üstə dizin-dizin iməklədiyim,

Torpağın könlünü nə təhər alım.

Anamdır, bəs ona nə təhər deyim,

Yanına gəlməyə yoxdur macalım.


Amansız tale sənə Qarabağın azad olacağı günü görməyi qismət eləmədi, ustad! O günü sən görsəydin… Yox, sən Qarabağı dizin-dizin gəzərdin, ürəyini köksündən çıxardıb deyərdin:

Bir quşam mənimki gətirib belə,

Çıxmaz ürəyimdən Əppəkli dərə.

Həsrətim çatarmı görən poçt ilə

Qızıl kövşənlərdə bildirçinlərə.

Heyhat!… Ey böyük ruh şairim! Qızıl kövşənlərdə, viran qalmış Ağdam şəhərində bildirçinlər, səni sevən dostların, oxucuların bu gün – Şahmar heyyy deyir!

Allah sənə rəhmət eləsin!

“525-ci qəzet“

02. 09.2000

“ADIM YADDAŞLARDAN SİLİNMƏYƏCƏK”

Bu dünyada bir şair ömrü – Zəlimxan ömrü yaşandı.

Ömür-gün səhrasında

Səfil olan canımız.

Qəzası, müsibəti

Qəfil olan canımız.

Əziz dostumuz Zəlimxan Yaqub bu sətirləri yazanda xəstəlik də, kəmfürsət əcəl də ondan çox-çox uzaq idi. O anda nə olubmuş, nə görüb, nə eşidibmiş, nə üçün belə bədbin nota köklənibmiş deyə bilmərəm:

Ölüm ahıl, biz çağa,

Boğaz yemdi bıçağa.

Axır beş arşın ağa

Təhvil olan canımız.

9 yanvarda dünyasını dəyişən Zəlimxan Yaqubun 66 yaşının tamam olmasına cəmi 12 gün qalmışdı. 1950-ci il 21 yanvarda Borçalı mahalının Kəpənəkçi kəndində doğulmuşdu, Bakıda haqqa qovuşmuşdu. Çoxları kimi bu acı xəbəri mən də televiziya xəbərlərindən eşitdim və dərhal Zəlimxanlı günlərimiz xəyalımda yenidən canlandı.

1972-ci il idi. Bakı Dövlət Universitetinin akt zalında iynə atsan, yerə düşməzdi. Kitabxanaçılıq fakültəsinin beşinci kurs tələbəsi Zəlimxan Yaqub gur səslə Kəlbəcərdə Aşıq Şəmşirlə görüşündən və onunla şeirləşməsindən danışırdı. Özü də şeir dili ilə – “Dədə Şəmşir belə dedi, mən belə cavab verdim”. Onun çıxışı tələbələrin gurultulu alqışlarıyla qarşılandı. Onda mən Zəlimxan Yaqubla tanış deyildim. İllər sonra isə biz bir yerdə “Yazıçı” nəşriyyatında işləyəsi olduq. Zəlimxan “Yazıçı” nəşriyyatından əvvəl Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində çalışırdı. Bu cəmiyyətlə “Yazıçı” nəşriyyatı o zaman (1978-ci ildə) indiki Azərtacın binasında, altıncı mərtəbədə fəaliyyət göstərirdi. Biz, demək olar ki, hər gün görüşüb söhbətləşirdik. 1982-ci ildə isə Zəlimxan Yaqub “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor kimi çalışmağa başladı. Və beləcə onunla 1992-ci ilin avqustuna qədər bir yerdə işlədik.

Zəlimxan Yaqub Borçalıda böyüyüb boya-başa çatmışdı. Aşıq Əmrahın, Aşıq Kamandarın, Aşıq Hüseyn Saraclının məclislərini görmüş, bu qəbildən olan sənətkarlardan çox şeylər əxz etmişdi. Saza, sözə sonsuz məhəbbət elə o yeniyetmə çağlarından onun ruhuna, qanına hopmuşdu və bu sevgi ömrünün son gününə qədər onu tərk etməmişdi.

Zəlimxan Yaqub çox ünsiyyətcil, sinədəftər, dəryanəfəs şair idi. Onun heyrət doğuracaq fenomen yaddaşı vardı. Azərbaycanın elə bir ünlü şairi yox idi ki, şeirlərini əzbər deməsin. Məclislərdə özündən çox Aşıq Ələsgərdən, Dədə Şəmşirdən, Səməd Vurğundan, Məhəmməd Hüseyn Şəhriyardan, Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən, Osman Sarıvəllidən… şeirlər söyləyərdi.

“Yazıçı” nəşriyyatında işlədiyimiz illərdə kollektivimiz Yeni ili və Novruz bayramını çox təntənə ilə keçirərdi.

Nəşriyyat 1984-cü ildə Natəvan meydanına, “Növbahar” restoranının üstünə köçmüşdü. Burada tədbir keçirmək üçün kifayət qədər yaxşı şərait vardı. Bu bayram tədbirlərinin ən yaddaqalan şəxslərindən biri də, heç şübhəsiz, Zəlimxan Yaqub olardı. Çünki Zəlimxan bu məclislərə sazsız gəlməzdi. Gözəl sağlıq deyər, saz çalıb-oxuyardı. O, nəinki qələm dostları barədə, hətta oxuduğu kitablar haqqında da heyranlıqla, vurğunluqla, həm də bəlağətlə danışardı. Çünki onda hər hansı həmkarına qarşı zərrəcə qısqanclıq, paxıllıq, həsəd hissi yox idi.

Bu adamın qəlbi insana məhəbbətlə, sevgi ilə ləbaləb doluydu. Hər bir işdə, hər kəsdə yaxşını görürdü. Ürəyindən keçənlər dilindəydi. Deyirlər, adamı səfərdə tanıyarlar. Bu mənada Zəlimxan Yaqubun çox gözəl yol yoldaşlığı vardı. Deyib-gülən, zarafatcıl, hazırcavab, şitlikdən, kobudluqdan, ədəbazlıqdan çox uzaq insan idi. Təpədən-dırnağa xalq adamıydı. Vətənə, yurda bağlı, dosta sədaqətli, qapısı, süfrəsi ürəyi kimi hər kəsə açıq idi.

Həmin illərdə mən “Yazıçı” nəşriyyatında həm klassik ədəbiyyat və folklor şöbəsinin müdiri, həm də Həmkarlar İttifaqının sədri idim. Həmkarlar İttifaqının sədri kimi ildə bir-iki dəfə həm respublika rayonlarına, həm də Sovetlər İttifaqının paytaxt şəhərlərinə səfərlər təşkil edərdim.

1984-cü ilin yazında Lənkəran şəhər turizm idarəsi ilə telefon əlaqəsi saxlayıb 30 nəfər üçün yer ayırmasını xahiş etmişdim. Səfərimizin ayı, günü dəqiqləşdirilmişdi, hətta qalacağımız günlərin pulunu da köçürtmüşdük. Ancaq iki həftədən sonra mənə zəng etdilər ki, bəs qonaq evində təmir gedir, bir aydan sonra sizi qəbul edə bilərik. Mən gözləyə bilməyəcəyimizi və ödədiyimiz pulu geri – hesabımıza köçürmələrini xahiş etdim. Bu dəfə kollektivimizdə təbliğat apardım ki, gəlin Şuşaya gedək. Doğrusu, yolun uzaqlığına görə təklifimi heç də hamı bəh-bəhlə qarşılamadı (nə biləydik ki, gün gələcək Şuşaya həsrət qalacağıq).

Nəsə, çox təbliğat-təşviqatdan sonra iyun ayında uşaqlı-böyüklü otuz nəfər heyətlə Şuşaya getdik. Dəstəmizdə nəşriyyatda çalışan şairlərdən Zəlimxan Yaqub, Ağasəfa, İslam Türkay, yazıçı Oqtay Salamzadə, direktor müavini Elxan Rəhimov, redaktorlardan Elçin Cabbarov, Nərgiz Rüstəmli, Zöhrə Əsgərova, rəssamlardan Etiram Lazımov, Əliağa Məmmədov və başqaları vardı.

Şuşanın cənnət vaxtıydı. Gövhər ağa Məscidini, M.P.Vaqifin məqbərəsini, Mir Möhsün Nəvvabın qəbrini ziyarət etdik. İsa bulağına gedib ziyafət qurduq, yüz yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlunun ifasında “Ax narı-narı” xalq mahnısına qulaq asdıq. İndi bu sətirləri yaza-yaza yol boyu Zəlimxanla Ağasəfanın zərif zarafatları, atmacaları xəyalımda canlanır, məni Şuşalın günlərimizə qaytarıb duyğulandırır.

Şuşaya gedəsən, Cıdır düzündə olmayasan, şəkil çəkdirməyəsən – bu, bağışlanmaz iş olardı. Biz də o zaman nə yaxşı günaha batmamışıq. Zəlimxan Yaqub, mən, İslam Türkay, yazıçı Oqtay Salamzadə, Elxan Rəhimov şuşalı dostlarla Cıdır düzündə olmuşduq, füsunkar dağların seyrinə dalıb, Daşaltı çayının dərənin dibindən gələn səsini dinləmişdik. Vaxt, zaman isə çəkdirdiyimiz şəklin üstündə həkk olunub: 27.06.84.

İnsanın əsl simasını görmək istəyən onu şöhrətə çatandan, vəzifə kreslosunda oturandan sonra görsün.

1997-ci ildə yaxın dostların təkidindən sonra Rəşid Behbudov adına Mahnı Teatrında 50 illik yubileyimi keçirmək fikrinə düşdüm. Gecəni aparmaq üçün artıq Milli Məclisin deputatı, şöhrətinin zirvəsində olan Zəlimxan Yaquba müraciət etdim. Dərhal razılaşdı. Həmənki sadəlik, həmənki həlimlik, duyarlıq onu zərrəcə də olsun tərk etməmişdi. 16 sentyabr 1997-ci ildə baş tutan o yubiley gecəsini Zəlimxan Yaqub fəxarət hissilə apardı, haqqımda ürəkdolusu fikirlər söylədi, hətta mənə saz bağışladı. Mən hədiyyə üçün, “Sağ ol!” deyib sazı ondan aldım və yenə ona qaytararaq çalıb-oxumasını xahiş etdim. Unudulmaz şairimiz sazı bağrına basıb çaldı və şövq ilə oxudu. O gecədən mənə yadigar olaraq şairin bağışladığı saz, söylədiyi ürəkdolusu sözlər, bir də çəkilmiş şəkillər qaldı. İnsanı baxıb xatırlamağa, yaşanmış günləri bir daha anmağa təhrik edən şəkillər.

Yeri gəlmişkən deyim ki, 2001-ci ildə Xan Şuşinskinin 100 illik yubileyi münasibətilə yazdığım “Muğam dünyasının Xanı” kitabımın təqdimat mərasimini də Zəlimxan Yaqub aparmışdı.

Zəlimxan Yaqubla ünsiyyətimiz davamlı olub. O, vaxtilə baş redaktoru olduğum “Gənclik” nəşriyyatına da tez-tez gələrdi. Nəşriyyatın direktoru Əlican Əliyevin otağında oturub dərdləşərdik.

2004-cü ildə Zəlimxan Yaqubun “Qayıdaq əvvəlki xatirələrə” şeirlər kitabını mənim redaktə və ön sözümlə 1000 nüsxə tirajla nəşr etdik. Şair kitabını böyük sevinclə qarşılamışdı. Oxucular da eləcə. Aradan bir ay keçməmiş kitabı təkrar 1000 nüsxə tirajla çap etdik.

2005-ci il idi. Bir gün “Sənət” qəzetində (14 iyun) Zəlimxan Yaqubun 2 çap vərəqi həcmində “O qızın göz yaşları” adlı poemasını oxudum. Xocalıdan olan bir qızın faciəsindən bəhs edən bu kiçik poema mənə çox təsir etmişdi. Nəşriyyatın direktoru Əlican Əliyevə dedim ki, gəl bu poemanı şairə demədən nəşr edib ona sürpriz edək. Belə də etdik. Mən həmin kitabın annotasiyasında yazmışdım:

“Xalq şairi Zəlimxan Yaqubun bu kiçicik poemasında qəlbimizin başında daim sağalmaz bir yara kimi gör-gör göynəyən Xocalı faciəsindən, Xocalı boyda dərdimizdən danışılır. Poemanı oxuduqca “O qızın gözyaşları” ürəyimizi pörşələyir, bizi intiqama səsləyir. İnanırıq ki, bir gün gələcək, millətimiz qəddar yağıdan öz intiqamını alacaq, gözlərinin qabağında atası diri-diri yandırılmış, yurd-yuvası talan olmuş Xəzangüllərin göz yaşlarını siləcəkdir”.

Zəlimxan Yaqub xalq ruhunun daşıyıcısı olaraq çox həssas şair idi. Bu da səbəbsiz deyildi. Zəhmətlə böyüdüyü üçün, özünün söylədiyi kimi, həyatın hər üzünü görmüşdü. Ona görə də onun poeziyasını bir küll halında oxuyanda adama elə gəlir ki, Zəlimxan Yaqubun toxunmadığı mövzu yoxdur. Səbəb də bu idi ki, onun daxili yaşantıları hüdudsuz idi. Buna görə də adi bir sözdən duyğulana, dərhal da öz duyğu və düşüncəsini poetik misralara çevirə bilirdi. Onun poetik dünyasında Azərbaycan dilinin şəhd-şirəsi, çoxqatlı, çoxçalarlı təzahürləri var. Çünki onun poetik istedadı gözəl bildiyi şifahi xalq ədəbiyyatından, aşıq şeirindən, aşıq musiqisindən su içmişdi.

Zəlimxan Yaqub son nəfəsinədək yazıb-yaratdı. O, Allahın lütf etdiyi xoş günləri də, ondan gələn ağrı-acını də şərəflə yaşadı. Bu kiçik xatirəni də unudulmaz dostumun öz misraları ilə bitirmək istəyirəm:

Çox sonalar uçurmuşam gölümdən,

Alov çıxır içərimdən, çölümdən.

Qorxum yoxdu ayrılıqdan, ölümdən,

Bu dünyanın hər üzünü görmüşəm.

“525-ci qəzet”

16.01.2016

ÜRƏK YANMASA…

Deyirlər ürək yanmasa, gözdən yaş çıxmaz. Buna mənim qətiyyən şübhəm yoxdur. Amma heyf ki, heç kəs ürəyə axan gözyaşlarını görmür.

Ağamalı Sadiq haqq dünyasına qovuşanda keçirtdiyim sarsıntını bu gün də unutmamışam. Onun cənazəsini 12 dekabr 1995-ci ilin ayazlı-şaxtalı qış axşamında Qazağa, İncə dərəsinə, Qaymaqlı kəndinə aparan maşının arxasınca baxdığım o şər vaxtını, o anda ürəyimdən keçən əlçim-əlçim duyğuları bu gün də yaşayıram. O gecə yazı masamın arxasında bükülü qaldım, amma Ağamalı Sadiqlə bağlı ürəyimdən keçən o hislərimi yaza bilmədim. Kədərimi ifadə edən sözü tapa bilmirdim və nə gizlədim, heç indi də tapa bilmirəm.

Bəlkə də məqamı düşəndə məni ürəyində qınayanlar olub ki, Ağamalının ən yaxın dostlarından biri – Mustafa Çəmənli niyə bu günə qədər onun haqqında xatirəsini yazmayıb. Haqlı qınaqdır. Amma onu bilirəm ki, dünyadan erkən köçmüş dostum haqqında xatirə yazmaq mənim üçün çox çətindir. Ağamalı Sadiqi yad etmədiyim günləri barmaqla saymaq olar. Lakin onunla bağlı qəlbimdə ləpələnən o isti, ilıq duyğuları; onun baxışlarını, gülüşlərini, səsini, nəfəsini olduğu kimi yazıda əks etdirə bilməyəcəyəmsə, deməli, yazmağın da mənası yoxdur. Mən belə fikirləşirəm.

Ağamalı Sadiq mənim üçün əvəzsiz dost idi. Onunla beş il bir partada oturmuşam. Yaşıdım olduğundan sözümüz, sirrimiz bir idi. Taleyimizdə, qismətimizdə oxşarlıqlar çoxdu. Hər ikimiz zəmanənin gözəgörünməz sobasında bişib çıxmışdıq. Biz universitetə ana qucağından yox, həyatın özündən, zəhmətin bağrından sıyrılıb gəlmişdik. Hər ikimizi konkursa sala-sala (bu da bir növ aldatma idi) gecikdirmişdilər. Amma bizim inadımızı qıra bilməmişdilər. Ağamalı şeirlərinin birində ona görə yazırdı ki:

Sən hardan biləsən dünyada nə var,

Həyata başqa cür göz açmısan sən.

Səbrini yeməyib meşin qapılar,

Onları vaxtından tez açmısan sən.

Sən hardan biləsən dünyada nə var,

Əlini ehtiyac sıxmayıb bir yol.

Üzümə çırpılan “bəlkə”lər, “yox”lar,

Çaşıb qabağına çıxmayıb bir yol.

Ağamalı Jurnalistika fakültəsinə qəbul olanda artıq onun ilki Nofəl dünyaya göz açmışdı. Mən ilk dəfə Ağamalıgilə körpəcə Nofəli görmək – atasının sevincinə şərik olmaq üçün onlara getmişdim. Gənc atanın sevincini, fərəhli anını seyr etmək çox xoş idi.

Əksəriyyətimizin kirayədə, yataqxanada yaşadığımız bir vaxtda tələbə dostumuzun 8-ci mikrorayonda, qonşulu olsa da, evi vardı və bu evin qapısı biz dostlara həmişə açıq idi. Onun evində Yeni il şənliyi keçirməyimiz, səhərə qədər oyaq qalmağımız da yaxşı yadımdadır.

Ağamalı çox istedadlı şair, səmimi insan idi. Onun özünə təxəllüs seçməsində belə mənim iştirakım olub. O, özünə Sadiq təxəllüsünü götürmüşdü, amma mən ona həmişə Ağamalı Əfəndi deyə müraciət edərdim.

Ağamalı Sadiq Əfəndinin yazdığı əksər şeirlərinin ilk oxucusu, belə demək olarsa, ilk tənqidçisi olmuşam. Bu barədə özü də mənə bağışladığı kitabının avtoqrafında yazmışdı: “Əzablarımın, sevincimin şahidi və şəriki, şeirlərimin ilk tənqidçisi, məni məndən yaxşı tanıyan Mustafa Çəmənliyə” (07.07.83). Onun “Mənə ümid verin” ilk kitabındakı şeirlərinin əksəriyyətini mən Ağamalının öz dilindən eşitmişdim. Mənə bağışladığı həmin kitabdakı şeirləri hərdən götürüb oxuyuram və bu an yaddaşımda Ağamalının çox aydın səsini eşidirəm:

Bu gecə bomboşam, yuvam üşüyür,

Bu gecə laylasız beşik kimiyəm.

Pəncərəm önündə külək tövşüyür,

Yəqin günahımdır qapını döyən.

Yəqin ürəyimdi sinəmdən çıxıb,

Qapının ağzında büküb boynunu.

Gözləyir bir azdan ayağa qalxıb,

Qurtaram bu “olum-ölüm” oyununu.

Ağamalıda çox böyük yaradıcılıq ehtirası var idi. Mən onlarda gecələyəndə yatmağa qoymazdı. Onun qara bir çamadanı var idi. Bu çamadanın içi dolu onun əlyazması idi. Və bu çamadanda onun üstündə dönə-dönə işlədiyi, mənə azından on dəfə oxuduğu “Başsız” povesti də var idi. Sonradan bu povest “Ulduz” jurnalında unudulmaz yazıçımız Yusif Səmədoğlunun bilavasitə redaktəsi ilə böyük ixtisarla çap olunsa da, müəllifinə uğur gətirdi. Onun “Başsız” povesti çap olunduğu dövrdə çox cəsarətli bir əsər idi. Povest dərhal əks-səda doğurmuşdu. İndi hansı dilə çevrilməsi dəqiq yadımda qalmasa da, türkdilli respublikaların ədəbi orqanlarının birində çap edilməsi dəqiq yadımdadır.

Ağamalı Sadiq daim yazıb-yaratmaq haqqında düşünürdü. Çox səmimi, istiqanlı insan olduğundan qəlbindən keçənləri dilinə gətirməkdən çəkinməzdi. Təvazökarlıqdan uzaq olsa da, dostumun səmimiliyinin hüdudunu göstərmək üçün xatırladıram. Bir gün gözlənilmədən mənə dedi ki, Mustafa, o qədər təmiz adamsan, adam səndən utanır. Mən də qayıtdım ki, ə, məni dolama. O isə qazaxlılara məxsus şivə ilə – Babamın ərvaxına and olsun, düz sözümdü.

Bu günlərdə şəxsi arxivimi araşdırarkən onun mənə yazdığı kiçik bir məktubunun əlyazmasını tapdım. Gənc bir şairin, dostumun, qələmdaşımın ürəyinin əks-sədası olan o məktubu olduğu kimi bura köçürürəm:

“Mustafa, son zamanlar mənim bədii zövqümdə böyük bir inqilab, sürətli bir üsyan əmələ gəlib. Bunu mübaliğəsiz deyirəm. Bu gün mən qəzetlərdə yalnız məni titrədəcək mövzular axtarıram. Elə yazılar axtarıram ki, məni öz dünyamdan qoparsın, qəmli çağımda sevinim və ya sevinən çağımda qəmlənim. Yəni, yazı o qədər qüvvətli olsun ki, məni öz orbitimdən qoparıb öz orbitinə çəksin. Yazıçı mənim psixologiyama nüfuz etsin və s. Bəli, dostum, psixoloji hallar hər yazıçıya nəsib olan xoşbəxtlik deyil. Bu mənada sənin yazılarını (mənsur şeirlərini, hekayələrini və s.) oxuyarkən mən dincəlirəm. Mən bu qəzetlərdə çıxan quru, sxematik, bədiilikdən uzaq yazıları oxuyub hirslənirəm. Lakin səninkilər mənim ruhumu titrədir. O gün, daha doğrusu, o gecə mən öz yazılarımı sahmana salırdım. Sənin bir mənsur şeirinə rast gəldim – “Sənin əllərin”.

Bəlkə, o yazı sənin yadında deyil, amma mən saxlayıram. Yazını oxudum, bir də oxudum, döndüm ucadan bir də oxudum. Nə üçün oxudum? Niyə oxudum? Bilmirəm, düzü, başım çıxmadı niyə belə məni cəzb elədi o şeir (mən ona şeir deyirəm). Görünür, nəsə var orda, elə deyilmi? Axı, ürək hər saat rahat olmur, ürək hər zaman coşmur. Ürəyi oyatmaq hamıya nəsib olmur. Dostum, sənin o çap olunmayan yazılarında hiss var, həyəcan var, kövrəklik var. Kövrəklik – bu mənim kimi məhəbbət həsrətlisinə daha yaxındır. Axı biz kövrək böyümüşük. Mən sənin bu hekayələrinin hamısı haqqında yazmayacağam, elə bu qədər bəsdir. Sənə inanmaq olar ki, nə vaxtsa sanballı və geniş diapazonlu bir əsər yazacaqsan. Bu mütləq belədir.

Hələlik bu qədər.

Hörmətlə Ağamalı Sadiq

24.09.75”

Ağamalı Sadiq istedadlı şair olmaqla bərabər, həm də gözəl, şirindilli publisist idi. Onun Aşıq Avdı haqqında “Ədəbiyyat və İncəsənət” qəzetində çap etdirdiyi portret oçerki çox dəyərli və hər zaman gərəkli ədəbi nümunədir. Ağamalı Sadiq fitri istedad idi. Birinci kursda həmkarımız Adil İrşadoğlunun rəhbərliyi ilə Jurnalistika fakültəsində bədii özfəaliyyət dərnəyi yaratmışdıq. Ağamalı Sadiq də burada fəal iştirak edirdi.

O çox az bir vaxtda saz çalmağı öyrənmişdi. Yəqin ki, saz çalmağı belə tez mənimsəməsində onun Qazağın İncə dərəsində keçən uşaqlıq mühitinin, Aşıq Avdının meydan açdığı toyların təsiri vardı. Ağamalının həm də ürəyəyatan səsi vardı və demək olar aşıq havalarının əksərini çalıb-oxumağı bacarırdı.

Ah, qayğısız gənclik illəri! Vaxtaşırı Ağamalı ömür yoldaşı Nabat xanımla bizə, biz də onlara gedərdik.

Xanımlarımız süfrə açardılar. Deyib-gülər, şənlənərdik. Çünki Ağamalı bizə gələndə sazını gətirməyi də unutmazdı. O gün, doğrudan da, bir toy-bayram olardı. Həmkarımız Adil Qaçayoğlu ilə Adil İrşadoğlu da çox vaxt bizimlə olardı. Adil İrşadoğlu gözəl tar çalardı. Həvəslənib hərdən mən də bir parça muğam, xalq mahnısı, təsnif oxuyardım. Ətrafdakı sakitlikdən hiss edərdi ki, qonşular bizə qulaq asır. İndi mən bu sətirləri yazarkən Mustafa Sübhi küçəsində kirayədə yaşadığım meynəli həyət, qayğısız anlarımız, bir də Ağamalının saz çalmağı, ədası, jestləri gözlərimin önündə canlanır, səsi qulağımda səslənir: “Gözüm qarası, türkün balası!” Necə sadə, necə şirin avazı vardı… Mən ömrümüzün o yaşanmış günlərindən birini maqnitofon lentinə yazmışam. İndi bu lent mənim üçün əvəzsiz bir yadigardır.

Biz də Ağamalıgilə gedəndə eyni ilə belə sazlı-sözlü bir məclisə düşərdik. Əvvəldə dediyim kimi, Ağamalının qapısı hər kəsin üzünə açıq olduğundan bir də görərdin qonaqların sayı artdı, məclis daha da qızışdı.

Hərdən Ağamalının qardaş-bacıları da onlara gələrdi. Bir dəfə Ağamalının kiçik qardaşı mənim saz havasına diqqətlə qulaq asdığımı görüb üzünü dostuma tutub çox səmimi tərzdə soruşdu:

– Ayə, Ağamalı, sənin bu dostun sazı qanermi? – Onun ürəkdən gələn bu səmimiyyəti ürəyimi açmışdı. Əlbəttə, bir azərtürk oğlu kimi mən təkcə muğamatı deyil, saz havalarını da çox sevirəm, bu şərtlə ki, axşam-səhər oxuyub-çalıb şitini çıxartmayasan. Saz havaları qədər insanın xəyalını uzaqlara çəkib aparan, uca dağları, geniş dərələri, laləli çölləri, yarpızlı-qıjılı bulaqları göz önündə canlandıran, bəlkə də, ikinci bir musiqi aləti yoxdur.

Sovet dövründə BDU-nin Jurnalistika fakültəsinin tələbələri milli vətənpərvərlik hislərinin aşkarlığı ilə digər fakültələrin tələbələrindən seçilirdi. O dövrdə universitetdə hərbi kafedra olduğundan sonuncu kursda Neftçala rayonunun Bankə qəsəbəsində iki aylıq məcburi təlimdə iştirak edirdik. Bizi, əsgərlikdə olduğu kimi, hər səhər sıraya düzüb rus dilində mahnı oxuda-oxuda tribuna önündən keçirərdilər. Milliyyətcə yəhudi olan, ləyaqətli mayor Manyeviçin bütün cəhdlərinə, təhdidlərinə baxmayaraq Jurnalistika fakültəsinin tələbələri rusca mahnı oxumaqdan nəinki imtina edirdi, buna qarşılıq olaraq “Koroğlu” filmindən “Dəli Həsənin mahnısı”nı oxuyurdu. Bu cür hallar doğma dilə, Vətənə dərin sayğıdan irəli gəlirdi və bu da o zamanlar Sovet hökumətinin siyasətinə bir cür etiraz formasıydı.

Ağamalı Sadiqdə də vətənpərvərlik hissi çox güclüydü. Ona görə də 1988-ci ildə Meydan hadisələri başlayan kimi, kənarda qalmadı. Bu dövrdə onun jurnalistika fəaliyyəti özünü daha qabarıq göstərdi. Çünki üsyankar bir ruhun daşıyıcısı idi. 1990-cı il 20 Yanvar faciəsindən sonra başqa cür olmaq da mümkün deyildi. O günlərdə Ağamalı Sadiq mətbuatda çox sərt yazılarla çıxış edirdi. Burada zənnimcə, onun “Görək bu oyundan Mişa necə çıxacaq?”, “Yazov, sənin anan olubmu?” məqalələrini xatırlatmaq kifayət edər. Bu dövrdə Ağamalı Sadiq jurnalist məramını da açıq-aydın bəyan edirdi: “Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım Sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”.

Ağamalı Sadiq Əfəndinin bir şair, publisist kimi arzuları çoxdu. Amma amansız əcəl ona ürəyindəkilərin hamısını həyata keçirməyə imkan vermədi. 48 yaşında əbədiyyətə qovuşdu.

O, 8 mart 1947-ci ildə Qazaxın Qaymaqlı kəndində dünyaya gəlmişdi, 12 dekabr 1995-ci ildə, səhərə yaxın Topçubaşov adına Eksperimental Tibb İnstitutunda cərrahi əməliyyatdan sonra gündüz saat 14 radələrində gözlərini əbədi qapadı. 13 dekabr 1995-ci ildə ata yurdunda, İncə dərəsinin Qaymaqlı kəndində dəfn edildi.

Allah rəhmət eləsin!

Əziz dostum dünyasını dəyişəndən sonra dəfələrlə onlara getmək istəmişəm, amma gedə bilməmişəm. Onun qapısını döyməyə ürək eləməmişəm, çünki o qapını mənə Ağamalı açmayacaq. Bunu isə mən ağlıma sığışdıra bilmirəm. Axı o, özü eygil gündə bu barədə demişdi:

Səni bağışlaram bir axşamüstü,

Gözüyün ağında qapqara tüstü,

Ovcunda ürəyin qapımı döysən,

Ağlayan gözünə gəlmişəm desən.

Desən ki, nifrət et, nifrət et mənə,

Desən ki, mərhəmət gərəyim deyil.

Səni bağışlaram Qorqud eşqinə,

Bilsəm ki, bunları ürəyin deyir.

Bax, bu cür həssas, zərif duyğulara görə Ağamalı mənim üçün həmişə canlıdır, həmişə yaşayır.

“525-ci qəzet”

18.04.2016


VƏFA BORCU

Bəlkə də həyatda kiminsə haqqında ondan xəbərsiz, ondan yana düşünməkdən gözəl heç nə yoxdu. Dünyasını dəyişənləri yad etmək isə insan olanın vəfa borcudur. Vəfasızlıq, unutqanlıq insana yaraşan sifət deyildir. Dünyasını dəyişmiş elə əməl sahibləri də var ki, hər an rəhmətlə yad etmək bizim mənəvi borcumuzdu. Mən istedadlı jurnalist, mahir tərcüməçi mərhum Tehran Vəliyevi yad edilməyə layiq dəyərli şəxslərdən biri kimi xatırlayıram. Tehran Vəliyev mənim tələbə yoldaşım olub. Onunla beş il bir yerdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində oxumuşuq. Tehran lap gənclik illərindən az danışan, sakit, həlim təbiətli bir oğlan idi. O, tələbə yoldaşlarından daha çox daim qoltuğunda gəzdirdiyi kitablarla baş-başa olardı. Bu kitablar da əsasən ingilis dilində idi. Tehran sərbəst halda ingilis dilini öyrənməyə qərar vermişdi. Yorulub usanmadan bu işlə məşğul idi. Biz o zaman dərsləri indiki İstiqlal küçəsində, Əlyazmalar İnstitutunun Qala divarına söykənən sağ qanadında keçirdik. Belə bir fikir də auditoriyamıza ayaq açmışdı ki, dərs keçdiyimiz geniş otaqda vaxtilə böyük dramaturqumuz Hüseyn Cavid yaşamışdır.

Elə ki tənəffüs olardı, Tehran damağına siqaret alıb pəncərə önünə çəkilər, qoltuğundakı kitabı açaraq acgözlüklə mütaliə edərdi. Oxuduğu kitaba o dərəcədə aludəliklə qapılardı ki, sanki dəhlizdəki səs-küyü, gülüş səslərini eşitmirdi. Dünya ədəbiyyatının ən seçmə nümunələrini oxuması Tehranın dünyagörüşünün formalaşmasında çox mühüm rol oynamışdı. O zaman universitetin humanitar fakültələrində oxuyan tələbələrin davranışında, fikir və düşüncəsində milli şüurun oyanmasını açıq-aydın sezmək olardı.

Beşinci kursda sevimli müəllimimiz Nəriman Zeynalov Tehrana diplom işi olaraq məşhur jurnalist-naşir Haşım bəy Vəzirovun jurnalistik fəaliyyətini araşdırmağı məsləhət bilmişdi. O zamana qədər Haşım bəy Vəzirovun ədəbi irsi toplanıb nəşr olunmamışdı. Haşım bəy Vəzirovun jurnalistik fəaliyyətindən yazmaq üçün gərək XX əsrin əvvəllərində nəşr olunmuş “Həyat”, “İrşad”, “Tazə həyat”, “İttifaq”, “Səda”, “Sədayi-həqq” və s. qəzetləri gözdən keçirib faktlar toplayaydı. Tehran ərəb əlifbasını bildiyi üçün bu qəzetləri Respublika Milli Kitabxasında oxumaq onun üçün problem deyildi. Amma elə ki Tehran Haşım bəyin jurnalistikası ilə ilk dəfə tanış oldu, başqa problem üzə çıxdı. Məlum oldu ki, Sovet jurnalistikasının burjua mühərriri kimi damğaladığı Haşım bəy Vəzirovun məqalə və felyetonları dəyərli əsərlərdi. Haşım bəy Vəzirov hansısa milyonçuya yox, xalqına xidmət edib. Buna görə də Tehran diplom işində Haşım bəyi burjua mühərriri kimi qamçılamaqdan vaz keçdi və fikrini də diplom rəhbərinə bildirdi.

Bu gün çox adi görünən bu fakt əslində vaxtilə tələbə Tehran Vəliyevin əqidə saflığından, mili ruhun daşıyıcısı olmağından xəbər verirdi. O, keçmiş sələfinə atəş açmağı, üstünə çamur çiləməyi özünə rəva bilməmişdi.

Tehran Vəliyev universiteti bitirdikdən sonra çox yerdə işləmişdir. O, “Texniki tərəqqi uğurunda” jurnalında ədəbi işçi, “Azərbaycan təbiəti” jurnalında tərcüməçi, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində, daha sonra “Gənclik” nəşriyyatında böyük redaktor, Tərcümə Mərkəzində Qərbi Avropa ədəbiyyatı şöbəsinin müdiri, “Maarif” nəşriyyatının baş redaktoru, “Azərbaycan” qəzetində baş redaktorun müavini və nəhayət ömrünün axırına qədər Mədəniyyət və Turizm Nazirliyində çalışmışdır. Tehran Vəliyev işinin peşəkarı idi. O, işlədiyi bütün təşkilatlarda işinə məsuliyyətlə yanaşmış və kollektivin hörmətini qazanmışdı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации