Текст книги "Ürəyimdən kimlər keçdi"
Автор книги: Mustafa Çəmənli
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 11 (всего у книги 14 страниц)
Elmə arxalanan sınar, əyilməz.
Mən təzəcə çap olunmuş kitab qoxusunu heç nəyə dəyişmərəm. Axı, oradan təkcə yapışqan, rəng qoxusu yox, həm də qəlbə fərəh gətirən SÖZÜN iyi gəlir.
Nəşriyyat redaktorunun da taleyi orta əsrlərdə əlyazmaların, təzkirələrin üzünü köçürdən xəttatların, katiblərin (I Şah Təhmasib onları pərvanələr adlandırırdı) taleyinə bənzəyir. Elə bir klassik şair, yazıçı, alim təsəvvür etmək olarmı ki, onun şeirlərinin, elmi risalələrinin üzünü köçürən xəttat, katib, kitabdar yerinə düşməyən bir sözü, ifadəni, vəzni pozulmuş misranı, qafiyəni daha münasib sözlə əvəz etməsin. Bunu hələ XIII əsrdə yaşayıb-yaratmış böyük alim, ensiklopedik elm sahibi Nəsrəddin Tusi (1201–1274) özünün məşhur “Əxlaqi-Nasiri” adlı əsərində üzünü əsərinin oxucusuna tutaraq təvazökarcasına xahiş etmişdi: “Alicənab adamlardan gözlənilən ən böyük kəramət, lütf və mərhəmət ondan ibarətdir ki, bu kitabı nəzərdən keçirdikdə bir səhv, ya anlaşılmazlığa rast gəlsələr, zəhmət çəkib onu düzəltsinlər, əvvəlcədən bizim üzr və təşəkkürümüzü qəbul etsinlər. Allah qoysa, belə də olar”.
Duman çəmənliyə çökən sayaq, redaktor, korrektor, çapçı ömrü də kitabların səhifələrinə eləcə hopur. Redaktor, naşir ömrü də gecələr şamın başına dolanan pərvanəyə bənzəyir. Mənim də nəşriyyatlarda keçən ömrüm eləcə!
Aprel-iyun, 2016-cı il
ÜRƏYİMDƏN KİMLƏR KEÇDİ
ATABƏY ŞƏMSƏDDİN ELDƏNİZ VƏ
MÖMİNƏ XATUN
“Məşhur kişilər və xanımları” silsiləsindən
Kimin ağlına gələrdi ki, Sultan Mahmudun hakimiyyəti dövründə (1118–1123) Dərbənd bazarından alınmış bir qul – cılız bir uşaq, sonralar öz ağıl və fərasəti ilə dövrünün ən tanınmış şəxsiyyəti, Azərbaycan Atabəylər dövlətinin banisi olacaqdır.
Rəvayətə görə, bir qul alverçisi Dərbənddə 39 qul alır, 40-cı qulu isə adətə görə, qul sahibi ona bağışlayır. Qırxıncı qul arıq, çəlimsiz bir uşaq imiş. Yay fəsli olduğundan qul karvanı ancaq gecə yol gedirmiş. Yolda balaca qulu yuxu tutur, o, yumurlanıb arabadan yerə düşür.
Karvan ondan xəbərsiz baş alıb gedir. Balaca qul yuxudan ayılanda karvan gözdən itmişdi. O, karvanın izini tutub axşam şər qarışanda ona çatır. Taciri heyrət bürüyür. Bu qul sonralar Azərbaycan Atabəylər dövlətini yaratmış Şəmsəddin Eldəniz idi.
Sultanın vəziri Əbu Həmid Əli ibn Əhməd əs-Sumeyri başqa qullarla yanaşı onu da tacirdən alıb sarayına aparır.
Əbu Həmid öldürüldükdən sonra Eldəniz Sultan Mahmudun xidmətinə keçir. Çox keçmir ki, Eldənizi sultan mətbəxinə başçı qoyurlar.
Allahın əmri ilə Sultan Mahmud da dünyasını dəyişir. II Sultan Toğrul sultan taxtına oturur. Eldəniz indi də onun qulluğunda olur. Qoçaqlığı, fərasəti sultanın diqqətindən yayınmır. O, Eldənizi azyaşlı oğlu Arslana atabəy təyin edir. Sultanın sevimli xanımı Möminə xatun da Eldənizə xüsusi qayğı, iltifat göstərirdi. Onda Möminə xatunun heç ağlına gəlməzdi ki, bir gün əri II Toğrul haqq dünyasına qovuşacaq (1152). Yeni Sultan Məsud ona atabəy Eldənizlə evlənmək təklif edir.
Möminə xatun bu izdivaca “yox” demir. Beləcə o, gələcək Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizlə ailə qurur. Bir qadın kimi onun həyatına dinclik gətirir, Eldənizin hakimiyyəti illərində onun etibarlı məsləhətçisi olur.
Möminə xatun dövrünün uzaqgörən, müdrik, ağıllı qadınlarından idi. Belə olmasaydı Eldəniz də hakimiyyət pilləsinə yüksəlməzdi. Onların ailə həyatı xoş və firavan keçirdi. Atabəy Eldənizin Möminə xatundan iki oğlu, bir qızı olmuşdu. Qızının adı bizə bəlli deyil, oğlanları isə məlum və məşhurdular. Eldənizin böyük oğlu Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan, kiçik oğlu isə Müzəfərəddin Osman Qızıl Arslandır.
Füzuli yadigarı Əliağa Vahid deyirdi: “Tale mənə yar olmasa mən neyniyə billəm”. Tale hər yerdə, hər an Eldənizin üstündə idi. Belə ki, 1136-cı ildə Sultan Məcid Arrani (indiki Şimali Azərbaycanı) Eldənizə iqta torpağı verdi. O da dərhal ailəsi ilə Bərdəyə – iqamətgahına gəldi.
Atabəy Eldənizin bütün ömrü siyasətdə, qovğada keçmişdi. O, görkəmli sərkərdə, dövlət adamı, mahir siyasətçi idi. Sultan Məhəmmədə yazdığı və tarixin mühafizə etdiyi bir məktubu da buna dəlalət edir. Eldəniz sultana yazırdı: “Mən sənin əmrlərinə tabe qulun və məmlükünəm, sənin ittiham etdiyin və pislədiyin nə varsa, mən hamısının düşməniyəm.
Əgər sultan istəsə ki, onun qulluğuna gəlim, mən hazıram! Əgər o, lazım bilsə ki, mən islamın düşmənlərinə qarşı yola düşüm, mən gedərəm! Mən Türkmənlərdən onun üçün nəhəng bir kütlə və saysız ordu toplayacağam”. (Z.Bünyadov. “Azərbaycan Atabəylər dövləti”. Səh. 42).
Atabəy Eldəniz siyasət meydanında vaxtında qabarıq çəkilməyin ustası idi. O, anındaca hücuma keçməyi, lazım gələndə isə üzrxahlıq etməyi bacarırdı.
Şəmsəddin Eldəniz İraq sultanlığı taxtı uğrunda gedən mübarizələrdə, ara müharibələrində iştirak etmişdi. “Sultan sarayının bu sadiq xidmətçisi təmkinliyi, şəraiti qiymətləndirmək bacarığı ilə fərqlənir, sakitcə öz vaxtını gözləyirdi” (Ziya Bünyadov).
Bəli, məhz böyük səbir sahibi Atabəy Eldəniz 1160-cı ildə 20 minlik ordusunun başında oğulluğu Arslan şahı Həmədana gətirib, sultan taxtında oturdub, başına tac qoyub, adına xütbələr oxutdurdu.
O gündən özü Böyük Atabəy, böyük oğlu Cahan Pəhləvan sultanın əmir-hacibi, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı oldu. Amma Şəmsəddin Eldəniz elə siyasət yeritdi ki, Sultan Arslan şahın ancaq adı hökmdar idi. Əslində hakimiyyət atalığının əlində idi. O, bu barədə bəzən anasına şikayətlənəndə, Möminə xatun oğlunun başını sığallayıb deyirdi: “Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altına qoymuş, dəfələrlə döyüşlərə atılmışdır.
Səlcuqların arasında səndən də böyükləri var, ancaq zindanlarda yatırlar, sən isə sultan taxtında oturmusan. Atabəy də, oğlanları – sənin qardaşların da sənə qulluq edirlər. Qoy Atabəyin hərəkətləri könlünə toxunmasın. O sənin atalığın olsa da, həm də məmlükündür” (Z.Bünyadov. “Atabəy dövləti”. Səh.74).
Beləcə, atalığının sərbəstliyinə darılan Sultan Arslan anasının sözlərindən təsirlənib susardı.
Şəmsəddin Eldəniz iqamətgahını Naxçıvana köçürmüşdü. Ölkəni oradan idarə edirdi. O, ölkəsini hər cür hücumlardan məharətlə qoruyurdu. Dəfələrlə ölkəsinə hücum etmiş gürcüləri əlli minlik qoşunu ilə məğlub etmişdi.
1175-ci ildə Eldənizə kədər üz verdi, sevimli arvadı, məsləkdaşı Möminə xatun vəfat etdi. O, ömür sirdaşını torpağa tapşırandan sonra məşhur memar Əcəmini yanına çağırıb arvadının qəbri üstə ona layiq məqbərə tikməyi tapşırdı. Memar vaxt itirməyib işə başladı.
Ancaq bu məqbərəni görmək Atabəy Eldənizə qismət olmadı. O, xanımının itkisinə dözmədi, ondan bir ay sonra 16 noyabr 1175-ci ildə gözlərini əbədi yumdu.
Möminə xatun məqbərəsini ondan sonra oğlu Cahan Pəhləvan tikdirib başa çatdırdı. Bu məqbərə Atabəy Eldənizlə Möminə xatunun məhəbbətinin nişanəsi və memarlıq abidəsi kimi qorunub saxlanılır…
“Mədəni-maarif” jurnalı
12.2009, № 12
ATABƏY MƏHƏMMƏD CAHAN PƏHLƏVAN
VƏ İNANC XATUN
“Məşhur kişilər və xanımları” silsiləsindən
Cahan Pəhləvan atası Şəmsəddin Eldənizin ölüm xəbərini Həmədanda eşitmişdi. O, vaxt itirmədən Naxçıvana gəldi, həm atasının yasını vermək, həm də dövləti başsız qoymamaq üçün. Cahan Pəhləvanın düşmənləri onun Həmədanda olmamasından yararlanıb Sultan Arslan şahı Azərbaycana hücum etməyə təhrik eləyərdilər. Əslində sultanı ögey qardaşına qarşı qızışdıran bu əmirlər Cahan Pəhləvanın özündən çox atası Eldənizin – Böyük atabəyin rəqibləriydilər.
Onlar Eldənizin yoxluğundan istifadə edib oğlunu yolları üstündən götürmək istəyirdilər. Amma onlar vacib məsələni – Cahan Pəhləvanın kimdən dərs aldığını unutmuşdular. Necə deyərlər, Cahan Pəhləvan atasının balasıydı. Nə şücaətdə, nə siyasətdə ondan geri qalmırdı. Bəlkə də, əksinə. Atalığı Şəmsəddin Eldənizin sağlığında cınqırını da çıxarmayan Sultan Arslan şah əmirlərinin fitnəsinə uyub, Azərbaycanın üstünə qoşun yeritdi. Anası Möminə xatun da sağ deyildi ki, onu qınasın, utandırsın. Ancaq sultan qoşunu Zəncana girəndə Arslan şah xəstələndi. Bəlkə bu da Allahın işiydi. Sultanın xəstəliyi gün-gündən şiddətlənirdi. Artıq ona elə gəlirdi ki, həyatının sonu çatıb. Bəlkə elə buna görə əmr etdi ki, onu sultanlığın paytaxtı Həmədana aparsınlar.
Sultan, beləcə, geri dönür, amma xəstəlikdən ölməyib sağalır. O qədər şadlanır ki, hətta şəhərin rəisi Əmir Seyid Fəxrəddinin qızıyla evlənir.
Cahan Pəhləvan qardaşının hücum xəbərini eşidib ona ürəyində kin bəsləyirdi. Sultan da elə onun kinindən qorxurdu. Axı Cahan Pəhləvan atasının tökdüklərini nəinki yığmışdı, hələ bir az da üstünə qoymuşdu. Sultan Cahan Pəhləvanın könlünü almaq üçün onu saraya dəvət etmişdi. O da bu dəvəti qəbul etmişdi, amma ürəyindəki ürəyində idi. Sultan Arslan şahı aradan götürmək fikrindəydi. Yoxsa gec-tez toqquşacaqdılar.
Rəvayətə görə, Cahan Pəhləvan çox keçmir ki, Qutluq adlı birisinin əli ilə sultanı aradan götürür (bəzi tarixi mənbələrə görə sultan hamamda olanda, qatil ona zəhərlənmiş şərbət veribmiş).
Cahan Pəhləvan Sultan Arslan şahın yeddi yaşlı oğlu III Toğrulu sultan taxtına oturdur, özü də onun atabəyi olur və ölkəni sərbəst şəkildə idarə etməyə başlayır. Cahan Pəhləvan daşıdığı ada layiq idi. Cəsarətli, qüdrətli, qətiyyətli, dövlət işində səriştəli, tələbkar…
Cahan Pəhləvanın həyatında üç xanım olub. Bu xanımlardan biri Rey hakimi İnancın qızı İnanc xatun idi. Əslində onların bu izdivacı qarşılıqlı məhəbbətin nəticəsi deyildi, siyasətin nəticəsi idi. Vaxtilə Rey hakimi bir neçə əmirlə birləşib Atabəy Eldənizə qarşı çıxmışdı. Eldəniz də 1161-ci ildə Həmədan yaxınlığında şahzadə Mahmud şah ibn Məhəmmədi məğlub edib, sonra Reyi tutmuşdu və oranı iqta kimi oğlu Cahan Pəhləvana vermişdi. Rey hakimi İnanc əlacsız qalıb Sultan Arslan şahdan vassal asılılığı qəbul etmişdi.
Sonra Atabəy Eldənizlə barışıq üçün sevimli qızı İnanc xatunu Cahan Pəhləvana ərə vermişdi. Cahan Pəhləvanın İnanc xatundan Qutluq-İnanc Mahmud və Əmir Əmiran Ömər adlı iki oğlu olmuşdu. Tarixi mənbələrdə göstərilir ki, Cahan Pəhləvan bu iki oğlunu daha çox sevirmiş. İki oğul anası olan İnanc xatunun Atabəylər sarayında yeri, hökmü vardı. Özü də ədalı, hikkəli bir xanım idi. Onun özünə xas təbiəti əsrlərin arxasından belə görünür. O, əri Cahan Pəhləvanın zamanında öz hikkəsini yeridə bilməsə də, Qızıl Arslanın zamanında əsl sifətini göstərdi.
Cahan Pəhləvanın ikinci arvadı türk qızı Qüteybə xatun idi. Cahan Pəhləvanın ondan Əbu Bəkir adlı oğlu olmuşdu. Qüteybə xatun da ağıllı və qətiyyətli, tədbirli bir xanım olmuşdu. Cahan Pəhləvanın üçüncü arvadı Zahidə xatun isə kəniz olmuşdur. Görünür onun gözəlliyi Cahan Pəhləvanı özünə məftun etmiş, o da Zahidəni alaraq kənizlikdən azad etmişdi. Cahan Pəhləvanın Zahidə xatundan Özbək adlı oğlu, Cəlaliyyə və Furlana adlı qızları olmuşdur. Zahidə xatun tədbirli, qətiyyətli xanım olmuşdur. Təbrizin hakimi kimi şəhəri mühasirəyə alan gürcülərə pul, mal-dövlət verib əhalini qarətdən xilas etmişdi.
Atabəylər dövlətinin ən önəmli simalarından olan Cahan Pəhləvan ailəcanlı bir şəxs imiş. O, uzaqgörən bir adam kimi hər bir xanımının, övladlarının xarakterini, üstün və zəif cəhətlərini hər kəsdən yaxşı bilirmiş. O, qardaşı Qızıl Arslanın da bir sərkərdə, dövlət adamı kimi gücünü, qüdrətini vaxtında qiymətləndirə bilmişdir.
Cahan Pəhləvan üçün dövlətin sabahı hər şeydən öndə olmuşdur. Məhz atasının banisi olduğu Atabəylər dövlətinin sabahı naminə öz övladlarından birini deyil, qardaşı Qızıl Arslanı varis elan etmişdi.
O, əcəldən macal tapıb, övladlarını da unutmamışdı. Azərbaycanı və Arranı idarə etməyi Qüteybə xatundan olan oğlu Əbu Bəkirə, Reyi, İsfahanı, İraqın qalan hissəsini Quzcuq-İnanc Mahmudla Əmir Əmiran Ömərə, Həmədanı isə Zahidə xatundan olan oğlu Özbəkə tapşırmışdı.
Atabəylər dövlətinin ən şanlı hökmdarı Cahan Pəhləvan 1186-cı ilin baharında əbədiyyətə qovuşmuşdu. Onun ölümü tarixi kitablara belə düşdü: “İslamın padşahı, qüdrətli hökmdarı, dahi atabəy, Əcəmin xaqanı Şəms əd-Dünya vəd-Din Nüsrət əl-İslam və 1-müslimin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan ibn İldəniz İl-şah” (Z.Bünyadov. “Azərbaycan Atabəylər dövləti”, s.83).
Tarixi mənbələrdə Cahan Pəhləvan xoşxasiyyətli insan, ədalətli, müdrik və səbirli hakim kimi yad edilir. Əlbəttə, bəzi hallarda qəddarlığı da unudulmayıb. Atabəy Cahan Pəhləvanın qoyub getdiyi mirasının sayı da unudulmamışdı: “Onun 500-dən artıq şəxsi məmlükü, 70 min atı, qatırı və dəvəsi vardı (yenə orada, s.83). Deyirlər Atabəy Cahan Pəhləvan vəfatından az əvvəl Reyə gəlir. Atabəy çavuşların səsküyünü eşidib yanındakı əyandan nə baş verdiyini soruşur. Əyan cavab verir ki, bəs səs-küy sizin Reydəki canişininiz və məmlükünüz Səracəddin Qaymaza görədir. Cahan Pəhləvan deyir: – Qaymaz belə mərtəbəyə çıxıb ki, şəxsi çavuşlar saxlayır? – sözünə ara verib əyandan soruşur ki, “Mənim qullarım və onlara verdiyim mövqe haqqında nə deyə bilərsən?”
Əyan cavab verir: – Qoy böyük Atabəyin həyatı əbədi olsun. Sən öz qullarını elə yüksəkliklərə qaldırmısan ki, səndən sonra onlar sənin övladlarının heç birinə itaət etməyəcək və heç birisinə baş əyməyəcək. Həmin qulların ömürləri nə qədər davam edərsə, bir o qədər də İraq nə sülh, nə sakitlik görəcəkdir” (göstərilən əsər).
Acı həqiqəti başqasının dilindən eşidən Cahan Pəhləvanın gözləri yaşarır və əyana: – “Sən haqlısan!” – söyləyir.
Doğrudan da, Cahan Pəhləvanın ölümündən sonra təkcə onun qulları yox, atabir, ana ayrı oğlanları da bir-birinə qarşı vuruşdular. Xalq da bu çəkişmələrdən acılar yaşadı.
Cahan Pəhləvanın ölüm xəbərini xalqdan üç ay gizli saxladılar. Başda Cahan Pəhləvanın arvadı İnanc xatun olmaqla məşvərət edirdilər ki, atabəyi kim əvəz etsin? Lakin Cahan Pəhləvana sadiq olan əmirlər onun qardaşı Qızıl Arslanı müdafiə etdilər. Beləliklə, Qızıl Arslan Osman Həmədana gəlib dövləti idarə etməyə başladı. Sultan III Toğrul ona qarşı çıxmağa cəsarət etmədi. İnanc xatunun isə arzuları gözündə qalır. III Toğrul Qızıl Arslanı sarayında qəbul edib onu ölkəyə atabəy təyin edir. Görüş zamanı Sultanın məmlükü Qaragöz Qızıl Arslanı öldürmək fikrinə düşür, lakin sultanın işarəsi ilə o, bu qətldən vaz keçir. Amma sonra Qızıl Arslan Qaragözün bu niyyətindən xəbər tutur və onun gözlərini oydurur. Bu yerdə yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır.
Cahan Pəhləvanın xanımı İnanc xatunun hikkələnməsinə isə incə bir səbəb vardı. O, Qızıl Arslanın mövqeyinin möhkəmlənməsindən, günüsü Qüteybə xatunun oğlu Əbu Bəkirin özünün iki oğlundan daha yüksək zirvəyə çatmasından çox narazı qalmışdı. İnanc xatun Cahan Pəhləvanın sərkərdəsi Əmir Seyfəddinə yazırdı: – Siz necə rəva bilirsiniz ki, kənizin oğlu rütbəcə mənim oğlumdan yüksək vəzifə tutsun. Məndə o qədər pul, xəzinə, dinar və dirhəm var ki, sizi illər boyu təmin edə bilərəm. Mən istəyirəm ki, siz oğlanlarımı atlara mindirib mənə çatdırasınız” (göstərilən əsər).
Bu sətirlərdən əsrlərin arxasından boylanan İnanc xatunun hikkəsi adamı qarsır. Onun Cahan Pəhləvana sevgisi, məhəbbəti, əməlinə, ruhuna sədaqəti hiss olunmur. Ərinin ölümündən dərhal sonra hikkəsi üzə çıxır.
Cahan Pəhləvanın varisi Qızıl Arslan İnanc xatunun necə hiyləgər və məkrli qadın olduğunu gözəl bilirdi. O, İnanc xatunun oğlanları Qutluq-İnanc Mahmudu və Əmir Əmran Öməri öz tərəfinə çəkmək xatirinə hətta onunla evlənmişdi. Onların arasındakı bu nikahda sevgidən söhbət belə gedə bilməzdi. Məhəbbət olmayan yerdə ot bitməz. Qızıl Arslan öz içində İnanc xatuna daim şübhə ilə yanaşırdı. Və o, şübhəsində yanılmamışdı. İnanc xatun əmisi Qızıl Arslana qarşı çıxdığına görə qandallanıb Naxçıvan yaxınlığındakı Qəhrəm qalasında dustaq olan III Toğrulu hakimiyyətə qaytarmaq, Qızıl Arslanı isə aradan götürmək fikrinə düşmüşdü. Atalar yaxşı deyib ki, ağacı öz içindən qurd yeyər. Nəhayət, İnanc xatunun hikkəsi Qızıl Arslana sui-qəsdlə nəticələnir. 21.09.1191-ci ildə onu öz yatağında öldürürlər.
Qızıl Arslan Atabəylər dövlətinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri idi. Qızıl Arslan ona qarşı qoşun çəkmiş ögey qardaşı oğlu III Toğrulu məğlub edib sultan taxtına oturmuşdu. Toğrul əlində qılınc, əynində kəfən Bağdada gedib xəlifənin qəbuluna düşmək istəmişdi, amma xəlifə bir vaxt onun qoşununu məğlub etdiyi üçün onu qəbul etməmişdi, əmisi Qızıl Arslan da ona qarşı çıxdığına görə Toğrulu bağışlamamışdı.
Qızıl Arslanın meyiti ortada qalmışdı. Sui-qəsddə iştirak edən İnanc xatun da gözə dəymirdi. Cahan Pəhləvanın dul qalmış arvadı Qüteybə xatun fürsəti əldən qaçırmadı. O, Qızıl Arslanın barmağındakı sultan ünvanı və nişanı olan üzüyünü çıxarıb oğlu Əbu Bəkirə verdi: – “Get, Azərbaycan və Arran hakimliyini öz əlinə al” – dedi.
Elə həmin gecə Əbu Bəkir Azərbaycana yola düşür. O, nəhayət Əlincə qalasına gəlir. Burada da qan özünü göstərir. Əlincə qalası bütün xəzinəsi ilə birlikdə Cahan Pəhləvanın digər arvadı Zahidə xatunun ixtiyarında idi. Əbu Bəkir analığının gözyaşına baxmayıb xəzinəni ələ keçirir və Azərbaycanı və Arranı tutaraq babasının və atası Cahan Pəhləvanın taxtında oturur.
III Toğrul iki il qalada məhbus qaldıqdan sonra 1192-ci ilin baharında azadlığa çıxır. Hakimiyyət yolunda bir neçə vuruşmada çarpışır. Toğrul İnanc xatunun oğlu Qutluq-İnanc Mahmudla da döyüşüb onu məğlub edir.
Çapar İnanc xatunun III Toğrula yazdığı bir məktubu ona çatdırır. O yazırdı: “Mən heç zaman sənə meyl göstərməkdən çəkinməmişəm və sənin yaxın və uzaq düşmənlərinin düşməni olmuşam. İndi Allah səni əcdadının mülkiyyətində xaqan tikdikdən sonra, mən də sənin qulluqçularından və kənizlərindən biriyəm. Mənim bol xəzinəm və pulum var, sən məni qəbul etsən, kənizlərdən biri kimi sənə xidmət göstərərəm, bu şərtlə ki, kəbin kəsməyə razılıq barədə iltizam verəsən. Mən Həmədana sənin qulluğuna gələrəm və tədricən xəzinəni və pulları sənə verərəm” (göstərilən əsər).
III Toğrul İnanc xatunun təklifini qəbul eləyir. Sən demə İnanc xatunun niyyəti başqaymış. Əqrəb sancmasa yaşaya bilməz axı. Ziyafətdə qulluqçulardan biri III Toğrula pıçıldayır ki, İnanc xatun şərabın içinə zəhər qatıb. Toğrul məqamında əlindəki badəni İnanc xatuna verir ki, iç! İnanc xatun içmək istəməyəndə onu məcbur edir. İnanc xatun zəhərli şərbəti başına çəkir və oradaca ölür. Beləcə su sənəyi suda sınır. Qəlbi, zehni kinlə, hikkə, qəzəblə dolu olan İnanc xatunun sonu belə faciəli sonluqla qurtarır. (Görkəmli tarixi romanlar müəllifi M.S.Ordubadi bu qadının surətini “Qılınc və qələm” romanında Qətibə adı ilə çox gözəl yaradıb).
Amma bu hiyləgər qadının əkdikləri göyərirdi. Onun oğlanları Qutluq-İnanc Mahmudla Əmir Əmiran Ömər Təbrizə hücum etmişdilər. 1192-ci ildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının qoşununu darmadağın etdi. Bundan sonra Qutluq-İnanc Mahmud Xarəzmşah Təkəşin, Əmir Əmiran Ömər isə Şirvanşah I Axsitanın yanına qaçdı.
Taleyin qəribə işləri var. III Toğrul az qüvvə ilə Rey ətrafında xarəzmilərlə döyüşürmüş. Qabaq dəstədə vuruşan xarəzmilərə Qutluq-İnanc Mahmud başçılıq edirmiş. Döyüşdə düşmən oxu Toğrulun gözünə dəyir və o, atdan yıxılır. Bu zaman Toğrul siyirmə qılıncla ona yaxınlaşan Mahmuda deyir: – Ey Mahmud, məni yerdən qaldır, buradan uzaqlaşaq. Bu həm sənin, həm də mənim üçün yaxşı olar.
Mahmudun damarlarında həm də İnanc xatunun qanı axırdı. Onu III Toğrulla birləşdirən qohumluq teli də saxlamır, uf demədən onun başını kəsib Xarəzmşaha aparır. O da Toğrulun kəsilmiş başını Bağdada göndərir. Bu xidmətin müqabilində Xarəzmşah Təkəş qəsb etdiyi İsfahanı Qutluq-İnanc Mahmuda verir və onu İraqın baş əmiri təyin edir.
Deyirlər qisas qiyamətə qalmaz. Toğrulun qızı Xarəzmşahın oğlu Yunisə ərə getmişdi. O, atasının intiqamını almaq üçün əlindən gələni edirdi. Toğrulun qızının hiyləsi ilə sülh müqaviləsi bağlamaq adıyla Mahmudun sarayına gələn Xarəzmşahın adamları onu öldürmüşdülər.
Əmir Əmiran Öməri isə Şirvanşah I Axsitan nəinki yaxşı qarşılamışdı, hətta qızını ona ərə vermişdi. Bu qohumluq da bir siyasət idi. Şirvanşahın gizli məramı vardı. O, Atabəylər sülaləsindəki çəkişmələrə kürəkəninin vasitəsilə təkan vermək istəyirdi. O dövrdə hər kəs at belində öz məramı, həqiqəti uğrunda vuruşurdu.
Hakimiyyət o qədər şirin, cəzbedici idi ki, qardaş qardaşın üstünə qoşun çəkirdi. Əmir Əmiran Ömər o zaman Gürcüstan hakimi çariça Tamaradan belə kömək alaraq qardaşı Əbu Bəkirə qarşı çıxmışdı, Gəncəni alıb taxta oturtmuşdu. Amma Əmir Əmiran Gəncədə cəmi 22 gün taxtda otura bilmişdi.
İnanc xatunun vaxtilə oğlanlarının qəlbində yandırdığı kin tonqalı nəticədə onların faciəsi ilə sona yetir.
Cahan Pəhləvanın Qüteybə xatundan olan oğlu Atabəy Nüsrəddin Əbu Bəkr atası şücaətdə olmasa da, hər halda, iyirmi iki il hakimiyyət başında otura bilir. O, hakimiyyəti dövründə alimlərə, şairlərə hörmət etmiş, İraqda, Azərbaycanda mədrəsələr, məscidlər tikdirmişdir. Onun həyatının bir qismi eyş-işrətdə, bir qismi də döyüşlərdə, qovğalarda keçmişdi. O öz ölkəsinə gürcülərin hücumlarının qarşısını almaq üçün, müsəlmanların etirazına baxmayaraq, gürcü çariçanın qızına da evlənmişdi.
Əbu Bəkr 1211-ci ildə dünyasını dəyişir. Onun yerini Müzəffərəddin Özbək tutur. Onun hakimiyyəti dövründə monqollar əzəmətli Xarəzmşahlar dövlətini çökdürdü, sultan Ələddin Məhəmmədin övladları Cəlaləddin Manqburnu və Qiyasəddin Pir Şah İraqa, Azərbaycana hücum etdilər. Atabəy Özbək Pir Şaha qarşı çıxa bilmədi, onunla sülh bağladı (1224) və bacısı Cəlaliyyəni ona ərə verib qohum oldu.
Cəlaliyyə Azərbaycan Atabəylərinin şəxsi mülkü sayılan Naxçıvanın hakimi olmuşdur. Cəlaliyyənin sarayında xidmət edənlər əsasən qadınlar idi. Qiyasəddin Pir Şah öləndən sonra Cəlaliyyəni onun qardaşı Cəlaləddin aldı. Əlbəttə, bu izdivac da siyasi nikah idi. Cəlaliyyənin hakimiyyətini, mal-mülkünü qorumaq üçün başqa yolu yox idi.
Atabəy Özbəkin arvadı, İraqın sonuncu səlcuq sultanı III Toğrulun qızı Məlikə idi. Əslində dövləti bu qadın idarə edirdi. Cəlaləddin Təbrizi tutanda Atabəy Özbək əvvəl Gəncəyə, sonra Əlincəyə qaçmışdı. Özbəkin arvadı Məlikə xatun Cəlaləddindən xahiş eləmişdi ki, Xoy şəhərini ona bağışlasın. Cəlaləddin onun arzusunu yerinə yetirmişdi.
Sonra isə şəriət qanununu pozaraq 1228-ci ildə Məlikə xatunla evlənmişdi. Bu xəbər Özbəkə çatanda soruşur ki, bu Məlikənin razılığı ilə olub, yoxsa əksinə? Cavab verirlər ki, bu iş xanımın öz arzusuyla baş tutub. Bu xəbərdən sonra Atabəy Özbək xəstələnir və bir neçə gündən sonra ölür. Onun ölümü ilə də Atabəylər dövləti süqut etdi.
Məsəl var, oddan kül törəyər. Oğlanlarının heç biri Məhəmməd Cahan Pəhləvanın şərəfli adını doğrultmadı. Bəlkə də bu acınacaqlı sonluğun bir nəticəsi də o zamankı ictimai-siyasi olaylar idi…
“Mədəni Maarif” jurnalı №2
2010
QARABAĞIN TACI ŞUŞA
Bu gün daşnakların işğalı altında olan qəhrəmanlar oylağı, xanlar, bəyzadələr yurdu, mədəniyyət beşiyi Şuşa qalası 1750-ci illərin əvvəllərində tarixi zərurətdən yaranmışdır. Uca dağlar başında Şuşa qalasını tikdirən Pənahəli xan Cavanşir Nadir şah Əfşarın işğalçılara qarşı apardığı müharibələrdə şücaətlər göstərmiş, Şərqin sonuncu fatehinin rəğbətini qazanmışdı. Nadir şah Pənahəlinin şəxsi şücaətlərini, göstərdiyi xidmətləri dəyərləndirərək onu öz yanına aparmışdı. Əfşar tayfasının Qırıxlı qolundan olan Nadir ölkəsini işğaldan azad edib, məmləkətdəki hərcmərcliyi aradan qaldırdıqdan sonra şah olmaq fikrinə düşdü. O, bu münasibətlə 1736-cı ilin mart ayında Muğan düzündə qurultay – şah seçkisi mərasimi keçirdi.
Zaman-zaman Səfəvi şahlarının xidmətində olmuş Qarabağ əmirləri şah nəslindən olmayan Nadirin hakimiyyətinə qarşı çıxdılar. Bu etiraza baxmayaraq Nadir həmin qurultayda başına tac qoyub şah seçildi. Əmri qılıncdan kəsərli olan Nadir hakimiyyəti ələ aldıqdan sonra Qarabağ əhalisinin böyük bir qismini Əfqanıstan və Xorasan vilayətinə sürgün etməyə başladı. Sarayda xidmətdə olan Pənahəli bəyin qardaşı Fərzəli bəy şahın bu köçürmə siyasətinə etiraz etdiyi üçün Nadir şahın əmri ilə qətlə yetirildi. Bu hadisədən sonra Pənahəli bəy Nadir şah Xorasanda olduğu zaman fürsət tapıb bir neçə qohumu və yaxın adamları ilə Qarabağa qaçdı. Nadir şah bu xəbəri eşidəndə onu tutub saraya gətirmək üçün adamlar göndərsə də, bu mümkün olmadı. Pənahəli bəy Cavanşir Qarabağ dağlarında, Şəkidə, Qəbələdə adi qaçaq həyatı yaşamağa məcbur oldu.
1747-ci ildə Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürüldü. Onun bu qəfil ölümü ilə ölkənin nizamı pozuldu. Fürsətdən faydalanan narazı qüvvələr xırda feodal dövlətlər – xanlıqlar yaratmağa başladılar.
Uzun illərdən bəri qaçaq həyatı yaşayan Pənahəli xan Cavanşir də dərhal hərəkətə keçdi. O, Təbriz, Qarabağ, Gəncə, Bakı, Şəki və s. xanlıqlarından fərqli olaraq xanlığı üçün mövcud şəhərləri paytaxt seçmədi. Əvvəlcə indiki Ağcəbədi rayonu ərazisində Bayat qalasını tikdirdi və dərhal Nadir şah Əfşarın Əfqanıstana, Xorasana sürgün etdiyi Qarabağ əhalisinin öz yurdlarına qayıtmaları üçün hərəkətə keçdi. Çox çəkmədi köçürülmüş əhali öz tarixi yurdlarına qayıtdı.
Pənahəli xanın bu cür güclənməsi erməni məliklərini və ətraf xanlıqları narahat etməyə başladı. Bayat qalasına ilk yürüşü 1748-ci ildə Şəki xanı Çələbi xan etdi. Bu yürüş məğlubiyyətlə başa çatdı. Dövrünün ağıllı adamlarından olan Çələbi xan bu uğursuz yürüşdən geri qayıdarkən demişdi: “Pənah xan adi bir xan idi. Biz gəldik, onunla dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq”.
Lakin Çələbi xanın bu yürüşü Pənahəli xanı gələcək hücum təhlükəsinin qarşısını almaq üçün düşünməyə sövq etdi. O Ağdam ərazisində, Şahbulaq dağının ətəyində yeni bir qala tikdirdi. Bu qalada xan “Daş və əhəngdən məscidlər, evlər, çarsu (bazar meydanı – M.Ç.) və hamamlar” tikdirmişdi.
Burada da xanlığın həyatı sakit keçmədi. Erməni məlikləri yerli feodallarla birləşərək Qarabağ xanı ilə müharibəyə başladılar. Pənahəli xan bu dəfə də düşmənə ağır zərbələr vurub, onların bütün hücumlarını dəf edərək özünə tabe etdi. Bu qələbədən sonra Pənahəli xanın şöhrəti hər yana yayıldı. Şəki, Şirvan, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənahəli xanın yanına elçi göndərib onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər. O, fürsətdən istifadə edib xanlığın ərazisini bir qədər də genişləndirdi.
Bununla belə xanlığı idarə etmək və xarici düşmənlərin hücumlarından qorunmaq üçün möhkəm bir qalaya ehtiyac vardı. Belə bir yerin seçilməsi üçün Pənahəli xan bacarıqlı adamlara göstəriş verdi. Çox keçmədi ki, qala üçün münasib bir yerin olduğunu xana söylədilər. O zaman indiki Şuşa şəhərinin yeri meşəlik idi və burada nə axar su, nə də bulaq vardı. Lakin sıldırım qayalarla əhatə olunmuş bu yerin müdafiə üçün əhəmiyyətli olacağını görən Pənahəli xan 1750-ci ilin əvvəllərində qalanın bünövrəsini qoydurdu. İlk növbədə, su üçün quyular qazdırıldı, meşənin açıqlıq olan 3-4 kilometrlik məsafəsində hasar çəkildi, Təbrizdən, Ərdəbildən bənnalar gətirildi, hasar içərisində xan üçün saraylar, yeni binalar tikildi. Qalanın iki möhkəm – “Gəncə” və “İrəvan” qapıları vardı. Bu qapılar axşamlar bağlanırdı. Xan yaxın ətrafı ilə qalaya köçdü. Bundan sonra xan ətraf kəndlərin əhalisinin bir qismini qalaya köçürtdü. Qalaya köçənlər öz mənsub olduqları kəndin, məhəllənin adını da bura gətirdilər. Beləliklə, qalada 17 məhəllə yarandı. Hər məhəllənin öz məscidi, öz hamamı tikildi, su quyuları qazıldı. Yerli əhali qalanı Pənahəli xanın şərəfinə Pənahabad adlandırdı. Xanın göstərişilə “Pənahabad” adlı gümüş pul da kəsildi.
Çox keçmədi Məhəmmədhəsən xan Qacar Qarabağa hücum etdi (1751). O, Pənahabadın yaxınlığında düşərgə salıb bir ay orada qaldı, ancaq qalanı ala bilmədi. Məhəmmədhəsən xandan sonra Nadir şahın ən görkəmli sərkərdələrindən olan Urmiya xanı Fətəli xan Əfşar 30 minlik qoşunla Qarabağa hücum etdi. O, Pənahabada bir neçə dəfə həmlələr etsə də, məğlub olaraq geri çəkildi. Urmiya xanı döyüşün mənasız olduğunu görüb Pənahəli xana elçilər göndərib müharibəni dayandırmağı və öz qızını onun böyük oğlu İbrahimxəlil ağaya verməyi vəd etdi.
Pənahəli xan hiyləyə aldanıb oğlunu Fətəli xanın düşərgəsinə göndərdi. O isə gecə ikən İbrahimxəlil ağanı dustaq edərək özü ilə Urmiyaya apardı. Pənahəli xan bundan çox qəzəbləndi. Tezliklə Fətəli xana qarşı özünə müttəfiq axtaran Kərim xan Zəndə qoşuldu, qalasını kiçik oğlu Mehralı bəyə tapşırıb Urmiya qalasını almağa getdi. Müttəfiq qoşunları Urmiyanı alıb Fətəli xanı taxtdan saldılar. Kərim xan Zənd azadlığa çıxmış İbrahimxəlil ağanı xanlıq fərmanı ilə Qarabağa göndərdi, atası Pənahəli xanı və başqa müttəfiqlərini isə Şiraza “qonaqlığa” apardı. Pənahəli xan başa düşdü ki, Şirazda “qonaq” yox, dustaqdır. Pənahəli xan 1758-ci ildə (bəzi mənbələrdə 1763-cü ildə) Şirazda vəfat etdi. Xanın vəsiyyətinə görə onun cənazəsi Ağdama gətirilərək “İmarət” deyilən yerdə dəfn edildi.
İbrahimxəlil xanın vaxtında (1760-1806) Qarabağ xanlığı daha da gücləndi. Hətta 1795-ci ildə 85 minlik qoşunla Qarabağa hücum edən Ağa Məhəmməd şah Qacar Pənahabadı – Şuşanı işğal edə bilmədi. 1797-ci ildə ikinci hücumda o, Pənahabadı ala bilsə də, bir neçə gündən sonra öldürüldü.
XVIII yüzilin sonlarına kimi əsasən, xanlığın həyatı sakit keçdi. Lakin XIX yüzilin başlanğıcında çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. 1801-ci ildə Gürcüstan çar Rusiyasına birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal edildi.
İbrahimxəlil xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R.D.Sisianovla Kürəkçayda müqavilə bağladı. “Qarabağ xanlığı türk-müsəlman – Azərbaycan torpağı kimi çar Rusiyasına ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir”.
Çox təəssüf ki, İbrahimxəlil xanla bağladığı əhdnaməni çar Rusiyası çox tez unutdu. İbrahimxəlil xanı İran şahına meyllənməkdə suçlayan Şuşanın komendantı mayor Lisaneviç 1806-cı il 2 iyunda, gecə vaxtı “Şuşukənddən bir neçə erməni bələdçisi götürüb dağların ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər.
Bəli, bu bələdçiliyin nəticəsi olaraq o gecə 46 il Qarabağ xanlığına başçılıq etmiş İbrahimxəlil xan və onun ailə üzvləri qətlə yetirildilər (cəmi 17 nəfər). Rus səyyahı İ.Seqal İbrahimxəlil xanın fəaliyyətindən bəhs edərkən yazır ki, “O son dərəcə igid və ədalətli olmaqla xalq arasında böyük hörmət sahibi idi”.
Bu hadisədən sonra çar Rusiyası xanlığın taxtına İbrahimxəlil xanın oğlu Mehdiqulu xanı oturtdu. Onun hakimiyyəti cəmi 17 il çəkdi. 1822-ci ildə Qarabağ xanlığı çar Rusiyası tərəfindən ləğv edildi. O dövrdən Qarabağ əhalisinin qara günləri başlandı. Çar Rusiyası İran və Osmanlı imperiyası ilə müharibə apardığı illərdə erməniləri Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürməyə başladı. Gəlmə erməni ailələrindən böyük bir qismi də Qarabağın dağlıq ərazilərinə yerləşdirildi. Beləliklə, Qarabağın gələcək fəlakətinin bünövrəsi qoyuldu. Ermənilərə heç də münasibəti pis olmayan çar Rusiyasının İrandakı səfiri A.S.Qriboyedov imperatora vaxtilə belə bir xəbərdarlıq məktubu yazmışdı: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.