Электронная библиотека » Mustafa Çəmənli » » онлайн чтение - страница 4

Текст книги "Ürəyimdən kimlər keçdi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Mustafa Çəmənli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Əkrəm müəllim Füzulinin “Seçilmiş əsərləri”nin nəşri ilə əlaqədar tez-tez nəşriyyata gələrdi. Onun hər gəlişi bizim üçün əsl bayramdı. Çünki o, canlı ensiklopediya idi. Bu böyük alim otaqda gəzişə-gəzişə vurğunu olduğu Məhəmməd Füzulinin müxtəlif bəhrlərdə yazdığı qəzəllərdən nümunələri o qədər qeyri-adi ahənglə oxuyurdu ki, adam heyran olurdu. Bu bəstəboy, dolubədənli, ağsaç alimdən ayrılmaq istəmirdin. Mən bir dəfə nə məqsədləsə Əkrəm müəllimin evində olmuşdum. Onun böyük stolunun üstündəki kartotekaya baxanda məni heyrət bürümüşdü. Bu bir-birinə sıxılmış saysız-hesabsız kartoteka böyük alimin mütaliəsinin hüdudsuzluğuna şahidlik edirdi.

“Stalinin dövründə yalnız insanları deyil, elmi də, sənəti də zorlayırdılar” deyən Əkrəm Cəfər Lenin hökumətinin qanlar tökərək qurduğu Sovet İttifaqının çökdüyünü də gördü. 18 avqust 1991-ci ildə, 86 yaşında haqq dünyasına qovuşan görkəmli alim on ikicə gün də yaşasaydı, dövlət müstəqilliyimizin bərpa edilməsi haqqında “Azadlıq bəyannaməsi” qəbul olunduğunu eşidib bu dünyadan rahat gedərdi.

* * *

Xalq şairi Səməd Vurğun yaxşı deyib ki:

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin, bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

1983-cü ilin yanvarında iş yoldaşımız yazıçı-dramaturq Seyfəddin Dağlı vəfat etdi. Onun cənazəsi Azdramanın səhnəsində qoyulmuşdu. Ailəsi, yaxın qohumları, dostları, oxucuları yazıçını son mənzilə yola salmaq üçün Azdramanın salonunda və qarşısında toplaşmışdılar. Əlbəttə, bizim əlimizdən bu ağır itkiyə görə təəssüflənməkdən özgə bir iş gəlmirdi. Yeganə təsəllimiz o idi ki, Seyfəddin müəllim özündən sonra xoş əməllər qoyub gedirdi.

O ərəfədə artıq Vaqif Səmədoğlu da “Yazıçı”da işləmirdi, “Azərbaycanfilm” kinostudiyasına getmişdi.

1983-cü ilin sentyabrında Məmməd İsmayılı “İşıq” nəşriyyatına direktor təyin etdilər. O gedən gündən direktorun əmri ilə şöbə müdiri əvəzi işlədim. 1984-cü il 7 martda isə Mətbuat Komitəsi mənim şöbə müdiri vəzifəmi rəsmi olaraq təsdiq etdi. Elə həmin ildə iş yoldaşım Qəşəm İsabəyli “İşıq” nəşriyyatına gedib, sifariş ədəbiyyatı şöbəsinə rəhbərlik etməyə başladı. Daha sonra o, Mədəniyyət Nazirliyinin yeni yaratdığı “Şur” nəşriyyatına direktor təyin olundu. Müstəqillik illərində isə, “Şirvannəşr” nəşriyyatını təsis edərək sərbəst çalışmağa başladı.

1984-cü ildə nəşriyyatımız o dövrün məşhur Növbahar restoranının ikinci mərtəbəsinə köçdü. Yeni binada otaqlar kifayət qədər çox və işıqlıydı. Təzə binaya köçərkən Həmkarlar İttifaqının sədri kimi mənim və yaşıdlarımın fiziki köməyi çox oldu.

Nəşriyyatın yeni ünvana köçməsində Əjdər Xanbabayevin rolu və zəhməti çox olmuşdu. Əlbəttə, şəhərin düz mərkəzində işləmək işçilər üçün hər mənada sərfəliydi. Kefimizə soğan doğrayan yeganə məsələ nəşriyyatın ünvan məsələsiydi. Azərinformun binasında olanda nəşr etdiyimiz kitabların arxasına “Kirov prospekti, 18” yazılırdısa, indi də adını heç cür xatırlaya bilmədiyim bir erməni daşnakının adı yazılacaqdı. Nəşriyyatın rəhbərliyi, o cümlədən əməkdaşlar böyük tirajlarla çap olan Azərbaycan kitablarının arxasında daim bizə kin bəsləyən, xalqımıza hər hansı xidməti belə bəlli olmayan bir “yan”ın adının getməsini heç cür qəbul edə bilmirdi. Əjdər Xanbabayev və nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlı dəfələrlə Bakı Sovetinə müraciət etdikdən sonra kitablarımızın arxasına ünvan olaraq “Natəvan meydanı, 1” yazıldı. Bu işin müsbət həllində şairənin abidəsinin nəşriyyatın lap yaxınlığında olması çox yerinə düşdü. Nəşriyyatın binası ilə Xan qızı Natəvanın heykəlini sahilə gedən küçə ayırırdı.

Bu dövrdə mənim müdiri olduğum klassik ədəbiyyat və folklor redaksiyasında Zərifə Hüseynova, Nərgiz Bayramova, Musa Axundov, Sərhəd Nəsirzadə, Məmməd Aslan və Eldar Quliyev redaktor vəzifəsində çalışırdılar. Məmməd Aslan “Yazıçı” nəşriyyatına gəlməzdən öncə “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” kimi nüfuzlu qəzetlərdə işləyib püxtələşmiş incə ruhlu bir şair idi. Təbiət vurğunuydu. Bu da yəqin ki, onun Kəlbəcər kimi mənzərəli bir rayonda doğulub boya-başa çatmasının bəhrəsiydi. Məmməd Aslan rayonlara səfər edəndə adi bir ağacda, çay daşında elə bənzəyişlər görürdü ki, mində bir adam bunun fərqində ola bilməzdi. Məmməd Aslan həmin ağac parçasını, çay daşını götürüb gələr, onu cilallatdırar, yeni bir həyat verərdi. Onun Sumqayıtdakı evi belə təbii əntiq şeylərlə dolu idi.

Məmməd Aslan dilimizi, xalq adət-ənənəmizi incəliyinə qədər bilirdi. O, geniş anlamda türkçüydü. Biz azəri türklərini türk xalqının Yunus İmrəsi, Aşıq Veysəli ilə ilk tanış edənlərdən idi. “Türk xalq şeirlərindən seçmələr”, “Yunus İmrə, Aşıq Veysəl. İki zirvə” kitablarına toplanmış şeirləri dilimizə uyğunlaşdırıb çap etdirən də Məmməd Aslan olmuşdu. Məmməd Aslana sovet dövründə Türkiyə Respublikasına səfər etmək də qismət olmuşdu. Bu səfərin nəticəsi olaraq Məmməd Aslan 1985-ci ildə “İşıq” nəşriyyatında “Ərzurumun gədiyinə varanda” xatirələr kitabını böyük tirajla çap etdirdi.

Respublikamız müstəqillik əldə etdikdən sonra Məmməd Aslan Milli televiziyamızın “Ekran-efir” qəzetinin baş redaktoru vəzifəsində çalışdı və bu qəzetin, necə deyərlər, sifətini dəyişdi. Verilişlərin təqdimatında, annotasiyaların yazılışında çağdaşlıq açıq-aşkar hiss olunmağa başladı. Qəzetin tirajı fantastik həddə artdı. Həftəlik “Ekran-efir” qəzetini hamımız alırdıq. Qəzetin 13 oktyabr 1997-ci il sayını alıb vərəqləyəndə üzümə təbəssüm qondu, gördüm ki, köhnə iş yoldaşım, dostum Məmməd Aslan məni unutmayıb, 50 illiyimlə bağlı “Qələmin yaşı” adlı bir esse çap etdirib. Məmməd müəllimin o essesindən kiçik bir parçanı burada xatırlatmaq istəyirəm: “Nasir var ki, yaş nə qədər irəliləsə belə, qələmi eyni “yaş” mərtəbəsində qalır. Bu qələm sahibi eləcə axına düşür, yazıçı ömrünü birtəhər başa vurur.

Mustafa Çəmənli yaş qədəmlərini keçdikcə, qələmi də püxtəliyi cəhətdən oxucuların nəzərində yaşa dolmaqda, dəsti-xətti ilə seçilməkdədir.

Bu gün ciddi romanlar, ciddi povestlər və hekayələr müəllifi Mustafa Çəmənlinin 50 yaşı tamam olduğu bir zamanda onun müqtədir qələminin yaşı özündən daha üstün bir yaş səviyyəsini göstərir. Müəllif əlinə qələm aldığı gündən bəri xalqın, millətin taleyi ilə bağlı mövzulara müraciət etmiş, epoxal dövrləri əhatə edən maraqlı sənət əsərləri ortaya qoya bilmişdir. Onun ilk geniş oxucu marağını qazanmış “Xallı gürzə” romanı Qarabağ xanlığının keşməkeşli bir zamanının güzgüsüdür…”

Qəzetin birinci səhifəsində yer tutmuş bu böyük esse-annotasiyadan bəlli olur ki, mənim haqqımda radio verilişi hazırlanmışdır. Doğrusu, 13 oktyabr, saat 19.05-də efirdə səsləndirilmiş bu verilişə qulaq asıb-asmadığımı indi xatırlamıram. Ancaq düşünürəm ki, dünyada səni səndən xəbərsiz yad edirlərsə, bundan gözəl nə ola bilər? İndi mən də Məmməd Aslanı xoş xatirələrlə yad edib, ona Allahdan rəhmət diləyirəm.

* * *

Ədəbiyyat, sənət aləmində elə adamlar olub ki, özləri bədii yaradıcılıqla məşğul olmasalar belə, yaradıcı mühitə təsirləri olubdur. Yəqin ki, vaxtilə “Ulduz” jurnalında çalışan Vidadi Məmmədovun bu sahədəki gözəgörünməz xidmətini, təsirini onu tanıyanlar, dostluq edənlər heç zaman dana bilməzlər. Mən Eldar Quliyevi də bu qəbildən olan insanlardan biri kimi xatırlayıram. Eldar Quliyev Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi İmran Qasımovun sürücüsü olmuş Ənvər kişinin oğlu idi. “Yazıçı”dan əvvəl “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdi. Məndən iki yaş kiçik idi. “Yazıçı”da ilk vaxtlar istehsalat şöbəsində çalışırdı, nəşriyyatın sifarişlərini mətbəələrə aparır, oradan da nəşriyyata gətirirdi. Mən belə savadlı oğlanın belə bir işlə məşğul olması ilə ürəyimdə barışmırdım. Bir gün Eldar barədə fikrimi Əjdər müəllimə də bildirdim. Elə bil Əjdər müəllim çoxdan belə təklif gözləyirmiş:

– Səni işçi kimi qane edirsə, apar şöbənə, – dedi.

Beləcə, mənim təklifimlə Eldarla bir şöbədə çalışdıq. Qəribədir ki, Eldarın tənqidindən kimsə incimirdi. Onun tənqidi birdən sarkazm dərəcəsinə çatırdı. Belə hallarda tənqidə məruz qalanlar bədii yaradıcılıqla məşğul olmayan Eldara qeyri-ciddi adam “damğası” vurmaqla canlarını onun sancan dilindən qurtarardılar.

Burada Eldar Quliyevin redaktoru olduğu bütün kitablardan danışmaq fikrim yoxdu, düzü xatırlamaqda da çətinlik çəkirəm. Ancaq “Şəki lətifələri” haqqında danışmaq istəyirəm. Şəki lətifələrini toplayıb nəşriyyata təqdim eləyən Sabir Əfəndiyev idi. O zaman nəşriyyatların tematik planı tutulardı. Nəşriyyatın hər bir şöbəsi bu plan tutmada iştirak edirdi. Hər şöbənin öz yükü, müəyyənləşdirilmiş həcmi vardı. Bəzən vaxtında nəşri başa çatmayan əsərləri də yeni ilin tematik planına salırdılar. Mən də növbəti il üçün klassik ədəbiyyat və folklor redaksiyasının planını tutub nəşriyyatın direktoruna təqdim eləmişdim. İlk dəfə idi ki, “Şəki lətifələri”ni də plana salmışdım. Əjdər müəllim dedi ki, gəl bu “Şəki lətifələri” ilə “Qabrovo lətifələri”ni bir kitabda nəşr edək. Kitabın bir üzündə “Şəki lətifələri”, digər üzündə “Qabrovo lətifələri” yazarıq. Əlyazmanın redaktəsini Eldar Quliyevə tapşırdım. Lətifələrdə çoxlu açıq-saçıq sözlər vardı, Eldar böyük zəhmət hesabına bu cür sözləri ədəbi normaya saldı. Bu kitabın redaktəsinin çətinliyi orasındaydı ki, gərək gülüş doğuran biədəb sözlərin qarşılığında elə söz tapaydın ki, məna və gülüş öz mahiyyətini itirməyəydi. Eldar Quliyev bu işin öhdəsindən gəldi. Qab-rovo lətifələrini toplayıb tərcümə etmək dövrünün gülüş ustası Cahangir Aslanoğluya həvalə olundu. O da bu işin öhdəsindən vaxtında gələrək Qabrovo lətifələrini nəşriyyata təqdim etdi. Təəssüf ki, Şəki və Qabrovo lətifələrini özündə cəmləmiş bu kitab xeyli gec – 1987-ci ildə işıq üzü gördü. Ona da təəssüflənirəm ki, kitabda redaktor kimi Eldar Quliyevin adı getməyib, səbəbini bilmirəm.

Eldar Quliyevin dramaturgiyaya marağı böyük idi. “Yuğ” teatrının yaradıcısı və rejissoru Vaqif İbrahimoğlu ilə dostluq edirdi. O çox istəyirdi ki, Vaqif Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsini səhnəyə qoysun və Həsənağa Turabov Qacarı oynasın. O dövrdə həqiqətən bu böyük sənətkarlarda Qacarı səhnədə canlandırmaq fikri yaranmışdı da. Amma nə üçünsə bu istək baş tutmadı. Yəqin ki, maliyyə çətinliyi üzündən.

Mənə elə gəlirdi ki, Eldar Quliyev pyeslər yazır, ancaq üzə çıxartmır, uğursuzluğa düçar olacağından çəkinir. Bizdə belə adamlar olub. Kifayət qədər istedadlı, dünya ədəbiyyatını yaxşı bilən, dərin müşahidə qabiliyyəti olan gənclər vardı ki, sadəcə, yazmağa, özünü ifadə etməyə cəsarət göstərmirdi. Bu cəhət əsasən ədəbiyyatın böyüklüyünü dərk etməkdən irəli gəlirdi.

Bütün bu müsbət keyfiyyətlərinə görə nəşriyyatımızda çalışan, hər hansı ədəbi mətn haqqında səmimi və güzəştsiz fikir söylədiklərinə görə tərcüməçi Natiq Səfərova və Eldar Quliyevə böyük hörmətim vardı. Əlbəttə, belələrini heç də hamı birmənalı qarşılamır, onları yaxınına buraxmamağa çalışır. Amma ataların yaxşı bir sözü var. Deyir, səni güldürənin yox, ağladanın yanında otur.

Əvvəldə dediyim kimi, həyat məni vadar edirdi ki, respublika radiosuna ədəbi verilişlər yazım. Sözsüz ki, bu verilişlərin əvəzinə çoxlu hekayələr, povestlər yaza bilərdim, amma onları vaxtlı-vaxtında, isti-isti çap etdirmək elə də asan deyildi. Ədəbi orqanların sayı az, arxa duracaq, yol göstərəcək “dayı” da yox, di gəl yaşa. Yaşamaq üçün çar-pışmaq lazımdı. Arxadan dördnala çapan “ehtiyac atının” nəfəsi boynumun ardını qarsırdı, içimdə qımıldanan, qonşu qız kimi çəpərdən boylanıb çəkilən hekayələr, povestlər piltəsi çəkilmiş lampa işığı kimi öləziyirdi, yaddaşımın dolaylarında itib-batırdı. Qəlbimi təəssüf hissi bürüyürdü. Bu halımı Füzulinin bir beyti ilə ifadə etmək istərdim:

Ahım başım üstə çadır qurdu, Füzuli,

Ta söyləyələr çərx ilə kaşanəsi birdir.

İndi bu cür hiss və duyğularla yaşadığım günlər, aylar çox-çox arxada qalıb. O zamanlar yazdığım verilişlər vaxtaşırı radioda səsləndirilir. Qulaq asanlar zəng edir, fikir söyləyirlər, mən də təsəlli tapıram ki, günümü boş keçirməmişəm. Düşünürəm ki, çəkilən hər bir zəhmətin öz bəhrəsi var. Ustad Nizami Gəncəvi yaxşı deyib:

Dünyanın belə bir qaydası var,

Bal tutan barmağı arılar sancar.

* * *

1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi keçirilirdi. Adətim üzrə radionun musiqi şöbəsinə getmişdim. Dedilər, nə yaxşı gəlmisən, Aqşin müəllim səni görmək istəyir. Yazıçı-dramaturq Aqşin Babayev Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin radio üzrə sədr müaviniydi. Bəstəkar Adil Gəray və tarzən Kamil Əhmədov haqqındakı musiqili verilişlərini onun təklifi ilə yazmışdım. Nəsə, Aqşin Babayevin qəbuluna getdim. Əhvallaşandan sonra on-on beş makina qrankasını mənə verdi. Adını çəkmək istəmədiyim bir rejissorun radiopyesi idi.

Aqşin müəllim dedi:

– Bu yazı haqqında fikrini bilmək istəyirəm.

Qarşımdakı makina qrankalarını vərəqləyib baxdım, Üzeyir bəyin həyatının ayrı-ayrı anlarını əks etdirən tanış parçalardı. Fikrimi bildirdim:

– Aqşin müəllim, bu Üzeyir bəy haqda pyes deyil, kompozisiyadı.

– Mən də o fikirdəyəm, – deyə Aqşin müəllim məni Üzeyir bəylə bağlı söhbətə çəkdi. Mən o anda hələ onun niyyətini bilmirdim. Buna görə də, çox sevdiyim dahi bəstəkar barədə vurğunluqla danışırdım. Gözlənilmədən Aqşin müəllim dedi:

– Mustafa, sənə iki həftə vaxt verirəm, Üzeyir bəy haqda qəşəng bir radiopyes yazıb gətirərsən.

– Aqşin müəllim, qorxuram çatdıra bilməyəm…

– Çatdırarsan…

Sağollaşıb Aqşin Babayevin kabinetindən çıxdım. Həzrət Əli deyib ki, kişi vəd verənədək azaddır. Vəd vermə, vermisənsə, yerinə yetir. Hər şey söhbət zamanı asan həll olunur, elə ki yazı stolunun arxasına keçirsən, bilmirsən hardan başlayasan, harda qurtarasan.

Həftənin dördüncü günüydü. İşə qayıdıb mənə olan təklifi Eldar Quliyevə söylədim. O da:

– Yaz də – dedi, – qonorar almaq istəmirsən?

Etiraf edim ki, o zaman radiopyes üçün kifayət qədər yaxşı qonorar verirdilər. Nə gizlədək, ilhama bunun da təsiri var. Eldara dedim ki, qardaş, bu pyesi çatdırmağın bircə yolu var.

– Nədi?

– Vaxt çox azdı, mən sabah “xəstələnəcəm” (Sovet dövründə belə “xəstələnmələr” olurdu), ondan sonra da istirahət günüdü. Əgər yazdığımı oxusam, məsələ qəlizləşəcək, vasvasılıq eliyəcəm, iş ləngiyəcək, ona görə də xahiş edirəm yazacağım pyesin redaktoru olasan.

– Yaxşı, – deyə Eldar razılaşdı.

Gənclik enerjisi işini gördü, üç günə pyesi bitirib Eldara verdim. O redaktə edəndən sonra makinaya verib yazdırdım. Sonra pyesi aparıb musiqi şöbəsinə verdim. Onlar da pyesin dəyərindən tam əmin olmaq üçün Aqşin müəllimin məsləhəti ilə mərhum jurnalist, Ədəbi dram verilişləri şöbəsinin müdiri Mailə Muradxanlıya verərlər ki, mətni oxusun. Mailə xanımın da fikri müsbət oldu. Rejissor İsmayıl Xudaverdiyev pyesi səsləndirmək üçün səhnə ustalarımızdan Səməndər Rzayevi, Məhluqə Sadıqovanı, Hamlet Xanızadəni, Kamal Xudaverdiyevi və Fuad Poladovu radioya dəvət etmişdi. Üzeyir bəyi Səməndər Rzayev, Məleykə xanımı isə Məhluqə Sadıqova səsləndirirdi. Hamlet Xanızadə Üzeyir bəyin əleyhdarlarının ümumiləşmiş obrazı olan SƏSi canlandırırdı. Onun SƏSini daha dramatik səslənsin deyə, Səsyazma studiyasında yazdırırdılar. Studiya iş yerimə yaxın olduğundan ora gedib bu yazılışı izlədim. Hamlet Xanızadə yazılış otağından çıxanda gülümsəyərək əlimi sıxdı:

– Mənim üçün çox maraqlı obrazdı, – dedi.

Ona təşəkkür etdim. Belə dar macalda yazdığım “Yaddaşın işığında” radiopyesim 1985-ci il 6 oktyabrda saat 10:15 dəqiqədə efirdə səsləndi. Bu pyes indi də radionun fondunda saxlanılır və hərdən səsləndirilir.

Həmən ildə bizim şöbədə həm də Üzeyir Hacıbəyovun “Seçilmiş əsərləri” nəşrə hazırlanırdı. Üzeyir bəyin “Seçilmiş əsərləri”ni tərtib edən, izah və lüğət yazan isə Mirabbas Aslanov idi. Bu çağacan o, bəstəkarın yaradıcılığından bəhs edən “Ü.Hacıbəyovun sənətkarlığı”, “Üzeyir Hacıbəyov – jurnalist” əsərlərini nəşr etdirmişdi. Mirabbas müəllim sadə, səmimi, təbii bir insandı. Üzeyir bəyin şəxsiyyətinə, musiqisinə, publisistik əsərlərinə böyük məhəbbəti vardı. Üzeyir bəyin “Seçilmiş əsərləri” isə bu sevginin bariz nümunəsi idi. O vaxta qədər Üzeyir bəyin zəngin publisistikası bu həcmdə toplanıb çap olunmamışdı. Miraslan müəllim bizə ürək qızdırıb etiraf edirdi ki, Üzeyir bəyin publisistik irsinin az qala yarı hissəsi kənarda qalıb. Əlbəttə, Miraslan müəllim bəstəkarın kitaba düşməyən məqalə və felyetonlarından xəbərdar idi, lakin bu qəbildən olan yazıların qlavlitdən keçməyəcəyini bildiyi üçün nəşriyyata təqdim etməmişdi.

Üzeyir Hacıbəyovun “Seçilmiş əsərləri”nin redaktoru akademik Mirzə İbrahimovdu. O, həm də “Seçilmiş əsərlərə” geniş bir ön söz yazmışdı.

Mirzə İbrahimov “Yazıçı” nəşriyyatının fəaliyyəti dövründə bircə dəfə nəşriyyata gəlmişdi. Əjdər müəllim bu böyük yazıçı və millət fədaisini redaksiyaları gəzdirərək bizimlə tanış etmişdi.

* * *

Mənim şəxsiyyətinə maraq göstərdiyim insanlardan biri də folklorşünas Əbülqasım Hüseynzadə idi. 1890-cı il sentyabrın 25-də Bakıda anadan olmuş Əbülqasım Hüseynzadənin yaşı imkan vermirdi ki, nəşriyyatımıza gəlsin. Buna baxmayaraq bizimlə əməkdaşlıq edirdi. Gəncliyində müxtəlif idarələrdə hesabdar işləyən bu adam Azərbaycan atalar sözlərini toplayıb çap etdirən, özünün dediyi kimi, “ipə-sapa” düzənlərdən idi. İlk baxışda, bəlkə də, bu işi görmək çoxlarına asan gəlir, ancaq atalar sözünü toplamaq ot tayasında iynə axtarmaq kimi bir şeydi. Hər bir insanın yaddaşında nə qədər atalar sözü ola bilər? Yəqin ki, əzbərində otuz-qırx atalar sözü ola-olmaya. Buna görə də neçə min atalar sözünü toplayıb kitab halında çap etdirmək elə də asan məsələ deyildi. Yəqin ki, Əbülqasım müəllimin başladığı bu şərəfli işi başa çatdırmaqda 1925-ci ildə “Azərnəşr”də baş mühasib vəzifəsində çalışmasının da rolu olmuşdu. 1926-cı ildə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri, yazıçı Böyükağa Talıblının göstərişi ilə onun topladığı “Atalar sözü” kitab halında çap olunub. Bu ilk kitabdan sonra Əbülqasım müəllim atalar sözlərini, məsəlləri daha da həvəslə toplamağa başlamışdı. Çünki onun bu işinə dəyər verən, həvəsləndirən nəcib kişilər vardı. Atalar sözlərinin toplanıb çap olunmasını çox vacib bir iş kimi qiymətləndirən akademik Abdulla Qarayev öz xüsusi minik maşınını Əbülqasım Hüseynzadənin sərəncamına vermişdi ki, bu maşın, bu sən, get Azərbaycanın hər yerini dolan, ataların müdrik sözlərini topla gəl!

Beləcə, Əbülqasım müəllim bütün ömrünü bu şərəfli işə həsr edib, zaman-zaman kitablarını təkmilləşdirib dönə-dönə çap etdirmişdi. Onun növbəti “Atalar sözü” kitabı bizim redaksiyada çapa hazırlanırdı. Filologiya elmləri doktoru Bayram Tahirbəyov kitaba geniş bir ön söz yazmışdı, nəşriyyat redaktoru isə “Maarif” nəşriyyatının sabiq direktoru Hamid Qasımzadə idi. O, görkəmli ədəbiyyatşünas alim Feyzulla Qasımzadənin oğlu idi. “Maarif”dən sonra “Yazıçı”da redaktor işləyirdi.

Əbülqasım Hüseynzadənin 1981-ci ildə nəşr olunan “Atalar sözü”nün satışı çox uğurlu oldu, ona görə də 1982-ci ildə təkrar 50000 nüsxə tirajla çap olundu.

1984-cü ildə musiqili teatr tariximizdə müstəsna yeri olan Əhməd Ağdamskinin anadan olmasının 100 illik yubileyi idi. Fikirləşdim, ola bilməz ki, 94 yaşlı Əbülqasım Hüseynzadə Əhməd Ağdamskini səhnədə də olsa, görməsin. Bu niyyətlə ona zəng etdim.

– Əlbəttə, görmüşəm, – dedi.

Dedim:

– Əbülqasım müəllim, olarmı, gəlim bu barədə sizinlə söhbət edək?

– Buyur gəl, – dedi.

Vədələşdik. İçərişəhərdə yaşayırdı. Günortaya yaxın onun görüşünə getdim. Soraqlaşıb ev ünvanını tapdım. Qapını döydüm. Qapını üzümə ortayaşlı bir qadın açdı.

– Buyurun, keçin içəri, sizi gözləyir.

Böyük bir zala daxil oldum. Məni zalın ortasında çəliyə söykənmiş, ağappaq saqqallı, başı araqçınlı, başdan-ayağa ağappaq paltar geyinmiş Əbülqasım Hüseynzadə özü qarşıladı. Təklif olunan yerdə üzbəüz oturduq. Mənə makinada yazılmış yarımqrankalıq bir kağız uzatdı. Əhməd Ağdamski barədə yazmışdı, altından da imza atıb tarix qoymuşdu. Əlbəttə, orda yazılanlar mənə tanış idi. Elə yeni bir şey yoxdu. Mövzunu dəyişib soruşdum ki, uzun yaşamağın sirri nədədir?

– Ömrü verən Tanrıdı, – dedi, – amma bəndəsi də gərək özünü qorusun. Mən bu günə kimi içki içməmişəm, on il tütün fabrikində işləmişəm, amma papiros çəkməmişəm.

Bir-iki sual verəndən sonra 94 yaşlı ustadı yormaq istəmədim. Ondan son olaraq bir atalar sözü söyləməsini xahiş etdim. Çuxura düşmüş gözlərində qəribə bir parıltı gördüm, əlini ağappaq saqqalına çəkib aydın səslə dedi:

Atdı, muraddı,

Qadasın aldığım arvaddı.

94 yaşlı qocanın həyat eşqi məni riqqətə gətirdi. Sağollaşıb çıxdım. Mən bu qocaman folklorçunu bir daha görmədim. Amma “Atalar sözü” kitabı tez-tez onu mənim yadıma salır.

* * *

1985-ci il mənim yaddaşımda əlamətdar il kimi qalıb. Həmin ili “İtirilmiş səs” adlı povest və hekayələrdən ibarət kitabım on min tirajla nəşr olunmuşdu. Qəribəydi ki, o dövrdə insan yaddaşında gedən təbəddülatlar məni çox düşündürürdü. Yaddaşın adi bir sözdən canlanması, yaşanmış günlərin mühakiməsi yaradıcılığımın ana xəttini təşkil edirdi. İnsan YADDAŞINI yaddaş dəftəri səviyyəsində qavrayanlar var. Mən isə YADDAŞI insan taleyini yaşadan böyük dəyər hesab edirəm. Yazılarımda bəzi qəhrəmanlarımı yaddaşın mühakiməsinə çəkirdim. Çünki insan yaddaşını həmişə diri, canlı görmək istəyirəm. Unutqan YADDAŞ insanı fəlakətlərə də sürükləyə bilər. Mənim yaradıcılığımdakı bu cəhəti görüb qiymətləndirənlər də vardı. Təsadüfi deyildir ki, tənqidçi Vaqif Yusifli mənim yaradıcılığımdan bəhs edən məqaləsini “Yaddaş nəsri” adlandırmışdı. Tənqidçi belə qənaətə gəlmişdi ki: “… ilk hekayəsindən üzü bəri Mustafa fərdi dəst-xəttini, həyat hadisələrinə özünəməxsus münasibətini qorumağa can atıb və buna nail olub. Mustafanın hələ səksəninci illərdə yazdığı “Yaddaş” povestini xatırlayıram. Ötən onilliyin ən yaxşı nəsr əsərləri ilə səsləşən, öz psixoloji ahəngi ilə seçilən bu povest Mustafanın yaradıcılığında xüsusi yer tutur. Yaddaşın boy göstərməsi, insan ömrünün bir də təkrar olunmayan anlarının mühakiməyə çəkilməsi “Yaddaş” povestində real boyalarla əks olunmuşdu”.

O zaman “Yaddaş” povestinin yer aldığı “İtirilmiş səs” kitabımın siqnal nüsxəsinin cümə günü, günün ikinci yarısı nəşriyyata gətirildiyi də yadımdadır. Mən “Yaddaş” povestində həyatını heç də xeyirxah əməllərə sərf etməyən yetmiş beş yaşlı bir kişinin ömrünün son gecəsindən bəhs etmişdim. Povest belə bir ricətlə başlayırdı:

“Yaddaşı oyanmış…

* * *

Sən demə, bu yaddaş çox qəribə şey imiş.

Sən demə, bu yaddaş günlərin bir günü dünyanın nar ağacı, gilənar ağacı kimi çiçəkləyəcəkmiş. Sonra çiçək tökümü başlayacaqmış, daha sonra meyvə gətirəcəkmiş.

Görürəm inanmırsınız. Niyə də inanasınız, dünyanın o qədər möcüzəsini görmüsünüz ki… Amma mənə qalsa, deyərdim ki, dünyanın ən nadir möcüzəsi yaddaşdı, yaddaşın oyanmasıdı, çiçəkləməsidi, çiçək tökümüdü…

İnanmırsınız inanmayın, öz işinizdi, amma istəsəniz boş vaxtınız olanda sınaya bilərsiniz. Bu, siz deyən qədər də çətin bir iş deyil. Məsələn, gözəl bir yaz gecəsində (lap elə qış gecəsində də mümkündür) otağın bir küncünə çəkilib öz daxili məninizlə üz-üzə oturub söhbət eləsəniz görərsiniz ki, sözümdə yalan yoxdur. Görərsiniz ki, budur, birdən-birə yaddaşınız çiçəklədi… Əgər işdir, siz belə bir sınaq keçirsəniz, onda sizin vəzifəniz nə olur? O olur ki, yaddaş “ağacı”nın altında oturub, onun ağappaq çiçəklərinin işığında keçmişə və gələcəyə baxasınız. Nə isə… Yaddaş çox qəribə şey imiş, qardaş”.

Bazar ertəsi, iş günü daxili telefon zəng çaldı, dəstəyi götürdüm, Əjdər müəllim idi. Salamlaşdıqdan sonra məni yanına çağırdı. Getdim. Gördüm kitabım stolunun üstədi.

– Kitabını bu iki gündə oxudum, – deyib diqqətlə üzümə baxdı.

– Çox sağ olun, Əjdər müəllim, vaxtınızı mənə sərf etmisiniz.

Gülümsədi, sonra əlini yuxarıda sitat gətirdiyim və kursivlə fərqləndirdiyim mətnin üzərinə qoydu.

– Təbrik edirəm. Təkcə bu parçaya görə yazıçısan.

Direktorumuzdan belə tərifli sözlər eşitmək, əlbəttə, mənim üçün çox xoş idi. Çünki bu sözləri sadəcə bir direktor yox, ədəbiyyatımızı bilən və sevən, çap etdirməsə də, ara-sıra şeirlər yazan zövqlü bir şəxs deyirdi. Əjdər müəllim istəsə elmi iş götürüb müdafiə edə, nəsr əsərləri, poeziya nümunələri yaza bilərdi. Nə üçün bu işlərin ardınca getmədi, bunu ancaq Tanrı bilir.

Onunla hər hansı əsər haqqında fikir bölüşdürmək olardı. Bəzən öz hafizəsi ilə adamı heyrətləndirirdi. Yadımdadı, şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (1905–1996) Abşeronda yaşayıb-yaradan şairlərin şeirlərindən nümunələr toplayıb kitab tərtib etmişdi. Ərəb, fars dillərini də gözəl bilən Cəfər Rəmzi kitabına “Abşeron şairləri” adını vermişdi. Onun bu kitabı, doğrudan da, dəyərli bir kitab idi, ancaq verilən ad şəxsən məni qane etmirdi. Fikirləşirdim ki, Şirvan, Qarabağ, Abşeron şairləri adı altında kitab nəşr etmək, belə bir bölgü aparmaq düzgün deyildir. Təbii ki, bu barədə fikrimi Əjdər müəllimə də bildirdim.

– Əgər biz Cəfər müəllimin kitabını “Abşeron şairləri” adı ilə nəşr etsək, digər bölgələrdə də belə ayrı-seçkilik tendensiyası yaranacaq.

Direktor fikrimlə razılaşdı, kitabın adını dəyişərək Səməd Vurğunun məşhur misrası ilə adlandırdıq – “Deyilən söz yadigardır”. Cəfər Rəmzi də bu adı bəyəndi və kitab nəşr olundu. Qəribə idi ki, bu kitabla bağlı fikir yürüdərkən Əjdər müəllim o çağacan kitabları çap olunmayan, dünyalarını çoxdan dəyişmiş Məşədi Azər Buzovnalı, Əbdülxaliq Yusif və başqa şairlərin şeirlərindən ibrətamiz beytlər, bəndlər söyləyərdi.

Əjdər Xanbabayevdən bir naşir kimi o qədər öyrənməli cəhətlər vardı ki… Əjdər müəllimi nəşriyyatın heç bir şöbəsinin işçisi aldada bilməzdi, belə bir cəhddə bulunan olsaydı, dərhal yalanı üzə çıxardı. Çünki Əjdər Xanbabayev mətbəəyə göndərilən hər bir kitabın, mühasibat sənədlərinin qeydiyyatını aparırdı. Uçot və nəzarət onun işinin başlıca xüsusiyyətiydi.

* * *

Hərdən oxuduğum bədii kitabların qəhrəmanlarını öz əhatəmdə hiss edirəm. Bu qəhrəmanlar bütün duyğu-düşüncələri ilə yaddaşımda həmişə diridirlər, hərəkətdədirlər. Gözəgörünməz bu ali dəyərləri bizə bəxş eləyən dahi insanlar olub. Homer, Plutarx, Aristotel, Firdovsi, Xaqani, Nizami, Nəsimi, Cəlaləddin Rumi, Füzuli kimi dahilər olmasaydı, yaşanmış keçmişdən bizə nə qalardı?! Min illər boyu yazılan heç bir kitabın səhifəsində var-dövlət deyilən mirasdan kiçicik bir zərrə də yoxdur, ancaq insan ehtirasını, düşüncəsini, hissiyyatını özündə yaşadan, bu gün belə sənin əhvalınla həmahəng olan SÖZ var. Bu sözü səhifələrində qoruyub saxlayan isə KİTABDIR. Ona görə də həmişə kitaba ən qiymətli dəyər kimi baxmışam. Ən yaxşı kitab keçmişi günümüzlə qovuşdurduğu kimi, bu günümüzü də gələcəyə aparır.

“Yazıçı” nəşriyyatı fəaliyyəti dövründə çox böyük işlər görüb, istər klassiklərimizin, istər çağdaş yazıçılarımızın, şairlərimizin, alimlərimizin kitablarını nəşr edərək oxucularımıza çatdırıb. Mən burada yadımda qalan kitabların adını çəksəm, çox böyük siyahı alınar. Bu işdən vaz keçirəm. Ancaq vazkeçilməz işlər də var. “Yazıçı”nın dahi Nizami Gəncəvinin “Xəmsə”si ilə yanaşı, onun poemalarına çəkilmiş miniatürləri də nəfis şəkildə Yuqoslaviyada nəşr etdirməsi mənə görə unudulmaz hadisəydi. Bu miniatürləri tərtib edən sənətşünas Kərim Kərimovdu. Nizami Gəncəvinin “Xəmsə”si tərcümə redaksiyasında, miniatürləri isə bizim şöbədə nəşrə hazırlanmışdı. Bizim şöbədə çapa hazırlanan kitabların biri də Qasım bəy Zakirin “Seçilmiş əsərləri” idi. Kitab Qasım bəy Zakirin anadan olmasının 200 illiyi münasibətilə çap edilmişdi. Qasım bəy Zakirin “Seçilmiş əsərləri”ni professor Kamran Məmmədov tərtib eləmişdi. Mən o çağacan Kamran müəllimlə şəxsən tanış deyildim. Ancaq onun “Azərbaycan yazıçılarının həyatından dəqiqələr”, “Əbdürrəhim bəy Haqverdiyev”, “Yusif Vəzir Çəmənzəminli” ktablarını oxumuşdum.

Kitab tərtib etmək və onu oxuculara çatdırmaq özü də nəcib və məsuliyyətli bir işdir. Bu nəcib iş də adamdan səbir və səriştə tələb edir. Kamran müəllim bu sahədə də səriştəli bir alim idi. Onun sayəsində Qasım bəy Zakirin “Seçilmiş əsərləri”ni bir daha oxudum. Çar Rusiyasının ölkədə yüz hoqqadan çıxdığını, müsəlmanlardan çox, Avanesə, Sərkisə, Semyona, Xandəmirova, Tarxanova-Mauravova inandığını, etibar etdiyini görən Qasım bəy Zakir onları kəskin tənqid etməklə satiramızın bayraqdarı olmuşdu.

O zaman, Zakirin yubileyi ərəfəsində Ağdama getmişdim. Şairin evinə baxmaq niyyəti ilə Xındırıstan kəndində də olmuşdum. Zakirin ikimərtəbəli evinin yanında qarayanız bir kişi yabaya söykənib durmuşdu. Salam verib soruşdum ki, bu evin tikilmə tarixini göstərən bir nişangah varmı? Üzündə istehzalı bir təbəssüm işardı.

– Bir həftə bundan qabaq iki maşın professor gəlmişdi. Onlar da soruşdular. Dedim binanın tarixi evin üstədi. Çıxan olmadı.

Söz məni tutdu:

– Nərdivan gətirin, mən çıxım, – dedim.

Kişi nərdivan gətirdi. Çıxdım evin çardağına. Gördüm kişi haqlıdı, evin üstə iki daş kitabə vardı. Kitabələrin birinin üstünə “Şiri-xurşid” nişanı çəkilmişdi və ərəb əlifbası ilə yazı həkk edilmişdi. Bu yazı pozulmaq üzrə idi. İkinci kitabə rusca yazılmışdı və çox aydın oxunurdu: “Başladı 1 noyabr 1904, qurtardı 20 fevral 1905-ci ildə. Ev məxsusdur Nəsir bəy Xındırıstanskiyə”.

Araşdırma nəticəsində bəlli oldu ki, Zakirin evinin ikinci mərtəbəsi nəvəsi Nəsir bəy tərəfindən tikilmişdir. Xındırıstanlıların söylədiyinə görə Nəsir bəy Rusiyada təhsil alıbmış, orada inqilabçılara qoşulub, sürgündə olub, nəhayət, güllələnib.

O vaxtdan illər keçdi, Zakirin evi gah məktəb oldu, gah xəstəxana, gah uşaq bağçası, daha sonra köçkün ailələr məskən saldı. 2014-cü ildə “525-ci qəzet”də Qasım bəy Zakir haqda “Satiramızın bayraqdarı” adlı bir məqalə çap etdirdim. Məqalənin sonunda 30 il qabaqkı arzumu bir də təkrar elədim. “Yaxşı olar Qasım bəy Zakirin evi muzeyə, ya da onun adını daşıyan poeziya evinə çevrilsin”. Bununla da kifayətlənmədim, Ağdam Rayon İcra Hakimiyyətinə poçt vasitəsilə məktub göndərdim. Ancaq rəsmi cavab almadım. Telefon açdım, tarixi abidələri yaşatmağın necə şərəfli bir iş olduğunu dərk etməyən bir məmurdan:

– Zakirin evi bərbad vəziyyətdəydi, uçurub yerində musiqi məktəbi tikmişik, – dedi.

Mən heç də məmurun bu “şad” xəbərindən məmnun olmadım, qədirbilməzliyimizə için-için ağrıdım.

İş o yerə çatdı ki, 2014-cü ildə 230 yaşı tamam olan satiramızın bayraqdarına heç olmasa bir yubiley gecəsi də keçirmədik. Doğrudanmı

Nə gündə yaradıb xudavənd bizi,

Bir yana apara bilmədik izi.

Gahi Avanesi, gahi Sərkisi,

Gahi də Semyonu görən canımız?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации