Электронная библиотека » Məhəmməd Tağı Sidqi » » онлайн чтение - страница 4

Текст книги "Məktəb hekayələri"


  • Текст добавлен: 13 января 2023, 18:00


Автор книги: Məhəmməd Tağı Sidqi


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Diqqətli uşaqların imla dəftərlərini nəzərdən keçirəndə hüsni-xətt şivəsini gözləməklərindən əlavə bir hərf və bir nöqtə səhv və xətası tapılmaz.

Məlumunuz olsun ki, məktəbimizin diqqətli və qeyrətli uşaqları gələcək zamanlarda bir neməti-üzmaya vasil olub və bir böyük şan və şövkətə malik olacaqlar. Xalq içində öz əmsal və əcranından təmiz tapıb (seçilib) təhsini-afərinə layiq olacaqlar. Çünki insanı əla dərəcəyə yetirən diqqətdir. Elm və kamalat sahibi edən diqqətdir. Dünyada hər bir işi cabəca edən diqqətdir. Yenə diqqətdir. Yenə diqqətdir, oğlanlarım!

Onuncu imla
DİQQƏTSİZ UŞAQ

Ey mənim diqqətli şagirdlərim!

Diqqətsiz uşaqların hal və hərəkəti sizlərə bir mayeyi-ibrətdir. Belə uşaqlara məbada baxasız! Öz qeyrət və diqqətinizi zaye edərsiniz. Diqqətsiz uşaq dünyada heç bir səadətə nayil ola bilməz. Bu qism uşaqlar məktəbdə heç bir gün öz dərslərini və vəzifələrini layiqincə icra edə bilməz. Çox vaxt olur ki, duadan sonra dərsə şüru olunanda görərsən ki, kitabını açmayıb.

Müəllim:

– Oğlum! Nə üçün kitabını açmayıbsan?

Kitabımı gətirməmişəm cavabını verər.

İmla dərsinizə dəftərini aç!

Deyiləndə evdə qalıbdır deyir.

Hərgah bir əlahiddə dəftərə yazmaq lazım gəlsə qələmdanı yazmayacaq. Əgər yoldaşının qələmdanına şirkət etsə qələm tapa bilməyəcək.

Demək olur ki, diqqətsiz uşağın məktəbə gəlməyilə evdə qalmağı bərabərdir.

Bəzi günlər məktəbə daxil olanda görərsən ki, corabını tərs geyibdir və yainki kəmərini bağlamayıbdır. Bəzi vaxtlar məktəbə gələndə yolun yarısında baxar görər ki, gecə börkü başında qalıbdır. Bir də evə qayıdıb papağın qoyub, gəlib məktəb otağına daxil olanda görər ki, müəllim əvvəlinci dərsi qurtarıb, uşaqlar tənəffüsə çıxıblar. Müəllim onun gec gəlmək səbəbini sual edəndə cavabında aciz qalıb, bir para yalan sözlər telə düzməyə başlar.

Müəllim:

–Yalançının cəzası tövqifdir; – deyib, onu bir saat dizi üstə əyləşməyə düçar eylər. Şübhəmiz yoxdur ki, bu növ diqqətsiz uşaqları heç kəs sevməz. Söz yoxdur ki, hərgiz belə uşaqlardan olmayacaqsınız və həmişə diqqətli olmağa diqqətlə çalışacaqsınız.

On birinci imla
İTAƏTLİ UŞAQ

İtaətli uşaqları Allah taala hifz eləsin! İtaətli uşaq nəinki məktəbdə müəllimin buyurduğuna əməl eylər, bəlkə, evlərində də ata-anasının sözündən əsla təcavüz eləməz. Ona əmr olunan təkliflərdə heç bir qüsur qoymaz.

İtaətli uşağı ata-anası bazara, qonşuya və sair yerlərə bir işə göndərəndə «baş üstə!» deyib, o işi meyl və rəğbətlə cabəca etməyə çalışır.

Əcəba! İtaətli uşaq ata və ananın itaətinin vacib və lazım olmağını haradan bilmiş?

Necə bilməsin ki, müəllim hər həftə pəncşənbə günləri axırıncı dərsdə mövizə və nəsihət etdiyi halda, ata və ananın itaətinin vacib olmağını neçə-neçə dəlillər ilə sübuta yetirib, xatirnişan eylər. Odur ki, belə uşaqlar ata-anasının və müəllimlərinin tərəfindən verilən nəsihətlərə canü dillə qulaq asıb, əməl etməkdədirlər. Məsələn:

Daş atmaq, uca yerdən atılmaq, pis müsahiblər ilə gəzmək, nəmnak yerlərdə əyləşmək, od ilə və kibrit ilə oynamaq, isti-isti təam yemək, tərli-tərli su içmək, kal meyvə yemək və sair bu günə (belə) zərərli və bifayda əməllərin barəsində verilən nəsihətləri qəbul edib, əsla itaətsizlik göstərməzlər.

Məktəbimizin itaətli şagirdləri bu dərsə necə diqqətlə qulaq asırlar, necə şövq ilə və həvəs ilə yazırlar.

Əlbəttə insanı səadətə yetirən itaətdir. Dünya və axirətdə nicat verən itaətdir. İtaətli olmağa kim çalışmaz? İtaətli olmağı kim istəməz?

On ikinci imla
İTAƏTSİZ UŞAQ

Ey mənim itaətli şagirdlərim!

Məbada-məbada dünyada bir para itaətsiz və nadan uşaqlardan olasınız!

İtaətsiz uşaqları görməyə gözüm yoxdur. Belə uşaqlar həmişə müəlliminin gözündən düşüb və ata-anasının məhəbbətindən məhrum qalır. itaətsiz uşaqların gördüyü işləri və tutduğu əməlləri bəyan etməkdən dilim acizdir. Belə uşaqları ata və anası bir lazımlı işə göndərəndə az qalır ki, canı çıxsın. Guya ki, iş gormək haramdır. Bir nəsihət edəndə nə qədər canı sıxılır. Deyəsən ki, nəsihət qəbul eləmək günahdır.

Məsələn:

Anası deyəndə: Oğlum, apar bu kuzəni çeşmədən doldur!

Mən apara bilmərəm, çeşmə uzaqdır. Mən gedə bilmərəm. Belə çirkin-çirkin cavablar verər.

Keçən günlərdə məktəbimizin şagirdlərinin birisindən evlərində bir itaətsizlik sadir olubdur. Ata-ananın itaəti vacib və lazım olduğu halda, anası ilə döyüşüb və savaşıb və bir para namülayim sözlər söyləməyə cəsarət edibdir.

İndi mən onun adını aşikar zikr etməyirəm. Bəlkə peşman olub, gedib anasının əlini öpüb və təqsirinin üzrünü istəyib, günahından tövbə edəcəkdir. Və illa əsamiyi-ətfal vərəqəsində onun adının altında nöqteyi-təğbih görünüb və özünü tövqif cəzasına düçar olmuş görəcəksiniz və onun əhvalına yanıb, əfsus edəcəksiniz.

On üçüncü imla
QEYRƏTLİ VƏ ÇALIŞQAN UŞAQ

Bu gün bu imla dərsində sizlərə bir müqəddəs kəlmənin mənasını tərif və bəyan edəcəyəm ki, o da qeyrətdir. Qeyrətli uşaqların əhvalından bir müxtəsər məlumat verəcəyəm, ta biləsiniz ki, qeyrətli və diqqətli olmaq eyni səadətdir.

Qeyrət dediyimiz nədir?

Qeyrət dediyimiz bir tükənməz xəzinədir.

Qeyrət bir gövhəri-gİranbahadır ki, ona malik olan kimsə həmişə asayiş və istirahətlə keçinir, Hələ kamalatlı və mərifətli şəxslər qeyrət kəlməsini zəhmət mənasına tutublar. Belə ki, hərgah zəhmət kəlməsinin bir nöqtəsin götürsən görərsən ki, zəhmət deyil, rəhmətdir.

Pəs məlum oldu ki, səyli və qeyrətli adam zəhmət sevər. Zəhmət sevən kimsə rəhmətə müstəhəqq olur. Odur ki, deyiblər:

–Cavanlıq zamanında zəhmət çəkən kişi qocalıq əyyamında rahat olur.

Qeyrət kəlməsinin mənasında sözlər üçün ancaq bir bu qədər kifayətdir.

İndi görək aya qeyrətli uşaq necə olur?

Qeyrətli uşaq əziz ömrünün qiymətli vaxtlarının saat və dəqiqələrini bihudə və bica yerə tələf və zay eləməz. İstər məktəbdə olsun, istər evdə, heç bir vaxt mətəl və bekar əyləşməz. Kitab oxuyar, yazı yazar, dərs əzbərlər, hesab çıxarar, şəkil çəkər. Əlhasil, məktəb vəzifələrindən tutmuş ev işlərinə kimi hər birisini öz vaxtında cabəca eləyər. Səhərlər tezdən hamıdan qabaqca məktəbə gələn, dərsə şüru olunanda hamıdan qabaqca dərs başlayan, dərs əsnasında hər bir suala qabaqca cavab verən qeyrətli uşaqlardır. Məktəbimizə bir müfəttiş gələndə onun nəzər diqqətini cəlb edən qeyrətli şagirdlərdir. Odur ki, qeyrətli şagirdlər dərs günlərində təhsin və afərin vərəqəsinə malik olub və imtahan məclisində imtiyaz vərəqəsinə layiq olurlar.

On dördüncü imla
QEYRƏTSİZ VƏ TƏNBƏL UŞAQ

Ey mənim qeyrətli şagirdlərim! Dünyada tənbəllik insanın vücudunda bir böyük mərəzdir. Xasiyyətlər içində tənbəllikdən və bekarlıqdan pis xasiyyət yoxdur.

Məsəli-məşhurdur ki;

Tənbəl adam badam yemək istər, amma sındırmağının zəhmətindən qaçar.

Tənbəl armud ağacının altında uzanıb, ey armud, gəl ağzıma düş deyər.

Bəziləri bağçanı suvarmaq dərdindən Allahdan yağış istər.

Məlumunuz olsun ki, insanın əvvəlinci vəzifəsi səy və qeyrətdir. Çünki insan çalışmaq üçün yaranıbdır. Pəs buna görə gərəkdir o qədər himmət və qeyrət göstərəsiniz ki, adınız tənbəllər cərgəsində və bekarlar dəftərində adınız zikr olunmasın.

Tənbəl və qeyrətsiz uşaq necə olur? Tənbəl uşaq səhərlər yerindən gec durar. Çünki çox yeməyə adət edibdir. Necə ki, tənbəl deyər:

–Ver yeyim, ört yatım. Gözlə canım çıxmasın.

Tənbəl uşaqlar yuxudan oyanıb, heç bir iş görmək fikrinə düşməyib, yenə təzədən yatar. Elə ki, gün çıxıb, məktəb vaxtı keçəndən sonra anası gəlib oyadanda durub acıqlanıb, yenə heyvan kimi yatar. Yuxudan oyananda yerinin içində bir gərnəşib və bir neçə dəfə əsnər. O halətdə məktəb yadına düşüb, cırılmış və dağılmış kitablarını, qaralanmış dəftərlərini və qeyrətli uşaqların oxumağını, yazmağını, təzə kitablarını, gözəl-gözəl dəftərlərini xəyalına gətirib bir saata kimi yerinin içində başını və canını qaşıyar. Tainki durub əsnəyə-əsnəyə, gözlərin ovuşdura-ovuşdura eşiyə çıxar. Qayıdıb evə daxil olanda çayın hazır olmağını nəzərdə tutub, salam vermək yadından çıxar. Bunlardan əlavə, paltar geyməyi bir saat çəkər. Çünki kəmərin açanda atıb bir tərəfə, şalvarı-börkü bir tərəfdə, corabı bir tərəfdə.

Belə uşaqların biqayda işləri və bifayda əməlləri demək ilə tükənməz, yazmaq ilə tamam olmaz. Qeyrətli uşaqlar bu azacıq sözlərdən çox məlumat hasil edər.

On beşinci imla
ƏDƏBLİ VƏ TƏRBİYƏLİ UŞAQ

İnsanla heyvanın təfavütü yalnız söz söyləmək və nitq cəhətindən deyil. Çünki heyvan da insan kimi yeyər, içər, yatar, durar, yeriyər, gəzər və yaranmaqda da hər ikisi bərabərdir. Ancaq insanla heyvanın fərqi elm və ədəb ilə bilinir.

Doğrudan-doğruya, insaniyyətin nişanəsi tərbiyə və ədəbdir. Necə ki, elmsiz alim meyvəsiz ağaca bənzər. Habelə ədəbsiz adam da ruhsuz cism kimidir.

Əlhəqq, dünya və axirətdə insanı xoşbəxt və səadətmənd edən və zülmət, cəhalətdən qurtarıb, nuri-mərifətə yetirən elm və ədəbdir.

Odur ki, ədəbli və tərbiyəli uşaqlar hər kəsin yanında əziz və məqbul olur.

Keçən günlərdə mən bir evdə Əhməd namında bir ədəbli şagird gördüm. Qapıdan daxil olub, ədəblə salam verib, evin aşağı tərəfindən ayaq üstə durdu. İzn hasil edəndən sonra əyləşib, danışdığımız sözlərə diqqətlə qulaq asırdı. Söhbət tamam olandan sonra bir neçə mətləb sual eylədim. Hamısına müvafiq qayda cavab verdi və sual-cavab əsnasında «bəli-xeyir, buyurursunuz, ərz edirəm, təşəkkürlərim var kimi» ədəbli kəlmələr ilə mətləbini əda edirdi. Sonra kitabın açıb Möhsünün çuxasının əhvalatını elə bir gözəl surətdə oxudu ki, qulaq asanları xoşnud və heyran elədi.

Soruşdum: –Möhsün nədir?

Dedi: –Möhsün addır.

Dedim: Möhsün kimdir?

Dedi: –Möhsün oğlandır.

Dedim:– Möhsünün çuxası nədəndir?

Dedi: –Mahutdan,

Dedim:– Mahııtu nədən toxuyurlar?

Dedi: –Yundan.

Soruşdum: –Dərzi kimdir?

Cavab verdi: –Ustaddır.

– Necə ustad?

– Libas (paltar) tikəndir.

Əlhasil, hər bir sualıma necə ki, lazımdır cavab verəndən sonra ona mərhəbalar oxuyub, afərinlər dedim. Ondan sonra ayağa durub, gedib o biri otaqda sabahki dərslərini hazırlamağa və vəzifələrini cabəca etməyə məşğul oldu.

İndi belə ədəbli və tərbiyəli uşaqlardan olmağınızı təmənna və arzu eyləyirəm, oğlanlarım!

On altıncı imla
ƏDƏBSİZ YƏ TƏRBİYƏSİZ UŞAQ

Ey mənim ədəbli və tərbiyəli şagirdlərim! Bu gün sizlərə təkid ilə tapşırıb vəsiyyət edirəm ki, həmişə biədəb və bitərbiyə uşaqlardan kənar olasınız. Çünki tərbiyəsiz uşağın müsahibəti kömürə bənzər. Hərgah insanın libasını yandırmasa da, qaraldır.

Biədəb uşaqlarda əsla ar və namus olmaz. Böyük və kiçik tanımaz. Ata və anasının ehtiramını saxlamaz. Ustad və müəlliminin qədr və qiymətini bilməz. Elm və tərbiyənin ləzzətini anlamaz. Gələcək günlərini əsla xəyala gətirməz. Avara və sərgərdan adamlar kimi küçələrdə boş və bekar dolanıb, əziz ömrünü qəflət və cəhalətlə sərf edər. Böyüyəndən sonra öz-özünə düşünüb,– ey vay, zamanım bühudə yerə tələf olub keçdi və ömrüm nadanlıqla zaye oldu, özümə bir elm, bir sənət hasil etmədim, –deyib peşman olur. Ol vaxt peşmanlıq da faydasız olduğundan ömrünün bağisini (qalanını) zəhmət və məşəqqət ilə keçirir və xalq içində etibarı olmayıb, axırda çörək möhtacı olur. Bəlkə, elmsizlikdən və sənətsizlikdən oğurluğa və yol kəsməyə alışıb, növ-növ məzəllət və məzəmmətə və cürbəcür mərarət və həlakətə düçar olub, axırda həbsxanalarda qalıb çürüyür.

Belə ədəbsiz və tərbiyəsiz uşaqlar ilə heç kəs müsahibət etməz. Onunla oyun oynamaq istəməz.

Hansı müəllimdir ki, tərbiyəsiz uşağı təhsin etsin?

Hansı ata və anadır ki, biədəb övladdan razı olsun?

Hansı xalqdır ki, elm və tərbiyəsiz uşağı sevsin və mədh eləsin?

Ümidvaram ki, gün-gündən elm və tərbiyənin təhsilinə səy edəsiniz. Ədəb və kamalat əxz etməyə himmət və qeyrət göstərəsiniz. Tainki belə uşaqlara bənzəməyəsiniz.

On yeddinci imla
KİBRLİ UŞAQLAR

Bugünkü dərsimizdə sizlərə kibrdən bəhs edəcəyəm. O naşayistə sifətin barəsində bir müxtəsər məlumat verəcəyəm.

Kibr bir sifətdir ki, insanı dünya və axirətdə zəlil və həqir edər. Kibr sifəti hər kəsdə tapılsa, yəqin olunur ki, onun hərgiz insaniyyətdən və adəmiyyətdən bəhrəsi yoxdur.

Kibrli adam odur ki, özünü hamıdan artıq sayıb və hamını özündən əksik hesab edər.

Xudavənda! Kibr dediyimiz nə çirkin sifətdir. Bu çirkin sifət nə pis xasiyyətdir. Bu pis xasiyyət həqiqətdə bir mühlik mərəzidir.

Kibrli şagirlər hərgiz tərəqqi edə bilməz. Çünki heç bir şey bilmədiyi halda özünü alim hesab edər. Söz yoxdur özünü alim hesab edən həmişə cahil qalacaqdır. Kibrli şagirdlərin yerişi ədəbli şagirdlərin yerişinə bənzəməz. Küçədən gedəndə heç bir kəsi saymaz. Ata və anası, qohum və əğrabası və sair möhtərəm şəxsləri görəndə ayaq üstə durub, təzim etmək istəməz. Özündən fağır və biçiz uşaqların söhbətini və müsahibətini əsla özünə rəva görməz. Məktəbdə və küçədə özünü hamıdan artıq sayıb, özündən kiçik və aciz uşaqları döyməyə və incitməyə cəsarət eylər. Məktəb yoldaşları ilə oyun oynamağa və gəzməyə və onlar ilə oxuşub-yazışmağa əbəda etina etməz.

Heç bir kəsə etina etmədiyi halda dərsləri sərasər səhv olub, dərs əsnasında oxuya bilməyib, rəngi təğyir tapıb qızarar. Bununla belə, uşaqlardan xəcalət çəkməyib, öz-özündən küsüb, yoldaşları ilə ədavət eylər. Əgər şagirdlərdən birisi onun təlim şeylərindən birisinə əl vursa, guya ki, qiyamət qopar. Həmişə yanında oturan yoldaşlarını (o yana çəkil, bu yana get, qoluma dəymə, məni dindirmə) belə namülayim sözlər ilə narahat eylər.

Məlumunuz olsun ki, belə mütəkəbbir uşaqları heç kəs dost tutmaz. Axırda özünü xalqın nəzərindən salıb, heç bir dərəcəyə və mərtəbəyə nayil ola bilməz.

İndi bu naməğbul və nalayiq sifətdən uzaq olmağınızı tövsiyə edirəm. Nadan uşaqlara əsla oxşamadığınıza ümidvar oluram, nuri-didələrim!

On səkkizinci imla
KİBRSİZ UŞAQ

Ey mənim xeyirxah şagirdlərim! Müddəti-ömrünüzdə həmişə kibrdən kənar olmağınızı surəti-məxsusədə sizlərə vəsiyyət edirəm.

Artıq ümidvar oluram ki, əsla bu sifətin dövrü bərinə dolanmayacaqsınız. Kibrdən ictinab etmək barəsində bir bu sözüm də qalıbdır. Onu da deyirəm:

Torpaqdan yaradılmış insana kibr etmək lazım deyil.

Məktəbimizin kibrsiz və xoşəxlaq uşaqlarından nə qədər razı və xoşnudam. Hələ məktəbimizdə bəzi uşaqlar vardır ki, atası nə qədər desən dövlətli və müknətli və özü təzə libas geymiş və cəmi ləvazimatı cabəcadır. Bununla belə, yenə heç bir vaxt yoldaşlarına təfakür edib təşəxxüs satmaz. Əsla onların ürəyin sıxıb, qəlbin incitməz. Fəğir və miskin şagirdlərə həmişə himayət eylər. Məktəb yoldaşlarından hər birisi olsun, onunla oyun oynamaqdan və müsahibət etməkdən hərgiz çəkinməz. Bir yerə yığışanda və ya bir məclisdə əyləşəndə aşağı tərəf oldu, yuxarı tərəf oldu heç əhvalına təfavüt etməz. Fağır və biçiz qohumlarının və qonşularının evlərindən ayaq çəkməz.

Əldən-ayaqdan düşmüş xəstələrin və gözdən məhrum olan biçarələrin əhvalını riayət eylər. Həmişə özündən əksik bulunanlara baxıb, Allah taalaya həmd və onun verdiyi nemətlərin şükrünü əda eylər.

Mərhəba olsun nemətşünas şagirdlərə! Afərin olsun kibrsiz uşaqlara!

Əlhəqq belə uşaqları təhsin etməlidir.

On doqquzuncu imla
DOĞRUÇUL UŞAQ

Dünyada gözəl sifətlərin əvvəlincisi sədaqətdir. Sədaqət insan üçün bir mayeyi-istirahət və bir sərmayeyi-səadətdir. Doğrudan-doğruya insanı dünya və axirətdə əziz və möhtərəm edən diyanət və istiqamətdir. Doğruluq bir sifətdir ki, insanın nicatına və səadətinə səbəb olur. Odur ki, peyğəmbərimiz Məhəmməd ül-Mustafa (səlallah) buyurubdur:

–Nicat doğruluqdadır.

Həmişə doğru danışan uşaqlar ata-anasının yanında əziz və mükərrəm və müəllimlərinin nəzərində məğbul və möhtərəm olur. Bu səbəbdəndir ki, məktəbdə bədəxlaq şagirdlərdən birisi müqəssir olanda və ya hər kəsdən bir qəbahət naşi olanda müəllim həmən saat o əhvalatı doğruçu uşaqlardan təhqiq eylər.

Müəllimlər ümum məktəblərdə tənəffüs vaxtlarında şagirdlərə nəzarət etmək üçün və qəbahətlilərin adların yazmaq üçün doğruçu uşaqları təyin eylər.

Doğruluğun dünya və axirətdə insana o qədər faydası vardır ki, yazmaqla qurtarmaz. Deməklə tükənməz. Çox vaxt ittifaq düşübdür ki, dövləti divanxanalarda öz təqsirinə iqrar edən müqəssirlərin və doğru danışan günahkarların bilmərrə təqsirini əfv edib və günahından keçiblər. .

Bəh-bəh! Maşallah! Doğruçu şagirdlər bu imla dərsini nə gözəl meyl və rəğbətlə yazarlar. Hələ yazandan sonra necə şövq ilə və həvəslə oxuyacaqlar! Məktəbdə oxumaqlarından əlavə, aparıb evlərində ana-analarının da hüzurunda da kamali-ədəblə oxuyacaqlar. Doğruçu uşaqları Allah taala hifz eyləsin!

Gələn imla dərsimizdə yalançı uşağın əhvalından zikr və bəyan olunacaqdır.

İyirminci imla
YALANÇI UŞAQ

Ey mənim doğruçu şagirdlərim! İnsaniyyətin əvvəlinci vəzifəsi yalan danışmaqdan pəhriz və ictinab etməkdir. Məbada-məbada yalançılıq edəsiniz. Çünki yalançı Allahın düşmənidir. Dünyada yalançılıq səbəbindən çəkilən ziyanın həddü-hesabı yoxdur. Yalançı şəxsləri dilsiz və nitqsiz adamlara oxşadıblar. Necə ki, lal adamların xalq arasında sözü və söhbəti yoxdur. Habelə yalançı kimsənələrin də sözlərinin qədr və qiyməti olmadığına görə dilsiz adamlardan heç bir təfavütü yoxdur.

Yalan söz sahibini utandırır. Bir vaxt olur ki, yalanı meydana çıxar. Heç bir üzr və bəhanə gətirə bilməz. Odur ki, deyiblər:

– Yalan söz bir qısa örtüyə bənzər. Əgər insanın bir səmtini örtərsə, yenə bir səmtini açıq qoyar.

Yəqiniz olsun ki, hər uşaq yalançılığı özünə şüar etsə, dünyada bietibar olub və axirətdə rəstigar olmaz. Bunlardan əlavə ata-anasının, qohum-əğrabasının və sair dost və aşnalarının, xüsusən müəllimlərinin nəzərindən düşüb, heç bir etibarı qalmaz.

Məlumdur ki, hər uşaq yalançılıqda şöhrət tapsa, axırda onun doğru sözü də inanılmaz. Necə ki, məsəli-məşhurdur:

– Yalançının evi yandı, amma heç bir kəs inanmadı.

Məgər o hekayət yadınızdan çıxıbdır? Bir gün bir kəndin yaxınlığında bir cavan oğlan qoyun otarırdı. Birdən-birə yalandan vəhşətlə səsləndi:

– Ay aman! Ay dad! Ey camaat, qurd! Gəlin, qoymayın, qurd gəldi, qurd gəldi.

Kənd əhlindən bir neçəsi təcili ilə hər biri bir dəyənək tapıb, gəlib gördülər ki, heç bir şey yoxdur.

İttifaqən bir gün həmin yerdə bir qurd heybət ilə gəlib sürünün içinə girdi. Biçarə oğlan vəhşətlə səsləndi:

– Ay haray, ay dad! Qurd, qurd. Ey camaat, gəlin, qoymayın!

Kənd əhli belə xəyal elədilər ki, yenə keçən gün kimi yalandan çağırır. Heç birisi onun fəryad və naləsinə qulaq verməyib, harayına getmədilər. Zalım qurd binəvanın qoyunlarının bir neçəsini yaraladı. Məlum deyil ki, oğlanı da tələf etdi, ya yox.

İndi ümidvar oluram ki, bu qissədən bir hissə götürüb, mütənəbbeh olasınız. Əlbəttə, dünyada xoşbəxt və səadətmənd və üğbada əziz və ərcümənd olmaqdan ötrü əsla yalan danışmayıb və yalançı adamların dövrü bərinə dolanmayacaqsınız. Çünki insanı dərəceyi-kamala və payeyi-səadətə yetirən sədaqət və rastguluqdur.

İyirmi birinci imla
ZİRƏK VƏ HUŞYAR UŞAQ

Bir məktəbin ümum şagirdlərinin içində hamıdan artıq zirək və huşyar olmaq nə böyük səadətdir. Öz fəhm və fərasəti sayəsindən xalq arasında zikri-xeyr ilə yad olunmaq nə gözəl nemətdir. Huşyar uşaqlar sinn hesiyyətindən nə qədər kiçik olsalar da, yenə aqilanə hə-rəkətlərinin səbəbindən və pəsəndidə xülqlərinin cəhətindən öz həmcinslərindən təmiz tapıb və həmsinnlərinin dərəcəsindən tərəqqi edib, ali mərtəbələrə yetişirlər.

İndi məktəbimizdə sizlərə uşaqlar nişan verə billəm ki, onlar hamısı bir tarixdə və bir müəyyən vaxtda məktəbə daxil olub, ol vaxtdan indiyə kimi həmişə dərsə çalışıb, təhsilə davam edirlər. Onların bəzilərinin sinnləri nə qədər az olmuş olsa da, amma zirək və huşyar olmaqlarına görə ikinci sinifin ikinci şöbəsinə keçiblər. Amma bəziləri özləri böyük və sinnləri artıq olmuş olsa da, yenə birinci sinifin birinci şöbəsində tənbəllik və kəsalət ilə vaxtlarını zaye etməkdədirlər.

Huşyar uşaqlarda həmişə bir şövq və həvəs və bir məxsusi zehn və zəkavət vardır ki, onun vasitəsilə məktəbə getməkdən, oxuyub-yazmaqdan, təlim və tərbiyə hasil etməkdən bir saat qafil olmazlar. Odur ki, belə uşaqlar kamilən bu mətləbi anlayıblar ki, məktəbə getməkdən maqsud nədir və elmü tərbiyə nədən ibarətdir.

Dünyada bikamal və bisavad adamlar nəyə lazımdır? Hələ bunlardan əlavə ata-analarının itaətini və müəllimlərinin ehtiramını və alimlərin və möhtərəm şəxslərin hörmətini vacib bilib, onlara xidmət və məhəbbət etməkdən heç bir vaxt geri durmazlar. Huşyar uşağın hal və hərəkəti, zehn və zəkavəti, xüsusən ləhceyi-qiraəti və bəlkə, cəmi xasiyyəti sair uşaqlara bənzəməz.

Ümidvaram ki, bugünkü dərsimizdə zirək və huşyar uşaqların imlalarından heç bir səhv və yanlış tapılmayacaqdır.

İyirmi ikinci imla
KƏLLƏGİC VƏ BƏDHAVA UŞAQ

Ey mənim zirək və huşyar şagirdlərim!

Hərgah siz diqqət ilə dürüst mütəvəcceh olasınız, bu addan və bu kəlmədən məlumunuz olacaqdır ki, kəlləgic və bədhava uşaq kimdir və necə olur. Ümidvaram ki, bu məktəbdə belə bihuş və bədhava uşaqlardan tapılmasın. Hərgah bir nəfər və iki nəfər də olsa. İnşaalah onlar da yavaş-yavaş bu adəti və bu xasiyyəti tərk edəcəklər.

Bədhava uşaq necə olur?

Bədhava uşağın yerişi insan yerişinə oxşamaz. Baxışı və sair hərəkat və səkənatı insanlıq dairəsindən bilmərrə xaricdir.

Bədhava uşaqda bir halət mülahizə olunur ki, məazallah! Bu qism uşaqlar axırda ya damdan və ya divardan yıxılır və ya suda boğulur, ya odda yanar, ya quyuya düşər. Yainki sair bir müxatirəyə rast gəlib həlak olur. Belə uşaqların halətlərini təqrir və bəyan etməkdən dilim acizdir. İndi bilmirəm aya onun corabı tərs geyməyin deyim, yainki başmağı dəyişik salmağın, ya şalvarsız məktəbə gəlməyin, ya gecə börkü başında qalmağın deyim?

Bunlardan əlavə elmi-hesab dərsində «üçü beşdən çıxanda neçə qalır?» sual olunanda birdən-birə vəhşətlə fikirsiz ayağa durub «dörd qalır» deyib, cavab verməyin deyim.

Hələ bədhava uşaqdan növ-növ qəribə halətlər görünür. Məsələn: Qələmdən, qələmtəraşdan və ya sair təlim şeylərindən birisini görərsən ki, şiddət ilə axtarır. Yoldaşlarından hey soruşur. Elə ki, axtarıb əldən-ayaqdan düşəndən sonra baxır görür ki, qələmtəraş əlində və ya cibindədir. Çox vaxt belə uşaqlar evlərinə gedən vaxtda baxıb görürsən ki, qapılarını keçibdir.

Bir gün bir bədhava uşağa evlərindən pul və qab verib bazara süd almağa göndərmişdilər. Gəlib küçədə uşaqlarla oynamağa məşğul olub, gün batanda süd olmaq yadına düşüb. Çaparaq südçü dükanına gəlib, artıq pul verib, əskik süd alıb, yüyürə-yüyürə getməyə başlar.

Birdən yıxılıb, süd tökülüb, qab sınıb, ağzının-burnunun qanı bir-birinə qarışıb, ağlaya-ağlaya evlərinə gedir. Xudavəndi-aləm belə uşaqları heç kəsə verməsin! Bugünkü dərsimizdən ibrət almağınıza ümidvaram, nuri-didələrim!

İyirmi üçüncü imla
NƏFSİ SALAMAT UŞAQ

İnsanın nəfsinin salamatlığı bədəninin salamatlığına baisdir. Bədənin salamatlığı ruhun salamatlığına dəlildir. Nəfsi salamat şəxsin ağlı kamil, fikri sabit, xəyalı vüsətli, zehni salim olur. Nəfsi bütün uşaqlar həmişə ovqatını yemək və içməyə sərf etməz. Belə uşaqların yeməyinin həddü əndazəsi və xörəyinin bır müəyyən vaxtı olur. Heç bir vaxt küçələrdə və bazarda gedə-gedə yemək üçün ağzı tərpəşməz. Xüsusən tənəffüs zamanında və oynamaq vaxtlarında cibindən bir şey çıxarıb yoldaşlarının içində (yanında) yeməz. Hərgah bir yeməli şeyi olsa onu saxlayıb bir münasib vaxtda məsrəf eylər.

Süfrə başında o qədər ədəbli və təmkinli əyləşər ki, özündən böyüklər taama şüru etməmiş və ona təklif olunmamış əl süfrəyə uzatmaz. Taamı elə bir nazikanə çeynəyib və aram ilə yeyər ki, həm yediyinin ləzzətini anlar və həm məzaçı salamat olar. Xörəyi fısıldaya-fısıldaya yeməz. Çayı zirinə töküb püfləyə-püfləyə içməz. Taamdan sonra istər gecə olsun, istər günüz meylsiz və iştahasız heç bir şey yeməz. Çünki bu məşhur məsəli eşidibdir ki, meyli və iştahası olmaya-olmaya təam yeyən adam guya ki, qəbrini dişi ilə qazar.

Evlərində yeməkdən ötrü heç vaxt döyüşüb, küsüb, dava etməz. «Mənimki az oldu, çox oldu, orası elədir, burası belədir». Əsla belə sözlər onun ağzından çıxmaz. Ev xəlvət olanda tağı, tağçanı, işqabı, dulabı yeməkdən ötrü gəzib axtarmaz. Evdə bir yeməli şey gördüyü halda hərgiz ona iznsiz əl uzatmaz. Bir bağa və ya bir bağçaya daxil olanda sahibinin icazəsi olmadan ağaca-budağa əl uzatmaz.

Əlhasil, hər bir belə hərəkətlərdə bulunmaq nəfsi bütünlük nişanəsidir.

Gələn imla dərsimizdə sizlərə nəfsi bütünlük barəsində bir hekayət yazdıracağam.

İyirmi dördüncü imla
NƏFSİ SALAMAT UŞAĞIN HEKAYƏSİ

Bir möhtərəm şəxsin dörd oğlu var idi. Həmişə onların təlim və tərbiyəsinə məşğul olub, balalarının nəşvü-nüma etməsindən qəlbini şad və məsrur edərdi. O uşaqların böyüklüyündə bir-birinə nisbət adları budur: Firuz, Bəhram, Rauf, Əziz.

Bir gün qohumlarının evlərindən onlara bir neçə «Hulu» göndərmişdilər. Atası ondan oğlanlarının hər birinə birisini verdi. Axşam taamından sonra verdiyi hulunun nəyə və necə sərf olunduğunu oğlanlarından sual eylədi.

Firuz dedi:

– Mən onu satdım bir qiymətə ki, hulunun bol və firavan vaxtında o məbləğə beş girvənkə almaq mümkündür.

Ondan sonra Bəhram dedi ki, mən yedim. Çox şirin və lətif meyvə idi. Amma dənəsini saxlamışam ki, bağçamızda əkim. Bəlkə gələcəkdə biz də bir elə meyvə ağacına malik olaq.

Üçüncü oğlu Rauf dedi:

– Ey mehriban ata, mənə verdiyin hulunun nisfini (yarısını) özüm yedim və nisfini verdim anama. Çünki mən anamı o biri qardaşlarımdan çox istərəm.

Sonra Əziz nəhayəti-ədəb ilə dedi ki, ey ata, sən mənə hulunu verəndən sonra xatirimə düşdü ki, qonşumuzun oğlu Əyyub ki, mənim məktəb yoldaşımdır və neçə gündür ki, naxoşdur, onun yoluxmağına getdim. Əhvalını soruşub hulunu qoydum onun yaştığının yanına.

Atası bu sözləri eşitcək oğlunu qucaqlayıb, öpüb, sevib, «afərinlər» söylədi.

–Ey mənim oğlanlarım! İndi diqqətlə mülahizə edib, bu uşağımın halına dürüst mütəvəcceh olanda insana nə qədər fərəh üz verir ki, bu balaca uşağın fikrində və xəyalında nə qədər insaniyyət havası və nəfsi bütünlük əlaməti görünür. Doğrudan, çox afərin və mərhaba olsun bizim bu əzizimiz olan Əziz adlı uşağa ki, o xırda vaxtında məktəb yoldaşının fikrinə qalanda, məlumdur ki, böyüyəndə nə qədər rəhmdil və insaniyyətli və nəfsi salamat adamlardan olacaqdır. Həmişə öz qohum və əğrabasının, ata və anasının, millətinin və dövlətinin asayiş və istirahət və tərəqqisinin fikrinə qalacaqdır.

Mən də ümidvar oluram ki, sizlər də cəmi gözəl xasiyyətlərdən əlavə nəfsi bütünlük və insaniyyətdə bu Əziz adlı uşaq kimi cəmi xalqın nəzərində hörmətli və əziz uşaqlardan olasınız.

İyirmi beşinci imla
BƏDNƏFS UŞAQ

Ey mənim nəfsi salamat şagirdlərim!

Bədnəfs uşaq həmişə yemək-içmək, yatmaq fikrində olur. Hətta gecələr yatanda yeməli-içməli şeylərdən yuxuda görər. Necə ki, məsəli-məşhurdur: «Ac toyuq yuxusunda darı görər».

Əzbəski fikri və xəyalı yeyib-içmək dalısıncadır və səhər yerindən duranda gözünü samavara tərəf açar. Çay içilən vaxtda stəkanın böyüyünü axtarır. Məktəbə gələn vaxtda evin tağçalarını, dulabı, işqabı və sair gizlin yerləri axtarır ki, görsün bir yeməli şey tapa bilirmi. Məktəbdən azad olanda bu fikirdə olur ki, bazardan keçəndə konfetdən, kişmişdən, fındıq, badam, xurma və sair bir yeməli şeylərdən alsın. Evə daxil olanda oğru pişik kimi evin hər bir səmtini gəzər. Süfrə başında, yemək vaxtında bu qism bədnəfs uşağın halətini və taam yeməyini və sair pis-pis ədalarını bəyan etməkdən dilim acizdir.

Bədnəfs uşaq xörək yeməyə bir müəyyən vaxt tapa bilməz. Çünki çörəyi, saatbasaat xırda-xırda yeyər. Belə uşaqların hərgah cibini axtarasan, çörək xırdası, iydə qabığı, xurma çürüyü, ərik dənəsi, konfet kağızı, kişmiş xırdası, üzüm çöpü və sair bu günə xırda-xırda zir və zibillərdən tapılır. Bunlardan əlavə, əl və ayağı, üstü-başı, ağzı-burnu o qədər çirk və natəmiz olur ki, yanında əyləşən adamın nəfəsi darıxıb, əhvalı pərişan olur.

Mən dünən bazardan keçirdim. Bir uşaq gördüm ki, ağzında bir şey yeyə-yeyə, əzilə-əzilə gedirdi. Məazallah, nə pis halətdir. Doğrudan-doğruya, bu qism uşaqları görmək insan üçün bir böyük müsibətdir. Pərvərdigari-aləm, peyğəmbərimiz Məhəmməd və ali-Məhəmməd haqqına və hörmətinə bu xasiyyətdə olan uşağı bizim məktəbimizdən kənar və uzaq eləsin. Məktəbimizin ümum şagirdlərini bu mərəzə düçar və mübtəla etməsin. Amin!

İyirmi altıncı imla
TƏMKİNLİ UŞAQ

Əxlaqi-həsənənin cümləsindən biri də təmkindir. Odur ki, təmkin, ədəb, tərbiyə bunlar bir-birinə oxşayan sifətlərdir. Xüsusən təmkin bir giranbaha sifətdir ki, hər kəsdə tapılmaz.

Təmkin dediyimiz nədir?

Bir surəti həlimanə və bir hərəkəti-ədibanədə bulunmaya təmkin deyilir. Təmkin gün kimi hər yerə işıq salsa, oranı nurani edər. Odur ki, kiçikləri böyüklər məqamında göstərən təmkindir. İnsanın iftixarına və izzü etibarına səbəb olan təmkindir. Bir kimsənin təmkinli olub-olmadığı hal və hərəkətindən, rəftar və güftarından məlum eylər.

Təmkinli uşaqlar necə olur?

Təmkinli uşaqlar həmişə böyüklərə hörmət, kiçiklərə mərhəmət və öz əmsal və əqranına məhəbbət eylər. Bihudə və bica sözlər danışmaz, boş və bekar əyləşməz, namünasib müsahiblər ilə gəzməz, heç kəslə əbəs yerə döyüşüb küdurət etməz, danışdırmamış danışmaz, sual və cavab olan vaxtda bir sözü anlamamış cavab verməz. Cavab verən vaxtda bir sözü iki dəfə deməz, öz mətləbini və mənzurunu elə bir gözəl surətdə nazikanə və mülayimanə əda eylər ki, eşidənlərin ruhu fərəhlənib, qəlbi məsrur olur.

Əlhasil, təmkinli uşaqlar hər bir yerdə çox gördükcə az yeyər, çox eşitdikcə az danışar. Çünki «Məclisdə dilini, süfrədə əlini qısa tutan xəcalətli olmaz» məsəlini heç vaxt xatirindən çıxartmaz. Məktəbdə, evdə, məclisdə, küçədə, bazarda bir xəlaf qayda, hərəkət ondan naşi olmaz.

Təmkinli şagirdlərimdən bu barədə məsrur və məmnunəm.

İyirmi yeddinci imla
TƏMKİNSİZ UŞAQ

Ey mənim təmkinli şagirdlərim! Təmkinsiz uşaqlardan həmişə kənar olub və onların müsahibətindən ehtiraz eləmənizi arzu etməkdəyəm.

Təmkinsizlik yəni ədəbsiz və tərbiyəsizlik deməkdir. Cümlə qəbahətlərin qapısını insanın üzünə açan təmkinsizlikdir.

Təmkini olmayan şagirdlər tənəffüs vaxtında görərsən ki, oynamaqdan əl çəkib, ancaq uşaqlardan bir neçəsini başına yığıb, özünü onlara gülünc eyləyir. Məsələn:

Əl və ayağın oynadar, dilin çıxardar, dodağın büzər, gözlərin bərəldər və sair bu günə nalayiq hərəkətlər gətirər.

Bəzi bitəmkin uşaqlar vardır ki, bir məclisdə əyləşəndə heç sakit və təmkinli əyləşməz. Görərsən ki, gah qıçın uzadır, yoldaşına dayanır, gah başını və canını qaşıyır və yainki əlində bir şey oynadır, gah lənpəni əlləşdirir, maşanı götürüb manqalı, ya buxarını (sobanı) qarışdırır, yerini dəyişdirir, ucadan danışır, çayı püfləyə-püfləyə içir, xörəyi fısıldaya-fısıldaya yeyir, əzilir-büzülür, əyilir-düzəlir. Allah əsirgəsin, məktəbimizin ümum şagirdləri bu hərəkətlərdən ictinab etməlidir.

Bitəmkin uşaqların özləri xalqın nəzərində həqir və xar olmaqdan əlavə, ata və analarını da hörmətli şəxslərin yanında xəcalət və şərmsar eyləyirlər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации