Электронная библиотека » Məhəmməd Tağı Sidqi » » онлайн чтение - страница 5

Текст книги "Məktəb hekayələri"


  • Текст добавлен: 13 января 2023, 18:00


Автор книги: Məhəmməd Tağı Sidqi


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

İndi ümidvar oluram ki, keçən imla dərsimizdə təmkinli və tərbiyəli insanların gördüyü işləri və tutduğu əməlləri əsla unutmayacaqsınız. Həmişə ədəb dairəsindən kənara çıxmayıb, özünüzə bir gözəl ad qoymağa çalışacaqsınız.

İyirmi səkkizinci imla
TƏMİZ VƏ SƏLİQƏLİ UŞAQ

Təmizlik və nizafət insanın əvvəlinci vəzifəsi hesab olmaq kimi səhhəti-bədənin də əvvəlinci əsasıdır. Xüsusən bu təmizlik və məharət müsəlmanların qamətinə biçilmiş bir libasdır. Odur ki, deyiblər:

« Nizafət imanın əsəridir».

Bu da məlumunuz olsun ki, təmiz köhnə libas təzə çirkin libasdan əfzəldir.

Təmiz və səliqəli şəxslər yediyi xörəyin ləzzətini və geydiyi libasın rahatını anlayıblar. Libasın və bədənin təharət və nizafətinə diqqət eləmək kimi, sakin olduğu mənzilin və əyləşdiyi otağın da havası və özü təzə və təmiz olmağı lazımdır. Çünki havası qəliz və özü natəmiz məhəllədən bir para mərəzin zühura gəlməyi aşikardır. Pəs buna görə cəmi böyük və kiçiklər, ələlxüsus məktəb uşaqları bu barədə hər nə qədər diqqət və qeyrət etsələr yenə azdır.

Təmiz uşaq necə olur?

Təmiz uşağın həmişə dırnaqları tutulmuş, əl və ayağı, ağzı-burnu, üstü-başı və cəmi libasları pak və pakizə olur. Tənəffüs zamanında paltarlarını əsla toza və torpağa batırmaz. Məktəbə daxil olanda libaslarına və başmaqlarına elə diqqət ilə baxar ki, məbada napak və natəmiz olsun. Bunlardan əlavə, əllərini və burnunu silməkdən ötrü həmişə cibində bir təmiz dəsmal şaxlar. Doğrudan-doğruya, belə uşaqların kitablarına və dəftərlərinə baxanda insanın qəlbi fərəhlənir. Təmiz və səliqəli uşaqlar hər yerdə hörmət və riayət görüb, hamının nəzərində məğbul olur. Heç kəs onların söhbətindən və ülfətindən ikrah etməz.

Əlhasil, məktəbimizin ümum şagirdləri nizafətə alışıb, təharət və təmizliyə diqqət etmələri lazım və bəlkə vazibdir.

İyirmi doqquzuncu imla
NATƏMİZ VƏ BƏDSƏLİQƏ UŞAQ

Ey mənim təmiz və səliqəli şagirdlərim! Təmizlin aləmindən xəbəri olmayan şagirdlərdən xəbəriniz vardırmı?

Məktəbimizdə bir neçə bədsəliqə uşaqlar vardır ki, hərgah onlar bu adəti və bu xasiyyəti tərk etsələr bundan sonra bu qism uşaqları bu məktəbə yol vermək cayiz deyil. Onlar həmin uşaqlardır ki, dırnaqlarını dişlə tutan, burnunu ətəyinə silən, kitablarını-dəftərlərini cırıb, qaralayan, əlləri çirk, barmaqları mürəkkəbli, dırnaqları uzun, qələmdanı və sair təlim ləvazimatı bədsəliqə. Belə uşaqların qulaqlarının içinə baxanda insanın ürəyi qarışır. Belə natəmiz uşaqlar növ-növ mərəzlərə, cürbəcür naxoşluqlara düçar olurlar. Çünki taam yeməkdə, libas geyməkdə, dolanıb gəzməkdə, yatıb durmaqda bir para şeylərə diqqət və mülahizə etməzlər. Məsələn: Taamdan müqəddəm və taamdan sonra əsla əllərin yumazlar və libasları hər nə qədər çirkin və natəmiz olsa da ikrah etməzlər. Gəzib-dolanan vaxtda bağ və bağçaları, ağac kölgələrini, axar suların kənarını, gözəl-gözəl mənzərələri, təmiz-təmiz gəzib-dolanmalı yerləri qoyub, üfunətli və natəmiz yerlərdə gəzərlər. Nəmnak və havası qəliz məkanlarda əyləşərlər. Hələ belə uşaqlar sübh yerindən duranda nə ağzını yaxalar və nə dişlərin sürtər və nə də əllərini, üzünü, gözünü, ağzını, burnunu yuyar.

Pəs indi sizlərə vacibdir ki, həmişə nizafət və təmizliyə diqqət və qeyrətlə çalışasınız, tainki bir para pinti və natəmiz uşaqlardan olmayasınız.

Otuzuncu imla
SƏXAVƏTLİ UŞAQ

Səxavət, yəni əliaçıqlıq deməkdir. Füqəraya mərhəmət, möhtaclara müavinət, biçiz və biçarələrin halını riayət etməyə səxavət deyilir. Səxavət sahiblərinin həmişə qəlbi məsrur, adı məşhur, dünya və axirəti məmur olur. Səxi olmaq yalnız mal və dövlətlə deyil, bəlkə özgə vəchlə də izhari-səxavət etmək mümkündür. Məsələn:

Müknət sahibləri füqərayə mal ilə səxavət edəndə, üləma sinfi də elm möhtaclarına elmlərilə səxavət edərlər. Necə ki, bir yetim və fəqir uşağa xörək və libas verəndə qəlbimizdə bir fərəh və behcət zühura gəlir. Habelə dərsini bilməyən bir uşağın da dərsini gözəlcə təfhim və təlim edəndə xatirimizdə bir sevinc və şadlıq ehsac edirik.

Əlhasil, səxavət insanlıq şənindəndir. Səxavətin ləzzətin anlayanlar insanlıq mərtəbəsinə yetişiblər. Bu gözəl sifət böyüklərdən və dövlət, sərvət sahiblərindən zühura gəlməkdənsə, kiçiklərdən, xüsusən məktəb uşaqlarından zühura gəlməsi daxi məhbub və xoşnümadır.

Bir sinifdə bir şagirdə qələmdən və qələmtəraşdan və sair təlim ləvazimatlarından birisi lazım olanda səxavətli uşaqlar «Məndə var, al, mən verirəm, mənimki yaxşıdır!» deyib ikram edərlər. Bəzi vaxt bir şagird bir şagirdə xitabən: «Məhəmməd! Qələmin Haşımda qaldı»,–«Qalsın! O nə bir şeydir»– deyib, sonra üzün Haşıma tutub: «Bəradər! O qələm sənin ola bilər» –deyib, təkrim eylər. Haşım da onun müqabilində razılıq göstərib, təzim eylər. Səxavətli şagirdlər bu imla dərsini əzbər edəcəklər.

Otuz birinci imla
XƏSİS VƏ PAXIL UŞAQ

Ey mənim səxavətli şagirdlərim! İndiyə kimi bir çox əxlaqi-həsənə və sifati-zəmimədən sizlərə xatirnişan eylədim. Amma xəsis və paxıllıq barəsində heç bəhs olunmadı. İndi sizlərə məlum edirəm ki, məbada-məbada bu iki sifətin dövrübərinə dolasanız. Çünki xəsasət və bəxalət nalayiq və naşayəstə sifətlərin hamısından bədtər və napəsəndidədir. Bu sifətlərin sahibi dünyada rəzil və axirətdə zəlil olur. Necə ki, hədisi-şərifin məzmununca (paxıl behiştə daxil olmaz). Habelə xəsis adam öz malını öz canından əsirgər. Məsələn:

Məkulatın (ərzağın) təzəsini almağa qüdrəti var ikən ucuz bilib, köhnəsin alır. Təmiz və təzə paltar geymən mümkün olduğu halda köhnə, yırtıq, çirkin libaslar giyər.

Paxıl kimsələrin həmişə ruhu xəstə, qəlbi tutqun və bədəni narahat olur. Büxl bir sifətdir ki, hər uşaqda kiçiklikdə tapılanda böyüdükcə xalqın nəzərində xar və həqir olur.

Bir para paxıl uşaqlar vardır ki, ata-anası ondan bizar və yoldaşları narazıdır. Yeməli, baxmalı, oynatmalı bir şey olanda tamaşa etmək üçün də olsa, bir kəsə vermək istəməz. Məktəb yoldaşları onun təlim ləvazimatının birisinə əl vursa naləsi ərşə çıxar. Çox vaxt olur ki, məktəbə gələn vaxtda anası onun kiçik qardaşını məktəbə təşviq üçün və məktəbdə ədəbli və rahat durmaq üçün bir şey verəndə az qalır ki, özünü həlak eləsin. Ta özünün hissəsini ondan ziyadə olmasa sakit olmaz. Halanki özü on iki yaşında, qardaşı səkkiz yaşındadır. Heç özünün səkkiz yaşında olduğu vaxtları xatirinə salıb, xüdhesab olmaz.

Hər nə qədər sizlərə bu sifətdən kənar olmaq barəsində tapşırıb, təkid eyləsəm, yenə azdır, oğlanlarım!

Otuz ikinci imla
GÜLƏRÜZLÜ UŞAQ

Gülərüzlülük ülfət və məhəbbətin bir möhkəm binası mənzələsindədir. Bəşşaşət qəlbin saflığına və təbiətin gözəlliyinə dəlalət eylər. Qaşqabağı açıq kimsənələrə hamı meyl və məhəbbət göstərir. Lətifəgü və zərifxu adamlar hamının məhəbbətini cəlb edər. Gülərüzlü və şirinsözlü olmaq bir türfə halətdir. Çünki zərafət və mülayimət daş kimi olan qəlbləri yumşaldır və kədərli sinələrə səfa verir. Kəcbin və bədxəyal adamların qəlbini islah edib, əfxarını cilalandırır. Qəmli ürəkləri məsrur və məşuf eləyir.

Əlhasil, əsnayi-söhbətdə gülmək və güldürmək taamın dadı və duzu mənziləsindədir. Hərgah taamın duzu artıq və əskik olsa ləzzəti itib, tamı qaçar və habelə gülmək və güldürmək də həddən ziyadə olsa, məsxərəlik və istehza dərəcəsinə çıxar.

Gülərüzlü uşaq məktəbdə müqəssir olub, tövqif cəzasına düçar olsa da yenə müəllimindən inciməz. Yoldaşları ilə oyun oynamaq vaxtında qəflətən yıxılıb bir yeri incisə, əsla qaş-qabağın tökməz. Bihudə və bica yerə küdurət və şikayət etməz və heç kəslə döyüşüb, küsüb, kin saxlamaz. Yoldaşlarından birisi ona hiddətlə acıqlansa da, yenə təbəssüm və mülayimətlə onu danışdırıb, özündən razı eylər.

Belə uşaqların bu hüsni-hərəkəti onların bəzi qüsurlarını əfv etdirir.

Bu imla dərsini dürüst və səhih yazan uşaqlara pəncşənbə (cümə axşamı) günü bir təhsin vərəqəsi veriləcəkdir.

Otuz üçüncü imla
ƏBUS UŞAQ

Ey mənim gülərüzlü şagirdlərim!

Əbus, yəni qaşqabaqlı və kədərli olmaq deməkdir. Bu sifət insanın canına siraşi-zəhərdar bir ilan kimidir. Əlhəqq bu xasiyyət nifrətəngiz bir mərəzə bənzər ki, hamı ondan qaçar. Odur ki, əbus adamlara heç kəs meyl və rəğbət göstərməz. Belə şəxslər həmişə dost və aşinadan məhrum qalıb, tək və tənha, möhnət və məlal ilə ruzigar keçirməkdədirlər. Bu sifət sahiblərinin üzünə baxanda aşkar görərsən ki, bir küdurət tozu qonub, insana bir məyusluq üz verir. Tutulmuş qaş-qabağından və üz və gözündən elə bir nühusət yağır ki, insanın ürəyi sıxılır. Bu günə adamların surətində əsla asari-sürur müşahidə olunmaz. Qəlblərində heç bir nəşə, zövqü-səfa tapılmaz. Belə kimsənələr müsahibət ləzzətindən bixəbər və eyşü nişat nemətindən məhrumdular. Məktəbimizin əbus uşaqlarını adbəad zikr etmək lazım deyil. Onların hal və hərəkəti və zahir surəti özlərini nişan verməkdədir.

Əbus uşaqlar yenə skameykanın üstünə yayılıbdır və elə bir nəsalətlə imla yazmağa məşğul olubdur ki, az qalır yuxulasın. Bununla belə, yenə nömrəsini dörd almaq xəyalındadır. Yazdığı imlasını oxuyub, axıra yetirincə az qalır ki, ağlasın. Müxatibinə cavab verən vaxtda guya ki, başmaqları ilə danışır. Tövqif cəzasına düçar olanda bir saata kimi məktəbin aşağı tərəfində üzü divara dursa, əsla təngə gəlməz. Tənəffüs zamanında heç kəs onunla oyun oynamağa və onu özünə yoldaş qərar verməyə razı olmaz. Belə uşaqları gülüş üzü ilə və mülayim sözü ilə danışanda görmədim.

Ah! Əbusluq nə pis xasiyyətsən!

Otuz dördüncü imla
QƏLBİ SAF UŞAQ

Qəlbi saf və xəyalı rövşən və xatiri səfa olmaq nə böyük səadətdir. Bu sifətin sayəsində insanın zehni səlim və məzacı müstəqim olur. Qəlbi saflıq, yəni hər kimsə ilə müamileyi-sadiqanədə bulunmaq və xalq ilə məhəbbəti-xaliqanədə keçinmək deməkdir. Qəlbi saf adam-ların hal və hərəkətindən heç kəs zərər çəkməz və onların müsahibətindən və rifaqətindən insana peşmançılıq və nidamət üz verməz.

Doğrudan-doğruya saf ürəkli olmaq nə gözəl xasiyyətdir və insanlar ilə insaniyyətlə rəftar etmək nə pəsəndidə halətdir, oğlanlarım!

Qəlbi saf uşaqların hərəkat və səkənatı sizlərə bir ayineyi-ibrətdir. Bu qism uşaqlar məktəbimizin ümum şagirdlərini bir nəzərdə tutub və hamısı ilə atadan-anadan bir qardaş kimi gözəl-gözəl rəftar etməyə çalışır. Onların qələm, kağız, dəftər və kitablarını öz malı kimi bilib, cırıb qaralamağa əsla xəyanət əlini uzatmaz. Yoldaşlarının tərəqqi və pişrəftindən bir dərəcədə məsrur və məmnun olur ki, guya bir zəhmətsevən müəllimdir.

Məktəbin birinci sinfində əlifba başlayan balaca uşaqları elə bir mülayimətlə danışdırıb, sevib, dərsə təşviq eylər ki, deyəsən bir mehriban mürəbbidir (tərbiyəçi).

Hərgah bəzi uşaqlardan sinn və təbiətlərinin təğazasınca bir para namülaim hərəkətlər sadir olsa da, müəllim xəbərdar olmamış, onlara: «Ey qardaş! Bizə və bizim məsələlərimizə belə naməğbul və nalayiq hərəkətlər şayəstə deyil»,– deyib, nazücanə və mülayimanə nəsihət etməyə başlar. Çox vaxt tövqifə düçar olanların qüsurunun əfv olunmasını mübsir (sinif rəhbəri) vasitəsilə müəllimdən iltimas eylər.

Qəlbi saf uşaqlar öz hüsn və hərəkətlərindən həmişə kamyab və bərxürdar olmaqdadırlar.

Otuz beşinci imla
QƏLBİ FASİD UŞAQ

Ey mənim qəlbi saf şagirdlərim!

Qəlbi fasid, yəni bədxəyal, fəsad fikirli, qəlbi qara deməkdir. Bu sifət o qədər nalayiq və nagüvara sifətdir ki, insanı hər bir səadətdən məhrum eylər. Fəsad əndişəli adamlar şeytan ağacının yemişi və cəhalət biyabanının qudurmuş qurduna bənzər. Belə şəxslərin vücudundan insaniyyət aləminin havaxahları nə qədər mütəzərrir olur.

Xüdavəndi-aləm bizləri bu növ insan libasında olan şeytanların şərrindən hifz eyləsin.

Qəlbi fasid uşaq həmişə evdə ata-anasını pərişan və məktəbdə yoldaşlarını narahat və müəllimlərini rəncidə xatir eylər. Məsələn:

Atası evdə onun kiçik qardaşını və bacısını öpəndə və sevəndə və yainki yeməli və oynatmalı bir şey verəndə o qədər canı sıxılıb, qaşqabağın töküb, küsüb mükəddər olur ki, axırda o balaca sevgili uşağı xəlvətə salıb, əlindəki şeyi alıb, atıb, yırtıb, sındırıb, zay eylər.

Məktəbdə yoldaşları bir-birilə danışanda onların bəzi sözlərindən bədgüman olub, bir para mənalar çıxardır.

«Bu sözü mənə deyirsiniz? Bu sözdən muradınız nədir? Bu sözdən məqsudunuz mənə dolaşmaqdır»– deyib, o biçarələrin sözün-söhbətin kəsib, qəlblərini məyus və məhzun eylər.

Müəllim uşaqlara nəsihət edəndə və möizə əsnasında bir ibrətəngiz məsəl gətirəndə, (məsələn: «Alim olmaq asandır, adam olmaq çətin») qəlbi fasid uşaqlar onu özünə alıb, müəllimdən inciyər.

Belə uşaqların dünya və axirətdə bədbəxt və mübtəzil olmaqlarına şübhəmiz yoxdur.

Oğlanlarım! Bir-birinizlə səfayi-xatirlərilə rəftar etməyinizə mütməin oluram.

Otuz altıncı imla
CƏSUR VƏ ÜRƏKLİ UŞAQ

İnsaniyyətin ləvazimatından birisi də cəsarət və şücaətdir. Lakin şücaətin ifrat dərəcəsi də himaqət və səfahətdir. Şücaət qəlbin qüvvəti və mərdanəliyin zinətidir. Şücaətdən məqsudumuz vurub-yıxmaq, basıb-kəsmək deyil. Bəlkə, cəsarətdən müradımız ürəkli olmaq deməkdir.

Cəsur uşaqlar hər bir mövhümü və biməni şeyləri xəalına gətirib, xovf etməz. Hər bir boş və bekara fikirlər ilə öz-özünü qorxutmaz. Məsələn:

İt belə gəldi, qurd belə getdi, uci, cüci, damda baca, qara qulaq, qamuq. Bu qism sözlərdən və söhbətlərdən əsla ehtiyat etməz.

Su kənarından, ağac dibindən, xaraba və qaranlıq yerlərdən, qəbristandan və sair bu timsallı məkanlardan keçəndə əbədən xəyalın dağıdıb, əhvalına təğyir verməz. Cəsarətli uşaqlar məktəbdə dərs oxuyanda və müəllimə cavab verəndə rəngi qızarıb, dili dolaşmaz. Məktəbə bir vacibül-ehtiram şəxslərdən gələndə onlara cavab verməkdə və ya nitq oxumaqda ürəyi titrəyib, əl və ayağın itirməz. Küçə və bazarda və ya bir məclisdə birisi ondan bir əhvalat xəbər alanda mərdanə və dəlİranə cavab verib, nəhayət sükunət və mətanətlə mətləbin əda eylər.

Keçən günlərdə bir uşaq öz qapılarında yoldaşları ilə oynamağa məşğul idi. Mən ondan soruşdum ki, « Oğlum, atan evdədirmi?»

Bu sözü eşitcək oyundan əl çəkib, gəlib mənim qabağımda durdu və dedi:

–Bəli. Atam evdədir. Amma mən gələndə yatmışdı. Siz buyurun əyləşin otaqda. Mən atama xəbər verərəm. Hərgah yatmış olsa da, indi bidar olacaqdır. Çünki mən onun yuxudan duran vaxtını bilirəm.

Bu qism ürəkli və ədəbli və qəlbi qüvvətli uşaqlara afərin!

Otuz yeddinci imla
QISQANC VƏ QORXAQ UŞAQ

Ey mənim cəsur şagirdlərim!

Qısqanc və qorxaq uşaqları görəndə qəlbimə qübar əyləşir. Belə şagirdlərin imla yazmağı, dərs oxumağı və dərs əsnasında cavab verməyi xəyala gəlməz dərəcədə insana hüzn gətirir. İmla yazan vaxtda barmaqlarının arasından az qalır qələm düşsün. Dərs oxuyan vaxtda tənbəl uşaqlar kimi kitabı əlinə alıb, ahəstə ayağa durub, əvvəl bir udqunar, sonra ayağının birin götürüb, birin qoyub, yavaş-yavaş alçaqdan oxumağa başlar. Belə ki, deyəsən sözlər ağzından tökülür. Çoxusu da anlaşılmır. Məsələn:

«Şah sevər oğlu şərmsar oldu» deyəcək halda «Şahsevən oğlu sərmşar oldu» deyir.

Doğrudan, o qədər ağır və səngin oxuyur ki, qulaq asanların zehninə zəhmət, vücuduna əziyyət və qəlbinə siqlət gətirir.

Danışan vaxtda sözlərinin yarısı «Mirza, vallah, zaddı, sonra, boylum, ondan sonra, bu səfərim, zaddı»ya çıxar.

Tənəffüs zamanı şikayətsiz məktəbə gəlməz. Azad olan vaxtda kitabların yığıb-yığışdırmağı bir saat çəkər. Küçədən keçəndə öz kölgəsindən ürkər. Hərgah qabağına bir it çıxsa «Vay dədə! İt gəlir». Guya ki, it bunu yeyəcək. İnək görəndə buynuzlarına baxar. At görəndə diksinər. Pişik görəndə daşa basar. Qurbağa görəndə rəngi qaçar. Tısbağanı görəndə qəş eylər. Kirpiyə gözü sataşsa tükləri biz-biz olur. Tülkü nağılı, qurd hekayəti eşidəndə bədəni titrər.

Qısqanc uşaqlar bu dərsi yaza bilmir. Məlum olur ki, qorxurlar. Bura kimi kifayət eylər, bəsdir.

Otuz səkkizinci imla
ATA-ANASINI VƏ MÜƏLLİMİNİ SEVƏN UŞAQ

Əxlaqi-həsənə sahib olmağın əvvəlinci şərti ataananın itaətində olmaq və ustad-müəllimin ehtiramını saxlamaqdadır.

Ata-ananız sözlərin barəsində çəkdiyi zəhmətləri təqrir etməndən acizəm. Odur ki, həmişə sizlərə bu xüsusda mövizə və nəsihət etməkdə müzayiqə etməmişəm.

İndi yenə bu imla dərsində sizlərə tövsiyə məqamında xatirnişan edirəm ki, ata-ananızın qədrü-qiymətini bilin və onların itaətindən heç bir vaxt kənar olmayın. Onların qəlbini məsrur və xoşnud etməyə çalışın. Övlad nə qədər kamalatlı və tərbiyəli olsa, ata-ananın o qədər qəlbi fərəhlənib və xatiri xoşnud olur.

Məgər qıçı araba təkərinin altında qalan uşağın hekayəti xatirinizdən çıxıbdır ki, anası naxoş və xəstə olduğu üçün qıçını sınıqçı bağlayanda heç səsin çıxartmadı. Necə ki, cərrah ondan sual eylədi ki, məgər qıçın ağrısının və əziyyətinin sənə təsiri yoxdur?

–Uf! Çox ağrıyır. Amma istəmirəm ki, anam eşitsinki, məbada mərəzi artıb, şiddət eyləyə,– cavabını verdi. .

Bu qism uşaqlar ata-anasını xoşhal görəndə özü də xoşhal olur. Amma məlul və qəmgin görəndə o da məhzun və mükəddər olur.

Müəllimə gəlincə, onu özünə bir mehriban ata hesab edib, həmişə onun verdiyi nəsihəti və tərbiyəti zaye etməz. Müəllim onun barəsində çəkdiyi zəhməti və əziyyəti nəzərdə tutub, əsla onun haqqını itirməz. Hərgah bəzi vaxt bir tövqif cəzasına düçar olub və ya bir təqsir cəhətinə cəzalansa da, yenə müəllimini özünə xeyirxah bilib, təngə gəlməz. Bu səbəbdəndir ki, müəllimini sevən uşaqlar bunu fəhm ediblər ki, müəllim öz şagirdlərindən bir qüsur görəndə nə qədər canı sıxılıb, ovqatı təlx olur. Çünki müəllim həmişə onların tərbiyəli və kamalatlı olmağını istər. Ümum xalqın nəzərində məğbul olmaqlarından məmnun və məsrur olur.

Otuz doqquzuncu imla
ATA-ANASINI VƏ MÜƏLLİMİNİ
SEVMƏYƏN UŞAQ

Ey mənim mehriban şagirdlərim!

Ata-ananın haqqını və zəhmətini itirən uşaqlar Allah taalanın da itaət və ibadətindən məhrum qalmağına şübhəmiz yoxdur. Çünki xüdavəndi-təbarək və taala valideynin itaət və ehtiramını özünə ibadət hesab edibdir. Ata-ananın övladdan razı və xoşnud olmağı, Allah taalanın ondan razı olmağına bir böyük nişanədir.

Odur ki, həmişə ata-anaya bir itaət və məhəbbət göstərəndə onların qəlbində bir mayəyi-fərəh zahir olub, övladlarını səfayi-xatirilə sevib, «Allah səndən razı olsun», deyərlər. Habelə övladdan bir itaətsizlik və bitərbiyəlik görəndə suzişi-qəlb ilə bir ah çəkib, onun haqqında nifrin və bəddua edərlər. Məazülla! Nə böyük xəta!

Valideynini sevməyən uşaqlar və onların itaət və məhəbbətini vacib bilməyən övlad qiyamət günündə divani-kibriyada nə cavab verəcək?

Müəllim və ustadın ehtiramını gözlətməyən uşaqlar və onların təlim və tərbiyəsini zaye edən şagirdlər, insaniyyət və ruhaniyyət aləminə necə xidmət edə bilər? Xüdavəndi-aləm ondan necə razı ola bilər? Çünki müəllim ruhani ata mənziləsindədir. Bəlkə müəllimin ehtiram və itaəti ata-ananın ehtiram və itaətindən vacibdir.

Müəllim insanın təhzibi-əxlaq və mənbiri-əfkarına xidmət edir. Müəllim həmişə şagirdlərinin ruhunun qüvvətinə, zehninin vüsətinə və sair əxlaq və adabının hüsni-tərbiyəsinə çalışır.

Valideynini və müəllimini sevməyən uşaqlardan olmayın! Özünüzü həmişə müəllimlərin yanında və Allah taalanın nəzərində məhbub və möhtərəm və sahibi-şən olmağa qeyrət və diqqət edin, nuri-didələrim!

Qırxıncı imla
MƏQALEYİ-MƏXSUSƏ

Ey mənim xoşəxlaq şagirdlərim!

Bu gün bu imla ilə dərsimiz qurtaracaq. Bir neçə gündən sonra imtahana hazırlaşmağınızı xatirnişan edirəm. İmtahan məclisində hər bir sualıma müvafiq cavab vermənizə ümidvar oluram. Amma burasını nəzərdə tutmaq lazımdır ki, bu günə kimi sizlərə bir neçə gözəl və pəsəndidə xasiyyətlərdən, nasayəstə və nagüvara halətlərdən yazdırıb, oxudub, əzbərlətdim. Lakin onları bilmək və anlamaqdan əlavə, lazımlı dərəcədə əməl eyləmək sizləri bəxtiyar edəcəkdir. Yəni gərəkdir ki, gözəl xasiyyətlərə rəğbət göstərib və pis sifətlərdən nifrət edəsiniz. Tainki bu müddətdə çəkdiyimiz zəhmətlər zaye olmasın. Çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər. Bu bir ilin müddətində sizlərə əxlaqa dair verdiyim imla təriqilə dərslər elmi-əxlaqdan bir nümunədir. Hərgah bunlara kamilən amil olub, ata-ananızı və müəllimlərinizi özünüzdən razı edib və xalq içində zikri-xeyr ilə yad olunasınız.

İnşaallah gələcək ildə sizlərə «Risaleyi-əxlaq» adlı kitabdan dərs verəcəyəm ki, o kitab xoşəxlaq şagirdlərə elmi-əxlaqı kamilən bəyan eylər.

Xoşxülq və xoşxasiyyət olmağınıza hər bir halda ümidvarram, nuri-didələrim!

TÖHFEİ-BENAT, YAİNKİ QIZLARA HƏDİYYƏ

«Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət: «Elm tələbində olmaq hər bir müsəlman kişisi və müsəlman qadını üçün fəzilətdir.» Hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu…

ƏRZİ-MƏXSUS

Tərbiyəti-nisvan və təlimi-ətfal məsələsi dünyanın hər tərəfində (bu son vaxtlarda müsəlmanların da arasında) əhəmiyyəti-kamilə kəsb etmək üçün qızlarımızın təlim və tərbiyəti və onlara məxsus kitabların təlifi nəhayət dərəcədə lazım və dərkardır ki, o kitabların vasitəsilə bisavad və layiqi-təlim və tərbiyə olan qızlarımız şahrahi-elmi və təriqi-tərbiyəti tapıb təhsilə raqib olsunlar. Tainki dərəcati-ülumi və məratibi-maarifi teyy edib, elmli və tərbiyəli validələr payəsinə yetişsinlər. Çünki tərbiyəli anaların qəlbində və müəllimə xanımların vicdanında vücudə gələn hüsni-tərbiyə və təhzibi-əxlaq balalarının tövsiyi-əzhan və tənviri-əfkarına əvvəlinci səbəbdir. Odur ki, alimə və ədibə validələr elm və ədəbi məhəbbət südü ilə şirü şəkər kimi qarışdırıb övlada yedirirlər. Binaən əleyh zalik bu barədə olan meyl və rəğbətim və öz hissəmə düşəcək vəzifəmi əda etməyim bəzaətsizliyimə və ədəmi-ləyaqətimə qələbə edib, təlimi-ətfala məxsus olan kitabi-nafedən bilaintixab «Töhfeibenat» namı ilə təsmiyə etdiyim bu əsəri-naçizi yazmağa cəsarət elədim. Lütf nəzərilə mütaliə buyuran maarifpərvər ədiblər və təlim yolu ilə təcrübə hasil etmiş müəllimlər səhv və xətasını təiyib və təhqirə nisbət verməyib, nəzəri ədibanə və himməti-nəqqadanələr ilə təshih etməklərini məxsusən təmənna edirəm. Hərgah bu barədə layiqi-təqrif və təhsin olmasam da, müvədədi-təriz və nifrin olmamağa da əmin və ümidvaram.

İXTAR

Bu kitabçeyı əlifbanı diqqətlə oxuyub və hürufatın işkali ərbəəsinə kamilən vüquf yetirən balaca qızlara məxsusdur ki, bunda dərc olunan dərusi-mütəməddədə və hekayəti-nafeənin vasitəsilə hər bir validə öz qızını və hər bir müəllimə öz mütəllimlərini şiveyi-qiraət və üsuli-kitabətə alışdıra bilir.

Bu kitab nəstəliq xəttilə təb olunmağa ümdə səbəb odur ki, o balaca əlləri ilə rəhbəri-maarif olan, qələmi tutan xanım qızlar hər gün oxuduğu dərsi bir əlahidə dəftərə yazmaq ilə təqviyyəti-zehnə səbəb olan hüsni-xətti də təhsil etməyə müvəffəq olsunlar. Bu müxtəsər kitabçada üsuli-inşa və fununi-kitabət iqtizasınca yazılan və beləliklə, lisani-türkidə əmsalı görülən bəzi ərəbi və farsi kəlmələri heyni-tədrisdə bəqədr imkan qızlara təlim və təlhim olunmamış keçilməsin. Tainki onlar adabi-mühavirə və ümurati-beytiyyəyə dair olan mükalimatdan əlavə ədəbiyyati-lisaniyyə və də filcümlə aşina olsunlar. Tainki gələcək zamanda ülum və fünun … təhsil etməyə müqtədir ola bilsinlər.

MİNACAT

İlahi! Qadiri-mütləq və məbud bir həqsən. Zati-əqdəsini əql və fikr ilə bilmək və qüdrət və əzəmətini dil ilə bəyanə gətirmək olmaz, ilahi! Zaman və məkandan münəzze və tərif və tövsifdən mübərrasən. Amma şan və cəlalın və nuri-cəmalın aləmləri doldurub ki, hər şeyi sənin vücuduna dəlil və rəhbər və hər zərrə sənin qüdrətinə şahidi-mötəbərdir. Bu hamı həddü-hesabsız ulduzlar və havada cəh-cəh ilə teyran edən quşlar, yerdə zümzümə ilə cərəyan edən nəhrlər, çaylar, rəngarəng güllərin ətri və gunagun meyvələrin təmi sənin hikmətinə ayinədir. Xüdavənda, elə bir qadiri-təvana və xaliqi-yektasən ki, qüdrət və qüvvətdə və əmri-xilqətdə əsla şərikin və nəzirin yoxdur. Pərvərdigara, mərhəmət nəzərini bizdən kəsmə, səhhəti-bədənimizi əlimizdən alma, verdiyin hamı nemətlərin şükrünü əda etməyə bizləri müvəffəq elə, lütf və inayətini halımıza şamil qıl, məhəbbət və tofiqini bizlərə rəqif et. Günahlarımızdan keç. Dünya və axirətimizi məmur elə! Ya rəb, ümid əlimizi dərgahi-aləm pənahından naümid geri qaytarma! İtaət və ibadətimizi dərəcəyi-qəbulə yetir, dua və axirətimizi müstəcəb elə, xatimül-ənbiyə Məhəmməd-əl-Mustəfa hörmətinə və onun pak və pakizə olan övladı haqqına. Amin!

QİRAƏT

Xanım qızlar! «Əlifba kitabını» diqqətlə oxudunuz. Və hər bir dərsin başında yazılan həriflərin şəkillərini və sədalarını lazımınca öyrənib və anladınız. İndi bu gözəl kitabı oxumaq sizlərə çox asan və çox faydalı olacaq. Bunda neçə şirin hekayətlər yazılıb! Və neçə gözəl dərslər tərtib olunubdur. Bu əvvəlinci dərsdə istəyirəm yenə «Əlifba» kitabında oxuduğunuz dərsləri yadınıza salım. Xatirinizdədir ki, hərflərin hamısı otuz dörddür. Və o hərflər kəlmənin başında, arasında və axırında yazılanda hər biri neçə surətə düşür. Və hərflər bir-birinə yapışanda səslər hasil olur ki, o səslərdən kəlmələr əmələ gəlir. Məsələn, a-ta, a-na, ba-ba ki, bu səslərdən ata, ana, baba kəlmələri təşkil olunur. Necə ki, ba-la-bal-dan-şi-rin-dir sədalarından «bala baldan şirindir» ibarəti əmələ gəlir, indi bu dərsdə bir neçə asan cümlələr var, onu oxuyaq: «Mənim kitabım gözəldir. Bu gün dərsim asandır. Yalan danışmaq günahdır. Elm və tərbiyyət hamıya vacibdir. Əməlsiz alimin faydası yoxdur. Kitab oxumağın mənfəəti çoxdur. Kitab insana gözəl münisdir. Qış və yaz oxu yaz».

SÜBH NAMAZI

Fatma sübh tezdən durub, dəstəmaz alıb gəldi, səccadəsini açdı. Namazını qılıb qurtarandan sonra qardaşı Qasımın başı üstə yavaş-yavaş durdu onu oyatmağa:

–Qasım, Qasım! Dur, az qalıb gün çıxsın, namazın vaxtı keçir.

Qasım durub, dəstəmaz alınca Fatma xanım kiçik qardaşı İbrahimi də oyatdı ki, ona da namaz təlim edib qaldırsın. Namazlarını tamam edəndən sonra hər üçü qaziülhacat olan Allahın dərgahına əd götürüb minacat elədilər. Fatma dedi ki:

Qardaşlarım, mən dua eyləyim, siz də «amin» deyin!

–Pərvərdigara, rəhmət və bərəkatını bizlərə nazil qıl. Ehsan etdiyin nemətləri əlimizdən alma. Qəlblərimizi elm və ibadət nuru ilə rövşən və münəvvər elə! Pərvərdigara! Bizləri böyüdüb tərbiyə verən ata-anamızın ömrünü tulani qıl. Onların sayəsini bizim başımızdan kəsmə! Valideynimizi və müəllimlərimizi və qövm və əqrabamızı dünya və axirətdə rəstgah eylə! İlahi, sən məsumların duasını tez müstəcəb edərsən! Bizim də bu məsumanə duamızı qəbul elə.

Fatma bu tövr dua etdikcə Qasım və İbrahim də «amin» deyirdi. Mehriban anaları gəlib, onları bu halda görəndə hər üçünü də məhəbbətlə qucaqlayıb, bağrına basdı! Və onlar da analarının əlindən öpdülər. Və hamısı bir yerdə atalarının hüzuruna gedib, ədəb ilə salam verib, əyləşib çay içməyə məşğul oldular .

TƏRBİYƏNİN TƏFAVÜTÜ

İki bacının hər birisinin bir oğlu var idi. Onlar oğlanlarına bir-birindən təfavütlü surətdə tərbiyə verirdilər. Birisi adabi-tərbiyətə aşna olmadığı üçün oğlunun məzacına görə hərəkət edib və onun nazı ilə oynardı. Və balasının hər bir xahişini yerinə yetirdikcə onun xülqünü pozub daryekini üzərdı. Bu əziz və ərköyün balanın xörəyinin əndazəsi və yatıb durmağının vədəsi yox idi. Hər nov konfet və hər qisim meyvə və hər cürə oyuncaq, bəlkə, hər bir ağlına gələn şeyi istədiyi vaxtda hazır olmasaydı, ağlayıb, çığırıb, bağırıb özünü yerdən-yerə vurardı. Tərbiyət aləmindən bixəbər olan anası da istər zərərli olsun, istər faydalı olsun, balasının hər bir istədiyini və arzusunu əmələ gətirməyi müzayiqə etməzdi. Amma o birisi oğlunu ağuşi-tərbiyətində saxlayıb, pərvəriş verdikcə və analıq məhəbbətin əmələ gətirdikcə yenə balasına lazımınca nəsihət, tənriyə və cəza etməndən geri durmazdı. Əvvəlincinin oğlu çox yeməkdən zəif olub və çox yatmaqdan tənbəlləşib, xudsər və azadə gəzməkdən tərbiyəsiz və elmsiz qaldı. Amma digərinin hər bir şeyi diqqət və qərarınca yeyib və içib, anasının nəsihətlərinə əməl edib bir çalışqan və zəhmətsevən uşaq oldu ki, böyüdükcə elm və tərbiyət sayəsində validəsinə, vətəninə, millətinə və dövlətinə böyük xidmətlər eylədi.

Bəs, bundan məlum olur ki, insanın hər bir halının nəticəsi uşaq vaxtında verilən təlim və tərbiyənin əsəri və səməridir. Məşhur hükəmadan Ərəstu deyibdir ki, uşağın pisliyi və yaxşılığı valideyninə həml olunur. Çünki övlad ata və ananın bir nisfidir.

SİTARƏ İLƏ XALASI

Sitarə məktəbdən azad olub, xuraman-xuraman xalasıgilə gedir. Vüqar və təmkin ilə qapıdan girib ədəblə salam verir. Mehriban xalası məhəbbətlə qollarını açıb, Sitarəni bağrına basıb üzündən və gözündən öpüb deyir:

– Əyləş, gözüm nuru, balaca Sitarə, əyləş!

– Xanım xala! Bəs anam hanı? Anam mənə demişdi ki, bu gün xalagilə gedəcəyəm. Sən də məktəbdən azad olub gəl. Bəs, anam nə üçün gəlməyibdir?

– Sən əyləş, sevgili Sitarəm, anan da indi gələcək. Yoxsa, anam bir neçə saatdır ki, görməyibsən, ayrılığına davam edə bilməyib didarmı arzu edirsən?

– Bəli, bəli! Mən anamı bir gün görməsəm, tab edə bilmərəm.

– Yoxsa ananı çox sevirsən?

– Əlbəttə, sevirəm, canım kimi sevirəm.

– Afərin, balaca Sitarəm, afərin. Ananı sev və ona məhəbbət elə. Zira ki, yer üzündə ana kimi böyük nemət tapılmaz. Anan səni doğan gündən hələ indiyə kimi çəkdiyi zəhmətlərin həddi-hesabı yoxdur. Südəmər vaxtında məhəbbətlə bəsləyən, gecə və gündüz beşiyin yanından ayrılmayan, ağladığın vaxtda öpə-öpə bağrına basan, ovudub gözünün yaşını silən anandır. Naxoş olduğun zamanda səbr və aramı kəsilə-kəsilə pərəstar olan, əlindən tutub xırda-xırda ayaq üstə qoyub yeridən, yavaş-yavaş dil öyrədib, söyləşdirib danışdİran anandır. Ananın zəhmətlərini nəzərdə tut, itaəti vacib bil, xatirinə dəymə, ehtiramın saxla, hər bir hüququnu gözlə. Zira ki, ananın övlada olan məhəbbəti və haqqı atanın iki mislicədir.

ATA VƏ ANA MƏHƏBBƏTİ

Nərgiz xanım ilə Qönçəbəyim bağçada dərslərinə məşğul ikən bağçanın divarında yuva tutmuş sərçələr civ-civ və cəh-cəh ilə balalarına dən gətirirdilər. Qönçəbəyim dərsdən fariğ olub, sərçələrin hal və hərəkətinə və balalarına olan meyl və məhəbbətinə diqqətlə mütəvəcceh idi. Bu halda Nərgiz xanım da dərsini tamam edib, Qönçəbəyimə dedi ki:

– A qız, Qönçə, bu sərçələrə baxıb, nə çox təəccüb edirsən?

– Xanım bacı, əsla sərçələrə baxıb təəccüb etmirəm. Bunların bu qədər öz balalarına olan məhəbbətinə təəccüb edirəm.

– Cəmi heyvanatın öz balasına olan məhəbbəti məlumdur. Bunda təəccüb yeri yoxdur. İnsanın da öz övladına olan məhəbbəti bunların məhəbbəti ilə bərabər ola bilərmi?

– Bu qədər bil ki, insanın heyvanatdan ağıl və fərasəti, fəziləti və şərafəti nə qədər artıqsa, övladına olan məhəbbəti ondan dəxi artıqdır.

– Nə səbəbə artıqdır?

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации