Текст книги "Hekayələr"
Автор книги: Роальд Даль
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
CƏNNƏTƏ GEDƏN YOL
Missis Foster qatara, təyyarəyə, paroxoda və hətta teatra gecikməkdən ömrü boyu patoloji olaraq qorxurdu. Başqa şeylərə münasibətdə o, xüsusi olaraq əsəbi qadın deyildi, lakin harasa gecikə bilməsi fikrindən o qədər həyəcanlanırdı ki, sol gözünün kənarındakı dəri dartılmağa başlayır və o sanki kiməsə göz vururdu. Qadını ən çox əsəbiləşdirənsə o idi ki, bu gözvurma qatara və ya təyyarəyə sağ-salamat oturandan yalnız hardasa bir saat sonra yoxa çıxırdı.
Maraqlıdır ki, bəzilərində qatara gecikmək qorxusu kimi adi bir şey beyindən heç cür çıxmayan fikrə çevrilə bilir. Odur ki missis Foster evdən çıxmazdan və vağzala yollanmazdan yarım saat əvvəl buna artıq tam hazır olurdu. Sonra da yerində duruş gətirməyən qadın başında şlyapası, əynində paltosu, əllərində əlcəklər ya liftlə aşağı düşür, ya da narahat halda otaqdan otağa var-gəl edirdi. Ta ki, yəqin, onun halını anlayan əri, nəhayət, kabinetindən çıxır və soyuq, quru səslə artıq getmək vaxtı olduğunu söyləyirdi.
Mister Fosterin, bəlkə də, arvadının bu kifayət qədər səfeh davranışından narazı qalmağa tam haqqı vardı, amma yenə də onun qadını üzücü intizarda saxlamaqla iztirablarını artırması bağışlanılmaz idi. Hərçənd onun bunu qəsdən etməsini təsdiqləmək də düzgün olmaz. Amma yenə də o hər dəfə bir-iki dəqiqə ləngisə belə, vaxtı elə dəqiq hesablayır və özünü o qədər tox tuturdu ki, zavallı arvadını qərəzsiz iyrənc əzaba məruz qoymasına inanmaqda çətinlik çəkirik. Hərçənd o bir şeyi dəqiq bilirdi: qadın heç vaxt səsini başına atmayacaq və ona tələsmək lazım olduğunu deməyəcək. O, arvadını kifayət qədər yaxşı tərbiyə etmişdi. Üstəlik, deyəsən, o bilirdi ki, vaxtı qaçırmaqla qadını az qala isterikaya çatdırmaq olar. Evliliklərinin son illərində bəzən elə hallar olurdu ki, sanki o, qəsdən qatara gecikmələrinə çalışır və bununla da zavallı qadının əzablarını artırırdı.
Ər, bəlkə də, günahkardır (hərçənd buna qəti əmin deyilik), lakin onun hərəkətləri həm də ona görə ikiqat düşüncəsiz görünürdü ki, bu ipə-sapa yatmayan zəifliyi xaricində missis Foster həmişə mehriban və sevgi dolu qadın idi. O, otuz ildən çox idi ki, ərinə sədaqətlə qulluq edirdi. Buna zərrə qədər də şübhəniz olmasın. Son dərəcə təvazökar olan bu qadın mister Fosterin onu nə vaxtsa qəsdən incidə biləcəyi fikrini uzun illər yaxına buraxmamışdı, lakin son zamanlar ara-sıra bu barədə düşündüyünün fərqinə varırdı.
Yetmişi haqlamış mister Yucin Foster arvadı ilə birgə Altmış ikinci küçədə, Nyu-York Sitidə geniş altımərtəbəli evdə yaşayırdı və onların dörd qulluqçusu vardı. Qonaqlı-qaralı ev deyildi, onlara nadir halda kimsə baş çəkərdi. Həmin yanvar səhərində isə ev canlanmış, qulluqçular əl-ayağa düşmüşdü. Qulluqçuların biri qucaq dolusu mələfə gətirir, digəri onları otaqlara paylaşdırır və tozlanmaması üçün mebellərin üstünə sərirdi. Eşikağası çamadanları aşağı düşürür və hollda qoyurdu. Aşpaz dəqiqədə bir başını mətbəxdən çıxarıb eşikağasına nəsə deyir, missis Fostersə əynində köhnə dəbli kürk və təpəsində şlyapa otaqdan otağa keçir, sanki evdəkilərə nəzarət edirmiş kimi bir təəssürat yaradırdı. Əslində isə ərinin vaxtında hazırlaşıb kabinetdən çıxmadığı təqdirdə təyyarəyə gecikəcəklərini düşünürdü.
– Uoker, saat neçədir? – qadın yanından ötüb-keçdiyi eşikağasından soruşdu.
– Ona on dəqiqə işləyib, mem.
– Maşın artıq gəlib?
– Bəli, mem, o sizi gözləyir. Elə indicə baqajı yükləməyə hazırlaşırdım.
– Aydluaylda bir saat yol var, – missis Foster dedi. – Təyyarə saat on birdə havaya qalxır. Qeydiyyatdan keçmək üçün orda yarım saat əvvəl olmalıyam. Hökmən gecikəcəm. Gecikəcəyimə adım kimi əminəm.
– Mem, zənnimcə, sizin kifayət qədər vaxtınız var, – eşikağası iltifatla söylədi. – Saat ona on beş dəqiqə işləmiş evdən çıxmalı olduğunuzu mister Fosterə demişəm. Ehtiyatda hələ beş dəqiqəniz var.
– Hə, Uoker, bilirəm. Amma yenə də, lütfən, baqajı tez yüklə.
O, hollda var-gəl edir və hər dəfə eşikağası yanından ötüb-keçəndə ondan saatı soruşurdu. Bu reysə, o durmadan beynində təkrarlayırdı, heç cür gecikmək olmaz. Bu səfərin icazəsini almaq üçün aylarla ərinə dil tökməli olub. İndi əgər gecikərsə, mister Foster onun bu səfərə saymazyana yanaşdığını düşünəcək. Üstəlik, də bədbəxtlikdən əri onu hava limanınadək ötürəcəyinə israr etmişdi.
– Aman Allah, – missis Foster ucadan dedi, – gecikəcəm. Yüz faiz bilirəm, gecikəcəm.
Sol gözünün kənarı şiddətlə dartınmağa başladı. Sanki elə indicə həmin gözündən yaş sel kimi gedəcəkdi.
– Uoker, saat neçədir?
– Ona on səkkiz dəqiqə işləyib, mem.
– İndi dəqiq gecikəcəm! – qadın çığırdı. – Bircə tez çıxsaydı!
Bu, missis Foster üçün mühüm səfər idi. O, fransızla ailə qurmuş yeganə qızına baş çəkmək üçün təkbaşına Parisə yollanırdı. Fransız missis Fosteri az maraqlandırırdı, qızına isə canını verərdi, üstəlik, üç nəvəsi üçün də darıxmışdı. Qadın onları təkcə ev boyu düzdüyü şəkillərdən tanıyırdı. Nəvələri qəşəng idi. Onları çox sevirdi və hər dəfə yeni şəkil alanda öz otağına çəkilir, bu şəkilləri uzun-uzadı izləyir və uşaq cizgilərində son dərəcə əhəmiyyət verdiyi qan bağının oxşar əlamətlərini tapmağa çalışırdı. Son zamanlar isə hər ötən gün bir az da çox dərk edirdi ki, həyatının qalan hissəsini uşaqlarla keçirmək istəyir. O, nəvələrini görməli, onları gəzməyə aparmalı, cürbəcür hədiyyələr almalı və boya-başa çatmalarını izləməlidir. Qadın, sözsüz ki, əri sağ olduğu müddətdə bu cür düşünməsinin yaxşı olmadığını, hətta hansısa mənada doğru olmadığını başa düşürdü. Mister Foster öz müəssisələrində əvvəlki kimi fəal olmasa da, Nyu-Yorku tərk etməyə və Parisə yerləşməyə əsla razı düşməzdi. Əslində arvadını da təkbaşına ora altı həftəlik göndərməsinin özü təəccüb doğururdu. Qadın isə orda yaşamağı və nəvələrinin yanında olmağı o qədər istəyirdi ki!
– Uoker, saat neçədir?
– Ona iyirmi iki dəqiqə işləyib, mem.
Eşikağası cavab verər-verməz qapı açıldı və mister Foster holla çıxdı. O, bir dəqiqə qapının ağzında dayanıb arvadını diqqətlə süzdü, qadın da öz növbəsində taqətsiz, amma hələ də hərəkətli ərinə baxdı. Bu saqqallı qoca köhnə şəkillərdəki Endryu Karnegiyə99
Endryu Karnegi (1835-1919) – amerikalı sahibkar və xeyriyyəçi
[Закрыть] çox oxşayırdı.
– Belə-belə işlər, – o dedi, – təyyarəyə yetişmək istəyirsənsə, yəqin ki, tələsməliyik.
– Hə, əzizim, hə! Hər şey hazırdır. Maşın gözləyir.
– Lap yaxşı, – mister Foster dedi.
O, başını yana əyib diqqətlə arvadını süzdü. Mister Fosterin boynunu irəli uzadıb, sonra başını cəld və sezdirmədən dartmaq kimi bir vərdişi vardı. Bu səbəbdən, üstəlik, əllərini sinəsi bərabərində qaldıraraq barmaqlarını bir-birinə sıxması onu parkda rastlaşa biləcəyimiz zirək və ağıllı dələyə bənzədirdi.
– Əzizim, Uoker paltonu hazır tutub. Geyinə bilərsən.
– Bir dəqiqədən sonra qayıdacam, – əri dedi. – Gedim əllərimi yuyum.
Qadın gözləməyə başladı. Hündürboy eşikağası əlində palto və şlyapa onun yanında dayanmışdı.
– Uoker, mən gecikəcəm?
– Xeyr, mem, – eşikağası cavab verdi. – Məncə, düz vaxtında çatacaqsınız.
Sonra mister Foster yenidən peyda oldu və eşikağası ona geyinməyə kömək etdi. Missis Foster cəld evdən çıxdı və kirələdikləri «cadillac»a mindi. Əri onun ardınca çıxsa da, pilləkənləri yavaş endi. Bu da azmış kimi, yarı yolda ayaq saxlayıb göy üzünə baxdı və səhərin soyuq havasını ciyərlərinə çəkdi.
– Deyəsən, bir az duman var, – arvadının yanında əyləşən mister Foster dedi. – Hava limanında isə belə hava şəraitində işlər lap pis gedir. Reysi təxirə salsalar, təəccüblənmərəm.
– Əzizim, rica edirəm, belə demə.
Maşın Lonq-Aylendə çatanacan mister Foster daha heç nə demədi.
– Qulluqçularla hər şeyi danışmışam, – kişi dedi. – Bu gündən hamısı azaddır. Altı həftəyə görə maaşlarının yarısını ödədim və Uokeri xəbərdar etdim ki, onlar yenidən lazım olanda teleqram vuracam.
– Hə-hə, – qadın dedi. – O mənə demişdi.
– Elə bu axşam kluba köçəcəm. Bəzən şəraiti dəyişmək adama xoş gəlir.
– Hə, əzizim. Mən sənə yazacam.
– Vaxtaşırı evə baş çəkəcəm və poçta gələnləri götürəcəm.
– Sənə elə gəlmir ki, Uoker evdə qalsa və ondan göz-qulaq olsa yaxşıdır? – qadın ürkək səslə soruşdu.
– Artıq söhbətdir. Buna qətiyyən lüzum yoxdur. Üstəlik, buna görə ona tam maaşını verməliyəm.
– Hə, – qadın söylədi. – Əlbəttə, haqlısan.
– Bir də ki onların evdə tək qaldıqları zaman nə ilə məşğul olduğunu bilmirsən, – mister Foster bunu deyib siqar çıxartdı. Siqarın ucunu gümüş qayçı ilə kəsib qızılı alışqanla yandırdı.
Şalının altında əllərini möhkəm sıxan missis Foster hərəkətsiz oturmuşdu.
– Mənə yazacaqsan? – o soruşdu.
– Baxarıq, – əri cavab verdi. – Amma çətin ki. Sən ki bilirsən, deməyə sözüm olmayanda yazmaqla aram yoxdur.
– Hə, əzizim, bilirəm. Söylədiklərimi unut.
Onlar Kral bulvarı boyunca gedirdilər və maşın Aydluayldın tikildiyi bataqlıq yerə çatanda duman sıxlaşdığından sürətini azaltmalı oldu.
– Aman Allah! – missis Foster çığırdı. – İndi dəqiq gecikəcəm! Saat neçədir?
– Ah-vay etmə, – qoca dedi. – İndi bunun heç bir xeyri yoxdur. Reysi, şübhəsiz ki, ləğv ediblər. Təyyarə bu cür havada uçmayacaq. Heç bilmirəm, ümumiyyətlə, evdən çıxmağa nə lüzum vardı.
Qadına elə gəldi ki, ərinin səsində qəfil yeni intonasiya peyda oldu və o, başını kişiyə tərəf çevirdi. Bu saqqallı üzün ifadəsində hər hansı bir dəyişikliyi görmək çox çətin idi. Ən əsası ağızdır. Qadın ərinin saqqalsız vaxtında olduğu kimi ağzını görmək istədi. Onun gözləri bircə qəzəbləndiyi zaman müstəsna olmaqla heç vaxt heç nə ifadə etmirdi.
– Əlbəttə, – mister Foster sözünə davam etdi, – əgər o, hava şəraitinə rəğmən uçmağa qərar verərsə, onda səninlə razıyam – dəqiq gecikmisən. Bəlkə, bu reallıqla razılaşasan?
Qadın başını çevirib pəncərədən dumana baxmağa başladı. Onlar irəlilədikcə duman daha da sıxlaşırdı, qadın indi yolkənarını və yolboyu uzanan otluğu görürdü. Missis Foster ərinin onu əvvəlki tək izlədiyini hiss edirdi. Qadın ərinə nəzər salanda kişinin onun sol gözünün küncünə baxdığını gördü. Missis Foster həmin yerdə dərisinin dartıldığını hiss edirdi. O, dəhşətə gəldi.
– Hə, nə deyirsən?
– Nə deməliyəm?
– Bəlkə, təyyarəyə qeyd-şərtsiz gecikəcəyini qəbul edəsən? Bu zülmətdə yol getməyin nə mənası var?
Mister Foster bunu deyib susdu. Maşın hələ də irəli gedirdi. Sarı fənərlər yolu işıqlandırırdı və sürücü dördgözlə qarşısına baxırdı. İrəlidə dumanın içindən gah ağ, gah da sarı işıq görünürdü, onların ardınca isə daha parlaq işıq gəlirdi.
Sürücü maşını qəfil saxladı.
– Elə belə də bilirdim! – mister Foster qışqırdı. – Batıb qaldıq.
– Yox, cənab, – sürücü geri çevrilib dedi. – Gəlib çatdıq. Bura hava limanıdır.
Missis Foster heç nə deməyib cəld maşından düşdü və tez əsas girişlə hava limanının binasına tərəf getdi. İçəri basırıq idi. Zavallı sərnişinlər biletlərin yoxlandığı piştaxtanın ətrafında toplaşmışdılar. Missis Foster izdihamı yarıb hava limanının işçisinə müraciət etdi.
– Hə, – o dedi. – Sizin reysiniz müvəqqəti ləğv olunub. Amma, lütfən, getməyin. Biz havanın hər dəqiqə düzələcəyini gözləyirik.
Missis Foster maşında oturan ərinin yanına qayıdıb xəbəri ona çatdırdı.
– Əzizim, sən gözləmə, – o dedi. – Bunun heç bir mənası yoxdur.
– Heç gözləməyəcəm də, – əri cavab verdi. – Əsas odur ki sürücü məni geri qaytarsın. Sürücü, məni geri apara biləcəksiniz?
– Zənnimcə, hə, – sürücü cavab verdi.
– Baqajı çıxarmısınız?
– Bəli, cənab.
– Əzizim, sağ ol, – missis Foster başını pəncərədən salona soxub dodaqlarını ərinin saqqalına yapışdırdı.
– Hələlik, – o cavabında dedi. – Yaxşı yol.
Maşın tərpəndi və missis Foster tək qaldı.
Günün bundan sonrakı hissəsi ona kabus kimi göründü. Saatlar bir-birini əvəzləyir, o isə hələ də qeydiyyat piştaxtasının yaxınlığındakı skamyada oturmuşdu. Qadın, demək olar ki, hər yarım saatdan bir ayağa qalxıb xidmətçidən vəziyyətlə bağlı xəbər alırdı. Cavab da həmişə eyni olurdu – gözləmək lazımdır, çünki duman hər an seyrələ bilər. Bir də saat altıdan sonra, nəhayət, elan etdilər ki, uçuş səhər saat on birə təxirə salınır.
Bunu eşidən missis Foster nə edəcəyini bilmədi. O, hardasa daha yarım saat skamyada oturub gecəni harda keçirəcəyi barədə düşündü. Hava limanından heç getmək istəmirdi. Ərini də görmək istəmirdi. Qadın qorxurdu ki, əri bu və ya başqa yolla onun Fransaya getməsinə mane olacaq. Odur ki bütün gecəni skamyada oturmağa üstünlük verirdi. Bu hamısından yaxşıdır. Amma bir azdan lap əldən düşdü və yaşlı qadının özünü bu cür aparmasının düzgün olmadığını qərara alıb evə zəng etdi.
Əri elə həmin dəqiqələrdə kluba hazırlaşırdı. Dəstəyi özü götürdü. Qadın ona xəbərləri çatdırdı və evdə daha kiminsə olub-olmadığını soruşdu.
– Hamı gedib, – o dedi.
– Onda, əzizim, buralarda bir yerdə gecələyərəm. Mənə görə narahat olma.
– Bu, axmaqlıqdır, – kişi dedi. – Sənin ixtiyarında bu boyda ev var.
– Amma, əzizim, axı o boşdur.
– Onda mən səninlə qalaram.
– Evdə yemək yoxdur. Heç nə yoxdur.
– Onda gəlməzdən əvvəl hardasa ye. Əzizim, bu qədər yelbeyin olma. Sanki bu dünyaya özünü üzmək üçün gəlmisən.
– Hə, – qadın razılaşdı. – Bağışla məni. Burda sendviç yeyib gələrəm.
Duman az-maz seyrəlsə də, taksi ilə yol ona uzun göründü. Missis Foster Altmış ikinci küçədəki evinə kifayət qədər gec gəlib çıxdı. Arvadının gəldiyini eşidən mister Foster kabinetindən çıxdı.
– Hə, – kişi qapının ağzında dayanıb soruşdu, – Paris səfəri nə yerdə qaldı?
– Uçuş səhər saat on birdədir, – qadın cavab verdi. – Bu dəqiqdir.
– Demək istəyirsən, hava açılsa.
– O artıq açılır. Külək qalxır.
– Yorğun görünürsən, – mister Foster dedi. – Yəqin, bu gün əməlli-başlı təlaşlanmısan.
– Hə, yaman narahat gün idi. Gedim yatım.
– Səhərə maşın sifariş etmişəm, – kişi dedi. – Saat doqquza.
– Əzizim, çox sağ ol. Ümid edirəm, bu dəfə məni hava limanınadək yola salmayacaqsan.
– Yox, – əri yavaş-yavaş dedi. – Yəqin ki, yox. Lakin yolda məni kluba ata bilərsən.
Qadın ərinin üzünə baxdı və ona elə gəldi ki, bu adam hardasa çox uzaqdadır, sanki onları nəsə ayırır. Kişi birdən ondan o qədər uzaqlaşdı ki, missis Foster qarşısında duranın onun çox yaxşı tanıdığı adam, ya bir başqası olduğunu dəqiq deyə bilməzdi.
– Klub şəhərin mərkəzindədir, – qadın dedi. – O, hava limanına gedən yolun üstündə deyil.
– Amma, əzizim, sənin o qədər vaxtın var ki. Nədir, məni kluba aparmaq istəmirsən?
– Yox-yox, əlbəttə ki, gedərik.
– Bu başqa məsələ. Sabah görüşərik.
Qadın ikinci mərtəbədə yerləşən yataq otağına qalxdı. Gün ərzində üst-üstə toplanmış yorğunluq onu əldən salmışdı, odur ki yatağına girən kimi yuxuya getdi.
Missis Foster səhərisi gün erkən qalxdı və o, doqquzun yarısında artıq aşağıda yola tam hazır vəziyyətdə idi. Tezliklə, saat doqquzdan sonra əri də peyda oldu.
– Qəhvə hazırlamısan? – o soruşdu.
– Yox, əzizim. Elə bilirdim, səhər yeməyini klubda yeyəcəksən. Maşın gəlib. Bizi gözləyir. Mən hazıram.
Onlar hollda dayanmışdılar – son zamanlar, deyəsən, elə ancaq hollda görüşürdülər. Qadının əynində palto, başında şlyapa, əlində çanta vardı, kişi əcaib biçilmiş köhnə dəbli, hündür yaxalıqlı pencək geyinmişdi.
– Baqajın hardadır?
– Hava limanında.
– Hə, – o dedi. – Hə, əlbəttə ki. Əgər əvvəlcə məni kluba aparmaq fikrindəsənsə, deməli, bir az tez çıxmalıyıq, hə?
– Hə! – qadın qışqırdı. – Hə, hə, rica edirəm!
Dayan, bircə siqarımı götürüm. İndi qayıdıram. Maşına otur.
Qadın çevrilib bayıra çıxdı. Onları çöldə gözləyən sürücü maşının qapısını açdı.
– Saat neçədir? – o soruşdu.
– Artıq ona on beş dəqiqə işləyib.
Mister Foster beş dəqiqə sonra çıxdı və ərinin pilləkənlərlə yavaş-yavaş düşməsinə baxan qadın onun dar şalvarda ayaqlarının keçi ayaqlarına oxşadığına diqqət yetirdi. Kişi dünənki kimi pilləkənlərin ortasında dayanıb göy üzünə baxdı və havanı ciyərlərinə çəkdi. Hava tam açılmasa da, yüngül dumanın arasından artıq günəş şüaları görünürdü.
– Bu dəfə, bəlkə, bəxtin gətirdi, – arvadının yanında əyləşən mister Foster dedi.
– Lütfən, tələsin, – qadın sürücüyə dedi. – Şalımla işiniz olmasın. Onu özüm də düzəldə bilərəm. Lütfən, tərpənin. Mən gecikirəm.
Sürücü sükan arxasına keçib mühərriki işə saldı.
– Bir dəqiqə! – mister Foster qəfil dilləndi. – Sürücü, gözləyin.
– Əzizim, nə olub?
Qadın ərinin paltosunun cibində eşələndiyini gördü.
– İstəyirəm mənim adımdan Ellenə balaca bir hədiyyə verəsən, – o dedi. – Görəsən, hara yoxa çıxdı? Pilləkənlərlə düşəndə əlimdə idi.
– Mən sənin əlində heç nə görmədim. Bu hədiyyə söhbəti hardan çıxdı?
– Ağ kağıza bükülmüş balaca bir qutudur. Dünən sənə verməyi unutdum.
– Nə qutu?! – missis Foster əsəbi halda dedi. – Mən qutu-filan görməmişəm!
Qadın həyəcanla arxa oturacağı əlləməyə başladı. Əri isə həmin arada paltosunun cibini eşələməyə davam etdi. Sonra paltosunun düymələrini açıb pencəyinin ciblərini yoxlamağa başladı.
– Lənət şeytana, – o dedi, – yəqin, onu yataq otağında unutmuşam. Bircə dəqiqə, indi gəlirəm.
– Aman Allah, lütfən! – missis Foster çığırdı. – Bizim vaxtımız yoxdur! Lütfən, onu unut! Sonra poçtla göndərərsən. Yəqin, nəsə bir daraq-filandır. Sən ona həmişə daraq bağışlamısan.
– Başa düşmədim, darağın nəyi pisdir ki? – mister Foster hiddətlə soruşdu. Qadın, deyəsən, bu dəfə həddini aşmışdı.
– Əzizim, əmin ol ki, heç də pis deyil. Sadəcə…
– Burda otur! – kişi əmr etdi. – İndi onu gətirəcəm.
– Tez ol, əzizim! Yalvarıram, tez tərpən!
Qadın yerindən qımıldanmadan ərini gözlədi…
– Sürücü, saat neçədir?
Sürücü qolundakı saata baxdı.
– Mənimkində onun yarısına lap az qalıb.
– Hava limanına bir saata çatarıq?
– Hə, çatarıq.
Elə həmin an missis Foster əri oturan tərəfdə söykənəcəklə oturacaq arasında nəsə ağ bir şeyin ilişib qaldığını gördü. Qadın əlini uzadıb kağıza bükülmüş qutunu çıxartdı və o arada diqqət yetirdi ki, sanki qutunu qəsdən ora soxublar.
– Bu da qutu! – missis Foster çığırdı. – Mən onu tapdım! Aman Allah, indi onu düz bir saat otaqda axtaracaq! Sürücü, tez olun, qaçıb ona xəbər verin.
Sürücü, bəstəboy irlandiyalı narazı halda ağız büzüb maşından həvəssiz çıxdı və pilləkənlərlə qalxıb evin giriş qapısına doğru getdi. Sonra geri qayıdıb dedi:
– Qapı bağlıdır. Sizin açarınız var?
– Hə, indi taparam.
Missis Foster tez çantasını eşələməyə başladı. Üzündən təlaş yağırdı, dodaqları əsəbi şəkildə irəli uzanmışdı.
– Hə, tapdım! Yox-yox, özüm getsəm yaxşıdır. Belə daha tez olar. Onun harda olduğunu bilirəm.
Qadın cəld maşından çıxıb əlində açar pilləkənlərlə giriş qapısına doğru qalxdı. Açarı deşiyə salıb burmağa hazırlaşırdı ki, yerində donub-qaldı. Başını yuxarı qaldıran missis Foster dayandığı nöqtəyə mıxlandı. O, beş, altı, yeddi, səkkiz, doqquz, on saniyə gözlədi… Sonra başını irəli uzadıb gərildi və az əvvəl içəridən eşitdiyi səsin təkrarlanıb-təkrarlanmayacağına qulaq kəsildi.
Hə-hə, o dəqiq nəsə eşitməyə çalışırdı. Deyəsən, qulağını da yavaş-yavaş qapıya yaxınlaşdırırdı. Budur, qulağını qapıya dirədi, bir neçə saniyə bu pozada dayandı – baş yuxarı qalxıb, qulaq qapıya dirənib, əli açarı sıxıb… Evin dərin qatlarından gələn hansısa səslərə qulaq verib, elə indicə evə daxil olacaq.
Sonra missis Foster silkinib açarı deşikdən çıxartdı və pilləkənlərlə aşağı qaçdı.
– Artıq çox gecdir! – o, sürücüyə qışqırdı. – Onu gözləyə bilmərəm, sadəcə, bilmərəm. Mən təyyarəyə gecikirəm. Sürücü, tez olun! Hava limanına!
Sürücü qadına diqqətlə baxsaydı, onun üzünün kağıztək ağardığının fərqinə varardı. İndi bu sima o qədər də səfeh görünmürdü, əksinə, üstünə sərt bir pərdə çökmüşdü. Missis Foster, adətən, küncləri aşağı baxan ağzını büzdü, gözləri parıldadı, səsində hökmlü intonasiya peyda oldu.
– Sürücü, tez olun, ləngiməyin!
– Bəs əriniz sizinlə getmir? – sürücü təəccüblə soruşdu.
– Əlbəttə ki, yox! Mən onu klubda düşürəcəkdim. Amma artıq bunun bir önəmi yoxdur. O məni başa düşər. Taksi götürər. Siz də məni bu qədər danışdırmayın! Mən Parisə uçan təyyarəyə çatmalıyam!
Arxada oturan missis Fosterin durmadan tələsdirdiyi sürücü tezliklə hava limanına çatdı və qadın uçuşdan bir neçə dəqiqə əvvəl təyyarəyə minməyə macal tapdı. O, kreslosuna yayxanıb pəncərədən Atlantik sularını seyr etməyə başladı. Nəhayət, Parisə yollanır, mühərrikin uğultusunun müşayiəti ilə düşündü. Əcaib hisslər keçirirdi. O özünü olduqca əmin və yaxşı hiss edirdi ki, bu da şübhə doğururdu. Ruh halı qadını azacıq ehtiyatlandırırdı, amma təyyarə Nyu-Yorkdan və Altmış ikinci küçədən uzaqlaşdıqca qadın daha çox sakitləşirdi. Parisə çatan missis Foster özünü son dərəcə əmin, soyuqqanlı və sakit hiss edirdi.
O öz nəvələrini gördü və həyatda bu uşaqlar şəkildəkindən də qəşəng idilər. Sadəcə, mələkdirlər, o özünə deyir, çox qəşəngdirlər. Missis Foster nəvələrini hər gün gəzməyə aparır, onlara pirojna yedizdirir, hədiyyələr alır və maraqlı əhvalatlar danışırdı.
O, həftədə bir dəfə, çərşənbə axşamı ərinə məktub yazırdı – təzə xəbərlərlə və qeybətlə dolu mehriban, səmimi məktublar və onlar həmişə bu sözlərlə bitirdi: «Əzizim, vaxtında yeməyi unutma, hərçənd qorxuram ki, yanında olmadığım üçün bunu etməyəsən».
Altı həftə keçəndən sonra Amerikaya, ərinin yanına qayıtmalı olduğuna görə hamı məyus oldu. Daha dəqiq desək, ondan başqa hamı. Maraqlıdır ki, gözləniləndən fərqli olaraq, o bu gerçəyi rahatlıqla qarşılayırdı. Və missis Foster doğmaları ilə sağollaşanda davranışından və sözlərindən nəsə hiss olunurdu ki, qadın tezliklə geri qayıdacaq.
Lakin o, sadiq qadın kimi Parisdə lazım olandan çox qalmadı. Düz altı həftədən sonra ərinə teleqram göndərdi və Nyu-Yorka uçan təyyarəyə mindi.
Aydluaylda çatan missis Foster heç kəsin onu qarşılamadığını gördü. Bu ona maraqlı gəldi. Lakin bununla belə son dərəcə sakit idi və baqajını taksiyə aparan hambala lazım olandan çox pul vermədi.
Nyu-Yorkda Parisə nisbətən soyuq idi, küçələr boyu navalçalarda çirkli qar qalıqları vardı. Taksi Altmış ikinci küçədəki evə yaxınlaşdı və missis Foster sürücünü onun iki çamadanını pilləkənə kimi daşımağa razı sala bildi. Sonra onunla hesablaşıb zəngi basdı. Qapıda gözlədi, lakin zəngə heç kəs hay vermədi. Hər ehtimala qarşı, zəngi bir dəfə də basdı və səsin hardasa yemək otağında əks-səda verdiyini eşitdi. Qapıya isə heç kəs yaxınlaşmadı. O, açarını çıxarıb özü qapını açdı.
İçəri girərkən ilk gördüyü şey poçt yeşiyinin deşiyindən döşəməyə düşmüş bir yığın məktub oldu. Ev qaranlıq və soyuq idi. Babanın saatının üstündə əvvəlkitək mələfə vardı. Boş ev adamın üstünə gəlirdi və havada tanış olmayan qəribə, zəif bir qoxu hiss olunurdu.
Missis Foster holldan keçib bir anlıq sol tində itdi. Bu hərəkətdə nəsə qəsdən edilmiş bir şey vardı. Qadın sanki şayiələrin doğruluğunu yoxlamağa, ya da hansısa şübhəsindən əmin olmağa gedirdi. Bir neçə saniyə sonra geri qayıdanda isə üzündə xəfif məmnunluq sezilirdi.
O, hollda dayanıb, sanki bundan belə nə edəcəyini düşündü. Sonra geri çevrilib ərinin kabinetinə getdi. Yazı masasının üzərindəki ünvan kitabçasını götürüb tələsmədən vərəqlədi, dəstəyi qaldırıb nömrəni yığdı.
– Alo, – o dedi. – Altmış ikinci küçədəki doqquzuncu evdən narahat edirlər… Hə-hə. Bura təcili kimisə göndərə bilərsiniz? Hə, deyəsən, ikinci və üçüncü mərtəbənin arasında ilişib qalıb. Hər bir halda mənə belə gəlir… İndi gəlirsiniz? Çox yaxşı, lütf etdiniz. Bilirsiniz, bu ayaqlarla artıq pilləkənləri qalxmaqda çətinlik çəkirəm. Çox sağ olun. Hələlik.
O, dəstəyi qoyub eləcə ərinin yazı masasının arxasında oturub-qaldı və tezliklə gəlib lifti təmir edəcək işçini gözlədi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?